ATROPATENA (AZƏRBAYCAN) DÖVLƏTİ

Bəxtiyar Tuncay

(“Azərbaycan İmperatorluğu” kitabından bir parça)

Fars – Əhəməni imperatorluğu e.ə 331 – ci ilə qədər davam etdi və həmin il böyük İskəndər bu dövlətə son qoydu. Dövlətin bütün ərazisi makedoniyalıların əlinə keçdi. Strabonun yazdığına görə, yaranmış situasiyadan yararlanan Atropat (antik müəlliflər onu belə adlandırır, əsil adı məlum deyil) adlı yerli bir feodal e.ə lV əsrin sonlarında Azərbaycanın Kürdən cənubdakı ərazilərdə tam müstəqil siyasət yeridən bir dövlət qurmağa nail olur. Antik mənbələrdə adı Atropatena, fars, erməni və Suriya mənbələrində Aturpatakan, türk və ərəb  mənbələrində isə Azərbayqan və Azərbaycan kimi çəkilən və son şəkli ilə dövrümüzədək ulaşan bu dövlətin adının mənşəyi barədə bir çox fikirlər söylənilsə də, mütəxəssislər arasın-da yekdil bir fikir yoxdur. Bizə Azərbaycan tarixçisi Fəzlullah Rəşidəddinin “Cəmi ət – Təvarix” əsərində irəli sürdüyü etimilogiya daha ağlabatan görünməkdədir:

“Orada olarkən bir gün Oğuz xan əmr etdi ki, böyük bir təpə ucaltmaq üçün hər kəs özü ilə bir xərək torpaq gətirib bir yerə töksün. Öncə o özü xərəkdə torpaq gətirdi və tökdü. Bütün əsgərlər onun kimi etdilər və böyük bir təpə alındı. Ona Azərbayqan dedilər. Türkcə “Azər” uca, “bayqan” isə böyük və varlı adamlar ölkəsi deməkdir (Bu ölkə bu adla məşhurlaşdı və bu üzdən də bu gün Azərbaycan adlanır)”.

Elmi ədəbiyyatda yayğın olan bir yanlış konsepsiyaya görə, guya “Azərbaycan” adındakı “azər” hissəsi orta fars (Sasani) dilindəki “azər” (od) sözündən törəmişdir. Bu fikir həqiqətə uyğun deyil,  çünki “Azərbaycan” forması ərəblərdən sonra yayğınlaşmşdır. Fars Sasanilərin dövründə isə bu toponim “Aturpatakan” formasında yazılırdı.

Xatırladaq ki, bu ada hələ e.ə. Vlll – Vll əsrlərə aid mixi yazılarda “Andripatenu” formasında rast gəlinmişdir. Odur ki, bu adın guya Atropatın adından yarandığı barədə Strabonun fərziyyəsi həqiqətdən uzaqdır.

Strabon deyir:

“Midiya (Maday) iki hissədən ibarətdir. Birinə Böyük Midiya deyirlər, onun paytaxtı böyük və qüdrətli Ekbatan (Ögbatan, indiki Həmədan) şəhəridir (O, bu gün də Parfiya şahlarına paytaxt kimi xidmt edir və onların yay paytaxtıdar. Çünki Midiya soyuq ölkədir, qış paytaxtı isə Babil yaxınlığındakı Selevkiya şəhəridir).

İkinci hissə Atropaten Midiyasıdır. O öz adını ölkəsinin eynən Böyük Midiya kimi makedoniyalılardan asılı vəziyyətə düşməsinə imkan verməyən sərkərdə Atropatın adından almışdr. Həqiqətən də şah elan edilən Atropat öz iradəsi ilə bu ölkəni müstəqil etdi və bu gün də onun ailəsindən olanlar bu ölkəni irsən idarə edirlr. Onlar Ərməniyyə və Parfiya şahzadələri ilə evlənərək müstəqilliklrini davam etdirməyi bacarmışlar”.

Ümumiyyətlə, Strabon qədim yunan əfsanələrinə əsaslanaraq, bu tip fərziyyələr irəli sürməkdə usta idi. Əgər ona inansaq, Midiya adı da guya Medeyanın oğlu Medin adından yaranıb. Təbii ki, bu cür fikirlri ciddi qəbul etmək mümkün deyildir. Üstəlik də Strabondan fərqli olaraq, Polibi Atropatenanın (Azərbaycanın) hələ Əhəmənilər dövründən müstəqil siyasət yürütdüyünü bildirir. Yəni bu ölkə Atropatdan öncə də bu adla tanınırdı və onun müstəqillik qazanması heç də Atropatın adı ilə bağlı deyildi və o, sözügedən müəllifin sözlərinə görə, İsgəndərin nəzərindən kənarda qalmışdı.

Azərbaycan tarixşünaslığında qəbul edilmiş fikrə görə, Atropat hələ Əhəmənilər dövründə Kiçik Midiyanın satrapı, yəni canişini idi və İsgəndər fars – Əhəməni hakimiyyətinə son qoyduqdan sonra Atropat bu ölkəni müstəqil elan etmişdir. Üstünlük, təbii ki, Strabonun söylədiklərinə verilir. Polibiyin söylədikləri isə diqqətə alınmır. Pompey Troqun söylədiklərindən belə çıxır ki, onu Kiçik Midiyaya hakim vəzifəsinə makedoniyalılar təyin etmişlər. Lakin o, ölkənin adının Atropatın adından törədiyini söyləmir.

Hər halda fakt budur ki, Əhəməni şahlarının hakimiyyəti altında olan ölkələr sırasında bu dövlətin adına rast gəlinmir. Bu faktı həm o dövrdə Atropatena adlı ölknin hələ yaranmadığı, həm də müstəqil olduğu üçün bu siyahıya düşmədiyi kimi yozmaq olar. Ola bilsin ki, fars Kir hiylə ilə Maday (Midiya) imperatorluğunun başına keçəndə həmin ərazinin (Andripatanu – Atropatena – Azərbaycan) hakimi farslara tabe olmaq istəməmiş və Madayın bu hissəsi (Kiçik Midiya) müstəqil dövlət kimi fəaliyyət göstərmişdir. Sonralar tarixi şəraitdən, yəni İsgəndərin fars imperatorluğuna son verməsindən sonra ərazilərini bir neçə dəfə böyüdə bilmişdir.

Azərbaycan ərazisində türk dövlətçilik tarixinin kökləri 5000 il öncələrə qədər uzansa da, sırf Azərbaycan dövlətinin tarixini Atropatena dövlətinin tarix səhnəsinə çıxması dövründən (e.ə. lV əsr) hesablamaq daha doğru olar. Lakin fakt budur ki, bu dövlət özündən əvvəlki türk dövlətlərinin (Aratta, Mahan – Manna, Kimmer – İskit – Sak, Maday), ilk növbədə də Maday (Midiya) dövlətinin birbaşa varisi idi və onun zəngin ənənələri üzərində ucalmışdı. Elə bu səbəbdən də mənbələrdə o, bəzən “Kiçik Midiya” da adlandırılır. Dövlətin paytaxtı Qazax (antik mənbələrdə Qazaka) şəhəri idi. Bu şəhərin indiki Qazax rayonuna yaxın bir yerdə (Sarıtəpə ərazisində) yerləşdiyini ehtimal edirik. Lakin bu, ölkənin yay paytaxtı idi, qış paytaxtı isə Strabonun Vera kimi qeyd etdiyi Bərdə idi:

“Onların yay paytaxtı düzənlikdə yerləşən Qazaka (Qazax), şimal paytaxtı isə parfiyalılara qarşı yürüş sırasında Antoninin mühasirədə saxladığı möhkəm divarlı Vera (Bərdə) qalasıdır. Antonini parfiyalılara qarşı yürüş zamanı müşayiət edən dostu Dellinin yazdığna görə, bu qala Ərməniyyəni Atropatenadan ayıran Araz çayından 2400 stadiya məsafədə yerləşir.”

Yeri gəlmişkən qeyd edək ki, X əsr ərəb müəllifi Kudama da Bərdədən Azərbaycanın paytaxtı kimi söz açmışdır. Əlbəttə, bu deyilənlər bir çoxlarına qəribə görünə bilər, çünki əski rus – sovet tarixşünaslığının cızdığı sınırlardan hələ də kənara çıxa bilməyən Azərbaycan tarixşünaslığında qəbul edilərək möhkəmlənmiş fikrə görə, guya Atropatena Arazdan cənubda mövcud olmuşdur. Əlbəttə ki, bu kökündən yanlış fikirdir. Məsələ burasındadır ki, Polibinin yazdığına görə, Atropatenanın (Azərbaycanın) bir hissəsi Fazisdən (Gürcüstandakı Rioni çayı) yuxarıda Pont (Qara dəniz) dənizinə, digər hissəsi isə Qirkan (Xəzər) dənizinə qədər uzanırmış:

“…Bu sonuncu (Atropatena şahı Artabazan) bütün hökmdarlar içərisində ən qüdrətlisi və ən müdrükü hesab edilirdi, atropatenalılar və qonşu xalqlar  üzərində hökm edirdi… Qərar qəbul edildikdən sonra  ordu dağları aşaraq Artabazanın Midiyanın qonşuluğunda yerləşən, ondan ortadakı dağlarla ayrılan, Fasidadan (Fazis, Gürcüstandakı Rioni çayı) yuxarıda yeləşən hissəsi Pont (Qara dəniz) üzərində yüksələn, digər hissəsi isə Qirkan (Xəzər) dənizinə  qədər uzanan ölkəsinə soxuldu. Bu ölkənin sərhədləri içərisində döyüşkən və özü – özünü at və müharibədə lazım olan digər şeylərlə təmin edən xalq yaşayır. Bu şahlıq hələ farslarn dövründə mövcud idi və İskəndərin dövründə o diqqətdən kənarda qalmışdı.”

Gördüyümüz kimi, Polibi ilə Strabonun sözləri bir – birini tamamlayır. Halbuki, onlar ayrı – ayrı dövrlərdə yaşamışlar. Onlardan birincisi təqribən e.ə. 205 – 123 – cü illər arasında, ikincisi isə e.ə. l əsrin sonları – b.e. l əsri arasında yaşamışlar. Elə çıxır ki, Atropatenanın ərazisi Arazdan şimalda da geniş torpaqları əhatə etmişdir. Görünür, elə bu səbəbdən də Avropada Don Juan adı ilə tanınan, şah Abbas dövründə Azərbaycanın İspaniyadakı səfiri olmuş Oruc bəy Bayat öz kitabında Atropatenanın adını çəkərkən, Şirvan ərazisini onun sərhədləri içərisində göstərmişdir:

“…Bu gün Gürcüstan adı ilə tanınan ölkə əvvəllər İberiya adlanırdı… Şərqdə o, indi Şirvan əyaləti adlanan Midiya Atropatenası ilə həmsərhəddir.”

Maraqlıdır ki, orta əsr Avropa səyyahları da əski ənənələrdən çıxış edərək, Quzey Azərbaycandan Midiya (Maday) kimi söhbət açmışlar. Məsələn, Ambrozio Kontarini, Antoni Cekinson və s. Şirvan və Muğanı Midiya kimi təsvir etmiş, Artur Eduards və Larens Çempen Şamxını Midiyanın ən gözəl şəhəri kimi vəsf etmişdilər. Görünür, Manna kimi Midiya da, iddia edilənin əksinə olaraq, müəyyən dövrlərdə Güney Azərbaycanla yanaşı Quzey Azərbaycan ərazilərini də əhatə etmiş və Maday (Midiya) dövləti iki yerə parçalanarkən bu ərazilər Atropatenanın tərkibinə keçmişdir.

Sasanilər dövrünə aid, müəllifi bilinmyən, şərti olaraq “İran şəhərləri” adlandırılan bir əsərdə Əfrasiyabın (Alp Ər Tonqanın) Gəncə şəhərinin əsasını qoyması qeyd edilir və bu şəhərin Aturpatakanda (Atropatenada), yəni Azərbaycanda yerləşdiyi qeyd edilir. Erməni (hay) tarixçisi Favst Buzand da Gəncədən (Qandzak) “Aturpatakan” şəhəri kimi söz açır. Eyni zamanda, Dərbənd qalasnda Sasanilər dövründə orta fars dilində qeyd edilmiş bir yazıdan isə belə anlaşılır ki, həmin dövrdə Dərbənd bu ölkənin şimal – şərq sərhddini təşkil etmişdir. Yəni Albaniya ərazisi də “Aturpatakan” (Atropatena, Azərbaycan) anlayışına daxil olmuşdur. Söhbət Vl əsrə aid edilən yazılardan gedir.

Dərbənd qalası üzərində qeyd edilmiş bu yazılar barədə ilk dəfə l Pyotr dövründə Dmitri Kantemir məlumat vermişdir. 1928 – ci ilə qədər 20 belə yazı aşkar edilmişdir. Onlar 1929 – cu ildə Y.A. Paxomova tərəfindən nəşr edilmişdir. Onları oxuyan Q. S. Niberq belə bir informasiyaya rast gəlmişdir:

“Buranı və buradan yuxarı hissəni Aturpatakan amakarı (canişini) yerinə yetirmişdir,”

Atropatenanın yarandığı andan Araz çayının hər iki tərəfini, yəni həm Şimali, həm də Cənubi Azərbaycan ərazilərini əhatə etdiyini 1982 – ci ildə Moskvada işıq üzü görmüş “Qədim dünya tarixi” (История древнего мира. Расцвет древних обществ) kitabında yazılanlar da təsdiqləməkdədir

Son 200 ildə, xüsusən də sovet dövründə rus siyasətçilərinin Güney Qafqazı və Rusiyanın ən azı Avropa hissəsini türklərdən və müsəlmanlardan təmizləməyi və bu əraziləri xristianlaşdırmağı hədəfləyən gizli geosiyasi məqsədlərinə uyğun bir şəkildə tarixi məqsədyönlü şəkildə təhrif etməklə məşğul olan rus tarixçilərinin Atropatenanı Arazdan cənubda göstərməsinin əsas səbəblərindən biri Azərbaycan əraziləri hesabına rusların dəstəyi ilə qurulan qondarma xristian Ermənistan və Gürcüstan “dövlət”lərinin mövcudluğu üçün “elmi” (ideoloji) zəmin yaratmaq idi. Elə bu məqsədlə də türklərin köçəri olduqları və Güney Qafqaza çox – çox sonralar kənardan gəldikləri barədə yalançı konsepsiyalar dövriyyəyə buraxılmışdı. Bu konsepsiyalara qarşı çıxanlar təqib və təzyiqlərə məruz qalır, bir çox hallarda isə “pantürkist” adı ilə damğalanaraq həbsə atlır və məhv edilirdi. Buna paralel olaraq Ermənistan və Gürcüstandan, o cümlədən hələ də əhalisinin böyük əksəriyyətini türklərin təşkil etdiyi İrəvan və Tiflisdən türklərin Orta Asiyaya kütləvi surətdə köçürülməsi gerçəkləşdirilirdi.

Bu proses əslən gürcü olan Stalinin hakimiyyəti dövründə xüsusi amansızlqla həyata keçirilirdi. Bu tiran Hitlerə yazdğı və bu yaxınlarda üzə çıxan gizli məktubunda bildirirdi ki, onun məqsədi təkcə Qafqazı deyil, eləcə də Türkiyəni türklərdən təmizləmək və bütün türkləri Orta Asiyaya göndərməkdir. Məhz onun dövründə Krım tatar türklərindən, Quzey Qafqaz isə qaraçay – balkar türklərindən, eləcə də müsəlman çeçenlərdən təmizlənmiş və bu xalqlar toplu halında Orta Asiyaya sürgün edilmişdilər.

Eyni konsepsiya İranda da həmişə akual olub. Fars şovinisləri də həmişə iddia ediblər ki, guya “Azərbaycan” adı İranın şimal – qərb bölgələrinin adıdır və Şimali Azərbaycana heç bir dəxli yoxdur.

Siyasi məqsədlərlə Atropatenanın Arazdan cənubda göstərilməsinin bir səbəbi də növbə ilə Qarabağı, ardınca isə bütün Kür – Araz ovalığını türklərdən təmizləyərək ermənilərə hədiyyə etmək idi. Madam ki, Atropatena, yəni Azərbaycan Arazdan cənubda yerləşmişdir və antik müəlliflər Araz çayının Ərməniyyə (Ermənistan) ilə Atropatena (Azərbaycan) arasında sərhəd olduğunu, Albaniyanın isə Kürdən şimalda yerləşdiyini söyləmişlər, o zaman Kür – Araz ovalığının “Ermənistan” olduğu heç bir şübhə oyatmayacaqdır. Buna paralel olaraq erməni (hay) tarixçilərinə (M. Çamçayan, M. Kanayan, M. Barxudaryan, Y. Manandyan, Q. Kapantsyan, S. Yeremyan, B. Ulubabayan, A. Mnatsakanyan, A. Xaçatryan, Ş. Smbatyan, A. Akopyan, N. Adonts, S. Ter – Avatesyan və s.) sözügedən ərazilərin guya “Ermənistan” olduğunu “sübut” etmək üçün yaşıl işıq yandırıldı. Bu işdə onlara rus almləri də (N. Piqulevskaya, K. Trever və s.) əllərindən gələn köməyi edirdilər. Bu barədə bir qədər sonra söhbət açacağıq.

Atropatenanın (Azərbaycanın) paytaxtının adının Qazax olması türk – qıpçaq soyunun bu torpaqlarda ən qədim zamanlardan oynadıqları möhtəşəm rolun  göstəricisidir. Qədim qıpçaq soylarından olan qazaxların adı əski mənbələrdə bəzən sarmatların bir qolu (Sarmat – kezeklər) kimi, bəzən isə müstəqil bir türk boyu (kasoq) kimi çəkilir. İndiki Qazaxıstanın əsas yerli türk əhalisi, yəni qazaxlar, eləcə də XVlll əsrdən etibarən slavyanlaşaraq ruslaşan, fəqət özlərinin türksoylu olduqlarını günümüzədək unutmayan kazaklar bu qədim boyun birbaşa davamıdır. Qiyasəddin Qeybullayevin əski mənbələrə istinadən yazdığına görə,  Albaniyanın (Aranın) Girdman vilayətinin ilk sakinləri albanlar, saklar, kəngərlər və qazaxlar olmuşlar. Alim bildirir ki, bu bölgədə Qazax şəhərinin olduğu da mənbələrdən məlumdur.

Məlumat üçün bildirək ki, hələ sovet dövründə Qazax rayonu ərazisində aparılmış qazıntılar zamanı qədim Qazaka (Qazax) şəhərinin, yəni Atropatenanın paytaxtının qalıqları (saray və sütun altlıqları) tapılmışdı.

Ümumiyyətlə, ölkə əhalisinin əsasını türkdilli kuti (oğuz), iskit (işquz, İç oğuz), sak, maday, sarmat, kuman, subar və digər soy və boyların nəsillərinin davamı olan türklər təşkil edirdi. Aparıcı etnos isə o dövrün mənbələrində, yəni antik qaynaqlarda “uksi” kimi qeyd edilmiş oğuzlar idi. İqrar Əliyev özünün “Midiya tarixi” kitabında uksilərin oğuzlar olduqlarını qeyd etməsə də, Atopatenanın əsas əhalisinin bir hissəsinin uksilər olduğunu vurğulamışdır. Eyni müəllif Atropatena əhalisinin guya əsasən irandilli olduğu bardə söylənilən fikirlərin əsassız olduğunu da qeyd etmişdir. X əsr ərəb müəllifi Əl – İstəhri də Xəzərin qərbində yerləşən düzənlikdə, yəni Azərbaycanda oğuzların (ğuzların) yaşadığını yazmışdır.

Antik müəlliflərin məlumatlarından çıxış edən İqrar Əliyev Atropatenanın əsas etnuk qruplarından  söz açarkən, uksulərlə (oğuzlarla) yanaşı kərkilərin (karklar) də adını çəkmişdir. Azərbaycan toponimikasında özlərini əbədiləşdirən kərkilərin adına Naxçıvandakı Kərki , Qazax rayonu ərazisindəki Kərki – Başlı, Qarabağ ərazisindəki Kərki – Cahan kəndlərinin və s. adlarında rast gəlirik. Türkdilli kərkilər türkmnlərin və özbəklərin də içərisində qeydə alınmışdır. Bu barədə N. Aristov özünün “Türk tayfa və xalqlarının etnik tərkibi və sayı barədə qeydlər” və S. Şaniyazov özünün “Özbəklərin etnik tarixi bardə” adlı əsərlərində məlumat verməkdədirlər.

Bir sözlə, Atropatena bir türk ölkəsi, bir türk vətəni idi. Təsadüfi deyil ki, professor Helmoltun ümumi redaktəsi altında 120 tarixçi alimin birgə yazdığı “Ümumi bəşəriyyət tarixi” əsərinin ll cildində, Atropatenaya, yəni Azərbaycana həsr edilən bölümdə belə deyilir:

“Tarixin göstərə bilmədiyi məchul bir zamandan bu yerlərdə başdan-başa türklər yaşamaqdadır.”

Eyni fikri bir çox başqa qaynaqlar da təsdiqləyir. Məsələn, Übeyd ibn Şəriyyə əl-Cürhuminin Vll əsdə qələmə aldığı “Xəbərlər”əsərində yazılır ki, xəlifə l Müaviyə Azərbaycanın işğalı ərəfəsində ordu komandanından Azərbaycan barədə nə bildiyini soruşmuş, o da cavab vermişdir ki, Azərbaycan ən qədimdən türklər ölkəsidir və orada türklər yaşayır. 1126 – cı ildə tərtib edilmiş, müəllifi bilinməyən farsca bir tarix əsərində isə Himyar şahlarından Rəişəyə istinadən bildirilir ki, Azərbaycan ən qədim zamanlardan türklərin əlində olan ölkədir. Bununla belə, Strabonun yazdqlarından belə anlaşılır ki, Atropatenanı (Azərbaycanı) Böyük Midiyadan ayıran və onu əhatələyən dağlarda irandilli kürdlər, təbərilər və amardlar da yaşayırdılar:

“Bu ölkənin (Atropatenanın) bütün bölgələri məhsuldardır, şimal dağlıq əraziləri isə soyuq və sərtdir. Burada dağlı tayfalar – kaduslar (mütəxəssislər bu xalqı talışların ulu babası hesab etsə də, bunu sübut etmək üçün heç bir ciddi dəlil gətirə bilmirlər), amardlar, tapirlər (təbərilər, mazandaranlıların əcdadları), kirtlər (kürdlər) və digər avara və quldur xalqlar yaşayır. Onlar Zaqr və Nifatu dağlarında məskundurlar: kirtlər və amardlar Persidada (axı, amardlar həm də bu adı daşıyırlar), eləcə də bugünə qədər Ərməniyyədə də (Van gölü və ərafı) vardırlar. Bu insanların hamısı xarici görkəmcə eynidirlər.”

Gördüyümüz kimi, Atropatenanın sərhədlərindəki dağlarda mədəni səviyyəsi çox aşağı olan yarıvəhşi, Strabonun dili ilə desək, “avara” və “quldur” irandilli xalqlar da yaşayırdılar. Onlar azsaylı idilər və ictimai – siyasi həyatda heç bir önəmli rola sahib deyildilər.

Talış, kürd və bu gün tat adı ilə tanıdığımız amardlar (parslar)  günümüzədək Azərbaycanda, yüzillər öncə olduğu kimi, yenə də dağlıq və dağ- ətəyi ərazilərdə yaşamlarını davam etdirirlər. Onların içərisində mazandaranlıların əcdadı olan təbərilərin (tapirlərin) də qeyd edilməsi sübut edir ki, Strabonun dövründə Atropatenanın sərhədləri Mazandarana (əski Təbəristan) qədər uzanırdı. Bu isə o deməkdir ki, Gilan bütünlüklə ölkəmizin sınırları içində idi (Gilan ərazisi 1945 – 1946 –cı illərdə Cənubi Azərbaycanda mövcud olmuş Azərbaycan Demokratik Respublikasının da tərkibində idi). Bu fikri İbn Hövqəlin cızdığı Xəzər dənizinin xəritəsi də təsdiq edir. Bu xəritədə Dağastanın böyük hissəsi, o cümlədən Dərbənd və Gilan da daxil olmaqla, Xəzərin şərq və cənub – şərq sahil zolağı Azərbaycana aid edilmişdir.

Mənbələr kaspi və maqlardan (maq, mik, muğ) da Atropatena sakinləri kimi danışmaqdadır. Bunlardan birincisi, heç şübhəsiz ki, türk idi. Maqların da türk olduğunu söyləyən tədqiqatçılar az deyil. Fəqət bu,  hələ tam sübut olunmamışdır. Maqların atəşpərəst olduğunu təsdiq edən təkzibedilməz sənədlər var.

İrandillilərin Manna və Midiya, yəni Azərbaycan və bugünkü İran ərazisinə e.ə. X-lX və sonrakı əsrlərdə gəldiklərini tam əminliklə söyləmək olar. Bu məsələ tədqiqatçıları daim maraqlandırmış və bir çoxları kimmer, iskit, sak və madayları irandilli hesab etdiklərindən onların adının mixi yazlarda ilk dəfə peyda olduğu e.ə. lX – Vlll əsrləri irandillilərin sözügedən ərazidə peyda olma tarixi kimi qəbul etmişlər. Belə bir fikir formalaşmşdır ki, guya irandilli xalqlar indiki İranın şimal – qərb rayonlarına, eləcə də Azərbaycan ərazisinə e.ə. lX əsrdə indiki Rusiya ərazisindən, daha dəqiq desək, Quzey Qafqzdan gəlmişlər. Bu halda ilk növbədə kimmer – iskit – saklar nəzərdə tutulur. Biz isə adı çəkilən xalqların türksoylu olduqlarnı və türksoyluların sözügedən bölgələrin aborigenləri olduqlarını dəqiq bilirik. Eləcə də onu da bilirik ki, qısa və girdə başlı irandillilərdən fərqli olaraq həm kimmerlər, həm iskit və saklar, həm də madaylar, eləcə də onların sələfləri kuti, turuk, subar və  kuman uzun başa sahib kaspi (oğuz) irqinə mənsub idilər. Arxeoloji qazıntılar nəticəsində məlum olmuşdur ki, qısa, girdə başlı və gödək boylu irandillilər bu ərazilərə e.ə. lX – Vlll əslərdən gəlmişlər. Elə həmin əsrlərdən də mənbələrdə parsua (fars) və kirt (kürd) etnonimləri peyda olmuşdur. Daha sonrakı mənbələrdə isə tiberlər (təbərilər, mazandaranlıların əcdadları), amardlar, anariaklar (Strabon onları da pars, yəni fars adlandırır) və kadusilərin (talışların əcdadları?) də adına da rast gəlirik.

İrandillilərin Azərbaycan və indiki İran ərazisinə gəlmə tarixlərinin müəyyən edilməsi məsələsi barədə bir çox Avropa və rus alimləri fikir söyləmişlər. Bu baxımdan F. Şpigel, Y. Praşek, F. Köniq, V. Hinz, E. Meyer, C. Kameron, İ. Dyakonov, İ. Əliyev, E. Qrantovski, M. Dandamayev, V. Abayev, V. Lukonin və başqalarını göstərmək olar.

XX əsrin ortalarına qədər alimlrin bir çoxu, o cümlədən E. Meyer, C.Kameron, İ. Dyakonov və İ. Əliyev belə hesab edirdilər ki, irandillilərin ata yurdu Mərkəzi Asiya və ona bitişik ərazilər olmuşdur və e.ə. lX – Vlll əsrlərdə onların Midiya ərazisinə axını başlamışdır. F. Köniq və V. Abayev isə irandillilərin ata yurdlarını Cənubi Rus düzənliyində (Dəşti – Qıpçaq) axtarmaq lazım olduğunu söyləmiş və onlarn indiki İran ərazisinə şimaldan gəldiklərini iddia etmişlər. Onlar öz fikirlərini R. Qrişmann apardığı arxeoloji qazıntıların nəticələri ilə əsaslandrmağa çalışmışlar.

Bütün bu fikirləri təhlil edən və deyilənləri mixi yazılarn məlumatları ilə tutuşduran E. Qrantovski bildirmişdir ki, Qafqaz nəzəriyyəsi Mərkəzi Asiya nəzəriyyəsinə nisbətən daha inandırıcı görünsə də, bu nəzəriyyəni hələlik sübut edilmiş hesab etmək mümkün deyildir. Onun fikrincə, e. ə. lX – Vlll əsrlərdə Qərbi İran, o cümlədən Midiya ərazisində peyda olan irandilli tayfalar bu ərazilərin həyatında indiyə qədər düşünüldüyündən daha fəal rol oynamışlar.

Öncələr Qrantovskiyə müxalif mövqedən çıxış edən İ. Dyakonov və İ.Əliyev sonralar bu alimin irandillilərin Midiya və İran ərazilərinə gəlmə tarixlərini daha doğru dəqiqləşdirdiyini etiraf etmiş və bunun e.ə. lX əsrdən gec baş vermədiyi fikrinə şərik çıxmışlar. Alimlərin bu fikirdə həmrəy olmalarının əsas səbəbi aşşur mixi yazılarında söylənilənlərdir.

Farsların (pars, pers) adına mixi yazılarda ilk dəfə Aşşur şahı lll Salmanasarın e.ə. 843 – cü ildə tərtib edildiyi edildiyi hesab edilən kitabəsində rast gəlinməkdədir. Daha doğrusu, həmin kitabədə Parsua vilayətinin adı çəkilir. M. Dandamayev və V. Lukonin “Qədim İranın mədəniyyəti və iqtisadiyyatı” adlı kitabda yazırlar:

“843 – cü ildə bu əyalətin “27 çarı”ndan vergi almışlar. Yaxın zamanlara qədər alimlər belə hesab edirdilər ki, Parsua Urmiya gölü yaxınlğında yerləşirdi. Lakin mütəxəssislərin – arxeoloq və tarixçilərin yekdil fikrinə görə, Parsuada fars  (pars, pers) tayfaları yaşayırdılar və əyalət də öz adını onların adından almışdır. Farslar hələ birləşməmişdilər və başlarında duran və bir – biri ilə əlaqəsi olmayan ayrı – ayrı tayfa başçıları tərəfindən idarə edilirdilər. Bir qədər sonra isə, yəni e.ə. Vlll əsrin sonlarında aşşur mətnlərində indiki Süleymaniyyədən şərqdə, yəni Elamdan şimal – qərbdə Parsuamaş adlı əyalətin adı peyda oldu. Belə düşünülür ki, təqribən e.ə. 800 – cü ildə farslar midiyalılardan aralanaraq,  uratuluların və mannalıların təzyiqləri nəticəsində cənuba – Zaqros dağları vadisinə, daha sonra isə tədricən cənub – şərqə hərəkət etməyə məcbur olmuşlar. E.ə. 714 cü ildə onlar artıq Aşşur şahı ll Sarqonun təbəələri kimi yad edilmişlər. Farslar tədricən İranın cənub –  qərbindəki Elam ərazisində məskunlaşdılar və bu ərazi gəlmələrin adı ilə Parsuamaş (…qədim fars mnmələrində Parsa, yunan müəlliflərində Persida, hazırki Fars ostanı) adlandırılmağa başlandı.”

Yuxarıda Strabondan gətirdiyimiz sitat bu deyilənləri təsdiqləməklə yanaşı, əslində farsların, daha doğrusu irandillilərin heç də hamısının Elam (Parsuamaş) ərazisinə köçmədiklərini, onların bir qisminin (kürd və amardların) Manna ərazisində, daha dəqiq desək,  Mannann Parsua (İran və İraq Kürdüstanları, eləcə də Cənub – Şərqi Anadolu, yəni əski Urartu – Ərməniyyə) əyalətində qaldıqlarını göstərir. Bu ərazi sonralar Midiya imperatorluğuna daxil olmuş, Midiyanın iki hissəyə parçalanmasından sonra əksər hissəsi Böyük Midiyanın, kiçik hissəsi isə Atropatenanın (Azərbaycan) tərkibində qalmışdı. Bu isə o deməkdir ki, Azərbaycan dövləti tarix səhnəsinə çıxanda Kürdüstanın bir qismi onun tərkibində olub. Sonralar, Ərməniyyənin Azərbaycanın tərkibinə keçməsindən sonra Van gölü və ətrafı da bu ərazilərə qatılmışdır.

Strabon Araz çayının Atropatenanı Ərməniyyədən (Armeniya, əski Urartu ərazisi) ayırdığını , Kür çayının isə Albaniyanın cənub və qərb  sərhədini təşkil etdiyini qeyd edir.  Əlbəttə ki, bu halda söhbət Araz çayının şimaldan cənuba doğru axdığı hissəsi, yəni Qərbi Azərbaycan (indiki qondarma Ermənistan) və Naxçıvanla Türkiyə arasından axan hissəsi nəzərdə tutulur. Bu is o deməkdir ki, həm Naxçıvan, həm də Qərbi Azərbaycan, yəni bugünkü qondarma “Ermənistan” ərazisi Azərbaycanın (Atropatenanın) tərkibində idi. Bunu ərəb mənbələri də təsdiq edir. Məsələn, Yaqut əl – Həməvi Naxçıvanla bağlı bunları yazmışdır:

“Naşava (Naxçıvan) Azəbaycandadır, bəziləri belə hesab edir, Ərməniyyənin yaxınlığında, Aranda yerləşir”.

Övliya Çələbi isə öz “Səyahətnamə”sində yazır:

“…Naxçvan Azərbaycan hüdudunda başqa xanlıqdır ki, xan çoxlu əsgərə sahibdir. Bu şəhəri qədim zamanlarda Əfrasiyab şah tikdirmişdir ki, indi də əcdadlarınn dəfn olunduğu yer açq – aşkar görünür”.

Ərməniyyənin yerləşdiyi Van gölü hövzəsi ilə Azərbaycanın həmsərhəd olduğunu X. F. Linç də təsdiqləməkdədir:

“Van gölü hövzəsi ilə Azərbaycan arasında keçən sərhəd xətti dağlıq yerlərdən çox, sözün əsl mənasında, təpəlik yerlrdən keçir.

Strabonun sözlərindən belə aydın olur ki, Sakasena (əski Zikertu) adlanan Kür – Araz ovalığı, deməli, həm də o cümlədən Gəncə şəhəri Azərbaycanın (Atropatenanın) tərkib hissəsi idi və Kür çayı onu Albaniyadan ayırırdı. Əlbəttə, Makedoniyalı İskəndərin və sələflərinin dövründə hələ Albaniya meydana çıxmamışdı və həmin ərazi Strabonun dövründə belə adlandığı üçün o da bu adı işlətmişdir. Həmin dövrdə Azərbaycanın Kürdən şimaldakı torpaqlarında hələ də massagetlər hakim idi və yenə də, fars – Əhəməni şahı Kirin dövründə olduğu kimi, başlarında başqa bir qadın hökmdar dururdu.

Strabonun yazdıqlarından belə görünür ki, müəyyən dövrlərdə Atropatenanın bir hissəsi, o cümlədən onun indiki Gürcüstanın qərbini əhatə edən və Qara dənizə çıxışı olan torpaqları Ərməniyyə tərəfindən işğal edilmişdi. Bu işğallar Artaşes və oğlu ll Tiqran dövründə baş vermişdi və nəticədə Atropatenadan işğal edilən torpaqlar hesabına Ərməniyyə Albaniya ilə həmsərhəd olmuşdu:

“Daha sonra söyləyirlər ki, əvvəllər balaca bir ölkə olan Ərməniyyə Artaksiy (Artaşes) və Zariadriyanın apardıqları müharibələr sayəsində genişlənmişdir. Onlar öncələr Böyük Antioxun (makedoniyalı şahlardan biri) sərkərdələri idilər və onun məğlub olmasından sonra şah oldular ( birincisi Sofenanın, Akisenanın, Odomantidanın və digər ərazilərin, digəri isə Artaksat ətrafının). Onlar qonşularının torpaqlarını zəbt edərək öz ərazilərini birlikdə genişləndirdilr. Belə ki, midiyalılardan Kaspiananı (indiki Gürcüstan ərazisindəki Kaspiana nəzərdə tutulur, bunu F. Ağasıoğlu sübut etmişdir), Favnitidadan Bosorpedanı, iberlərdən Pariadr dağının ətəklərini, Xoreznanı və Kür çayının o biri tərəfində yerləşən Qoqarenanı, xaliblərdən və mosineklərdən Karenitidanı və kiçik Ərməniyyə ilə həmsərhəd və onun tərkib hissəsi olan Kserksenanı, kataonlardan Akilisenanı və Antitavr ətrafında olan əyaləti, suriyalılardan Taronitidanı (əski oğuz yurdlarından biri kimi məşhur ölkə) qopardılar və bu üzdən də indi bütün bu ərazilərdə eyni dildə danışılır.”

Yuxarıda Starbondan gətirdiyimiz sitatda adları çəkilən və “bir dildə” danışdıqları qeyd edilən Ön Asiya xalqları içərisində kataonların, yəni xotənlərin də adının çəkilməsi böyük maraq çəkməkdədir. Belə görünür ki, bir hissəsi sakların tərkibində hələ eradan çox – çox öncəlr Hindistana, oradan Şərqi Türküstana (Xotənə), daha sonra isə indiki Monqolustan ərazisinə mühacirət edən və hazırda Monqolustanda yaşamaqda olan xotənlərin bir qismi əski yurdlarında qalmışdı. Onlar haqqında ilk məlumatı verən antik müəlliflərdən Hekatey olmuşdur.

Həmin dövrdə bu gün “erməni” kimi tanıdığımız haylar, ola bilsin ki, hələ Ərməniyyə ərazisinə gəlməmişdilər. Urartulular isə tarixin arxivinə mal olmuşdular. Görəsən, həmin dövrdə bütün bu ərazilərdə xalqlararası ortaq ünsiyyət vasitəsi kimi  danışılan “eyni dil” hansı olmuşdur?  Bir qədər sonra qüdrətli Parfiya dövləti haqqında məlumat verərkən görəcəyik ki, bu dövlətin rəsmi dili sak, yəni türk dili idi.

Qeyd edək ki, işğalların ən intensivləşdiyi dövrlər eramızın l əsrinə, yəni Armeniya çarları Artaşesin və onun oğlu Tiqranın hakimiyyəti illərinə təsadüf etmişdir. Strabon davam edir:

“Artaksinin (Artaşesin) varisi Ərməniyyə üzərində gerçək hakimiyyət quran Tiqran idi. Bu ölkənin Midiya, Albaniya və İberiya ilə Kolxida və Evksin Pontundakı Kappodokiyaya qədər sərhəddi var. (Tiqran)… Atropatena və Qordiana (Kürdüsan) hökmdarlarını ram edib, Messopatamiyanın qalan hissəsini də fəth etdi.”

Bu məlumatdan göründüyü kimi, Tiqranın dövlətinin sərhədlrinin guya Xəzər dənizinə çatması barədə çağdaş erməni (hay) tarixçilərinin yazdıqları nağıldan başqa bir şey deyildir. Bununla belə həm Artaşesin, həm də Tiqranın böyük ərazilər işğal etdiyi şübhəsizdir.

Bunlardan birincisi Azərbaycanın Göyçə gölünə qədər olan torpaqlarını zəbt etmiş və hətta zəbt etdiyi torpaqlaraın sərhədlərinə xüsusi sərhəd daşları da basdırmışdı ki, onlardan ikisi dövrümüzədək ulaşmışdır və hazırda Rusiya muzeylərindən birində qorunan həmin daşların üzərindəki yazılar arami əlifbası ilə qeyd edilmişdir. Və o yazıların dili Aralıq, Qara və Xəzər dənizləri arasında danışılan ümumi dilin hansı dil olduğuna işıq tutur.

Böyük bir bölgədə bir çox xalqların danışdıqları dilin müəyyən edilməsi sahəsində görkəmli dilçi alimimiz Firidun Ağasıoğlunun ölçüyəgəlməz dəyərə malik, misilsiz bir kəşfinin böyük rol oynadığını xüsusi qeyd etməliyik. Söhbət Ərməniyyə məliyi   l Artaşesin (e.ə-189-160) sərhəd daşları üzərindəki yazıların oxunmasından gedir. Məlum olduğu kimi, Artaşes öncə Antioxun sərkərdələrindən biri idi və sonralar Parfiyanın vassalı qismində Ərməniyyənin məliyi (çarı) olmuşdur. Onun Araz yaxınlarında (Arazın qərb sahilində, indiki Türkiyə ərazisində) Artaşat şəhərini saldıraraq öz ərazilərinin paytaxtı etdiyi məlumdur. Korneli Tasitin yazdıqlarından belə məlum olur ki, ikiüzlü və dəyişkən ərməniyyəlilər çoxsaylı qarışıq evlənmələr səbəbiylə parfiyalılara yaxındırlar və azadlıq nemətini dadmadan onlara tabe olmağa meyl edirlər.

Görünür, bu meyl və yaxınlığın səbəb və nəticəsidir ki, l Artaşesdən dövrümüzədək gəlib çıxan sərhəd daşlarının üzərindəki yazılar türkcə, daha dəqiq desək, sak dilinin qərb (Parfiya) şivəsindədir. Həmin daşlar (biri bütöv, biri sınıq iki daş) XlX əsrdə Qərbi Azərbaycandan, Göyçə gölü yaxınlığından tapılmışdır. Rus alimlərinin “səylərinə” baxmayaraq, yazının birinci iki sözündən-Artaşesin adından (Artaxşsi) və sonrakı “məlik” (mlk) sözündən başqa digər sözlərinin mənasını tapmaq mümkün olmamışdı. Yəni yazının arami əlifbası ilə yazıldığı müəyyənləşdirilsə də və onun səslənişi dəqiqləşdirilsə də, alimlər yazının məzmununu dərk etməmiş, fəqət tam qəti bir şəkildə onun erməni (hay) dilində olmadığı qənaətinə gəlmişdilər. Bu yazının dilinin urartu və sami dillərilə də heç bir bağlılığı yox idi. Hər iki daşdakı yazı eynidir və onların səslənişi belədir:

Artxşsi

mlkbryi

yritir

bundknxlt

Bütün sami əlifbalarında olduğu kimi, burada da saitlərin böyük əksəriyyəti qeyd edilməmiş, sözlər bir-birinə bitişik yazılmışdır.

Firidun Ağasıoğlunun oxumağa müvəffəq olduğu yazının mənası belədir:

Artxşsi (Artaşes) mlk (məlik) bryi (birəyi-ərazisi) yritir (yeridir). Bund (bunda-burada) knxlt (konxuldu-qonuldu,qoyuldu). Yəni bu sərhəd daşı bura Artaşes məliyin ərazilərinin sərhəddini göstərmək üçün qoyulmuşdur. Sözügedən yazıda “burada” əvəzinə “bunda”, qonuldu, qoyuldu anlamında isə “konxultu” formasının işlənmiş olması yazının dilinin qıpçaq türkcəsi olmasına dəlalət edir. Fikrimizcə, cənab Ağasıoğlu “bireyi” ifadəsini doğru tərcümə etməyib və bu kəlməni “şəxsi”, “özəl”, “fərdi” kimi ərcümə emək doğrudur. Məlumat üçün bildirək ki, “birey” sözü bu gün də Türkiyə türkcəsində həmin mənalarda işlənməkdədir.Yeri gəlmişkən, ola bilsin ki, bu daşlar heç də Ərməniyyə məliyinə yox, Artaxsi adlı hansısa yerli türk-alban və ya Midiya məliyinə aid olub. İndi bunu dəqiqləşdirmək mükün deyil.

Məlumat üçün bildirək ki, dövrümüzədək ulaşan Parfiya sikkələrinin üzərindəki yazılar da eyni əlifba ilə – 22 hərfli (saitlər işarə olunmurdu) arami əlfbası ilə yazılmışdır. Sonralar farslar (Sasanilər) bu əlifbanı parfiyalılardan qəbul edərək, öz dillərinə (orta fars, tat) uyğunlaşdırmışdılar. İrəlidə görəcəyimiz kimi, Parfiya əlifbası və yazı sistemi V əsrə qədər Albaniyada və Xəzər xaqanlığında keçərli olmuşdur.

Çox – çox sonrakı dövrlərdə Ərməniyyə (əski Urartu) ərazisinə köç edərək buranın türk, yəni sak əhalisinin tarixinə sahib çıxan erməni (hay) tarixçiləri Ərməniyyə əhalisinin tarixindən, ilk növbədə də onun türk mənşəli şahlarının şəcərəsindən danışarkən, eynən alban tarixçisi Musa Kağankatlı və Xəzər xaqanı İosif kimi, bu şəcərə ağacını türklərin ulu babası hesab edilən Yafəslə (Olcayla) başlamış, Toqarmanın da adını çəkməyi unutmamışlar. Mövzu ilə bağlı Firidun Ağasıoğlu haqlı olaraq yazır:

“Məsələn Ərmən ölkəsinə (Ərməniyyəyə) hayların (bugünkü ermənilərin) ilkin ata yurdu yox, ikinci ata yurdu demək olar… Nuh əfsanəsinin hay versiyasındakı “Yafet (Yafəs, Olcay) → Qamer → Tiras →Torqom (Toqarma) → Hayk” soy şəcərəsinin (Xorenatsi, l. Xll) haylardan əvvəl verilən boyların yerli miflərinə kökləndiyini düşünmək olar, belə ki, Haykın saqa (sak) boyları qamər, tiras və Xəzər xaqanı İosifin məktubundakı xəzər soykökü Toqarma (Torqom) boylarından sonra verilməsi də onu göstərir ki, haylardan qabaq Ərmən ölkəsində həmin türk boyları yaşamışlar”.

Hay (erməni) tarixçisi M. Xorenatsinin tarix kitabında Ərməniyyənin haylaraqədərki tarixi ilə bağlı aşağıdakı sözləri də çox maraqlıdır:

“Bizim ilk hökmdarımız, Varbak (Maday – Midiya hökmdarlarından birinin erməni – hay mənbələrindəki adıdır) tərəfindən təyin edilən Skayordinin (Skayordi hay – erməni dilində “sak oğlu” deməkdir) oğlu Paruyr  idi”.

M. Xorenatsinin sözlərindn belə məlum olur ki, Ərmniyyənin, yəni əski Urarunun midiya tərəfindən işğalından sonrakı hökmdarlar (məliklər) sülaləsi sak, yəni türk əsilli idilər. Eyni müəllifin Şərq ölkəsinin, Albaniyanın hökmdarı haqqında söylədikləri də diqqətəlayiqdir:

“Vağarşak Haykakın nəvəsi Paskamın soyundan qabarq cizgili sifəti, dik burnu, batq gözü, vəhşi baxışı, hündür boyu ilə seçilən, lakin idbar görkminə görə Angeğ – Tun adlanan Torku (Türkü) Şərq ölkəsinin hökmdarı təyin etdi. Əgər istəsən sənə onun haqqında ağlasığmaz hekayələr danışaram. Necə ki, farslar Saqcik Rüstmdə 120 fil gücü olduğunu deyirlər, Onun haqqındakı nəğməlrdə də elə igidlik və qoçaqlıqdan bəhs olunur ki,  bunları nə Samson, nə Herkules, nə də Saqcik haqqında demək olmur”.

Maraqlıdır ki, M. Xorenatsi həmin qəhrəmanlıqlardan söhbət açarkən Təpəgöz haqqında məşhur türk – oğuz mifini danışır. Çox güman ki, tarixçi bu halda e.ə Vll əsrdə baş vermiş hadisədən – Quzey Azrbaycanda Alp Ər Tonqanın başçlığı altında işkuzlarn (İç Oğuz) hakimiyyətinin bərqərar olmasından söhbət açmışdır.

Yeri gəlmişkən qeyd edək ki, erməni (hay) tarixçisi, Torkdan (Türkdən) danışarkən, Paskamın, yəni Pəşəngin, eləcə də Saqcik Rüstəmin adını da çəkir ki, bu da söhbətin Alp Ər Tonqanın şəcərəsindən getdiyini təsdiqləyir. Məsələ burasndadır ki, 1259 – cu ildə qələmə alınmış “Təbakəti – Nəsəri” adl əsərdə də bənzər şəcərənamə yer almaqda, orada Əfrasiyab adı altında Alp Ər Tonqadan da söz açılmaqdadır. Həmin kitabda deyilir ki, Əfrasiyab (Alp Ər Tonqa) Bəşəncin (Pəşəng, Paskam), Bəşənc Rüstəmin, Rüstəm isə Türkün oğludur.

M. Xorenatsinin sözügedən əsərində dolayısı ilə Alp Ər Tonqa ilə bağlı olan başqa bir türk mənşəli əfsanə də yer almaqdadır. Söhbət Altay türklərində “Alp Manaş”, özbəklərdə isə “Alpamış” adı ilə məşhur olan dastanın süjeti ilə üst – üstə düşən bir süjetdən gedir. Bu süjetdə əsərin qəhrmanı Majan adlanır. “Kitabi – Dədə Qorqud”un Bamsı Beyrəkdən söz açılan boyu ilə səsləşən həmin süjetin Altay və özbək süjetləri ilə eyniliyi məsələsinə ayrı – ayrı vaxtlarda V. Jimunskiy və M. H. Tantəkin toxunmuşlar. Eyni əfsanənin Firdovsi tərəfindən qeydə alınmış variantında (Bijən və Mənijə) həm Kiaksarın (Keyxosrov), həm də Alp Ər Tonqanın (Əfrasiyab) adına rast gəlinir.

Firdovsinin yazdığına görə, Ərməniyyə elçiləri Keyxosrovun yanına gələrək ölkələrini basmış donuz sürülərindən onları xilas etmələrini xahiş edirlər. Keyxosrov bu məqsədlə Bijəni Ərmniyyəyə göndərir. Gərgini ona bələdçi kimi qoşur. Ərməniyyəni düşdüyü fəlakətdən xilas edən Bijən Gərgidən Turan şahı Əfrasiyabın qızı, gözəllər gözəli Mənijə barədə eşidir və görmədən qıza aşiq olur. Onun ardınca Turana yola düşür. Burada Əfrasiyab onu zindana salır və Rüstəm gəlib onu xilas edənə qədər zindanda qalır. Bu müddətdə Mənijə ona həmişə baş çəkir. Sonda o, Mənijə ilə birlikdə öz ölkəsinə dönür.

Maraqldır ki, həm Musa Kağankatlı, həm Pamfila oğlu Yevseviy, həm Portlu İppolit, həm də hay (erməni) tarixçiləri türklərin ulu babası hesab edilən Yafəsin soyunun hakim olduğu ölkələrdən söz açarkən, Midiya, Atropatena və Albaniya ilə yanaşı Ərməniyyənin də adını çəkmişlər. Eyni fikrə dolayısı ilə Əl -İstəhridə (X əsr) də rast gəlirik:

“Azərbaycan, Ərməniyyə və Arranın dili ərəb və əcəm (Azərbaycan türkcəsi) dilləridir. Yalnız Dəbil şəhəri istisnadır. Orada və ətrafda erməni dilində danışırlar…”

Bəzi tədqiqatçılar buradakı “əcəm” (ərəb olmayan) sözünü “fars dili” kimi tərcümə etməklə mövzunu sapdırmağa çalışmışlar. Halbuki, ərəblər həm farslar, həm də azərbaycanlıları “əcəm” adlandırmışlar. Əcəmləri isə “fars əcəmlri” və “azəriyyə (Azərbaycan) əcəmləri” deyə bir – birlərindən fərqləndirmişlər. Bu məlumatdan göründüyü kimi, hətta X əsrdə Ərməniyyədə (Van gölü və ətrafı) türk dili əsas dil olmuş, erməni dilində isə sadəcə Dəbil və ətrafında danışılmışdır. Lakin Əl – İstəhrinin “erməni dili” kəlməsini hansı anlamda işlətdiyi məlum deyil. Çünki bu şəxs əsərinin başqa bir yerində ermənilərdən xəzərlərin bir qolu kimi söz açmaqdadır. Əgər bu halda haylar nəzərdə tutulmuşsa belə, onların sadəcə Dəbildə yaşadıqlarını tam əminliklə söyləmək olar. Fakt isə budur ki, Mahmud Kaşğarlının (Xl) xəritəsində bütün Qafqaz ərazisi “Dərbənd – Xəzəran” (Xəzərlər ölksi) kimi qeyd edilmiş, Azəbaycan isə həmin ərazidən cənubda göstərilmişdir. Bu xəritədə nə “Ərməniyyə”, nə də “Gürcüstan” adlarına rast gəlinmir. Anadolunun şərqində oğuz türklərinin bir boyu olan beçeneqlərin adı yazılmışdır.

Dəbil əski Ərməniyyənin tərkib hissəsi idi. Bütövlükdə Ərməniyyə bir türk dövləti idi. Erməni – haylar da bu ölkədə əhəmiyyətsiz bir azlıq kimi yaşayırdılar və təbii ki, onu öz ölkələri və dövlətləri sayırdılar. Tarix kitablarında da Ərməniyyəni öz ölkələri və dövlətləri adlandırmışlar. Lakin bu heç də o demək deyil ki, həmin dövlət bir hay dövləti idi. Necə ki, bu gün çukçalar vətəndaşı olduqları Rusiyanı öz dövlətləri hesab edirlər və rusiyalı adlanırlar, haylar da erməni, yəni ərməniyyəli adlandırılırdılar. Fakt isə budur ki, ermənilər özlərini “erməni” yox, “hay” adlandırırlar. Ölkələrinə də “Hayastan” deyirlər. Maraqlıdır ki, XX əsrin əvvəllərində Azərbaycan türkcəsində də ermənilərin yaşadıqları ərazilər “Ərmniyyə” və ya “Ermənistan” adı ilə deyil “Hayastan” adı ilə tanınmışdır. Bu baxımdan deyilənlərə ən gözəl sübut A. Abeeğyan adlı bir erməninin “İrşad” qəzetinin 27 fevral 1906 – cı il tarixli nömrəsində dərc edilən və Azərbaycan türkcəsində qələmə alınmış məqaləsidir:

“Tarix bizi bir böyük millət ilə birləşdiribdir. O da bizim babalarımızın xahişi ilə Rusiya dövlətindən ibarətdir ki, bizi dirilik zəmininə və siyasətinə və tayfamızın çoxalıb artmaq dərəcəsinə yetiribdir. Nə qədər Qafqaz sərhəddində və bizim Hayastanda (“Hayastanın” Qafqaz səhədlərindən kənarda göstərilməsi diqqətçəkicidir) onun hökuməti qaimdir, biz ümid edə bilərik ki, dirilik edib artaq. Hərgah məzkur hökumət məhv olsa, o vaxt hamımız yüz il bundan qabaqkı qaydaya düşər”.

Görünən budur ki, qədim ərməni xalqının adını (erməni) haylara siyasi məqsədlərlə ruslar şamil etmişlər, yalnız bundan sonra “erməni” etnonimi bizim dildə də rus dilinin təsiri ilə “hay” adının sinoniminə çevrilmişdir.

Ərməniyyə, Azərbaycan və Aranda eyni dildə danışıldığı barədə Əl – İstəhrinin dediklərini tanınmış türkiyəli alim Fuad Köprülünün sözləri də təsdiqləyir. Bu böyük alim tarixi Ərməniyyənin vaxtilə yerləşdiyi Şərqi Anadolunun şivəsi barədə yazmışdır:

“… Şərqi Anadolunun ədəbi dili, bu sahələr Osmanlı dövləti tərəfindən fəth edilincəyə qədər, Azəri ləhcəsi idi. Və indiyə qədər də həmin ərazidə Azərbaycan dili şivələri işlənir.”

Xll əsrdə qələmə alınmış müəllifi bilinməyən bir gürcü mənbəsində isə bunlar yazılmışdır:

“Qışı türklər…Tiflislə Bərdə arasında keçirirlər… Yazda isə onlar Somxet  və Ararat (Ağrı) dağlarına qalxırlar”.

Görkəmli dilçi alimimiz Firidun Ağasıoğlu uzunmüddətli araşdrmalardan sonra belə bir nəticəyə gəlmişdir ki, “ərmən” (armen, ermən) etnonimi indiki ermənilərə, yəni haylara şamil edilməmişdən öncə bu adı Ərməniyyənin əsas əhalisi olan türk mənşəli subarlar daşımışlar. O bu barədə “Azər xalqı” kitabında ətraflı məlumat verməkdədir.

Artaşesin sözügedən sərhəd daşlarının Göyçə yaxınlarından tapılması onu göstərir ki, l Artaşesin dövründə Qərbi Azərbaycanın Araz çayından Göyçə gölünə qədər olan hissəsi işğal edilmiş və həmin dövrdə Ərməniyyənin tərkibində olmuşdur. Hər halda, onun işğalçılıqla məşğul olduğunu Strabon da təsdiqləməkdədir. Artaşesin oğlu Tiqranın dövründə isə işğal edilən ərazilərin sayı özünün maksimum həddinə çatmışdı, fəqət bu, əhəmiyyətsiz dərəcədə qısa dövrü əhatə etmişdi. Artaşesin “məlik” titulu daşımış olması sübut edir ki, o da, oğlu Tiqran da, heç də erməni tarixçilərinin qələmə verdiyi kimi müstəqil çar olmamışlar. Məlik, yəni Parfiyanın vassalı olmuş və hər bir vassal kimi oğullarını parfiyalıların yanında əsir və girov qoymuşlar. Bu, sovet dövründə rus dilində dərc edilmiş “Qədim dünya tarixi” kitabında yazılanlardan da açıq-aydın görünməkdədir:

“Bu cür “çar”ların gerçək hakimiyyəti Parfiyadakı ümumi əhval-ruhiyyədən asılı olurdu. Əsirlikdə olan erməni şahzadəsi Tiqran onu Ermənistan taxtına oturdacağı təqdirdə Atropaten ərazilərindən Parfiyaya “70 dərə” verəcəyini vəd edərək ll Mitridatı razı sala bildi. E.ə. 95-ci ildə Tiqran Armeniya çarı oldu.”

Artaşesin yazısının dili sübut edir ki, türk dili, yəni sak dilinin qərb (Parfiya)

şivəsi həm Parfiya imperiyasının, həm də ondan asılı olan dövlətlərin, o cümlədən Ərməniyyənin  rəsmi dövlət dili olmuş və bu dilin yazısı üçün arami əlifbasından istifadə edilmişdir. Parfiya sikkələrinin üzərindəki yazılar da məhz eyni əifba ilə yazılmışdır. Sonrakı əsrlərdə fars – Sasanilər həmin əlifbanı parfiyalılardan cüzi fərqlə əxz etmişlər

Məlumat üçün bildirək ki, e.ə lV əsrin sonlarında bugünkü Türkmənistan ərazisində müstəqil Parfiya (Bardıq, Partı) dövləti yaranmışdı. Bu dövləti quranlar vaxtilə Alp Ər Tonqa tərəfindən Azərbaycan ərazisindən köçə zorlanan və uzun müddət sərgərdan həyat keçirdikdən sonra bugünkü Türkmənistandakı soydaşlarının himayəsinə sığınan saklar idilər. Onlara “pard” (türkcə “bardıq”, yəni sərgərdan, avara, qaçqın) deyirdilər. Məskunlaşdıqları ölkə də bu addan yaranmışdı – Bardıq (Partı, Parfiya, qaçqınlar ölkəsi). Yunanlar onu Partiya adlandırsalar da, bu ad rus elmi ədəbiyyatına, eləcə də rus ədəbiyyatı vasitəsi ilə Azərbaycan elmi ədəbiyyatına “Parfiya” kimi düşmüşdür və biz də, yanlış olmasına rəğmn, bu formanı işlətməyi lazım bildik. Sakları ümumiləşdirici adla iskit adlandıran Pompey Troq yazmışdır:

“…Belə ki, bütün dünyanı romalılarla öz aralarında ikiyə bölmüş və indi Şərq üzərində hökmranlıq edən partlar (parfiyalılar) iskit qaçqınlarının törəmələridirlər. Bu, onların adından da məlumdur, çünki iskit dilində pardı (bardıq) sözü qaçqınları bildirir.”

Başlarında, Strabonun yazdığına görə, oğuzların baranlu (parn) boyundan olan Arsakın nəsli dururdu və bu şah nəsli elə onun adı ilə də Arsaklar adlanırdı. Arsak ana tərəfdən makedoniyalıların hakimiyyəti dövründə Parfiyaya (Bardıq, Partı) təyin edilən əslən fars – Əhəməni soyundan olan hakimlər sülaləsi ilə qohum idi. Bu üzdən də Arsaklar özlərini siyasi məqsədlərlə Əhəmənilərin varisi kimi qələmə verirdilər. Məqsəd isə keçmiş Əhəməni imperatorluğunun bütün keçmiş ərazisinə hakim olmaq idi. Onlar buna çox qısa bir zamanda nail ola bildilər və Böyük Parfiya imperatorluğu qura bildilər. Arsaklar türk olsalar və türkcə danışsalar da, fars kültürünün güclü təsirinə məruz qalmışdılar və hətta fars adları daşıyırdılar. Saklar tez bir zamanda Parfiya, Midiya və Ərməniyyədə hakim duruma gələn bu sülaləyə çox bağlı və sadiq idilər. Sonralar isə onlar bütün indiki İran, Əfqanıstan, Türkmənistan, Özbəkistan, Tacikistanı, eləcə də İraqın Fəratdan şərqdəki hissəsini əhatə edən böyük imperatorluğa çevrildilər və Həmədanı (Ögbatanı) özlərinə paytaxt etdilər. Çox keçmədi ki,  massagetlərin, ardınca albanlarn da başına bu sülalənin nümayəndələri keçdilər. Arsaqların bir qolu da Ərməniyyə məliyi oldu.

Arsaklar sülaləsindən bir şahzadə olan peyğəmbər, filsof, rəssam və şair Maninin (lll əsr) dövrümüzədək gəlib çatmış şerlərinin dili bu qədim sülalənin danışdığı dil və ləhcə barədə tam bir təsəvvür yaradır:

“Tanq Tenqri kəlti,Tanq tenqri özi kəlti!

Tanq Tenqri kəlti,Tanq Tenqri özi kəlti!

Turunqlar, kamağ bəglər, kadaşlar,

Tanq Tenqriq ögəlim!

 ………………………………………………………

Körünüqmə Kün Tünqri,siz bizi küzədinq!

Körünüqmə Ay Tenqri,siz bizi kurtarınq!…”

Baranluların bir qismi əski Urartu ərazisində yaşayırdılar. Onların yaşadıqları Daru – Baran (Van gölündən cənubdakı torpaqlar) ölkəsi Otena, yəni udinlər ölkəsi (Araz çayının qərb sahili. Udinlər sonrakı əsrlərdə Azərbaycan ərazisinə köçmüşlər və bu günə qədər Oğuz – Qəbələ ərazisində yaşayırlar) ilə birlikdə Urartunun iki əsas əyalətindən biri idi. Fars hakimiyyəti illərində sözügedən ərazinin adı “Harmana” (Armeniya və Ərməniyyə sözləri buradandır) kimi dəyişdirilmişdi. “Urartu” qədim Elam dilində “Dağlıq ölkə” demək idi. Farslar bu adı eyni mənanı verən fars sözü ilə əvəz etdilər və beləcə, Urartu “Harmana” oldu. Yunanlar isə həmin sözü Armeniya kimi tələffüz etdiklərindən ölkənin adı daha çox Armeniya, ərəblərdən sonra isə Ərməniyyə kimi tanınmağa başlamışdı. Söhbət Şərqi Anadolunun Van gölü ətrafındakı ərazilərdən, başqa sözlə, qədim Urartu ərazisindən gedir.

Saklar Azərbaycanın şimalından məhz həmin əraziyə qovulmuşdular. Oralar isə o dövrdə madayların əlində idi. Maday hökmdarı Kööskara (Kiaksar, Keyxosrov) onlardan olan, erməni mənbələrində Skaordi oğlu Paruyr, yəni Sakoğlunun oğlu Paruyr (Börküyaruq?) adlandırılan bir zadəganı həmin ərazilərin hakimi təyin etmişdi. Onun nəsli öncə madaylara, sonra farslara, daha sonra isə makedoniyalılara tabe olmuş və ölkə üzərində hakimiyyətlərini qoruya bilmişdilər.

Adı çəkilən dövlətlərdən Parfiya dövləti tez bir zamanda çox böyük güc və qüdrət sahibinə çevrildi və artıq qeyd etdiyimiz kimi, qısa bir zaman içində genişləyərək, keçmiş fars-Əhəməni ərazilrini əhatə etməyə başladı. Həmədanı özlərinə paytaxt edən Parfiya imperatorluğunun başında baranlu boyuna mənsub Arsaklar soyu durmaqda idi. Roma imperatoruğu ilə yanaşı dünyanın iki supergücündən biri halına gələn türk-Arsaqlar imperatorluğu, rəqibi Roma ilə İraq və Suriya uğrunda qanlı müharibələrə girişdilər. Həm Atropatena, həm Albaniya, həm də Ərməniyyə Arsaqlara tabe olduqlarını elan etməklə bir müddət müstəqilliklərini (söhbət vassallıqdan gedir) qorumağa nail oldular. Armeniya çarları Arsaqlarla qohum olmalarından istifadə edərək dəfələrlə Atropatenaya hücum edir, onun torpaqlarnı işğal edirdi, fəqət bu işğallar uzun sürmür, atropatenalılar bir müddət sonra torpaqlarını geri almağa müvəffəq olurdular.

Bütün bu deyilənlər haqqında sevgidəyər oxucularımızda tam təəssürat yaransın deyə, kitabımızın bu yerində ilk mənbələrdən bəzi fraqmentləri təqdim etməyi vacib sayırıq.

Strabon bildirir:

“Bu ölkə (Atropatena) Ərməniyyə və Mantianadan (Türkiyədəki Van gölü və onun ətrafındakı eyni adlı vilayət) şərqdə, Böyük Midiyadan qərbdə və hər ikisindən şimalda yerləşir və cənubda o, Xəzər sahilindəki çökəkliyə qədər uzanır.  Bu ölkə hərbi baxımdan kifayət qədər önəmli bir ölkədir. Belə ki, Apollonidin sözlərinə görə, meydana 10 000 atlı və 40 000 piyada çıxara bilir. Midiyada (kiçik Midiya, yəni Atropatenada) duzların bərkiməsinin və kristallaşmasının baş verdiyi Kapavt (Urmiyə) gölü yerləşir…. Doğrudur, atropatenlilərin onların torpaqların talan edən ərmənlər və parfiyalılar (partlar) kimi güclü qonşuları var. Lakin onlar müqavimət göstərir və hər dəfə də işğal edilmiş torpaqlarını geri almağı bacarırlar. Məsələn, Ərməniyyə romalıların hakimiyyəti altına keçdiyi sırada onlardan Simbakanı ala bilmişlər….”

“Ərməniyyənin cənubu onu Dəclə və Fərat arasının Messopatamiya adlanan digər ərazilərindən ayıran Tavra söykənir. Şərq hissəsi Böyük Midiya və Atropatena ilə həmsərhəddir. Şimalında isə alban, iber və Qafqaz xalqlarını əhatələyən və Xəzər dənizi üzərində ucalan Paraoxafr dağı yerləşər….

Ərməniyyənin şəhərləri bunlardır: Hannibal tərəfindən Artaksiy (Artaşes)  şah üçün tikilmiş Artaksata (onu Artaksisata da adlandırırlar) və Arksata. Onların hər ikisi Araz sahilində, Atropatena ilə sərhədin yaxınlığında yerləşir…

Ərməniyyədə böyük  göllər də var. Onlardan biri Mantianadır (Türkiyədəki Van gölü) və göy deməkdir. O, Meotiydən sonra ən böyük duzlu göldür.”

Qısa şərh:

Strabonun dediklərindən belə aydın olur ki, Ərməniyyə indiki Türkiyənin şərqindəki Van gölü hövzəsində, əski Urartunun yerində yerləşirdi. Onun cənubu Kürdüstan dağlarına, şimalı isə Qafqaz dağlarının Türkiyədəki hissəsinə qədər uzanırdı və Qara dənizə qədər çatmırdı. Ərməniyyənin sərhədləri Qara dənizə ll Tiqranın dövründə çatmışdı ki, o da bu ərazini Atropatenadan işğal etmişdi. Tiqran eyni zamanda Azərbaycandan Qordiananı, yəni Kürdüstanı, o cümlədən Arbela (Ərbil) və Ninəviyəni (Mosulu) qopara bilmişdi və bunun sayəsində də bir müddət Böyük Midiya ilə həmsərhəd olmuşdu. (Bu hal sadəcə bir neçə il davam etmiş və Atropatena həmin ərazilərini geri qaytara bilmişdi). Elə bu üzdən də Strabon Atropatenanın Ərməniyyədən qərbdə və şimalda yerləşdiyini söyləyir. Yəni bu o deməkdir ki, Strabonun dövründə də eynən Polibiyin döründə olduğu kimi bugünkü Türkiyənin Qara dəniz sahillərinin Şərq hissəsi Atropatenanın tərkibində idi. Təsadüfi deyil ki, Yaqut Həməvi Azərbaycanın qərb sərhədlərinin Ərzincana qədər uzandğını yazmışdır.

Mənbələr birmnalı şəkildə sübut edir ki, Qara dənizin Gürcüstana aid hissəsi  də, ümumiyyətlə, Tiflisin yerləşdiyi ərazi də daxil olmaqla, indiki Gürcüstanın 80 faizi Atropatena dövlətinin tərkibində olmuşdur. Bunu arxeoloji tapıntılar da sübut edir. Məsələ burasındadır ki, Gürcüstan ərazisindən də Qazax ərazisindəki Sarıtəpədən (Atropatenanın paytaxtı Qazakanın yerləşdiyi yerdən) tapılan sütün altlıqlarının eynisi tapılmışdır. Arxeoloqlar hər iki tapıntını eyni dövrə və eyni mədəniyyətə aid etmişlər. Gürcü dövləti hesab edilən İberiyaya gəlincə isə, o, bugünkü Gürcüsanın çox kiçik ərazisini əhatə edirdi. Bundan başqa Atropatena bugünkü Azərbaycan Respublikasının Kürdən cənubdakı ərazilərini, o cümlədən Qərbi Azərbaycanı (bugünkü qondarma Ermənistanı) və Həmədan xaricində bütün Cənubi Azərbaycan ( o cümldən əski Kaspiana, indiki Qəzvin) ərazisini və Gilanı əhatə etmişdir. Həmədan (Ögbatan) isə Böyük Midiyanın tərkibində qalmışdı və onun paytaxt idi. Strabonun dövründə isə o, Parfiya imperatorluğunun tərkib hissəsi idi.

Albaniya ilk dövrlərdə “Azərbaycan” anlayışına daxil deyildi. Atropatena, yəni Azərbaycan yuxarıda deyilən sınırlar daxilində, Qara dənizlə Xəzər dənizi arasında tarix səhnəsinə çıxmşdı. Kürdən şimalda yerləşən torpaqlarımız isə orada eyni etnosun yaşamasına və Azərbaycanın tərkib hissəsi hesab edilməsinə baxmayaraq, Ateopatenaya aid deyildi. Yalnız fars – Sasani və ərəb hakimiyyəti illərində həmin torpaqlar Azərbaycan inzibati ərazisinə daxil edilmişdi. Bunu Dərbənd qalasında Sasanilər dövründə orta farsca yazılmış yazılar da sübut edir ki, bu bardə yuxarıda məlumat vermişik. lX – X əsrlər müəllifi Əbu İshaq ibn Məhəmməd əl – Farisi əl – İstəhri də Azərbaycanın şəhərlərini sayarkən, Quzey Azərbaycan şəhərlərini də bu sırada yad etmişdir: Ərdəbil, Marağa, Urmiya, Miyanic, Xunəc, Ucan, Dəxərrəqan, Xuvey, Səlmas, Mərənd, Təbriz, Bərzənd, Varsan, Muğan, Cobravan, Uşnuh, Bərdə, Kərnə, Ləsub, Yəqtan, Bab əl – Əbvab (Dərbənd), Tiflis, Beyləqan, Bərdic, Şəmaxiyyə (Şamaxı), Şirvan, Abxaz, Şabran, Qəbələ, Şəkki (Şəki), Cənzə (Gəncə), Şəmkur, Xunan, Zəncan, Bakuh (Bakı) və s.

Əl – İstəhrinin adlarını çəkdiyi şəhərlər arasında Tiflis və Abxaz şəhərlərinin (vilayətinin) adları, xüsusən də “Abxaz” adı diqqəti xüsusi çəkməkdədir. Təbii ki, bu halda söhbət bugünkü Gürcüstanın şimal – qərbində, Qara dəniz sahilində yerləşən Abxaziyadan gedir ki, bu da Polibinin söylədikləri ilə tam üst – üstə düşür. Həmin dövrdə Abxaz və Tiflisin yerləşdiyi ərazilər də daxil olmaqla, bütün Qərbi Gürcüstan ərazisini, daha dəqiq desək, onun ərazisinin təqribən 70 – 80 faizi Azərbaycanın Aran (Arran) vilayətinin tərkib hissəsi idi. Maraqlıdır ki, həmin ərazi əski gürcü mənbələrində “Didi Türkoba” (Böyük Türk obası) adlandırılmaqdadır. Bu barədə Voroşil Qukasyan belə deyir:

“ Təsadüfi deyi ki, o dövrdə (Xl əsrdə) Gürcüstan gürcü tarixçilərinə iki ad altında məlum idi: Kartveloba (hərfi mənada Gürcü obası) və Didi Türkoba (Böyük Türk obası). Bütün Qərbi və Şərqi Gürcüstan Didi Türkobaya daxil idi”.

Mənbələr Didi Türkobanın əhalisinin qıpçaq olduğunu göstərməkdədir. Çağdaş gürcü tarixçiləri bu xalqın guya Gürcüstan ərazisinə gəlmə olduqlarını sübut etməyə çalışırlar. Mənbələr isə sözügedən ərazilrin ən əski çağlardan türklər ölkəsi olduğunu təsdiqləməkdədir. Eyni şeyi arxeoloji qazıntılar zamanı tapılan iskit – sak qəbirləri də ortaya qoymuşdur  (Пирцхалава М.С. Памятники скифской архаики (Vlll-Vl вв. до н. э.) на территории древней Грузии. Афтореф. канд. дис.,Тбилиси, 1975.). Eyni ərazinin adı antik və erkən orta əsrlər Avropa müəlliflərinin əsərlərində bəzən Bersiliya və ya Berziliya adlandırılır, xəzərlrin (qıpçaqların) bu ölkədən çıxdıqları qeyd edilir. Həmin ad zamanla bir qədər təhrif edilərək “Borcalı” şəklində dövrümüzədək ulaşmışdır. Bu ad qədim türk soylarından barsillərin (basillərin) adı ilə bağlıdır. Barsillər isə Azərbaycanın 4 – cü əfsanəvi şahı Toqarmanın 10 oğlundan birinin soyu idi. Təsadüfi deyil ki, əski erməni (hay) mənbələri kimi əski gürcü mənbələri də öz tarixlərinin başlanğıcını Həzrət Nuhun (ə) oğlu, türklərin ulu babası hesab edilən Yafəsə və onun övladlarından Toqarmaya, yəni Azərbaycanın 4 – cü şahı və 10 türk soyunun babasına bağlayırlar. Gürcü mənbələrində Toqarma eynən erməni mənbələrindəki kimi “Torqomos” adlandırılır.

Maraqlıdır ki, “gürcü” adı ilk dövrlərdə qıpçaqların bir hissəsinin adı olmuşdur. Təsadüfi deyil ki, bu gün “gürcü” adlandırdığımız xalq özünü “kartvelo” adlandırır və azərbaycanlıların onları nə üçün “gürcü” adlandırdıqlarını anlamırlar. Özünü “gürcü” adlandıran xalq isə Türkiyədə yaşayan, Türkiyə türkcəsində danışan, fəqət dilində qıpçaq türkcəsinin qalıqları açıq – aydın hiss edilən və kartvel (bugünkü anlamda gürcü) dilini anlamayan müsəlman Rizə türkləri və hazırda Ukraynada Staroiqnatovka – Gürcü kəndində yaşayan və qıpçaq türkcəsində danışan xristian qıpçaq – gürcülərdir. Sovet dövründə sonuncuları qıpçaqdilli urumların bir qolu hesab etmək qəbul edilsə də, qıpçaq türkcəsinin yaxın şivələrində danışmalarına baxmayaraq, urumlar onları özlərindən ayırır və “gürcü” adlandırırlar. Qıpçaq – gürcülər də öz növbəsində “urum” adını qəbul etmirlər.

Urum dilinin üç əsas şivəsinin – qıpçaq – oğuz, oğuz – qıpçaq və oğuz şivələrinin olduğunu yazan A. Qarkavets “gürcü dili”ni oğuz – qıpçaq şivəsinə aid edir.

Mənbələr qıpçaq – gürcülərin ilk hökmdarı sayılan qıpçaq  qızı Tamaranın (Xll əsr) saraynda qıpçaq dilində danışıldığını, ordunun da qıpçaqlardan ibarət olduğunu göstərməkdədir. Bu faktı A. Krımski də təsdiq etmək məcburiyyətində qalmışdır:

“Tamaranın sarayında türk dili heç də istisna deyildi.  Amma bu, Xl əsrdə Səlcuqlu istilaları dövründə Orta Asiyadan Qafqaza gələn və Gürcüstanın tam sərhəddində, o cümlədən Gəncə yaxınlğındakı Aranda məskunlaşan, öz köçəri məişətini davam etdirən və hərbi yürüşlərə meyilli olan müsəlman türklərin dili deyildi. Tamara, təbii ki, onları da tanıyırdı və onun hökuməti onların Kür və İori çaylarının qovşaq sahillərinə yürüş etməmsinə çox diqqət edirdi. Tiflis sarayında isə hörmət və sevgi sahibi olanlar isə… başqa türklər – poloveslər, yəni qıpçaqlar

idi.  Xll əsirdə bu qıpçaqsevərlik gürcü çarlğında (?!) irsi idi, şəxsi türk qvardiyası çarı təhlükələr vaxtı feodallara hərbi güc üçün müraciət etməməyə imkan verirdi”.

Xatırladaq ki, Mahmud Kaşğarlının Xl əsrdə cızdığı xəritədə bütün Qafqaz ərazisi, o cümlədən bugünkü Gürcüstan ərazisi “Dəbənd – Xəzəran”, yəni “Xəzərlər ölkəsi” kimi göstərilmiş, Azərbaycan isə ondan cənubda qeyd edilmişdir. Yeni türk Ensiklopediyasının Xl cildinin 4371 – ci səhifəsində bildirilir:

“…Acarlar əslən kuman – qıpçaq türkü olub, ortodoksluq yolu ilə gürcüləşmişdir”.

Əl – İstəhri Azərbaycanın batı (qərb) və quzey sərhədlərindən söz açarkən, Lan ölkəsinin adını çəkir:

“Azərbaycan, Arran və Ərməniyyəni biz bir xəritədə yerləşdirib, vahid iqlim (kimi qəbul) etdik. Şərqdən buranı Cibəl, Deyləm, Xəzər dənizinin qərb (hissəsi), qərbdən Ərmən və Lan sərhədləri, Cəzirə sərhəddinin bir hissəsi, şimaldan Lan və Qabq (Böyük Qafqaz) dağları, cənubdan İraq və Cəzirə sərhədlərinin bir hissəsi var.”

Məlumat üçün bildirək ki, ərəblər Lan deyərkən, qədim yunanların Alaniya (alanlar ölkəsi) adlandırdıqları və bugünkü Rusiyanın Gürcüstanla sərhəd olan Quzey Qafqaz torpaqlarını nəzərdə tuturdular. Lan ölkəsinin Azərbaycanın şimal və qərb sərhədlərini təşkil etməsi indiki Gürcüstanın böyük hissəsinin, eləcə də Dağıstanın, Çeçenistanın və İnquşetiyanın Terek çayına qədər olan hissəsinin “Azərbaycan” anlayışına daxil olduğunu sübut etməkdədir. Təsadüfi deyil ki, Yaqut əl – Həməvi “Möcəm əl – Buldan” əsərində Əbu Təmmamın Əbu Səid Səqəriyə ithaf ediyi şerində rast gəlinən “druz” (durdzuk”, çeçenlərin əski adı) yer adından söz açarkən onun Azərbaycan hüdudları içində olduğunu vurğulamışdır.

Xlll əsrin əvvəllərində qələmə alınmış farsdilli anonim bir mənbədə (Əcaib əd – dünya) “Lan” əvəzinə “Alaniya” yazılmışdır:

“Alaniya. Bu şəhər Abxazla Qıpçaq arasında yerləşir. Orada çoxlu müsəlman yaşayır.”

Maraqlıdır ki, Əl – İstəhri, Azrbaycan əhalisindən, daha dəqiq desək, Xəzərin qərbindəki geniş düzənlikdə yaşayan əhalidən danışarkən, onları “ğuz”, yəni “oğuz” adlandırmış və onların türk boylarından biri olduğunu qeyd etmişdir. Bu da Atropatenanın əsas sakinlrinin uksilər (oğuzlar) olduğunu bildirən antik müəlliflərin dedikləri ilə üst – üstə düşür.

Əl – İstəhrinin xahişi ilə onun əsərini genişləndirən və ona şərhlər yazan X əsr müəllifi İbn Hövqəl Azərbaycanın, daha dəqiq desək, Aranın şəhərlərindən danışarkən, Tiflisin də adını bu siyahıda göstərmişdir.  X əsrin digər müəllifi Əl – Müqəddəsi də özünün “Kitab əhsən ət – təqasim fi – mərifət əl – əqalim” adlı əsərində  Tiflisi Aranın, yəni Azərbaycanın şəhərlərindən biri kimi qeyd etmişdir. O, eyni zamanda yazmışdır:

“Azərbaycanın dağları Xarisdən və Xuvayrisdən başlamış Aqara Varzaqan silsiləsinə qədər, sonra şimala tərəf Tiflisə doğru uzanır, orada bu silsilələrlə Kabk (Kazbek) sıra dağları birləşir. Bu dağlar çox böyükdür.”

Mənbəlrdən belə aydın olur ki, Azərbaycanın, daha dəqiq desək, Aranın tarixi şəhərlərindən olan Tiflis artıq Xl əsrdə xəzər (qıpçaq) – gürcülərin əlinə keçmiş və bir müddət Gürcüstanın (Kartvelobanın) paytaxtı olmuşdur. Şəhərin əhalisi isə bütünlüklə müsəlman türklərdən ibarət idi. Qıpçaq – gürcülər buna müsəlman oğuzlarla ədavət aparan digər xristian qıpçaqların (Didi Türkoba əhalisinin) yardımı sayəsində nail olmuşdular. Tiflisin o dövrki vəziyyəti barədə fars dilində (Xlll əsrin əvvəllərində, Əbubəkr İldəgizin hakimiyyəti dövründə) qələmə alınmış, müəllifi məlum olmayan “Əcaib əd – Dünya” adlı kitabda bunlar yazılmışdır:

“Bu, böyük və müdafiəsi yaxşı təşkil edilmiş, əlçatmaz bir dərədə yerləşən şəhərdir. Şəhərin tam ortasından keçən çayın üzərində böyük bir körpü inşa ediblər, körpünü ətrafında çoxlu sayda ticarət yerləri hazırlayıblar. Şəhərlə üzbəüz yaxşı inşa edilmiş qəsr var, qəsrdə hökmdarların saraylar tikilib, çoxlu nəzarət qüllələri var. Çay qəsrin önündən keçir, odur ki, kiçik darvazadan nə atılarsa, çaya tökülür.

Tiflis Arana aid edilir, (ona) əvvəl müsəlmanlar hakim idi, indi isə artıq 110 ilə yaxındr ki, ora gürcülər hakimdirlər (söhbət kartvellərdən yox, xristian qıpçaq – gürcülərdən gedir). Oranın əhalisi müsəlmanlardır, dində qatı təkallahlı və qəriblərə dostdurlar, çoxlu məscidləri var və namaza da yaxşı səsləyirlər.”

Məlumat üçün bildirək ki, bu hal uzun sürməmiş və şəhər tezliklə Azərbaycanın tərkibinə qayıtmışdı. Onu da xatırladaq ki, Abxaziya, eləcə də bugünkü Gürcüstan (keçmiş Tiflis xanlığı) Azərbaycanın digər şimal əraziləri ilə birlikdə 1813 – cü ildə Gülüstan müqaviləsi əsasında Azərbaycan səltənətinin tərkibindən qoparılaraq  Rusiyanın yurisdiksiyasına keçmişdi. Bu fakt sözügedən müqavilənin 3 –cü bəndində öz əksini tapmışdır:

Orada deyilir:

“Şah Əlahəzrətləri  Əlahəzrət Bütün Rusiya imperatoruna səmimi dostluq hisslərinin sübutu üçün təntənəli surətdə həm öz adından, həm də taxtının ali vəliəhdləri adından Qarabağ və indi Yelizavetpol adı altında əyalətə çevrilmiş Gəncə xanlıqları, həmçinin Şəki, Şirvan, Dərbənd, Quba, Bakı və Talış (bu xanlığın Rusiya İmperiyasının hakimiyyəti altında olan torpaqları) xanlıqlarının, bununla bərabər Dağıstan, Gürcüstan (Şuragölü əyaləti ilə birlikdə) İmeretiya, Quriya, Minqreliya və Abxaziya eyni dərəcədə, hazırda bərqərar edilmiş sərhəd Qafqaz xətti (bu sonuncuya və Xəzər dənizinə aid olan torpaqlar və xalqlarla birlikdə) arasındakı bütün mülk və torpaqların Rusiya İmperiyasının mülkiyyətinə mənsub olduğunu qəbul edir. “

Bu maddədən göründüyü kimi, Azərbaycanın Qacarlar hökuməti Gürcüstanın (Tiflis xanlığının) və bu gün Gürcüstanın tərkibində olan İmeretiya, Quriya, Minqreliya və Abxaziyanın, eləcə də Dağıstanın, yəni Qazi Qumuq xanlığının da digər Azərbaycan əyalətləri kimi Azərbaycandan Rusiyaya keçməsinə məcbur və boyun olmuşdur. Bu isə o deməkdir ki, həmin torpaqlar rus işğalına qədər Azərbaycana aid idi. Azərbaycan tarixşünaslığı bu barədə susur. Türkməncay müqaviləsinin 3-cü maddəsində isə Azərbaycanın başqa bir xanlığının – İrəvan xanlığının adı çəkilir.

Tiflisin aid edildiyi Azərbaycanın Aran vilayətinə gəlincə, bu vilayət haqqında eyni mənbədə (Əcaib əd – dünya) bunlar yazılmışdır:

“Arran. Münbit yerdir, naz – nemətlə zəngindir, şahların qışlaq yeri olub. Dünyanın heç bir yerində Arranda olduğu qədər imarət yoxdur. Heç bir yerdə buradakı qədər çoxlu sayda türk yoxdur. Deyirlər ki, orada yüz min türk atlısı var. Arranın eni və uzunu 30 X 40 fərsəngdir.”

Təqribən eyni dövrdə Şihabəddin Nəsəvi isə yazmışdır:

“Arranda türkmənləri bir yerə toplasaydılar, qarışqa və çəyirtgə yığnağını xatırladardı”.

Maraqlıdır ki, bəzi ərəb müəllifləri Arandan (Arrandan) danışarkən onu iki hissəyə bölmüşlər. Məsələn, İbn Hövqəl (X əsr) “hər iki Arran” ifadəsini işlədərək, Kabk (Kazbek, Qafqaz) hakimlərinin Azərbaycan hökmdarına vergi verdiklrini qeyd edir, Azərbaycan hökmdarını isə “Azərbaycan, Ərməniyyə və hər iki Arranın şahı” adlandırır. Bu isə o deməkdir ki, həm Aran, o cümlədən bugünkü Gürcüstanın böyük bir hissəsi və tarixi Ərməniyyə (Van gölü və ətrafı) Azərbaycanın əyalətlərindən və tərkib hissəsindən başqa bir şey olmamış, Quzey Qafqaz xalqları da Azərbaycandan asılı olmuşlar. Yəni “Azərbaycan dedikdə, Arazdan güneydəki torpaqlarımzla yanaşı, Qafqazın bütünü – həm güneyi, həm də quzeyi başa düşülməlidir.

A. S. Sumbatzadə mövzu ilə bağlı yazır:

“Bizə elə gəlir və bu da tarixi gerçəkliyə uyğundur ki, bu “Arran”lardan birincisi dedikdə, Derbənddən Tiflisə qədər Xəzər sahili və Kürün sol sahili boyunca  uzanan və tarixi Albaniya ərazisi ilə, demək olar ki, üst –üstə düşən geniş düzənlik parçası nəzərdə tutulur, İkinci “Arran” isə, Muğanı da əhatə etməklə, sağ sahil Albaniyasına uyğun gəlir. Bununla yanaşı qeyd etmək lazımdır ki, N. M. Vəlixanovanın yazdığı kimi, ərəb müəllifləri… Arran – Albaniya ərazisini də “Azərbaycan” adlandırmışlar. Faktlara müraciət edək. Əl – Kufiyə görə, “Əl –Adiyyə (ibn Adiyy əl – Kindi) … Azərbaycan ölkəsinə yola düşdü və Beyləqanda düşərgə saldı… Əl – Həris ibn Əmr Azərbaycana yola düşdü və Bərdədə dayandı” Əl – Cərrah ibn Abdullah əl – Həkəmin Şəkidə olmasını xatırladan Əl – Kufi yazır: “O (xəlifə Hişam – A. S.), Əl – Cərrah ibn Abdullah əl – Həkimə Azərbaycanda qalmağı əmr etdi.  Ət – Təbəri və İbn əl – Əsirin yazdıqlarına görə, 91 – ci (709 – 710) ildə Məsləmə ibn Əbdülmalik türklərə qarşı yeni yürüş təşkil etdi “və Azərbaycan diyarındakı Əl – Baba (Dərbəndə) çatdı və bir çox şəhər və qalaları fəth etdi.”

Bizcə, ərəb müəlliflərinin əsərlərində Aranın şərti olaraq iki hissəyə bölünməsinin və ya bəzi hallarda hətta iki Arandan, yəni mərkəzləri Bərdə və Tiflis olan “Aranlardan” söhbət açılmasının əsas səbəbi  din fərqi olmuşdur. Bu Aranlardan birincisində, hələ də qıpçaqca danışılan Bərdə istisna edilməklə, bütünlüklə oğuz (Azərbaycan) türkcəsində danışılırdı və əhali də artıq bütünlüklə müsəlmanlaşmışdı. İkincisində isə qıpçaq (Aran) türkcəsi hələ də üstünlük təşkil edirdi və qıpçaqların müəyyən bir qismi xristianlaşmışdı, əksəriyyət təşkil edən digər hissəsi isə hələ də əski dinlərində (Tenqriçilik) qalırdılar. Təsadüfi deyil ki, əsərində qıpçaqları kuman adlandıran Xll əsr müəllifi Suriyalı Mixail onların nə Musanı, nə İsanı, nə də Məhəmmədi tanımadıqlarını yazmışdır. Əlbəttə, həmin dövrdə xristian qıpçaqlar da var idi. Bunlar, qıpçaq – qarqarlar idilər və Bərdə ətrafında yaşayırdılar.

Yuxarıda İbn Hövqəldən misal çəkdiyimiz məlumat sübut edir ki, artıq lX – X əsrlərdən etibarən, bəlkə də ondan çox – çox öncə həm Ərməniyyə, həm Aran, o cümldən bugünkü Gürcüstan və Abxaziya, həm də Albaniya tarixin arxivinə qarışaraq bir dəfəlik Azərbaycanın ayrılmaz tərkib hissəsinə çevrilmişdilər. Çox güman ki, bu prosesin əsası artıq Sasani şahı l Qubadın dövründə qoyulmuşdur. Bu barədə Qiyasəddin Qeybullayev haqlı olaraq yazmşdır:

“Xatırladaq ki, l Qubad şahın dövründə Sasani imperiyası 4 vilayətə bölünmüşdü və Ərməniyyə Aturpatakan, İberiya və Albaniya ilə birlikdə paytaxtı Aturpatakandakı Gəncə şəhəri olan şimal bölgəsinə daxil idi.”

Mənbələrdə “Sünik”, “Sisakan” və ya “Sünestan” adlandırılan Qərbi Azərbaycan (bugünkü Ermənistan) ərazisinə gəlincə, Vl əsr Suriya müəllifi Zaxari Ritor bu əyaləti Aran, Qurzan və Ərməniyyə ilə yanaşı, ayrıca bir vilayət kimi yad edir. Eyni zamanda süniklilərin də Yafəsin soyundan olduqları, Aran vilayətinin ilk hökmdarı Aranın da sünikli (sisakanlı) olduğu bildirirlir.  Fəridə Məmmədova haqlı olaraq yazır:

“”Vlll əsr Ermənistan coğrafiyası”na görə Sünik 12 vilayətdən ibarət imiş. Etnik, mədəni və siyasi baxımdan Ermənistandan çox Albaniya və Atropatenaya bağlı olmuşdur,.. gah Albaniyadan, gah da Atropatenadan asılı vəziyyətə düşmüş, arabir müstəqil olmuşdur”.

Vl əsdə Ərməniyyənin Bizans və Sasani imperatorluğu arasında bölüşdürülməsindən sonra farsların Süniki Ərməniyyə ilə eyni inzibati əraziyə daxil etmək cəhdinin Sünik əhalisi tərəfindən etiraz və üsyanla qarşılandığı məlumdur. Maraqlıdır ki, oranın xristian əhalisi Sasani şahı Ənuşirəvana müraciət edərək, Sünik torpaqlarının arxivlərinin  Paytakarana (Aranın paytaxtına-Bərdəyə) köçürülməsini, onların üzərindən təhqiredici “erməni” adını götürməyi ərazilərini də Aturpatakana (Azərbaycana) daxil etməsini xahiş etmişdilər. Onların bu tələbi yerinə yetirilmişdi. Bu məlumatdan göründüyü kimi, həmin dövrdə Aranın paytaxtı artıq Bərdə şəhəri idi və o, Azərbaycanın şəhərlrindən biri, Aran da Azərbaycanın bir vilayəti hesab edilirdi.

Ziya Bünyadov Aranın qərb sərhədlərindən söz açarkən, haqlı olaraq, Sünikin (Sisakanın) bu vilayətin tərkib hissəsi olduğunu göstərmiş və onu Ərməniyyədən Araz çaynın ayırdığını bildirmişdir.

Aturpatakandakı, yəni Azərbaycandakı Bərdə şəhərindən idarə edilən bu vilayətin Aturpatakana, yəni Azərbaycana aid olduğunu Dərbənd qalası üzərindəki Sasani yazıları sübut etməkdədir. Ərəblər ölkəmizi ələ keçirdikdən sonra Aturpatakan  “Azərbaycan” kimi tələffüz edilməyə başlanmışdır.

Şübhəsiz ki, aralarında əsrlərcə vaxt fasiləsi olan antik müəlliflərin söylədikləri ilə ərəb və müsəlman müəlliflərinin söylədiklərini tutuşduraraq irəli sürdüyümüz mülahizələr bəzilərinə bir o qədər də inandırıcı görünməyə bilər. Lakin bu metod tamamilə özünü doğruldur. Çünki ərəb elmi bütünlüklə qədim yunan elmi üzərində ucalmışdı. Tarixi mənbələrdən məlumdur ki, ərəblər qədim yunan alimlərinin əsərlərinə böyük önəm verir və onları sevə – sevə öz dillərinə tərcümə edirdilər. Evklid, Ptolomey, Hippokrat, Aristotel, Platon, Teofrast,, Porfiri, Halen, Arximed və s. alimlərin əsərləri də bu sırada idi. Bu baxımdan coğrafiyaşünas alimlərin əsərləri də istisna deyildir. Məsələn, İbn Xordadbehin ərəb – islam coğrafiya elminin klassikası hesab edilən “Kitab sürət əl – ərz” (Dünyanı əks etdirən kitab) adlı əsəri bütünlüklə Klavdi Ptolomeyin “Coğrafi rəhbər” əsərinin yenidən işlənmiş variantı, daha doğrusu, şərhidir.

Yenidən Strabona qayıdaq. O, daha sonra deyir:

“Parfiyanın sərhəddini Fərat çayı və çayn o biri tərəfindəki (şərq) əyalətlər təşkil edir. Çayın bu tərəfindəki torpaqlar isə Babilə qədər romalılara və ərəb qəbilə başçılarına məxsusdur.”

Qısa şərh:

Strabon Parfiya imperatorluğunun qərb sərhəddi barədə məlumat verərək, Fərat çayının bu dövlətlə Roma imperatorluğu arasında sərhəd olduğunu bildirsə də, bu böyük türk (sak) imperatorluğunun şərq sərhədlərindən söhbət açmır. Sözügedən dövlətin şərq sərhəddi isə bugünkü Əfqanıstan, Türkmənistan və qismən Özbəkistanı da içinə almaqla, bugünkü Əfqanstan – Pakistan sərhəddinə qədər uzanırdı. Oradan şərqə doğru isə şərq saklarının, sonrakı dövrdə isə ağ hunların (kuşan türklərinin) imperatorluğu başlayırdı və həmin imperatorluq bugünkü Pakistanı, Hindistanın şimalını, Özbəkistan və Tacikistanın bir hissəsini və Şərqi Türküstanı (Çinin Sincan – Uyğur Muxtar Vilayətini) əhatə edirdi.

Pompey Troq eramızın 7-ci ilində yazmşdır:

“Aşşur və midiyalıların (madayların) hakimiyyəti dövründə bütün şərq xalqları içərisində ən az tanınmış xalq parfiyalılar idilər. Eəlcə də Şərq üzərində hökmranlıq midiyalılardan farslara keçdikdə bu xalq adı bilinməyən bir xalq kütlə-si kimi qaliblərin  şikarına çevrildi. Daha sonra Şərq makedoniyalıların əlinə keçdikdə onlar makedoniyalılara tabe oldular. Odur ki, onların öz qəhrəmanlığı ilə bir vaxt qulları olduqları Şərq xalqlarını necə fəth edib onların hakiminə çevrildiklərinə təəccüb etməmək mümkün deyildir. Onlar üç dəfə başlarında böyük Roma sərkərdələrinin durduğu Roma qoşunlarının təcavüzünə məruz qaldılar. O zaman Roma özünün ən qüdrətli çağlarını yaşayırdı və yalnız bir xalq (parfiyalılar)  onlara müqavimət göstərməyi və onlara qalib gəlməyi bacardı. Fəqət onlara yadelli düşmənlər üzərində qələbələrdən daha çox minlərlə şəhərlərə sahib olan və vaxtilə şöhrət sahibi olmuş  Aşşur, Midiya və Fars şahlıqlarından, eləcə Baktriyadan daha çox fərqlənə bilməsi şöhrət gətirmişdir. Üstəlik də onlar iskitlrin amansz hücumlarına məruz qalır, digər qonşuları ilə müharibələr aparırdılar. Bir sözlə, hər tərəfdən təhlükə ilə üz – üzə idilər.

O şəxsləri ki, daxili çəkişməlr nəticəsində İskitlər ölkəsindən (Kür və Araz ovalığındakı Sakasenadan) qovmuşdular (bardıqlar – partılar, yəni parfiyalılar) Qirkaniya (Xəzər dənizi) ilə daqlar (sak tayfalarından biri), apratanlar və marqianlar arasında, çöllük bir yerdə məskunlaşdılar. Sonra onlar öncə heç bir müqavimətə rast gəlmədən, daha sonra isə qonşuların müqavimətini qıra – qıra, öz torpaqlarını təkcə  geniş çöllüklər hesabına deyil, qayalıq və dağətəyi ərazilər hesabına genişləndirdilər.  Bu səbəbdəndir ki, parfiyalıların torpaqlarının bir hissəsində dözülməz istilər, başqa bir yerində isə sərt soyuqlar hakimdir: dağda əhali qardan, düzənlikdə isə nəfəs kəsən istilərdən əziyyət çəkirlər. Makedoniyalıların hakimiyyətindən azad olduqdan sonra Parfiyanı carlar (xaqan-lar)  idarə edir. Çarlara ən yaxın olan silk probullardır (? Kitabın bu yeri pozuq olduğundan kəlmə əslində oxunmur, odur ki, “probullar” sözü şərtidir). Müharibələr dövründə sərkərdələr, dinc vaxtlarda isə hakimlər (xanlar) bu silkin nümayəndələri olur.

Parfiyalıların dili İskit dili ilə midiyalıların dilinin ortasında olan bir dildir və ikisinin qarışığından yaranıb. Bir vaxtlar onlar özlərinəməxsus geyim geyərdilər. Varlandıqdan sonra isə midiyalıların şəffaf və qırışlarsız paltarlarına keçdilər. Silahları isə əcdadları iskitlərin silahları kimidir.”

Qısa şərh:

Pompey Troq parfiyalıların dilini iskitlərin (işquzların) və midiyalılarn dilinin ortasında olan bir dil olduğunu söyləməklə, onların dilinin türk dilinin bir şivəsi olduğunu təsdiq edir. Bu dilin nə olduğunu isə biz yuxarıda nümunə kimi göstərdiyimiz Artaşesin sərhəd daşı üzərindəki yazıdan kimi gətirdiyimiz sitatdan artıq bilirik.

Müəllifin söylədiklərindən bizim üçün ən çox marağa səbəb olan məsələlərdən birisi onun “Şərq” və “Şərq ölkələri” ifadələrindən istifadə etməsi və onlara aydınlıq gətirməsidir. Onun dediklərindən belə aydın olur ki, o dövrdə “Şərq” və “Şərq ölkələri” dedikdə Atropatena, Albaniya, Böyük Midiya, Persiya, Parfiya və Baktriya nəzərdə tutulurmuş. İndiki dillə desək, bugünkü İran, Azərbaycan, Əfqanıstan, Türkmənistan və Özbəkistan əraziləri nəzərdə tutulur. Bunu bildikdən sonra Azərbaycanın xristian – alban mənşəli tarixçisi Musa Kağankatlının nədən Albaniyanı “Şərq ölkəsi” adlandırdığı daha yaxşı anlaşılır. Eyni zamanda, böyük Azərbaycan tarixçisi Fəzlullah Rəşidəddinin türklərin ulu babası Yafəsin (Olcayın) hakim olduğu ərazidən söhbət edərkən Türküstanla yanaşı, “Şərq ölkəlləri”nin adını çəkməsinin nə anlama gəldiyi məlum olur. Maraqlıdır ki, bu günün özündə də Azərbaycan türkləri, xüsusən də yaşlı nəsil arasında “biz şərqliyik”, “biz şərq millətiyik” kimi tanmlamalar çox yayğındır.

Sözügedən geniş ərazi (Şərq ölkələri) üzərində hakimiyyət uğrunda daim bu ərazidə yaşayan türklərlə, xüsusən də Azərbaycan türkləri ilə farslar arasında mübarizə getmişdir. Firdovsidən sonra farslar içərisində yayğın olan və hazrda İranda tarix dərsliklərində təbliğ edilən fikrə görə, bu ərazilər guya “Böyük İran” ərazisidir. Bu mövzu üzərində xüsusi durmağımızın və Parfiya dövlətinə bu qədər geniş yer ayırmağımızın səbəbi aşağıdakılardır:

1) Sözügedən geniş ərazi vaxtilə mərkəzi indiki Azərbaycan (Cənubi Azərbaycan) ərazisində olmuş Manna və Midiya dövlətlrinin tərkibində olmuşdur;

2) Atropatena və Albaniya dövlətləri bu geosiyasi məkanla sıx bağlı olmuş, sonrakı əsrlərdə vücuda gələn və həmin ərazini içinə alan türk mənşəli Parfiya, Səlcuqlular və Elxanlılar imperatorluqları dövründə Azərbaycan yenə mərkəzi əyalətə, yəni imperatorluğun mərkəzinə və başına çevrilmişdir;

3) İldəgizlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Əfşarlar və Qacarlar iqtidarları dövründə Azərbaycan imperatorluğu sözügedən ərazinin böyük bir qismini, bəzən isə tamamını əhatə etmişdir.

Pompey Troq davam edir:

“Parfiyalılara gəlincə, önlar öncələr Roma ilə dostluğa can atırdılar, amma buna baxmayaraq, onlara qarşı müharibəyə başlayan Krassdan müdafiə olunmağa məcbur olmuşdular. Eyni hal onların özlərinin müharibəyə başlayıb Pakoru Asiyaya qarşı göndərərkən də təkrarlanmışdır. Fəqət Ərməniyyə hökmdarının məsləhəti ilə hərəkət edən və sonda da onun xəyanəti ilə üzləşən (romalı) Antoni müharibədə uğursuzluğa uğradı. Pakorun varisi Fraat (Fərhad) Sezar Avqustla dostluğa o qədər çox can atırdı ki, hətta parfiyaların Roma üzərində qələbəsinin rəmzi olan qənimətləri ona göndərmişdi. Danışıqlar aparmaq üçün Suriya perefekti Titini dəvət edən Fraat ona dörd oğlunu: Seraspadananı, Rodaspanı, Fraatı və Bononu iki arvadı və övladları ilə birlikdə girov verdi. Səbəb isə o idi ki, o, özünə qarşı sui-qəsd edilə biləcəyindən qorxurdu. Parfiya xaqanı yaxşı başa düşürdü ki, Arsaklar sülaləsindən kimsənin yardımı olmadan heç kəs ona qarşı mübarizədə uğur qazana bilməz. Çünki parfiyalılar bu sülaləyə istisnasız bağlı və sədaqətlidirlər. Elə bu səbəbdən də o öz oğullarını sürgün etdirdi ki, özünə qarşı pis fikirlərdə olanların bütün ümidlərini puça çıxarsın. Onun övladlarından sağ qalanlar bu gün də Romada şahlara layiq hörmət görərək dövlət hesabına yaşamaqdadırlar. Digər Parfiya xaqanları da Romaya elçilər göndərər və danışıqlar aparadılar.”

Qısa şərh:

Bu sözlərdən göründüyü kimi, Arsaq sülaləsi parfiyallar, yəni saklar içərisində son dərəcə böyük nüfuz sahibi olmuşlar. Bu üzdən də Parfiya xaqanı Fərhad öz oğullarını Romaya girov kimi göndərmişdi ki, ölkəsində özündən başqa bu sülalənin başqa bir üzvü qalmasın və heç kəs də ona qarşı üsyan qaldırmağa cəsarət etməsin.

Məlumat üçün bildirək ki, bu sülalənin nümayəndələri, fars – Sasanilər tərəfindən devrildikdən sonra da Ərməniyyədə (ərəb işğalına qədər) və Albaniyada (Mehranilərə qədər) uzun müddət hakim olmuşlar.

İosif Flaviy məsələni başqa cür şərh edir və yazır:

“…Təqribən eyni dövrdə Parfiya xaqanı Fraat (Fərhad) oğlu Fraatakın əli ilə qətlə yetirildi. Bunun səbəbi isə bu idi: Baxmayaraq ki, Fraatın qanuni övladları var idi, o özünə Yuli Sezarın bir çox hədiyyələrlə birlikdə göndərdiyi Formusa adlı italik (italiyan) mənşəli bir kənizi arvad etmişdi. Əvvəllər o, kənizlə qeyri – qanuni yaşayırdı, lakin zamanla onun gözəlliyindən vəcdə gələrək onunla evləndi və onu özünə qanuni arvad etdi. Qadın ona Fraatakı doğdu.  Qadın tez bir zamanda xaqan üzərində güclü təsir qüvvəsi əldə etdi və öz oğlunu vəliəhd edə bilmək üçün əlindən gələni əsirgəmədi. Lakin o, başa düşürdü ki, Fraatın qanuni övladlarından qurtulmayınca buna nail ola bilməyəcək.  Bu səbəbdən də o, ərini öz qanuni övladlarını girov kimi Romaya göndərməyə dilə tutdu. Hər şey belə də oldu. (Fraat Formusaya heç bir şeydə etiraz etmək gücündə deyildi). Fraatak beləcə tək qalaraq, gələcək hakimiyyət üçün hazrlandırıldı. Bununla belə, Fraatakın taxta oturmaq üçün atasının ölümünü gözlməyə səbri çatmırdı və o, atasını, gəzən şayiəlrə görə, cinsi əlaqədə olduğu  anasının köməyi ilə öldürmək qərarına gəldi.

Bütün bunlar, yəni ata qətli və ana ilə gizli evlilik ona qarşı təəbələri içərisində nifrət yaratdı və bu səbəbdən də o, həddi – büluğa çatmadan qiyam nəticəsində öldürüldü. Bundan sonra bir araya gələrək məsləhətləşən Parfiya zadəganları (xan və bəyləri) onların xaqansız yaşamasının qeyri –  mümkün olduğu qərarına gəldilər. Xaqan isə törələrə görə Arsaqlar soyundan olmalı idi…”

Qısa şərh:

Çox güman ki, Xaqan Fraatın (Fərhadın) öldürülməsində farsların əli olmuşdur. Çünki əgər onun yad qızdan, kənizdən olan oğlunun öz doğma anası ilə cinsi əlaqədə olduğu barədə xəbər doğrudursa, bu o demkdir ki, Formusa da Fraatak da gizli olaraq, farsların dinini, yəni zərdüştüliyi qəbul etmişdilər, çünki zərdüştilik ana ilə oğulun, ata ilə qızının, bacı ilə qardaşın evliliyini savab elan etməkdə və bunu təşviq etməkdə idi. Əgər Formusa və Fraatak gizli zərdüştü idilərsə, deməli, farslarla sıx əlaqədə idilər. Farslar isə həmişə türklərə nifrət etmişlər və öz hakimiyyətlərini qurmağa çalışmışlar.

İosif  Flaviyin verdiyi məlumatda diqqəti cəlb edən daha bir önəmli xüsus isə parfiyalıların əski türk törələrinə uyğun olaraq toy qurub (qurultay çağırıb), özlərinə xaqan seçmələridir. Fəqət deyilənlərdən belə aydın olur ki, xaqan yalnız Arsaqlar sülaləsindən olmalı idi. Bu fikir Pompey Troqun dedikləri ilə, yəni parfiyalıların Arsaqlar sülaləsinə bağlı və sədaqətli olduqları barədə söylədikləri ilə üst – üstə düşür.

İosif Flaviy daha sonra bildirir:

“…Sonra parfiyalılar Romaya özlərinə oradakı girovlardan (Fraatın qanuni oğullarından) xaqan tələbi ilə  elçi göndərdilər. Digər qardaşlardan fərqli olaraq üstünlük Bonona verildi. O isə dünyanın iki ən böyük dövləti tərəfindən ona xaqanlıq təklif edildiyi üçün taleyin üzünə güldüyünü düşündü. Amma barbarlar (romalı olmayanlar) sabit adam deyillər və tez bir zamanda öz seçimlərindən, yəni başlarında yadelli bir qulun, – girovluluğu onlar qul olmaq hesab edirdilər, –  durmasından… peşiman oldular və bunu şərəfsizlik hesab etdilr.  Buna görə onlar təcili surətdə Arsaklar sülaləsindən olan Midiya (Maday) hakimi Artabanı (Ərdəbanı) xaqanlığa dəvət etdilər.

Artaban dəvəti qəbul edərək qoşunu ilə birlikdə gəldi. Lakin Bonon ona qarşı  çıxdı və nəzərə alsaq ki, parfiyalılar ilk dövrlərdə hələ ona sadiq idilər, o, qələbə çaldı. Artaban Midiyaya qaçmağa məcbur oldu. Bir müddət sonra Artaban qoşun toplayıb Bonona qarşı vuruşdu və qalib gəldi. Bonon az sayda tərəfdarı ilə Selevkiyaya qaçdı. Daha sonra döyüşdən sonra özünə gələ bilməyən Parfiya ordusunun qalıqlarını qırıb çatan Artaban öz böyük qoşununun başında Ktesifona (Mədainə) üz tutdu və nəhayət, Parfiya taxtına oturdu. Bonon isə Ərməniyyəyə qaçdı. Burada o hakimiyyəti geri qaytarmaq üçün işlər görməyə başladı və romalılara elçilr göndərdi. Amma Tiberiy həm qorxaqlığı üzündən, həm də (Romaya elçilər göndərərək müharibə edə biləcəyini söyləyən) Artabanın hədələri üzündən ona mənfi cavab verdi.

Belə olan halda, taxt – tacın qaytarılmasının imkansız olduğunu, üstəlik də Nifata yaxınlığında yaşayan Ərməniyyə xanlarının Artabana sədaqət ifadə etdiklərini görən Bonon Suriya pretoru (canişini) Silana sığındı, sonuncu isə onu qəbul etdi.  Artabana gəlincə o, Ərməniyyəni oğlu Oroda verdi…

Atropatena və Parfiya dövlətlərinin tarix səhnəsinə çıxması ilə təqribən eyni dövrdə Azərbaycanın Kürdən şimaldakı torpaqlarında da böyük dəyişiklik baş verdi. Orada massagetlərin əvəzinə başqa bir türk boyu – albanlar hakimiyyətə gəldilər və bundan sonra həmin ərazilər “Albaniya”, yəni albanlar ölkəsi adlandırılmağa başladı. Lakin bu, İskəndərdən sonra olmuşdur. Çünki həmin dövrdə sözügedən ərazidə massaget boyundan bir qadın hökmdar hakimiyyətdə idi. Antik mənbələr onu amazonkaların hökmdarı adlandırır. Eyni mənbələrdən belə məlum olur ki, Makedoniyalı İskəndər onun xahişi ilə dağ başında yerləşən Darbani (Dərbənd) qalasından dənizə qədər uzanan böyük  daş səddin çatmayan hisssinidür. Yəni bu faktlar antik müəlliflərin əsərlərində təsbit edilmişdir və heç də, bəzilərinin iddia etdiyi kimi, orta əsr müəlliflərinin fantaziyası deyil. Məsələn, İskəndərin Dərbənd səddini çəkdirərək, dəmir qapı qoydurması barədə l əsrdə yaşamış İosif Flaviy özünün “Yəhuda müharibəsi haqqında” adlı əsərində məlumat verməkdədir.

Advertisements
Bu yazı Dilçilik, Etnoqrafiya, Tarix, Türkçülük, Ədəbiyyat kateqoriyasında dərc edildi və olaraq etiketləndi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma