SAKLARIN USUN (HOSUN) BOYUNUN ETNOQONİK RƏVAYƏT VƏ DASTANLARI

Bəxtiyar Tuncay

Hosun dastanları dolqan türklərindən (Попов, 1954, с. 113-121), evenklərdən (Сборник материалов по эвенкийскому (тунгусскому) фольклору, 1938; Исторический фольклор эвенков, 1966, с. 396-315), eləcə də nqasanlardan (Долгих, 1958) da toplanmışdır. Yəni eyni süjetlər saxa-yakut və dolqan türkləri arasında olduğu kimi, tunqusmancurdillilər arasında da  geniş yayılmışdır. Elə bu da bəzi tədqiqatçılara onları tunqus-mancur xalqlarının (evenk, even, nqasan) abidələri kimi gözdən keçirməyə əsas vermişdir.

Hosunlarla bağlı rəvayət və əfsanələrin dəyişməz bir motivi var. Məşhur hosun ovçularından hər hansı birinəsə başqa bir soyun, ya boyun və ya da fərqli bir xalqın başçısı onun şöhrətinə sahib olmaq məqsədi ilə qəflətən hücuma keçir və qəhrəmanı öldürür. Qətlə yetirilənin qardaşı və ya oğlu onun qisasını alır. Bu süjet bütün Şimali Saxa – Yakutuya ərazisində çox məşhurdur və kiçik, yerli əlavə və nüanslar diqqətə alınmazsa, heç dəyişmir. Hosunlarla bağlı folklor nümunələrini digər analoji nümunələrdən fərqləndirən ən önəmli cəhət də elə budur. Qəhrəmanın çaydan keçərkən ayağından yaralanması, qatillərin geri qayıtdıqları yol üzərindəki ağaclarda izlərini saxlaması, qisasçının onları bu izlərlə təqib edərək tapması kimi detallar da, demək olar ki, bütün variantlarda bu və ya digər şəkildə təkrarlanır.

“Hosun” termininə gəlincə, onun evenk dilindəki “söninq”, “sənə” (bahadır, qəhrəman) sözlərindən yarandığı hesab edilir. Evenk əfsanə və rəvayətlərində hosunlar ən mahir və cəsur ovçular kimi təqdim edilirlər. Saxa-yakutlar da “hosun” kəlməsini adətən eyni anlamda işlədirlər (Гуревич, 1977, с. 88). Lakin bu versiya bizə qətiyyən inandırıcı görünmür və zənnimizcə, kəlmə əslində etnonimdir və sakların bir qolu olmuş uysunların (usunların) adını, daha doğrusu onun yerli şivələrdəki səsləniş şəklini əks etdirir. Q. E. Qrum-Qrjimaylonun qeyd etdiyi kimi, özbəklərin, qazaxların və digər türk xalqlarının etnogenezində yaxından iştirak etmiş uysunlar (usunlar) etnik baxımından sakların bir qolu olmuşdur (Грум-Гржимайло, 1944, с. 7). Maraqlıdır ki, bir zamanlar Azərbaycandan (Qafqaz Albaniyasından köçərək indiki Qazaxıstan ərazisində məskunlaşan və Qazax türklərinin mühüm tərkib hissəsinə çevrilən alban soyu uysun boyunun tərkibində olmuşdur və görkəmli qazax maarifçisi Ç. Vəlixanov da onları qoşa qeydə almışdır (Велиханов, 1, с. 628). Orta Asiyanın türk xalqlarının formalaşmasında mühüm rol oynamış uysunların sakların bir qolu olduğunu yazılı mənbələrlə yanaşı arxeoloji faktlar da birmənalı şəkildə sübut edir. Bu faktlara istinad edən A. N. Berenştam yazmışdır:

“Kanqlı və usunların mədəniyyəti sak mədəniyyətinin birbaşa davamıdır” (Бернштам, 1946, с. 112).

E. ə. lll əsrə aid Çin mənbələrində adı keçən və Sak (Se) ölkəsinin sakinləri kimi yad edilən uysunların // usunların (Gökyay, 1938, CLVlll-CLlX) Azərbaycanın da ən qədim sakinlərindən olduqlarını “Kitabi-Dədə Qorqud” eposu təsdiqləməkdədir. Mütəxəssislər eposun ikinci dərəcəli personajlarından biri kimi çıxış edən “Uşun Qoca” adındakı “Uşun” hissəsinin usunlarla əlaqəli olduğunu söyləyirlər. Mövzu ilə bağlı S. Əliyarov yazır:

“”Uşun Qoca”… hələ miladdan əvvəlki Çin qaynaqlarında yad edilən türkdilli etnosun adı ilə bağlıdır” (Əliyarov, 1991, s. 145).

Çox güman ki, Naxçıvandakı Uzunoba kəndinin adının etimologiyası da usunlarla bağlıdır.

İ. S. Qureviç yazır ki, Şimali Yakutiyada yerləşən Olenek çayı hövzəsinin toponomikası, demək olar ki, bütünlüklə sözügedən eposun əsas qəhrəmanının – bir versiyaya görə Ürən, digər versiyaya görə isə Ünkəəbil adlandırılan qəhrəmanın adı ilə bağlıdır. Belə ki, əslən Olensk rayonundan olan dastançıların, faktiki olaraq, hamısı, Anabardan olan dastançılarınsa bir qismi Ürənin yaşamış olduğu məkan kimi Olenek qəsəbəsi yaxınlığındakı Tumannax-Tübətə adlı yerə təpəlik yerə işarə edirlər. Burada Ürən xaya (Ürən qaya) adlı dağ zirvəsi ucalır. Onun ətəyindən Ürən appata adlı kiçicik çay axmaqdadır. Qəsəbədən3 kmaşağıda isə Ürən koul (Ürən göl) adlı göl var. Ola bilsin ki, Azərbaycandakı qədim Örənqala yaşayış məntəqəsinin də adı sak (saxa – yakut) eposunun qəhrəmanı Ürənin adı ilə bağlı olmuş olsun. Əgər bu ehtimal gələcəkdə öz təsdiqini taparsa, o zaman tam qətiyyətlə demək olar ki, hosun dastanlarının köklərindən birini sakların ata yurdu olmuş Azərbaycanda axtarmaq lazımdır.

Bütün bu deyilənlərlə yanaşı qeyd etmək lazımdır ki, Ürən hosunla bağlı rəvayətlərdə adı çəkilən topnimlərin böyük əksəriyyəti Olensk yaxınlarındakı yer adları ilə tam üst-üstə düşür. Bu baxımdan Olenek qəsəbəsindən80 kmyuxarıda yerləşən Axıs-arı,15 kmaralıdakı Talakan-ayan,25 kmməsafədəki Barqıdamet Mainda kimi yer adlarını misal çəkmək olar (Гуревич, 1977, с. 89). Bu isə o deməkdir ki, eposun son şəkli məhz həmin ərazilərdə formalaşmışdır.

İkinci tip rəvayətlərə əsasən adı Ünqkəəbil bahadır kimi keçən qəhrəman Olenek çayının aşağı axarlarında, onun mənsəbinə yaxın ərazidə yerləşən Tüməti qəsəbəsində məskun idi. Həmin ərazidə bir vaxtlar Ünqkəəbil xaya (Ünqkəəbil qaya) adlı dağ və eyni adlı mağara var imiş. Yeri gəlmişkən qeyd edək ki, saxa-yakutlar şimal şəfəqini “ünqkəəbil” adlandırırlar. Şübhəsiz ki, bu ad sakların bugünkü Saxa-Yakutiya ərazisinə köçməsindən və qütb şəfəqi ilə tanış olmasından sonra yarana bilərdi. Odur ki, Ürən adı daha arxaikdir və ola bilsin ki, saklar onu bu əraziyə eposun süjeti ilə birlikdə əski ata yurdlarından gətirmişlər.

Çayın aşağı axarlarına yaxın ərazilərdə yayğın olan versiyalarda qəhrəman qardaşının intiqamını alır, döyüşdə ölür və bundan sonra onun işini oğlu davam etdirir. Burada söhbət eyni etnosun iki soyu arasındakı düşmənçilikdən gedir. Bu süjetin daha geniş və dəqiq variantı 1926-cı ildə Q. V. Ksenofontov tərəfindən Lena sahillərindəki Bulun adlı yaşayış məntəqəsində qeydə alınmış “Ünqkəəbil və Çəmpərə” adlı variantdır (Ксенефонтов, 1937, с. 490-495). Həmin variantın qısa məzmunu belədir:

Məşhur hosun Ünqkəəbil və onun iki qardaşı Olenek çayının aşağı axarının sahillərində yaşayır və burada vəhşi maralları ovlayırdılar. Bir payız günü o, düşərgədə olmadığı zaman düşərgəyə hosun Çəmpərə gəlir, Ünqkəəbilin dəmirçiliklə məşğul olan kiçik qardaşını öldürür, onun uzun hörüklü   saçını kəsib anasına göndərir və bununla da Ünqkəəbili döyüşə səsləyir.

Evə dönən qəhrəman baş verənlərdən xəbər tutur. O döyüşə yollanmamışdan öncə ikinci qardaşı Caakdaktuunun taleyi ilə maraqlanır və məlum olur ki, onu rus kazakları girov götürmüşlər. Hadisə aydınlaşdıqdan sonra ruslar qardaşını azad edir, ona özbaşnalıq edən qəbiləni tapmaq üçün 60 döyüşmü və bir şaman verirlər. Düşmən düşərgəsinə gedən yolda şaman cadu edərək Çəmpərənin ruhunu bayquşa cevirir və  Caakdaktuu onu öldürür.

Düşmən düşərgəsinə çatdıqda Ünqkəəbil qardaşı ilə birlikdə vəhşi maral qiyafəsində, böyük ağac odunlarının köməyi ilə çayı keçirlər. Həmin gün Çəmpərənin adamları böyük şadyanalıq və ziyafət təşkil etmişdilər. Odur ki, qardaşlar çətinlik çəkmədən düşərgəyə daxil ola bilirlər. Burada onlara məlum olur ki, Çəmpərə ox atarkən barmaqları sürüşməsin deyə yeməyə əl sürtmür. Onu əsir bir rus yedizdirir. Ünqkəəbil gizlicə rusa yaxınlaşaraq, onu Çəmpərənin oxlarını təxrib etməyə sövq edir.

Düşmənin düşərgəyə hücum edə biləcəyindən ehtiyat edən Çəmpərə şamana öncəgörümlük etməyi tapşırır. O isə öz növbəsində üç gün sonra gecə vaxtı hücum baş verəcəyini söyləyir. Bu arada çadıra yaxınlaşan qardaşlar düşərgədəkiləri ox yağışına tuturlar. Bunu görən Çəmpərə Olenek çayı boyunca                                                                                                                                                                                                                                                               üzü yuxarı, öz gizli silah anbarına tərəf qaçmağa başlayır. Qardaşlar onu təqib etməyə başlayırlar, fəqət o hər dəfə atılan oxlardan yayınmağı bacarır. Bununla belə, Çəmpərə çayı keçərkən Caakdaktuu onu ayağından yaralayır. Ən sonda isə o, qardaşlar tərəfindən öldürülür. Onlar Çəmpərənin hörüyünü kəsir, sümüklərini qurudur və mərhumun anasına aparırlar. Anası isə qardaşlara bildirir ki, oğlu doqquz il öncə aclıq çəkibmiş. Bundan sonra qaliblər doğma torpaqlarına,  öz analarının yanına qayıdırlar. Ona öldürülmüş düşmənin hörüyünü verirlər. Ünqkəəbil və Caakdaktuunun anası hörüyü götürüb çölə çıxır. Bir müddət sonra isə onu özünü asaraq intihar etmiş vəziyyətdə tapırlar. Ana belə etməklə öldürülmüş dəmirçi oğlunun yanına getmiş olur (Ксенефонтов, 1937, с. 490-495).

Bu variantda rusların və rus-kazakların adının çəkilməsi onun son şəklini çox da uzaq olmayan keçmişdə aldığını söyləməyə tam əsas verir. Məsələ burasındadır ki, ilk rus-kazak dəstələri Saxa-Yakutiya ərazisində XVl əsrdə peyda olsalar da rusların bu ölkədə məskunlaşması XVll əsrdən intensiv xarakter almışdır.

Maraqlıdır ki, saxa-yakutlar bir yandan Ünqkəəbili öz milli qəhrəmanları hesab edir, o biri yandan isə onun milliyyətcə yukaqir olduğunu söyləməyi də unutmurlar. Belə ki, İ. S. Qureviçin “Ünqkəəbil kim olmuşdur?” sualına sözügedən dastanın ən tanınmış söyləyicilərindən biri kimi tanınan, milliyyətcə saxa-yakut Anna Nikolayeva belə cavab vermişdir:

“Bəzilərinin fikrincə, o, yukaqir olmuşdur” (Гуревич, 1977, с. 93).

Məlumat üçün bildirək ki, Sibirin aborigenlərindən olan yukaqirlər, demək olar ki, bütünlüklə saxa-yakutların içində ərimişlər və hazırda yukaqir dilində danışıanların sayı sadəcə bir neçə yüz nəfərdir. Görünən budur ki, saxa-yakutların Ürən haqqında dastanı bu xalqın içində əriyən, daha doğrusu onun etnogenezində müəyyən qədər iştirak edən yukaqirlərin folkloru qarımışdır.

İ. S. Qureviçin topladığı “Ürən hosun dastanı” adlı variant isə ortaya tamam fərqli məqamlar qoymaqdadır. Burada Ünqkəəbil artıq əsas və müsbət qəhrəman yox, müsbət qəhrəman rolunda çıxış edən Ürənə qarşı çıxış edən Mahan-Mehçənin qardaşıdır və mənfi obrazdır. O, dastanın sonunda Ürənin oğlu tərəfindən öldürülür (Гуревич, 1977, с. 93). Belə görünür ki, Ünqkəəbil əslində saxa-yakutların içərisində əriyərək türkləşən yukaqirlərin qəhrəmanıdır. Damarlarında təmiz türk qanı axan saxa-yakutların dastan yaddaşında isə o düşmən kimi həkk olunub. Bu isə o deməkdir ki, saxa-yakutlar bu ərazilərə köç etməmişdən və yukaqirləri assimilə etməmişdən öncə gəlmələrlə yerlilər arasında düşmən münasibətlər olmuşdur. Bu səbəbdən də gəlmələrə qarşı yerlilərin müqavimətinə başçılıq edən Ünqkəəbil bu variantda düşmənlərin cərgəsində yad edilir.

Lakin dastanda diqqəti çəkən daha bir maraqlı məqam da var. Burada Ünqkəəbil əsas düşmən yox, əsas düşmənin qardaşıdır, yəni bir növ ikinci dərəcəli düşməndir. Güman etmək olar ki, dastanın ilkin versiyasında o, bir personaj kimi hec yox imiş. Saklar bu ərazilərə köçdükdən sonra onun adı bu türk xalqının öz əski yurdlarından gətirdikləri dastana sonradan əlavə olunmuşdur. Dastandakı əsas mənfi personaja – Mahan-Mehçəyə gəlincə, onun adının birinci hissəsindəki “Mahan” kəlməsinin mifik Mahan dövlətinin adı ilə üst-üstə düşməsi dastanın köklərinin Ön Asiya və Qafqaza, daha dəqiq düsək, Azərbaycana uzandığını, sakların bu dastanı özləri ilə ata yurdlarından – Azərbaycandan gətirdiklərini ehtimal etməyə ciddi əsas verir. Dastanda Mahan-Xopo adı ilə də yad edilən Mahan-Mahçənin mayat (bayat) boyundan olduğunun qeyd edilməsi də (Гуревич, 1977, с. 98) bu ehtimalı gücləndirir.

İ. S. Qureviçin yazıya köçürdüyü dastanın qısa məzmunu belədir:

Deyilənlərə görə, müharibələr dövründə Olenek çayı sahillərində ov etməklə yeddi ailəni doyuzduran ovçu Ürən-hosun yaşayırmış. O öz döyüş bacarıq və qəhrəmanlığı ilə hər kəsin şöhrətini kölgədə qoymuşdu. Günlərin birində döyüşçülərinin sayı ağ maralın dərisindəki tüklərin sayı qədər çox olan mayat boyu Ürən –hosunun yaşadığı və çoxlu maral sürülərinin otladığı Olenek çayındakı Axıs arı (Səkkiz ada) adlı torpaqları ələ keçirmək fikrinə düşür. Mayatlar gözlənilmədən Ürənin üzərinə hücuma keçdilər, amma o onların çoxunu qırdı, qalanlarını isə qaçmağa məcbur etdi. Lakin bir dəfə Ürən-hosun Olenek çayının yuxarı hissəsində bir müddət ov edib geri qayıdarkən mayatlar onu pusdular. Çox sayda ovla döndüyünü,  fəqət silahsız olduğunu bildilər. Amma bilmədilər ki,  o, öz yay və oxlarını düşərgənin yaxınlığında gizlədib.

Ürənin düşərgəsi çayla dağ silsiləsinin düz ortasında yerləşirdi. Mayatlar (onların sayı iyirmiyə yaxın idi) iki dəstəyə ayrılıb onun düşərgəsini mühasirəyə aldılar, özünü isə ox yağışına tutdular. Belə olan halda Ürən yerindən sıçrayaraq silahına tərəf qaçmağa başladı. Onu pusan mayatlar nə qədər ox atdılarsa, oxları boşa çıxdı, çünki o, ağ doxa geymişdi və bu səbəbdən də cəld hərəkət edə və düşmən oxlarından asanlıqla yayına bilirdi.  O qaçaraq özünü dərəyə atdı, amma dərənin arxa tərəfindəki bataqlığa düşdü. Hərəkət edə bilmədi. Mayatlar ox yağdırmaqda davam edirdilər. Ürən oxları bir-bir göydə tuturdu. Belə olan halda mayatlardan biri oxu bataqlığın içindən atdı və Ürən-hosunu ayağından yaraladı. Çoxlu qan itirən, bu səbəbdən də zəif düşən Ürən özünü məğlub hesab etdi və oxlardan yayınmağa son verdi. Nəticədə mayatlar onu öldürdülər.

Bundan sonra düşmənlərin öldürülmüş Ürənin sümüklərinin iliklərini çıxarması və qoca atasına göndərməsi epizodu gəlir. Dastanın sonrakı hissəsində deyilir:

Düşmənlər Ürənin bütün qonum-qonşusunu, qohum-əqrəbasını məhv etdilər. Yalnız qoca atasını sağ buraxdılar və bildirdilər ki, öz düşərgələrinə gedərkən, yol boyu ağacların qabıqlarında kəsiklər edəcək və iz qoyacaqlar. Əgər kimsə qisas almaq istəsə, onları bu izlərlə tapa bilər. Onların başçısı Mahan-Xopo (və ya Mahan-Mahçə) Ürənin arvadını özü ilə əsir apardı.

Qoca mayatlarla döyüş zamanı böyük qazanın altında gizlətdiyi və bu üzdən də sağ qalan kiçicik nəvəsini, Ürən-hosunun oğlunu böyüdərək tərbiyə etdi. Uşaq doqquz yaşına çatanda elə bir mahir ovçu oldu ki, ox atmaqda babasından da, atasından da daha üstün oldu. Bir dəfə o, ovda ikən ağacların üzərindəki kəsmə işarələr diqqətini çəkdi və babasından onların nə anlama gəldiyini və kimlər tərəfindən qoyulduğunu soruşdu. Babası uzun müddət sualı cavablandırmaqdan yayınaraq, işarələrin mahiyyətindən xəbərsiz olduğunu söyləsə də nəvəsinin təkid və israrı qarşısında geria addım atmalı oldu, məsələni açıb ona danışmaqdan başqa çarəsi qalmadı. Baba nəvəni qisas üçün düşmən düşərgəsinə getməməsi üçün nə qədər dilə tutdusa, xeyri olmadı. Oğlan qisas almaq arzusu ilə alışıb-yanırdı. Nəhayət qoca icazə verdi, amma bir şərtlə icazə verdi ki, oğlanın buna hazır olduğuna əmin olsun. Nəvəsi razılaşdı. Bundan sonra baba nəvəni sınağa çəkdi. Ona yaxın məsafədən ox yağdırmağa başladı, oğlanın oxlardan necə məharətlə yayındığını görüb gəncə xeyir-dua verdi. Ona atasının silahını verib yola saldı. Tapşırdı ki, yolüstü onun dəmirçi dostuna baş çəksin.

Oğlan yola düşdü. Yoüstü dəmirçi ilə görüşdü, o da ona içi oxlarla dolu on kolçan qayırdı. Bu müddət ərzində çoxlu ov edən gənc özü üçün yetərincə azuqə hazırladı. Dəmirçidən mayatların harada yaşadığını öyrənib yoluna davam etdi.

Mayatlar kuntukda (Tundra içində açıq düzənlik) yaşayırdılar. Oğlan onların düşərgəsinə çatanda boş çumlardan (saxa- yakutlara məxsus xüsusi çadırlardan) başqa bir şey görmədi. Həmin vaxt mayatlar birlikdə balıq tutmağa getmişdilər. Fürsətdən istifadə edən gənc onların yaylarının maral damarından düzəldilmiş iplərini açdı.

Çumların birində qoca bir qarıya rast gələn oğlan bu əsir qadından başına gələnləri  danışmasını xahiş edir. Qarının söylədiklərindən belə aydın olur ki, bu onun dopdoğma anasıdır. Oğlan ona gəlişinin səbəbini və niyyətini açıb söyləyir.

Axşam tərəfi mayatlar balıq ovundan geri dönürlər. Onların önündə öndərləri Mahan-Mehçə və qardaşı, qadın hörükləri kimi uzun hörükləri olan                                                                Ünqkəəbil gəlirdi. Mahan-Mehçə gənci gördü və onun Ürənə nə qədər çox oxşadığından heyrət düşdü. Lakin oğlan bildirdi ki, guya o, kasıb bir balıqçının oğludur. Anası, Ürənin arvadı da düşmənləri azdırmaq üçün dedi ki, guya Ürənlə onun heç vaxt övladları olmayıbmış. Buna baxmayaraq, Mahan-Mehçə hər ehtimala qarşı oğlanı öldürmək qərarına gəldi. Bunu başa düşən gənc yerindən cəld sıçrayaraq ox-yayını götürdü, var qüvvəsi ilə çığıraraq gürçəkdən də Ürənin oğlu olduğunu təsdiq etdi  və dərhal da bir ox atıb, ayaqları öz uzun hörüklərinə dolaşan Ünqkəəbili öldürdü. Düşmənlər öz oxlarını götürüb qarşılıq vermək istəyəndə yaylarının iplərinin açıldığını və yararsız hala düşdüyünü gördülər və nə edəcəklərini bilmədilər. Ürənin oğlu isə onları bir-bir dənləməyə başladı. Mayat soyunun yarısını məhv etdi. Digər yarısı isə canlarını qaçıb gizlənməklə qurtara bildilər.

Bundan sonra oğlan anası ilə birlikdə babasının yanına qayıtdı (Гуревич, 1977, с. 95-97).

Birinci variantan fərqli olaraq, daha arxaik olan bu variantda nə rusların, nə də rus-kazakların iyi-tozu belə yoxdur. Bu da təbiidir. Çünki bu dastan rusların Sibiri işğalından çox-çox öncələr yaranmışdır.

Saxa-yakut türklərinin təsəvvürünə görə, usunlar (hosunlar) nəhəng, ucaboy olmuşlar. Ola bilsin ki, “usun” etnoniminin kökündə də elə bu keyfiyyət durur: usun-uzun (uca). Əgər bu belədirsə, o zaman Azərbaycanda qeydə alınmış bir mifoloji mətni də usunlarla əlaqələndirmək olar. Həmin mətnin məzmunu belədir:

Qavaxlar uzuxlar oluflar. Çox hündür iymişlər. Hər biri bir çinar kimi. Ona görə də indinin özündə də bir uca boylu adam görəndə deyirlər ki, uzuxdu. El arasında timsaldı da. Uzuxlar bizim əjdadlarımız oluflar. Özü də çox yaşamışlar, yüz il, iki yüz il, üç yüz il.

Belə eşitmişəm ki, günnərin bir günündə uzuxlardan biri meşəyə odun qırmağa gedifmiş. Orada gözünə qəribə bir şey dəyir. Bapbalaca.  Oyucuna alıf evə gətirir. Bütün uzuxlar da onun başına toflaşırlar.  Başlayırlar bu əcayib şeyə baxmağa.  Birdən onnarın bir ağsaqqalı qavağa gəlif deyir:

-Bu əcajıf şey deyil. İnsandı. Vaxt gələjək, bunnar yer üzünü götürəjəy. Bizi də əvəz edəjəylər.

İnsanı tutuf gətirən Uzux bərkdən gülür. Deyir:

-Bu özü nə şeydi ki, bizi də əvəz edə bilsin. Boyu heş mənim qarışım qədər döyül. Elə oycumu yumsam, əlimdəcə canı çıxar.

Qoca uzux deyir:

-Yox elə döyül. Bunnar bizdən çox-çox ağıllıdırlar. Özü də vaxt gələjəy, bizi əvəz edəjəylər.

İnsanı gətirən uzux deyir:

-İndi ki belə oldu, mən onu imtahan edərəm. Əgər sözümü yerinə yetirsə, inanaram, özü də buraxaram gedər. Yox, əgər yerinə yetirməsə, onda çüj-müşdür. Ovcumu yumaram, əzilib ölər.

Qoja uzux deyir:

-Yaxşı, onu öncə imtahan etmək istəyirsən?

İnsanı gətirən uzux deyir:

-Özüm bilərəm, indi görərsən.

Uzuxun bir atı varmış. Dam boyda. Elə hündürmüyüş ki, adam baxanda papağı düşərmiş. Uzux töyləyə gedir, atı çəkə-çəkə gətirir insanın yanına. Sonra da bir torvaya bir az arpa töküf deyir:

-Ey insan, bax bu torvada arpa var, keçir atın başına qoy yesin.

İnsanın boyu atamı çata bilərdi. Heç ayağının yarısı qədər də deyildi. Amma o torvanı baş tərəfindən başlayıb arpaya çatınca qatdıyır. Sonra da torvadakı arpanı ata göstərib yırğalayır, başlayır muşqurmağa. At səs eşidib aşağı baxır. Arpanı görən kimi başını torbaya salıb arpanı yeməyə girişir. İnsan tez torvanı atın başına keçirir.

Bunu belə görən uzux əlini əlinə vurub bərkdən gülür. Deyir:

-Bir buna bax, bunun boyuna bax, gör torbanı atın boynuna necə keçirdi. Bir qarış boyu ilə torvanı dam boyda atın başına keçirdisə, deməli bizi də əvəz eliyəcəh.

Doğrudan da vaxt keçdi, vədə gəldi, insanlar bütün dünyaya yayıldılar. Uzuxların da yalnız üç-dörd metrlik qəvirləri qalıb (Azərbaycan mifoloji mətnləri, 1988, s. 44-45).

Ola bilsin ki, saklar əski ata yurdlarından indi yaşadıqları əraziyə köçdükdən sonra əski düşmənlərinin – mayatların (bayatların) adını yeni vətənlərindəki yeni düşmənlərinə, yerli fin-uqor xalqlarından samaylara (nenetslərə) və nqasanlara şamil etməyə başlamışlar.

Hər halda, saxa-yakutların sözügedən xalqları belə adlandırdığı danılmaz faktdır.  Bu, mayatlar haqqında saxa – yakutlardan toplanmış bəzi rəvayətlərdən                                                                                                                                                                                                                                                                  açıq-aydın görünməkdədir. Samay qəbilələrindən heç biri özünü belə adlandırmamışdır. Bu rəvayətlərdə mayatlarla samaylar (nenetslər) və nqasanlar arasında bərabərlik işarəsi qoyulur. Onlardan bir neçəsini gözdən keçirək

1942-ci ildə N. Petrov tərəfindən qeydə alınmış rəvayətdə deyilir:

Qədim zamanlarda Olenek çayı sahillərinə Mayat soyu köç etmişdi. Mayatlar Olenek çayını ilk dəfə görəndəheyrət və  məyusluqlarını gizlətməyərək demişdilər: “Ba! Bu çayımı böyük çay adlandırırlar?! Onu ki soyumuzdan olan istənilən uşaq bir göz qırpımında üzüb keçər!” Sonra onların nəzərini buzun altından gözə dəyən mamont sümüyü cəlb etdi və onlar sümüyü əldə etmək üçün buzu yarmağa başladılar. Nəticədə buz parça-tikə oldu və suya düşən mayatlar boğuldular. Beləcə, mayat soyu məhv oldu (Ксенефонтов, 1937, с. 547-548).

1945-ci ildə X. Fyodorov tərəfindən saxa-yakut türkcəsində yazıya köçürülmüş rəvayətdə isə belə deyilir:

Çox-çox qədim zamanlarda, müharibələr dövründə Olenekdə mayat-samaylar məskən saldılar. Bu adamlar ovçuluqla məşğul idilər. Onlar vəhşi maralları kütləvi surətdə qırır, ovlarını isə güçə və meydanlarda üst-üstə qalaqlayırdılar. Bir gün həmin bu samaylar (nenetslər) bir vəhşi maralı tutub, dərisini diri-soydular, can verməkdə olan heyvanla əylənməyə başladılar. Bu hadisədən sonra ətrafdakı bütün marallar birdən-birə yoxa çıxdılar. Belə olan halda onlar qidalanmaq üçün ət ambarlarına üz tutdular. Onda görünməmiş bir şey baş verdi. Onlar  ambarlara yaxınlaşanda ambarlar hərəkətə gəlir və onlardan uzaqlaşaraq, bəlli bir məsafədə dururdular. Sanki, ambarlar da onlardan ehtiyat edirdilər.  Belə olan halda onlardan bəziləri öz ambarlarına ox atmağa başladılar. Amma bu onlara heç nə vermədi. Bu, maralla qəddarcasına rəftar etdiklərinə görə onlara Tanrı tərəfindən göndərilmiş bir bəla idi. Bir vaxtlar çoxsaylı olan samaylar tədricən azaldılar və günlərin birində Olenekdən yoxa çıxdılar (Гуревич, 1977, с. 99).

1944-cü ildə S. Qureviç tərəfindən rus dilində qeydə alınmış digər rəvayətin məzmunu da belədir:

Yesey gölü yaxınlarından Bordax (Torpağı olan) çayı axır, amma onun bütün sahili boyu daşlıq ərazilər uzanır və torpaqdan əsər-əlamət belə yoxdur. Ola bilsin ki, o əslində Dvordaxdır (Həyəti olan). Orada qaradam var. Bir zamanlar o, yerdən bir qədər yuxarı çıxırdı, indisə bütünlüklə torpaq altında qalıb.

Günlərin birində mayatlardan olan bir qoca qarı gölə su dalınca gedibmiş. Bu qarı gölün ortasında mamont sümüyü olduğunu görür və digər mayatları sümüyə baxmaq üçün səsləyir. Mayatlar sümüyü hissə-hisə çıxartmaq üçün onu parçalamağa başlayırlar, fəqət bu zaman ondan qan sızmağa başladığını görürlər. Belə olan halda qocalardan biri sümükdən əl çəkməyi məsləhət görür. O, qarı ilə birlikdə sahilə qayıdırlar. Elə bu an buz çatlayır və mayatların hamısı suda batır. Bunu görən qoca deyir ki, bundan sonra mayatlar əvvəlki kimi çoxsaylı olmayacaqlar… (Гуревич, 1977, с. 99).

Eyni ildə eyni şəxs tərəfindən yazıya köçürülmüş başqa variantda isə mayatlar samay soylarından biri kimi təqdim olunurlar. Həmin variantda belə deyilir:

Mayatlar samaylardır (Nenets və nqasanlardır). Qədim zamanlarda samaylar aclıqla üzləşmişdilər. Bu səbəbdən də samay soylarından mayatlar. Olenek  tərəflərə köç etdilər.  Amma Olenek onların xoşuna gəlmədi. “Nə üçün bu çayı böyük çay adlandırırlar? Bu ki, bulaqdan başqa bir şey deyil!” – deyə onlar rişxənd edirdilər. Bu yerləri bəyənməyən mayatlar geri döndülər. Onların başçıları Moron-hosun əyləncə xatirinə vəhşi maralları tutur, dərilərini diri-diri soyur, sonra isə onların ağrıdan necə o yan-bu yana qaçdıqlarına tamaşa edirdilər.  Bundan qəzəblənən ov tanrıçası Ətəəkən onları aclığa düçar etdi    (Гуревич, 1977, с. 100).

Bu və digər bənzər rəvayətləri tutuşduraraq təhlil edən B. O. Dolqix mayatları nqasanlarla eyniləşdirməyə cəhd etməklə yanaşı, mayatların bəzi rəvayətlərdə “vonyadır” adlı hansısa başqa bir xalqla yanaşı xatırlandığını qeyd etmişdir (Долгих, 1952, с. 24-33). Fikrimizcə, bu halda söhbət sakların əski ata yurdlarında üzləşdikləri başqa bir oğuz boyu bayandırlardan getməlidir.

Tarixi mənbələrdən belə məlum olur ki, e.ə Vll əsrdə Azərbaycan, daha dəqiq desək, Manna dövləti ərazisində saklarla oğuzlar (İç Oğuz) arasında qanlı toqquşmalar baş vermiş, nəticə də birincilərin böyük bir hissəsi ikincilər tərəfindən sıxışdırılaraq ata yurdlarını tərk etməyə məhkum edilmişdilər. Türk etnoqonik rəvayət və əfsanələrinin əsas qəhrəmanlarından biri Alp Ər Tonqa haqqında dastan və ağı da məhz həmin dövrdə ərsəyə gəlmişdir.

QAYNAQÇA

 

Azərbaycan mifoloji mətnləri. Elm, Bakı, 1988. 196 s.

Əliyarov S. “Kitabi Dədəm Qorqud” əlyazmaları üzərində çalışmalar. AFM, lll. “Elm”, B.,1991.

Gökyay O. S. Dedem Korkut kitabı. İstanbul, 1938.

Бернштам А. Н. Некоторые итоги археологических работ в Семиречье. Кр. сообщения ИИМК, вып. 13, 1946.

Велиханов Ч.Ч. Сочинения, тт.,l-lV.

Грум-Гржимайло Г. Е. Западная Монголия и Урянхайский край. Т 1, СПб, 1944

Гурвич И. С.  Космогонические представления и пережитки тотемистического культа у населения Оленского района. – Сов. этнография, 1948 а, № 3, с. 128-134.

Гурвич И. С. Охотничьи обычия и обряды у населения Оленского района. – В кн. Сб. материалов по этнографии якутов, Якутск, Кн. из – ство 1948 б, с. 74-94.

Гурвич И. С. Отмирание религиозных верований народов Сибири. В кн. Вопросы перодоления религиозных пережитков в СССР, М. – Л., 1966.

Гурвич И. С. Культ свяшенных камней в тундровой зоне Евразии. В кн. Проблемы антропологии и исторической этнографии Азии, М., 1968.

Гурвич И. С. Культура современных якутов – оленеводов. К вопросу о поздних этапах развития якутского народа. М., Наука, 1977, 248 с.

Гурвич И. С. От редактора. – В кн. Алексеев Н. А. Ранние формы религии тюркоязычных народов Сибири. Новосибирск, 1980  с. 3-5.

Гурвич И. С., Беленкин И. Ф. С. И. Мицкевич как этнограф. Очерки истории русской этнографии, фольклористики и антропологии им. Н. Н. Миклухо – Маклая АН СССР. Новая серия, т. 107, вып. 8, 1978, с. 100-121.

Гуревич И. С. Георические сказания северных якутов – оленеводов и вопросы этнической принадлежности древнего населения между Енисеем и Леной. В кн. Этническая история и фольклор. М., 1977. 260 с.

Долгих Б. О. Легенды и сказки нганасан. Красноярск, 1958.

Долгих Б. О. Происхождение нганасанов. В кн. Сибирский сборник. М.-Л., 1952

Ксенефонтов В. Г. Ураанхай – сахяляр. Т 1, Иркутск, 1937.

Ксенофонтов Г. В. Легенды и рассказы о шаманах. Приложение к «Очеркам изучения Якутского края»». Вып. 2, Иркутск, 1928, 77 с.

Ксенофонтов Г. В. Хрестес. Шаманизм и христианство. Иркутск, 1929, 143 с.

Ксенофонтов Г. В. Сошествие шамана преисподнюю. Воинствующий атеизм, 1931, № 12, с. 120-145.

Ксенофонтов Г. В. Эллейада. Материалы по мифологии и легендарной истории якутов. М., Наука, 1977, 248 с.

Попов А. А. Материалы по родовому строю долган. СЭ, 1954, № 6.

Сборник материалов по эвенкийскому (тунгусскому) фольклору, Л., 1938.

 

Advertisements
Bu yazı Dilçilik, Mifologiya, Tarix, Ədəbiyyat kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma