Azərbaycanın Eneolit dövrü əhalisinin mifik təsəvvürləri və folklor yaradıcılığı

 

 

  1. Məsəlnin qoyuluşu.

Folklorşünas alimlərimizin gərgin əməyi sayəsində ötən əsrdən etibarən ölkəmizin müxtəlif bölgələrindən son dərəcə zəngin folklor materialı toplansa da, bu materialın təşəkkül dövrlərinin müəyyənləşdirilməsi, xüsusən də onların arxeoloji materiallar əsasında təhlili istiqamətində olduqca az iş görülmüşdür. Fikrimizcə, məsələnin bu şəkildə qoyuluşu folklorşünaslığımız qarşısında yeni üfüqlr aça bilər. Bu isə öz növbəsində yeni tədqiqat istiqamətlərini müəyyən edər.

  1. İşin məqsədi.

Bu məqalədə Azərbaycan ərazisindən tapılan və Eneolit dövrünə aid edilən arxeoloji materialın daşıdığı informativ yükü milli folklorumuzun nümunələri əsasında şərh etməklə, şifahi xalq ədəbiyyatımızın köklərinin çox- çox qədimlrə uzandığnı, bu yolla  mənəvi mədəniyyətimizin də maddi mədəniyyətimiz qədər qədim olduğunu sübut etməkdir. Lakin bu yeganə məqsəd deyil. Əgər deyilənə nail olunarsa, Azərbaycann Eneolit dövrü əhalisinin pratürklər olduğu sübut edilmiş olar ki, bu da məqaləmizin ən əsas hədəfidir.

 

Eramızdan əvvəl Vl minillikdən başlayaraq Azərbaycanda Neolit dövrünü Eneolit, yəni Mis – Daş dövrü əvəz etdi. Eneolit dövrü istehsal təsərrüfatının əsaslı surətdə formalaşması  və sürətli inkişafı ilə xarakterizə olunur. Bu dövrü tarixin əvvəlki dövrlərindən fərqləndirən əsas xüsusiyyətlərdən biri həmin dövrdə məişətdə daş məmulatları ilə yanaşı, metaldan istifadə olunmağa başlanmasıdır (1.27).

Bəşər tarixində ilk kütləvi metal olan misin kəşfi ilə başlayan Eneolit dövrü

eranızdan əvvəl Vl – lV minillikləri əhatə edir. Mis yumşaq metal olduğundan daş alətləri bütünlüklə sıradan  çıxara bilmədiyi üçün sözügedən dövrə Mis – Daş dövrü deyilir.

İnsanlıq tarixinin inkişafında misli görünməmiş dəyişikliklər döğuran bu dövrdə cəmiyyətin ictimai inkişafında xüsusi irəliləyiş müşahidə olunur. Əkinçilik və maldarlıq daha da inkişaf edir, tayfalararası əlaqələr genişlənir, sinifli cəmiyyətlər üçün zəmin yaranır. Misdən ilk dövrlərdə soyuq döymə üsulu ilə xırda alətlər: bıçaqlar, iynələr, bizlər və sairə, həmçinin bəzək əşyaları hazırlanmışdır. İnsanlar mis külçəsinə əvvəllər daşın bir növü kimi baxmışlar. Bu külçələrin daşdan fərqləndiyi onlara yalnız Vl minilliyin sonlarında məlum olmuşdur. Misin yüksək istidə əriməsi, müxtəlif formaya düşməsi, soyuyarkən yenidən bərkiməsi və sairə daşdan fərqləndirilməsinə əsas vermiş, ondan müxtəlif məqsədlər üçün istifadə edilməsinə imkan yaratmışdır.

Alimlər bütövlükdə Eneolit dövrünün 5 xarakterik xüsusiyyətini qeyd edirlər: 1. Təsərrüfatın digər sahələrinə nisbətən toxa əkinçiliyinin Eneolit dövründə daha da üstünlük təşkil etməsi; 2. Çaxmaqdaşıdan hazırlanmış alətlərlə yanaşı, mis alətlərin də meydana gəlməsi; 3. Möhrədən tikilmiş qəbilə evlərinin mövcud olması; 4 Ana nəsli üçün xarakterik olan gil qadın heykəllərinin yaranması; 5.Fırça ilə naxışlanmış gil qabların hazırlanması (2.24-25).

Eneolit dövrünün sənət əsərləri içərisində gil və daş qadın heykəlciklərinin xüsusi yeri olmuşdur. Belə heykəllər tədqiqatçılar tərəfindən anaxaqanlıq dövründə qadına verilən yüksək dəyər və onun ilahiləşdirilməsi kimi qiymətləndirilir. İndiyə qədər Azərbaycan, Şərqi Anadolu və Cənubi Tükmənistan ərazisində yüzə yaxın belə heykəlcik tapılmışdır. Maraqlıdır ki, onların bir çoxunun qarın nayihəsində ağac təsviri cızılmışdır. Bu fakt qədim türk mifoloji təsəvvürləri ilə sıx surətdə bağlıdır. Məsələ burasındadır ki, qədim türk miflərində ağac qadınla, doğum ilahəsi ilə birbaşa bağlıdır (1. 31-32).

Azərbaycan və türk dünyasının mifologiyasının böyük bilicisi, dahi Azərbaycan alimi mərhum Mirəli Seyidov özünün çox sanballı “Azərbaycan mifik

təfəkkürünün qaynaqları” adlı monoqrafiyasında mövzu ilə bağlı çox maraqlı fikirlər söyləmişdir: “Son vaxtlara qədər Azərbaycanın bir çox yerlərində ağac pirləri olmuşdur. Həmin pirlər əsasən uşaq – doğum pirləri kimi də məşhurdur. Buraya doğmayan qadınlar övlad arzusu ilə gəlib tapınar, səcdəyə düşərmişlər. Ağacın doğum piri olması , onun həm dünya ağacının atributu olmasına işarədir, həm də bu inamın Umayla mifoloji əlaqəsinin təzahürüdür. Bizcə, ardıca və başqa ağaclara belə münasibət  ağac onqonu ilə əlaqədardır, ağaca  sitayişin  əlamətidir.  Bir  çox axtarışlar göstərir ki, ağaca sitayiş ulu türkdilli xalqlarda ən çox yayılmış görüş olmuşdur. Bu məsələ ilə əlaqədar Ermitajdakı Altay qəbilələrinə aid edilən maddi – mədəniyyət nümunələri elmə xeyli maraqlı material verir. Eradan əvvəl 4 -3-cü əsrlərə aid edilən həmin sənət nümunələri içərisində bir əl – üz dəsmalında şəkil xüsusi əhəmiyyət kəsb edir.

            Həmin şəkildə ilahənin əlində müqəddəs ağac təsvir olunmuşdur. Dəsmal haqqında bəhs edən tanınmış rus tədqiqatçısı Qryaznova qeyd etmişdir ki, burada döğum və bərəkət ilahəsi və onun əlində ağac təsvir olunmuşdur. Dəsmaldakı təsvir sübut edir ki, qədim türklər, o cümlədən Altay türkləri ən qədim zamanlardan ağaca müqəddəs şey kimi baxırmışlar.” (3. 37-38).  

          Mirəli Seyidovun sözlərinə görə, hətta bəzi abidələr göstərir ki, türk xalqları ağacı doğum və uşaqların hamisi olan ilahə ilə birgə təsəvvür etmişlər.Bu mifoloji baxımdan təbii haldır. Dünya ağacı bütün dünyanın, eləcə də yaradıcısı,hamisi sayılırmış.Belə inam hökm sürürdüsə, deməli,uşaqları himayə edən ilahə, yəni Umay təbii olaraq ağacla qoşa yad edilməli idi: “Məşhur türkoloq Radlovun türk xalqlarından topladığı ağız ədəbiyyatı materialları ona belə bir fikir yürütməyə imkan vermişdir ki,türk xalqlarının şifahi ədəbiyyatında ilahə Umayla ağac həmişə qoşa xatırlanmışdır və bu hal 19-cu əsrin sonu – XX əsrin əvvəllərinə qədər davam etmişdir. Alimin Sibir və Altay türklərindən topladığı materiallarda deyilir: Biz ilkin atamız Ülgendən törədiyimiz zaman bu iki çayın ağacı da Umay ilə bərabər göydən enmişdir.”(3. 38).

           Bu sitatdan göründüyü kimi, qədim türklər ağacın doğum ilahəsi Umayla birgə endiyinə inanmışlar. Bütün bu faktlar sözügedən inamım məhz türk düşüncə tərzi ilə bağlı olduğunu və həmin düşüncə tərzinin də ən azı Eneolit dövündə formalaşdığını sübut edir. Deməli, bu heykəlciklər qədim türk doğum ilahəsi Umayı əks etdirir.

Ağac təsvirlərinin ilahənin məhz qarın nayihəsində cızılması da heykəlciklərin məhz Umaya aid olduğunu sübut edir. Məsələ burasındadır ki, qədim türk dilində ana bətninə, yəni qadın uşaqlığına “umay” deyilmişdir. Bu fakt Radlovun “Qədim türk lüğəti”ində də təsbit edilmişdir (4. 631). Bu səbəbdən də ilahə heykəlciklərinin qarnında cızılan ağac təsvirləri ideoqrafiya nümunəsi kimi də gözdən keçirilə bilər.

Kökü minilliklərin dərinliklərinə enən Umaya inamınn izlərinə Orxon – Yenisey abidələrində də rast gəlimnməkdədir.Belə ki, Kül Təkin abidəsinin şərq tərəfində, 31-ci sətirdə yazılıb: “Umay tək ögim katun kutunqa inim Kül Tiqin at bultı.” (5. 74).

Yəni, Umay tək anam xatunun bəxtinə kiçik qardaşım Kül Təkin ad qazandı.

             Tonyukuk abidəsinin qərb tərəfində, 38-ci sətirdə belə deyilir: “Tenqri, Umay, ıduk Yer-Sub basa berti erinc.” (5, 120).

Yəni, Tanrı, Umay və müqəddəs Yer-Su qələbə bəxş etdilər.

Azərbaycanın Eneolit əhalisinin həyatında dini ayin və ovsun mərasimləri də müəyyən yer tuturdu. Qarğalar təpəsində kiçik çalada tapılmış və odun təsirindən qaralmış daş topasını tədqiqatçılar quraqlıq zamanı yağış “çağırmaq” mərasimi ilə bağlayırlar (1. 32). Bu inanc da eynn Umay inancı kimi bilavasitə türk mifik təfəkkürü ilə bağlıdır.

         Böyük rus türkoloqu Lev Qumilyov özünün məşhur “Qədim türklər” kita-bında ən qədim zamanlardan etibarən türklər arasında “yada daşı”, yəni cadu daşı adlanan magik daşların köməyi ilə quraqlıq zamanı yağış yağdırmağın mümkünlüyünə inamın mövcud olduğunu qeyd etmiş və türklərin bu sənətlə məşğul olduqları barədə müxtəlif qaynaqlarda məlumatlar bulunduğunu yazmışdır:  “Yuebanlar haqqında olan rəvayətdə soyuq hava və yağış çağırmağı bacaran 

cadugərlərdən söhbət açılır. Jujanlarla döyüş zamanı yueban cadugərləri qarlı fırtına çağırıb düşmənlərin üzərinə göndərmişdilər. Bənzər rəvayəti Turlu Qriqori də nəql etmişdir. Avarların franklarla döyüşü zamanı avar cadugərləri şimşəkli tufan yaratmış, şimşək frank düşərgəsini vurmuş və onlar bunun nəticəsində məğlub   olmuşdular.  Eyni  cadu  gücü  naymanlara da aid edilmişdir. Rəşidəddin yazır ki, Çingiz xana qarşı döyüşən və başında Camuxanın durduğu soy birləşməsinin cadugərləri də tufan yaratmış, fəqət hesablamada səhvə yol verdiklərindən tufan öz başlarına çaxmışdı.” (6. 94-95).

 Türklərin yağış yağdırmaq gücünə sahib olan daşlardan istifadə etdikləri barədə bir çox müəlliflərin,o cümlədən Təbəri, Səəlibi, Balimi, Firdovsi, Mirxond, Sebos və başqalarıının əsərlərində, eləcə də Vll əsrin anonim Suriya və X əsr fars anonim mənbələrində çox sayda məlumat olduğunu  söyləyən Lev Qumilyov daha sonra yazır ki, yalnız Firdovsi bu halı izah etməyə çalışmış və baş verənləri kütləvi hiptnoz kimi şərh etmişdir. Qədim türklərin bu sənəti “yada”, yəni cadu adlandırdıqlarını diqqətə catdıran müəllifin bildirdiyinə görə, ayrı – ayrı türk xalqlarında bu inam XX əsrin əvvəllərinə qədər davam etmişdir.                                                    

Dilçi alim Firudun Ağasıoğlu yazır: “Təbərinin yazdığına görə, Həzrət Nuh peyğəmbərin oğlu, türklərin ulu babası hesab edilən Yafəs türk xalqına yağış yağdıran yada daşı vermişdir. Başqa bir rəvayətdə isə həmin daşın türklərə Həzrət İbrahim peyğəmbərdən miras qaldığı bildirilir.” (7. 73-74).

         Türklərin yada daşının köməyi ilə yağış yağdırdıqları barədə məlumat verən müəlliflərdən biri də X əsrdə yaşamış  məşhur alim İbn Əl-Fəqih Əl-Həmədanidir. O,ərəb dilində qələmə aldığı “Əxbar əl-buldan”, yəni “Ölkələr haqqında xəbərlər” adlı kitabının “Türklər, onların ölkəsi və bu ölkədəki möcüzələr haqqında“  başlıqlı bölümündə mövzu ilə bağlı maraqlı fikirlər söyləmişdir: “Türklər ölkəsinin möcüzələrindən biri də onların köməyi ilə türklərin yağış, qar, dolu yağdırdıqları və istədikləri digər bənzər təbiət hadisələrini meydana gətirə bildikləri daşlardır. Onlarda bu daşlar böyük önəmə sahibdirlər və geniş istifadə edilməkdədirlər. Bunu türklərin heç biri inkar etmir, fəqət həmin daşlar doqquzoğuzlar arasında daha çox qiymətləndirilir.” (8. 49).

         Müəllifi məlum olmayan, Xlll əsrdə fars dilində qələmə alındığı bilinən “Əcaib əd-dünya”, yəni “Dünyanın qəribəlikləri” adlı kitabda da maraqlı bir qeydə rast  gəlmək mümkündür: “ Deyirlər ki, Ərdəbildə böyük daş var, əlinlə onu vurduqda xoş səs çıxarır. Quraqlıq düşdüyü zaman bu daşı şəhərdən kənara çıxarırlar və o saat yağış yağır. Onu yenidən şəhərə qaytaranda yağış kəsir.” (9. 124).

          Xalqımızın ilkin inam və etiqdlarının, ovçuluq, əkinçilik, maldarlıq həyatı ilə bağlı olan bu kimi mifik təsəvvürləri bizə əsasən xalq yaradıcılığı nümumələri ilə gəlib çatmışdır. Bu nümunələr improvizə edilmiş formalarda, əksər halda isə türkdilli xalqların poetik yaradıcılığı üçün ənənəvi olan ibtidai ölçü qəliblərində yayılmışdır. Türk boylarının ilkin magik təsəvvürlərinin poetikləşməsi , şifahi bədii yaradıcılıqda  əks olunması dövrünün məhsulu olan ovsunlar müəyyən mərhələdə ibtidai insanın gündəlik həyatında, həyatı dərketmə və öz bildiyi kimi idarə etmə prosesində mühüm mövqe tutmuşdur. Zaman keçdikcə, təbiətin sirləri insan üçün açıldıqca ovsun təsəvvürləri də zəifləmiş, bir janr kimi arxaikləşmişdir.

Xalq içərisində uzun müddət quraqlıq olarkən müəyyən “müqəddəs”ocaqlardan götürülmüş daşları ortadan dəlib suya salardılar. Məsələn, Quba – Qonaqkənd zonasında Baba dağdan gətirilmiş daşları suya salıb ipin başını sahildəki ağaclardan birinə bağlayardılar. İpin bağlandığı ağac adətən qarağac və ya fındıq ağacı olmalı idi. Daşlar suya salınarkən xorla oxuyardılar:

Daş başım,

Yaş başım,

Yaş oldu

Üst-başım.

Sonra daşı suya salardılar. Bu vaxt ovsun oxunardı:

           Suda daşım,

Baba daşım,

Gələr, getməz

Yağışım.

Suda daşım,

Yaş başım,

Yaş oldu

Üst-başım.   (10. 12).

Folklorşünas alim Azad Nəbiyev deyir: “Məlumdur ki, hələ çox qədimlərdən arası kəsilməz yağışlar zamanı günəşi çağırış mərasimləri xalq arasında geniş yayılmışdı. İbtidai insanlar bu görüşlə bağlı ovsunlar da yaratmışlar. Onlardan biri belədir: Günəşin çıxmasını arzulayan insanlar Baba dağından gətirilmiş daşları ocaqda, küldə basdırar və ocaqda xəşil bişirərdilər. Xəşili ananın ilki çalmalı idi. Ovsunçu basdırılan daşların  üstünə közləri yığa-yığa ovsun oxuyardı:                                                          

           “Qodu daşı,

             Odu daşı,

             Qodu kəssin

             Yağışı.”

            Sonra qızlar birlikdə oxuyurlar:

          “Budu daşı,

            Bulutların

            Kudu daşı,

            Bişirmişəm

            Xəmiraşı.

            Qonaq gəlsin

            Godu başı,

            Gətirsin

            Qızıl günü, 

            Aparsın

            Yağışı.

            Qodu daşı,

            Odu daşı,

            Qodu kəssin

            Yağışı.” (10. 12-13).                                                          

              Qarğalar təpəsindən tapılan ocaq yeri və ocaqdan qaralmış daşlar bu qə-dim türk inancının köklərinin ən azı Eneolit dövrünə, yəni 6-8 min il öncələrə qədər uzandığını və bu mərasim zamanı oxunan ovsunların da 6-8 min il öncəyə aid poetik nümunələr olduğunu sübut edir. Bu isə o deməkdir ki, Azərbaycanda türk xalq teatr sənətinin, ağız ədəbiyyatının və xor ifaçılığının yaşı minilliklərlə ölçülür. Deməli, şifahi xalq ədəbiyyatımızın tarixi də Qobustanda izlərinə rastladığımız təsviri incəsənətimiz  və  rəqs mədəniyyətimiz qədər qədimdir. Lakin gerçəkdənmi əcdadlarımızın minillər öncə danışdıqları dil bu günkündən bu qədər az fərqlənirmiş və 6-8 min il öncə işlənilən sözlər günümüzə qədər dəyişmədən gəlib çıxa bilmişdir?

Bu suala qismən də olsa, dilçi alim Sayalı Sadıqovanın aşağıdakı sözlərində taprıq. O bildirir: “İstehsalat prosesinin genişlənməsi, ictimai – iqtisadi həyatın, elmin inkişafı terminologiyanın zənginləşməsində həlledici amildir. İstehsalatın inkişafı yeni – yeni əmək alətlərinin yaradılması və müntəzəm olaraq təkmilləşdirilməsi zərurətini yaradır. Yeni yaradılan və təkmilləşdirilən modellər onların adlandırılmasından doğan ehtiyac zəminində hər bir dilin ayrı – ayrı leksik laylarının inkişafına səbəb olur.     

              Azərbaycan türkcəsində terminologiyanın təşəkkülü və inkişaf tarixi qə-dimdir. Tədqiqatçıların müəyyənləşdirdiklərinə görə hələ Eneolit dövründə Azərbaycanda kənd təsərrüfatı, əkinçilik, maldarlıq kimi sahələr aparıcı sahələr olmaqla, onun iqtisadi həyatının əsasını  təşkil etmişdir. Bu dövr  Azərbaycan mədəniyyətinin inkişaf  tarixi baxımından bir sıra əlamətdar xüsusiyyətləri ilə diqqəti çəkir.”  (11. 3).                           

Dilçi alim K.M.Musayev haqlı olaraq yazır: “Söhbət terminologiyadan gedəndə bir çox mütəxəssislər ilk növbədə yazılı ədəbi dilə müraciət edirlər. Halbuki bir çox sahə terminologiyası yazısı olmayan dillərdə, həmçinin ədəbi dilin yazıyaqədərki dövrlərində də formalaşmışdır.”    (12. 3).                                                             

Tanınmış dilçi alim Ağamusa Axundovun fikirləri də çox maraqlıdır: “Ümumiyyətlə, terminoloji tədqiqatlara  və termin yaradıcılığına da yeni-dən qayıtmağa ehtiyac var. Çünki cəmiyyətin tarixində baş verən bütün ictimai – siyasi dəyişikliklər, tarixi hadisə və proseslər dildə öz əksini tapır.” (13. 28).

               Eneolit dövründə əcdadlarımızın məişətinəinə daxil olan yeniliklərdən biri də saxsı qablar istehsalı olmuşdur. Bəs, görəsən, saxsı qablar kəşf edilməmişdən öncə insanlar müxtəlif ərzaq növlərini, xüsusən də suyu nədə saxlayır və bir yerdən digər yerə necə daşıyırdılar. Quru ərzağı hələ Neolit dövründən məlum olan toxuma səbətlərdə saxlamaq və daşımaq mümkün olsa da, su üçün bu yararsızdır.

Ən qədim qabların formalarının qabağın məlum iki formasını – balqabaq və kudu formalarını xatırlatması, eləcə də yaxın vaxtlara qədər məişətdə içi oyulmuş qabaq qabıqlarından qab kimi istifadə edilməsi Enrolit dövrü gil qablarının prototipinin məhz içi ovulmuş qabaq olduğunu söyləməyə əsas verir. Deməli, Eneolit dövründə yaşamış əcdadlarımız dulusçuluq sənətini kəşf etməmişdən öncə qab kimi içi ovulmuş qabaqdan istifadə edərmişlər. Və bu, gil qabların istifadəyə girməsindən sonra da uzun əsrlər boyu məişətdə davam etmişdir.

Bu fakt dilimizdəki “qab” və “qapaq” kimi terminlərin “qabaq” və “qabıq” kimi sözlərdən törədiyini və sözügedən yeni terminlərin məhz Eneolit döv-ründə, yəni ən azı 6-8 min il öncə yarandığını sübut edir. “Qabaq” və “balqabaq” kimi giləmeyvə adları isə, təbii ki, bundan çox – çox minilliklər öncə, yəni ulu əcdadlarımız onlarla ilk dəfə tanış olduqları dövrdə dilimizə daxil olmuşdur.

Öncələr elə hesab edilirdi ki, Azərbaycanda dulus çarxı yalnız son Tunc dövründən tətbiq edilməyə başlamışdır. Dulus çarxının kəşf və ilk dəfə tətbiq edildiyi yerin isə qədim Şumer ərazisi olduğu hesab edilirdi. Ölkəmizin ərazisindən əldə edilmiş arxeoloji tapıntılar dulus çarxının ilk dəfə kəşf edilib, tətbiq edildiyi məkanın məhz Azərbaycan ərazisi olduğunu söyləməyə əsas verir və bu, məhz son Eneolit dövründə baş vermişdir. Maraqlıdır ki, qədim yunan müəllifləri dulus çarxının kəşfini  iskitlərə, başqa sözlə türklərə aid etmişlər. Məsələn,Posidoniy və  Seneka saxsı qabların hazırlanmasında istifadə olunan dulus çarxını iskit Anaxarın icad etdiyini yazmışlar (14. 31).

Məlum olduğu kimi, həm ilk gil qabların istehsalı, həm də ilk toxuculuq məhsulları təqribən eyni dövrdə, Son Neolit – Erkən Eneolit dövrlərində ortaya çıxmışdır (1. 30). İlk gil qab istehsalı texnologiyası da toxuma sənəti ilə birbaşa bağlı idi. Yəni öncə samandan qabın forması toxunur, sonra isə onun üzərinə gil çəkilirdi (1. 26). Maraqlıdır ki, bu ilkin texnologiya türk terminologiyasında da çox maraqlı bir şəkildə öz əksini tapmışdır. Məsələ burasındadır ki, əski türk dilində “əyirmək”, “əyrilmiş sap”, “saman” “zülf”, “tel” kimi mənalara gələn “küzük”, “küzək ” sözləri (4. 332), eləcə də “toxuculuq aləti” mənasında olan “küzək” ifadəsi olmuşdur (4. 331). Bundan başqa bu gün Azərbaycan dilində “kuzə” (dolça, su qabı) şəklində işlənməkdə olan bir “küzəc” sözü də  olmuşdur ki, gil qabların xüsusi bir növünün adıdır. “Kasa” sözü də eyni qəbildəndir. Bütün bu sözlərin semantik bağlılığı göz qabağındadır və bu bağlılıq sözügedən ilkin texnoloji prosesin türklərə məxsus kəşf olduğunu sübut etməkdədir. Belə olmasa idi, bir texnologiyadan digərinə keçid və onlar arasındakı bağlılıq dilimizdə özünü bu qədər qabarq şəkildə göstərməzdi. Maraqlıdır ki, “küzəc” // “kuzə” və “kasa” kəlmələri İran dillərinə, o cümlədən fars dilinə də keçmişdir.

Mütəxəssislər toxuculuq sənətinin başlanğıcını məhz Neolit, yəni yeni Daş dövrü ilə bağlayırlar. Xalçaçılq sənətinin də məhz həmin dövrdə formalaşmağa başladığı hesab edilir. Nəzərə alsaq ki, ilk kömürləşmiş xalça qalıqlarının və gil qablarda əksi qalmış toxuma izlərin tapıldığı yer  Şərqi Anadolu və Azərbaycan ərazisidir,  bu ərazilərdən tapılan keramika və divar naxışları ilə türk xalça naxışları eynilik təşkil edir, eləcə də elmə məlum ilk xalça e.ə.V əsrə və qədim türklərə aid Pazırık kurqanından tapılmışdır, tam qətiyyətlə söyləmək olar ki, bu sənətin də baniləri əcdadlarımız olmuşlar. Bunu xalçaçılıqla bağlı terminologiya da tam təsdiq edir. Türklərin isə bu işin ustadları kimi tanındığı hər kəsə məlumdur.

Feofilakt Simokattanın yazdğına görə, Sasani şahı ll Xosrov Suriyadakı məbədlərin birinə hun əl işi olan ipək toxuma məmulatı hədiyyə etmişdi (15. 34).  Qeyd edilməlidir ki, fars və digər İran dillərində əksər xalça növləri “fərş” adlanır ki, bu kəlmə də ərəb kəlməsidir və mənası “ev əşyası” deməkdir (16. 66). Ərəblər bu kəlmə ilə bütün ev əşyalarını ifadə edir, bu sözü ərəblərdən almış farslar isə yalnız xalça – palaz mənasında işlədirlər. Eyni zamanda, türk mənşəli “qali” və “qaliçe” kəlmələri də yayğındır ki, bu terminlər  “qalın” və “qalınça” terminlərinin fars dilində azacıq təhrifi  ilə ortaya çıxmışdır (16. 64).

Avropa dillərində yayğın olan “karpet” kəlməsinə gəlincə isə, bu termin də ayrı – ayrı türk ləhcələrində “qarvud”, “karvud”, “karput”, “karpot” kimi adlandırılan və tərəkəmələr tərəfindən toxunan  xüsusi xalça növünün adından qaynaqlanır. Lətif Kərimovun yazdığına görə, bu kəlmənin əsli  “karpot”  şəklində-

dir. O, “kar” (qarışıq) və “pot” ( əyrilmiş sap) sözlərindən yaranmışdır ki, hər iki söz təmiz türk mənşəlidir (16. 61-62). Bu kəlmə erməni dilinə də “karpet” (xalça) formasında keçmişdir. Elə bu faktlar da bu sənət növünün bilavasitə bizə aid olduğunun əlavə və təkzibedilməz sübutlarıdır.

Maraqlıdır ki, Eneolit, yəni Mis – Daş dövrünün başlamasına səbəb olan misin kəşfi məsələsində də qədim yunanlar birinciliyi iskitlərin, yəni türklərin ayağına yazmışlar. Məsələn, Pliniy Sekund misgərlik sənətinin əsasını iskit xaqanı Lidin qoyduğunu bildirmişdir (17. 197). Qədim yunanlara görə, ümumiyyətlə, metallurgiyanın kəşfi iskitlərlə, yəni türklərlə bağlıdır. Belə ki, Esxil İskitlər ölkəsini dəmirin doğulduğu ölkə adlandırmış, Mitelenli Hellanik isə ilk dəmir alətləri iskitlərin xaqanı Sansvinin qayırdığını yazmışdır (18. 1241).

Bu yaxın zamanlara qədər rus dilində işlənmiş “bulat” (polad), bu gün də işlənməkdə olan “çuqun” (çuğun) “latun” (“altun” sözündən), eləcə də əksər Avropa dillərində işlənən “bronz”  (rus  dilində  “bronza”,  bürünc), monqol dilinə

keçmiş “timur” (dəmir) və “timuçin” (dəmirçi), fars dilindəki “pulad” (polad), “berenc” (bürünc) kimi metallurgiya ilə bağlı türkizmlər də metallurgiya sənətinin banilərinin əcdadlarımız olduğunu sübut etməkdədir. Əldə olan məlumatlar türklərin Orta əsrlərdə də metallurgiya sahəsində öncül yerə sahib olduqlarını söyləməyə əsas verir. Təkcə İbn Fədlanın haqqında söz açdığı və dəmir ticarəti ilə məşğul olduğunu bildirdiyi türk Təkini yada salmaq kifayətdir.

Xl əsr gürcü tarixçisi Leonti Mrovelinin “Kartli çarlarını həyatı” əsərindən bir sitatla bağlı Y.S. Takayişvilinin yazdıqları da çox maraqlıdr: “Gürcü salnaməsi “Kartlis sxobreba”nın yazdığına görə, buntürklər və ya türklər, başqa sözlə, turanlılar gələcək fars hökmdarı Kayxosrovu və ya Kayxosroyu öz sərhədlərindən çıxarmaq üçün Gürgan, yəni Xəzər dənizindən Kür çayı boyunca yuxarı yürüyərək, Msxetiyə 28 (başqa varianta görə 28000) ailə halında gəldilər. Msxeta mamasxalisi, hökmdarı və bütün kartvellərin, yəni gürcülərin müsaidəsi  ilə   farslara  qarşı  mübarizədə   öz  köməklərini  vəd  edən  buntürklər Msxetidən qərbdə qaya kahalarında yerləşdirildilər.  Onların möhkəm istehkama çevirdiyi bu yer nəticədə Sarkine və ya Sarkineti adını aldı ki, mənası “dəmir tapılan yer” deməkdir.” (19. 41).

Deməli, haqqında söz açılan məkan məhz türklər oraya yerləşdikdən sonra “dəmir tapılan yer” oldu. Bu o deməkdir ki, türklər ora köçər-köçməz dəmir istehsalına başladılar.

Lev Qumilyov da özünün “Qədim türklər” kitabında Göytürklərin tarixləri-nin ən başlarında jujanlar üçün dəmir hasil etmək və metal əşyalar yaratmaqla məşğul olduqlarını bildirir (6.31).

Madam ki, dilimizdə bu gün də ən azı 6-8 min il bundan öncə yaranmış

sözlərimiz heç bir əhəmiyyətli dəyişikliyə uğramadan yaşayır və fəal şəkildə işlə-nir, deməli, o dövrün ovsun mətnlərinin günümüzədək heç dəyişmədən və ya cüzi dəyişikliklərlə gəlib çatmasında təəccüblü bir şey olmamalıdır.

Nəsir Rzayev yazır: “Ovsunçuluq qədim mədəniyyətimizdə, folklorumuzda dərin köklər saldığı üçün onun ənənəvi davam edən izləri dövrümüzədək gəlib çıxmışdır.Bu izlər təsərrüfat həyatında, təbiətdə və məişətdə baş verən hadisələri ovsunlamaq məqsədi ilə, dilimizə canlı və cansız varlıqları ovsunlayan sözlər gətirmişdir. Azərbaycan ərazisində,son vaxtlara qədər ovsunlama ayinlərinin ayrı – ayrı formaları, daha doğrusu, fraqmentləri icra edilirmiş. Ovçuluq, maldarlıq, əkinçilik təsərrüfatlarına dair bir neçə ovsun ayini nümunəsi göstərək. Ovçu gələcək ovun müvəffəqiyyətlə keçməsi üçün ovu nişan alaraq oxu atarkən belə deyir:

                  Haş getdi,

                  Huş getdi,

                  Bu ox sənə

                  Tuş getdi.

 Maldar mal – qaranı canavardan qorumaq üçün bıçaq və ya qayçını bükülmüş halda parçaya sarıyaraq deyir:

                  Qurdun ağzını bağladım.” (20. 27).

                   Azərbaycanda geniş yayılmış ovsun folkloru nümunələrindən biri də

“Qurd ağzı bağlama” ovsunudur. Maraqlıdır ki, Gəmiqaya təsvirləri içərisində rast gəlinmiş bir təsvir bilavasitə qurd ağzı bağlama ovsunu ilə birbaşa bağlıdır. Sözü-gedən petroqlifdə qurd və qoyun, eləcə də onların arasından keçərək onları bir-birindən ayıran və ucu yumağa çevrilən ip şəkli çəkilmişdir.

                  Gəmiqayadan tapılmış bu petroqlifin əhəmiyyəti ondadır ki, onun ifadə etdiyi təsviri informasiyanın səsli – sözlü variantı da dövrümüzədək gəlib çatmışdır və o da “yağış çağırmaq” və “yağış kəsmək” ovsunları kimi sadə bayatı formasındadır:

Yağladım,

Dağladım,

Qurdun ağzın

Bağladım.

İstər bu fakt, istərsə də Qarğalar abidəsindən tapılan magik daşlar və müvafiq ovsun mətnləri folklor ədəbiyyatımızın, şerimizin ən qədim növünün məhz bayatı formalı ovsun mətnlri olduğunu, şifahi xalq ədəbiyyatmzın ən azı 6-8 min il bundan öncə formalaşdığını sübut edir.

 

  1. İşin elmi nəticəsi.

Eneolit dövrünə aid maddi mədəniyyat nümunələrinin Azərbaycan və ümumtürk folklor materialı ilə tutuşdurulması, buna paralel olaraq dil materialının işə cəlb edilməsi bizə ölkəmizin ərazisinin əzəldən ən qədim Türk Yurdu olduğunu, pratürklərin bu ərazidə zəngin maddi və mənəvi mədəniyyət nümunələri yaratdığını, bayatı formasının və ovsun janrının ədəbiyyatımızın ən qədim layını təşkil etdiyini, eyni zamanda o dövrün terminoloji lüğət fondunun dövrümüzədək dəyişmədən və ya cüzi dəyişiklərlə gəlib çıxdığını söyləməyə əsas verir. Bu, gəldiyimiz əsas nəticədir.

  1. İşin elmi yeniliyi.

İşin elmi yeniliyi tədqiqatın metodundadır. Söhbət arxeoloji, terminoloji və mifoloji materialın kompleks şəkildə öyrənilməsindən gedir. Fikrimizcə, məsələyə məhz kompleks yanaşma gələcəkdə filologiya elmində tamamilə yeni bir istiqamətin doğmasına gətirib çıxara bilər.

  1. İşin tətbiqi əhəmiyyəti.

Əgər sonrakı tədqiqatlar eyni nəticəni verərsə, gələcəkdə bölgələrə folklorşenas, etnoqraf, dilçi və arxeoloqların birgə eksprdisiyalarının təşkili zərurəti yarana bilər. Gəlinən nəticələr bu ekspedisiyalar üçün “yol xəritəsi” rolunda çıxış edər. Unutmayaq ki, məşhur arxeoloq Şlimann qədim Troyanı Homerin hər kəs tərəfindən mif sayılan rəvayətləri əsasında üzə çxarmışdır. Həzrət Nuhun Naxçıvan ərazisindəki məzarının yerinin müəyyənləşdirilməsində B. Gəngərlinin rəsmləri ilə yanaşı, Nuh barədə xalq əfsanələrinin də rolu az olmamışdır.

 

Ədəbiyyat

  1. Azərbaycan tarixi. B., “Azərnəşr”, 1994.
  2. Göyüşov R. Azərbaycan arxeologiyası. B., “İşıq”, 1986.
  3. Seyidov M. Azərbaycan mifik təfəkkürünün qaynaqları. B., “Yazıçı”, 1983.
  4. Радлов В.В. Древнетюркский словарь. Ленинград, «Наука», 1969.
  5. Rəcəbov Ə., Məmmdov Y. Orxon – Yenisey abidələri. B., 1993.
  6. Гумилев Л. Древние тюрки. Москва, «АСТ», «Yazıçı”, 2002.
  7. Ağasıoğlu F. Tanrı elçisi İbrahim. B., 2007.
  8. Асадов  Ф. М. Арабские источники о тюрках в ранее средневековье. Б., «Элм», 1993.
  9. Ön və Orta Asiya türklərinin tarixinə dair dörd anonim mənbə. B., “Nurlan”, 2003.
  10.  Nəğmələr, inanclar, alqışlar. B., “Yazıçı”, 1986.
  11.  Sadıqova S. Azərbaycan dilində terminologiyann təşəkkülü və inkişafı. B., “Еlm”, 2005.
  12.  Мусаев К.М. Современные терминологии литературных тюркских языков. Советская тюркология. Б., «Элм», 1981, № 6.
  13.  Axundov A. Dil və ədəbiyyat. l c. B., “Gənclik”, 2001.
  14.  Сенека Луций Аней. Исследование о природе. К Луцию, XVl.
  15.  Средняя Азия и Иран. Сб. статей Государственного Эрмитажа. Ленинград, «Аврора», 1972.
  16. Керимов Л. Азербайджанский ковер. Т. ll., Б., “Gənclik”, 1983.
  17.  Плиний Секунд Старший. Естественная история. Vll.
  18.  Гелланик Митиленский. Собрание отрывков. Фрагменты из Оксиринских папирусов, X.
  19.  Əlibəyzadə E. Ədəbi şəxsiyyət və dil. B., “Yazıçı”, 1982.
  20.  Rzayev N. Qayalar danışır. B., “Elm”, 1985.

 

Xülasə

Bu məqalədə Azərbaycanın Eneolit dövrü əhalisinin mifik təsəvvürləri, folkloru və ədəbi yaradıcılığı barədə danışılır. İrəli sürülən mülahizələr arxeoloji abidələr və dövrümüzədək çatmış folklor nümunələri əsasında şərh edilir, dilimizin bəzi  terminləri təhlil edilir.

Açar sözlər: Eneolit dövrü, mifik təfəkkür, ovsunculuq, terminologiya.

Резюме

В этой статье говорится о мифологическом мировоззрении, фольклоре и литературном творчестве населения Азербайджана в эпоху Энеолита. Выдвинутые гипотезы комментируются на основе археологических находок и фольклорного материала, дошедшего до наших дней, анализируется некоторые архаичные термины.

Ключевые слова: Эпоха Энеолита, мифологическое мировоззрение, магия, терминология.

Summary

It is spoken about mythical ideas, folk-lore and literary creative work (activities) of the population of Copper the Stone Age of Azerbaijan in this article. Putting forward (proposing for) considerations are commented archaeological monuments and time on the basis of examples of folklore where has reached, some terms of our language are analysed.

Key words: Copper the Stone Age, mythical thinking, magic, terminology.

 

Advertisements
Bu yazı Mifologiya kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma