TÜRK PASSİONARLIĞI: BÖYÜK QƏLƏBƏLƏRƏ DOĞRU

Bəxtiyar Tuncay

QLOBAL TƏBİİ PROSESLƏRLƏ SİYASİ, İCTİMAİ VƏ İQTİSADİ PROSESLƏR ARASINDA SIX ƏLAQƏ VAR
Dünya tarixini öyrənən alimlər qlobal ictimai – siyasi proseslərlə iqtisadi proseslər arasında həmişə sıx əlaqənin olduğunu söyləyirlər. Onların fikrincə, hər bir iqtsadi dəyişiklikdən sonra mütləq siyasi və sosial dəyişikliklər baş verir. Siyasi – sosial dəişikliklər də, bir qayda olaraq, iqtisadi proseslərdə yeniliklərə yol açır. Fəqət qlobal dəyişikliklər dövründə təbiətdə baş verən dəyişikliklər heç vaxt nəzərə alınmır. Bu da təbiidir, çünki təbiətin tarixini öyrənmək tarixçilərin tədqiqat sahəsinə aid deyil. Bu işlə daha çox geoloqlar məşğul olurlar.
Tarixdə ilk dəfə bu məsələyə kompleks şəkildə yanaşan, təbii prosseslərlə ictimai – siyasi, eləcə də iqtisadi prosesləri birlikdə araşdırmağa girişən böyük rus alimi Lev Qumilyov olmuş, məhz o bu proseslərin bir – birindən asılılığı fikrini ortaya atmış və bu fikrini yüzlərlə konkret faktla əsaslandırmşdır. O, bu sahədəki düşüncələrini “Etnogenez” və “Xəzər ətrafında 2000 il” kitablarında şərh etmişdir. Bu kitablarında o, hətta ayrı – ayrı xalqların, yəni etnoslarının güclənib – zəifləməsi ilə onların yaşadıqları coğrafi regionda baş verən və qlobal təbii proseslərin tərkib hissəsi olan dəyişikliklər arasında sıx əlaqə olduğunu dəqiq tarixi faktlarla əsaslandırmışdır. Onun təsbit etdiyi ən maraqlı qanunauyğunluqlardan bir neçəsi isə bilavasitə türk xalqları ilə bağlıdır.
XƏZƏR DƏNİZİ VƏ ARAL GÖLÜ – TÜRK PASSİONARLIĞININ BAROMETRİ
Xəzər dənizinin səviyyəsinin vaxtaşırı qalxıb – enidiyi, bu qalxıb – enmələr arasında 1-2 min il keçdiyi dəqiq məlum olan faktlardandır. Bunu sözügedən dənizin sahil zolağının geoloji çöküntülərini tədqiq edən geoloqlar təsbit etmişlər. Onlar hətta bu dəyişikliklərin hansı minilliklərdə və hətta hansı əsrlərdə baş verdiyini dəqiqliklə hesablamışlar. Geoloqların bu hesablamalarını türk xalqlarının tarixi ilə tutuşduran Qumilyov böyük bir elmi kəşfə imza atıb. Onun tədqiqatları nəticəsində məlum olub ki, Xəzərin səviyyəsi artmağa başlayanda türklər güclənməyə və yeni – yeni ərazilər tutmağa balayır, su çəkiləndə isə zəifləyir və ərazilərinin bir qismini itirirlər. Bir sözlə, Xəzərin qalxıb – enməsi ilə türk passionarlığı arasında sıx əlaqə var.
Maraqlıdır ki, alim bu kəşfini edəndə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan kimi türk cümhuriyyətləri rus – sovet əsarəti altında idilər və Xəzərin səviyyəsi də özünün ən aşağı nöqtəsində, yəni dəniz səviyyəsindən (dünya okeanlarnın səviyyəsindən) 28 metr aşağıda idi. Səviyyənin qalxacağına dəlalət edən heç bir əlamət də müşahidə edilmirdi. Bir neçə il sonra Orta Asiya alimləri həyacan təbili çalmağa başladılar ki, Aral gölünün səviyyəsi aşağı düşməyə başlayır. Bu isə Xəzərin səviyyəsinin artmağa başlayacağının müjdəçisi idi. Məsələ burasındadır ki, geoloqların təsbitinə görə, Xəzərin səviyyəsi artanda Aral gölünün səviyyəsi azalmağa başlayır. Aralın səviyyəsi artanda isə Xəzərin səviyyəsi aşağı düşür. Bunun nə üçün belə olduğunu alimlər bugünə qadər hələ də anlaya bilmirlər.
ÜMUMTÜRK PASSİONARLIĞI
Xəzər səthinin Aral gölünün səthindən bir neçə dəfə böyük olduğundan onun enmə – qalxması daha aşağı sürətlə baş verir. Səthi kiçik olan Aral gölündə isə bu proses daha sürətli getdiyindən, təbii ki, gözə daha tez dəyir.
Alimlər dərhal Xəzərin səviyyəsini ölçdülər və məlum oldu ki, qalxma başlayıb. Həmin dövrdən keçən zaman kəsiyində dənizin suyu təqribən 2 metr artıb və üzümüzə gələn 40 – 50 il içərisində daha 1,5 metr qalxması gözlənilir. Aral gölü isə, demək olar ki, tamamilə quruyub. Artıq Azrbaycan da, Orta Asiyanın digər türk cümhuriyyətləri də azadlğa çıxmış və özlərinin sürətli inkişaf mərhələsinə qədəm qoymuşlar. Bu inkişaf, ölkədə yırtıcı mafiyanın hakim olmasına rəğmən, Azərbaycanın simasında daha aydın görünürdü. Məsələn, 1999 – 2003 – cü illərdə Azərbaycanda ÜDM artımı orta hesabla hər il 10 faiz olmuş, 2004 – 2008 – ci illərdə isə həmin göstərici 20 faizə qalxmışdı. Təbii ki, bunda neft amilinin də rolu az olmayıb.
Lev Qumilyov ayrı – ayrı dövrlərdə ayrı – ayrı etnosların sürətli inkişaf dövrünə qədəm qoymasını passionarlıq enerjisi ilə bağlayır və bunu təbiətdə baş verən dəyişikliklərlə əlaqələndirir. Onun sözlərinə görə, bu enerjiyə sahib olan millətlər gözlənilmədən ağlasığmaz sürətlə inkişaf edirlər, kiçik və zəif dövlətdən qüdrətli dövlətə və hətta imperiyaya çevrilirlər, enrji bitməyə başlayanda isə onların imperiyaları dağılır, dövlətləri zəifləyir və günlərin birində o qədər zəifləyir ki, başqa dövlətlərin əsirinə çevrilirlər. Passionarlıq enerjisinin yaranması ilə tamamilə tükənməsi arasında təqribən 1400 il keçir.
RASSİONARLIQ ENERJİSİ TÜKƏNƏN RUSİYA MƏHVƏ SÜRÜKLƏNİR
Passionaqlığın nə demək olduğunu daha aydın başa düşmək üçün rusların tarixinə nəzər salmaq yetərlidir.
Xlll – XlV əsrlərdə tatar imperatorluğunun tərkibində olan və türk – tatar hökmranlığı altında yaşamağa məhkum olan ruslar gözlənilmədən əldə etdikləri passionarlq sayəsində XlV əsrin sonlarına yaxın müstəqillik əldə etdilər və artıq XV əsrdə özlərinin Moskva və ətrafını əhatə edən güclü dövlətlərini qurdular. Sonrakı əsrlərdə isə tatar imperatorluğunun bütün torpaqlarını ələ keçirərərk, öz imperatorluqlarını yaratdılar. XlX – XX əsrdə isə imperiyanın sahəsini Güney Qafqaz, Orta Asiya və Şərqi Avropa ölkələri hesabına daha da genişlndirdilər, dünyanın iki super gücündən biri səviyyəsinə yüksəldilər və günlərin birində enerjilərinin tükənməsi baş verdi.
Passionarlıq enerjisinin tükənməsi ilə öncə Varşava Blokuna daxil olan ölkələri, ardınca 14 sovet respublikasını itirən Rusiya indi də Rusiya Federasiyasına daxil olan müstəmləkələrini itirmək təhlükəsi ilə üzləşə bilər və Quzey Qafqaz respublikalarında – Çeçenistan, İnquşetiya, Kabarda – Balkar və Dağıstanda baş qaldıran və qarşıya İslam Xilafətini bərqərar etməyi əsas məqsəd kimi qoyan vəhhabilik belə bir təhlükənin heç də az olmadığını göstərir. Hərçənd ki, ənənəvi İslamın təmsilçiləri başaq fikirdədirlər və məsələyə bir qədər fərqli rakursdan baxırlar.
DÜNYA BÖYÜK DƏYİŞİKLİKLƏR ƏRƏFƏSİNDƏ
Hazırda müşahidə etdiyimiz qlobal təbii kataklizmlər, meşə yanğınları, sel və daşqınlar, eləcə də qlobal iqtisadi böhranla müxtəlif bölgələrdə – İraq və Əfqanıstanda davam edən müharibələr arasında, şübhəsiz ki, sıx bir əlaqə var. Bütün bunlar bizi gözləyən böyük dəyişiklikərdən xəbər verir. Əgər 2012 – ci il, bir çoxlarınn iddia etdiyi kimi, dünyanın sonu olmayacaqsa, hər birimiz həmin dəyişiklikləri görəcəyik. Hazırda ərəb dünyasında və Cənubi Avropada baş verənlər deyilənlərə gözəl sübutdur.
Qlobal dəyişikliklərin Türk dünyasının, bütövlükdə İslam dünyasının, xüsusən də çox güclü elmi və mədəni potensiala sahib olan Azərbaycanın təsəvvür edə bilməyəcəyimiz uğurlara imza atmasına səbəb olacağını tam qətiyyətlə söyləmyə əsas verir. Çünki baş verənlər Qərb dünyasının, o cümlədən ABŞ və Avropanın passionarlığının tükəndiyini, Türk – İslam dünyasının isə yeni passionarlıq qazandığını göstərir. Elə bunun nəticəsidir ki, NATO ölkələri Əfqanstanda heç nəyə nail ola bilmir, artıq bu ölkəni tərk etmək barədə düşünürlər. Yəni məğlubiyyətlərini etiraf etməyə məcburdurlar. Bu isə o deməkdir ki, İslamın zəfər yürüşü başlayır. Mədəniyyətlərarası savaş qaçlmazdır və bu savaş mütləq və mütləq müsəlmanların qələbəsi ilə bitəcək.
TÜRK BİRLİYİNƏ DOĞRU
Bu gün tam qətiyyətlə sözyləmək olar ki, Türk dövlət başçılarının Naxçıvanda gerçəkləşən və Dövlət Başçıları Şurasının yaranması ilə nəticələnən zirvə görüşü türk xalqlarının tarixinin mühüm dönüş nöqtələrindən biri olmuşdur. Naxçıvanda yaradılması qərara bağlanan Şura öz ilk toplantısını İstanbulda keçirdi və sevindirici haldır ki, həmin iclasın işində Türkmənistan prezidenti də iştirak etdi və o da rəsmən təşkilata daxil oldu.
Məlumat üçün bildirək ki, sözügedən qurumun yaradılması türk dövlətlərinin inteqrasiyası istiqamətində atılmış çox önəmli addımlardan sadəcə biridir. Bununla yanaşı, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın birlikdə təsis etdikləri və mərkəzi də Bakıda yerləşən Türk Dövlətləri Parlament Assambleyasını da xüsusi vurğulamaq lazımdır.
Lakin çox təəssüflər olsun ki, hələlik Özbəkistan inteqrasiya prosesindən kənarda qalb və bunun da səbəbi bu ölkə ilə Qırğızıstan arasında mövcud olan sərhəd problemidir. Lakin problemlər təkcə Özbəkistanla Qırğızıstan arasında yaşanmır, Azərbaycanla Türkmənistan arasında da türkmənlərin “Sərdar” adlandırdıqları “Kəpəz” neft yatağı üzündən müəyyən ziddiyyətlər mövcuddur. Lakin bu, Türkmənistan prezidentinə İstanbul sammitinə qatılmağa mane olmadı.
İQTİSADİ BİRLİYƏ NAİL OLMAQ DAHA ÖNƏMLİDİR
Şübhəsiz ki, inteqrasiya istiqamətində atılmış siyasi addımlar çox önəmlidir və Türk Birliyinə nail olmaq baxımından olduqca qiymətlidir. Lakin gerçək və möhkəm birliyə aparan yol ilk növbədə iqtisadi birlikdən keçir. Yəni ortaq iqtisadi maraqlar olan yerdə siyasi maraqların uzlaşdırılması daha asan başa gəlir. Unutmayaq ki, Avropa Birliyi də öncə kömür və metallurgiya sənayeçilərinin birliyi kimi yaranmış, sonra iqtisadi birliyə çevrilmişdi. Yalnız bundan sonra siyasi birlik də yarandı.
İqtisadi birliyə nail olmaq üçün zəruri infrastruktur olmalıdır və qeyd etməliyik ki, bu istiqamətdə bəzi uğurlarımz var. Bu baxımdan Azərbaycanla Türkiyəni bir – birinə sıx bağlayan Bakı – Tiflis – Ceyhan neft və Bakı – Tiflis – Əzurum qaz kəmərlərini, eləcə də Qazaxıstandan Çinə uzanan, Qırğızıstan və Şərqi Türküstandan (Uyğurustandan) keçən kəməri və s. göstərmək olar. Bakı – Tiflis – Qars dəmir yolunun istifadəyə verilməsi ilə isə Orta Asiyann türk dövlətlərini Azrbaycan üzərindən Türkiyə ilə birləşdirən çox mühüm bir kommunikasiya xətti ortaya çıxmış olacaq.
Əlbəttə, məsələ təkcə bu deyilənlərlə də sınırlı qalmayacaq. Artıq bir neçə ildir ki, Azərbaycanın və Qazaxıstann Xəzərin müqabil sahillərində neft terminalları istifadəyə verilib və qazax neftinin bir hissəsi gəmilərlə Azərbaycana, Azərbaycandan isə Avropaya ixrac edilir. Yaxın zamanlarda iki ölkəni bir – birinə bağlayan sualtı neft kəmərinin tikintisi də nəzərdə tutulub.
SİYASİ VƏ İQTİSADİ BİRLİKLƏ YANAŞI MƏDƏNİYYƏT SAHƏSİNDƏ DƏ İNTEQRASİYAYA EHTİYAC VAR
Təbii ki, söhbət genişmiqyaslı inteqrasiyadan gedirsə, siyasi və iqtisadi birlik yanında mədəni birliyə də nail olmaq vacibdir. Sevindirici haldır ki, bu istiqamətdə də iş tam sürəti ilə gedir. Bu baxımdan təkcə türk dövlətlərinin deyil, eyni zamanda Rusiyanın bəzi türk muxtariyyətlrinin mədəniyyət nazirlərini birləşdirən və ortaq layihələrin gerçklşdirilməsi ilə məşğul olan TÜRKSOY təşkilatının adını xüsusi çəkmək lazımdır. Bunula yanaşı, Türk Yazarlar Birliyi, Türk Bəstəkarlar Birliyi və s. kimi təşkilatları, eləcə də hər il keçirilən Türk dövlət və topluluqlarının qurultaylarını da yada salmaq lazımdır. Məlumat üçün bildirək ki, bu gün gəlinən səviyyəyə görə məhz həmin qurultaylara minnətdar olmalıyıq.
Bu gün önəmli məsələlərdən biri də bütün türk dövlətlərinin məktəblərində tədris edilməsi düşünülən ortaq tarix və ədəbiyyat kitablarının yazılması və sözügedən dövlətlərin təhsil nazirlikləri tərəfindən təsdiqlənməsidir. Sevindirici haldır ki, bu istiqamətdə ən azı Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında ilkin razılıq var və artq müəyyən işlər də görülməkdədir.
Ən önəmli məsələlərdən biri isə, təbii ki, ortaq türkcənin qəbul edilməsi və tədricən bütün türk coğrafiyasında yayğınlaşdırılmasıdır. Azərbaycan ziyalılarının böyük əksəriyyəti ortaq türkcə kimi Türkiyə türkcəsinin qəbul edilməsinə tərəfdardırlar. Digər türk xalqları arasında da bu fikrə tərəfdar olanlar var.
Məlumat üçün bildirək ki, hazırda türk dili dünyanın ən sürətlə populyarlaşan və dünya ölkəlrində yayğınlaşan dillərdəndir.
TÜRK BİRLİYİ ZAMANIN TƏLƏBİDİR
Türk dövlətlərinin inteqrasiya prosesinə qloballaşma prosesinin tərkib hissəsi kimi baxmaq daha doğru olar.
Qloballaşmanın getdikcə sürətləndiyi və dərinləşdiyi bir dövrdə, bu prosesə paralel olaraq, reginonlaşma prosesinin, yəni müxtəlif region ölkələrinin öz aralarında inteqrasiyaya üstünlük verməsinin şahidi oluruq. İlk baxışdan sonuncunun birinciyə qarşı dirəniş hərəkatı olduğu təəssüratı yaranır. Bu təəssürat daha çox müsəlman ölkələrinin İslam Konfransı Təşkilatı və müxtəlif beynəlxalq siyasi qurumlar daxilində əməkdaşlığının timsalında yaranır. Lakin gerçəkdə bu belə deyil. Qloballaşmanın artıq qaçılmaz hal aldığını hər kəs başa düşür və regionlaşmaya meyl sözügedən zəruri prosesdən əzilmiş vəziyyətdə çıxmamaq, ayaqda qala bilmək və hətta imkan olarasa, mövcud vəziyyəti öz xeyrinə dəyişmək istəyindən doğur. Bu baxımdan istənilən regional əməkdaşlıq, faktiki olaraq, qloballaşmanın mühüm tərkib hissəsidir. Deyilənlərə ən gözəl sübut Avropa Birliyidir.
Avropa Birliyinin yaranmasını zəruri etmiş şərtlərdən söhbət açan analitiklər onlardan biri kimi qloballaşma prosesində ABŞ və Çin kimi nəhənglərlə rəqabətə davam gətirmək istəyini və buna nail olmaq üçün potensiallarını birləşdirmələrini göstərirlər. Məlumat üçün bildirək ki, bu qədər Avropa ölkəsinin bir araya gəlməsinə baxmayaraq, onların birlikdə ümumdünya ÜDM – sindəki çəkisi ABŞ və Çininkindən azdır. Belə olduğu üçün də qlobal iqtisadi və siyasi poseslərə təsir gücü nisbətən zəifdir.
AZƏRBAYCANLA TÜRKİYƏNİN İNTEQRASİYASI DAHA SÜRƏTLƏ GEDİR
Bu gün qarşıda duran ən vacib məsələ Türkiyə – Azərbaycan – Qazaxıstan xətti üzrə daha dərin inteqrasiyaya nail olmaqdır və bu sahədə iş arzu olunan səviyyədə olmasa da, pis də deyil. Bu baxımdan Azərbaycan – Türkiyə əlaqələri gerçəkdən də ürəkaçıcıdır. Əlaqələr artıq hər baxımdan strateji əməkdaşlq səviyyəsinə qalxıb. Türkiyə prezidenti Abdulla Gülün Bakıya səfəri zamanı, eləcə də bu ayın 15 – də İstanbulda bu istiqamətdə sənədlər də imzalanıb və bundan sonra, uzun müddətdən bəri onsuz da mövcud olan strateji ortaqlıq münasibətləri daha da dərinləşəcək və hətta hərbi sahəni də əhatə edəcək.
Üçüncü ölkələrə birgə investisiyaların qoyulması barədə gəlinən qərarın önəmi isə daha böyükdür və bunun hər iki ölkəyə, xüsusən də Azərbaycana böyük faydası olacaq. Ölkələrimizin bir – birinin sənayesinə qoyduqları investisiyalar da inteqrasiyanı daha da sürətləndirməkdədir. Bir sözlə, gələcəyə ümidlərlə baxmaq olar.
AVROPA TÜRKİYƏNİ REGİONAL VƏ QLOBAL GÜC HESAB EDİR
Türkiyədə Ədalət və Qalxınma Partiyasınn iqtidara gəlişindən sonra bu ölkənin bütün sahələrdə, xüsusən də iqtisadiyyatda əldə etdiyi böyük sıçrayış qardaş dövlətin sözün əsl mənasında sayılıb – seçilən regional güclərdən birinə çevrilməsinə səbəb olub. Lakin görünən budur ki, rəsmi Ankaranın sadəcə regional güc kimi qalmaq fikri yoxdur. Bu da təbiidir, NATO – nun ABŞ – dan sonra ikinci böyük ordusuna sahib olan, hərbi potensialına görə dünya altıncısı olan, iqtisadi qüdrətinə görə isə on altıncı sırada yer alan bir ölkə dünya dövləti roluna iddia edə bilər və etməlidir də.
İraqa müdaxilə sırasında ABŞ – a dəstək verməyərək, tam müstəqil siyəsaət yürütməsi, İsrailə və İslam dünyasına, xüsusən də ərəb ölkələrinə münasibətdə siyasətini yenidən gözdən keçirməsi, eləcə də Afrika, Asiya və Latın Amerikası bazarları uğrunda cəsarətlə mübarizəyə girişməsi Türkiyənin artıq regional gücdən qlobal gücə çevrilmək ərəfəsində olduğunu göstərir və artıq dünyanın bir çox qabaqcıl dövləti bu faktla barışmaq məcburiyyətindədir. Bu baxımdan Avropa ölkələri də istisna deyil və Fransanın Ankaradakı səfiri Bernard Emie bu faktı təsdiq edərək bəyan edib ki, Türkiyə yalnız bölgə miqyaslı deyil, həm də dünya miqyaslı bir gücdür.
TÜRKİYƏNİ AVROPA BİRLİYİNƏ NİYƏ QƏBUL ETMƏK İSTƏMİRLƏR
Bununla belə, bütün cəhdlərinə baxmayaraq, Türkiyənin Avropa Birliyinə üzvlük məsələsi yubanır. Bəri başdan deyək ki, istər Fransanın, istərsə də bir çox Avropa ölkəsinin Türkiyənin AB üzvülüyünü qısqanclıqla qarşılamasının əsas səbəbi etnodemoqrafik səbəblərlə bağlıdır.
Məlumat üçün bildirək ki, hazırda AB ölkələrinin toplam əhalisinin sayı təqribən 500 milyon nəfərdir. Türkiyənin əhalisi isə 70 milyondan bir qədər artıqdır. Fəqət 1999 – cu ildə Türkiyədə birinci sinfə gedən uşaqların sayı elə həmin il Fransa, Almaniya və İngiltərədə birinci sinfə gedən uşaqların toplam sayı qədər olub. Adı çəkilən üç ölkədə yaşayan əhalinin sayı bütün AB ölkələrinin birlikdə əhalisinin yarsını təşkil edir. Bu isə o deməkdir ki, bugün Türkiyənin əhalisi AB əhalisindən təqribən 7 dəfə az olsa da, 18 yaşına qədər olan türkiyəli uşaqların sayı Avropadakı həmyaşıdlarının sayının yarısı qədərdir. Deməli, Türkiyə AB – yə daxil olarsa, 20-25 ildən sonra Avropa məkanında doğub – törəmək, yəni artmaq iqtidarında olan hər üç avropalıdan biri müsəlman olacaq. Əsrin ortalarında isə Avropanın yarıdan çoxu islam dininə sitayiş edəcək və türk dilində danışacaq. Bu minvalla Avropa bir türk – islam birliyi halına gələ bilər.
Ən çox isə, birliyə daxil olar – olmaz, çox sayda türk vətəndaşınn Avropa ölkəlrinə köç edəcəyindən və həmin ölkələrin etnodemoqrafik vəziyyətini dəyişə biləcəyindən ehtiyat edilir. Belə düşünmk üçün ciddi əsas da var. Məsələ burasındadır ki, miqrasiya adətən zəif inkişaf etmiş regionlardan yüksək inkişaf etmiş regionlara doğru baş verir. Yaxın zamanlara qədər isə Türkiyə iqtisadi baxımdan əksər Avropa ölkələrindən geridə idi.
Son zamanlar, xüsusən də qlobal iqtisadi böhrandan sonra vəziyyət əsaslı şəkildə dəyişməyə başlayıb. Proqnozlar Türkiyənin çox yaxın zamanlarda ən inkişaf etmiş yeddilikdə yer alacağını göstərir.
DÜNYA DƏYİŞİR, BUNU GÖRMƏMƏK MÜMKÜN DEYİL
Məlumat üçün bildirək ki, ABŞ strateqlərinin hesablamalarına görə bu gün dünyanın ilk yeddiliyində qərar tapan dövlətlər, yəni ABŞ, Yaponiya, Almaniya, Kanada, İngiltərə, Fransa və İtaliya 1925 – ci ilə qədər bu üstün mövqelərini itirəcək və ilk yeddilikdə onları Çin, Hindistan, Rusiya, Braziliya, Meksika, İndoneziya, Türkiyə kimi dövlətlər qərar tutacaqlar. Artıq Çin ABŞ – dan sonra ikinci sıraya yüksəlib və hətta onu ötüb keçmək ərəfəsindədir. Hindistan da artıq ilk yeddiliyə sıx yaxınlaşıb. Braziliya, Meksika, İndoneziya və Türkiyə də sürətlə inkişaf etməkdədirlər. Proqnozları, deyəsən, hələlik yalnız Rusiya doğrultmur.
Adı çəkilən dövlətlərin, o cümlədən Türkiyənin artıq regional gücə çevrildiyi, qlobal güc olmağa hazırlaşdğı və tam müstəqil siyasət yeritdiyi danılmaz faktdır. Regional gücə çevrilməsi və bunun artıq hər kəs tərəfindən qəbul edilməsi bu yaxın zamanlara qədər ABŞ – dan gələn direktivlərlə oturub – qalxmağa məcbur olan Türkiyəyə artıq özünü tam müstəqil hiss etməsinə imkan yaradıb. ABŞ – ın İraqa təcavüzü zamanı rəsmi Anqaranın fərqli kurs izləməsi, İran və Suriyaya münasibətdə tam müstəqil siyasət yeritməsi, eləcə də anti – İsrail mövqeyindən çıxış etməyə başlaması deyilənlərə ən gözəl sübutdur.

Advertisements
Bu yazı Dilçilik, Fəlsəfə, Siyasət, Tarix, Türkçülük kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma