OĞUZLARLA BAĞLI ETNOQONİK MİFLƏR, İLK OĞUZ YURDU MAHAN: ƏFSANƏ YOXSA REALLIQ

Bəxtiyar Tuncay

(Hazırda əsgəri xidmətdə olan və ön cəbhədə düşmənlə üz-üzə duran sevimli oğlum Tuncay Şahverdisoya və onun simasında qəhrəman Azərbaycan əsgərlərinə ithaf edirəm)

Türk soy və boyları içərisində genezisi haqqında ən çox mənbə bulunan xalq, şübhəsiz ki, oğuzlardır. Eim aləminə çox sayda “Oğuznamə”lər məlumdur ki, onlardan ən məşhurları uyğur və Rəşidəddin variantlarıdır.

Ənənəyə görə oğuzlar 24 tayfaya bölünürlər. Yalnız Mahmud Kaşğari onların sayını 22 göstərir. Ancaq o da bu siyahıya 2 xalac tayfasn əlavə edərək sayı ənənvi 24-ə çatdırır. “Qorqud Kitabı”nda da 24 rəqəmi təkrarlanır. Müasir Orta Asiya türkmənləri də 24 tayfaya bölünürlər. Ancaq onların adları çox dəyişmişdir. Qədim adları yalnz 4 tayfa (Salır, Əmirli, Çaudar, Karqın) saxlamışdır. Ön Asiya və Qafqaz oğuzlarının, yəni Azərbaycan və Anadolu türklərinin etnik tərkibi genoloji cəhətdən klassik şəklinə (M. Kaşqarlı variantı) uyğun gəlir  (Koroğlu, 1999, s. 15-16).

R. Əlizadə yazır ki, türk etnik-mədəni  ənənəsində müstəsna yer tutmuş əcdad kultunun izlərinə türk etnoqonik miflərinin  əks olunduğu dastanlarda rast gəlmək mümkündür. Bilavasitə Oğuz etnosunun soykökə sıx bağlılığı, əcdadlarına pərəstiş və tapınmaları bu toplumun yüksək mənəvi yaşam tərzini, eləcə də siyasi baxımdan mövcudluğunu şərtləndirən ciddi aktlardan biri idi:

“Türk epos ənənəsindəki əcdadlar düzümündə özünəməxsus şəkildə yer almış və Ulu Türk adı ilə kodlaşmış ilkin obrazın, dünyanın yaradılması aktı ilə bağlılığı və bütövlükdə xaos-kosmos qarşıdurmasından törəməsi kosmogenez haqqındakı təsəvvür sistemini bəlli edir. Bu baxımdan Ulu Türk obrazı mədəni qəhrəmana aid cizgilərə sahib olmaqla, həm də Boz Qurd, Oğuz, Qorqud Ata və başqaları ilə yanaşı türk dünya modelinin qurucularından ilkinidir” (Əlizadə, 2008, s. 96).

“Oğuznamə”lərdə oğuzların ümumi əfsanəvi əcdadı və qəhrəmanı kimi çıxış edən Oğuzun altı oğlu (Gün, Ay, Ulduz, Göy, Dağ, Dəniz) nizamlı kainat (dünya) yaratmaqla yanaşı, 24 oğuz boyuna başlanğıc verir və ulu əcdad Oğuz xanın bölgüsünə əsasən bozoklar və üçoklar adı altında böyük türk elinin idarəçilərinə çevrilirlər. Bu halda Oğuz xanın özü həm də bir növ hami ruh qismində çıxış edir və bu cür də kultlaşır. “Dədə Qorqud” eposunda isə  əcdad kultu kompleksində Qorqud Ata obrazı da xüsusi diqqət çəkir. R. Əlizadənin fikrincə, arxaik strukturunu qoruyub  saxlamış obraz kimi Qorqud Ata eposun müqəddimə və boylarında həm bir övliya, həm də ulu əcdad olaraq əksini tapıb:

“Eposun oxunuşu zamanı aydın görünür ki, Qorqud Ata funksional baxımdan bir çox mifoloji varlıqlara (Boz qurd, Xızır, Uluq Türük, Domrul və s.) yaxınlaşmış, mərasim hamisinə xas özəllikləri daşımış və eyni zamanda mədəni qəhrəmana aid edilən cizgilərə də sahib olmuşdur. Diqqəti cəlb edən başlıca elementlərdən biri budur ki, Qorqud Ata mərasim hamisi obrazında çıxış edərək əcdadlar dünyasına, yaxud axirət aləminə bağlanır. Bu bağlantı Qorqudun möcüzəli yolla dünyaya gəlişini, yaşamını və ölümünü açıq şəkildə təqdim edir” (Əlizadə, 2008, s. 100).

Ə.Nəvai türklər arasında çox məşhur olan bu şəxsin, olacaqları öncədən xəbər verdiyinə işarə edərək, onu böyük övliya kimi xarakterizə etmişdir (Özdək, 1992, s. 12).

Maraqlıdır ki, başqırdların mərasim nəğmələrində Qorqud bir sehrkar kimi təqdim edilir, onun yaman ruhları qovmaq gücünə sahib olduğuna inanc diqqət çəkir. Bir sözlə, o, qam (şaman) kimi tərənnüm edilir. Qorqud Atanın fəlakətlərdən hifzetmə qüdrətinə inanmış baxışlar bunu belə dilə gətirmişlər: “Ölü desəm, ölü eməs, tiri desəm, tiri eməs, Ata Qorqud övliya” (Радлов, 1870, с. 47).

Əfsanələrin dəyişik variantlarında Qorqud ağsaqqal, qopuzu yaradan  şaman olaraq göstərilir. «Dədə Qorqud» eposunda şaman tipində funksiya yerinə yetirən digər bir obraz Bayındır xandır. Bunu onun adındakı «bay» sözü və atasının Qam (şaman) olması da təsdiqləyir (Əlizadə, 2008, s. 101).

R. Orucoğlu «Kitabi-Dədə Qorqud» eposunun boylarında zaman və məkan anlayışlarına münasibət bildirərkən haqlı olaraq yazır ki, Azərbaycan Dədə Qorqud qəhrəmanlarının doğma yurdudur. Onlar nə köçəri-gəlmədirlər, nə də ötüb-gedəndirlər. Dədə-baba kurqanları da, öz qəbirləri də buralarda yerləşir. Qonşularına – Qara dəniz ətrafı gürcülərə, Xəzərüstü qıpçaqlara və Trabzon içi yunanlara münasibətdən hiss olunur ki, Qafqaz oğuzları turukların, sakların, midiyalılaran, massagetlərin, albanların varisləridirlər (Qafarov, 2010, s. 18-19).

Rəşidəddin “Oğuznamə”sində Oğuzun soyu da Nuh oğlu Yafəsə bağlanır. Eyni hal Azərbaycandan toplanmış miflərin birində də açıq şəkildə ifadə edilir. Prof. Füzuli Bayat yazır ki, Azərbaycandan toplanmış bir  əfsanədə diqqət çəkən yön, Qorqudun atasının, Nuh peyğəmbərin oğlu Yafəsin oğlu Türk olduğu qeydinin tapılmasıdır. Alimin fikrincə, Qorqudun Nuhun nəvəsi olması, bu mifoloji tipi əcdad kultu ilə bağlayır (Bayat, 2003, s. 7.).

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycandan toplanmış bənzər əfsanə və rəvayətlərin, demək olar ki, hamısı bu və ya digər dərəcədə Rəşidəddin “Oğuznamə”sinin süjeti ilə səsləşməkdədir. Onlardan birində deyilir:

Çox əzazil, özündə deyən bir padşah varımış. Bütün adamnar bının əlinnən zağ-zağ əsirmişdər. Bir adamın hünəri nəymiş ki, bınnan icazəsiz cınqırığını çıxatsın. Ta işi o yerə çıxatmışdı ki, özünü allah élan eləmişdi. Hamı da qorxudan bını allah sayırdı.

Əmə bının uşağı olmurmuş. Bı da fikir eliyirmiş ki, bə ölənnən sora taxt-taja kim sahib olacax?

Bir gün bının yanına bir nurani qoca gəlir. Bına bir alma verip deyir ki, ala bını arvadınnan ye, bir oğlun olacax, əmə gərəh oğlan nə desə əməl eliyəsən.

Padşah razılaşır, almanı götürüp arvadıynan yeyir. Bəli, vədə yetişir, bının bir kürəyişütün oğlu olur.  Tez qurban kəsillər, sora camahətə əhfalatı deyillər.

Uşağın qırxı çıxannan sora yığışıllar ki, ona ad qoysullar. Elə bu vaxt uşax dil açıp deyir ki, bə mənim adım Uğuzdu. Hamı məhəttəl qalır. İsdiyillər uşağı danışdırsınlar, əmə uşax ta danışmır. Bının adını Uğuz qoyullar.

Bir xeylah keçir. Uğuz on beş yaşına çatır.  Bir iyid olur ki, tayı-bərabəri tapılmır. Günlərin bir günü Uğuz cəməhəti başına yığıp deyir ki, bə mənim atam allah deyil, allah göydədi, özü də heş kimin gözünə görsəmməz.

Padşah bını eşidir. Gəlir ki, oğlunu öldürsün. Uğuz atasını öldürür, özü keçir onun yerinə. Deyir ki, hamı gərəh göydəki allahı tanısın. Bınnan sora insanlar həqiqi allahı tanıyıllar (Azərbaycan mifoloji mətnləri, 1988, s. 42).

Maraqlıdır ki, “Oğuznamə”lərin uyğur və Rəşidəddin variantlarından, eləcə də Orta Asiyada qələmə alınmış variantlardan fəqli olaraq qərbdə yaranmış variantlarda oğuzların mənşəyi bilavasitə Azərbaycan və Anadolu ilə bağlanılır. Bu baxımdan Övliya Çələbinin qeydə aldığı rəvayətlər xüsusi maraq doğurur. İşin ən maraqlı tərəfi isə budur ki, onun oğuzların ilkin ata yurdu kimi qələmə verdiyi məkanın adına eyniylə qədim şumer mənbələrində də rastlanılır.

S.N. Kramer “Tarix Şumerdən başlayır” kitabının XlV fəslində 450 sətirlik “Enki və Kainat” adlı poema barədə məlumat verir. Təqribən 5000 il öncə qələmə alınmış bu poemanı bizim üçün maraqlı edən buradakı Mahan  toponimidir:

“Ölkələr… Mahan və Dilmun baxaraq mənə,

Dilmun gəmiləri şalban daşıyır.

Mahan gəmiləri göyə qədər yüklənib,

Meluhhidən “mahilum” yelkənli gəmilər

Qızıl və gümüş gətirir onlar.

Hamısı daşıyırlar Nippura.” (Oğuz, 2002, s. 42-43).

Burada rast gəldiyimiz Mahan toponimini bizim üçün maraqlı edən əsas cəhət ona türk tarixi mənbələrində və folklor nümunələrində də rast gəlinməsi, bu yerlərin oğuz yurdu kimi yad edilməsidir. Belə ki, Övliya Çələbidə də eyni ölkə adını görürük. Övliya Çələbi Axlat şəhərinin təsviri zamanı bildirmişdir ki, tarixçilər bu şəhərin adını Dərmalə adlandırırlar və bu da “Oğuz şəhəri” deməkdir. O, Axlat oğuzları haqqında əfsanəni misal gətirərək yazır:

“Qədim zamanlarda bu şəhər Mahan ölkəsinin şahına mənsub idi. Şah Samanqana gəlib, axlatlılardan yüz min yumurta tələb edir. Oğuzlar bu qədər yumurtanı toplayırlar, ancaq fikirləşirlər ki, onu göndərmək üçün at, dəvə lazımdır. Ağsaqqallar yığışıb məsləhətləşirlər. Bunu eşidən Mahan şahı öz adamını onların yanına göndərir və bildirir ki, mən gümüş yumurta nəzərdə tutmuşdum, toyuq yumurtası yox, amma onların ağır vəziyyətini nəzərə alaraq  onları vergidən azad edirəm. Oğuzlar gəlib yumurtalarını geri alırlar. Amma yumurtalar nişanlanmadığından  kiminə böyük, kiminə kiçik yumurta düşür. Bunu ədalətli hesab etməyən oğuzlar Allahın qəzəbini gözlməyə başladılar. Belə də oldu. Taun xəstəliyi gəldi. Bir gecədə şəhəri 12 min çadır tərk etdi. Onlar Misirə gəldilər. Abbasi xəlifəsi əl-Mustakfibillah Misirin Şərqində onlara yer ayırdı. Burada onlar özlərinə kərpicdən ev tikdilər . O vaxta qədər Misirdə heç kim özünə kərpicdən ev tikməmişdi. İndi də Qahirədən şərqə xarabalıq qalır. Bu yeri “Axlat məhəlləsi” adlandırırlar” (Koroğlu, 1999, s. 62-63).

Görəsən, Şumer əfsanəsindəki Mahanla haqqında Övliya Çələbinin məlumat verdiyi Mahan eyni ölkədirmi, yoxsa, bu, adların təsadüfi bir bənzəyişidir, axı, iki məlumatın qeydə alındıqları dövrlər arasında təqribən 4700-5000 illik məsafə var?! Doğrudanmı, bu böyüklükdə zaman kəsiyi ərzində yer adları dəyişmədən və ya cüzi dəyişikliklə dövrümüzədək ulaşa bilmişdir? Faktlar göstərir ki, bu suallara müsbət cavab vermək lazımdır.

Yuxarıda içərisindən sitat gətirdiyimiz Şumer dastanından belə aydın olur ki, Mahan ölkəsindən gəmilər yüklə qədim Şumerin Nippur şəhərinə gələrmişlər. Bu şəhərin yerini amerikalı alimlər 1883-cü ildə müəyyənləşdirə bilmişlər. Yerli ərəblərin “Nuffar” (Nippur adının bir qədər dəyişikliyə uğramış adı) adlandırdıqları yerdə aparılan arxeoloji qazıntılar ilk nəticəsini elə həmin il versə də bədəvilərin alimlərə hücumu onları tədqiqatları yarıda kəsməyə məcbur etmişdi. 1893-1896 və 1899-1900-cu illərdə aparılan qazıntılar Fərat çayının aşağı sahilində yerləşən qədim Şumer şəhərini gün üzünə çıxardı (Церен, 1986, c. 140).

Deməli, Mahan ölkəsindən gəmilər Nippura Fərat çayı vasitəsi ilə gəlirmiş. Övliya Çəlbinin Mahan ölkəsinin şəhərlərindən olduğunu söylədiyi Axlat Dəclə çayının yuxarı axarında, Bağdad yaxınlığında yerləşirdi (Koroğlu, 1999, s. 60). Bu isə o deməkdir ki, Mahan ölkəsi Dəclə və Fərat çaylarının yuxarı axarında, bu iki çayın bir-birinə çox yaxınlaşdığı yerdə imiş və həm Şumer dastanında, həm də Övliya Çələbidə söhbət eyni ölkədən gedir.

Övliya Çələbinin bu ölkə ilə bağlı söylədiklərində diqqəti ən çox çəkən məqamlardan biri də Bayandur xanın həmin ölkə ilə əlaqəli yad edilməsidir. Mövzu ilə bağlı Xalıq Koroğlu yazır:

“Axlatda ilk oğuz köçərilərinin yaşaması haqqında bütün tarixlər və əfsanələr danışırlar. Ancaq Övliya Çələbinin məlumatında (“Qorqud Kitabı”nda oğuzların baş hakimi) Bayandur xanın Mahandan olması çox maraq doğurur. Bu isə o deməkdir ki, “Qorqud Kitabı”ndakı Bayandur xan bir çox tədqiqatçıların fikirləşdiyi kimi (V.Bartold, V. Jirmunski və b.) etnonimin şəxsləndirilməsi deyil, tarixi şəxsiyyətdir.

Bunu qəti şəkildə təsdiqləmək üçün bizdə kifayət qədər material yoxdur. Ancaq Övliya Çələbinin məlumatlarını tarixi həqiqət kimi qəbul etsək, onda məntiqi baxımdan “Qorqud Kitabı”ndakı Bayandur xanın prototipi olması ehtimalı artır. Bunu Övliya Çələbinin versiyasında Osmanlıların əcdadı Qayı Alp bəyin qardaşı olması da gücləndirir.” (Koroğlu, 1999, s. 63).

Maraqlıdır ki, “Kitabi-Dədəd Qorqud”da Bayandır xanın Amid (Diyarbəkr) sahillərindən olması qeyd edilir. Qazan xan da Amid (Diyarbəkr) soylu adlandırılır. Qədim Amid şəhərinin, yəni bugünkü Diyarbəkrin isə həmin bölgədə yerləşdiyi məlumdur.

Övliya Çələbinin yazdığına görə,  Mahan şahı Bayandur xanı Axlatın hakimi təyin etmişdi (Koroğlu, 1999, s. 63). Bu isə söhbətin minillər öncələrdən getdiyinə işarədir. Yəni sözügedən məlumat doğrudursa, oğuzlar Mahan ölkəsinin ən qədim sakinlərindən olmuşlar. Bu isə o deməkdir ki, Mahan ölkəsi barədə məlumata sahib olan şumerlər oğuzlar barədə də məlumata sahib olmalı idilər. Qeyd edək ki, bəzi alimlər Şumer-Akkad mənbələrində adlarına “kuti”(quti) formasında rast gəlinən xalqı türk-oğuz xalqı hesab  edirlər və irəlidə görəcəyimiz kimi, onlar səhv etmirlər.

Qədim Anadolu və Azərbaycanın ərazisində yaşamış prototürk etnoslarından biri də adı qədim mənbələrdə “kuti” kimi çəkilən tayfa olmuşdur. “Kuti” etnonimi e.ə. III-II, eləcə də I minilliklərə aid qaynaqlarda yad edilir.

Tədqiqatçı B. Landeberqer kutilərin türk etnosuna mənsub olduğunu, etnonimin isə “quz” (oğuz) etnoniminin dəyişilmiş fonetik (z-d-t) forması olduğunu irəli sürmüş, Kamal Balkan isə, kuti şəxs adlarını türk dilində izah edərək, B.Landeberqerin fikrini təsdiqləmişdir (Azərbaycan tarixi, 1994, s. 81-82). Eyni fikrə Firidun Ağasıoğlu da şərik çıxmışdır. O, kuti hökmdarlarının daşıdıqları “Yarlaq” adını qədim türk yazılarındakı Yarlakar Kan Atanın, “İbra” adını “Kitabi-Dədə Qorquddakı İmrənin,  “Kurum” adını qədim bulqarların xanı Kurum xanın  və Altun Orda xanı Kurum xanın, “Elulameş” adını Elalmışın (İlalmışın) adları ilə və s. tutuşduraraq kuti hökmdarlarının türk adları daşıdıqlarını ortaya qoymuşdur (Ağasıoğlu,2005, s. 148).

Kutilər bir tərəfdən turukkilərlə, digər yandan isə suvarlarla ittifaqda olmuşlar. Bu tayfanın adı eyni zamanda Diyala çayının yuxarı axarlarında yerləşən Tukriş ölkəsi ilə yanaşı çəkilir (Bu ölkənin adına bənzər Tikriş adı daşıyan bir şəhərin də olduğu məlumdur). Həmin ölkədə Arisen adlı hökmdar hakimiyyətdə olmuşdur. Tədqiqatçılar Arisen adını Arslan adı ilə, Tukriş adını isə Türkeş qəbiləsinin adı ilə eyniləşdirirlər (Azərbaycan tarixi, 1994, s. 81-82).

Bu nüans mövzumuz baxımından o qədər önəmlidir ki, onun üzərində xüsusi durmamıza ehtiyac var. İş burasındadır ki, Əbülqazi Bahadır xan “Oğuznamə”sində (“Şəcərə – ye – Tərakimə”) türkeşlərin soy babası, bu türk soyuna öz adını vermiş olan Türkeş bəyin də adı keçməkdə və o, Div Yavqunun vəzirlərindən biri kimi qeyd edilməkdədir. Əbülqazi Bahadır xanın yazdığına görə, Türkeş bəy Div Cıngüşümün oğludur və Div Yavqunun vəzirlərindən olub (Ögəl, 2006, s. 237). Sözügedən “Oğuznamə”də Div Yavqu haqqında isə bunlar yazılıb:

Qayı xanın (Söhbət Oğuz xanın oğlu Gün xanın oğlu Qayı xandan gedir) oğulları çox idi. Qayı xan bir oğluna ulu babalarından birinin – Div Yavqunun adını vermişdi. O, öldükdən sonra elin kiçiyi də, böyüyü də, bir sözlə, hamı sözü bir yerə qoyub, Div Yavqunu taxta çıxardılar.

Günlərin bir günü Div Yavqu xan xalqdan soruşdu:

Bizimlə yaşayanlar arasında Oğuz xanı görən adam varmı?

Sualına cavab olaraq ona bildirdilər:

-Bir nəfər qalmışdır. Bu da Salur elindən Ulaş adlı birisidir.

Xan bunu eşitcək tez bir adam göndərdi və Ulaşı gətirtdi.Ondan Oğuz xanın yurdda necə yaşadığını, necə iş gördüyünü, dostlarına necə mürəvvət göstərdiyini düşmənlərinə qarşı necə hərəkət etdiyini soruşdu. Ulaş da nə bilirdisə, hamısını danışdı. Xan buna görə ona çoxlu hədiyyə verdi və yurduna göndərdi.

Div Yavqu xanın uluq (böyük) bəyləri yazır elindən Alan və Arlan, dügər elindən də İrkıl Xoca idilər.

Xan bir gün ov ovlayıb, yurd quranda atdan yıxıldı, kəllə sümüyü qırıldı və elə bundan da öldü.

Firidun Ağasıoğlu yazır:

“Dəclə çayı ilə Urmu (Urmiya) gölü arasında ayrı-ayrı bəyliklər şəklində yaşayan çoxsaylı quti (kuti) boyları vaxtaşırı Akkad və Elam dövlətlərinin hücumlarına məruz qalır, var-dövlətləri yağmalanırdı. Həm akkad, həm də elam yazılarında göstərilir ki, qutilərin ölkəsində 70 boyla vuruşmuşlar. Əlbəttə, bu boyların hamısı ayrılıqda quti adlanmırdı. Sonrakı mənbələr göstərir ki, bəzi yazılarda “quti” adı o dövrdə həmin ərazidə yaşayan subar, turuk (türk), kuman, bars, börü, qarqar, azər, zəngi və sair türk boylarının ümumi adı kimi işlənmişdir”.

Alimin sözlərinə görə, Miladdan öncə XXlll əsrin sonunda yadelli işğalçılara qarşı öz ətrafında 70 boyu birləşdirən quti bəyliyi az sonra güclü dövlət qura bilmişdir (Ağasıoğlu,2005, s. 147).

Tarixi mənbələrdən məlumdur ki, kutilər İkiçayarasında (Messopatamiyada) baş verən hadisələrə müdaxilə edirdilər. Onlar Şumer ilə müttəfiq münasibətləri saxlayır, lakin Akkad hökmdarlarının işğalçılıq siyasətinə qarşı çıxırdılar. Epik əsərlərdən məlumdur ki, Akkad hökmdarı Naran-Suen Urmiya gölü hövzəsində yaşayan tayfalara qarşı təcavüzkar siyasət yürüdürdü. İşğala məruz qalan 70 hökmdar, o cümlədən Urmiya hövzəsi etnosları ittifaq yaradırlar. Müttəfiqlərə qarşı göndərilən Akkad ordusu məğlubiyyətə uğradılır. 

Naran-Suen eyni zamanda şumerlərin dini mərkəzi olan Nippur şəhərinə ordu göndərir və buradakı Enlil məbədini dağıtmaq istəyir. Lakin o buna nail ola bilmir. Kuti hərbi dəstələri bu şəhərin köməyinə gəlirlər. Kuti dəstələrinin başında Enridavazir (e.ə.2225-2205) durmuşdu. Onun şərəfinə Nippur şəhərinin mərkəzinə mixi yazılı abidə qoyulur və orada Enridavazir “qüdrətli, Kutium (kutilər ölkəsi) və dünyanın  dörd səmtinin hökmdarı” adlandırılmışdı (Azərbaycan tarixi, 1994, s. 69).

Həmin dövrdə Kuti imperatorluğunun mərkəzi Arrapha (indiki Kərkük) şəhəri idi. Kutilərin idarəsi altında olan torpaqlarda əmin-amanlıq və firavanlıq hökm sürürdü. Təsadüfi deyil ki, kutilərin Laqaş canişini Qudea (e.ə. 2133-2117) bu barədə belə yazmışdı:

“Şəhərin məzarlığında qəbir qazılmadı, heç bir ölü gömülmədi, qala rahibi musiqi aləti daşımadı, ondan bir nəğmə (yas havası) çıxmadı, ağıçı qadın ağı demədi.” (Ağasıoğlu,2005, s. 148).

Yazılı mənbələrdə İkiçayarasıda möhkəmlənən kutilər barədə ilk məlumatlar e.ə. lll minilliyə, yəni 4,5-5 min öncəyə aiddir. Maraqlıdır ki, bu tarix “Oğuznamə”lərdə söylənilənlərlə üst-üstə düşür. “Hunların, türklərin, moğolların və daha sair qərbi tatarların ümumi tarixi” adlı çox maraqlı monoqrafiyanın müəllifi J.Dögin (1721-1800) yazır:

” Sonra (Oğuz xan) İraqı (İkiçayarasını)… fəth edərək Şam, yaxud Suriyaya qədər irəlilədi və orada uzun müddət oturdu… Oğuz xandan Çingiz xana qədər təqribən dörd min il keçdiyi hesab edilir. Buna görə, Oğuz xan e.ə. 2800 il yaşamış olacaqdır.” (Tahirzadə,1991, s. 63).

Oğuz xanın çox qədim zamanlarda yaşadığını söyləyən türkiyəli alim Besim Atalay onun təxminən 4590 il öncə yaşadığını bildirməkdədir. Ədalət Tahirzadə bununla əlaqədər yazır ki, Besim Atalayın bu sözləri 1920-ci ildə yazdığını nəzərə alsaq, Oğuz xanın tarixi e.ə. 2670-ci ilə düşür:

“Bu tarix J. Döginin göstərdiyindən cəmi 130 il azdır və Döginin yazdıqlarının gerçəkliyinə inamı bir daha artırır.” (Tahirzadə,1991, s. 64).

Naran-Suen e.ə. 2201-ci ildə Enridavazirlə döyüşdə ölür və bundan sonra İkiçayarasının xeyli hissəsi kutilərin nəzarəti altına düşür. Ancaq Akkad və Şumer üzərində tam nəzarətə kutilər Elulemişin dövründə nail olurlar. Beləcə, F. Ağasıoğlunun fikrincə, kutilərin Şumer üzərində 91 il 40 gün (e.ə 2200-e.ə 2109) sürən hakimiyyəti başlayır. Bəzi alimlərə görə, bu hakimiyyət 124 və ya 132 il davam etmişdir. Quti hakimiyyətinin başlanğıc tarixi barədə də mütəxəssislər arasında yekdil fikir yoxdur. Məsələn, L. Helpen e.ə. 2622-ci ili, E. Meyer, Ş. Günaltay e.ə. 2550-2374 ci illər arasını göstərirlər. İ,Dyakonov bu hakimiyyətin son ili kimi e.ə. 2109-cu ili qəbul edir ki , F. Ağasıoğlu da bu fikrə şərik çıxır.

Sözügedən dövrdə Kuti imperatorluğunun paytaxtı olmuş bugünkü Kərkük şəhərinin tarixi bilinməyən dövrlərdən oğuz-türkmənlərlə məskun olması faktı da kutilərin qədim oğuzlar olduqları barədə söylənilən fikirlərə haqq qazandırmaqdadır. Hər halda, fakt budur ki, Kərkük oğuzlarının guya həmin əraziyə Səlcuqlar və ya Abbasilər dövründə gəldikləri, ondan öncə sözügedən ərazidə türklərin yaşamadığı barədə fikirlər özünü doğrultmur. Çünki cahiliyyə dövrü, yəni islamaqədərki ərəb ədəbiyyatında, o cümlədən Aşa və Nabiğa kimi şairlərin şeirlərində türklərdən bol-bol söhbət açılmaqda, tarixi mənbələrdə Həzrət Peyğəmbərimizin (c) səfərlərə çıxdığı zaman türk çadırında yaşadığı barədə məlumatlar bulunmaqdadır (Turan, 1993, s.22).

Maraqlıdır ki, Fəzlullah Rəşidəddin oğuzların İkiçayarasına hakim olmamışdan öncə Oğuz xanın Azərbaycandakı Aladağda iqamət etdiyini bildirir (Сеидов, 2005, c. 22-24). Burada Aladağ toponimi diqqəti çəkməyə bilmir. Məsələ burasındadır ki, sözügedən dövrlərə aid şumer-akkad mənbələrində Azərbaycan ərazisində mövcud olmuş Aratta ölkəsindən söz açılmaqdadır və mütəxəssislər həmin ölkənin adı ilə sözügedən dağın adı arasında bir bağlılıq görürlər. Məsələn, Yusif Yusifov yazır ki, “Aratta” kəlməsinin mənası dağ deməkdir. Eradan əvvəl  Vlll əsrə aid şumer-akkad lüğətlərində həmin kəlmənin “arrattu” və “aratu”formalarına da rast gəlinir və mənasının dağ olduğu bildirilir:

 “Bu sözlərə oxşar oronimlər dağ, dağ silsiləsi mənalarında ancaq türk dillərində işlənmişdir. Məsələn;  Alatta,  Alatuu,  Alatoo kimi dağ bildirən türk mənşəli adları göstərmək olar. Bu formalar Orta Asiyanını türk xalqlarının dilində işlədilir. Bundan başqa, türk dillərində Altay, Alatey, Aladağ, Alatau və sairə formalar da vardır. Çox güman ki, Aratta, eləcə də arattu, aratu sözləri erkən prototürk forması olmuş, sonralar r-l fonetik əvəzlənməsinə məruz qalmış, yəni Alataa, Alatuu, şəklinə düşmüşdü. Belə fonetik dəyişmənin keçid mərhələsi Alatey yer adında özünü təzahür etmişdi. Eradan əvvəl Vlll əsrdə Urartu qaynaqları keçmiş Aratta ərazisini Alatey adlandırmışdı və ona dağ mənasını vermişdi. Alatey türk dillərində işlənən Alatay, Altay, Alatey və Alatau dağ, dağ silsiləsi bildirən sözlərin erkən forması kimi qəbul edilə bilər. Bu sözlərin prototürk dilinə nənsub olması heç bir şübhə yaratmır”(Yusifov Y., Kərimov S., 1987., s. 55; Юсифов, 1989, c. 22 прим. 15).

Fikrimizcə, Rəşidəddin “Oğuznamə”sində Oğuz xanın Azərbaycandakı yurd yerinin Aladağ olması faktı təsadüfən qeyd ediməyib. Sözügedən “Oğuznamə”də oxuyuruq:

“Yay aylarında onlar (oğuzlar) bu vilayətlərin bütün yaylaqlarını Səbalan, Alataq və Ağdiberiyə qədərbütün dağlıq yerlərini ələ keçirdilər. Deyilənə görə Alataq adını və Səbalan adını da onlar vermişlər. Türk dilində “meydana gələn”, “dikələn” bir şeyə səbalan deyilir.” (Сеидов, 2005, c. 22).

Şumerlərdən dövrümüzədək ulaşan ən maraqlı sənədlərdən biri İkiçayarasında tufandan öncə və sonra hakimiyyətdə olmuş sülalələrin və onların hökmdarlarının adlarının və hakimiyyət illərinin qeyd edildiyi sənəddir ki, bu sənəddə kuti hökmdarlarının da adları və hakimiyyət illəri qeyd olunmuşdur. Kutilərin yerli şumer əhalisi tərəfindən özünkülər kimi qəbul edildiyinin anlaşıldığı bu sənəddə diqqəti çəkən ən önəmli məqam kuti hökmdarlarının hakimiyyət müddətlərinin öncəki sülalələrin hakimiyyət müddətlərindən fərqli olaraq, müəyyən nizama tabe olması və bir sistem təşkil etməsidir (Ağasıoğlu, 2005, s. 151).

Firidun Ağasıoğlu bu halı tam haqlı olaraq, qədim türk-oğuz El (dövlət) sistemi ilə izah edərək yazmışdır:

“Quti dövlətinin El quruluşu çağdaş tarixçilərin bilgi meyarına uyğun gəlmir, qəbul olunmuş ölçüyə sığmır. Ona görə də İ.M.Dyakonov qutilərin ibtidai icma quruluşunda yaşadığını deyir. Azərbaycan tarixçiləri isə quti elbəylərini (çarları-nı) icma şurası tərəfindən seçilən tayfa birliyi adlandırır və qutilərin guya dövlət qurmaq astanasına gəldiyini, lakin İkiçayarasında idarəetmə işlərinə qoşulub alış-madıqları üçün böyük dövlətçilik təcrübəsi qazana bilmədiklərini yazırlar. Halbuki, Quti elinin 1 əsr boyu tabeliyində olan dövlət və ölkələri göz önünə gətirəndə və Quti Elinin bütün hüdudlarını nəzərə alanda dünyada ilk imperiyalardan biri sayıla biləcək qədər onun böyük dövlət qurumu olduğunu görürük.  İbtidai icma quruluşunda yaşayan bir uruq (qəbilə) belə nəhəng dövlət qura bilərdimi? Əlbəttə, qutilərə belə münasibət qədim türk gələnəklərini nəzərə almamaqdan irəli gəlir.

Şumer, Elam və Akkaddan fərqli olaraq, Quti elbəyi allik (hərbi demokratiya) dövründən qalan gələnəklə, quti törəsinə uyğun müəyyən müddətə seçilirdi, vaxtı tamam olanda toyda (qurultayda) seçilən yeni elbəyi hakimiyyətə keçirdi. Elbəyin hakimiyyət müddəti barədə (2, 3, 6, 7 il) toyda qərar qəbul olunurdu. Quti sülaləsinin 21 elbəyindən 5-i onlara ayrılmş hakimiyyət müddətini yarımçıq başa vurmuşlar. bunlardan sonuncu – Tirikan devrilmiş, digər 4-ü isə, görünür, ya vəzifədə ikən ölmüş, ya da növbəti toyda quti bəyləri tərəfindən vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırılmışlar…” (Ağasıoğlu, 2005, s. 150-151).

Alimin aşağıdakı sözləri ilə razılaşmamaq mümkün deyildir:

“Qədim dilimizdə xalq və dövlət anlamlarının bir sözlə – “El” sözü ilə ifadə olunmasıda türk etnosunun demokratik ruhundan yaranmışdır. Demokratik quruluşlu dövlətdə hakimiyyət qurumu geniş xalq kütləsinin iradəsini təmsil edən azad seçki ilə formalaşır, vətəndaşların haqq və hüquq bərabərliyi təmin edilir. Azərbaycanda və ümumiyyətlə, müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Demokratik Cümhuriyyəti (1918-1920) hesab olunur, lakin Qədim Dünya tarixindən öyrənirik ki, Azərbaycanda 4 min 200 il (!) əvvəl demokratik dövlət qurulmuşdur” (Ağasıoğlu, 2005, s. 147-148).

Əslində, bütün mütəxəssislərin diqqətini çəkən, fəqət nədənsə kutilərin “pri-mitivliyi” kimi dəyərləndirilən bu möhtəşəm fakt bir yandan türk – oğuz ölkəsinin gerçəkdən də demokratik dövlətçilik və idarəçilik ənənələrinin təməlinin qoyulduğu məkan olduğunu sübut etməkdə, digər tərəfdən isə kutilərin qədim oğuzlar olduğunu söyləyən elm adamlarının haqlı olduğunu göstərməkdədir. Məsələ burasındadır ki, seçkili idarəçilik sistemi islamım qəbuluna qədər oğuz çəmiyyətinin əsasını təşkil  etmişdir. Bu baxımdan İbn Fədlanın söylədiklərini xatırlatmaq yetərlidir:

“Onları (oğuzları)  aralarındakı şura idarə edir. Ancaq bir şey haqqında qərara gəlmək istəyəndə onların ən kasıbları, ən yazıqları gəlib razılaşdırılmış işi pozur.” (Koroğlu, 1999, s. 9).

Başqa mədəniyyətin yetirməsi olan İbn Fədlan kasıb və yazıqların qərarı pozması faktını, təbii ki, anlaya və düzgün yoza bilməzdi. Fakt isə budur ki, türk-oğuz cəmiyyətində ictimai mövqeyindən asılı olmayaraq, hər kəs eyni haqq və hüquqlara sahib idilər və bu bərabərlik dövlət səviyyəli qərarların alınmasında da özünü göstərirdi. Tarixi mənbələrdən belə məlum olur ki, oğuz qəhrəmanlarına ad vermək yetgisi də ağsaqqallar şurasının səlahiyyətində olmuşdur (Bayat, 1993, s. 19).

Füzuli Bayat mövzu ilə bağlı yazır:

“Bir çox qəhrəmanlıq dastanlarıı kimi “Oğuz kağan” da ulu toyla qurtarır. Dastanda belə toy bir neçə dəfə təkrar olunur və heç biri də evlənmə aktı ilə müşahidə olunmur. Oğuznamə dastanlarındakı toy semantik cəhətdən başqa dastanlardakı toydan fərqlənir. Bu toy bu gün bizim başa düşdüyümüz evlənmə mərasimi deyil, oğuz cəmiyyətinin vacib siyasi, iqtisadi, hərbi-inzibati məsələlərini həll etmək üçün çağırılan qurultaydır və ya qurultay səciyyəli toydur. Oğuznamədən göündüyü kimi qurultay xarakterli bu toyda oğuz cəmiyyətinin strukturu, hakimiyyət məsələsi, vərəsəlik prinsipi , tayfaların yerləri, damğaları müəyyənləşdirilir. Bu toy Dədə Qorqud oğuznamələrində Bayındır xanın ildə bir dəfə toy verib oğuz bəylərini bir yerə yığıb, şənlikdə vacib olan məsələləri həll etməsinə uyğundur.” (Bayat, 1993, s. 310).

Süleyman Əliyarov izlərinə “Dədə Qorud”da rast gəlinən demokratiya və parlament sistemi barədə deyir:

“Kitabdakı “qocalar” anlayışı Rəşidəddin və Əbülqazi kitablarındakı “kəngəş bəyləri”nə tam uyğundur; Rəşidəddinin “kəngəş yapın, bəylərin istədiyi nə olsa, elə hökm verin” yazısı bunu göstərir. Beləliklə, hərbi demokratiya dövründə daimi hakimiyyət orqanı olan hərbi şura (ağsaqqallar şurası) oğuz tarixində doqquz “qocadan” – kəngəş bəylərindən ibarət olmuşdur.”  (Əliyarov, 1991, s. 151).

Qədim dilimizdə cümhuriyyət, respublika anlamlarına gələn “El” termininin işlənməsi, demokratik düşüncənin ifadəçisi kimi çıxış edən “toy” və “qurultay” terminləri ilə yanaşı “kengəş” (şura, parlament) (ДTC, 1969, c. 299) kəlməsinin də olması və Avropa dillərindəki “konqres” (qurultay, parlament) termininin məhz həmin kəlmədən törəmiş olması demokratik idarəçilik prinsiplərinin və demokratik düşüncə tərzinin, eləcə də insanlar arsında, o cümlədən qadınla kişi arasında hüquq bərabərliyi ideyalarının qədim türklərdən digər xalqlara keçdiyini sübut etməkdədir. Şübhəsiz ki, bütün bunlar kuti-oğuz birliyinin, eyniliyinin əlavə sübutları hesab edilə bilər.

Kutilərin Ön Asiyanın geniş əraziləri üzərindəki uzunmüddətli hakimiyyəti ilə bağlı Mahmud İsmayıl yazır:

“Azərbaycan torpaqlarında məskunlaşmış soylardan kuti soybirləşməsini də qeyd etmək lazımdır. Onların bu ərazidə olmaları hələ lll minilliyə aiddir. Bilicilərin fikrincə onlar ll minillikdə xeyli zəifləmiş, l minillikdə isə bu ərazidə məskun olan digər soylarla qaynayıb-qarışaraq tarix səhnəsindən çıxmışlar.” (İsmayıl, 1955, s. 5).

Mütəxəssislərin nəzərini çoxdan çəkmiş şumer-türk paralellərini kutilərin (oğuzların) İkiçayarası üzərindəki 1 əsrə yaxın hakimiyyəti dövrünün yadigarı sayan Firidun Ağasıoğlu haqlı olaraq yazır:

“Eyni sözləri  türk-şumer paralelləri haqqında da demək olar. Belə ki, bu dillərdə ayrı-ayrı qrammatik və leksik paralellərin ortaya çıxmasını m.ö. lV-ll minilliklərdə şumerlərlə kontaktda olmuş subar, kəngər, quti və turuk boylarının dili ilə izah etmək mümkündür… şumer-türk əlaqəsini də “dil ittifaqı” hesab etmək olar.

Türk dillərinin başqa sistemli  dillərlə müqayisəsi göstərir ki, türk etnosu ilk çağlarda şumer, dravid, hat dilləri, sonra sami, hind-avropa və qafqazdilli xalqların əhatəsində olmuşdur. Doğu və quzey-doğu istiqamətlərə miqrasiya edən türk boyları daha sonra çin, monqol  və ural dilləri ilə kontaktda olmuşlar. Türkologiya elminin çıxılmaz dalana girməsi məhz yanlış bilgi üzərində qurulan qondarma “Altay nəzəriyyəsi” ilə bağlıdır. Nəzərə almaq lazımdır ki, Türk etnosu Ön Asiyada yaranmışdır, m.ö. lV və ll minillərin ortalarında iki böyük köçlə türklər doğu və quzey yönlərə miqrasiya etmişlər. Bunu antropoloji, arxeoloji, mifoloji və dil faktoru da təsdiq edir. Protoazər türkləri (Azərbaycan protürkləri) isə ilkin  Ata-yurdda qalmışlar” (Ağasıoğlu, 2005, s. 211).

Tədqiqatçılar ilk dəfə “şumer” ifadəsinə Aşşur hökmdarı Aşşurbanipal dövrünə aid mixi yazıları araşdırakən rast gəlmişlər.Əslində bu kəlmə “sumer”şəklində qeyd edilmişdir.Lakin termin rus elmi ədəbiyyatına nədənsə “şumer” şəklində daxil olmuş,azərbaycan elmi ədəbiyyatına da beləcə daxil olmuş-dur.Aşşur hökmdarının mirzəsi “gizli şumer sənədləri haqqında məlumat vermiş, sonralar Fərat çayının aşağı axarında aparılmış qazıntılar nəticəsində üzə çıxan və Aşşur-Babil mədəniyyətindən də qədim olan mədəniyyətə “şumer mədəniyyəti”adı verilmişdir. Alimlərin şumer adlandırdıqları xalq isə özünü “kenqir” və ya “kəngər”adlandırmış, qonşuları isə onlara “qarabaşlar” və ya “qarapapaqlar” demişlər.

Tarix elmləri doktoru, mərhum Yusif Yusifov şumerlərin daşıdığı və qonşuları tərəfindən onlara şamil edilmiş bütün adlara sonrakı minilliklərdə də türk soy və boyları içərisində rast gəlindiyini xüsusi qeyd etmişdir.                                                             

Şumerlər Messopatamiyanın,yəni İkiçayarasının adı elmə məlum ən qədim xalqı idi.Onlar bu əraziyə kənardan gəlmişdilər.Belə hesab edilir ki,eramızdan əvvəl 4-cü minilliyə aid edilən əl-Übeyd,eradan əvvəl 3000-2800-ci illərə təsadüf edən Uruk və eradan əvvəl 2800-2600-ci illəri əhatə edən Cömdət-Nəsr mədəniyyətləri bu xalq tərəfindən yaradılmışdı.

Ayrı-ayrı alimlər şumerlərin Messopatamiyaya, başqa sözlə, İkiçayarasına Anadoludan, Şərqi Qafqazdan, yəni şimali Azərbaycandan, Cənubi Azərbaycandakı Urmiya gölü sahillərindən, eləcə də Cənubi Türkmənistandan köçüb gəldikləri baraədə fikirlər irəli sürmüşlər. Bu da təbiidir. Cünki alimlər həm Anadolu, həm Azərbaycan, həm də Cənubi Türkmənistan ərazilərində şumer mədəniyyəti ilə üst-üstə düşən mədəniyyətin izlərinə rast gəlmişlər.

Şumer mədəniyyətiniən görkəmli tədqiqatçılarından biri, tanınmış arxeolq Samuel Kramer özünün “Tarix Şumerdən başlayır” adlı kitabında şumerlərin İkiçayarasına Cənubi Azərbaycanda yerləşən Urmiya gölü sahillərindən köçdüyünü, bunun eradan əvvəl lV minillikdə baş verdiyini yazmaqdadır.

Məşhur norveçli səyyah və alim Tur Heyerdal da Qobustandakı gəmi təsvirlərini tədqiq etdikdən sonra şumerlərin Messopatamiyaya buradan köçüb getdiklərini bildirmişdir.

Nəsir Rzayev yazır:

“Qədim mədəniyyət və incəsənətimizdə şumer izlərinə həm Cənubi, həm də Şimali Azərbaycanda rast gəlinir. Bu izlər qədim azərbaycanlıların şumerlərlə qaynayıb qarışmasının, etnik yaxınlığının bir əlaməti kimi də çox maraqlıdır. Bu etnik yaxınlığın digər bir göstəricicsi Aydın Məmmədov və digər dilçilərimizin dilimizdə üzə çıxardıqları şumer dili paralelləridir. Bu dil qohumluğu həm qədim, həm də uzun tarixi bir prosesin nəticəsidir.

Qədim əcdadlarımızın şümerlərlə olan mədəni yaxınlığından, qan qohumluğundan xəbər verən bir çox maddi mədəniyyət, incəsənət abidələri içərisində Qobustanın günəş gəmiləri xüsusi yer tutur.

1981-ci ildə məşhur səyyah və alim Tur Heyerdal və onu müşayiət edən SSRİ Elmlər Akademiyasının Etnoqrafiya institutunun baş elmi işçisi Henrix Anoxin Qobustan petroqliflərinə baxmış, eramızdan əvvəl lll  minilliyə aid günəş gəmilərinin təsvirlərində qədim şumer mədəniyyətinin izini görmüşlər” (Rzayev, 1985, s. 67).

Qədim şumer yazılı abidələrindən belə məlum olur ki, Messopatamiyaya köçən və burada öz dövlətlərini quran şumerlərin ilk hakim sülaləsi Kiş sülaləsi, ilk şəhərləri də Kiş şəhəri olmuşdur. Buradakı “Kiş” adının Şəki rayonu ərazisindəki Kiş çayı və Kiş kəndinin adı ilə üst-üstə düşməsi heç də təsadüfi deyildir. Görünür, qədim şumerlər Azərbaycandan İkiçayarasına köçərkən əski yurdlarının adlarını da özləri ilə aparmışlar. Məlumat üçün bildirək ki, eyni adlı çay Naxçıvanın Şərur rayonu ərazisində də vardır.

“Tövrat”da Nuh tufanından, Nuhun oğulları və onların soyları barədə məlumat verildikdən sonra tufandan sağ çıxmış insanların soylarından yaranan xalqın Şumer ölkəsinə köçməsindən də bəhs edilir. Köçənlərin Şərq ölkəsindən köçdükləri bildirilir:

“Yer üzndə bir dil və bir ləhcə var idi. Nuh övladları Şərqdən hərəkətə keçərək Şumer ölkəsində düzənlik bir yer tapdılar”(Библия, l. X. l).

Gördüyümüz kimi, Tövratda şumerlrin Şumer ölkəsinə Şərq ölkəsindən gəldiyi bildirilir. Qədim və orta əsrlər yəhudi və xristian abidələrində, o cümlədən Musa Kağankatlının “Albaniya tarixi”kitabında “Şərq ölkəsi” deyilərkən şimali Azərbaycan ərazisi nəzərdə tutulur.                                                        

Musa Kağankatlı eyni zamanda Şəkidəki Kiş kəndinin Şərq ölkəsində olduğunu qeyd edərək yazır:

“Müqəddəs patrik Kişə gəlir,burada kilsə tikir və qansız qurban verir. Bu yer Şərqin bütün kilsə və şəhərlərinin başlanğıcıdır…” (Kalankaytuklu, 1993, s. 18).

Musa Kağankatlının qədim yəhudi və xristian mənbələrinə istinadən verdiyi bir məlumat da çox maraqlıdır. Onun yazdığından belə aydın olur ki, qədim Çol, yəni Dərbənd şəhəri də Şərq ölkəsinə daxil olmuşdur. Deməli, şumerlər İkicayarasına, başqa sözlə Messopatamiyaya Şərq ölkəsindəki, yəni Azərbaycandakı Kiş çayı hövzəsindən köçmüşdülər.

Əski şumer mənbələrinin yazdığına görə, Kiş sülaləsinin və Şumer dövlətinin ilk hökmdarı Etana olmuşdur. Bu adın bir türk adı olduğu, Anadolunun bir parçasında bir müddət bəylik etmiş türk sülalələrdən birinin Eretana oğulları adlandığı məlumdur. Qədim şumerlr Etana ilə bağlı bir dastan da qoşmuşdular və bu dastanın süjeti Azərbaycanda çox məşhur olan Məlikməmməd nağılının süjeti ilə ağlasığmaz dərəcədə üst-üstə düşür. Dastanda əbədi həyat çiçəyini tapmaq qərarına gələn Etana şah tanrıların məsləhəti ilə yola çıxır və bir quyuya düşür. O orada balaları qartal tərəfindən yeyilmiş ilanın həmin qartalla döyüşünün şahidi olur və ilanı öldürür. Etana qartalın belinə minib göyə qalxır. Göyə qalxanda Etana ilə qartal arasında dialoq baş verir. Quş qəhrəmana yerə baxmağı və onun nəyə oxşadığını təsvir etməyi təklif edir. Etana yeri öncə xəlbirlə, sonra çörəklə müqayisə edir.

Dastanın yazıldığı gil lövhə qırıq olduğundan onun ardı məlum deyil. Lakin elə bu qədər də söhbətin “Məlikməmmədin” şumer variantından, daha dəqiq desək, prototipindən getdiyinə heç bir şübhə oyatmır. Beləki, bizim qəhrəman da əbədi həyat çiçəyi axtaran Etana kimi, cavanlaşdırıcı almanın dalınca gedir. O da quyuya düşür. O da əjdaha ilə zümrüd quşunun konfliktinin şahidi olur.O da əjdahanı öldürür və quşun belində uçur. Ona da quş yerə baxmağı və nə gördüyünü söyləməyi təklif edir. Məlikməmməd də eynən Etananın verdiyi cavabı verir.                                                                  

“Bibliya təpələri” kitabının müəllifi, qədim Şərq tarixinin böyük bilicisi Erix Tseren vaxtilə yazmışdır:

“Alimlərin çoxu şumer dilini türk dili saymış və bu gün də saymaqda davam edirlər”( Церен, 1986, c. 193).Şumer və türk dillərinin qohumluğu müddəasını ilk dəfə irəli sürənlər görkəmli dilçi alimlər Hommel və Qroznı olmuşlar. Sonralar bu fikir Əhməd Cavad, Naili Boratav və başqaları tərəfindən daha da inkişaf etdirilmişdir.Bu iş sonrakı dövrlərdə də davam edirilmişdir və bu sahədə görkəmli Azərbaycan dilçisi Aydın Məmmədov və tanınmış qazax alimi Amanjolov, məşhur qazax şairi Oljas Süleymenov, araçay-balkar alimi Miziyev, türkiyəli tədqiqatçı Osman Nədim Tuna və başqalarının əməyini xüsusi qeyd etmək lazımdır.  Hommel və Qroznı bu dillərin genetik qohumluğu müddəasını ilk növbədə həmin dillərin hər ikisinin aqqlünativliyinə əsaslanaraq irəli sürmüşlər. Amanjolov da bu  yolla gedərək, 20-dən artıq şumer sözünün türk sözləri ilə eyniliyini fonetik qanunauyğunluqlar əsasında  açıb göstərmişdir.

Əhməd Cavad, Naili Boratav və Miziyev də Hommel kimi bir çox şumer-türk sözlərinin qarşılıqlı müqayisəsini vermiş və bu dillərin genetik qohum olduqları versiyasını müdafiə etmişlər. Osman Nədim Tuna şumer və türk dillərinin tarixi əlaqəsinə həsr etdiyi əsərində 170-ə qədər şumer kəlməsini türk kəlməsi ilə tutuşdurmuş və linqvistik qanunauyğunluqlar əsasında şumer-türk leksik uyğunluqlarını müəyyən etmişdir. Alim fonetik səs əvəzlənməsi prinsipinə istinad edərək belə nəticəyə gəlmişdir ki, şumer dilində həm qərbi, həm də şərqi türk ləhcə və şivələrinin ünsürlərinə rast gəlinir. Əhməd Cavad yazmışdır:                                                                 

“Şumer dilinin turani dillərə bənzədiyi artıq qəbul edilmişdir. Şumerlər haqqında ən yeni və mötəbər əsər nəşr etdirən Vulli  şumerlərin morfoloji cəhətdən əski türkcəyə bənzər bir dildə danışdığını qəbul edir: Şumerlərin türk olduğu məsələsinin çoxlu sübutu var. Bizi bu qənaətə gətirən ən güclü sübut ikidir: 1)Dil sübutu; 2)Geoloji və arxeoloji sübut.”  (Cavat, 1933, s. 58-59).                                                                  

Dmitri Rederin sözlərinə görə, Şumerlərin dili ayrıca bir dildir. Bizə məlum olan dillərlə onu bağlamaq hələlik əsaslı və mübahisəsiz nəticələr verməmişdir. Yalnız onu qəti demək olar ki, o, iltisaqi dillər ailəsinə daxildir və öz quruluşuna görə ən çox türk dilləri ilə müqayisə edilə bilər (Редер, 1965, c. 15).

Qulo Vinkler isə bildirmişdir:

“Bizə gəlib çatmış şumer mətnlərinin çoxunun dil xüsusiyyətlərini hələlik izah edə bilməsək də, dünyada ən qədim mədəni dil olan şumer dilinin ümumi xarakteri barədə bizdə yetərincə təsəvvür yaranıb. Bu dil əsas əlamətlərinə görə türk dillərinə uyğun iltisaqi quruluşlu dildir və sami dillərinin quruluşundan tamamilə fərqlənir” (Винклер, 1903, c. 6-7).

Filoloq alim Elməddin Əlibəyzadə deyir:

“Məşhur Amerika şumerşünası Samuel Kramer şumerlərə həsr etdiyi kitabını belə adlandırıb: “Tarix Şumerdən başlayır.” Kitabın ayrı-ayrı fəsil və bölmələri bu məntiqi davam edir: “İlk məktəblər”, “İlk ikipalatalı Parlament”, “İlk tarixçi”, “Heyvanlar haqqında ilk təmsillər”, “İlk ədəbi mübahisələr”, “Bəşəriyyətin ilk qəhrəmanlıq əsəri”,  “İlk matəm nəğmələri”, “İlk ədəbi əxzetmə”, “İlk məhəbbət nəğməsi”, “İlk kitabxana kataloqu” və sairə. Hər şeyin ilki, hər şeyin çıxış nöqtəsi, yəni tarixin başlanğıcı.

Kitabda zəngin mətnlər, yazılar əsasında təsdiq edilir və göstərilir ki, miladdan ən azı 3 min il əvvəlki qədim Şumerdə güclü mədəniyyət, elm, ədəbi ənənə  olmuşdur. Şumerdə məktəblər, sistemli oxu mətnləri, sabit dərsliklər, müəllimlər, mirzələr, xəttatlar var idi. Şumerdə zəngin kitabxana və orada gil lövhələrdən ibarət  kitablar, yüzlərcə müxtəlif növ kitablar, elmi əsəsrlər vardı. Rəsm və şumer dili müəllimləri fəaliyyət göstərirdi, yaxşı işlənmiş qrammatika kitablarından istifadə edilirdi. Elmin ayrı-ayrı sahələrinə aid dərs vəsaitləri, proqramlar yaradılmışdı və sairə” (Əlibəyzadə, 1998, s. 61-62).                                           

Tanınmış qazax ədibi və tədqiqatçısı Oljas Süleymenov belə hesab edir ki, qədim mixi yazılarda qeyri-dəqiq ifadə olunmuş şumer vokal sisteminin bərpası məsələsində müasir türk dili materialı ilə müqayisənin böyük əhəmiyyəti vardır. Onun fikrincə, bu halda  U-Ü və A-Ə qarşıdurması nəzəri cəlb edir.

Oljas Süleymenov şumer cingiltili samitlərinin bir qayda olaraq türk kar samitlərinə uyğun gəldiyini söyləyir və fikrini aşağıdakı nümunələrlə əsaslandırır:

 

          Şumercə                                   Türkcə

           ———————————————–

          DİNGİR                                   TENQRİ (TANRI)

          UD                                           UT (OD)                                                     

          UDUN                                      UTUN (ODUN)

          ADA                                         ATA

          DİRİQ                                       TERİK (DƏRİN)

          TAQ                                          TAK (TƏK)

          ————————————————-

“Məsələn, şumerlər Tanrıya “Dinqir” dedikləri halda əski türk dilində bu kəlmə “Tenqri” formasında qeydə alınmışdır. Əski türk mənbələrində “od” kəlməsi “ut”şəklində yazıldığı halda, şumer mətnlərində eyni kəlmə “ud”kimi yazılmışdır. Şumercədəki “D” cingiltili səsinə əski türkcədəki “T” kar samitinin uyğun gəlməsini dərin mənasında olan “diriq-terik”qarşıdurmasında da müşahidə edə bilərik. Bu halda “Q-K” qarşıdurması da diqqəti çəkir. Eyni hal  “taq-tak” münasibətlərində də özünü göstərir”(Süleymenov, 1993, s. 207-208).

Şumer dilinin morfologiyasından söhbət açan Oljas Süleymenov  həmin dilin morfologiyasına istinadən “məsdər + k = isim” türk sözdüzəldici sxeminin qədimliyi haqqında fikir söyləyərək  maraqlı nəticələrə gəlmişdir:

                                                    

            Şumercə                                   Türkcə

           —————————————————

           URU                                          QURmaq, QURUluş

           URUQ                                       QURĞU, tikili, şəhər

           YÜZÜ                                       ÜZmək

           YÜZÜK                                     ÜZGÜ, ÜZən, su quşu

           EŞTİ                                          EŞİTmək

           QEŞTUQ                                  qulaq

            TURU                                       DİRİ olmaq

            TURUQ                                    DİRİLİK, həyat    (Süleymenov, 1993, s. 207-208).

Şumercə “uru” türkcədəki “qur” feli ilə üst-üstə düşür. Şumer dilində bu felə “q” sözdüzəldici şəkilçisi artırmaqla feldən isim düzəldilmişdir.Nəticədə  yeni “uruq” kəlməsi  yaranmışdır ki, bu kəlmə dilimizdəki “qurğu” kəlməsinə uyğundur və tikili, şəhər mənalarını da ifadə edir. Eyni yolla, yəni “k” və ya “q” sözdüzəldici şəkilçisinin  artırılması ilə üz, üzmək mənasında olan “yüzü” felindən  üzgü, üzgüçü vəya da su quşu mənalarını verən “yüzük” kəlməsi törəmişdir.

Bu sözlərdən göründüyü kimi ortada 5 min illik bir fasilə olsa da şumer dilinin sözləri ilə bugünkü dilimizin sözləri arasında fərq o qədər də böyük deyildir. Feldən isim düzəldilməsi mexanizmi də, bu zaman işlədilən sözdüzəldici şəkilçilər də eynidir.                                                        

Elməddin Əlibəyzadə yazır:

“Artıq XlX əsridən dünya tarixində yeni bir elm sahəsi – Şumeşünaslıq yaranıb və inkişaf etməkdədir. Dünyanın bir çox görkəmli şumerşünas alimləri yetişib və fəaliyyət gösərir. Bu sahədə qarşıya çıxan ilk problem şumerlərin kimliyi, hansı müasir xalqların əcdadları olması problemidir. Problem ətrafında çoxlu mübahisəli fikir və mülahizələr də söylənib və söylənilir. Bu, təbiidir; lakin bir həqiqət gün kimi aydındır ki, əsas şumerşünasların fikir və rəyləri üst-üstə düşür, bir-birindən xəbərsiz gəldikləri nəticələr bir nöqtədə birləşir: Şumerlər dünyanın ilk sivilizasiyalı xalqıdır; şumerlər müasir türk xalqlarının əcdadlarıdır.” (Əlibəyzadə, 1998, s. 61).                                            

 Oljas Süleymenovun araşdırmalarından belə məlum olmuşdur ki, şumer dilində  türk dilinə xas olan nümunəvi “imperativ + en və ya “-an” şəkilçisi = keçmiş zaman feli sifəti” sxemi də mövcud olmuşdur. Bu isə ümümi sintaktik quruluşdan xəbər verməkdədir. Ümumi cəhətlərdən biri də şumer dilində rastlanan “ra” yönlük hal şəkilçisinin Orxon-Yenisey  kitabələrində hələ məhsuldar şəkilçi kimi çıxış etməsidir. Eyni şəkilçi bu gün də dilimizdə işlənir. Məsələn, “ora”, “bura”…

Oljas Süleymenov 60 şumer sözünü türk sözləri ilə müqayisə edərək, hər iki dilin leksikonunun eyni bazaya malik olduğunu göstərmişdir. Özü də bu halda həmin 60 söz Dyakonovun nümunə kimi göstərdiyi 100-dən bir qədər artıq şumer sözü içərisindən seçilmişdir. Bu isə o deməkdir ki, 5 min öncəki türk dilində, yəni şümer dilində mövcud olmuş sözlərin ən azı 60 faizi  bu gün də öz yaşarlılığını sürdürməkdədir. Məsələn:

 

            Şumercə                                     Türkcə

           —————————————————

           AB, EB                                         EV, OBA

           EŞ                                                EŞİK

           ED                                               GET

           ZAQQİN                                     YAXIN 

           QULŞE                                        GÜLÜŞ

           ME                                               MƏN

           QAŞ                                             QUŞ

           DEŞ                                             DEŞİK

           UŞ                                                ÜÇ                                                              

           HAME                                         NƏ, NƏMƏNƏ

           EN                                               ƏN həyat    (Süleymenov, 1993, s. 195-203).

           ——————————————————-

 

Elməddin Əlibəyzadənin sözlərinə görə, hazırda elmi ədəbiyyatda çox-çox qədim və Şumerdən əzəli olan Kür-Araz mədəniyyətindən söz açılır. Kür-Araz mədəniyyəti, onun daha qədimliyi, inkişafı, əhatə dairəsi barədə tədqiqatlar aparılır, fikir və mülahizələr söylənilir:

“Azərbaycanın Kürlə Araz çaylarının qoynuna sığınmış Qarabağında, bu ana torpağın dağlı – düzənli yerlərində miladdan öncə çox qədim mədəniyyətin nişanələri olan çoxsaylı kurqanlar məhz bu mədəniyyətin canlı yadigarları deyilmi? Bunlar bizim şumer-türk əcdadlarımızın məskəni, ocaqlarıdır” (Əlibəyzadə, 1998, s. 61).                                                       

 Görkəmli dilçi alimimiz Aydın Məmmədov yazmışdır:      

“…Şumer dili ilə türk dillərinin tarixi əlaqəsinin mahiyyətini daha aydın duymaq üçün ilk növbədə bu dilləri müqayisə etmək və onları yaxınlaşdıran fonetik, leksik və qrammatik eyniyyətlər bir tərəfdən Şumer dilinin genetik mənşəyini daha obyektiv şəkildə öyrənməyə şərait yaradırsa, digər tərəfdən də türk dillərinə məxsus sözləin tərkibində daşlaşmış bəzi köklərin arxetiplərini bərpa etməyə tutarlı əsas verir” (Məmmədov, 1989, s. 5).

Aydın Məmmədov özünün “Şumer-Türk leksik paralelləri” adlı məqaləsində dillərin yaxınlıq səviyyəsini müəyyənləşdirməkdə leksik qatın əvəzsiz rol oynadığını nəzərə alaraq, şumer dili ilə türk dillərinin genetik bağlılığını sübut edən 120 leksik paraleli misal gətirmişdir. Məsələn:

        Şumercə                               Türkcə

           ——————————————–

            UZU                                     OZAN

            UD                                        ÖD (zaman)

            UŞ                                         US, HUŞ (ağıl)

            UŞ                                         UŞAQ

            İZİ                                         İSTİ

            ARA                                      ARA (orta)

            KAŞ                                      QAÇ(maq)                                                    

            AŞTAR                                 AÇAR

            E                                            DE

            UMA                                     UMMAQ

            DURU                                   DURU

            BAR                                      BARDAQ

            PA                                         BAĞIR(maq)

         PA                                         BAĞ(lamaq)

            SA                                         SÖZ

            DE                                         DEMƏK                                                                 

            BE                                         BƏY

            BADARA                             BAYRAQ

            SA                                         SAĞ

            SAA                                      SAP (kəndir)

            QUM                                     QUM

            SU                                         SU

            Mİ                                         MƏMƏ  (Məmmədov, 1989, s. 5-6).

 

 Maraqlıdırki, Aydın Məmmədovun müqayisəyə çəkdiyi sözlərin, bir neçəsi istisna olmaqla, heç biri Oljas Süleymenovun 60  sözü ilə üst-üstə düşmür. Yəni bu halda tamam başqa sözlər müqayisəyə çəkilmişdir. Bu deyilənlərlə kifayətlənməyən alim “Türk dillərində ilkin köklərin bərpasının nəzəri məsələləri” adlı digər məqaləsində müqayisələrdə daha da dərinə getmiş, bu dəfə ayrı-ayrı türk ləhcə və şivələrində rast gəlinən sözləri deyil, ümumtürk mahiyyəti daşıyan sözləri bütün semantik yuvalarına görə müqayisə etmiş və hər iki dilin genetik qohumluğunu təkzibolunmaz bir şəkildə ortaya qoymuşdur. Daha sonra prototürklərin, yəni əcdad türklərin Ön Asiyada təşəkkül tapdığı və oradan Avrasiyanın geniş ərazilərinə yayıldığı fikrini ifadə edən alim Azərbaycanın da həmin təşəkkül zonası ilə bağlı olduğunu qeyd etmişdir.

Şumer-türk  paralellərinin  və bu paralellər əsasında genetik qohumluq əlaqələrinin üzə çıxarılması sahəsində professor Tofiq Hacıyevin əməyi də yüksək qiymətləndirilməlidir. İstər fonetika, istər leksika, istər morfologiya və istərsə də sintaktik quruluş baxımından böyük maraq doğuran paralelləri üzə çıxaran alim müqayisə edilən dil materiallarının fonetik qanunauyğunluqları barədə deyir:

“Şumercədə bəzi mütəxəssislər 4, bəziləri 6 sait qəbul edirlər. 18 samit qeydə alınmışdır. Bunlar müasir türk dilinin sait-samit sisteminə uyğun deyildir, ancaq həmin səslərin hamısı türk dilində var. Əlbəttə, bu, tipoloji uyğunluqdur və kök sözlərdə, iki heca həcmində yalnız eyni sait çıxış edir. Bu, ahəng qanununun ardıcıl izlənməsi deməkdir. Bu prinsip yalnız alınma sözlərdə pozulur. Samitlərin inkişafında, əvəzlənməsində də uyğunluq nəzərə çarpır. Köhnə və yeni şumercədəki

p-b, t-d-z, s-z, s-ş və sairə səs uyğunluqları türk dillərində də mövcuddur. Hətta müvafiq səs uyğunluqlarını tutuşdurmaqla bir çox şumer və türk sözləri arasında etimoloji əlaqə alınır. Məsələn, şumercə də Tuş və suş, yəni düşmək, oturmaq, türkcədə tüş və düş. Burada əlaqə birbaşa görünür. Şumer dilində sipa, yəni çoban kəlməsini götürək. Həm şumercədə, həm də türkcədə s-ç və p-b samit uyğunluqlarını qəbul etdikdə sipa- çoban əlaqəsi təbiiləşir.

Bu dillər arasında bir sıra maraqlı fonetik-morfoloji uyğunluqlar da müşahidə edilir. Şumer dilindəki “tibira”, yəni misgər sözü türk dillərindəki “təmir”,“dəmir” sözü ilə bir kökdəndir. Buradakı “t” səsi qeyri-sabitdir. Eyni hal səma, göy mənasını verən “an” kəlməsində də görünür. Bu sözə “t” səsini artır-maqla göy anlamına gələn “tan” sözü alınır” (Hacıyev, 1976, s. 22-23).                                                        

Mütəxəssislərin bir çoxunun qeyd etdiyi kimi, eləcə də Qobustandakı şumer gəmi təsvirlərinin və Ağstafa rayonu ərazisindəki arxeoloji tapıntıların da sübut etdiyi kimi, qədim şumerlər bugünkü İraq ərazisinə məhz Azərbaycandan köçmüşdülər. Bunu Gəmiqayadakı araba təsvirləri də sübut edir.

Alimlər təkəri və arabanı şumerlərin kəşf etdiklərini bildirməkdədirlər. Gəmiqayadan tapılan bu rəsm sözügedən kəşfin Azərbaycan ərazisində edildiyini, şümerlərin də bu sahədə bilikləri İkiçayarasına Azərbaycandan apardıqlarını söyləməyə əsas verir.                                                           

 “Oğuznamə”nin verdiyi bir məlumatdan belə aydın olur ki, arabnın kəşfi məhz türk-oğuz mühitində baş vermişdir:                                                             

Vuruşdan sonra Oğuz Kağanın ordusuna, əsgərlərinə, el-gününə o qədər çox qənimət düşdü ki, yükləyib daşımağa at, qatır, öküz azlıq etdi. Oğuz Kağanın ordusunda təcrübəli, usta bir kişi vardı. Onun adı Barmaqluq Cosun Bilik idi. Bu usta bir araba qayırdı. Arabanın üstünə cansız qənimətləri qoydu, canlı qənimətləri arabaya qoşdu. Dartdılar, getdilər. Əsgərlər, el-gün bunu görüb mat qaldı. Arabalar düzəltdilər. Kanğa, anğa deməklə kanğa sözü belə yarandı. Bunun üçün də onlara kanğa adını qoydular  (Bayat, 1993, s. 133-134).                                                 

Maraqlıdır ki qədim mixi yazılarda şumerlər özlərini kəngər və kanq adlandırırlar (Ağasıoğlu, 2005, s. 155). Bu fakt da şumerlərin türk-oğuz mühitindən qopduqlarını və Azərbaycandan köçüb getdiklərini sübut etməkdədir. Elə bu üzdən də şumer dili və ədəbiyyatının öyrənilməsi bizim üçün böyük önəm daşıyır. Çünki bu yolla 5 min il öncəki dil və ədəbiyyatımız barədə müəyyən təsəvvür əldə etmiş oluruq. Eyni zamanda bu gün də yaşamaqda olan bəzi adət və ənənələrimizin kökləri barədə dolğun məlumat almış oluruq.

Bu gün Azərbaycanda, eləcə də digər türk ölkələrində bir kəsi yola salarkən arxasınca su atmaq adəti yaşamaqdadır. Belə hesab olunur ki, yolçunun arxasınca su atmaq yolun uğurlu olmasına kömək edir.  Şumer ədəbiyyatının şah əsəri olan “Bilqamıs” dastanında eyni adət və inancın izlərinə rast gəlinmişdir. Bu isə o deməkdir ki, yola çıxan adamın ardınca su atmaq adətinin ən azı 5 min il yaşı var:

                     Sabunlu köklər ilə bədənini yudu o.

                     Öz qamətinə layiq gözəl paltar geydi o.

                     Sinəsinə yaraşan boyunbağı da asdı

                     Belinə qurşaq vurub, başına tac qoydu o.

                     İgidlərin ardınca bir cam təmiz su atdı.

                     Pillələrlə çıxıb o evin damına qalxdı   (Bilqamıs dastanı, 1985, s. 32)

Məlum olduğu kimi, qədim türk dilində “uçmaq” feli  “ölmək” felinin si-nonimi kimi işlənmişdir. Orxon-Yenisey abidələrində bir sıra hallarda “ölmək” yerinə “uçmaq” yazılıb. Məsələn, Kül Təkin abidəsinin şərq tərəfində, 16-cı sətirdə deyilir:

“Kanım kağan uçdukta özüm səkiz yaşta kaldım,yəni xaqan  atam öləndə səkkiz yaşımda idim.” 

24-cü sətirdə isə deyilir:

”Ecüm kağan uca bardı,yəni xaqan əmim öldü” (Rəcəbov, Məmmədov, 1993, s . 73).

Bənzər halla eyni abidənin şərq tərəfinin 30-cu sətrində, şimal tərəfinin 1-ci sətrində, eləcə də Bilgə Xaqan abidəsinin cənub tərəfinin 10-cu (Rəcəbov, Məmmədov, 1993, s . 103), qərb tərəfinin 2-ci (Rəcəbov, Məmmədov, 1993, s . 104), Moyunçur abidəsinin 12-ci (Rəcəbov, Məmmədov, 1993, s . 146) sətirlərində və sairə üzləşirik. Qeyd etmək lazımdır ki, qədim türk dilində “uçmaq” kəlməsinin bir mənası da cənnət, behişt olmuşdur. Bu kəlməyə Azərbaycan klassik ədəbiyyatında, o cümlədən Məhəmməd Füzuli və Şah İsmayıl Xətainin şerlərində sıx-sıx rast gəlinməkdədir.

İstər Orxon-Yenisey mətnlərində, istərsə də klassik Azərbaycan ədəbiyyatında rast gəldiyimiz, cənnət mənasında işlənən “uçmaq” termini  təktanrıçılıqdan əvvəlki mifik təsəvvürlərlə bağlıdır və bu kəlmə qədim mifoloji sistemdə ruhun quş kimi, o biri dünyadakı insanların isə quş qanadlı təsəvvür edilməsindən qaynaqlanmışdır.

Bu təsəvvürlərin izinə təqibən 5000 il öncə qələmə alınmış “Bilqamıs” dastanında rast gəlirik. Dastanda öləcəyini yuxusunda görən Enkidunun yuxusunu Bilqamısa danışdığı səhnə deyilənlərə ən gözəl misaldır:

              Gecə öz yatağına tənha uzanan zaman,

               Enkidunun içinə bir ağrı doldu yaman.

               O, dərdini açaraq öz dostuna söylədi,

               “Gecə yuxu görmüşəm, əziz dost, eşit, – dedi, -

               Göylər haray salırdı, nida qalxırdı yerdən,

               Onların arasında dayanmışdım təkcə mən.

               Bir də bir adam vardı, tutqun idi üz-gözü,

               Mən fırtına quşuna bənzətdim onu, düzü.

               İti caynağı vardı,  qartal kimi qanadı,

               Saçımdan yapışaraq göz açmağa qoymadı.

               Onu vurdum, tullanıb tez sıçradı kənara,

               Sonra o məni vurdu, o dəm sağaldı yara.

               Sonra vəhşi öküz kimi yeriyib məni yıxdı,

              Ağır məngənə kimi başımı bərk sıxdı.

              Dedim “Məni xilas et!” Sən xilas edəmmədin,

              Onunla vuruşmağa, qorxdun, gedə bilmədin.

              O mənə toxunaraq, məni quşa çevirdi,

              Qanad taxtı çiynimə, adəti quş qanadı.

              Üzümə baxdı, baxdı, sonra məni apardı,

              İrkallanın evinə-zülmət evinə vardı    (Bilqamıs dastanı, 1985, s. 60-61).

Folklorşünas alim B.Abdullayev yazır:

“Qədim zamanlarda ölənin yaxın adamları saçlarını yolub onun üstünə qoyarmışlar. Saçın insanın həyatını, ömrünü təmin edən, hətta öləndən sonra onu dirildən vasitələrdən olması barədə miflər var” (Vəliyev, 1985, s. 112).

Əbdürrəhim bəy Haqverdiyev vaxtilə yazmışdır:

 “Qədim Azərbaycanda ölən qəhrəmanlar üçün ağlamaq bir adət olmuşdur. Həmin günü camaat bir yerə toplaşardı. Bu toplaşmaya “yuq” deyirdilər. Toplananlar üçün qonaqlıq düzələrdi, xüsusi dəvət olunmuş yuğçular isə ikisimli qopuz çalıb, oynayardılar. Yuğçu əvvəlcə qəhrəmanın igidliyindən danışıb, onu tərifləyirdi. Sonra isə qəmli havaya keçib şanlı qəhrəman üçün ağı deyərdi. Toplaşanlar da hönkür-hönkür ağlayardı… Ölünü ağlamaq, cənazəsi üstündə saç yolmaq adət halını almışdı” (Haqverdiyev, l957, s. 392).

Maraqlıdır ki, qəhrəmanın cənazəsi üstündə ağlayaraq saç yolmaq adətinin də ən azı 5 min il yaşı olduğunu söyləmək üçün əldə təkzibedilməz fakt mövcuddur. Əlbəttə ki, söhbət “Bilqamıs dastanı”nda söylənilənlərdən gedir:

                  O kəslər ağlayar ki, qədim adamlar kimi

                                                       səninlə öyünərdi,      

                  O kəslər ağlayar ki, sənə öz süfrəsində

                                                bir vaxt çörək verərdi.

                  Ayağına ətir-yağ çəkən kəniz ağlayar,

                  Sənə şərab içirən qulun göz yaşı axar,

                  Canına zeytun sürtən yava qadın ağlayar.

                  Sənin məsləhətinlə özünə arvad tapıb,

                   Nigah otağına ilk qədəm basan ağlayar.

                  Qardaşların ağlayar, bacı kimi hay salar,

                  Yaslara batar tamam, nalə çəkib saç yolar!  (Bilqamıs dastanı, 1985, s. 64).

Nəsir Rzayevin yazdığına görə, Tunc və dəmir dövrü üçün xarakterik olan abidələrdən söz açarkən, dolmenlərdən də söhbət etmək lazımdaır. Dolmenlər daşların şaquli vəiyyədə yerə basdırılması nəticəsində yaranmış, hər tərəfi bağlı düzbucaq qəbirlərdir. Onların üstü sal daşla örtülür. Dolmenləin qurulmasında 10 ton ağırlığı olan nəhəng daşlardan istifadə edilmişdir. Bu qəbirlər tək, ikimərtəbəli və koridorla birləşən qəbirlər sırası şəklində olur. Belə abidələrə Avopa, İran, Hindistan,Yaponiya, Koreya, Krım, Qara dəniz sahilləri və Azərbaycanda rast gəlmək olur. Fransız alim Jak de Morqan Lənkəran rayonunun Körükdi kəndi yaxınlığında ikimərtəbəli dolmenlər aşkarlamış və ilk dəfə onların tarixi və dini mahiyyəti barədə məlumat vermişdir. Xocalıda da dolmenlər üzə çıxarılmışdır:

“Dolmenlərin yaradılması üçün əsas olmuş axirət dünyası ideyası və ruhun ölməzliyinə inam ənənəvi olaraq zamanəmizə qədər gəlib çıxmışdır. Buna misal olaraq Şamaxıdakı “Dədə Günəş” pirini ziyarət edənlərin balaca daşlardan evlər tikməsini göstərmək olar. Guya bu evlər xəstələrin öləndən sonra axirət dünyasında yaşamasına xidmət edəcəkmiş.

Bu pirin adı təsadüfi olaraq “Dədə Günəş” adlandırılmamışdır. Günəş Azərbaycanın ən qədim kultlarındandır. Bu kult Tunc dövründə çox böyük tərəqqi tapmışdı”   (Azərbaycan incəsənəti, 1977, s. 13).

Günəş kultundan söhbət düşmüşkən Qobustandakı gəmi təsvirlərini də unutmamaq lazımdır. Şumer gəmilərinin prototipi olan bu gəmilərin uclarındakı günəş təsvirləri diqqəti çəkməkdədir. Şumer mifologiyasında bu qayıqlar günəş tanrısı Utu ilə əlaqəli təsəvvür edilmişdir. Şumerlər inanıdılar ki, ölən insanlar ölülər dünyasına belə qayıqlarda yollanırdılar. Bunun üçün onlar Kur çayını keçməli idilər. Sonradan bu mifiloji təsəvvür qədim sami və yunan mifologiyalarına da keçmişdir. Onun izlərinə hətta Amerika hindularının əfsanələrində də rast gəlinməkdədir. Maraqlıdır ki, qədim yunan tarixçisi  Herodot iskit xaqanlarını Kür çayının yuxarı axrında kurqanlarda basdırmaq adətindən söz açmışdır. Görünür, şumelərin bu dünya ilə o biri dünyanı bir-birindən ayıran Kur, yəni Kür çayı barədə, eləcə də ölüləin bu çayı günəş qayıqlarında keçməsi barədə təsəvvürləri əski vətənlərindəki real hadisənin yeni vətəndə əfsanələşdirilməsi ilə meydana gəlmişdir. Hər halda belə düşünməyə ciddi əsaslar vardır. Əvvəla, Qobustanın gəmi təsvirləri və Herodotun iskit xaqanlarının dəfni ilə bağlı verdiyi məlumat, eləcə də Kür çayının yuxarı axarında son Eneolit dövrünə aid Soyuqbulaq kurqanlarının aşkar edilməsi bu versiyanın ciddi bir versiya olduğunu göstərir. Deyilənlərə kurqanlaın “şüa sistemi”nə uyğun yerləşdiyini də əlavə etmək lazımdır.

Tunc dövründə insanların dünyagörüşündə baş verən köklü dəyişikliklər Qobustanın həmin dövrə aid qayaüstü təsvirlərindən çox aydın hiss edilir. Əvvəlki dövrlərdən fərqli olaraq, bu dövrdə artıq öküz təsvirlərinə rast gəlinmir. Belə ki, Azərbaycanın son Eneolit – erkən Tunc dövrlərə aid Şomu-təpə, Töyrə-təpə, Qarğalar təpəsi, Baba-Dərviş və Əlikömək təpəsi kimi abidələrində tədqiqat aparmış arxeoloq D. Hacıyev həmin dövrlərdə insanların artıq iribuynyzlu heyvanların da ətindən istifadə etdiklərini təsbit etmişdir. Araşdırmalar nəticəsində Şomu-təpədən əldə edilən heyvan sümüklərinin 57 %-inin kiçikbuynuzlu heyvanlara, 25 % – nin iribuynuzlu heyvanlara, 5,5 %-nin isə qabana aid olduğu üzə çıxmışdır. Töyrə-təpədən tapılan sümüklərin isə 25,5 %-ni öküz sümükləri təşkil edirdi. Qarağalar təpəsi, Baba-Dərviş və Əlikömək təpəsində isə bu göstəricilər müqabil olaraq 23,4 %, 36,5 % və 43,3 % idi (Гулузаде, 2005, с. 83).

Deməli, həmin dövrlərdən etibarən öküzləri yeməyə başlamışlar. Çünki artıq onları müqəddəs varlıq hesab etmirdilər. Bir sözlə, öküz kultu yerini tədricən günəş kultuna vermişdi. Bu da təbiidir. Çünki zaman keçdikcə insanların sayı durmadan artmış və bu da ərzaq probleminin yaranmasına gətirib çıxarmışdı. Öküz və inək isə həm zəngin ət, süd mənbəyi, həm də əkinçilərin işini yüngülləşdirən səmərəli güc mənbəyi kimi çıxış etmək potensialına sahib idi. Artıq son Eneolit – erkən Tunc dövrlərindən etibarən  öküzlərin kotana qoşulduğunu təsdiqləyən çox sayda fakt mövcuddur. Bununla belə, dövrümüzədək ulaşan və həmin dövrlərin yadigarları olan cütçü nəğmələrindən də göründüyü kimi, öküzə hələ də son dərəcə xoş münasibət bəslənilir, o, marala, ceyrana bənzədilərək əzizlənirdi:

 

Huşa. Huşa öküzüm,

Sel gəldi, ho, sel gəldi.

Huşa, huşa maralım,

Yel gəldi, ho, yel gəldi.

 

Huşa. Huşa öküzüm,

Yar gəldi, ho, yar gəldi.

Huşa, huşa, ceyranım,

Qar gəldi, ho, qar gəldi.

 

Huşa, gülüm, bizə gəl,

Dağdan enib düzə gəl.

Boyunduruq nalçalı,

Torpağımı bizə gəl…

 

Huşa, huşa maralım,

Sel gəldi, ho, sel gəldi.

Huşa, huşa, ceyranım,

Yel gəldi, ho, yel gəldi.

 

Yel gəldi, ho, yel gəldi.

Yel gəldi,  yel gəldi.

Yel gəldi, ho, yel gəldi.

Yel gəldi, ho, yel gəldi  (Nəğmələr, inanclar, alqışlar, 1986, s. 28).

 

Eyni münasibəti aşağdakı nəğmədə də görürük:

 

Hütə, hütə, hütə, ho,

Hütə, hütə, hütə, ho.

Öküzüm, maralım hütə,

Qaldı avalım, hütə.

Hütə, hütə, hütə, ho,

Hütə, hütə, hütə, ho.

Gün getdi, yağış gəldi,

Gəl, kalça kəlim, hütə.

Hütə, hütə, hütə, ho,

Hütə, hütə, hütə, ho” (Nəğmələr, inanclar, alqışlar, 1986, s. 27). 

                                                        

Başqa bir cütçü nəğməsində isə öküz belə əzizlənir:

 

Ho-ho, ho-ho, öküzüm,

Ho-ho, ho-ho, öküzüm.

Budu bütə öküzüm,

Bir qarış yerim qalıb,

Ho, ho, ho,

Ho-ho, ho-ho, öküzüm (Nəğmələr, inanclar, alqışlar, 1986, s. 27).

 

Digər bir nəğmədə öküzə “ala kəlim, qara kəlim, ana kəlim” deyə müraciət edildiyini müşahidə edirik:

 

Ala kəlim, huş ho,

Qara kəlim, huş ho,

Ana kəlim, huş ho.

Huş ho, huş ho,

Huş ho, huş ho,                                                                                                             

Huş ho, huş ho  (Nəğmələr, inanclar, alqışlar, 1986, s. 27).

                                                 

Tunc dövründə günəş kultunun öküz kultunu üstələməyə başlamasını və hətta həmin dövrdə öküzün kəsilərək günəşə qurban verildiyini yazılı mənbələr də təsdiq etməkdədir.Bu baxımdan şumer ədəbiyyatının şah əsəri hesab edilən “Bilqamıs dastanı”nda təsvir edilən bir olay deyilənlərə ən gözəl sübutdur:

                                                            

               “Dostum, mən də görürəm buğada çılğınlığı,

                Bizi qorxuda bilməz onun bu azğınlığı.

                O buğanı ikimiz bir yerdə öldürərik,

                Mən onun ürəyini çıxardaram yerindən,Utuya apararam.

                Buynuzuna zeytun yağı dolduru , Luqalbandaya çatdıraram.

                Sən onun quyruğunun yapış yoğun yerindən,

                Alnına,peysəinə xəncər vuracağam mən.”

                Enkidu hərləyərək onun dalınca qaçdı,

                Quyruğunun lap yoğun yerindən o yapışdı.

                Bilqamıs öz dostunun igidliyini gördü,

                Buğanın alnına,peysərinə xəncər vurdu.

               Gətirdilər qoydular Utunun qarşısına,

               Bir az kənarda durub,səcdə etdilər ona” (Bilqamıs dastanı, 1985, s. 51).

Nəsir Rzayevin sözlərinə görə, Tunc dövrü abidələrindən danışarkən Azərbaycanda “Çoban daşı” adı ilə məşhur olan menhirlərdən də söz açmaq lazımdır. Dağ və dağətəyi zonalarda rast gəlinən, hündürlüyü təqribən 1 metr və daha çox olan və şaquli şəkildə yerə basdırılan bu abidələrə ancaq qəbiristanlıqlarda təsadüf edilir. Arxeoloqlar müəyyən etmişlər ki, menhirlər Tunc dövründən sonra öz əhəmiyyətinin itimişdir. Qədim qəbiristanlıqlarda cərgələrlə düzülmüş bu şaquli, yonulmamış daşlar ölülər kultu ilə əlaqədar olmuşdur. Belə güman edilir ki, hər daş ölən adamı təmsil edərək onu bu dünyada əbədi yaşadacaqmış. Göründüyü kimi, menhirlər ilk insan heykəlləridir, xatirə səciyyəvi abidələrdir. Maraqlıdır ki, tədqiqatçılar belə daşlar arasında, ibtidai şəkildə olsa da, kişi və qadın heykəllərinə rast gəlmişlər. (Azərbaycan incəsənəti, 1977, s. 12).

Üzərində baş heykəlləri olan daşlar ilk baş daşlarıdır və dilimizdəki “başdaşı” ifadəsi həmin daşlarla bağlıdır.Bu daşların ölülərin qəbri üzərində ucaldığını “Bilqamıs dastanı” da təsdiq etməkdədir:

         

         Ürəyini dinlədi, ürəyi vurmur daha,

          O, dostunun üzünü örtdü gəlin tək.

          Özü fırlanıb qartal kimi gəşt edirdi

          Elə bil ki, balası tələyə düşən şirdi,                                                     

          Qəzəblə var-gəl edib, ora-bura gedirdi.       

          Kətan kimi dartırdı, saçlarını yolurdu,

          Paltarını didib, cırıq -  cındır olurdu. 

          Üfüqə səda düşüb ağaranda dan yeri

          Bilqamıs ölkəsini çağırdı adbaad.

          Misgərlər, dəmirçilər, daşyonanlar gəlirdi,

          Heykəltaraşlar gəlir, daş qoyanlar gəlirdi.

          -Dostum, sənə mən elə başdaşı düzəldəcəm,

          Beləsini heç kəs dostuna düzəltməyib.

          Saçı lacivərd, altı daşdan hörüləcək,

          Üzü əhəngdən, özü altundan yonulacaq    (Bilqamıs dastanı, 1985, s. 65).   

Nəsir Rzayev bildirir:

“Menhirlərin Azərbaycanda dəmir dövründə yaradılmış insan heykəlləri ilə müəyyən yaxınlığı vardır.

Belə heykəllər döyüşçülərin qəbri üstünə qoyularmış. Menhirlərdə olduğu kimi, bu heykəllər də ölmüş döyüşçünün özünü təmsil edirdi. Göründüyü kimi, menhirlər ilə qədim türk heykəllərinin ideoloji əsası eynidir. Hər ikisi animistik təsəvvürə-ölümdən sonrakı əbədi həyat fəlsəfəsinə əsaslanır” (Azərbaycan incəsənəti, 1977, s. 12).

Sənətşünas alim Rasim Əfəndi deyir:

”Azəraycanın daş plastika sənəti nümunələri içərisində daş insan fiqurları önəmli yer tutur. Şamaxı və Ağdam şəhərləri ətrafında tapılmış bu monumental plastik sənət nümunələri alimlərin böyük marağına səbəb olmuşdur. Şamaxının Dərə Xınıslı və Dağ Kolanlı yaxınlığından tapılmı heykəllər üslub etibariylə bir-birinə bənzəsə də, ayrı-ayrı vəziyyətdə və ölçüdə düzəldilmiş müxtəlif tipli kişi fiqurlarını təsvir edir. Şamaxıdan tapılmış fiqurların ən böyüyünün hündürlüyü 2,23 metr, ən kiçiyinin isə 1,35 metrdir.

1946-cı ildə Dərə Xınıslı kəndində tapılmış daş heykəl xüsusilə maraqlıdır. Yerli əhəng daşından yonulub düzəldilmiş bu heykəl ucaboylu, naməlum bir şəxsi təsvir edir. Həmin fiqur  bu ərazidə aşkar edilmiş bir neçə başqa heykəl kimi başsızdır. Baş yerinin formasından məlum olur ki, fiqurun başı sonralar hansısa səbəbdən sındırılmışdır. Fiqurun əllərinin vəziyyəti də bu ərazidə tapılan əksər heykəllərdə olduğu kimidir. Onların əksəriyyətində sol əl ürək, sağ əl isə bel tərəfdə təsvir edilmişdir.                                       

Fiqurun bədənində geyim olduğunu bildirən xətlərin izləri  görünür. Kürəyin yuxarı hissəsində bu ərazidən tapılan digər heykəllərdə olduğu kim dalğavari xətlər vardır ki. bu da təsvir olunan şəxsin uzun saç saxladığını göstərir.

Tarixi mənbələrdən belə aydın olur ki. türk xalqları islamdan öncə hər bir igidin məzarı üstə insan fiqurlu heykəllər qoyardılar. İlk orta əsrlərə aid “Veyşu”adlı Çin mənbəsindən, eləcə də Əl-Bələzuri və Əl Xarəzmi kimi müsəlman tarixçilərin əsərlərindən göründüyü kimi, bu tipli heykəllər müqəddəs sayılır və onlara sitayiş edilirdi.

Musa Kağankatlı özünün “Alban tarixi”kitabında Azərbaycan ərazisində yaşayan soy və boyların daşdan heykəllər yonub, ona sitayiş etdiyini, onların şərə-finə hətta at, qoç, sığır qurbanları verdiklərini xüsusi qeyd edir. Musa Kağankatlının yazdığına görə, bu boylar uzun saç saxlayıb mahir ox atan idilər” (Əfəndiyev, 1980, s. 10-12).

Qeyd etdiyimiz kimi, şumerlər özlərinini “kəngər” və “kanq” alandırmışlar. Qonşuları isə onlara “qarabaş” və ya “qarapapaq” demişlər. Maraqlıdır ki, bu gün də Azərbaycanın qərb hissəsində, Qazax – Qarabağ – Naxçıvan – Maku xətti üzrə onlarca “Kəngərli”, “Kəngər” adlanan kəndlərimiz var. Görkəmli coğrafiyaşünas və etnoqraf alim Vəliyev-Baharlının yazdığına görə, qarabörklü (qarapapaq) tayfaları da kəngərlilərdən olmuşlar (Велиев, 1921, c. 36).

Tanınmış şərqşünas alim Süleyman Əliyarov “kanqlı” və “kəngər” etnonimlərinin sinonim olduğunu bildirmişdir. Görünür,elə bu səbəbdən də şumer mixi yazılarında “kəngər” adı əvəzinə bəzən “kanq” adı işlənmişdir. Bu etnonim sonuncu dəfə mixi yazılarda eramızdan əvvəl ll minillikdə yad edilmiş, bundan sonra mixi yazılarda kəngərlər barədə heç bir məlumata rast gəlinməmişdir. Lakin eradan əvvəl  V əsrdə qələmə alındığı məlum olan “Avesta”da “kanqlı etnonimi ilə yenidən üzləşirik ki, həmin kitabda bu etnonim turanlıların, yəni türklərin sinonimi kimi işlənir (Əliyarov, 1991, s. 141).                                                                   

Eramızdan əvvəl  lll-ll minilliklərə aid mənbələr kəngərlərlə suvarların qonşuluqda yaşadıqlarını bildirməkdədir. Həmin qaynaqlardan belə bəlli olur ki, kəngərlər İkiçayarasının cənubunda, suvarlar isə şimalında yaşamışlar                                                                  (Ağasıoğlu, 2005, s. 150). Maraqlıdır ki, l-ll əsrlərə aid mənbələr də bu iki türk boyunun qonşuluqda, fəqət əvvəlki yurdlarından bir xeyli aralıda, Xəzər dənizi sahillərində yaşadıqlarını qeyd etməkdədir. Söhbət Ptolomeyin qeydlərindən gedir. O bu iki xalqın Xəzər sahilində, Qafqaz dağlarından Dərbəndə kimi uzanan geniş sahədə yaşadıqlarını yazmışdır (Əliyarov, 1991, s. 141).

Orta əsr mənbələri kəngərləri oğuzlarla birlikdə yad etməkdədir. Məsələn,            X əsr salnaməçisi  Konstantin Baqryanorodnıy oğuz tayfalarından olan beçeneklərin bir hissəsinin kanqar, yəni kəngər adlandığını bidirməkdədir (Богрянородный , 1989, c. 159).

Qiyasəddin Qeybullayev kanqlı tayfasının oğuz-Səlcuq birləşmələrində yer aldığını qeyd edilmişdir (Гейбуллаев, 1991, c. 103). Moravçikin də fikrincə, oğuz-beçenek tayfasının bir qismi kanqlı adlanmışdır (Moravçig, 1943, p. 145).

Tarixi mənbələr kəngərlilərin adını Azərbaycanla bağlamaq ənənəsi ba-xımından  çox genişdir. Məsələn, orta əsrlərə aid erməni tarixçilərinin verdiyi məlumatlardan belə məlum olur ki, kəngərlər Qərbi Azərbaycandakı Kəngər dağlarında, eləcə də Albaniya, yəni Şimalı Azərbaycan ərazisindəkə kəngərlər ölkəsində yaşamışlar (Гейбуллаев, 1991, c. 102). Erməni mənbələrinin birində deyilir ki, 482–ci ildə erməni və iber ordusu Kəngərlər ölkəsində fars ordusu ilə müharibəyə girişmişdilər. “Vll əsr erməni coğrafiyası”ndan belə məlum olur ki, Göyçə gölündən şimala yerləşən torpaqlar Kəngərlər ölkəsi adlanmışdır (История Армении Лазаря Парбского, 1904, c. 304).

Tarixi mənbələr XVlll əsrdə kəngərlilərin bir hissəsinin Gürcüstan ərazisindən Qarabağa köçdüyünü qeyd edir. Naxçıvan ərazisindəki kəngərlilərdən Vl əsrə aid bir anonim Suriya mənbəyi sönbət açmaqdadır (Гейбуллаев, 1991, c. 102).

Rəşid Göyüşov deyir:

“Eneolit dövrünün dini dünyagörüşünü öyrənmək baxımından Əliköməktə-pədə tapılan dairəvi otağın böyük əhəmiyyəti var. Otağın divarları gillə suvanmış, üstündən isə ağ gillə şirələnmişdir. Hamar divarda həndəsi xarakterli naxışlar çəkilmişdir. Bu bina çox güman ki, ovsun mərasimlərinin keçirilməsi üçün istifadə edilmişdir. Daşdan və gildən düzəldilən insan  fiqurları Eneolit dövrünün ən maraqlı abidələridir” (Göyüşov, 1986, s. 31).                                     

            Eneolit dövrünə aid ən maraqlı mərasimlərdən biri də müxtəlif insan fiqurları ilə bağlı olmuşdur. Bilqamıs dastanının məzmunundan belə görünür ki, Eneolit  dövrü  sakinləri, eləcə  də sonrakı dövrdə şumerlər bu gil  heykəlləri  günəş  tanrısı Utuya (akkad variantında Şamaşa) qurban vermişlər:

             Bilqamıs özü gildən bir heykəlcik düzəltdi.

              Sonra taxtadan böyük bir masa da çıxartdı.

              Əqiqdən qayrılmış qabı balla doldurdu.

              Lacivərddən düzəlmiş qabı yağla doldurdu.

              Masanı bəzəyərək Utu üçün apardı  (Bilqamıs dastanı, 1985, s. 66).

 

              Günəş tanrısı Utunun adı Azərbaycan folklorunda bu yaxın zamanlara qədər “Qodu” şəklində yaşamışdır. Bilqamıs Utuya bal, yağ kimi yeməli şeylər apardığı kimi, Azərbaycanda da Qodu üçün xəmiraşı bişirilməliymyş. Qeydə alın-mış “Qodu-Qodu” nəğmələri içərisində bal və yağın xatırlanması da xüsusi maraq doğurmaqdadır:

        

              Qoduya qaymaq gərək,

               Qablara yaymaq gərək,

               Qodu gün çıxarmasa,

               Gözlərin oymaq gərək.

               Yağ verin yağlamağa,

               Bal verin ballamağa,

               Qodu gülmək istəyir,

               Qoymayın ağlamağa  (Nəğmələr,inanclar,alqışlar, B.,1986, s. 47).

             5 min il öncə Günəş tanrısı Utuya bal və yağ qurbanlığı verən Bilqamıs bu mərasim zamanı gildən heykəl düzəltdiyi kimi, Azərbaycan türkləri də XX əsrin ortalarınadək “Bal verin ballamağa, yağ verin yağlamağa”- deyərək “Qodu-Qodu” mərasimi keçirərkən, müqəvva düzəldərmişlər.

Tanınmış rəssam və tədqiqatçı Elçin Aslan yazır:

“Azərbaycanda vaxtsız və uzun müddət yağan leysan yağışına son qoymaq, günəşi çağırmaq məqsədi ilə icra olunan kütləvi xalq tamaşası “Qodu-Qodu” günəş tanrısına həsr olunurdu. Vaxtilə yaşlılar tərəfindən göstərilən bu əsatiri tamaşa, get-gedə ilkin önəmini itirmiş və XX yüzilin əvvəllərində subay gənclər və uşaqlar tərəfindən oynalınan hərəkətli, sözlü-nəğməli bir oyuna çevrilmişdir. Oyun iştirakçıları müqəvva Qodunu qapı-qapı gəzdirib, onun şəninə təriflər deyir, məzəli səhnələrdə kuklanı çomaqla vurub “öldürür”, sonra yenidən “dirildirdilər.”   (Aslanov, 1984, s. 55).

Nəsir Rzayev isə deyir:

“Tunc dövründə, eramızdan əvvəl lll-ll minilliklərdə Azərbaycanda günəş kultu çox geniş yayılmışdı. O vaxt günəş tanrısının  bir sıra simvolları məişətdə, ictimai həyatda tətbiq edilərək bədii yaradıcılığa daxil olmuşdur. Tunc dövrünün sonunda əmək məhsuldarlığının artması, istehsalın, maldarlığın inkişafı varlanmaqda olan qəbilə və ailə başçılarının, əcdadların hüququnu genişləndirir, yeni dini etiqadların yaradılmasına səbəb olurdu. Odur ki, günəş tanrısının “funksiyasında” yeni  elementlər ortaya çıxırdı. Onlardan biri günəş tanrısının əcdadlara və bununla əlaqədar olaraq ölülərə himayəkarlıq göstərməsi idi. Bunun nəticəsində cəmiyyətdə “atalar kultu” və “ölülər kultu” kimi yeni ideoloji tendensiya yaranırdı. Bununla əlaqədar olaraq qəbir daşları günəş rəngli oxra ilə boyadılırdı ki, qəbir isti, işıqlı olsun, axirət evinə dirilik bəxş edilsin və ölüləri kurqanlarda dəfn etməyə başlayırdılar. Kurqan qəbirlərinin yerləşdirilməsində vahid bir sistemə, “şüa sistemi”nə riayət edilirdi. Kurqanların daxilində də kromlexlər tikilirdi.

Görkəmli arxeoloq Hummel Xanlar rayonunun kurqanlarını tədqiq edərkən, onların səpələnmiş halda deyil,müəyyən ərazidə toplanmasına diqqət yetirmişdir. O, qərara gəlmişdir ki, bütün qəbirlər bir nöqə ətrafında – günəş şüasının çevrə boyu yayılması istiqamətində tikilmişdir. Onun kəşf etdiyi bu qanunauyğunluq “şüa sistemi” adlanır. Alimlər bu sistemin Orta Asiya kurqanlarına da aid olduğu fikrini irəli sürmüşlər. Təsərrüfatda günəşə ehtiyac olanda, onu buludlar arxasından çıxarmaq lazım gələndə, günəşə təsir etmək üçün ovsun ayini keçirilir və “Qodu-Qodu”nəğməsi oxunurdu.

             Qodu palçığa batmışdı,

             Qarmaladım çıxartdım.

             Qızıl qaya dibindən

             Qırmızı gün çıxartdım.

             Yağ verin yağlamağa,

             Bal verin ballamağa.

             Qodu gülmək istəyir,

             Qoymayın ağlamağa”   (Rzayev, 1984, s. 98-100).

Bir sözlə, oğuzların ən qədim zamanlardan Ön Asiya və Qafqazda yaşadıqları çoxsaylı faktlarla öz sübutunu tapır. Şübhəsiz ki, bu faktlar içərisində şumer və türk dilləri arasındakı əlaqə daha diqqətçəkicidir. Mövzu ilə bağlı  Tofiq Hacıyev yazır:

“Türk dillərindəki bir sıra köməkçi sözləin əslini şumer dilində tapmaq mümkündür. Məsələn , türk dillərindəki çoxaltma mənasında  işlənən “ən” ədatının şumercədə “yüksək”, “qam”, “kahin” mənalarında “an” kəlməsi müstəqil leksik vahid kimi çıxış edir. “kimi”, “gibi” qoşmalarının məqamında da şumercədə müqayisə bildirmək üçün “qi-qim-qimi” variantlarında çıxış edən ünsürün işləndiyi də məlumdur. Şumer dilində yerlik hal üçün işlənən “ra”şəkilçisi “ra” və “ru” formasında türk dillərində, o cümlədə, Azərbaycan dilində eyni mənada fəaliyyət göstərmişdir. Məsələn, sonra, yuxarı və sairə. Şümer dilinin çıxışlıq halındakı “ta”, yerlik halındakı “a” yenə maraq doğurur. Azərbaycan dilində yerlik və çıxışlıq, yönlük və yerlik hallarının sistem şəklində bir-birini əvəz etməsinin şahidi oluruq. Deməli, bu qrammatik hadisənin kökü onunla bağlıdır ki, vaxtilə “ta” ,“da” şəkilçisi çıxışlıq məzmunu bildirmiş, sonralar çıxışlıq halı kimi “tan”, “dan” müəyyənləşərkən, o, “ta”, “da” yerlik halı vəzifəsinə keçdiyi zaman xeyli müddətdə bu göstəricilər bir-birinin mənasını əvəz etmişdir. Yəni yeni mənasını bildirməklə, köhnə-ilkin mənasında da qeyri-fəal şəkildə xidmət göstərmişdir.

Yönlük və yerlik hallarının Azərbaycan dili tarixində müəyyən dövrlərdə qeyri-sabitliyi də anoloji prosesin nəticəsidir, yəni “a” morfemi yerlik vəzifəsindən yönlük funksiyasına keçdiyi zaman əzəllər ikimənalı olmuşdur. Hətta bu qeyri-differensiallıq, görünür, o qədər çəkmişdir ki, şumercədə xüsusi yerlik-yönlük hal yaranmışdır. Çıxışlıq halı şəkilçisinin yerlik, yerlik halı şəkilçisinin yönlük məzmuna keçməsi bu halların arasında üçbucaqlı məna əlaqəsi yaranmasına səbəb olmuşdur. Bunun nəticəsidir ki, Azərbaycan dili tarixinin təşəkkülü dövründə, ümu-miyyətlə, məkani halların hər biri o birilərinin mənasını ifadə etmişdir. Məsələn “Kitabi Dədə Qorqud”da oxuyuruq: “…Günlüyü yer yüzünə tikdirmişdi.” Burada “yüzündə” əvəzinə “yüzünə”işlənmişdir. Eyni mənbədə belə bir ifadəyə rast gəlirik: “Topuğunda sarmaşanda qara saçlum.” Burada isə “topuğuna” əvəzinə “topuğunda” işləndiyinin şahidi oluruq. Şah İsmayıl Xətaidə də “muna”, yəni buna əvəzinə “munda”, yəni bunda ifadəsi ilə rastlaşırıq: “Munda əqilli kimsa gülməz.” Bənzər halı Nəsimi yaradıcılığında da müşahidə etmək olar: “Sorma, ey dilbər, mana…” Əslində belə olmalıdır: “Sorma, ey dilbər, məndən”” (Hacıyev, 1976, s. 22-24).

Bir çox Şərq xalqlarının, ilk növbədə də türk xalqlarının hər il mart ayında sevə-sevə keçirdikləri Novruz bayramının təşəkkülü və tarixi ilə bağlı bir çox mülahizələr irəli sürülmüşdür. Bəziləri onu zərdüştiliklə, bəziləri isə İslamla, daha dəqiq demsək, Həzrət Əlinin doğum günü ilə bağlamağa çalışmışlar. Həqiqət isə budur ki, sözügedən bayram barədə ilk yazılı mənbələr 5 min il öncəyə aid şumer mətnləridir ki, bu mətnlərdən eyni bayramı martın 21–də şumerlərin qeyd eməkdə olduqları və bu bayramın məhsuldarlıq və cobanlar tanrısı Dumuzu şərəfinə keçirildiyi məlum olur. Şumerlər həmin bayramı eyni tanrının adı ilə Dumuzu bay-ramı adlandırırdılar. Bununla bağlı ayrıca bir mifik süjrt də var idi və həmin süjet barədə Lipin və Belov birgə qələmə aldıqları “Gil kitabələr” adlı kitablarında məlumat verməkdədirlər. Süjetin qısa məzmunu belədir: Yeraltı ölülər dünyasının hakimi Ereşkiqal məhsuldarlıq və çobanlar tanrısı Dumuzunu öz qaranlıq dünyasında əsir edir. Bu səbəbdən də yer üzündə bütün çiçəklər solur, ağacların yarpaqları tökülür. Sevgi tanrısı İninni Dumuzunu xilas etmək üçün yeraltı dünya-ya enir, 7qapı keçir və uzun sərgüzəştlərdən sonra Dumuzunu əsirlikdən xilas edir. Bu martın 21-də baş verir. Həmin gün ağaclar yenidən çiçək açır, təbiət oyanır. 

Elməddin Əlibəyzadə yazır:                                                          

“Təsəvvür edin ki, arada 6500 illik zaman məsafəsi var. Amma tellər, bağlar qırılmayıb. Müasir dilimizin qayda-qanunlarının çox dərin kökləri üzə çıxır. Ayrı-ayrı ifadə şəkilləri, şairin özünə poetik müraciətləri və sairə də ulu şumer dili ilə müasir Azərbaycan – türk və ümumən türk dilləri arasında əbədi tellər, bağlar olduğunu təsdiq edir” (Əlibəyzadə, 1998, s. 68).                               

Şumerlər öz ölülərini kurqanlarda basdırırdılar və kurqana “kur”, yəni gor deyirdilər.Onlar kurqan mədəniyyətini də özləri ilə Azərbaycandan aparmışdılar. Təsadüfi deyil ki, Azərbaycanın Ağstafa rayonu ərazisindən tapılan kurqanlar şumer kurqanlarından daha qədimdir və son Eneolit dövrünə aiddir. Şumer kurqanları isə Tunc dövrünün məhsuludur.

İslama qədərki türklərin,o cümlədən iskitlərin və sakların ayrılmaz atri-butlarından biri də kurqanlardır. Bütün qədim müəlliflər iskitlərin və ümumiyyətlə türklərin öz ölülərinin məzarlarının üzərində qum və ya daş kurqanlar ucalt-dıqlarını söyləmişlər. Eyni hal qədim şumer mədəniyyətinə də xasdır. Maraqlıdır ki, yer üzündə ən qədim kurqan qəbirlərinin izlərinə məhz Azərbaycan ərazisində rast gəlinmişdir. Söhbət son Eneolit dövründən və Ağstafa rayonu ərazisindən gedir.

Tarixçi alim Nəcəf Müseyibli deyir:

“XX əsrin 80-ci illərində Azərbaycanda, Ağdam rayonu ərazisində, aran Qarabağda son Eneolit dövrünə aid Leylatəpə məskəni tədqiq edilərkən, buradan digər yerlərdən tapılan və eyni dövrə aid olan maddi mədəniyyət nümunələrindən keyfiyyət baxımından fərqlənən saxsı qablara rast gəlinmişdi. Buradan tapılan, dulus çarxında hazırlanmış yüksək keyfiyyəli qablar Messopatamiyadan tapılmış Əl-Übeyd mədəniyyəti ilə eynilik təşkil etməkdə idi. Sonralar eyni bölgədə bənzər mədəniyyətin izləri Çinartəpə, Şomutəpə və Abdal Əziztəpə abidələrdən də üzə çıxarıldı. Leylatəpə və digər analoji abidələrin tədqiqi nəticəsində Güney Qafqaz üçün yeni mərhələ olan və son Eneolit dövrünə uyğun gələn mədəniyyət ortaya çıxmış oldu. XX əsrin 80-ci illərində analoji mədəniyyətin izlərinə Gürcüstan ərazisindəki Beri Kldeebi abidəsində də rast gəlindi.

2004-2005-ci illərdə Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəmərlərinin keçdiyi marşrut boyunca aparılan arxeoloji qazınılar zamanı Ağstafa rayonu ərazisində daha bir neçə Leylatəpə tipli abidə aşkar edilərək tədqiq edildi. Bu, sözügedən marşrutun 409-kilometrindəki Poylu 1 və Poylu 2, eləcə də 438-ci kilometrindəki Böyükkəsik 1və Böyükkəsik 2 qədim məskənləri idi.

Bu dövrə qədər bütün Güney Qafqaz, o cümlədən Azərbaycan ərazisində Eneolit dövrünə aid xüsusi məzar yerlərinə rast gəlinməmişdi. Tapılmış bütün məzarlar yaşayış yerlərinin döşəmələrinin altında və ya evlərin həyətində idi. Yəni Eneolit dövrü insanları ölüləri bilavasitə öz evlərində basdırardılar.” (Мусеибли, 2005, c. 135).

Rəşid Göyüşov bildirir ki, Eneolit dövründə hətta dəfn adətlərindən də danışmaq olar. Məsələn, Kür çayının orta axarında yaşayan əhali öz ölülərini yaşayış yerlərindən xeyli kənarda,Azərbaycanın cənub rayonlarında yaşayan əhali isə bilavasitə yaşayış yerlərinin özündə-evlərin arasında,döşəmənin altında və yaxud da həyətdə dəfn etmişdir. Çox vaxt ölü tək və bükülü vəziyyətdə basdırılmışdır, ancaq az da olsa kollektiv dəfn adətinə rast gəlmək mümkündür.1-ci Kültəpədə olduğu kimi, Babadərviş və Əliköməktəpə abidələrində də qəbirlərdən oxra tapılmışdır  (Göyüşov, 1986, s. 30).                                                  

Nəcəf Müseyiblinin bildirdiyinə görə, son Eneolit dövrünə aid olan kurqan qəbirlər böyük maraq kəsb etməkdədir.Biz bu kurqanları 2004 –cü ildə,neft və qaz kəmərlərinin 432-ci kilometrində,Ağstafa rayonu ərazisində,Soyuqbulaqdan bir kilometr aralıda təsbit etdik.Bir vaxt çox sayda kurqanın bulunduğu böyük bir sahədə onların yalnız bir hissəsi qorunmuşdur.Onların sayı otuza qədərdir:

“Elmi ədəbiyyata Soyuqbulaq kurqanları kimi düşən bu kurqanlar təkcə Qafqazda deyil, eyni zamanda bütün dünyada məlum olan ən qədim kurqanlardır. Onların tarix səhnəsinə çıxışı yerli əhalinin dini dünyagörüşündə baş verən dəyişikliklər ilə bağlı olmuşdur” (Мусеибли, 2005, c. 135).

Tarixçi alim Q.Qoşqarlı deyir:

“2004-2005-ci illərdə Bakı-Tiflis-Ceyhan neft və Bakı-Tiflis-Ərzurum qaz kəmərlərinin marşrutu boyunca aparılan arxeoloji qazıntılar zamanı son Eneolitdən orta əsrlərə qədərki geniş bir dövrü əhatə edən otuzdan artıq qədim yaşayış və məzar yeri tədqiq edilmişdir. 2002-2003-cü illərdən fərqli olaraq qazıntılar daha çox ən qədim maldarlıq və əkinçilik mədəniyyətlərinin izlərinə sahib Kür boyu ərazilərdə aparılırdı. Sözügedən marşrut üzrə aparılan qazıntılar zamanı tapılan xronoloji baxımdan ən qədim məskənlər Eneolit dövrünə aid məskənlər olmuşdur ki, onlar Böyük Kəsik 1, Böyük Kəsik 2, Poylu 1, Poylu 2 və Ağılı Dərədən üzə çıxmışdır. Bunların içərisində daha geniş tədqiqatlar Böyük Kəsik 1 ərazisində aparılmışdır. Bu bölgənin Şomutəpə və Leylatəpə mədəniyyətləri ilə eynilik təşkil edən  mədəni qata sahib olduğu məlum idi. Fəqət yeni qazıntılar buradakı Əl-Übüeyd və erkən Uruk mədəniyyəti ilə eyni olan mədəni təbəqələr barədəki biliklərimizi daha da artırmış oldu”  (Гошгарлы, 2005, c. 74).                                                           

Tarixçi alim F.Quliyev isə yazır:

“Ağstafa rayonunun Böyük Kəsik qəsəbəsində 1,5 kilometr aralıda 60-70 metr radiusunda çox sayda saxsı qab qalığı tapılmışdır. Bu qalıntılar yer səthindən 80 santimetr aşağıda yerləşən mədəni təbəqədən aşkar edilmişdir. Tapılan keramika nümunələri bir neçə tipə bölünür. Onlar küp, nimçə, su qabı və müxtəlif qablardır. Buradakı keramika ilə Uruk keramikası arasındakı eynilik etnik birlikdən xəbər verməkdədir” (Гулиев, 2005, c. 82).

Məlumat üçün bildirək ki, “Əl-Übeyd mədəniyyəti” adı ilə məşhur olan mədəniyyət qədim Messopatamiyanın, yəni bugünkü İraq ərazisində, Dəclə və Fərat cayları arasında Nuh tufanından öncə yaşamış insanların yaratdıqları və tufan zamanı onu yaradanlarla birlikdə məhv olmuş mədəniyyətin adıdır. “Erkən Uruk mədəniyyəti” kimi tanınan mədəniyyət isə tufandan sonra Messopatamiyaya köçərək orada böyük bir sivilizasiyanın əsasını qoymuş xalqın-şumerlərin yaratmış olduqları zəngin mədəniyyətin adıdır. Tədqiqatçılar Əl-Übeyd mədəniyyətinin şumer, yəni erkən Uruk mədəniyyətinin sələfi olduğunu, ikincinin birincisinin üzərində ucaldığını söyləyirlər. Fəqət Messopatamiya ərazisində bu iki mədəniyyəti bir-birindən Nuh tufanının nəticəsi olan qədim və qəlın lil qatı ayırır. Azərbaycanda isə bu iki mədəniyyət iç-içədir və onlar arasında qırılma müşahidə edilmir. Bu isə şumer mədəniyyətinin Azərbaycanda formalaşdığını və qədim şumerlərin Azərbaycan ərazisindən Messopatamiyaya köçdüyünü sübut edir. Görünür, elə bu səbəbdən də şümerlər istilaçı akkadlardan qoruna bilmək üçün məhz Azərbaycanın ən qədim sakinlərindən olan kutilərə (oğuzlara) müraciət  etmişdilər.

Oğuzların Azərbaycan ərazisində “kuti” etnoniminin Şumer-Akkad mənbələrində peyda omasından çox-çox öncələr yaşadıqları barədə çoxsayda təkzibedilməz dəlillər mövcuddur. Bu dəlillər içərisində ən maraqlılarından biri Azərbaycanın mərhum alimləri Ə.Hüseyni və C.Cəfərovun Qobustan və Gəmiqayadan üzə çıxardıqları türk soy və boylarının tamğalarıdır ki, onların da önəmli bir hissəsini oğuz tamğaları təşkil edir. Professor Cəfər Cəfərovun yazdığına görə, türk soy və boylarının ən qədim düşərgələrini, ata-baba yurdlarını, onların doğma vətənlərini, habelə mövcud olmuş ünvanlarını müəyyənləşdirmək üçün həmin tamğaların müstəsna əhəmiyyəti vardır. Tamğa və işarələr, bir sıra başqa xalqlarda olduğu kimi, türk xalqlarının, o cümlədən Azərbaycan türklərinin də etnogenezində iştirak etmiş soy və soybirləşmələrinin qədim yazı nümunələri kimi qiymətlidir. Azərbaycanın bir sıra rayonlarından tapılmış və 10-12 min əvvələ və daha sonrakı dövrlərə aid edilən müxtəlif işarə və tamğalar haqqında Cəfər Cəfərov və Əbülfəz Hüseyni kimi tədqiqatçılar fikir söyləmiş, Əbülfəz Hüseyni Gəmiqaya təsvirləri, Cəfər Cəfərov Qobustan petroqlifləri içərisindən üzə çıxartdıqları, Firəngiz Muradova isə Şirvan zonasında tapdığı tamğalardan söhbət açmışlar.Müəlliflər bu işarələrin hansı soya mənsub olduğunu, həmin işarələrin qədim türk yazı sistemində paralellərini müəyyənləşdirə bilmişlər.

Maraqlıdır ki, həmin işarələrin paralellərinə digər qədim xalqların əlifba-larında da rast gəlinir. Məsələn,Yazıçıoğlu Əliyə görə 11-ci oğuz tayfası olan begdililərin soy damğasına Gəmiqaya işarələri arasında cüzi fərqlə rast gəlinir.  Qaranoqayların as və ya az soyunun tamğası isə Sofu Novruz pirində tapılmış işarə ilə eyni olmaqla yanaşı, həmin işarəyə eramızdan əvvəl lll əsrdə Hindistanda formalaşdığı ehtimal edilən brahmi əlifbasının “ça” və “ba” hecalarının qrafik təsvirində də rast gəlinir (Cəfərov, 1987, s. 29-36).

Həmin əlifbada “tha”hecasını bildirən  qrafem də ağnoqayların türkmən soyunun tamğası ilə eynidir və bu işarənin ən qədim nümunəsi Gəmiqayadan tapıl-mışdır. Brahmi əlifbasındakı “dha” hecasının işarəsi isə qaranoğayların konqes və ya kəngər soyunun tamğası ilə üst-üstə düşür və eyni işarəyə Sofu Novruz  pirində də rast gəlinməkdədir.

Maraqlıdır ki, Şirvan damğalarından bəziləri də sami əlifbalarındakı hərflərə uyğun gəlməkdədir. Belə ki, qaranoğayların qazan boyunun ergenekli soyunun damğası ilə eyni olan işarə eramızdan əvvəl V-lll əsrlərdə işlənmiş arami əlif-basının “h” hərfi ilə üst-üstə düşür.  Şirvan tamğalarından bir qismi Dəməşq-səmud və Dəməşq-səfaid əlif-basının bəzi hərfləri ilə eynilik təşkil edir.

Qobustan və Gəmiqyadan tapılmış türk tamğalarının bir qisminin paralellərinə də Orxon və Yenisey əlifbalarında rast gəlinir. Beləki, bu tamğalarla sözügedən əlifbalardakı “nt” və ya “nd”, “ s” və ya “ş”,  “ı” və ya “i”, “p”, “b”, “d”, “t”,“z”,  “k”, “ç” səslərinin qrafik təsvirləri ilə eynidir (Cəfərov, 1987, s. 29-36).

Mahmud Kaşğarlıya görə 6-cı oğuz boyu olan əfşarlara aid olan tamğaya, eləcə də Yazıçıoğlunun əfşarlara aid etdiyi, fəqət Mahmud Kaşğarlının təsvir etdiyi  tamğadan   fərqlənən  tamğaya  Gəmiqaya   işarələri   sırasında,  eləcə  də Abşeronun Duvannı qəsəbəsinin şimal-qərbində yerləşən Sofu Novruz qəbristanlığında qeydə alınmış tamğalar içərisində rast gəlinir.

Mahmud Kaşğarlının 3-cü oğuz tayfası kimi qeyd etdiyi bayandurların tam-ğası isə Şamaxının Quşçu kəndində yerləşən Abdal damı mağarasında qeydə alın-mışdır. Maraqlıdır ki, bu işarənin ekvivalentinə Egey yazılarında da “şərab” mənası verən heroqlif kimi rast gəlinir. Yazıçıoğlu Əlidə 11-ci oğuz boyu kimi qeyd edlmiş begdelilərin tamğaları Gəmiqaya işaələri içərisində də qeydə alınmışdır. Eyni müəllifin 16-cı oğuz tayfası kimi göstərdiyi çepnilərin tamğası da eyni təsvirlər içərisində yer almaqdadır. Gəmiqayada rast gəlinən tamğalar içərisində Yazıçıoğlu Əlinin 19-cu oğuz boyu olduqlarını söylədiyi ulay-unduğların və Bahadır xanın 17-ci oğuz boyu kimi təsvir etdiyi samurların tamğaları da vardır (Cəfərov, 1987, s. 29-36).

Bütün bu faktlar Qobustan və Gəmiqaya təsvirlərini yaradan xalqın məhz əcdad türklər olduğunu təkzibedilməz şəkildə sübut etməklə yanaşı, ulu babalarımı-zın soy tamğalarının sonrakı dövrlərdə ən qədim fonetik və ideoqrafik əlifbaların qrafemlərinə çevrildiyini göstərir. Bu isə o deməkdir ki, Azərbaycan dünya yazı mədəniyyətinin ilk beşiyi olmuşdur. Bu tamğalardan bəzisi ağlasığmayacaq dərəcədə qədim dövrlərdən yadigar qalmışdır.

Yeri gəlmişkən qeyd edək ki, XlX əsrdən üzübəri V. Tomsen, A. Şiner, İ. A. Aristov, N. Q. Malitski, E. D. Polivanov, A. C. Emre, İ. A. Batmanov, A. Bekmıradov və bir çox başqa alimlər runik əlifbanın qədim türk damğalarından  yaranması fikrini bəzən güman, bəzən də qəti şəkildə söyləmiş və bir neçə örnəklə bu fikri əsaslandırmaq istəmişlər. Lakin onlardan daha əvvəl damğa → əlifba xəttini türkmən şairi Əndalip “Oğuznamə” əsərində qələmə almışdır, çünki xalq arasında qədim çağlardan yazının 24 boyun damğasından törəməsi, boylara isə damğaların Oğuz xan tərəindən verilməsi inamı vardır (Ağasıoğlu, 2005 )

Oğuzların ən azı Mezolit dövründən ölkəmizdə məskun olduqlarının başqa bir sübutu da var. Məlum olduğu kimi, Mezolit, yəni orta Daş dövrünün son mərhələsi üçün uzunluğu iki metrə çatan böyük öküz təsvirləri xarakterikdir. Bu rəsmlər konturlu xətlərlə, əsasən realistik səpgidə işlənmişdir. Onlardan yuxarı mərəbədə yerləşmiş 42№-li  daşın şərq tərəfindəki və 29№-li daşın mağara divarında cızılmış öküz təsvirlərini göstərmək olar. Bu təsvirlərdə sözügedən heyvanların güc və əzəməti ifadə edilmişdir (Rzayev, 1985, s. 15).

Tarixçi alim İ.Avşarov yazır:

“Azərbaycan ərazisindən tapılan maddi mədəniyyət abidələri üzərində təsvir edilən heyvan rəsmləri və zoomorf elementlər qədim mifologiyada xüsusi yerə sa-hibdirlər. Təbii ki, bu, heyvanat aləminin ibtidai insanların həyatlarında oynadığı rolla bağlıdır. Təsadüfi deyil ki, bəzi heyvanlar qədim tayfa və qəbilələrin totemi kimi çıxış etmişlər.

Məlum olduğu  kimi, oğuzlar çox qədim və zəngin mədəniyyətə sahib olmuşlar. Tarixçi-etnoqraf Qoşqarlı özünün “Azərbaycanlıların maddi mədəniyyəti” adlı əsərində “Oğuznamə”yə istinad edərək oğuzların mifik ulu əcdadı olan Oğuz xanın Ayla Öküzün izdivacından döğulduğunu qeyd etmişdir. Elə bu səbəbdən də son Tunc-erkən Dəmir dövrləri abidələrindən əldə edimiş tunc kəmərlərin üzərində təsvir edilən öküz başlarının buynuzları aypara formasında təsvir edilmişdir.

Göründüyü kimi, Azərbaycanın qədim sakinlərinin inanc sistemində öküzə inam xüsusi yer tutmuşdur. Bu baxımdan Xocalı-Gədəbəy abidələrindən üzə çıxarı-lan fiqurların bir çoxu məhz öküz başı formasındadır. Belə fiqurlar Cənubi Azər-baycan və şimali Qafqaz ərazisindən də tapılmışdır. Rus alimi Avdeyevin fikrincə, öküzə inam ən qədin zamanlardan Qafqaz və Şərqdə geniş yayılmışdı. Azərbaycan ərazisində hətta öküzün xüsusi hörmət və təmtəraqla dəfn edilməsi halına da rast-lanmışdır. Məsələn, arxeoloq Resler Xocalı kurqanında apardığı qazıntılar zamanı belə bir məzara rast gəlmişdir. Burada dəfn edilmiş öküzün başına bütöv ayın rəmzi olan dairəvi disk bərkidilmişdi.”(Авшарова, 2005, s. 24).

Tolstov, Bernştam və Bekmıradov kimi tanınmış türkoloq alimlər də oğuzların ən qədim zamanlarda öküzə totem münasibəti bəslədiklərini söyləmişlər. Bu alimlər bu halda “Oğuznamə”də yer alan sözlərə istinad etmişlər:

Olsun dedilər. Onun anqağusu budur ( Bayat, 1993, s. 124).

“ “Oğuznamə”nin uyğur versiyasının birnci səhifəsinin birinci sətrində təsvir edimiş göy öküz oğuzların əcdadı Oğuz xanın şəkli,daha dəqiq desək,anqağusu, yəni  ideoqrafik işarəsi kimi təqdim edilir.Bu şəkil əsərə sadəcə bir illüstrasiya ki-mi qəbul edilə bilməz. Çünki o, mətnin ayrılmaz tərkib hissəsi kimi çıxış edir və Oğuz xanın mətndəki sözlü təsviri ilə üst-üstə düşmür. Mətndə Oğuz xanın sözlü təsviri fərqlidirdir:

Yenə günlərin bir günü Ay kağanın gözləri yarıdı,bir oğlu oldu . Bu oğlanın üzü göy idi. Ağzı atəş kimi qırmızı,gözləri ala,saçları,qaşları qara idi. Gözəllikdə mələkdən də gözəl idi…

…Ayağı öküz ayağına,beli qurd belinə,kürəyi samur kürəyinə,köksü ayı köksünə bənzəyirdi  (Bayat, 1993, s. 124).

Gördüyümüz kimi, sözlü təsvirdə söhbət oğlan uşağından gedir və onun xarici görünüşü bu təsvirdən əsaslı surətdə fərqlənir. Deməli, bu halda öküz təsviri “Oğuz”kəlməsinin sadəcə ideoqrafik ifadəsidir. Elə bu səbəbdən də Əbülfəz Hü-seyni və Zelen Yampolski kimi alimlər Qobustandakı öküz təsvirlərini oğuzların ulu babalarının cızdıqlarını söyləmişlər. Burada söhbətin məhz piktoqrafik yazıdan, yəni şəkil-yazıdan getdiyini elm aləmində şərti olaraq “7gözəl”adlanan petroqlif də sübut etməkdədir.                        

Şərti olaraq, “7 gözəl” adlanan bu piktoqramda böyük öküz təsvirinin fonunda 8 qadın təsvir edilmişdir. Burada öküz oğuz xalqını, 8 qadın isə 8 oğuz soyunu təmsil etməkdədir. Nəzərə alsaq ki, ilk soybirləşmələri məhz Mezolit dövründə formalaşmışdır və bu birliklərdə birləşən soyların başında qadınlar dururdu, tam cəsarətlə deyə bilərik ki, burada söhbət 8 oğuz soyunun birləşməsini ifadə edən  böyük bir qəbilədən, daha doğrusu bu qəbilənin özünü ifadəsindən gedir.

Orxon-Yenisey mətnlərində Üçok, Onok, Onuyğur, Otuztatar, Üçoğuz, Altıo-ğuz, Doqquzoğuz, Üçkarluq və sairə soybirləşmələri ilə birlikdə Səkkizoğuz soybir-ləşməsindən də söhbət açılmaqdadır. Beləki, “Moyonçur”abidəsinin şərq tərəfində belə bir cümlə yer almaqdadır:

“Səkkizoğuz, Otuztatar qalmadı gəldi…”  (Rəcəbov, Məmmədov, 1993, s. 150).

Doğrudur, mütəxəssislər sözügedən petroqlifdə öncə 7 qadının təsvir edildiyini, 8-cinin isə sonradan əlavə edildiyini qeyd edirlər. Elə bu üzdən də təsviri “7 gözəl adlandırmışlar. Fəqət bu hal işin mahiyyətini dəyişmir. Bu o deməkdir ki, öncə 7 oğuz qəbiləsi ittifaq bağlamış, sonra 8-ci qəbilə də bu ittifaqa qəbul edilmiş, nəticədə təsvirdə korrektə edilmişdir. Arxeoloqların fikrincə, petroqlifdəki qadınları bir-birindən fərqləndirən cizgilər onların, deməli, həm də ayrı-ayrı soyların  qəbilə ittifaqındakı, yəni boydakı ictimai mövqelərinə işarə etməkdədir.

Yuxarıda sadanılan faktlar oğuzların ilkin ata yurdu kimi Mərkəzi Asiyaya işarə edən Orta Asiya mənşəli “Oğuznamə”lərdən (uyğur variantı, Əbülqazi variantı və s.) fərqli olaraq, Azərbaycan və Şərqi Anadoluya işarə edən “Oğuznamə”lərin, o cümlədən “Kitabi – Dədə Qorqud”un həqiqəti daha dürüst əks etdirdiyini söyləməyə ciddi əsas verir.

Bu baxımdan Yazıçıoğlu Əlinin “Oğuznamə”si böyük maraq kəsb edir. Yazıçıoğlu Oğuz xanın doğumundan danışarkən bu hadisəni Azərbaycan və Şərqi Anadolu ərazilərini əhatə edən, Övliya Çələbinin “Mahan” adlandırdığı ərazi ilə üst-üstə düşən coğrafi məkanla bağlayır. Yəni həmin məkan oğuzların ilkin ata yurdu kimi təqdim edilir. Söhbətinə “İsrailoğullarının Tövratında yazıldığı və müsəlman tarixçilərinin əsərlərində qeyd edildiyi kimi…” sözləri ilə başlayan müəllif daha sonra Nuh və oğulları barədə əfsanəni təkrar edir və yazır:

“…Türklər Yafəsə Abulca xan deyirlər”

Onun sözlərinə görə, Abulca xan köçəri maldar idi və oğuzların ilk vətənində yaşayırdı.Onun Dib Yabquy adlı oğlu vardı. Onlar və tayfaları bütpərəst idilər. Div Yabquyun ölümündən sonra taxt-taca oğlu Qara xan sahib oldu. Onun Oğuz adlı oğlu oldu (Koroğlu, 1999, s. 56).

Yazıçıoğlu daha sonra Oğuzun böyüməsindən, kafir atasını öldürməsindən, evlənməsindən və qəzavatından danışır. Oğuz xanın düşmənləri ilə 75 il müharibə apararaq Buxaraya qədər Türküstan torpaqlarını, o cümlədən Talas və Sayramı almasını təsvir edir və onun təsvirindən belə aydın olur ki, bu ərazilər oğuzların ilkin ata yurdu olmayıb, sonradan qazanılmış Vətəndir. X. Koroğlu mövzu ilə bağlı yazır:

“Türküstan ölkəsinin qüdrətli hökmdarları arsında Yazıçı oğlu Salur Qazan boyunun adını çəkir. Bu, “Qorqud Kitabı”nda Salur Qazanın böyük rol oynadığı oğuzların epik tarixini təcəssüm etdirir. Yazıçıoğlu çəkişmələr nəticəsində oğuzların iki qanada bölünməsi və sonda ağsaqqallar şurasının hakimiyyəti Lukman (Səlcuqun babalarından biri) başda olmaqla sol qanada  verməsi əfsanəsini misal gətirir. Bu əfsanə geniş şəkildə “qorqud Kitabı”nın Xll boyunu təşkil etmişdir. Diqqətəlayiqdir ki, “Qorqud Kitabı”nda olduğu kimi, Yazıçıoğlu variantında da Bayandır xan sol qanadı təmsil edir. Yazıçıoğluna görə bütün bunlar oğuzların ilk Vətənlərində baş vermişdi.  Sonralar oğuzlar otlaqların çatmaması üzündən öz yerlərini tərk edib qışı Buxarada, yazı Soğd və Səmərqənddə keçirdikləri Orta Asiyaya gəldilər (Koroğlu, 1999, s. 57).

Məsələyə eyni mövqedən yanaşma görkəmli Azərbaycan tarixçisi Əbu Bəkr Tehraninin 1471-ci ildə qələmə aldığı və Ağqoyunlular sülaləsindən böyük Azərbaycan imperatoru Uzun Həsənə həsr etdiyi “Kitabi-Diyarbəkriyyədə də müşahidə edilməkdədir. Uzun Həsəni 68-ci nəsildə Həzrət Adəmə bağlayan tarixçinin əsərində “Kitabi-Dədə Qorqud” personajları da real tarixi şəxsiyyətlər kimi təqdim edilir. Məsələn, Azərbaycan hökmdarının 52-ci göbəkdən ulu babası adlandırılan Bayandır xandan söhbət açılır və aşağıdakı son dərəcə qiymətli məlumat verilir:

Bayandır xan padşahlığı dövründə İranı, Turanı, Rumu, Şamı, Misiri, Əfrənci (Avropanı), Xətayı, Qıpçaq çöllərini aldı. Beçenek onun kiçik qardaşı idi. Bayandır xan onu Sayramda öz nümayəndəsi təyin etdi. Özü qışlamağa Qarabağa, yaylamağa Göyçə gölünə getdi (Koroğlu, 1999, s. 66).

Tarixçi alim Yaqub Mahmudov yazır:

“Azərbaycan ən qədim zamanlardan başlayaraq tarixin bütün dövrlərində əsas Türk məskəninin önəmli parçası, qədim Oğuz yurdu, Azərbaycan xalqı isə bu diyarn ən qədim yerli xalqı olmuşdur. Böyük Azərbaycan hökmdarı Uzun Həsənin (1453-1478) əmri ilə yazılmış və indiyə qədər tədqiqatçıların diqqətindən kənarda qalmış Əbu Bəkr əl – Tehrani əl – İsfahaninin “Kitabi Diyarbəkriyyə” adlı kitabında açıq şəkildə yazılmışdır ki, Azərbaycan ən qədim Türk – Oğuz yurdlarından biridir. Qədim oğuzlar və hətta Oğuz xanın özü də, xanlar xanı Bayundur xan, bunlardan sönrakı dövrlərin məşhur Oğuz-Türk sərkərdələri, hətta Qıpçaq xanın özü də burada yaşamış, burada ölmüşlər” (Oğuz, Tuncay, 2009, s. 3).

Bütün bu deyilənlərə “Kitabi-Dədə Qorqud”dakı hadisələrin cərəyan etdiyi çoğrafiyanı; Dərbəndi, Əlincə qalasını, Göyçə gölünü və s., Dədə Qorqudun qəbrinin Dərbənddə, Qazan xanın qəbrinin Təbrizdə, Burla xatunkinin isə Urmiyada olması barədə tarixi məlumatları, eləcə də, İslamdan çox-çox öncə Azərbaycanda qələmə alınan Uluq xan Ata Bitikçi “Oğuznamə”sini də əlavə etmək lazımdır. Bunlardan sonuncusu təkcə türklərin etnogenezini deyil, ümumiyyətlə antopogenezi, yəni ilk insanın yaradılışını A\ərbaycan ərazisi ilə bağlayır.

Söhbət adının və məzmununun məlum olmasına baxmayaraq, özü dövrümüzədək ulaşmayan, Uluq xan Ata Bitiqçinin qələminə məxsus “Oğuznamə”ndə yer almış bir mifdən gedir. Sözügedən kitab barədə Məmlüklər dövründə Misirdə yaşamış tanınmış türk tarixçisi Əbubəkr ibn Abdullah ibn Aybək üd – Dəvadari məlumat vermişdir. Onun yazdığna görə, vaxtilə “Uluqxan Ata Bitikçi” adında bir kitab yazılmış, bu kitabı tapan Cəbril ibn Bxtəşyu adlı fars tarixçisi onu türk dilindən fars dilinə (Sasanilər dövrünün orta fars – tat dilinə) tərcümə etmişdir. Uzun müddət Abbasi xəlifəsi Harun ər – Rəşidin (Vlll əsr) kitabxanasında qorunan, sonra it-bat olan bu kitabın farsca tərcüməsi sonralar Dəvadarinin əlinə düşmüş və o, həmin kitabın içindəkiləri bütünlüklə öz əsərinə köçürmüşdür. Elə bunun sayəsində də əsərin məzmunu dövrümüzədək ulaşmışdır.

Eynən “Kitabi – Dədə Qorqud”da olduğu kimi bu kitabda da Təpəgözlə bağlı mif yer almaqdadr. Əsərin ən maraqlı hissəsi isə ilk insanların yaradılması barədə Azərbaycan-türk mifidir. Abdullah ibn Aybək üd – Dəvadari onu öz əsərində belə çatdırır:

İlləri sayılammaz, çox – çox əski bir çağmış,

Göylər sanki dəlinmiş, çoxlu yağışlar yağmış,

Dünya seldə boğulmuş bu şiddətli yağmurla,

Yer üzü tam örtülmüş sürüklənən çamurla.

Sellərin önündəki çamurlar bir yol bulmuş,

Qara Dağçı dağında bir mağaraya dolmuş.

Mağaranın içində qayalar yarılmışmış,

Yarıqların bəzisi insanı andırırmış.

Qayaların yarığı insan qəlibi olmuş,

Qəliblərin içi də gillə, çamurla dolmuş.

Aradan zaman keçmiş, illər, əsrlər dolmuş,

Yarıqlarda bu torpaq su ilə həll olmuş,

Yengəc bürcü deyirlər, bu bürcə gəlmiş günəş,

Havalar çox isinmiş, atəş ilə olmuş eş.

İnsan qəlibindəki su ilə torpaq bişmiş,

Bir – birinə qarışmış, zərrələriysə şişmiş.

Onlara görə sanki mağara bir qadınmış,

İnsana vücud verən içi də bir qarınmış.

Günəşin atəşiylə su ilə torpaq bişmiş,

Doqquz ay müddətində sərin bir rüzgar əsmiş.

Su, atəş, torpaq, ruzgar, dörd ünsür derlər buna,

Bunlar təməl olmuşdur ilk insan vücuduna.

Tam doqquz ay keçincə ondan bir insan çıxmış,

Nədənsə adını da “Ay Atam” deyə almış.

Ay Babayla, Ay Dədə türkcəyə burdan qalır,

Insanın ilk cəddi də kökünü aydan alır.

Ay Atam adlı ata göylərdən yerə enmiş,

Bu yerin suyu dadlı, havası da sərinmiş.

Sonra başlamış yenə böyük sellər, yağışlar,

Mağaranı doldurmuş yenə gillər, çamurlar.

Sünbülə adlı bürcə günəş də gəlmiş, enmiş,

Bu bürcsə Yengəcdən daha aşağı imiş.

Günəş alçaq bürcdəykən yenidən torpaq bişmiş,

Bu ikinci varlıq da birinciyə tam eşmiş.

Birincisi Ay Atam necə idisə kişi,

Bu ikinci şəxs də yaradılmışdı dişi.

Ay Va demişdir hər kəs bu dişinin adına,

“Ağ üzlü” anlamı var ad qoymuşlar qadına.

 Ay Atam ilə Ay Va birləşib evlənmişlər,

Qırx uşaq doğuurmuşlar, toplanıb yığılmşlar.

Qırx uşağın yarsı nədənsə, oğlan olmuşdur,

Digər yarısı təsadüflə qız olmuş.

Evlənmişlər uşaqlar, nəsilləri bollaşmış,

Soyları böyüyərək ulusları çoxalmış.

Ana və ataları bir gün ölüb getmiş,

Uşaqlar mağarada onları da dəfn etmiş.

Amma bu mağaranı kimsə unutmamış,

Heç bir müqəddəs onun yerini də tutmamış.

Qızıl qapılar ilə qaplamışlar ağzın.

Çiçəklə bəzəmişəlr mağaranın yanın (Ögəl, 2006, səh. 479-480).

QAYNAQÇA

Ağasıoğlu F. Azər xalqı, B.2005.

Aslanov Elçin. El-oba oyunu, xalq tamaşası. “İşıq”, B.,1984.

Azərbaycan incəsənəti. “Maarif”, B..1977.

Azərbaycan mifoloji mətnləri. Elm, Bakı, 1988. 196 s.

Azərbaycan tarixi, B.,”Azərnəşr”, 1994.

Bayat F. Oğuz epik ənənəsi və “Oğuz Kağan” dastanı. Bakı, Sabah, 1993. 194 s.

Bayat F. Türk esxotoloji düşüncəsində dünyanın  sonu; kalkançı çak. Azərbaycan şifahi ədəbiyyatına dair tədqiqlər. XVll kitab. Bakı, Səda,2003 a, s. 27-39.

Bayat F. Korkut Ata Mifolojiden gerçəkliye Dede Korkut, Ankara 2003, s. 7.

Bayat F. Köroğlu. Şamandan Aşıka, Alpdan Erene. Ankara, Akçağ, 2003 c. 176 s.

Bayat F. Advermə. Dədə Qorqud kitabı. Ensiklopedik lüğət. Bakı, Öndər nəşriyyatı,2004 a, 9-11.

Bayat F. Alp. Dədə Qorqud kitabı. Ensiklopedik lüğət. Bakı, Öndər nəşriyyatı, 2004 b, 23-25.

Bayat F. Oğuznamə(lər). Dədə Qorqud kitabı. Ensiklopedik lüğət. Bakı, Öndər nəşriyyatı, 2004 c, 255-174.

Bayat F. Oğuz Destan dünyası. Oğuznamelerin tarihi, Mitolojik Kökenleri ve Teşekkülü. Ankara, Ötüken, 2006, 328 s.

Bayat F. Mitolojiye Giriş. , Ötüken,2007 a,

Bayat F. Türk Mitolojik Sistemi. C. 1. İstanbul, Ötüken, 2007 b, 380 s.

Bayat F. Türk Mitolojik Sistemi. C. 2. İstanbul, Ötüken, 2007 c, 368 s.

Bayat F. Türk dini – mifoloji sistemində tanrı. Azərbaycan şifahi ədəbiyyatına dair tədqiqlər. XVll kitab. Bakı, Səda, 2005, s. 70-106.

Bilqamıs dastanı. Bakı, Gənclik, 1985. 104 s.

Cavat A. Alfabenin menşei en eski türk yazısıdır. İstanbul,1933.

Cəfərov C. Bəzi damğa və işarələrin  etimoloji izahı. Türk dillərinə dair etimoloji və tarixi – morfoloji tədqiqatlar. ADU-nun nəşriyyatı, B.,1987.

Əbülqazi Bahadır xan. Şəcərei – Tərakimə (Türkmənlərin soy kitabı). B.: Azərbaycan Milli Ensiklopediyası, 2002, 145 s.

Əfəndiyev R. Daşlar danışır…Neolit dövründən-XlX yüzilliyədək. “Gənclik”, B., 1980.

Əfsanələr. Bakı, Gənclik, 1986. 176 s.

Əliyarov S. “Kitabi Dədəm Qorqud” əlyazmaları üzərində çalışmalar. AFM, lll. “Elm”, B.,1991.

Əlizadə R. Türk epos ənənəsində əcdad kultu. Türk Dünyası İncelemeleri Dergisi / Journal of Turkish World Studies, Cilt: VIII, Sayı 1, Sayfa: 95-105, İZMİR 2008.

Əlibəyzadə E. Azərbaycan xalqının mənəvi mədəniyyət tarixi. “Gənclik”, B., 1998.

Gökyay O. S. Dedem Korkut kitabı. İstanbul, 1938.

Göyüşov R. Azərbaycan arxeologiyası, B.,”İşıq”, 1986

Hacıyev T.Azərbaycan ədəbi dili tarixi.l,B.,1976.

İsmayıl M. Azərbaycan xalqının yaranması. “Azərbaycan Dövlət Nəşriyyatı”, B.,1955.

Kalankaytuklu M. Alban tarixi.”Elm”, B.,1993.

Koroğlu X. Oğuz qəhrəmanlıq eposu. “Yurd”, B.,1999.

Məmmədov A. Azəbaycan dilinin erkən tarixinə dair materiallar. Azərbaycan filologiyası məsələləri.l. B.,1989.

Moravçig W. Byzantiko-turkika. lll, d. ll, 1943.

Nəğmələr, inanclar, alqışlar. Bakı, Yazıçı. 1986. 213 s.

Oğuz Y. Qədim Azəbaycan və Anadolu türkləri. “Azərbaycan Milli Ensiklopediyası” NPB.,B.,2002.

Oğuz Y. Tuncay B, Türkün gizli tarixi. B., Apostrof, 2009, 49 s.

Oğuznamə. Bakı, Yazıçı, 1987. 223 s.

“Oğuznamə”lər. Bakı, BDU-nun nəşriyyatı, 1993. 92 s.

Ögel B. Türk mitolojisi (Kaynakları ve Açıklamaları ile Destanlar), 1 cilt, Ankara: Türk Tarih Kurumu Basımevi, 1989, 644 s.

Ögel B. Türk mitolojisi, II cilt,Ankara: Türk Tarih Kurumu Basımevi, 1995, 610 s.

Ögəl B. Türk mifologiyası. l c. B.,”MBM”, 2006.

Özdək R. Türkün qızıl kitabı. Bakı, 1992.

Qafarov R. O. Azərbaycan türklərinin mifologiyası (qaynaqları, təsnifatı, obrazları, genezisi, evolyusiyası və poetikası). Filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiyanın  avtoreferatı. Bakı. 2010. 60 s.

Rəcəbov Ə., Məmmədov Y. Orxon-Yenisey abidələri, “Yazıçı”, B., 1993.

Rəşidəddin. Oğuznamə.Tərtibçi İ.M.Osmanlı. B.: Azərbaycan Milli Ensiklopediyası, 2003, 108 s.

Rzasoy S. Oğuz mifologiyası. Bakı, Folklor İnstitutu, 2009 363 s..

Rzayev N. Möcüzəli qərinələr.B.,1984.

Rzayev N. Qayalar danışır, B., “Elm” 1985.

Süleymenov O. Az-Ya. Bakı, 1993.

Tahirzadə Ə. Kəsrəviçiliyin kökü, özəyi, ardıcılları, dirçəldilməsi.ll. Azərbay-can filologiyası məsələləri.lll. “Elm”, B., 1991.

Turan O. Cihan hakimiyeti Mefkuresi Tarihi.l-ll c.,”Boğazçı yayınları”, İstanbul, 1993.

Vəliyev V. Azərbaycan folkloru.  Bakı, Maarif,  1985. 414 s.

Yusifov Y.,Kərimov S. Toponimikanın əsasları. B.1987.

Авшарова И. Изображение быка на образцах материальной культуры конца бронзого-начала железного периодов в Азербайджане. Qafqazın arxeologiyası, etnologiyası, folkloru.,AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu,B.,2005

Велиев М.Г. (Бахарлы). Азербайджан (физико-географический, этногра-фический и элономический очерк), Баку, 1921.

Винклер Г. Западная Азия в древние времена. История человечества. т.lll,СПб, 1903.

Гейбуллаев Г.А. К Этногенезу азербайджанцев. “Элм”, Б.,1991.

Гошгарлы Г. Исследование археологичиских памятников в зоне нефтепровода Баку-Тбилиси-Джейхан (БТД) и южно-кафказского газопровода Баку-Эрзурум (ЮКГ) в2004-2005 г.г. Qafqazın arxeologiyası, etnologiyası, folkloru.,AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu,B.,2005.

Гулиев Ф. Урукская керамика Южного Кафказа. Qafqazın arxeologiyası, etnologiyası, folkloru., AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, B., 2005.

Гулузаде Н. Еще раз о культе быка в Азербайджане. Археология, этнология, фольклористика Кавказа. В., 2005, с. 83.

ДTC-Древнетюркский словарь.

История Армении Лазаря Парбского. Тiflis,1904 (erməni dilində).

Мусеибли Н. Позднеэнеолитические курганы Акстафинского района. Qafqazın arxeologiyası, etnologiyası, folkloru.,AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, B., 2005.

Радлов В. В. Образы народной литературы тюркских племен. T. III, Сп, 1870, с. 47.

Редер Д.Г. Мифы и легенды  древнего двуречья. “Наука”, Москва,1965.

Сеидов А. Нахчыван-древнейший центр металлургии. Qafqazın arxeologiyası, etnologiyası, folkloru.,AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu,B.,2005

Церен Э. Библейские холмы. “Правда”, Москва,1986.

Юсифов Ю. Ранние контакты Мессопатамии с северовосточными странами-Azərbaycan tarixi üzrə qaynaqların öyrənilməsi problemləri, B.,1989.

About these ads
Bu yazı Dilçilik, Mifologiya, Tarix, Ədəbiyyat içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s