“HÖVSAN” ETNOTOPONİMİ BARƏDƏ

abweron

(MÜSAHİBƏ)
-Bəxtiyar bəy, Azərbaycanın və ümumiyyətlə qədim türklərin tarixi, mədəniyyəti və folkloru ilə bağlı qələmə aldığınız əsərlərinizdə yer-yer bəzi etnonim və toponimlərlə bağlı fikirlərinizi də paylaşmısınız. Bu fikirlər bizə çox məntiqi və inandırıcı göründütündən bir məsələ bağlı məhz sizə müraciət etməyi qərara aldıq.
-Buyurun, əgər verəcəyiniz sualın cavabı mənə məlum olarsa, böyük məmnuniyyətlə onu sizinlə bölüşərəm.
-Sizcə, Hövsan kəndinin adı nəyi ifadə edir?
-Bilirsinizmi, mən bu barədə heç vaxt düşünməmişəm. Ona görə də sizə sadəcə ilkin rəyimi söyləyə bilərəm. İlk öncə ondan başlayaq ki, “Hövsan” toponiminin sonunda “an” formantı var və bu formant İran mənşəlidir. Bir sıra İran dillərində həmin formant toplayıcılıq funksiyasını yerinə yetirir və məkan bildirir. Bu baxımdan “Hövsan” adını “hövslər” və ya “hövslərin yaşadığı yer” kimi başa düşmək lazımdır.
-Hövslər?!
-Bəli, hövslər. Görünür kəndə adı ətrafdakı tat kəndləinin sakinləri vermişlər və buunla da bu kəndin sakinlərini özlərindən ayırmışlar. Eynən Türkan sakinlərini ayırdıqları kimi. Adından da göründüyü kimi, “Türkan” türklərin məskəni deməkdir. Ətraf tat kəndlərinin hamısının adında “xanı” formantı var. “Bu kəlmə” əski tatca “evlər” deməkdir. Məsələn, Suraxanı, Balaxanı və s. Onlar öz kəndlərinin adlarını bu formantla, digər etnosların yaşadıqları kəndlərin adlarını isə “an” formantının yardımı ilə yaratmışlar. Məsələn, bir zamanlar Abşeronda “Avşaran” adlı kənd də olub və Abbasqulu ağa Bakıxanovun yazdığına görə, əslində yarımadanın adı da bu kəndin adından götürülüb və onun adı əslində “Abşeron” yox, “Avşaran”dır. Yəni avşarların məskəni. Avşarların isə 24 türk-oğuz boyundan biri olduğu məlumdur. Bu isə o deməkdir ki, bir kəndin adında “an” formantı varsa, onun adının birinci hissəsi mütləq etnonim olmalıdır. Odur ki, “Hövsan” toponiminin birinci hissəsi, yəni “hövs” adı etnonimdir, yəni xalq və ya tayfa adıdır.
-Sözünüzdən belə çıxır ki, “hövs” adlı bir xalq və ya tayfa olub. Əgər doğrudan da belə bir tayfa və ya xalq olmuşsa, onların adı mütləq hansısa tarixi mənbədə çəkilməli idi. Belə bir mənbə varmı?
-Bəli var. Sözügedən xalqın adını ilk dəfə XI əsr gürcü tarixçisi Leonti Mravelli özünün “Kartlis Tsoxreba” adlı əsərində “ovs” kimi çəkib. O, e.ə VII əsrdə Qafqazda baş vermiş hadisələrdən və xəzərlərdən söz açdığı yerdə ovsları xəzər türklərinin bir tayfası kimi qeyd edib. Durdzuklar, yəni çeçenlərin ulu babaları və didoylar, yəni Dağıstan xalqlarından olan andiyalıların ulu babaları ilə yanaşı yaşadıqlarını qeyd edib. Onların qonşuları sırasında qumuqların ulu babaları olmuş qıpçaqların da adını çəkib. Bu isə indiki Dağıstan ərazisinə uyğun gəlir. Nəzərə alsaq ki, Abşerona tatlar təqribən XIII-XIV əsrlərdə indiki Dağıstanın cənubundan və Quba-Xaçmaz zonasından köçüb gəlmişlər, ehtimal etmək olar ki, hövslər və ya ovslar da təqribən həmin dövrdə onlarla birlikdə gəlmişlər.
-Hövslər və ovslar?!
-Ortadakı fonetik fərqlər sizi çaşdırmasın. Məsələ burasındadır ki, gürcü dilində nə “h”, nə də “ö” səsi yoxdur. Odur ki, gürcü tarixçasi “hövs” adını “ovs” kimi yazmalı idi. Amma ola bilər ki, “ovs” variantı ilkin, “hövs” variantı isə sonrakı formadır.
-Sizcə, bu xalq və ya tayfa mənşəcə türk olub?
-Şübhəsiz, madam ki, Mrovelli onları xəzərlərin bir qolu adlandırır, deməli, türk olmuşlar. Maraqlıdır ki, bəzi mənbələrdə “ovs”lardan hun türkləri və ya onların bir qolu kimi bəhs olunur. Bir mənbədə Bazuk və Ambazuk hun sərkərdələri, başqa mənbədə isə ovs sərkərdələri kimi təqdim edilir. Sadəcə, bu xalq, başqa sözlə, hövsanlılar Abşeronda tatlarla qaynayıb-qarışmışlar. Qız alıb-vermişlər, qohum olmuşlar. Tatların yaxınlığında yaşadıqları üçün çoxları türk dilindən başqa tat dilini də bilib. Yeri gəlmişkən qeyd edim ki, osetinlər sarmat və alanları öz ulu babaları kimi təqdim etməyə çalışdıqları kimi, ovsları da öz babaları elan edirlər. Amma bunun heç bir elmi əsası yoxdur.
-İcazənizlə sizə bir sual da verim.
-Buyurun.
-“An” formantını əldə əsas tutsaq, onda elə çıxmalıdır ki, “Lənkəran” toponiminin də əsasında hansısa “lənkar” adlı bir xalq və tayfanın adı durur. Bu barəd nə deyə bilərsiniz?
-Yox, Lənkəranın adında “an” formantı yoxdur, sonradan “kəran” şəklinə düşmüş “kəron” formantı var və bu formant talışcada tat dilindəki “xanı” formantının ekvivalentidir və “evlər” deməkdir. Talış zonasında bu formantla bitən bir çox yer adları var. Baxın, həm tat, həm də talış dilləri İran dillərinə aiddir. İran dilləri isə hind-Avropa dil ailəsinin bir qoludur. Hind-Avropa dillərinin bir çoxunda şəhər və kənd adlarının yaranmasında həmin dil ailəsinə daxil olan xalqların dilində “evlər” mənasını verən formantlar işlənməkdədir. Bu baxımdan hind-Avropa dillərinin german qrupuna daxil olan alman dili də istisna deyil. Almaniyada bir çox şəhərlərin adının sonunda “hauzen” (“hausen” kimi yazılır) formantı iştirak edir. Məsələn, Mülhauzen şəhərinin adında olduğu kimi. “Hauzen” almanca “evlər” deməkdir.
-Daha bir sual. “Lənkəran” nə deməkdir?
-Mən talış dilini bilmirəm. Amma talışların dediyinə görə, “Lənkəran” talış dilində “qamış evlər” deməkdir. Bu versiya mənim ağlıma batır. Adı fərqli-fərqli hissələrə parçalayıb bu toponimdə türk izi axtarmaq boş və mənasız işdir.
Son sual. “Ovs” etnonimi “oğuz” etnoniminin bir variantı ola bilməz ki?
-Bilmirəm. Əgər “ovs” forması ilkin, “hövs” forması sonrakı variantdırsa, yəni “ovs” etnonimi tat dilinin təsiri ilə təhrif edilərək, “hövs” formasına düşmüşsə, – bunu isə sübut etmək lazımdır, – belə bir ehtimal irəli sürmək olar. Çünki türk dillərində “ğ” – “v” səsdəyişməsi var. Məsələn, bəzi rayonlarımızda bəzi sözlərdəki “ğ” səsini “v” kimi tələffüz edirlər. Məsələn “oğru” əvəzinə “ovru” deyirlər. Amma bu ehtimal özünü o halda doğruldardı ki, hövsanlıların ləhcəsində də belə olaydı. Amma Hövsan şivəsində bu hala rast gəlinmir.
-Yəqin ki, belə olsaydı, toponimin əvvəlində “h” səsi də olmazdı.
-Yox, “h” səsində heç bir problem yoxdur. Bunu da izah etmək və əsaslandırmaq olar. Məsələn, Kaşğarlı Mahmud özünün “Divan”ında xotən və kəncək türklərindən danışarkən, onların saitlə başlayan sözlərin əvvəlinə “h” səsini artırdıqlarını, “ana” əvəzinə “hana”, “ata” əvəzinə isə “hata” dediklərini yazır. Bəzi türk dillərində müşahidə edilən bu halı Firudin Ağasıoğlu “azər xalqı” kitabında çox gözəl izah edib. İstəsəniz bu barədə o kitabdan daha ətraflı məlumat ala bilərsiniz.
Maraqlı müsahibəyə görə çox sağ olun.
-Siz də sağ olun.
Müsahibəni aldı: Sadiq

Bu yazı Dilçilik, Tarix, Türkçülük kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

“HÖVSAN” ETNOTOPONİMİ BARƏDƏ üçün cavab

  1. Fəxri Müslüm dedi ki:

    Fəxri Müslüm: Tuncay bəy salam, çox gözəl mövzulara toxunursunuz. Hərdənbir fikirlərnizlə internetdə rastlaşıram, əlbətdə vaxt olan da. çox təssüf ki, hamsını oxuyub şərhləndirmək olmur. hər-halda bir köhnə dost kimi bu məni sevindirir. sizə uğurlar arzulayıram

Fəxri Müslüm üçün bir cavab yazın Cavabı ləğv et