QAFAN-ALBAN (AZƏRBAYCAN) MƏLİKLİYİ

bextiyar-tuncay
Azərbaycan tarixinin öyrənilməmiş ağ ləkələrindən biri də X-XI əsrlərdə Qərbi Azərbaycan, daha dəqiq desək, Zəngəzur ərazisində mövcud olmuş Qafan-Alban (Azərbaycan) Məlikliyinin tarixi ilə bağlı mübahisəli məqamdır ki, bu boşluqdan istifadə etmiş ermənilər onun yerində uydurma bir tarix, “Sünik – erməni çarlığının tarixi”ni “inşa etməyi” və onu bütün dünyaya bu şəkildə qəbul etdirməyi bacarmışlar. İşin ən qəribə tərəfi isə budur ki, Azərbaycan alimlərinin də bir qismi bu saxtakarlığa uyaraq, öz əsərlərində erməni “tarixçi”lərinə istinad edərək, qondarma “Sünik çarlığından” söhbət açmaqdadırlar.
Bəri başdan qeyd edək ki, “Sünik” adına yalnız və yalnız erməni tarixi mənbələrində rast gəlinir. Qədim fars mənbələrində sözügedən ərazinin adı “Sisakan” (Üç sak qəbiləsinin məskəni), ərəb və müsəlman mənbələrində isə həmin adın bir qədər təhrif olunmuş forması olan “Sisəcan” kimi çəkilir. Türk mənbələrində isə ərazi “Zəngəzur” adlanır. Təbii ki, X-XI əsrlərdə heç bir digər mənbədə “Sünik” adı keçməyib və keçə də bilməzdi. Orada və ətraf bölgələrdə hakim olan alban feodallarına isə “məlik” deyilirdi. Müsəlmanlar, yəni həm ərəblər, həm də türklər bu kəlmə-titul ilə müsəlman hökmdarlardan asılı şəkil bu və ya digər ərazini idarə edən vassal xristian hakimlərini adlandırırdılar. İslamdan çox-çox öncələr isə “məlik” titulu samilər arasında müstəqil ölkənin başçısı, yəni “çar” mənasında işlənirdi. Ermənilər də bundan çıxış edərək, yəni “məlik” kəlməsini “çar” kimi tərcümə edərək, X-XI əsrlərdə Azərbaycanın Zəngəzur bölgəsində hakimiyyət sürmüş alban məliklərini “Sünik çarları” kimi təqdim etməkdə və bu azmş kimi, onların da guya erməni olduqlarını iddia etməkdədirlər.
Həqiqət isə budur ki, tarixi mənbələrdə adı keçən sözügedən vassal alban inzibati ərazisi “Qafan Məlikliyi” adlanmaqdadır. Məlikliyin başında bir vaxtlar Albaniya (Arran) hökmdarları olmuş Mehranilər sülaləsinə mənsub Səhl ibn Sumbatın soyundan olan məliklər durmaqdaydılar. Əslində Azərbaycanın ərəblər tərəfindən işğalından sonra məlik tituluna yiyələnən ilk şəxs elə Səhl ibn Sumbatın özü olmuşdur. Və o bu titula Babəki ərəblərə təslim etdiyinə görə yiyələnmişdi.
Məlumat üçün bildirək ki, ərəblər, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün monofizit xristianları, o cümlədən arami, hay və albanları “erməni” adlandırırdılar. Bu ənənə sonrakı dövrlərdə hakim olan müsəlman türk sülalərinin zamanında da davam etmişdir. Elə bu səbəbdən də ərəb mənbələrində Səhl ibn Sumbat bəzən “arranlı”, yəni alban, bəzən isə “erməni” adlandırılır. Təbii ki, birinci halda onun etnik mənsubiyyəti, ikinci halda isə dini mənsubiyyəti göz önündə tutulmaqdaydı. Mənbələrin bəzisində Səhlin “erməni” kimi yad edilməsini əldə əsas tutan erməni-hay tarixçiləri həm onu, həm də onun soyundan olan bütün məliklərin, o cümlədən Qafan məliklərinin erməni, yəni hay olduqlarını iddia etməkdədirlər.
Fəqət Səhl ibn Sumbatın albanlığı və Mehranilər sülaləsinə mənsubluğu heç bir şübhə oyatmır. Üstəlik də Babəki satdığına görə ərəblərin onu təkcə Albaniyanın deyil, eyni zamanda Ərməniyyə (Van gölündən şümaldakı torpaqlar nəzərdə tutulur) və İberiyanın məliki elan etdikləri, yəni həmin dövrdən etibarən erməni-hay və iberlərin də Mehranilərin hakimiyyəti altına keçdiyi, başqa sözlə, Ərməniyyə və İberiyanın Albaniyanın tərkibinə qatıldığı məlumdur. Bu fakt Musa Kağankatlının “Alban tarixi” kitabında öz əksini belə tapmışdır:
“Monofizit təqviminin iki yüz səksən altıncı ilində Bağdaddan qəflətən on iki min atlı qoşun çıxıb Albaniya ölkəsinə basqın etdi. Çar nəsli Mehranilərdən olan Səhl ibn Sumbat böyük şəhid Qriqorisi köməyinə çağırıb, aciz quşlara şığıyan qartal kimi onların üzərinə hücuma keçib darmadağın etdi və çöllərə saldı. Elə həmin ildə həmin məlik (knyaz) – Səhl ibn Sumbat ölkələri dağıdıb ölümsaçan, qaniçən və yırtıcı qiyamçı Babəki tutdu və onu əmirəlmöminin ixtiyarına verdi. Öz səyinə görə o, xəlifədən böyük mükafat aldı, Ərməniyyəyə, İberiya və Albaniya üzərində ali hakimiyyət ona verildi və o, bu ölkələrdə məlik kimi hakimlik etdi”.
Səhl ibn Sumbatdan sonrakı illər haqqında məlumat az olduğundan daha sonra nələrin baş verdiyini dəqiq söyləmək çətin olsa da, bir şey tam dəqiqdir ki, Səhl ibn Sumbatdan sonra Albaniyanın (Arranın), eləcə də onun tərkib hissəsi olan Ərməniyyə və İberiyanın məliyi funksiyasını onun nəvəsi Qriqori Hamama (Amama) davam etdirmişdir.
Tarixi mənbələrdən məlum olduğu kimi, Qrirori Hamama 866-cı ildə ərəblər tərəfindən vaxtilə babası Səhl ibn Sumbata hədiyyə edilmiş torpaqlarda məliklik etmiş və hakimiyyətə gələr-gəlməz, dərhal bütün Albaniyada xristian albanlar üçün məktəblər açdırmış və özü də həmin məktəblərdə uşaqlara tədris edilmək üçün alban dilinin qrammatikasına aid bir kitab da yazmışdır.
Trakiyalı Dionisinin “Qrammatika”sına, Aristotel və Platon ruhunda, daha dəqiq desək, qrammatika, ilahiyyat, fəlsəfə və təbiətşünaslıq biliklərini özündə əks etdirən lakonik sual-cavab formasında qələmə alınmış bu əsərin sonralar erməni “dilçi”ləri üçün daim həsəd və ilham mənbəyinə çevrildiyi, nəhayət, XVll əsrdə həmin əsərin əsasında, erməni dilinə tərcümə edilməklə, hay dilinin ilk qrammatika kitabının yazıldığını erməni müəlliflərinin özləri etiraf edirlər.
Maraqlıdır ki, bir ermənidilli əlyazmada həmin əsərə, daha doğrusu, onun bir fraqmentinə həm erməni dilinə tərcümədə, həm də alban orijinalının dilində rast gəlinməkdədir. Yəni Qriqori Hamamanın qələminə məxsus kitabın bir fraqmenti hansısa möcüzə sayəsində dövrümüzədək ulaşa bilmişdir. Söhbət hazırda Matedaranda saxlanılan 3522 № – li əlyazmadan və orada əksini tapmış bir albandilli mətndən gedir.
Sevgidəyər oxucularda həmin əsər və onun dili barədə müəyyən təsəvvür yaransın deyə, sözügedən əsərin dövrümüzədək ulaşmış fraqmentindən bir neçə cümləni olduğu kimi təqdim edirik:
-Almaxlıx kim kimdən?
-Oğul toğmax bilə ilgəri kelir Atadan da Can axınma bilə kenə ol Atadan.
Tərcümsi:
-Varislik kimdən kimə?
-Oğul doğuşu ilə Atadan, Ruh isə süzülmək yolu ilə yenə Atadan.
Məlumat üçün bildirək ki, 987-ci ildə Qafan-Alban (Azərbaycan) Məlikliyinin əsasını qoymuş Sumbat ibn İshaq da məhz Səhl ibn Sumbat və Qriqori Hamamanın nəslindən idi. Onu bu məqama Azərbaycanda hakimiyyətdə olan Rəvvadilər sülaləsinin ilk nümayəndəsi Əbülhica ibn ər-Rəvvad (981-988) təyin etmişdi. Lakin onun hakimiyyəti cəmi bir il çəkdi. 988-ci ildə Əbülhica ibn ər-Rəvvadın ölümündən sonra o, Azərbaycan hökmdarları tərəfindən Yuxarı Arranın (bugünkü Gürcüstanın) və Ərməniyyənin məliki təyin edilmiş qohumu, onun özü kimi bir alban və Mehranilər sülaləsindən olan II Sumbatın üstün hakimiyyətini tanımağa məcbur oldu. Elə həmin il onunla birlikdə Abxaz səfərində iştirak etdi.
Sumbat ibn İshaqın ölümündən sonra Qafan məlikliyinin taxtında oğlu Vasaq (998-1040) oturdu. Onun dövründə bütün məlikliyin ərazisi, o cümlədən Qafan şəhəri və Tatev kəndi böyük tikiti meydançasını xatırlatmaqda idi. Məliklik iqtisadi və mədəni cəhətdən çox inkişaf etmişdi. Təkcə Qafan vənginin (monastırının) tikilməsini və Tatev vənginin bərpasını misal çəkmək yetərlidir ki, bu məlikin dövründə alban memarlığının hansı səviyyəyə qalxdığını başa düşəsən.
Səlcuqluların Azərbaycana hakim olmasından sonra Qafan Məlikliyi Alban Məliklikləri içərisində müstəqilliyini qorumağı bacaran yeganə məliklik idi və bu üzdən də Qafan məlikləri həm də Arran (Albaniya) məliyi titulunu daşımaqda idilər.
Vasaqın oğlan övladı olmadığından o, hələ sağlığında məlikliyin idarəçiliyinə kürəkənlərini cəlb etmişdi və onun ölümündən sonra öncə böyük qızının əri II Sumbat (1040-1044), ondan sonra isə kiçik qızının əri Qriqori (1044-1051) növbə ilə məlik olmuşlar. Onlar da Mehranilər sülaləsindən idilər.
Məlik Sövdənin (Sevadanın) dövründə (1051-1072), daha dəqiq desək, 1064-cü ildə Məlik şah Səlcuqlu və vəziri Nizam ül-Mülkün başçılıq etdiyi müsəlman oğuz qoşunları Qafan-Alban Məlikliyinin böyük bir hissəsini ələ keçirdilər. Albanların məliyi bir müddət dağlarda gizlənmək məcburiyyətində qaldı və faktiki olaraq real hakimiyyətdən uzaqlaşdı. 1072-ci ildə Məlik şah imzaladığı fərmanla Sövdənin (Sevadanın) oğlu Senekerimi Arranın (Albaniyanın) və Ərməniyyənin məliyi təyin etdi və o 1094-cü ilə qədər hakimiyyətdə qaldı. Ondan sonra isə albanlara və ermənilərə (haylara) başçılıq sırası oğlu II Qriqoriyə (1094-1166) gəldi.
Sonuncu Qafan-Alban məliyi Asan (Həsən) Xaçınlının hakimiyyət illəri (1166-1170) tarixə Qafan Məlikliyinin son illəri kimi düşmüşdür.

Bəxtiyar Tuncay

KarabakhİNFO.com

Advertisements
Bu yazı Qafqaz Albaniyası, Tarix kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma