Alban miniatürləri

Image

Azərbaycan xalqının etnogenezində yaxından iştirak etmiş albanlar zəngin mədəniyyət yaratsalar da, nədənsə xalqımız uzun müddət bu mədəniyyətə biganə qalmış, hər biri ayrıca bir memarlıq incisi olan alban kilsələrinə, Mxitar Qoş, Kirakos Gəncəli, katalikos Nerses, Yovhannes Sarğavaq və s. bu kimi görkəmli alban müəlliflərinin alban türkcəsində, daha dəqiq desək, qıpçaq-qarqar dilində yaratdıqları elmi-ədəbi irsə sahib çxmağa tələsməmişdir. Nəticədə bu boşluqdan istifadə edən erməni – hay saxtakarları sözügedən kilsələri bütün dünyaya erməni – hay kilsələri, alban müəlliflərinin əsərlərini də erməni – hay ədəbiyyatının nümunələri kimi təqdim etməyi bacarmışlar. Bənzər aqibəti hər biri əvəzolunmaz təsviri sənət nümunəsi olan alban miniatürləri də yaşamışlar və hələ də yaşamaqda davam edirlər. Alban əcdadlarımız bu sahədə də böyük bir miras qoyublar və çox təəssüflər olsun ki, bizim biganəliyimizdən istifadə edən erməni-hay saxtakarları onları da erməni-hay incəsənətinin şedevrləri kimi təbliğ etməkdən yorulmurlar. Araşdırmalarımız göstərir ki,  Azərbaycanda, daha dəqiq desək Arranda (Albaniyada) miniatür sənətinin əsası V əsrdə qoyulmuşdur. Məhz həmin dövrdə Albaniya hökmdarı Vaçaqan xristianlığı dövlət dini elan etmiş, bütün ölkə ərazisində alban uşaqları üçün ana dilində məktəblər açmış, bu məktəblərdə tədris olunmaq üçün alban dilində çox sayda kitab yazılmışdır. Təbii ki, eyni zamanda çox sayda xristian məzmunlu ədəbiyyat, ilk növbədə də “Bibliya” alban dilinə tərcümə edilmişdi. İstər tərcümə edilən, istərsə də yenidən yazılan bütün kitablar rəngli miniatürlrl bəzədilirdi. Lakin çox təəssüflər olsun ki, həmin dövrün, eləcə də sonrakı əsrlərin kitabları, o cümlədən həmin kitablardakı miniatürlər dövrümüzədək ulaşmamışdır. Musa Kağankatlının yazdığına görə, VII əsrdə “bütpərəst” (əslində təktanrıçı) xəzərlər bu kitabları kütləvi surətdə toplayaraq yandırmışlar. Bununla belə, hansısa xoş təsadüf nəticəsində VI-VII əsrlərdə Arpaçay dərsində yerləşən Yenqivəng monastrında tərtib edilmiş bir “İncil”dən bəzi fraqmentlər, o cümlədən 4 əski miniatür dövrümüzədək qorunub saxlanılmışdır. Hazırda həmin fraqment və miniatürlər Qərbi Azərbaycanda (Ermənistanda), Eçimədzində saxlanılmaqda və təbii ki, erməni-hay saxtakarları tərəfindən “erməni mədəniyyətinin inciləri” kimi təbliğ edilməkdədir.

Qeyd etmək lazımdır ki, sözügedən dörd miniatürün dördü də yaxşı vəziyyətdədir. Bu miniatürlərdən birində məşhur “İncil” süjetlərindən biri – 3 maqın (və ya şahın) yenicə doğulmuş Həzrət İsanı (ə) və anasını ziyarət etməsi, İsaya (ə) hədiyyələr təqdim etməsi və ona səcdə etmələri səhnəsi, digərində isə Həzrət İbrahimiz (ə) qurban verməsi səhnəsi əks edilmişdir. Təkcə bu iki miniatür VI-VII əsrdə yaşamış əcdadlarımızın estetik zövqü haqqında tam məlumat əldə edə bilməmiz baxımından yetərincə məlumat verməkdədir. Maraqlıdır ki, Qafan – alban miniatür məktəbinin bir qolunu təşkil edən Yenqivəng miniatürləri dğövrümüzədək ulaşmış ən qədim xristian miniatürləri kimi də diqqət çəkməkdədir. Qədim Arranda (Albaniyada) miniatür sənətinə maraq o qədər böyük olmuşdur ki, artıq VIII əsrdə Tatevli Stepanos bu sənətə həsr olunmuş xüsusi bir risalə yazmış və həmin risaləsində rəssamlıq sənətinin sirrlərini təhlil edərək, müxtəlif süjetli miniatürlərin işlənməsi zamanı hansı rənglərə üstünlük verilməsininin vacib olduğunu dilə gətirmişdir. Dövrümüzədək yetişmiş ən qədim “İncil” nüsxələrindən biri də IX əsrə (862-ci il) aiddir və onun hansısa alban məlikəsi tərəfindən tərtib edildiyi və məlikənin özü tərəfindən miniatürlərlə bəzədildiyi məlumdur.

Nəzərə alsaq ki, sözügedən “incil” 862-ci ildə tərtib edilmişdir və həmin dövrdə Arranda Səhl ibn Sumbatın oğlu hakimiyyətdə idi, Səhl ibn Sumbatın nəvəsi Qriqori Hamama isə 866-cı ildə taxt-taca sahib olmuşdur və təbii ki, həmin dövrdə onun arvadı hələ məlikə tituluna sahib deyildi, deməli bu halda söhbət Qriqori Hamamanın anasından getməlidir. Məlumat üçün bildirək ki, bu qadının tərtib etdiyi “İncil”in bəzi fraqmentləri, eləcə də onun fırçasından çıxmış bir neçə miniatür hazırda İtaliyada, Venesiyanın San-Lazaro adasında yerləşən Erməni Mxitaristləri Cəmiyyətində saxlanılmaqdadır. Yeri gəlmişkən qeyd edilməlidir ki, IX əsrin 60-cı illərindən etibarən Arranda (Albaniyada) istər kitabçılıq, istərsə də miniatur sənəti baxımından, sözün əsl mənasında, bir intibah (renesans) yaşanmışdır və bu intibah, şübhəsiz ki, Qriqori Hamamanın adı ilə bağlı idi. Tarixi mənbələrdən məlum olduğu kimi, 866-cı ildə Albaniyanın ilk hökmdarlar sülaləsi hesab edilən Aranşahlar nəslinə mənsub Qrirori Hamama adlı xristian bir bəy ərəblər tərəfindən vaxtilə babası Səhl ibn Sumbata hədiyyə edilmiş torpaqlarda (Arran, Ərməniyyə və İberiya) özünü Arran, yəni Albaniya xanı elan etmiş və dərhal da öz xanlığında xristian albanlar üçün məktəblər açdırmış və özü də həmin məktəblərdə uşaqlara tədris edilmək üçün alban dilinin qrammatikasına aid bir kitab da yazmışdır. Trakiyalı Dionisinin “Qrammatika”sına bənzədilməklə, Aristotel və Platon ruhunda, daha dəqiq desək, qrammatika, ilahiyyat, fəlsəfə və təbiətşünaslıq biliklərini özündə əks etdirən lakonik sual-cavab formasında qələmə alınmış bu əsərin  sonralar erməni “dilçi”ləri üçün həsəd və ilham mənbəyinə çevrildiyi, nəhayət, XVll əsrdə həmin əsərin əsasında, erməni dilinə tərcümə edilməklə, hay dilinin ilk qrammatika kitabının yazıldığını erməni müəlliflərinin özləri etiraf edirlər. Mənbələrin verdiyi məlumata görə, Qriqori Hamama hakimiyyətə gələr-gəlməz əski alban kitablarının bərpası, eləcə də bir çox kitabın alban dilinə tərcümə edilməsi və tərtib edilən bütün kitabların miniatürlərlə bəzədilməsi əmrini vermişdi. Həmin dövrdə (986-cı il) tərtib edilən bir miniatürdə xaç təsvir edilmişdir. Təqribən eyni dövrdə tərtib edilmiş digər miniatürlərdə isə Həzrət İbrahimin (ə) qurban verməsi, əlində körpə İsa Məsihi (ə) tutmuş Həzrət Məryəm və dörd “İncil” katibi təsvir edilmişlər. Çox təəssüflər olsun ki, həmin miniatürlərin surətini əldə edə bilmədiyimizdən onları sevgidəyər oxuculara təqdim edə bilmirik. Bunula belə, 989-cu ildə çəkildiyi məlum olan bir miniatürün surətini əldə edə bilmişik.

Bu miniatürdə taxtda oturmuş Həzrət İsa (ə) və daha iki nəfər (?) təsvir edilmişlər. Bundan başqa, dövrümüzədək XI-XII əsrlərə aid iki miniatür də yetişmişdir ki, onlardan biri 1060-cı, digəri isə 1173-cü illərə aiddirlər.

İkinci miniatürdə XII əsrin böyük alban şairi və bəstəkarı Narekli Qriqori təsvir edilmişdir. Bu şəxsin şerləri dövrümüzədək erməni dilinə tərcümədə (XVII əsr) gəlib çıxmışdır.

XIII əsrdən qalma miniatürlərin sayı nisbətən daha çoxdur. Onların bir qismi Qafan Məlikliyində, başqa bir qismi Qarabağda, daha dəqiq desək Xaçın Məlikliyində, digər bir qismi isə Baspurca (Vaspurakan) Məlikliyində, yəni Naxçıvan ərazisində qələmə alınmışdır.

Alban miniatür sənəti tarixində Tatev məktəbi xüsusi bir mərhələ təşkil etməkdədir. Məlumat üçün bildirək ki, alban memarlığının incilərindən biri hesab edilən və X əsrə aid edilən Tatev monsatır (vəng) kompleksi Qərbi Azərbaycanın Zəngəzur mahalının Gorus mahalında, Sisian şəhərindən 25 km. aralıda yerləşir. Kompleksə müqəddəs Qriqori, müqəddəs Pavel və müqəddəs Pyotr (Petros), eləcə də müqəddəs Məryəm kilsələri daxildir. Əsası 895-906-cı illər arasında alban məliyi II Qriqori Supan tərəfindən qoyulmuş kompleksdə XV-XVI əsrlərdə böyük bir miniatür məktəbi fəaliyyət göstərmişdir ki, həmin məktəbi xarakterizə edən bir neçə əsər dövrümüzədək yetişmişdir.

Maraqlıdır ki, XIII əsrdə albanların bir qismi Elxanlılardan qaçaraq Qızıl Orda xanlığına sığınmış və Krımda məskunlaşmışdılar. Köçərkən əski ənənələrini də özləri ilə aparmış, həm kitabçılıq, həm də miniatür sənətini yeni vətənlərində davam etdirmiş, alban dilində çox sayda əsər də yaratmışlar. Venesiya və Krakov xronikaları mühacir albanların Krımda ana dilində yaratdıqları ən dəyərli əsərlərdəndir. Eyni zamanda çox sayda miniatür əsəri yaradılmışdır ki, şübhəsiz ki, onlar da alban sənətinin bir qolu hesab edilməlidir .Yeri gəlmişkən qeyd edək ki, Qriqori Hamama, Mxitar Qoş, Kirakos Gəncəli, Katalikos Nerses, Yovhanes Sarğabaq, Vardaped Vanakan və s. alban müəlliflərinin ana dilində qələmə aldıqları əsərlər məhz bu mühacir albanların səyi sayəsində dövrümüzədək yetişə bilmişlər.

Bəxtiyar Tuncay

KarabakhİNFO.com

Advertisements
Bu yazı Qafqaz Albaniyası, Tarix kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma