İBRƏTAMIZ HEKAYƏLƏR

2

 

1

 

İNSANIN DƏYƏRİNİN ONUN XEYİRXAH ƏMƏLLƏRİ İLƏ ÖLÇÜLMƏSİ BARƏDƏ

 

Bismillahirrəhmanirrəhim!

 

Günlərin birində kasıb bir kəndli Həzrət Əlinin evinə gəlir, evin bir küncündə əyləşib gözlərini məzlum-məzlum yerə dikir. Xəlifə baxıb görür ki, pal-paltarı yamaq içində olan, cındır ayaqqabılarının deşiklərindən barmaqları görünən fağır bir Allah bəndəsi evinin bir küncündə oturub, dinmir-danışmır. Əli əleyhissəlam ona yaxınlaşıb nəvazişlə deyir:

-Evimə xoş gəlmisən, səfa gətirmisən. Dərdli adama oxşayırsan. Məndən bir istəyin varsa, çəkinmə, söylə. əmin ol ki, dərdinə çarə etmək üçün əlimdən gələn heç nəyi əsirgəməyəcəyəm.

Lakin kəndli utandığından və abır etdiyindən  ağzını açıb danışa bilmir. Nəinki danışmır, hətta gözlərini belə qaldırmır. Əslində danışmasına bir ehtiyac da yox idi, vəziyyəti xarici görkəmindən açıq-aydın görünürdü.

Həzrət Əli ona iki dəst pal-paltar, iki dəst də ayaqqabı hədiyyə edilməsini buyurur. Bunu eşidən kəndli  elə sevinir ki, gözləri yaşarır. Cəld ayağa qalqıb bir beyt şeir deyir. Şeir xəlifənin çox xoşuna gəlir. Öz övladları üçün cibində saxladığı üç dinarı da çıxarıb kəndliyə verir. Kəndlinin sevinci göyə-yerə sığmır, sevincək halda deyir:

-Ya əmirəlmöminin, bu pal-paltarı, bu ayaqqabıları və bu üç dinarı mənə bağışlamaqla, məni bir göz qırpımında kəndimizin ən varlı adamı etdin. Allah səndən razı olsun! Ömrün uzun olsun!

Həzrət Əli Rəsulullahdan (ə) eşitdiyi bir hədisi kəndliyə nəql edərək deyir:

-Peyğəmbərimiz (s) buyurub ki, hər bir kəsin dəyəri onun gördüyü savab işlər və xeyirxah əməllərlə ölçülür.

2

PİS ƏMƏL BARƏDƏ

Bismillahirrəhmanirrəhim!

Belə rəvayət edirlər ki, bir gün Pryğəmbərimiz (s) öz əshabı ilə birlikdə Quba məscidində oturub şirin-şirin söhbət edirmişlər. Allahın elçisi (s) onlara göylərin, yerin sirrlərindən, insanların yaradılış və xasiyyətlərindən danışırmış. Söhbətin şirin yerində Peyğəmbər (s) səhabələrdən soruşur:

-Bu dünyada müflis, tamam-kamal yoxsul olanın kim olduğunu bilirsinizmi?

Səhabələr düşünmədən, bir ağızdan cavab verirlər:

-Əlbəttə ki, pulu, mülkü və malı olmayanlar.

Allahın elçisi gülümsəyir və bildirir:

-Səhabələrim, bilin və agah olun ki, Məşhər günü haqq-hesab ediləndə ümmətim içərisindən müflis vəziyyədə o adamlar olacaqlar ki, əməlləri ilə qıldıqları namazı, tutduqları orucu, verdikləri zəkatı puç etmişlər. Yəni o şəxslərdir ki, Şeytana uyaraq, pis əməllər etmişlər, birini söyərək təhqir etmiş, başqa birisini basıb döymüş, digərinin qanını tökmüş, kiminsə malını əlindən almış, kiməsə böhtan atmışlar. Belələrinin savabları hesabından silinərək ziyan vurduqlarının hesabına yazılacaq, onların da günahları bunlara aid ediləcəkdir. Hələ bu dünyada ikən, haqsız yerə incitdiklərinin haqqlarını ödəməyən, onlardan halallıq almayanlar o biri dünyada qolları burularaq cəhənnəmə atılacaqlar.

 

3

 

PİS ƏMƏL VƏ ADƏTLƏRDƏN ƏL ÇƏKMƏYİN VACİBLİYİ BARƏDƏ

 

Bismillahirrəhmanirrəhim!

 

Belə rəvayət edirlər ki, hicrətin son illərində, İslamın yüksəliş dövründ müxtəlif ərəb tayfaları kütləvi surətədə Peyğəmbərin (s) yanına gələr, şəhadət gətirərək, Allahın dinini qəbul edərmişlər. Bir gün Taif qəbiləsinin də ağsaqqalları Rəsulullahı (s) görmək üçün Mədinəyə gəlirlər. Onlar Peyğəmbərə (s) salam verib deyirlər:

-Ya Peyğəmbər! Biz də digər ərəb qəbilələri kimi İslamı qəbul etməyə qərar verdik. Amma üç şərtimiz var.

Peyğəmbər (s) soruşdu:

-Şərtləriniz nədir?

Taiflilər:

-Bizim üç adətimiz var ki, ondan əsla vaz keçə bilmərik.

Rəsulullah (s):

-Onalar hansı adərlərdir?

Taiflilər cavab verdilər:

-Fahişəlik, oğruluq və şərab içmək.

Peyğəmbər dedi:

-İndi mənim şərtimi dinləyin! Saydıqlarınınzın hər üçü dinimizə görə haramdır. Gedin, nə zaman bu adətlərinizdən əl çəkərsiniz, onda da gələrsiniz.

Taif ağsaqqalları bu sözləri eşidib, geri döndülər. Bir müddətdən sonra yenidən Mədinəyə gəlib, Peyğəmbərlə (s) görüşdülər.

Dedilər:

-Ya Rəsulullah! Şərtlərini qəbul etdik və hər üç adətimizdən vaz keçdik. Amma bunun əvəzinə başqa şərtimiz var.

Peyğəmbər (s) soruşdu:

-Şərtiniz nədir?

Taiflilər:

-Şərtimiz  odur ki, bizi cihad, namaz və orucdan azad etməlisən.

Peyğəmbər gülümsəyərək dedi:

-Şərtləriniz qəbul etdim.

Bu sözləri eşidən taiflilər şəhadət gətirib, İslamı qəbul etdilər. Onlar çıxıb getdikdən sonra səhabələri təəccüblə Peyğəmbərdən (s) soruşdular:

-Məgər cihad, namaz və oruc dinimizin vaciblrindən deyil? Niyə onların şərtini qəbul etdin?

Rəsulullah (s) cavab verdi:

-Dində əsas məqsəd insanları pis əməl və adətlərdən uzaqlaşdırmaq, xalqı saflaşdıraraq haqq yoluna döndərməkdir. Zaman keçdikcə, insanlar saflaşdıqca, Allaha daha çox yönələcək və günlərin birində dinin vaciblərini yerinə yetirməyin onlar üçün nə qədər faydalı olduğunu anlayacaqlar. Pis adət və əməllərin girdabında batmaqdansa, müsəlman olub savab əməllər etmək daha yaxşıdır.

 

4

 

SÖZ GƏZDİRMƏK, QEYBƏT QILMAQ BARƏDƏ

 

Bismillahirrəhmanirrəhim!

 

Günlərin birində bir sözgəzdirən  Həsən Bəsriyə yaxınlaşıb dedi ki, filankəs sənin dalınca danışırdı, Barəndə pis-pis sözlər söyləyirdi. Hətta çox pis söyüş də söydü.

Həsən Bəsri soruşdu:

-Sən onu harada gördün?

Sözgəzdirən dedi:

-Öz evində. Günorta məni evinə qonaq çağırdı, doyunca yedirtdi, içirtdi və bu sözləri dedi.

Həsən Bəsri qəzəbləndi:

-Sən nə alçaq və namərd adam imişsən! Adam səni evinə qonaq çağırıb, qulluğunda durub, yedirib-içirib. Ürəyini sənə açıb, sənsə onun çörəyini qarnında saxladığın kimi onun sözünü ürəyində saxlaya bilmirsən. İndi qulaqlarını yaxşı-yaxşı aç və eşit! Birincisi, dediyin adamdan heç vaxt şikayətçi olmaram, ikincisi, qəlbimdə ona qarşı heç vaxt kin saxlamaram, üçüncüsü, nə bu dünyada, nə də o biri dünyada ona düşmən olmaram, dördüncüsü onunla böyük məmnuniyyətlə bir yerdə cənnətə girərəm. Sənə isə məsləhətim budur, dərhal yanına get, ondan üzr  və halallıq istə!

 

5

 

 DOĞRU DANIŞMAĞIN XEYRİ, YALAN DANIŞMAĞIN ZİYANI BARƏDƏ

 

Bismillahirrəhmanirrəhim!

 

Başqa bir rəvayət isə öz zamanının ən böyük alimlərindn biri olmuş Əbdülqadir Gilani barədədir. Deyilənə görə o, hələ kiçik uşaq ikən elmə, mərifətə çox böyük həvəs göstərərmiş. Atası onun elmlərin sirrinə dərindən vaqif olması üçün əlindən gələni əsirgəməzmiş. Lakin günlərin birində atası bərk xəstələnir və yatağa düşür. Ölümün yaxınlaşdığını görüb, oğlunu yanına çağırır və deyir:

-Oğlum, mənim haqq dünyasına köçmək vaxtım gəlib çatdı. Son illər gecə-gendüz çalışıb sənin üçün 40 qızıl pul toplamışam ki, həmin pulla Bağdada gedib təhsilini davam etdirəsən, Bağdadın ən böyük alimlərindən dərs alıb elmini daha da dərinləşdirəsən.

Kişi bu sözləri deyib, bu dünyaya əlvida edir.

Əbdülqadir böyüyüb həddi-büluğa çatan kimi anasından Bağdada gedərək, atasının vəsiyyətinə əməl etmək, təhsilini davam etdirə bilmək üçün icazə istəyir.  Anası oğluna bu sövdadan əl çəkməsi, onu tək qoyub getməməsi üçün nə qədər dil-ağız tökürsə xeyri olmur. Naəlac qalıb oğlunun getməsinə icazə verir.

Həmin dövrdə Xilafətdə əmin-amanlıq pozulmuş, çox sayda qaçaq-quldur, karvan soyan peyda olmuşdu. Başqalarının mal-mülkünə sahib çıxmaq üçün qan tökmkdən belə çəkinməyənlərin sayı xeyli artmışdı. Bağdad yolu da çox təhlükəli bir hala gəlmişdi. Əslində qadının da narahatçılığı elə buna görə idi. Əslində rəhmətlik ərinin vəsiyyətindən onun da xəbəri var idi və o da oğlunun təhsilinə davam edərək, böyük alim olmasını istəyirdi. Amma ana ürəyi də öz sözünü deyirdi. Odur ki, oğlunu yola salmamışdan öncə onunla qarşı-qarşı oturub başını sığalladı və nəsihət verməyə başladı:

-Canım-gözüm oğlum, şəkər balım oğlum, sənə yeganə nəsihətim budur ki, heç vaxt yalan danışma, çünki Rəbbimiz yalanı və yalançıları sevməz. Həttə çətinə düşsən və məcburiyyət qarşısında qalsan da yalana baş vurma. Həmişə doğru, dürüst ol, sözün düzünü de. Bilvə agah ol ki:

Kim danışsa doğru gerçək,

Ona edər Allah kömk.

Daim doğru-düzgün danış,

Tanrı etsin sənə alqış.

Əbdülqadir anasına söz verir ki, onun bu nəsihətini ömürlük qulaqlarına sırğa edəcək, ona hər zaman əməl edəcək. Belə olan halda, anası ərindən miras qalan qırx qızılı bir kisəyə qoyur və kisəni oğlunun köynəyinin iç tərəfindən qoluna tikir ki, yolda düşüb itməsin. Həm də pulun harada olduğu heç kəsin ağlına gəlməsin.

Bundan sonra ana oğlunu dost-tanışa tapşırıb, bir karvanla Bağdada yola salır. Arxasınca su atıb, karvan gözdən itənə qədər balasını qəmli nəzərləri ilə müşayiət edir.

Karvan bir neçə gün yol gedir, dərələrdən, təpələrdən aşır, ucu-bucağı görünməyən çöllərdən keçib, gecələrin birində çox vahiməli bir yerə yetişir. Yolçular bu yerə yetişər-yetişməz, çoxdan bəri pusquda durub onların yolunu gözləyən quldurlar dörd bir yandan üstlərinə tökülüşür və bütün yolçuları əsir alırlar. Təbii ki, mal-mülklərinə də sahib çıxırlar.  Hamının xurcun və ciblərini bir-bir soyub talayan quldurbaşı sonda yeganə uşaq olan Əbdülqdiri yanına çağırr və soruşur:

-Hə, söylə görək, sənin qızıl-gümüşdən nəyin var.

Uşaq fikrə gedir, anasının nəsihətini və ona verdiyi sözü xatırlayb doğrusunu söyləyir:

-Mənim qırx qızılım var. Onlar mənə atamdan miras qalıb, anam da qaçaq-quldurun basqınına uğrayacağımız halda onları tapa bilməsinlər deyə köynəyimin iç tərəfindən qoluma tikib.

Quldurbaşıya elə gəlir ki, oğlan yalan söyləyir, onu ələ salır. Odur ki, bərk qəzəblənərək, adamlarına uşağın köynəyinin qollarını axtarmağı və yalanını faş etməyi tapşırır. Quldurlar Əbdülqadirin köynəyinin qollarını eşələyib, qzıl kisəsini tapırlar. Kisəni söküb qızılları başçlarına verirlər. Hamı bu işə mat-məəttəl qalır. Quldurbaşı oğlandan soruşur:

-Oğul, səni nə vadar etdi ki, sözün düzünü dedin. Əgər yalan söyləsəydin, cibini, xurcununu axtarıb, bir şey tapmayacaq və səndən əl çəkəcəkdik. Üstündə qırx qızıl olduğu və onların köynəyinin qiluna tikildiyi heç ağlımıza da gəlməyəcəkdi. Səni buna nə vadar etdi?

Əbdülqadir cavab verir:

-Yola çıxmamışdan öncə anam mənə vəsiyyət edeib dedi ki, heç vaxt yalan danışma, çünki Rəbbimiz yalanı və yalançıları sevməz. Həttə çətinə düşsən və məcburiyyət qarşısında qalsan da yalana baş vurma. Həmişə doğru, dürüst ol, sözün düzünü de. Bil və agah ol ki:

Kim danışsa doğru gerçək,

Ona edər Allah kömk.

Daim doğru-düzgün danış,

Tanrı etsin sənə alqış.

Uşağın dürüstlüyü, cəsarəti və sədaqəti hər kəsə bərk təsir etdi. O qədər çox təsir etdi ki, quldurbaşı utandığından qıpqırmızı oldu. Daha sonra isə rəngi saraldı, dodaqları tir-tir əsməyə başladı. Uşağı bir müddət süzdükdən sonra papağını çıxarıb var gücü ilə yerə çırpdı:

-Halım necə də yamandı. Bu barmaq boyda uşaq Allahdan qorxaraq, yalan danışmamağa qərar verərək, bizlərə əməlli-başlı dərs verdi. Bizə – yolunu azmışlara haqqın yolunu göstərdi.  Biz isə… biz isə bu yekə boyumuzla, Allahı unudub, nələr etmişik, nələr! Yalan danışmaq bir yana, min bir oyundan çıxmışıq, neçə evlər yıxıb, neçə canlar almışıq. Ayıb olsun bizə!

Quldurbaşı bu sözləri deyib, üzünü adamlarına tutdu:

-Kimin nəyi alınıbsa, dərhal özünə qaytarılsın! Bu gündən etibarən mən yaman işlərdən tövbə edirəm. Bir daha pis iş tutmayacağıma, haqq yola dönəcəyimə söz verirəm. Ancaq savab işlər görəcək, günahlarımı yumaq üçün gecə-gündüz çalışacağam.

Quldurlar yolçulardan qarət etdiklri hər şeyi özlərinə qaytarıb, tövbə etdilər. Beləcə, balaca Əbdülqadir həm özünü, həm də yol yoldaşlarını Allahın köməyi ilə xilas etmiş oldu.

Bir də belə rəvayət edirlər ki, günlərin birində bir kişi Peyğmbərə (s) yaxınlaşıb deyir:

-Ya Rəsulullah! Sənə bir neçə sualım var.

Peyğəmbər dedi:

-Buyur, qulağım səndədir.

Kişi soruşdu:

Ey Tanrının elçisi, mömin qorxaq ola bilərmi? Qorxudan dizləri tir-tir əsə bilərmi?

Peyğəmbər (s) dedi:

-Bəli, ola bilər.

Kişi soruşdu:

Mömin adını daşıyan adam simic, xəsis olarmı?

Peyğəmbər (s) cavab verdi:

-Əlbəttə, ola bilər.

Kişi:

-Bəs, gopçu, yalançı, necə, ola bilər?

Rəsulullah (s) bu dəfə belə dedi:

-Xeyir ola bilməz. Hər bir mömin pislik etməkdən və yalan danışmaqdan qəti surətdə çəkinməlidir. Çünki bu ikisi onu mütləq cəhənnəmə sürükləyər.

 

6

 

 ŞƏRABIN HARAM OLMASI BARƏDƏ

 

Bismillahirrəhmanirrəhim!

 

Belə nəql edirlər ki, qədim zamanlarda sərxoşluqla gün keçirən bir əhli-keyf adam varmış. Deyilənə görə, ayıq vaxtı olmazmış, yan-yörəsinin də öyüd və nəsihətinə qətiyyən məhəl qoymazmış. Bir sözlə, öz kefində imiş. İçkinin haram olduğunu dərk etməzmiş və ya da dərk etmək istəməzmiş. Günlərin birində ətrafdakıların tənə və məzəmmətlərindən bezən bu şəxs İlyas adlı dindar bir dərvişə üz tutur. Yanına gedib salam verir və soruşur:

-Ya dərviş, de görüm, üzüm yeməyin adama hər hansı bir ziyanı var, ya yox? Üzüm yesəm, o məni qarınağrısına salar ya yox?

Dərviş müsafirini diqqətlə süzüb deyir:

-Yox, üzüm yeməyin heç bir ziyanı yoxdur. Qarnağrısına da düşməzsən.

Belə olan halda əhli-kef yenə soruşur:

-Bəs, üzümdən sonra azacıq maya otu yesən, necə, bunun bir zayanı olar, ya olmaz?

-Olmaz, – deyə dərviş cavab verir.

Kişi:

-Sonra üstündən su içilərsə, necə?

Dərviş:

-Bunun da zərrə qədər ziyanı olmaz.

Bu cavab kişini çox mənun edir və dərhal davam edir:

-Bax, dərviş baba, saydığım bu üç şeyi bir-birinə qatıb kuzələrə dolduranda o, şəraba çevrilir. Şərabın isə haram olduğu deyilir. Amma necə olur ki, onların üçünü də qəbul edib qarında qarışdıranda harm olmur? Məni başa sal görüm, bu üç şey mədəmizdən kənarda birləşəndə niyə haram olur, mədəmizdə birləşəndə isə olmur.

Dərviş dedi:

-Mən yerdən bir ovuc torpaq götürüb sənə atsam, bu sənə xəsarət yetirərmi, yetirməzmi?

-Əlbəttə ki, yetirməz.

-Sonra üstünə bir bardaq su atsam necə, xətər yetirər, ya yox? – deyə dərviş soruşdu.

Əhli-kef:

-Yox. Suyun mənə nə ziyanı ola bilər ki.

Dərviş:

-Sonra da səni bir müddət günəşin altında saxlasam, necə?

Kişi cavab verdi:

-Yox günəşin də ziyanı olmaz.

Dərviş gülümsəyərək sözünə davam etdi:

-Bəs, torpağı suyla qarışdırıb günün altında qurutduqdan sonra kəllənə çırpsam necə, xətər görərsən, ya yox.

-Əlbəttə ki, görərəm, – deyə əhli-kef adam cavab verdi, – bu halda torpaq daşa çevrilər və başımı yarar.

Kişi bu sözləri deyib, dərhal iki əli ilə başını tutub qışqırmağa başladı:

-Vay, başım!

Dərviş:

-Mən ki, başına kərpic çırpmadım, sadəcə söz dedim, bəs, bu hay-qışqırıq nədir?

Kişi cavab verdi:

-Doğrudur, sən mənə daş və ya kərpic atmadın, amma söylədiyin bu ibratəmiz sözlər bir daş olub başıma elə çırpıldı ki, kərpic çırpsaydın bu qədər təsir etməzdi. And olsun, Allaha ki, sən məni ayıltdın. Yatmışdım, yuxudan oyatdın. Ziyanın yarısından da dönmək xeyirdi. Bundan sonra tövbə etdim, dilimə bir daha şərab dəyməyəcək.

Kişi dərvişin əlini öpüb, hüzurundan ayrıldı və bir daha dilinə haram şey dəymədi.

Bir də belə rəvayət edirlər ki, imam Əby Hənifənin bir yaxın qonşusu varmış. Bu qonşunun evi ilə evləri bitişik imiş. Qonşusu şərab düşkünü imiş, Hər gün içib keflənərmiş. Günü axşamacan meyxanalarda keçərmiş, yeyib-içib, kef etməyi sevərmiş, evə döndükdən sonra da çalıb-oxuyar, gecə yarıyadək məhəllə camaatını yatmağa qoymazmış.

İmam onun bu hərəkətinə səbrlə dözürdü. Bir gecə qonşusunun evindən saz-nəğmə səsi eşidilmədi. Məhəllədə hamı təəccüb etdi. Hamı ona nə isə olduğunu düşündü. Əbu Hənifə səhər namazından sonra qonşusuna baş çəkməyi, başına bir iş gəlib – gəlmədiyini öyrənməyi lazım bildi. Qonşusunun qapısına yaxınlaşıb, qapını döydü. Qapını qonşunun əyalı açdı və imamı görüb dedi:

-Buyur içəri, ya imam.

Əbu Hənifə soruşdu:

-Bu gecə evinizdən səs-küy çıxmadı deyə maraqlandım, səbəbini öyrənmək istədim. Fikirləşdim ki, bəlkə qonşunun başına bir iş gəlib, xəstələnib və ya qəza keçirib.

Qadın kədərli bir səslə dedi:

-Dünən meyxanadan evə gələndə gözətçilər onu həbs edib, zindana salıblar.

İmam bu sözləri eşidib dərin fikrə daldı və qonşusunun dərdinə əlac olmaq üçün oradan aralandı. Vaxt itirməyib valinin iqamətgahına üz tutdu. Vali imam Əbu Hənifəni öz qəbulunda görcək dərhal hörmət əlaməti olaraq ayağa qalxdı:

-Ya imam, xoş gəlmisən! Bilsən məni nə qədər sevindirdin! Mənə bu şərəfi qismət etməyinin səbəbi nədir?

İmam gəlişinin səbəbini söylədi, məhbusun ailəsinin çox pərişan olduğunu, bu üzdən də xahişə gəldiyini bildirdi.

Vali bu sözləri eşidən kimi göstəriş verdi ki, Əbu Hənifənin qonşusunu azad etsinlər və hüzuruna gətirsinlər. Məhbusu azad edib valinin yanına gətirdilər. Vali də onu imama təhvil verdi.

Əbu Hənifə valinin iqamətgahını tərk erdikdən sonra cibindən bir az pul çıxarıb qonşusuna verdi və dedi:

-Sənin halından, təəsüf ki, səhər tezdən xəbər tutdum. Odur ki, axşamdan ailənə yemək-içmək tədarük edə bilmədim. Al bu pulu, bazara get, yeməkdən bir şeylər al, yəqin ki, əyal-uşağın axşamdan bəri bir şey yeməyib.

Qonşusu bu sözləri eşidib, bərk pərişan oldu, üzünü imama tutub, bir daha içki içməyəcəyini, tövbə etdiyini bildirdi.

Başqa bir rəvayətdə isə deyilir ki, bir kəndli il uzunu çalışıb, bol taxıl yetişmidirmirşdi. Hər gün zəmiyə gedib öz əmyinin bəhrəsinə baxmaqdan zövq alır, taxılı satdıqdan sonra əldə edəcəyi gəlirdən necə istifadə edəcəyi barədə düşünərdi. Amma bu zəhmtkeş kəndlinin bir pis xüsusiyyəti vardı, içki aludəçisi idi. Amma içib keflənsə də qonum-qonşuya, qohum-qardaşa bir ziyanı toxunmazmış. Nə olardısa özünə olarmış. Başına min cür iş gəlsə də  bu adətindən əl çəkmir, ətrafdakıların öyüd-nəsihətini dinləmirdi.

Biçinə bir həftə qalmış kəndli bir gün yenə də içir, sərxoş olur və bu halda zəmiyə gedir ki, ağırlıqdan başları əyilmiş sünbüllərə baxıb həzz alsın. Bu dəfə sərxoşluğu ona çox baha başa gəlir, ehtiyatsızlıq üzündən zəmiyə od salır, zəmi yanmağa başlayır. Kəndli nə qədər çalışırsa alovun qarşısını ala bilmir. Bütün zəmisi tamam yanıb kül olur.

Qonşuları özünü yetirib görürlər ki, artıq iş işdən keçib, yazıq kəndli də yanmış zəmisinin düz  ortasında oturub, başına kül ələmək və zar-zar ağlamaqla məşğuldur. Kəndli onları görən kimi dedi:

-Hər biriniz azı yüz dəfə mənə içki haramdır deyə nəsihət verdiniz, sizə qulaq asmadım, indi də bu lənətəgəlmiş şərab üzündən başıma nələrin gəldiyini görürsünüz. And olsun uca Allaha ki, bu gündən şərab içməyi tövbə edirəm!

Qonşuları onun islah olduğunu görüb, bir miqdar pul topladılar ki, acından ölməyib ili başa vura bilsin, gələn il səpə bilməsi üçün də ona iki kisə dən verdilər.

 

7

 

 NAQİSLİK VƏ NÖQSAN BARƏDƏ

 

Bismillahirrəhmanirrəhim!

 

Deyilənə görə, Həzrət Əli xəlifə olan zaman bir gün evinə ərzaq almaq üçün bazara gedir. Geri dönərkən yükünün ağır olduğunu görən xeyirxah bir adam dərhal ona yaxınlaşıb səmimi bir xahişlə ona belə müraciət edir:

-Ya əmirəlmöminin, icazə ver zənbillərini mən götürüm, sənə evinizədək aparmaqda kömək olum

Adam sözlərini bitirib zənbilləri almaq üçün əlini uzadanda Həzrət Əli dedi:

-Evinin yükün hər ailə başçısı özü çəkməlidir. Bu iş yalnız ona aiddir və buna da ən layiq olan onun özüdür.

Lakin adam bu sözlərin mənasını, deyəsən, dərk etmədi və bu üzdən də xahişində israr etdi:

-Axı, ya əmirəlmöminin, sənin kimi ədalətli bir xəlifəyə ağır yük daşımaq yaraşmaz. Bu sənin nə özünə, nə də mövqeyinə uyğun deyil. Odur ki, icazə ver bunu mən edim. Ağır yük daşımağa mən daha layiqəm. İnan ki, bunu cani-könüldən istəyirm. Xahiş edirəm, zənbilləri mənə verin.

Möminlrin əmiri gülümsəyərək dedi:

-Dediklərin doğrudur, haqlısan, bəli. Amma, kim olursa-olsun, cəmiyyətdə hansı mövqe tutursa-tutsun, öz evinə, ailəsinə aid olan halal bir şeyi daşrmasında heç bir naqislik və nöqsan yoxdur. Odur ki, narahat olma, bu işin heç bir xətası yoxdur. Naqislik və nöqsan odur ki, özün görə biləcəyin işi qürrələnmək üçün başqasına gördürəsən, özünü digərlərindən üstün tutasan.

 

8

 

 TƏLƏSİK VƏ SƏBRLƏ VERİLMİŞ QƏRAR BARƏDƏ

 

Bismillahirrəhmanirrəhim!

 

Belə rəvayət edirlər ki, bizim ellərdən çox-çox uzaqlarda, uzaq Xorasan elində Abdulla ibn Tahir adında çox adil bir vali hakim imiş. Bütün işlərində və qərarlarında ədalət meyarına daim əməl edərmiş. Ədaləti ilə çox məşhur imiş.

Günlərin bir günüdə Abdulla ibn Tahirin yasavulları Nişapur şəhərinə yaxın bir yerdə bir dəstə ev oğrusunu yaxalayırlar. Bu oğrular indiyə qədər çox ev yarmışdılar, onları ələ keşirmək heç cür mümkün olmamışdı. Oğruların söz-söhbəti bütün Xorasana yayılmışdı və onların qorxusundan heç kəs evində dinc yata bilmirdi. İndi isə ələ keçmişdilər. Odur ki, yasavullar sevinc içində idilər və valiyə müjdə verrməyə, ondan muştuluq istəməyə tələsirdilr. Tələsdikləri üçün də ehtiyatı əldən vermişdilər.

Yasavullarn ehtiyatsızlığından istifadə edən oğrulardan biri fürsətdən yararlanaraq qaçmağı bacarır. Yasavullar bundan çox gec xəbər tuturlar, xəbər tutan kimi də dörd tərəfə səpələnib onu axtarmağa başlayırlar.

Elə bu vaxt Heratdan Nişapura, evinə dönən bir dəmirçi öz yolu ilə gedirdi. Yasavullar onu qaçan oğruya oxşatdılar, üstünə cumub yıxdılar, əl-qounu bağlayıb digər oğrulara qatdılar. Bir müddət sonra yasavullar şəhərə çatırlar və valiyə oğruların tutulduğu barədə müjdə verirlər. Vali onları hüzuruna gətirməyi əmr edir. Oğrularla birlikdə yazıq dəmirçini də onun hüzuruna gətirirlər. Vali oğruların əlindən bərk qəzəbli idi, odur ki, onları dindirmədən əmr etdi:

-Hamısını dərhal zindana salın, qoy, ömürlərinin sonuna qədər orada qalıb, canları çıxsın!

Yasavullar əmri yerinə yetirdilər və dəmirçini də oğrularla birlikdə dama basdılar. Ağzını belə açmağa imkan vermədilər. Yazıq kişi zindana girər-girməz dəstəmaz alıb, namazını qıldı, sonra da əllərini göyə tutub ucadan yalvarmağa başladı:

-Ya Rəbb, Özün şahidsən ki, heç bir günahım yoxdur. Məni nahaqdan tutub dama basıblar. İndi Səndən başqa heç bir ümidim yoxdur. Yeganə nicat yerim Sənsən. Məni bu bəladan qurtar!

Kişi duasını bitirib, gözünün yaşını sildi və bir köşəyə çəkilib oturdu.

Həmin gecə vali yuxusunda gördü ki, dörd cüssəli pəhləvan gəlib, onun taxtını başına çevirirlər. Abdullah ibn Tahir təlaş içində yuxudan ayıldı.  Gördüyünün yuxu olduğunu başa düşüb sakitləşdi, başını yastığına basıb yenidən yuxuya getdi. Yenə eyni yuxunu gördü. Bu dəfə də yuxudan hövləng ayıldı. Bir daha yata bilmədi, gördüyünün nəyəsə işarə olduğunu anladı. Çox düşündü və birdən hər şeyi başa düşdü, barmağını dişlədi:

-Deyəsən, məni hansısa günahsız, məzlum kimsənin ahı tutub. Dərhal məsəlni araşdırmalıyam.

Vali səhərəcən yata bilmədi. Səhər namazından dərhal sonra zindan rəisini yamma çağıtdırıb soruşdu:

-Mənə düzünü söylə, dustaq olanlar içərisində günahsız, məzlum bir kimsəyə rast gəlməmisən ki? İçlərində oturuşundan, duruşundan, baxışından günahslza bənzəyən, üz-gözündən məzlumluq yağan bir kimsə varmı?

Rəis dedi:

-Canım, gözüm ağam. Bilmirəm necə deyim? Biri var. Elə hey abdəst alıb, namaz qılır, gecə-gündüz gözlərindən yaş axır, elə hey Allaha yalvarır. Bütün görkəmindən məzlum və məsum adama oxşayır.

Vali:

-Onu dərhal hüzuruma gətirin! Haydı, tələs!

Zindan rəisi “baş üstə” deyib çıxdı.

Bir neçə dəqiqə sonra dəmirçini valinin hüzuruna gətirdilər. Vali ondan hal-əhvalını, niyə tutulduğunu soruşdu. O da başına gəlnləri bircə-bircə danışdı.

Vali kişini dinləyib günahını başa düşdü. Üzünü dəmirçiyə tutub peşiman halda dedi:

-Səndən üzr istəyirəm. Gerçəkdən də böyük xəta etmişəm. Mənim xətam üzündən zindanda yatmalı olmusan, ailən də, yəqin, indi çox narahatdır. Bəlkə, heç çörək almağa pulları da yoxdur. Qarşında günahkaram və günahkardan min gümüş pul qəbul etməyini xahiş edirəm. Və bundan sonra bir çətinliyin olsa, çəkinmədən yanıma gəl. Mütlıq kömək edərəm.

Dəmirçi cavabında dedi:

-Sən, ağa, heç qəm etmə. Haqqımı sənə halal edirəm. Hədiyyə etdiyin pulu da qəbul edirəm. Allah razı olsun! Amma bir çətinliyim, işim və ya istəyim olsa, yanına gəlməyəcəyəm, əlacını Allahdan istəyəcəyəm. Dərdi verən də, alan da Rəbbimizdir. Zindanda ikən, Ona dua etdim, ondan istədim. Elə O da məni muradıma çatdırdı.

Bu rəvayətdən göründüyü kimi, qərar verərkən tələsmək lazım deyil. Bir xəbər eşitdikdə, ya bir hadisə baş verdikdə təmkinli olub həqiqətin necə olduğunu meydana çıxarmaq, yalanla doğrunu birbirindən ayırmaq lazımdır. İki düşmən gəlib bir-birinin əleyhinə danışdıqda şah hansının tərəfində olduğunu bildirməməlidir ki, haqlı tərəf qorxub özünü çaşdırmasın, haqsız tərəf isə ürəklənib cəsarətlənməsin.

Deyilənə görə, Herat şəhərində məşhur bir alim var idi. Təsadüfən bir dəfə sultan Herata getdikdə bir müddət orada qalmalı oldu, sultanın dayısı həmən alimin evinə düşmüşdü. Bir gün sultanla şərab içərkən dayısı ona evində qaldığı qoca barədə yalan danışaraq dedi:

-Bu qocanın xüsusi bir otağı vardır, gecələr ora gedir və bütün gecəni namaz qılır. Bir gün mən o otağın qapısını açdım, şərab kuzəsi və bürünc büt gördüm; anladım ki, sən demə, o, bütün gecəni şərab içib, bütə sitayiş edir.

Sultanın dayısı şərab kuzəsini və bürünc bütü də özü ilə gətirmişdi və elə güman edirdi ki, bu sözü deyən kimi  sultan əmr edəcək, qocanı öldürəcəklər. Sultan qocanı çağırmaq üçün vəzirin yanına bir qulam göndərdi ki, tez həmin qocanı tapdırıb onunla birlikdə hüzuruna gəlsin.

Vəzir qocanın nə üçün çağırıldığını bilmirdi. Elə əmri yerinə yetirməyə hazırlaşırdı ki, başqa bir qulam gəlib dedi:

-Lazım olmadı, qocanı çağırtdırma, özün də gəlmə.

Bu işə məəttəl qalan vəzir o biri gün sultandan soruşdu:

-Dünən o qoca alimi gah çağırıb, gah da çağırmamağının mənası nə idi?

Sultan dedi:

-Dayımın qorxmazlığı.

Sultan əhvalatı vəzirə danışdı. Sonra dayısına dedi:

-Hərçənd sən bu sözü mənə dedin, şərab kuzəsini və bürünc bütü gətirib mənə göstərdin, lakin mən həqiqəti bilməyincə ona bir şey etməyəcəyəm. İndi əlini ver mənə və canıma and iç ki, dediklərin doğrudur, ya yalan.

Dayısı dedi:

-Yalan demişəm.

Sultan:

-Doğrusunu söylə, nə üçün o qoca alim haqqında yalan danışıb onun qanına bais olmaq istəyirdin?

Dayısı dedi:

-Ona görə ki, onun gözəl mülkü var, mən də ora düşmüşəm. Sən onu öldürsəydin, yəqin ki, mülkünü mənə bağışlayacaqdın.

 

9

 

 HƏCC ZİYARƏTİNİN QƏBUL OLUNUB-OLUNMAMASI BARƏDƏ

 

Bismillahirrəhmanirrəhim!

 

Belə rəvayət edirlər ki, Şah Abbasın dövründə İsfahanda Mübarək adlı bir tacir yaşayıbmış. Bu tacir çoxdan bəri həcc ziyarətinə getməyi niyyət etsə də, hər dəfə ortaya bir iş çıxır, ona bu ibadətini həyata keçirməyə mane olurmuş. Nəhayət, illərin birində arzusuna çatır, həccə getmək, axır ki, ona da nəsib olur. Həccdən qayıtdıqdan sonra qəribə bir yuxu görür. Görür ki, göydən iki mələk enib öz aralarında söhbət edirlər. Mələklərdən biri digərindən soruşur:

-Bu il həcc ziyarətinə neçə nəfər gedib?

İkinci mələk deyir:

-Altı yüz min nəfər.

Birinci mələk yenə soeuşur:

-Bəs, onlardan neçəsinin zoyarəti qəbul olunub.

İkinci mələk cavab verir:

-Təəssüf ki, heç birinin…

Bu sözlərdən Mübarək bərk narahat olur. Ürəyində düşünür: Müxtəlif ölkələrdən altı yüz min adam niyyət edib, yola çıxıb, min əziyyətlə dərələrdən-təpələrdən, qumlu səhrəlardan keçərək, Məkkəni ziyarət edib və hamısının da zəhməti bada gedib? Heç belə şeymi olar? Aman, Allah, nə pis oldu! Demək, mənim də ziyartim qəbul olunmayıb!

Mübarək cınqırığını çxarmadan mələklərin söhbətinə qulaq asmaqda davam edir.

İkinci mələk sözünə davam edərək deyir:

-…Bu il kimlər ki niyyət etmişdilər, niyyətlərinə qovuşdular, hamısı Məkkəyə gəlib, Kəbəni tavaf etdilər, Ərafat dağına çıxdılar, şeytanı daşladılar, qurbanlarını da kəsdilər.  Yalnız bir nəfərə, Şamda yaşayan  Əli Şamlu adlı bir kişiyə niyyətini həyata keçirmək nəsib olmadı və o ziyarətə gələ bilmədi. Amma onun həcci qəbul olundu.

Bu sözlrdən çox təəccüblənən tacir yuxudan ayılır və dərhal da Şama gedib Əli Şamlu adlı bu bəxtəvərlə görüşməyə, bu sirri öyrənməyə qərar verir. O, tələm-tələsik səfər hazırlığına başlayır, elə birinci karvanlaca da Şama yola düşür. Çox gedir, az gedir, axır gəlib çıxır Şam şəhərinə. Özü ilə gətirdiyi malları yerli tacirlərə dəyər-dəyməzinə satıb, başlayır Əli Şamlunu axtarmağa. Uzun sorğu-sualdan sonra, axır ki, axtardığı adamın evini ona nişan verirlər. Mübarək evin qəpısını döyməyə başlayır. Qapını əlli yaşlarında bir kişi açır. Tacir salam-əlekdən sora ondan kim olduğunu soruşur.

Kişi cavab verir:

-Mənim adım Əli Şamludur. Bəs, sən kimsən, adın nədir?

-Mən İsfahanlıyam, Qaşqay elindənəm. Adım da Mübarək ibn Əhməddir.

Tacir yuxuda gördüklərini danışdı. İsfahandan bu sirri öyrənmək üçün gəldiyini söylədi. Sonra isə soruşdu:

-Məni başa sal görüm, hansı xeyir əməlinə görə Rəbbimiz sənə bu qədər lütf etmiş, səni sevmiş və Məkkəyə getmədiyin halda həccini qəbul etmişdir?

Əli Şamlu qonağı içəri dəvət edib, onu süfrəsinə qonaq etdi. Yedirib qarnını doyurduqdan sonra dedi:

-Mən kasıb bir pinəçiyəm. Otuz il idi ki, həccə getmək istəyirdim və otuz il idi ki pul yığırdım. Pul yığırdım ki, niyyətimə çatım. Hər şeyə də qənaət edirdim. Nəhayət, çox əzab-əziyyətdən sonra üç yüz dirhəm toplaya bildim. Düşünürdüm, axır ki, mənə də həccə getmək qismət olacaq. Həmin ərəfədə arvadım hamilə idi. Özün bilirsən də, hamilə qadınların nəfsi çox iti olur. Könlünə bir şey düşdümü, gərək mütləq tapıb verəsən. Günlərin birində arvadımım burnu qonşuluqdakı evlərin birindən qızardılmış ət iyi çəkdi. Ürəyi ondan istədi. Tez həmin evə gedib qapını döydüm. Qapını bir dul qadın açdı. Ona hal-qəzanı anlatdım. Qadın dedi ki, o ətdən mənə verə bilməz, çünki evdə bişən ət halal deyil.

Niyə halal olmadığını soruşdum. Dedi ki, iş tapa bilmədiyi üçün üç-dörd gün imiş ki, özü də, uşaqları da ac imişlər. Qadın uşaqlarının əzabına dözə bilməyib eşiyə çıxır, küçə və meydanları bir şey tapmaq ümidi ilə gəzib dolaşır və sonda  gəlib çay qırağında murdar olmuş bir at cəmdəyi tapır. Naəlac qalıb, atın ətindən bir tikə kəsib evə gətirir və bişirməyə başlayır. Sən demə, arvadımın nəfsini çəkən də bu ətin iyi imiş.

Pinəçi dərindən ah çəkib sözünə davam etdi:

-Bu ailənin gün-güzaranı görəndən sonra başa düşdüm ki, mən Məkkəyə getməli deyiləm. Mənim həcc yerim elə bu evdir. Topladığım pul da onlar üçün sədəqəmdir. Odur ki, üç yüz dirhəmi qadına verdim. Dedim ki, narahat olma, Allah böyükdür və öz bəndəsini heç vaxt darda qoymaz. Necə ki, indicə yox yerdən ruzinizi yetirdi.

KƏLAM: Allaha olan borcumuzu biz yalnız onun yaratdıqlarına qartara bilərik.

 

10

 

 ÖZ MALINI ALLAH YOLUNDA SƏRF ETMƏK BARƏDƏ

 

Bismillahirrəhmanirrəhim!

 

Omər bin Xəttabdan rəvayət edildiyinə gorə, Ömərlə Əbu Bəkr oz malını Allah yolunda sərf etmək yolunda yarışar və rəqabət aparardılar. Ömər belə deyir:

“Allahın Elcisi (s) sədəqə verməyimizə əmr vermişdi, bu da mənim var-dovlətdən bol olduğum bir vaxta təsaduf edirdi. Mən isə oz-ozumə: “Xeyirxahlıq yolunda Əbu Bəkri kecəcəyəmsə, məhz bu gun onu etməliyəm” dedim və malımın yarısını Allahın Elcisinin (s) yanına apardım. Allahın Elcisi (s) məndən: “Ailən ücün nə saxladın?” deyə soruşdu. Mən də: “Eyni miqdarda onlar üçün saxladım” dedim.

Əbu Bəkr malının hamısını gətirdi. Allahın Elcisi (s) Əbu Bəkrdən: “Ailən üçün nə saxladın?” soruşan kimi, o: “Onlara Allahı və Onun Elcisini saxladım” cavabını verdi. O zaman mən ona: “Mən səninlə bir də hec vaxt yarışa girməyəcəyəm” dedim”.

 

11

 

ƏDALƏTLİ OLMAQ BARƏDƏ

 

Bismillahirrəhmanirrəhim!

 

Deyilənə görə, atəşpərəst farsların şahı Yezdəgird şah əmirəlmöminin Ömərə elçi göndərib dedi:

“Dünyada bizim sarayımızdan daha çox adamlı saray yoxdur, bizim xəzinəmizdən daha dövlətli xəzinə yoxdur, bizdə olan qədər silah heç kəsdə yoxdur.”

Həzrət Ömər cavabında yazdı:

“Doğrudur, sizin sarayınızda adam doludur, lakin şikayətçilərlə; sizin xəzinə zəngindir, lakin haram mal ilə; sizin qoşununuz cəsurdur, lakin fərmana qulaq asmamaqda, dövlət gedəndən sonra sayın və silahın nə faydası? Bunların hamısı sizin miskinliyinizə və məhv olacağınıza dəlalət edir. Çarəniz odur ki, sizin hökmdar özü şəxsən ədalət göstərsin, hamı ona baxıb ədalətli olsun, yersiz tamahkarlıqdan əl çəksin.”

Bir də belə rəvayət edirlər ki, bir tacir Sultan Mahmudun şikayət sarayına gəlib onun oğlu Məsudun əlindən dad-fəryad edir və deyir:

-Mən bir tacir babayam, uzun müddətdir şəhərdəyəm. Öz şəhərimə getmək istəyirəm, lakin gedə bilmirəm, çünki oğlun altmış min dinarlıq mal alıb, amma pulunu vermir. Xahiş edirəm, Məsudu mənimlə qazi yanına göndərəsən.

Mahmud tacirin sözündən bərk tutuldu, Məsuda ağır bir xəbər göndərdi və dedi:

-Ya bu saat tacirin haqqını ver, ya da onunla məhkəməyə get, şəriət nə hökm edərsə, elə də qərar çıxarılsın.

Tacir qazinin sarayına getdi, məmur Məsudun yanına gəlib, xəbəri Məsuda çatdırdı. Məsud məəttəl qaldı, xəzinədarı çağırıb dedi:

-Bax gör, xəzinədə nə qədər nağd pul var.

Xəzinədar hesablayıb dedi:

-İyirmi min dinar.

Dedi:

-Götür apar tacirin yanına, hamısını vermək üçün üç gün möhlət istə. Sultana isə de ki, iyirmi min dinarını dərhal verdim, hamısını üç gün müddətində ödəyəcəyəm. Mən əbamı geyib kəmərimi bağlamış, başmaqlarım ayağımda hazır durmuşam. Nə buyurur, ali şəriət məhkəməsinə gedim, ya yox?!

Sultan Mahmud məsəldən agah olan kimi oğlunu yanəna çağırıb buyurdu:

-Həqiqəti bilmək istəyirsənsə, camaatın malını tamam-kamal etməyincə, mənim gözümə görünməməlisən.

Məsud artıq bir söz deməyə cəsarət etmədi. Hər tərəfə adam göndərib borc istədi. Əsr namazına yaxın altmış min dinar tacirə çatdırıldı. Bu xəbər bütün dünyadakı sövdəgərlər arasında yayıldı. Çin, Xətay, Misir, Məğribdən sövdəgərlər Qəznə şəhərinə axışıb gəlməyə başladılar. Dünyada nə qədər zərif və əntiq şeylər vardısa, çəkib Qəznəyə gətirdilər.

Deyilənə görə, həmin dövrdə ədalət o səviyyədə imiş ki, fərraş və mehtərdən tutmuş Xorasan rəisi, İsfahan əmirinə qədər çox az adama rast gəlmək olardı ki, şəriət məhkəməsinə işi düşsün.

Dövrümüzədək bu mövzuda daha bir rəvayət yetişmişdir. Deyilənə görə, Hims  şəhərinin hakimi Ömər Əbdül Əzizə yazdı ki, Hims şəhristanının divarı uçulmuş, təmirə ehtiyacı var, əmriniz nədir?

Ömər cavabında yazdı:

-Himsin divarlarını ədalətdən tikdir, yollarını zülm və təhlükədən təmizlə, o zaman palçıq, daş, kərpic və kəcə ehtiyac olmaz.

Ədalət hər bir dövlətin əsası olmalıdır. Bu barədə Sədi Şirazi belə demişdir:

Deyirlər bir böyük adil hökmdar

Çox ucuz parçadan geyirmiş paltar.

Biri deyir ona: bəxtiyar soltan,

Geyin paltarını Çin qumaşından.

Şah cavab verir ki. bu mənə bəsdir.

Sadəlik yaxşıdır. Bəzək əbəsdir,

Onunçün deyildir yığdığım xərac.

Özümü bəzəyim, zinnətlənsin tac.

Bəzənib-düzənsəm qadın kimi mən,

Necə məğlub olar əlimdə düşmən?

Mənim də ürəyim çox şey istəyir,

Lakin xəzinə tək mənim deyildir.

Xəzinə xərclənər qoşun-ləşkərə,

El malı verilməz zərə-zivərə.

Hökmdardan razı olmasa ordu,

Heç zaman ürəklə qorumaz yurdu.

Alıb ulağını düşmən kəndlinin.

Soltan ondan töycü niyə istəsin?

Düşmən ulaq alsa, padşah xərac,

Batar o diyarda bütün taxtü-tac.

Heç insaf deyil ki, şığıyıb göydən,

Qartal qarışqadan alsın güclə dən.

Kim ki incitməyib acizi heç vaxt,

Yaşayar dünyada daima xoşbaxt.

Bir məzlum inləyib eyləsə nalə,

Zalımın həyatı gedər zəvalə.

Bacarsan, xoşluqla fəth elə ölkə,

Qan tökmə, adına gəlməsin ləkə.

Torpağa tökülən bircə damla qan

Bahadır dünyanın soltanlığından.

 

12

 

SÜDƏMƏR KÖRPƏSİ OLAN ANALARA QAYĞININ VACİBLİYİ HAQQINDA

 

Bismillahirrəhmanirrəhim!

 

Babalarımız öz babalarından, onlar da öz babalarından eşidərək, bizlərə miras qoyduqları ibrətamiz hekayətlərdən biri də Həzrət Ömərin xəlifəliyi dövründə Ərəbistanda baş verib. Deyilnə görə, günlərin birində Mədinəyə bir karvan gəlirmiş. Şəhərə-çatar çatmaz, karvanbaşı karvana dayanıb dimcəlməyi buyurur və hər kəs dəvəsini yerə çökdürüb, dincini almağa başlayır.

Xəlifənin bir adəti vardı, hər axşam namazından sonra şəhərə çıxar, bir-bir məhəllə və meydanları gəzər və insanların vəziyyəti ilə maraqlanardı. Həmin gün də o, şəhərə çıxmışdı, Bir qədər gəzdikdən sonra qarşısına Peyğəmbərin (s) səhabələrindən olan Əbdürrəhman çıxır. Əbdürrəhman ona şəhrə bir karvanın gəldiyini, karvan əhlinin şəhər qırağında düşərgə salıb dincəlməklə məşğul olduğunu xəbər verir. Xəlifə Əbdürrəhmana deyir:

-Deməli təzə gəliblər və əlbəttə ki, yol yorğunudurlar. Gəl gedək, birlikdə onların keşiyini çəkək ki, rahat yatıb dincələ bilsinlər, yuxuda ikən kimsə onları narahat etməsin.

Əbdürrəhman razılaşır və onlar birlikdə karvanın düşərgə saldığı yerə gəlib keşik çəkməyə başlayırlar. Karvan əhlinin şirin yuxuda olduğu bir saatda yaxındakı evdən bir körpənin ağlamaq səsi eşidilməyə başladı. Uşaq elə bərk ağlayırdı ki, səsi bütün məhəlləni bürümüşdü. Ağlamağına da aram vermirdi ki, vermirdi. Belə olan halda Ömər uşaq səsi gələn həmin evin qapısına gedib ev əhlindən uşağı sakitləşdirmələrini xahiş etdi, özü isə geri dönüb yenidən keşikdə durdu.  Amma xeyri olmadı, körpə dinmək bilmirdi. Xəlifə ikinci dəfə həmin qapıya üz tutdu, körpənin ehtiyacını ödəməyi xahiş etdi. Yenə də bir xeyri olmadı. Səhərə yaxın Ömər həmin qapıya üçüncü dəfə getdi. Uşağın anasını çağırtdırıb dedi:

-Sən necə anasan, yəqin ki uşaq acdır, niyə onu yedizdirmirsən?

Qadın dadi:

-Danlamaq asandır, amma danlamamışdan öncə mənim halımı soruşsaydın daha doğru olmazdımı?

Xəlifə:

-Sənə nə olub ki?

Qadın:

-O olub ki, süddən kəsilmişəm.

Ömər:

Süddən kəsilmisənsə, başqa şey yedirt.

Qadın utana-utana:

-Elə məsələ də bundadır ki, evimizdə körpəyə yedirtməyə bir şeyimiz yoxdur. Deməyə, istəməyə də utanıram.

Xəlifə soruşdu:

-Uşağın neçə yaşı var?

Qadın cavab verdi:

-Hələ yaşı tamam olmayıb.

Xəlifə yenə soruşdu:

-Bəs, süddən niyə kəsilmisən?

Qadın göz yaşlarını saxlaya bilmir:

-Doyunca yeməməkdən. Əgər xəlifəmiz Ömər körpəsi olan analara süd haqqı kimi kiçik bir maaş təyin etsəydi, analar doyunca yeyər və süddən də kəsilmzdilər. Allah xəlifəyə insaf versinİ Bəlkə, bundan sonra insafa gələr və bizə bir maaş kəsər.

Xəlifə bu sözləri eşidib, bərk kədərləndi, ürəyi qəm-qüssə ilə doldu, tez məscidə gedib, namaz qıldı, sonra da iqamətgahına qayıdıb dərhal bir fərman verdi:

-Hər hansı bir müsəlmann oğlu və ya qızı olarsa, dərhal bu baradə xəlifəyə və ya onun yerlərdəki naibinə xəbər verməli və körpə üçün elə həmin an beytül-maldan vəsait ayrılmalı, həmin vəsait körpənin anasına hər ay başında maaş kimi verilməlidir ki, analar süddən kəsilməsin.

Carçılar bu fərmanı Mədinənin bütün küçə və müydanlarında car çəkib şəhər əhalisini xəbərdar etdilər. Mirzələr fərmann üzünü köçürüb xilafatın dörd bir yanına car çəkilməsi üçün göndərdilər. Deyilənə görə, bundan sonra xilafətdə süddən kəsilən bircə dənə də müsəlman anaya rast gəlinmdi.

 

13

 

HESAB-KİTABIN DÜZGÜN APARILMASI HAQQINDA

 

Bismillahirrəhmanirrəhim!

 

Babalarımızdan yetişən rəvayətə görə Sultan Mahmudun Əmir Altuntaş adlı bir vəziri olubmuş. Sədaqət və dərrakəsi ilə sultanın məhəbbətini qazanıbmış. Bir gün Mahmud onun bu keyfiyyətlərini nəzərə alaraq onu Xarəzmə şah təyin ermək qərarına gəlir. Əmir Altuntaşdan fikrini soruşur, o da razılığını bildirir və Xarəzmə gedir. Xarəzmin vergilərdən gələn gəliri üst-üstə  altmış min, Altuntaşın donluğu isə yüz iyirmi min dinar imiş. O, Xarəzmə gəldikdən bir il sonra öz inanılmış adamlarmı Qəznəyə göndərir, məktub yazıb xahiş edir ki, divandan göndəriləcək altmış min əvəzinə haman qədər Xarəzmdən gələn vergidən götürməyi ona icazə versinlər və maaşdan çıxsınlar.

Bu zaman sultanın yeni vəziri artıq Əhməd Həsən Meyməndi imiş. O, Altuntaşın məktubunu oxuyan kimi dərhal cavabında yazır:

“Bismillahirrəhmanirrəhim,

Əmir Altuntaş bilməlidir ki, o heç vaxt Mahmud ola bilməz. Sənin məsul olduğun malı heç vaxt qoymazar ki, səndə qalsın. Vergini toplayıb, sultanın xəzinəsinə gətir, qəbz al. Ondan sonra donluğunu istə, qoy Sistana yazsınlar. Aparıb vergini orada baratla təhvil verəndə sənin donluğunu da alıb, Xarəzmə gətirsinlər; bəndə ilə ağa, Mahmudla Altuntaş atasındakı fərq meydana çıxsın.

İşi nizama salmaq, ordunu qaydada saxlamaq şaha xasdır. Xarəzm  şahının gözü, sözü səhvsiz olmalıdır. O bu xahişi ilə ya sultana xor gözlə baxmış, ya Əhməd Həsəni xam və avam yerinə qoymuşdur. Biz ağıllı və kamallı hesab etdiyimiz Xarəzm şahının belə bir şey yazdığına inana bilmirik. İndi ki yazıbdır, üzr istəməlidir, çünki hakimiyyətdə öz ağasına şərik çıxmağın bəndəyə çox böyük xətəri vardır.”

Vəzir bu məktubu bir hərbçiyə verib, onu qulamla Xarəzmə göndərdi. Altmış min dinarı gətririb xəzinəyə təhvil verdilər, onun əvəzinə həvalə alıb, Sistana apardılar, onun da əvəzinə nar qabığı, mazu (rəng fındığı) pambıq və bu kimi şeylər verdilər.

Əmir Altuntaş səhvini başa düşdü, anladı ki, ölkəni məhz belə dolandırmaq lazımdır. Qaydaya belə riayət etmək lazımdır ki, ölkənin mənafeyini bir-birinə bağlayan əlaqələr qırılmasın, xalqın məişəti, xəzinənin vəziyyəti öz qaydasında olsun, dövlət və rəiyyət malına tamahın kökü kəsilsin.

 

14

 

SƏBR EDİB VERİLƏN SÖZƏ ƏMƏL ETMƏK BARƏDƏ

 

Bismillahirrəhmanirrəhim!

 

Günlərin birində Peyğəmbərin (s) səhabələrində Abdulla ibn Mübarək bir məclisdə oturub dostları ilə şirin-şirin söhbət edirdi. Səhabə başına gəəlnlərdən danışır, digərləri onu dinləyir, yeri gələndə sual verib, cavabını alırdılar. Birdən yadına maraqlı bir əhvalat düşdü, üzünü dostlarına tutub dedi:

“Bir dəfə bir məcusi ilə birlikdə işləməli oldum. Ikimiz də yorulmadan çalışırdıq, qan-tər içində idik. Namzaın vaxtı gələndə onun mənə söz ata, ələ sala biləcəyindən, nəticədə ibadətimin bada gedə biləcəyindən ehtiyatlanaraq, belə etməməsi üçün məcusiyə nəvazişlə dedim:

-Mənim namaz qılmaq vaxtım yetişdi. Söz ver ki, mən namaz qılarkən, Allahımın hüzurunda olarkən, səcdəyə enərkən, rüku tutarkən nə mənə yaxınlaşacaq, nə bir söz soruşacaq, nə də danışacaqsan.

Məcusi dedi:

-Tam əmin ola bilərsən. Sənə kişi kimi söz verirəm ki, sən namaz qılarkən, Allahının hüzurunda olarkən, səcdəyə enərkən, rüku tutarkən nə sənə yaxınlaşacaq, nə bir söz soruşacaq, nə də danışacağam.

Bu sözlərdən sonra rahatlaşıb abdəstimi aldım, namaz xalçasını sərib, namaza başladım. Məcusi də söz verdiyi kimi bir kənarda durdu, mənə nə yaxın gəldi, nə bir söz soruşdu, nə də bir söz dedi. Namazımı bitirdikdən sonra yenidn işləməyə başladıq. Günortadan xeyli keçmiş məcusi dedi:

-İndi də mənim ibadətimin vaxtıdır. Mən sənə söz verdiyim kimi, sən də söz ver ki, mən ibadətimi bitirənə qədər mənə yaxınlaşmayacaq, mənimlə danışmağa cəhd etməyəcəksən.

Dedim:

-Əmin ola bilərsən. Söz verirəm ki, ibadətini bitirməyincə, sənə nə yaxın duracaq, nə də səninlə danışmağa cəhd etməyəcəyəm.

Bu sözlərdən sonra iş yoldaşım bir kənara çəkilib, məcusi namazı qılmağa, Günəşi tanrı yerinə qoyub ona ibadət və səcdə etməyə başladı. Onun bu hərəkəti məni bərk əsəbləşdirdi, vədimi unudub cəld ayağa qalxdım, ona tərəf cumub onu döymək, al qanına qəltan etmək istədim. Elə bu andaca qulağıma İlahidən belə bir səs gəldi:

-Vəd vermisənsə, vədinə əməl elə!

Özümü ələ aldım, çətinliklə də olsa sakitləşməyə çalışdım və Allahın köməyi ilə sakitləşdim.

Məcusi ibadətini bitirib mənə yaxınlaşdı və dedi:

-Dostun, deyəsən səbr etmək sənin üçün çox çətin oldu. İbadətimin bir yerində hiss erdim ki, qəzəblə üstümə gəlirsən. Amma sonra ayaq saxladın. Səni ayaq saxlamağa nə məcbur etdi.

Mən də ona hər şeyi olduğu kimi anlatdım, məni ayaq saxlamağa qulağıma gələn İlahi sədanın olduğunu bildirdim.

Məcusi fikrə getdi və dedi:

-İndi başa düşdüm ki, gerçək olan tanrı, tək olan tanrı sənin qəzəbini yatıran, səni səbr edib vədinə əməl etməyə məcbur edən Allahındır. Bu gündən mən də Allaha iman gətirir, Onun qarşısında təslim olaraq, müsəlman oluram.

O, şəhadət gətirib müsəlman oldu”.

 

15

 

ARVAD MƏSLƏHƏTİ İLƏ OTURUB-DURMANIN FƏSADLARI BARƏDƏ

 

Bismillahirrəhmanirrəhim!

Deyilənə görə, Bəni-İsrail dövründə belə bir əqidə var imiş ki, kim qırx il özünü böyük günahlardan saxlasa, oruc tutsa, vaxtlı-vaxtında namaz qılsa, heç kəsi incitməsə, onun üç arzusu Allah tərəfindən yerinə yetiriləcəkdir. O vaxt Bəni-İsrail tayfasından olan Yusif adlı mömin, yaxşı bir kişi vardı, onun Kəsrif adlı özü kimi mömin, həyalı, ismətli bir arvadı var idi. Bu Yusif qırx il Allah-taalaya ibadət etdi, bütün şərtləri yerinə yetirdi. Sonra öz-özünə düşündü ki, bəs, indi mən Allahdan nə istəyim, qərara gəldi, bir dost tapıb məsləhətləşsin, ən yaxşı şey istəsin. Nə qədər fikirləşdi, müvafiq bir dost tapa bilmədi. Evə gəldi, arvadını görcək ürəyində dedi:

-Dünyada mənə bundan daha yaxın bir dost ola bilməz. O mənim arvadım, uşaqlarımın anasıdır, mənim xeyrim onun xeyridir, onunla məsləhətləşsəm, hamıdan yaxşıdır.

Yusif arvadına dedi:

-Bil və agah ol ki, mən qırx illik ibadətimi yerinə yetirmişəm, indi mənim üç arzum yerinə yetməlidir, dünyada isə mənim səndən daha yaxın bir xeyirxahım yoxdur. De görüm, indi mən Allah-taaladan nə istəyim?

Arvadı dedi:

-Bilirsən ki, dünyada mənim səndən başqa heç kəsim yoxdur, sən mənim gözümün işığısan. Onu da bilirsən ki, qadın kişinin aynasıdır, mən də sənin aynanam, könlün açılmaq üçün mənə baxırsan, kefin kökəlmək üçün mənimlə söhbət edirsən. Allah-taaladan mənim üçün elə bir gözəllik istə ki, onu heç bir qadına verməmiş olsun. Onda sən hər vaxt qapıdan içəri girəndə mənim gül camalımdan zövq alar, ürəyin şadlıqla dolar, qalan ömrümüzü şənliklə keçirərik.

Arvadın sözü kişinin döşünə yatdı, dua edib dedi:

-İlahi, mənim bu arvadıma elə bir hüsn-camal ver ki, onu heç bir qadına verməmiş olasan!

Böyük Yaradan Yusifin duasını müstəcəb etdi. Sabahısı onun arvadı yuxudan ayılanda artıq dünən yatan arvad deyildi. Elə gözəl idi ki, heç kəs onun mislini görməmişdi. Yusif onu bu gözəllikdə gördükdə təəccüb etdi, sevincindən qanad açıb uçmaq istədi. Hər gün arvadın gözəlliyi artırdı, həftənin axırında o dərəcəyə çatdı ki, heç kəsdə ona baxmağa taqət qalmadı. Onun gözəlliyinin xəbəri dünyaya səs saldı, kişili-arvadlı hamı ona tamaşaya gəlməyə başladı, adamlar uzaq yerlərdən gəlir, ona baxıb geri qayıdırdılar.

Arvad bir gün aynaya baxdı, özünün gözəlliyni görüb heyran qaldı, qəlbində qürur və təkəbbür hissləri baş qaldırdı. Dedi:

-Bu gün dünyada mənim tayım hanı? Məndə olan bu hüsn, bu camal kimdə vardır? Mən gör kimə qismət olmuşam. Arpa çörəyi ilə dolanan, eyş-işrəti olmayan, qoca, dünya nemətindən məhrum, yoxsul bir zavallıya! İndi yalnız şah mənim ərim olmağa layiqdir, o məni qızıla, daş-qaşa tutar, ipək-zərbaft geyindirib əzizləyə bilər.

Arvadın ürəyindən çox belə şeylər keçdi, arvad çox belə xəyallara düşdü, kişi ilə pis dolanmağa, söyüş söyməyə başladı, söz deyəndə qulaq asmadı, harınlıq edib qudurdu, iş o yerə çatdı ki, ərinə əl qaldırdı. Yumruğunu masaya vurub dedi:

-Mən necə sənin xörəyin ola bilərəm ki, doyunca yeməyə sənin heç çörəyin də yoxdur.

Bu Yusifın üç-dörd körpə uşağı var idi. Arvad uşaqlara baxmaqdan imtina etdi. Arvadın yaramazlıqları o yerə çatdı ki, Yusifin canı boğazına yığıldı, səbri tükəndi, nə edəcəyini bilmədi. Üzünü göyə tutub dedi:

-İlahi, bu arvadı ayı elə!

Arvad o saat çevrilib ayı oldu, qəzəbə gəldi. O bu şəkildə qapı, həyət və dam-divarın başına fırlanır, lakin evdən uzağa getmirdi, həmişə gözlərindən yaş axırdı.

Yusif bu sözü dediyinə görə özü də peşiman olmuşdu. Çünki uşaqların ucbatından ibadət və itaətdən qalmış, namazı fövtə vermişdi. Çarəsi kəsildi, zərurət üzündən əllərini yuxarı qaldıraraq dedi:

-İlahi bu ayıya dönmüşü yenə də əvvəlki kimi arvada çevir, elə et ki, əvvəlki kimi mehriban olsun, uşaqlara yaxşı baxsın, mən də ibadətlə məşğul olum.

Ayı dərhal həmin mehriban, uşaqların qayğısına qalan, mərhəmətli arvada çevrildi. Heç o halı yada da salmırdı, başına gələnləri sanki yuxuda görmüşdü. Lakin arvadın məsləhətinə qulaq asması üzündən Yusifin qırx illik ibadəti bada getmiş, puça çıxmışdı.

Yusiflə Kəsrif haqqında bu rəvayətin qəhrəmanlarının adları İslam Peyğəmbərinin (s) bir hədisində də yad edilməkdədir.

Hədislərin birində deyilir ki, xəstəlik Peyğəmbəri (s) elə zəiflədib əldən salmışdı ki, yeriməyə taqəti qalmamışdı. Camaat namazının vaxtı çatmışdı, səhabələri məscidə yığılıb gözləyirdilər ki, o, gəlib camaat namazını qılsın.

Aişə və Həfsə Peyğəmbərin (s) başının üstündə oturmuşdular. Aişə Peyğəmbərə (s) dedi:

-Ey Allahın rəsulu, namaz vaxtı çatmış, camaat məscidə yığılmışdır, sənin də ora getməyə taqətin qalmamışdır. Camaat qabağında durub imamlıq etməyi kimə tapşırırsan?!

Rəsulullah (s) dedi:

-Əbubəkrə.

Aişə bir də soruşdu:

-Kimə tapşırırsan?

Peyğəmbər (s) eyni cavabı verdi:

-Əbubəkrə.

Aişə Həfsəyə dedi:

-Mən iki dəfə dedim, sən də bir dəfə de ki, Əbubəkr zəif və ürəyiyuxa adamdır, səhabələrinin hamısından çox o səni istəyir, namaza durub sənin yerini boş gördükdə ağlamağı tutacaq, namazı həm özünə, həm də camaata haram edəcəkdir. Bu Ömərin işidir, ürəyi bərk, özü də möhkəm adamdır, buyurunuz imamlığı o etsin, ziyanı olmaz.

Aişə və Həfzə israr etdilər. Peyğəmbərin (s) qəzəbi tutdu, üzü qızardı və dedi:

-Siz Yusif və Kərsif kimisiniz. Mən siz istəyəni etməyəcəyəm, onu edəcəyəm ki, müsəlmanların xeyrinə olsun. Gedin Əbubəkrə deyin, camaat namazını başlasın.

Dövrümüzədək yetişmiş başqa bir rəvayət isə Fars hökmdarı Keykavus şah və arvadı Südabə haqqındadır. Deyilənə görə, Südabə Keykavusun üzərində hökmranlıq edirdi. Bir gün Keykavus bir adam göndərib Rüstəmə dedi ki, tərbiyə etdiyin, boy-buxuna çatdırdığın oğlum Siyavuşu göndər gəlsin, onu görmək arzusu məni öldürür.

Rüstəm Siyavuşu Keykavusun yanına göndərdi. Siyavuş çox gözəl idi. Südabə onu pərdə arxasından görmüş və gözü düşmüşdü. O, Keykavusa dedi:

-Siyavuşa əmr et Hərəmxanaya gəlsin, bacıları da onu görsünlər.

Keykavus Siyavuşa dedi:

-Hərəmxanaya get, bacıların səni görmək istəyirlər.

Siyavuş dedi:

-Fərman hökmdarındır, lakin onlar hərəmxanada, mən divanda olsam yaxşıdır.

Keykavus dedi:

-Getmək lazımdır.

Siyavuş hərəmxanaya gələn kimi Südabə onu qarşılayıb xəlvət otağına apardı, qucaqlayıb ağuşuna çəkməyə başladı. Siyavuş özünü zorla onun əlindən qurtarıb, hərəmxandan xaricə qaçdı və öz sarayına qayıtdı. Südabə Siyavuşun atasına xəbər verəcəyindən qorxub öz-özünə dedi:

-Qabaqdan gəlmişlik etsəm yaxşıdır.

O, ərinin yanına gedib dedi:

-Siyavuş mənə əl atdı, zorlamaq istədi, güclə əlindən qaça bilmişəm.

Keykavusun Siyavuşa qəzəbi tutdu, o dərəcəyə çatdı ki. Siyavuşa dedi:

-Gərək sən oda and içməklə öz günahsızlığını sübut edəsən, yalnız bundan sonra mənim sənə ürəyim yatar.

Siyavuş dedi:

-Fərman şahındır, nə əmr edərsə, mən ona hazıram.,,

Sonra səhrada od qaladılar ki, yarım fərsəng məsafəni tutdu, od vurdular, qızışdıqda alov dağ qədər yüksəyə qalxdı. Bu zaman Siyavuşa dedilər:

-Buyur oda gir.

Siyavuş Şəbrəng adlı atı vardı. O atına minmişdi, Allaha təvəkkül deyib, atı oda vurdu, görünməz oldu. Bir az keçmişdi ki, alovun o biri tərəfindən sağ-salamat çıxdı, Allahın əmri ilə nə bədənində bir tükü yanmışdı, nə də Şəbrəngə bir ziyan dəymişdi.

Belə olan halda, Keykavus Bəlxin əmrliyini Siyavuşa verdi, ora göndərdi.

Südabənin məsələsinə görə Siyavuşun ürəyi atasından incimişdi, iztirab çəkir, ürəyindən İrandan qaçmaq, Hindistan, Çin, Maçinə keçmək arzusu keçirdi. Türküstan hökmdarı Əfrasiyabın vəziri Piran Siyavuşun ürək sirrindən xəbər tutduqda onun yanına gedib Əfrasiyabın dilindən Siyavuşu dəvət etdi, ona yaxşı vədlər verdi, razı saldı, əhd-peyman bağladı və dedi:

-Ev bir, hər iki inci birdir.

Vəzir dedi ki, Əfrasiyab onu bütün övladlarından artıq əzizləyəcək, nə vaxt atası ilə barışıb İrana getmək istəsə, Əfrasiyab vasitəçilik edəcək, Keykavusla sazişə gələcək, Sonra onu min hörmət və izzətlə atasının yanına göndərəcəkdir.

Siyavuş Bəlxdən Türküstana getdi. Əfrasiyab qızını ona verdi və onu əzizlədi, buna Əfrasiyabın qardaşı Kərsivəzin paxıllığı tutdu, Siyavuşu Əfrasiyabın yanında günahkarlandırdı. Siyavuş günahsız idi və Türküstanda öldürüldü.

Xəbər İrana çatanda ah-şivən düşdü, göz yaşları axıdıldı, pəhləvanlar qəzəblənməyə başladılar. Rüstəm Sistandan paytaxta getdi, icazə almadan Keykavusun hərəmxanasına gedib Südabənin saçlarından tutdu, sürüyə-sürüyə küçəyə çıxarıb, bədənini doğram-doğram etdi. Heç kəs də cəsarət etmədi, desin ki, pis hərəkət etdin.

Sonra müharibə kəmərini belinə bağlayıb Siyavuşun intiqamını almağa getdi. Uzun illər vuruşdu, hər iki tərəfdən minlərlə baş vurulub yerə töküldü. Bunların hamısı ərinin üzərində ağalıq edən Südabənin ucbatından oldu.

Qeyd etmək lazımdır ki, arvadın əmrinə tabe olan, ondan zərər çəkib əziyyət və məşəqqətə düşən birinci kişi Adəm (s) olmuĢdur. O, Həvvanın felinə uyaraq buğda yemiş və cənnətdən qovulmuşdur. Adəm iki yüz il ağladıqdan sonra Allahın ona rəhmi gəlib onu bağışlmışdır.

 

16

 

SƏXAVƏT VƏ COMƏRDLİK BARƏDƏ

 

Bismillahirrəhmanirrəhim!

Belə rəvayət edirlər ki, Peyğəmbərin (s) qonşuluğunda bir dul qadın öz qızı ilə yaşayırmışlar. Ana-bala çox çətinliklə dolanırmışlar. Günlərin birində qadın qızını Rəsulullahın (s) yanına göndərir və ona tapşırır:

-Allahın Elçisinin (s) yanına get və ona mənim adımdan xahiş edərək de ki, anamın namaz qılmaq üçün layiqli paltarı və çadrsı yoxdur, ona paltar və bürüncək ver ki, namaz qıla və Allahı zikr edə bilsin.

Qız Peyğəmbərin (s) yanına gəlib. Anasının sözlərini və xahişini ona çatdırır. Həmin an Rəsulullahın (s) əynindəki əbasından başqa bir şeyi yox idi, Odur ki, məcbur olub, əbasını çıxarır və qıza verir. Namaz vaxtı çatanda isə əbası olmadığı üçün məscidə gedə bilmir, namazını evində qılmalı olur.

Səhabələr, Rəsulullahın (s) məscidə gəlməməsindən bərk narahat olurlar, səbəbini öyrənib  onun bu comərdliyindən çox təsirlənirlər. Qərara gəlirlər ki, eynən onun kimi onlar da hər nələri varsa, çıxarıb yoxsullara paylasınlar. Elə bu vaxt Allahdan Peyğəmbərə “İsra” surəsinin bir ayəsi nazil olur. Allah-taala buyurur ki, nə simiclik et, nə də israfçılıq et. Yoxsa həm qınanar, həm də peşiman olarsan.

Həzrət Əli olanları eşidib, Peyğəmbərin (s) yanına gəlir, salam verir və deyir:

-Ya Rəsulullah (s), uşaqların cib xərci üçün səkkiz dirhəm pul ayırmışam. Gəl onun yarısını sənə verim, özünə təzə əba al.

Peyğəmbər razılaşır və pulu Əlidən alır ki, dükana gedib özünə yeni əba alsın. Elə də edir. İki dirhəmə bir əba alır, iki dirhəm də özünə yemək pulu saxlayır. Dükandan bir qədər aralanır ki, görür yol qırağında bir kor qadın oturub. Özü də cır-cındır içindədir, libasının deşiklərindən bədəni görünür. Qadın utana-utana yoldan keçənlərə müraciətlə deyir:

-Ey cənnət libasına sahib olmaq istəyənlər, mənə ayıbımımı örtmək üçün Allah xatirinə libas verin.

Bu halı görən Peyğəmbər (s) təzə aldığı libasını da bu qadına verir. Qadın əbanı alır və görür ki, ondan xoş ətir gəlir. O dəqiqə başa düşür ki, əbasını ona bağışlayan Peyğımbərin (s) özüdür. Qadın əllərini göyə qaldırıb Allaha dua edərək deyir:

-Ya Rəbb, bu geyimin sahibinin eşqinə gözlərimə nur ver!

Qadın duasını bitirməmiş, hər iki gözünün nuru özünə qayıdır. O, Peyğəmbəri (s) ilk dəfə dünya gözü ilə  görüb, onun ayaqlarına sarılır.

 

17

 

HEÇ BİR ƏMƏYİN NƏTİCƏSİZ QALMAYACAĞI BARƏDƏ

 

Bismillahirrəhmanirrəhim!

Deyilənə görə, bir gün Nuşirəvan ata minib yaxın adamları ilə ova gedirmiş. Bir kəndin kənarından keçəndə doxsan yaşlı bir kişinin qoz ağacı əkdiyini görüb, təəccüb etdi, çünki qoz ağacı yalnız iyirmi ildən sonra bar gətirir. Dedi:

-Ay qoca, qoz əkirsən?

Qoca:

-Bəli, ağam.

Şah soruşdu:

-Nə qədər yaşamaq fikrindəsən ki, barını da yeyəsən?!

Qoca dedi:

-Əkiblər yemişik, əkirik yesinlər!

Nuşirəvanın bu sözlərdən xoşu gəldi, dedi:

-Afərin!

Dərhal xəzinəçiyə əmr etdi, qocaya min dirhəm versin.

Qoca dedi:

Ey ağam, heç kəs sənin nökərindən qabaq bu qozu yemədi.

Şah soruşdu:

-Bu necə olur?

Qoca dedi:

-Mən bu qoz ağacını əkməsəydim, ağam burdan keçməsəydi, mənə çatan mənə çatmasaydı, bu qulunuz o cavabı verməsəydi, bu min dinarı haradan tapardım?!

Nuşirəvan dedi:

-Afərin! Afərin!

Xəzinəçi dərhal iki min dirhəm də qocaya verdi, çünki Nuşirəvanın ağzından iki “afərin” çıxmışdı.

 

18

 

FAYDASIZ ƏMƏYİN ZİYANI BARƏDƏ

Deyilənə görə, Sultan Səlim Yavuz hər ilin payızında sarayında böyük şadyanalıq keçirər, mərasim təşkil edər, ölkənin dörd bir tətəfindən gələn çalğıcı, xanəndə, rəqqas və mütriflər, eləcə də digər bacarıq sahibləri öz bacarıqlarını göstərərdilər. Kimlər ki öz istedadı ilə digərlərini üstələyərdisə, sultandan böyük ənam alardılar.

Bir dəfə belə məclislərin birində ortaya əlində iynə və sap tutmuş kişi çıxır və müxtəlif vəziyyətlərdə sapı bir göz qırpımında iynəyə keçirmək məharətini nümyiş etdirməyə başlayır. O bu işi gah başı üzərində, gah ayaqlarının arasında, gah boynunun ardında, gah da kürəyində bir neçə dəfə təkrar edir. Onun bu cəldliyinə hər kəs mat-məəttəl qalmışdı. Sultan da onu diqqətlə izləyirdi.

Kişi məharətini nümayiş etdirdikdən sonra sultana yaxınlaşıb, baş əydi. Sultan ucadan dedi:

-Əhsən!

Bu sözləri eşidən kişinin eyni açıldı, üz-gözü gülməyə başladı. Ürəyində düşündü ki, indi Yavuz ona ənam verəcək. Amma gözlənilmədən Yavuz soruşdu:

-Məharətinlə hər kəs heyran etdin, buna şübhə yox, amma, söylə görək, bu işə neçə il ömür sərf etmisən?

Kişi sevincək halda dedi:

-On beş il, sultanım.

Bu cavabı eşidən sultan bərk qəzəbləndi:

-Belə bir faydasız işə on beş il vaxt sərf etmisən?

O fərraşlara əmr etdi ki, kişiyə on beş şallaq vursunlar. Fərraşlar əmri dərhal yerinə yetirdilər. Kişinin bağırtısı bütün şəhərə yayıldı.

 

19

 

ƏLAMƏTLƏRİN XƏBƏRDARLIQ OLMASI BARƏDƏ

 

Bismillahirrəhmanirrəhim!

 

Belə rəvayət edirlər ki, Yaqub (ə) peyğəmbərin şöhrəti hələ sağlığında dünyanın dörd tərəfinə yayılmışdı. Odur ki, hər yerdən yanına çox sayda ziyarətçi gələrmiş. Ziyarətçilər içərisində mələklər də olarmış.

Günlərin birində Əzrayıl əleyhissəlam da onu ziyarət edir. Peyğəmbərə hörmətlə salam verir. Ölüm mələyini qarşısında görən Həzrət Yaqub (ə) ondan soruşur:

-Ya Əzrayıl, de görüm, hamı kimi sən də məni ziyarətə gəlmisən, yoxsa vaxtım tamamdır deyə canımı almağa gəlmisən?

Əzrayıl deyir:

-Yox, sadəcə ziyarətə gəlmişəm. Vaxtının tamam olmasına isə hələ çox var.

Yaqub (ə) peyğəmbər:

-Ya Əzrayıl, de görüm, səndən bir xahiş etsəm, edərsənmi?

Ölüm mələyi:

-De, edərəm.

Yaqub (ə):

-Xahişim budur ki, vədəm tamam olmamışdan bir müddət əvvəl məni xəbərdar edəsən ki, haqq dünyasına köçməmişdən öncə bəzi hazırlıqlar görüm.

Əzrayıl (ə):

-Yaxşı, söz verirəm ki, bu dünyadan köçməmişdən öncə səni bu barədə xəbərdar edəcəyəm.

Bu hadisədən sonra Yaqub (ə) Əzrayılı bir də görmədi. Uzun illər keçəndən sonra isə Əzrayıl (ə) yenidən gəldi, qocalıb əldən düşmüş, saç-saqqalı ağarmış, qaməti bükülmüş Yaqubun (ə) qarşısında peyda oldu, ədəb-ərkanla salam verdi:

-Salam, ey Yaqub!

Yaqub (ə) mələyin salamını alıb soruşdu:

-Məni, söz verdiyin kimi, xəbərdar etməyəmi gəlmisən?

Əzrayıl (ə):

-Yox, vaxtın tamamdır, canını almağa gəlmişəm.

Yaqub (ə):

-Axı, söz vermişdin, bəs, nə oldu?

Mələk:

-Mən sözümü tutdum, üç dəfə sənə əlamətlərlə xəbər göndərdim. Birinci əlamət o idi ki, qara saçların ağardı, ikincisi, sağlam və güclü vücudun taqətdən düşdü. Üçüncüsü isə o oldu ki, dik belin büküldü.

 

20

 

ATA-ANAYA QARŞI İTAƏT VƏ NƏVAZİŞİN

VACİBLİYİ BARƏDƏ

 

Bismillahirrəhmanirrəhim!

 

Ata-anaya qarşı itaət və nəvazişin vacibliyi haqqında çox sayda hədis və rəvayət mövcuddur ki, onların əksəriyyəti sevimli Peyğəmbərimizi sahabələrindən (s) yadigar qalmışdır. Məsələn, Abdullah bin Ömər  rəvayət edir ki, bir kişi gəlib Peyğəmbərdən (s) cihada getmək üçün izn istədikdə o soruşdu:

-Valideynlərin sağdırmı?

Kişi «bəli» deyə cavab verdi. Peyğəmbər (s) ona dedi:

-Elə isə onlar üçün, onlara itaət etmək və nəvaziş göstərmək üçün çalış.

Əbu Hureyrə  rəvayət edir ki, bir gün Peyğəmbər (s) dedi:

-Zəlil oldu! Zəlil oldu! Zəlil oldu!

Səhabələr: «Kim, ey Allahın elçisi?» – deyə soruşduqda, o dedi:

-O şəxs ki, valideynlərinin və ya onlardan birinin qocalığında onlarla birgə yaşayıb, onlara itaət etməyib, nəvaziş göstərmədiyinə görə cənnətə daxil olmasın.

Abdullah bin Amr bin əl-As  rəvayət edir ki; Peyğəmbər (s) demişdir: «Allahın razılığı valideynin razılığı ilə, qəzəbi də onun qəzəbi ilə bağlıdır».

Abdullah bin Amr yenə rəvayət edir ki; Peyğəmbər (s) demişdir: «Kişinin valideynlərini lənətləməsi (söyməsi) böyük günahlardandır». Səhabələr: «Ey Allahın elçisi! Kişi də valideynlərini lənətləyərmi?» – deyə soruşduqda, o dedi: «Birinin ana-atasını söyür, o da qayıdıb onun ata-anasını söyür».

Əbu Hureyrə  belə rəvayət edir: «Mən müşrik olan anamı İslama dəvət edirdim. Bir gün yenə onu dəvət etdikdə, Peyğəmbər (s) haqqında nalayiq sözlər dedi. Mən ağlaya-ağlaya Peyğəmbərin  yanına gəlib, dedim:

-Ey Allahın elçisi! Mən anamı İslama dəvət edirdim, o da bunu inkar edib, sənin haqqında nalayiq sözlər dedi. Allaha dua et, anama hidayət versin.

Peyğəmbər (s) dedi:

-Allahım, Əbu Hureyrənin anasına hidayət ver!

Mən Peyğəmbərin (s) duasından sonra sevincək evə getdim. Qapıya çatdıqda anam ayaq səslərimi eşitdi və mənə yerimdə durmağı əmr etdi. Sonra çimib (qüsl edib) paltarını geyindi, qapını açıb mənə dedi:

-Əbu Hureyrə! Şəhadət verirəm ki, Allahdan başqa məbud yoxdur və Məhəmməd (s) Onun qulu və elçisidir.

Mən sevincimdən ağlaya-ağlaya Peyğəmbərin (s) yanına gəlib ona dedim:

-Ey Allahın elçisi! Gözün aydın, Allah sənin duanı qəbul etdi və anama hidayət verdi…»

Əsma bint Əbu Bəkr  rəvayət edir ki, «Mənim müşrik anam qohumluq əlaqəsini kəsməmək üçün məni ziyarət etdi. Mən Peyğəmbərdən (s) “Onunla qohumluq əlaqəsini kəsimmi?” – deyə soruşdum. O: “Xeyr” – deyə cavab verdi».

Əbu Hureyrə rəvayət edir ki, bir gün Peyğəmbər (s) dedi:

-Üç şəxsin duası müstəcəbdir: məzlumun, müsafirin və valideynin övladı əleyhinə etdiyi dua.

Əbu Burdə rəvayət edir ki, bir Yəmənli kişi anasını kürəyinə götürüb Kəbəni təvaf etdikdən sonra gəlib İbn Ömərə dedi:

-Bunu etməklə mən anamın haqqını ödəmiş sayılırammı?.

İbn Ömər  ona dedi:

-Xeyr, bunu etməklə sən onun bir iniltisini1 belə ödəmiş sayılmırsan.

Ənəs bin Malik t rəvayət edir ki, Peyğəmbər (s) demişdir:

-Kiçiyimizə rəhm etməyən, böyüyümüzə hörmət etməyən bizdən deyil!

Talhə  rəvayət edir ki, günlərin birində Cahimə  Peyğəmbərə (s) dedi:

-Ey Allahın elçisi! Allah yolunda vuruşmaq istəyirəm, ona görə də səndən məsləhət istəyirəm.

Peyğəmbər (s) dedi:

-Sənin anan var?

O, “Bəli” – deyə cavab verdikdə, Peyğəmbər (s) ona əmr edib dedi:

-Ananın qayğısına qal!

Əbu Hureyrə  rəvayət edir ki, bir kişi Peyğəmbərin (s) yanına gəlib soruşdu:

-Ey Allahın elçisi! Mən kimə daha çox qayğı göstərməliyəm!

Peyğəmbər (s) dedi:

-Anana.

Kişi yenə soruşdu:

-Sonra kimə?

Peyğəmbər (s) dedi:

-Anana.

Kişi təkrar soruşdu:

-Sonra kimə?

Rəsulullah (s) yenə dedi:

-Anana.

Kişi bir daha soruşdu:

-Bəs sonra kimə?

Peyğəmbər (s) bu dəfə «Atana» – deyə cavab verdi».

Əbu Səid əl-Xudri  rəvayət edir ki, bir kişi Yəməndən Peyğəmbərin (s) yanına hicrət (səfər) etdi. Peyğəmbər (s) ondan: “Yəməndə doğmaların varmı?” deyə soruşduqda o, “Valideynlərim var” deyə cavab verdi.

Peyğəmbər (s) soruşdu:

-Onlar sənə izn veriblərmi?,

Kişi “Xeyr” – deyə cavab verdi.

Peyğəmbər (s) ona əmr edib dedi:

-Qayıt onlardan izn istə. İzn versələr, gəl, Allah yolunda vuruş, əks halda isə onların qayğısına qal.

Abdullah ibn Ömər t rəvayət edir ki, bir kişi (cihad etmək üçün) Peyğəmbərin (s) yanına gəlib dedi:

-Mən valideynlərimi ağlar qoyub sənə biət etmək üçün gəlmişəm.

Rəsulullah (s) dedi:

-Qayıt, onları ağlar qoyduğun kimi, güldür, sevindir!

Əbu Hureyrə  rəvayət edir ki, bir gün Peyğəmbər (s) dedi:

-Qardaşına zülm etmiş şəxs dinar və dirhəmin fayda verməyəcəyi gün gəlməmiş ondan halallıq alsın.

Peyğəmbər (s) Muaz bin Cəbəli  Yəmənə göndərdikdə ona tövsiyə edib demişdi:

-Məzlumun duasından (qarğışından) qorx! Həqiqətən onun duası ilə Allahın arasında hicab (maneə) mövcud deyil.

Əl-Muğira bin Şöbə və Əbu-Bəkrətədən rəvayət olunan hədisdə Peyğəmbər (s) valideyni incitməyin haram və böyük günahlardan olduğunu vurğulamışdır.

Aişə rəvayət edir ki, günlərin birində Peyğəmbər (s) dedi:

-Cənnətə daxil oldum və orada mütaliə eşitdim. Mən “Bu kimdir?” – deyə soruşdum. Mənə dedilər ki bu Harisə bin Nomən və həmçinin sizin (içərinizdə olan) qayğıkeşlərdir”.

Aişə bildirir ki, Harisə bin Nomən anasının qayğısına qalan səhabələrdən idi.

Abdullah bin Dinarın rəvayətinə görə, bir gün səhabələrdən Abdullah bin Ömər Məkkəyə gedən yolda bir ərəblə rastlaşdı. Salam verdikdən sonra ona (özünə məxsus olan) uzunqulağının üzərinə əyləşməyə kömək etdi və başındakı əmmaməni də ona verdi. Yoldaşları ona dedilər:

-Allah səni islah etsin! Ərəblər az ilə də qane olurlar.

Abdullah dedi:

-O, Ömər bin əl – Xəttabın sevimli yoldaşlarından idi. Mən Peyğəmbərin (s) belə dediyini eşitdim: «Həqiqətən ən qayğıkeş insan, atasının sevimli yoldaşına qayğı göstərən övladdır.

Deyilənə görə, imam Zeynalabidin anasına qarşı olduqca itaətkar və nəvazişkar idi. Bir dəfə ondan soruşdular:

-Sən anana qarşı olduğca itaətkar və nəvazişkarsan. Bəs nə üçün onunla birgə yemək yemirsən?

İmam dedi:

-Qorxuram ki, onun gözü düşdüyü loxmanı mən yeyim və bununla da ona əziyyət verim.

Ibn Aun rəvayət edir ki, bir kişi, anasının hüzurunda olan Məhəmməd bin Sirinin yanına gəlib onun səssiz, başıaşağı (müti şəkildə) dayandığını görüb soruşdu:

-Məhəmmədə nə olub, xəstələnib?

Ona dedilər:

-Xeyr xəstələnməyib, lakin anasının hüzürunda bu hala düşür.

Cəfər bin Suleyman rəvayət edir ki, Məhəmməd bin əl-Münkədir başını yerə qoyub anasına deyərdi:

-Gəl ayağını qoy başımın üstünə.

Deyilənə görə, Hişam övladlarından Saleh adlı bir alim xəlifə  Mənsurun məclisində ikən söhbət edir və hər dəfə öz atasını xatırladıqda rahiməhullah (Allah ona rəhmət etsin) deyirdi. Bunu görən ər-Rabi ona dedi:

-Möminlərin əmirinin hüzurunda atana çox rəhmət oxuma. Bir dəfə dedin kifayətdir.

Saleh dedi:

-Səni qınamıram. Həqiqətən sən ata şirinliyini (ləzzətini) dadmamısan.

Xəlifə Mənsur gülümsəyib dedi:

-Bu, Haşim övladlarına etiraz edənin cəzasıdır. Abdullah bin Cəfər bin Xaqan əl-Mərvazi rəvayət edir ki, Bundərin belə dediyini eşitdim:

-Elm tələb etmək üçün səfərə çıxmaq istədim. Lakin anam bunu mənə qadağan etdi. Mən ona itaət etdim. (Əvəzində də) Allah mənə elm əta etdi.

Zəhəbi Bundərin haqqında demişdir: «O yalnız Bəsrə şəhərində hədis toplayıb (elm alıb), anasına qarşı olduqca itaətkar və nəvazişkar olduğu üçün başqa şəhərlərə səfər etməyib.

 

21

 

YAŞLILARA VƏ QOCALARA HÖRMƏT QOYMAĞIN VACİBLİYİ BARƏDƏ

 

Bismillahirrəhmanirrəhim!

 

Bir gün Mövlanə Cəlaləddin Rumi bir məclis qurmuşdu. Baxıb gördü ki, bir dikbaş gənc yaşlılara fikir vermədən, onlara hörmət qoymadan özünə ən başda yer edib. Mövlanə bu gəncə bir söz demir, onun xətrinə dəymir, onu islah etmək üçün sadəcə bir rəvayət danışır. Deyir ki, günlərin birində, səhər tezdən, hələ dan sökülməmiş, Həzrət Əli sübh namazını qılmaq üçün evindən çıxaraq məscidə yola düşür. Yolda özündən qabaqda qoca bir məsihinin getdiyini görür. Qocanın ondan çox-çox yaşlı olduğunu görən Həzrət Əli ona hörmətsizlik etməmək və onu ötüb keçməmək üçün addımlarını yavaşıdır və onun arxasınca gedir. Nəticədə  isə namaza yubanmalı olur.

Məsciddəki namaz əhli ilk rükətin rükusunda ikən, Allah – Taala Cəbrayıl əleyhissəlamı göndərir ki, əlini Peyğəmbərin (s) başına qoysun, qulağına pıçıldayaraq rükudan bir qədər gec ayrılmasını təmin etsin ki, Əli (ə) onlara çata və qoşula bilsin. Cəbrayıl (ə) dərhal Peyğəmbərin (s) yanında peyda olaraq, əlini onun başına qoydu, qulağına pıçıldayaraq, Allahın əmrini çatdırdı. Peyğəmbər də rükudan ayrılmağa tələsmədi. Beləcə, Əli (ə) də özünü yetirib namaza qoşula bildi.

Peyğəmbərin səhabələri, təbii ki, Cəbrayılı (ə) görə bilməzdilər və təbii ki, onun Peyğəmbərin (s) qulağına nə isə pıçıldadığından xəbərsiz idilər. Odur ki, onun rükudan niyə belə gec qalxdığını anlamayıb təəccüb etmişdilər. Bu səbəbdən də  maraqla bunun səbəbini öyrənmək istəyirdilər. Rəsulullah dedi:

-Rükuda olarkən, Cəbrayıl (ə) gəlib əlini başıma qoydu, qulağıma pıçıldadı ki, Əli (ə) qabağınca gedən bir qocaya hörmətsizlik edib onu ötüb keçmək istəmədiyi üçün namaza gecikir, rükudan qalxmağı bir qədər gecikdir ki, o da gəlib sizə qoşula bilsin.

Səhabələr bu məsələyə çox heyrət etdilər. Peyğəmbər dedi:

-Bilin və agah olun ki, kim ki özündən yaşlılara və qocalara hörmət qoyar, Allah da ona bu cür lütf edər.

Cəlaləddin Rumi rəvayətini bitirən kimi səhvini başa düşən gənc cəld ayağa qalxır və məclisin başından ayağına keçir.

 

22

 

QADINLARIN ƏRLƏRİ ÜZƏRİNDƏKİ HAQQLARI BARƏDƏ

 

Bismillahirrəhmanirrəhim!

 

Deyilənə görə, xəlifə Ömər gününün böyük bir hissəsini şikayətçiləri qəbul edib dərdlərini dinləməyə sərf edərmiş. Hər kəsin dərdinə əlac etməyə çalışarmış. Odur ki, qəbuluna hər gün çox sayda adam gələr, şikayətini söyləyər, şikayəti ədalətlisə, müşkülünü həll edib evinə dönərdi. Bir sözlə, xəlifə heç kəsi evinə naümüd yola salmazdı.

Günlərin birində bir kişi öz xanımından şikayət etmək üçün Həzrət Ömərin yanına gəlir. Bu kişinin arvadı çox ucadan danışarmış və bu da kişini bərk narahat edərmiş. Kişi xəlifənin qəbul otağına çatanda bir də görür ki, yan otaqdan ucadan danışan bir qadın səsi gəlir. Kişi bu səsin kimə məxsus olduğu ilə maraqlanır. Ona ucadan danışan xanımın xəlifənin xanımı olduğunu söyləyirlər. Vəziyyəti belə görən kişi şikayətindən vaz keçir və istəyir evinə qayıtsın. Bu dəm hansısa məsələ üçün bir dəqiqəlik çölə çıxan Həzrət Ömər onu görür.

Xəlifə ondan soruşur:

-Sənin şikayətin nədir, niyə şikayətini söyləmədən geri dönürsən?

Kişi naəlac qalıb dedi:

-Vallah, öz xanımımdan şikayətə gəlmişdim. İstəyirdim onun ucadan, qışqıra-qışqıra danışmasından şikayət edim, amma eşitdim ki, sənin də xanımın elə o cür danışır, şikayətimdən vaz keçdim. Evə qayıtmaq istədim. Elə bu dəm də sən məni gördün.

Xəlifə gülümsəyərək dedi:

-Mən xanımımın ucadan danışmasına, qışqırıb bağırmasına əhəmiyyət vermirəm. Əslində bunda savab var, çünki üzərimdə onun da böyük haqqı var.  Məsələ burasındadır ki, qadınlarla evlənməklə cəhənnəmdən qurtulmuş və bir növ dinin yarısını əldə etmiş oluruq.

Kişi heç nə başa düşmədi, təəccüblə xəlifənin gözlərinin içinə baxdı. Ömər sözünə davam edərək dedi:

-Təəccüblnmə. İndi sənə Peyğəmbərdən (s) bir hədis nəql edim, qulaq as, onda hər şeyi özün başa düşəcəksən. Peyğəmbərimiz (s) buyurub ki, qadınlar evimizin-malımızın gözətçisi, oğul-uşağımızın tərbiyəçisidir. Onlar biş-düş edər, paltarımızı yuyar, qayğımıza qalarlar. Onların boynumuzdakı haqqı böyükdür. Odur ki, dostum səbr etmək borcumuzdur və sən də səbirli ol!

Kişi bu sözlərdən razı qalıb xəlifəyə təşəkkür etdi və sevinə-sevinə evinə döndü.

 

23

 

UŞAQLARIN ATA-ANA ÜZƏRİNDƏ HAQQLARI BARƏDƏ

 

Bismillahirrəhmanirrəhim!

 

Günlərin birində bir nəfər öz kiçik oğlu ilə birlikdə xəlifə Ömərin yanına gələrək şikayət etməyə başlayır. Deyir:

-Ya əmirəlmöminin! Mənim bu gülməşəkər oğlum çox şuluqçudur, sözlərimə qulaq asmır. Bizi lap boğaza yığıb. Hüzuruna gəlməyimin də səbəbi elə budur. Gəlmişəm ki, bu uşağa öyüd-nəsihət verəsən. Başına ağıl qoyasan. Ona ata-ana haqqının nə olduğunu başa salasan.

Ömər ibn Xəttab uşağı tənbeh edib çox danladı, ayıblayıb yamanladı. Ona ata-ana haqqının nə olduğunu başa saldı.

Xəlifə sözünü qurtaran kimi uşaq başını qaldırıb sual verdi:

-Ya möminlərin əmiri, mənə başa sal bilim, bəs, uşaqların necə, ana-atası üzərində heç bir haqqı, hüququ yoxdur?

Xəlifə cavab verdi:

-Əlbəttə ki, var. Ana uşağını körpə ikən südlə bəslməli, valideynləri onun qayğısına qalmalı və elə bir halda olmalıdırlar ki, onlara görə uşağa heç kəs tənə edə, onu ələ sala bilməsin. Onu incitməsin. Bu birincisi. İkincisi, uşağa gözəl ad verməlidirlər. Üçüncüsü övladına yazıb-oxumağı öyrətməli, onun savad qazanması üçün çalışmalı, ona Quran surələrini əzbərlətməlidirlər.

Oğlan bu sözləri eşidib dedi:

Ya möminlərin əmiri, mənim atam dörd yüz dirhəm verib, anamla nigaha giriblər və məni bu dünyaya gətiriblər. Adımı da “Çul” qoyublar ki, mənası “peyin qurdu”dur. Mən də bu addan utanıram. Yoldaşlarımın hamısı məni bu ada görə ələ salır. İndiyə qədər də mənə Qurandan nəinki bir surə, heç bir ayə də öyrətməyiblər.

Bu sözləri eşidən xəlifə dərhal dik ayağa qalxdı və kişiyə dedi:

-Uşağın söylədikləri doğrudurmu?

Kişi dedi:

-Bəli, doğrudur.

Xəlifə:

-Uşaq haqlıdır. Başqa bir şikayətin varsa, söylə.

Kişi başqa bir şikayətinin olmadığını dedi, səhvini başa düşüb gözlərini yerə dikdi.

Sədi Şirazidən bu mövzuda gözəl bir ibrətamiz şer parçası:

Uşaqlıq çağında bayram səhəri

Atamla gəzəndə böyük şəhəri

Fikrim əyləncəyə qarışdı, birdən

Atamı itirdim izdihamda mən.

Qorxudan alışdı bağrımın başı,

Ağlayıb inlədim, tökdüm göz yaşı.

Atam yaxınlaşıb dedi: ay bala,

Sənə deməmişəm qalma heç dala?

Hələ dirçəlmədən, boy atmadan sən

Möhkəm tut atanın ətəklərindən.

Nəbələd olanlar itirər yolu,

Bələdçi mənzilə gətirər yolu.

 

24

 

ANA MƏHƏBBƏTİ BARƏDƏ

 

Bismillahirrəhmanirrəhim!

 

Deyilənə görə, Rəsulullahın (s) zamanında Əlqamə adlı bir gənc yaşarmış. İşi-peşəsi, namaz qılmaq, oruc tutmaq, sədəqə vermək, Allaha həmd-sənada bulunmaq imiş. Kimsənin xətrinə dəyməz, heç kəsdən də köməyini əsirgəməzmiş. Günlərin birində bu gənc bərk xəstələnir, yorğan-döşəyə düşür, dili də tutulur. Nə qədər həkim dəvət edirlərsə, heç biri xəstəliyin nə olduğunu anlaya bilmir, heç bir dava-dərmanın da köməyi olmur.

Əlqamənin bir neçə gün ard-arda məscidə gəlmədiyini görən Peyğəmbər (s) onun başının dərdə girdiyini başa düşür, Həzrət Əlini, Həzrət Əmmarı və Həzrət Bilalı göndərir ki, gənci ziyarət etsinlər, məscidə niyə gəlməməsi ilə maraqlansınlar. Onlar da məsciddən çıxan kimi dərhal Əlqaməgilə yollanırlar. Gəlib görürlər ki, gənc bihal halda yataqda uzanıb, dili də topuq vurur, bu üzdən də dərdini anlada bilmir.

Səhabələr onun can verdiyini zənn etdilər. Belə olan halda Həzrət Əli gəncə kəlmeyi-şəhadətini gətirməsini söylədi. Amma Əlqamənin dili topuq vurduğundan bunu edə bilmədi. Onda Əli əleyhissəlam Bilalı Peyğəmbərin (s) yanına göndərdi ki, hal-qəziyyəni ona söyləsin.

Rəsulullah (s) məsələdən hali olan kimi, tez Əlqaməgilə gəldi. Gəncin başının üzərində oturub ona nəvaziş göstərdi, əlini saçlarına çəkən kimi məsələnin nə yerdə olduğunu başa düşdü, səhabələrinə dedi:

-Tez olun, Əlqamənin anasını tapıb, yanıma gətirin.

Səhabələri gəncin anasını tapıb Peyğəmbərin (s) hüzuruna gətirdilər.

Rəsulullah (s) qadının gözlərinin içinə baxıb soruşdu:

-Sənin oğlundan bir narazılığının varmı?

Qadın dedi:

-Ya Rəsuslullah, bilmirəm necə deyim. Bu mənim canım-ciyərim tək övladımdır. Sözündə, əməlində, ibadətində düz adamdır. Bir dəfə də olsun mənə qarşı hörmətsizlik etməyib, amma evə gələn ruzidə arvadı həmişə məndən öndə olub. Buna görə də ona acığım tutub və onu lənətləmişəm.

Peyğəmbər (s):

-Əlqamənin xəstəliyinin səbəbi də elə budur, əgər indi  sən lənətini geri götürməsən, ona halallıq və xeyir-dua verməsən, halı düzəlməyəcək. Nə deyirsən?

Qadın:

-Yox, heç zaman südümü ona halal etməyəcəyəm.

Belə olan halda Peyğəmbər üzünü səhabələrinə tutub dedi:

-Tez olun, odun gətirin və həyətdə böyük bir tonqal qalayın, Əlqaməni də atn içinə, yanıb kül olsun!

Bu sözləri eşidən qadın bərkdən çığırdı:

-Yox! Heç zaman!

Peyğəmbər gülümsündü:

-Bizim qalamaq istədiyimiz alov, cəhənnəmin alovunun yannda heç nədir. Cəhənnəm atəşi daha şiddətlidir. Bəs. bilmirsən ki, ana-atasının lənətini qazananalar, cənnətə girə bilməz, valideyinləri tərəfindən bağışlanmayınca cəhənnəm odunda yanarlar? Necə olur, oğluna dünya odunu rəva görmürsən, cəhənnəm odunu rəva görürsən?

Qadın dərhal dedi:

-Mən qəzəbimdən belə demişdim. Südüm və zəhmətim balama halal olsun!

Ana bu sözləri deyən kimi, Əlqamənin dili açıldı, halı düzəldi, dərhal ayağa qalxıb, anasının ayaqlarını qucaqladı ondan üzr istədi.

 

25

 

QONŞU İLƏ XOŞ KEÇİNMƏYİN VACİBLİYİ BARƏDƏ

 

Bismillahirrəhmanirrəhim!

 

Belə rəvayət edirlər ki, qədim zamanlarda Ərəbistanda Malik ibn Dinar adında çox məşhur bir alim varmış. Evi bir yəhudinin evi ilə qonşu imiş. Xəbis və məkrli bir insan olan bu yəhudi elə müsəlman qonşusuna bir pislik edə bilmək üçün yollar axtararmış. Bir gün o, qərara gəlir ki, həyətində bir ayaq yolu tiksin. Qəsdən ayaqyolunun çalasını Malikin evinin divarının lap yanında qazıyır ki, gələcəkdə alim bundan əziyyət çəksin. Düşündüyünü edir, ayaqyolunu qonşusunun evinə bitişik tikir və nəticədə onun evinin bütün çirkab suyu Malik ibn Dinarın evinin düz yanına axmağa və ətrafa pis qoxu saçmağa başlayır.

Alim yəhudinin xətrinə dəyməmək üçün səbr edir, qoxunu aradan aparmaq üçün də hər gün çirkabı təmizləyir, evini ətirləyirdi. Bu əzaba bir təhər dözür, məkrli qonşusuna heç bir söz demirdi.

Yəhudi onun özünü bu cür aparmasına mat-məəttəl qalmışdı. Onun niyə belə etdiyini başa düşmür, yerində qərar tuta bilmirdi. Nəhayət, bir gün dözməyib Malikin evinə gəlib, guya xəbəri yoxmuş kimi, ondan evindən niyə belə pis qoxu gəldiyini soruşdu:

-Qonşu, evindən nə pis iy gəlir. Bu nə qoxudur belə?

Alim, cavab verdi:

-Fikir vermə, qonşu, evdə bəzi şeylər saxlayıram, onun qoxusudur.

Yəhudi:

-Yox, bu ayaq yolu qoxusudur. Budur divardan da çirkab sızır. Bəs, niyə bu barədə məni xəbərdar etməmisən?

Malik ibn Dinar cavab verdi:

-Bunu sənə söyləsəydim, narahat olardın. Mən isə sənin narahat olmağını istəmədim, çünki bizim dinimiz qonşudan əziyyət gəlsə də onu incitməməyi, qonşu ilə mehriban keçinməyi, onunla dalaşmamağı buyurur.

Bu sözlər, sanki, bir ox olub yəhudinin ürəyinə sancıldı. Bərk peşiman olub dedi:

-Neçə vaxt idi ki, sizlə düşmənçilik edirdim. Amma indi sizin dinə ürəkdən heyran qaldım. De görüm, İslama keçmək üçün nə etməliyəm.

Malik:

-Şəhadət gətirib, Allahın təkliyini və Məhəmmədin (s) onun elçisi olduğunu təsdiqləməlisən.

Yəhudi dərhal şəhadət gətirib, İslamı qəbul etdi.

 

26

 

HEYVANLARA MƏRHƏMƏT GÖSTƏRMƏYİN FAYDASI BARƏDƏ

 

Bismillahirrəhmanirrəhim!

 

Belə rəvayət edirlər ki, qədim zamanlarda Şamaxı şəhərində bir kişi var imiş, adı Hacı Əbdülkərim imiş, çox hörmətli, varlı, hikmətli adam imiş, ondan dövlətlisi yox imiş. Şirvanşaha sidq-ürəkdən xidmət göstərmiş, ölkələr çapmış, çox qəddarlıqlar etmişdi. Bu adam ömrünün axırında tövbə edir, başqaları ilə bir daha işi olmur, hər məhəllədə cümə məscidləri tikdirir, vaxt tapıb hətta həccə gedir. Həccdən qayıtdıqda bir neçə gün Gəncədə qalır. Bir gün bazardan keçərkən bir qotur itə rast gəlir. Görür ki, it qoturluqdan taqətdən düşüb.

Kişinin itə yazığı gəlir. Nökərlərindən birinə deyir:

-Bu iti götür, apar evə.

Elə ki, iti evə gətirirlər, kişi onu yedirdib doyuzdurur, öz əli ilə yaralarına yağ sürtür, iti bir müddət saxlayıb müalicə edir, it sağalır. Ondan sonra dəfələrlə təzədən həccə gedir, ehsanlar verir, qurbanlar kəsir. Sonradan Şamaxıya qayıdır və orada da ölür.

Bir müddət keçdikdən sonra onu yuxuda görürlər. Görürlr ki, kefi kök, damağı çağdır. Soruşurlar:

-Allah sənə nə elədi?

Deyir:

-Rəhm edib məni bağışladı. O qədər Məkkəyə getməyimin, dua etməyimin, ehsan verməyimin faydası olmadı, yalnız öz əlimlə yarasına yağ sürtdüyüm o it mənə kömək oldu. Nida gəldi ki: “Səni o itə görə bağışladım”. Bu qədər itaətdən sonra Axirətdə mənim əlimdən tutan yalnız o it oldu.

Bundan başqa belə də rəvayət edirlər ki, Həzrət Musa (ə) hələ çoban olduğu vaxtlar, ona Allahdan ona vəhy gəlməmişdən əvvəl bir dəfə qoyun otararkən təsadüfən heyvanlardan birinin dalda qaldığını görür. Həzrət Musa (ə) onu sürüyə qatmaq istəyir, qoyun qaçmağa başlayır. Həzrət Musa (ə) da onun dalısınca götürülür. Axırda qoyun yorulub taqətsizlikdən yerə yıxılır. Həzrət Musa (ə) deyir:

-Ay yazıq, axı niyə qaçırdın?!

Bu sözlərdən sonra o, qoyunu qaldırıb çiyinlərindən aşırdı, iki fərsənglik yolu boynunda gətirib sürüyə qatdı. Qoyun sürünü görən kimi qaçıb onlara qoşuldu. Bu çəkdiyi zəhmətə, qoyunu incitmədiyinə görə Musaya Allahdan nida gəldi:

-And olsun izzətimə, mən onu yüksəldib, özümə həmsöhbət edəcəyəm, peyğəmbərlik verəcəyəm.

Sonra bunların hamısını ona verdi.

 

27

 

NƏFSİ TƏRBİYƏ ETMƏK BARƏDƏ

 

Bismillahirrəhmanirrəhim!

 

Deyilənə görə, bir nəfər zahid otuz il imiş ki, kəllə-paça satırmış, amma heç vaxt özü ondan bir tikə də olsun belə yemirmiş. Bunun səbəbini soruşduqda deyir:

-Bir gün ürəyimdən kəllə-paça yemək həvəsi keçdi. Nəfsimə qulaqburması olsun deyə, kəllə-paça satmağı özümə peşə seçdim ki, hər zaman ixtiyarımda olmasına baxmayaraq, ondan dilimə vurmayım və beləliklə də heç bir ləzzətə meyl göstərməyim.

 

28

 

ALLAHIN QƏDƏRİNƏ BOYUN ƏYMƏK BARƏDƏ

 

Bismillahirrəhmanirrəhim!

 

Rəvayətlərin birində deyilir ki, Peyğəmbərin (s) böyük səhabələrindən biri olan Cabir bin Abdullah Ənsari ömrünün axır çağlarında zəifləyib əldən düşmüşdü. İmam Baqir  ona baş çəkməyə gedir və əhvalını soruşur, Cabir deyir:

-Elə bir haldayam ki, qocalığı cavanlıqdan, xəstəliyi sağlamlıqdan, ölümü həyatdan daha çox sevirəm!

İmam Baqir deyir:

-Mən beləyəm ki, əgər Allah məni qoca görmək istəsə, qocalığı daha çox sevərəm, əgər cavan görmək istəsə, cavanlığı daha çox sevərəm, əgər xəstə görmək istəsə, xəstəliyi, sağlam görmək istəsə, sağlamlığı daha çox sevərəm, əgər ölüm versə, ölümü, həyat bağışlasa, həyatı daha çox istəyərəm.

Elə ki, Cabir bu sözləri eşitdi, qalxıb o Həzrətin alnından öpdü və dedi:

-Allahın rəsulu (s) düz deyirmiş ki, [ölməyib] mənim adımı daşıyan övladlarımdan birini görəcəksən. İnək yeri yardığı kimi, o da elmi yarar.

 

29

 

İŞ BACARANLARIN YETİŞDİRİLMƏSİ BARƏDƏ

 

Bismillahirrəhmanirrəhim!

 

 

Səd ibn Vəqqasın dövründə Bağdad, Vasit, Ənbar, Xuzistan, Bəsrəyə baxan bir yəhudi vili var idi. Bir gün bu yerlərin əhalisi xəlifə Ömərə  ərizə yazıb ondan şikayət etdilər. Yazdılar:

“O vəzifəsini bəhanə edərək bizi incidir, bizi ələ salır, adam yerinə qoymur. Artıq dözməyə taqətimiz qalmamışdır. Olmaz ki, bizim üzərimizə bir müsəlman amil təyin edəsiniz həmdin olduğumuz üçün qanunsuzluq edib bizi incitməsin. Əgər bunun əksini etsə, yenə də müsəlmandan təhqir və istehza eşitmək yəhudidən yaxşıdır”.

Ömər bu ərizəni oxucaq dərhal dedi:

-Yəhudinin yer üzərində səlamət yaşaması bəs deyil ki, hələ bir müsəlmanlar üzərində ağalıq edib onlara əziyyət də verir.

Dərhal əmr etdi, Sədi ibn Vəqqasa məktub yazsınlar ki, o yəhudini işdən götürüb yerinə bir müsəlman təyin etsin.

Səd ibn Vəqqas məktubu oxuyan kimi dərhal bir atlı göndərdi ki, bu yəhudi harada olsa, Kufəyə gətirsin. Başqa süvariləri də göndərdi ki, Ərəb vilayətilərndə nə qədər müsəlman amil varsa, yığıb Kufəyə gətirsinlər. Yəhudini və başqa amilləri topladıqdan sonra məlum oldu ki, heç bir ərəb bu işi bilmir, ərəb olmayan müsəlmanlar içərisində də elə bir amil tapılmadı ki, yəhudidə olan bacarıq və qabiliyyət onda olsun. Heç kəs maliyyə işini onun qədər bilmirdi, gümüş hasil etməyi, adam tanımağı, mədaxili, məxarici hesablamağı bacarmırdı. Səd ibn Vəqqas nə edəcəyini bilmədi, yəhudini öz vəzifəsində saxlamağa məcbur oldu. Xəlifəyə belə bir məktub yazdı:

“Yəhudini gətirtdim, ərəblərdən heç kəs maliyyə və təsərrüfat işini bu yəhudi qədər bilmədi, işin xatiri üçün onu vəzifəsində saxlamağa məcbur oldum”.

Məktub Ömərə çatdıqda oxuyub qəzəbləndi və dedi:

-Çox qəribədir, ixtiyarıma qarşı ixtiyar, məsləhətimə qarşı məsləhət çıxarırlar.

Qələmi götürüb məktubun üzərində yazdı: “Yəhudi öldü”. Haman məktubu yenə Səd ibn Vəqqasa göndərdi, mənası bu idi ki, “İnsan ölə bilər. Amilin işdən çıxarılması ölümdür. Amil ölsə, ya onu vəzifədən çıxarsalar, iş bundan axsamamalı, bu vəzilə dərhal başqasına tapşırılmalıdır. Nə üçün belə acizlik və iradəsizlik göstərirsən? Fərz et ki, bu yəhudi ölmüşdür.”

Məktub Sədə çatan kimi, dərhal yəhudini həmin işdən götürdü, o vəzifəyə bir müsəlman göndərdi. Bir il keçdikdən sonra gördülər ki, müsəlman bu işi daha yaxşı yerinə yetirir, həm pul var, həm camaat razıdır, həm məhsul boldur, həm də ölkə abaddır. Belə olan halda Səd ibn Vəqqas ərəb əmirlərinə dedi:

-Əmirəlmöminin Ömər böyük şəxsiyyətdir, biz o yəhudi haqqında uzun bir sicilləmə yazdıq, o iki kəlmə ilə cavab verdi, o deyən kimi də oldu.

 

30

 

EHTİYATLI VƏ TƏDBİRLİ OLMAĞIN VACİBLİYİ BARƏDƏ

 

Bismillahirrəhmanirrəhim!

 

Nizam ül-mülk öz “Siyasətnamə”sində rəvayət edir ki, bir gün zamanəsinin qüdrətli hökmdarlarından olan xəlifə Süleyman bin Əbdülməlik təmtəraqlı qəbul düzəllmişdi, dövlət böyükləri, nədimlər də burada idilər. Birdən ağzından qaçırtdı ki: “Mənim dövlətim Süleyman ibn Davudun (ə) dövlətindən artıq olmasa da, əskik deyil, yalnız vəhşilər, divlər, pərilər onun fərmanında idilər, məndə yoxdur; məndə olan xəzinə, cah-calal, məmləkət, hökmranlıq bu gün dünyada heç kəsdə yoxdur.”

Orda olan böyüklərdən biri dedi:

-Ölkəyə lazım olan və ən yaxşı şahlarda olmuş bir şey bizim ölkədə yoxdur.

Süleyman bin Əbdülməlik soruşdu:

-O nədir?

Həmin şəxs dedi:

-O sənə layiq olan vəzirin yoxluğudur.

Xəlifə soruşdu:

-Nə demək istəyirsən?

Şəxs dedi:

-Sən şah və şahzadəsən, sənə elə layiqli bir vəzir  lazımdır ki, onun da on arxası vəzir olsun.

Süleyman bin Əbdülməlik soruşdu:

-Dünyada sənin dediyin bu xasiyyətdə bir vəzir tapmaq olarmı?

Kişi dedi:

-Olar.

Xəlifə soruşdu:

-Harada?”

Müsahibi dedi:

-Bəlxdə.

Soruşdu:

-O kimdir?

Dedi:

-Cəfər ibn Bərməkidir. Onun əcdadları Ərdəşir Babəkanın dövrünə qədər vəzir olmuşlar, qədim atəşgədələrdən hesab edilən Nobahar onların vəqfidir. İslam ortaya çıxdıqda, hakimiyyət əcəm xanədanının əlindən çıxdıqdan sonra onlar özlərinə Bəlxdə yurd saldılar və orada da qaldılar. Vəzirlik irsi olaraq onlara keçmişdir. Onlarda vəzirlik qayda-qanunları haqqında yazılar vardır. Elə ki, övladları yazı-pozu öyrəndilər, o kitabları onlara verərlər ki, oxuyub yadda saxlasınlar, əcdadların ruhunda tərbiyə olunsunlar. Bütün dünyada sənin vəzirliyinə ən layiq odur. Əlbəttə əmirəlmöminin özü yaxşı bilər. Bəni Üməyyə və bəni Mərvan xəlifələri içərisində Süleyman bin Əbdülməlikdən daha böyük və qüdrətli bir xəlifə olmamışdır.

Bu sözü eşitdikdə onda Cəfər Bərməki Bəlxdən gəlirmək və vəzirlik kürsüsündə oturtmaq arzusu oyandı. Elə bildi hələ də gəbrdir (atəşpərəstdir). Soruşdu. Dedilər ki, müsəlman olub, sevindi. Əmr etdi, Bəlxin valisinə yazsınlar ki, Cəfəri Dəməşqə göndərsin, xəzinədən yüz min dinar vermək lazım olsa belə versin, onu tam hörmətlə, xidmətə yola salsın.

Bəlxin valisi fərmanı oxucaq, Cəfəri Dəməşqə tərəf yola saldı. Hansı şəhərə çatırdısa, böyüklər onun pişvazına çıxır, təntənə ilə yola salırdılar. Beləliklə, gəlib Dəməşqə yetişdi. Süleyman əmr etdi, bütün böyüklər, sərkərdələr onu qarşılamağa çıxdılar, mümkün ola biləcək ən hörmətli, cah-calallı, dəbdəbəli bir şəkildə şəhərə gətirdilər və yaxşı bir sarayda düşürdülər. Üç gündən sonra onu Süleymanın xidmətinə apardılar. Süleymanın gözü ona sataşacaq, qədd-qaməti, xarici görünüşü xoşuna gəldi. Elə ki, Cəfər eyvana çıxdı, haciblər onu irəli apardılar, oturdu, Süleyman ona iti bir nəzər saldı, üzünü turşutdu və dedi:

-Rədd ol mənim qabağımdan.

Haciblər onu qamarlayıb dərhal oradan çıxartdılar. Heç kəs bunun səbəbini bilmədi. Günorta namazına qədər şərab məclisi düzəltdi, böyüklər gəldilər, nədimlər oturdular. Qədəhlər dolduruldu, badələr qaldırıldı. Bir neçə kuzə boşaldıqdan sonra nəşə gəldi, Süleymanın kefi kökəldi. Bunu görən nədimlərdən biri dedi:

-Xəlifə böyük bir vəzifə üçün Cəfəri çox böyük hörmət və şövkətlə gətirtdi, lakin əmirəlmöminin qarşısında oturub ağzını açmamış onu geri qovdunuz. Bütün böyüklər təəccüb etdilər. Bunun səbəbi nə idi?

Süleyman dedi:

-Əgər uzaq yoldan gəlməsəydi, böyükzadə olmasaydı, deyərdim dərhal boynunu vurardılar. Onda öldürücü zəhər var idi, ilk dəfə mənim qabağıma zəhər gətirmidi.

Böyük nədimlərdən biri dedi:

-İcazə verin gedim onun yanına, görüm bu məsələni boynuna alır, yoxsa danır.

Xəlifə dedi:

-Get.

Nədim o saat durub Cəfərin yanına getdi, soruşdu:

-Sən bu gün Süleymanın yanına gedəndə yanında zəhər var idi?

Cəfər dedi:

-Bəli, elə indi də vardır, budur, üzüyün qaşının altındadır. Atamdan miras qalmışdır. Hələ indiyə qədər bu üzüyün sayəsində bir qarışqa da məndən inciməyibdir, necə ola bilər ki, mən öz cinsimdən olan bir adamın ölümünə razı olam. Bəli, mən bunu öz işimin xatirinə, ehtiyat üçün gəzdirirəm. Mənim ata-babalarım mal-dövlət üstündə çox incidilmiş, çox əziyyət görmüşlər. Süleyman məni çağıranda mən nə üçün çağırıldığımı bilmirdim. Qorxdum məndən elə bir şey istəyə ki, yerinə yetirə bilməyəm. Onda özümü bu əzab-əziyyətdən qurtarmaq üçün üzüyün qaşını çıxarıb, zəhər içəcəkdim.

O kişi bu sözü eşitcək dərhal qayıdıb Süleymanın yanına getdi, əhvalatı ona danışdı. Süleyman Cəfərin belə ehtiyatlı, sayıq və uzaqgörənliyinə təəccüb etdi, ürəkdən onu bəyəndi, üzr istədi, əmr etdi, şah atlarından birini aparıb onu böyük cah-calal, hörmət və izzətlə dərgaha gətirdilər. Cəfər Süleymanın qarşısına çatdıqda baş əyib təzim etdi. Süleyman ona hörmət göstərib əlindən tutdu, yolu necə gəldiyini soruşdu, çoxlu xoş sözlər dedi, oturtdu, çiyninə vəzirlik xələti saldı, qarşısına mürəkkəbqabı qoydu, öz yanında bir neçə fərman yazdırdı. Süleymanı ogünkü kimi şən görən olmamışdı.

 

31

 

QƏLBDƏN GƏLƏN SÖZ PAYI

 

Bismillahirrəhmanirrəhim!

 

Deyilənə görə, bir dəfə Həzrət İsa (ə) həvvariləri ilə birlikdə Şam şəhərinin yaxınlığında bir yolla gedirdi. Yəhudilərin yanından keçəndə yəhudilər ona söz atdılar, təhqir edib, ünvanına söyüşlər yağdırdılar.

İsa (ə) onlara bir-iki xoş söz deyib, yoluna davam etdi. Bu hal həvvariləri bərk təəccübləndirdi və onlar ondan soruşdular:

-Ya peyğəmbər,  bizi bir başa sal görək, sənə sataşan, təhqir edən, nalayiq sözlər söyləyən bu adamlara nədən bu qədər xoş münasibət bəslədin, nədən onlara xoş sözlər söylədin? Sənin bircə klmən yerərdi ki, onların cavabını verək. Yerlərində oturdaq.

Həzrət İsa (ə) gülümsəyərək dedi:

-Kimin qəlbində nəyi varsa, ondan da pay verər. Onların qəlbindəki o idi, ondan pay verdilər, mənim qəlbimdəki də bu idi, bundan pay verdim.

 

32

 

BİR ADAMA İKİ VƏZİFƏ TAPŞIRMANIN FƏSADLARI BARƏDƏ

 

Bismillahirrəhmanirrəhim!

 

Nizam ül-Mülk rəvayət edir ki, zamanəsinin ən qüdrətli hökmdarlarından biri olmuş fars – Samani şahı Fəxrəddövlənin dövründə Bozorcəmid adlı dövlətli bir atəşpərəst var idi, o, Təbərək dağında özünə bir məbəd tikdirmişdi. Bozorcomid onu həmin dağın kəlləsində hazırlamaq üçün çoxlu qızıl xərcləmiş, böyük əmək sərf etmişdi. Bir kişi də var idi, adına Baxorasan deyərdilər. Məbəd hazır olan günü bir bəhanə ilə onun üstünə çıxıb ucadan namaz qılmağa başladı. Məbəd atəşpərəstlərin nəzərində batil oldu. Ondan sonra məbədin adını “Tamaşa qalası” qoydular. İş belə gətirdi ki, Fəxrəddövlə zamanının sonlarında xəbərçilər xəbər verdilər ki, hər gün qırx adam şəhərdən çıxıb bu “tamaşa qalası”ma gəlir, gün batana qədər orada qalır, sonra enib şəhərə dağılışırlar. Biri onlardan soruşanda ki: “Axşama qədər siz orada nə edirsiniz?” Cavab verirdilər ki: ”Tamaşaya gedirik.”

Fəxrəddövlə əmr etdi:

-Onları mənim yanım gətirin! Onlardan hər nə görsəniz, mənə xəbər verin.

Saray adamlarından bir dəstə gedib o dağa çıxmaq istədilər, bacarmadılar. O “qalanın” altında qışqırdılar. Yuxarıdakılar da eşidib aşağı baxdılar, Fəxrəddövlənin bir neçə yaxın adamını birlikdə gördülər. Nərdivan salladılar. Hökmdarın adamları yuxan qalxdılar. Baxdılar, şahmatın düzüldüyünü, nərdin açıldığını, ortada qələm, kağız, süfrə, su kuzəsinin olduğunu gördülər.

Gələnlər dedi:

-Sizi Fəxrəddövlə çağırır.

Qaladakılar Fəxrəddövlənin yanına gəldilər. Təsadüf elə gətirdi ki, həmin an Fəxrəddövlənin vəziri Sahib Kafi də orada idi. Vəzir onlardan soruşdu:

-Siz kimsiniz və nə üçün hər gün bu qalanın üstünə çıxırsınız?

Dedilər:

-Tamaşaya gedirik.

Sahib Kafi dedi:

-Tamaşa bir gün, iki gün olar. Siz çoxdan bu işi gizli saxlayırsınız. Doğrusunu deyin görək, siz nə işlə məşğulsunuz?

Dedilər:

-Heç kəsdən gizli deyildir, biz nə oğruyuq, nə qatilik, nə bir adamın arvadını, nə övladını aldatmışıq, nə də bir adam bizdən Fəxrəddövlənin yanına şikayətə getmişdir. Əgər şah bizə aman versə, biz deyərik ki, kimik.

Fəxrəddövlə dedi:

-Canınıza və malınıza aman verirəm.

Sonra and içdi. Onlar dedilər:

-Biz sənətkar və təsərrüfatçılarıq. Dövlətdən məhrum olub işsiz qalmışıq, heç kəs bizə bir vəzifə vermir. Hayımıza qalmır. Eşitmişik ki, Xorasanda Sultan Mahmud Qəznəli adlı bir türk şah meydana çıxıbdır, alimlərin, fazillərin xəridarıdır, onları məhv olmağa qoymur. İndi biz könlümüzü ona vermişik, ümidimizi bu ölkədən üzmüşük.  Hər gün Tamaşa qalasına gedib dünyadan şikayətimizi orada müzakirə edir, dərdimizi bir-birimizə deyirik. Kim yoldan keçirsə, ondan Mahmud şahı xəbər alırıq. Xorasanda olan yoldaşlarımızla yazışır, onlardan xahiş edirik ki, kömək etsinlər, Xorasana gedək, külfətimiz çox, vəziyyətimiz ağırdır. Zərurət üzündən doğma vətəni tərk edirik. Indi fərman hökmdarındır.

Fəxrəddövlə bu sözü eşitdikdə üzünü vəzirə çevirib dedi:

-Bu barədə nə deyə bilərsən, indi biz onlara nə etməliyik?

Vəzir dedi:

-Şah onlara aman vermişdir. Qələm sahibidirlər, məşhur adamdırlar, nəcib insandırlar. Bəzilərini tanıyıram. Bunlar mənə aiddir, onları mənə tapşırın, nə lazımsa hamısını edər və sabah xəbərini şaha çatdıraram.

Fəxrəddövlə buyurdu ki, onları aparıb vəzirin sarayına tapşırsınlar. Şahın adamları hamısını götürüb vəzirinin sarayına apardılar və geri qayıtdılar. Aparılanların hamısı əllərini canlarından üzmüşdülər. Vəzir gələn kimi dərhal onları çağırtdı.

Bir az keçmişdi ki, bir fərraş gəlib onları çox qəşəng bəzədilmiş bir otağa apardı, gözəl yerlərdə oturtdu. Bir azdan süfrə açıldı, çörək yedilər, əllərini yudular. şərab gətirildi, mütriblər gəlib rud çalmağa başladılar, şəraba əl atdılar.

Fərraşdan başqa heç kəsi o evə buraxmırdılar, heç kəs bilmirdi ki, onların vəziyyəti necədir. Bütün şəhər kişili-arvadlı onların qəmini çəkir, övladları, qohum-qardaşları isə qan-yaş tökürdülər.

Üç-dörd gün keçdikdən Sonra vəzirin kömkçilərindən biri gəlib dedi:

-Vəzir buyurur ki, mənim evim həbsxana olmağa layiq deyil, siz bu günü və bu axşamı mənim qonağımsınız, kefinizi kök, damağınızı çağ edin. Sabah o, divandan qayıtdıqdan sonra sizin işinizi sahmana salacaqdır.

Sonra köməkçi dərzinin çağırılmasını əmr etdi, iyirmi ipək cübbə biçdirdi, iyirmi ədəd çalma hazırlatdı, iyirmi yəhərli, yaraqlı at gətirtdi. Sabahısı günəş dağın arxasından doğarkən, bunların hamısı hazır oldu.

Sonra vəzir onların hamısını öz yanına çağırdı, hərəsinə bir cübbə və çalma geydirdi, at və yaraq verdi, hərəsinə bir vəzifə tapşırdı, bəzilərinə təqaüd təyin etdi, hamısına bəxşiş verib, razılıqla evlərinə yola saldı. Sabahısı hamısı geyimli-keçimli halda vəzirin görüşünə getdi. Vəzir dedi:

-İndi daha Sultan Mahmuda xahişnamə yazmayın, ölkəmizə qarğış etməyin, deyinib şikayətlənməyin.

Vəzir Fəxrəddövlənin yanına getdikdə soruşdu:

-O adamlarla nə etdin?

Vəziri:

-Şahım, hamısına at, yaraq, cübbə və çalma bağışladım, kimin bu divanda iki vəzifəsi var idisə, birini alıb onlara verdim, hamısını işlə təmin edib evlərinə yola saldım. İndi hamısı sizə dua edirlər.,,

Bu, Fəxrəddövlənin xoşuna gəldi, bəyəndi və dedi:

-Başqa cür etsəydin yaxşı olmazdı, kaş bu il etdiyini iki il bundan əvvəl etmiş olaydın ki, onlar bizim düşmənlərə meyl göstərməyəydilər. Bundan sonra iki vəzifə bir adama tapşırılmamalıdır, hər adama bir iş tapşırılmalıdır ki, bütün mütəxəssislərin vəzifəsi olsun, bütün işlər qaydasında getsin. Bir adama iki vəzifə tapşırıldıqda mütəxəssislərin vəziyyəti ağırlaşar, rəqiblər deyərlər ki, onların şəhərində kişi qalmamışdır. Görmürsənmi, böyüklər deyiblər:  “Hər işin bir adamı, hər adamın bir işi var.” Ölkədə böyük, kiçik və orta vəzifələr olar. Hər amilə mütəsərrifə, onun ləyaqətinə, biliyinə və imkanatına görə bircə vəzifə tapşırmaq lazımdır. Bir vəzifəsi olan ikinci vəzifə eşqinə düşərsə, imkan vermə, qoyma ki, bu zərərli iş dəb şəklini alsın.

 

33

 

XALQINI SEVMƏK BARƏDƏ

 

Bismillahirrəhmanirrəhim!

 

Belə rəvayət edirlər ki, zamanəsinin ən böyük alimi kimi şöhrət tapmış imam Cəfəri Sadiq bir gün nökəri Müğbül ilə birlikdə bazarın yanından keçirmiş. Bu o zamanlar idi ki, bütün ölkədə quraqlıq olduğundan taxıl sarıdan böyük bir qıtlıq yaranmışdı. Bu üzdən də buğda, arpa, çovdar və digər dənli bitkilərin qiyməti kəllə-çarxa qalxmışdı.

İmam Müğbüldən soruşdu:

-Söylə görüm, bizim ambarda nə qədər taxıl var, yəni neçə aya çatar?

Müğbül fikrə getdi, bir qədər düşündükdən sonra dedi:

-Altı ay hamımızı gen-bol görər.

İmam dedi:

-Sən bir bazara baş çək, bax gör buğdanın qiyməti neçəyədir.

Müğbül “Baş üstə” deyib getdi, imam da evə döndü. Bir – iki saatdan sonra evə gələn nökər bildirdi:

-Ya imam, bazar od tutub yanır. Bütün dükanları gəzdim. Hər yedə buğdanın bir pudu beş dinaradır.

İmam:

-Anbarımızda nə qədər buğda varsa, hamısını bazara çıxar, pudunu dörd dinardan satdır, əvəzinə saf arpa al, vur anbara.

Müğbür bu sözlərdən bərk təəccüblndi, mat-məəttəl qalıb, yerindəcə dondu.

Cəfəri sadiq (ə) soruşdu:

-Müğbür, nə oldu sənə, niyə yerində donub qalmısan?

Nökər:

-Canım sənə fəda olsun, ya imam! Vallah, bu işinə mat-məəttəl qalmışam. Niyə buğdanı bu qədər ucuz satıb əvəzinə arpa almalı olduğumuzu heç cür başa düşə bilmirəm.

İmam gülümsəyərək dedi:

-Xalq yavan çörək, vələmir, arpa yediyi zaman, xalqını sevən hər kəs onun yediyindən yeməli, özünü ondan ayrı və üstün tutmamalıdır.

 

 

34

 

ŞÖHRƏTPƏRƏSTLİYİN  CAHİL VƏ NADAN ADAMLARA XAS BİR XÜSUSİYYƏT OLMASI BARƏDƏ

 

Bismillahirrəhmanirrəhim!

 

Deyilənə görə, Sultan Mahmud Qəznəvi sultanlığa çatdıqdan sonra xəlifənin bütün müsəlman hakimlərə müxtəlif yüksək ləqəblər verdiyini görüb, xəlifə Əlqadir Billaha məktub yazıb, ondan özünə bir ləqəb istədi, xəlifə də onu “Vəminəddövlə” ləqəbi ilə mükafatlandırdı.

Bu hadisədən illər keçdi. Mahmud Nimruzu, Xorasanı, Somnata qədər Hindistanı və bütün İraqı tutduqdan sonra xəlifəyə çoxlu hədiyyə və bəxşiş göndərməklə ləqəbinin artırılmasını istədi, lakin xəlifə qəbul etmədi. Mahmud on dəfə elçi göndərdi, yenə də fayda vermədi.

Sultan bunun səbəbini heç cür anlaya bilmirdi. Başa düşmürdü ki, xəlifə niyə Səmərqənd xaqanına üç ləqəb –  Zəhirəddövlə, Moin  və Xəlifətullah ləqəblərini verdiyi halda onu bu şərəfdən məhrun edir. Bu hal Mahmuda çox ağır gəlirdi. Odur ki, bir dəfə də elçi göndərdi, onunla xəlifəyə bir məktub yola saldı. Mktubda yazılmışdı:

“Mən bütün kafir ölkələrini fəth etmişəm, sənin adından qılınc vururam, amma sən mənim təyin etdiyim xaqana üç ləqəb veribsən, bu qədər xidmətlərimə baxmayaraq mənə isə sadəcə bir ləqəb. Bunun səbəbi nədir?!

Xəlifə cavab məktubunda yazdı:

“Ləqəb şöhrət üçündür, onu o adama verirlər ki, öz elmi və ya şücaəti ilə şöhrət qazana bilməyib. Verirlər ki, bu yolla şöhrəti artsın, həvəsə gəlib sidq ürəklə xidmət etsin. Sən isə özün şərəf və şöhrət timsalısan, sənə bir ləqəb də kifayətdir. Lakin xaqan kəmsavad və nadan bir adamdır. Ona görə xahişini yerinə yetirib ləqəblərini artırmışam. Sən isə bütün elmlərə vaqifsən, şücaət sahibisən və bizə daha yaxınsan. Biz sənin haqqında düşündüyündən daha yaxşı fikirdəyik.”

 

35

 

MƏRHƏMƏT VƏ QAYĞI

 

Bismillahirrəhmanirrəhim!

 

Peyğəmbərimizin (s) səhabələrindən olmuş Zeyd bin Əsləm rəvayət edir ki, bir gecə xəlifə Ömər şəxsən özü keşikçiləri yoxlayırdı, Zeyd də onunla birlikdə idi. Mədinədən çıxdılar. Səhrada uçuq bir ev var idi, onun divarı arxasından işıq gəlirdi. Ömər Zeydə dedi:

-Ya Zeyd, gəl gedək görək, oradakı kimdir..

Getdilər, yaxınlaşanda bir qadın gördülər. Odun üstünə qazan qoyulmuşdu, qarşısında iki körpə yatırdı, özü isə deyirdi:

-İlahi mənim qisasımı Ömərdən sən özün al, o doyunca yemişdir, biz isə acından ölürük.

Həzrət Ömər qadının sözünü eşidib Zeydə dedi:

-Bütün adamlardan yalnız bu qadın məndən Allaha şikayət edir. Sən burada dayan, mən qadından soruşum görüm nə olub?!

Xəlifə qadının yanına gedib soruşdu:

“Bu gecə yarısı bu çöldə nə bişirirsən?

Qadın dedi:

-Mən yoxsul bir qadınam. Mədinədə sığınacaq bir yerim yoxdur, əlimdən də bir iş gəlmir, iki körpəm acından ağlayır, qışqırır. Mənim də heç bir şeyim yoxdur ki, verim ovunsunlar. Ona görə mən də çıxıb bu səhraya gəldim ki, qonum-qonşu onların nə üçün ağladıqlarını bilməsinlər. İndi onlar hər dəfə acından ağlayıb yemək istədikdə mən də bu qazanı su ilə doldurub bu ocağın üstünə qoyuram, elə bilsinlər bir şey bişirirəm. Bu ümid ilə də yatırlar. İndi iki gündür ki, nə mən, nə onlar sudan başqa bir şey yeməmişik.

Həzrət Ömər dedi:

-Ömərə qarğış etməkdə sən haqlısan. Bir az burada gözlə, mən bu saat gəlirəm. Sonra Həzrət Ömər qayıdıb tələsik evlərinə qaçdı. Bir saat keçməmişdi ki, çiynində iki xurcun geri qayıtdı. Zeydə dedi:

-Qalx, yenə gedək o qadının yanına.

Zeyd ona dedi:

-Ya əmirəlmöminin, heç olmazsa ver bu xurcunları mən götürüm.

Ömər dedi:

-Ya Zeyd, indi sən götürsən, bəs qiyamət günü mənim yükümü kim götürəcək?!

Qaça-qaça qadının yanına gəldi. Gətirdiyinin hamısını qadının qarşısına qoydu. Xurcunun biri un, biri düyü, quyruq yağı ilə dolu idi. O Zeydə dedi:

-Ya Zeyd, bir az odun tap gətir.

Zeyd odun dalınca getdi. Həzrət Ömər də gedib su gətirdi, qadının qarşısına qoydu. Qadın yağlı bir fətir bişirdi, şorba hazırladı, sevincindən ağlayırdı. Elə ki hər şey hazır oldu uşaqları yuxudan oyatdı. Uşaqlar oturub doyunca yedilər, anaları ilə oynamağa başladılar.

Həzrət Ömər qadını və uşaqları evinə apardı və dedi:

-Daha Ömərə qarğış etmə, bağışla, sənin belə olduğundan xəbəri yox idi.

Qadın ona baxıb dedi:

-Allah haqqı sən Ömərsən.

Həzrət Ömər dedi:

-Bəli, mənəm.

Yazıq, miskin qadın dedi:

-Allah səni bağıslasın, bizi diriltdin.

Bu mövzuda dövrümüzədək daha bir maraqlı rəvayət yetişmişdir. Rəvayətə görə, çox ölkələr fəth etdiyinə görə “Fateh” ləqəbini qazanmış Sultan Məhəmməd uzun illərdi ki, Peyğəmbərin (s) İstanbulun İslam aləminə qazandırılmasının vacibliyi barədə dedikləri üzərində düşünür, Rəsulullahın (s) müjdələdiyi böyük İslam sərkrdəsinin məhz o özü olduğunu hiss edirdi. Bu böyük vəzifənin icrasının nə zaman yetişəcəyini bilmirdi. Bir gün o, təğyiri-libas olub, qiyafəsini dəyişib, şəhərə çıxdı ki, xalqın içində gəzib dolaşsın, millətin buna hazır olub-olmadığını öyrənsin.

Sultan Məhəmməd çox dolaşdıqdan sonra bir dükana girdi dükan sahibindn bir batman yağ istədi. Pulunu ödədikdən sonra soruşdu:

-Bəs, balın necə, varmıdır?

Dükançı dedi:

-Olmağına var, amma, bağışla, verə bilmərəm.

Sultan təəccüblə soruşdu:

-Niyə:

Dükançı:

-Mənim alverim səhərdən pis getmir. Sən də yağ aldın, ailəmin bugünkü çörək pulunu çıxardım. Bu mənə yetər. Amma qonşu dükançının alveri bir az zəif olub. Zəhmət olmasa, balı da ondan al ki, o da bu gün arvad-uşağını sevindirə bilsin. Məndən də incimə.

Sultan bir söz deməyib, qonşu dükana yollandı. Bir batman bal da bu dükandan aldı. Soruşdu:

-Pendirin də varmı?

Dükan sahibi dedi:

-Var, amma bağışla, verə bilmərəm.

-Niyə? – deyə hökmdar soruşdu.

Baqqal dedi:

-Bilirsən, mənim bu gün, pis-yaxşı, bir az alverim olub. Sən də bal aldın. Ailəmin bugükü ruzisini çıxardım. Amma üzbəüz dükanda bu gün alver hrç olmayıb. Zəhmət olmazsa, pendiri də ondan al ki, o da uşaqlarına bir şey apara bilsin.

Sultan üzbəüzdəki baqqal dükanna yollandı, pendiri də oradan aldı. Həmin dükanda da eyni halla qarşılaşdı, bu yolla on beş dükan gəzib alış-verişini tamam etdi. Çox sevindi, ürəyində dedi: “Bir-birilərinə bu qədər mərhəmət və qayğı göstərən xalqla nəinki İstanbulu, dünyanın yarısını fəth etmək olar”.

Odur ki, saraya gələn kimi fərman verdi ki, ordu İstanbul səfərinə hazırlaşsın.

 

36

 

DÜNYA MALINI XALQIN YOLUNDA SƏRF ETMƏYİN VACİBLİYİ BARƏDƏ

 

Bismillahirrəhmanirrəhim!

 

Deyirlər ehtiyacı olan adamlardan bir dəstə yığışıb xəlifə Harunn ər-Rəşidə ərizə yazdılar ki: “Biz Allah bəndələriyik, böyük adamların övladlarıyıq, bəzilərimiz Quran əhli, bəzilərimiz alimik, bəzilərimiz şərəf sahibiyik, bəzilərimizin əcdadlarının bu dövlətdə haqqı vardır, hamımız müsəlmanıq, dinimiz pakdır, bizə də dövlət malından bəzi şey çatmalıdır; sən isə hər gün öz şəhvətini söndürmək üçün dövlət pulunu xərcləyir, bizə isə bir qara quruş da vermirsən. Bizim də payımızı ayırmalısan, əks-halda o, izzət və cəlal sahibi Allaha pənah aparıb ona yalvarırıq ki, onun müsəlmanlara rəhmi gəlsin”.

Ərizəni oxuduqda Harun ər-Rəşidin halı dəyişdi, xüsusi sarayına çəkilib həyəcan və iztirab keçirməyə başladı. Zübeydə Xatun onuıı qanıqara olduğunu görüb soruşdu:

-Nə olub?

Xəlifə əhvalatı arvadına danışdı. Zübeydə Xatun dedi:

-Bax gör, səndən qabaqkı xəlifələr və böyük adamlar Allah bəndələri ilə necə rəftar ediblərsə, sən də elə et. Lakin Şübhəsizdir ki, dövlət malı müsəlmanlarındır. Sən isə ondan çox xərcləyirsən. Sən müsəlmanların malı ilə elə rəftar et ki, necə müsəlmanlar sənin malın ilə rəftar edirlər. Onlar səndən şikayət edirsə, haqları vardır.

Təsadüfən o gecə hər ikisi yuxuda gördü ki, qiyamətdir, xalq hesab çəkilən yerə toplanmışdır, adamları bir-bir irəli çağırırlar, Harun ər-Rəşidi və Zübeydə Xatunu behiştə sarı aparırlar. Bu zaman bir məlaikə onların əlindən tutur. Onlar deyilər:

-Bizi hara aparırsan?

Məlaikə:

-Məni Peyğəmbər (s) göndərdi, buyurdu ki, nə qədər burdayam, qoyma onları mənim yanıma gətirsinlər, utanaram, onlara şəfaət edə bilmərəm, çünki onlar xalqın malını öz malları bilmiş, müstəhəqləri məhrum etmişlər, özləri də mənim yerimdə oturmuşdular.

Hər ikisi yuxudan diksinərək ayıldı. Ayıldıqda Harun ər-Rəşid Zübeydə Xatundan soruşdu:

-Sənə nə oldu?

Qadın yuxuda gördüklrini danışdı və bərk qorxduğunu söylədi. Harun dedi:

-Mən də eyni yuxunu görmüşəm.

Hər ikisi şükr etdi. Sabahısı gün xəzinənin qapısını açdılar, car çəkdilər ki, kim müstəhəqdirsə gəlsin payını verək. Hər tərəfdən camaat axışıb gəlməyə başladı, gələnlərin sayı-hesabı yox idi.

Xəlifə əmr etdi, yemək-içmək və dolanmaq üçün camaata üç dəfə min dinar verdilər. Sonra Zübeydə dedi:

-Xəzinə, dövlət malı sənin əlindədır, onun cavabını da qiyamətdə səndən soruşacaqlar. Sən məndən qabağa düşüb, Allahın köməyi ilə bəzilərinin könlünü ələ ala bildin. Lakin verdiklərinin hamısı xalqın malı idi. Mən isə nə etsəm, Allah-taala xatirinə qiyamət günü nicat tapmaq üçün öz malımdan edəcəyəm.

Sonra Zübeydə öz malından bir neçə dəfə min-min dinar payladı, əmr etdi Kufə qapısından, Məkkə yolunda hər mənzilbaşı bir quyu qazdılar. Bu quyuların hamısı daş, kəc və bişmiş kərpicdən idi. Heç kəs belələrini qazdırmamışdı. Bunların hamısını ehsan kimi tikdirirdi.  Sonra əmr etdi sərhədlərdə qala və istehkamlar tiksinlər, döyüşçülər üçün silah və at alsınlar, torpaqlarının çoxunu vəqfə versinlər. Qalan malından Kaşğar sərhəddində möhkəm bir şəhər tikdirdi, adını Bədəxşan qoydu. O ətrafda bir neçə karvansaray tikdirdi. Xarəzm yolunda, İskəndəriyyə qapısında və başqa yerlərdə hasar çəkdirdi, qala saldı, yenə də malından çox qaldı. Əmr etdi Mədinə və Beyt ül-Müqəddəsdə xütdamlar arasında paylasınlar.

 

37

 

SÜFRƏ AÇIB ACLARI DOYURMAĞIN XEYRİ

 

Bismillahirrəhmanirrəhim!

 

Peyğəmbərlər tarixində yazıldığına görə, izzət və cəlal sahibi olan Allah möcüzələr, kəramət və fəzilətlər sahibi olan Musanı (ə) Firona qənim göndərmişdi.

Belə rəvayət edirlər ki, fironun süfrəsində hər gün dörd yüz qoyun, dörd yüz inək, iki yüz dəvə və buna müvafiq olaraq müxtəlif çərəz, şirniyyat və başqa şeylər olardı. Misirin bütün əhalisi və qoşunu onun süfrəsindən xörək yeyərdi. O dörd yüz il idi ki, allahlıq iddiası edirdi. Həmişə də belə süfrə açırdı.

Musa (ə) bir gün dua edib dedi:

-İlahi, Fironu məhv et!

Allah Musanın duasını qəbul etdi və dedi:

-Onu suda batıracağam, bütün dövlətini, arvadlarını, qoşunlarım sənə və sənin ümmətlərinə bağışlayacağam.

Bir neçə il keçdi, Firon yenə də allahlıq iddiası ilə eyni cəh-cəlalla gün keçirirdi. Musa (ə) tələsirdi, istəyirdi ki, Allah-taala nə qədər mümkünsə, Fironu bir o qədər tez məhv etsin, artıq səbri qalmamışdı, qırx gün oruc tutdu. Sina dağına gedib yalvarmağa və dua etməyə başladı, münacat vaxtı Allah-taalaya dedi:

-İlahi, Fironu məhv etməyə söz verdin, o isə küfr və iddiasını heç azaltmır, bəs nə vaxt məhv edəcəksən?! Allah-taaladan nida gəldi:

-Ya Musa, sənə lazımdır ki, mümkün olduqca onu tez məhv edim, amma hər gün min kasıb bəndəmə də lazımdır ki, doyunca çörək yeyə bilsin və o bəndələrim onun nemətini yeyir, onun sayəsində güzəran keçirirlər. And olsun mənim izzətimə, nə qədər ki, o xalqa çörək verir, dövlətini əsirgəmir, onu məhv etməyəcəyəm.

Musa (ə) dedi:

-Bəs onun vədinin müddəti nə vaxt qurtaracaq?

Cavab gəldi:

-O, çörək verməyi azaltdıqda, bil ki, onun əcəli çatmışdır.

İş elə gətirdi ki, bir gün Firon Hamana dedi: “Bu Musa bəni İsraili başına toplayıb bizə əziyyət verir, bilmirəm onunla bizim işimizin axırı nə olacaqdır. Xəzinəni dolu saxlamaq lazımdır ki, heç vaxt başqasına ehtiyacım olmasın. Hər gün payların yarısını kəsib xəzinəyə qoymaq lazımdır ki, ehtiyat yığılsın.

Elə də etdilər, hər iki-üç gündən bir payları azaltdılar. Musa (ə) bildi ki, Haqq-taalanın verdiyi vədin vaxtı yaxınlaşır, çünki mal toplamaq çox zaman bədbəxtlik və fəlakətə səbəb olar.

Deyilnə görə, firon sulara qərq olan günü onun mətbəxində cəmi iki qoyun kəsilmişdi.

 

 

38

 

BU DÜNYANIN MÖMİNLƏR ÜÇÜN CƏHƏNNƏM, KAFİRLƏR ÜÇÜNSƏ CƏNNƏT OLMASI BARƏDƏ

 

Bismillahirrəhmanirrəhim!

 

Deyilənə görə, bir gün Əbdülqadir Gilani həzrətləri öz təzə libaslarından birini geyinib, köhlən atına minib qonaqlığa gedirmiş. Qonşuluqda yaşayan bir yəhudi onun müsəlmanlar arasında böyük hörmət sahibi olduğunu, məhəllədəki bütün məsihi və yəhudilərin də ona eyni dərəcədə hörmt etdiyini, bir çox məsihi və yəhudinin onunla söhbətdən sonra öz dinlərini buraxıb İslamı qəbul etdiyini bildiyindən onu hər kəsin gözü qarşısında xar etmək qərarına gəlir. Öz ən nimdaş və yamaqlı libaslarından birini geyinib, həmin həzrətin qarşısını kəsir və deyir:

-Ey Əbdülqadir Gilani, izn ver sənə bir sual verim.

Əbdülqadir Gilani deyir:

-Buyur.

Yəhudi:

-Düz deyirlər ki, sən bu dünyanın möminlər üçün cəhənnəm, kafirlər üçün isə cənnət olduğunu söyləmisən?

Gilani həzrətləri cavab verir:

-Düz deyirlər, söyləmişəm.

Yəhudi soruşur:

-Yenədəmi o fikirdəsənmi ki, bu dünya möminlər üçün cəhənnəm, kafirlər üçün isə cənnətdir.

Əbdülqadir Gilani:

-Bəli, elədir.

Yəhudi:

-O zaman məni başa sal, bax, sən mömin bir insan, mən isə kafirəm, sən gözəl, təzə libas geyinmisən, mənsə cır-cındır içindəyəm. Sən at belindəsən, mənsə piyadayam. İndi söylə görüm, bu dünya hansımız üçün cəhənnəm, hansımız üçün cənnətdir?

Gilani həzrətləri onu yaxına çağırır, əbsanın sağ yaxasını aralayıb deyir, diqqətlə bax, nə görürsən?

Yəhudi:

-Mən cənnəti görürəm, səni cənnətdə büllur sarayda, ipək libasda, hurilərin arasında görürəm. Qulluğunda duran qılmanlar sənə şərab süzür.

Sonra Əbdülqadir Gilani əbasını sol yaxasını gen açıb soruşdu:

-Diqqətlə bax, bəs, indi nə görürsən?

Yəhudi baxan kimi rəngi qaçdı, dili topuq vurmağa başladı, kəkələyə-kəkələyə dedi:

-Mən göylərə qədər ucalan cəhənnəm atəşi görürəm. Özümü onun içində yanan və çığıran halda görürəm.

Gilani həzrətləri gülümsəyərək dedi:

-İndi gördünmü ki, bu dünya möminlər üçün onları o biri dünyada gözləyən cənnətlə müqayisədə cəhənnəm, kafirlər üçün isə onları gözləyən cəhənnəm atəşi ilə müqayisədə cənnətdir?

Yəhudi dili topuq çala-çala dedi:

-Gördüm, ya şeyx! Bu gündən tövbə edir və Allahın birliyinə, Məhəmmədin (s) onun Elçisi olduğuna şəhadət gətirirəm.

 

39

 

SAĞLAM HƏYAT TƏRZİ

 

Bismillahirrəhmanirrəhim!

 

 

Rəvayətə görə Peyğəmbərin (s) zamanında Rum ölkəsində Heraklus adnda bir hökmdar padşahlıq edərmiş. Bu padşah İslam Peyğəmbəri (s) ilə dostluq əlaqəsi saxlayar, onunla məktublaşarmış. Məktublarında dostcasına Rəsulullahın (s) halı ilə maraqlanarmış.

Günlərin birində Heraklus Peyğəmbərə çox sayda bahalı hədiyyə və bir nəfər də həkim göndərir. Həkim Rəsulullahın (s) hüzuruna gəlib deyir:

-Məni şahım hüzurunuza göndərib ki, sizin xəstələrə baxım, dərdlərinə çarə edim.

Peyğəmbər (s) dərhal göstərirş verdi ki, həkimə qalması və xəstələri qəbul edə bilməsi üçün bir ev ayrılsın. Gündəlik yemək – içməyi və digər ehtiyacları da vaxtı-vaxtında ödənsin. Səhabələr dərhal həkimə bir ev verdilər. Lazım olan hər bir şeylə də təmin etdilər. Lakin günlər keçməsinə baxmayaraq, ona bircə nəfər də olsun, xəstə müraciət etmədi. Həkim dərin fikrə getdi, ürəyində düşündü: “Neçə gündür buradayam, yeyirəm-içirəm, amma indiyə qədər heç kəs mənə müraciət etməyib. Əgər sabah Peyğəmbər (s) məni yanna çağırıb, indiyə qədər neçə xəstənin dərdinə əlac etdiyimi soruşsa, ona nə cavab verərəm, üzünə necə baxaram?”

Həkim xəcalət hissi ilə Rəsulullahın (s) yanına gəlib dedi:

-İndiyə qədər bircə nəfər də olsun, mənə müraciət etməyib. Mənsə elə sizin hesabınıza yeyib-içir, yatıram. Ona görə də çox xəcalət çəkirəm. Madam ki, mənə ehtiyac yoxdur, icazə verin, sizə təşəkkürümü bildirim və evimə, məmləkətimə dönüm.

Rəsulullah (s) dedi:

-Əgər getmək istəsən, bu barədə bizi sadəcə xəbərdar etmən yetər. Yox, qalmaq istəsən, bil ki, əziz qonağımızsan. Qonaq Allah qonağıdır və qonağa xidmət hər müsəlmanın şərəf işidir. Amma bil və agah ol ki, nə qədər qalsan da yanına heç bir xəstə gəlməyəcək. Çünki bizim dinimiz bizə xəstəliklərdən necə qaçmağın yolunu göstərməkdədir. Dinimiz bizə təmizliyə riayət etməyi, ac olmadıqca artıq yemək yeməməyi, doyan kimi süfrədən qalxmağı buyurur. İnsanları pis vərdişlərdən uzaq olmağa sövq edir.

Bu sözləri eşidən həkim dərhal şəhadət gətirib, İslam dinini qəbul etdi.

Bal şirin eyləyər sağlam mizacı,

Lakin can verənin deyil əlacı.

Əgər bir insanda qalıbsa həyat,

Ona fayda verər yediyi nabat.

Hər kəsin bədəndə qalmasa qanı,

Onu sağaldarmı həkim dərmanı?

Hər kimin beynini əzibdir polad,

Səndəl sürtsən, ona eyləməz imdad.

Xətər qılıncını sanma əyləncə,

Qəzanın önündə gəl açma pəncə.

Həzmə versə yeyib-içməyi mədən,

Saf olar ürəyin, sağ olar bədən.

Əgər bir gün mədən pozulsa tamam,

Bütün bədənini incidər təam.

Mizac isti olur, soyuq, yaş, quru,

Bu dörd şeylə artır gözünün nuru.

Bu dörd şeydən biri göstərsə qüvvət,

Bütün mizacını pozar təbiət.

Küləktək əsməsə nəfəsin bir an,

Mədən can evində qaldırar heycan.

Mədə qazanında coşmasa xörək,

Nazənin bədəni saxlamaz ürək.

Ağıllı bir şeydə görsə ziddiyyət,

Çəkinər o şeydən, eyləyər nifrət.

Artmaz çox yeməkdən canın qüvvəti,

Bədən pərvərişdən alır qüdrəti.

 

40

 

SƏRVƏTIN DƏYƏRİ

 

Bismillahirrəhmanirrəhim!

 

Belə rəvayət edirlər ki, Abbasilər sülaləsinin xəlifəliyi dövründə Məhəmməd əl – ibni Səmmaq adında dərin bilikli, iti zəkalı və çox hazırcavab bir alim yaşayıbmış. Günlərin birində bu alim xəlifənin hüzuruna gəlir. İçəri girəndə görür ki, xəlifə ağzını marçıldadaraq, ayağını yelləyərək, əlindəki bardaqdan ləzzətlə su içir. Xəlifə onu görüb qaşlarını qaldıraraq deyir:

-Ya ibn Səmmaq mənə elə bir nəsihət ver ki, ondan ibrət götürə bilim.

Alim cavabında deyir:

Ya əmirəlmöminin! Təsəvvür et ki, qızmar bir səhradasan, susuzluqdan dodaqların quruyub, ciyərin od tutub yanır. Hər keçən dəqiqə susuzluğun daha da artır və su tapıb içməsən, öləcəksən. Bu dəm biri əlində bir bardaq sərin su sənə yaxınlaşır və həmin suyun əvəzində səndən bütün var-dövltini istəyir. Belə halla üzləşsən, nə edərsən?

Xəlifə düşünmədən dərhal cavab verir:

-Bircə an da tərəddüd etmədən bütün sərvətimi verib, o suyu alaram.

Belə isə bir bardaq su dəyərində olan sərvətinlə lovğalanıb qürrələnmə. Sənə verəcəyim nəsihət budur. İbrət alıb-almamaq isə sənin işindir.

Çətinlik görməsə dünyada hər kəs

Xoş keçən günlərin qədrini bilməz.

Yoxsul qış günündə çəkir əziyyət,

Varlını qışda da saxlayır sərvət.

Xəstəlik çəkməsə əgər bir nəfər,

Bilməz nələr çəkir dərddən xəstələr.

Olsa hər insanın gücü, qüvvəti,

Əlsiz-ayaqsıza olsun hörməti.

Varlılar yoxsula şəfqət etsinlər,

Gənclər qocalara xidmət etsinlər.

Ceyhun sahilində yaşasa hər kəs

Çağlayan suların qədrini bilməz.

Günəşli çöllərdə susuz qalanlar

Axar su qədrini dərk edib anlar.

Dəclə sahilində olan ərəblər

Tutmaz şorandakı susuzdan xəbər.

Əgər qızdırmaya düşməsə insan

Sağlamlıq qədrini bilməz heç zaman.

Yatsan parğu kimi yataqda əgər,

Sənə cansıxıcı olmaz gecələr.

Bir xəstə görəndə gülməsin üzün,

Xəstəyə gecələr görünər uzun.

Təbil sədasından oyanan xacə,

Bilməz gözətçilər nə çəkir gecə.

 

41

 

DÜNYANIN FANİ OLMASI BARƏDƏ

 

Bismillahirrəhmanirrəhim!

 

Səhabələrin rəvayət etdiyinə görə, günlərin birində həzrət Ömər hal-əhval tutmaq, kefini soruşmaq üçün Peyğəmbərin (s) otağına gəlir və Rəsulullahın (s) quru bir həsirin üstündə sakitcə bardaş quraraq oturduğunu görür. Görür kü, bir xeyli hərəkətsiz vəziyyətdə oturduğundan həsir onun dizlərində artıq iz qoymağa başlayıb.

Ömər bu izləri görər-görməz uşaq kimi kövrəldi, gözləri yaşla doldu. Onun bu halını görən Peyğəmbər (s) təəccüblə soruşdu:

-Ya Ömər, sənə nə olub, niyə gözlərindən yaş sel kimi axır? Başına bir iş-filan gəlməyib ki?

Ömər:

-Anam-atam sənə qurban, ya Rəsulullah (s), ağlamağıma səbəb gövrəlməyim oldu. Kövrəlməyimə səbəb isə səni quru həsir üstündə oturmuş vəziyyətdə görməyim oldu. Həsirin dizlərinə iz qoyduğunu gördüm, ürəyim tab gətirmədi. Mənim bir sualıma cavab ver. Bax, Rum şahı da, Sasani hökmdarı da Allahın düşmənləridirlər. Amma onlar yağ-bal içində yaşayırlar, ipək üzlü, içi qu tükü ilə dolu qalın, yumşaq döşəklər üstə otururlar. İstədikləri qədər yeyr, içir, gəzib dolaşır, yatanda da rahat yorğan-döşəkdə yatırlar. Sənsə, Allahın sevimlisi, Onun son Elçisi olmağına rəğmən,  quru həsir üstündə yatıb-qalxırsan. Axı, niyə? Bunun sirrini mənə agah elə! Başa sal, görüm, sən niyə özünə sadə bir döşəyi də artıq görürsn?

Peyğəmbər (s) şəfqətlə gülümsəyərək, Öməri yanında oturtdu və dedi:

-Məni diqqətlə dinlə. Bizimlə onların arasında çox böyük fərq var. Onlar o insanlardırlar ki, axirtləri barədə zərrə qədər düşünmür, bu bardə qətiyyən narahat olmurlar. Bugünlə yaşayır, bu dünyanın nemətlərini axirətin nemətlərindən üstün tuturlar. Biz müsəlmanlar isə daim axirətimizi düşünür, axirətin nemətlərinin bu dünyanın nemətlərindən qat-qat üstün olduğunu bilirik. Bildiyimiz üçün də fani olanın deyil, əbədi olanın dalınca gedirirk. Onlar isə dünyanın yalnız bu dünyadan ibarət olduğuna, onun da beş gün sürəcəyinə inandıqları üçün beş günün beşini də kef içində, naz-nemət içində yaşamaq üçün çalışırlar. Halbuki, bu dünya islanmış döşəyə bənzəyir. Gün çıxan kimi nəmişliyi buxarlanıb yox olduğu kimi, o da vaxtı çatanda buxarlanıb yox olacaq.

Vay o insanların halına ki, günlərin birində gözlərini açıb, bu fani dünyanın keçdiyini, axirətin yetişdiyini görəcək, axirtə hazırlıq görmədikləri üçün başlarına döyəcəklər. İndi bildinmi mən niyə quru həsiri isti döşəkdən üstün tuturam?

Həzrt Ömər gülümsəyərək “hə” deyə cavab verdi.

 

42

 

ŞƏFQƏTLƏ DAVRANMANIN FƏZİLƏTİ BARƏDƏ

 

Bismillahirrəhmanirrəhim!

 

Dövrümüzədək yetişən ibrətamiz rəvayətlərdən biri də Peyğmbər (s) və qulluqçu qız haqqında çox maraqlı bir hekayətdir. Deyilənə görə, günlrin birində Rəsulullah (s) evinin bəzi ehtiyaclarını ödəmək üçün bazara gedibmiş. Bazarda bir qədər dolandıqdan sonra qarşısına için-için ağlayan bir qız çıxır. Ətrafdakıların ona əhəmiyyət vermədiyini görən Peyğəmbər (s) bərk məyus olur, dərhal qıza yaxınlaşıb niyə bu qədər için-için ağladığını soruşur:

-Qızım, sənə nə olub ki, bu cür ürəkdən ağlayırsan? Bir dərdinmi var? Söylə, bəlkə, bir çarə edə bildik.

İndiyə qədər heç kəs tərəfindən bu qədər şəfqət  görməyən qızcığaz toxtayaraq, yazıq-yazıq deyir;

-Əmican, mən varlı-karlı bir yəhudi tacirin kəniziyəm. Səhər o mənə bir dirhəm pul verib bazara göndərdi ki, ərimiş yağ alım. Dedi ki, yarım dirhəmini verib şüşə qab alarsan, yarım dihəm də verib yağ alar, şüşə qaba doldurub evə gətirərsən. Mən də o deyən kimi etdim. Yarım dirhəmə öncə qab aldım, sonra da yarım dirhəm verib yağ aldım. Amma baqqal yağı qaba dolduranda bir neçə damcısı qabın üstünə töküldü. Mən də qabı alıb evə yollananda, qabın üstünə tökülmüş yağ damcıları qabın sürüşərək əlimdən düşməsinə səbəb oldu. Beləcə, qab yerə düşüb çilik-çilik oldu. Yağ da yerə tökülüb zay oldu. Ağlamağımın da sbəbi budur. İndi evə getməyə qorxuram, sahibimə nə deyəcəyimi bilmirəm.

Peyğəmbər (s) gülümsəyərək dedi:

-Əgər dərdin elə budursa, onun çarəsi çox asandır. Gəl dalımca.

Rəsulullah (s) qızı dalna salıb öncə qab-qacaq satılan dükana gəldi. Yarım dirhəm verib təzə bir şüşə qab aldı. Sonra qızla birlikdə baqqalın yanına gəlib yarım dirhəmlik yağ aldı. Baqqal yağı qaba dolduranda ona tapşırdı ki, diqqətli olsun, yağ qabın üzərinə dağılmasın. Sonra da içi yağla dolu qabı qıza verib dedi:

-Hə, qızım. Sənin müşkülün həll olundu. İndi rahatca evə dönə bilərsən.

Qız qabı alıb təşəkkür etdi və dedi:

-Əmi, bu məsələ həll olunmağına oldu. Amma mənim daha bir müşkülüm var.

Peyğmbər:

-Buyur görək. İnşaallah, onun da çarəsi tapılar.

Qız:

-Ağam məni bazara gömdərəndə səhər idi. İndisə günortadan xeyli keçib. Evə getməyə qorxuram. Qorxuram ki, gec gəldiyimə görə ağam məni döysün.

Peyğəmbər (s) gülümsəyərək dedi:

-Narahat olma, bu məsələni də yoluna qoyarıq. Səni evinizə özüm apararam. Vəziyyəti ağana izah edərəm, o da hər şeyi başa düşab, sənə güldən ağır bir söz deməz.

Bu sözlərdən sonra Rəsulullah (s) qızı arxasına salıb, yəhudi tacirin evinə yollandı. Evə çatıb qapını tıqqıldatdı.

Qapını açan yəhudu qarşısında İslam Peyğəmbərini (s) görüb çaşdı. Özünü bir təhər ələ alıb dedi:

-Ya Peyğəmbər (s) xoş gəlmisən. Mənə bu qədər böyük şərəf verməyinin səbəbi nədir?

Rsulullah (s) hal-qəzanı danışıb, ondan qıza qarşə şəfqətli davranmasını tövsiyyə etdi.

Yəhudi:

-Madam ki, sənin kimi böyük bir insan bu yetim qıza bu qədər şəfqət göstərməyi, özünə əzab verib qapıma qədər gəlməyi lazım bilibsə, mən nə karəyəm ki, şəfqət göstərməyim. Bu gündən bu qızı köləlikdən azad edirəm. Onu ərə verməyi, ona öz balam kimi toy etməyi, cer-cehiz verməyi boynuma götürürəm.

Peyğəmbər  (s):

-Əmin ol ki, bu yaxşılığını Allah mütləq mükafatlandıracaq.

Yəhudi:

-Artıq mükafatlandırdı, məni hidayət etdi. Və mən bu gündən etibarən müsəlman oluram.

Tacir bu sözləri deyib, Peyğəmbərin (s) hüzurunda şəhadət gətirib İslamı qəbul etdi.

 

43

 

ALİMİN DƏYƏRİ BARƏDƏ

 

Bismillahirrəhmanirrəhim!

 

Belə rəvayət edirlər ki, Sultan Səlim Yavuz Misiri fəth etdikdən sonra İstanbula geri dönürmüş. Onu bu səfərdə öz dövrünün ən böyük alimlərindən biri olan Şüyxül – İslam İbn Kamal da maşayit edirmiş. Bu alimin şöhrəti Rum elindən Hindistana və Çinə qədər yayılmışdı. Kitabları dünyanın bütün qabaqcıl elm mərkəzlərində ən dəyərli əsərlər kimi tədris edilirdi. Sultan da gəncliyində ondan dərs almışdı və xətrini çox istəyirdi. Ona hörmət və izzətlə yanaşırdı. Hər bir addımını mütləq onunla məsləhətləşirdi. Onun razılığını almamış bir iş görmürdü. Söhbətlərindən isə doymaq bilmirdi.

Bu dəfə də, həmişə olduğu kimi, Sultan Səlimlə İbn Kamal at belində yanaşı gedir, şirin-şirin söhbət edirdilər. Misir ehramlarının yaxınlığındakı xurmalıqdan keçib Nil çayı ilə suvarılmış nəmişlik torpaq bir sahəyə çatanda şeyxin atının ayağı palçığa düşüb sürüşdü. At hürkərək şahə qalxdı və bu an atın nalına ilişmiş palçq ətrafa sıçradı. Ətrafa sıçrayan palçq damcılarından bir neçəsi sultana tuş gəldi və onun əbasına ləkə saldı.

Bu halı görən ordu mənsubları bərk təşvişə düşdülər. Hər kəs nəfəsini içinə çəkib hökmdarın nə edəcəyini gözləməyə başladılar. Bu hadisə, tbii ki, İbn Kamala da çox pis təsir etmişdi. Alim böyük bir kədərə qərq olmuşdu. O da sultanın nə deyəcəyini, necə bir fərman verəcəyini gözləyirdi. Əlbəttə, sultanı özü tərbiyə etmişdi, səhv bir addım atmayacağını bilirdi, amma yrnə də bərk narahat idi.

Sultan Səlim eynini pozmayaraq gülümsündü, üzünü İbn Kamala tutub dedi:

-Zərrə qədər də üzülmə və kədərlənmə. Sən bununla mənə şərəf verdin. Sənin kimi böyük alimin atının dırnağından sıçrayan palçıq da elmin qədər şərəflidir. Əbama düşən bu ləkə səninlə keçirdiyim xoş günlərin əziz xatirəsi kimi sona qədər elə əbamdaca qalacaq.

Bu sözlrdən sonra Sultan Slim vəziri yanına çağırtdırdı, əbsaını çıxarıb ona verdi və dedi:

-Bu əbanı elə bu vəziyyətdəcə xəzinəmin ən gözəgəlimli yerindən asarsan ki, məndən sonra taxt-taca sahib olacaq  övladlarım üçün bir ibrət olsun. Qoy onlar da alimlrin dəyərini bilsinlər və alimlərə daim hörmət etsinlər. Bir millətin yüksəlməsi üçün onun alimlərinə dəyər vermək vacibdir. Öz alimlərinə hörmət etməyən millət heç vaxt yüksələ bilməz.

Sultan sözünə İslam Peyğəmbərinin bir hədisi ilə yekun vurdu:

-Qiyamət günü bir alimin mürəkkəbi min şəhidin qanına bərabər tutulacaq.

 

44

 

ÇÖRƏK PULU QAZANMAĞIN İBADƏTƏ BƏRABƏR OLMASI BARƏDƏ

 

Bismillahirrəhmanirrəhim!

 

Günlərin birində Peyğəmbər (s) öz səhabəsi ilə kölgəlik ber yerdə əyləşib şirin-şirin söhbət edirdilər. Elə bu dəm yanlarından iri cüssəli, enli kürəkli bir gənc etinasız bir şəkildə örüb keçdi, keçrkən salamlaşmağı da lazım bilmədi. O, yaxındakı dükanın sahibi idi və dükanı tez açıb al-verinə başlamaq üçün tələsirdi. Gənc dükanını açıb içəri girdikdən sonra səhabələrdən biri dedi:

-Heyiflər olsun bu cavana. Bu qədər tələsməkdənsə bir qədər ayaq saxlayıb Peyğəmbərlə (s) hal-əhval tutsaydı, onunla kəlmə kəsib, bir-iki xeyirli nəsihət eşitsəydi, onun üçün daha xeyirli olardı. Amma o dünya malını qazanmağı daha üstün tutdu.

Peyğəmbər (s) buyurdu:

-Elə deməyin. Əgər o, ata-anasının, uşaqlarının ehtiyaclarını ödəmək üçün çalışırsa, niyyəti onlar üçün çörək pulu qazanmaqdırsa, bu nəinki qəbahət deyil, əksinə ibadətdir. Yox, niyyəti başqa olsa idi, çörək pulu ardınca deyil, eyş-işrət ardınca tələssəydi, və ya özünü göstərib öyünmək istədəydi, o zaman siz deyən düz olardı. Bəli, bu cür işlər qəbahətdir və belələrinin əməli şeytani əməldir.

 

45

 

DAİM YALNIZ YAXŞILIQ ETMƏK BARƏDƏ

 

Bismillahirrəhmanirrəhim!

 

Deyilənə görə, günlərin birində Rəsulullah (s) öz səhabələri ilə birlikdə məsciddə oturub şirin söhbt edir, səhabələri ona bu dünyanın işləri və axirət barədə suallar verir, o da onların suallarnı cavablandırırdı.

Söhbətin şirin bir yerində səhabəlrdən biri maraqla sual verdi?

-Ya Peyğəmbər (s), çoxdanıdır bir sual məni çox düşündürür, cavabını da bildiyimi zənn edirəm, amma əsil həqiqəti səndən eşitmək istəyirəm.

Peyğəmbr:

-Buyur, soruş.

Səhabə:

-Hamımız çox yaxşı bilirik ki, içərimizdə hər kəsdən daha çox sən Əlini sevirsən. Bunun səbəbini bilmək istəyirəm.

Rəsulullah (s) gülümsəyərək səhabələrdən birini Əlinin (ə) dalınca göndrdi və sonra dedi:

-Suala cavabı Əli gələndə verəcəyəm. Hələliksə sizə bir sualım var.

Səhabələr diqqətlə Peyğəmbrə (s) baxdılar. Rəsulullah (s) soruşdu:

-Əgər bir kəsə çoxlu yaxşılıq etsəniz və o da cavabında sizə pislik etsə, ona nə edərsiniz?

Səhabəlr bir ağızdan cavab verdilər:

-Heç şübhəsiz ki, yenə də yaxşılıq edərik.

Peyğəmbər (s):

-O sizə əvəzində yenə də pislik etsə necə?

Bu dəfə səhabələr iki yerə ayrıldılar. Bir qismi əvvəlki cavabı verdi, yenə yaxşılıq edəcəklərini söylədilər. Digər qismi isə bu dəfə pisliyə pislik ilə cavab verəcəklərini dedilər.

Peyğəmbər (s) üzünü birincilərə tutub soruşdu:

-Yenə də pislik etsə?

Bu dəfə onlar da ikincilərin dediklərini təkrar etdilər:

-Onun pisliyinə biz də pisliklə cavab verərik.

Söhbətin bu yerində Əli (ə) gəlib çıxdı. O, məclis əhlinə salam verib, aralarında əyləşdi. Peyğəmbər bu dəfə eyni sualla ona müraciət etdi:

-Ya Əbu Turab, de görüm, birinə çoxlu yaxşılıq etsən, o isə əvəzində sənə qayıdıb pisli etsə, ona nə edərsən?

Əli (ə):

-Şübhəsiz ki, yaxşılıq edərəm.

Rəsulullah (s):

-Əgər o, əməllərindən çəkilməsə, pislik etməkdə davam etsə necə, nə edərsən?

Əli (ə) tərəddüd etmədən cavab verdi:

-Mən də yaxşılığıma davam edərəm.

Peyğəmbər (s) yenə soruşdu:

-Pisliyindən yenə də əl çəkməsə?

Həzrət Əli (ə) yenə dedi ki, o da yaxşılıa etməkdən əl çəkməz.

Rəsulullah (s) eyni sualı bir neçə dəfə təkrar etdi, Hər dəfə də Əli (ə) eyni cavabı verdi. Sonda isə əlavə etdi:

-Ya Allahın Elçisi, özünü daha yorma. Cavabın yenə də eyni olacaq. And olsun Allaha ki, o qiyamətə qədər hey pislik etsə belə, mən də qiyamətə qədər hey yaxşılıq etməkdə davam edəcəyəm.

Həzrət Əli (ə) bu sözləri deyib susdu. Bel olan halda Peyğəmbərə (s) Əlini (ə) niyə bu qədər çox sevdiyini soruşan səhabə üzünü Rəsulullaha (s) tutub dedi:

-Verdiyim suala sənin cavab verməyinə artıq heç bir ehtiyac qalmadı. Əli (ə) özü öz cavabları ilə eşitmk istədiyimi cavabı verdi. O öz cavabı ilə sübut etdi ki, sənin sevginə hər kəsdən daha artıq layiqdir və bizdən bir baş yuxarıda olmağa haqqı çatır.

 

46

 

BORCLULARIN BORCUNUN BAĞIŞLANMASININ XEYRİ BARƏDƏ

 

Bismillahirrəhmanirrəhim!

Deyilənə görə, qədim zamanlarda Bakıda Hacı Əbdülkərim adında çox varlı-karlı adam varmış. Yüzlərlə gəmisi Xəzər dənizində yük daşımaqla məşğul imiş, pulunun sayı-hesabı yox imiş. Kasıblara, kimsəsizlərə, yetimlərə əl tutmaqla məşhur imiş. Borc istəyən hər kəsə də istədiyi qədər faizsiz-müddətsiz borc verərmiş. Odur ki, ətrafda ona borcu olmayan çox az sayda adam qalıbmış.

Günlərin birində Hacı Əbdülkərim bərk xəstələnir, yorğan-döşəyə düşür, amma ziyarətinə üç-dörd yaxınından başqa kimsə gəlmir. Bu onun dərin qəm-kədərə qərq olmasına səbəb olur. Bir gün yuxusuna Seyid Yəhya Bakuvu girir və ona deyir:

-Qəm etmə, adamların çoxunun sənə borcu var. Borclarını verə bilmədikləri üçün utanır, bu üzdən də gözünə görünməkdən çəkinirlər. Onların borcunu bağışla, onlarla aranda olan səddi götür. O zaman hər şey dəyişər. Borcluların borcunun qaytarılmasının nə qədər xeyirli olduğunu özün görərsən. Şübhəsiz ki, Axirətdə görəcəyin xeyir daha çox olar.

Hacı Əbdülkərim yuxudan duran kimi nökərini yanına çağırıb deyir:

-Bazra get. Hamıya car çək ki, Hacı Əbdülkərim ona borcu olanların borcunu bağışladı. Halal xoşları olsun!

Nökər o deyən kimi edir. Axşam Bakının bütün kəndlərindən camaat axın-axın Hacını ziyarət etməyə, hal-əhval tutmağa axışır.

 

47

 

ÖZÜNÜ VƏ AİLƏNİ HARAM TİKƏDƏN QORUMAQ BARƏDƏ

 

Bismillahirrəhmanirrəhim!

Belə rəvayət edirlər ki, Peyğəmbərimizin (s) səhabələrindən olan Əbu Dərda adlı birisi çox mömin və əməlisaleh adammış. İnancında o qədər möhkəmmiş ki, yuxudan sübh tezdən durar, azan verilməmiş məscidə gələr və ibadətlə məşğul olarmış. Məscidi də həminşə ən sonda tərk edərmiş. Quran oxumaqdan, Peyğəmbəri dinləməkdən də yorulmazmış. Amma günlərin birində o, səhər namazı bitən kimi Rəsulullah (s) və səhabələrlə xudahafizləşib, tələsik məscidi tərk etdi.

Sabahı gün eyni şey təkrar oldu. O biri günlər də onun kimi.

Onun bu hərəkəti hamını təəccübləndirmişdi. Amma heç kəs heç nə soruşmur, nə isə təcili bir işi olduğunu düşünürdü. Növbəti gün də o, sübh namazını biririb hər kəslə sağollaşdı. Elə getmək istəyirdi ki, Peyğəmbər (s) ondan nə baş verdiyini soruşdu:

-Ya Əbu Dərba, bir çətinliyin-filan yoxdur ki? Əvvəllər məscidə hər kəsdən əvvəl gələr, hər kəsdən sonra gedərdin. İndisə sübh namazını bitirər-bitirməz, məscidi tərk edirsən. Bunun səbəbi nədir?

Əbu Dərba:

-Anam-atam sənə qurban, ya Rəsulullah (s), narahatçılıq üçün bir əsas yoxdur. Məsələ ondadır ki, qonşunun böyük bir xurma ağacı var. Ağac o qədər böyükdür ki, qol-budağından bəziləri bizim həyətə uzanır. Ağac yaxşı bar gətirib. Hər gün yetişmiş xurmalar həyətimizə düşür. Tələsirəm ki, tez evə gedib uşaqlar yuxudan durmamış onları yığıb, qonşunun həyətinə atım. Qorxuram belə etməsəm, uşaqlardan biri nəfsinə güc gələ bilməyə, o xurmadan yeyə və boğazından haram tikə keçə.

 

 

Advertisements
Bu yazı Din, Fəlsəfə, Ədəbiyyat kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma