XOCALI KURQANLARI

Image

Bəxtiyar Tuncay

 

 

Badara və Qarqar çayları yaxınlığında yerləşən, ərazisi əsasən dağlıq olan Xocalı rayonunun iqlimi mülayim-istidir, dağlıq əraziləri subalp və alp çəmənlərdir. Ən hündür yüksəkliyi Qızqala (2843 m) və Qırxqızdır  (2827 m). Dağ-meşə və dağ-çəmən torpaqları da mövcuddur. Ərazinin 40 %-ə qədəri fısdıq, cökə, ağcaqayın, qaraağac və s. ilə zəngindir. Elə bu da rayon ərazisinin çox-çox qədim zamanlardan tərəkəmə həyat tərzi keçirən maldar türk boyları tərəfindən yaylaq kimi seçilməsinə və obların buralarda məskunlaşaraq, zəngin mədəniyyət abidələri yaratmasına səbəb olmuşdur.Bölgənin tarixi abidələrinə gəlincə, XIV əsrə, aid dairəvi türbə (1356-1357-ci illər), Son Tunc və Erkən  Dəmir dövrünə aid nekropol, kurqan çölü və sairənin adını ilk növbədə çəkmək lazımdır.  Burada işğala qədər, eyni zamanda, çox sayda “qoç və yəhər” şəkilli qəbir daşları, müqəddəs ziyarətgahlar (Seyid Cəlalın ocağı, Cahan nənənin ocağı və s.) da var idi. Deyilənlərə Xocalı şəhəri və Əsgəran qəsəbəsi arasında Qarqar çayının sağ və sol sahillərində yerləşən və XVIII əsrə aid olan “Əsgəran qalası”nı, “Kilsəli” deyilən yerdəki Alban kilsəsini və qədim alban-qıpçaq (qarqar) qəbirlərini də əlavə etmək olar. Rayonun Kərkicahan qəsəbəsində vaxtilə 3 qəbristanlıq olub. Burada XIV əsrə aid yazıları olan qəbirlər, 800 il əvvələ təsadüf edilən müsəlman qəbristanlığının qalıqları var idi. İndi erməni barnarları onlardan əsər-əlamət qoymayaraq, hamısını dağıtmışlar.XIX əsrdə aşkar edilmiş, daş qutu və kurqanlardan ibarət olan Xocalı qəbristanlığı – son tunc və ilk dəmir dövrünə (e.ə.VIII-VII əsrlər) aid arxeoloji abidələrdir. Burada müxtəlif tipli saxsı qablar, silahlar (qılınc, xəncər, nizə və ox ucluğu, balta-təbərzin), qızıl, tunc, balıqqulağı, əqiq, şüşə, pasta və s.-dən hazırlanan bəzək əşyaları, tunc əmək alətləri və at əsləhətləri aşkar edilmişdir. Məlumat üçün bildirək ki, Azərbaycanın Son Tunc dövrü abidələri arxeoloji ədəbiyyatda Son Tunc və Erkən Dəmir dövrü kimi xarakterizə edilmişdir. Tunc dövründən Dəmir dövrünə keçid olan bu mərhələ, başlıca olaraq e.ə. II minilliyin ikinci yarısını əhatə edir. Arxeoloji abidələrin tədqiqi göstərir ki, e.ə. II minilliyin ikinci yarısından başlayaraq, Azərbaycan ərazisində, o cümlədən Qarabağda yaşayan tayfaların sosial-iqtisadi və mədəni həyatında xeyli irəliləyiş olmuşdur. Bu dövrdə yaşayan tayfaların etnik və mədəni cəhətdən birləşməsinin təkamülü prosesi davam etmişdir. Həmin proseslərin daha da aydın şəkildə dərk edilməsi üçün arxeoloji abidələrin nəzərdən keçirilməsi vacibdir.Azərbaycanda Son Tunc və Erkən Dəmir dövrü abidələrinin böyük bir qismi Xocalı-Gədəbəy mədəniyyətinə aiddir. Bu mədəniyyətə aid yaşayış yerləri olduqca azdır. Həmin dövrə aid yaşayış yerləri içərisində geniş tədqiq edilən abidələrdən biri Gəncəçay vadisindəki 1 №- li yaşayış yeridir. Bu yaşayış yeri Xanlar şəhərindən cənubda, Gəncəçayının sol sahilində yerləşmişdir. Yaşayış yerinin sahəsi 3 hektara yaxındır. Burada aşkar olunan evlər iki qrupa bölünmüşdür. Birinci qrupa uzunsov formalı tayfa evləri daxildir. Arxeoloji araşdırmalar göstərir ki, belə evlərdən tunc dövrünün müxtəlif mərhələlərində istifadə olunmuşdur. Son Tunc dövründə istifadə olunan 58 №- li ev arakəsmə divarla dörd hissəyə bölünmüşdür. Binanın şərq divarında 1-ci və 4-cü otağa açılan qapı yeri müəyyən edilmişdir. Digər otaqların qapı yeri aşkarolunmamışdır. Ola bilsin ki, onlar döşəmədən bir qədər yuxarıda olmuşdur. Bu yaşayış yerində Son Tunc dövrünə aid binaların əksəriyyəti kiçik həcmli yarımqazma tipli evlərdir. Bu binaların qalıqları Y.Hümmel tərəfindən tədqiq edilmişdir. Yaşayış yerindəki 54 №- li evin qarşısında çay daşları ilə hasarlanmış böyük həyətin olduğu müəyyən edilmişdir. Evlərin tikintisində çay daşlarından istifadə olunmuşdur. Tikinti zamanı balıqbeli texnikası tətbiq edilmişdir. Bu texnikadan Azərbaycanda, o cümlədən Gəncə və Naxçıvanda geniş istifadə edilmişdir.Xocalı-Gədəbəy mədəniyyətinə aid arxeoloji abidələrin bir qrupu Qarabağda yerləşir. Qarabağın Son Tunc dövrünə aid yaşayış yerləri başlıc aolaraq kəşfiyyat xarakterli tədqiqatlarla öyrənilmişdir. Onların sırasına Üçtəpə, Rəsultəpə, Böyüktəpə, Göytəpə, Qaratəpə və digər  Üçtəpə yaşayış yerində A.A.İessenin apardığı araşdırmalar zamanı qazma tipli,düzbucaqlı və ya oval formalı yaşayış evlərinin qalıqları aşkar olunmuşdur. H.F.Cəfərov tərəfindən qeydə alınaraq tədqiq edilən Qaratəpə yaşayış yerindən e.ə. II minilliyin sonuna aid olan iki tikinti qatı aşkar olunmuşdur. Tədqiqat zamanı bu yaşayış yerindən dördkünc bürclərlə möhkəmləndirilmiş müdafiə divarının qalıqları aşkar olunmuşdur. Мüdafiə divarı daş özül üzərində çiy kərpicdən inşa edilmişdir. Qarabağın yaşayış yerlərindən aşkar olunan keramika məmulatı boz rəngdə olub müxtəlif motivli ornamentlə, o cümlədən göbələkvari çıxıntılarla naxışlanmışdır.Borsunluda tədqiq edilən Son Tunc dövrü kurqanlarının biri qəbilə başçısına aid edilmişdir. Bu kurqanın altında sahəsi 256 m2 olan böyük qəbir kamerası qeydə alınmışdır (32 x 8 x 4). Qəbrin üzəri iki, üç, bəzi yerlərdə isə dörd qat ağac dirəklərlə örtülmüşdür. Onların arasında qalın qamış döşəmə olmuşdur.Arxeoloq Vəli Baxşəliyevin sözlərinə görə qazıntılardan kurqanın daha öncəki dövrlərdə qarət edildiyi ehtimal olunur:  “Qəbirdə dünyəvi və dini hakimiyyəti əlində cəmləşdirən tayfa başçısı dəfn edilmişdir. Tayfa başçısı tunc və qızıl mıxlarla, tunc lövhələr bərkidilmiş ağac döşəmə üzərində dəfn edilmişdir. Onun doqquz nəfərdən ibarət qulluqçusu və qoruyucuları olmuşdur. Qəbirdən zəngin bəzəməli səkkiz at skeleti, habelə iribuynuzlu və xırdabuynuzlu heyvan sümükləri aşkar olunmuşdur. Dəfn ritualı hədsiz dəbdəbəsi və böyüklüyü ilə diqqəti cəlb edir”.Alim yazır ki, qəbir avadanlığı olduqca zəngindir. Onlar orjinal formalı və naxışlı gil qablar, tunc baltalar, müxtəlif at yüyənləri, isgənə, zireh lövhələri, ox ucluğu, nizə ucluğu, at bəzəkləri və s. əşyalarla təmsil edilmişdir. Üzərində insan təsvirləri olan sümük yüyənlər, fil dişindən bəzək əşyaları, qızıl düymələr, qızıl toqqa, şirli gil qab yüksək bədii zövqlə hazırlanması ilə fərqlənir. Tapıntılar arasında şüşədən düymələr, muncuqlar, pasta, tunc və serdolikdən hazırlanmış bəzəklər, orijinal formalı mərmər toppuz da vardır: “Arxeoloji materialların təhlilinə əsasən Borsunlu kurqanı e.ə. XII- XI əsrlərə aid edilmişdir. Bu rayonda Xocalı-Gədəbəy mədəniyyətinin ən yaxşı öyrənilmiş abidələrindən biri Xocalı kəndi yaxınlığındakı Tunc dövrü qəbiristanlığıdır. Burada çox da böyük olmayan kurqanlar və kromlexlər aşkar olunmuşdur. Bu kurqanlarda tək və kollektiv dəfnlər olmuşdur. Bəzi kurqanlarda yandırma adəti də qeydə alınmışdır. Abidələrdən Xocalı-Gədəbəy mədəniyyəti üçün xarakterik olan keramika, silah və bəzək əşyaları aşkar edilmişdir”.  Xocalıda tədqiq edilən 11 №- li kurqan, xüsusilə əhəmiyyətli nəticələr vermişdir. Bu kurqandan Assur padşahı Adadnirarinin adı yazılmış muncuq tapılmışdır. İ.İ. Мeşaninov bu muncuğu e.ə. VIII əsrə aid etmişdir. Lakin, son zamanlar tədqiqatçılar bu muncuğu I Adadnirarinin yaşadığı dövrə, yəni təqribən e.ə. IX əsrin sonu və VIII əsrin əvvəlinə aid etməyə meyillidirlər.Bu tapıntının tariximizin qaranlq səhifələtindən birinə aydınlıq gətirmək, eləcə də Qarabağın Son Tunc – Erkən dəmir dövrü əhalisinin etnik kimliyini aydınlaşdırmaq üçün son dərəcə böyük əhəmiyyəti var. Məsələ burasındadır ki, sözügedən əşyanın bulunduğu yer qədim türk-qıpçaq tayfalarından olmuş qarqarların adını yaşatmaqda olan Qarqarçayın yaxınlığındadır. Qıpçaqlar isə qədim mənbələrdə kumanlar adlanmışlar. Maraqlıdır ki, əski yazılı mənbələr bu xalqın hələ eradan bir neçə min il öncələrdən Azərbaycanda yaşadığını, başqa sözlə, ölkəmizin avtoxton əhalisi olduğunu birmənalı şəkildə təsdiqləyir.Qədim mixi yazılarda (e.ə.Xlll-Xll əsrlər) “ku” və “kumen” (kuman) etnonimlərinin də adı çəkilməkdədir. “Ku” etnonimi ilə bağlı hesab edilir ki, bu, türk (prototürk) tayfalarından birinin adı olmuş və bu ad qədim türklər arasında geniş yayılmış qu quşu (qaz) totemi ilə əlaqədardır. Kumanların adı qədim mənbələrdə (mixi yazılarda) ilk dəfə e.ə. XIlI-XII əsrlərdə “kumen” kimi çəkilməkdədir. Y.Yusifov da yuxarıda adı çəkilən müəlliflərlə eyni mövqedən çıxış edərək yazır:“Bu etnonim də Türk dillərində etnik ad düzəldən “-man” (-men) şəkilçi birləşmələrindən əmələ gəlmişdir. Kuman sonrakı türk adı olmaqla “sarımtıl, ağımtıl” mənasını daşıyırdı.”  Sözügedən etnonimlə l Tiqlapalsarın (e.ə. 1115 – 1077) kitabəsində də rastlaşırıq:  “(V,73) Kumanların ordusu gerçəkdən Musru ölkəsinin köməyinə çıxdı…   (V.82) Bu zaman Musru ölkəsinə köməyə çıxmağı qət etmiş kumanların hamısı savaşın baş tutması və mənə qarşı durmaq üçün özlərinin bütün bölgələrini səfərbər etdilər… (Vl.22)… Kumanların mənim güclü döyüş təzyiqimdən qorxuya düşən şahları ayaqlarımı qucaqladı…”Aşşur şahı ll Adadnerari (e.ə. 911 – 890) də öz kitabəsində kumanları yad etmişdir. Deməli, Xocalıdan tapılan və üzərində bu hökmdarın adı yazılan qızıl muncuq onun qıpçaq – kumanlarla üzləşdiyi ərazinin məhz Azərbaycan ərazisi olduğunu təsdiqləyir.Xocalı qəbiristanlığından başqa Dağlıq Qarabağ ərazisində Arçadzor-Dovşanlı, Ballıca, Sırxavənd, Axmaxi kəndləri yaxınlığında Emil Resler tərəfindən arxeoloji qazıntılar aparılmışdır. Dovşanlıda 1 və 2 №-li kurqanlarda kollektiv dəfnlər olmuşdur. Skeletlərin ətrafından tunc xəncər, ox ucluqları, balta, hərbi yaba, bıçaq, qızıl muncuqlar, xeyli miqdarda boz rəngli gil qab aşkar edilmişdir.Dağlıq Qarabağdakı abidələrin bir qrupu Y.İ.Hümmel, A.A.İvanovski, İ.М.Cəfərzadə, T.Passek və B.Latınin tərəfindən tədqiq edilmişdir. Bu qrupa daxil olan Bəyimsarov, Borsunlu, Sarıçoban kurqanlarının tədqiqində H.F. Cəfərov, F.R.Мahmudov, T.İ.Axundov iştirak etmişdir. Xocalı nekropolunun böyük daş kurqanları (№ 7,11,14,19- 21). Arçadzor-Dovşanlıda 1 və 2 №- li, Axmaxidə 1- 5 №- li, Ballıqayada 1 №- li, Qarabulaqda 91 №- li kurqan dəfn adətinin zənginliyi ilə fərqlənir. Onlar üçün böyük kurqan təpəsi, qəbir kamerasının mürəkkəb quruluşu, ağac konstruksiyalardan istifadə olunması, qəbir kamerasının və skeletlərin qırmızı oxra ilə boyanması, at sümüklərinə rast gəlinməsi, kollektiv dəfn, xeyli miqdarda silah və at əsləhəsininolması xarakterikdir. Bəzi kurqanlarda uzadılmış skeletlərin ətrafında, oturmuş vəziyyətdə olan insan skeletlərinə də təsadüf olunmuşdur. Bu əlamətlərinə görə, Qarabağ qrupunun abidələri ilə Gəncəçay rayonunun abidələri arasında yaxınlıq görünür.Dəfn adətini aydınlatmaq məqsədilə onların bəzisi haqqında ətraflı məlumat verməyə xüsusi ehtiyac var. VI cildlik “Azərbaycan arxeologiyası” kitabında söylənilənlərdən belə aydın olur ki,Arçadzor-Dovşanlıdakı 1 №- li kurqanın altında daş tipli qutu qəbirdə 4 insan skeleti aşkar olunmuşdur: “Qəbrin üzəri 5 daş plitə ilə örtülmüşdür. Skeletlərin biri qəbrin cənub-şərqində, əlləri yanına uzadılmış şəkildə dəfn olunmuşdur. Onun ayağının yaxınlığında kauri ilə doldurulmuş küpə aşkar olunmuşdur. Skeletin başında tunc çələng olmuşdur. Skeletin ikisi isə qərb divarın künclərində qeydə alınmışdır. Onların birinin qadına aid olduğu zənn edilir. Onun başında tunc təbəqədən hazırlanmış baş bəzəyi olmuşdur. Digər 2 skeletin başında dəbilqə olduğu güman edilir”. Burada tədqiq edilən 2 №- li kurqanın altında üç qəbir aşkar olunmuşdur. Onların biri qazıntı sahəsindən kənarda qaldığından, öyrənilməmişdir. I «a» qəbrində insan skeleti, onun başında diadema, ətrafında at kəlləsi, qaban dişləri, tunc halqa və serdolik muncuqlar aşkar edilmişdir. Skeletin sağ çiyni yaxınlığında qofre edilmiş kiçik küpə aşkar olunmuşdur. Мaraqlıdır ki, bu qəbirdəki skeletin ağzına qızıl tozu doldurulmuşdur. Kurqandakı II «v» qəbrində başsız bir insan skeleti, tunc və daşdan əşyalar, gil qab parçaları, at əsləhəsi tapılmışdır. Qəbirdə, həmçinin at, it və quş sümüklərinə rast gəlinmişdir. Araçadzor və Ballıqaya arasında yerləşən Axmaxi kurqanları kiçik həcmli olması ilə fərqlənir. Onların kurqanaltı qəbirləri daş qutularla təmsil olunmuşdur. Axmaxidəki 1 №- li kurqanda dörd skelet aşkar olunmuşdur. Onların biri uzanmış, üçü isə oturmuş vəziyyətdə olmuşdur. Axmaxidəki 3 №-li kurqanın qəbir kamerasında 9 insan skeleti aşkar olunmuşdur. Onların biri uzadılmış, səkkizi isə oturmuş vəziyyətdə olmuşdur. Oturmuş vəziyyətdə aşkar olunmuş skeletlərdə zorla öldürmə əlamətlərinə rast gəlinmişdir. A.A.İvanovskinin Köndələnçayın sağ sahilində tədqiq etdiyi 5 №- li kurqandan 3 insan və 2 dəvə skeleti aşkar olunmuşdur. Skeletlərin ətrafından tunc silah, qızıldan əşyalar, gil qablar tapılmışdır. Həmin arxeoloji materiallar Xocalı- Gədəbəy mədəniyyəti üçün xarakterikdir.

Advertisements
Bu yazı Mifologiya, Tarix kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma