Qarabağ bəylərbəyliyi: tarixə qısa ekskurs

2

Ölkəmizin ərazilərinə göz dikmiş erməni saxtakarlarının iddiasna görə, “Qarabağ” toponimi XVIII əsrdən etibarən işlədilməyə başlanmış, bundan əvvəlki mənbələrdə guya belə bir yer adı olmamışdır. Bu ərazidə müsəlman-türk hakimiyyətinin də həmin əsrdə ortaya çıxan Qarabağ xanlığının peyda olması ilə başladığı irəli sürülən iddialar içərisindədir. Nə qədər qəribə olsa da, onların bu yalanlarına cavab verməyə çalışan mütəxəssislərimizin də böyük əksəriyyəti öz tezislərini məhz sözügedən xanlığın tarixinə dair təkzib edilməz faktlar üzərində qurur, ondan əvvəl mövcud olmuş Qarabağ Bəylərbəyliyinin isə sadəcə adını çəkmək və bu barədə bir-iki cümlə deməklə yetinirlər. Bu da təbiidir, çünki Azərbaycanda bugünə qədər Qarabağ Bəylərbəyinə, onun tarixinə həsr edilmiş xüsusi bir araşdırma əsəri ortaya qoyulmamışdır. Yəni məsələyə toxunulmuşsa da bu, ümumi konsepsiya çərçivəsində edilmişdir. Bir sözlə, Qarabağ tarixinin XVI-XVII əsrlərə, eləcə də XVIII əsrin birinci yarısına aid dövrü, yəni Qarabağ xanlığından öncəki mərhələsi milli tarixşünaslığımızda yetərincə öyrənilməyib və bu sahədə ciddi tədqiqatlara ehtiyac var.
Sözügedən tarixi mərhələ Səfəvilərin iqtidarı dövründə (1501-1736) Azərbaycan dövlətinin tərkibində Qarabağ bəylərbəyiliyi mövcudluğu ilə əlamətdardır. Gürcü mənbələrinin verdiyi məlumata və həmin məlumata istinad edən alman tarixçisi K. M. Rohrbornun yazdığına görə, Qarabağ bəylərbəyliyi 1554-cü ildə yaradılmış və Qacarlardan olan Şahverdi Sultan Ziyadoğlu Qarabağın ilk bəylərbəyisi olmuşdur. Bundan öncə, daha dəqiq desək, XV əsrdə Qarabağ ərazisi Azərbaycanda iqtidarda olan Qaraqoyunlu və Ağqoyunlu sülalələrinin hakimiyyəti altında idi. Bu zaman Qarabağda Qaramanlılar və Qacarlar möhkəmlənmişdilər. Şeyx Heydərin ətrafında toplanmış Qızılbaş tayfaları arasında Qarabağ Qacarları yer almaqda idilər.
XV yüzilliyin sonlarında, yəni Ağqoyunlu hakimiyyətinin son illərində Azərbaycanda daxili ziddiyyətlər daha da kəskinləşmiş və 1500-cü ildə vahid dövlət ayrı-ayrı Ağqoyunlu əmirləri arasında parçalanmışdı. Cənubi Azərbaycan, Qarabağ, Naxçıvan və Diyarbəkr Sultan Əlvəndin, Ərəb İraqı, Fars və Kirman Sultan Muradın əlində qalmışdı. XVI əsrin başlanğıcında Azərbaycanda Səfəvi hakimiyyəti bərqərar olduqdan sonra Qarabağ ərazisində mərkəzi Gəncə olan Qarabağ bəylərbəyliyi yaradıldı.

Məlumat üçün bildirək ki, ilk Səfəvi şahları öz nəzarətlərində olan əyalətlərdə bəylərbəyiliklər yaradır və həmin bəylərbəyiliklərin idarəçiliyini müxtəlif türk qızılbaş tayfalarının əmirlərinə həvalə edirdilər. Qarabağ bəylərbəyliyinin idarəçiliyi də Qacar tayfasının Ziyadoğlular qoluna tapşırılmışdı. Bu soy həmin ərazidə XVI əsrin 50-ci illərindən Nadir şah Əfşarın taxt-tacı ələ keçirməsinə qədər hakimiyyət sürüb.
Məlum olduğu kimi, Nadir (1736-1747) Səfəvi sülaləsinin səltənəti lazımınca idarə etmək gücündə olmadığı səbəbindən ölkənin gələcək taleyi ilə bağlı 1736-cı ildə Muğanda qurultay çağıraraq, əski türk ənənəsinə uyğun olaraq seçki keçirmiş və həmin qurultayda şah seçilmişdi. Qurultayda Qarabağın hakim tayfalarından Cavanşir, Kəbirli, Otuz iki, İyirmi dörd və s. tayfaların başçıları Nadirin namizədliyinin əleyhinə çıxdılar. Bu isə şah olan Nadir Qulu xan böyük dəyişikliklr aparmağa, o cümlədən Səfəvilərdən miras qalmış bəylərbəylik inzibati bölgüsünü ləğv etməyə sövq etmişdi.
Azərbaycanda, bir qayda olaraq, hakimiyyətə gələn hər yeni sülalə dövlət özündən əvvəlki sülalələrin nüfuzunu aşağı salmaq üçün və onların yerlərdəki təmsilçilərini zəiflətmək üçün ölkənin inzibati ərazi bölgüsünü dəyişmək məcburiyyətində qalırdılar. Belə ki, sözügedən bölgü feodal əmirliklərindən başlayaraq bəylərbəyliklərə və (1538-1747), xanlıqlara (1747-1828) qədər bir neçə dəfə dəfə köklü şəkildə dəyişdirilmişdi. Azərbaycanda Elxanlılarn hakimiyyətə gəlməsindən sonra Azərbaycan səltənəti çox genişlənmiş və Şərqi Anadolu, Ərəb İraqı və Əcəm İraqı da onun ərazisinə daxil edilmişdidi. Bu hal Qaraqoyunlu və Ağqoyunluların hakimiyyəti dövründə də beləcə davam etmişdir. Ağqoyunluların hakimiyyəti zamanı, daha dəqiq desək, 1477-ci ildə Şərqi Gürcüstan da Ağqoyunlular dövlətinə birləşdirildi. 1503-cü ildə Ağqoyunluların hakimiyyətinə son qoyulduqdan və Azərbaycann bütün ərazisi Səfəvi sülaləsinin əlinə keçdikdə Azərbaycan dövlətinin ərazisi Amu-Dərya çayından Fərat çayınadək, Dərbənddən Fars körfəzinə kimi uzanırdı. Səfəvilər dövründə Azərbaycan inzibati-ərazi bölgüsü baxımından bir çox bəylərbəyliklərə, o cümlədən Şirvan, Qarabağ (Gəncə), Çuxursəəd (İrəvan) və Təbriz bəylərbəyliklərinə bölünmüşdü ki, onlar haqqında bir sıra tarixi mənbədən məlumat əldə etmək mümkündür. Belə mənbələrdən biri müəllifi bəlli olmayan “Tarix-i aləmara-yi Şah İsmayıl” adlı tarixi əsərdir.
Sözügedən əsərin müəllifi 1508-ci ilin hadisələrindən bəhs etdikdən sonra əlavə edir ki, Şah İsmayıl Səfəvilər hakimiyyətinin qurulması uğrunda gedən mübarizədə fədakarlıq göstərmiş qızılbaş əmirlərini yüksək qiymətləndirir və onların övladlarını müxtəlif böyük vəzifələrə təyin edirdi: “Qarabağın və o sərhədin bəylərbəyiliyini Qara Pirinin oğlu Rüstəm bəyə inayət etmişdi”.
“Tarix-i aləmara-yi Şah İsmayıl”dan belə aydın olur ki, həmin dövrdə yaradılmış Qarabağ Bəylərbəyiliyi ilk vaxtlar Qara Piri bəy Qacarın nəslinə mənsub olmuş, 1554-cü ildə isə Qacarların digər bir qolu olan Ziyadoğlular nəslinə verilmişdi. Onlar da Səfəvilər dövlətinin süqutu və Nadir şah Əfşarın hakimiyyətə gəlməsinə qədər Qarabağ bəylərbəyiliyini idarə etmişlər.
Qarabağ Bəylərbəyiliyinin coğrafi vəziyyəti, inzibati bölgüsü və iqtisadi vəziyyəti haqqında maraqlı məlumatların yer aldığı önəmli qaynaqlardan biri də Mirzə Səmianın 1725-ci ildə qəlmə aldığı “Təzkirətül-müluk” adlı əsəridir. Bu əsərdə yazıldığına görə, mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyiliyi geniş bir ərazini əhatə edirdi. Bylrbəylilik 9 nahiyənin ibarət idi: Zəyəm, Bərdə, Ağstafa, Cavanşir, Bərgüşad, Qara-Ağac (Gürcüstanın Kaxeti vilayəti ərazisində yerləşirdi), Lori və Pəmbək, Arazbar ölkəsi və Bayəzidli eli, Simavi və Tərkür ölkəsi.
“Təzkirətül-müluk”dan belə məlum olur ki, Qarabağ Bəylərbəyiliyi Azərbaycanın Gəncəbasar və Qarabağ regionları ilə yanaşı, Qərbi Azərbaycanın Pəmbək dağ silsiləsi və ondan şimaldakı ərazilərini, Göyçə mahalını, Zəngəzurun böyük bir hissəsini, eləcə də Borçalı mahalını, Kaxeti vilayətini əhatə edirdi. Tiflis şəhəri də Qarabağ bəylərbəyilərinə tabe idi.
Mövzumuz baxımından Heydər Çələbinin «Rüznamə»si də böyük maraq daşıyır. Bu mənbədə Çaldıran döyüşündə öldürülən qızılbaş əmirləri arasında Gəncə və Bərdə valisi olan Sərdar bəy Qacarın da adı çəkilir. Məlumat üçün bildirək ki, Sərdar bəy Qacar da Qarabağı idarə edən nəslin nümayəndələrindən olub.
Ziyadoğlu Qacarlar haqqında ən mühüm məlumatlar II Şah Abbas dövründə Qarabağ bəylərbəyi Murtuzaqulu xan Qacarın vəziri olmuş Məhəmməd Məsumun «Xülasət əs-siyar» əsərində əks edilməkdədir. Məhəmməd Məsum Ziyadoğlu Qacar nəslinin XVI yüzyilliyin 40-cı illərindən- XVII yüzilliyin 60-cı illərinə qədər, təxminən yüzillik tarixini öz əsərində işıqlandırmışdır. Onun yazdığına görə,
Qarabağ bəylərbəyisi Şahverdi Sultan 1568-ci ildə ölmüşdü. Şahverdi Sultanın 3 oğlu vardı. Onlardan Xəlil xan hələ atasının sağlığında Astrabad bəylərbəyi və buradakı Qacar tayfasının başçısı idi: “Hazırda Astrabadda yaşayan Qacarların bir hissəsi onun nəslindən olan mülazimlərdir”.
Şahverdi Sultanın ölümündən sonra onun digər iki oğlu – İbrahim xan və Yusif Xəlifə 1576-cı ilə kimi ardıcıl olaraq Qarabağ bəylərbəyi olmuşlar. II Şah İsmayıl Qarabağ Qacarlarını, o cümlədən Ziyadoğlu nəslini özünün şəxsi düşməni hesab edirdi. Çünki Şahverdi Sultanın təlqinləri nəticəsində İsmayıl Mirzə atasına qəzəbinə gəlmiş və Şah Təhmasib tərəfindən 20 il Qəhqəhə qalasında məhbus həyatı yaşamışdı.
Məhəmməd Xudabəndə dövründə, daha dəqiq desək, 1580-ci ildə Peykər Sultan Şirvan bəylərbəyi təyin edildikdən sonra Qacarların bir qismi Şirvana köçərək orada orada məskunlaşdılar. Mənbələrdən belə aydın olur ki, Səfəvi-Osmanlı müharibəsi (1578-1590) dövründə Qarabağ bəylərbəyi İmamqulu xan Qarabağ qoşunu ilə Azərbaycan uğrunda mübarizədə fəal iştirak etmiş, fəqət 1588-ci ildə Arazın cənub sahillərinə çəkilmək məcburiyyətində qalmışdı.
Müharibənin sonrakı illərində də Osmanlılar ard-arda qələbəlar qazandılar və 1590-cı ildə bağlanan İstanbul sülh sazişi ilə iki türk dövlətinin qanlı müharibələrinin növbəti mərhələsinə yekun vuruldu. Sülh müqaviləsinə əsasən, Talış bölgəsi istisna olmaqla bütün Şimali Azərbaycan, Qərbi Azərbaycan, eləcə də Cənubi Azərbaycanın bir hissəsi Osmanlının nəzarətinə keçdi. Faruk Sumərin yazdığına görə, Qarabağın Osmanlı idarəçiliyinə keçməsindən sonra Qacarların bir qismi Osmanlı hakimiyyəti altında qalmaq istəməyərək, Arazın cənubuna köç etdilər: “İmamqulu xan Qacar özünün böyük hərbi sərkərdəlik qabiliyyəti nəticəsində Osmanlı ordusuna qarşı on ildən artıq mübarizə aparmışdı. Onun 1587-ci ildə Gəncədə ölümündən sonra Məhəmməd xan Ziyadoğlu Qacar Qarabağ bəylərbəyi təyin olundu”.
Şərəf xan Bitlisinin bildirir ki, 1588-ci il sentyabrın 1-də Fərhad paşa Gəncəni ələ keçirən zaman Məhəmməd xan Ziyadoğlu ətrafdakı 40-50 min evdən ibarət olan ulusunu Araz çayının kənarına köçürmüşdü. Məhəmməd Məsumun verdiyi məlumatdan isə belə aydn olur ki, Qarabağ bəylərbəyliyini irsi olaraq Ziyadoğlu Qacar nəsli idarə etmişdi. Şahverdi Sultanın nəvəsi Astrabadlı Xəlil xanın oğlu Məhəmməd xanın dövründə Ziyadoğlu nəsli Osmanlı ordusu tərəfindən təkcə Şirvandan deyil, həm də Qarabağdan çıxarılmışdı. Beləcə, Qacarlar Qarabağı tərk edərək Ərdəbil bölgəsində məskunlaşmışdılar.
F. Krzıoğlu yazır ki, Ziyadoğlu Qacarlar Qarabağın Osmanlı ordusu tərəfindən işğal edilməsi ilə uzun müddət barışmamışdılar: “Məhəmməd xan Qacar 1589-cu ildə Qarabağa yürüş edərək Gəncə şəhərini mühasirəyə almışdı. Bundan xəbər tutan Təbriz mühafizi Cəfər Paşa I Şah Abbasa elçi göndərərək sülh danışıqlarının başlandığı bir dövrdə bu hadisənin yolverilməz olduğunu bildirməsi öz nəticəsini vermişdi. Səfəvi şahı III Sultan Muradla sülh danışıqlarının başlandığını nəzərə alaraq Məhəmməd xan Qacarı Gəncə mühasirəsindən geri çağırmışdı”.
Yeri gəlmişkən qeyd edək ki, Qarabağ əhalisi və onun etnik tərkibi haqqında ən mühüm məlumatları 1593-cü ildə Osmanlı maliyyə məmuru İmamzadə Mehmed tərəfindən tərtib olunan «Gəncə-Qarabağ icmal dəftərin»də əldə etmək olar. Həmin sənəddə Osmanlı işğalı zamanı (1588-1606) Qarabağı tərk etməyərək osmanlıların hakimiyyəti altında qalan Qacar tayfasının 8 oymağının adı çəkilir: 1. Qaraca-Sevgülən Bərdə nahiyəsində; 2. Qaytaq – Bərdənin Sir nahiyəsində və Xaçın sanca-ğının Çalaberd nahiyəsində, 3. Qolsuzlu – Bərdənin Sir nahiyəsində; 4. Ağcaqoyunlu- Xaçı-nın Çalaberd nahiyəsində; 5. Gəngəldilü – həmin ərazidə; 6. Əylənlü- yenə həmin yerdə, Bərdə və Gəncə ətrafında; 7. Şam Bayazi (Bayatı)- həmin yerdə; 8. Yıva-Qacar- Qaraağacda və Gəncə sancağında yaşayırdı.
Sənəddə Gəncə vilayətinin Qaraağac bölgəsində Hacılu (Hacılar) tayfasının 31 oymağının adı da qeyd edilmişdir: 1. Əlişarlu, 2. Bukavullu, 3. Canılu, 4. Çıraculu, 5. Davulu, 6. Davudlu, 7. Dəmirçilər, 8. Ton-Əli, 9. Əmir-Alyanlu, 10. Əmir-Həsənlu, 11. Qazilu, 12. Hindmallu, 13. Xəlifəli, 14. İsabəyli, 15. İsmail-Qazılu, 16. Qədim-İsmaillü, 17. Kağan-Ərlü, 18. Qara-Sofılu, 19. Kərəməddinlü, 20. Qoruqçılu, 21. Qoyunlu-Mahmad, 22. Qul-Mahmudlu, 23. Kürələr, 24. Mirxanilü, 25. Sarsarlu, 26. Sazağanlu, 27. Səməlü, 28. Səməlü-yi Artuc, 29. Sökəlü, 30. Oxunmur, 31. Törəlü.

Bəxtiyar Tuncay

KarabakhİNFO.com

Advertisements
Bu yazı Qafqaz Albaniyası, Tarix kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma