ALP ƏR TONQA VƏ AZƏRBAYCAN

Bəxtiyar Tuncay

(“Azərbaycan İmperatorluğu” kitabından bir parça)

Mannanın süqutu kutiləin (oğuzların) Cənubi Azərbaycanda hakimiyyətinin süqutu anlamına gəlməkdəydi və bu üzdən də adı mixi yazılarda Tuqdamme kimi çəkilən sak hökmdarı mənbələrdə “Saka və Qutium hökmdarı” kimi yad edilir. Bu isə o anlama gəlir ki, kutilər artıq həmin dövrdən saklara tabe olmuşdular. Yəni saklar Mannanın hakiminə çevrilmişlər (Azərbaycan tarixi, 1994, s. 105).

Təqribən eyni dövrdə Azərbaycanın siyasi arenasında daha iki qüvvə hakimiyyət uğrunda mübarizəyə atılır. Bu, madaylar (midiyalılar) və bir müddət saklardan asılı vəziyyətdə yaşadıqları üçün ümumiləşdirici “sak” adı ilə yanaşı özlərinin əsl adı ilə də yad edilən işquzlar idilər. Mənbələrdə Partatua (Prototiy) və oğlu Madiy işquzların hökmdarı kimi təqdim olunurlar. Bunlar psevdo, yəni yalançı saklar idilər. Beləcə, Azərbaycanın üç qədim türk boyu arasında Mannanın və kutilərin mirası, yəni taxt-tac uğrunda amansız, qanlı mübarizə başlayır.

Əslində mübarizənin əsas hissəsi midiyalılarla işquzlar arasında getmişdir. Çünki saklar (şakılar) bu mübarizədə tez bir zamanda məğlub olaraq Quzey Qafqaza qaçmağa məcbur olmuşlar. Hadisələr isə belə cərəyan etmişdir.

Manna uzun müddət Aşşurla ittifaqa sadiq qalsa da, güclənməkdə olan kimmer-iskit-sak qəbilələrinin təhriki ilə bu ittifaqı pozmalı oldu. Bu Manna hökmdarı Ahşerinin dövründə (e.ə.675-650) baş verdi. Aşşur hökmdarı Aşşurbanipal Mannaya qarşı müharibəyə başladı və qələbə çaldı (Azərbaycan tarixi, 1994, s. 101).

Əslində həmin dövrdə Aşşurların vəziyyəti də yaxşı deyildi. Beləki, bu hadisədən çox-çox öncə, daha dəqiq desək, e.ə.Vlll əsrin ikinci yarısından etibarən güclənməyə başlayan babillilər Aşşura qarşı üsyan etmiş və elamlılarla birləşmişdilər.

E.ə.720-ci ildə Der qalası yaxınlığında elamlılarla aşşurlar arasında qanlı müharibə baş verdi və aşşurlar məğlum oldular. E.ə.716-cı ildə Urartu kökmdarı Rusa aşşurların zəifləməsindən istifadə edərək, onların müttəfiqi Mannaya hücuma keçdi və 22 Manna şəhər-qalasını işğal etdi, e.ə.715-ci ildə isə Manna hökmdarı Dayukku əsir alındı (Дандамаев, Луконин, 1980, c. 73). Həmin döyüşdə Mannadan müstəqilliyə can atan Saqarta (Zikkertu) və Andiya əhalisi, yəni gerçək saklar (şakilər) və andiyalılar urartulularla eyni mövqedən çıxış edirdilər.

Belə bir vəziyyətdə Manna ilə ittifaqa sadiq qalan Aşşur hökmdarı ll Sarqon Saqarta və Andiyaya hücum edərək üsyançıları darmadağın etdi. ll Sarqon Urartu ordusunu da məğlub edərək, itirilmiş 22 şəhər-qalanı mannalılara geri qaytardı. Üstəlik də 55 Urartu istehkamı və 11 Urartu qalası Mannanın tərkibinə keçdi. Bu döyüşdə Dayukku əsirlikdən azad edidi, əvəzində isə Uratu hökmdarı l Rusa əsir edildi (Azərbaycan tarixi, 1994, s. 98-99). Həmin döyüşdə psevdosaklar da (işquz – iç oğuzlar) Manna tərəfdən  Urartuya qarşı çıxış edirdilər və Rusanın məğlub edilməsində böyük rol oynamışdılar. Qələbədən sonra Kappadokiya və Uratunun böyük bir hissəsi sakların hakimiyyəti altına keçdi. Bu barədə Strabon yazır:

“Saklar da kimmer və trerlər kimi bəzən uzaq, bəzən də yaxın məsafəli yü-rüşıər təşkil edirdilər. Beləcə. onlar Baktriananı (indiki Əfqanıstanın şimalı) və Ərməniyyənin (Uratu, yəni Van gölü ətrafı nəzərdə tutulur) torpaqlarının önəmli bir hissəsini tutaraq oranı öz adları ilə Sakasena (qədim Saqarta) adlandırdılar. Onlar Kappadokiyaya…qədər çatdılar.” (Алиев, 1987, c. 24).

Strabonun yazdıqlarından bir daha belə aydın olur ki, saklara şamil edilən kimmer adı əski ənənəçilikdən qaynaqlanmışdır və həmin dövrdə söhbət bilavasitə saklardan getməlidir. Eyni zamanda o da məlum olur ki, Urartu Saqartanın (Sakasenanın) tərkib hissəsinə çevrilmişdi. Saklar faktiki olaraq Mannanın da sahibi idilər və Manna hökmdarının hakimiyyəti formal xarakter daşıyırdı. Kimmer-saklar Friqiya üçün də təhlükə mənbəyinə çevrilmişdilər.

Bir çox alimlərin fikrincə, Dayukku, haqqında Herodotun məlumat verdiyi, ilk Midiya hökmdarı adlandırdığı Deyokla eyni adamdır (Hinz, 1971, p. 1023). Dayukku ilə Deyokun eyni şəxs olduğunu söyləyən İ. Dyakonovun fikrincə, Dayukku Manna hökmdarı yox, Mannanın sadəcə bir vilayətinin-Midiyanın başçısı idi (Дьяконов, 1956, s. 179). Herodotun sözlərinə görə, Deyok maday (Midiya) tayfalarını birləşdirmiş və Midiya dövlətinin əsasını qoymuşdur. Bu dövlətin paytaxtı Cənubi Azərbaycanın Həmədan (Ekbatana) şəhəri idi. (Azərbaycan tarixi, 1994, s. 120-121).

E.ə.710-ci ildə ll Sarqon Elama hücum etdi, Elam hökmdarı Şutruk-Naxxunte dağlara qaçdı. Onun müttəfiqi, Babil hökmdarı Marduk apla-iddina isə cənuba qaçmaq məcburiyyətində qaldı. E.ə. 709-cu ildə kimmer-saklardan qoruna bilmək üçün Friqiya şahı Midas ll Sarqona kömək üçün müraciət etdi (Дандамаев, Луконин, 1980, c. 76). Fəqət kimmer-saklar o qədər güclənmişdilər ki, Aşşurun özü də onlardan çəkinirdi.

E.ə. 705-ci ildə, ll Sarqonun ölümündən sonra Babil hökmdarı Marduk-apla- -iddina Aşşurun bütün düşmənləri ilə ittifaq yaratdı. Bu koolisiyaya Elam, Yəhuda və Tir, Arad və Askalon kimi Finikiya şəhərləri daxil idilər. Fəqət bu dəfə də aşşurlar qalib gəldilər (Дандамаев, Луконин, 1980, c. 74). E.ə. 700-cü ildən sonra müharibələr yenidən qızışdı və e.ə. 693-cü ildə, Aşşur hökmdarı Sinaxxeribin dövründə müttəfiqlər növbəti dəfə məğlub oldular (Дандамаев, Луконин, 1980, c. 74).Məhz həmin dövrdən etibarən Manna, Urartu ilə yanaşı müstəqil və güclü Sak dövlətinin mövcud olduğunu söyləmək olar. Artıq qeyd etdiyimiz kimi, mənbələrdən sakların İşpakay, Tuqdamme və Sandakşatru kimi hökmdarlarının adı məlumdur.

Bir sözlə, bütün Ön Asiya böyük müharibələr meydanına çevrilmişdi. Və bu müharibələrdə midiyalılar da, saklar da, yəni həm kimmer-saklar (şakılar), həm də işquzlar tədricən əsas tərəflərə çevrilirdilər. Sakların Midiya ilə İttifaqda Aşşur və Urartuya qarşı eyni cəbhədə yer aldıqları, işquzların hökmdarı, Aşşur şahı Asarhaddonun kürəkəni Partatuanın isə aşşurların müttəfiqi kimi çıxış etdiyi məlumdur (Azərbaycan tarixi, 1994, s. 105).

Alimləin bir çoxu haqlı olaraq, Aşşur mənbələrindəki işquzları “Kitabi Dədə Qorqud”dakı İç Oğuzla, başqa sözlə, oğuzlarla eyniləşdirmişlər (Süleymenov, 1993, s. 224; Azərbaycan tarixi, 1994, s. 118; Гасанов, 2000, c. 122-124). Məhəmməd Hatəmi Tantəkin aşşur, yunan və qədim fars mənbələrini tutuşduraraq təkzibedilməz şəkildə sübut etmişdir ki, adına Aşşur mənbələrində “Partatua”, Herodotda “Prototiy”, Avestada “Tranqrasyan”, Firdovsinin “Şahna-mə”sində “Əfrasiyab” kimi rast gəldiyimiz işquz (İç oğuz) xaqanı böyük Turan hökmdarı Alp Ər Tonqadır. Onu öldürmüş şəxs isə Firdovsinin İran şahı kimi qələmə verdiyi və Keyxosrov adlandırdığı Midiya hökmdarı Kiaksardır (Tantəkin, 2002).

Bəzi mütəxəssislər qədim mənbələrdə işquzların həm də “sak” adlandırıl-ması faktından çıxış edərək Alp Ər Tonqanı sak hökmdarı, onun xaqanı olduğu Turan dövlətini isə iskit-sak dövləti saymışlar (Гейбуллаев, 1991, c. 326-329; Əlibəyzadə, 1998, s. 241; Anadol, 1991). Eyni fikrə Yeni Türk Ensiklopediyasında da rast gəlirik (Yeni Türk Ansiklopedisi, 1985, Xl, s. 4363). Camal Anadol yanlış olaraq, Alp Ər Tonqanı  Partatuanın oğlu Madiy ilə eyniləşdirmişdir (Anadol, 1991). Eyni səhvi Məhəmməd Tağı Zöhtabi və Elməddin Əlizadə də təkrarlamışlar (Əlibəyzadə, 1998, s. 241). Gerçək isə budur ki, Alp Ər Tonqanın mixi yazılardakı adı Partatuadır və bu ad böyük türk qəhrəmanı və hökmdarının adının aşşur dilindəki cüzi təhrifi ilə ortaya çıxmışdır:

ALP    ƏR    TONQA

P — AR — TATUA

Məlum olduğu kimi, Mahmud Kaşğarlı “Divan”ında yer alan çoxsaylı şer nümunələrindən biri də Alp Ər Tonqanın ölümünə həsr edilmiş ağıdır.Nizami Xudiyev bildirir:

“Eradan əvvəl  1 minilliyin ortalarından etibarən ümumi türk ədəbi dilinin ünsürləri fəaliyyətə başlayır və regional türk ümumxalq dillərinin,bunun ardınca isə ədəbi dillərin formalaşmasına təsir edir.Qədim türk şerinin mükəmməl                                                                     şifahi örnəkləri meydana çıxır ki, bunların müəyyən hissəsi sonrakı dövrlərdə yazıya alınmışdır.Turan hökmdarı,farslaın Əfrasiyab adlandırdıqları Alp Ər Tonqanın ölümünə həsr olunmuş ağı Mahmud Kaşğarlının divanında əks olunmuşdur:

                    Alp Ər Tonqa öldümü,

                    İsiz ayun kaldımu,

                    Ödlək öcin aldımı?

                    İmdi yürək yırtılır…                                                   

Biz heç də o fikirdə deyilik ki, bu eradan əvvəl  1-ci minilliyin ikinci yarısından eramızın 1-ci minilliyininbirinci yarısı Azərbaycan dili nümunəsidir, ancaq burası da inkar edilməzdir ki, qədim Azərbaycan dilinin fonetik,leksik və qrammatik quruluşu, funksional ifadə səviyyəsi bunu xatırlatmışdır.”   (Xudiyev, 1997, s. 39-40).                                                            

Elməddin Əlibəyzadə mövzu ilə bağlı yazır:

“Alp Ər Tonqa miladdan öncə 7-ci əsrin qüdrətli Turan-türk hökmdarı və qəhrəmanı olub.O, qeyri – adi ağlına,tədbirinə və mərdliyinə,müdrikliyinə görə böyük hörmət və ehtiram qazanmış,şöhrət tapmışdır.İran-Turan müharibələrində əfsanəvi qəhrəmanlıq göstərmiş və bu onu dastanlaşdırmışdır.”  (Əlibəyzadə, 1998, s. 239).                                                                                          

Kaşğarlı Mahmudun yazdığına görə, Türküstandakı Barsqan, Sayram və Koyaş şəhərlərini Alp ər Tonqa saldırmışdır. 12 illik türk dövri heyvan təqvimini də o icad etmişdir.Əski fars qaynaqlarında onun Xorəzm, Xorasan, İran və Azərbaycanda çox sayda şəhər saldırdığı qeyd edilməkdədir (Turan, 1993, s. 19). Məsələn, Sasanilər dövründə  pəhləvi dilində qələmə alınan, müəllifi bilinməyən və elm aləmində şərti olaraq “İran şəhərləri” adlanan bir kitabda  Aturpatakandakı, yəni Azərbaycandakı Gəncə şəhərinin əsasının Əfrasiyab, yəni Alp Ər Tonqa tərəfindən qoyulduğu qeyd edilir.( Касумова, 1985, c. 19).

Zərdüştün “Avesta”sında bu şəhərin adı Qanqxa kimi çəkilir və onun Turanın taxt şəhəri olduğu, Turan xaqanının da bu şəhərdə otuduğu qeyd edilir.”Avesta”da bütün turanlılar,yəni türklər kimi ünvanına təhqir və böhtanlar yağdırılan Alp Ər Tonqa həmin kitabda Tranqrasyan adı ilə yad edilir.Qədim yunan mənbələrində onun adı Prototiy kimi çəkilir və onun iskitlərin, yəni türklərin xaqanı olduğu bildirilir.  Bu bötük türk xaqanı haqqında məlumat verən və eradan əvvəl  Vll əsrə aid olan aşşur mixi kitabələrində onun adı Partatua kimi qeyd edilib və o, İşkuz, yəni İç Oğuz  hökmdarı adlandırılıb. Maraqlıdır ki, Firdovsi də “Şahnamə”də onu oğuz-türkmən mühiti ilə  bağlayır. Firdovsiyə görə, Əfrasiyab (Alp Ər Tonqa)  dödüncü oğlu Qara xana oğuzların da daxil olduğu türk odusunun komandanlığını vermişdir:

“Sərkərdə Qara xan, dördüncü oğul

Əlbisəsini geyinib, atasının yanına gəldi.

Atası ona otuz minlik türk-çiqil atlılarını

Verdi, döyüş yerindən qorxmayan

Həmçinin taraz, oğuz, xalac atlıları

Otuz minlik sınaqdan çıxmış atlı.” (Koroğlu, 1999, s. 88-89).

Eyni zamanda Əfrasiyabın (Alp Ər Tonqanın) atası Pəşəngin başında durduğu otuz minlik qoçaq türkməndən də söz açmaqdadır:

“Onların sərkərdəsi-təcrübəli qoca Nastul

Qoçaq Pəşəngin himayəsi altında

Otuz min igid türkmən

Döyüş baltaları ilə silahlanmış,

Yayla-oxla silahlanmış döyüşə getdilər.” (Koroğlu, 1999, s. 89).

Təsadüfi deyil ki, oğuz olduqları heç bir şübhə oyatmayan Səlcuqlular özlərini Alp Ər Tonqanın (Əfrasiyabın) soyundan hesab etmişlər (Koroğlu, 1999, s. 28).

Ət-Təbəri Naxçıvanın Alp Ər Tonqa tərəfindən inşa edildiyini yazmaqdadır. “Avesta” Alp Ər Tonqanın bol duzlu Çiçəstə gölü sahilində qətlə yetirildiyi bildirilir. “Bundaxşinin kitabı”nda söylənilənlərdən isə belə məlum olur ki, Çiçəstə gölü Aturpatakanda, yəni Azəbaycanda yerləşir. (Касумова, 1985, c. 20).

Bu məlumatlardan göründüyü kimi, Alp Ər Tonqa Cənubi Azərbaycanda yerləşən bol duzlu Urmiya gölü sahilində qətlə yetirilmişdir.Onun Azərbaycanda öldürüldüyünü Yeni Türk Ensiklopediyası da təsdiqləməkdədir:

“Alp Ər Tonqa iranlılarla çox uzun bir mücadiləyə girmiş…, Altaylara qədər təqib edilmiş, yenə həmlə etmiş, nəhayət,  Azərbaycanda… öldürülmüşdür (m.ö.624).” (Yeni Türk Ansiklopedisi, 1985, Xl, s. 4363).

Deməli, ona həsr  edilən ağı da məhz həmin bölgədə,başqa sözlə, Azərbaycanda yaranmışdır.Təsadüfi deyil ki, Azərbaycanda yaradılmış digər ağılar kimi bu ağı da təmiz oğuz türkcəsindədir:

         Sel gəldi beldən oldu,

                    Qan qusdu yeldən oldu.

                    Vay düşdü sarayıma,

                    El gəldi harayıma.                                                                  

                    Dirsəkli,dirəkliydin,

                    Sən aslan biləkliydin.

                    Hay vergil harayıma,

                    Vay düşdü sarayıma.

                    Oğul hey,

                    Oğul hey,

                    Oğul hey,

                    Oğul hey!                                                           

Yas nəğmələrinin mühüm hissəsini ağılar təşkil edir.Yas mərasimlərində oxunan ağılar bu gün təkcə bayatı şəklində yayılmış nümunələrlə məhdudlaşmır. Xalq içərisində onlardan daha əvvəlki dövrlərdə yarananlardan da dövrümüzədək gəlib çıxanları var:

       Mən öldüm ağlamaqdan,

                  Bağa su bağlamaqdan.

                  Bağda yarpaq qalmadı,

                   Yarama bağlamaqdan.

                   Altımda kilim yandı,

                   Od düşdü,kilim yandı.

                   Canım oğul deməkdən,

                   Ağzımda dilim yandı.                                                            

Alp Ər Tonqaya ağı öz dilinə görə Kaşğarlı Mahmudun nümunə kimi verdiyi digər ağılardan fərqlənir.Buradakı digər ağılar uyğur dilində,başqa sözlə xaqaniyyə tükcəsindədir.                  

Ulsıp ərən börləyü,

Yırtıb yağa urlayu.

Sıkrıp üni yurlayu,

Sıqtab gözi örtülür.

Alp Ər Tonqaya həsr edilən ağıda arxaikləşərək çoxdan canlı danışıq dilimizdən çıxmış “isiz”,”ajun”, “ödlək” və “öc” kimi qədim türk kəlmələrinə rast gəlirik.İndi dilimizdə həmin sözləri ərəb dilindən keçmiş “ədalətsiz”, “dünya”,”zaman” və “intiqam” kimi ifadələr əvəz etməkdədir.Təkcə bu fakt ağının ən azı İslamdan öncə yarandığını söyləmək üçün yetərlidir.

Elməddin Əlibəyzadənin fikrincə, Mahmud Kaşğarlı “Divan”ının folklor nümunələrinin də fərqli yaranma tarixləri  olmalı idi.Çünki bu şerlər bir-birindən çox uzaq,mühüm və ibrətamiz tarixi hadisələrlə bağlı olmuşdur. Məsələn, miladdan öncə Vll əsrdə yaşamış Alp Ər Tonqanın ölümünə ağı  həmin əsrdə deyilsə, hansı əsrdə yaranmışdır? Təbii ki,sözügedən ağı məhz həmin əsrdə yaranmalı idi və yaranmışdır da (Əlibəyzadə, 1998, s. 56).

Sözügedən ağı Azərbaycan ədəbiyyatının, eləcə də ümumoğuz və ümumtürk  ədəbiyyatının şah əsəri sayıla bilsə də, onu “sak dili və ədəbiyyatı” kateqoriyasına daxil etmək doğru deyidir. Çünki işquzlar (iç oğuzlar) və saklar fərqli türk etnik qrupları olmuş və irəlidə görəcəyimiz kimi, fərqli ləhcələrdə danışmışlar.

Elməddin Əlibəyzadə deyir:                                                                

“Alp Ər Tonqanın ölümünə ağılar dördlüklə və 7 heca ilə kəkk olunub, bu ölçüdə daha asan qalıb,yayılıb.”    (Əlibəyzadə, 1998, s. 259).                                                         

Şübhəsiz ki, bu ölçülər və forma ozan-aşıq şer formasısır. Maraqlıdır ki, Cənubi Azərbaycanın Həsənlu məntəqəsindən tapılan və e.ə. lX-Vlll əsrlər Manna incəsənəti nümunəsi hesab edilən bir qızıl qabın üzərində qopuz çalan ozan təsvir edilmişdir (Rzayev, 1984, s. 27 şək. 2).

Məulmat üçün bildirək ki, iç oğuzlar (işquzlar) mixi yazılada adlarına rast gəlinən yeganə oğuz tayfası deyil. ll Aşurnasirpalın kitabəsində oğuz tayfalarından baranluların (baranların) da adına “barean” formasında rast gəlirik (Qaşqay, 1993, s. 50). Sonrakı əsrlərə aid yazılı mənbələrdə onlardan “abaren”, “aparn”, “parn” adları altında Albaniya sakinləri kimi söz açılmaqda (Еремян, 1967, c. 56), Parfiya dövlətini qurmuş Arsaklar sülaləsinin həmin etnik qrupa aid olduğu bildirilməkdədir (Azərbaycan Sovet Ensiklopediyası, l, s. 216; Azərbaycan tarixi, 1994, s. 423). Strabon da onları “parn” adı ilə Xəzərin şərqində qeyd etmişdir (Гейбуллаев, 1991, c. 179). XlV-XV əsrlərdə Van gölü yaxınlarında yaşamış bu xalq Azərbaycan Qaraqoyunlu dövlətinin yaranmasında yaxından iştirak etmişdir. V.Minorski və Q.Rabinota görə, bu türkmən boyunun adı yer adından, F.Sümər və İ.Artukun fikrincə isə, qədim türkcədəki “baran” (qoç) sözündən yaranmışdır (Azərbaycan Sovet Ensiklopediyası, ll, s. 25).

Mövzu ilə bağlı Xalıq Koroğlu yazır:

“…Başqa variantlarda olduğu kimi, Oğuzun 6 oğlu, hər oğlundan da 4 nəvəsi dünyaya gəlir. Böyük oğluna Cəmşid xan adını qoyurlar, o, Baran adlı yerdə yaşadığı üçün Qayı xan ləqəbini alır və Osmanlıların əcdadı olur. Ənvəri Oğuz eli ilə bağlı bir neçə dəfə Baran adını çəkir.

Bu gün də…Van gəlünün cənubu…Daru-Baran adlanır.” (Koroğlu, 1999, s. 59).

Mənbələrdən belə aydın olur ki, Partatuanın (Alp Ər Tonqanın) ölümündən sonra oğlu Madiy işquzlaın hökmdarı olmuşdur. O, Araz çayını keçərək, Midiya torpaqlarına soxulmuş kimmer-sakları bölgədən didərgin salmış, Midiya və ətraf bölgələr üzərində 28 il sürən hakimiyyət qurmuşdur ki, bu barədə artıq söz açmışıq. Bu hökmdarın adı barədə Firidun Ağasıoğlu yazır:

“Bu ad üzərində geniş dayanmağa ehtiyac yoxdur, çünki onun Ön Asiyada ən işlək adlardan olduğunu görmək olur və ən əsası da budur ki, doğu türk boylarının eposlarında mənası türkcə aydın olan adlar işləndiyi üçün “Maday Kara” dastanı da güman ki, həmin gələnəyi saxlamışdır” (Ağasıoğlu, 2005, s 109).

Mütəxəssislər adları dövrümüzədək çatmış digər sak hökmdarlarının adları barədə də maraqlı fikirlər söyləmişlər. Bu baxımdan adı aşşur mənbələrində “Tuq-damme”, Herodotda isə “Liqdames” kimi çəkilən sak hökmdarı barədə yekdil fikir sərgiləyərək onun adının əslinin türkcə Toxtamış olduğunu yazmışlar (Гейбуллаев, 1991, c. 319; Ağasıoğlu, 2005, s 109). İ.M. Dyakonov da buna bənzər fikir söyləyərək “Duqdamis” formasının üzərində durmuşdur (Дьяконов, 1956, c. 240). Tuqdammenin oğlu Sandakşatrunun adı da sonrakı dövrlərdəki mənbələrdən məlum olan türk adları ilə müqayisə edilmişdir. Məsələn, Qiyasəddin Qeybullayev bu adı haqlı olaraq, “Alpamış” dastanındakı Sandaqaç şəxs adı ilə (Гейбуллаев, 1991, c. 320), Firidun Ağasıoğlu isə Alp Arslanın komandanlarından  Sandak bəyin (Ağasıoğlu, 2005, s 109) adı ilə tutuşdurmuşlar.

Sak hökmdarlarından birinin daşıdığı İşpakay adı barədə də maraqlı fikirlər söylənmişdir. Həm Oljas Süleymenov, həm də Firidun Ağasıoğlu bu adı türkcə Köpək (s-k) kimi izah etmişlər (Süleymenov, 1003, c. 223; Ağasıoğlu, 2005, s.108). Təbii ki, bu fikirlə razılaşmaq mümkün deyildir. Fikrimizcə, mixi yazılardakı “İşpakay” adı sonrakı əsrlərdə Göytürk hökmdarlarının adları içərisində rast gəlinən Işbara (Işbara xan, Baqa Işbara xan, Işbara Sünişi şad, Işbara Tolis şad, İrbis Işbara cabqu-xan) türk şəxs adının (Гумилев, 2002, c. 519, 520, 522, 523, 524) aşşur dilindəki cüzi təhrifi ilə ortaya çıxmışdır. Yəni adın əsli Işbaradır. Hesab edirik ki, Herodotun iskit hökmdarlarından birinə şamil etdiyi Sparaqapit (Ağasıoğlu, 2005, s 80) adı da Işbara adı ilə bağlıdır.

Biz işquzları, oğuz olduqlarına inandığımız kutilərin birbaşa davamı hesab edirik və fikrimizcə, qədim fars mənbələrində şərab bişirənlər kimi təqdim edilən saklar da məhz oğuzlar olmuşlar. Qədim yunan mənbələri də dikpapaq saklarla şərab bişirən sakları xüsusi qeyd etməkdədir. İstər qədim fars, istərsə də yunan mənbələrindən türklər arasında şərabçılıq sənətinin geniş yayıldığı məlum olsa da, bu işlə məhz hansı türk boyunun məşğul olduğu məlum olmur. (Гейбуллаев, 1991, c. 321-323).

Bu məsələyə aydınlıq gətirməyə isə Egey dənizi sahillərindən tapılan və hind-Avropa mənşəli olduğu ehtimal edilən bir ideoqrafik əlifba yardımçı olur. Elm aləmində şərti olaraq “Egey əlifbası” adlanan sözügedən əlifbada “şərab” sözünü bildirən ideoqram kimi oğuzların bayandur boyunun tamğası çıxış edir (Cəfərov, 1987, s. 29-36). Elə bu fakt da söhbətin məhz bayandurlardan getdiyini, eləcə də hind- Avropa xalqlarının şərabla bayandurlar vasitəsi ilə tanış olduğunu söyləməyə əsas verir.

Maraqlıdır ki, bir sıra hind -Avropa mənşəli xalqların dilində şərab anlamında işlənən kəlmələr, eləcə də ona yaxın bəzi sözlər “bayandur” etnoniminin kökündə duran “bayan” kəlməsi ilə yaxın səslənməkdədir.

—————————————————————————————————-

                                                         B  A  Y  A  N

—————————————————————————————————-

     Dil                        Yazılışı                          Oxunuşu                          Mənası

—————————————————————————————————-

1.  Alman                   Wein                             Vayn                                Şərab

—————————————————————————————————-

2   İngilis                    Wine                             Vayn                                Şərab                                                                    

—————————————————————————————————-

3.  Fars                        Mey                              Mey                                  Şərab

—————————————————————————————————-

4.  Rus                         Вино                            Vino                                 Şərab

—————————————————————————————————-

5. Rus                         пьян                              Pyan                                Sərxoş

—————————————————————————————————-

6. Rus                         буян                              Buyan                              Sərxoş                                   

                                                                                                                 olub 

                                                                                                              şuluqluq       

                                                                                                                edən

—————————————————————————————————-

 

O da maraqlıdır ki, hind – Avropa xalqları öncə şərabla tanış olmuş, onların üzümlə tanışlığı isə bundan sonra baş vermişdir.Elə bu üzdən də bəzi hind-Avropa xalqlarının dilində üzümü bildirən ayrıca söz yoxdur. Mövcud olan sözlər isə şərab sözündən törəmədir.                                        

—————————————————————————————————-Dil                 Yazılışı             Oxunuşu                Mənası                     Hərfi  mənası

 

                                                                                                                     

—————————————————————————————————-1.    Alman            Weinrebe         Vaynrebe                Üzüm                        Şərb                                                                                                                                    

                                                                                                                  çuğunduru

—————————————————————————————————-

2.  Rus                   Виноград           Vinoqrad              Üzüm                      Şərab

                                                                                                                    qozası

 

Hind-Avopa dillərindən fərqli olaraq, türk dillərində üzümçülük və şərabçılıqla bağlı onlarla təmiz türk mənşəli kəlmə bulunmaqdadır.Əgər dilimizdəki heyvandarlıq ,əkinçilk,toxuculuq,dulusçuluqla bağlı bir çox terminlər Neolit və Eneolit dövrlərinin yadigarıdırsa, üzümçülük və şərabçılıqla bağlı bəzi terminlər də, şübhəsiz ki Tunc dövrünün məhsuludur.

Deməli, qədim fars və yunan müəlliflərinin “şərab bişirən saklar” adlandırdığı xalq bayandurlar imiş. Bayandurlaın isə bir oğuz soyu olduğu  məlum-dur (Zeynalov, 1981, s. 95-96). Gördüyümüz kimi, qədim mənbələr “sak” adını oğuzlara, o cümlədən iç oğuzlara da şamil etmişlər. Fəqət gerçək saklar özlərini “şakı” adlandıran saklar idilər ki, sonrakı dövrlərdə Şərqi Avropdan Hindistana və Çin səddinə qədər yayılmışdılar. Çinlilər onlara “sək”, hindlilər isə “şakya” deyirdilər (Ağasıoğlu, 2005, s. 73).

QAYNAQÇA

 

Anadol C. Tarihe hökm edəm millet: Türkler.-“Aydınlıq” qəzeti, 1991, 10 avqust.

Ağasıoğlu F. Azər xalqı, B.2005.

Azərbaycan Sovet Ensiklopediyası. 1-10 c.

Azərbaycan tarixi, B.,”Azərnəşr”, 1994.

Cəfərov C. Bəzi damğa və işarələrin  etimoloji izahı. Türk dillərinə dair etimoloji və tarixi – morfoloji tədqiqatlar. ADU-nun nəşriyyatı, B.,1987.

Cəfərov N. Azərbaycanşünaslığa giriş.”AzAtaM”, B.,2002.

Cəfərov N. Qədim Türk ədəbiyyatı. B., “AzAtaM”, 2004. 322 s.

Əlibəyzadə E. Ədəbi şəxsiyyət və dil. “Yazıçı”, B.,1982

Hinz W.Persis.PW,1971.

Koroğlu X. Oğuz qəhrəmanlıq eposu. “Yurd”, B., 1999.

Qaşqay S. Manna dövləti. “Azərbaycan Dövlət Nəşriyyatı”, B.,1993.

Rzayev N. Möcüzəli qərinələr.B.,1984.

Süleymenov O. Az-Ya. Bakı, 1993.

Tantəkin H. Dəli Becan surətinin prototiplərinə dair. Məqalələr. Şirvannəşr, B., 2006, s. 91-118.

Tantəkin H. Sehirli nağılların onqon və əsatiri surətləri. B., “Şirvannəşr”, 2004.

Turan O. Cihan hakimiyeti Mefkuresi Tarihi.l-ll c.,”Boğazçı yayınları”, İstanbul, 1993.

Xudiyev N. Azərbaycan ədəbi dili tarixi. Ankara, 1997.

Yeni Türk Ansiklopedisi. 12c. “Ötüken”, Ankara, 1985.

Алиев К. Античные источники по истории Азербайджана. “Элм”, Б.,1987.

Гасанов З. Царские Скифы. “Liberty Publishing House”, New York, 2000.

Гейбуллаев Г.А. К Этногенезу азербайджанцев. “Элм”, Б.,1991.

Гумилев Л. Древние Тюрки. “АСТ”, Москва,2002.

Дандамаев М.А.,Луконин В.Г. Культура и экономика древнего Ирана.”Наука”, М.,1980.

Дьяконов И.М. Ассиро-вавилонские источникн по истории Урарту. ВДИ, 1951, № 2.

Дьяконов И. М. История Мидии  с древнейщих времен до конца lV в. до н. э. М-Л., 1956.

Дьяконов И.М.Предыстория армянского народа. Ереван, 1968.

Дьяконова В. П. Похороны по ламаистски. В кн. Потапов Л. П. Очерки народного быта тувинцев. М., Наука, 1969 а, с 286-308.

Еремян С.Т. Страна “Мехелония” надписи Кааба-и Зардушт. ВДИ,1964, №4.

Касумова С. Ю. Азербайджан в lll-Vll вв., Б., 1985.

 

 

 

Advertisements
Bu yazı Dilçilik, Mifologiya, Tarix, Ədəbiyyat kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma