AZƏRBAYCANÇILIQ MƏFKURƏSİ VƏ AZƏRBAYCAN TÜRK – İSLAM RENESANSI

Bəxtiyar Tuncay

(Rüşvətxor və korrupsioner iqtidarın dözülməz zülmünə qarşı millətin haqq səsini qaldıraraq xalqın tükənməz gücünü nümayiş etdirən qəhrəman  Quba camaatına ithaf olunur)

Xll əsrdə Azərbaycanın tarixində mühüm rol oynamış sülalələrdən biri də əslən yerli müsəlman qıpçaqlardan olan Şəmsəddin İldəgizin qurduğu İldəgizlər (Eldənizlər, Atabəylər) sülaləsi idi. İldəgizlər siyasət səhnəsinə Səlcuqlu şahzadələrinin atabəyləri (qəyyumları) kimi çıxış edərək daxil olmuşdular. Bu üzdən onlara Atabəylər də deyilir. Səlcuqlu sultanlarının adından bu böyük imperatorluğun mərkəzi əyaləti olan Azərbaycanın faktiki hakimləri rolunda çıxış edən İldəgizlər Qızıl Arslanın dövründə, daha dəqiq desək, 1191 – ci ildə Azərbaycanı müstəqil dövlət və səltənət (“səltənət” ərəbcə imperiya, yəni imperatorluq deməkdir) elan etdilər. Qızıl Arslan sultan titulunu qəbul etdi. “Sultan” ərəb dilində imperator deməkdir və fars dilindəki “şahənşah” və türk dilindəki “xanlar xanı” və “xaqan” kəlmələrinin qarşılığıdır.

Bu fakt artıq Xll əsrdə azərbaycançılıq şüurunun yaranmış olduğuna dəlalət etməkdədir. Hətta mənbələrdən bu məfkurənin yaradıcısının və qızğın təbliğatçısının adı da məlumdur. Bu, Bağdadın “Nizamiyyə” Universitetində Azərbaycan tarixindən mühazirələr oxuyan və bu yolla azərbaycançılıq ideyalarını yaymaqla məşğul olan Musanna oğlu Fəxrəddin Fəzl İsmayıl Təbrizli (1185 – ci ildə vəfat etmiş və Təbrizdə dəfn edilmişdir) idi.

İldəgizlər sülaləsinin banisi İldəgiz Arandan olan xristian bir qıpçaq (alban) ailəsində doğulmuş, uşaqlıqdan qul kimi bir neçə dəfə bazara çıxarılmış, satılaraq əldən – ələ keçmişdi. Nəhayət, tale onu Sultan ll Toğrulun sarayına gətirib çıxardı. Burada o, İslamı qəbul etdi və azadlıq əldə etdi. Müsəlman olduqdan sonra adının qarşısına Şəmsəddin adı əlavə olundu. O, öz fitri istedadı və yüksək əxlaqı sayəsində sultanın və arvadı Möminə xatunun rəğbət və himayəsini qazanaraq, əmir rütbəsinə qədər yüksəldi. Sultan etimad göstərərək 1135 – ci ildə onu oğlu Arslan şahın atabəyi təyin etdi. Toğrulun ölümündən sonra yerinə sultan olan Məsud, Şəmsəddini Möminə Xatunla evləndirdi. Bu izdivacdan  Azərbaycanın gələcək hakimi Məhəmməd Cahan Pəhləvan və sultanı Qızıl Arslan dünyaya gəldilər.

Sultan Məsud Aranı iqta şəklində Şəmsəddin İldəgizə bağışladı və 1136 – cı ildə onu Bərdəyə göndərdi. Bunun əsas səbəbi onun atabəyi olduğu Arslan şahı siyasi proseslərdən uzaqlaşdırmaq idi. Fəqət sultanın hesabı özünü doğrultmadı. Şəmsəddin İldəgiz Azərbaycanın müxtəlif əmirləri ilə gizli əlaqələr quraraq onlarla ittifaq yaratdı. Beləcə, Azərbaycan imperatorluğunun yaradılması istiqamətində güclü zəmin hazırlanmış oldu. O dövrdə Səlcuqlu imperatorluğunun paytaxtı Azərbaycanın qədim Həmədan şəhəri idi və dövlət onsuz da Azərbaycandan idarə edilirdi. Yəni Azərbaycan səltənətin mərkəzi durumunda idi

Həmin dövrdə Səlcuqlu şahzadələri arasında hakimiyyət uğrunda ciddi mübarizə gedirdi. Bundan istifadə edən Şəmsəddin İldəgiz 1160 – cı ildə Həmədana hücum edərək, onu ələ keçirdi və Arslan şahı taxta oturtdu. Fəqət xəlifə Arslan şahı sultan kimi təsdiq etməkdən imtina etdi. 1161 – ci ildə Həmədan yaxınlarnda Səlcuqlu qoşunlarını məğlub etdikdən sonra Şəmsəddin İldəgiz Səlcuqlu dövlətinin faktiki hakiminə çevrildi. Reyi (Tehranı) iqta şəklində oğlu Cahan Pəhləvana verdi, onu hacib, yəni vəzir vəzifəsinə qoydu, digər oğlu Qızıl Arslanı isə ordunun əmiri təyin etdi. Arslan şah onun əlində sadəcə bir marionetka idi. Ziya Bünyadovun haqlı olaraq yazdığı kimi, gerçək hökmdar Şəmsəddin İldəgiz idi. Əmrləri o verir, iqta torpaqlarını o paylayr, dövlət xəzinəsinə o, nəzarət edirdi.

Azəbaycan tarixşünaslğında qəbul edilmiş tezisə görə, 1136 – 1160 – cı illər Azərbaycan – İldəgizlər dövlətinin təşəkkül dövrüdür. Bu dövrü inkubasiya dövrü adlandrmaq daha doğru olar. Çünki 1161 – ci ildə Arslan şahın taxta çıxarılması ilə İldəgiz imperatorluğun de – fakto  hakiminə çevrildi. Ziya Bünyadov haqlı olaraq yazır:

“Atabəy Eldəniz (İldəgiz) əsl hökmdar idi. Əmrləri o verir, iqta torpaqlarını o paylayır, dövlət xəzinəsinə o nəzarət edirdi. Sulan Arslan şah Toğrul oğlunun ancaq adı hökmdar idi.”

Sultan Arslan şah və Şəmsəddin İldəgizin hakimiyyətinin ilk ilində, yayda Yuxarı Aranın (bugünkü Gürcüstan ərazilərinin) xristian qıpçaq xanı lll Georgi (mənbələrdə o, gah gürcülərin, gah da abxazların hökmdarı adlandırılır) 30 minlik qoşun ilə Dəbil şəhərlərinə gəldi, şəhəri qarət edib, 10 mindən artıq kişini qətlə yetirdi. Qadınları əsir alıb, lüt – üryan etdi, əsir kimi özü ilə apardı. Büün bunlar barədə məlumat verən İbn Əsir bu halın gürcü qadınlarının ərlərinə qarşı üsyanına səbəb olduğunu yazmaqdadır.

Georginin bu vəhşiliyinə qarşılıq olaraq, Şəmsəddin İldəgiz 1163 – cü ilin yanvarında 50 minlik bir qoşunla onun nəzarətində olan torpaqlara hücuma keçdi, bir ay çəkən döyüşdən sonra büün xrisian qoşunlarını darmadağın etdi. Georgi canını güclə qurtararaq, dağlara qaçdı. Müsəlmanlar çox sayda əsir və qənimtlə geri döndülər. Fəqət baş verənlər lll Georgiyə dərs olmadı, o, Şəmsəddin İldəgizin başının daxili üsyanları yatırmağa qarışmasından istifadə edərək, 1164 və 1166 – cı illərdə iki dəfə müsəlman ərazilərinə soxuldu, qətllər və talanlar törətdi. Bu yürüşlərdən ən çox Gəncə ziyan gördü.

Hər iki halda xristianların hücumlarını dəf etməyi bacaran Şəmsəddin İldəgiz, nəhayət, 1174 – cü ildə xristianlara qarşı genişmiqyaslı hücuma keçdi. Bu hücumun nəticələri barədə mənbələrin birində belə yazılıb:

“Abxazlar darmadağın edildi, müsəlmanlar elə bir qələbə çaldı ki, beləsini kimsə xatırlaya bilmirdi”.

Növbəti il, yəni 1175 – ci ildə Şəmsəddin İldəgiz, ardınca isə Sultan Arslan şah vəfat etdi. Taxta Arslanşahın 7 yaşlı oğlu lll Sultan Toğrul keçdi. İldəgizin böyük oğlu Məhəmməd Cahan Pəhləvan sultanın atabəyi təyin olundu və o, atasının yerinə, faktiki olaraq, imperatorluğun gerçək hakiminə çevrildi.

Səlcuqlar İmperatorluğu, əslində, artıq bir neçə yerə parçalanmış və onun yerində bir neçə dövlət yaranmışdı: Azərbaycan sultanlığı, Anadolu (Konya) sultanlığı, Misir-Suriya sultanlığı və Xarəzmşahlar sultanlığı. Bütün vu dövlələr de – fakto müsəqil olsalar da, de – yure hələ də vahid imperatorluğun tərkib hissəsi sayılırdılar. Azərbaycan sultanlığı onların ən qüdrətlisi idi.

Cahan Pəhləvanın dövründə üsyançı xristianlar bütünlüklə ram edildi, Xorəzmşahlar, İraq və Konya sultanları onunla hesablaşmağa məcbur oldular. Ölkədə sülh və sabitlik hökm sürməyə başladı. Yalnız Misir – Suriya sultanı Səlahəddin Yusiflə bəzi problemlər yaşanmaqda idi. 80 – ci ilin ortalarında münasibətlər daha da kəskinləşdi və vəziyyət müharibə həddinə gəlib çatdı. Cahan Pəhləvan 1185 – ci ildə Azərbaycan qoşununu qardaşı Qızıl Arslanın başçılığı ilə Mosula göndərdi, özü isə Axlata (Əhlətə) gəldi. Münaqişəni dinc yolla həll etmək mümkün oldu.

1186 – cı ildə Cahan Pəhləvan öldü, bununla da ölkədə saray çəkişmələri qızışdı. Daxili mübarizədən qalib çıxan Atabəy Qızıl Arslan hakimiyyətə sahib oldu. Cahan Pəhləvanın dul arvadı İnanc Xatun, lll Toğrul və bir çox əmirlər birləşərək Qızıl Arslana qarşı çıxdılar. Cahan şahın oğlanları da öz anasına qoşulmuşdular. Üsyançılara Xorəzmşah Təkiş də dəstək verirdi.

1188 – ci ildə Həmədan yaxnlarında üsyançılarla Qızıl Arslan üz – üzə gəldilər və bu döyüşdə Qızıl Arslan məğlub oldu. 1190 – cı ildə baş verən həlledici döyüş isə Qızıl Arslanın qələbəsi ilə bitdi və bu döyüşdə Sultan lll Toğrul və oğlu Məlikşah əsir düşdülər. Qızıl Arslan Toğrulu qandallayaraq Naxçıvan zindanına saldırdı. 1191 – ci ildə Qızıl Arslan özünü sultan, Azərbaycanı isə səltənət elan etdi. Beləcə, bu vaxta qədər de – fakto onsuz da müstəqil imperatorluq olan Azərbaycan həmin ildən bunu de – yure rəsmiləşdirmiş oldu. Fəqət elə həmin il Sultan Qızıl Arslan İnanc Xatunun təşkil etdiyi sui – qəsd nəticəsində öldürüldü.

İldəgizlər əslən qıpçaq olsalar da, oğuz əsilli sultanlarla qohum idilər, İslamı qəbul etmişdilər və yerli oğuzlar tərəfindən dəstəklənirdilər. Bunlar yivalar, beqdelilər, əfşarlar, qınıqlar, dügərlər və salurlar, əsasən də yivalar idilər. Odur ki, Azərbaycan səltənətinin qurucusu təkcə qıpçaqlar deyil, həm də oğuzlar idilər. Onların qurduqları səltənətə, yəni Azərbaycan səltənətinə Azərbaycanın Şirvanşahların əlində olan Kürdən şimaldakı torpaqları (Dərbəndə qədər) dışında bütün torpaqları, o cümlədən Qərbi Azərbaycan (bugünkü qondarma Ermənistan) və Borçalı, Tiflis, Cənubi Dağıstan, indiki İraqın şimalı, o cümlədən Mosul, Kərkük, Süleymaniyyə və Ərbil, Əcəm İraqı, Cənub – Şərqi Anadolu (əski Urartu ərazisi), Xuzistan, Fars, indiki İran Kürdüstanı,  Kirman, Gilan, Mazandaran, Cənubi Türkmənistan, Sistan və Bəlucistan daxil idi. Şirvanşahlar dövləti isə bu imperatorluğun vassalı idi. Bir sözlə, imperatorluğun ərazisi təqribən əski Mahan (Manna) və Midiya (Maday) imperatorluqlarının əhatə etdiyi  əraziləri əhatə etməkdə idi. Mənbələrdə “Azərbaycan səltənəti” (Azərbaycan imperatorluğu) ifadəsi ilk dəfə məhz İldəgizlərin dövründə işlənmişdir. Onun banisi isə yuxarıda qeyd edildiyi kimi, Qızıl Arslan idi. Fəqət bu imperatorluq çox kövrək idi.

Bu hadisənin daha bir tarixi önəmi onda idi ki, tarix boyu bir – biri ilə yola getməyən, daim çəkişən və döyüşən, ayrı – ayrı məzhəblərə qulluq edən yerli qıpçaq və oğuz türkləri ilk dəfə birlik nümüyiş etdirməyi və birlikdə Azərbaycanı böyük bir səltənətə çevirməyi bacarmışdılar. Azərbaycan xalqının əsas özəyini də çox – çox öncələr məhz bu iki türk soyu təşkil etmişlər. Nizami Cəfərov, haqlı olaraq, “Kitabi – Dədə Qorqud”dan başlayaraq Füzuliyə qədər Azərbaycan yazılı abidələrində qıpçaq sözləri ilə oğuz sözlərinin paralel işlənməsini (qıpçaq və oğuz: payız – güz, yaxşı – iyi, getmək – varmaq, aytmaq – demək, ata – baba, çöl – yazı, çağırmaq – oxumaq, etmək – qılmaq, vermək – sunmaq, doymaq – qanmaq, bayr – dışarı, çatdırmaq – ilətmək, isti – sıcaq,  qabaq – qarşı) ikinci minilliyin ortalarında Azərbaycan etnik mədəni sistemində qıpçaq etnosunun ehtiva olunması ilə bağlayr.

Qızıl Arslanın qətlindən sonra Cahan Pəhləvanın arvadları və oğulları arasında hakimiyyət uğrunda yenidən mübarizə başladı. Vəziyyətdən istifadə edən İraq, Mosul, Rey, İsfahan, Yuxarı Aran (bugünkü Gürcüstan) və Şirvan əmirləri özlərini müstəqil elan etdilər. Hakimiyyəti ələ keçirən Sultan Əbu Bəkrin əlində sadəcə Azərbaycan torpaqları qaldı. Şirvan və Yuxarı Aran isə, yuxarıda qeyd edildiyi kimi, yenidən müstəqilliklərini elan etmişdilər. Həmədan və ətraf bölgələr İnanc Xatunun oğlanları Qutluq İnanc və Əmir Əmiran Ömərin, Rey (Tehran) isə İnanc Xatunun öz əlində idi.

Qüteybə Xatun öldürülmüş Qızıl Arslanın barmağından sultahlıq tuğrasını (möhürünü) çıxararaq, oğlu Əbu Bəkrin barmağna taxmışdı. Əmirlərin əksəriyyəi onun hakimiyyətini tanımışdılar. 1192 – ci ildə Sultan Əbu Bəkr üsyankar qardaşları Qutluq İnanc və Əmir Əmiran Ömərin  qoşunlarını Təbriz yaxınlarında darmadağın etdi. Döyüşdə məğlub olan Qutluq İnanc Xorəzmşah Sultan Təkişə sığındı. Əmir Əmiran isə Şirvana pənah aparıb, şirvanşah Axistanın yanında sığınacaq tapdı. Həmin il həbsdən azad edilən Sultan lll Toğrul Təbrizə hücuma keçdi. Lakin bir şey əldə edə bilmədi, amma o, Qutluq İnanca sadiq qüvvələrin üzərində qələbə çalaraq, Həmədanı ələ keçirməyi bacardı və yenidən sultanlıq taxtına oturdu.

1194 – cü ildə Təkişdən yardım alan Qutluq İnanc Sulan Toğrul üzərində qələbə çaldı və onu öldürdü. Nəticədə Həmdan Xorəzmşah Təkişin əlinə keçdi. Təkiş Səlcuqlular imperatorluğunu öz hakimiyyəti altında bərpa etmək arzusunda idi. Fəqət ölümü (1200 – cü il) ona bu planını gerçəkləşdirməyə imkan vermədi. Bundan sonra Həmədanı yenidən Azərbaycan sınırları daxilinə qaytaran Əbu Bəkr qardaşı Özbəyi Həmədan əmiri təyin etdi.

Atabəy Əbu Bəkr ölənə qədər, yəni 1210 – cu ilə qədər hakimiyyətdə qaldı. Həmin ildən sonra isə hakimiyyət qardaşı Özbəyə keçdi. Onun hakimiyyəti dövründə (1210 – 1225) Azərbaycan Xorəzmşahların vassalına çevrildi və faktiki olaraq, müstəqilliyini itirdi. Ən dəhşətlisi isə o idi ki, Əbu Bəkr xristian qıpçaq – gürcülərin ölkəni qarət etməsinin qarşısını almaqda aciz idi. Bu yürüşləri Yuxarı Aranı müstəqil dövlət kimi idarə edən və Tiflisdə oturan qıpçaq qızı Tamara təşkil edirdi.

Həmin dövr barədə Ziya Bünyadov yazır:

“Zəif iradəli Əbu Bəkr sələflərinin ənənələrini yaşada bilmədi. 20 illik hakimiyyəti dövründə təmsil etdiyi sülalənin nüfuzunu zəiflətdi, dövlətin süqutunun qarşısın ala bilmədi. Mənbələrdə deyildiyi kimi, onu dövlət işlərindən daha çox şəxsi istirahəti maraqlandırırdı. Onun vaxında xəzinəyə gələn ümumi gəlir xeyli azalmış və dövlətin iqtisadiyyatı sarsılmışdı. Əbu Bəkrin ölümündən sonra hakimiyyətə qardaşı Atabəy Özbək keçdi. Onun hakimiyyəti dövründə (1210 – 1225) Azərbaycan Atabəylər dövləti daha da zəiflədi. Atabəy Özbək hakimiyyətinin ilk vaxtlarında gürcü çarı Tamara və Xarəzmşah Məhəmmədin hücumlarına məruz qaldı. Hətta iş elə gətirdi ki, o, Xarəzmşahın asılılığını qəbul etməyə məcbur oldu.”

Xlll əsrin əvvəllərində Səlcuqluların və İldəgizlərin yerində müsəlman olmayan, türklərin qədim dininə – tenqriçiliyə sitayiş edən tatar türklərinin hakimiyyəti bərqərar oldu. Elmi ədəbiyyatda səhvən monqollar və ya monqol – tatarlar kimi təqdim edilən bu xalq Orxon-Yenisey abidələrindən də göründüyü kimi, təmiz türk idilər və Mahmud Kaşğarlının yazdığına görə türklərin 20 əsas boyundan biri idilər. İraqı ələ keçirər-keçirməz, xəlifəni qətl edən və nəslini kəsməyə girişən tatarlar bir müddət sonra İslamı qəbul etsələr də, ilk dövrlərdə bu dinə və müsəlmanlara münasibətləri çox da yaxşı deyildi. Xəlifələrin mənsub olduqları Abbasi sülaləsindən canını qurtarmağı bacaranlar Misirə qaçaraq, oranın müsəlman türk hakimi Bəybarsa sığındılar. Bundan sonra Xilafətin mərkəzi rolunda Qahirə çıxış etməyə başladı. Xəlifələr isə Misirin türk-Məmlük sultanlarının oyuncaqlarına çevrildilər.

Tatarların əlində olan ərazilərdə isə onların hökmü keçərsiz idi. Böyük Tatar (Türküstan, başqa sözlə, Turan) imperatorluğu konfederativ xarakter daşıyırdı və ilk dövrdə üç əsas subyektdən təşkil olunmuşdu. Bu subyektlərdən birinin başında Hülakülər dururdular. Sülalə adını Çingiz xanın nəvəsi Hülakü xanın adından almaqda idi və o, sözügedən sülalənin və eyniadl hökumətin də qurucusu kimi tarixə daxil olmuşdur. Həmin dövrdən yenidən Türküstanın (Turanın) bir parçasına çevrilən, onun konfederativ subyektlərindən biri durumuna gələn və imperiya statusunu itirən Azərbaycan Hülakülərin İslamı qəbul etməsindən sonra yenidən müstəqil dövlət və səltənət kimi fəaliyyət göstərməyə başladı (Bu baxımdan gerçək Azərbaycan səltənətinin qurucuları Elxanlılar hesab edilə bilər). Eyni hal Turanın digər bir subyektində – qıpçaqlar ölkəsi kimi tanınan Altun Ordada da baş verdi. Oranın da tatar hakimləri islamı qəbul etdilər.

Mərkəzi subyektin və bütün Turanın hakimi sayılan xaqanların buddizmi qəbul etməsi ilə Hülakülər və Altun Orda xanları mərkəzi hakimiyyətdən üz döndərdilər və müstəqil siyasət yeritməyə başladılar. Altun Orda dövləti bütün bugünkü Rusiyanı və Opta Asiyanı, eləcə də Ukraynanın cənubunu və Balkanların bir hissəsini əhatə edirdi. Hülakü dövləti isə Güney Qafqaz, Şərqi Anadolu, bütün indiki İran, İraq, Suriya və Əfqanıstanı əhatə edirdi.

Hülakülər dövrü Azərbaycanda, sözün əsl mənasında, Azərbaycan Türk-İslam mədəniyyətinin renesans dövrü olmuşdur, bunun üçün zəmin isə İldəgizlər dövründə yaranmışdı. İldəgizlərin əsasını qoyduqları Azərbaycan Səltənətinin (İmperatorluğunun) özü isə şübhəsiz ki, Səlcuqlular dövrü renesansının şah əsəri idi.

Ölkəmizdə qəbul olunmuş ənənəyə görə, Xll əsr Azərbaycan renesansı hesab edilir. Lakin bu, qismən doğru hesab edilə biləcək bir mülahizədir. Çünki Xll əsrdə Səlcuqlu türklərinin tarix səhnəsinə çıxması və ardınca da Azərbaycan səltənətinin yaranması ilə gerçəkdən də Səlcuqlu imperatorluğuna daxil olan bütün ərazilərdə, o cümlədən bu imperiyanın mərkəzinə çevrilən Azərbaycanda güclü mədəni inkişaf müşahidə edilmiş, Gəncəli Nizami, Şirvanlı Xaqani, Beyləqanlı Mücirəddin, Gəncəli Məshəti kimi böyük ədiblər yetişmişdir. Lakin Səlcuqlular türk olsalar da daha çox fars dili və ədəbiyyatınn heyranı idilər və daha çox fars kültürünün inkişafına təkan vermişlər. Elə bu üzdən də yuxarıda adı çəkilən şairlərimiz farsca yazıb yaratmış, Azərbaycan-türk şairi olsalar da, fars dili və ədəbiyyatının inkişafına Azərbaycan ədəbiyyatından heç də az xidmət etməmişlər. İmperiyanın dövlət dili də fars dili idi. Saraylarda türkcə danışılsa da, rəsmi sənədlər farsca yazılırdı.

Səlcuqlular dövründə ölkəmizdə gerçəkdən də renesans olmuşdur, fəqət bu, daha çox ümümislam renesansı idi. Bu renesans əslində Vlll əsrdə Abbasilərin hakimiyyətinin  başlaması ilə başlamış, Səlcuqluların tarix səhnəsinə çıxışı ilə yeni nəfəs qazanmışdı. Azərbaycan xalqının ümumislam renesansına qoşulması və fəal iştirakı Vlll – lX əsrlərdə baş verib. Bu, Əbül Yəzqana (806 – cı ildə ölüb) istinad edən İbn Küteybə əd – Dinavərinin “Əş – şir vəş – şüarə” (Şeir və şairlər) adlı əsərində yazdıqlarından da görünməkdədir:

“Mədinədə məvalilər içərisində əslən Azərbaycandan olmayan şairə rast gəlmək mümkün deyildir. İsmayıl Yassar oğlu, onun qardaşı Musa Şəhavat və Əbülabbas.”

Burada adı çəkilən Musa Şəhavatın dövrümüzədək çatan ərəbdilli şerlərindən onun ərəbləri sevmədiyi, onları “kərtənkələ yeyən” adlandırdığı və özünün mənsub olduğu xalqın şərəfli tarixindən qürur hissi  duyduğu görünməkdədir. Bu şairin doğum və ölüm tarixləri məlum olmasa da onun Əbdülməlik Mərvanın (685 – 705) taxta çıxmasından sonra onunla görüşdüyü, eləcə də, xəlifə Vəlid ibn Yəzidin (743 – 744) sarayında yaşayıb – yaratdığı məlumdur.

Mənbələrdə İslam dünyasının müxtəlif elm və təhsil mərkəzlərində çalışan və dərs deyən çox sayda azərbaycanlı alimin adına rast gəlmək mümkündür. Bunlardan İsa ər – Raki Tiflisli (X əsr) dövrünün məşhur tibb alimi və həkimi kimi məşhur idi. Onun qələminə məxsus “Tibbi” əsəri tibb elminin inkişafında xüsusi rol oynamış və uzun müddət universitetlərdə tədris edilmişdir.

Azərbaycandan olan alimlər daha çox fiqh (İslam hüququ) sahəsində fəal idilər. Dövrümüzədək Əbülhəsən Bərdəli (lX əsr), Əhməd Bərdəli (914 – cü ilə vəfat edib), Əbdülmalik Hunaclı (935 – ci iləd ölüb), Məkki Bərdəli (965 – ci ildə ölüb), Cavar Marağalı (889 – 967), Əbu Mühəmməd Ərdəbilli (953 və ya 964 – cü ildə ölüb), Musa Salmaslı (990 – cı ildə ölüb), Əbülhəsən Ərdəbilli (X əsr), Əhməd Süleyman oğlu Təbrizli (X əsr), Əbu Turab Marağalı (1025 və ya 1026 –cı ildə ölüb), Əbubəkr Şirvanlı, Hüseyn Bərdəli (1029 – cu ildə ölüb), Əbubəkr Marağalı (X əsr), Cavar Ərdəbilli (X əsr), Əminəddin Təbrizli və bir çox başqa hüquqşünas alimlərin adı gəlib çatmışdır.

Bu alimlərdən Əbdülhəsən Bərdəli, Əbu Turab Marağalı və Əbubəkr Şirvanlı Bağdadda, Əbu Mühəmməd Ərdəbilli isə İsfahanda İslam hüququndan dərs demişlər. Əbülhəsən Ərdəbilli və Əhməd Süleyman oğlu Təbrizlinin Bağdadda yaşayıb yaratdıqları məlum olsa da, əsərləri dövrümüzədək ulaşmamışdır. Bununla belə, əsərləri haqqında bu və ya digər səviyydə məlumata sahib olduğumuz alimlrimiz də az olmamışdır. Bu baxımdan Əbülhəsən Bərdəlinin fiqh elminə həsr edilmiş “Xülasə” adlı kitabının, Əminəddin Təbrizlinin “Sima əl – fərənd” (İnci muncuğu) adlı üçcildliyi və yenə onun “Səbt əl –məsail” (Məsələlər toplusu) adl ikicildliyi, eləcə də dövrün ən böyük dilçi alimlərindən biri kimi şöhrət qazanmış Əbubəkr Bərdəlinin “Kitab müxtəsər fin – nixv” (Qıasa sintaksis kitabı) kimi əsərlərin adın çəkmək mümkündür.

O dövrdə ərəbcə yazıb yaratmış azərbaycanlı filosoflardan “Kuhi” (Dağlı) ləqəbi ilə də məşhur olan tanınmış filosof Mühəmmədəli Bakılının və onun şerlər “Divanı”nın, “Həllac Mənsurun əvvəli və axırı” , “Dinindən dönənlər haqqında məlumat” və “Sufilər haqqında məlumat” traktatlarının adlarını da xüsusi çəkmək lazımdır. Eyni zamanda, İbn ən – Nədimin (995 – ci ildə ölüb) “Əl – fəhrist” kitabında Əli oğlu Əbubəkr Mühəmməd  Marağalı kimi böyük Azərbaycan alimi və yazıçısınınn adına rast gəlirik.

“Dümət əl – qəsr və üsrət əhl  əl – əsr” (Dövrün seçkin şəxsiyytləri haqqında qısa məlumat) əsərinin müəllifi Əli əl – Bəhərzini ( 1074 – cü ildə ölüb) əsərinin bütöv bir fəslini Azərbaycan şairlərinə həsr etmiş və 70 azərbaycanlı şair haqqında məlumat vermişdir. Həmin dövrün böyük alimlərindən söz açarkən, Əbu Əli ibn Sinanın tələbəsi olmuş , əslən Şamaxıdan olan dahi filosof Əbdülhəsən Bəhmənyar Azərbaycanlıdan (1066 – cı ildə ölüb) da xüsusi danışmaq lazımdır. Onun “Məudu elm ma bəd ət təbiyə” (Metafizika elmi haqqında kitab) və “Məratib əl – mövcudat” (Var olanların dərəcələri) adlı fəlsəfi əsərləri  İslam və dünya fəlsəfəsinin inkişafında ölçüyəgəlməz rol oynamış  və ilk dəfə 1329 – cu ildə Qahirədə çap olunmuşdur. Bunlardan başqa, onun “Kitab ət – təhsil” (Təhsil kitabı), “Kitab əz – zinətül – məntiq” (Məntiqin bəzək kitabı), “Kitab əl – bəhcə bəs – səadə” (Səadət və gözllik kitabı) və “Kitab fil – musiqə” (Musiqi haqqında kitab) adlı əsərləri də çox məşhur idi. Onun “Kitab ət – təhsil”inin əlyazma nüsxələri bugünədək Beyrut, Qahirə, Tehran, London və s. şəhərlrin əlyazmalar və qədim kitab fondlarında qorunur.

Vlll əsrdən başlayan və lX – X əsrlərdə öz yüksəliş dövrünə daxil olan bu ənənə Xl – Xll əsrlərdə də davam etmişdir. Əgər bu dövrə qədər Azərbaycan ədib və alimləri əsasən ərəb dilində yazıb yaradırdılarsa, Səlcuqlular dövründən etibarən fars dilində də yazıb yaratmaq ənənəsi ortaya çıxır.  Ədəbiyyatda fars dili ərəb dilini tədricən sıxışdırıb çıxarır, fəqət ərəb dili elm dili kimi uzun müddət öz mövqelərini qoruyub saxlaya bilmişdir. Bununla belə, fars dilində də elmi əsərlər, xüsusən də tarixi əsərlər və lüğətlər yazılır. Artıq qeyd etdiyimz ki, Qətran Təbrizli, Əfzələddin Xaqani, Nizami Gəncəli və s. fars dilində yazıb yaratmışlar.

Həmin dövrün ən böyük alimlərindən biri Fazil Fəridəddin Şirvanlı idi. Dövrünün ən böyük astronomu kimi şöhrət tapan bu şəxs dünyada ilk ulduz cədvəllərindən birini tərtib etmişdir. Eyni dövrdə yaşamış başqa bir böyük azərbaycanlı astronomun da adı məlumdur. Bu, şirvanşah lll Manüçöhrün dövründə yaşayan, həm də şair kimi tannan Mühəmməd Fələki Şirvanlı idi. Onun ən məşhur əsəri “Əhkam – i nücum” (Ulduzların hökmü) adlı əsər idi. Bu əsərdə o, ulduzlaraın hərəkətlərinə və yerdəki proseslərə təsirinə toxunaraq 39 il sonra Şamaxıda baş verəcək zəlzələ barədə öncədən məlumat vermişdi. Onun bu öngörümü özünü bütünlüklə doğrultmuşdur.

Azərbaycan alimləri tibb sahəsində də yüksək nailiyyətlərə nail olmuşdular. Azərbaycanda tibb elminin yüksək səviyyəsini hələ X əsrdə İbn Hövqəl xüsusi qeyd etmişdi. Mənbələrdən Xll əsrdə yaşamış və dövrünün böyük tibb alimi və həkimi kimi ad çıxarmış Əhməd oğlu Mühəzzabəddin Əli Təbrizli haqqında məlumat əldə etmək mümkündür. Həmdövrləri onu “Azərbaycanın İbn Sinası” adlandırırdılar. O, “Əl – muxtar” və “Kitab tibbül – camali” adlı tibbi traktatların müəllifi idi. Həmin dövrdə Naxçıvanda da Fəxrəddin Əbu Abdulla Əkmələddin Naxçıvanlı kimi tannmış həkimlər fəaliyyət göstərmişlər. Müasirləri sonuncunu müdriklərin əmiri və bütün həkimlərin başı” adlandırırdılar. Məşhur şairimiz Xaqani Şirvanlınn əmisi Osman oğlu Mirzə Kafiəddin Ömər də həmin dövrün məşhur tibb alimlərindən və həkimlərindən idi.

Əldə olan məlumatlara görə, Xll əsrdə Şamaxıda əczaçılıq (farmokologiya) elmi də çox yüksək səviyyədə inkişaf etmişdi. Həmin dövrdə Şamaxıda Dar əl – ədəb (Ədəbi və elmi yaradıcılıq Akademiyası) də fəaliyyət göstərməkdə idi. Bu Akademiyada Əbubəkr Mühəmməd kimi hüquqşünas, Kafiəddin Osman kimi təbib və filosof, Fazil Fəridəddin, Fələki Şirvanlı kimi astronom alimlər, Xaqani Şirvanlı, İzəddin Şirvanlı, Zülfüqar Şirvanlı kimi məşhur şairlər çalışıb yaradırdılar.

Həmin dövrün hüquqşünas və filosof alimlərindən Əbu Səid Urmiyalı, Eynəlqüzat Miyanəci, Əbu Naci Sührəverdi, Şihabəddin Ömər Sührəverdi, Şihabəddin Yəhya Sührəvrdi, Əminəddin Təbrizli və digərlərinin adlarını da çəkməliyik. Bu şəxslərin fiqh və fəlsəfə elminin, xüsusən də sufi fəlsəfəsinin inkişafında misilsiz rolu olmuşdur. Şübhəsiz ki, Xl əsrdə ərəb dilində yazıb yaradan filosof və alimlər içərisində ən yüksəkdə duran Xətib Təbrizli (Əli oğlu Əbu Zəkəriyya Yəhya Təbrizli. 1030 – 1109) idi. 38 yaşı olanda Bağdadda Səlcuqlu vəziri Nizam əl – Mülk tərəfindən yenicə açılan “Nizamiyyə” Universitetinin professoru və kafedra müdürü təyin edilən bu böyük şəxsiyyəti müasirləri olmuş ərəb alimləri, elcə də Yaqut əl – Həməvi “ensiklopedik biliklərə sahib baş”, “bütün müsəlman alimlərinin şeyxi”, “ədəbiyyatşünaslıq, qrammatika, mədəniyyətşünaslıq və əxlaq elmləri üzrə ən böyük mütəxəssis” kimi vəsf etmişlər. Onun dilçilik, qrammatika, məntiq və s. sahələrə həsr etdiyi kitablarının bir qismi hazırda dünyanın bir sıra kitab fondlarında qorunmaqdadır.

Yeri gəlmişkən qeyd edək ki, Nizamiyyə Universitetinin müəllimləri içərisində azərbaycanlı alimlər həmişə əksəriyyətdə olmuşlar. Dövrümüzədək onlardan bir neçəsinin adı ulaşmışdr. Onlardan biri “azərbaycançılıq məfkurəsinin atası” hesab etdiyimiz Musanna oğlu Fəxrəddin Fəzl İsmayıl Təbrizli idi. Sözügedən ali məktəbdə Azərbaycan tarixindən mühazirəlr oxuyaraq azərbaycançılığı təbliğ edən bu şəxsiyyət haqqında İbn əl – Füvatinin görkəmli şəxsiyyətlərin həyatından bəhs edən kitabında qısa məlumat verilmişdir.

Nizamiyyə Universitetində dərs demiş azərbaycanlı alimlərdən Əminəddin Müzəffər Təbrizli (1165 – 1225), Tacəddin Əbülfəzail Mühəmməd (1225 – ci ildə ölüb), Əbuqövs Ömər və sairənin adlarını çəkmək olar. Bu alimlərin hamısı ərəb dilində yazıb yaratmışlar. Onların bir çoxunun əsərləri dövrümüzədək ulaşmşdır.

Fars dilində yazıb yaratmış alimlərdən danışmaq lazım gələrsə, ilk növbədə Xl əsrin dahi elm adamı Qətran Təbrizlinin adını çəkmək lazım olacaq. Dövrünün böyük şairi, filosofu və dilçi alimi kimi şöhrət tapmış bu böyük şəxsiyyət 1012 – ci ildə Təbriz yaxınlığındakı Şadiabad kəndində anadan olmuşdur. 76 il yaşamış və 1088 – ci ildə vəfat etmşdir. Ömrünün bir hissəsi Təbrizdə, digər hissəsi Gəncədə keçmiş Qətran Təbrizlinin ən mühüm əsəri “Fars dilinin izahlı lüğəti”dir.

Əlbəttə, bütün bu deyilənlərdən heç də o nəticə çıxarılmamaldır ki, guya Səlcuqlular və İldəgizlər dövründə türk dilində, ümumiyyətlə, heç bir əsər yaranmamışdır. Bu, əsla belə deyildir. Bu gün əlimizdə Xl – Xlll əsrlərdə yazıldığı heç bir şübhə oyatmayan bir necə ədəbi əsər bulunmaqdadır. Bunlar Mövlanə Cəlaləddin Rumlunun  və Sultan Vələdin oğuz türkcəsində qələmə aldıqları şerlər, Fəqihin “Çarxnamə”si, Şəyyad Həmzənin “Yusif və Züleyxa”sı, Əlinin “Qisseyi –  Yusif”idir.

Türkologiya elmində qəbul olunmuş və möhkəmlənmiş fikrə görə, onlar ümumoğuz – Səlcuqlu ədəbiyyatının nümunələridir. Bu əsərlərin dili onlardan əvvəl Azərbaycanda ərsəyə gəlmiş Alp Ər Tonqaya ağının, “Kitabi – Dədə Qorqudun”, eləcə də sonrakı dövrün məhsulu olan “Dastani  Əhməd Həraminin”, eləcə də İzəddin Həsənoğlunun dilindən, ortadakı cüzi şivə fərqləri nəzərə alınmazsa, demək olar ki, heç nə ilə fərqlənmir.

Çox təəssüflər olsun ki, ölkəmizdə İbn Mühənnanın “Tərcümani  farsi, türki və moğoli” əsəri geniş tədqiqata cəlb edilmədiyindən və oğuz türkcəsinin Azərbaycan şivəsi ilə türkmən şivəsi arasındakı fərq (Xll – Xlll əsrdəki şivə fərləri nəzərdə tutulur) tam araşdırılmadığından, həmin şivələr yuxarıda adı çəkilən əsərlərin dili ilə tutuşdurulmadığından bu əsərlərin nəyin nəsi olduğu barədə dəqiq fikir söyləmək mümkün deyildir. Məsələyə bugünkü şivələr (Azərbaycan, Anadolu və türkmən) baxımından yanaşsaq, həmin ədəbi abidələrin dilini Azərbaycan ədəbiyyatının nümunsi hesab etmək lazım olacaq. Hərçənd ki, Mövlanə Cəlaləddin Rumlu əslən Orta Asiyadan idi, oğlu Sultan Vələd isə Anadoluda dünyaya gəlmişdi. Ümumiyytlə, elmdə belə bir fikir hakimdir ki, o dövrdə oğuz şivələri bir – birindən indiki qədər çox fərqlənmirdi və bu fərqlər o qədər cüzi idi ki, həmin dövrdə vahid oğuz türkcəsindən danışmaq və həmin abidələri ümumoğuz abidələri hesab etmək daha doğrudur. Bununla belə, Azərbaycan ədəbiyyatşünaslığında Əlinin “Qisseyi – Yusif”inin ümumoğuz abidəsi olmaqla yanaşı, sırf Azərbaycan ədəbiyyatının olayı olduğu barədə fikir var. İlk dəfə Həmid Araslı müxtəlif əlyazma nüsxələri Bakı, Kazan, Berlin, Drezden və Sankt – Peterburqda qorunan bu əsərin Azərbaycan türkcəsində yazılmış “ən qədim mənzum əsər” adlandırmışdır:

“Azərbaycanlı Əlinin yazdığı “Qisseyi – Yusif” uzun müddət tatar mədrəsələrində, məktəblərində dərslik olaraq oxunduğundan, tatar ədəbiyyatınn inkişafına qüvvətli təsir göstərmişdir. Lakin hər şeydən əvvəl, Azərbaycan ədəbiyyatının məhsulu olduğu üçün Azərbaycan ədəbiyyatının və ədəbi dil tarixinin öyrənilməsi işində böyük tarixi, elmi əhəmiyyətə malikdir.”

Mövzu ilə bağlı Elməddin Əlibəyzadə yazır:

“Söz yox ki, ”Qisseyi – Yusif” ümumtürk kitabəsidir. Amma fakt faktdır; hər hansı bədii əsərin və onun müəllifinin milli mənsubiyyətinin müəyyənləşdirilməsi işində dil faktını heç nə əvəz edə bilməz. “Qisseyi – Yusif”in dili Azərbaycan – türk dilidir; oradakı arxaik söz və ifadə şəkillərini nəzərə almaqla, bu dil Xll – Xlll əsrlr və ondan qabaqkı Azərbaycan dili ilə də, müasir Azərbaycan dili ilə də səsləşir… Hələ 1940 – cı illərdə H. Araslı həmin kitabənin Azərbaycan dilində yazılmış ən qədim mənzum əsər olduğu fikrini söyləmişdi. Məlum nüsxələrin dilinə əsasən türk (türkiyəli) alimləri Saadet və Ş. Cağatay yazırlar: ”Əsərdə bir çox sözlər, Azərbaycan dilində olduğu kimi ön səsdə əski t yerinə d yazılıbdır, bol yardımçı feli ol şəklində qarışıqdır, bar yerinə var feli işlənir h.b.” Məşhur türkoloq Ə. N. Nəcib belə nəticələrə gəlmişdir: 1) “Bu kitabə əsas əhalisi Oğuz qəbilələri olan və onlarla birlikdə qıpçaqlar da yaşayan ərazidə yarana bilərdi.  Kitabənin dilinin hər cəhətdən dəqiq tədqiqi bunu göstərir ki, kitabə o yerdə yaranıb ki, ona qədər orada oğuz ünsürləri üstünlük təşkil edən bu qarışıq dildə başqa ədəbi əsərlər vardı.”; 2) “Qisseyi – Yusif” və “Kitabi – Dədə Qorqud”un müxtəlif xarakterli məzmunu kitabənin yaranma yeri və milli mənsubiyyəti məsələsini düzgün həll etmək üçün çox şey verir”; 3) “Əlinin poeması digər Orta Asiya türkdilli kitabələrində olmayan arxaik qrammatik ünsürləri, demək olar ki, bütünlüklə “Dədə Qorqud”da təkrarlanır. Deməli, təsdiq etmək olar ki, bu kitabələr əsas əhalisi oğuz qəbilə və nəsilləri olan eyni bir ərazidə yaranmışdır””. 

Tanınmış türkiyəli alim Fuad Köprülü Şərqi Anadoluda yaranmış bir çox oğuzdilli əsərlərlə yanaşı Şəyyad Həmzənin “Yusif və Züleyxa”sını da Azərbaycan türkcəsi və Azərbaycan ədəbiyyatı nümunəsi hesab etmişdir:

“… Şərqi Anadolunun ədəbi dili, bu sahələr Osmanlı dövləti tərəfindən fəth edilincəyə qədər Azəri ləhcəsi idi. Və indiyə qədər də həmin ərazidə Azəbaycan dili şivələri işlənir.  Qazi Bürhanəddinin “Divan”ı “Dastani – Əhməd hərami”, Yusif Məddahın “Vərqa və Gülşa”sı, Suli Fəqihin “Yusif və Züleyxa”sı, Qazi Mustafa Zərrinin “Yusif və Züleyxa”sı, Şəyyad Həmzənin “Yusif və Züleyxa”sı, Şərqi Anadoluda meydana çıxmışdır.”

Alimin adını çəkdiyi  əsərlərin böyük əksəriyyəti Hülakülər dövründə ərsəyə gəlmişdir.

Hülakilər dövrünə keçməmişdən öncə qeyd etməliyik ki, Xll əsrdə alban ədəbiyyatı da inkişafda olub. Söhbət albanların islamı qəbul etməyən, özlərini Azərbaycanın müsəlman – oğuz kütləsindən ayrı tutan və Azərbaycanı əski ənənəyə uyğun olaraq, hələ də “Albaniya” və ya “Bizim Şərq ölkəsi” adlandırmaqda davam edən xristian albanların ana dillərində, yəni alban (qıpçaq – qarqar) dilində yaradıqları əsərlərdən, daha dəqiq desək, Xll əsrin böyük alban ilahiyyatçı, tarixçi və müəfəkkiri Mxitar Qoşun “Törə bitiqi” və digər əsərlərindən gedir. Nəsr formasında yazılmış bu əsərlər Azərbaycanda yarandığı üçün, şübhəsiz ki, Azərbaycan ədəbiyyatının ayrılmaz tərkib hissəsidir.

Mxitar Qoşun “Törə bitiki”nin alban (qarqar – qıpçaq) dilində üç əlyazma variantı məlumdur ki, onlardan biri hazırda Polşanın Vrotslav şəhərində, Ossolinskilər adına Milli İnstitutun kitabxanasında (1916/ll № – li əlyazma), digəri Avstriyada, Vyanadakı erməni mxitaristlərinin mərkəzində (468 № – li əlyazma), üçüncüsü isə Fransada, Paris Milli kitabxanasında (Arm. 176)  qorunmaqdadır. Əsər dövrümüzədək bir çox əlavələrlə gəlib çıxmışdır. Bu da təbiidir, çünki müəllif hələ sağlığında kitabı, ondan sonrakıların da əlavələr etmələrinə və qanunlar toplusunu daha da təkmilləşdirə bilmələrinə şərait yaradacaq bir tərzdə qələmə aldığnı söyləmişdir. Bu barədə müəllif özünün Venesiya şəhərindəki San – Lassaro mxitaristlərinin monastrında saxlanılmaqda olan (1237 № – li əlyazma) “Alban salnaməsi” əsərinin əlyazmasında xəbər verməkdədir.

Sevgidəyər oxuculara bu əsərdən kiçik bir parçanı tərcüməsi ilə birlikdə təqdim edirik:

“Dağı da ne üçün emdi klədik yazmağa törələrni, ya ne səbəptən teprəndi esimiz bu işkə. Egər ki yazdıq esə əvəlgidə ki, kerəkimiz dügül edi yazğan törə berilməgə Tenqridən, yoxsa köp kez işittik panbas özgə milləttən ki, yoxtur krisdanlarda törə. Kim ki munu aytır, bilməsti ari bitiklərninq küçüni. Munınqki yaman sağıştan 2 türlü yamanlıx toğar: 1, ya sağışlar edi, ki törəni xoygan essiz edi; 2, ya kləməs edi ki, könülük bolğay edi adəmilər arasına dünyada.

2-inçi ki, ol biliklikni ki, tarbiyatımızdan bar edi, yamanlıx söndürdü, da tügəl yaratılğan adəmini yarımdıx etti, da sövüknü u şağavatnı körəlməsizlik xapanel etti.

3-ünçi, bu vaxtlarda erinçəkliktən üvrənməg kləməslər Eski u Yənqi Törələrni ne markarelərdən, ne Avedarandan ki, bolğaylar edi ari bitiklərninq küçündən bilməgə könü törəni. Anınq üçün klədik bu Törə bitiki bilə oyatmağa alarnı, necik kimsəni yuxudan.”

TƏRCÜMƏSİ:

“Nə üçün törələri indi yazmağı arzu etdik və hansı səbəbdən şüurumuz buna cəsarət etdi.

Əvvəlki bölümdə Tanrıdan yazılı qanun verilməsinə ehtiyacımızın olmadığını yazsaq da, başqa millətlərdən xristianların qanunlarının olmadığı barədə çox rişxəndlər eşittik.

Bunu söyləyənlər müqəddəs yazıların gücündən bixəbərdirlər. Bu cür rişxənd dolu düşüncələr səbəbindən ortaya iki pislik çıxır. Birincisi, ya onlar elə düşünürlər ki, qanunları bərqərar edən cahil idi, ikincisi, ya da ki o, dünyada insanlar arasında ədalətin olmasını istəməmişdir.

İkinci səbəb o idi ki, təbiətən sahib olduğumuz biliyi pislik söndürdü, kamil insanı yarımçıq etdi və nifrət sevgi və mərhəmətin yolunu kəsdi.

Üçüncü. Zamanəmizdə insanların tənbəllik üzündən əski və yeni törələri (Əhdi – Ətiq və Əhdi – Cədidi-B.T.) mənimsəmək, nə peyğəmbərlərdən, nə də İncildən bir şey öyrənmək istəməməsidir ki, onların köməyi ilə gerçək qanunları anlasınlar. Odur ki, biz, yatmışları oyatdığımz kimi, bu “Törə bitiki” ilə onları oyatmaq istədik.”

 Mxitar Qoşun dövrümüzədək ana dilində yetişən əsərlərindən biri də “Alğış tum zamanna” (Bütün zamanlar üçün şükr duası) əsəridir. Bir çox əlyazmalarda sadəcə “Alğış tum zamanna” adı ilə keçən bu duanın məhz Mxitar Qoş tərəfindən tərtib edildiyini Saltıkov Şedrin adına Sankt – Peterburq Dövlət Kitabxanasında qorunub saxlanmaqda olan, alban dilindən erməni dilinə tərcümə olan, fəqət başlıqları alban dilində verilən bir dua kitabındakı qeydlər sübut edir. Söhbət sözügedən kitabxananın əlyazmalar şöbəsində “Dorn 636” şifrəsi altnda saxlanılan əlyazmadan gedir. Həmin əlyazmada haqqında söz açdığımız dua “Aytkani Mxitar vardabetninq. Alğış tum zamanna” (Vardapet Mxitar qoşun dilindən. Bütün zamanlar üçün şükr duası) adı altında verilmişdir.

Sevimli oxucularımıza tərcüməsiz təqdim etdiyimiz həmin əsərin qısa variantı Polşadakı Milli Muzeyin kitabxanasının Krakov şöbəsində qorunan 2412 № – li əlyazmadan dərlənmişdir. Eyni mətn “Alğış tum zamanna” başlığı altında 1618 – ci ildə Lvovda çap olunan və hazırda yeganə nüsxəsi Leydendə (Niderlanda) qorunan “Alğış bitiki” kitabına da daxil edilmişdir:

“Ari Canı Krisdosnunq, arıt meni.

Teni Krisdosnunq, saxla meni.

Xanı Krisdosnunq, içir meni.

Köksündən çıxkan suvu, tümüzlə meni.

Xıyınları Krisdosnunq, xuvatlat meni.

Yaxşı ütüci Krisdos, işit men yazıxlı da kerəksiz xulunqnu, da keri bolma mendən, da yaman işkildən saxla meni. Da xolarmen sendən, Biy yarlığovucı da şağavatlı, keri bolma mendən, da ölüm künümdə keri bolma mendən, da arzani et meni, işanmağan fərəhlikkə, zera sensen, Biy, işançm da fərəhlikim da seni maxtarmen menqi menqilik, amen”.

Hülakülər dövründə türk dilində yazıb yaratmaq ənənəsi tədricən ərəb və fars dilində yazıb yaratmaq ənənəsini kölgədə qoymağa başladı, türk dili dövlət dili səviyyəsinə qaldırıldı.

Azərbaycanı öz böyük imperatorluqlarının mərkəzinə çevirən və faktiki olaraq, Azərbaycan – Türk Renesansının əsasını qoyan və Azərbaycan Səltənətinin (İmperatorluğunun) əsaslarını daha da möhkəmləndirən (Azərbaycan səltənəti, yəni imperatorluğu 1925-ci ilə qədər davam etmişdir) Hülakülərin tarix səhnəsinə çıxması ilə təkcə Azərbaycan – Türk ədəbiyyatı deyil, Azərbaycan – Türk elmi və mədəniyyəti də renesans mərhələsinə daxil olmuşdu. Təsadüfi deyil ki, məhz onların dövründə Marağada dövrün ən böyük rəsədxana, kitabxana, universitet və akademiyası, Təbrizdə Tibb Akademiyası və Universitet qurulmuş, İbn Mühənnənın “Tərcümani Farsi və Türki və Moğuli” əsəri kimi cahanşümul lüğət, Fəzlullah Rəşidəddinin “Cəmi ət-təvarix” kimi misilsiz tarix əsəri, dövrün təkmil astronomik cədvəli, göyün qlobusu və yerin  ilk coğrafi qlobusu tərtib edilmişdir. Kərim Kərimovun yazdığına görə, dünyaca məşhur Azərbaycan miniatür sənətinin yaranması da həmin dövrə təsadüf edir. Əruzun Azərbaycan-türk şerinə və ərəb ladlarının milli musiqimizə yol tapması və nəticədə muğam sənətimizin hazırki təkmil şəklini alması da məhz Hülakülər dövründə baş vermişdir. Bu gün adlarını böyük qürur hissi ilə çəkdiyimiz Səfiəddin Urmiyalı və Əbdülqadir Marağalı kimi böyük bəstəkar və musiqişünaslar da məhz Hülakülər dövründə yaşayıb yaratmışlar. 

Bir sözlə, Hülakülər XVll əsrin əvvəllərinə qədər davam edən Azərbaycan -Türk renesansının əsasını qoyanlardır və bunu inkar etmək böyük ədalətsizlik olardı.

Nizami Xudiyev yazır:

“Xlll əsrin … ortalarında Azərbaycan Hülakülər dövlətinin… tərkibinə daxil olur – buraya Azərbaycandan başqa İraqi – Ərəb, İraqi – Əcəm, German, Gürcüstan, Rum (Kiçik Asiya), Ermənistan (Ərməniyyə, Van və ətrafı), Kürdüstan, Fars, Xuzistan, Xorasan və s. daxil idi. Hülakülər dövlətinin mərkəzi Azərbaycan sayılırdı, təsadüfi deyil ki, Marağa, Təbriz, Sultaniyyə kimi Azərbaycan şəhərləri müxtəlif zamanlarda həmin dövlətin paytaxtı olmuşdu.”

Alimin yazdığına görə, bu, Xlll əsrin ortalarından başlayaraq, Qafqaz – Kiçik Asiya ilə Orta Asiya, Ural – Volqaboyu, Şərqi Avropa türk etnik regionları arasında  mədəni – tarixi əlaqəlrin güclənməsinə səbəb oldu, hətta Məmlük türkləri də bu əlaqəyə qoşuldular:

“Xlll – XlV əsrlərdə Azərbaycan dilində olan mənbələrin çoxluğu, bir tərəfdən, ana dilinin ictimai – tarixi nüfuzunun güclənməsi ilə bağlıdırsa, digər tərəfdən də, onun normativlik səviyyəsinin yüksəlməsi, funksional imkanlarının genişlənməsi il əlaqədardır…

Şübhəsiz, Azərbaycan yazılı ədəbi dilinin formalaşmasında Şərqi Anadolu türklərinin də rolu az olmamışdır… Ümumiyyətlə, Xlll – XlV əsrlərin Azərbaycan dilində yazılmış mənbələrin coğrafiyasına aşağıdakı ərazilər daxildir: Şərqi Anadolu, Şimali Azərbaycan (Şirvan), Cənubi Azərbaycan (Təbriz), İran (Xorasan), İraq (Bağdad) və Misir…

Haqqında bəhs edilən mərhələdə həm Qafqaz – Kiçik Asiya, həm də digər (xüsusilə Orta Asiya, Ural – Volqaboyu və Şərqi Avropa) türk etnik – mədəni regionlarında türkdilli mənbələr kütləvi şəkildə meydana çıxmışdı”.

Hülakülər dövründə dövlət dili uyğur türkcəsi olsa da, fərmanlar ərəb və fars dilləri ilə yanaşı, Azərbaycan türkcəsinə də çevrilərək, əhaliyə bu şəkildə çatdırılırdı. Bu isə o deməkdir ki, həmin dövrdə Azərbaycan türkcəsi də uyğur (Moğul türkcəsi), ərəb və fars dilləri ilə yanaşı dövlət dili səviyyəsində işlənməkdə idi. Bu barədə dövrün salnaməçilərindən Məhəmməd Naxçıvanlı məlumat vermişdir.

Hülakülər dövrünün başlanması ilə  Azərbaycanda təkcə türkdilli ədəbiyyatın  deyil,  eyni zamanda, dilçilik və filologiya elmlərinin də sürətli inkişafı üçün zəmin yaranır. Azərbaycanlı alimlər xüsusilə müxtəlif lüğətlərin tərtib edilməsi istiqamətində daha çox fəallıq göstərirlər. Bu halda söhbət, əlbəttə ki, heç də təkcə İbn Mühənnanın yuxarıda adı çəkilən əsərindən getmir. Ana dilimizin Xlll – XlV əsrlərə aid  materialını əks etdirən lüğətlərdən biri də Xlll əsrdə Əbdülmömin oğlu Hüsaməddin Həsən Xoylunun ərsəyə gətirdiyi “Tövheyi – Hüsam” mənzum farsca – türkcə lüğəti idi. Dövrün bütün məktəblərində tədris olunan bu möhtəşəm əsər dövrümüzədək gəlib çıxmasa da, M. Tərbiyət ondan bir beyti öz kitabında vermişdir:

“Xuda – Tanrı, təvaxər, mənası bay,

İşə buyruğedici – karfərmay.”

Sözügedən lüğətdən fərqli olaraq,  Səncər oğlu Mövlanə Fəxrəddin Hinduşah Naxçıvanlının farsca – türkcə lüğətinin 20 – dən artıq əlyazma nüsxəsi dövrümüzədək ulaşmışdır.

Haqqında söhbət açılan dövrdə ölkəmizdə fars dilində də yazıb yaradan ədiblər olmuşdur. Bunlardan ən məşhurları özünün “Dəhnamə”si (On məktub) ilə böyük şöhrət tapmış Əvhədi Marağalı (1275 – 1338) və şerləri bütün Şərqdə sevilə – sevilə oxunan Zilfüqar Şirvanlı (1190 – 1245) idilər. Ana dilində ilk divanın və əruz vəznində yazılmış ilk şerlərin müəllifi İzəddin Həsənoğlu da türk dili ilə yanaşı farsca da şerlər yazmışdır. Onun əsərlərindən dövrümüzədək sadəcə bir neçə şer ulaşmışdır.

Hülakülər dövründə bir sıra maraqlı memarlıq abidələri də yaradılmışdır ki, onlardan Təbrizdə Şənbi – Qazan, Rəbi – Rəşidi məhəllələrini, Ərk qalasını, Kohən meydanındakı məscidi, xanagah, və mədrəsəni, Muğanda Mahmudabad şəhərini, Abşeronda Mərdəkan, Ramana və Nardaran qalalarını, Marağa, Zəngilan, eləcə də Naxçıvanın Qarabağlar kəndindəki türbələri, Urmiya, Mərənd və digər şəhərlərdə məscidləri misal çəkmək olar. Dövrün Zeynaləddin Şirvanlı, Maqsud oğlu Mahmud, Əbdülmömin Təbrizli, Hacı Əli şah Təbrizli, Nizam Təbrizli və s. kimi məşhur memarları da məhz həmin dövrdə yaşayıb yaratmışlar. Eyni dövrdə elmin inkişafında da böyük bir məsafə alınmış və Marağa rəsədxanası kimi böyük bir elm ocağı yaranmışdı. Bundan başqa Şamqazanda tikilən digər bir rəsədxana da çox böyük şöhrət tapmışdı.

Riyaziyyat sahəsində fəaliyyət göstərən Übeyd Təbrizli özünün “Risalət ül – hesab” kitabı ilə bu elmin inkişafına misilsiz xidmət göstərmişdir. Fəlsəfə sahəsində isə Mahmud Şəbüstərlinin (1252 – 1320) rolunu xüsusi qeyd etmək lazımdır. Onun “Gülşəni – raz” və “Səadətnamə” əsərləri təkcə ölkəmizdə deyil, bütün Türk – İslam aləmində fəlsəfi fikrin inkişafına böyük töhfə vermişdir. Tibb sahəsində isə Mahmud İlyas oğlu özünün “Elmi – tibb” (Tibb elmi) əsəri ilə böyük şöhrət qazanmışdı. Fələk Alai Təbrizlinin mühasibat elminə həsr etdiyi “Səadətnamə” və “Qanun əs – səadət” əsərləri də böyük şöhrət tapmışdı. Tarix elmi də inkişafda idi və bu halda söhbət heç də təkcə dahi Azərbaycan tarixçisi Fəzlullah Rəşidəddinin  misilsiz “Cami – ət – təvarix” əsərindən getmir.  Əbdülqadir Kaşanlının Azərbaycan və türk tarixindən danışan “Tarixi – Olcaytu”, Abdullah Şirazlının “ Tarixi – Vəssaf”, ata və oğul Həmdullah və Zeynəddin Qəzvinlilərin “Tarixi – Qozide”,  Əhməd Təbrizlinin “Şahənşahnamə”, Əbubəkr əl – Qütbi Əhərlinin “ Tarixi – Şeyx Üveys”, Hinduşah oğlu Məhəmməd Naxçıvanlının “Dəstur əl – kitab fi təyin əl – məratib” kimi əsərləri Azrbaycan tarixşünaslığında xüsusi bir mərhələ təşkil etməkdədir. Bu əsərlər ölkəmizdə azərbaycançılıq və türkçülük şüurunun daha da inkişaf edərək möhkəmlənməsində çox böyük rol oynamışlar.

Bütün bu deyilənlərlə yanaşı, Həmdullah Qəzvinlinin coğrafiya sahəsində yazdığı “Nüzhət ül – qülub” əsərini də qeyd etmək lazımdır. O dövrdə Azərbaycan renesansının ən böyük və parlaq nümayəndəsi isə, təbii ki, İmadəddin Nəsimi idi.

Hülakülər dövründə Azərbaycan ədəbiyyatınn alban qolu da özünün çiçəklənmə dövrünü yaşamışdır. Həmin dövrdə yaradılmış əsərlər içərisində alban katalikosu Nersesin 1126 № – Venesiya əlyazmasında yer alan “Alğış Tenqrigə, Nersess gatoğiqosnunq aytkanı, xaysı ki tiyişlidir barça krisdanlarğa övrənməgə” başlıqlı əsərini gösərmək olar. Bu əsər 1618 – ci ildə Lvovda çap olunan və hazırda yeganə nüsxəsi Leydendə (Niderlanda) qorunan “Alğış bitiki” kitabına da daxil edilmişdir.

Mxitar Qoşun şagirdi, Xlll əsrin böyük alban ilahiyyatçısı vardapet Vanağan (Vanakan Vardapet) haqqında Kirakos Gəncəli öz kitabının 43, 50, 51, 52 və 53 – cü fəsillərində geniş məlumat verməkdədir. Onun yazdığına görə, dövrünün böyük xristian ilahiyyatçılarından olan bu şəxs Mxitar Qoşdan dərs almış, vardapetlik həsasını da ondan qəbul etmişdi.

Kirakosun sözlərinə görə, üç üqnuma inamla, başqa sözlə, xristian inancının əsasları barədə romalılarla ermənilər arasında mübahisə yaranmış və problemi həll etmək iqtidarında olmayan ermənilər albanların ən müdrik ilahiyyatçılarına, o cümlədən Vanağana müraciət etmişdilər. O da düşündükdən sonra bu barədə fikirlərini “Inam bilə tapunurmen ari Errortutiunnu da bir Tenqrilikni ayirılmağan” (İmanın əsası: İnam ilə tapınıram nüqəddəs üç üqnuma və tək Tanrıya ayırmadan ) adlı əsərində dilə gətirmişdi. Həmin fikirlər iki müxtəlif variantada dövrümüzədək ulaşmışdır. Onlardan biri 1750 № – li  Venesiya əlyazmasında qeyd edilib.

Dövrümüzədək Vardapet Vanağanın daha bir neçə cümləsi də gəlib çatmışdır. Həmin yazı Matenadaranda (İrəvan) qorunan 2267 № – li əlyazmada yer almaqdadır.

Alban və Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri olan Kirakos Gəncəli 1201 – ci ildə Gəncədə anadan olub. Erməni mənbələrində bəzən “Kirakos Qandzakasi”, bəzən alban olması səbəbindən “Şərqli” (Aravelsi), bəzən Nor – Getik monastrında yaşamasından dolayı “Gedikli” (Qetesi), bəzən də sadəcə “vardapet Kirakos” adlandırılan, türkdilli alban mənbələrində isə adı yalnız vartabed Giraqos  kimi çəkilən Kirakos Gəncəli 1272 – ci ildə vəfat etmişdir. Mxitar Qoşun şagirdi Vanağanın şagirdi olan bu şəxs özündən sonra çox zəngin bir irs qoymuşdur. Fəqət onların çoxu dövrümüzədək orijinalının dilində deyil, xarici dillərə tərcümədə gəlib çatmışdır. Əldə olan yeganə  tamhəcmli  orijinal, yəni anadilli əsəri özünün tərtib etdiyi dini məzmunlu “Xosdovanitiun” (Tövbə duası) əsəridir.

Kirakosun özünün yazdığına görə, o, müəllimi Vanağan və Vanağanın digər şagirdləri ilə birlikdə tatarlara əsir düşmüş və əsir olduğu dövrdə, əsirlikdən qaçana qədər  tatar bəylərindən birinin mirzəsi və katibi olmuşdur.

Kirakosun “Tövbə duası” əsəri Polşadakı Milli Muzeyin kitabxanasının Krakov şöbəsində qorunan 2412 № – li əlyazmadan dərlənmişdir. Eyni əsər Vyanadakı Mxitaristlər İttifaqında qorunan 143 № – li və 545 № – li, eləcə də  Vensiyada saxlanılan 1126 № – li əlyazmalarında da yer almaqdadır. Venesiya variantında eyni mətn “Ögüt Giraqos vartabedninq” başlığı altında keçir.

Gəncəli vardapet Kirakosun “Tarix” əsərinin əsli Matedaranda saxlanılır. Bu irihəcmli kitab haqqındakı təsəvvürlərimiz ermənilərin rus dilinə tərcümə edərək, müxtəlif, əlavə, ixtisar və təhriflərlə nəşr etdirdikləri, bəzən “Ermənistan tarixi”, bəzənsə “Ermənistanın şərq əyaləti – Alban ölkəsinin tarixi” kimi qondarma adlarla təqdim etdikləri kitablara əsaslanır. Kitabın gerçək adı isə “Alban ölkəsinin qısa tarixi”dir və orada bir çox xalqın – albanların, ermənilərin, rumluların, ərəblərin, tatarların və gürcülərin əsasən Xlll əsr tarixindən, başqa sözlə, tatarların hakimiyyəti dövründən bəhs edilir.

Sözügedən kitabın orijinalının hansı dildə olduğunu dəqiq söyləmək mümkün olmasa da (ermənilər kitabın erməni dilində yazıldığını iddia edirlər), bu kitabın alban dilində yazıldığını söyləmək üçün çox ciddi əsas var. Bu əsası bizə həmin kitabın ll fəslinin böyük bir hissəsinə alban (qıpçaq – qarqar) dilində 1750 № – li Venesiya əlyazmasında rastlanması faktı verir. Kirakos Gəncəlinin “Tarix” kitabının ermənilər tərəfindən rusca dərc edilmiş 2 – ci fəslinin adı həmin dildə belə qeyd edilib:

«Послание о символе веры армянской церкви, написанное братом армянского каталикоса Григориса епископом Нерсесом по просьбе высокочтимого зятя самодержавного государя ромейского, великого патостратора Алексея, когда он выехал на Восток и находился стольном городе киликийцев Маместии, куда (Нерсес) последовал по его приглашению в 614 (1165) году».

Eyni başlığa eyniylə alban dilində 1750 № – li Venesiya əlyazmasında rast gəlirik:

“Bitiki inamnпnq, ermeni yıxövününq tapunğanı, yazılğan Nerses arhiebisğobostan, xardaşından Krikornunq, ermeni gatoğiqosnunq, xoltxası üsnə

Aleksiosnunq, ulu brdosdradusnunq, urum çesarnınq kiyövününq, xaçan ki ketti kün toğuşuna da edi Mampuesdiada, baş şəhərində Giligecvoc ulusununq, ermeni tvğankınında 614 [1165]”.

Fəslin rus dilində verilmiş mətni də sözügedən əlyazmadakı mətnin eynidir.

Məlumat üçün bildirək ki, kitabın ermənilər tərəfindən nəşr edilən rus variantı 65 fəsildən ibarərdir. Bu fəsillərin böyük əksəriyyəti müəllifin mənsub olduğu xalq – albanlar haqqındadır. Sevimli oxucularımıza həmin kitabın  2 – ci fəslindən kiçik bir parçanı tərcüməsiz təqdim edirik:

“Oruc tuttu 40 kün, ekinçi Adam əvəlgi adam üçün, zera ki oruç tutmadı, da yenqdi üç sınamaxına yenqüçini adamlarnə. Da andan sonqra yapux Tenqrilikin kendininq xuvatın belgili etti dünyəgə şaytanlarnı çıxarmax bilə, xastalarnı sağaytmax bilə, axsaxlarnı yürütməx bilə, ölülərni turğuzmax bilə, tenqiz üsnə, necik xuruda, yürüməx bilə, az ötmək bilə köplərni yedirməx bilə, tarbiyatın dünyaninq, necik klədi, teşkirməx bilə, suvnu çağırğa da hlinanı yarıxka xaytarmax bilə, da burun, ne ki jarutiundan Tenqrilik yarıxın kendininq yapulğan, necik varakojr kibik, teni bilə belgili etti şəgertlərinə kendininq Tapor tağında, Biy kensin bildirməx bilə tirilərgə da ölülərgə, buyruxçı kibik ündəməx bilə Movsesni da Eğianı. Keçti bundan sonqra erki bilə Erusağemgə xıyınğa ki, bitiklərin Orenkininq da markarelikninq tügəlləgəy. Olturdu eşək üsnə da balası üsnə oxşaş yıxövünə cuhutlarnınq da dinsizlərninq. Tügəllədi Bayramnı orenkkə kğrə ki, eskini

Yənqigə da kölgəni könülükkə xaytarğay. Yuvdu ayaxların asagerdlərninq ki, burungi atamıznınq ayaxlarından ki bilikli terəkkə barğanınınq arıtkay yazıxın. Berdi tenin kendininq yemək tirlikkə da xanпı kendininq boşatlıx yazıxka. Ki kimlər ki burungi yemişni yeməx bilə ölümlü boldular, bunu yeməx bilə tirilgəylər. Alğış etti menim tarbiyatım bilə Atasına menim üçün ki, burungi hörmətkə xaytarğay da bergəy oxşaş alğış etmə bizgə sınamaxlıxımızda bizim. Müşxülləndi da yığladı sövünçlüknünq səbəpi Köktəgilərninq da yerdəgilərninq ki, kötürgəy barça yaşnı barçasınınq yüzlərindən Esajia aytkanına körə. Xorxtu ki, xorxusun ölümnünq çeşkəy. Terlədi ki, terin yüzününq sürtkəy. Sili kötürdü ki, urğay bek duşmannı. Yalanqaçlandı ki, uyatınınq yapovun Adəm atamıznınq xarşısına yırtkay. Içti ləğini ki, açı yazıxnınq yemişin tatlılatkay. Xadaldı xaçka ki, bizni çeşkəy bağdan da bağışlağay ağacın tirlikninq ornuna ağacınınq ölümnünq. Öldü adəmilik ölümlü tarbiyatı bilə buyruxçı kibik da xaldı tiri Tenqrilik ölümsüz tarbiyatı bilə, dügül biri ölgən da biri tiri ayırğanlarğa körə, yoxsa bir də ol boylux da bir Krisdos.”

Alban (qarqar – qıpçaq) dilində əsəri dövrümüzədək yetişən daha bir alban müəllifi “vardapet Yovhannes” adı ilə tanınan, məşhur ilahiyyatçı, bəstəkar və astronom Zəngəzurlu Yəhyadır. 500 illik alban astronomik təqviminin tərtibçisi və çox sayda kilsə nəğməsinin müəllifi olan bu şəxsin Mxitar Qoşun şagirdlərindən olduğu və Getik monastrına rəhbərlik etdiyi məlumdur. Haqqında Kirakos Gəncəli “Tarix” kitabının Xlll fəslində məlumat verməkdədir. Onun dövrümüzədək ulaşmış “Xoltxası Jovhannes Sarğavaq  vartabedninq aytkanı” Krakov (2412) əlyazmasında yer alır.

Əsərləri dövrümüzədək alban (qarqar – qıpçaq) dilində gəlib çatmış alban din adamlarından biri də Xlll əsrdə yaşadığı bilinən keşiş Yohannes Karneçidir. Haqqında Gəncəli Kirakosun “Tarix” əsərinin 54 – cü fəslində məlumat verilən bu keşişin tərtib etdiyi dualara bir çox əlyazmalarda rast gəlinsə də, bəzi hallarda onun adı qeyd edilmir. Sözügedən əsərlərin məhz onun qələminin məhsulu olduğunu Saltıkov Şedrin adına Sankt – Peterburq Dövlət Kitabxanasında qorunub saxlanmaqda olan, alban dilindən erməni dilinə tərcümə olan, fəqət başlıqları alban dilində verilən bir dua kitabındakı qeydlər sübut edir. Söhbət sözügedən kitabxananın əlyazmalar şöbəsində “Dorn 636” şifrəsi altnda saxlanılan əlyazmadan gedir. (Bu əlyazmanı ələ gətirmək mümkün olmadığı üçün əslində əlyazmanın hansı dildə olduğu dəqiq məlum deyil).

Həmin əlyazmada haqqında söz açdığımız duaların məhz ona aid olduğu göstərilir. Sözügedən əsərlər Polşadakı Milli Muzeyin kitabxanasının Krakov şöbəsində qorunan 2412 № – li və Vyanadakı Mxitaristlər İttifaqında qorunan 143 və 525 № – li əlyazmalarından dərlənmişdir. Krakov əlyazmasında Yohanesin adı sadəcə bir dəfə çəkilir. Sonrakı duaların isə ona aidliyi sual altında qalır. Fəqət “Dorn 636” şifrəli əlyazma, eləcə də Vyana əlyazmaları bütün şübhələrə son qoyur.

Adı alban tarixçisi Stepanos Orbelinin “Sünik (Zəngəzur) tarixi” əsərindən məlum olan tanınmış alban din adamlarından biri də Krikor Nareğaçidir. Onun da əsərlərinndən biri dövrümüzədək  yetişib. Həmin əsər 143 № – li Vyana əlyazmasında yer almaqdadır.

Yuxarıda qeyd etdiyimiz kimi, adını Çingiz xanın nəvəsi Hülakü xanın adından alan Hülakülər mənşəcə bir türk-tatar soyu idi. Lakin onları “moğol” və ya muğal” da adlandırmışlar ki, bir çoxları yanlış olaraq həmin etnonimi “monqol” adı ilə eyniləşdirir. Gerçəklik isə bundadır ki, bu iki etnonim arasında heç bir əlaqə yoxdur. “Moğol” adı sözügedən türk xalqının ərəb və fars mənbələrindəki adıdır. Azərbaycan əhalisi, o cümlədən ölkəmizdə yaşayan bəzi azsaylı xalqlar onları “muğal” adlandırmışlar, məslən, ləzgilər, avarlar, buduqlar, saxurlar bu günə qədər Azərbaycan türklərini “muğal” adlandırmaqdadırlar. Məlumat üçün bildirək ki, qafqazdilli xalqların əksəriyyəti “azərbaycanlı” anlamında ayrı-ayrı türk soy və boylarının adını işlədirlər. Məslən, vaynaxlar (çeçenlər və inquşlar) bu yaxın zamana qədər bizə “padar” deyirdilər. Laklar üçün biz “qacar”, gürcülər üçün isə “tatar”ıq. Yalnız ermənilər və irandilli xalqlar bizi gercək adımızla çağırırlar. Ermənilər bizə türk, talışlar isə eyni anlama gələn “tırk” deyirlər. Maraqlıdır ki, talış dilində “Azərbaycan dili” kəlməsi yoxdur və bu dildə həmin mənada “tırki zəvon” (türk dili) sözbirləşməsi işlənir.

Abbasqulu ağa Bakıxanov özünün “Gülüstani-İrəm” adlı əsərində Şirvan əhalisinin dillərindən söz açarkən, türk və tat dilində danışanlarla yanaşı Azərbaycanın şimal-qərbində yaşayan və moğol (muğal) dilində danışan bir xalqdan da söhbət açır, fəqət həmin xalqın adını çəkmir, yalnız əski mənbələrə istinadən onların massagetlərin nəvə-nəticələri ola biləcəyini iddia edir. Övliya Çələbi isə həmin xalqdan “qaytaq” kimi söz açır, yerli xalqın onları “moğol” (mu-ğal) adlandırdıqlarını bildirir. Onların oğuz olduqlarını, “Buxara dilində” (Türküstan türkcəsində, yəni uyğur dilində) danışdıqlarını Şirvana Mahan vila-yətindən gəldiklərini qeyd edir.

Bu məlumatlardan göründüyü kimi, yerli əhali, o cümlədən yerli azsaylı qafqazdilli xalqlar başlanğıcda “muğal” adını sadəcə türkdilli qaytaqlara, yəni muğal (uyğur) dilində danışan, adı qaytağı rəqsinin adında yaşayan bir xalqa şamil etmiş, sonralar ləzgilərin və onlarla qohum olan bəzi digər xalqların dilində bu kəlmə ümumilikdə Azərbaycanın bütün türkdilli əhalisini ifadə edən bir etnonimə çevrilmişdir. Yerlilərin qaytaqları “muğal” adlandırmalarına səbəb isə onların moğollarla, yəni Hülakülərlə eyni dildə danışması olmuşdur. Yeri gəlmişkən qeyd edək ki, N.Baskakov da özünün “Türk dilləri” kitabında muğallardan ayrıca söz açmış və onları Azərbaycan türklərinin etnogenezində yaxından iştirak edən türkdilli soy və boylardan olduğunu qeyd etmişdir.

Hülakülər dövrü moğollarının, başqa sözlə, Azərbaycana kənardan gəlmiş moğolların, yəni Çingiz xan övladlarının hansı dildə danışdığını, moğol dilinin nə olduğunu isə biz Xlll əsrin görkəmli Azərbaycan dilçisi İbn Mühənnanın “Tərcümani Farsi və Türki və Moğoli” (Fars, türk və moğol dillərinin lüğəti) adlı əsərindən öyrənirk. Dövrümüzədək 5 qədim əlyazma nüsxəsi ulaşmış bu möhtəşəm əsər ərəb dilində qələmə alınmış və ilk dəfə P. M. Melioranski tərəfindən geniş tədqiqata cəlb edilmişdir. Alim uzun araşdırmalardan sonra lüğətin Azərbaycanda, özü də XlV əsrdən gec olmayaraq, yəni Hülakülər dövründə qələmə alındığnı aydınlaşdırmışdır. Daha sonra isə o, əsərin Xlll əsrdə Azərbaycanda yazıldığını qəti şəkildə bildirmişdir. Mövzu ilə bağlı Elməddin Əlibəyzadə yazır:

“Kitabın ümumi bölməsində bir sıra maraqlı nəzəri məsələlərə toxunulur. Bunlar türk dillərinə indiki elmi baxımdan belə faydalıdır; bunlar, həqiqətən türk dilləri, Xlll əsrdə onların mövqeyi, müxtəlif qolları, dialekt və şivələrinin bir – biri ilə əlaqəsi, yaxınlığı və s. barədə əhəmiyyətli mülahizələrdir. Müəllif tez –tez “bizim ölkənin türk dili və ya ləhcəsi” istilahını işlədir ki, bu, “Azərbaycan ölkəsi və onun dili” deməkdir.

Burada yenə məsələnin qoyuluşuna P. M. Melioranskinin münasibəti diqqəti çəkir. O yazır: “Bizim müəllif, daha sonra, qrammatikanın müxtəlif yerlərində dialektlər arasındakı fərqlərdən danışır. O, ümumiyyətlə dialektləri belə fərqləndirir: Türküstan, türkmən və “bizim ölknin türkcəsi”, yəni məncə, “qədim Azrbaycan” dialekti… Bizim müəllif türkmən dialektindən çox ötəri bəhs edir, lakin “bizim ölkənin türk” dili ilə müqayisədə “Türküstan” dilinin səs quruluşunu kifayət qədər dolğun səciyyələndirir; bununla belə, o, əlbəttə, bu axırıncı ilə daha çox məşğul olur, həm də, hətta, müxtəlif kənara çıxmalara “bizim ölkənin türk” ləri arasındakı şivələri dönə – dönə nəzərə çarpdırır…”

Belə aydın olur ki, İbn Mühənna öz əsərində ümumilikdə “türk dili” və ya “türk dilləri” dedikdə, onun üç mühüm qoludan danışır ki,  bunların biri də…Azərbaycan dili və ya dialektidir…”

Kitabda yazılanlardan o da aydın olur ki, müəllifin bəzən “Türküstan türkcəsi” də adlandırdığı moğol dili uyğur dilindən başqa bir şey deyildir. Bunun belə olduğunu Hülakülərin (Elxanlıların) dövrümüzədək ulaşmış fərman və məktubları da sübut etməkdədir. Həmin rəsmi sənədlər uyğur əlifbası ilə uyğur türkcəsindədir. Məlumat üçün bildirək ki, dövrümüzədək Çingiz xan soyundan olan Qızıl Orda xanı Özbək xanın fərmanı da ulaşmışdır və bu fərman da sözügedən dildədir və sözügedən əlifba ilə qələmə alınmışdır. Xlll əsrdə qələmə alınmış, müəllifi bilinməyən və T. Hautsman tərəfindən nəşr edilmiş “Kitab – məcmu – e – tərcüman türki və əcəmi və moğoli və farsi” adlı lüğətdə də uyğur dili “moğol dili” kimi təqdim edilir.

Yazı tarixinin gözəl bilicisi İohannes Fridrix də özünün “Yazı tarixi” kitabında Çingiz xanın və oğullarınn dövründə uyğur dilinin dövlət dili olduğunu və bütün rəsmi yazışmaların bu dildə və uyğur əlifbası ilə aparıldığını vurğulayır. Çingiz xanın əldə olan, sinədən söylədiyi məlum olan və dövrümüzədək “Şəcərət əl – ətrak” (Türklərin şəcərəsi) adlı bir ərəbdilli anonim mənbə sayəsində ulaşan bir-iki bənd şeri də uyğur türkcəsindədir:

“Tenqiz baştın bulqansa tondurur olum Cuçi dur,

Terek tubtin cıqılsa turquzar olum Cuçi dur.”

Odur ki, moğolların (muğalların) bugünkü monqollarla eyniləşdirilməsi kökündən səhvdir və rus “alim”lərinin siyasi məqsədlərlə uydurduqları böyük yalandan başqa bir şey deyildir. Və bu yalan yenə ruslar tərəfindən uydurularaq elm aləminə sırınan, əsli olmayan saxta “Monqolların gizli tarixi”nə əsaslanır.

Hülakülər dövründə, yəni Xlll-XlV əsrlərdə Azərbaycan imperatorluğunun rəsmi dövlət dili olmuş moğol (muğal) dili, yəni uyğur (Türküstan) türkcəsi bir müddət Osmanlı sarayında da rəsmi dil kimi işlənmiş və dövrün Osmanlı padşahları Hülakü hökmdarları ilə yazışmalarında bu dildən istifadə etmişlər. İşin ən maraqlı tərəfi isə budur ki, bütün ərəbdilli mənbələrdə Hülakülər və ümumiyyətlə Çingiz xan övladlarından türk kimi söhbət açılır. Qədim Çin, rus, Avropa və fars mənbələrində isə onlar “tatar” adlandırılır və onların monqol olduqlarına bircə dənə də olsun işarə yoxdur. Tatarların isə qədim türk boylarından biri olduğu məlumdur. Bunun belə olduğunu həm Orxon-Yenisey abidələri, həm də Mahmud Kaşğarlı birmənalı şəkildə təsdiq edir.

Yeri gəlmişkən qeyd edək ki, bütün qədim türk şəcərənamələrində, o cümlə-dən “Çingiznamə”də Çingiz xanın soy ağacı türklərin ulu babası hesab edilən Nuh oğlu Yafəsə bağlanır, Oğuz xanla eyni budağa mənsub Tatar və Moğol (Muğal) adlı əkiz qardaşlardan söz açılır. Bir çox hallarda tatarların bir qolunun adı və ya  “tatar” adının sinonimi kimi işlədilən “moğol” (muğal) adı həmin əkiz qardaşlardan birinin adından qaynaqlanır. N.Y.Biçurin əski türk şəcərənamələrinə dayanaraq yazır:

“Yeddinci nəsildə Türkün əkiz oğlu oldu: Tatar və Moğol. Ataları İlli xan Türküstanı onların arasında böldü. Üçüncü nəsildə Moğoldan Moğol oğlu Qara xan, Qara xan oğlu Oğuz xan…dünyaya gəldi.”

Moğollar türk şəcərənamələrində, ilk növbədə isə “Xannamə”də özbək türklərinin 32 uruğundan biri kimi qeyd edilmişlər. Bu barədə Bahəddin Ögəl yazır:

“O dövrdə özbəklər 32 uruqdan, türkmənlər isə 27 uruqdan ibarət idilər. Aşağıda adları çəkilən özbək boyları Bilmən Salur üzərinə hücum edirlər . Bu boyların adı bunlardır: qıyat, moğol, dörmən, saray, cəlayir, nayman, qanqlı, xitay, kereyit, qıfçaq, minq.”

Maraqlıdır ki, Çingizoğullarının mifik soy əfsanəsi Göytürklərin mifik “Ergenekon” əfsanəsinin eynidir. “Çingiznamə”də isə moğolların soykökü ilə bağlı hun əfsanələri ilə tam üst-üstə düşən aşağıdakı süjet yer almaqdadır:

“Qədim zamanlarda Ağ dəniz sahillərində Malta şəhəri vardı. Bu şəhəri Altın xan idarə edirdi. Xanın arvadının adı Kurlevuç idi. Onların bir qızı oldu, adını Ulemlik qoydular. Qızı günəşdən və aydan gizlətmək üçün daş saray tikib onu orada saxladılar. Qız beləcə böyüdü. O, çox gözəl idi, güləndə qurumuş ağaclar göyərər, otsuz çöllər otla örtülərdi. Bir gün o, dayısından soruşdu:”bu saraydan başqa dünya varmı?” Dayısı cavab verdi: “Dünya bu sarayın çölündədir, orada dünyanı işıqlandıran ay və gün var.” Qız pəncərəni açıb günəşə baxdı və huşunu itirdi. O, günəş şüasından hamilə qəldı. Altın xanla arvadı bundan xəcalət çəkərək qızı qayığa qoyub onu Tün dənizə buraxdılar…”

Bu əfsanədə Ağ (Aralıq) və Tün (Qara) dənizlərinin adının çəkilməsi diqqəti çəkir. Gördüyümüz kimi, moğolların əfsanələri onlarn kökünü Ön Asiya ilə bağlı təqdim edir. Eyni hal Göytürk əfsanələrində də müşahidə edilir:

“Türkütlərin (Göytürklərin) əcdadları Qərb dənizindən (Xəzər dənizindən) qərbdə yaşayırdılar…”

Çingiz xanın indiki Monqolustan ərazisində doğulduğu və həmin ərazidə yerləşən Qaraqorum şəhərində yaşadığı faktdır. Fəqət bu fakt onu monqol hesab etməyə əsas vermir. Çünki bugünkü Monqolustan ərazisi Göytüklərin də məskəni və mərkəzi olmuşdur. Türk ədəbiyyatının ən qiymətli abidələrindən hesab edilən Orxon-Yenisey abidələrinin böyük bir qismi həmin ərazidə yerləşir. Bugünkü monqollara gəlincə, onlaraın gerçək etnik adı xalxadır və onlar buryat və kalmıklarla eyni xalqdırlar. “Monqol” (əslində monqul) adını isə onlara türklər vermişlər. Qədim türk dilində “monqol” (monqul) kütbeyin, yelbeyin deməkdir. Həmin kəlmə türk dilindən rus dilinə də keçərək “tupoy monqol” formasında və eyni mənada işlənir. Özünü həmişə digərlərindən üstün tutan türklər bir çox hallarda qonşularına bənzər aşağılaycı adlar vermişlər. Bu baxımdan Sibirdə yaşayan tunqusları (tunqus-donuz), Şimali Qafqazda yaşayan adıqları (adıq-ayı ) və s. göstərmək olar. Farsalara “tacik” ( qədim türk mənbələrində “təzik”, yəni təzək) adını da türklər vermişlər. “Alban tarixi” kitabından belə aydın olur ki, yerli türklər, yəni albanlar eyni adı (təzik) ərəblərə də şamil etmişlər.

“Monqol” və “moğol” etnonimlərinin bənzəməsinə gəlincə isə, bu, təsadüfi fonetik oxşarlıqdan başqa bir şey deyildir. Ruslar bu oxşarlıqdan, eləcə də Çingiz xanın Monqolustanda doğulub yaşaması faktından çıxış edərək məlum saxtakarlığa rəvac vermişlər. Bu saxtakarlığın səbəbini başa düşmək üçün isə Marko Polonun XlV əsrdə cızdığı xəritəyə baxmaq yetərlidir. Həmin xəritədə bugünkü Rusiyanın bütün ərazisi “Tatariya” kimi qeyd edilmişdir. Sözügedən xəritədə nəinki “Rus” adında bir ölkə, kiçik bir şəhər belə yoxdur. Maraqlıdır ki, Ptolomeyin antik dövrdə cızdığı xəritədə isə eyni ərazi “Skifiya” (Skiflər, yəni iskitər ölkəsi) adlanır. Qədim yunanların isə türkləri “skif” (iskit) adlandırdığı məlumdur. Ruslar bugünkü Rusyann başdan-başa qədim türk ölkəsi olduğunu gizlətmək üçün iskitlətin (skiflərin) guya irandilli, moğolların (tatarların) isə guya işğalçı monqollar olduğunu “sübut” etməyə çalışmışlar. Bu azmış kimi türklər üçün yalançı bir ulu vətən də uydurulmuş, onun guya Altay dağları olduğu iddia edilmişdir. Rus tarixşünaslığı moğolları vəhşi köçərilər kimi təqdim edir. Tarixi mənbələr isə “köçəri” Çingiz xanın Qaraqorum şəhərində yaşadığından və bu şəhərin moğol dövlətinin paytaxtı olduğundan bəhs edir, yəni Çingiz xanın şəhərli olduğunu göstərir. Əgər moğollar gercəkdən də vəhşi köçərilər idisə, Batı xanın Saray-Batı şəhərini tikdirmək nəyinə lazım idi?

Yeni Türk Ensiklopediyasında yazıldığına görə, Çingiz xan Göytürklərin doqquoğuz xanları nəslindən bir bəy ailəsinə mənsub idi. Xlll əsrdə o və xələfləri, tarixdə misli-bərabəri olmayan böyüklükdə bir impratorluq qurmuşlar ki, bu imperatorluğun sahəsi 64 milyon kvadrat kilometr olmuşdur. Eyni ensiklopediyanın yazdığına görə, Çingizin əsil hədəfi Göytürk dövlətini, başqa sözlə, Turan (Türküstan) imperatorluğunu dirçəltmək idi. Fəqət o dövrdə türklərin böyük əksəriyyəti artıq müsəlman idilər və əski türk ideallarından çoxdan uzaqlaşmışdılar, üstəlik də tenqriçi (türklərin əski dini) olan çingizilərə xoş baxmırdılar.

Çingiz xanın mənsub olduğu xalq uzun illər boyu “otuztatar” adı altında Göytürklər (Türküt) İmperatorluğunun, başqa sözlə, Turanın (Türküsanın) mərkəzi əyaləti durumunda olan Ötügendə (bugünkü Monqolustan ərazisi), Göytürklərə, daha sonralar isə doqquzoğuz – onuyğurlara tabe olan türk – tatar soybirləşmələrindən biri kimi yaşamış və bu adla da Orxon – Yenisey abidələrində yad edilmişlər. Məsələn, Kül Tiqin (Kül Təkin) abidəsinin şərq tərəfində, 14 – cü sətirdə oxuyuruq:

“…Yıraya Baz kağan tokuz oğuz bodun yağı ermis, kırkız, kurıkan, otuztatar, kıtay, tatabı köp yağı ermis.”

Otuztatar soybirləşməsinə daxil olan otuz türk – tatar soyundan 28 – nin adını böyük Azərbaycan tarixçisi Fəzlullah Rəşidddinin “Cami ət – Təvarix”indən, digərlərinin adını isə özbək “Xannamə”sindən öyrənmiş oluruq: tatar, moğul, derben (derbenut, derbent), saray, dörmən, cəlayir, qanqlı, xitay, kereyit, minq, corat, suqait, nayman, bozdoğan, orusut (orus), sulduz və s. Soybirləşməsinə tatarlar başçılıq etdikləri üçün bu xalq “tatar” və ya “otuztatar” adları ilə məşhur idi. Çingiz xan sözügedən soylardan bozdoğan (boz şahin) soyunun bəy nəslindən idi. Soy öz adını soyun onqonu olan boz doğandan (boz şahin quşundan) almaqda idi. Bu səbəbdən də Çingiz xanın, eləcə də mənsub olduğu soyun bayrağında boz doğan (boz şahin) rəsmi çəkilmişdi.

Mənbələrdə sözügedən soyun adına “bortoğan” kimi də rast gəlinir. Bu da bəzi türk ləhcə və şivələrinə xas r – z  səsdəyişməsindən qaynaqlanır. Maraqlıdır ki, həmin soy ilk dəfə e. ə. V əsrdə Herodot tərəfindən 6 maday (Midiya) soyundan biri və Azərbaycan sakinləri kimi qeydə alnmışdır. Tarixin atası onları “parataken” adlandrmışdır.

Çingizilərin Azərbaycan qolu, yuxarıda qeyd edildiyi kimi, Hülakülər və ya Elxanlılar adlanırdılar 1256-cı ildən 1344-cü ilə qədər davam edən bu sülalənin hakimiyyət illəri bir əsrdən bir qədər az bir dövrü əhatə etsə də, onların dövründə Azərbaycan Türk-İslam dünyasının və ümumilikdə dünyanın ən mühüm dövlətlərindən və imperatorluqlarından birinə çevrildi. Qazan xanın dövründə (1295-1304) Hülakülər islamı qəbul etdilər və islamı qəbul etməklə də Xanbalıqdakı (bugünkü Pekin) mərkəzi hakimiyyətə tabe olmaqdan əl çəkdilər və müstəqil imperatorluq kimi yollarına davam etdilər. Maraqlıdır ki, bu hadisədən 22 il öncə böyük türk mütəsəvvifi Cəlaləddin Rumi öz “Məsnəvi”sində tatarların İslamı qəbul edəcəklərini öncəgörənliklə müjdələmişdi.

Xəlifəni öldürdükləri, Abbasiləri İraqdan qovduqları və müsəlmanları xəraca bağladıqları üçün həm Anadolu, həm də Azərbaycan türkləri tərəfindən yad bir ünsür kimi qəbul edilən və sevilməyən Hülakülərə Qazan xanın dövründə münasibət tamamilə dəyişdi.

Elxanlılar (Hülakülər) dövründə Osmanlılar da, Kastamonuda hakimiyyətdə olan Çobanoğulları (Çobanilər) da, Konya Səlcuqluları da onlardan asılı idilər və bütün imperiyanın hər bir əyaləti kimi Türkiyə də Təbrizdən idarə edilirdi. Onlardan sonra hakimiyyətə bir müddət Çobanlılar sahib oldular, amma bu uzun sürmədi və  Azərbaycandan idarə edilən, yəni Azərbaycan imperatorluğuna daxil olan bütün torpaqlar digər türk torpaqları kimi Əmir Teymurun əlində keçdi. Çingiz xandan sonra ilk və son dəfə məhz Əmir Teymurun dövründə Turan elləri bir bayraq altında birləşdi və bu böyük hökmdarın ölümü ilə hər şey bitdi.

 

Advertisements
Bu yazı Dilçilik, Fəlsəfə, Tarix, Ədəbiyyat kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma