PARALEL DÜNYADAN MESAJ

                                                                                                                              Bəxtiyar Tuncay

PARALEL DÜNYADAN MESAJ

AYSBERQİN GÖRÜNƏN ÜZÜ

 

O, adəti üzrə, vanna otağna keçdi, diş fırçasını və pastanı götürdü, Pastanın ağzını açıb fırçanın üstünə sıxdı, pastanın ağzını bağlayb yerinə qoydu. Fırçanı ağzına aparıb dişlərini fırçalamağa başladı. Gözləri təsadüfən güzgüyə sataşdı və… Və hər şey də bundan sonra başladı!!!

“Yox, yox, bu qətiyyən mümkün olan şey deyil! Ola bilməz! Bəlkə, dəli olmuşam və ya da yuxudayam” – deyə professor Rəcəbli düşündü. Amma yuxu görmürdü. Hər şey real həyatda, öz mənzilinin vanna otağında, hər gün ən azı iki dəfə baxdığı böyük güzgünün qarşısında baş verirdi. Ağlı da yerində idi. Amma şahidi olduğu şeyi izah etmək mümkün deyildi. Güzgüdəki əksi onun hərəkətlərini sinxron deyil, bir – iki saniyə gecikməklə təkrarlayırdı. Gözlərinə inanmadı. Fırçanı tutduğu sağ əlini yuxarı qaldırdı. Əksi də eyni şeyi təkrar etdi, ama bir – iki saniyə gecikməklə. Professor heyrədən donub yerində qalmışdı. Fırçadan ağız suyu qarışıq pastanın qolunun üstü ilə necə aşağı axdığını belə hiss etmədi.

Əlini aşağı saldı, yenə də eyni şey təkrar olundu.

Biz güzgüyə baxır, öz əksimizi görürük. Müəyyən hərəkətlər edirik. Əksimiz də həmin an, qətiyyən gecikmədən, yəni bizimlə eyni anda eyni şeyləri təkrar edir. Təsəvvür edin ki, güzgünün qarşısında durub özünüzə baxırsınız. Əlinizi başınıza aparırsınız. Əksiniz də əlini başına aparır, fəqət bunu dərhal yox, bir – iki saniyə gecikməklə edir. Belə bir halla üzləşsəydiniz, hansı hissləri keçirər, nə düşünərdiniz?

Siz hansı hissləri keçirərdinizsə, professor da eyni hissləri keçirirdi. Bu hissləri sözlə ifadə etmək mümkün deyil. Çünki onlar gündəlik keçirdiyimiz hisslərdən fərqli hisslərdir. Adət etdiyimiz hissləri sözlə ifadə etməyi artıq bacarırıq. Hətta onlara adlar da düşünüb tapmışıq. Psixoloqların leksikonunda isə həmin hissləri ifadə etmək üçün bizim leksikonumuzdakından qat – qat çox termin var. Amma inanmıram ki, həmin an Rəcəbliyə hakim olan hissi adlandırmaq üçün hansısa dəqiq bir termin olmuş olsun. Onu şərti olaraq, “heyrət” adlandırmaq olar. Amma bu adi heyrətlərdən deyildi. O özündə qorxu, elmi kəşf zamanı keçirdiyimiz hisslərə bənzər çalarları da birləşdirirdi. Bir sözlə, qeyri – adi bir hiss idi.

Həmin an hər birimiz nə düşünərdiksə, professor da eyni şeyləri düşündü. Öncə əlini güzgüyə sürtüb, onun hər hansı bir deformasiyaya uğrayıb – uğramadığını yoxladı. Heç bir qeyri – adi dəyişikliyin baş vermədiyinə əmin olduqdan sonra öz psixikasında hansısa dəyişikliyin baş verdiyini düşündü. Bax, bunu yoxlamaq lazım idi. Odur ki, cəld qızını səslədi:

-Günay, qızım, tez ol bura gəl!

Qızını çağırarkən keçirdiyi hisslərin təsiri ilə səsi o qədər dəyişmişdi ki, qızı səsinə həmişəkindən daha tez hay verdi. Çünki ona elə gəldi ki, atasının başına nə isə pis bir şey gəlib. Odur ki, özünü dərhal vanna otağına yetirdi. Amma, Allaha şükürlər olsun ki, atası sağ – salamat qarşısında durmuşdu. O, qızını içəri dəvət edib güzgüyə baxmasını istədi. Əgər Günay da onun gördüklərini görəcəkdisə, deməli, psixkası qaydasındadır. Yox, qızı onun müşahidə etdiyini müşahidə etməyəcəkdisə, psixoloqa və ya nervopatoloqa müraciət etmək lazım olacaqdı:

-Qızım, güzgüyə bax!

Günay təəccüb və heyrətlə əmrə tabe oldu. Atasının səsindəki qeyri – adi həyacandan orada nə isə qeyri – adi bir şey görəcəyini başa düşdü. Lakin ağlına belə gəlməzdi ki, gördüyündən dili – dodağı quruyacaq. Çünki güzgünün sındığını, çatladığını və ya ləkələndiyini görməyə hazır idi, möcüzə ilə qarşılaşa biləcəyinə isə qətiyyən hazır deyildi:

-Əlini yuxarı qaldır!

Qız əlini yuxarı qaldırdı və yerində donub qaldı. Atasının gördüyünü o da görmüşdü. Gözlərinə inanmayıb, o biri əlini də yuxarı qaldırdı. Heyrət içərisində dönüb atasına baxmağa başladı. Gözləri ilə, sanki, “nə baş verir” – deyə soruşurdu. Professor onun fikrini oxudu və cavab verdi:

-Bilmirəm, qızım, bilmirəm!

Artıq hər şey məlum idi. Professorun psixikasında heç bir qeyri – adi şey baş verməmişdi. Çünki onun gördüyünü qızı da görmüşdü:

-Tez ol, telefonumu gətir!

Bu dəfə, sanki, qızı onun fikrini oxudu. Atasının nədən telefonu istədiyini anladı. Anladı ki, atası üzləşdikləri fenomenal olayın tez bir zamanda ötüb keçə biləcəyindən, sonra buna kimsəni inandırmağın mümkün olmayacağından qorxur. Baş verənləri təcili olaraq, telefonun kamerası ilə qeydə almaq istəyir. Odur ki, Günay cəld telefonun dalınca getdi.

Əslində nə ata qızının, nə də qızı atasının fikirlərini oxumamışdı. Telepatiya adlanan fövqəlhiss onların hər ikisinə yad idi. Sadəcə insanlar bəzi hallarda özlərindən asılı olmayaraq, eyni cür düşünürlər. Buna tipoloji düşüncə deyilir. Tipoloji düşüncə də tipoloji reaksiya kimidir. Əlinizi od yandırırsa, onu dərhal geri çəkəcəksiniz. Və hamı belə edir. Əlini od yandıran bir adamın bunun əksini edəcəyini, yəni əlini daha çox odun içinə salacağını təsəvvür edə bilərsinizmi?

Günayın getməsi ilə gəlməsi bir oldu. Telefonu atasına verdi. Onun təlimatlarını gözləmədən güzgünün qarşısına keçib müxtəlif hərəkətlər etməyə başladı. Professor isə elə bir nöqtə seçdi ki, oradan həm qızını, həm də onun güzgüdəki əksini eyni anda çəkə bilmiş olsun. Bir müddət çəkdikdən sonra qızı ilə rollarını dəyişdilər. İndi ata güzgünün önündə müxtəlif pozalar alır, qızı isə çəkirdi.

Artıq faktoloji material hazır idi. Vanna otağında baş verən anormal vəziyyət bitsə belə, əldə sübut var idi. Odur ki, professor cəld dostu, qohumu və həmkarı professor Hüseynbəylinin nömrəsini yığmağa başladı.

***

Professor Elxan Rəcəbli ilə professor Rəşid Hüseynbəyli İçərişəhərin eyni küçəsində, eyni məhəlləsində və hətta eyni həyətində, qonşu evlərdə dünyaya gəlmişdilər. Dünyaya gəlmə günləri, ayları və illəri də eyni idi. Aralarında sadəcə 6 saat fərq vardı. Elxan Rəşiddən nə az – nə çox, düz 5 saat 58 dəqiqə böyük idi. Əmioğlu idilər. Qardaş olan rəhmətlik ataları eyni gündə evlənmiş, eyni gündə toy etmişdilər. Toylarından 12 gün sonra isə eyni avtomobilin içində qəzaya uğramış və eyni gündə dünyaya vida etmişdilər. Uşaqları anaları böyütmüşdü. Soyadlarının fərqli olmasının səbəbi isə Rəşidin anasının ona öz qızlıq soyadını verməsi idi.

Dostları onları zarafatla Üzeyir Hacıbəyli və Müslüm Maqomayevlə müqayisə edirdilər. Axı, Üzeyr bəylə Müslüm Maqomayev də eyni gündə, eyni ayda və eyni ildə doğulmuşdular. Fərq yalnız doğum yerlərində idi. Təqribən eyni vaxtda ilk operalarını yazmış, təqribən eyni vaxtda Hənifə Terequlovun qızları ilə evlənmişdilər.

Dostları dahi bəstəkarlarla müqayisə edənlər qətiyyən səhv etməmişdilər. Zaman onların proqnozlarını bütünlüklə təsdiqlədi.

Elxanla Rəşid eyni vaxtda Bakıdakı 132 saylı məktəbə getmiş, eyni sinifdə oxumuş, eyni ildə Azərbaycan Dövlət Universitetinin ədəbiyyat fakultəsinə daxil olaraq, oranı bitirmişdilər. Namizədlik və doktorluq dissertasiyalarını da eyni ildə müdafiə etmişdilər. İndi də doğma universitetlərinin eyni kafedrasında çalışırdılar, müştərək bir kitab üzərndə işləyirdilər. Sübut etmək istəyirdilər ki, anadilli Azərbaycan ədəbiyyatı, hesab edildiyinin əksinə olaraq, heç də Həsənoğlu ilə başlamır. Hələ eradan yeddi əsr əvvəl ölkəmizin ərazisində türk dilində əsərlər yazılmışdır. İddialarına görə, fars mənbələrində adı Əfrasiyab, türk mənbələrində isə Alp Ər Tonqa kimi çəkilən böyük türk xaqanı, eradan əvvəl yaşamış, adı qədim Aşşur mənbələrində Partatua kimi çəkilən İç Oğuz xaqanı ilə eyni adamdır. Fars mənbələrinə istinadən, onun Güney Azərbaycandakı Urmiya gölü sahilində Midiya xaqanı Kiaksar tərəfindən öldürüldüyünü əldə əsas tutaraq, oğuz türklərinin onun ölümünə həsr etdikləri ağının da məhz Güney Azərbaycanda və həmin dövrdə yaradıldığını əsaslandrmağa çalışırdılar.

Dostlar bu mövzuya o qədər aludə olmuşdular ki, işdə də, evdə də, toyda da, yasda da elə bu barədə danışırdılar. Zəngləşəndə də, əksər hallarda bir – birilərinə tapdıqları yeni faktlar barədə məlumat vermək üçün zəng edər, məsələni uzun – uzadı müzakirə edərdilər. Dörd misrası dövrümüzədək çatmış həmin ağını o qədər təkrarlamşdılar ki, Günay da, Rəşid müəllimin həyat yoldaşı Gülzar xanım da, oğlu Fuad da artıq onu əzbər bilirdilər:

“Alp Ər Tonqa öldümü?

İsiz ajun qaldımı?

Ödlək öcün aldımı?

İmdi yürək yırtılır.”

***

Elxan nömrəni yığıb gözləməyə başladı. Dostu telefonu götürmürdü. Yenidən nömrəni yığdı, bir daha zəng etdi. Bu dəfə cavab verildi, amma telefonu dostunun özü yox, oğlu Fuad götürmüşdü. Telefona cavab verməmişdən öncə nömrəyazana baxmışdı və zəng edənin kim olduğunu bilirdi deyə, dərhal salam verdi:

-Salam, Elxan əmi.

-Salam, oğlum, bəs, atan haradadır?

-Atam indi təcili yardım maşınındadır. Özündə deyil. Anamla birlikdə onu xəstəxanaya aparırıq.

-Başa düşmədim, Rəşidə nə olub ki? – deyə professor Rəcəbli narahatlıqla soruşdu. Təbii ki, həmin an bir az əvvəl başına gələnləri bir anlığa unutdu. Bir həyacanı digəri əvəz etmişdi. Amma bu həyacan əvvəlki kimi şiddətli deyildi.

Fuad cavab verdi:

-Vallah, bilmirəm. Səhər üzünü qırxmaq üçün vanna otağına keçmişdi. Bir də eşittim ki, anamı çığırır. Tez səsə yüyürdüm. Atamın vanna otağında yerə sərildiyini, anamın da üzünə su çiləyərək özünə gətirməyə çalışdığını gördüm. Nə qədər çalışdıq, özünə gətirə bilmədik.

Elxan Rəcəbli:

-Bir yeri əzilməyib ki?

Fuad:

-Yox, deyəsən. Nəbzi də qaydasındadır, amma özünə gəlmir.

-Hansı xəstəxanaya gedirsiniz? – deyə professor soruşdu.

-Təcili Yardım Xəstəxanasına. – Fuad bildirdi.

-Yaxşı, mən də indi çıxıram. – Elxan telefonunu qapatdı. O, bir neçə dəqiqənin içində ikinci dəfə idi ki, sarsılırdı. Öncə vanna otağında baş verənlərdən, sonra isə bu bəd xəbərdən şoka düşmüşdü.

***

Professor Rəşid Hüseynbəylini xəstəxananın ikinci mərtəbəsində 50 saylı palatada yerləşdirmişdilər. Qoluna sistem qoşmuşdular. Artıq özünə gəlmişdi. Amma dərin fikrə getmiş, kimsə ilə danışmaq istəmirdi. Özünə gələndə sadəcə demişdi ki, özünü yaxşı hiss edir, narahatçılıq üçün bir əsas yoxdur. Palata iki nəfərlik olsa da, orada tək yatırılmışdı. Həyat yoldaşı Gülzar və oğlu Fuad boş çarpayının üstündə oturub, gözlərini ondan çəkmir, həsrətlə bir söz deməsini gözləyirdilər. O isə israrla susur və düşünürdü.

Elxan Rəcəbli ilə qızı Günay gələndə Fuad bəzi şeylər almaq üçün palatanı tərk etmişdi. Rəşid müəllim isə yatırdı. Gülzar xanım Elxan və Günayı gülərüzlə qarşıladı. Halından hər şeyin artıq yaxşı olduğu anlaşılırdı. Salamlaşdıqdan sonra Elxan müəllim dostunun vəziyyəti ilə maraqlandı.

-Allaha şükürlər olsun, indi yaxşıdır. Yatır. – deyə Gülzar xanım bildirdi.

Professor Rəcəbli soruşdu:

-Həkimlər nə deyir?

-Deyirlər ki, çox işlədiyindəndir. Orqanizmi bərk yorulub. İstirahətə ehtiyacı var. Bədəninə qlükoza, vitamin və yuxu dərmanı yeridiblər. Yəqin ki, sabaha ancaq oyanar.

-Axı, bu necə oldu?

-Mətbəxdə səhər yeməyi hazırlayırdım. Rəşid də üzünü qırxmaq üçün vanna otağına keçmişdi. Bir də gördüm, vanna otağından nəyinsə yerə düşməsinə bənzər səs gəldi. Cəld özümü səsə yetirdim. Gördüm yerə yıxılıb, huşu gedib, – deyə, Gülzar xanım bildirdi, – tez Fuadı səslədim…

Elxan müəllim artıq onun nə dediyini dinləmirdi. Dərin fikirlərə getmişdi. Dostunun da başına məhz onun başına gələnə bənzər bir əhvalatın gəldiyi barədə düşünürdü.

Gülzar xanım müsahibinin artıq onu dinləmədiyini, öz aləminə qapandığını bir qədər gec anladı. Əmin olmaq üçün “Elxan, məni eşidirsənmi?” – deyə soruşdu. Cavab gəlmədi. Ən dəhşətlisi isə bu idi ki, bir müddət öncə eyni üz ifadələrini ərinin də üzündə görmüşdü.

***

Elxan, Rəşid və Gülzar universitetdə bir yerdə oxumuşdular. Rəşidlə Gülzar elə orada bir – birini görüb bəyənmiş, sevişmiş və evlənmişdilər. Elxanın isə gözü bir kurs aşağıda oxuyan Sevinci tutmuşdu. Amma qız ona heç cür yaxınlıq vermirdi. Yalnız üç il yorulmadan çalışdıqdan sonra Sevincin könlünü ovlaya bildi. Evləndilər. Fəqət xoşbəxt günləri uzun sürmədi. Sevic ilk və yeganə övladları Günayı doğarkən dünyasını dəyişdi. Elxan ondan sonra bir daha evlənmədi. Bütün həyatını sevgili həyat yoldaşının tək yadigarına həsr etdi. Çətin günlərində Rəşid və Gülzar həmişə yanında olmuşdular. Gülzar Günaya analıq etmişdi, – desək, qətiyyən səhv etmərik.

Dostlar Günayı Fuada almağı düşünürdülər. Gənclər də buna qarşı deyildilər. Aralarında eşq və məhəbbət deyilən bir şey olmasa da, bir – birilərini səmimi dost kimi sevirdilər. Bir – birilərini görməyəndə darıxırdılar. Amma bu qətiyyən kişi – qadın sevgisi deyildi. Ən ülvi bir dost sevgisi idi. Elə bu sevgi də onları həyatlarını birləşdirmək qərarına gəlmələri üçün yetərli idi. Kim bilir, bəlkə də ilk toy gecəsindən sonra bu hiss gerçək məhəbbətə çevrilə bilər. Amma bu barədə danışmaq hələ tez idi. Öncə Günay universiteti bitirməli idi. Buna isə iki il vaxt qalırdı. Nişanlarının isə bu günlərdə olması qərarlaşdırılmışdı. Hətta Gülzarla Günay birlikdə zərgər yanına gedib, nişan üzüyü də sifariş etmişdilər. Rəşid müəllim də Günayı artıq “gəlinim” deyə çağırmağa başlamışdı. Amma…

Amma, sən demə, bütün bunlar, sadəcə görüntüymüş, aysberqin üzdə olan hissəsiymiş!

AYSBERQİN GÖRÜNMƏYƏN ÜZÜ

 

Rəşid yuxudan oyananda dostunun hal – əhval tutmadan ona verdiyi ilk sual belə oldu:

-Güzgüdə nə gördün ki, özündən getdin?

Rəşid müəllimi, sanki, ilan vurdu. Təəccüb və heyrətlə dostuna baxdı:

-Sən bunu haradan bilirsən?

-Cünki sənin başına gələnin bənzəri mənim də başıma gəlib. – Elxan cavab verdi.

Rəşid:

-Sən orada nə gördün?

Elxan mobil telefonunu çıxarıb, çəkdiklərni ona göstərdi. Rəşid yerində donub qalmışdı. Deməyə söz tapmırdı. Bir qədər sonra özünə gəlib dedi:

-Hə, eynən mən də bunu gördüm. Güzgüdəki əksim hərəkətlərimi gecikməklə yerinə yetirirdi. Sonra isə güzgüdən, sanki, ildırım çaxdı və məni vurdu. Bəs, səni? Səni, necə, ildırım vurmadımı?

***

Dostların başına gələn qəribə hadisə bir daha təkrarlanmadı. Əgər telefona çəkilmiş kadrlar olmasaydı, özlərini baş verənlərin xəyallarının məhsulu olduğuna inandırardılar. Amma məsələ təkcə telefonun yaddaşına köçürülmüş kadrlarda deyildi. Rəşid müəllim özündə əvvəllər olmayan qeyri – adi istedadlar kəşf etmişdi. Onun bəsirət gözü açılmışdı. Başqalarının görə və eşidə bilmədiklərini görüb eşidə bilirdi. Qarşısında zaman və məkan sınırı yox idi.

Biz dünyanı beş duyğu üzvümüzün köməyi ilə duyur və bu çərçivədə qavrayırıq. Dünya həmin çərçivədən bizə dördölçülü görünür. Bunlardan üçü –  hündürlük, en və dərinlik məkan ölçüləridir və riyaziyyatçılar onları latın əlfbasının “x”, “y” və “z” hərfləri ilə işarələdikləri koordinat oxları ilə ifadə edirlər. Bundan başqa onların “t” ilə işarə etdiklri bir də zaman oxu var. Həmin ox dördüncü ölçünü – zamanı ifadə edir. Bu oxlar beş duyğu üzvü ilə dərk etdiyimiz dünyanın klassik ifadəsidir. Hərçəndki, bu forma da tam şərtidir və reallıqğı, yəni bizim gördüyümüz reallığı tam doğru əks etdirmir. Çünki bu formaya əsasən zaman oxu üzrə irəlilədikcə, yəni zaman keçdikcə, ətrafımızdakı üç ölçülü məkanın genişlənməsini müşahidə edərdik. Axı, riyaziyyatçıların cızdıqları klassik formada eyni nöqtədən, sıfır nöqtəsindən ayrılan oxlar müxtəlif istiqamətlərə uzanır və getdikcə bir – birindən daha çox uzaqlaşır. Buradakı zaman oxu gerçəkdən də bizim zamanı ifadə edirsə və biz onunla birlikdə keçmişdən gələcəyə doğru hərəkətdəyiksə, bu ox bizi hər keçən saniyə, dəqiqə, saat, gün, ay və il məkan oxlarından daha çox uzaqlaşdırmalıdır. Amma bu baş vermir.

Təsəvvür edin ki, öz evinizdə kresloda oturmusunuz. Sizi qarşıdakı divardan 2 m, soldakı divardan 3 m, tavandan isə 4 m məsafə ayırır. Əgər dediyimiz forma gerçəyi əks etdirirsə, bir saat sonra həmin məsafələr öncəki kimi 2,3,4 yox, müqabil olaraq, 3, 4 və 5 metr olmalıdır. Yəni bütün məsafələr 1 metr artmalıdır. Amma bu baş vermir.

Koordinat oxları hazırda içində olduğumuz və gözümüzlə gördüyümüz məkandan daha çox, gözümüzlə sonadək görə bilmədiyimiz, yəni beş duyğu üzvümüzlə tam sezə və dərk edə bilmədyimiz kainatı əks etdirir. Çünki dəqiq məlumdur ki, sıfır noğtəsində, yəni zamanın sıfırıncı anında, başqa sözlə, zaman və məkanın hələ mövcud olmadığı dövrdə baş vermiş “Böyük Partlayış” nəticəsində yaranan və sürətlə genişlənən kainatımız bu gün də genişlənməkdə davam edir.

Bütün bunları Rəşid müəllim bir neçə gün sonra Elxana izah etməyə çalışacaqdı və təbii ki, o da heç bir şey anlamayacaqdı. Çünki bitirdiyi ədəbiyyat fakultəsində dəqiq elmlər keçirilmirdi. Orta məktəbdə isə cəbr, həndəsə, fizika, astronomiya kimi fənnlərdən öyrəndiklərini çoxdan unutmuşdu. Əgər hər bir məktəblinin bildiyi bu sadə həqiqətləri anlamayan bir şəxsə “x”,”y”,”z”,”t” oxlarının ifadə etdiyi məkan modelini anlatmaq mümkün deyilsə, ona koordinat oxlarının sıfır nöqtəsindən əks tərəfə uzanan və “-x”, “-y”, “-z” və “-t” kimi ifadə edilən uzantılarının ifadə etdikləri əks, yəni bizim dünyanın simmetrik əksi olan bir məkanın da mövcudluğunu, orada zamanın bizimkindən fəqli olaraq, gələcəkdən keçmişə axdığını necə anlada bilərsən? Hətta buna nail olsan belə, o, heç vaxt məsələn, (x, y, -z) və ya (-x, y, z) oxları ilə ifadə edilən paralel dünyaların da olduğuna inanmayacaq.

Kim bilir, bəlkə də, Elxan dostunu anlamağa bir qədər daha çox səy etsəydi, Rəşid hər şeyi özü çətinlik çəkmədən, çox asanlıqla başa düşərdi və aralarında da anlaşmazlıq yaranmazdı. Baxmayaraq ki, professor Rəşid Hüseynbəyli də eynən Elxan Rəcəblinin özü kimi ədəbiyyatçı idi və fikirlərini də sadə dillə izah etməyi bacarırdı, fikirlərini izah edə bilmirdi ki, bilmirdi. Təsəvvür edirsinizmi, o, ədəbiyyatşünas yox, fizik olsaydı, nə olardı. Onda dostu ümumiyyətlə heç nə anlamazdı. Çünki eyni şeyi fizik izah etməyə qalxışsaydı, istər-istəməz öncə Hümasonun kəşfindən söz açmalı olacaq, yəni bəzi qallaktikaların spektrlərindəki qırmızı yerdəyişmələri və onların səbəblərini izah etməyə çalışacaqdı. Bundan sonra Dopler effektinə keçəcək, daha sonra isə Habbl qanununun üzərinə gələcəkdi. Belə olan halda isə, Elxan müəllim ümumiyyətlə heç nə başa düşməyəcəkdi.

Madam ki, dostun səni anlamır, onunla söhbət etmək artıq maraqlı deyilsə, istər – istəməz, zamanla ondan soyuyacaq və səni anlayan, səninlə eyni hissləri paylaşan başqa birinə meyl edəcəksən. Bu təbiidir, təbiətin dəyişməz qanunlarından biridir. Və Rəşid tədricən Elxandan soyuyurdu. Soyumağına başqa bir səbəb də vardı.

***

Professor Hüseynbəylinin bəsirət gözü birdən – birə açılmadı. Tədricən, yavaş – yavaş açıldı. Birdən – birə açılsaydı, eyni anda həm dünən, həm bu gün, həm də sabah baş vermiş, verən və verəcək hadisələri görməyə başlasaydı, xəyalən istədiyi anda istədiyi məkanda olmağı bacarsaydı, hətta bizim dünyanı tərk edib paralel dünyalara səyahət etmək imkanı qazansaydı, beyni yeni informasiyalar bolluğunu həzm edə bilməz, bu yükün ağırlıığına tab gətirməyib dəli olardı. Amma zaman insanı hər bir çəkilməz yükə alışdırır. Eynən körpəlik vaxtından buzovu çiyninə alıb, hər gün qırx pilləkanı qalxıb – düşən və buzov böyüyüb öküz olduqdan sonra da eyni şeyi təkrar edən Fitnəni alışdırdığı kimi.

Rəşid müəllim öncə eynən Volf Messinq və Tofiq Dadaşov kimi, insanların fikirlərini oxumağa başladı. Əvvəl – əvvəl nə baş verdiyini başa düşmədi, sonra isə hər şey aydınlaşdı. Psixikasında baş verən yeniliyi, üzə çıxan yeni istedadını dərk etdi. Fikirlərini ilk oxuduğu insan isə sevimli Gülzarı olmuşdu. Xəstəxanada, özünə gələr – gəlməz, arvadının durmadan “Ya Allah, kömək elə, onu məndən ayırma!” sözlərini təkrar etdiyini eşitmişdi. Artıq özünü yaxşı hiss edirdi. Gözlərini açmışdı. Gülzar isə hey eyni şeyi təkrar edirdi. “Ay qız, yetər, hər şey yaxşıdır” demək üçün ona baxanda arvadının dodaqlarının qətiyyən tərpənmədiyini, ağzını açmadan eyni sözləri təkrarladığını görüb, çox təəccüb etmişdi. Onu sakiləşdirmək üçün demişdi:

-Hər şey qaydasındadır. Özümü çox yaxşı hiss edirəm, narahat olmayın!

Oğlu və həyat yoldaşı da bir ağızdan Allaha şükür etmişdilər. Sakit oturub dərin fikrə gedəndə isə əslində fikrə getməmişdi. Gülzarın ürəyində dediyi sözləri dinləyirdi. O, sözləri eşitmək necə də xoş idi:

-Şükr sənə, İlahi! Ona bir şey olsaydı, həyatımın mənası itərdi. Şükr sənə ki, onu bizə qaytardın. Onu sevdiyimi bilirdim. Bu qədər çox sevdiyimi bilmirdim, indi bildim.

Fuadı isə, deyəsən, atasının taleyi o qədər də çox maraqlandırmırdı. Anası ilə birlikdə Allaha sözlü – səsli şükür etdikdən sonra, ədalət xatirinə deyək ki, şükrünü ürəyində də bir dəfə təkrarladı. Amma sadəcə bir dəfə. Təbii ki, o da atasını sevirdi və ona bir şey olmasını istəmirdi. Amma indi onu atası yox, Günay maraqlandırırdı. Fikri – zikri Günayın yannda idi. Lakin onun fikrini “oxumaq” olmurdu. Çünki o, əslində fikirləşmir, gələcək həyat yoldaşının obrazını təsəvvüründə canlandırmaqda idi. Rəşid müəllim isə o anda yalnız fikirləri “oxumağı” bacarır, insanlarıın təsəvvürlərində yaratdıqları obrazları, onların təsviri xəyallarını “görə” bilmirdi. Bu istedad onda bir – iki dəqiqə sonra aşkar olunacaqdı. Və, kaş ki, aşkar olunmayaydı!

Oğlunun xəyalında canlandırdığı səhnəni görməyə başlayanda dünya başına fırlandı. Çünki o, oğlu ilə Günayn münasibətlərini tamam başqa cür təsəvvür edirdi və onun təsəvvürləri digərlərinin fikrindən qətiyyən fərqlənmirdi. Ona elə gəlirdi ki, Fuadla Günayın arasında eşq və məhəbbət deyilən bir şey olmasa da, bir – birilərini səmimi dost kimi sevirdilər. Bir – birilərini görməyəndə darıxırdılar. Amma bu qətiyyən kişi – qadın sevgisi deyildi. Ən ülvi bir dost sevgisi idi. Elə bu sevgi də onları həyatlarını birləşdirmək qərarına gəlmələri üçün yetərli idi…

Amma sən saydığını say, gör, fələk nə sayır! Sən demə, bu təsəvvürlər kökündən yanlışmış və Aysberqin üzdə olan, yəni gözlə görünən hissəsinin yaratdığı təhrifedilmiş təsəvvür imiş. Rəşidin gözlənilmədən açılan bəsirət gözü ona aysberqin alt hissəsini, adi gözlə görünməyən hissəsini göstərdi. Sən demə, gənclərin münasibəti çoxdan “səmimi dost sevgisi” sınırlarını aşmış, Romeo və Cülletanın, Leyli və Məcnunun ruhani sevgisinə bənzər ideal məhəbbət mərhələsini də çoxdan geridə buraxmış və hazırda seksual ehtiraslar səviyyəsində davam edirmiş.

Ata oğlunun xəyalında canlandırdığı təsvirləri “gördü”. Bu təsvirlərdə gələcək gəlini anadangəlmə çılpaq idi. Çarpayıda uzanıb ayaqlarını aralamışdı… Özü də bu təsvirlər sevgilisini çılpaq görmək arzusu ilə alışıb – yanan bir gəncin fantaziyasının gücü ilə xəyalında canlandrdığı təsvirlər deyildi. Onlar gəncin artıq dəfələrlə şahidi olduğu mənzərənin yaddaşında yenidən canlandırılması idi.

Professor istəmədən gördüyü mənzərədən dəhşətə gəldi, utandı, bu təsvirləri başından qovmağa çalışdı, amma gələn və beyninə hansı kanal vasitəsi ilə süzüldüyü məlum olmayan bu vizual informasiyanın ardı – arası kəsilmirdi. Bu arzuolunmaz informasiya onun beyninə iradəsindən asılı olmayaraq daxil olurdu. Odur ki, oğlundan bəzi şeylər almaq üçün dükana getmsini xahiş etdi. Ona görə xahiş etdi ki, təki ondan aralansın, aralarındakı məsafə böyüsün. Bu yolla  həmin informasiyadan qurtulacağını düşünürdü.

Bir gün sonra, Rəşid müəllim Günayla üz – üzə gələndə də eyni dəhşəti yaşayacaqdı. Bu dəfə də qeyri – ixiyari gələcək gəlinin təsəvvürlərinə müdaxilə edəcək və bu təsəvvürlərdə oğlunu çılpaq görəcəkdi. Amma bu sabah olacaqdı. Sabah onu başqa bir sarsıdıcı sürpriz də gözləyirdi. Ən yaxın dostunun on ildən bəri ondan gizlətdiyi bir sirrindən də xəbərdar olacaqdı…

Fuad palatanı tərk etməmişdən öncə tibb bacısı gəldi. Professorun halı ilə maraqlandı. Sonra isə əlindəki içində yuxu dərmanı olan şprisin iynəsini qlükoza qabının başına sancdı və dərmanı şüşəyə boşaltdı. İndi Rəşid müəllimin damarına təkcə qlükoza və vitaminlər deyil, həm də yuxu dərmanı axırdı. O, yuxaya getməmişdən öncə tibb bacısının fikirlərini də “eşitməyə” macal tapdı. Qız palatadan çıxmaqda olan Fuad barədə düşünürdü:

-Zalımın oğlu elə bil ay parçasıdır. Deyəsən, xəstə atasıdır. Elə bil, bir almadırlar, iki yerə bölünüblər. Yaşlı olsa da, o da pis görünmür.

Rəşid yuxuya getməsəydi, bir neçə dəqiqə sonra özünü yetirən dostunun ona baxıb ürəyində “Güzgüdə nə görmüsən?” – deyə soruşduğunu hiss edərdi. Amma o, artıq dərin yuxudaydı, təkcə təbii gözü deyil, bəsirət gözü də qapanmışdı.

***

Bəli, Fuadla Günay bir – birilərini dəlicəsinə sevirdilər və onların sevgisi qızğın ehtiras səviyyəsində idi. Amma bunu başqalarından gizlətməyi bacarmışdılar. Hər imkan düşəndə, tək qalanda dərhal görüşər və sekslə məşğul olmağa başlardılar. Onsuz da evlənəcəkdilər. Ona görə də bunda bir qəbahət görmürdülər. Bu hal, artıq bir il idi ki, davam edirdi. Ehtirasları o qədər güclü idi ki, tez bir zamanda ənənəvi seksdən kənara çıxıb, qeyri – ənənəvi sekslə də məşğul olmağa başlamışdılar. Bu ideya onlara hindlilərin “Kamasutra”sını oxuduqdan sonra gəlmişdi. Bir – birilərini seksual baxımdan  tam təmin etməyi, bir – birilərini harmonik şəkildə tamamlamağı bacarırdılar. Ən əsası isə doymaq bilmirdilər. Fiziki imkanları çatsaydı, bir dəfə yatağa girər və heç vaxt oradan ayrılmazdılar. Bu tip cütlüklər ömürlərinin sonuna qədər ayrılmırlar və kənarda sevgili axtarmağa ehtiyac duymurlar. Çünki qarşı tərəfdən istədikləri hər şeyi artıqlaması ilə alırlar. Ehtiyaclarını tam ödəyirlər.

***

Rəşidin dostundan soyumasına səbəb Elxanın ondan gizlətdiyi bəzi nüansların üzə çıxması oldu. Sən demə, Elxan qapıbir qonşusu, biznesmen Kərimin arvadı Məsmə ilə gizli eşq məcarası yaşayırmış və bunu hər kəsdən, o cümlədən öz dostundan gizlədirmiş.

Əlbəttə, Rəşid hər şeyi yaxşı başa düşürdü. Hər bir kişinin qadına, qadının da kişiyə ehtiyacı var. Elxan isə illər idi ki, dul idi. Bunun nə olduğunu başa düşmək üçün dul olmaq lazım deyil. Kişilərin böyük əksəriyyəti, əgər kənarda sevgililəri yoxdursa, arvadlarından üçcə günlüyə ayrıldıqda, az qalırlar divara dırmaşsınlar. Rəşid müəllim də Gülzardan bircə gün belə ayrı qala bilmirdi. Elxan isə 20 il idi ki, sevimli həyat yoldaşından ayrı düşmüşdü. Odur ki, onun Məsmə ilə sevişməsində təəccüblü bir şey yox idi. Təəccüblü olan və Rəşidi dəhşətə gətirən o idi ki, dostu öz ehtiraslarını söndürmək üçün ərli qadını, özü də dostluq etdiyi adamın arvadını seçmişdi. Bir də, axı, o, hər kəsin önündə ölənədək sevimli Sevincinn xatirəsinə sadiq qalacağına, heç vaxt evlənməyəcəyinə və heç vax heç bir qadınla yaxınlıq etməyəcəyinə söz vermiş, and içmişdi.

Əslində isə, Elxan Məsməni yox, Məsmə Elxanı seçmişdi. Məhz o, Elxanı yoldan çıxarmışdı.

Məsmənin əri Kərim bizneslə məşğul idi. Bu məqsədlə də tez – tez Çində, İranda və ya Rusiyada olurdu. Bəzən aylarla Bakıya dönmürdü. İşləri çox yaxşı gedirdi. Çox pul qazanırdı. Öncələr isə çox kasıb yaşayırdılar.

Kərim olduqca kasıb bir ailədən idi. Ailəsi o qədər kasıb idi ki, ailənin tək övladı olmasına rəğmən, atasnın onu evləndirmək imkanı yox idi. Odur ki, Kərimin həmkəndlisi olan və hələ orta məktəb illərindən tanıdığı və sevdiyi Məsməni qaçırmaqdan başqa çarəsi qalmamışdı. Bəlkə də qaçırmaz, bir qədər işləyər, pul toplayar və qızı el adətincə toy edib alardı. Amma çox ehtiraslı qız olan Məsmə onu yoldan çıxarmış, saqqızını oğurlamış və ondan hamilə qalmışdı. Qaçırmasının əsas səbəbi də bu idi.  Çünki zinanın üstü açılsaydı, Məsmənin dəlisov qardaşı Həsən nə onları, nə də Kərimin valideynlərini yaşatmazdı.

Gənclər öncə kənddən şəhərə gəldilər, oradan da qatara minib, Bakıya üz tutdular. Kərimin xalası Bakıda yaşayırdı və o dövrdə gənc və yaraşıqlı olan və yenicə ailə həyatı qurmuş Elxan müəllimin qonşusu idi. Qadın sonsuz olduğundan əri onu tərk etmişdi və 40 ildən artıq idi ki, tək yaşayırdı. Elxanı doğma oğlu kimi sevirdi. Çox mehriban və şirindil qadın idi.

Xalası Kərimgili çox xoş qarşıladı və otaqlardan birini onlar üçün ayırdı. Bakı Kərimə düşdü. Elxan onu müəllim işlədiyi universitetə gecə keşikçisi düzəltdi. Bir neçə gün sonra isə tikintidə də iş tapdı.

Gənc gecə – gündüz çalışırdı. Xalası da işləyirdi.  Bir müddət sonra Məsməni də yanında işə düzəltdi. Odur ki, pis yaşamırdılar. Nəhayət, Məsmənin sancıları tutdu və onu yaxındakı doğum evinə yerləşdirdilər. Doğuş çox çətin keçdi. Cərrahi müdaxiləyə ehtiyac yarandı. Fəqət uşağı xilas etmək mümkün olmadı, körpə ölü doğuldu. Bu azmış kimi, doğuş zamanı Məsmənin uşaqlığı da zədələndi və o, bundan sonra nə zamansa ana olmaq imkanını birdəfəlik itirdi. Məsmə başına gələnləri Allahın cəzası kimi qəbul etdi. Buna baxmayaraq, Kərim onu atmadı. Ən çətin vaxtlarında yanında oldu, ona arxa – dirək oldu. Sonra xala xəstələndi. Məlum oldu ki, xərçəng xəstəliyinə tutulub. Öləcəyini hiss etdiyindən evini və illər boyu pul topladığı bankdakı hesabını Kərimin adına keçirdi. Bir ay sonra isə həyatını tapşırdı.

Bakıya heç nəsiz gələn gənc ailə həm ev, həm də hər hansısa işə başlamaq üçün müəyyən sərmayə sahibi oldu. Kiçik bir tikili icarəyə götürüb, oranı yeməkxanaya çevirdilər. İlk iki ay işləri yaxşı getmirdi. Sonra isə düzəldi, yeməkxananın öz daimi müştəriləri peyda oldu. Bir il sonra isə onların sayı o qədər çoxaldı ki, ikilikdə işin öhdəsindən artıq gələ bilmirdilər. Kömək üçün iki nəfər işçi qəbul etdilər. Bir qədər sonra onların sayı dördə çıxdı. Ömürlərində görmədikləri qədər pul qazanırdılar.

İki il sonra isə yeməkxananın yerləşdiyi binanı, eləcə də yaxındakı çayxananı aldılar. Elə həmin il yayda Şüvəlanda geniş həyətli bağ evinə də sahib oldular. Daha 5 il keçdi. Artq onların 4 yeməkxanası, 2 çayxanası və dörd dükanları vardı. Pul sel kimi axırdı. Sonra bunların bir neçəsini satdılar və Kərim ölkələrarası ticarətə girişdi. Rusiyadan vaqonlarla taxta – şalban, Çindən müxtəlif geyim əşyaları, İrandan isə ədviyyat, meyvə və tərəvəz gətirməklə məşğul olurdu. Bir sözlə, Heydər Əliyevin hakimiyyəti dövründə sahibkarlığın inkişafı, xüsusən də naxçıvanlı biznesmünlərin fəaliyyəti üçün yaradılmış gözəl şəraitdən istifadə edərək, biznesini inkişaf etdirirdi. Əldə etdiyi gəliri isə bütünlüklə Zaqatalada aldığı nəhəng bir ərazidə nəhəng turizm kompleksi tikdirməyə sərf edirdi. Amma xalasından qalmış evdən köçməyə tələsmirdilər. Bunu Məsmə istəmirdi. O bu kiçik evə bağlanmışdı.

Kərim xarici səfərlərinə Məsməni götürməzdi. Məsmə Bakıdakı  işlərə rəhbərlik edirdi. Qadın bundan böyük zövq alırdı. Amma bir problem vardı. Son dərəcə ehtiraslı adam olan bu qadın ərinin uzun müddət evdə olmasından bərk əziyyət çəkirdi. Gecələr ehtirasından qovrulub – yanırdı. Əvvəllər əlinə keçən müxtəlif uzun və hamar əşyalardan istifadə edərək, içindəki yanğını bir təhər söndürməyə çalışırdı. Fəqət bu əşyalar onun “Allahın yaratdığı ən gözəl şey” adlandırdığı, içindən abi – həyat fışqıran ət parçasını əvəz etmək iqtidarında deyildi. Bununla belə, hər bir əxlaqlı azərbaycanlı xanımı kimi ərinə sadiq qalırdı. Bir gün isə hər şey dəyişdi…

GÜNDƏLİKDƏN SƏHİFƏLƏR…

 

“9 okyabr. 2000 – ci il.  

Bu gün həyatımda böyük bir dəyişiklik baş verdi. Bilmirəm, bu dəyişikliyi fəlakətmi, yoxsa yeni həyatın başlanğıcımı adlandırım. Fakt isə budur ki, rəhmətlik valideynlərimdən mənə miras qalmış və həyatımı çətinləşdirən əxlaq prinsiplərimə ilk dəfə xəyanət etdim. Eyni zamanda, ölənə qədər Sevincimin xoş xatirəsinə və ruhuna sədaqətli olacağıma, heç vaxt evlənməyəcəyimə və heç bir qadınla yaxınlıq eməyəcəyimə dair vermiş olduğum sözümə xilaf çıxdım.

Dünən hamamdan çıxdıqdan sonra yaxşıca qurunmadan siqaret çəkmək üçün eyvana çıxmışdım. Hava bərk soyuq idi və soyuq öz işini gördü. Gecə qızdırmam qalxdı, öskürməyə başlamışdım. Özümü çox pis hiss edirdim. Bütün gecəni yata bilmədim.

Səhər Günayı məktəbə ömrümdə ilk dəfə tək yola saldım. Qapıya kilid vurmayacağımı söylədim. Yatağıma uzanıb yuxuya getməyə cəhd etdim. Yuxuya gedib xəstəliyimi, bir anlığa da olsa, unutmaq, rahatlanmaq istəyirdim. Amma öskürəklər yuxuya getməyimə imkan vermirdi. Nəhayət, gözümü yumdum və yuxu görməyə başladım. Yuxuda Sevinc başımın üzərində durub mənə “can, can!” – deyirdi. Ayağa qalxıb onu qucaqlamaq, bağrıma basmaq istədim. Amma halsızlqdan buna gücüm yetmədi. O, soyunub yanıma girdi…

Elə bu an qulağıma dəyən qapı zənginin səsi ayılmağıma səbəb oldu. Sevinc bir anda yox oldu. Yuxuda da olsa, bir anlığa sevgi dolu anlar yaşamama mane olan bu mərdimazarın kim olduğunu düşündüm. Kim olursa – olsun, vecimə də deyildi. Bir də, axı, ayağa qalxmağa heç halım da yox idi. Bir şeyi dəqiq bilirdim ki, bu Günay deyil. Onun əli zəngə çatmrdı. Bu səbəbdən də həmişə qapını döyəcləyərdi. Bir də, axı, qızım qapının kilidli olmadığını bilirdi…

Qapının açıldığını eşitdim. Ardınca da qonşumuz Məsmə xanımın məni səsləyən səsini eşitdim: “Elxan müəllim, ay Elxan müəllim!”

Ayağa qalxmaq istədim, amma qalxmağımla başımın hərlənməsi, gözlərimin qaralması və huşumu itirərək yerə yıxılmam bir oldu…

Özümə gəlib, gözlərimi açanda artıq yenidən yatağımda idim. Məsməni başımın üstündə, alnımı və çiyinlərimi ovuşduran gördüm. O gülümsəyə – gülümsəyə dedi:

– Səhər pilləkanda Günayı gördüm. Məktəbə tək getdiyi məni təəccübləndirdi, səbəbini soruşdum. Sənin xəstə olduğunu söylədi. Narahat olmaya bilərsiniz, qızı özüm düz məktəbin qapısına qədər yola saldım. Günorta da gedib özüm gətirəcəyəm…

Məsmənin sonrakı sözlərini artıq eşitmirdim. Son on ildə ilk dəfə idi ki, bədənimə qadın əli dəyirdi, burnum qadın ətrini hiss edir, gözlərim önündə, özü də bu qədər yaxında, paltar altında da olsa, şişman qadın döşləri yırğalanırdı:

-…Elxan müəllim, sən üzün üstə uzan, mən də evdən keçi piyi gətirim, səni yaxşı – yaxşı ovxalayım…

Qeyri – ixtiyari əmrə tabe oldum. Məsmənin getməsi ilə gəlməsi bir oldu. Bir neçə saniyə sonra isə o, artıq kürəklərimi ovxalayırdı. Özü ilə zoğal mürəbbəsi də gətirmişdi. Əlimlə çarpayının kənarından tutmuşdum. Birdən hiss etdim ki, dirsəyim növbə ilə onun gah sağ, gah da sol buduna toxunur. İlahi, onlar necə də yumşaq idilər! Əgər çarpayım azacıq hündür olsaydı, şübhəsiz ki dirsəyimlə onun zinət yerinə də toxuna bilərdim. Dirsəyimi bir az yuxarı qaldırdım, amma məsafə böyük idi. Hədəfə çatmadım. O isə sanki bunu hiss edir, fikirlərimi oxuyurmuş kimi, budlarını dirsəyimə daha çox sıxırdı. Nəhayət onu ayaqlarının arasına alıb sıxdığını hiss etdim. Bədənimdən xoş bir elektrik cərəyanı keçdi. Artıq heç bir şübhə yox idi, mən istədiyimi o da istəyirdi. Amma cənab əxlaq qarşımzda keçilməz bir sədd kimi dururdu. Bunula belə, biz bu səddi keçmək yolunda ilk addımı atmış, niyyətimizi bir – birimizə hərəkətlərimizlə anlada bilmişdik. Əlbəttə, bunu elə etmişdik ki, guya hər şey təsadüfən, istəmədən baş verir və guya bunun fərqində belə deyilik.

Məsmə yaxşı bir çay dəmlədi. Zoğal mürəbbəsi ilə içdim…”

***

“10 oktyabr. 2000 – ci il.

Səhər Məsmə Günayı məktəbə apardı. Döndükdən sonra isə kürəyimi piylə ovxalamaq üçün yenidən yanıma gəldi. Bu dəfə yatağa uzanmadım. Köynəyimi soyunub səndəldə oturdum. O isə arxama keçmk əvəzimə sol tərəfimdə durdu. Sol qolunu çənəmin altından sağ çiynimə dirəyərək sağ əli ilə kürəyimi ovxalamağa başladı. O, hərəkət etdikcə, yumşaq, böyük və yumru döşləri sol çiynimə toxunurrdu. Sol qolum qarnına dəyirdi. Dirsəyim isə budlarının arasında idi. Xüsusi cəhd etməyimə ehiyac yox idi. Özü öz zinət yerini dirsəyimə dirəmişdi və var gücü ilə sıxırdı. Sanki, bütün qolumun içinə girməsini istəyirdi.

Vallah, imkanım olsaydı, bütün qolumu ora soxardım. Nəinki qolumu, lap başımı da soxardım. Bütün vücudumla içəri girərdim. Amma əxlaq adlanan “kəndir” əl – qolumu bağlamışdı. Yox! Yox! O, artıq kəndir deyildi. Çox nazilmişdi, kəndirdən daha çox, nazik sapı xatırladırdı və hər an qırılmağa hazr idi. Sanki, üzünü bizə tutub yalvarırdı: “Qırın məni, atın bir kənara!”

Və biz onu qırıb atdıq. İlk addımı Məsmə atdı, o qarşıma keçib boynumu qucaqladı, döşlərini üzümə dirədi və başımı özünə tərəf sıxdı. Növbəti addım məndən gəldi. Bir əlimlə belini, digər əlimlə bir qədər aşağı, yumşaq yerini qucaqladım. İki dəqiqə sonra artıq çarpayıda idik. Sarmaşıq kimi bir – birimizə sarılmışdıq…”

                                                       ***

Elxan və Məsmənin on ildən bəri davam edən gizli məhəbbətinin üstündəki sirr pərdəsi artıq yırtılmışdı. Rəşidin açılan bəsirət gözü bu pərdəni cırıq – cırıq etmişdi. Bu göz, bu üçüncü göz hər şeyi görürdü. Günayla Fuadın bütün əxlaq prinsiplərini aşan münasibətləri də, Elxanla Məsmənin zinakar məhəbbəti də ondan yayına bilməmişdi. O, qəlblərdəkiləri, xəyallardakıları bütün çılpaqlığı ilə görür və sahibinə göstərirdi. Rəşid müəllim onun köməyi ilə nələr görməmişdi ki?! Ononizmlə məşğul olan yeniyetmələr, tində – bucaqda nəşə çəkən, evə dönəndə də gözləri sulanmış və qızarmış vəziyyətdə dönən “tərbiyəli övladlar” və onların qızarmış və sulanmış gözlərini xəstəlik əlaməti sayaraq, tünd dəm çayıyla yumağa girişən sadəlövh analar, çirkin niyyətini gerçəkləşdirmək üçün yuxusana haram qatan, özünü səhər tezdən – basabasın mövcud olduğu saatda metroya yetişdirən, camaatın gur yerinə dürtülərək, bədənini qızı və nəvəsi yaşında olan qız – gəlinə sürtüşdürməklə, onların bədənlərinin müxtəlif hissələrinə əl sürtməklə ehtirasını söndürməyə çalışan 62 yaşlı şair… Və daha nələr və nələr!!!

Professorun ağlına belə gəlməzdi ki, insanların ürəkləri bu qədər pas atıb, qəlblər bu qədər zir – zibillə dolub. Xəyallarda bircə dənə də işıqlı fikir qalmayıb. Beyinlərdə yalnız xəyanət, həsəd, paxıllıq, şöhrətpərəstlik, zinakarlıq, xəsislik, pulgirlik, kin, nifrət, qəzəb, intiqam hissi və s. şeytani fikirlər dolaşır. İnsanların daxili aləmi Ələddinin sehirli çırağına bənzəyirdi və bu çıraqların hər birində bir qəzəbli cin həbs olunmuşdu. Allah eləməsin ki, o cinlər bir gün öz çıraqların tərk etsinlər. O zaman dünyanı fəlakət bürüyər. Nə yaxşı ki, cəmiyyətdə hələ də əxlaq prinsipləri var və insanlar görüntü xatirinə də olsa, bu prinsiplərə əməl edirlər. Nə yaxşı ki, hələ də ictimai qınaqdan qorxurlar. Nə yaxşı ki, cəmiyyətlər, ölkələr və dövlətlər qanunlarla idarə edilir və həmin qanunları pis – yaxşı qoruyan hüquq – mühafizə orqanları var. Əks təqdirdə elə şeylər baş verərdi ki, təsəvvür etmək belə çətindir. Amma bizdən fərqli olaraq, Rəşid müəllim hər şeyi çox gözəl təsəvvür edirdi. Çünki bizim görə bilmədiklərimizi görür və İblisin qəlblərə çoxdan hakim olduğunu, oradan Tanrı sevgisini, Allah xofunu silib süpürdüyünü bilirdi.

Professorun görüb – bildikləri çox dəhşətli idi. O hər saniyə xəyallarda neçə bank və dükanın soyulduğundan, neçə qadının zorlandığından, neçə adamın qətlə yetirildiyindən və s. xəbərdar idi. Nə yaxşı ki, bütün bunlar real dünyada deyil, insanların fantaziyalarında baş verirdi. Əgər fantaziyalar bir gün gerçəkləşsəydi… Yox! Bu barədə düşünmək belə adama dəhşət verir.

Rəşid müəllim özünü üfunətli bir çirkabın içində hiss edirdi. Yeganə təsəllisi sevimli Gülzarı idi. O bu bataqlığın içində kiçik bir çiçəkli adanı xatırladrdı. Ətrafdakı insanlardan fərqli olaraq, bu qadın gerçəkdən də məsum idi. Nə düşünürdüsə, onu da deyirdi. Daxili aləmi ilə xarici aləmi eyni idi və çox gözəl idi. Nə yaxşı ki, bu dünyada Gülzar kimi insanlar, az da olsa, var və onlardan biri Rəşid müəllimə qismət olub.

Əslində, Elxanın da qəlbi təmiz idi və dostu bunu bilirdi. Yeganə qəbahətini –  İblisə yenilərək, zina bataqlığına yuvarlanmasını nəzərə almasan, məsum körpə kimi təmiz idi. Amma elə bu, 10 ildən bəri gizli saxlanılan zina Rəşidin ondan soyuması üçün tamamilə yetərli idi. Əlbəttə, bunu gizlətməyə, dostunu incitməməyə çalışırdı, amma bacarmrdı. Nə qədər səy etsə də hisslərini gizlədə bilmirdi. Və Elxan bunu hiss etmişdi və təkcə bunu yox:

“6 iyun. 2010 – cu il.

Məlum güzgü hadisəsindən altı gün keçir. Həmin hadisədən sonra Rəşid tamam başqa adam olub. Bunu bir mən yox, hamı – oğlu Fuad da, qızım Günay da hiss edirik. Təkcə Gülzar heç bir dəyişiklik görmür. Bu da təbiidr, atalar düz deyib, məhəbbətin gözü kor olar. Gerçəkdən də onun davranışlarındakı dəyişikliyi görməmək üçün kor olmaq lazımdır. Dostum elə bil, Gülzardan başqa hamıdan soyuyub. Özümə qarşı öncələr ondan heç vaxt duymadığım bir soyuqluq hiss edirəm, sahki, məndən qaçmağa çalışır, üzləşdiyimizdə isə gözlərində əvvəlki səmimiyyət və sevgidən əsər – əlamət qalmadğını görürəm və bu məni bərk üzür. Axı, ona bir pislik etməmişəm. Bir pis iş görməmişəm, dostluğumuza xəyanət etməmişəm.

Əslində, onun bu halını dörd – beş gündür ki, hiss edirəm. Amma yazmaq istəmirdim, keçib – gedəcəyini düşünürdüm. Keçirdiyi sarsıntıdan özünə gəlməsi üçün vaxta ehtiyacı olduğu qənaətindəydim. Ona görə yazmaq istəmirdim ki, gəncliyimdə olduğu kimi, bu gün də yazmaqda olduğum gündəlikləri gələcəkdə dərc etdirmək fikrindəyəm və çox istərdim ki, Rəşid  əsərimin əsas müsbət qəhrəmanı olsun. O buna layiqdir. O da, Gülzar da. Elə Fuadla Günay da.

Onlar mənim ən əziz adamlarımdır. İçimdə gəzdirdiyim güclü ehtiras və məhəbbətə baxmayaraq, Məsməni bu sıraya qata bilmirəm. Bəli, o mənə Sevincimin yoxluğunu unutdurdu, acı günlərimə, əzablarıma son qoydu, onun sayəsində rahatlıq və hüzur tapdım, amma o, ərinə xəyanət edir. Xəyanət etdiyi üçün də onu bu gözəl insanlarla bir sıraya qoymuram. Elə özümü də. Çünki onun xəyanətinin ortağıyam. Onun kimi mən də Kərimə xəyanət etmişəm. Biz əsərimin mənfi qəhramanlarıyıq. Hərdən özümə nifrət edirəm. Bir qadının iki ərindən biri olmaq bişərəflikdir. Kərim ikidən biri olduğunu bilmir, buna görə də onu şərəfsizlikdə, nakişilikdə günahlandırmaq olmaz. Mənsə bilirəm və bişərəf olduğumu etiraf edirəm. Əlbəttə, bu etirafım gələcəkdə, ölümümdən sonra əsərimi oxuyacaq insanlar üçündür. Ətrafıma etirafda bulunmağa isə nə cəsarətim, nə də kişiliyim çatır.

Nə yaxşı ki, qızımın, gələcək kürəkənimin, Gülzarın, ən əsası isə Rəşidin bundan xəbəri yoxdur. Xəbərləri olsaydı, gərək yerə girəydim. Rəşidin üzünə necə baxardım?!…”

***

“7 iyun. 2010 – cu il.

…Səhər Rəşidgilə getdim. Qapını Fuad açdı. Salamlaşdıq. Atasının nəfəs almaq üçün dənizkənarı bulvara getdiyini söylədi. Çox təəccüb etdim. Çünki işə getmədiyi vaxtlarda o, yuxudan durar – durmaz, tez – tələsik yeməyini yeyər, ortaq işimizi davam etdirmək üçün ya bizə gələr, ya da dərhal masa arxasına keçib, mən gələnə qədər yeni ideyalarını kompüterinin yaddaşına köçürər, gəldiyimdə isə dərhal yazdıqlarını oxuyardı. Güzgü hadisəsindən sonra isə kitabın üzərində, demək olar ki, tək işləyirəm. Bu neçə gündə o, əlini ağdan qaraya vurmayıb.

Rəşidi saat qülləsinin yaxınlığında, skamyada oturub dərin fikrə gedən vəziyyətdə tapdım. Ona arxadan yaxınlaşdım. Qəribə hadisə baş verdi. Sanki, kəlləsinin arxasında gözü vardı və ona yaxınlaşdığımı görürdü. Geriyə dönmədən dedi:

-Demək ki, burada da əlindən gizlənmək mümkün deyilmiş.

Zarafat etmirdi. Səsinin tonundan bu sözləri tam ciddi söylədiyini hiss etdim. Bədənimi soyuq tər basdı. Salam verib yanında əyləşdim. Salamımı aldı. Amma dönüb üzümə də baxmadı. Özünü elə aparırdı ki, sanki, yanında olmağım onu narahat edir. Çox pis vəziyyətə düşmüşdüm. Nə deyəcəyimi bilmirdim. O da susurdu. Bu halın neçə dəqiqə davam etdiyini bilmirəm, amma artıq xeyli vaxt idi ki, yanaşı oturub susurduq. Çox gülməli vəziyyət yaranmşdı. Nə isə demək lazım idi. Amma nə deyəcəyimi bilmirdim. Ağlıma müştərək kitab yazdığımızı və işin yarımçıq qaldığını ona xatırlatmaq gəldi. O isə, sanki fikirlərimi oxuyurmuş kimi, dedi:

-Elxan, sən o kitabı yazmağı tək davam etdir. Mən bu işlə daha məşğul olmaq istəmirəm. Müəllif də tək sən olarsan. Mənim həmmüəllifliyə iddiam yoxdur. Onsuz da çox hissəsini sən yazmısan. İdeya da sənindir.

Təəccüblə ona baxdım:

-Necə yəni tək davam etdir? Sən nə danışırsan? Necə yəni müəllif tək sən olarsan? Yəni məni bu qədərmi alçaq və əclaf hesab edirsən?

Bir söz demədi, sadəcə dönüb üzümə baxdı. Gözlərindən istehza oxunurdu. Elə baxdı ki, sanki, ona xəyanət etmişəm, dostluğumuza xilaf çıxmışam. Özümü təhqirolunmuş hiss etdim. Amma körpüləri yandırmaq olmazdı. Dişimi dişimə sıxıb dedim:

-Rəşid, son günlər səni heç tanıya bilmirəm. Deyəsən, güzgüdən çıxan ildrım səni başqa adam edib…

Sözümü yarıda kəsdi:

-Hə, mən daha əvvəlki Rəşid deyiləm. Ona görə də kitabı tək yaz. O mövzu məni artıq qətiyyən maraqlandırmır. İstəyirəm məni düzgün başa düşəsən. Mənim istirahətə, bir müddət tək qalmağa, düşünməyə ehtiyacım var. Amma kitab barədə tam ciddiyəm.

-Yaxşı, – dedim, – sən deyən olsun. Onu tək də tamamlaya bilərəm. Sənsə fikrindən dönsən, hər vaxt işi birlikdə davam etdirə bilərik. Amma tək müəllif olacağımı ağlına belə gətirmə. Əsərin onsuz da son fəslindəyik və bunda sənin zəhmətin mənimkindən qətiyyən az olmayıb. Zəhmətini dansam, onu yerə vursam, özümə nifrət edərəm.

-Bilirəm. Müəllif məsələsini özün bildiyin kimi et. Amma mən artıq bu işlə məşğul olmayacağam və qərarım qətidir. Məndən isə incimə. Mənim gerçəkdən də dincəlməyə, tək qalmağa, düşünməyə ehtiyacım var.

Ayağa qalxdım. İncimədiyimi, onu başa düşdüyümü söylədim. Sağollaşdım və getdim…”

***

“10 iyun. 2010 – cu il.

…Bu gün günorta Rəşid gözlənilmədən bizə gəldi. Bir daha heç vaxt gəlməyəcəyini, hətta zəng eməyəcəyini düşünürdüm Bu üzdən də Günayla Fuadın gələcək taleləri barədə narahat olmağa başlamışdım. Dünən onlara getmək istəmiş, fəqət Rəşidin istehza dolu soyuq baxışlarını görməmək üçün buna cəsarət etməmişdim.

Rəşid əvvəllər olduğu kimi səmimi idi. Deyəsən, onun özünə gəlməsi üçün doğrudan da vaxta ehtiyacı varmış.  Günay evdə olmadığından rahat söhbət edə bilərdik. Dostum, sanki, narahatlığımı hiss edibmiş kimi, söhbəti Günayla Fuaddan saldı:

-Məncə, uşaqların toyunu mümkün qədər tez etməliyik. Məsələni uzatmasaq yaxşıdır. Nə deyirsən?

Əlbəttə ki, təklif ürəyimdən idi. Elə ağzımı açıb məmnunluğumu bildirmək istəyirdim ki, o məni qabaqladı:

-Gözlərindən görürəm ki, razısan.

Bu sözləri söyləyəndə mənə elə baxdı ki, sanki gözləri rentgendir və bütün içalatımı görür. Fürsətdən istifadə edib sözü kitabın üzərinə gətirmək istədim. Yenə də məni qabaqladı:

-Kiab barədə isə fikrim tam qətidir. Onu sən tək yaz. İndi məni tamam başqa bir mövzu, ədəbiyyatla heç bir əlaqəsi olmayan bir mövzu maraqlandırır.

O, beynini bu qədər çox məşğul edən mövzunu mənə izah etməyə başladı. Zaman və məkanı ifadə edən koordinat oxlarından, hansısa paralel dünyalardan danışdı. Dediklərini çox çətinliklə başa düşürdüm, doğrusunu desəm, əslində, qətiyyən heç nə başa düşə bilmirdim. Amma başa düşməyə çalışırdım. Ona görə də tez – tez suallar verirdim. Daha doğrusu, vermək istəyirdim. O isə sualları dilə gətirməyimə imkan vermir, sanki, fikirlərimi oxuyurmuş kimi, sualların cavablarını söyləyirdi. Bu üzdən də sual verməyə ehtiyac qalmırdı. Bununla belə, nə demək istədiyini, nəyi izah etmək istədiyini başa düşmədim. Hətta bəzən onun dəli olduğunu düşünürdüm…

O getdi. Uşaqların toyunu gələn ay etməyi qərara almışdıq. Dəqiq vaxtı şadlıq saraylarını araşdırdıqdan sonra müəyyən edəcəkdik.

Məsməgilin bir şadlıq sarayı da vardı. Öncə Məsməylə məsləhətləşnəyi qərara aldım.”

                                                       ***

“15 iyun. 2010 – cu il.

…Nəhayət, Məsmə dəqiq bir cavab verdi. Toyu iyulun 16 – sı və ya 27 – si keçirə bilərdik. Həmin günlər üçün şadlıq sarayı hələ kirayələnməmişdi. Vaxt itirmədən Rəşidgilə getdim. Gülzar və Rəşidlə görüşüb sözümü dedim. Dostum dərhal soruşdu:

-Kərimin şadlıq sarayınımı nəzərdə tutursan?

Bu sualı verərkən, mənə elə gəldi ki, sualında bir istehza var. Diqqətlə gözlərinə baxdım. Yox, deyəsən, yanılmışdım. Bununla belə, ürəyimdə xal qaldı. Özümü o yerə qoymadım, “bəli” dedim.

Gülzar:

-Çox yaxşı, Kərimlə Məsmə özümüzünkülərdir. Bizdən artıq pul almazlar, ədalətli qiymət deyərlər.

-Qiymət çox münasibdir – deyə bildirdim.

Rəşid isə, sanki, nədənsə şübhələnirmiş kimi soruşdu:

-Məgər Kərim Bakıdadır?

-Yox, – dedim, – Tehrandadır. Qiyməti Məsmə xanımla razılaşdırmışam.

Rəşid:

-Deməli, Məsmə xanımla. Belə de. Nə olar, çox yaxşı eləmisən. Məncə, ayın 16 – sı daha münasibdir.

Ayın 16 – sına razılaşdıq. Günayı sevindirmək üçün dərhal evə döndüm. Amma ürəyimdə xal qalmışdı. Məsmənin adını çəkəndə Rəşidin, sanki, içində güldüyünü hiss etmişdim. Yox, o bunu üzündə qətiyyən büruzə vermədi. Mən belə hiss etdim. Mənə belə gəldi. Yoxsa, Məsmə ilə münasibətlərimiz barədə ona nə isə məlumdur? Yox, bu, qətiyyən mümkün deyil! Ola bilməz!

Vallah, Rəşidə nə isə olub. O, qətiyyən əvvəlki Rəşid deyil. Üz – üzə oturub söhbət etdiyimizdə, bəzən üzünü kənara çevirir və elə nəzərlərlə baxırdı ki, sanki, otaqda ondan, Gülzardan və məndən başqa daha kim isə varmış. Daha doğrusu, sanki, indicə yanmızdan kimsə keçdi. Mən və Gülzar da qeyri – ixtiyari o baxan tərəfə baxırdıq. Elə baxırdıq ki, elə bil kimi isə görəcəkdikmiş. Təbii ki, heç nə görmürdük. Görə də bilməzdik. Çünki otaqda sadəcə üçümüz idik. Mənə elə gəldi ki, onu qara basır. Bəli, məlum hadisədən sonra onun psixikasında nələrsə baş verir. Yox, onun dəli olduğu fikrində deyiləm. Çünki fikirləri əvvəlki kimi məntiqlidir. Düşüncələrini tam, səlis və aydın şəkildə ifadə edir…”

                                                       ***

“18 iyun. 2010 – cu il.

Bu gün Gülzar, Rəşid, Fuad və Gülzarın bir neçə qohumu bizə gəldilər. Fuadla Günayın böyük nişanını etdik. Çox xoşbəxtəm. O qədər xoşbəxtəm ki, fikrimi, hisslərimi ifadə edə bilmirəm. Axı, necə də xoşbəxt olmayım?! Təkbaşına qız övladını böyütmək, təhsil və tərbiyəsi ilə məşğul olmaq asan məsələ deyil. Mən bunu bacardım. Gələn ay isə o, artıq gəlin köçür, özünün ailəsi olacaq.

Rəşid və Gülzar da xoşbəxtdirlər. Fuad isə, sanki, qanad açıb uçur. Elə Günay da. Hamımz xoşbəxtik. Amma Rəşidin halı məni çox narahat edir. Bu gün yenə də qəribə bir şeyin şahidi oldum və bu məni çox narahat etdi. Rəşidlə söhbət edirdik, söhbətin bir yerində başını sağa döndərib, sanki, orada kimsə varmış və ona nə isə deyirmiş kimi, boşluğa “çox sağ ol” dedi. Hər kəsin başı yemək – içməyə, musiqi dinləməyə qarışıq olduğundan bunu heç kəs görmədi.

Şübhə yoxdur, dostumu qara basır, gözünə nələrsə görünür. Onun mütləq psixiatra müraciət etməsi lazımdır. Amma indi bu söhbətin qətiyyən yeri deyil. Qoy, uşaqların toyu olsun, sonra bu işin üstünə düşmək lazım olacaq. Təki, toya qədər bir problem yaranmasın.

Bağışla məni, dostum. Səndən əsassız yerə incimişəmmiş. Əbəs yerə məndən soyuduğunu zənn etmişəm. Sən xəstəsən və mütləq müalicə olunmalısan. Bircə istəyim odur ki, uşaqların toyuna qədər dözəsən. Döz, dostum, uşaqlarımızın xoşbəxtliyi naminə döz! İndi hamımızın sənin fədakarlağına ehtiyacımız var. Sən mütləq sağalacaqsan və biz kitabımızı birlikdə tamamlayacağıq. Birlikdə başlamışıq, birlikdə də son nöqtəni qoymalıyıq.”

                                                          ***

Bəli, Elxan səhv etmirdi. Rəşidi gerçəkdən də qara basırdı, gözlərinə nələrsə görünürdü. Əslində isə, məsələ bir qədər başqa cür idi. Bu cür halları biz qarabasma adlandırırıq. Psixoloji pozğunluq kimi qəbul edirik. Çünki bu zaman qarabasmaya məruz qalanların keçidikləri hissləri, düşdükləri vəziyyəti axıra qədər başa düşmürük. Məsələyə öz məhdud imkanlı 5 duyğu üzvümüzün dar pəncərəsindən baxır, hər şeyi dördölçülü məkan  və zaman prizmasından görürürk. Bu da təbiidir. Çünki biz başqa cür bacarmırıq. İmkanlarımız bu qədərdir.

MÜƏMMALI KÖLGƏ

 

Məlum güzgü və ildırımvurma hadisəsindən bir həftə sonra Rəşid müəllimin bəsirət gözünün önündəki qara pərdələrdən daha biri də qalxmışdı. O artıq sadəcə fikirləri oxumur və başqalarının təsəvvürlərində canlandırdığı təsvirləri görmür, eyni zamanda, anlaşılmaz işıqlı nöqtələr də görməyə başlamışdı. Onlar müxtəlif ölçülərdə idilər. İynə ucu boydasından tutumuş 50 qəpiklik boydasına qədər. Gözlənilmədən müxtəlif yerlərdə peyda olur və professor üzünü onlara tərəf çevirib baxmaq, diqqətlə nəzərdən keçirmək istədiyi andaca yox olurdular. Əslində, bu işıqları Rəşid müəllim əvvəllər də bir neçə dəfə görmüşdü. Onlar xüsusən yaradıcılıqla məşğul olduğu anlarda peyda olur və dərhal da yoxa çıxırdılar. Professor buna alışmışdı. Hətta bu müşahidələrini Elxanla da bölüşmüşdü. Və məlum olmuşdu ki, eyni işıqları Elxan da görürmüş.

Elxan qatı bir ateist olduğundan, mistikanı cəfəngiyyat hesab etdiyindən tam əmin idi ki, bütün bunlar gərgin zehni əməyin nəticəsində beyində baş verən hansısa biokimyəvi reaksiyanın və ya elektromaqnetik effektin nəticəsidir. O bu barədə heç düşünmək də istəmirdi. Rəşid isə sözügedən işıqların şüurlu varlıqlar olduqlarını hesab edir və bütün yeni və maraqlı ideyaların onların kənardan təlqini ilə ortaya çıxdığını düşünürdü. Çünki bəzən elə ağlasığmaz elmi nəticələrə gəlirdi ki, heyrət edir və bu kəşfini özünün təkbaşına etmək iqtidarında olmadığını düşünürdü. Axı, öz gücünü və potensialını hamıdan yaxşı bilirdi. Bəzənsə bir neçə il öncə yazdığı və unutduğu bir məqaləsini oxuyur və gözləri kəlləsinə çıxrdı:

– Yəni doğrudanmı bütün bunları mən yazmışam?! Yox, bunlar mənim ağlıma gələ bilməzdi. Mən dahi deyiləm. Bunu dəqiq bilirəm. Bu fikirlər, şübhəsiz ki, beynimə kənardan daxil edilib. Bunlar mənim fikirlərim deyil.

Maraqlıdır ki, eyni halla Elxan da tez – tez üzləşirdi. O da keçmişdə qələmə aldığı hər hansı elmi işini gözdən keçirir və orada söylənilən fikirlərin böyüklüyündəndən heyrətini gizlətmirdi. Amma o bu heyrətini tamam başqa cür ifadə edirdi:

– Mən gerçəkdən də dahiyəm. Mən böyük aliməm. İnsanlar hələlik məni anlamaq iqtidarında deyillər. Amma gələcək nəsillər mütləq layiq olduğum qiyməti verəcəklər.

Haqqında söz açdığımız işıqları bütün yaradıcı adamlar görüblər və görməkdə davam edirlər. Bu sözlər eyni dərəcədə şairlərə, yazıçılara, bəstəkarlara, rəssamlara, alimlərə və s. aiddir. Və elə yaradıcı insan tapmaq mümkün deyil ki, həmin işıqların mahiyyəti barədə düşünməmiş olsun, ya Elxanın, ya da Rəşidin gəldiyi nəticəyə gəlməmiş olsun. Bəziləri eynən Elxan kimi o fikirdədirlər ki, bütün bunlar gərgin zehni əməyin nəticəsində beyində baş verən hansısa biokimyəvi reaksiyanın və ya elektomaqnetik effektin nəticəsidir.  Digərləri isə Rəşid kimi düşünürlər. Sözügedən işıqların şüurlu varlıqlar olduqlarını hesab edirlər və bütün yeni və maraqlı ideyaların məhz onların kənardan təlqini ilə ortaya çıxdığını fikirləşirlər. Bəli, bu barədə hər kəs düşünür, amma heç kəs fikirlərini kiminləsə bölüşməyə tələsmir. Çünki ona elə gəlir ki, bu qəribə varlqları sadəcə o görür və başqaları eyni halla üzləşmir. Bu barədə başqalarına ona görə bir söz demir ki, onu ya gopçu, ya da dəli saya biləcəklərindən qorxur. Halbuki, mövzunu müzakirəyə çıxarsa, şahidi olduğu hadisəni çoxlarının müşahidə ediyini bilərdi.

Artıq qeyd etdiyimiz kimi, Rəşidin bəsirət gözü önündən daha bir pərdə qalxmışdı və o bu işıqları daha yaxından və əvvəlkinə nisbətən bir – iki saniyə artıq müşahidə edə bilirdi. Eyni zamanda məlum oldu ki, onların sayı düşünə biləcəyimizdən qat – qat çoxdur. Növbəti gün isə işıqlar artıq dərhal yox olmur və sanki, özlərini müşahidə edilə bilmələri üçün Rəşidə müxtəlif bucaqlardan nümayiş etdirir, onu özlərinin mövcudluğuna alışdırmağa çalışırdılar.

Professorun son şübhələri də yoxa çıxmışdı: Bunlar eynən biz – insanlar kimi şüurlu varlıqlar idilər. Rəşid müşahidə edir və düşünürdü:

-Axı, siz kimsiniz? Ruhlarmısınız? Mələk deyilən varlıqlarmısınız? Bəlkə, cinsiniz?

İşıqlar susur, cavab vermirdilər. Bu hal bir müddət beləcə davam etdi. Rəşid artıq onların ətrafında dolaşmasına alışmışdı. Hətta, onlara artq fikir də vermirdi. İyunun 15 – də isə vəziyyət dəyişdi. Həmin gün Elxan onlara gəlmişdi. Gülzarla birlikdə uşaqların toy gününü müzakirə edirdilər. Söhbətin şirin yerində Rəşid qarşı divardan insan silueti formalı bir tünd kölgənin çıxıb yanlarından keçdiyini və yan divara daxil olub yox olduğunu gördü. Kölgənin boyu və digər qabaritləri normal insanınkından qətiyyən fərqlənmirdi. Rəşid qeyri – ixtiyari gözləri ilə onu müşayiət etdi. Sonra kölgə həmin divardan cıxıb digər divara daxil oldu. Bu hadisə bir dəfə də təkrar olundu. Rəşid yenə də qeyri – ixtiyari ona tərəf baxdı.

Rəşidin qeyri – müəyyən baxışları Gülzar və Elxanın diqqətindən yayınmadı. Qadın buna elə də əhəmiyyət verməsə də, Elxan dostunun qarabasmaya məruz qaldığını düşündü və evə dönər – dönməz, gördüklərini gündəliyinə qeyd etdi.

***

Kölgə Rəşidgilin evinin daimi sakininə çevrilmişdi. Əvəzində isə işıqlar yoxa çıxmışdılar. Ya görünməz olmuş, ya da evi tərk etmişdilər. Rəşidin yeni sakinlə təmas qurmaq cəhdləri bir nəticə vermirdi. Professor bunun üçün Fuad və Gülzarın otaqda olmadığı anları seçirdi. Tünd siluet isə ona qətiyyən əhəmiyyət vermir, evi dolaşmaqda davam edirdi.

Nəhayət, iyunun 17 – si axşam, – onda Fuad və Gülzar evdə yox idilər, sabahkı nişan mərasimi üçün alış – veriş etmək məqsədiylə dükana getmişdilər, – siluet gözlənilmədən düz Rəşidin qarşısında dayandı. Rəşid ilk dəfə onu öndən və lap yaxından müşahidə etmək imkanı qazandı. Onun üzündə nə gözlər, nə burun, nə də ağız gözə dəymirdi. Dəyə də bilməzdi, axı, o, kölgə idi. Rəşidə nəyə görəsə elə gəldi ki, qarşısında durmuş bu şüurlu və canlı varlıq, – bu, kişi silueti idi, – gülümsəyir. Professor soruşdu:

-Axı, sən kimsən və ya da nəsən?

Gözlənilmdən kölgə cavab verdi. Bu, səsli cavab deyildi. Sadəcə, Rəşid müəllim insanların fikrini oxuduğu kimi, onun da fikrini oxudu. Daha dəqiq desək, siluet onunla telepatik yolla danışmağa başladı. Öncələr isə professora elə gəlirdi ki, bu siluet də digər kölgələr kimi fikirləşməyi bacarmır.

Siluet dedi:

-Adım Tumasdır.

Bundan sonra Rəşidlə Tumas arsında dialoq başladı. Tumas telepatik yolla fikirlərini bildirir, Rəşid isə bu yolla fikirlrini çatdrmağa hələ alışmadığından düşüncələrini normal insan kimi, yəni sözlü – səsli şəkildə ifadə edirdi:

-Tumas? Ad mənə çox tanış gəlir.

Tumas:

-Sən onu televizordan eşitmisən. Sizin İlham Tumas adlı gənc və çox istedadlı bir yazıçı – publisistiniz var. Televiziya kanallarından birində veriliş aparır.

Rəşid:

-Hə, xatırladım. Amma onun əsərləri ilə tanış deyiləm. Adı sənmi ona vermisən, yoxsa öz adını onun adından götürmüsən?

Tumas:

-Yox, bu sırf təsadüfdür.

Rəşid onun sözlərinə şübhə etdi və düşündü ki, bu adı İlham Tumasa insan beyininə nüfuz etməyi bacaran, hazırda qarşısında duran elə bu varlığın özü təlqin edib. Elə bunu düşünmüşdü ki, Tumas dərhal cavab verdi:

-Yox, düşündüyün kimi deyil. Dedim ki, bu bir təsadüfdür. Dediyim jurnalist ləqəbini doğulduğu kəndin adından götürüb.

Rəşid ona inanmadı, bunula belə növbəti sualını verdi:

-Sən kimsən və ya nəsən?

Cavab özünü çox gözlətmədi:

-Alimlər bizə “unonavt” və ya “humanoid”, dindar müsəlmanlar Qurana istinadən “cin”, digərləri isə yadplanetli və ya “uçan boşqabların sakinləri” deyirlər.

Cavab professoru çox təəccübləndirdi. Gəncliyində o da hər kəs kimi uçan boşqablar və humanoidlərlə maraqlanmışdı. Ufologiyaya aid çox kitab oxumuşdu. Sonra isə bu həvəs onu tərk etmişdi. Əlbəttə, UNO – ların varlığına heç bir şübhə etmirdi. Humanoidlərin mövcud olduqlarna da tam əmin idi. Amma həmişə düşünürdü ki, onlar dini kitablarda “mələk” adlandırılan varlıqlardır. İndi isə məlum olurdu ki, səhv edibmiş. Humanoidlərlə cinlər eyni şeylərmiş. Axı, necə olmuşdu ki, bu onun ağlına gəlməmişdi:

-Deməli, humanoid və cinlər eyni şeymiş?

-Bəli, – deyə Tumas cavab verdi, – alimlər bizə humanoid, dindarlar isə cin deyirlər.

Bundan sonra cin və yaxud humanoid, yəni siluet professora ağzını açmağa imkan vermədi. Sual Rəşidin beynində yaranar – yaranmaz, Tumas onu dərhal cavablandırırdı. Odur ki, dialoqun növbəti hissəsi tam telepatik formada davam etdi. Tumas Qurani – Kərimdə yer alan, cinlərdən bəhs edən ayələri bir – birinin ardınca düzərək, humanoidlərlə cinlərin eyni varlqların fərqli adları olduğunu təkzibedilməz dəlillərlə əsaslandırdı. Sonra isə Bibliyadan çox sayda sitat gətirdi. Daha sonra isə Gülzarla Fuad gəldilər və Tumas çıxıb getdi, daha doğrusu, birdən – birə yoxa çıxdı. Söhbətləri yarımçıq qaldı.

Kölgənin dediklərindən belə məlum oldu ki, adi gözlə görünməyən bu varlıqlar atəşdən, başqa sözlə, anti – maddədən yaradılmışlar və vücudları bizimki kimi kimyəvi elementlərdən ibarət deyil. İnsanlar Adəmin soyundan gəldiklri kimi, onlar da İblisin soyundandırlar. İnsanlar kimi cinsiyyətə sahibdirlər. Erkək və dişi olurlar. Cinsi əlaqə yolu ilə doğub – törəyirlər. İnsanların fikirlərini oxumağı, onların şüurlarına hakim olmağı, zəif iradəli insanlara telepatik hiptnoz yolu ilə istədikləri fikirlri təlqin edə bilirlər. Hiptnoz yolu ilə insanların gözünə istədikləri formada görünə bilirlər. Psixikası zədələnən və qarabasmaya məruz qalan insanlar onları görə bilirlər.

Tumasın sözlərinə görə, cinlər belələri ilə əylənməyi və onları ələ salmağı çox sevirlər. Bir sözlə, qarabasma hadisəsi cinlərin gözə görünməsi hadisəsindən başqa bir şey deyil. El arasında ona “cinvurma” da deyirlər. Bu halla üzləşən adamlar müxtəlif varlıqları gördüklərini söyləyir, amma onlara heç kəs inanmır və dəli hesab edirlər. Əslində isə onlar gerçəkdən də ruhi xəstədirlər. Çünki insan beyni, sinir sistemi və duyğu orqanları yaradılarkən dördölçülü dünya, yəni bu dünya üçün yaradılıb və paralel dünyalarla təmas üçün hesablanmayıb. Eyni anda iki və ya daha artıq dünyanı görüb – eşitməyi bacaran insanlar ölçü hissini itirir və fərqli dünyalar arasında ilişib qalırlar. Bu hala biz “dəlilik” deyirik və deyəsən, düz də edirik. Amma, hər halda, doğrusunu Allah bilir.

***

Növbəti gün, yəni ayın 18 – də, başqa sözlə, nişan məclisinin keçirildiyi gün, Rəşidlə Elxan üz – üzə oturub söhbət edərkən, Tumas gözlənilmədən Elxangildə peyda oldu, Rəşidi təbrik edib, yoxa çıxdı. Təbii ki, onu Rəşiddən başqa bir kimsə görə bilməzdi və təbii ki, Elxan da görmədi. O isə, özünü itirərək, ona tərəf döndü “çox sağ ol” –  dedi. Amma gərək belə etməyəydi. Nə dönəydi, nə də ağzını açaydı. Təşəkkürünü də sadəcə ürəyində söyləyəydi. Lakin çaşdı. Bu isə Elxanın gözündən yayınmadı. Ardınca isə Rəşid dostunun ürəyindən keçəni oxuyub pərt oldu:

-Hə, dostum, sənin doğrudan da psixikanda bir pozğunluq yaranıb. Yanılmamışam, səni qara basır.

Təbii ki, Elxan özlüyündə haqlı idi. Axı, başqa nə düşünməliydi ki?!

Toy gününə qədər Tumas bir də peyda olmadı. Əvəzində isə Rəşid müəllim yenidən qəribə işıqları görməyə başladı. Bu işıqlar Tumasın olduğu cinsdən deyildilər. Onlar qətiyyən cinə bənzəmirdilər. Kim bilir, bəlkə də mələk idilər. Onların gerçəkdən də mələk olduqlarını professor sonralar öyrənəcəkdi.

Tumas toy gününün sabahı, yəni iyulun 17 – də yenə də Rəşidə baş çəkdi.

Gecə idi. Hamı yatmışdı. Rəşidsə televizorun qarşısında oturub hansısa filmi seyr edirdi. Professor kölgəni görəndə elə sevindi ki, sanki yüzillik dostunu görürür. Bu qədər çox sevinməsinə özü də təəccüb etdi. Öz sevincini Astrid Linqdrenin qəhrəmanının – dostu Karlsonu görən və sevincindən atılıb – düşən balacanın sevincinə bənzətdi. Yəqin ki, Robinzon Kruzo da öz Cüməsini tapanda, bax, beləcə sevinmişdi. Bunlar, yəni balaca, damda yaşayan Karlson, Robinzon Kruzo və Cümə onun uşaqlıq dövrünün ən sevimli qəhrəmanları idi. Bu qəhrəmanlar qalereyasına Piter Pen və Vendinin, Buratino, Malvina, Pyero və Karlo atanın, Sinyor Pomidor və Çuppolinonun, təkayaq Con Silverin, Baron Münhauzenin və başqa qəhrəmanların da adını əlavə etmək olardı.

Həmin an professorun birdən – birə uşaqlıq dövrünün qəhrəmanlarını xatırlaması heç də təsadüfi deyildi. Axı, qarşısında canlı bir cin durmuşdu. Axı, Ələddin və şahzadə Büdürlə birlikdə cin də onun uşaqlıq dostlarından idi. Əlbəttə, bu cin məlum nağıldakı cin kimi çıraqda yaşamırdı. Əksinə, texnoloji baxımdan insanlar üçün əlçatmaz olan “uçan boşqab”larda qalaktikalararası səyahətə çıxır, kainatda insanlara fantastik görünən böyük bir sürətlə hərəkət etməyi bacarırdı.

Tumas, peyda olar – olamz, salam verdi və cavabını gözləmədən, dərhal danışmağa başladı və sözünə keçən görüşdə qaldıqları yerdən davam etdi. Amma professor, deysən, onu eşitməyə, onun telepatik mühazirələrinə “qulaq asmağa” hazır deyildi. O, ürəyində hey təkrar edirdi:

-Mənim sevimli Karlsonum, mənim əziz Cüməm, mehriban dostum Maymun!

Onun bu halı Tuması bərk təəccübləndirdi. Çünki həmin an qarşısında, sanki, 45 yaşlı professor yox, onun cildinə girmiş 10 – 12 yaşlarında bir uşaq durmuşdu. Və bu uşaq sevinirdi. O, xoşbəxt idi. O qədər xoşbəxt idi ki, qollarına eynən İkar kimi qoşa qanad taxıb göyə uçmaq istəyirdi.

Rəşid ciddi söhbətə qətiyyən hazır deyildi. Odur ki, Tumas gözlənilmədən gəldiyi kimi, elə gözlənilmədən də yoxa çıxdı. Getməsinə, əslində, özünü təhqirolunmuş hesab etməsi oldu. Çünki professor özü də bilmədən və istəmədən yeni dostunu filə bənzətmişdi. Bu fikir başına haradan gəldi, blmirəm, amma o, Tumasa baxıb, ürəyində nəyə görəsə “Cinlər mənim dostumdur” – demişdi… “Fillər mənim dostumdur” və “Cinlər mənim dostumdur”!..

Yeri gəlmişkən, “Fillər mənim dostumdur” adlı hind filmi Rəşid müəllimin uşaqlıq dövrünün ən sevimli filmi idi. Bu filmin adı onun beyninə əbədi həkk olunduğundan Tuması göz önündə tutub sevincini ifadə etmək istərkən, beynində gözlənilmədən həmin ada uyğun “Cinlər mənim dostumdur” ifadəsi yarandı və Allah şahiddir ki, bu qeyri – ixtiyari baş verdi.

Professor kölgənin niyə birdən getdiyini başa düşmədi. Qayıdacağı ümidi ilə onu çox gözlədi. Amma o, gəlmədi. Rəşid televizoru söndürüb, yataq otağına keçdi. Gülzar çoxdan yatmışdı. Onu oyatmamaq üçün ehmalca yerinə girdi. Amma gözünə yuxu getmədi. O düşünürdü. Tumas barədə fikirləşirdi və birdən özündə daha bir istedad hiss etdi. Fikirləri “oxumaq”, təsəvvürləri “görmək” istedadına başqalarının yuxularına şərik olmaq istedadı da əlavə olunmuşdu.

Gülzar yuxu görürdü və Rəşid də onun gördüyü yuxunu görməyə başladı. Yox, Rəşid oyaq idi, amma yuxu görürdü. Özü də bu onun yox, arvadının yuxusu idi. Ər – arvad, biri oyaq, digəri isə yatmış halda, eyni yuxunu görürdülər.

Gülzarın yuxusunda Fuad və Günay yelkənli bir qayıqda dənizdə üzürdülər. Gülzar və Rəşid isə sahildə durub onları seyr edirdilər. Birdən yuxarıdakı ağ buludlardan biri yerə enməyə başladı. Hər tərəf süd kimi ağ dumana büründü. Gülzarla Rəşid bir – birilərini gözdən itirməmək üçün əl – ələ tutdular.

DƏLİLİYİN ASTANASINDA

 

Yuxudakı Gülzar yuxudakı Rəşidin əlindən tutmuşdu. Real Gülzar isə real Rəşidin yanında idi. Onlar isə, təbii ki, əl – ələ tutmamışdılar. Yanındakı, Gülzarın canlı, amma ruhsuz bədəni idi. Onun ruhu yuxudakı Gülzara köcmüşdü. Gülzar cismən gerçək ərinin, ruhən isə xəyali ərinin yanında idi. Gerçək Rəşidin gerçək bədəni kimi gerçək ruhu da real dünyadaydı. Gülzarın ruhu isə xəyali Rəşidin yanında idi və onun ruhu ilə çuğlaşmışdı. Bəs, görəsən o, kimin ruhudur? Axı, Rəşidin ruhu öz həmişəki yerində, yəni öz bədənində idi. Deməli, Gülzarın ruhu onun yox, başqa birisinin ruhu ilə çuğlaşmışdı və bu onun özü deyildi. Bir başqası idi. Və Rəşid onun cildinə girmiş əkizini Gülzarın gözləri ilə görürdü. Öz əkizinin gözü ilə isə yuxudakı Gülzarı görə bilmirdi.

Bəli, Rəşid iki nəfəri görürdü. Bunlardan biri yatmış, yataqda, yəni yanında olan canlı, fəqət ruhsuz Gülzar idi, digəri isə Gülzarın yuxuda gördüyü xəyali Rəşid idi. Rəşid bunlardan birini fiziki, digərini isə bəsirət gözü ilə görürdü. Amma xəyali Rəşid  onun özü deyildi. Bəs, kim idi, axı?!

Duman tədricən çəkilməyə başladı. Gülzar və yuxudak Rəşid bir – birinə sıx – sıx sarılmışdılar. Sonra aralandılar və yenidən dənizə baxmağa başladılar. Günay və Fuadı daşıyan yelkənli gəmi yerində idi. Gülzar yenidən yuxusundakı Rəşidə baxdı və onu Gülzarın gözləri ilə diqqətlə nəzərdən keçirən gerçək Rəşid birdən öz əkizini tanıdı. İlahi, bu ki onun cildinə girmiş Tumas idi!

-Allah sənə lənət eləsin! – deyə Rəşid ürəyində fikirləşdi. – Necə də böyük səhf etmişəm! Cinlər mənim dostum yox, düşmənimdir! Heç İblis övladından da adama dost olar?!

Deməli, bir necə saniyə öncə arvadı ilə qucaqlaşan, dumandan istifadə edərək, onu öpən, dilini, dodaqlarını əmən, döşlərini, belini əlləşdirən əkizi özünə dost saydığı cin imiş! Onun cildinə girərək, arvadı ilə sevişən murdar humanoid imiş!

Dünya Rəşidin başına fırlandı. Gülzarın gözləri ilə diqqətlə yuxudakı Fuad və Günaya baxdı. Onların da cildlərini dəyişmiş bir cüt, erkək və dişi cin olduqlarını anladı.

Gülzar üzünü yenidən xəyali Rəşidə, yəni Tumasa çevirdi. Tumas düz qadının gözlərinə baxıb kinayəli – kinayəli gülürdü. Amma bu gülüş Gülzara yox, Rəşidə ünvanlanmışdı.

***

Rəşid dərhal Gülzarı silkələdi. Qadın səksənərək yuxudan ayıldı. O, arvadını bərk – bərk qucaqlayıb, bağrına basdı və hönkürtü ilə ağlamağa başladı. Gülzar ilk dəfə idi ki, ərini bu vəziyyətdə görürdü. Onun qorxulu yuxu gördüyünü sandı. Yazıq qadın nə biləydi ki, qorxulu yuxunu əri yox, əslində özü görüb, amma nəyin baş verdiyini anlamayıb. O da Rəşidi bərk – bərk qucaqladı:

-Deyəsən, pis yuxu görmüsən, eləmi?

-Hə, – deyə Rəşid cavab verdi, – Özü də çox pis yuxu! Gördüm ki, qara qüvvələr səni məndən almaq istəyirlər. Mən isə heç nə edə bilmirəm.

-Yaxşı, sakit ol, görürsən ki, yanındayam. Hər şey yaxşıdır.

-Hə, indi yanımdasan. Səni çox sevirəm.

-Mən də səni. Sakit ol.

***

Rəşid bütün gecəni yata bilmədi. Elə Gülzar da. Səhərə qədər söhbət etdilər. Səhərə yaxın isə professor yuxuya getdi. O bu gecə ömrünün bəlkə də ən böyük kəşfini etmişdi. Amma ilk dəfə idi ki, bu kəşf onu sevindirmirdi. Nəiki sevindirmir, əksinə, çox pərişan etmiş, dəli olmaq səviyyəsinə gətirib çıxarmışdı. Başqa cür ola da bilməzdi. Çünki alimlərin “kəşf”, şair, yazıçı, rəssam və bəstəkarların “ilham” adlandırdıqları şey ilahi vəyhin bir formasıdır, işıq formasında olan mələklərin – bu işıqlı varlıqların Allahdan yaradıcı insanlara gətirdiyi nurlu informasiyadır. Kəşf və ilham vasiəsi il gələn ilahi informasiyalar insanların mənəvi dünyasını zənginləşdirirlər. Onların qəbuledicisi, daşıyıcısı və ötürücüsü olmaqdan böyük zövq ola bilərmi?

Rəşid müəllimin budəfəki kəşfi isə Allahdan yox, İblisdən qaynaqlanırdı. Onu ilham mələkləri yox, Tumas adlı bir cin gətirmişdi. Deməli, kəşf də, ilham da Tanrıdan qaynaqlandığı kimi, İblisdən də qaynaqlana bilərmiş. Bəli, elə olmasa idi, atom, hidrogen və neytron bombaları kimi kütləvi qırğın silahları heç vaxt kəşf edilməzdi. Budəfəki kəşf Tanrıdan deyil, İblisdən qaynaqlandığı üçün professora sevinc yox, əzab və iztirab gətirmişdi. Əsil iztirablar isə hələ qabaqda idi.

Kaş, Rəşid yuxunun nə olduğunu heç vaxt bilməyəydi!

Hər gün milyardlarca insan milyardlarla yuxu görür. Amma heç kəs bu fenomenin nə olduğunu bilmir və nə yaxşı ki, bilmir. Amma bu, qətiyyən o demək deyil ki, bilmək istəyənlər yoxdur. Var. Özü də biz düşündüyümüzdən qat – qat çoxdur. Bu məsələnin üzərində illərlədir ki, minlərlə psixoloq, parapsixoloq, nervopatoloq, fizioloq, həkim, fizik, kimyaçı, bioloq, antropoloq və sairə gecə – gündüz baş sındırırlar. Hər il minlərlə təcrübələr keçirilir. Amma hələ də bu məsələnin üzərindəki sirr pərdəsini qaldırmaq mümkün olmayıb. Rəşid isə istəmədən və heç bir tədqiqat aparmadan, başqalarının bilmədiyi böyük bir sirrdən agah oldu. Yox, o da başqaları kimi yuxunun mahiyyətini, nəyin nəsi olduğunu anlamırdı. Etdiyi kəşf tamam başqa məsələ ilə bağlı idi. Ona məlum olmuşdu ki, “cin” adlandırdığımız humanoidlər insan yuxusuna müdaxilə edə bilirlər. Və yuxu paralel dünya ilə təmasdır.

Nə düşünəcəyini bilmirdi. Həyat yoldaşının ləkələndiyini sanmırdı. Çünki onun real bədəni yanında idi və Tumas bu bədənlə təmasda olmamışdı. Sevimli arvadını xəyanətdə də günahlandıra bilməzdi. Çünki Gülzar yuxuda başqa bir kişi ilə deyil, o olduğunu sandığı xəyali varlıqla qol – boyun olmuşdu. Xəyali varlıq?! Yox bu, xəyali varlıq deyildi. Axı, Tuması real həyatda görmüş, onunla söhbət etmişdi.

Bütün bunlar artıq arxada qalmışdı. İndi Rəşid şirin yuxuda idi. Amma qarşıda onu daha dəhşətli mənzərə gözləyirdi və o bu mənzərəni öz yuxusunda gördü. Gördü ki, evə gəlib, fəqət heç kəs onu qarşılamır. Öncə Gülzarı, daha sonra isə Fuad və Günayı səslədi. Səsinə səs verən olmadı. Qonaq otağına keçdi. Yenə çağırdı, cavab verən olmadı.

-Qəribədir, evdə yoxdurlar, bəs, qapı niyə açıqdır? – deyə Rəşid düşündü. – Bəlkə, başlarına bir iş gəlib?!

Elə bu an qulağına dünyanı başına çevirmək iqtidarında olan bir səs gəldi. Bu səsi sekslə məşğul olan qadınlar ekstaz vəziyyətində çıxarırlar. Səs Gülzarın səsinə oxşayıdı və yataq otağından gəlirdi. Cinvurmuş kimi yerindən sıçrayıb özünü yataq otağına atdı. Gördüyü mənzərədən tükləri biz – biz oldu. Tumas və Gülzar onun yatağında sekslə məşğul idilər. Özü də cin Rəşidin cildinə girməmişdi, Rəşidin gözünə göründüyü kölgə formasında idi. Cin üzünü ona tutaraq dedi:

-Ayıb deyil, görmürsən işlə məşğuluq, çıx otaqdan!

Rəşid yerində donub qaldı. Bu dəfə Gülzar dedi:

-Nə gözünü dikmisən? Sənə “rədd ol!” – dedilər!

Rəşid əlini gecə lampasına atıb onu Tumasın başına endirmək istədi. Fəqət cin yoxa çıxdı və lampa Gülzarın başına dəydi. Qadının başından qan fısqırmağa başladı. Biçarə ər əlləri ilə başını tutub, var gücü ilə bağırdı. Öz bağırtısına yuxudan ayıldı. Gülzar, Fuad və Günayın həyacan içində yataq otağına girdiklərini gördü. Özünü ələ alıb dedi:

-Narahat olmayın, hər şey qaydasındadır. Pis yuxu görürdüm.

Gülzar oğluna və gəlininə işarə ilə otaqdan çıxmalarını bildirdi. Onlar əmrə tabe oldular. Qadın ərinin yanında əyləşib soruşdu:

-Özünü necə hiss edirsən?

Görəsən, özünü necə hiss etməli idi? Təbii ki, sevinirdi. Sevinirdi ki, bütün bular sadəcə yuxuymuş. Odur ki dedi:

-Yaxşıyam, həyatım, narahat olma.

-Ürəyin bir şey istəyirmi?

-Yox, yuxum gəlir. Sən get, narahat olma. Hər şey yaxşıdır. Yatmaq istəyirəm.

Gülzar “yaxşı” – deyib, otaqdan çıxdı və otaqdan çıxarkən ürəyində Allaha dua etdi:

-Ya Allah, sən özün onu xatadan – bəladan qoru!

Təbii ki, Rəşid onun ürəyində söylədiyi bu sözləri “eşitdi” və düşündü:

-Hə, mənim gerçəkdən də Allahın köməyinə ehtiyacım var. Ya Allah, sən özün kömək ol! Məni dəli olmağa qoyma!

Bu duanın ona gerçəkdən də köməyi oldu. O, yuxuya getdi və rahat yatdı. Yuxu – filan da görmədi. Amma yuxudan durduqdan sonra vəziyyət dəyişdi, hadisələrin axışı daha dəhşətli hal aldı…

***

Parapsixoloqların fikrincə, yuxu insan ruhunun astral bədən ilə birlikdə fiziki bədəndən ayrılaraq paralel dünyaya keçməsidir. Amma bu iddianı önə sürənlər bu fikirlərini nə konkret faktlarla, nə də dəmir məntiqlə tam inandırıcı şəkildə əsaslandıra bilmirlər. Rəşid isə artıq buna zərrə qədər də şübhə etmirdi. Yuxu zamanı ruhun, öz fiziki bədəni ilə hansısa dalğalar vasitəsi ilə əlaqəsini davam etdirərək, cinlərin sakin olduqları paralel dünyaya səyahət etdiyini düşünürdü. Əlbəttə, o da başqaları kimi bunu sübut etmək iqtidarında deyildi. Amma buna əmin idi. Onun fikrincə, cinlər öz paralel dünyalarından bizim dünyaya keçə bildikləri kimi, insanlar da yuxuda ruhən onların dünyasına daxil olurlar.

İşin ən dəhşətli tərəfi bu idi ki, Rəşid müəllim dünyalar arsında sərhəddin haradan keçdiyini bilmirdi və ölçüləri itirmək, iki dünya arasında ilişib qalmaq təhlükəsi ilə üz – üzə qalmışdı. O bunu yuxudan oyandıqda, daha dəqiq desək, yataq otağından qonaq otağına keçib, ayaq üstə durmuş Tumasın kresloda oturub televizora baxan Gülzarın saçlarını tumarladığını görəndə anladı. Yox, bu yuxuda baş vermirdi, real həyatda cərəyan edirdi. Lakin Rəşid öncə buna əmin olmaq istədi. Özünü çimdiklədi. Hə, oyaq idi.

Təbii ki, Gülzar Tuması görmür, onun varlğını qətiyyən hiss etmirdi. Saçının tumarlandığından da xəbəri yox idi. Rəşid isə onun görmədiyini görürür və qəzəbindən nə edəcəyini bilmirdi. Amma bu qeyri – müəyyənlik sadəcə bir neçə saniyə davam etdi. Növbəti saniyədə isə, nə isə etməli olduğunu anlayan ər stolun üstündəki su stəkanını Tumasa tərəf atdı. Stəkan kölgənin içindən keçib, pəncərənin şüşəsini çilik – çilik etdi.

Ərinin bu anlaşılmaz davranışının Gülzarda hansı hiss və fikirləri oyadığını təsəvvür etmək çətin deyil. Səsə Fuad və Günay da gəldilər. Onlar özlərini yetirəndə professor havanı yumruqlayaraq bağırırdı:

-Rədd ol burdan, əclaf! Bizi rahat burax!

Gülzar və Günay özlərini itirmişdilər. Baş verənləri qorxu və dəhşət içində izləyirdilər. Yalnız Fuad cəld atasına yaxınlaşıb onu qucaqladı:

-Sakit ol, ata!

Oğlunun bu hərəkət və sözləri onu gerçkdən də sakitləşdirdi. Özünü ailə fərdlərinin yerinə qoydu və bu halda nə fikirləşə biləcəklərini düşündü və dəhşətə gəldi. Axı, onlar onun gördüyünü görmür, bildiyini bilmirdilər. Odur ki, özünü ələ aldı. Özünü buna məcbur etdi.

İşin ən qəribə tərəfi o idi ki, ailə fərdləri heç nə fikirləşmirdilər. Fikirləşə bilmirdilər. Yerlərində donub qaldıqları kimi, düşüncələri də, sanki, donmuşdu.

Beyin qəribə varlıqdır. Durmadan hey işləyir, hər situasiyaya uyğun yeni fikir və ideyalar istehsal edir. Əslində, bu fikir və ideyalar bir o qədər də yeni deyillər. Köhnələrinin parçalara bölünərək yeni kombinasiyalarda  yenidən sintezidirlər. Amma elə anlar baş verir ki, həmin anlarda beyin, sanki, donur və öz fikir istehsal etmək funksiyasını bir anlığa itirir. Hazırda Gülzar və Günayın beyni həmin anlardan birini yaşayırdı. Yalnız Fuadın beynindən siqnallar gəlməkdə davam edirdi:

-Yatağa! Yatağa! Yatağa!

Rəşid bu siqnalları aydın eşidirdi. Oğlunun həmin sözləri dilinə gətirməsini gözləmədən dedi:

-Hər şey keçib getdi, oğlum. Narahat olma. Mən yaxşıyam. Hər şey qaydasındadr. Uzanmaq istəyirəm.

O yataq otağna getmək istəyirdi ki, Tumasın telepatik səsini eşitdi:

-Nə tez məğlub oldun?! Deməli, arvadın və gəlininlə məzələnməmə etiraz etmirsən, eləmi?

Rəşid çox pis vəziyyətə düşmüşdü. Bu sözləri udmaq mümkün deyildi. Amma kölgəni boş – boşuna yumruqlayaraq, ailə üzvlərinin gözlərində dəli qismində görünmək də olmazdı. Amma islanmışın yağışdan nə qorxusu? Onsuz da dəli olduğunu düşünəcəkdilər və artq düşünməyə də başlamışdılar. Öncə Fuadın düşüncələri “eşidildi”:

-Həkim çağırmaq lazımdır. Bu, dəlilik əlamətidir.

Sonrasa Günay düşündü:

-Rəşid müəllim, deyəsən, ağlını itirib.

Yalnız Gülzar bənzər fikirləri yaxın buraxmırdı. O, hönkür – hönkür ağlamağa başladı. Elə bu da Rəşidin geri dönməsinə və arvadının çiyinlərini qucaqlamasına səbəb oldu:

-Sakit ol, hər şey yaxşıdır. Narahat olma. Sakit ol!

Maraqlıdır ki, Tumas, sanki, ediklərindən peşiman olubmuş kimi, yoxa çıxdı.

Gülzar özünü ələ alıb, ərinin gözlərinin içinə baxdı. Sanki, dəli olub – olmadığını yoxlamaq istəyirdi. Daha doğrusu, özünü vəziyyətin ümidsiz olmadğna inandırmağa çalışırdı.

Bəli, artıq gec idi. Tumas istədiyini etmişdi. Rəşid haradan biləydi ki, bu alçaq cin bu yolla onu, dolayısı ilə də olsa, “fil” adlandırdığı üçün Rəşiddən intiqam almağa qərar verib. Halbuki, professor bunu qəsdən etməmişdi və humanoid də bunu, əslində, çox yaxşı bilirdi.

***

Günay atasına zəng edəndə Elxan müəllim yazı masasının arxasında oturub, yeni kitabı ilə məşğul idi. Odur ki, telefonunu çox könülsüz götürdü. Açmamışdan öncə zəng edənin kim olduğuna baxdı. Günay idi,  pofessor “yes” düymsini basdı:

-Hə, qızım.

-Salam, ata.

Rəcəbli qızının səsindəki həyacandan anladı ki, deyəsən, nə isə xoşagəlməz bir şey baş verib:

-Salam, mənim balam. Necəsən?

-Mən yaxşıyan, – deyə Günay cavab verdi, – Amma Rəşid müəllimlə nə isə baş verir. Deyəsən, xəstələnib.

Elxan qızınn səsinin tonundan anladı ki, söhbət adi xəstəliklərdən getmir. Deyəsən, şübhələri özünü doğruldur:

-Yaxşı, qızım, bu dəqiqə gəlirəm.

Yarım saatdan sonra Elxan artıq Rəşidgildə idi. Fuad həkim çağırmış, o da əsəblərinin sakitləşməsi üçün Rəşidə demidrol vurub getmişdi. Odur ki, o, dərin yuxudaydı.

Evdə usta işləyirdi. O, qonaq otağının sınmış pncərəsini dəyişməklə məşğul idi. Fuad ona kömək edirdi. Odur ki, Elxanı Gülzar və Günay qarşıladılar. Mətbəxə keçdilər. Günay atasının və qaynanasının qabağına çay və mürəbbə qoydu. Gülzar baş verənləri ona nəql etdi. Elxanın eşidikləri sarsıdıcı idi, amma o, çox da təəccüblənmədi. Buna hazır idi. Bənzər hadisənin bir gün baş verəcəyini ehtimal etmişdi. Amma indi bu barədə danışmağın yeri deyildi. Qadınlar onsuz da qorxu içindəydilər və onların təlaşını dərinləşdirmək, vəziyyəti daha da gərginləşdirmək olmazdı. İndi onların təsəlliyə və ümidə ehtiyacları vardı. Professor Rəcəbli də bunu çox yaxşı başa düşürdü. Odur ki, dedi:

-Məncə, narahatçılığa heç bir əsas yoxdur. Mənim və Rəşidin başımza nəyin gəldiyini hər ikiniz bilirsiniz. Günay isə bilavasitə şahidi olub, öz gözləri ilə görüb. Keçirdiyimiz sarsıntı və yaşadığımız gərginliyin keçməsi üçün bir qədər vaxta ehtiyac var. Ona dincəlmək lazımdır. Deyirəm, birlikdə Nabrana gedək, isirahət edək. Bu onun xeyrinə olar.

Gülzar və Günay susurdular. Birdən Elxan onların arxasında, düz başlarının üstündə qara bir kişi kölgəsinin durduğunu gördü. Ətrafa baxdı. Bu kölgənin haradan düşdüyünü anlamağa çalşdı. Gündüz vaxtı olduğundan işıq yanmırdı. Otağa işıq mətbəxin pəncərəsindən düşürdü. Kölgə isə pəncərə ilə onun arsında idi. Bu isə o demək idi ki, bu görməyə alışdığımız adi kölgələrdən deyildi. Nə isə qeyri – adi bir varlıq idi. Elxan birdən Rəşidin kimlə savaşdığını, nədən bu hala düşdüyünü anladı.

Qadınlar hələ də susurdular. Amma budəfəki susqunluq bir neçə saniyə öncəki susqunluqdan fərqlənirdi. Öncəki susqunluq təsəlliverici, ümid dolu sözlərin arxasının gəlməsini gözləməkdən qaynaqlanırdısa, sonrakı susqunluğun səbəbi tamam başqa idi. Qadınlar artıq Elxanın da Rəşidin gününə düşdüyündən və ya düşəcəyindən ehtiyat etməyə başlamışdılar. Çünki o baxdığı tərəfə baxmış, bir şey görməmiş, Elxanın qəribə davranışının Rəşidin davranışına bənzədiyini sezmişdilər. Və hər ikisi də bir – birindən asılı olmayaraq, onu da qara basdığından şübhələnmişdilər…

Kölgə durduğu yerdə qalmaqda davam edir, Elxan da gözünü ondan ayırmırdı. Yerində donub qalmışdı. Nə edəcəyini bilmirdi. Təbii ki, qarşısındakı qadınların ondan imdad dilədiklərini də tamam unutmuşdu. Gülzarla Günay isə həyacan içində onu müşahidə edirdilər. Və, deyəsən, nə isə qeyri – adi bir şeyin baş verdiyini anlamağa başlamışdılar.

Əgər Günay sükutu pozmasaydı, bu vəziyyətin hələ nə qədər davam edəcəyini yalnız Allah bilir:

-Nə oldu, ata? Niyə fikrə getdin.

Elxan, sanki, yuxudan oyandı, gözünü kölgədən çəkmədən dedi:

-Deyəsən, Rəşidin halını anlamağa başlayıram…

Günayla Gülzar yenidən dönüb, o, baxdığı tərəfə baxdılar, yenə də bir şey görməyib, professorun daha nə deyəcəyini gözləməyə başladılar. O isə susmağa üstünlük verdi, çünki nə deyəcəyini bilmirdi. Axı, baş verənləri izah etmək üçün leksikonunda nəinki bir cümlə, heç bircə söz belə yox idi. Onu qara basdığını etiraf edib, onsuz da biçarə vəziyyətdə olan qadınları daha da qorxutmayacaqdı ki!..

Bir anlığa təsəvvürünüzə gətirin ki, baş verənlər Elxan müəllimin yox, sizin başınıza gəlib. Bu vəziyyətdə nə edərdiniz? Heç şübhəsiz ki, siz də eynən onun kimi çaşıb qalar, nə deyəcəyinizi bilməzdiniz.

Professor Rəcəbli, gec də olsa, vəziyyətdən çıxış yolu tapdı, ağlına cib telefonunu çıxarıb kölgənin şəklini çəkmək gəldi. Düşündüyünü etdi və bu hərəkəti ilə də qarşısındakıları bərk təəccübləndirdi. Bu ideyanın haradan ağlına gəldiyi məlum deyil, amma qərar çox düzgün qərar idi və nəticəsi də pis olmadı. Gülzar və Günayla birlikdə telefona kölgənin də təsviri düşdü. Kölgə isə gözlənilmədən yoxa çıxdı.

Elxan dərhal şəkli qızına və dostunun xanımına göstərdi. Qadınlar şəkli görüb bərk təəccübləndilər. İndi onlar da məsələnin nə yerdə olduğunu anlayırdılar. Amma nə deyəcəklərini bilmirdilər. Sükutu Elxan müəllim pozdu:

-İndi anladınızmı, Rəşid nədən belə edib?

Qadınlar nə cavab verəcəklərini bilmirdilər. Elə bu dəm Fuad mətbəxə gəldi və ustanın işini bitirib getdiyini söylədi. Günay, Gülzar və Elxan qonaq otağına keçdilər. Gülzar telefonun ekranındakı şəkli Fuada da göstərdi.

Hər şey artıq aydın idi. Deməli, Rəşidi qara basmayıbmış. Əgər söhbət qarabasmadan getsəydi, şəkildə naməlum kölgə peyda olmazdı. Madam ki, onun təsviri telefonun obyektivinə düşüb, deməli o, gerçək bir varlıqdır. Madam ki, Elxan onu görə bilibsə, dostu da görmüş ola bilərdi. Rəşid də, ailə üzvlərinin və dostunun zənn etdiyi kimi, dəli – filan olmayıb. İndi Rəşidin ayılmasını və hər şeyə aydınlıq gətirməsini gözləmək qalırdı.

İDEYALAR GENERATORU

 

Bu hadisədən sonra nə Rəşid, nə də Elxan Tuması bir də görmədilər. O onların həyatından birdəfəlik çıxdı, onları rahat buraxdı. Rəşid də tədricən psixoloji tarazlığını bərpa etdi. Bir həftə sonra isə dostlar ailə fərdləri ilə birlikdə Nabrana getdilər. Rəşid bütün başına gələnləri yaxınlarına anlatdı və onlar da onu başa düşdülər. Axı, əldə təkzibedilməz sübutlar var idi. Söhbət təkcə Elxanın telefonunun yaddaşına həkk etdirdiyi kadrlardan getmir. Eyni zamanda, Rəşid müəllim onlara fikirləri oxumaq, başqalarının təsəvvürlərini görmək və yuxularını seyr etmək kimi qeyri – adi bacarıqlarını nümayiş etdirmişdi. Hər birindən də söz almşdı ki, bu barədə heç vaxt heç kəsə heç nə söyləməyəcəklər.

Dostlar arasındakı əvvəlki səmimiyyət də artıq bərpa olunmuşdu. Dostundan heç nəyi gizlətməyin mümkün olmadığını dərk edən Elxan Məsmə ilə aralarındakı zinakar eşq macarasını etiraf etdikdən sonra aralarındakı son və yeganə anlaşmazlıq da aradan qalxmışdı.

Nabranda olarkən, Rəşidin daha bir istedadı üzə çıxdı. O, artıq insanları hiptnoz etməyi də bacarırdı. Özü də bunun üçün onun digər hiptnozçülardan fərqli olaraq, danışmağa, birbaşa təmasa ehiyacı yox idi. O bunu telepatik yolla edir və istədiyi şəxsə istədiyi məsafədən istədiyi şeyi təlqin etməyi bacarırdı. Ətrafındakılar da heç bir müqavimət göstərmədən, qeyri – ixtiyari onun iradəsinə tabe olurdular.

Nə yaxşı ki, bu istedad professor Hüseynbəyli kimi gözütox, alicənab, ziyalı və son dərəcə əxlaqlı bir insana qismət olmuşdu. Təsəvvür edirsinizmi belə bir qabiliyyətə əxlaqsız birisi sahib olsaydı, nələr baş verərdi? Şübhəsiz ki, onun ətrafda soymadığı bank, zorlamadığı gözəl qız-gəlin qalmazdı. Amma Qarabağa gedib, işğalçı erməni ordusunun əsgərlərini bir – birini qırmağa məcbur etmək heç ağlına da gəlməzdi. Çünki belə bir şey yalnız gerçək patriotların ağlına gələ bilər. Əxlaqsız insanlar isə bu ülvi hissdən tamamilə məhrumdurlar.

Rəşid müəllim gerçək bir vətənpərvər idi. Amma nə qədər qəribə olsa da, bu ideya onun da ağlına gəlmirdi. Gəlsəydi də, yəqin ki, etməzdi. Çünki hər bir türk ziyalısı kimi o da böyük humanist idi. Lənətə gəlsin belə humanizm! Başımıza gələn bütün fəlakətlər insanpərvərliyimizdən gəlməyibmi?

Amma nəticə çıxarmağa tələsməyək. Çünki heç kəs zəmanət verə bilməz ki, biz Xocalı soyqırımının və ermənilərin törətdiyi digər soyqırımlarının intiqamını almaq məqsədi ilə erməni əsgərlərinin kökünü kəsdikdən sonra bütün ermənilərdən intiqam almaq, eyni şeyləri Güney Azərbaycanı işğal altında saxlayan, oradakı soydaşlarmızın ana dilində təhsil almasına inkan verməyən farsların da başına gətirmək istəməyəcəyik. Bəs, ermənilərə yardım edən, Azərbaycanda 20 yanvar faciəsini törədən, Dərbəndinizi işğal altında saxlayan rusları necə bağışlaya biləcəyikmi? Kim zəmanət verə bilər ki, öz milli problemlərimizi həll etdikdən sonra dini duyğularımız baş qaldırmayacaq və Fələstinin intiqamını bütün yəhudilərdən və Kəşmirin intiqamını isə bütün hindlilərdən almaq fikrinə düşməyəcəyik, uyğur qardaşlarımızı xilas etmək naminə çinlilərin, Batı Trakiya türklərinin müstəqil olmaları üçünsə yunanların başına min bir fəlakət gətirməyəcəyik. Təbii ki, belə bir zəmanət yoxdur və ola da bilməz.

Allah kimə nə verdiyini çox yaxşı bilir. Bildiyi üçün də dəvəyə qanad verməyib, versəydi damı uçmamış bircə dənə də ev qalmazdı. Dünyanın ilahi nizamı kökündən pozulardı.

Rəşid öz yeni bacarığından  necə və hansı məqsədlər üçün istifadə edə biləcəyi barədə çox düşünsə də ağlına heç bir ideya gəlmədi. Sadəcə, səhv etmədiynə, yəni zənnə qapılmadığına əmin olmaq üçün bir neçə dəfə yeni bacarığını sınaqdan keçirdi. Öncə Günaya çay süzüb gətirməyi təlqin etdi. Gəlini kənardan telepatik yolla edilən təlqinə uyaraq, mətbəxə keçdi, çay süzüb gətirdi, qaynatasının qabağına qoydu. Daha sonra professor Fuadı heç bir səbəb olmadan anasını öpməyə məcbur etdi. Dostunu isə yatızdırdı. Elxan əmrə tabe oldu, yuxsu gəldiyini söylədi, yataq otağına keçib, yerinə girdi və dərin yuxuya getdi. Səhər isə yuxudan Rəşidin növbəti telepatik əmrinə əsasən oyandı. Əmr gəlməsəydi, yatmaqda davam edəcəkdi.

Artıq heç bir şübhə yox idi. Bundan sonra Rəşid telepatik hiptnoz gücünün hansı məsafəyə qədər təsir gücünə malik olduğunu yoxlamaq istədi. Həmin an Bakıda olan Məsməni zəng edərək, Elxanın halını soruşmağa məcbur etmək qərarına gəldi. Düşündüyünü etdi və dərhal da Elxanın telefonu zəng çaldı. Elxanın nömrəyazana baxdıqdan sonra otaqdan çıxmasından anladı ki, zəng edən Məsmədir. Deməli, eksperimenti uğurla nəticələnmişdi. Sonra həmin dövrdə Kanadada elmi konfransda olan alim həmkarı Cavadzadəni özünə zəng etməyə məcbur etdi və eksperiment bu dəfə də müsbət nəticə verdi.

Yalnız bundan sonra Rəşid əldə ediyi yeni isedadını Elxana açdı və dostunu inandırmaq üçün bənzər təcrübələri onun iştirakı ilə də təkrarladı. Elxan Rəşiddən fərqli olaraq, bu fövqalbacarıq üçün dərhal bir neçə tətbiqat istiqaməti tapdı:

-Dostum, bilirsənmi sənin bu bacarığınla nələr etmək olar?

Professor Hüseynbəyli heyrətlə soruşdu:

-Məsələn?

-Məsələn, sən mənə indiyə qədər oxuduğum bütün kitabların hər bir abzasını, hər bir cümləsini və sözünü yada salmağı və bir daha heç vaxt unutmamağı təlqin edə bilərdin, – deyə Elxan bildirdi, – eyni zamanda mənə əlimə götürdüyüm istənilən kitabın səhifələrinə sadəcə bir dəfə baxmaqla, onu həmin an oxumaq və oxuduğunu ölənədək yadda saxlamaq istedadı bəxş edə bilərsən.

Rəşid:

-Qardaş, vallah, sən lap ideyalar generatorumuşsan, mənimsə xəbərim yox. Deməli, super alim olmaq qərarına gəlmisən. Nə olar, gəl, cəhd edək.

Elxan həyacanla:

-Hələ dur, tələsmə! Yaxşısı budur, öncə məni yatırt, sonra təlqin elə. Çünki kim bilir, bir də gördün, orqanizmim informasiya bolluğuna tab gətirmədi və öləsi oldun. Yuxuda olsam, əziyyət çəkməz və asan ölərəm.

Dostunun bu sözləri Rəşidin qəhqəhə çəkərək gülməsinə səbəb oldu, özü də o bunu Elxan sözünü hələ bitirməmiş etdi. Çünki bitirməsinə heç bir ehtiyac yox idi, Rəşid onun fikrini o düşüncələrini sözlə ifadə etməmişdən öncə oxuyurdu. Professor Rəcəbli bu gülüşün səbəbini başa düşmədiyindən təəccüblə həmsöhbətinə baxdı. Sanki, ondan izahat tələb etmək istəyirdi. Bu isə Rəşid müəllimin daha da ucadan gülməsinə səbəb oldu. Bir neçə saniyə sonra isə məsələnin nə yerdə olduğunu anlayan Elxan da ona qoşuldu.

Məsələ isə onda idi ki, Elxan dostundan indiyə qədər oxumuş olduğu bütün kitabların, – onların ümumi sayı 5-6 min olardı, – hər bir abzas və cümləsinin yadına düşməsini təklif etdikdə, professor Hüseynbəyli dərhal onun bu istəyini yerinə yetirmişdi. Eləcə də ikinci təklifini həyata keçirmişdi. İlk saniyələrdə hələ bunun fərqinə varmayan Elxan müəllim növbəti saniyələrdə hər şeyi anladı. Anlamasına da dostunun qəhqəsi səbəb oldu. Bəli, professor Rəcəblinin beynində gözlənilmədən və bircə anda böyük bir dəyişiklik yaranmışdı. Onun bir vaxtlar oxumuş və çox hissəsini unutmuş olduğu olduqca böyük informativ material ən incə detallarına qədər yaddaşında yenidən canlanmışdı. O, indi hər hansı bir cümlənin hansı kitabın hansı səhifəsində yerləşdiyini və hətta hansı cümlədən sonra gəldiyini dərhal, əzbərdən deyə bilərdi.

Elxan bunu hiss edər – etməz, dostunun nədən güldüyünü anlamış və qeyri – ixtiyari ona qoşulmuşdu. Sonra isə ikinci təklifinin yerinə yetirilib – yeirilmdiyini yoxlamaq üçün Rəşidin dünəndən bəri oxumaqda olduğu kitabı əlinə aldı və vərəqləməyə başladı. İnanılması mümkün olmayan bir şey baş verdi. Ona hər səhifəyə sadəcə bircə dəfə baxması yetərli idi ki, həmin səhifəni tam oxumuş olsun və məzmununu da dərhal və həmişəlik yaddaşına həkk etsin. Özü də bunun üçün xüsusi enerji sərf etməyə qətiyyən ehtiyac yox idi. Onun bir səhfəni dərhal oxumasına və yaddaşına həkk etməsinə sərf etdiyi enerji bizim bir sözü oxuyub yadımızda saxlamağımıza sərf etdiyimiz enerjidən qətiyyən artıq deyildi.

Buyurun, bu da hiptnoz vasitəsi ilə əldə edilməsi mümkün olan çoxsaylı möcüzələrdən biri! Hiptnozun köməyi ilə insan beyninin yatmış potensialını oyatmaq və onu adi haldakından bir neçə dəfə artıq və məhsuldar işləməyə məcbur etmək mümkündür. Hətta bu yolla insanı xəyalən keçmişə və gələcəyə səyahətə də göndərmək olar. Bu ideya “ideyalar generatoru”nun ağlına Bakıya döndükdən sonra gələcək və dostlar dərhal bu istiqamətdə ağlasığmaz təcrübələr keçirəcəkdilər. Hələlik isi Elxan Rəşiddən sadəcə daha bir şey xahiş etdi. Ona sutkada durmadan və yorulmadan 14 saat işləmək gücü və kompütürdə fikir sürətinə yaxın bir sürətlə yazmaq qabiliyyəti verməsini istədi. Özü də bunu elə bir tərzdə etdi ki, sanki, qarşısındakı bəni – adəm yox, Tanrının özüdür.

Professor Rəcəblinin dostuna belə bir xahişlə müraciət etməsinin köklü səbəbləri vardı. Məsələ burasındadır ki, yaddaşı canlandıqdan və qeyri – adi özəlliklərə sahib olduqdan sonra yadına elə faktlar düşdü ki, bu faktlar yazmaqda və bitirmək üzrə olduqları kitabı daha da zənginləşdirmək və təkmilləşdirmək olardı. Həmin faktların işığında artıq hazır olan yeni əsərləri ona çox kasıb və cılız görünməyə başlamışdı.

Elxan bu xahişlə Rəşidə müraciət edəndə dostu onu diqqətlə süzdü, gülümsədi və dedi:

-Bilirsənmi, sənə baxanda nə yadıma düşür?

-Nə? – deyə Rəcəbli təəccüblə soruşdu.

Rəşid:

-Qızıl balıq və ondan ardı – arası ksilmədən müxtəlif şeylər istəyən, nəhayət şah olmaq eşqinə düşən, ən sonda isə balığın ona nökərçilik etmsini tələb edən qarı.

Elxan gülərək:

-Deməli, mən qarı, sənsə qızıl balıqsan, eləmi?

-Elə çıxır da. – Deyə dostu cavab verdi.

Elxan israrla xahişini təkrar edi:

-Əgər bilsəydin bu mənə niyə lazımdır, Ezop dili ilə danışmazdın.

Rəşid isə artıq onun bütün fikirlərini oxuduğundan hansı faktların onu bu işə sövq etdiyindən xəbərdar idi. Sadəcə dostu ilə bir qədər məzələnmək istəyirdi:

-Ümid edirəm ki, ən sonda sənin nökərin olmamı xahiş etməyəcəksən.

Deyəsən, yersiz və çox şit zarafat oldu. Çünki bu sözlərdən Elxan bərk incidi və dərhal otaqdan çıxdı. Çıxarkən isə ürəyindən bu cümlə keçdi:

-Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış!

Rəşid onun bu fikrini özünəməxsus istedadı ilə “eşitdi”, fəqət bir şey söyləmədi. Sadəcə Elxanın istəyini yerinə yetirdi. İstədiklərini ona təlqin etdi. Özü isə pəncərənin önünə keçib, Elxanın yadına düşən faktlar üzərində düşünməyə başladı. Bəli bu faktlar anadilli Azərbaycan ədəbiyyatının köklərinin ən azı Eneolit dövrünə qədər uzandığını sübut etmək, o dövrdə, eləcə də sonrakı Tunc dövrünə yaranmış ədəbi nümunələrdən söz açmaq mümkün idi.

Elxan təkcə otaqdan yox, ümumiyyələ yaşadıqları evcikdən kənara çıxdı. O, dəniz qırağına gedib, kitaba əlavə edəcəyi fəsillər barədə düşünmək istəyirdi. Ağlına gələn yeni ideyalara o qədər aludə olmuşdu ki, Rəşidin artıq onun xahişini yerinə yetirdiyinin və beynindəki daha bir yatmış zonanı oyandırdığının fərqində belə deyildi. Bunu o bir neçə saat sonra, kompüterin arxasına keçib yeni ideyalarını yazmağa başlayanda anlayacaqdı. Hələlik isə onu yalnız və yalnız kitaba əlavə edəcəyi yeni fəsillər maraqlandırırdı. Onlardan birinin adını “Neolit və Eneolit dövrlərində yaradılmış ovsun mətnləri”, ikincisinin adını “Tunc dövründə Azərbaycan ərazisində yaranmış Türk – Oğuz şeri”, üçüncüsünün adını isə E. ə. l minillikdə türk şerində baş vermiş inqilab” adlandırmağın daha doğru olduğunu düşündü.

Maraqlıdır ki, eyni şeylər Rəşidin də fikrini məşğul etmişdi. Çünki dostunun yadına düşən və özünün də onun fikirlərindən öyrəndiyi faktlar gerçkdən də möhtəşəm idilər. Dostlar həmin an özləri də bilmədən eyni cür və eyni şeylər barədə düşünürdülər.

Mehriban ailə Nabranda düz bir ay qaldı və bu bir ay Elxanın sözügedən kitabın həcmini 350 kompüter səhifəsindən 1400 kompüter səhifəsinə, istifadə edilmiş ədəbiyyatın sayını isə 283 – dən 2228 – ə çatdırmağa tam yetdi. Çünki o, ağlasızğmaz sürət və enerji ilə çalışrdı. Elə bunun sayəsində də bir cildlik kitab həcmində olan əsər 4-5 cildlik kitab həcminə qədər şişdi. Nəticədə isə dostlar gözlənilməz bir problemlə üz – üzə qaldılar. Problem isə o idi ki, 4-5 cildlik kitabın nəşri külli miqdarda pul tələb edəcəkdi. Bu isə iki professorun birgə imkanlarının çox – çox xaricində idi. Əslində, onlar heç bir cild kitabı da öz imkanları hesabına nəşr etdirmək üçün lazım olan vəsaitə sahib deyildilər. Amma onun üçün, çətinliklə də olsa, sponsor tapmaq olardı. Çoxcildlik kiab üçünsə sponsor tapmaq çox müşkül məsələdir. Hətta, demək olar ki, xəyaldan başqa bir şey deyil.

Bəli, təəssüf ki, biz pulu çox olanların ağlının, ağlı çox olanların isə pulunun az olduğu və ya heç olmadığı bir cəmiyyətdə yaşayırıq. Doğrudur, bu cəmiyyətdə kitaba pul xərcləyənlər, özü də çox səxavətlə xərcləyənlər var, fəqət onların xərclədikləri külli miqdarda pul heç kəsin heç vaxt oxumadığı və heç vaxt da oxumayacağı mədhiyyə ədəbiyyatnın yazdırılmasına, yüksək səviyyədə çap etdirilməsinə və xarici dillərə tərcümə etdirilərək xaricdən gələn qonaqlara paylanmasna sərf olunur. Həmin kitabları oxumaq istəyəcək xaricilərin, əgər belə bir axmaq tapılarsa, Azərbaycan ədəbiyyatı barədə hansı fikrə gələ biləcəklərini düşünəndə adamın tükləri biz – biz olur. Alim və yazıçılar bu tip ədəbiyyatı öz aralarında “makulatura ədəbiyyatı” adlandırırlar. Nə yaxşı ki, vaxtında Məhəmməd Əsəd bəy kimi dahimiz olub və bu gün də Çingiz Abdullayevimiz, Rüstəm İbrahimbəyovumuz var. Əks təqdirdə bizə də buşmenlərə və ya çukçalara baxan kimi baxardılar.

Hətta çukçalar biz edən biabırçılıqları etmirlər. Etmədikləri üçün də içlərindən Yuri Rıtxeu kimi böyük yazıçı çıxıb və o, səviyyəsinə görə Çingiz Aytmatovdan qətiyyən geri qalmır. Bizim buşmenlərimiz isə elitar mədəniyyətin köklərini qazımaq, onu birdəfəlik məhv etmək üçün əllərindən gələni edirlər.

Nə isə… Dostlara pul lazım idi. Özü də çox pul. Və onlar çıxış yolunu tapdılar. Daha dəqiq desək, ideya yenə də “ideyalar generatoru”ndan gəldi. Bu, artıq Bakıya qaytdıqdan sonra baş verdi. Bunun necə baş verdiyini isə Elxan müəllimin gündəliyindən öyrənirik.

***

“29 avqust. 2010 – cu il.

…Çox gözəl bir əsər alınıb. Oxuduqca doymuram, elə Rəşid də. Sanki, bu əsəri biz yox, başqa birisi ərsəyə gətirib. Neçə gün idi ki, onu necə, hansı vəsaitlə çap etdirəcəyimiz fikri bizi rahat buraxmrdı. Bu barədə çox düşünürdük. Bizim yerimizə başqa birisi olsaydı, bəlkə də, Rəşidin qeyri – adi istedadından istifadə edərərk, bank yarmağa girişərdi. Bizə isə belə iş yaraşmaz. Kimisə kitaba sponsorluq etməyə də məcbur etmək olar. Amma bu da oğruıuq kimi bir şeydir. Bu da yaramr. Nə isə başqa bir yol tapmalıydıq. Elə bir yol ki, əxlaq çərçivəsini aşmayaq və sonra da ömrümüzün sonuna qədər vicdan əzabı çəkməyək.

Bu gün səhər, nəhayət ki, ağlıma çox dahiyana bir fikir gəldi. Əgər dostum öz fövqaladə istedadı ilə məni gələcəyə göndərə bilsəydi, idman lotoreyasının nəticələrini öncədən öyrənər və bu yolla əsas uduşa sahib olardıq. O qədər pul əldə edərdik ki, nəinki kitabımızı çap etdirməyə yetər, hətta hər ikimiz işdən çıxıb özümüzü bütünlüklə elmi yaradıcılığa, daha doğrusu yeni eksperimentlərə həsr edə bilərdik.

İdeyamı Rəşidlə bölüşdürdüm. Düşünürdüm ki, öncə onu razı salmaq lazım olacaq. Amma o, gözlənilmədən çox tez razı oldu. Çünki bu işdə əxlaqsızlıq əlaməti görmədi. Amma eksperimentin baş tutub – tumayacağından əmin deyildi. Mənsə tam əmin idim. Qərara gəldik ki, tarixdə indiyə qədər misli görünməmiş bu təcrübəni sabah keçirək. Əgər nəticə müsbət olsa, gələcəkdən keçmişə informasiya axınının mümkünlüyünü sübut etmiş olacağıq. Həm ömrümüzdə görmədiyimiz qədər pula sahib olacaq, həm də böyük elmi kəşfə imza atacağıq. Bu səbəbdən də sabahkı günü çox səbirsizliklə gözləyirəm.

Çox maraqlıdır, keçən hər gün ömürdən keçir və bizi ölümə yaxınlaşdırır. Rəşid ölümün bir son deyil, bir dünyadan digrinə, bir maddi haldan digər başqa bir hala keçiş olduğuna inanır. Ona görə də o, ömürdən keçən və onu sürətlə qısaldan günlərə görə təəssüflənmir. Mənsə, bu cür cəfəngiyyata inanmıram. İnanmadığım üçün də hər günün, hər saatın, hər dəqiqənin, hər saniyənin dəyərini çox yaxşı bilirəm. Bununla belə, ömrümdə ilk dəfədir ki, sabahın tez gəlməsi naminə çox qiymətli bir günümü qurban verməyə hazıam. Çünki bu gün məni ömrümün qalan hissəsini bəzəyəcək və zənginləşdirəcək böyük maddi qazancdan və həyatımın ən böyük elmi kəşfindən ayırır. Bunun üçün ömrümün bir gününü yox, hətta bir ilini düşünmədən qurban vermyə hazıram…”

***

“30 avqust. 2010 – cu il.

…Nəhayət, gözldiyim an gəlib çatdı. Rəşid bizə gəldi. Evdə bizdən başqa kimsə yox idi. Mane olan olmayacaqdı. İşə başlaya bilərdik. Amma nədənsə çox narahat idim. İçimdəki bir səs risq etməməmi əmr edirdi. Birdən hiss etdim ki, dünənki entuziazmdan, təşəbbüskarlıqdan əsər – əlamət belə qalmayıb. Hiss edim ki, qorxuram. Səbəbini bilmirəm, amma bərk qorxurdum.

Rəşid keçirdiyim hisslərdən xəbər tutdu. Daha doğrusu, fikirlərimi “oxudu”:

-Bəlkə, sabaha qalsın?

Utandım. Kiminsə, ilk növbədə də dostumun gözündə qorxaq görünmək istəmirdim:

-Yox, – dedim, – başlayaq.

Dostum diqqətlə gözümün içinə baxdı və dedi:

-Əminsənmi?

Əmin deyildim, amma əmin olduğumu dedim. Sanki, içimdəkiləri ondan gizlədə biləcəkmişəm. O, məni düşdüyüm vəziyyətdən çıxarmaq üçün çay içməyi təklif etdi. Dərhal razı oldum.

Mətbəxə keçib, çaydanı qızmağa qoydum. Otağa döndüyümdə, Rəşidi kitab rəfinin yanında aldığım yeni kitabları gözdən keçirən gördüm. O dedi:

-Qardaş, deyəsən, ixtisasını dəyişmək qərarına gəlmisən. Əvvəllər parapsixologiyaya maraq göstərməzdin. Hə, belə getsə, materalistlər cəbhəsi özünün ən sadiq nümayəndələrindən birini itirəsi olacaq.

-Heç vax! – deyə etiraz etdim.

O isə, bir şey demdi, sadəcə gülümsündü.

Bu məni özümdən çıxartdı:

-Yoxsa, Allaha, cinə, şeytana, ruha, o biri dünya barədə cəfəngiyyata inanacağımımı sanırsan?

O, yenə də ağzını açmadı. Gülümsəməkdə davam edirdi. Əslində, gülümsəməyə və sözlərimi şübhə ilə qarşılamağa haqqı var idi. Axı, onun “Tumas” adlandırdığı və cin olduğunu söylədiyi kölgəni mən də görmüşdüm və o, qarabasma deyildi. Qarabasma olsaydı, şəklini çəkə bilməzdim.

Ortaya sükut çökdü. Sükutu Rəşid pozdu:

-Nə oldu, çay qızmadı?

Birlikdə mətbəxə geçdik. Çay süzüb içdik. Hiss etdim ki, artq eksperimentin keçirilmsinə hazıram. O da hiss etdi. 3-4 dəqiqə sonra artıq otaqdakı kreslomda oturub onun telepatik əmrlərini gözləyirdim. Rəşid qarşımda ayaq üstə durmuşdu. Soruşdu:

-Hazırsan?

Əslində, hazır olduğumu özü də bilirdi və bu suala qətiyyən ehtiyac yox idi. Başımın hərəkəti ilə “hə” dedim. O isə, gözlədiyimin əksinə olaraq, fikrini adi sözlərlə çatdırdı:

-Diqqətin məndə olsun. İndi səni 24 saat sonraya göndərəcəyəm və sən sabahkı “Azərbaycan” qəzetinin manşetə çıxarılmış başlıqlarını görəcəksən. Artıq sabahdr və sən qəzetin ilk səhifəsini görürsən…

Gerçəkdən də gözlərim önündə “Azərbaycan” qəzetinin ilk səhifəsi canlandı. Dərhal tarixə baxdım. Orada 1 sentyabr 2010 – cu il tarixi qeyd edilmişdi. Həmin səfifədə gözümə dəyən bütün başlıqları oxuyub dilə gətirdim.

Rəşidin səsini eşitdim:

-Əla! İndi isə bir gün əvvələ, yanıma qayıt!

Gözlərim önündəki qəzet səhifəsini qarşımda durmuş dostum əvəz etdi. Nə baş verdiyini anlamadım. Hər şey çox tez baş vermişdi. Sanki, bir neçə saniyəlik yuxuya dalmış və dərhal da oyanmışdım. Əgər “gələcəyə səyahət” deylən şey bu idisə, onda qətiyyən qorxulu bir şey yox idi. Rəşid söylədiklərimi yazmışdı və indi bizə sabahı gözləmək və “Azərbaycan” qəzetinin sabahkı nömrəsini almaq qalırdı. Əgər görüb söylədiklərimlə sabah görəcəklərimiz üst – üstə düşəcəksə, bu o demək olacaq ki, gələcəyə səyahət də, gələcəkdən keçmişə informasiya ötürülməsi də mümkündür…”

ZAMANDA SƏYAHƏT

 

“1 sentyabr. 2010 – cu il.

Səhər yuxudan duran kimi, əl – üzümü yuyub, qəlyanaltı etmədən, cəld küçəyə çıxdım və düz yaxındakı qəzet köşkünə tərəf yollandım. Heç vaxt inana bilməzdim ki, səhər tezdən bu qədər qəzet alan olsun. Köşkə yaxınlaşanda onun önündə üç – dörd nəfərin növbəyə durduğunu gördüm. Maraqlıdır ki, onların hamısı “Yeni Müsavat” qəzeti aldı. Mənim növbəm yetişndə arxamda daha  beş nəfərin növbəsini gözlədiyini gördüm. Ağzımı açmamış satıcı mənə də “Yeni Müsavat” uzatdı.

-Yox, – dedim, – mənə “Azərbaycan” lazımdır. Satıcı üzümə elə təəccüblə baxdı ki, sanki, Marsdan gəlmişəm. Donquldana – donquldana mızıldandı:

-Üç aydır bu köşkdə işləyirəm. Bu üç ayda birinci dəfədir ki, kiminsə “Azərbaycan” qəzeti istədiyini görürəm.

Qəzeti alıb, pulunu ödədim. Satcının və arxamda duranın istehzalı baxışları altında köşkdən aralandım və dərhal qəzetin birinci səhifəsinə göz saldım. Heyrət və sevincimdən nə edəcəyimi bilmirdim. Uçmaq istəyirdim. Dünən hiptnoz vəziyyətində gördüyüm səhifənin tam eyni idi…”

***

Bəli, inanmaq çətin, hətta qeyri – mümkün olsa da, fakt faktlığında qalır. Eksperiment uğurlu sonluqla bitmişdi. Artıq heç bir şübhə yox idi. Zamanda səyahət, elcədə gələcəkdən keçmişə informasiya axışı mümkündür.

Elxan müəllim telefonunu çıxarıb, Rəşidə zəng etmək istədi. Fəqət Rəşid onu qabaqlamışdı. Belə ki, professor Rəcəbli telefonunu yenicə götürmüşdü ki, o, zəng çaldı. Zəng edən dostu idi. Onun niyə səhər tezdən telefon açdığını anlamaq üçün, əlbəttə ki, telepat olmağa ehiyac yox idi. Deməli, o, qəzeti Elxandan bir neçə saniyə öncə almış və eksperimentin uğurlu nəticəsini də daha tez görmüşdü.

Dostlar dənizkənarı bulvarda görüşməyə qərar verdilər. Yarım saat sonra onlar artıq bulvardakı skamyaların birində oturub şirin – şirin söhbət edirdilər. Çox xoşbəxt idilər. Necə də olmayaydılar, axı, misilsiz bir kəşfə imza atmışdılar. Bunun ləzzətini alimlərdən başqa kimsənin tam mənası ilə hiss etməsi mümkün deyil. Yox, mən heç də iddia etmirəm ki, bu hiss başqalarına yaddır. Əsla! Bu, qətiyyən belə deyil. Kəşf və ya cəlbedici olan istənilən ideya istənilən adamda xoş duyğular yaradır, ona sevunc hissi bəxş edir. Amma bu sevinc hissi alimlərin keçirdikləri hisslə qətiyyən müqayisə oluna bilməz. İndi dostlar, başına düşən almanın Nyutonda hansı izaholunmaz duyğuların yaratdığını, Arximedin nədən lüt – üryan halda, “Evrika” çığıra – çığıra Afinanın küçələri ilə qaçdığını, Eynşteynin öz nisbilik nəzəriyyəsini kəşf edərkən, hansı hissləri keçirdiyini çox gözəl anlayırdılar. Çünki hazırda eyni anları özləri yaşayırdılar. Onlar da eynən Arximed kimi dəlicəsinə bağırmaq və Bakının gündən-günə gözəlləşən küçələri ilə yüyürmək və ucadan “Evrika” deyə bağrmaq istəyirdilər. Onların başına “Nyutonun alması”nda daha böyük “alma” düşmüşdü. Bununla belə nə Elxan, nə də Rəşid etdikləri kəşfin əsl mahiyyətini tam düzgün anlamaq iqtidarında deyildilər. Çünki hər ikisi ədəbiyyatçı idi. Bunun üçün isə fizik olmaq, nisbilik nəzəriyyəsini kamil bilmək lazım idi. Əslində, Rəşid nələrisə bilirdi, amma bu da kifayət deyildi. Çünki bildiyini izah etməyi bacarmaq lazım idi. O isə bir vaxt paralel dünyalar barədə bildiklərini dostuna izah etməyə çalışmş, bir şeyə nail ola bilməmişdi. Elxanın ona keçinin teatr afişasına baxdığı kimi baxdığını görüb, mənasız izahlarına son verməli olmuşdu.

Məsələ isə, sadə dillə izah etməyə çalışsaq, ondadır ki, sürət artdıqca zaman ləngiyir. O, işıq sürətinə bərabər olduqda isə zaman sonsuzlaşır, məkan isə sıfra bərabər olur. İşıq sürətindən daha sürətlə hərəkət zamanı isə zaman geriyə gedir. Bütün bunlar nisbilik nəzəriyyəsinin əsas postulatlarındandır və fizikanı bilməyənlərin bütün bunları anlaması, hətta anlayacağı halda belə, düzgün izah edə biləcəyi son dərəcə şübhəlidir. Zamanın geriyə axa biləcəyini, işıqdan daha sürətlə hərəkət edən taxyonlar dünyasında sabahın bu gündən, bu günün isə dünəndən əvvəl gəldiyini sadə vətəndaşa, axı, necə izah edəsən? Alimlər bu sadə həqiqətləri riyazi düsturların yardımı ilə nəzəri cəhətdən çoxdan sübut etmişlər. Elxan və Rəşid isə bunu özləri üçün praktiki cəhətdən sübut etdilər. Sübut etdilər ki, gələcəkdən keçmişə informasiya axını mümkündür. Yəni gələcəkdən xəbər almaq olar. Və onlar xəbər ala bilmiş, aldıqları xəbərin doğruluğunu yoxlamış, nəticə də müsbət olmuşdu. İndi onlar Vanqa nənə və Nosradamus haqqında yazılanlara, peyğəmbərlərin gələcəkdən xəbər vermələri barədə dövrümüzədək ulaşmış hədislərə tam inana bilərdilər.

Dostları sevindirən təkcə kəşfin özü deyildi, həm də bu kəşf sayəsində halal yolla külli miqdarda pul qazanmağın mümkünlüyü idi. Əvvəlcədən idman lotoreyasının uduşlu rəqəmlərini öyrənəcək, həmin rəqəmləri boş lotoreya xanalarına yazacaq və qazanacaq, qazandıqları pulları da elmi araşdırmalara sərf edəcəkdilər. Təbii ki, digər zəruri ehtiyaclarını da ödəyə biləcəkdilər. buna əmin olmaq necə də xoşdur.

Məsələ digər zəruri ehtiyaclar barədə düşüncələrə çatanda Elxan müəllim özünü pis hiss etdi və dərhal ayağa qalxıb, dostundan uzaqlaşmaq istədi. Çünki həmin an beyninə gələn və ardınca gələcək fikirlərin dostu tərəfindən “oxunmasını” qətiyyən istəmirdi. Amma bunu Rəşidi incitmədən necə etsin? Rəşid üçün belə problem yox idi. Çünki ondan fərqli olaraq, Elxan telepat deyildi və o da istədiyini ürküb-çəkinmədən fikirləşə bilərdi. Elxanın isə narahat olması üçün ciddi əsasları vardı. Amma Rəşid artıq hər şeyi başa düşmüşdü. Odur ki, dostunu düşdüyü vəziyyətdən çıxarmaq üçün ayağa qalxdı, “Deyirəm, adama bir dondurma yeyək, ürəyimiz sərinləsin” – dedi  və dondurma almaq adı ilə bir qədər kənarda durmuş dondurmaçıya tərəf addımlamağa başladı. Əlbəttə, bu sadəcə bir jest idi və onsuz da sahib olduğu istedadı ilə dostunun fikirlərindən xəbərdar olacaqdı. Axı, onun üçün artıq heç bir məsafə rol oynamırdı. Bunu Elxan da bilirdi. Amma həmin an dostu ilə göz – gözə gəlməyəcəkdilər ki, bunun özü də yaxşı idi.

***

Artıq iki gün sonra oynanılacaq növbəti tirajda çıxacaq şarların üzərindəki rəqəmlər məlum idi, dostlar da artıq bir lotoreya bileti alıb, onu doldurmuş və yeşiyə də salmışdılar. İndi sadəcə gözləmək qalırdı. Əvvəlki tirajlarda böyük uduşlar olmadığından “cekpot” şişərək 45 min manata çatmışdı. Əgər onlardan başqa 6 rəqəmin 6-sını da düzgün tapan olmasa, bu pul bütünlüklə onlara çatacaqdı. Odur ki, səbirsizliklə gözləyirdilər. Vaxtları boş keçməsin deyə, kitablarını nəşr etdirməyi düşündükləri “Qanun” nəşriyyatına baş çəkmiş, 5 cildlik ortaq kitablarının nəşrinin neçəyə başa gələcəyini də dəqiqləşdirmişdilər. Məlum olmuşdu ki, kitabı 1000 nüsxə tirajla və qalın qabıqlı cilddə buraxmaq üçün təqribən 11-12 min manat pul lazımdır. Nəzəri cəhətdən heç bir problem yox idi. Amma məsələnin praktiki tərəfi vardı. Gözlədikləri baş verməyə, ümidləri puça çıxa bilərdi. Əlbəttə, bu sadəcə bir ehtimal idi, özü də çox zəif ehtimal. Amma ən kiçik bir ehtimal belə varsa, ehtiyatlı olmaq lazımdır. Elə bu da ən son anda onları nəşriyyat ilə vaxtından əvvəl saziş bağlamaq fikrindən çəkindirdi. Doğrudur, Rəşid saziş bağlamağın tərəfdarı idi. Amma gördüklərinə və bildiklərinə rəğmən, hələ də materialist olaraq qalan və hələ də materialist kimi düşünən Elxan onu bu ideyadan daşındırmağı bacardı. Çünki içini şübhələr didb – dağıdırdı. Bu şübhələrini gündəliyində qeyd etməyi də unutmamışdı.

***

“8 sentyabr, 2010-cu il.

Mən zərrə qədər də çəkinmədən, tam qətiyyətlə özümü zamanda səyahətin ilk pioneri hesab edə bilərəm. Bəlkə də məni “gələcək xəbərlərinin ovçusu və ya oğrusu” adlandırmaq daha doğru olar. Fakt isə budur ki, mən bu tip eksperimentin ilk iştirakçısıyam. Və Rəşidlə birlikdə böyük bir uğura, hətta deyərdim cahanşümul bir kəşfə imza atmışıq. İndi kəşfimizin bəhrəsini yemək vaxtıdır. Sabah yox, biri gün növbəti tiraj oynanılacaq və biz bu tirajda mütləq qələbə qazanmalıyıq. Nəzəri cəhətdən buna heç bir şübhə yoxdur. Amma səbəbini özüm də bilmirəm, nədənsə ürəyim narahatdır. İçimdə əsassız və heç bir məntiqə sığmayan şübhələr dolaşır. Rəşidin isə heç vecinə də deyil. Uğur qazanacağımızdan tam əmindir. Hərçənd ki, şübhə toxumlarını əslində ürəyimə məhz o özü səpib. Bəli, bəli, məhz o özü! Dünən hər şeyin Allah tərəfindən öncədən yazılmış olduğunu, belə olmasa idi gələcəyi “görməyin” və “oxumağın” mümkün olmayacağını sübut etmək üçün mənə bir saata yaxın mühazirə oxudu. Nitqi həddən artıq bəlağətli olsa da, o qədər qəliz danışdı ki, söylədiklərindən yadımda Eynşteyndən gətirdiyi bir sitatdan başqa heç nə qalmadı. Həmin sitat isə belə idi: “Dünyada heç bir təsadüf yoxdur. Allah zər atmır. Bu səbəbdən də mən cənnət və cəhənnəmə inanmram”.

Şübhələrimə səbəb isə dediyi aşağıdakı sözlər olub: “Biz uduş rəqəmlərini əvvəlcədən öyrənməklə, Allahın yazısını dəyişməyə girişmişik. Ola bilsin ki, Allah cəhdimizi puça çıxarsın”.

Yox, mən Allaha inanmıram, amma yazı barədə deyilənlər, deyəsən, doğrudur. Əvvəllər buna da inanmırdım. Amma artıq inanmaq üçün ciddi əsasım var. Eləcə də cinlər barədə deyilənləri insanların fantaziyası sayırdım. Amma faktlar bunun əksini göstərdi. Bəlkə də, artıq Allahın da varlığına inanmağa başlamışam, sədəcə bunu özümə etiraf etmək istəmirəm. Hər halda, belə olmasaydı, yuxarıdakı fikir məni narahat etməz və ürəyimdə şübhələrin yaranmasına səbəb olmazdı.

İnsanın  30 ildən artıq sadiq qaldığı əqidəsindəndən dönməsi çox çətindir.

Ümidimi yenə də itirmirəm. Qəzetlərlə eksperimenti azı dörd-beş dəfə təkrar etmişik və hər dəfə də nəticələr uğurlu olub.”

***

Sentyabrın 10-u axşam saat 21-də Elxan Rəşidgildə, onunla və ailəsi ilə birlikdə televizor qarşısında oturub, səbirsizliklə saatın əqrəblərinin 21.15-i göstərməsini gözləyirdilər. Məhz həmin vaxt “AzTV” ilə idman lotoreyasının növbəti tirajının nümayişi başlayacaqdı. Hər kəsin əlində 6 rəqəmin yazıldığı bir kağız parçası vardı. Əslində, onlara heç ehtiyac da yox idi. Rəqəmlərin hamısını artıq hər biri əzbər bilirdi. Üstəlik də lotoreya bileti masanın üstündə idi. İstədikləri vaxt ona nəzər sala bilərdilər. Çıxması gözlənilən rəqəmlər isə bunlar idi: 3, 18, 22, 31, 35 və 45. Onları arzusunda olduqları andan sadəcə 15 dəqiqə ayırırdı. 15 il qədər uzun çəkən 15 dəqiqə… Hərəsinin də bir arzusu vardı. Elxanla Rəşid dərhal nəşriyyatla saziş imzalayacaq, sonra isə universitetə gedib, işdən çıxmaq barədə ərizə yazacaq və özlərini bütünlüklə parapisixologiya elminə həsr edəcəkdilər. Fuadla Günay avtomobil arzusunda idilər. Yalnız sədaqətli Gülzar özü barədə düşünmürdü. Ərinin kostyumu artıq nimdaşlaşmışdı. Onun üçün yeni kostyum almaq barədə fikirləşirdi. Artıq “AMAY” Ticarət Mərkəzinə gedib, qəşəng bir kostyum da gözaltı etmişdi. Özü də təkcə onun üçün yox, həm də Elxan müəllim üçün. İkisinin də eyni kostyumdan geyinməsini istəyirdi.

Bu alim tayfası çox qəribə tayfadır. Geyimlərinə heç vaxt xüsusi fikir verməzlər. İnsanı ağıl və mərifətlərinin gözəlləşdirdiyini düşündüklərindən, zahiri bəzək – düzəyin onlar üçün qətiyyən önəmi yoxdur. Əlbəttə, söhbət hazırda Elmlər Akademiyasını və universitetləri başına götürmüş ədabaz, mənsəbpərəst, qondarma “alimlərdən”, daha doğrusu “alimciklərdən” yox, əsl elm fədailərindən gedir. Belələrinin sayı artıq barmaqla sayılacaq qədər azalıb. Bu yaxınlarda isə daha iki nəfər də azalacaq. Yazıq tələbələr!

Nə isə… Hərə öz xəyalında idi. Nəhayət, vədə tamam oldu, gözlənilən verilişin tanış aparıcılarının gülərüz çöhrələri göründü. Fuad və Günay sevinclərindən qeyri-ixtiyari əl çaldılar. Onları başa düşmək olardı. Bir necə dəqiqə sonra avtomobil barədə xəyalları gerçəkləşə bilərdi. Gənclər elə ehtirasla əl çaldılar ki, sanki, artıq məsələ həll olunub. Həll olunacağına şübhə etmirdilər. Rəşidlə Gülzar da tam arxayın idilər. Yalnız Elxanın içini şübhələr didib – dağıtmaqda davam edirdi. Amma ilk şar və üzərindəki nömrə onun bir qədər sakitləşməsinə səbəb oldu. Çıxan ilk nömrə 18 idi. 6 rəqəmdən biri düz çıxmışdı. Bu dəfə Fuadla Günay daha hərarətlə əl çalmağa başladılar və Rəşidlə Gülzar da onlara qoşuldular. Yalnız Elxandan səs çıxmadı. O, hələ də həyacan içində idi.

İkinci nömrə də ümidləri doğruldan nömrə oldu: 45.

Elxan dərindən bir “ah” çəkdi və bir qədər yüngülləşdiyini hiss etdi. Digərləri isə öz işlərində idilər və qələbəni vaxtından əvvəl bayram etməyə başlamışdılar. Hay-küylərindən qulaq tutulurdu. Elxan onlara yalnız üçüncü şarın nömrəsi məlum olandan sonra qoşuldu. Bu dəfə “3” çıxmışdı. Artıq 6 rəqəmin 3-ü “özünü doğrultmuşdu”. Qalırdı daha 3 rəqəm. Artıq Elxan da qələbəyə şübhə etmirdi.  Fuadın öncədən alıb masanın üzərinə qoyduğu şampan şərabının bir neçə dəqiqə sonra çıxaracağı “part” səsi indidən qulaqlarında eşidilməyə başlamışdı. Artıq gözünün önündə qədhlərə süzülən şərabın axıb-daşan köpükləri canlanırdı.

Sonrakı nömrələr də gözlənilən nömrələr oldu: 35, 22 və 31. Fuad dərhal şampanı “partlatdı”, qədəhlərə şərab süzüldü, qədəhlər bir-biri ilə toqquşduruldu və birdən aparıcının hər kəsi heyrət və təəccübdən yerində donmağa məcbur edən sözləri eşidildi:

-Bu tirajda da cekpot udulmadı!

Hamı əlində qədəh yerində donub qalmışdı və bir – birilərinə baxırdılar. Gözlərin hamısından eyni sual oxunurdu:

-Necə yəni, bu tirajda cekpot udulmadı?

Rəşid müəllim öz telepatik qabiliyyəti ilə hər kəsin ürəyində eyni anda doğan bu sualı xor şəklində “eşitdi”. Əslində, onu “oxumaq” üçün həmin an telepat olmağa qətiyyən ehtiyac yox idi. Onsuz da gözlər hər şeyi açıq və aydın şəkildə ifadə edirdi. Bu səbəbdən də ortaya dərin bir sükut çökmüşdü. Hamı şok içində idi. Bu halın neçə saniyə və ya dəqiqə davam etdiyini indi müəyyən etmək çox çətindir. Təkcə bu məlumdur ki, ilk özünə gələn Günay oldu. O, bir neçə saniyə və ya dəqiqə öncə, özü də daxil olmaqla, hər kəsin ürəyində “söylədiyi” fikri bu dəfə səsli formada dilə gətirdi:

-Necə yəni, bu tirajda da cekpot udulmadı?

Dərhal da masanın üstündəki lotoreya biletini götürüb ona bir daha diqqətlə nəzər saldı. Və… Həmin an onun sifətini görmək lazım idi… Heyrət və təəccübdən qızın, sanki, üz-gözü əyilmişdi. Təkcə mimikasında baş verən inanılmaz dəyişiklik deyil, qədəhin əlindən düşərək, çilik – çilik olması da hansısa inanılmaz dərəcədə qeyri – adi bir şeyin baş verdiyindən xəbər verirdi. Qız ildırım vurmuş kimi yerində donub qalmışdı. Ona özünü ilk yetirən Gülzar oldu. Qızının əlindəki bileti götürüb baxdı və ilan vurmuş kimi çığırdı:

-Yox! Bu, mümkün deyil! Bu, ola bilməz! Doldurulmuş xanaların yerləri öz – özünə dəyişiblər.

Bilet əldən – ələ keçdi. Öncə Fuad, sonra Elxan, daha sonra isə Rəşid növbə ilə baş vermiş xoşagəlməz möcüzəni gözdən keçirdilər. Bəli, gerçəkdən də inanılmaz bir şey baş vermişdi. İşarələnmiş xanalar naməlum əllə dəyişdirilmişdi. Biletdə 3, 18, 22, 31, 35 və 45-ci xanaların əvəzinə 4, 19, 23, 32, 36, 46-cı xanalar doldurulmuşdu. Fuad gözlərinə inanmayıb üzərində rəqəmlər yazılmış kağız parçalarına baxdı. Onlarda isə hər şey köhnə qaydada idi: 3, 18, 22, 31, 35 və 45.

YAZIYA POZU YOXDUR

 

15 dəqiqə sonra ailənin bütün üzvləri masa arxasında oturmuşdular. Şampan şərabı əvəzinə çay içirdilər. Onlar ağlasığmaz bir möcüzənin şahidi olmuşdular. Xoş olmayan, ümidləri puça çıxaran olsa da, möcüzə elə möcüzədir və o, baş vermişdi. Bunun özü artıq hər kəsə qismət olmayan xoşbəxtlik idi. Çünki möcüzənin şahidi olmaq səadəti yalnız seçilmişlərə qismət olur. Doğrudur, bu evdə bənzər hadisə ilk dəfə deyildi ki, baş verirdi. Ailə üzvləri də bənzər halın birinci dəfə şahidi olmurdular. Amma budəfəki möcüzə əvvəlkilərindən əsaslı şəkildə fərqlənirdi. Onu tək-tək görmüş olsaydılar, yəqin ki, gözlərinə inanmaz, hansısa yanlışlığın olduğunu sanar, səbəbi də öz psixikalarında baş verən müəyyən dəyişikliklərdə axtarmağa çalışırdılar. Amma indi vəziyyət tamam başqa idi. Eyni şeyi eyni anda beş nəfər görmüşdü. Şübhə etmək üçün əsas yoxdu.

Onlar çay içir və susurdular. Sükutu Rəşid müəllim pozdu:

-Biz başımızdan böyük qələt edib, Allahın yazısını dəyşmək sevdasına düşdük, O isə, bizə bir daha sübut etdi ki, Onun yazısına pozu yoxdur. Allah nə yazıbsa, o da olmalıdır və mütləq də olacaq. Bəli, bu dünyada heç bir təsadüf yoxdur. Allah zər atmır. Bu səbəbdən mən də Eynşteyn kimi cənnət və cəhənnəmə inanmıram…

Fuadın gözlənilmədən atasının sözünü kəsdi:

-Deməli, Qurana inanmırsan? Axı, Quranda Allah buyurur ki, cənnət və cəhənnəm haqdır.

Bu sözlərdən professor tutuldu. Nə cavab verəcəyini bilmədi. Elxan müəllimin söhbətə ilk baxışdan yersiz görünən müdaxiləsi onu düşdüyü xoşagəlməz vəziyyətdən çxmaq, fikirləşmək və səhvini düzəltmək üçün lazım olan vaxtı təmin etdi:

-Bu gün artıq tam başa düşdüm və təmiz qəlblə etiraf edirəm ki, Allah var. Deməli, otuz ildir ki, səhv etmişəmmiş. Amma mən də Eynşteyn kimi düşünürəm. Səbəbini də sizə izah edim. Rəşid məni sonuncu dəfə trans vəziyyətinə salıb, uduş nömrələrini öyrənmək üçün bir həftə sonraya göndərəndə, qəzetdən təkcə həmin nömrələri oxumamışdım. Eyni zamanda, 48 – ci tirajda cekpotun udulmadığı barədə xəbəri də oxumuşdum. – Elxan üzünü dostuna tutdu: – Yadındadırmı?

-Hə, yadımdadır, – deyə dostu cavab verdi, – elə bu səbəbdən də Allahın yazısını dəyişməyə girişdiyimizi düşündüm və bu barədə fikirlərimi səninlə bölüşdüm.

Elxan:

-Düzdür. Deməli, Eynşteyn doğru söyləyir. Allahın qədər və qəzasina müdaxilə etmək olmaz.

Fuad:

-Elə çıxır ki, biz robotuq? Bəs, ağlımız? Əgər robotuqsa, bizə ağıl vermək Allahın nəyinə lazım idi?

Fuadın sualı indi də Elxanı çıxılmaz vəziyyətə saldı. Bu dəfə isə onu Rəşid vəziyyətdən çıxardı. Onun düşünmək üçün kifayət qədər vaxtı olmuşdu:

-Allah insanı faili – muxtar yaradıb. Bayaq mən doğru söyləmədim, tələsdim. Eynşteyn səhv edib. Cənnət də, cəhənnəm də var və haqdır. Ümumiyyətlə, Quranda yazılanların hamısı haqdır…

Ayağa qalxan Günayın çayları yeniləmək üçün stəkanları məcməyiyə yığmağa başlaması onu sözünə bir necə saniyəliyə ara verməyə məcbur etdi. Günay stəkanları toplayıb mətbəxə yollandı. Gülzar da qalxıb onun ardınca getdi.

Rəşid sözünə davam etdi:

-…Mən Qurana, təbii ki, üstünlük verirəm, Eynşteynə yox…

Elxan onun sözünü kəsdi:

-Yəni demək istəyirsən ki, Məhəmməd Eynşteyndən daha ağıllı olub?

Rəşid:

-Quranı Məhəmməd peyğmbər yazmayıb. Onun müəllifi Allahdır.

Elxan bu sözləri şübhə ilə qarşılasa da, susnağa üstünlük verdi. Çünki bu kitabı oxumamışdı, içindəkilərdən də bixəbər idi. İçəri girən və çayları masaya düzən Günay ona susmaq üçün bir növ bəhanə vermiş oldu. Qız stəkanları düzüb yenidən mətbəxə, qaynanasının yanına qayıtdı. Söhbət  qadınlar üçün artıq maraqsız bir məcraya yönəlmişdi. Onların isə baş vermiş möcüzə haqqında öz versiyaları var idi və gəlin-qaynana həmin versiyanı ayrıca müzakirə etməyə üstünlük verirdilər. Mətbəxə çəkilmələrinin əsl səbəbi də elə bu idi.

***

Günay, ardıncada Gülzar mətbəxə girən kimi qaynanası dedi:

-Vallah, bu kişilərin başı, deyəsən lap xarab olub. Yazıya pozu yoxdursa, bəs falçılar cadu ilə insanların talelərini necə bağlayıb-açırlar?

Gülzar gəlininin tam ürəyindən xəbər vermişdi. O da belə düşünürdü. Sadəcə, qaynatası və atasının ünvanına hörmətsizlik etmək istəmirdi. Odur ki, qaynanası ilə razı olduğunu gülümsəməklə bildirdi. O, çayları süzüb apardı. Gəldikdən sonra isə dedi:

-Doğru söyləyirsiniz. Götürək qonşumuz Məleykəni. Gömgöyçək qızdır. Aya deyir, cən çıxma mən çıxım, günə deyir, sən çıxma, mən çıxım. Falçı cadu edib. Beş ildir qapılarına elçi düşən yoxdur. Belə getsə, qarıyıb, evdə qalacaq.

-Allah eləməsin, – deyə Gülzar etiraz etdi, – yazıqdır. Yaxşı qızdır. Allah mərdimazara lənət eləsin! Amma doğru söyləyirsən. Şəfiqənin qızı evdə qalmışdı, alan yox idi. Falçnın yanına getdi, o da dua yazdı, qız bir aydan sonra ərə getdi. İndi iki uşaq anasıdır. Əri də, maşallah, qazanan oğlandır.

Gəlin və qaynana növbə ilə daha beş – altı bənzər “faktı” da yada salıb bir – birilərinə danşdıqdan sonra otağa döndülər. Özü də tam bir qalib kimi döndülər. Onlara elə gəlirdi ki, düzgün nəticəyə məhz onlar gəlmişlər. Kişilərin bütün bunları başa düşməsi mümkün deyil. Amma həmin an onlara sual versəydin ki, indiyə qədər lotoreyada udmuş hər hansı falçı və ya baxıcıya rast gəliblərmi və ya nədən falçı və baxıcılar içərisində bircə nəfər də olsun, bu yolla pul qazanan yoxdur, şübhəsiz ki, tutular, nə cavab verəcəklərini bilməz, səhvlərini anlayar, qəlblərinə və şüurlarına hakim kəsilmiş aldadıcı qələbə hissini dərin məyusluq əvəz edərdi. Təbii ki, onlara bu sualı verən olmadı, çünki fikirlərini kişilərlə bölüşməmişdilər. Bu üzdən də özlərini ağıllı və qalib sayrdılar. Eybi yox, qoy, saysınlar. Qadınlar başlarımızın tacı, evıərimizin bəzəyi, ürəklərimizin sultanıdırlar. Onlarsız bircə günümüz olmasın! Bir anlığa bu dünyanı qadınlarsız təsəvvür etsən… Yox, adam bu barədə heç düşünmək də istəmir. Odur ki, qoy, özlərini bizdən ağıllı sayıb, sevinsinlər. Təki, sevinsinlər, özlərini xoşbəxt hiss etsinlər. Onlara sevinmək yaraşır. Çox təəssüflər olsun ki, çox pis zamanda yaşayır və onları həmişə sevindirə bilmirik. Amma sevinmək, xoşbəxt olmaq onların haqqıdır.

***

Həmin gün axşam evə dönən Elxan dərhal masa arxasına keçib gündəliyinə növbəti qeydlərini etdi. Öncə yuxarıda nəql etdiklərimizi gündəliyinə köçürdü, daha sonra isə bunları yazdı:

“…Evə gələrkən, yolda özümə söz verdim ki, bundan sonra Məsmə ilə zinakar görüşlərimə son verəcəyəm. Çünki artıq başa düşmüşəm ki, sən demə, Rəşid haqlıymş. Allah da, o biri dünya da var. Madam ki, o biri dünya var və biz orada buradakı günahlarımıza görə cavab verəcəyik, deməli, günahlarıma son verməliyəm. Bundan əvvəlki günahlarımın bağışlanacağına ümid edirəm. Çünki bugünə qədər qəflətdəydim. Dünyanın sadəcə bu dünyadan ibarət olduğunu düşünürdüm. Düşünürdüm ki, öləcəyik və hər şey də bununla bitəcək.  İndisə başa düşmüşəm ki, məsələ başqa cürdür.

Hə, söz verməyinə verdim, amma dözə biləcəyəmmi, buna əmin deyiləm. Hər halda, cəhd edəcəyəm. Etməliyəm. Dözməsəm, özümü bağışlamaram.”

Məsmə ilə bir də görüşməyəcəyinə söz verən Elxan müəllim sözünü elə həmin gecə pozdu. Nəfsə qalib gəlmək çox çətin məsələdir, axı. Bunun üçün dəmir iradə və sarsılmaz iman lazımdır. Elxan Rəcəbli isə belə birisi deyildi. Zəif adam idi. Zəif olduğunu özü də bilirdi. Bunu gündəliyinin sabahkı bölümündə etiraf etdi:

“11 sentyabr, 2010-cu il.

Özünün iradəsiz və zəif adam olduğunu bilmək, vəziyyəti dəyişmək üçün özündə güc tapa bilməmək doğrudan da çox ürəkağrıdıcıdr. Əslində, Məsməyə rast gəlməyənə, daha doğrusu o, saqqızımı oğrulamayana qədər belə deyildim. Kimsə məni əxlaqsızlıqda, iradəsizlikdə və əhdə vəfasızlıqda suçlaya bilməzdi. İndi isə hər cür məzəmmət, tənqid və təhqirə layiq bir adama çevrilmişəm.

Dünən evə dönərkən, yolda özümə söz verdim ki, bundan sonra Məsmə ilə zinakar görüşlərimə son verəcəyəm. Amma bacarmadım. Sözümü tuta bilmədim. Gecə gəldi, adəti üzrə bir söz demədən soyundu və yatağıma girdi. Mənsə nəinki etiraz etmədim, əksinə həmişəki kimi ləzzətlə necə soyunduğuna tamaşa etdim, yatağıma girər-girməz, həmişə olduğu kimi acgözlüklə üzərinə çökdüm…

Özümə nifrət edirəm. Özümə nifrət etməyimin daha bir səbəbi isə Məsmənin dünən mənə söylədikləridir. O, bildirdi ki, Kərimdən ayrılmağa qərar verib. Artıq ondan iyrənirmiş. O bu sözləri söyləyəndə birdən anladım ki, mən də ondan iyrənirəm. Daha doğrusu bu hiss mənə birdən-birə hakim oldu. Hiss etdim ki, birdən-birə Məsmədən iyrənməyə başladım. Kərimə qarşı isə ürəyimdə dərin bir mərhəmət və hətta bir mhəbbət doğdu. O, saf və təmiz adamdır. Məsmə onun tayı deyil, heç ayağının tozu da ola bilməz. Mənsə bu qadının səviyyəsinə enmişəm. Yox, sabahdan, daha doğrusu elə bu gündən onunla bütün əlaqələrimə son verəcəyəm.

Saat səhər 9.30-dur, qapının zəngi çalır. Rəşiddir. Dünən bu gün  səhər saat 9.30-da bizə gələcəyini qərarlaşdırmışdıq. Odur ki, yazıma son vermək durumundayam…

…Axşam saat 19.00-dır. Beş dəqiqə əvvəl Rəşid çıxıb getdi.

Indi rahat şəkildə gündəliyimin bugünkü bölümünü davam etdirə bilərəm. Davam etdirmək üçün də çox gözəl faktiki material var. Çünki bu gün elə eksperimenlər keçirmişik ki, hələ də onlarn təəssüratı altındayam. Əminəm ki, indi yazacaqlarım təkcə psixoloq və parapsixoloqlara deyil, eləcə də nevropotoloq və neyrofizioloqlara yeni tədqiqatlar üçün stimul olacaq, insan beyninin gizli sirrlərini araşdırmağa və anlamağa təkan verəcək.

Həmişə yeni eksperimentlərin mövzusunu mən təklif edərdim. Bu dəfə isə ideya Rəşiddən gəldi. O, teleginez və teleportasiya sahəsində eksperimentlər keçirməyi təklif etdi. Həm “teleginez”, həm də “teleportasiya” terminlərini ilk dəfə eşitdiyimdən mənalarını soruşdum. Dostumun izahlarından başa düşdüm ki, bunlardan birincisi fikrin gücü ilə müxtəlif əşyaları yerindən oynatmaq və hərəkət etməyə məcbur etmək deməkdir. İkincisi isə hər hansı bir əşyanın bir yerdən digər bir yerə ani ötürülməsidir. Yəni əşya bizim evdə yoxa çıxır, məsələn Rəşidgildə peyda olur.

Rəşidin dediyinə görə, Cuna Datiaşvili və Uri Geller kimi parapsixoloqlar psixi enerjilərinin sayəsində bunları edə bilirmişlər. İndi biz eyni keyfiyyətlərə hiptnoz vasitəsi ilə nail olmağa çalışacaqdıq. Təbii ki, “təcrübə dovşanı” yenə də mən olacaqdım. Əlbəttə ki, razılaşdım. Məncə, hər kəs razılaşardı. İnanmram ki, bu tip eksperimentlər kiməsə maraqlı olmasın.

Dostum özü ilə stolüstü tennis şarı, böyük tennisdə istifadə edilən top və daha bir neçə yüngül əşya gətirmişdi. Şar və topu saymasaq, digər əşyalar bizim evdə də vardı. Başa düşmürəm ki, çay qaşığı, çəngəl, üskük kimi şeyləri gətirməyə nə ehtiyac vardı. Amma gətirmişdi. Nə isə özü bilər.

Birinci təcrübəmiz şarla oldu. Rəşid onu masanın ortasına qoyub məni hiptnoz etməyə başladı. Həmişəki kimi, fikirlərini adi sözlərlə çatdırdı. Halbuki, o bunu telepatik yolla da etməyi bacarırdı. Amma sözlə deməyə üstünlük verdi:

-Elxan, sən çox güclüsən, çox güclü psixi enerjiyə sahibsən. O qədər güclü enerjiyə sahibsən ki, fikrinin gücü ilə bu şarı masanın üstündə diyirlənməyə məcbur edəcəksən. İndi diqqətlə şara bax və onu diyirlənməyə məcbur et!

 Əmrinə tabe oldum və inanılmaz bir şey baş verdi. Şar diyirlənərək masanın kənarına tərəf hərəkət etməyə başladı. Dostum onu tutmasaydı, yerə düşəcəkdi. O, şarı yenə də masanın ortasına qoydu və sözünə yenidən davam etdi:

-Yox. Dosum sən bundan daha güclüsən və şara zərbə endirmək iqtidarındasan. Var gücünlə zərbə endir!

Şara baxmağımla onun ağlasığmaz sürətlə uçaraq qarşı divara çırpılması, yerə düşüb divanın altına diyirlənməsi bir oldu. Rəşid bu dəfə tennis topunu masanın üzərinə qoydu:

-Zərbəni təkra et!

Yenə də eyni şey təkrar oldu. Topun hara düşdüyünü bilmirəm, onu da tapmaq mümükün olmadı. Dostum heyrət və sevinclə qışqırdı:

-Əla! Elxan, sən gerçəkdən də dahisən. Çox güclüsən.

Sonra o, qaşıq və çəngəli ortaya qoydu və dedi:

-Bax, qardaş, sən bundan da güclüsən. Sadəcə güclü olduğunu bilmirsən. İndi bu qaşıq və çəngəli bizim evə göndərəcəksən. Mətbəximizdəki qab-qacaq şkafını yadına sal. Bunları onun yuxarı siyirməsindən götürmüşəm və indi sən onları fikrinin gücü ilə öz yerinə qayaracaqsan. Hazırlaş! Başla!

İnanılası şey deyil. Qaşıq və çəngələ baxmağımla onlarn yox olması bir oldu. Bu sözün əsl mənasında möcüzə idi. Rəşid dərhal telefonunu cibindən çıxarıb, Gülzarn nömrəsini yığdı:

-Gülya, salam. Get siyirməyə bax, gör ordadırlarmı?

Rəşid evdən çıxarkən, özü ilə qaşıq və çəngəl götürdüyünü həyat yoldaşına söyləmiş, onların bir azdan öz yerində olacağını və bunu yoxlamaq üçün zəng edəcəyini demişdi. Bir sözlə, Gülzarı tam təlimatlandrmışdı. Odur ki, qadın məsələdən xəbərdar idi. Onun dediklərindən belə məlum oldu ki, qaşıq və çəngəl artq yerindədirlər.

Bəli, bu gün biz misilsiz bir təcrübə keçirmiş və ağlasığmaz bir uğura imza atmışdıq…”

***

Bu hadisədən sonra dostlar uğurlarını qeyd etmək üçün bara getməyə və adama iki parc pivə içməyə qərar vermiş və bu məqsədlə də evdən çıxmışdılar. Yaxındakı bar üç tin knarda idi. Rəşid o qədər məmnun və xoşbəxt idi ki, əylənmək və dostunu əyləndirmək istədi.

Yolun o biri tərəfində ki, səkidə bir gombul kişi ilə bir narmanazik qız bir – biri istiqamətində addımlayırdılar. Aralarında 10-12 metr məsafə var idi. Rəşid onları telepatik yolla hiptnoz edərək, bir – birilərinə tərəf qaçmağa, çatıb bir-birinə sarılmağa və öpüşməyə məcbur etdi. Bu halın ətrafdakı hər kəsi nə qədər təəccübləndirdiyini təsəvvür etmək, yəqin ki, oxucularım üçün çətin olmaz. Hiptnozun təsiri keçdikdən sonra isə yazıq kişi ilə bədbəxt qız özlərini itirdilər, nəyin baş verdiyini anlaya bilmədilər. Və hər şey qızın kişiyə yağlı bir sillə ilişdirməsi və “alçaq” deyərək təhqir etməsi ilə nəticələndi. Utandığından qıpqrmızı olan kişi pərt halda iri addımlarla hadisə yerindən uzaqlaşmaq məcburiyyətində qaldı. Görünür, təkcə qız onu yox, elə özü də özünü günahkar hesab etmişdi. Amma hadisəni müşahidə edənlər belə düşünmürdülər. Axı, onlar qızın da ona tərəf qaçdığını, onu ehtiraslı öpüşlərə qərq etdiyini öz gözləri ilə görmüşdülər.

Nə isə… hipnoz, xüsusən də telepatik hiptnoz da eynən atom enerjisi kimi çox qorxulu silahdır. Yəni onun da həm müsbət, həm də mənfi tərəfləri var. Baxır bu gücə sahib olan kimdir.

Elxan baş verənlərin əsl səbəbkarınn Rəşid olduğunu bilirdi və doğrusu, onun bu hərəkəti onu qətiyyən açmadı. Rəşid də artıq peşiman idi. Xoşagəlməz vəziyyət yaranmışdı. Vəziyyətdən çıxış yolunu Elxan tapdı, dostuna kənarda gəzişən avara iti göstərib dedi:

-Heyvanları da hiptnoz edə bilərsənmi?

-Bilmirəm, – deyə Rəşid cavab verdi, – yoxlamaq lazımdır.

Bir neçə saniyə sonra it iki arxa ayağı üzərinə qalxıb məzəli şəkildə tullanıb-düşməyə, ardınca isə dombalağ aşmağa başladı. Bununla da küçədən keçən hər kəsin diqqətini özünə çəkdi.

***

Dostlar pivə içdikdən sonra yenidən evə qayıtdlar. Öncə birlikdə nahar etdilər, sonra bir neçə partiya şahmat oynadılar və təbii ki, bütün partiyalar Rəşidin qələbəsi ilə bitirdi. Başqa cür də ola bilməzdi. Madam ki, sən rəqibin fikrini oxuyursan, nə düşündüyünü bilirsən, udmamağın mümkün deyil. Buna baxmayaraq, Elxan hələ də sadəlövhcəsinə nəyəsə ümid edirdi. Amma ümidləri özünü doğrultmadı. Axşam saat yeddidə Rəşid evlərinə getdi. Elxan isə dərhal masa arxasna keçib bütün bunları yazdı və aşağıdakıları da əlavə etməyi unutmadı:

“Yadımdan necə də çıxdı. Gərək Rəşiddən mənə iradəli olmağı təlqin etməsini xahiş edəydim. Heyif. İndi gərək nəfsimlə təkbaşna mübarizə aparım”

Təkbaşına mübarizə bir nəticə vermədi. Nəfsini yenə də yenə bilmədi. Bu gecəni də Məsmə ilə birlikdə keçirdi. “İyrənirəm” dediyi bu qadını həmişəki kimi öpüşlərə elə qərq etdi, dodaqlarını, döşlərini elə ehtirasla əmdi ki, nəinki iyrənmədiyinə, əksinə sonsuz ləzzət aldığına bir daha əmin oldu. Ürəyində fikirləşdi: “Yox, o biri dünya məni qətiyyən maraqlandırmır. Bu dünyanın real ləzzətini olub-olmadığı dəqiq məlum olmayan o biri dünyanın xəyali, ehtimali ləzzətlərinə yalnız axmaqlar dəyişə bilər. Yalnız axmaqlar hansısa xəyali cənnətə görə real cənnətdən imtina edə bilər. Vallah-billah, cənnət analarn ayaqlarının altında yox, qadınların ağuşunda, ayaqlarının arasındadır”.

Elxan sabah bu fikirlərini də gündəliyinə qeyd etdi. Amma ədalət xatirinə deyək ki, o, artq əvvəlki adam deyildi. Əvvəllər gündüz də, gecə də bütün varlığı ilə, bütün düşüncələri ilə bu dünyanın adamı idi. İndi isə gündüzlər hey o biri dünya barədə düşünür, günah etməməyə qərar verir, Məsməyə bir də yaxın durmayacağını düşünür, gecələr isə sözünü də, o biri dünyanı da bütünlüklə unudurdu. Məsmə onun yeganə “tanrı”sına çevrilirdi. Gercək Tanrı isə heç yadına da düşmürdü.

Səhər isə hər şey 180 dərəcə dəyişirdi. Məsmə “iblis cildinə girir”, gerçək Tanrı isə professorun qəlbinə tam hakim kəsilirdi. Rəcəbli bunun səbəbi barədə çox düşünürdü. Ona hətta elə gəlməyə başlamşdı ki, Zərdüştün nədən dualist din yaratmağa qərar verdiyini heç kəsin başa düşməyəcəyi səviyyədə başa düşübr. Görünür o da Elxan kimi iki hissin arasında ilişib qalıbmş.

MƏSMƏ

 

Məsmə Elxana bütün varlığı ilə bağlanmışdı. Bir vaxtlar dünyalar qədər sevdiyi Kərimdən artıq soyumuşdu. Artq onu sevmirdi, hətta ondan iyrənməyə də başlamışdı. Kərim aylarla Rusiyada, bəzənsə İran, Türkiyə və Çində olurdu. Arada iki-üç günlüyə Bakıya gəlir, sonra yenidən iki-üç aylığa yoxa çıxırdı. Ərindən soyumasının, Elxana meyl etməsinin əsl səbəbi də elə bu idi. Əri Bakda olan günlər, təbii ki, onunla yatırdı. Buna məcbur idi. Amma artıq hiss edirdi ki, keçmişdə ondan duyduğu ləzzətdən əsər-əlamət belə qalmayıb. O, qadına Elxanın verdiyini verə bilmirdi. Odur ki, onunla yatmağa məcbur olduğu gecələr qadının həyatının, bəlkə də, ən əzablı gecələrinə çevrilirdi. Halbuki, sadəcə, bir neçə il öncə bu gecələr üçün bütün həyatını qurban verməyə hazır idi. Bir sözlə, zaman və aradakı uzaq məsafə öz işini görmüşdü. Kərim çıxıb getdikdən sonra isə Məsmə Elxanın yanına uçurdu, yox uçmurdu, qartal kimi şütüyürdü. Əvvəllər o da, Elxan da tutduqları əməldən vicdan əzabı çəkirdilər. Tədricən buna alışdılar. Ərinə xəyanət Msmənin həyat normasına çevrildi.

Məsmə özünə, əməlinə haqq qazandrmaq üçün ərinin də ona xəyanət etdiyini söyləyidi. Doğrudur, əlində sübutu yox idi. Amma özünü buna inandrmışdı. Və, əslində səhv də etmirdi. Kərim də Rusiyada özünə Nataşa adlı bir qadın tapmışdı, onunla yaşayırdı və ondan bir oğlu da olmuşdu. Məsmə isə ona bu xoşbəxtliyi, ata olmaq səadətini bəxş etmək iqtidarında deyildi. Əlbəttə, bu onun günahı deyildi və elə buna görə də Kərim onu boşamağı düşünmürdü. Amma artıq Kərim də Məsmədən soyumuş, bütün meylini Nataşaya və oğluna salmışdı. Artıq onlardan ayrı yaşaya bilmirdi. Onun üçün də Məsmə ilə keçirdiyi gecələr əzaba çevrilirdi. Ona görə də Bakıda iki-üç gündən artıq qala bilmirdi.

Kərimdən fərqli olaraq, Məsmə boşanmaq fikrində tam qəti və qərarlı idi. Fikrini ərinə söyləmək üçün Bakıya gəlməsini gözləyirdi. Kərimin bunu necə qarşlayacağını bilmirdi, ona görə də narahat idi. Bilsəydi, narahat olmazdı. Çünki bu təklif əri üçün xoş bir sürpriz olardı. Amma məsələ özü-özünə çözüldü. Kərimin Moskvadan ölüm xəbəri, ardınca isə meyidi gəldi. Məlum oldu ki, o, Rusiya paytaxtında çeçen və Azərbaycan mafiyaları arasında gedən qanlı rəqabətin günahsız qurbanına çevrilib. Kafedə oturub çörək yeyərkən, qəflətən içəri girib, ətrafdakıları gülləbarana tutan çeçənlərdən birinin avtomatından çıxan güllələr bədənini dəlmə-deşik edib. Güllələrdən biri başına deyib, ölmsinə də bu səbəb olub.

Kərimin meyidini hava limanından doğulduğu kəndə apardılar. Orada da torpağa tapşırdılar. Məsmə onun qırxı çıxana qədər orada qalası oldu. Bu qırx gündə Elxanla görüşə bilmədilər. Doğrudur, hər cümə axşamı Elxan da, Rəşid müəllim də, Gülzar, Fuad və Günay da kəndə gələr, yas məclislərində iştirak edər, axşamsa Bakıya qayıdardılar. Onlar mərhumun qırxına da gəldilər və həmin gün Məsmə də onlara qoşulub Bakıya qaytdı və həmin gecə 40 günlük ayrılıqdan sonra sevgililər yenidən qovuşdular. Artq aralarında heç bir maneə qalmamışdı. Münasibətlərini rəsmiləşdirə də bilərdilər. Bu, Elxanın istəyi idi. Düşünürdü ki, bundan sonra münasibətləri günah mahiyyəti daşımaz və o da o biri dünya barədə düşünəndə əzab çəkməli olmaz. Odur ki, fikrini Məsməyə bildirdi:

-Məsməciyim, məncə evlənsək, münasibətlərimizi rəsmiləşdirsək, daha yaxşı olar. O zaman məhəbbətimizi başqalarından gizlətməyə ehtiyac qalmaz.

Məsmə gülümsündü:

-Gizli görüşməyə ona görə məcbur idik ki, mənim ərim var idi. İndisə mən azad qadınam. Kiminlə istərəmsə, onunla da görüşərəm. Madam ki, deyirsən, evlənək, evlənək də. Etiraz etmirəm. Amma rəsmiyyətsiz də artıq mən səninəm və bunu heç kəsdən gizlətmək fikrim yoxdur. İstəyirsən bütün aləmə car çəkim ki, səni sevirəm, yalnz sənə məxsusam və ölənə qədər də sənin olacağam.

-Aləmə car çəkmək istəyirsnsə, çək. Amma öncə evlənək, sonra.

-Nə deyirəm ki, amma bunu Günaya necə anladacaqsan?

Elxan bu barədə heç düşünməmişdi də. Gerçəkdən də bunu qızına necə anladacaqdı? Dünya çox qəribə şeydir. Bir problem bitməmiş, digəri ilə üzləşirsən və bütün ömrün problemlərlə uğraşmaqla keçir. Məsələ təkcə bunda olsaydı, nə vardı ki. Elxanın başqa bir problemi də vardı. Daha doğrusu, bu onun Rəşidlə ortaq problemi idi. Yaşamaq üçün pul, bunun üçünsə işləmək lazım idi. İşləmək, hər gün universietə getmək, tələbələrə illərlə danışdıqlarını təkrar – təkrar danışmaqdan artq bezmişdilər. Bu, onlara yeni maraqlarını gerçəkləşdirməyə, parapisixologiya sahəsində real faktlara, misilsiz eksperimentlərə əsaslanan yeni əsərləri üzərində tam qüvvəsi ilə işləməyə, yeni eksperimentlər keçirməyə çox mane olurdu. Əvvəllər universitetə getməkdən, dərs deməkdən, yeni mütəxəssislər ordusu yetişdirməkdən zövq alardılar. Çünki başqa maraqları yox idi. İndisə vəziyyət tamam dəyişmişdi.

Məsmə ilə bağlı problemin çözüm yolu çox asan tapldı. Sevgililər qərara gəldilər ki, Rəşid istisna olmaqla, hamıdan xəbərsiz öncə məscidə gedib imam nigahı bağlasınlar, sonrasa ər-arvad münasibətlərini VVAQ idarəsində rəsmiləşdirsinlər. Fəqət bunu heç kəsə deməsinlər və yenə də ayrı yaşadıqları görüntüsü yaratsınlar. Münasibətlərinisə gizli davam etdirsinlər. Belə qərara gəldilər və belə də etdilər. Onları çətin vəziyyətdən Rəşid çıxardı. O, məsələni Gülzara açdı, ondan Günayla söhbət etməsini xahiş etdi. Gülzar da Günayla söhbət etdi. Söhbətinə isə belə başladı:

-Günay, qızım, deyirəm atan da tək qalıb, darıxır. Bəlkə, onunla danışasan, evlənsin, o da bu yaşında rahatlıq tapsın.

Günay dedi:

-Vallah, məndən olsa, mən onun evlənməsini hamdan çox istəyirəm. Amma inanmıram ki, buna razı olsun. Məsələn, qonşumuz Məsmə xala çox yaxşı qadındır. Onun da əri rəhmətə gedib, tək qalıb. Məncə bir – birilərinə çox yaraşardılar. Amma anam öləndə atam özünə söz verib ki, bir də heç vaxt evlənməsin.

Günayın Məsmənin adını çəkməsi Gülzarı daha da həvəsləndirdi:

-Hə, qızım, məncə də atan üçün ən yaxşı namizəd elə Məsmə xanımdır. Çox təmizkar, səliqəli, dürüst qadındır. Bəlkə, atanla danışasan.

-Yox. Mən bacarmaram, – deyə Günay etiraz etdi, – atamla aramızda pərdə var. Biz onunla heç vaxt bu mövzuda söhbət etməmişik. İnanmıram ki, bu barədə danışsam, bu onun xoşuna gələr.

-İstəyirsənsə, Rəşidlə danışım, atanla biz söhbət edək.

Günay gülümsündü:

-Əlbəttə, istəyirəm. Atamın düşməni deyiləm ki.

Söhbət bununla da bitdi. Rəşid gəlininin fikrini Elxanla Məsməyə çatdıranda onların necə sevindiklərini görmək lazım idi. Bir müddət sonra hər şey normal axarına düşdü. Elxan və Məsmə evləndiklərini hər kəsə bildirdilər və restoranda kiçik bir şadyanalıq da düzəltdilər. Məclisə Rəşidgildən başqa Elxanla Məsmənin bir neçə iş yoldaşı və qonşular gəlmişdilər. Yedilər, içdilər, rəqs etdilər və dağılışdılar. Hər kəs məmnun görünürdü. Hamıdan çox isə Günay sevinirdi. Sonra isə birlikdə başqa bir hadisəyə sevinməli oldular. Fuadla Günayın bir qızı oldu. Adını rəhmətlik nənəsinin şərəfinə Sevinc qoydular.

Bununla belə, Elxanla Rəşidin ortaq problemi hələ də gündəlikdə ən əsas məsələ kimi dururdu. Hər ikisi universitetdən ayrılmağa qərarlı idilər. Amma bunun üçün əlavə maliyyə qaynağı tapılmalıydı. Bu maliyyə qaynağını onlar üçün Məsmə təmin edə bilərdi. Keçmiş ərinin vəfatından sonra bütün ortaq mülk və maddi vəsaitləri bütünlüklə ona qalmışdı. Və o da həmin vəsaiti dostların eksperimentlərinə sevə-sevə xərcləməyə hazır idi. Amma Elxanla Rəşid qadın tumanına sığınan kişilərdən deyildilər. Odur ki, başqa bir yol tapılmalıydı. Dostlar idman lotoreyası ilə təcrübəni bir də təkrar etməyə qərar verdilər.

Yenə də axşam saat 21.00-da hamı, o cümlədən Məsmə Rəşidgildə toplaşmışdılar. Balaca Sevincdən başqa hamı böyük həyacanla televizor qarşısında oturub, səbirsizliklə saatın əqrəblərinin 21.15-i göstərməsini gözləyirdilər. Körpə isə artıq çoxdan şirin yuxuda idi. Keçən dəfə olduğu kimi, bu dəfə də məhz həmin vaxt “AzTV” ilə idman lotoreyasının növbəti tirajının nümayişi başlayacaqdı. Yenə də əvvəlki kimi hər kəsin əlində 6 rəqəmin yazıldığı bir kağız parçası vardı. Əslində, onlara bu dəfə də heç bir ehtiyac yox idi. Çünki yenə də rəqəmlərin hamısını artıq hər biri əzbər bilirdi. Üstəlik də lotoreya bileti masanın üstündə idi. İstədikləri vaxt ona nəzər sala bilərdilər. Çıxması gözlənilən rəqəmlər isə bu dəfə bunlar idi: 8, 11, 20, 34, 36 və 41. Onları arzusunda olduqları andan yenə də sadəcə 15 dəqiqə ayırırdı. Yenə də 15 il qədər uzun çəkən həmin 15 dəqiqə…

Həmin gün baş verənləri Elxan Rəcəblinin gündəliyindən oxuyaq:

“24 may, 2010-cu il.

Bu gün sevincimin həddi – hüdudu yoxdur. Dünən lotoreyamız uddu. 98 min manatlıq cekpota sahib olduq. Özü də buna görə həmin məbləğdən vergi-filan da tutulmayacaq.

Gecə evə gec gəldiyimdən və həddən artıq çox içdiyim şampan şərabından başım gicəlləndiyindən dünən baş verənləri bu gün yazmağa məcburam. Başım o qədər ağrayırdı ki, yatağa uzanmağımla yuxuya getməyim bir oldu. Yaxşı ki, Məsmə Rəşidgildə qalmmışdı. Yoxsa indi onun üzünə baxa bilməzdim. Amma yəqin ki, günahımdan keçərdi. Axı, 8 nəfərə birlikdə 98000 manat udmuşuq. Doğrudur, Məsmə təkbaşına bu pulun 15-20 mislinə sahibdir. Və onun udduğumuz pula ehtiyacı yoxdur. Əri olsam da, mənim də onun puluna ehtiyacım yoxdur. Kişi qadına möhtac olmamalıdır. Ər arvadının yox, arvad ərinin çörəyini yeməlidir.

Nə isə, mövzudan uzaqlaşmaym. Artıq mən də, Rəşid də işdən çıxa və sevimli işimizlə məşğul ola bilərik. Düzdür, bir aydan sonra onsuz da məzuniyyətə çıxacağıq. Amma yenə də olsun. Ömrümüzdə sahib olmadığımız qədər pula sahib olmuşuq. Fuadla Günay da, nəhayət ki, arzularında olduqları avtomobili ala biləcəklər. Gülzar da, yəqin ki, mənimlə Rəşid üçün çoxdan gözaltı etdiyi kostyumları alacaq. Ən böyük hədiyyəsini isə, təbii ki, nəvəsinə edəcək.

Yenə də əsas mövzudan uzaqlaşdım. Nə isə… Bu dəfə də, keçən dəfəki kimi, lotoreya biletini masanın üzərinə qoymuşduq. Uğur qazanacağımıza heç bir ümid və inamımız olmasa da, masann üsündə şampan şərabı və 7 qədəh düzülmüşdü. Sonradan Günay Sevinc bala üçün də simvolik bir qədəh əlavə etdi. Yenə də əllərimizdə üzərində 6 rəqəm yazılmış kağız tutmuşduq və yenə də keçən dəfə olduğu kimi, kağızlardakı rəqəmlərlə çıxan şarların nömrələri tam üst-üstə düşdü. Amma o dəfəkindən fərqli olaraq, heç birimiz masaya yaxınlaşmağa və biletə baxmağa cəsarət etmirdik. Nə qədər ki, baxmamışdıq, nəyəsə ümid etmək olardı. Baxsaydıq və oradakı rəqəmlərin yenidən özü-özünə dəyişdiyini görsəydik, ümiddən doğan və hər birimizə hakim olan xoş hisslər bircə saniyənin içərisində yerlə bir olacaqdı.

Hamımız yerimizdə donub qalmışdıq. Həyacanla bir-birimizə baxırdıq. İlk addımı kimin atacağını gözləyirdik. Fəqət heç kəs pis xəbər söyləmək istəmədiyindən masaya yaxınlaşmaq istəmirdi. Hərçənd ki, xəbər yaxşı da ola bilrdi. Amma biz buna az inanırdıq. Doğru deyiblər ki, ilan vuran ala çatıdan qorxar. Biz də, əslində, qorxurduq. İçimizdən ən cəsarətlisi Məsmə çıxdı. Bu da təbbi idi. Keçən dəfə o bizimlə olmamış, biz çəkənləri çəkməmişdi. Üstəlik də pullu qadın olduğundan biletin udub-udmayacağı şəxsən onun üçün bir o qədər də önəm daşımırdı. Sadəcə, bizə görə narahat idi.

Nəhayət, Məsmə masaya yaxınlaşıb bileti götürdü, baxd və müəmmalı bir şəkildə gülümsədi. Onun bu təbəssümündən bir şey anlamaq olmurdu. Hamımız diqqətlə ona baxırdıq. O isə, sanki, ürəyimizi üzməkdən zövq alıdı. Bir- bir hamımıza nəzər saldı. Gözləri Fuada sataşanda dedi:

-Fuad, oğlum, gəlib şampanı partlada bilərsən. Bu sözlər hər birimizin dərhal masya yaxınlaşmağımıza və acgölüklə Məsmənin artq yenidən masann üzərinə qoyduğu biletin nömrələrinə baxmağımıza səbəb oldu. Bəli, heç bir şübhə yox idi. Rəqəmlər dəyişməmişdi. Olduğu kimi dururdu. Həmin an hansı hissləri keçirdiyimizi sözlə ifadə etmək mümkün deyil. Səs-küyümüzlə körpəni də oyatdıq.

Günay uşağın səsinə o biri otağa keçdi. Fuad qədəhlərə şampan süzdü. Rəşid isə ömrümün sonuna qədər unutmayacağım bir tost söylədi. Dedi:

-Gerçəkdən də Allahın qüdrəti qarşısında hər şey acizdir. Onun elminə elm çata bilməz. Nəyi nə vaxt və necə edəcəyini də Ondan başqa kimsə bilə bilməz. Hamınız, Məsmə xanım, istisna olmaqla, keçən dəfə nəyin baş verdiyini yaxşı xatırlayırsınız. Məsmə xanıma da danışmşıq, o da məsələdən xəbərdardr. Bu gün isə gözləmədiyimiz halın şahidi olduq. 45 mini bizə verməyən Allah gözləmədiyimiz halda bizə 98 min hədiyyə etdi. Görünür, aliəmizin artmasını, yəni Məsmə xanımla Sevinc balanı da nəzərə alıb. Doğrudan da Onun ədalətini üstələyəcək bir ədalət yoxdur.

Madam ki, Allah-Təala bizə bu cür lütf edib, bizim də onun əmrinə əməl edərək, bir dəfəlik şərabdan imtina etməyimiz lazımdır…”

Yer-yerdən ucalan “Doğrudur” sözləri, masanın üstünə qoyulan qədəhlər onu bir neçə saniyəliyə susmağa məcbur etdi. Özü də qədəhi yerə qoydu. Gülzarla Məsmə masanın üstündəki şüşəni və qədəhləri yığışdırıb, mətbəxə keçdilər. Qadınlar əllərində çay və şiriniyyat döndükdən sonra Rəşid yarımçıq qalmış çıxşını belə tamamladı:

“…Məni başa düşdüyünüzə və dəstəklədiyinizə görə təşəkkür edirəm.”

Bu, tost, daha doğrusu nitq hammzın həyatında bir dönüş nöqtəsi oldu. Doğrudan da qəribədir. Az qala, səhvə yol verib, Allahın lütfünü şərabla qeyd edəcəydik. Amma səhv etmədik. Sevincimizi birgə çayiçmə ilə qeyd etdik.

Hələlik bu qədər. Bu gün baş verəcəkləri isə axşam yazaram.”

***

 Ayın 25-də səhər tezdən Rəşid Elxangilə gəldi və qəlyanaltısını onlarda etdi. Bu gün yeni bir eksperiment, daha doğrusu, bir neçə eksperiment keçirməyə qərar vermişdilər. Əvvəllər cansız əşyalarla etdikləri teleportasiya əməliyyaını bu gün canlı varlıqla, Məsmənin sevimli tutuquşusu ilə, daha sonra isə canlı insanla keçirməyə hazırlaşırdılar. Bunun üçün dünən bütün günü Məsməni dilə tutmuşdular və çətinliklə də olsa, razı sala bilmişdilər.

Qəlyanaltıdan sonra dostlar, ardınca da Məsmə qonaq otağına keçdilər. Məsmənin tutuquşusu masanın üstündəki qəfəsdə idi. Üçü də masanın arxasına oturdular. Qadının bərk həyacan keçirdiyi, razılıq verdiyinə görə peşiman olduğu açıq-aydın sezilməkdəydi. Amma artıq gec idi. Rəşid telefonunu çıxarıb, Gülzara zəng etdi:

-Hə, necəsiz, hazırsınızmı? Yaxşı. Nə isə biz başlayırq. Otaqdan çıxın qapı-pəncərəni də bağlayın.

Rəşid telefonu qapatdıqdan sonra üzünü dostuna tutdu:

-Sən necə, hazırsanmı?

Elxan gülümsəyərək:

-Mən həmişə hazıram. Amma bir şeyi başa sal, dəqiq bilim. Quşu qəfəslə sizə göndərəcəyik, yoxsa qəfəssiz?

-Bax, bu barədə heç düşünməmişəm. Biz də qəfəs olmadığı üçün qəfəsdə göndərsək, məncə, daha yaxşı olar,- deyə Rəşid cavab verdi.

Elxan:

-Birdən yolda qəfəs quşu zədələdi, onda necə?

Məsmə həyacanla söhbətə müdaxilə etdi:

-Belə də ola bilər?!

Rəşid qadını sakitləşdirmək üçün dedi:

-Narahat olma. Belə ola bilməz. Amma hər halda, hər ehtimala qarşı, quşu qəfəssiz göndərsək yaxşıdır.

Nəsmə əlini qədəsə uzadıb qapısını açmaq istədi. Elxan onun əlindən tutub, imkan vermədi:

-Yox, ehtiyac yoxdur.

-Bəs, quş qəfəsdən necə çxacaq?-deyə Məsmə soruşdu.

-Bu evdən necə çıxacaqsa, qəfəsdən də eləcə çıxacaq,- Elxan cavab verdi,-indi özün görəcəksən.

Rəşid:

-Nəysə, başlayaq.

Elxan:

-Başlayaq.

Rəşid:

-Hansı gücə və istedada sahib olduğunu bilirsən. İndi diqqətlə quşa baxacaq və onu fikrinin gücü ilə bizim evə göndərəcəksən. Hazırlaş! Başla!

Elxanın diqqətlə quşa baxması ilə onun qəfəsdən yoxa çıxması bir oldu.

Məsmə gözlərinə inanmayaraq başını döndərib tutuquşusunu otaqda axtarmağa cəhd etdi. Rəşid gülümsəyərək dedi:

-Məsmə bacı, narahat olma, quş artq bizdədir.

O, telefonunu çıxarıb, yenidən nömrəni yığdı:

-Nə oldu, gəldimi? Əla! Indi telefonu Məsmə bacıya verəcəyəm, özün söylə. Yoxsa, bir az narahatdır.

Rəşid telefonu qadına uzatdı. Məsmə onu qulağına yaxınlaşdırdı:

-Sabahın xeyir, Gülzar.

Bu sözləri deyib, Gülzarı dinləmək üçün susan Məsmə hələ də gözlərinə və qulaqlarını inanmır, baxışları ilə tutususunu otaqda axtarmaqda davam edirdi. Amma quş yoxa çıxmışdı və Gülzar onun artıq onların qonaq otağında ora- bura uçduğunu təsdiq edirdi.

Məsmə Gülzarla sağollaşıb, telefonu Rəşidə verdi. O isə arvadına dedi ki, indi təcrübənin ikinci hissəsinə başlayacaqlar, yenidən otaqdan çıxıb,  qapını bağlasınlar. Sonra telefonu qapayıb, cibinə qoydu və üzünü dostuna tutdu:

-Hə, Elxan bəy, eksperimentin ikinci hissəsinə keçəkmi?

-Keçək, mən hazıram. Başlaya bilərsən.

Rəşid dedi:

-Diqqətli ol. Hansı gücə və istedada sahib olduğunu sənə bir daha təkrar edirəm. Sən çox güclüsən və indi fikrinlə quşu geri qaytaracaqsan. İndi diqqətlə qəfəsə baxacaq və quşu fikrinin gücü ilə yenidən qəfəsinə qaytaracaqsan. Sən bunu mütləq bacaracaqsan. Başla!

Elxan diqqətlə qəfəsə baxdı və elə həmin an tutuquşu yerinə qayıtdı. Məsmə sevincək qəfəsi açıb, əlini içəri saldı, quşu çıxardı, onu öpüb oxşamağa başladı:

-Gözəl tutum mənim. Sevimli quşcuğazım!

Sonra onu yenidən öpüb, yerinə ötürdü. Elə bu an Rəşidin telefonu zəng çaldı. Zəng edən Gülzar idi, qonşu otaqdan quşun səsinin daha gəlmədiyini söylədi, eksperimentin bitib-bitmədiyini soruşdu.

Professor cavab verdi:

-Hə, narahat olma, quş artıq yerindədir. Otağa keçməyin, bir dəqiqə sonra Məsmə xanımı yanınıza göndərəcəyik…. Ay qız, dedim ki, narahat olmayın, hər şey yaxşı olacaq. Məsmə xanım narahat deyil, siz narahat olursunuz…. Yaxşı-yaxşı!

O, telefonu qapayıb yenidən cibinə qoydu, sonra isə üzünü Məsməyə tutdu:

-Hazırsanmı, Məsmə xanım.

Maraqlıdır ki, quşu üçün son dərəcə böyük narahatlıq keçirən bu qadın özü üçün zərrə qədər də rahatsızlıq keçirmirdi. Ondan divanda oturmağı xahiş etdilər. O da oturdu. Sonra Rəşid növbəti dəfə Elxanı hiptnoz edib, ona güclü olduğunu və fikrinin gücü ilə Məsməni onlara göndərə biləcəyini təlqin etdi. Əmrini verdi və Elxan arvadına tərəf döndü. Dönməsi ilə qadının oturduğu yerdən yoxa çıxması bir oldu. Rəşid dərhal telefonunu çxarıb Gülzara zəng etdi, Məsmənin onlarda peyda olub-olmadğını soruşdu, müsbət cavab alıb dostunu müjdələdi. Ardınca isə telefonla Gülzara dedi ki, indi də onu qarşılamağa hazırlaşsınlar.

İTKİN DÜŞMÜŞ PROFESSOR

 

Əvvəlcədən planlaşdırdıqları kimi, növbə Rəşid Hüseynbəylinin özünə çatmışdı. O, dostuna dedi:

-Qətiyyən narahat olma. Evimizə çatan kimi sənə zəng edəcəyəm. Zəng səsini eşidən kimi trans vəziyyətdən çıxacaqsan. Hazırsanmı?

-Hə, – deyə Elxan müəllim cavab verdi.

-O zaman başlayaq,- Rəşid yerindən qalxıb, divana əylşdi,- hazır ol. Gücünü artıq bilirsən, quşu və Məsməni bizə göndərdiyin kimi, indi də məni göndərəcəksən. Sənin buna gücün yetəcək. Hazır ol! Başla!

Elxan diqqətlə ona baxdı və baxması ilə dostunun yoxa çıxması bir oldu. Özü isə yerində donub qaldı. Trans vəziyyətdən çıxması üçün telefon zəngini eşitməsi lazım idi. Zəng isə gəlmədi. Yaxş ki, evdə kimsə yox idi. Onun evin ortasında heykəl kimi durduğunu görsəydilər, yəqin ki, öncə zarafat etdiyini, rol oynadığını düşünər, sonra isə dəhşətə gələrdilər.

Elxan beş dəqiqəyə yaxın bu vəziyyədə qaldı. Zəng isə gəlmirdi ki, gəlmədi. Və nəhayət telefonu zəng çaldı. Professor trans vəziyyətdən çıxaraq, özünə gəldi. Dərhal telefonunu götürdü, adəti üzrə nömrəyazana baxdı. Zəng edən Rəşid yox, Məsmə idi. Telefonunu açıb, “alo” dedi. Eşitdiyindən şoka düşdü:

-Bəs, nə oldu. Rəşid müəllim nə zaman gələcək?

Elxan öncə həyat yoldaşının onunla zarafat etdiyini sandı, zarafatla dedi:

-Professor Hüseynbəyli yolüstü bulvara dəyməyə qərar verib.

-Elxan, heç zarafatın yeridir? Gülzar xanımla Günay burada ürəklərini yeyiblər, sənsə zarafat edirsən. Nə olub orada?!

Rəcəbli həyat yoldaşının səsindən onun zarafat etmədiyini anladı, amma yenə də inanmadı:

-Ay qız, zarafatı mən edirəm, yoxsa sən?

-Mən zarafat-filan etmirəm. De, görüm, orada nə baş verir?

Həmin an Elxanın sifətini görmək lazım idi. Dəhşətdən əl-qolu əsməyə səsi titrəməyə başladı:

-Məsmə, zarafat etmə, onu evlərinə göndərmişəm.

-Necə göndərmisən, gəlib çıxmayıb, axı.

-Gözləyin, indi gəlirəm. – Elxan telefonu qapatdı. 20 dəqiqə sonra artıq Rəşidgildə idi. Yol boyu, Gülzar da, Məsmə də, Fuad da, Günay da ona üst-üstə azı 10 dəfə zəng etmişdilər. O isə, nə deyəcəyini bilmədiyindən zənglərə cavab verməmişdi. İçəri girər-girməz, qadınların doluxmuş, həyacanlı və sual dolu baxışları ilə üzləşdi. Təkcə Fuad özünü təmkinli aparırdı. Belə də olmalı idi. Axı, o, evdə yeganə kişi idi.

Elxan günahgarcasına və özünə haqq qazandırırcasına yazıq-yazıq dedi:

-Mən onu göndərdim, o isə, sözlərinizdən belə çxır ki, evə dönməyib, müəmmalı şəkildə yoxa çıxıb.

Bu sözlər qadınıların hönkür-hönkür ağlamasına səbəb oldu. Gülzarla Günayı başa düşmək olar. Məsmə niyə belə ürəkdən ağlayırdı, bunu başa düşmək çətin idi. Elxan nə deyəcəyini bilmirdi. İşə Fuad müdaxilə etməli oldu:

-Nə olub, niyə ağlayırsınız? Sanki, atam rəhmətə gedib. Bir qədər gözləmək lazımdır. Harada olsa, indi gəlib çıxar, ya da zəng edər? Səbirli olun.

Qadınlar, sanki, bu sözə bənd imişlər. Ağlamağa necə birdən başlamışdılarsa, eləcə də birdən susdular. Ümidsiz gözlərində ümid qığılcımları parlamağa başladı. Fuad Elxanın qolundan yüngülcə çəkdi və onlar o biri otağa keçdilər. Fuad sakitcə soruşdu:

-Sizcə, nə baş verib?

-Vallah, bilmirəm, – deyə Elxan müəllim cavab verdi, – ola bilsin harasa başqa bir yerə teleportasiya olub və sən demişkən, inşallah, bir xəbər gələr.

Fuad:

-İnşallah! Ona min dəfə dedim, ata, risq etməyin. Amma qulaq asmadı. Məncə, indi əsas məsələ qadınları sakit etməkdir, onlara təsəlli verməliyik. Gəlin yalandan deyək ki, guya indicə atam zəng etdi və guya dedi ki, səhvən İrana düşüb. İndi Tehrana getməlidir ki, səfirliyimiz ona geri qayıtmağa yardımçı olsun.

Elxan dərhal razılaşdı:

-Hə, ağıllı fikirdir. Amma bəlkə, br az da gözləyək.

Fuad:

-Nə deyirəm ki, gözləyək. Başına bir şey gəlməyibsə, mütləq zəng edəcək.

Elxan:

-Amma, bəlkə, doğrudan da hansısa xarici bir ölkəyə düşüb. Təbii ki, oradan “Baksell”lə zəng etmək mükün deyil. Cibində də, ola bilsin ki, o qədər pul yoxdur ki, yerli nömrə alsın. Yox, pulu varsa, onu öncə yerli valyutaya çevirməli, sonra nömrə almalıdır. Ortada dil baryeri ola bilər. Nömrə alsa, gərək Azərbaycanın kodunu öyrənsin. Yəni min cür problem ola bilər.

-Yox, kodu öyrənməklə bir problemi olmamalıdır, çünki kodu bilir, – deyə Fuad bildirdi. – Bunu dəqiq bilirəm. İngilis dilini də bilir. İndi dünyada elə bir ölkə yoxdur ki, bu dili bilən kiməsə rast gəlməyəsən. Bu da problem deyil. Ola bilsin, cibində pul yoxdur. Bax, bu problem ola bilr. Hər halda, istənilən ölkədə polis var və polisə müraciət etmək olar. Nə isə… gözləmək lazımdr.

***

Hər kəs gözləyir, Allaha ümidlə dua edirdilər. Rəşidin telefonuna dəfələrlə zəng etsələr də, eyni cavabı eşidirdilər: “Zəng etdiyiniz telefon ya söndürülüb, ya da şəbəkə xaricindədir”. Artıq axşam olmuş, qaş qaralmışdı. Amma Rəşiddən hələ də bir xəbər yox idi. Nə qədər qəribə olsa da, qadınlar da eynən kişilər kimi özlərini çox sakit və mətanətli aparırdılar. Əvvəlki panikadan əsər-əlamət belə qalmamışdı. Və nəhayət, hər kəsin böyük həsrətlə gözlədiyi zəng gəldi. Zəng çalan Fuadın telefonu idi. Fuad dərhal nömrəyazana baxıb, sevincək halda dedi:

-Atamdır.

Hamı bir ağızdan şükür etdi. Fuad telefonu açdı:

-Hə, ata. Haradasan?.. Nə?.. başa düşmürəm!.. Ata, səsin çox pis və xırıltılı gəlir… Heç nə başa düşə bilmirəm…

O, telefonu qulağından ayırıb, məyus halda bildirdi ki, atası telefonunu qapadı. Dərhal da özü atasının nömrəsini yığdı. Lakin yenə də eyni sözləri eşitdi: “Zəng etdiyiniz telefon ya söndürülüb, ya da şəbəkə xaricindədir”.

Nə olursa-olsun, əsas o idi ki, Rəşid zəng etmişdi. Fuad bir şey başa düşməsə də onun səsini tanımışdı. Heç bir şübhə yox idi. Zəng edən Rəşid idi. Bu isə o demək idi ki, sağ-salamatdır. Haradasa uzaqdadır. Amma salamatdır. Bu zəng hər kəsi gerçəkdən də rahatlatdı. Fuad üzünü Elxana tutdu:

-Elxan dayı, narahat olmayn, evə gedin. Sizə ya bizə zəng gəlsə, bir-birimizi dərhal xəbərdar edərik. Əsas odur ki, indi tam dəqiq bilirik ki, atam sağ-salamatdır. Elə bunu bilmək kifayətdir.

Elxan kürəkəni ilə razılaşdı və Məsməyə hazırlaşmasını buyurdu. Fəqət Gülzar irəli durub, Məsmənin onlarda qalmasını xahiş etdi. Elxan etiraz etmədi. Günay atasına da onlarda qalmağı təklif etsə də, professor razılaşmadı, xudahifizləşib evinə getdi. Və nə yaxşı ki, getdi…

***

Professor qapını açıb içəri girdi, işığı yandırdı. Ayaqqabılarını soyunub, evə daxil oldu. Televizoru yandırdı, divana çöküb, seyr etməyə başladı. Elə bu dəm telefonu zəng çaldı. Zəng edən Rəşid idi. Dərhal telefonunu açdı və “alo” dedi. Amma o da bir müddət öncə olduğu kimi, yəni eynən Fuad kimi heç nə başa düşmədi. Səs çox zəif və xırıltılı gəlidi. Amma heç bir şübhə yox idi, səs dostununku idi:

-Alo, Rəşid, səsin çox zəif və xırıltılı gəlir. Heç nə başa düşə bilmirəm… De, görüm, haradasan?.. Harada?.. Vallah heç nə anlaya bilmirəm… Dur, qoy, mən sənə zəng edim.

Elxan telefonunu qapatdı. Rəşidin nömrəsini yığdı və gün ərzində, bəlkə də, əllinci dəfə eyni sözləri eşitdi: “Zəng etdiyiniz telefon ya söndürülüb, ya da şəbəkə xaricindədir”. Odur ki, bu dəfə Fuadın nömrəsini yığdı. Bir neçə saniyə öncə baş verənlər barədə onu məlumatlandırdı. Bu məlumatın onlar üçün hansı önəm daşıdığını çox yaxşı başa düşürdü. Telefonu qapatdıqdan sonra yenidən televizora baxmağa başladı. Hansısa, tanımadığı gənc bir xanəndə “Bayatı-Şiraz” oxuyurdu. Əslində, Elxan onu dinləmirdi, fikri-zikri Rəşidin yanında idi. Amma narahatçılıq üçün əsas yox idi. Artıq dəqiq məlum idi ki, dostu sağ-salamatdır və yaxınları ilə əlaqə yaratmağa çalışır, fəqət rabitədə olan problemlər ona fikirlərini çatdırmağa imkan vermir. Elə bu an növbəti möcüzə baş verdi. Televizorun ekranı bir saniyəliyə qaraldı, tutulub-açıldı, gözlənilmədən ekrandakı xanəndəni Rəşid əvəz etdi. Gözlərinə inanmayan Elxan bir qədər irəli əyildi, gözlərini ovuşdurdu və eşitdikləri onu şoka saldı. Rəşid ekrandan bilavasitə ona müraciət edirdi:

-Nə olub, dostum, gözlərinə inanmırsan? Məni öz televizorunun ekranında görə biləcəyini gözləmirdin?

Əvvəlcə, Elxan dostunun ekrandan bilavasitə ona müraciət etdiyini anlamadı. Tez telefonunu çıxarıb, Fuada zəng etmək, ona televizorda atasını göstərdiklərini demək istədi. Çünki hələ bilmirdi ki, Rəşid sadəcə onun televizorunun ekranında peyda olub və məhz onunla danışmaq istəyir. Dostu ekrandan növbəti dəfə ona müraciət etdi:

-Elxan, səninləyəm. Telefonunu qoy yerə. Məni ancaq sən görürsən. Başa düşmədin, danış mənimlə.

Elxan müəllim, deyəsən, nəyin baş verdiyini anladı, telefonu yerinə qoydu və inamsız halda ekrandakı dostundan soruşdu:

-Sən məni eşidirsən?

-Əlbəttə ki, eşidirəm və hətta görürəm də. Divanda oturmusan. Mil-mil köynəyindəsən. İndi başa düşdün?

-Hə,-deyə Elxan cavab verdi. – Sən haradasan?

-Harada olduğumu deyəcəyəm, amma qayıtdıqdan sonra. İndisə dərhal bizə zəng elə, qoy, sizə gəlsinlər, məni öz gözləri ilə görsünlər, danışsınlar və sağ- salamat olduğuma əmin olsunlar. Mən saat 23.00-da növbəti dəfə ekanda görünəcəyəm. Hələlik.

Bu sözlərdən sonra ekran yenidən qaraldı, tutulub-açıldı və yenidən “Bayatı-Şiraz” oxuyan xanəndə peyda oldu. Elxan saata baxdı. Saat 22.16 idi. Deməli, Rəşid 44 dəqiqə sonra yenidən ekranda peyda olacaq. Odur ki, dərhal Fuada zəng etdi və bütün ailə üzvləri ilə birlikdə təcili onlara gəlməsini söylədi. Təbii ki, Rəşidi öz gözləri ilə görə və hətta onunla danışa biləcəklərini də sözlərinə əlavə etdi.

***

30-35 dəqiqə sonra Fuadla Gülzar, elcədə, Məsmə artıq evdə idilər. Yalnız Günay körpəsinə görə gələ bilməmişdi. Elxan baş verənləri anlatdıqdan sonra Gülzarla Məsmə dərhal mətbəxə keçdilər. Fuadsa divanda, televizorun qarşısında yerini tutdu. Hazırda nümayiş etdirilməkdə olan “Nəsimi” filmini seyr etməyə başladı. Elxan da onun yanında oturdu. O, çox sevinirdi və təkcə dostunun sağ-salamat olduğuna görə yox. Həm də ona görə ki, Məsmə Gülzargildə qalası olmayacaqdı. Gecəni onunla keçirəcəkdi.

İki-üç dəqiqə sonra qadınlar mətbəxdən qəhvə fincanları ilə geri döndülər. Birlikdə qəhvə içə – içə həsrətlərində olduqları anın gəlməsini gözləməyə başladılar. Gözləməyə isə sadəcə 1 dəqiqə və bir neçə saniyə qalmışdı və onlar həmişəkindən ağır və ləng keçsələr də, hər halda, tez keçdilər. Saat düz 23.00-da televizorun ekranı qaraldı, tutulub-açıldı və ekranda professor Hüseynbəyli göründü. O gülümsəyirdi:

-Salamlar! Hamınızı bir yerdə görməkdən çox məmnunam. Amma Günay qızımla Sevinc balamı görmürəm. Səbəbi də, təbii ki, aydındır. Necəsiniz?

Fuad və qadınlar da tutlmuşdular. Elxan Fuadı dümsüklədi:

-Cavab verin də!

Fuad dərhal cavab verdi:

-Biz yaxşıyıq. Sən necəsən?

Rəşid ekrandan dedi:

-Görürsünüz ki, yaxşıyam. Gülzarım, sən niyə ağzına su almısan?

Gülzar, sanki, yuxudan oyand:

-Haradasan? Niyə gəlmirsən?

Rəşid:

-Çox uzaqdayam. Harada olduğumu qayıdandan sonra söyləyəcəyəm. İki həftə sonra evdə olacağam, narahat olmayın. Mənim əvəzimə Sevinc balanı öpərsiniz.

Gülzar:

-Tez qayıt, sənin üçün darxacağıq.

Rəşid “Tez qayıdacağam, mən də darıxacağam. İki həftə sonra görüşərik. Hamınzı öpürəm”-dedi və yoxa çıxdı. Ekranda Nəsiminin dərisinin soyulduğu səhnə canlandı. Elxan Gülzara müraciərlə dedi:

-Hə, Gülzar xanım, gördüyünüz kimi, Rəşd sağ-salamatdır. Narahatlığa bir əsas yoxdur.

Gülzar:

-Elxan, səncə indi o haradadr?

-Vallah, bilmirəm, – Elxan cavab verdi. O, doğrudan da dostunun indi harada olduğunu bilmirdi, amma paralel dünyada olduğunu zənn edirdi. Fəqət bunu söyləyib əlavə narahatlıq yaratmaq istəmirdi. Və o, zənnində yanılmamışdı.

PARALEL DÜNYALARA SƏYAHƏT

 

Elxangildə son eksperimentlərini keçirərkən, Elxan və Məsmədən fərqli olaraq, Rəşid onların bilmədiyi bir şeydən – özünün paralel dünyaya gedəcəyindən öncədən xəbərdar idi. Dostu ilə birlikdə ilk əvvəl tutuquşunu, daha sonra isə Məsməni Gülzarın yanına teleportasiya etdikdən sonra, əslində, Elxanı xəbərdar etmək istəmişdi. Fəqət dostunun qorxacağından və eksperimentdən imtina edə biləcəyindən ehtiyat etdiyi üçün susmağa üsünlük vermişdi. Bir gün öncə isə başına haqqında heç kəsə bir söz demədiyi maraqlı hadisə gəlmişdi. Bu gün onun özü televiziya ekranı vasitəsilə Elxanla əlaqəyə girdiyi kimi, həmin gün paralel dünya sakinnlərindən biri də eyni yolla onunla əlaqə yaratmışdı. Hadisə isə belə olmuşdu.

Gecə saat ikinin yarısı olardı. Hamı yatmışdı. Rəşid müəllm isə gözünə yuxu girmədiyindən televizoru seyr edir, sabahkı, əslində saat 24.00-ı keçdiyi üçün bugünkü eksperiment barədə düşünürdü. Televizorda nəyi seyr etdiyinin isə heç fərqində də deyildi. Birdən ekranda “humanoid” adlandırılan bir varlığın peyda olduğunu və deyəsən, onun adını çəkdiyini hiss etdi. Diqqətini cəmlədi və humanoidin “Salam Rəşid müəllim”-deyə ona müraciət etdiyini gördü və eşitdi. Amma gözlərinə və qulaqlarına inanmadı. Lakin humanoidin sonrakı sözləri şübhələrinə son qoydu:

-Hörmətli professor Hüseynbəyli, təəccüb etməyin, mən bilavasitə sizə müraciət edirəm.

Humanoidin ağzı yox idi, səsin haradan çıxdığı məlum deyildi. Amma bu telepatik yox, səsli müraciət idi. Böyük, bir qədər çəp, şüşəyəbənzər gözləri qətiyyən heç nə ifadə emirdi. Burnu da yox idi. Əvəzində iki deşik diqqət çəkirdi. Boz və gümüşü rənglərin qarışığına bənzər, bir qədər də yaşıla çalan bir rəngi vardı. Rəşid qeyri-ixtiyari cavab verdi:

-Siz mənimləsiz?

-Bəli, – deyə ekrandakı humanoid cavab verdi, – məhz sizinləyəm.

Rəşid artq şübhələrdən tam azad olmuşdu:

-Buyurun, diqqətlə sizi dinləyirəm.

Bundan sonra humanoidin Rəşidə bir qədər uzun görünən monoloqu başladı:

-Artıq həqiqətləri sizə söyləməyin vaxtı gəlib çatdı. Sizdə birdən-birə peyda olan bütün istedad və qabiliyyəti sizə bəxş edən bizik. Güzgü önündə sizin də, Elxan müəllimin də başına gələnlərin səbəbkarı da biz idik. Sizi insanlarla əlaqə yaratmaq və öz mesajlarımızı çatdırmaq üçün seçmişik. Təbii ki, Allahın izni olmasaydı, bunu edə bilməzdik. Bizm kim olduğumuzu bilirsiniz. Elm adamları bizə “humanoid”, müsəlmanlar “cin” deyirlər. Bunlar barədə sizə bizlərdən biri olan Tumas məlumat verib. Ürəyinizə pis şey gəlməsin deyə, bəri başdan bildirim ki, Qurandan da sizə məlum olduğu kimi, cinlərin və ya başqa sözlə, humanoidlərin bir qismi İslamı qəbul ediblər. Biz, o cümlədən mən, müsəlman olan cinlərdənik. Tumas isə kafir cinlərdəndir. Onu biz sizdən uzaqlaşdırdıq. Uzaqlaşdırdıq ki, sizə xətər yetirməsin və aramızda qurmaq istədiyimiz dostluq tellərinə ziyan vurmasın.

Sizi öz dünyamıza, sizin “paralel dünya” adlandırdığınız dünyaya dəvət edirik. Dəvətimizi qəbul etsəniz bunu ürəyinizdə düşünməyiniz yetərli olacaq. Biz dərhal bundan xəbərdar olacağıq. Çünki siz daim nəzarətimiz altındasınız. Qəbul edəcəyiniz halda, sabahkı teleportasiya sahəsində eksperiment zamanı sizə bizm dünyaya keçmnizə kömək edərik. Ailəniz barədə isə narahat olmaya bilərsiniz. Sizinlə onlar arasında əlaqə yaratmağa yardmçı olarıq. Bunu Elxan müəllimə deyib-deməmək sizin qərar verəcəyiniz məsələdir. Sağ olun”.

Humanoid sözünü bitirib dərhal yox oldu.

Rəşid müəllimin qərar verməsi üçün uzun-uzadı düşünməsinə ehtiyac yox idi. Hansı alim paralel dünyalara və ya da ən azı onlardan birinə səyahət etmək kimi maraqlı və cəlbedici təklifdən imtina edə bilər ki? Özü də o halda ki, səyahətin tam təhlükəsiz keçəcəyinə zəmanət verilir. Təbii ki, o, razı idi və bunu ürəyində dönə-dönə təkrar etdi.

***

İndi professor paralel dünyada idi. Teleportasiya zamanı birdən-birə özünü “UNO” (Uçan naməlum Obyekt) və ya sadəcə “uçan nimçə” adlandırılan obyektin içində bulmuşdu. Burada ondan başqa iki humanoid də vardı. Bir-birilərinə o qədər bənzəyirdilər ki, onları fərqləndirmək imkansız idi.  Humanoidlər dərhal onunla dialoq qurdular. Bunu telepatik yolla, yəni səssiz-sözsüz etdilər. Humanoidlərdən biri dedi:

-Gəmimizə xoş gəldiniz, professor.

Rəşid:

-Xoş gördük.

-Çox şadıq ki, dəvətimizi qəbul etdiniz. Öncə icazə verin sizə sizlərin “paralel dünyalar”adlandırdığınız dünyalardan bir neçəsini göstərək. Onlar sizin və bizim dünyadan məkan və zaman ölçüləri ilə fərqlənirlər. Bu barədə müəyyən nəzəri təsəvvürə artıq maliksiniz. İndisə praktiki biliklərə sahib olacaqsnız.

Birinci humanoid:

-Şüurlu varlqlar, mələkləri hesaba almasaq, yalnız sizin və bizim dünyalarda yaşayırlar. Digər dünyada həyat olsa da, şüurlu varlıqlar yoxdur. Biz onları gəzib-dolaşa bilirik. Bizə sadəcə mələklər dünyasına getmək qadağandır və bu, əslində, bizim imkanlarımız xaricindədir. Digər dünyalara isə asanlıqla səyahət edirik. Bunun üçün sürəti artırıb-azalmaqla nail oluruq.

İkinci humanoid:

-Zamanın sürətə görə dəyişdiyini, yəqin ki, bilirsiniz?

Rəşid ürəyində cavab verdi:

-Təbii ki, bilirəm. Bunu bizdə orta məktəblərdə keçirlər.

İkinci humanoid:

-Bilirik. Madam ki, unutmamısınız və bilirsiniz, onda ardını izah edim. Sürəti tənzimləməklə müxtəlif zaman axımlarına keçirik. Təbii ki, həmin an həmin zamanların axdığı məkana düşürük. İndi biz sizin təsəvvürünüzlə desək, “x, y, -z” məkanındayıq. Təklif edirəm illüminatora yaxınlaşıb baxasınız…

Rəşid gəminin illüminatoruna yaxınlaşdı. Ətrafa baxdı və burada bizim meşələrdən forma və rənglri ilə fərqlənən qəribə bir meşə gördü. Onun forma və rənglərini izah emk üçün leksikonumuzda lazımi sözlər olmadığı üçün oxucularımdan üzr istəyərək, söhbətimizin davamına keçək.

Rəşid müəllim bu əsrarəngiz mənzərini seyr edir, humanoid sözünə ara vermədən danışırdı:

-…Mələklər bizdən fərqli olaraq keçmişə də səyahət edə bilirlr. Biz isə gələcəyə gedə bilirik, amma keçmişə səyahət edə bilmədiyimizdən geri dönə bilmirik. Tez-tez sürət dəyişməli olduğumuzdan, qeyri-ixtiyari gələcəyə sıçrayırıq. Ona görə də ailə üzvlərimizdən ayrı düşməmək üçün gəmi heyətləri həmişə eyni ailənin üzvlərindən seçilir. Biz də ər-arvadıq. Övladlarımız olmadığından iki nəfərik. Övladları olan ailələr də eyni gəmilərdə hərəkət edirlər. Onların heyəti bu üzdən daha çox olur…

Bu sözləri eşidən Rəşid müəllim özündən asılı olmayaraq, humanoidlərə tərəf döndü və onlardan hansının kişi, hansınınsa qadın olduğunu müəyyənləşdirmək istədi. Fəqət aralarında bir fərq hiss etmədi. Humanoid isə ara vemədən sözünə davam edirdi:

-… Zamanda tez-tez irəli sıçradığımzdan, biz sizə nisbətən daha uzun yaşayırıq. Ömrümüz təqribən 650-750 il, bəzənsə 800-850 il sürür. Normalda isə biz də sizin qədər yaşayır və sonra “o biri dünya” dediyiniz dünyaya köçürük…

Sözün bu yerində söhbətə birinci humanoid qarışdı və Rəşidə illüminatora baxmağı təklif etdi və əlavə etdi:

-Biz artıq sizin təsəvvürünüzcə “-x, y, z” məkanı adlandıra biləcəyiniz məkandayıq.

Rəşid illüminatora tərəf döndü və aşağıda nəhəng büllur və almaz parçalarını xatırladan dağabənzər şeylər gördü. Onlar günəşn işıqları altında bərq vurur, rəngdən-rəngə keçirdilər. Fəqət bu bizim günəş deyildi. Hansısa başqa bir parlaq ulduz idi. İkinci humanoidin bir qədər öncə söylədiyi bir fikir Rəşidi bərk narahat etmişdi, odur ki, həyacanla soruşdu:

-Birdən mən də sizinlə birlikdə zamanda irəli sıçrasam, yaxınlarım uzun müddət olmadığımdan narahat olmazlarmı?

Birinci humanooid onu sakitləşdirməyə başladı:

-Biz hələlik sadəcə sizin normal vaxtı dörd dəqiqə qabaqlayırıq. Yəni siz üç dəqiqədir ki, bizimləsiniz. Dörd dəqiqə də irəli sıçramışıq. Deməli, siz cəmi yer vaxtı ilə 7 dəqiqədir ki, Elxan müəllimdən ayrılmısınız…

Rəşid müəllim onun sözünü kəsdi və özü də həyacanından bu dəfə fikrini, indiyə qədər olduğu kimim telepatik yolla deyil, səsli şəkildə ifadə etdi:

-Bilirsiniz, elə 7 dəqiqə kifayətdir ki, ailəm narahat olsun, ürəyini yesin.

Birinci humanoid də səsli danışığa keçdi və dedi:

-Bilirik. Amma indi biz səs sürətinin iki mislinə bərabər sürətlə uçduğumuzdan onlarla telefon əlaqəsi yaratmaq mümkün deyil. Amma siz zəng edin.  Deyəcəklərinizdən bir şey başa düşməsələr də, sağ-salamat olduğunuzu bilərlər.

Rəşid dərhal telefonunu çıxarıb, Fuadın nömrəsini yığdı. Fuadın səsi əvəzinə anlaşılmaz xırıltılar eşitdi. Amma bununla belə, səsin Fuada aid olduğunu hiss etdi. Oğlunun da onun dediklərini anlamayacağını bilə-bilə dedi:

-Oğlum, mənəm, atandır. Mən sağ-salamatam. Narahat olmayın.

Dedi və telefonu qapatdı. Bundan sonra humanoidlərlə aralarındakı söhbət səsli-sözlü formada davam etdi. İlk danışan isə birinci humanoid oldu:

-Narahat olmaya bilərsiniz. Sizi başa düşməsələr də sağ- salamat olduğunuzu artıq bilirlər. Daha doğrusu 54 dəqiqədən sonra biləcəklər.

Rəşid heyrətlə soruşdu:

-Necə yəni 54 dəqiqədən sonra biləcəklər?!

İkinci humanoid:

-Nisbilik nəzəriyyəsini yada salın. Bu danışıq sizin üçün hazırda bizim bulunduğumuz məkan və zamana uyğun olaraq, indicə baş verdi. Oğlunuz üçünsə sizin zaman-məkan ölçülərinə uyğun olaraq, 54 dəqiqədən sonra baş verəcək.

Bu sözlər Rəşidi çox narahat etsə də, eşitdikləri ona o qədər maraqlı gəldi ki, dərhal narahatçılığını unutdu və maraqla soruşdu. Bəs, normal danışığımız mümkün deyilmi?

-Mümkündür, – deyə humanoid cavab verdi, – amma bizim zaman və məkan ölçülərinə keçdikdən sonra. Bizim məkan sizin təsəvvürünüzə görə, “x, -y, z” kimi ifadə edilən məkandır. Biz orada iki dəqiqə yarım sonra olacağıq. Sizin məkanda isə təqribən 11 saat keçəcək. Bax, indi zəng etsəniz, sizinlə danışacaq adam həmin danışığı sizin məkanda düz 10 saat 47 dəqiqə sonra gerçəkləşdirmiş olacaq.

Bu sözləri eşidən Rəşid yenə də narahat oldu. Telefonunu çıxarıb, dərhal Elxanın nömrəsini yığdı. Yenə də anlaşılmaz xırıltılı səs eşitdi. Onu anlayacaqlarna ümid edərək dedi:

-Elxan, mənəm, Rəşiddir. Sağ- salamatam. Bizimkilərə de, narahat olmasınlar.

Telefonu qapatdı və humanoidlərdən soruşdu:

-Bax indi, bir – birimizi başa düşməsək də, Elxanla danışdıq. Deməli, onun səsini, daha doğrusu mənə xırıltı şəklində yetişən səsini indi eşitsəm də, o bu səsi 10 saat filan dəqiqədən sonra çıxaracaq.

Birinci humanoid:

-Bəli, elədir. Bizim dünyaya qədəm qoyan kimi, necə ki, mən sizinlə sizin televizorun ekranından danışmşdım, siz də eləcə öz yaxınlarınzla danışa bilərsiniz. Bu bir dəqiqə sonra olacaq.

Rəşid soruşdu:

-Deməli, bu dəfə eyni anda bir-birimizlə danışacağıq?

Bu dəfə suala ikinci humanoid cavab verdi, özü də telepatik yolla:

-Əslində, sizin məkanla bizim məkan arasında da zamanlar fərqli sürətlə axır və zamanlarımız fərqlidir. Amma biz sizinlə əlaqə saxlamaq üçün eynivaxtlı rabitə texnologiyası yarada bilmişik. Artıq bizim dünyaya keçirik.

Rəşid illünminatora baxdı və bu dünyanın plazmatik bir dünya olduğunu və kiseli xatırlatdığını gördü. Burada heç nəyin sabit forması yox idi, hər şey amorf və yarımşəffaf idi. Formalar durmadan bir-birini əvəz edirdi. Rəşid bu dünyaya daxil olmaq istəmədiyini, gəmidə qalmaq istədiyini hiss etdi. Amma gəmi artıq uçmurdu. O hərəkətsiz idi. Deyəsən, çölə çıxmaq lazım gələcəkdi. Amma humanoid onun bu nigarançılığna son qoydu:

-Narahat olmayın. Gəmini tərk etməyəcəksiz. Sizin orqanizminiz bizim mühitə uyğunlaşa bilməz. Gəmini tərk etsəniz, dərhal məhv olarsınız. Odur ki, rabitəni buradan quracağıq. Soldakı illüminaorla üzbəüz kresloda oturun.

Rəşid əmrə tabe oldu və deyilən yerdə oturdu.

İkinci humanoid:

-Unutmayın ki, siz öz dünyanızı tərk etdikdən bu yana orada 11 saat 17 dəqiqə keçib. Odur ki, ilk öncə kiminlə danışmaq istədiyinizi özünüz seçin. Yaxınlarınızdan indi sadəcə Elxan müəllim televizora baxır. Onunla rabitə qura bilərik. Quraqmı?

Rəşid:

-Qurun. Amma öncə deyin görüm, evimə nə zaman döncəyəm Bunu onlara bildirmək istəyirəm.

Birinci humanoid:

-Bizimlə birlikdə bundan sona düz 2 saat 24 dəqiqə olacaqsınız. Sonra sizi evinizə göndərəcəyik. Evə döndüyünüzdə orada düz iki həftə keçmiş olacaq.

Rəşid müəllim başını buladı:

-İki həftə! Nə edək, elm qurbanlar tələb edir. Olsun. Mən hazıram.

Ikinci humanoid:

-Əla. Bu dəqiqə illüminatorda Elxan müəllimi görəcəksiniz və o da öz televizorunda sizi görəcək və danışacaqsınız. İstəsəniz ondan xahiş edə bilərsiniz ki, ailə üzvlərinizi evlərinə dəvət etsin və biz də rabitəni ikinci dəfə qurarıq. Bu sizin vaxtla axşam saat 23.00-da ola bilər. Dostunuza belə də deyərsiniz.

Rəşid müəllim təşəkkür etdi və dərhal da illüminatorda dosunu gördü. Deyəsən, Elxan da onu görürdü. Odur ki, o, gözlərinə inanmayaraq, bir qədər irəli əyildi, gözlərini ovxaladı. Rəşid ona müraciətlə dedi:

-Nə olub, dostum, gözlərinə inanmırsan? Məni öz televizorunun ekranında görə biləcəyini gözləmirdin?

Elxan dostunun ekrandan bilavasitə ona müraciət etdiyini anlamadı. Tez telefonunu çıxartdı. Kiməsə zəng etmək istədi. Dostu növbəti dəfə ona müraciət etdi:

-Elxan, səninləyəm. Telefonunu qoy yerə. Məni ancaq sən görürsən. Başa düşmədin, danış mənimlə.

Elxan müəllim, deyəsən, nəyin baş verdiyini anladı, telefonu yerinə qoydu və inamsız halda soruşdu:

-Sən məni eşidirsən?

-Əlbəttə ki, eşidirəm və hətta görürəm də. Divanda oturmusan. Mil-mil köynəyindəsən. İndi başa düşdün?

-Hə,-deyə Elxan cavab verdi. – Sən haradasan?

-Harada olduğumu deyəcəyəm, amma qayıtdıqdan sonra. İndisə dərhal bizə zəng elə, qoy, sizə gəlsinlər, məni öz gözləri ilə görsünlər, danışsınlar və sağ- salamat olduğuma əmin olsunlar. Mən saat 23.00-da növbəti dəfə ekanda görünəcəyəm. Hələlik.

Sonra Rəşid müəllim eyni üsulla Fuad və Gülzarla da söhbət etdi. Önları sağ-salamat olduğuna inandırdı və iki həftə sonra evinə dönəcəyini bildirdi.

Bu iki əlaqə arasında paralel dünyada sadəcə 17 saniyə keçdi. Odur ki, Rəşid müəllim dostu ilə danışıb qurtardıqdan düz 17 saniyə sonra ailə üzvləri ilə də görüşə bildi. Bizim danyada isə haradasa 40-45 dəqiqə, bəlkə də, daha artıq vaxt keçmişdi.

YADPLANETLİLƏRİN MESAJI

İyunun 9-da, səhər tezdən tutuquşunun çıxardığı qəribə səslər Məsmənin yuxudan oyanmasına səbəb oldu. Qadın qulaqlarnı şəkləyib, diqqətlə qulaq asdı. O, sevimli quşunun hansı halda necə səs çıxardığını əzbərdən bilirdi. Bəli, bu cür səsləri quş yanız kiminsə barmağını qəfəsə salıb onu qıcıqlandırmağa çalışdıqda çıxaraqdı. Şübhə yox idi. Evdə kimsə var idi və qəfəsə soxduğu bağmağı ilə quşu narahat edirdi. Bu, təkcə onun çıxardığı səsdən deyil, eyni zamanda, tez- tez qanad çalmasından da məlum olurdu. Qadın tez ərini oyatmağa başladı. Onu çiynindən tutub silkələməyə başladı:

-Elxan, ay Elxan!

Yuxudan ayılan Elxan soruşdu:

-Nə olub? Niyə yatmırsan?

-Tez ol qalx, evdə kimsə var. – Məsmə həyacanla bildirdi.

Elxan yatağından qalxıb oturmuş vəziyyət aldı. Gözlərini ovxalaya-ovxalaya, inamsız halda soruşdu:

-Necə yəni evdə kimsə var? Kim ola bilər ki? Yat, sənə elə gəlib.

-Yox, – Məsmə etiraz etdi, – deyirəm ki, var. Dur bax!

Elxan müəllim “yaxşı” – deyib könülsüz halda ayağa qalxdı. Xalatını çiyninə atıb yataq otağının qapısına tərəf yönəldi. Qadın da qalxdı. O, xalatını geyinənədək, Elxan artıq otaqdan çıxdı, bir iki saniyə sonra isə onun heyrət ifadə edən səsi eşidildi:

-Vay, bu sənsən?! Qayıtmısan?!

Ardınca Məsmə Rəşid müəllmin səsini eşitdi:

-Hə, mənəm və gördüyün kimi qayıtmışam.

***

Nəhayət ki, hər kəsin səbirsizliklə gözlədiyi və harada olduğunu bilmədiyi professor Hüseynbəyli geri dönmüşdü. Elxan Rəcəbli “Xoş gəlib, səfa gətirmisən!”-deyib, dostunun boynuna sarıldı. Dostlar mehribancasına qucaqlaşdılar. Bu an otağa Məsmə daxil oldu və o da itkin düşmüş professoru özünəmxsus şəkildə salamladı:

-Gülzar xanımın gözləri aydın! Xoş gəlmisən, həmişə sən gələsən!

Rəşid Elxandan aralanıb Məsmənin uzanan əlini sıxdı:

-Xoş günün olsun, ay Məsmə bacı.

Ər və arvad qonaqdan üzr istəyib, vanna otağına keçdilər. Əl-üzlərini yudular. Məsmə dərhal mətbəxə yolland. Elxan isə dostunun yanna qayıtdı:

-Evdəkilərin xəbəri varmı?

-Yox, – deyə Rəşid müəllim cavab verdi, – bu dünyanı haradan tərk etmişdimsə, ora da dönmüşəm.

Elxan təəccüblə soruşdu:

-Necə yəni bu dünyanı tərk etmişdim? Sən harada idin ki?

Rəşid əliynən çox qəribə bir hərəkət etdi və sanki, onunla “nələr gördüm, nələr” demək istəyirdi. Əslində bu jest daha çox mənalar ifadə edirdi. Nə həmin jesti, nə də professorun şahidi olduqlarnı sözlə ifadə etmək mümkün deyildi:

-Qardaş, bizim dünya, kainat haqqında təsəvvürlərimiz kökündən səhvdir. Biz nə isə bildiyimizi zənn edirik, amma həqiqətdə heç nə bilmirik. Bildiklərimiz də gerçəyin təhrif olunmuş şəklindən başqa bir şey deyil. Eh, dostum, üzərimə elə bir ağır yük qoyulub ki, onu çəkmək iqtidarnda deyiləm. Beynimə o qədər informasya yüklənib ki, min cild, hətta on min cild kitaba sığmaz. Heç yüz min cild kitaba da sığmaz…

Professor dərindən bir “ah” çəkdi. Və bu “ah”ıyla, eynən bir qədər əvvəlki jesti ilə ifadə etdiyi qədər məna ifadə etmiş oldu. Bu jest və “ah” onun halını dediyi bir düjin sözdən daha yaxşı ifadə edirdi. O, elə bir məna ümmanına düşmüşdü ki, dünyadakı bütün insanların və lüğətlərin leksik bazasındakı söz yığını bu ümmanın yanında kiçik bir qarışqaya, Himalay dağının yanında durmuş kiçik bir həşarata bənzəyirdi. Elxan ona diqqətlə baxır və susurdu. Çünki belə hallarda nə demək lazım olduğunu bilmirdi. Bənzər halla tez-tez üzlşmişdi, amma bu dəfəki halı bir qədər fərqli idi. O, dostunun nədən danışdığını və ya danışmaq istədiyini ürəyi ilə hiss etsə də, mhdud ağlı ilə başa düşmürdü və düşmək iqtidarnda da deyildi. Belə hallarda ən yaxşı metod susmaqdır. Odur ki, susurdu. Tərs kimi çəkdiyi “ah”dan sonra Rəşid də susmağa üstünlük vermişdi. Bu susqunluğun səbəbi isə tamam başqa idi. Bilirdi ki, dostu və nəinki dostu, ümumiyyətlə yer üzündə yaşayan heç bir insan onun deyəcəklərini, demək istədiklərini anlamaq gücündə deyil. Əslində anlatmağa haradan başlamalı olduğunu heç özü də təsəvvür etmirdi. Axı, sonsuzluğun əvvəli və axırı olmur.

Dostlar susurdular. Bir-birinin gözünün içinə baxır və susurdular. İndi onların gözləri danışırdı. Gözləri ilə dilin ifadə etmək iqtidarında olmadıqları barədə “danışırdılar”. Heç nə demir, eyni zamanda çox şey deyirdilər. Onların sözsüz söhbətinin məzmununu yalnız çox məşhur bir kəlamla anlatmaq olar: “Mən yalnız onu bilirəm ki, heç nə bilmirəm”. Və dostlar bunun fərqində idilər. Bəli, hər ikisi fərqində idi. Biri, peyğəmbərlər hesaba alınmazsa, heç kəsin indiyə qədər görmədiklərini görüb bu nəticəyə gəlmişdi, digəri isə ona inandığı üçün eyni nəticəni hasil etmişdi.

Otağa hakim olan sükuta Məsmə son qoydu. O əlində gətirdiyi məcməyini masanın üstünə qoydu. İçindəkiləri masaya düzdü. Bunlar üç nəfərin səhər yeməyi üçün nəzərdə tutulmuş şeylər idi. Qadın Rəşiddən soruşdu:

-Gülzargili xəbərdar etmisinizmi?

Dostlar, sanki, yuxudan ayıldılar. Elxan dedi:

-Doğrudan a! Tamam unutmuşuq.

Rəşid Məsməyə müraciətlə dedi:

-Bəlkə, bunun zəhmətini siz çəkəsiniz?

Məsmə etiraz etmədi:

-Böyük məmnuniyyətlə. Gülzardan muştuluq almasam, əl çəkən deyiləm.

Qadın bu sözləri deyib ev telefonuna yaxınlaşdı. Dəstəyi qaldırıb, nömrəni yığdı.

***

Bir gün sonra ailə Rəşidin dönüşünü qeyd etmək üçün onlarda toplaşmışdı. Yedilər, içdilər, doyunca rəqs etdilr. Axşam isə Rəşidlə Elxan rahat söhbət edə bilmək üçün təmiz hava almaq istədiklərini bəhanə gətirərək, aşağı düşdülər. Düz bulvara yollandılar. Oturmadılar. Gəzə-gəzə söhbət etməyə üstünlük verdilər. Əslində bunu söhbət adlandırmaq tam doğru olmazdı. Çünki daha çox Rəşid danışır, Elxansa qulaq asırdı. Rəşid öncə başına gələnləri bircə-bircə nəql etdi. Öncə Elxanla, daha sonra isə ailə üzvləri ilə telebizor ekranı vasitəsi ilə ediyi söhbətin üzərinə gəldi və onun üzərində durmadan keçdi:

-Sizinlə həmin söhbətdən sonra beynimə bəşəriyyət üçün faydalı ola biləcək informasiya yazmaq istədiklərini bildirdilər. Razı olmadım. Onlar da israr etmədilər. Həmin informasiyanı bizim kompüterlərin aşkarlaya biləcəyi hər hansı bir şeyə, diskə, disketə və ya flyaşkarta yazmağı təklif etdim. Dedilər ki, bu şeylərin heç biri onların ötürmək istədikləri informasiynın heç yüz mində birini də saxlamaq iqtidarında deyil. Sizim kompüterlərimiz çox primitivdirlər. Bunu yalnız insan beyninə yazmaq olar. Yenə də onlara yardımçı olmalarını xahiş etdilər. Razı olmadım. Onlarsa bu dəfə də israr etməyib, başqa birsini tapmalı olacaqların söylədilər. Məni bir qədər də müxtəlf dünyaları gəzdirdikdən sonra gəldiyim yerə, yəni sizin evə teleportasiya etdilər. Yola salarkən bir disk də verdilər. Dedilər ki, bu diskdə onların Yer sakinlərinə mesajı yazılıb.

Nəhayət Elxana da söz demək sırası gəldi və o soruşdu:

-Diskin içindəkinə baxmısan?

-Yox hələ. – Professor Hüseynbəyli cavab verdi.

-Mesajın gerçəkdən də onlar tərəfindən göndərildiyini, sənin öz uydurman olmadığını camaata necə sübut edəcəksən?

-Bu sualı mən də verdim. Dedilər ki, sübutum mesajın yazıldığı diskin özü olacaq. Yer kürəsində onun analoqu yoxdur. Materialı da yerə aid olmayan materialdır. Formaca bizim disklərə oxşasa da, şəffaf və kağız vərəqi kimi bir neçə dəfə qatlana bilən hansısa çox nazik, qeyri-adi materialdan düzəldilib. İstəyirsən əz, qatarın relsləri altına qoy, məhv və ya xarab olan deyil. Yandırmaq, cırmaq da mümkün deyil. Dediklərinə görə, onu turşu ilə də məhv etmək mümkün deyil.

Elxan heyrətlə soruşdu:

-İndi yanındadırmı?

-Hə, – deyə Rəşid cavab verdi. Əlini döş cibinə salıb disk formalı, dediyi şəkildə bir şey çıxarıb dostuna uzatdı.

Elxan onu götürüb, ora-bura çevirdi. Ülgücdən də nazik idi. O qədər nazik və yumşaq idi ki onu iki ovucun içidə yumurlayb, kibrit çöpünün başı boyda kiçik bir kütləyə çevirmək olurdu. Əlini çəkdiyin kimi isə, dərhal əvvəlki vəziyyətinə qayıdırdı. Rəcəbli soruşdu:

-Burada yazılı mətn qeyd olunub, yoxsa video görüntülər yazılıb?

-Bilmirəm,-deyə Rəşid maəllim cavab verdi,- inşaallah, sabah bilərik.

Dostlar sabah səhər saat 10-da Elxangildə görüşməyi və diskə birgə baxmağı qərara aldılar.

***

“11 iyun 2010-cu il.

Bu gün səhər saat 10-da, danışdığımız kimi, Rəşid bizə gəldi. Adama bir stəkan çay içdikdən sonra kompüterin arxasına keçdik. Paralel dünyadan gətirilmiş diski kompüterə taxdıq. Nə qədər qəribə olsa da, onu taxmağımızla, monitorda maraqlı və son dərəcə qəribə naxışların peyda olması bir oldu. Biz diskin aşkarlanması üçün zəruri əməliyyatların heç birini yerinə yetirməmişdik. Bir qədər sonra anladıq ki, disk elə proqramlaşdırılıb ki, kompüteri özü idarə edir, bütün zəruri əməliyyatları da özü gerçəkləşdirir. Naxışları müxtəlif video görüntülər əvəz etdi. Bu, qallaktikalar arasında ağlasığmaz sürətlə şütüyən kosmik gəmidən çəkilmiş görüntülər təsiri bağışlayırdı. Bizim astronomiya sahəsində yetəri biliklərimiz olmadığından bunların hansı qallakikalar və günəş sistemləri olduğunu anlaya bilmirdik. Bir şey tam aydın idi ki, bu təsvirlər qurama yox, təbii təsvirlər idi. Onların hansı sürətlə bir-birini əvəz etməsinin açıq şəkildə gözə dəyməsi sayəsində, fikrimcə, fiziklər gəminin hansı sürətlə hərəkət etdiyini müəyyənləşdirə bilərlər. Astronomlar isə, ola bilsin ki, bizdən fərqli olaraq, təsvirlərdəki qallaktikaları tanyacaqlar.

Nəhayət, monitorda bizim planetə bənzəyən bir planet göründü. Ona yaxınlaşdıqca, buna inam daha da artırdı. Ən sonda isə ehimalımız özünü bütünlüklə doğrultdu. Artq heç bir şübhə yox idi. Bütün bunlar düz 8 dəqiqə davam etdi. Ardınca isə monitorda yadplanetlilərə aid nimçə formalı kosmik gəminin xaricdən və yaxından görüntüləri yaymlanmağa başladı. İşıq saçan illüminatorlarının açıq-aydın gözə dəydiyi gəmi tez-tez müxtəlif formalara düşür, göydə qeyri-adi bir trayektoriya cızırdı. Sonra isə o, həddən artıq aşağı enib, binaların arasından keçdi, bir binanın qarşısında durub, sanki poza verirmiş kimi, ora-bura hərəkət etməyə başladı. Onun şəffaf olduğu təəssüratı yaranırdı. Çünki içindən arxadakı binanın silueti tam görünürdü. Belə çıxırdı ki, içində heç bir canlı və şüurlu varlıq yoxdur. Gəmi özü-özünü idarə edir. Hətta gəminin özünün şüurlu varlıq olduğu təəssüratı yaranırdı. Ən maraqlısı o idi ki, tez-tez formasını dəyişməsindən amorf bir şey olduğunu zənn etmək olardı. Sonra o birdən sürətlə yuxar qalxdı və iki gəmiyə, daha sonra isə dörd gəmiyə parçalandı. Onların da hər biri ağlasğmaz sürətlə müxtəlif istiqamətlərə uçdular. Bundan sonra dörd yerə parçalanmış gəmi hissələrinin bir yerə toplaşıb birləşdiyini əks etdirən kadrlar canlandı.

Bütün bunlar təqribən 4 dəqiqə davam etdi.

Sözügedən kadrları gəminin içinin görüntüləri əvəz etdi. Orada iki humanoid diqqəti çəkirdi. Onlar gəminin içində gəzişir, anlaşılmaz işlər görürdülər. Elə bu an Rəşid dedi ki, bu onun içində səyahət etdiyi gəminin ya özüdür, ya da tam bir analoqudur. Bu görüntülər iki dəqiqə çəkdi.

Sonra monitorda bir humanoid peyda oldu. O, şəkillərinə ayrı-ayrı rəsmlərdə rast gəldiyimiz humanoid rəsmlərindən, demək olar ki, fərqlənmirdi, daha doğrusu çox cüzi fərqlənirdi. Bu o demək idi ki, onların rəsmini çəkənlər bu varlıqlarla gerçəkdən də kontaktda olmuşlar. Çünki bunun başqa izahı ola bilməz. Hər halda, mən belə düşünürəm və Rəşiddə mənimlə razıdır.

Humanoid monitordan, ağzıının olmamasına baxmayaraq, insanlara müraciətlə danışmağa başladı:

-Əziz Yer sakinləri!

Siz kainatda tək deyilsiniz! Planetiniz də yalnız sizə məxsus deyil! Bu barədə yaxşı-yaxşı düşünün! Planetizi çirklndirməyin, onu atom silahları ilə doldurmayın! Əks təqdirdə biz müdaxilə etmək məcburiyyətində qalacağıq!

Mesajın Azərbaycan türkcəsində olan hissəsi bununla da bitdi. Sonra humanoid eyni mesajı ingilis, fransız, ispan, ərəb, rus, çin, hind, urdu və səhv etmirəmsə, yapon və koeya dillrində, eləcə də müəyyən edə bilmədiyimiz daha 18 dildə təkrarladı. Ardınca ard-arda içi müxtəlif ideoqrama bənzər işarələrlə dolu 150 səhifə bir-birini əvəz etdi. Sonra isə disk avtomatik şəkildə kompüterdən kənara çıxdı. Bununla da hər şey bitdi.

Rəşidlə biz diskdəki informasiyanı köçürmüşdük və onu internet vasitəsi ilə geniş yaydıq. Dünya ölkələrinin prezidentlərinə, parıamentlərinə, ağlımıza gələn bütün beynəlxalq təşkilatlara və informasiya agentliklərinə göndərdik.

Məncə, missiyamızı layiqincə yerinə yetirdik.

Sonra isə dostumla birlikdə nahar elədik. Məsmə içi ləvəngi ilə dolu əla və çox ləzzətli qrqovul plovu hazırlamışdı. Yedikdən sonra havamızı dəyişmək üçün bulvara yollandıq. Özümüzü çox xoşbəxt hiss edirdik. Dünya deyil, kainat əhəmiyyətli və çox məsuliyyətli bir işi görmək üçün seçilmiş olmağımzdan qürur duyurduq. Bu hər kəsə qismət olmayan xoşbəxtlik idi.. Bunun necə xoş bir hiss olduğunu ifadə etmk üçün söz tapa bilmirəm. Biz işimizi gördük. Dalısını qoy dünyanın başbilənləri fikirləşsin. Dünyanı çirkləndirən və atom silahları üçün anbara çevirən biz deyilik ki”.

***

“12 iyun 2010-cu il.

Bu gün səhər saat 4-də qapımızın zəngi çalındı. Durub qapını açdım. İçəri 8 nəfər mülki geyimli şəxs daxil oldu. Təhlükəsizlik orqanlarının işçiləri olduqlarını söylədilər. Əllərində evimizdə axtarış aparmaq üçün order var idi. Onu göstərib, axtarışa başladılar. Kompüterimi, gündəliyimi və evdə olan bütün diskləri yığışdırıb, əvəzində qəbz verdilər. Mənim də onlarla getməli olduğumu söylədilər. Etiraz etmədim. Geyinməyə başladım. Məsmənin etirazlarına heç bir əhəmiyyət vermədilər. Ona nəzakətlə izah etdilər ki, məni həbs emirlər. Şahid kimi ifadəmi alnaq üçün orqanlara dəvət edirlər.

Səbəbini söyləməsələr də, artıq hər şeyi başa düşmüşdüm. Məsələ yadplanetlilərin dünən müxtəlif ünvünlara göndərdiyimiz mesajda idi. Başqa nə ola bilərdi, axı? Fürsət tapıb, Məsməyə dərhal Rəşidgilə getməsini, bir müddət telefonla danışmamasını, zənglərə belə cavab verməməsini və hər şeyi Rəşidə danışmasını tapşırdım.

Orqan işçiləri ilə birlkdə aşağı düşdüm. Maşınlardan birinə mindim. Birlikdə MTN-ə gəldik. Məni ikinci mərtəbədəki çoxsaylı otaqlardan birinə apardılar. Burada iki nəfər mülki geyimli şəxs tərəfindən qarşılandım. Onlardan biri özünü polkovnik Əlizadə, digəri isə kapitan Rəsuloğlu kimi təqdim etdilər.

Uzun- uzadı əsas məsələyə heç bir aidiyyatı olmayan şeylər barədə söhbət etdik. Nəhayət, mövzunun üstünə gəldilər. Zənnim məni aldatmamışdı. Onları yadplanetlilərin mesajı ilə bağlı bütün detallar maraqlandırırdı. Mən də bildiklərimi, heç nəyi gizlətmədən, söylədim. Çox heyrət etdilər. Dediklərimi olduğu kimi yazıb, özümə imzalatdırdılar. Burada baş verənlər barədə heç yerdə danışmamaq barədə də dilimdən iltizam aldılar, danşacağım təqdirdə cinayət məsuliyyətinə cəlb ediləcəyim barədə xəbərdarlıq etdilər. Sonra isə buraxdılar, narahatçılığa görə dönə-dönə üzr istədilər, hətta evəcən öz maşınlarında yola da saldılar.

Evə gələndə saat 11 idi. Məsmə bildirdi ki, təqribən iki saat öncə Rəşidi də aparıblar. Narahatçılıq üçün əsas olmadığını, bir neçə saatdan sonra onun da evə dönəcəyini söylədim. Özüm isə Gülzargilə ürək-dirək vermək üçün onlara yollandım. Məni sağ-salamat görüb sakitləşdilər. Qorxulu bir şeyin olmadığın, Rəşidin bir neçə saat sonra evə dönəcəyini bildirdim. Bir stəkan çay içib evə qayıtdım. Axşan saat 17-də Rəşid zəng edib, artıq evdə olduğunu bildirdi. Sabah saat 10-da onlarda görüşmək barədə qərar verdik.

Axşan saat 19-da müvəqqəti müsadirə edilmiş şeylərimi, o cümlədən gündəliyimi gətirdilər. Gündəliyim gələn kimi, dərhal yazı masasının arxasına keçdim və bu gün baş verənləri yazmağa başladım”.

***

“13 iyun, 2010-cu il.

Bu gün saat 10.00-da öncdən qərarlaşdığımız kimi, Rəşidgilə getdim. Onun ailə üzvləri ilə görüşüb, bir qədər söhbət etdikdən və nəvəmi doyunca oynatdıqdan sonra dostumla birlikdə eyvana çıxdıq. Eyvandakı kiçk nasanın arxasında oturub, Günayın dəmlədiyi çaydan içə-içə, söhbətə başladıq. Rəşid bildirdi ki, onu MTN-ə aparanda birdən yolda hiss edib ki, bütün qeyri-adi isedad və bacarığından məhrum olub.

MTN-də o da mən danışdıqlarımı danışdıqdan sonra, ona əməkdaşlıq təklif ediblərmiş, bacarıq və istedadını itirdiyinə inanmaq istəməyiblər. Buna əmin olduqdan sonra isə dilindən iltizam alıb, buraxıblar. Müvəqqəti müsadirə edilən kompüteini və disklərini də qaytarıblar. Təkcə yadplanetlilərin verdikləri diskdən başqa.

Bizə bütün başımıza gəlnlərdən qalan qazandığımız 98 min manat oldu. Onu da hələ almamışıq. Nə yaxşı ki, işdən çıxmadıq. Əks təqdirdə Əli aşından da olardıq, Vəli daşından da. Madam ki, dostum öz qeyri-adi istedadını itirib, deməli, yeni eksperimentlərdən söhbət belə ola bilməz. Köhnə eksperimentlərin nəticəsindən və başımıza gələnlərdən bəhs edən kitabımzı isə növbəti dərs ilinə qədər yazıb qurtara bilərik…”

***

Yuxarıdakı sətirlərin qələmə alındığı gündən düz üç ay keçəndən sonra, yəni 2010-cu ilin sentyabr ayının 13-də dostlar parapsixologiyaya həsr etdikləri və “Üçüncü göz” adlandırdıqları yeni kitablarını tamamladılar. O vaxta qədər isə həm qazandıqları pulu almış, həm də beşcildlik kitabların çap etdirmişdilər. Fəqət həmin kitab çox pis satıldığından onlara düşündükləri qədər qazanc gətirmədi. Əslində isə, qoyulmuş xərcin heç yarısını belə çıxara bilmədi. Odur ki, onu müxtəlif kitabxanalara, həmkarlarına və tələbələrinə paylamağa, yəni hədiyyə etməyə qərar verdilər. Qərarlaını da iki həftənin içində gerçəkləşdirdilər. Amma yeni kitablarının böyük şöhrət qazanacağına, dünyanın bir çox dilinə tərcümə ediləcəyinə və müəlliflərini varlandıracaqlarına ümidləri çox böyük idi. Onun nəşriyyat xərclərini Məsmə öz üzərinə götürməyə boyun olmuşdu. O da bu kitabın böyük uğur qazanacağına əmin idi. Əminliyinə səbəb isə yadplanetlilərin mesajının dünya mediasında və ümumiyyətlə bütün dünyada yaratdığı böyük ajiotaj olmuşdu. Zarafat deyil, mövzu hələ də aktuallığını itirməmişdi. Üstəlik də mesjı yayanların iki azərbaycanlı alim olduğu məlum olmuş və Rəşidlə Elxan həmin gündən keçən qısa dövr ərzində yerli və xarici mediaya üst-üstə düz 112 müsahibə vermişdilər. Və artıq müsahibə verməkdən bezdiklərindən jurnalistlərlə görüşdən qaçırdılar.

KİÇİK BİR XATIRLATMA VƏ YA İNANILMAZ SONLUQ

 

Professor Elxan Rəcəbli ilə professor Rəşid Hüseynbəyli İçərişəhərin eyni küçəsində, eyni məhəlləsində və hətta eyni həyətində, qonşu evlərdə dünyaya gəlmişdilər. Dünyaya gəlmə günləri, ayları və illəri də eyni idi. Aralarında sadəcə 6 saat fərq vardı. Elxan Rəşiddən nə az – nə çox, düz 5 saat 58 dəqiqə böyük idi. Əmioğlu idilər. Qardaş olan rəhmətlik ataları eyni gündə evlənmiş, eyni gündə toy etmişdilər. Toylarından 12 gün sonra isə eyni avtomobilin içində qəzaya uğramış və eyni gündə dünyaya vida etmişdilər. Uşaqları anaları böyütmüşdü. Soyadlarının fərqli olmasının səbəbi isə Rəşidin anasının ona öz qızlıq soyadını verməsi idi.

Dostları onları zarafatla Üzeyir Hacıbəyli və Müslüm Maqomayevlə müqayisə edirdilər. Axı, Üzeyr bəylə Müslüm Maqomayev də eyni gündə, eyni ayda və eyni ildə doğulmuşdular. Fərq yalnız doğum yerlərində idi. Təqribən eyni vaxtda ilk operalarını yazmış, təqribən eyni vaxtda Hənifə Terequlovun qızları ilə evlənmişdilər.

Dostları dahi bəstəkarlarla müqayisə edənlər qətiyyən səhv etməmişdilər. Zaman onların proqnozlarını bütünlüklə təsdiqlədi.

Elxanla Rəşid eyni vaxtda Bakdakı 132 saylı məktəbə getmiş, eyni sinifdə oxumuş, eyni ildə Azərbaycan Dövlət Universitetinin ədəbiyyat fakultəsinə daxil olaraq, oranı bitirmişdilər. Namizədlik və doktorluq dissertasiyalarını da eyni ildə müdafiə etmişdilər. İndi də doğma universitetlərinin eyni kafedrasında çalışırdılar. “Güzgü hadisəsi” də başlarına eyni gündə gəlmişdi.

Ataları eyni gündə eyni avtomobildə qəzaya uğrayıb vəfat etdikləri kimi, Rəşidlə Elxan da eyni gündə, eyni avtomobilin içində qəzaya uğradılar və eyni gündə dünyalarını dəyişdilər. Bu bədbəxt hadisə 2010-cu ilin noyabr ayının 5-də, yeni əsərlərini çap etdirmək üçün nəşriyyata gedərkən baş verdi. Əsərin diskə köçürülmüş yeganə variantı isə qəza günü müəmmalı şəkildə yoxa çıxdı. Sonralar məlum oldu ki, onun surəti nə Rəşidin, nə də Elxanın kompüterində qalmayıb, ya da kim tərəfindənsə qəsdən silinib. Beləcə, elm aləmi misilsiz faktoloji maerialdan məhrum oldu.

Fuadın fikrincə, onların içində olduqları avtomobiln qəza səbəbi yadplanetlilərdir. Əsərin itməsi, surətlərinin kompüterlərdən silinməsi də onların işidir.

Ərinin yoxluğuna tab gətirməyən Gülzar onun ölümündən iki həftə sonra ürək çatışmazlığından vəfat etdi. Məsmə isə, Elxanın qırxı çıxar-çıxmaz, şirkətində işləyən, özündən 19 yaş cavan olan kargüzarına ərə getdi. Onu başa düşmək və bağışlamaq olar. O, kişisiz yaşaya bilmir.

Bir vaxt özünün səkkiz fərdi olduğunu hesab edən ailənin indi cəmi üç üzvü qalıb: Fuad, Günay və Sevinc. Amma yaxın zamanlarda dörd nəfər olacaqlar. Çünki Günay hamilədir.

Mənə, bu cızmaqaranın müəllifinə gəlincə, indi oxumaqda olduğunuz və sonuna çatdığınz bu yazını Günayın mənə əmanət etdiyi gündəlik əsasında yazmışam. Söhbət Elxan Rəcəblinin gündəliyindən gedir. Odur ki, biz mərhun Elxan Rəcəbli ilə həmmüəllif hesab edilməliyik. Təbii ki, bu əsərin ərsəyə gəlməsində Fuad və Günayın xatirələrinin də rolu az olmayıb. Bu səbəbdən də onlara öz dərin təşəkkürümü bildirirəm. Ən sonda isə Elxan Rəcəbli və Rəşid Hüseynbəylinin əziz xatirələrini əbədiləşdirmək üçün əsərimə onların “ Dilimizin və ədəbiyyatımzın ən qədim kökləri” adlı beşcildliyindən kiçik bir parçan əlavə etməyi lazım bilirəm:

        “…Öncələr elə hesab edilirdi ki, Azərbaycanda dulus çarxı yalnız son Tunc dövründən tətbiq edilməyə başlamışdır. Dulus çarxının kəşf və ilk dəfə tətbiq edildiyi yerin isə qədim Şumer ərazisi olduğu hesab edilirdi. Ölkəmizin ərazisindən əldə edilmiş arxeoloji tapıntılar dulus çarxının ilk dəfə kəşf edilib, tətbiq edildiyi məkanın məhz Azərbaycan ərazisi olduğunu söyləməyə əsas verir və bu, məhz son Eneolit dövründə baş vermişdir. Maraqlıdır ki, qədim yunan müəllifləri dulus çarxının kəşfini  iskitlərə, başqa sözlə türklərə aid etmişlər. Məsələn, Posidoniy və  Seneka saxsı qabların hazırlanmasında istifadə olunan dulus çarxını iskit Anaxarın icad etdiyini yazmışlar.

Tarixçi alim Hidayət Cəfərovun  yazdığına görə, həm ilk gil qabların istehsalı, həm də ilk toxuculuq məhsulları təqribən eyni dövrdə ortaya çıxmışdır. Alim yazır ki, ilk gil qab istehsalı texnologiyası da toxuma sənəti ilə birbaşa bağlı idi. Yəni öncə samandan qabın forması toxunur, sonra isə onun üzərinə gil çəkilirdi. Maraqlıdır ki, bu ilkin texnologiya türk terminologiyasında da çox maraqlı bir şəkildə öz əksini tapmışdır. Məsələ burasındadır ki, əski türk dilində “əyirmək”, “əyrilmiş sap”, “saman” “zülf”, “tel” kimi mənalara gələn “küzük”, “küzək ” sözləri, eləcə də “toxuculuq aləti” mənasında olan “küzək” ifadəsi olmuşdur. Bundan başqa bu gün Azərbaycan dilində “kuzə” (dolça, su qabı) şəklində işlənməkdə olan bir “küzəc” sözü də  olmuşdur ki, gil qabların xüsusi bir növünün adıdır. “Kasa” sözü də eyni qəbildəndir. Bütün bu sözlərin semantik bağlılığı göz qabağındadır və bu bağlılıq sözügedən ilkin texnoloji prosesin türklərə məxsus kəşf olduğunu sübut etməkdədir. Belə olmasa idi, bir texnologiyadan digərinə keçid və onlar arasındakı bağlılıq dilimizdə özünü bu qədər qabarq şəkildə göstərməzdi. Maraqlıdır ki, “küzəc” // “kuzə” və “kasa” kəlmələri İran dillərinə, o cümlədən fars dilinə də keçmişdir.

    Mütəxəssislər toxuculuq sənətinin başlanğıcını məhz Neolit, yəni yeni Daş dövrü ilə bağlayırlar. Xalçaçılq sənətinin də məhz həmin dövrdə formalaşmağa başladığı hesab edilir. Nəzərə alsaq ki, ilk kömürləşmiş xalça qalıqlarının və gil qablarda əksi qalmış toxuma izlərin tapıldığı yer  Şərqi Anadolu və Azərbaycan ərazisidir,  bu ərazilərdən tapılan keramika və divar naxışları ilə türk xalça naxışları eynilik təşkil edir, eləcə də elmə məlum ilk xalça e.ə.V əsrə və qədim türklərə aid Pazırık kurqanından tapılmışdır, tam qətiyyətlə söyləmək olar ki, bu sənətin də baniləri əcdadlarımız olmuşlar. Bunu xalçaçılıqla bağlı terminologiya da tam təsdiq edir. Bu barədə bir qədər sonra söhbət açacağıq.

Xalçalardan və xalçaçılıqdan söhbət açan ilk yazılı mənbələrə gəlincə, onlar erkən orta əsrlərə aiddir və onların, demək olar ki, hamısında Sasanilər dövründən və fars – Sasani şahlarının saraylarından söhbət açılır. Bu da bir çoxlarında sözügedən sənətin farslar və İranla bağlı olduğu barədə yanlış təsəvvür yaratmışdır.

Sözügedən mənbələrin, demək olar ki, hamısı barədə Lətif Kərimovun “Azərbaycan xalçaları” kitabının ikinci cildində ətraflı məlumat verildiyindən onları təkrar etmək istəmirik. Fəqət Lətif Kərimovun gözdən qaçırdığı çox qiymətli bir yazılı mənbə də bulunmaqdadır ki, məhz həmin mənbə fars – Sasani şahlarının öz saraylarını bəzədikləri və qiymətli hədiyyə kimi ərməğan etdikləri toxuculuq məmulatlarının məhz türklərə aid olduğunu birmənalı şəkildə sübut edir. Söhbət  Feofilakt Simokattanın qələmə aldığı çox önəmli bir məlumatdan gedir. Həmin məlumatdan belə aydın olur ki, Sasani şahı ll Xosrov Suriyadakı məbədlərin birinə hun əl işi olan ipək toxuma məmulatı hədiyyə etmişdi. Hadisə Vl əsrin sonları-Vll əsrin əvvəllərində baş vermişdir. Lətif Kərimovun misal çəkdiyi mənbələrdə də məhz həmin dövrlərdən söhbət açılır. Azərbaycanda xalçaçılıqla bağlı ilk yazılı mənbələrə gəlincə, onlar sonrakı əsrlərə aiddirlər və bu mənbələr də sözügedən müəllifin sözügedən kitabında yer almaqdadır.

İndisə bilavasitə xalçaçılıqla bağlı terminologiyaya keçək. Öncə qeyd edək ki, fars və digər İran dillərində əksər xalça növləri “fərş” adlanır ki, bu kəlmə də ərəb kəlməsidir və mənası “ev əşyası” deməkdir. Ərəblər bu kəlmə ilə bütün ev əşyalarını ifadə edir, bu sözü ərəblərdən almış farslar isə yalnız xalça – palaz mənasında işlədirlər. Eyni zamanda, türk mənşəli “qali” və “qaliçe” kəlmələri də yayğındır ki, bu terminlər  “qalın” və “qalınça” terminlərinin fars dilində azacıq təhrifi  ilə ortaya çıxmışdır.

Avropa dillərində yayğın olan “karpet” kəlməsinə gəlincə isə, bu termin də ayrı – ayrı türk ləhcələrində “qarvud”, “karvud”, “karput”, “karpot” kimi adlandırılan və tərəkəmələr tərəfindən toxunan  xüsusi xalça növünün adından qaynaqlanır. Lətif Kərimovun yazdığına görə, bu kəlmənin əsli  “karpot”  şəklindədir. O, “kar” (qarışıq) və “pot” ( əyrilmiş sap) sözlərindən yaranmışdır ki, hər iki söz təmiz türk mənşəlidir. Bu kəlmə erməni dilinə də “karpet” (xalça) formasında keçmişdir. Elə bu faktlar da bu sənət növünün bilavasitə bizə aid olduğunun əlavə və təkzibedilməz sübutlarıdır.

        Maraqlıdır ki, Eneolit, yəni Mis – Daş dövrünün başlamasına səbəb olan misin kəşfi məsələsində də qədim yunanlar birinciliyi iskitlərin, yəni türklərin ayağına yazmışlar. Məsələn, Pliniy Sekund misgərlik sənətinin əsasını iskit xaqanı Lidin qoyduğunu bildirmişdir. Qədim yunanlara görə, ümumiyyətlə, metallurgiyanın kəşfi iskitlərlə, yəni türklərlə bağlıdır. Belə ki, Esxil İskitlər ölkəsini dəmirin doğulduğu ölkə adlandırmış, Mitelenli Hellanik isə ilk dəmir alətləri iskitlərin xaqanı Sansvinin qayırdığını yazmışdır. 

Bu yaxın zamanlara qədər rus dilində işlənmiş “bulat” (polad), bu gün də işlənməkdə olan “çuqun” (çuğun) “latun” (“altun” sözündən), eləcə də əksər Avropa dillərində işlənən “bronz”  (rus  dilində  “bronza”,  bürünc), monqol dilinə keçmiş “timur” (dəmir) və “timuçin” (dəmirçi), fars dilindəki “pulad” (polad), “berenc” (bürünc) kimi metallurgiya ilə bağlı türkizmlər də metallurgiya sənətinin banilərinin əcdadlarımız olduğunu sübut etməkdədir. Əldə olan məlumatlar türklərin Orta əsrlərdə də metallurgiya sahəsində öncül yerə sahib olduqlarını söyləməyə əsas verir. Təkcə İbn Fədlanın haqqında söz açdığı və dəmir ticarəti ilə məşğul olduğunu bildirdiyi türk Təkini yada salmaq kifayətdir.

Xl əsr gürcü tarixçisi Leonti Mrovelinin “Kartli çarlarını həyatı” əsərindən bir sitatla bağlı Y.S. Takayişvilinin yazdıqları da çox maraqlıdr: 

“Gürcü salnaməsi “Kartlis sxobreba”nın yazdığına görə, buntürklər və ya türklər, başqa sözlə, turanlılar gələcək fars hökmdarı Kayxosrovu və ya Kayxosroyu öz sərhədlərindən çıxarmaq üçün Gürgan, yəni Xəzər dənizindən Kür çayı boyunca yuxarı yürüyərək, Msxetiyə 28 (başqa varianta görə 28000) ailə halında gəldilər. Msxeta mamasxalisi, hökmdarı və bütün kartvellərin, yəni gürcülərin müsaidəsi  ilə   farslara  qarşı  mübarizədə   öz  köməklərini  vəd  edən  buntürklər Msxetidən qərbdə qaya kahalarında yerləşdirildilər.  Onların möhkəm istehkama çevirdiyi bu yer nəticədə Sarkine və ya Sarkineti adını aldı ki, mənası “dəmir tapılan yer” deməkdir.

Diqqət edirsinizmi, haqqında söz açılan məkan məhz türklər oraya yerləşdikdən sonra “dəmir tapılan yer” oldu. Bu o deməkdir ki, türklər ora köçər-köçməz dəmir istehsalına başladılar.

         Lev Qumilyov da özünün “Qədim türklər” kitabında Göytürklərin tarixləri-nin ən başlarında jujanlar üçün dəmir hasil etmək və metal əşyalar yaratmaqla məşğul olduqlarını bildirir.             

         Mis – Daş dövrünün son mərhələsində yeni qab növləri, habelə naxışlanmada yeni üsul və motivlər yaranırdı. Bu yeniliklər Eneolit dövründən erkən Tunc dövrünə keçid mərhələsi üçün səciyyəvidir. H. Cəfərovun yazdığına görə, Azərbaycanın Eneolit əhalisinin həyatında dini ayin və ovsun mərasimləri də müəyyən yer tuturdu. Qarğalar təpəsində kiçik çalada tapılmış və odun təsirindən qaralmış daş topasını tədqiqatçılar quraqlıq zamanı yağış “çağırmaq” mərasimi ilə bağlayırlar.

         Böyük rus türkoloqu Lev Qumilyov özünün məşhur “Qədim türklər” kita-bında ən qədim zamanlardan etibarən türklər arasında “yada daşı”, yəni cadu daşı adlanan magik daşların köməyi ilə quraqlıq zamanı yağış yağdırmağın mümkünlüyünə inamın mövcud olduğunu qeyd etmiş və türklərin bu sənətlə məşğul olduqları barədə müxtəlif qaynaqlarda məlumatlar bulunduğunu yazmışdır:

         “Yuebanlar haqqında olan rəvayətdə soyuq hava və yağış çağırmağı bacaran cadugərlərdən söhbət açılır. Jujanlarla döyüş zamanı yueban cadugərləri qarlı fırtına çağırıb düşmənlərin üzərinə göndərmişdilər. Bənzər rəvayəti Turlu Qriqori də nəql etmişdir. Avarların franklarla döyüşü zamanı avar cadugərləri şimşəkli tufan yaratmış, şimşək frank düşərgəsini vurmuş və onlar bunun nəticəsində məğlub   olmuşdular.  Eyni  cadu  gücü  naymanlara da aid edilmişdir. Rəşidəddin yazır ki, Çingiz xana qarşı döyüşən və başında Camuxanın durduğu soy birləşməsinin cadugərləri də tufan yaratmış, fəqət hesablamada səhvə yol verdiklərindən tufan öz başlarına çaxmışdı.”

          Türklərin yağış yağdırmaq gücünə sahib olan daşlardan istifadə etdikləri barədə bir çox müəlliflərin,o cümlədən Təbəri, Səəlibi, Balimi, Firdovsi, Mirxond, Sebos və başqalarıının əsərlərində, eləcə də Vll əsrin anonim Suriya və X əsr fars anonim mənbələrində çox sayda məlumat olduğunu  söyləyən Lev Qumilyov daha sonra yazır ki, yalnız Firdovsi bu halı izah etməyə çalışmış və baş verənləri kütləvi hiptnoz kimi şərh etmişdir. Qədim türklərin bu sənəti “yada”, yəni cadu adlandırdıqlarını diqqətə catdıran müəllifin bildirdiyinə görə, ayrı – ayrı türk xalqlarında bu inam XX əsrin əvvəllərinə qədər davam etmişdir.                                                    

         Dilçi alim Firudun Ağasıoğlu yazır:

         “Təbərinin yazdığına görə, Həzrət Nuh peyğəmbərin oğlu, türklərin ulu babası hesab edilən Yafəs türk xalqına yağış yağdıran yada daşı vermişdir. Başqa bir rəvayətdə isə həmin daşın türklərə Həzrət İbrahim peyğəmbərdən miras qaldığı bildirilir.”

               Türklərin yada daşının köməyi ilə yağış yağdırdıqları barədə məlumat verən müəlliflərdən biri də X əsrdə yaşamış  məşhur alim İbn Əl-Fəqih Əl-Həmədanidir. O,ərəb dilində qələmə aldığı “Əxbar əl-buldan”, yəni “Ölkələr haqqında xəbərlər” adlı kitabının “Türklər, onların ölkəsi və bu ölkədəki möcüzələr haqqında“  başlıqlı bölümündə mövzu ilə bağlı maraqlı fikirlər söyləmişdir:

         “Türklər ölkəsinin möcüzələrindən biri də onların köməyi ilə türklərin yağış, qar, dolu yağdırdıqları və istədikləri digər bənzər təbiət hadisələrini meydana gətirə bildikləri daşlardır. Onlarda bu daşlar böyük önəmə sahibdirlər və geniş istifadə edilməkdədirlər. Bunu türklərin heç biri inkar etmir, fəqət həmin daşlar doqquzoğuzlar arasında daha çox qiymətləndirilir.”

         Müəllifi məlum olmayan, Xlll əsrdə fars dilində qələmə alındığı bilinən “Əcaib əd-dünya”, yəni “Dünyanın qəribəlikləri” adlı kitabda da maraqlı bir qeydə rast  gəlmək mümkündür:

          “ Deyirlər ki, Ərdəbildə böyük daş var, əlinlə onu vurduqda xoş səs çıxarır. Quraqlıq düşdüyü zaman bu daşı şəhərdən kənara çıxarırlar və o saat yağış yağır.Onu yenidən şəhərə qaytaranda yağış kəsir.”

          Xalqımızın ilkin inam və etiqdlarının, ovçuluq, əkinçilik, maldarlıq həyatı ilə bağlı olan bu kimi mifik təsəvvürləri bizə əsasən xalq yaradıcılığı nümumələri ilə gəlib çatmışdır. Bu nümunələr improvizə edilmiş formalarda, əksər halda isə türkdilli xalqların poetik yaradıcılığı üçün ənənəvi olan ibtidai ölçü qəliblərində yayılmışdır. Türk boylarının ilkin magik təsəvvürlərinin poetikləşməsi , şifahi bədii yaradıcılıqda  əks olunması dövrünün məhsulu olan ovsunlar müəyyən mərhələdə ibtidai insanın gündəlik həyatında, həyatı dərketmə və öz bildiyi kimi idarə etmə prosesində mühüm mövqe tutmuşdur. Zaman keçdikcə, təbiətin sirləri insan üçün açıldıqca ovsun təsəvvürləri də zəifləmiş, bir janr kimi arxaikləşmişdir.

           Xalq içərisində uzun müddət quraqlıq olarkən müəyyən “müqəddəs”ocaqlardan götürülmüş daşları ortadan dəlib suya salardılar. Məsələn, Quba – Qonaqkənd zonasında Baba dağdan gətirilmiş daşları suya salıb ipin başını sahildəki ağaclardan birinə bağlayardılar. İpin bağlandığı ağac adətən qarağac və ya fındıq ağacı olmalı idi. Daşlar suya salınarkən xorla oxuyardılar:

            “Daş başım,

            Yaş başım,

            Yaş oldu                                                                         

            Üst-başım.”

            Sonra daşı suya salardılar. Bu vaxt ovsun oxunardı;

           “Suda daşım,

            Baba daşım,

            Gələr, getməz

            Yağışım.

             Suda daşım,

             Yaş başım,

             Yaş oldu

             Üst-başım.”                                             

             Folklorşünas alim Azad Nəbiyev deyir:

             “Məlumdur ki, hələ çox qədimlərdən arası kəsilməz yağışlar zamanı günəşi çağırış mərasimləri xalq arasında geniş yayılmışdı. İbtidai insanlar bu görüşlə bağlı ovsunlar da yaratmışlar. Onlardan biri belədir: Günəşin çıxmasını arzulayan insanlar Baba dağından gətirilmiş daşları ocaqda, küldə basdırar və ocaqda xəşil bişirərdilər. Xəşili ananın ilki çalmalı idi. Ovsunçu basdırılan daşların  üstünə közləri yığa-yığa ovsun oxuyardı:                                                           

           “Qodu daşı,

             Odu daşı,

             Qodu kəssin

             Yağışı.”

            Sonra qızlar birlikdə oxuyurlar:

          “Budu daşı,

            Bulutların

            Kudu daşı,

            Bişirmişəm

            Xəmiraşı.

            Qonaq gəlsin

            Godu başı,

            Gətirsin

            Qızıl günü, 

             Aparsın

            Yağışı.

            Qodu daşı,

            Odu daşı,

            Qodu kəssin

            Yağışı.”                                                           

              Qarğalar təpəsindən tapılan ocaq yeri və ocaqdan qaralmış daşlar bu qə-dim türk inancının köklərinin ən azı Eneolit dövrünə, yəni 6-8 min il öncələrə qədər uzandığını və bu mərasim zamanı oxunan ovsunların da 6-8 min il öncəyə aid poetik nümunələr olduğunu sübut edir. Bu isə o deməkdir ki, Azərbaycanda türk xalq teatr sənətinin, ağız ədəbiyyatının və xor ifaçılığının yaşı minilliklərlə ölçülür.                                                            

              Deməli, şifahi xalq ədəbiyyatımızın tarixi də Qobustanda izlərinə rastladığımız təsviri incəsənətimiz  və  rəqs mədəniyyətimiz qədər qədimdir. Lakin gerçəkdənmi əcdadlarımızın minillər öncə danışdıqları dil bu günkündən bu qədər az fərqlənirmiş və 6-8 min il öncə işlənilən sözlər günümüzə qədər dəyişmədən gəlib çıxa bilmişdir?

               Bu suala qismən də olsa, dilçi alim Sayalı Sadıqovanın aşağıdakı sözlərində taprıq. O bildirir:

              “İstehsalat prosesinin genişlənməsi, ictimai – iqtisadi həyatın, elmin inkişafı terminologiyanın zənginləşməsində həlledici amildir. İstehsalatın inkişafı yeni – yeni əmək alətlərinin yaradılması və müntəzəm olaraq təkmilləşdirilməsi zərurətini yaradır. Yeni yaradılan və təkmilləşdirilən modellər onların adlandırılmasından doğan ehtiyac zəminində hər bir dilin ayrı – ayrı leksik laylarının inkişafına səbəb olur.     

              Azərbaycan türkcəsində terminologiyanın təşəkkülü və inkişaf tarixi qə-dimdir. Tədqiqatçıların müəyyənləşdirdiklərinə görə hələ Eneolit dövründə Azərbaycanda kənd təsərrüfatı, əkinçilik, maldarlıq kimi sahələr aparıcı sahələr olmaqla, onun iqtisadi həyatının əsasını  təşkil etmişdir. Bu dövr  Azərbaycan mədəniyyətinin inkişaf  tarixi baxımından bir sıra əlamətdar xüsusiyyətləri ilə diqqəti çəkir.”                              

             Dilçi alim K.M.Musayev haqlı olaraq yazır:

             “Söhbət terminologiyadan gedəndə bir çox mütəxəssislər ilk növbədə yazılı ədəbi dilə müraciət edirlər. Halbuki bir çox sahə terminologiyası yazısı olmayan dillərdə, həmçinin ədəbi dilin yazıyaqədərki dövrlərində də formalaşmışdır.”                                                                 

             Tanınmış dilçi alim Ağamusa Axundovun fikirləri də çox maraqlıdır:

             “Ümumiyyətlə, terminoloji tədqiqatlara  və termin yaradıcılığına da yeni-dən qayıtmağa ehtiyac var. Çünki cəmiyyətin tarixində baş verən bütün ictimai – siyasi dəyişikliklər, tarixi hadisə və proseslər dildə öz əksini tapır.”

               Eneolit dövründə əcdadlarımızın məişətinəinə daxil olan yeniliklərdən biri də, artıq qeyd edildiyimiz kimi, saxsı qablar istehsalı olmuşdur. Bəs, görəsən, saxsı qablar kəşf edilməmişdən öncə insanlar müxtəlif ərzaq növlərini, xüsusən də suyu nədə saxlayır və bir yerdən digər yerə necə daşıyırdılar. Quru ərzağı hələ Neolit dövründən məlum olan toxuma səbətlərdə saxlamaq və daşımaq mümkün olsa da, su üçün bu yararsızdır.

                Ən qədim qabların formalarının qabağın məlum iki formasını – balqabaq və kudu formalarını xatırlatması, eləcə də yaxın vaxtlara qədər məişətdə içi oyulmuş qabaq qabıqlarından qab kimi istifadə edilməsi Enrolit dövrü gil qablarının prototipinin məhz içi ovulmuş qabaq olduğunu söyləməyə əsas verir. Deməli, Eneolit dövründə yaşamış əcdadlarımız dulusçuluq sənətini kəşf etməmişdən öncə qab kimi içi ovulmuş qabaqdan istifadə edərmişlər. Və bu, gil qabların istifadəyə girməsindən sonra da uzun əsrlər boyu məişətdə davam etmişdir.

                 Bu fakt dilimizdəki “qab” və “qapaq” kimi terminlərin “qabaq” və “qabıq” kimi sözlərdən törədiyini və sözügedən yeni terminlərin məhz Eneolit döv-ründə, yəni ən azı 6-8 min il öncə yarandığını sübut edir. “Qabaq” və “balqabaq” kimi giləmeyvə adları isə, təbii ki, bundan çox – çox minilliklər öncə, yəni ulu əcdadlarımız onlarla ilk dəfə tanış olduqları dövrdə dilimizə daxil olmuşdur.

                 Madam ki, dilimizdə bu gün də ən azı 6-8 min il bundan öncə yaranmış sözlərimiz heç bir əhəmiyyətli dəyişikliyə uğramadan yaşayır və fəal şəkildə işlə-nir, deməli, o dövrün ovsun mətnlərinin günümüzədək heç dəyişmədən və ya cüzi dəyişikliklərlə gəlib çatmasında təəccüblü bir şey olmamalıdır.     

                Nəsir Rzayev yazır:

                “Ovsunçuluq qədim mədəniyyətimizdə, folklorumuzda dərin köklər saldığı üçün onun ənənəvi davam edən izləri dövrümüzədək gəlib çıxmışdır.Bu izlər təsərrüfat həyatında, təbiətdə və məişətdə baş verən hadisələri ovsunlamaq məqsədi ilə, dilimizə canlı və cansız varlıqları ovsunlayan sözlər gətirmişdir. Azərbaycan ərazisində,son vaxtlara qədər ovsunlama ayinlərinin ayrı – ayrı formaları, daha doğrusu, fraqmentləri icra edilirmiş. Ovçuluq, maldarlıq, əkinçilik təsərrüfatlarına dair bir neçə ovsun ayini nümunəsi göstərək. Ovçu gələcək ovun müvəffəqiyyətlə keçməsi üçün ovu nişan alaraq oxu atarkən belə deyir:

                  Haş getdi,

                  Huş getdi,

                  Bu ox sənə

                  Tuş getdi.

 Maldar mal – qaranı canavardan qorumaq üçün bıçaq və ya qayçını bükülmüş halda parçaya sarıyaraq deyir:

                  Qurdun ağzını bağladım.”

                   Azərbaycanda geniş yayılmış ovsun folkloru nümunələrindən biri də “Qurd ağzı bağlama” ovsunudur. Maraqlıdır ki, Gəmiqaya təsvirləri içərisində rast gəlinmiş bir təsvir bilavasitə qurd ağzı bağlama ovsunu ilə birbaşa bağlıdır. Sözü-gedən petroqlifdə qurd və qoyun, eləcə də onların arasından keçərək onları bir-birindən ayıran və ucu yumağa çevrilən ip şəkli çəkilmişdir.

                  Gəmiqayadan tapılmış bu petroqlifin əhəmiyyəti ondadır ki, onun ifadə etdiyi təsviri informasiyanın səsli – sözlü variantı da dövrümüzədək gəlib çatmışdır və o da “yağış çağırmaq” və “yağış kəsmək” ovsunları kimi sadə bayatı formasındadır:

                   Yağladım,      

                    Dağladım,

                    Qurdun ağzın

                    Bağladım.

            İstər bu fakt, istərsə də Qarğalar abidəsindən tapılan magik daşlar və müvafiq ovsun mətnləri folklor ədəbiyyatımızın, şerimizin ən qədim formasının məhz bayatı forması olduğunu, bayatı yaradıcılığının ən azı 6-8 min il bundan öncə formalaşdığını sübut edir.

  Folkloşünas alim Vaqif Vəliyev deyir:

 “Azərbaycan xalq şerinin müəyyən hissəsi əmək nəğmələrindən ibarətdir. Əmək  prosesi ilə əlaqədar olaraq yaranan folklor nümunələri ibtidai insanların ilk söz sənəti növlərindən biri olmuşdur.

 Qədim dövrlərdən başlayaraq, xalqımız əkinçilik və maldarlıqla məşğul olduğuna görə, onun başqa əmək nəğmələrinə nisbətən, təsərrüfatın bu sahəsinin tərənnümünə həsr edilmiş nəğmələr  üstünlük təşkil edir. Əkin, biçin və səpin zamanı oxunan nəğmələrə holavalar deyilir.”

Əmək nəğməsi olduğu hesab edilən sözügedən nəğmələrdən birini gözdən keçirək:

             Hütə, hütə, hütə, ho,

              Hütə, hütə, hütə, ho.

              Öküzüm, maralım, hütə,

              Qaldı avalım, hütə.

              Hütə, hütə, hütə, ho,

              Hütə, hütə, hütə, ho.    

    Gün getdi, yağış gəldi,

    Gəl, kəlça kalım, hütə.

    Hütə, hütə, hütə, ho,

    Hütə, hütə, hütə, ho.

Alimlər yanlış olaraq, bu folklor nümunəsini “əmək nəğməsi” hesab edirlər. Halbuki, qədim əkinçi türklər arasında quraqlıq zamanı öküzü kotana qoşub, onunla qurumuş və ya dayazlaşmış çayların dibini şumlamaq və bu yolla yağış çağrmaq inamı olmuşdur ki, bu barədə Mirəli Seyidov özünün “Azərbaycan mifik təfəkkürünün qaynaqları” əsərində məlumat verir. Yuxardakı parçanın bu magik mərasim zamanı oxunan ovsun olduğu heç bir şübhə oyatmır. Bunu “Gün getdi, yağış gəldi” misrası da sübut edir. Eləcə də şerdə “Qodu” kəlməsinin başqa bir fonetik variantı olan “Hütə” kəlməsinin işlənməsi də deyilənləri təsdiq edir.

         Bu kimi cütçülüklə bağlı ovsunlarn, eləcə də əmək nəğmələrinin qədim dövrdə, daha dəqiq desək, Tunc dövründə yarandığı heç bir şübhə oyatmır. Çünki cütçülük məhz həmin dövrdə peyda olub.

     Tarixçi alim İ. Cəfərov bununla bağlı deyir:                                                      

     “İlk Tunc dövründə əkinçilik və maldarlığın inkişafında yeni mərhələ başlanır, toxadan xeyli müddət istifadə olunsa da tədricən toxa əkinçiliyi xış əkinçiliyi ilə əvəz olunur. Əkin sahələri genişlənir, şumlamada istifadə edilən sümük və daş toxalar tədricən sıradan çıxır. Qoşqu qüvvəsindən istifadə əkinçilikdə məhsuldarlığı xeyli yüksəldir.Yerli əhali əkinçilikdə Eneolit dövrü ənənələri ilə yanaşı yeni mütərəqqi üsullarda tətbiq edərək yeni bitki növlərini mənimsəyir.”                                      

Vaqif Vəliyev haqlı olaraq yazır ki, öküzə qoşulmuş kotanla yer əkən zaman heyvanların hərəkətinə, alətlərin çıxartdığı səslərə uyğun olaraq oxunan holavarların ilkin forması və məzmunu bəsit idi:

    “Ala kəlim, huş ho,

    Qara kəlim, huş ho,  

    Ana kəlim, huş ho.                      

    Huş ho, huş ho…

    Huş ho,

    Huş  ho,

    Huş ho…                  

  Holavarlar sadəcə əkinçinin mənəvi ehtiyacını ödəyən nəğmələr olaraq qalmır, dövrün ictimai – iqtisadi mənzərisini də özündə əks etdirir.                                                    

     Ho-ho,ho-ho,öküzüm,

     Ho-ho,ho-ho,öküzüm.

     Budu bütə öküzüm,

     Bir qarış yerim qalıb,

     Ho,ho,ho,

     Ho-ho,ho-ho,öküzüm.”                                            

            Holavarların bir qisminin məzmunu onların məhz erkən Tunc dövründə yarandığını sübut edir. Bu halda əsasən cütçü nəğmələri nəzərdə tutulur. Bəzi nəğmələrdə isə ovsun elementləri çox güclü hiss edilir. Belə nəğmələr isə, təbii ki, daha qədim dövrün – Eneolit dövrünün məhsuludur:

               Broy, broy, broy,

               Broy, broy, broy, broy.

               Torpağa atdım tumu, broy,

               Torpağa qatdım tumu broy.

               Broy, broy, broy,

               Broy, broy, broy.

               Göyər səmənim, broy,

               Döyək səməni, broy.

               Broy, broy, broy,

               Broy, broy, broy.                                                       

           Şifahi poeziya yaradıcılığımızda əkinçiliklə yanaşı, maldarlıq və qoyunçuluqla məşğul olanların yaradıcılığı da  geniş yer tutur.                                                           

              Nənəm o şişək qoyun,

              Yunu bir döşək qoyun,

              Bulamanı bol elə,

              Qırıldı uşaq qoyun.

               Nənəm qaraqaş qoyun,

               Qarlı dağlar aş, qoyun.                                                                

               Ay qaranlıq gecədə,

               Çobana yoldaş qoyun.                                                        

               Folklorşünas alim Azad Nəbiyev yazır:

               “Xalqımızın qədim dövr maldarlıq həyatı ilə bağlı nəğmələri içərisində sağın nəğmələri mühüm yer tutur. Sağın nəğmələri saya nəğmələrindən fərqli olaraq tərəkəmələr – köçəri tayfalar içərisində yaranmış, fəqət oturaq tayfalar tərəindən də asanlıqla qəbul edilmişdir:

                Dutum, dutum,

                Nənəm, dutum.

                Səni sağan

                Dutum, dutum,

                Mənəm dutum

                Dutum, dutum,

                Bacım, dutum.

                Ucaboy maral inək,

                Qarnı bir xaral inək,

                Doymursan tayalardan

                Südü bir aral inək.                                                        

            Əmək nəğmələri qrupuna daxil olan ovçu nəğmələri də əcdadlarımızın ovçuluq həyaının müxtəlif cəhətlərinin öyrənmək baxımından faydalıdır:

               Ova gedən

               Ovun tuş.

               Ovun olsun

               Maral,quş.”

              Peşə və məşğuliyyətlə bağlı əmək nəğmələri içərisində toxuculuq və xalçaçılıqla bağlı hana nəğmələri mühüm yer tutur. Hana nəğmələri bilavasitə əmək prosesində , yəni ilmə vurularkən və döyülərkən söylənən  nəğmələrdir:

                         Kəndəlaşı dərmişəm,

                         Dərib yerə sərmişəm.

                         Üzül boyağım,

                         Düzül boyağım,

                         Kətan içindən

                         Süzül boyağım. 

                         Əzildi,

                         Üzüldü,

                         Qırx taxçaya

                         Düzüldü.

             Əgər ovçu nəğmələrinin kökü Mezolit dövrünə qədər uzanırsa, hana nəğmələri Neolitin sonları, Eneolitin əvvəllərində förmalaşmağa başlamışdır. Sayaçı və sağın nəğmələrinin isə formalaşma dövrü kimi ilk Tunc dövrü qəbul edilə bilər. Müəyyən vəznə və ritmə tabe olan bu tip nəğmələrin bir qismi dövrümüzədək heç bir dəyişikliyə uğramadan və ya cüzi dəyişiklikərlə gəlib çata bilmişdir.

         Azad Nəbiyev deyir:                                                  

        “Əmək nəğmələri içərisində balıqçı nəğmələrinin də özünə məxsus yeri var. Bu nəğmələrin dəniz və çay ətrafında yaşayan tayfaların şifahi poeziyasında ilkin inkişaf mərhələlərində yarandığı ehtimal edilir. Balıqçı nəğmələri çox qədim “Vətəgə nəğmələri” adlı 40 nəğmədən ibarət olmuşdur.                                                                           

         Vətəgəyə işə gələnlər bu nəğmələri öyrənməmiş balıq ovuna çıxmazlarmış. Bu nəğmələr ayın doğmasını tərənnüm edən nəğmə ilə başlayır.

           Yahu, hu, hu,

            Hu, hu, Yahu.

            Gecədən yola düş gəl,

            Sübh üstü sala düş gəl.                                                                      

            Ay çıxsın tora baxsın,

            Avarçım dora baxsın.

            Yel babam nənnidədir,

            Giriş ver kirişləyək.

            Babamı nənni üstə,

            Yelpik ver yelpikləyək.”

        Fitlə başlayan bu nəğmələr xüsusi nəqarətli xorlarla qurtarmışdı. Toru yığarkən, külək, firtina qoparkən oxunan balıqçı nəğmələi də olmuşdur. Toru atdıqdan sonra ov gözləyən balıqçıların sevgi nəğmələri daha geniş yayılmışdır. Bu nəğmələr balıqçıların şəxsi arzu və istəkləri ilə bağlı motivləri əks etdirir. Balıqçı nəğmələrində mifoloji təsəvvürlərin mühafizəsi – dəniz adamlarının, su pərilərinin, onqonların, tanrıların təsviri çox qüvvətli olmuşdur.                                                         

            Tor doldu.

            Tarım oldu.

            Qayığım

            Yarım oldu.

            Toru atan, toru çək,

            Doru açan, doru çək.

            Salı  salan, salı tut,

            Toru salan, toru tut.

            Hu, hu, yahu,

            Yahu. hu, hu.

            Tor doldu, tarım oldu.

            Qayığım yarım oldu.

             Yahu, hu, hu,

              Hu, hu, yahu.                                      

          Xalq arasında “gümçü nəğmələri” adı ilə tanınan ipəkçi nəğmələri də böyük maraq doğurmaqdadır. Bu nəğmələrdə barama, onun əhəmiyyəti, barama qurdlarının bəslənməsi, onlara qulluq edilməsi, baramanın bəd nəzərdən qorunması, insan həyatına gözəllik gətirməsi, dolanacaq vasitəsi olması və sairə tərənnüm olunur.                                                                     

           Əldə edilən ipəkçi nəğmələrində baramaçılıq və ipəkçiliklə bağlı bir sıra etiqad və görüşlər əks olunmuşdur. Başqa janrlarda bəzən nəzərə çarpan bir xüsusiyyət gümçü – ipəkçi nəğmələrində də özünü göstərir. Gündəlik müşahidə zamanı söylənən nəğmə sonradan tapmaca şəklinə düşmüş və hafizələrdə belə yaşamışdır.

                    Bir quşum var alaca,

                    Gedib qonar ağaca.

                    Özünə bir ev tikər,

                    Nə qapı qoyar, nə baca.                                                        

             Folklorşünas alimlərimizin illərlə fədakarlıqla, böyük zəhmətlər bahasına toplayıb yazıya köçürdükləri folklor nümunələri tariximizin minillər öncələrə aid mərhələlərinin inanc və təfəkkür tərzini öyrənmək baxımından nə qədər böyük önəm daşıyısa, dilimizin minillər öncəki vəziyyətini, onun terminologiya və leksikonunun, morfologiyası və sintaktik quruluşunu tədqiq etmək baxımından da bir o qədər qiymətlidir. Sözügedən nümunələr xalq ədəbiyyatımızın, onun janrlarının  inkişaf dialektikasını öyrənmək üçün zəngin material verməkdədir. Ən əsası isə, bu nünunələr türk dillərinin, onların ləhcə və şivələrinin praformasının, başqa sözlə ən qədim kökünün oğuz türkcəsinin Azərbaycan variantı olduğunu sübut etməkdədir.

Eyni sözləri toxuculq və dulusçuluq sənətləri ilə bağlı treminologiya barədə də söyləmək mümkündür. Şübhəsiz ki, bu terminləin böyük əksəriyyəti Neolit və Eneolit, bir qismi isə Tunc dövrünün məhsuludur. Maraqlıdır ki, eyni dövrlərdə eyni məşğuliyyət növləri ilə bağlı  çox sayda folklor nümunəsi yaranmışdır ki, onların bir qismi nəsildən – nəslə ötürülə – ötürülə müəyyən dəyişiklərlə dövrümüzədək gəlib çatmışdır. Daha çox “Əmək nəğmələri” adı altında tanınan bu nümunələrin qiymətini təsəvvür etmək belə çətindir. Şübhəsiz ki, qədim ovsun mətnləri daha arxaik olduğu üçün daha qiyməlidir.                                                       

            Azad Nəbiyev deyir:                                                    

            “Ovsunların yaranmasında xalq inanclarından geniş istifadə edilmişdir. Ovsunların bəzilərini ilk baxışda inanca bənzər xüsusiyyətlərinə görə ayırmaq çox çətin olur.Onların toplanmasına nisbətən yeni başlanmışdaır.Əldə olan materiallar əsasında bu maraqlı janrı aşağıdakı mövzular üzrə qruplaşdırmaq olar; təbiət hadisələrini ram etmək üçün yaranan ovsunlar,insanın yaşayışını təmin edən bitki və heyvanları qorumaq üçün yaranan ovsunlar,insanların gündəlik məişətləri və sağlamlığı ilə əlaqədar ovsunlar.”

Daha bir neçə ovsun mənini gözdən keçirək:

                                                               

              İt qapma.                                               Nəzərbağlama ovsunu                                                                            

—————————-                                        —————————–

               İt üstü,                                                    Qoltuğunda üzərlik

               İtin üstü,                                                 Asdırmışam,

               İtin gözünə                                             Kürəyində qaratikan

               Tüstü.                                                     Basdırmışam. 

                Üfü,üfü,üfü.                                           Qalxan sındıran   

                                                                               Gözünə,

                Qorxu sındırma                                      Kəl çattadan

————————————-                              Sözünə

                Həccini nalladım,                                   Tfu,tfu,tfu.

                Hüccünü nalladım.                                 Gözünün oxu

                Yol gedəndə                                           Torpağa,

                Yolun aydın.                                           Ahın torpağa, 

                 Sağın aydın,                                           Ufun torpağa.

                 Solun aydın.                                           Tfu,tfu,tfu,

                 Ayaq altından                                         Tfu,tfu,tfu.”

                 Torpaq aldım,

                 Başın üstə

                 Kölgə saldım.

                 Kürəyinə

                 Qırmızı taxtım,

                 Yurd yerinə

                 Mıxça çaxdım.

                 Həcci göz,

                 Hüccü göz.

                                               Dil-ağız bağlama ovsunu

————————————————————————

 

             ” Il bizim,                                         İl üstə,dil üstə,

               Yıl bizim,                                       Quş dili üstə,

                İl bizim.                                         Həzrət Süleyman üstə.

                Dil bizim,                                       Söz içində söz tutan dilin,

                Dil bizim,                                       Söz saxlayan,söz sındıran,

                Dilbizim.                                        Sözün kəsib gözün basan,

                Bil bizim,                                        Dilin kəsdim,asdırdım.

                Bil bizim,                                        Şərin-şürün

                Bilbizim                                          Torpağa basdırdım.

                Əl bizim,                                         Yol bizim,

                Əl bizim,                                         Yol bizim,

                Əlbizim.                                          Yolbizim.

                Yol bizim,                                        Dil bizim,

                Yol bizim,                                          Dil bizim,

                Yolbizim.                                         Dilbizim…”

            

            Sonuncu ovsunun 16-cı sətrindən 24-cü misrasına qədərki misralar sonrakı dövrdə, daha dəqiq desək, İslam dövründə edilmiş əlavədir. Bu, həmin misralarda hecaların sayının digər misraların heca sayından əsaslı şəkildə fərqlənməsindən, həmin parçada Həzrət Süleyman əleyhissəlamın adının keçməsindən, eləcə də 23-cü misrada alınma “şər” kəlməsinin istifadə edilməsindən görünür. Digər misralarda isə bircə dənə də yad söz yoxdur. Üstəlik də onlarda heca sayı sabitdir. Onlarda hecaların sayının üç olması misralarının hər birində dörd heca olan və Eneolit dövrünün məhsulu olduğu bilinən ,”Qodu daşı” misrası ilə başlayan ovsundan daha qədim dövrlərə aid olduğunu sübut edir. Nəzərə alsaq ki, “Haş getdi” misrası ilə başlayan  və Mezolit dövrünün məhsulu olan ovsunda da hecaların sayı üçdür, sözügedən ovsunun da ən azı Mezolit dövrünün yadigarı olduğunu söyləmək olar. Bu müqayisədən doğan nəticə budur: Mezolit və daha qədim dövrlərə aid ovsunların misraları üç hecalı, Neolit və ilk Eneolit dövrünə aid nümunələrdə dörd, Tunc dövrünə aid nümunələrdə isə beş və daha çox hecalıdır.

           Mezolit dövrünə aid ədəbi nümunələrdə təkhecalı sözlərlə ikihecalı kəlmələrin sayı təqribən bərabərdir və buradakı təkhecalı sözlərin çoxunun mənası anlaşılmır. Eneolit dövrü abidələrində ikihecalı sözlər əksəriyyət təşkil edir və anlaşılmaz kəlmələrin sayı olduqca azdır.

            Eneolit dövrünün sənət əsərləri içərisində gil və daş qadın heykəlciklərinin xüsusi yeri olmuşdur. Belə heykəllər tədqiqatçılar tərəfindən anaxaqanlıq dövründə qadına verilən yüksək dəyər və onun ilahiləşdirilməsi kimi qiymətləndirilir. İndiyə qədər Azərbaycan, Şərqi Anadolu və Cənubi Tükmənistan ərazisində yüzə yaxın belə heykəlcik tapılmışdır. Maraqlıdır ki, onların bir çoxunun qarın nayihəsində ağac təsviri cızılmışdır. Bu fakt qədim türk mifoloji təsəvvürləri ilə sıx surətdə bağlıdır. Məsələ burasındadır ki, qədim türk miflərində ağac qadınla, doğum ilahəsi ilə birbaşa bağlıdır.

            Azərbaycan və türk dünyasının mifologiyasının böyük bilicisi, dahi Azərbaycan alimi mərhum Mirəli Seyidov özünün çox sanballı “Azərbaycan mifik təfəkkürünün qaynaqları” adlı monoqrafiyasında mövzu ilə bağlı çox maraqlı fikirlər söyləmişdir:

            “Son vaxtlara qədər Azərbaycanın bir çox yerlərində ağac pirləri olmuşdur. Həmin pirlər əsasən uşaq – doğum pirləri kimi də məşhurdur. Buraya doğmayan qadınlar övlad arzusu ilə gəlib tapınar, səcdəyə düşərmişlər. Ağacın doğum piri olması , onun həm dünya ağacının atributu olmasına işarədir, həm də bu inamın Umayla mifoloji əlaqəsinin təzahürüdür. Bizcə, ardıca və başqa ağaclara belə münasibət  ağac onqonu ilə əlaqədardır, ağaca  sitayişin  əlamətidir.  Bir  çox axtarışlar göstərir ki, ağaca sitayiş ulu türkdilli xalqlarda ən çox yayılmış görüş olmuşdur. Bu məsələ ilə əlaqədar Ermitajdakı Altay qəbilələrinə aid edilən maddi – mədəniyyət nümunələri elmə xeyli maraqlı material verir. Eradan əvvəl 4 -3-cü əsrlərə aid edilən həmin sənət nümunələri içərisində bir əl – üz dəsmalında şəkil xüsusi əhəmiyyət kəsb edir.

            Həmin şəkildə ilahənin əlində müqəddəs ağac təsvir olunmuşdur. Dəsmal haqqında bəhs edən tanınmış rus tədqiqatçısı Qryaznova qeyd etmişdir ki, burada döğum və bərəkət ilahəsi və onun əlində ağac təsvir olunmuşdur. Dəsmaldakı təsvir sübut edir ki, qədim türklər, o cümlədən Altay türkləri ən qədim zamanlardan ağaca müqəddəs şey kimi baxırmışlar.” 

          Mirəli Seyidovun sözlərinə görə, hətta bəzi abidələr göstərir ki, türk xalqları ağacı doğum və uşaqların hamisi olan ilahə ilə birgə təsəvvür etmişlər.Bu mifoloji baxımdan təbii haldır. Dünya ağacı bütün dünyanın, eləcə də yaradıcısı,hamisi sayılırmış.Belə inam hökm sürürdüsə, deməli,uşaqları himayə edən ilahə, yəni Umay təbii olaraq ağacla qoşa yad edilməli idi:

         “Məşhur türkoloq Radlovun türk xalqlarından topladığı ağız ədəbiyyatı materialları ona belə bir fikir yürütməyə imkan vermişdir ki,türk xalqlarının şifahi  ədəbiyyatında ilahə Umayla ağac həmişə qoşa xatırlanmışdır və bu hal 19-cu əsrin sonu – XX əsrin əvvəllərinə qədər davam etmişdir. Alimin Sibir və Altay türklərindən topladığı materiallarda deyilir: Biz ilkin atamız Ülgendən törədiyimiz zaman bu iki çayın ağacı da Umay ilə bərabər göydən enmişdir.”

           Bu sitatdan göründüyü kimi, qədim türklər ağacın doğum ilahəsi Umayla birgə endiyinə inanmışlar. Bütün bu faktlar sözügedən inamım məhz türk düşüncə tərzi ilə bağlı olduğunu və həmin düşüncə tərzinin də ən azı Eneolit dövündə formalaşdığını sübut edir. Deməli, bu heykəlciklər qədim türk doğum ilahəsi Umayı əks etdirir.

           Ağac təsvirlərinin ilahənin məhz qarın nayihəsində cızılması da heykəlciklərin məhz Umaya aid olduğunu sübut edir. Məsələ burasındadır ki, qədim türk dilində ana bətninə, yəni qadın uşaqlığına “umay” deyilmişdir. Bu fakt Radlovun “Qədim türk lüğəti”ində də təsbit edilmişdir. Bu səbəbdən də ilahə heykəlciklərinin qarnında cızılan ağac təsvirləri ideoqrafiya nümunəsi kimi də gözdən keçirilə bilər.

             Kökü minilliklərin dərinliklərinə enən Umaya inamınn izlərinə Orxon – Yenisey abidələrində də rast gəlimnməkdədir.Belə ki, Kül Təkin abidəsinin şərq tərəfində, 31-ci sətirdə yazılıb:

“Umay tək ögim katun kutunqa inim Kül Tiqin at bultı.”

Yəni, Umay tək anam xatunun bəxtinə kiçik qardaşım Kül Təkin ad qazandı.

             Tonyukuk abidəsinin qərb tərəfində, 38-ci sətirdə belə deyilir:

             “Tenqri, Umay, ıduk Yer-Sub basa berti erinc.”

              Yəni, Tanrı, Umay və müqəddəs Yer-Su qələbə bəxş etdilər.”

***

Bunlar Elxan Rəcəbli və Rəşid Hüseynbəylinin dilimizn və ədəbiyyatımızın ən qədim kökləri barədə söylədiklərinin çox cüzi bir hissəsidir. Fikrimcə, elə bu qədər də onların necə alim olduqlarını, başlarına qəribə hadisələr gəlməmişdən öncə nə ilə məşğul olduqlarını anlamamız üçün yetərlidr. Allah onların hər ikisinə rəhmət etsin.

Advertisements
Bu yazı Fəlsəfə, Ədəbiyyat kateqoriyasında dərc edildi və olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

PARALEL DÜNYADAN MESAJ üçün cavab

  1. TELMAN dedi ki:

    Salam…Eseri oxudum…Gorduyumuz kimi,basdan -ayaga fantaziyadir…Biz her hansisa bir eseri oxuyanda,ne ise oyrenmek isteyirik.Burada ise oyrenmelki bir sey yoxdur…Yazici oxucunu heyecanda saxlaya bilmir…Hec xosuma gelmeyen meqamlardan biri de o idi ki,sanki yazici oyrendiyi bilikleri reklam etmak isteyir…Bunu reklam etmeye ehtiyac yoxdur…Yazici savadl adamdir,bu,aydin gorunur amma,bu eserde ne heyecan,ne heqiqet var….Ne de ki,insan ucun cixara bileceyi ders….

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma