Albanların dili və əlifbası barədə bir neçə söz

Image

Azərbaycan türklərinin etnogenezində yaxından iştirak etmiş albanlar əsasən Quzey Azəbaycanda, o cümlədən Qərbi Azərbaycanda (bugünkü Ermənistanda), eləcə də Dağıstanda və bugünkü
Gürcüstanın Borçalıdan Tiflisə qədər uzanan geniş ərazilərində məskunlaşmış və bu ərazilərdə yaşayan digər soyları öz ətrafında birləşdirərək, tarixi mənbələrdə “Albaniya” adı altında yad edilən dövlət qurmuşdular. “Kitabi-Dədə Qorqud”da albanlardan türk xalqlarından biri kimi söhbət açılır və əsərin baş qəhrəmanlarından Qazan xan alpanların, yəni albanların başçısı kimi yad edilir. Şərqşünas alim Süleyman Əliyarov bu barədə yazır: “Dədəm Qorqud” kitabının araşdırılması Azərbaycanda uzun sürən etno-tarixi inkişafın yeni, “gözlənilməz” bir axarını üzə çıxarmışdır. Drezden nüsxəsində 4-cü boyda Qazan xan ovda olarkən cəsus öz taqavoruna belə bir xəbər gətirir: “Hey, nə oturursan? İtüni ulatmayan, çətügini mövlatmayan alpanlar başı Qazan oğlancuğu ilə sərxoş olub yaturlar” (1. 142). “Alpanlar” etnik adının başqa bir yerdə də işlənməsi bu anlayışa diqqətlə yanaşmağı tələb edir. 7-ci boyda oxuyuruq: “Ağ-boz atlar çapdırur alpanlar gördüm, ağ işıqlı alpları yanıma saldum. Bütün tədqiqatçılar sanki gözlərinə inanmayaraq burada işlənən “alpanlar” sözünü “alplar” kimi oxumuşlar. Kitabın rusca çapında isə alpın sinonimi olan “vityazi” şəklində çevrilmişdir. Türkiyəli tədqiqatçı Ergin Drezden nüsxəsində felən rastlaşdığı “alpanlar” sözünü “alplar” sözü ilə əvəz etmişdir. Lakin ədalət xatirinə söyləyək ki, o öz kitabının müvafiq yerlərində səhifəaltı elmi-tənqidi çıxarışlarında Drezden əlyazmasında hər iki halda “alpanlar” yazıldığını bildirmişdir. Kitabda “alpanlar” etnoniminə rast gəlinməsi onun Azərbaycanda baş verən hadisələrlə bağlı olduğunu və Azərbaycanda ərsəyə gəldiyini sübut edən dəlildir. Bu xalq eradan əvvəl IV əsrdən etibarən X yüzilliyə qədər 1500 illik bir vaxt ərzində Azərbaycanda yaşamışdır. Qədim albanların adı bu gün Qubanın “Alpan” kəndinin adında yaşamaqdadır. Qədim albanların birbaşa varisləri olan bu kəndin sakinləri türkdürlər və Azərbaycan türkcəsində danışırlar. Nəzərə alsaq ki, Quba rayonu ərazisində yaşayan bütün qafqazdilli xalqlar, o cümlədən sayları bir neçə min olan xınalıqlılar və buduqlar öz dillərini qoruyub saxlamışlar, albanların başqa bir dildə danışdığı və guya sonradan türkləşdiyini düşünmək, əlbəttə ki, gülüncdür” (1. 142-143).  Albanların ən azı erkən orta əsrlərdən Azərbaycan hüdudlarını aşaraq Türküstan tərəflərə də yayıldığını söyləmək olar. Məsələ burasındadır ki, VI əsr müəllifi İordan İskitlər ölkəsinin çox böyük ərazini əhatə etdiyini, hunların, sirlərin və albanların gedib çatdıqları uzaq hüdudlara qədər uzandığını yazır (2. 24) Bu məlumatdan açıq – aydın görünür ki, albanlar da iskitlər kimi Türküstanın son hüdudlarına qədər, yəni Çinə qədər yayılmışdılar. Təsadüfi deyil ki, bu gün qazaxların “alban” adlandırılan qolu məhz Çindəki Uyğur Muxtar Vilayəti ərazisində, başqa sözlə, Şərqi Türküstanda və Monqolustanda, eləcə də Qazaxıstanın Çinlə sərhəd bölgələrində yaşayırlar.  Alban-türk xalqının qazax türklərinin etnogenezində yaxından iştirak etdiyini sübut edən məlumatları görkəmli qazax maarifçisi Çokan Vəlixanovun, eləcə də V. V. Vostrov və M. S. Mukanovun, qırğızların etnogenezində oynadıqları rol barədə məlumatları isə Abromzonun əsərlərindən tapmaq olar. Karmışevanın “Tacikistanın özbək-lokay xalqı” kitabında isə albanların özbək türklərinin etnogenezində oynadığı rol barədə mütəxəssisləri maraqlandıra biləcək məlumat bulunmaqdadır (3. lV: 326;  4. 46, 118;  5.  82, 66; 6. 16, səh. 2). Jdanko özünün qaraqalpaqların tarixi etnoqrafiyasına həsr etdiyi kitabının 41-ci səhifəsində albanların qaraqalpaq türklərinin də etnogenezində iştirak etdiyini bildirir (7. 1950: 4). Qiyasəddin Qeybullayevin tədqiqatları nəticəsində məlum olmuşdur ki, alban tayfalarından qarqarlar da türk idilər və onların dili qıpçaq türkcəsi olub (8. 78-79) Görünür, qədim Azərbaycanda oğuz türkcəsi ilə yanaşı qıpçaq türkcəsi də yayğın olmuşdur. Hər halda, “Kitabi- Dədə Qorqud”da oğuzlarla yanaşı qıpçaqlardan da gen – bol danışıldığı, bu iki türk xalqı arasında güclü rəqabət hissi olduğu danılmaz faktdır. O da faktdır ki, alban əlifbası məhz qıpçaq – qarqar dili əsasında yaradılmışdı və bu dil Albaniyanın ədəbiyyat və dövlət dili funksiyasını ifa etmişdir (8. 78-79) Doğrudur, əski rus-sovet elmindən gələn ənənəyə əsaslanaraq, bir çoxları qarqarları qafqazdilli xalq hesab etməkdə davam edirlər. Lakin cənab fakt tamam başqa şeyi diktə edir. Fakt budur ki, məşhur qırğız-türk dastanı “Manas”da əsərin qəhrəmanı Manasın atasının mənsub olduğu xalq gah qarqar, gah da qıpçaq adlanır (9. II, 541, прим. 55). Abramzonun yazdığına görə isə XVI əsrdə Qaraqışlaqda baş verən hadisələrlə əlaqədar qıpçaq-qarqar xalqının adı çəkilir (5. 46).   Çox təəssüflər olsun ki, Musa Kağankatlının “Alban tarixi” və Mxitar Qoşun “Alban salnaməsi” adlı kitabları dövrümüzədək orijinalda yox, erməni, rus və ingilis dilinə tərcümələrdə gəlib çıxmışdır. Bu kitablar haqqında bizdə olan təsəvvür Azərbaycan türkcəsinə Ziya Bünyadovun etdiyi tərcümələrə əsaslanır. Tanınmış dilçi alim Firidun Ağasıoğlunun yazdğına görə, ermənilər “Alban tarixi” kitabını rus dilinə çevirərkən, bilərəkdən bir necə ciddi təhrifə yol vermişlər. Onlardan 2-si üzərində xüsusi durmağımıza ehtiyac var.             1. Mesrop Maştots ermənilərə əlifba düzəltdikdən sonra Albanyada qarqarların dilinin bəzi  səsləri üçün xüsusi işarələr (nşanqirs) yaradır. Tərcümədə isə qarqar dili əsasında ayrıca bir əlifba yaradıldığı bildirilir. 2. Qarqarların dili ağ xəzərlərin dili (akxazur) ilə eyniləşdirilir. Tərcümədə “akxazur” etnonimi əvəzinə “son dərəcə uyumsuz bir dil” ifadəsi işlədilmişdir (10. 182). Musa Kağankatlının sözündən belə çıxır ki, Maştots artıq ermənilər üçün yaratmış olduğu əlifbanı bir qıpçaq xalqı olan qarqarların (ağ xəzərlərin) dilinə uyğunlaşdırır. Bunun üçünsə erməni dilində olmayan bəzi qıpçaq səsləri üçün ayrıca işarələr yaradır. Daha doğrusu eyni işarələr bəzi hallarda alban əlifbasında bir, erməni əlifbasında isə digər bir səsi ifadə etmişdir. Bu isə o deməkdir ki, “Alban yazılı ədəbiyyatı” adlandıra biləcəyimiz şey qıpçaq dilində və erməni əlifbasından sadəcə səslənişi baxımından bir neçə işarə ilə fərqlənən əlifba ilə yazılmış mətnlər olmalıdır. Xoşbəxtlikdən bu mətnlər günümüzədək qorunub saxlanmışdır. Fəqət bu yazılı mətnlərin Alban ədəbiyyatının nümunələri olduğu heç kəsin ağlına gəlməmiş, onlar elmi ədəbiyyata, yanlış olaraq, “erməni qıpçaqcası” adı altında daxil edilmişdir. Moisey Xorenatsi və Musa Kağankatlının sözlərindən belə çıxır ki, qarqarların daha bir adı olmuşdur – ağ xəzərlər. Xəzərlərə xüsusi kitab həsr etmiş rus alimləri Artomonov və Pletneva, eləcə də əsərlərində xəzərlərə geniş yer ayırmış Lev Qumilyov ərəb mənbələrinə istinadən xəzərlərin ağ xəzərlər və qara xəzərlər deyə iki əsas yerə bölündüyünü qeyd etmişlər. Əlbəttə ki, bu halda söhbət Albaniya xəzərlərindən-ağ xəzərlərdən, yəni qarqarlardan getməlidir. Erməni tarixçisi Moisey Xorenatsi Azərbaycan ərazisində xəzərlərin adını III əsrdə, gürcü tarixçisi Leonti Mrovelli isə eradan əvvəlVII əsrdə baş vermiş hadisələrlə əlaqədar çəkmişdir. Məlumat üçün bildirək ki, Ət-Təbərinin yazdığına görə, onun dövründə “Azərbaycan və ondan asılı olan ölkələr xəzərlər ölkəsi” kimi tanınırdı (10. 37). Xəzərlərin adı bugünədək Lerik rayonu ərazisindəki Xəzəryaylaq, Ordubad rayonu ərazisindəki Xəzəryurd, Hadrut və Füzuli rayonları ərazilərindəki Xəzərdağ toponimlərində və ən nəhayət, Xəzər dənizinin adında yaşamaqdadır (8. 139).

Albanların dili və əlifbası barədə bir neçə söz Maraqlıdır ki, şərti olaraq “erməni qıpçaqcası” adlandırılan qıpçaqdilli alban ədəbiyyatı nümunələrinin bir qismi – əsasən müxtəlif “İncil” nüsxələri, dua kitabları və digər xristian məzmunlu mətnlərin bir qismi Qərbi Azərbaycan ərazisində, yəni indiki Ermənistan ərazisindəki əlyazmalar fondunda qorunur. Bu barədə Murad Aci yazır: “Ermənistanda erməni qrafikası ilə, fəqət türkcə yazılmış qədim müqəddəs kitablar var. Madam ki, erkən Ermənistanda dualar türkcə yazılmışdı, deməli, ibadət heç də suryani dilində yox, türkcə edilirdi. Ermənilər üçün ilk məbədləri kimlər tikmişlər? Nə üçün onların istiqaməti şərqədir?…” (11. 153). Şübhəsiz ki, bu gün “Ermənistan” kimi tanınan Qərbi Azərbaycandakı kilsələri türklər, yəni albanlar tikmişlər. Ermənilər isə həmin ərazilərə XlX əsrdən ruslar tərəfindən köçürülmüş və alban – türk kilsələrinə sahib çıxmışlar. Deyilənlərə ən gözəl sübut kimi Qərbi Azərbaycanın, yəni bugünkü qondarma Ermənistanın Şirak vilayətinin Artik bölgəsinin XX əsrin 40-cı illərində adı dəyişdirilərək “Ariç” şəklinə salınan qədim Xpçax (Qıpçaq) kəndindəki Xpçaxvəng adlı kilsə və monastrı (XII əsrdə tikildiyi söylənilir) göstərmək olar (12. 6,7). Qərbi Azəbaycanda (bugünkü Ermənistan) qıpçaq – qarqarların çox qədim zamanlardan yaşamış olduqlarını, onların torpaqlarının Ərməniyyə və Kilikiyaya qədər uzandığını erməni (hay) tarixçiləri də etiraf edirlər. Məsələn, A. Akopyan özünün “Albaniya – Aluank qədim yunan – Roma və qədim erməni mənbələrində” adlı kitabında yazır ki, Moksda Qarqaradlı vilayət, Tsopka və Qərbi Kilikiyada iki Qarqar qalası, Lori və Parisosda iki Qarqar kəndi var. Bundan başqa Meğri tərəfdə Qarqar dağının mövcudluğu da məlumdur (13. 66-67).Hazırda Qərbi Azərbaycanın (bugünkü Ermənistanın) Zəngəzur bölgəsində qarqarlara aid bir monastır kompleksi də qalmaqdadır. Öncələr “Gərgərvəng” və ya “Qarqarvəng” adı ilə məşhur olan bu monastra bitişik Həzrət Məryəm kilsəsinin tikilməsindən sonra (1283-cü il) daha çox Məryəm kilsəsi və ya “Surb Sion” monastrı kimi yad edilməyə başlayan bu kompleks alban (həm də Azərbaycan) memarlığının ən maraqlı nümunələrindən biridir (14. 323) Qarqarlar və onların yaşayış arealı barədə əski erməni (hay) mənbələrində də söz açılmışdır. Məsələn, Moisey Xorenatsi (V əsr) alban əlifbasının qarqar dili əsasında yaradıldığını söyləmiş, Qarqar meydanından və Qarqar məlikliyindən söz açmışdır. Gevond (VIII əsr) Qarqar düzənliyinin, Böyük Vardan (XIII əsr) isə Qarqar vilayətinin adını çəkmişlər. Tovma Artsruni isə türk mənşəli ərəb sərkərdəsi Buğanın Qarqar düzənliyinə gələrək, Bərdə şəhərinə daxil olduğunu yazmışdır (8. 79). Ümumiyyətlə, əski yazılı qaynaqlarda qarqarlar və onların yaşayış arealı barədə yetərincə məlumat bulunmaqdadır. Məsələn, Strabon qarqarların amazonkalarla qonşuluqda, amazonkaların isə Albaniya üzərində yüksələn dağlarda yaşadıqlarını yazmışdır. Bu xalqın adı Qafqaz və Orta Asiyanın toponomikasında geniş əks olunmuşdur. Bu sırada XIX əsrdə indiki Dağıstanın Teymurxanşura vilayətində qeydə alınmış Qarqar yer adını, Tiflis quberniyasının Tionet və Axalsix uyezdlərində qeydə alınmış Qarqar – meydan, Qarqar – Qutan, Qarqar dağı, Qarqaris və s. toponimlərini, Qəbələ rayonu ərazisində mövcud olmuş Xaraba – Qaraqarı, eləcə də Qarabağla Gədəbəy sərhəddində yerləşən bir neçə Qarqar kəndini (bu gün onlardan biri Gərgər, digəri isə Xarxar adlanır) və Naxçıvan uyezdində qeydə alınmış Xarxar kəndini göstərmək olar. XIII əsr ərəb müəllifi Yaqut əl-Həməvi Beyləqan yaxınlığında yerləşən Qarqar şəhərini xatırlatmışdır. İbn Xordadbeh (IX əsr) isə Şabran və Dərbənd arasındakı Qarqar şəhərindən söhbət açmaqdadır. Deyilənlərə Qarabağ ərazisindəki iki ayrı Qarqar çayını da əlavə etmək lazımdır. Türkiyə və Cənubi Azərbaycan ərazisində də bir neçə Qarqar, Xarxar, Gərgər adlı yaşayış məntəqəsinin olduğu məlumdur. Qarqarların bir vaxtlar Orta Asiyada da yaşadığını söyləmək olar. Belə ki, Dionisiy Perieqet (II əsr) qarqarların Emod dağlarından Qanq çayı ilə suvarılan torpaqlara qədər geniş bir ərazidə yaşadıqlarını yazmışdır (8. 79).  Türk – alban dilində, yəni “erməni qrafikası” (əslində alban əlifbası) ilə yazılmış, fəqət türkcə (qıpçaq türkcəsində) olan xristian ədəbiyyatına gəlincə, bu ədəbiyyatın yaranması barədə V əsr erməni salnaməçisi Koroyunun yazdığına görə, hələ o dövrdə Albaniya yepiskopu İremiyanın başçılığı ilə dini kitablar, yəni Bibliya alban dilinə tərcümə edilmişdi (15. 211-212) VIII əsr erməni tarixçisi Gevond özünün “Tarix” əsərində bildirir ki, onun dövründə “İncil” bir sıra dillərlə yanaşı alban dilində də tədris edilirdi və alban dilində olan dinikitablar ciddi cəhdlə qorunurdular (Gevond, XIV fəsil).  Ermənistanın əlyazmalar fondunda araşdırmalar aparan A. D. Ananyan isə müqəddəs Yeliseyin Şərq ölksində – Albaniyadakı fəaliyytindən bəhs edən erməni dilində bir sənəd tapmış və dərc etdirmişdir. Həmin sənədin erməni dilinə alban dilindən tərcümə edildiyini tərcüməçilərin özləri qeyd etmişdilər. Həmin ərazidə mövcud olan erməni qrafikalı türkdilli dini ədəbiyyata gəlincə, onlar alban ədəbiyyatı nümunələrindən başqa bir şey deyildir. Bu ədəbiyyatın qələmə alındığı əlifbanın erməni əlifbası ilə eyni mənşəli olması, eləcə də ortaq din xristian albanların müəyyən bir hissəsinin zamanla erməniləşməsinə səbəb olmuşdur. Bununla belə, çox sayda nümunəsi (onminlərcə səhifə) Polşa, Rusiya, Avstriya, İtaliya, Rumıniya, Ukrayna və Ermənistanda qorunub saxlanmış qıpçaqdilli alban ədəbiyyatını (12. 867-306) tədqiqatlara cəlb etmək, onları dərindən öyrənmək ən azı Albaniyanın tarixini, Azərbaycanda baş vermiş etnik və etnolinqvistik prosesləri dərindən başa düşmək baxımından çox vacibdir. Biz “Kitabi-Dədə Qorqud” sayəsində Azərbaycanda oğuz-qıpçaq münasibətlərində oğuzların rolundan xəbərdarıq. İndi isə qıpçaqdilli alban ədəbiyyatını araşdırıb proseslərə digər tərəfin də gözü ilə baxmağın vaxtı çatıb. Üstəlik də bu ədəbiyyatı Azərbaycan ədəbiyyatının tərkib hissəsi kimi gözdən keçirməyin də vaxtı artıq çoxdan çatmışdır. Əldə olan təkzibedilməz sənədlər qıpçaq mənşəli qarqar dilinin Albaniyanın dövlət dili olduğunu və bu dildə beynəlxalq yazışmaların aparıldığını söyləməyə tam əsas verir. Məsələn, 505–ci ildə bugünkü İran ərazisində yaşayan xristianlara ünvanlanmış erməni dilində olan bir məktubda deyilir:  “Biz sizə daha öncə öz aramızda razılaşaraq, erməni, gürcü və alban dillərində, həmin dillərin yazısı ilə məktub yazmışdıq. İndisə eyni şeyi təkrar edirik” (16. 34; 17. 169).  Elm aləmində “Erməni qıpçaqcası” adlandırılan yazıların və ədəbiyyatın gerçəkdən də albanlara məxsus olduğunu təkzibedilməz şəkildə sübut edə bilməmiz üçün hər hansı bir alban müəllifinin həmin dildə, yəni qıpçaq türkcəsində və erməni (əslində alban) əlfbası ilə yazılmış sadəcə bircə sətirini əldə etməmiz yetərli idi. Bizim isə əlimizdə hər hansı bir alban müəllifin bircə sətri yox, çox sayda tanınmış alban müəllifinin əsərləri, o cümlədən böyük alban maarifçisi Mxitar Qoşun “Törə bitiki” (Qanunlar toplusu) adlı kitabının bütöv bir parçası, eləcə Kirakos Gəncəlinin “Tarix” kitabının II fəsli, alban katalikosu Nersesin “İnamın əsasları”, eləcə də Yovhannes Sarqavak, Vardapet Vanakan və s. müəlliflərin moizələri kimi təkzibedilməz dəlillər var (18. 78-258).  Yanlış olaraq “erməni qıpçaqcası” adı altında tanınan alban yazılı ədəbiyyatı nümunələrinin toplanıb nəşr edilməsində görkəmli türkoloq alim Aleksandr Qarkavetsin xidmətləri ölçüyəgəlməz dərəcədə böyükdür. Mxitar Qoşun “Törə bitiki”, Vanağanın, Kirako-sun əsərləri, eləcə də alban dilində (qıpçaq – qarqar dilində) dövrümüzədək çatmış müxtəlif dualar, lüğətlər ən azı V əsrdən Albaniyanın (Quzey Azərbaycanın) dövlət, ədəbiyyat və təhsil dili olmuş qıpçaq – qarqar dilinin qrammatika, fonetika və leksikasını öyrənmək baxımından son dərəcə zəngin material verməkdədir.  Ermənilər, ümumiyyətlə, albanların guya artıq V – VI əsrlərdə erməniləşdiyini söyləyirlər. K. V. Treverin və İ. A. Orbelini kimi alimlərin fikrincə isə albanların erməniləşməsi VIII – X əsrlərdə baş vermişdir. Z.Bünyadov və F.Məmmədova isə bu iddiaları inkar etsələr də, albanlarn artıq XII əsrdə erməni dilində yazdıqlarını söyləyir və dolayısı ilə “erməniləşmə”nin başlanğıcınıı həmin dövrlə bağlayırlar (18. 21-22).  XII – XIII əsrlərə aid alban müəlliflərinin, o cümlədən Mxitar Qoş və Kirakos Gəncəlinin əsərlərinin tədqiqi bu iddiaların heç birinin doğru olmadığını ortaya qoymuşdur, yəni bu iddialar digər erməni saxtakarlıqları kimi uydurmadan başqa bir şey deyil. Bizim alimlərimizin də təqribən eyni mövqedən çıxış etməsinə, sadəcə vaxt məsələsində erməni alimlərindən fəqli mövqe sərgiləməsinə gəlincə isə, bu, məlumatsızlıqdan qaynaqlanmışdır. Məhz məlumatsızlıq ucbatından Azərbaycan tarixşünaslığında albanların guya qafqazdilli olmaları barədə kökündən səhv bir fikir də möhkəmlənmişdir. Bu yanlış fikrin qızğın tərəfdarlarından biri də Fəridə xanımdır. Həm Mxitar Qoş, həm də Kirakos Gəncəli özlərini alban adlandırıblar, Albaniyadan “bizim ölkə”, “bizim Alban ölkəsi” və ya “bizim Şərq ölkəsi” deyə söz açıblar. Məsələn, Mxitar Qoşun belə yazdığı məlumdur: “Biz bu işə monofizit təqviminin 633–cü ilində – bundan bir dövr (532 il) çıx, bizdə (albanlarda – B.T.) kiçik təqvim adlanan (alban təqvimi – B.T) təqvimin 101–ci il edəcək, – rum tarixi ilə… Bizim xanlıqda (Alban xanlığında – B.T.) dərəbəyliyin hökm sürdüyü, Xaçında bəzi bəylərin – Əsən adlanan bəy və oğlu Vaxtanqın Xayterk adlanan qalada oturub başqa bəylərə hökm etdikləri, Kilikiyada böyük bəy Rubenin hakim olduğu dövrdə, müzəffər Georgi xanın öldüyü, Ərməniyyədə Qriqorinin, bizim Albaniya ölkəsində isə Stefannosun patriarx olduqları ildə…” (18. 22-23).  Kirakos Gəncəli isə Özünün “Alban ölkəsinin qısa tarixi” (“Tarix”) adlı kitabnın “Yadellilər tərəfindən sıxışdırılan alban katalikoslarının böyük bəylərə sığınmaları barədə” başlıqlı Vl fəslində belə yazmışdır: “Cənub qəbilələrindən – İsmayıloğullarından (ərəblərdən – B.T.) ən çox pislik görən və təqiblərə məruz qalan… Albaniya idi. Belə ki, bizim hökmdarlarımız qırılmış, alban katalikosları isə orada – burada daldalanmağa məcbur olmuşdular və daimi yerləri yox idi…”(18. 23). Qeyd etmək lazımdır ki, əldə olan əlyazmaların böyük əksəriyyəti Qafqazdan indiki Ukrayna ərazisinə köçmüş xristian qıpçaqların (albanların) həmin ərazidə ərsəyə gətirdikləri sənədlərdir. Bu sənədlərdə həmin xalq öz ana dilini nə “erməni dili”, nə də “alban dili” adlandırır. Danışdıqları dili bəzən “xıpçax tili” (qıpçaq dili), bəzən sadəcə “bizim til”, XVI əsrdən etibarən isə bəzən həm də “tatarca” adlandırırlar və özlərini ermənilərdən ayırırlar: “Tügəlləndi Boğos arakelninq bitiki tarkmanel bolğan ermeni tilindən xıpçax tilinə xolu bilə yazıxlı da arzanisiz Mikayel kahananınq Kosta oğlununq …” (12. 5). “Tamamlandı həvvari Pavelin məktublarının erməni dilindən qıpçaq dilinə tərcüməsi günahkar və layiq olmayan kahin Mikayıl Kosta oğlunun əli ilə…”(12. 5). Başqa bir misalı gözdən keçirək: “…Tilindən ermenininq latingə çıxarğandır, Latindən polskiygə, a polskiydən bizim tilgə …” (12. 5). “…Dilindən ermənilərin latın dilinə tərcümədir, latıncadan polyak dilinə, polyak dilindən isə bizim dilə…” A. Qarkavets haqlı olaraq yazır: “Tərcüməçilər öz doğma qıpçaq dilini təkcə monqol – tatar hücumlarından sonra “tatar” adlandırılmağa başlanan türk qardaşlarının dilinə çox yaxın olduğuna görə “tatarca” adlandırmırdılar, həm də, ən əsası, onu … erməni dilindən… fərqləndirmək üçün edirdilər” (12. 6). Eyni zamanda, ermənilərin də onları özlərindən ayrı bir millət saydıqlarını əldə olan sənədlər, məsələn, dövrümüzədək ulaşmış beş erməni (hay) – qıpçaq lüğətinin birinin titul vərəqəsində erməni dilində yazılmış aşağıdakı sözlər də təsdiqləyir: “Batmutiun hayi ev xipçax lezui” (hay və qıpçaq dillərində izahlar). Alban, yəni qarqar – qıpçaq dilinin fonetik tərkibi ilə üzdən tanışlıq Musa Kağankatlı və Moisey Xorenatsinin bu dil barədə söylədikləri “boğaz səsləri ilə dolu dil” ifadəsinin doğruluğunu tam təsdiq etməkdədir. Məsələn, bu dildə dilimizdəki “q” səsinin “x”, bəzən də “ğ” kimi tələffüz edildiyi müşahidə edilir: qıpçaq – xıpçax, qayıtmaq – xaytmax, qar – xar və s. Eyni zamanda söz önlərindəki cingiltili samitlərin karlaşması baş verir: daş – taş, dil – til və s. Sait sistemi eynən Azərbaycan türkcəsində olduğu kimi 9 səsdən ibarətdir və bizimki ilə tam eynidir.

Bəxtiyar Tuncay
KarabakhİNFO.com

ƏDƏBİYYAT

 Əliyarov S. “Kitabi Dədəm Qorqud” əlyazmaları üzərində çalışmalar. Azərbaycan filologiyası məsələləri. “Elm”, 1991.

  1. The Gothik history… 1960
  2. Валиханов Ч.Ч. Сочинения, тт. l-lV.
  3. Востров В.В. Муканов М.С. Родоплеменной состав и расселение казахов – Алма-Ата, 1968.
  4. Абромзон С.М. Этнический состав населения Северной Киргизии. Труды  Киргизской архелогическо-этнографической экспедиции. Вып. 4. М., 1960.
  5. Кармышева Б.Х. Узбеки – локайцы Южного Тадикистана. М., 1954.
  6. Жданко Т.А. Очерки исторической этнографии каракалпаков. М., 1950.
  7. Гейбуллаев Г. К этногенезу азербайджанцев. Баку, 1991.
  8. Бартольд В. В. Сочинения.– М., 1968.– Т. 5.
  9.  Ağasıoğlu F. Azər xalqı. Bakı, 2005.
  10.  Аджи М. Европа, тюрки, Великая степь. М., 1998.
  11.  Гаркавец A. H. Кыпчакское письменное наследие.Том I. Каталог и тексты памятников армянским письмом. Алматы. Дешт-и-Кыпчак. 2002.
  12.  Акопян. Албания – Алуанк в Греко-латинских и древнеармянских источниках. Ереван, 1987.
  13.  Григорян Г. Очерки истории Сюника lX-XV вв. Ереван, 1966.
  14.  Корюн.  Житие Маштоца. Ереван, 1981
  15.  Шанидзе А. Г. Новооткрытый алфавит кавказских албанцев и его значение для науки. Известия Института языка, истории и материальной культуры им. акад. Н. Я. Марра. 1938. Т. 4, №1.
  16.  Шанидзе А. Г. Язык и письмо кавказских албанцев // ВООН АН ГССР. 1960 а, № 1.
  17. Tuncay B. Qafqaz albanlarının dili və ədəbiyyatı. Bakı, 2010
Advertisements
Bu yazı Dilçilik, Qafqaz Albaniyası, Tarix kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Albanların dili və əlifbası barədə bir neçə söz üçün 2 cavab

  1. Qəhrəmanov Anar dedi ki:

    Salam,Bəxtiyar bəy. Sizə bu bilgilərinizdən ötrü təşəkkür edirəm. Bir məsələ barədə sizin fikirlərinizi öyrənmək istərdim. Mən Zaqatala rayonunda yaşayıram. Xüsusən Qax rayonunda Yevlax-Balakən avtoyolunun kənarında yerləşən kənd adları hər zaman diqqətimi çəkir. Oncallı,Tanqıt,Qıpçaq,Cəlayır kənd adları əski Türk və yaxud türkləşmiş Monqol tayfa adlarıdır.
    Ancaq məni daha çox maraqlandıran Zaqatala və Balakən rayonlarını bir birindən ayıran Katex çayının da mənbəyi olan uca dağ zirvəsidir. Bu dağ əslində Babadağdan daha yüksəkdir. Yəqin ki, müəyyən hissəsi Rusiya ərazisinə düşdüyündən o deyil, məhz Babadağ Azərbaycanın üçüncü yüksək zirvəsi sayılır. Maraqlı olan isə bu zirvənin adıdır. Onun adı Quton dağıdır. (bəlkə də Qu Tan..?) Digər bir ad isə Balakən rayonunda Qubek aşırımıdır. (tan səma,tanrı, müqəddəslik bildirir səhv etmirəmsə əski türkcədə bəy,biy müraciəti də müqəddəslərə olunub.) Yanılmıramsa əski türk mifologiyasında qu quşu və qazlara da yer verilir. Bunları Umayla eyniləşdirirlər. Bir dəfə təxmini məzmunu belə olan bir Altay əfsanəsi oxumuşdum ki, hər yer su ikən Tanrı bu suların üstündən qaz şəklində üçurmuş. Daha sonra dağları, yeri yaradır və sairə.. Qazax, Kuman kimi adlar da yəqin ki, bu quşlarla bağlıdır. Düşünürəm ki, Qafqaz adı və Qafqazın ikinci yüksək zirvəsi olan Kazbek adı da Zaqatalada, Balakəndə olan Quton (bəlkə də Qutan) və Qubek adları ilə eyni mənadan gəlir. Bu haqda bildiklərinizi mənimlə paylaşarsanız çox şad olaram.
    Mən özüm Qarapapaq (tərəkəmə) türklərindənəm. Bildiyiniz kimi Qazax adı bizə də doğmadı. 🙂 Bəxtiyar bəy, Siz necə düşünürsüz, Qarapapaqlar Oğuzlardandı ya Qıpçaqlardan?
    Bir daha yazılarınız, bilgiləriniz üçün təşəkkür edirm.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma