VAHİD NAMİZƏD VƏ YENİLƏNMİŞ PARLAMENT, YOXSA İNQİLAB VƏ MÜVƏQQƏTİ KEÇİD HÖKUMƏTİ

Bəxtiyar Tuncay

Dünyanın böyük bir dəyişikliklər sürəcinə daxil olduğu, inqilablar və xalq hərəkatları dalğasının tədricən, lakin sürətlə və əsaslı şəkildə bütün dünyanı, ilk növbədə də Afrika və Avrasiya məkanını cənginə aldığının şahidiyik. Hadisələrin çox sərt və böyük insan qırğınları ilə müşayiət olunduğu ərəb ölkələrinə daha çox diqqət yetirildiyi üçün bir çoxları baş verənləri “Ərəb baharı” adlandırmaqda və bundan da belə bir səhv fikir formalaşmaqdadır ki, guya dəyişikliklər yalnız ərəb ölkələri ilə sınırlıdır və digər dövlətlərə heç bir dəxli yoxdur. Fəqət Yunanıstan, Portuqaliya, İspaniya kimi dövlətlərdə baş verənlər, Fransa və İtaliyada keçmiş hökumət və dövlət başçılarının, yəni Berluskoni və Sarkozinin məhkəmə önünə çıxarılması məsələnin tamam başqa cür olduğunu göstərməkdədir. Artıq qlobal mahiyyət daşıyan inqilabı proseslərin MDB məkanından da yan keçməyəcəyi heç bir şübhə oyatmır. Hər halda, bu yaxınlarda Qazaxıstanda (Aktau), Tacikistanda (Pamir bölgəsi) və Azərbaycanda (Quba) baş verən və mövcud diktatura rejimlərinə dərin nifrətin göstərgəsi olan lokal xalq üsyanları yaxınlaşmaqda olan böyük fırtınadan xəbər verməkdədir.

Texnoloji inqilabdan siyasi inqilablara keçid

Bənzər inqilablar dalğası tarixdə dəfələrlə olub və təhlillər göstərir ki, sosia-siyasi mahiyyətli inqilablar, bir qayda olaraq, baş verən hər hansı bir texnoloji inqilabın məntiqi nəticəsi kimi ortaya çıxır. Bu baxımdan Paris burjua inqilabını və ondan sonra domino effekti ilə bütün Avropaya, o cümlədən dalğası Rusiyaya yetişən və monarxların devrilməsi ilə müşayiət olunan burjua inqilablarını misal çəkmək olar. Həmin inqilabların təkanverici qüvvəsi kimi ərəfədə baş vermiş elmi-texnoloji inqilab sayəsində böyük kapital sahibinə çevrilən burjuaziyanın çıxış etdiyi, inqilabları burjuaziyanın qarşısında duran ən əsas maneəni, haramxor monarx və zadəganları aradan qaldırmaq istəyi nəticəsində meydana çıxdığı məlumdur.
XX əsrin sonlarında kompüter texnologiyaları sahəsində baş vermiş yeni inqilab, İnternetin dövriyyəyə girməsi və sosial şəbəkələrin yaranması da hazırda eyni effekti yaratmışdır. Bu günə qədər azad söz və toplaşma azadlığını məhdudlaşdırmaqla öz hakimiyyətlərini qorumağı və möhkəmlətməyi bacarmış diktatura rejimləri İnernetin ortaya çıxmasından sonra bundan məhrum olmuşlar. İndi istənilən ölkənin xalqı evindən çölə çıxmadan virtual məkanda hər gün bir araya gəlmək, mitinqlər keçirmək və fikrini qorxub çəkinmədən, azad şəkildə yaymaq imkanı əldə etmişdir. Bütün bu ölkələrdə sosial şəbəkələr bir vaxtlar “İskra” qəzetinin Rusiyada oynadığı rolu oynamaqda, geniş xalq kütlələrini böyük inqilabi proseslərə hazırlamaqdadır. Yəni İnternet eyni zamanda həm mitinq meydanı, həm gizli “Nina” mətbəəsi, həm də qeyri-leqal “İskra” qəzetinin funksiyalarını yerinə yetirir.
Tunis, Misir, Liviya, Yəmən və Suriya inqilablarının təcrübəsi göstərir ki, bu ölkələrdə inqilabın əsasını qoyanlar küçə və meydanlara tökülüşməmişdən öncə sosial şəbəkələrdə təşkilatlanmış və ideoloji dərs keçmiş insanlar olublar. Hazırda MDB məkanında, o cümlədən Azərbaycanda da bənzər prosesin getdiyinin şahidiyik.

İnqilab məktəbi rolunda çıxış edən virtual qruplar

Hazırda ölkəmizin virtual məkanında onlarla qrupun yarandığı, fəqət onlardan ikisinin – “İstefa” və “Xilas” qruplarının digərlərindən həm üzvlərinin çoxluğu, həm də digər siyasiləşmiş qruplara nisbətən radikallığı ilə seçildiyi danılmaz həqiqədir. Heç kəsə sirr deyil ki, bunlardan birincisinin yaradacıları müsavatçılar, digərininki isə AXCP-çilərdir. Qrupların yaradılmasının əsas səbəbi də sözügedən partiyaların və onların liderlərinin təbliğidir. Daha demokratik olması və digərindən fərqli olaraq, insanların fikir və söz azadlığını, demək olar ki, boğmağa meyilli olmaması səbəbindən “İstefa” qrupunun xalq arasında daha xoş qarşılandığı da bilinən həqiqətlərdəndir.
Hazırda bu qruplar, sözün əsl mənasında, insanların azad mitinq məkanına və inqilabi hazırlıq məktəbinə çevrilib. Üzvlərinin də sayı durmadan artır. İnsanlar bu qruplara kütlələr halında hazırki mənfur və iyrənc rejimə nifrətləri səbəbindən axışmaqdadırlar. Müşahidələr “İstefa” qrupunun daha perspektivli olduğunu söyləməyə əsas verir. Çünki burada söz və fikir azadlığının məhdudlaşdırılmasına çox nadir hallarda rast gəlinir. “Xilas” isə bu baxımdan hələ də arzuolunan səviyyəyə ulaşmayıb. Burada Əli Kərimlini tənqid edənlərə, İsa Qəmbər və ya iqtidar haqqında müsbət fikir söyləyənlərə yer yoxdur. Yalnz AXCP-nin dediyini və ya da onun dediyinə zidd olmayanları söyləyə bilərsən. Bununla belə, inqilabi ideyaların yayılmasında, kütlələrin siyasi cəhətdən maariflənməsində “Xilas”ın “İstefa”dan heç də az rol oynamadığını da etiraf etmək lazımdr.

Siyasiləşmiş virtual qruplarda ən çox təbliğ edilən iki əsas mövzu

Adı çəkilən siyasiləşmiş bu iki qrupda hazırda ən çox təbliğ edilən və insanların beyninə yeridilməyə çalışılan ən əsas iki məsələdən biri Parlamentin buraxılmasının zəruriliyi, digəri isə növbəti Prezident seçkilərində müxalifətin vahid namizədinin kim olacağı məsələləridir. Bir sözlə, ənənəvi müxalifət yenə iyirmi ildən bəri oxutduğu və heç bir müvəffəqiyyət əldə edə bilmədiyi köhnə vallarını oxutmaqda, kütləni vəziyyətin guya dinc, demokratik yolla dəyişməyin mükünlüyünə inandırmağa çalışmaqdadır. İnsanların ənənəvi müxalifətə etimad göstərməməsinin və inanmamasının əsas səbəblərindən biri də məhz budur. Çünki son iyirmi ildə iqtidarın və ənənəvi müxalifətin birgə iştirakı ilə oynanılmş “seçki” şoularının kimə və nəyə xidmət etdiyini, nə ilə nəticələndiyini, bu şouların total saxtakarlıqla müşayiət olunduğunu, müxalifətin də sonda boş əllə qaldığını bilməyən yoxdur. Əslində, ilham mənbəyini xalqdan deyil, ABŞ və Avropa ölkələrinin Bakıdakı səfirliyindən alan, inqilabı xalqın deyil, guya ABŞ-ın edəcəyinə inanan və tərəfdarlarını da buna inandırmağa çalışan bəzi ənənəvi müxalifət liderlərinin bundan başqa çıxış yolu da yoxdur. Çünki partiyalarını sözügedən ölkələrin səfirliklərindən gələn qrantlar hesabına bir təhər ayaqda tuta bilirlər. Bu qrantların kəsilməsi onların siyasi karyeralarının sonu ola bilər.
Qərbi isə Azərbaycanda hakimiyyətdə kimin olacağı, ölkəni necə idarə edəcəyi yox, sabitlik maraqlandrır. Sabitlik ona görə lazımdır ki, neftimizi və qazımızı sərbəst şəkildə daşıya bilsinlər. Bu məsələdə isə özünü “Avropanın enerji təhlükəsizliyinin qarantı” kimi təsdiqləmiş İlham Əliyev Qərb üçün daha optimal variant hesab edilir.

Yeni maliyyə mənbəyi məsələni əsaslı şəkildə dəyişə bilər və dəyişəcək

Hazırda Azərbaycanda fəaliyyət göstərən siyasi partiya və QHT-lərin maliyyə baxımından iki seçənəyi var: Qərb və iqtidar. Ya rüşvətxor, korrupsioner və regioncu iqtidarın, başqa sözlə, Naxçıvan mafiyasının qucağında oturmalı və bu cinayətkar dəstənin nökəri olmalısan, ya da Qərbdən gələn qrantlardan asılı vəziyyətə düşüb, xarici qüvvələrin marionetkasına çevrilməlisən. Bu günə qədər üçüncü seçənək olmadığından ənənəvi müxalifət qucaqda oturub, ümumxalq nifrətini qazanmaqdansa, könüllü surətdə marionetka funksiyasını yerinə yetirmək və Qərbə lazım olanda İlhamın sifətinə “demokratiya”, “insan haqları” silləsi vurmaqla, xalqın gözündən tam düşməmək yolunu sseçmişdir ki, bu da Qərbə lazım gəldiyində iqtidarı “şapalaqlamaq” və yolundan azmağa qoymamaq imkanı verir. İndisə vəziyyət dəyişmək üzrədir və yenicə ortaya çıxmış üçüncü qüvvə – Rusiyada yaşayan azərbaycanlı milyarderlərin qurduğu və ölkəmizdə böyük əks-səda yaradan təşkilatın aktivləşməsi hər şeyi kökündən dəyişmək iqtidarındadır. Yetər ki, bu təşkilat ölkədəki siyasi qurumları dəstəkləmək üçün kiçik bir fond qursun və bu fond aktiv işləməyə başlasın.
Belə bir fondun yaradılmasına çox böyük ehtiyac var. Onun vasitəsi ilə həm müxalifət partiyalarının funksionerlərini tam fəallaşdırmaq, funksionelərin iqtidar tərəfindən ələ alnmasını önləmək, tutuqlanan, cərimə edilən fəalların cərimələrini ödəmək, siyasi məhbusların ailələrinə yardım etmək və s. kimi tədbirlər həyata keçirmək olar. Əlbəttə ki, bura müxalifət liderlərinin xarici səfərlərinin maliyyələşdirilməsi, ayrı-ayrı kütləvi tədbirlərin keçilməsi, eləcə də inqilabın ideoloqu rolunda çıxış edə biləcək ziyalıların dəstəklənməsi və stimullaşdırılması da daxil olmalıdır.

İqtidar əndişə içərisindədir

Ərəb inqilablarından, Azərbaycanda sosial şəbəkələrdə gedən təşkilatlanmanın sürətindən və genişliyindən artıq çox narahat olmağa başlayan, fəqət heç nə etmək iqridarında olmayan hakimiyyətdəki cinayətkar ünsürlər Rusiyada yaşayan azərbaycanlı milyarderlərin təşkilatlanmasından sonra əməlli-başlı əndişə içərisindədirlər. Səbəb də tam aydındır, təşkilatın üzvləri bir vaxt sözügedən mafiyanın zülmündən baş götürüb Rusiyaya pənah aparmağa məcbur olan və hazırda sahib olduqları kapitalı da halal yolla toplamağı bacaran insanlardır. Onların əksəriyyətinin Naxçvan mafiyası tərəfindən daha çox zülmə məruz tutulan regionlardan, ilk növbədə də Şirvandan olmaları faktı da hakimiyyəti zorla ələ keçirmiş yırtıcılar ordusu üçün əlavə təşviş və qorxu mənbəyidir. Odur ki, hazırda bu xoşniyyətli insanlara qarşı iyrənc bir anti-təbliğat kampaniyasına start verilib və bu vətənpərvər, istedadlı və mədəni insanlar, az qala, Rusiyanın agentləri kimi, qurduqları təşkilat isə, az qala, FSB-nin bir şöbəsi kimi qələmə verilir.

Milyarderlər doğrudanmı rus agentləridirlər?

Şübhəsiz ki, Rusiyada yaşayan milyarder soydaşlarımızı Rusiya tərəfindən idarə edilən və rus mənafeyinə xidmət edən qrup kimi təqdim etmək cəhdləri milləti əsas hədəfdən yayındırmaq məqsədi güdür. Həqiqət isə budur ki, bu insanlar Rusiyanın daxili və xarici siyasətinə birbaşa təsir etmək iqtidarında olan insanlardır və onlar idarə edilən yox, idarə edənlərdirlər. Telman İsmayılova qarşı rus hakimiyyətinin sərgilədiyi təzyiqlər isə qrupda birləşən adamların Putinin tütəyi ilə oturub-duran adamlar olmadığını sübut edən ən gözəl faktdır.
Əlbəttə, Rusiyanın Azərbaycana yönəlik məkrli planlarının olmadığını iddia etmək də qətiyyən doğru olmazdı. Lakin Kremlin qurduğu planları “milyarderlər klubunda” yox, “Putinin dostu” İlham Rəhimli – onun “həyat yoldaşı” Rəbiyyət Aslanova – Ramiz Mehdiyev – Kamaləddin Heydərov xəttində axtarmaq daha doğru olar. Və bu planın ilk tüstüsü bu yaxınlarda Naxçıvandan çıxacaq. Söhbət Kamaləddin Heydərovun Naxçvanda Vasif Talıbovu devirmək üçün hazırladığı gizlin “xalq üsyanı” planından gedir. Hazırda naxçıvanlılar arasında “lider Kamaləddin Heydərov” ssenarisi işə salınıb ki, bu ssenarinin əsas hədəfi Naxçıvanı İlham Əliyevə (guya Mehriban Əliyevaya və Paşayrvlərə) qarşı “alınmaz Əlincə qalası”na çevirməkdən və qarşı qoymaqdan ibarətdir.

Parlament buraxılsın, ya buraxılmasın?

Yuxarıda qeyd etdiyimiz kimi, hazırda sosial şəbəkələrdə, ilk növbədə də “İstefa” və “Xilas” qruplarında ən çox səsləndirilən çağırışlardan biri Parlamentin buraxılması və təkrar seçkilərin keçirilməsi çağırışlarıdır ki, bu şüarla piket keçirməyə cəhd də edilib. Bu şüarın İctimai Palata tərəfindən ortaya atıldığı məlumdur və hansı məqsədə xidmət etdiyini başa düşmək heç də çətin deyil. Məlum olduğu kimi, sözügedən qurumu son Parlament seçkilərində namizədliyini irəli sürən, deputat olacaqları barədə yuxarılardan söz alan, fəqət aldadılan və Milli Məclisə buraxılmayan şəxslər təşkil etmişlər. Və onlar bu yolla əllərindən alınmış “haqqlarını” geri qaytarmaq, başqa sözlə, deputat kreslosunda oturaraq, gələcək maddi təminatlarını gerçəkləşdirmək istəyirlər. Çox təəssüf ki, inqilabçı gənclik onların bu siyasətini anlamamaqda, onlara inanaraq, küçələrə çıxmaqda, boş və mənasız yerə zopa yeməkdə və zindanlara düşməkdədir. Şübhəsiz ki, bu cür boş və mənasız şüarlarla milləti ayağa qaldırmaq mümkün deyil. Çünki heç kəs “keşiş Qapon” naminə “güllə” altına getməz. Parlamentdə bir – iki deputat dəyişməklə, bu mənfur rejim də dəyişməz.

Vahid namizəd ideyası barədə bir neçə söz

Ölkədə demokratik seçkilər keçirilmirsə, seçkilər total şəkildə saxtalaşdırılırsa, müxalifətin Prezident seçkilərinə vahid namizədlə qatılması nəyi dəyişə bilər ki? Axı, bu ikinin ikiyə vurulmasının dörd edəcəyi qədər açıq və aşkardır. Belə olan halda İsa Qəmbərlə Əli Kərimlinin tərəfdarları arasında qızışmaqda olan və kəskin hal alan mübahisəni anlamaq qətiyyən mümkün deyil. Ölkədə öncə azad seçkilərin keçirilməsini təmin etmək lazımdır. Yalnız bundan sonra vahid namizədin kim olacağını və ya da buna ehtiyac olub-olmadığını müzakirə etmək olar. Azad seçkilərin keçirilməsi üçünsə rüşvətxor və korrupsioner İlham Əliyev özünün yırtıcı komandası ilə birlikdə, özü də tam heyətdə rədd olub getməlidir. Bu isə yalnız və yalnz ümumxalq inqilabı nəticəsində mümkündür.
Şübhəsiz ki, həm İsa Qəmbər, həm də Əli Kərimli bunu çox gözəl başa düşürlər. Fəqər “inqilab” sözünü dillərinə gətirmirlər. Yəni belə bir çağırış etmirlər və yaxın zamanda edəcəkləri də az inandırıcıdır. Düz də edirlər. Çünki inqilab çağırışı edəcək adam millətin ən azı yarısı tərəfindən dəstəklənəcəyinə əmin olmalıdır. Ənənəvi müxalifətin isə əhalinin nə qədəri tərəfindən dəstəkləndiyini dəfələrlə keçirdikləri mitinqlərdən çox yaxşı bilirik. Əlbəttə, çox günan ki, bu hal yaxın zamanlarda dəyişəcək. Hələlik isə “ayağını yorğana görə uzatmaq” daha məsləhətdir.

İnqilab olacaqmı?

Müxalifətin çoxdandır üzərində baş sındırdığı amma cavab tapa bilmədiyi çox mahüm bir sual var: Əhalinin ən azı 90 faizi bu rejimdən narazı olsa da, onun rədd olmasını arzulasa da, nədən ayağa qalxmır?! Doğrudan da çox maraqlı sualdır. Axı, ölkədə inqilabi şəraitin yetişdiyi, hakimiyyətin xalqı o istəyən kimi idarə etmədiyi, xalqın da artıq bezdiyi və belə yaşamaq istəmədiyi göz qabağındadır. İnqilabın olacağı da, bunun qaçılmaz olduğu da açıq-aşkar göz qabağındadır. Belə olan halda, bəs, məsələ nədəir? Hər iki sualın cavabı çox sadə və asandır. Xalq onu inqilaba çağıracaq və qələbədən qələbəyə aparacaq liderini və onun ərafında formalaşacaq təşkilatı gözləyir. Hələlik isə üzdə olan siyasi liderlərin heç biri bu parametrlərə cavab vermir. Halbuki, həm İsa Qəmbərin, həm də Əli Kərimlinin həm əxlaq, həm savad, həm də cəsarət barədə heç bir əksiklikləri yoxdur. İsa Qəmbəri isə ümumiyyətlə, bir insan və şəxsiyyət kimi tam ideal da hesab etmək olar və çətin ki, bu sözlərimizə kimsə şübhə etsin. Bununla belə, xalq onu ümumxalq lideri rolunda görmür. Ən azı hələlik görmür.
Niyəsi barədə bir qədər sonra söhbət açacağıq. Hələlik isə yenidən vahid namizəd məsələsinin üzərinə qayıdaq və təsəvvür edək ki, iqtidarın olmayan vicdanı hərəkətə gəldi və o, Azərbaycanda doğrudan da azad Prezident seçkisinə start verdi. Belə bir seçkidə müxalifətin vahid namizədinin qələbə çalma ehtimalı varmı?

İsa Qəmbər və ya Əli Kərimli azad seçkilərdə İlham Əliyevə qalib gələ bilərmi?

Azad seçkilər keçilərsə və İlham Əliyev də bu seçkilərə qatılarsa, onun təqribən 300 min civarında səs toplaya biləcəyini, bundan artığına gücü çatmayacağını, bəxti gətirərsə və rəqibi zəif olarsa, səslərin sayını ən yaxşı halda 500 minə qaldıra biləcəyini tam qətiyyətlə söyləmək olar. Ona səs verənlərin əsasən naxçıvanlıların və qərbi azərbaycanlıların (üst-üstə 300 min seçici) olacağı, Azərbaycanın digər regionlarının ona səs verməyəcəyi heç bir şübhə oyatmr. Çünki millət artıq rüşvətxorluqdan, korrupsiyadan, regionçuluqdan, ən əsası isə İlham Əliyevin başçılıq etdiyi Naxçıvan mafiyasının zülmündən zinhara gəlib.
Ənənəvi müxalifət, yəni Müsavat və AXCP ona qarşı vahid namizədlə çıxış edərsə, heç şübhəsiz ki, qalib gələ bilər. Bunu İsa Qəmbər də, Əli Krimli də asanlqla edə bilərlər. Amma bu ona görə baş verməz ki, həmin şəxsləri Azərbaycan xalqının böyük əksəriyyəti dəstəkləyir, ona görə baş verər ki, Azərbaycan xalqı İlham Əliyevə və onun mafiyasına nifrət edir və nifrət etdiyi üçün də onun növbəti dəfə prezident olmaması, Azərbaycanda, nəhayət ki, rüşvət, korrupsiya və regionçuluğa son qoyulması naminə hər şeyə hazırdır.
Amma etiraf edək ki, İlhamın üzərində əzici qələbə çalmaq üçün Ayaz Mütəllibov və Rüsrəm İbrahimovun şansı İsa bəyinkindən də, Əli bəyinkindən də qat-qat çoxdur. Onların isə hələlik belə bir arzuda olduqları hiss edilmir. Amma hələlik… Hətta Mehriban Əliyeva da azad seçkilərdə ərini çox-çox geridə qoymaq iqtidarındadır.

Xalqa inqilab ruhlu liderlər lazımdır

Ölkədə inqilabi şərait yetişdiyindən və millət tədricən inqilaba kökləndiyindən onun çılğın, amma eyni zamanda, savadlı, mədəni və ən əsası isə cəsur bir liderə ehtiyacı var. Nəzərə alsaq ki, inqilabın taleyi bölgələrdə deyil, Bakıda həll olunacaq, bu şəhərdə təqribən 1,5 milyon nəfər özünü bakılı sayan insan var və Naxçvan mafiyası tərəfindən də ən çox zülm bakılılara və şirvanlılara edilmişdir və Azərbaycan əhalisinin bu kəsimi Naxçıvan mafiyasının hakimiyyətinin sona çatmasını hər kəsdən daha artıq istəyir, bu şəxsin kim olacağına daha çox Bakı camaatı qərar verəcək. Məsələyə bu prizmadan yanaşsaq, əlbəttə ki, İsa Qəmbərin şansı Əli Kərimlidən daha çoxdur. Amma bu heç də o demək deyil ki, onun yüz faiz şansı var. İnqilab lideri olacaq şəxs mütləq Rüstəm İbrahimbəyov, Rafiq Əliyev və Ayaz Mütəllibovun xeyir-duasını almalı və onlarla birgə hərəkət etməlidir. Belə olarsa, həm bakılıların, həm də əksəriyyəti şirvanlılardan oluşan Moskva milyarderlrinin tam dəstəyini qazana bilər.
Yeri gəlmişkən qeyd edək ki, İsa Qəmbərin Rusiyada yaşayan milyarder soydaşlarımızla əməkdaşlığa hazır olduğunu bildirməsi çox doğru addımdır və əgər gerçəkdən də özünü inqilab lideri olmağa hazır bilirsə, indidən, özü də vaxt itkisinə yol vermədən Bakı camaatı, ilk növbədə də Bakı kəndlərinin əhalisi ilə işləmək və onların rəğbətini qazanmaq lazımdır. Eyni sözlər Əli Kərimliyə də aiddir. Bu iki şəxsin mənasız rəqabətə son qoyub, çiyin-çiyinə yanaşı dayanmasına indi əvvəlkindən daha böyük ehtiyac var. Çünki Azərbaycan inqilab ərəfəsindədir və görüləsi iş isə həddən artıq çoxdur.

Advertisements
Bu yazı Siyasət kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma