ABŞERON HAQQINDA BİLDİKLƏRİMİZ VƏ BİLMƏDİKLƏRİMİZ

Bəxtiyar Tuncay

absheron-exc

Abşeron yarımadası və antropogen çöküntüləri

Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir. Tədqiqtlar nəticəsində məlum olmuşdur ki, ölkəmizin bütün ərazisi, Abşeron yarımadası  başda olmaqla,  antropogenez zonasına daxildir. Məlumat üçün bildirək ki, qədim yunan dilindəki “antropo” (insan) və “genezis” (mənşə) sözləindən yaranmış “antopogenez” termini ilə antropologiya elminin əsas bölmələrindən biri adlandırılmaqdadır. Bu elm bölməsi insanın fiziki tipinin əmələ gəlməsinin, onun şüurlu fəaliyyəti və dilinin, həm də cəmiyyətin inkişaf mərhələlərinin başlanğıcının tarixi təkamül prosesini, bu prosesin amillərini, gedişini və qanunauyğunluqlarını öyrənir. Antropogenezin əsas problemlərini ən qədim insanların əmələgəlmə və ya yaradılma yeri və dövrü, insanın “əcdadı”, antropogenezin əsas mərhələləri, müxtəlif mərhələlərdə əsas hərəkətverivici qüvvələri, insanın fiziki tipinin təkamülünün, onun mədəniyyətinin tarixi tərəqqisi, ibtidai cəmiyyətin və nitqin inkişafı ilə əlaqəsi məsələsi aiddir.

 Alimlər bir fikirdə tam yekdildir ki, yerdə insanın   peyda  olması   üçün,   onun necə əmələ gəlməsindən asılı olmayaraq, Yer kürəsində zəruri şərait yetişməli idi və antropogenez yalnız bundan sonra baş verə bilərdi. Bu şərait isə antropogen sistemi dövründə yetişmişdir.

Antropogen sistemi stratiqrafik şkalanın 4-cü, son sistemi olmaqla, Yer planetinin geoloji tarixində günümüzə qədər davam edən axırıncı dövrdür ki, bəzi mülahizələrə görə 700 min illə 1 milyon il arasında, digər mülahizələrə görə  2,5 – 3 milyon il, başqa mülahizələrə görə isə 5 milyon il öncə başlamışdır. İlk dəfə 1825-1829-cu illərdə bu dövrün çöküntüləri görkəmli Fransa alimi J. Duanye tərəfindən müstəqil sistem kimi təsnif edilmiş və həmin çöküntülər öncə “4-cü sistem”, 1922-ci ildən sonra isə akademik A. Pavlovun təklifi ilə “antropogen” adlandırılmışdır. Sistemin belə adlandırılmasında insanın mövcudluğu üçün, yəni yaranması və ya yaradılması üçün zəruri şəraitin ortaya çıxması əsas götürülmüşdür.

Tədqiqtlar nəticəsində məlum olmuşdur ki, üçüncü sistemlə dördüncü sistem, başqa sözlə, neogenlə antropogen sistemlər arasındakı sərhəd Azərbaycanda Bakı mərtəbəsi çöküntüləri altından və İtaliyada Kallibri və kontenental Orta Villafrank çöküntüləi altından keçir. Bəzi mütəxəssislər kallibri çöküntülərinin Abşeron çöküntüləri ilə uyğun gəldiyini əldə əsas tutaraq, sərhədin Abşeron yarımadasının altından keçməli olduğu fikrini önə sürürlər.

Azərbaycan ərazisində antropogen çöküntüləri Samur və Astara çayları arasındakı bütün Xəzəryanı sahədə, Qobustanda, Kür-Araz düzənliyi və onu əhatə edən sahələrdə, Bakı arxipelaqında geniş yer tutur. Bu çöküntülər Türkan layları, Bakı Horizontu, Mingəçevir layları (Alt Pleystosen), Xəzər Horizontu (Orta Pleystosen) və yeni Xəzər Horizontuna (Holosen) bölünür. Rus alimlərindən Q.Tolstov, A.Moskvitin, K.Markov və Azərbaycan alimi B.Vəkilovun əsərlərindən belə məlum olur ki, Aralıq dənizi Hövzəsi, Şimali Afrika, Cənubi Avropa, Ön Asiya, Qafqaz, eləcə də Azərbaycan ərazisinin geniş bir hissəsi ilkin antropogenez zonasına daxil olmuşdur. Məlum olduğu kimi, insanın əmələ gəlməsi, yəni antropogenez antropogen dövrü ilə əlaqədardır və bu baxımdan yuxarıda adı çəkilən ərazilər insanların yer üzündəki ilk məskənləri sayılır.

Abşeronun Dördüncü dövr faunasi

Bu gün çox az adama məlumdur ki, Azərbaycanda onurğalılır faunasının öyrənilməsinin əsas inkişaf mərhələsi 1938-ci ildə Azərbaycan Sənaye İnstitutunun geoloji-kəşfiyyat fakültəsinin 3-cü kurs tələbəsi A.S.Məstanzadə tərəfindən Abşeronun Binəqədi kəndi ətrafında Dördüncü dövr fauna qəbristanlığının kəşfi ilə bağlıdır. Binəqədi Dördüncü dövr fauna skeletləri Abşeron yarımadasının şimalında yerləşən Binəqədi qəsəbəsinin cənub-şərqində Qır gölü içərisində tapılmışdır. Geoloji nöqteyi – nəzərdən Abşeron yarımadası, o cümlədən Binəqədi rayonu dəqiq öyrənilmişdir. Burada Pliosen yaşlı süxurlar yer üzərinə çıxır. Palentoloji tədqiqatlar 1939-1942-ci illər ərzində Təbiət-Tarixi Muzeyi əməkdaşları tərəfindən müntəzəm aparılmışdır. Qazıntı nəticəsində məməlilər, quşlar və b. siniflərə mənsub olan küllü miqdarda osteoloji material toplanmışdır. Sonuncular onurğalı fauna qalıqlarını öyrənən paleontoloqların gələcək elmi tədqiqatı və inkişafı üçün böyük əhəmiyyət kəsb etdi.

Binəqədi Qır gölündən toplanmış üzvi qalıqlar bolluğu, çeşidliyi etibari ilə dünyada zəngin paleontoloji obyektlərdən biridir. Binəqədi fauna məskəninin bir xüsusiyyəti də ondan ibarətdir ki, bitum layında tapılan sümüklərdən başqa burada bəzən quş sümüklərinin yanında mumlaşmış hissələrə də (bağlar, dəri, vətər parçaları) rast gəlinir. 1947-ci ildə aparılan çöl işləri zamanı flora qalıqları laylar aşkar olunur. Mütəxəssislərin təyinatına görə, Binəqədi gölündə toplanan floranın stratiqrafik yaşı Pliosen dövrünün sonlarına müvafiqdir. Tədqiqatçıların fikrincə, bu dövrdə Abşeron yarımadasında müasir dövrə nisbətən ağaclıq və kolluq daha zəngin olmuşdur. Floralı laylarda ardıc, püstə, armud ağaclarının gövdə, budaq və meyvələrinə rast gəlinir. Abşeronun qərbində ardıc ağacı müasir dövrdə də bitməkdədir. Bu ağac, Binəqədidə tapılmış püstə ağacı və söyüdyarpaqlı armudla birlikdə, Abşeronun daşlıkəsəkli yamaclarında və Binəqədi neft mədən ərazisinin bilavasitə yaxınlığında adi quraqlıq bitkilərindən ibarət meşə əmələ gətirmişdir. Binəqədidə nar ağacı və yabanı meyvələrin, üzüm tənəklərinin olması burada Mezofit ağac növlərinin mövcud olduğunu göstərir. Bu da, öz növbəsində, relyefdə alçaq ağacların və kölgəli şəraitin mövcud olmasını göstərir. Kolleksiyada quraqlıq sevən çətirşəkilli və soğanaqlı bitkilərin olması geoloji keçmişdə geniş kserofil düzənliklərin olduğunu sübut edir. Söyüd bataqlıq bitkilərin az da olsa gözə çarpan qalıqları o zamanlar Abşeronda göl və bataqlığın mövcud olmasına işarə edir. Beləliklə, Binəqədi ərazisində heyvanat və bitki aləminin tərkibi və onun təhlili göstərir ki, qədim zamanlarda Abşerondakı flora nisbətən daha mezofit, iqlim isə soyuq və rütubətli olmuşdur.

 Qeyd olunmalıdır ki, Binəqədi Qır gölündən bir neçə km qərbdə Xırdalan, cənubda Keşlə, şimalda Digah yaşayış məntəqələrində dam örtüyü üçün qır əldə edilən zaman at dişi, gənc kərgədanın ayaq, kəllə və b. sümükləri tapılmışdır. Təəssüflər olsun ki, bu obyektlərdə dərin tədqiqatlar aparılmamışdır.

 Binəqədi Qır gölündə fauna və flora qalıqlarının toplanması geoloqlar tərəfindən belə izah olunur: təxminən yüz min il öncə hazır ki, Binəqədi qamışlığının yerində göl olmuşdur. Gölün səthi süxurlardan sızan neftli pərdə ilə örtülü idi. Sahilləri isə bataqlıq olmuş, bəzi yerlərdə qamış bitmişdir. Gölün dibində isə bitum qatı əmələ gəlmişdi. Bu tip göllər Abşeronda indi də mövcuddur. Geoloqlar onları öyrənməklə Binəqədi gölünün quruması, qır qatının yaranması barəsində fərziyyələr söyləyirlər. Tapıntıların əksəriyyəti quş sümüklərindən ibarətdir. Onlar 100-dən artıq quş növünü müəyyən etməyə imkan vermişdir. Məməli heyvanların (39 növ) skeletləri isə nisbətən az tapılmışdır. Belə ki, suyun səthini örtən neft qatı quşlar üçün əsas təhlükə olub. Məlumdur ki, lələklər suyu quşun bədəninə buraxmır, quş suya qonan kimi bir neçə dəfə hərəkət etdikdən sonra mazuta bulaşır. Neft quş lələklərinin üzərini örtən yağı həll edərək, bədənin tiftik qatına qədər yeriməsinə imkan yaratmışdır. Bu isə öz növbəsində quşun xüsusi çəkisini artırmış, normal istilik rejimini və uçma qabiliyyətini pozmuşdur. Quşlar özlərini təmizləmək istəyəndə neft həzm aparatına düşmüş və beləliklə, zəifləşmiş quşlar zəhərlənib tələf olmuşlar. Tədqiqatlar göstərir ki, yaşılbaş ördəklər, qazlar, çöl qazları, qu quşları, qutanlar, cumuldaqlar belə tələf olmuşlar. Sonra cəmdəklər yırtıcı quşların, leşyeyənlərin, yəni berkutların, qırğıların, çalağanların, qarğaların, yapalaqların və bayquşların diqqətini özünə cəlb etmişdir. İri heyvanların cəmdəklərinə qara kərkəslər və ağbaş Asiya kərkəsləri də uçub qonurmuşlar. Gölün bataqlıq sahilləri nəhəng marallar, kərgədanlar, ibtidai öküzlər, Abşeron çöl donuzları kimi su içməyə gələn iri məməli heyvanlar üçün tələ olmuşdur. Palçığa batmış heyvanlar yırtıcılar üçün münasib ov məhsulu olmuşlar. Skeletlərin üzərində aparılan tədqiqatlar göstərir ki, bəzən heyvanların cəmdəkləri üstündə yırtıcılar bir-biri ilə vuruşurdu. Məməli hevanların sümüklərinin bir qismi yağış, sel vasitəsilə yerlərini dəyişmişlər. Bu hal ancaq xırda gəmiricilərə aiddir. Kolleksiyada xırda gəmiricilərin (dovşanlar, kirpilər, kor, adi, qum, yereşən, siçanlar və s.) çoxlu qalıqları toplanmışdır.

Dünya miqyasında ən zəngin paleontoloji xəzinə

 Onurğasız heyvanlardan çoxlu həşərat qalıqlarına təsadüf edilir ki, bunların 107 növünü böcəklər təşkil edirlər. Böcəklərin başqa onurğasızlara nisbətən üstünlük təşkil etməsi onlarda xitin örtüyünün yaxşı saxlanılması ilə izah olunur.

 Qırlaşmış halda tapılan bitki qalıqları böyük maraq kəsb edir. Kolleksiyada ağac kötüyü gövdəsi, zoğu, meyvə, kök, kökümsov və s. hissələrə də təsadüf edilir. Binəqədi Qır gölünün cənub-qərb kənarında bataqlıq bitkilərindən qamış, cil və s., ətraf düzəndə isə söyüdyarpaqlı armud, alçayabənzər ardıc, püstə ağacı, nar kolu bitmişdir. Yəqin ki, vaxtı ilə bunlar gölün yaxınlığında kiçik bir meşə zolağı əmələ gətirmişlər. Ehtimal ki, göl yarımsəhra ilə əhatə olunmuşdur. Bitki örtüyünün xarakteri belə rəyə gəlməyə imkan verir ki, Binəqədi gölü ətrafının iqlimi Pleystosen epoxasında indikinə nisbətən daha rütübətli və soyuq olmuşdur. Sonrakı dövrdə Binəqədi gölü qurumuş və dağ əmələgəlmə prosesləri nəticəsində yer səthindən yuxarı qalxmışdır. Müasir dövrdə Qobustan və Abşeronda çox da zəngin olmayan müasir faunanın yaşaması müşahidə olunur. Binəqədinin Dördüncü dövr çöküntülərində aşkar edilən sümük qalıqlarının öyrənilməsi heyvanlarda təkamül prosesində baş verən dəyişmələr haqqında təssəvvüryaratma imkanı verir. Belə ki, qısa geoloji dövr ərzində bəzi heyvanlar mühitə uyğunlaşa bilməmiş, təbii fəlakət və s. səbəblərdən fauna məskəni məhv olmuşdur. Abşeron ərazisində məhv olmuş faunanın K.K.Flerov tərəfindən bərpa edilmiş rəsmləri albom şəklində muzeydə nümayiş etdirilir.

 Binəqədinin Dördüncü dövr fauna və florası çeşidinə u1074 və çoxluğuna görə dünya miqyasında ən zəngin paleontoloji xəzinə hesab olunur. Mütəxəssislər Binəqədi Qır gölünü Şimali Amerikanın Koliforniya ştatındakı Ranço Lya Brea fauna məskəni ilə müqayisə edirlər. Burada qədim heyvan sümüklərinin olması ilk dəfə 1875-ci ildə U.Denton tərəfindən aşkar edilmişdir. O, Ranço Lya Brea asfalt çöküntülərində ibtidai atın, itidişli pişiyin və digər məməlilərin diş və sümüklərinə, o cümlədən quşların qalıqlarına rast gəlmişdir. Belə ki. tədqiqatçıları bitum qalıqlarının mənşəyi çoxdan maraqlandırırdı. U.Dentonun fauna tapıntıları uzun müddət nəzərdən kənarda qaldı. Əsas diqqət Los Anjelos rayonunda XVIII əsrdən məlum olan neft yataqlarının öyrənilməsinə yönəldilmişdi. Lakin 1905-ci ildə alimlər Ranço Lya Brea fauna tapıntılarıyla yenidən maraqlanaraq, ona yüksək qiymət vermişlər. Frank M.Anderson və Orkott Ranço Lya Breanı ziyarət edərək çoxlu miqdarda sümük qalıqları topladılar: itidişli pişiyin kəlləsinin bir hissəsi, nəhəng canavarın çənəsi və b. Sahə sahibkarının razılığı ilə bitum gölündə axtarışlar davam etdirildi. 1906-1913-cü illərə qədər aparılan axtarışlarda Koliforniya Universitetindən başqa Cənubi Koliforniya Elmlər Akademiyası, Los-Anjelos Qərb Kolleci və ali məktəbi də iştirak edirdi. O vaxtdan bəri əldə olunan materiallar hazırda Qankonq kolleksiyası adı altında Los Anjelos muzeyində saxlanılır.

 Geoloji tədqiqatlar göstərdi ki, Ranço Lya Brea faunasının yaşı Pleystosen epoxasına aiddir. Gölə düşmüş bir çox heyvanlar digər yırtıcı heyvan və quşları özünə cəlb etmişdir. Asan qida əldə etmək istəyən heyvanların özləri də tələyə düşürdülər. Bu minvalla, göldə çoxsaylı heyvan cəsədləri toplanır. Bitki qalıqları azlıq təşkil etsələr də, bir çox ağac yarpaqları, toxumları, qozaları yaxşı saxlanmışdı. Asfalt laylar arasında həşərat qalıqları və heyvanın mühafizə olunmuş xitin təbəqəsi də tapılmışdır. Müqayisə məqsədi ilə qeyd olunmalıdır ki, Binəqədi Qır gölünün heyvan qalıqlarının əksər hissəsini onurğalıların skeletləri təşkil edir. Bunların içərisində də quşlar və məməlilər əsas yer tuturlar. Binəqədi və Ranço Lya Brea fauna və flora qalıqlarının toplanma yolu təxminən eynidir. Lakin Ranço Lya Brea asfalt gölündə batmış heyvan qalıqları 35000 illik tarixə malik olduğu halda, Binəqədi fauna qalıqlarının yaşı 75000 ildir. Belə ki, Ranço Lya Brea tapıntıları Binəqədi tapıntılarından 40000 il cavandır.

 Binəqədi fauna qalıqları H.Zərdabi adına Təbiət tarixi muzeyinin elmi əməkdaşları tərəfindən dərindən öyrənilmiş, təsnifatı isə muzeyin 12 cildlik fundamental əsərlərində öz əksini tapmışdır. Binəqədi Qır gölündən toplanan kolleksiya içərisində 41 növ məməli, 110 quş, 2 sürünən, 1 suda-quruda yaşayan, 107 həşərat, 22 bitki qalıqları yüksək elmi dəqiqliklə öyrənilib. Sümüklərin təsviri müxtəlif nəşriyyatlarda monoqrafiya, elmi məqalə və s. şəklində dərc olunmuşdur. Binəqədi onurğalı fauna qalıqları kolleksiyasının əksər hissəsi muzeyin müvafiq vitrinlərində nümayiş etdirilir.

Dünya sivilizasiyasının başlanğıc nöqtəsi

 

Abşeronda aparılan arxeoloji qazıntılar zamanı hələlik Azıxantropla eyni yaşda olan qədim insan qalıqlarına rast gəlinməsə də, burada bəşər mədəniyyətinin ən qədim Daş dövründən, yəni Paleolitdən tutmuş Dəmir dövrünə qədər bütün mərhələlərini izləmək mümkündür.

Belə hesab edilir ki, Azərbaycan ərazisində ibtidai icma quruluşunun təşəkkülü Daş dövrünün (Paleolit) ən qədim mərhələlərindən başlamış, uzun və mürəkkəb inkişaf yolu keçmiş və Üst Paleolitə keçid dövründə başa çatmışdır. Bu isə o deməkdir ki, artıq Son Paleolit dövründə bu ərazidə, o cümlədən Abşeron yarımadasında ibtidai cəmiyyət var idi. Bunun belə olduğunu Bakıdan vur-tut 60 kilometr uzaqlqda yerləşən Qobustan qayaüstü təsvirləri sübut edir. Bu təsvirlər eyni zamanda bəşər mədəniyyətinin bütün mərhəllrini əyani şəkildə izləməyə imkan verir.

Burada minlərlə qayaüstü təsvir, onlarca Daş dövrü düşərgəsi və sonrakı dövrlərə aid məskən və məzar yerləri tapılmışdır. Qobustanın qaya təsvirləri 1939-cu ildə tanınmış arxeoloq İshaq Cəfərzadə tərəfindən kəşf edilmlşdir. 1947-1965-ci illərdə onun başçılığı altında Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun ekspedisiyası 750 qaya və daş parçası üzərində 2500 təsvir, o cümlədən qonşu Şıxqaya və Sonqardagda 30 təsvirli daş təsbit etmişdir. Hazırda  Qobustanın Böyükdaş, Kiçidaş, Cinqirdag-Yazılıtəpə abidələrində, eləcə də Şıxqaqayada yüzdən artıq daşın üzərində 6 mindən çox  qədim təsvir və arxeoloji abidə aşkar edilmiş və öyrənilmişdir.

Tanınmış rus alimi Formozov Böyükdaşın Mezolit, yəni Orta Daş dövrü qaya təsvirlərini, başqa sözlə petroqliflərini tədqiq edərkən iki mədəni təbəqə kəşf etmişdir: 1-ci mədəni təbəqə ilk Mezolit dövrünü – eramızdan əvvəl 12-10-cu minillikləri, 2-ci mədəni təbəqə isə son Mezolit dövrünü – eramızdan əvvəl 10-8-ci minillikləri əhatə edir. 1-ci təbəqə gizləncəklər – ov müqəvvaları, kürəklərində kaman, əllərində daş bıçaq olan ucaboylu ovçuların gen dəri şalvarda və qısa önlükdə qazılmış siluet təsvirləri aşkar edilmişdir.

Qeyd etmək lazımdr ki, bəzi təsvirlər hər iki mədəni təbəqə üçün səciyyəvidir. Belə qaya təsvirlərinə misal olaraq kollektiv şəkildə rəqs edənlərin və gizləncəklə-rin siluet rəsmlərini göstərmək olar. İkinci təbəqədə ovçuların kiçik və sxematik rəsmləri, ovçuların itlə ov etməsi, tur, at və qabanların kontur xətli təsvirləri aşkar edilmişdir. Tanınmış arxeoloq-alim Rəşid Göyüşov bildirir ki, Azərbaycan ərazisində 10-12 min əvvəl qədim Daş dövrü orta Daş dövrü ilə,yəni Mezolit dövrü ilə əvəz olunur. Mezolit abidələrində təsadüf olunan çox kiçik ölçülü, mikrolit adlanan daş alətlərin ilkin variantları hələ Paleolitin son inkişaf mərhələsinin axırlarında təşəkkül tapmış, Mezolit dövründə isə mükəmməl formaya salınmışdır:

“Mezolit dövründə insanların əmək fəaliyyətində, dünya görüşündə,ətraf alə-mə münasibətində dəyişikliklər baş verir,qədim insanların ən mühüm ixtiralarından biri olan ox və yay meydana gəlir.  Şübhəsiz, ox və yayın kəşfi  insanların min illər boyu əldə etdikləri bir çox vərdişlər sayəsində, müxtəlif  texniki üsullara bələd olmaları nəticəsində mümkün olmuşdur.”                                                

Görkəmli azərbaycan arxeoloqu Hidayət Cəfərovun sözlərinə görə, ox və yayın kəşfi ilə ovçuluq sahəsində əsaslı dəyişiklik yarandı və heyvanları uzaq məsafədən ovlamaq mümkünləşdi. Bununla daha çox ərzaq ehtiyatı əldə etməyə nail olan insanlar eyni zamanda heyvanları əhliləşdirməyə başlayırlar. İlk vaxtlar heyvanları yem ehtiyatı kimi saxlayırdılar. Beləliklə, ibtidai heyvandarlığın əsası qoyulur:

“Vəhşi heyvanların əhliləşdirilməsi, heyvandarlığın təşəkkülü və inkişafı çox uzun və mürəkkəb yol keçmişdir. Lakin heyvanların bir qisminin ehtiyat üçün saxlanması və bu işin vərdiş halına keçməsi obyektif surətdə ibtidai maldarlığın bünövrəsini qoymuşdur. Mezolit dövründə ibtidai maldarlıqla yanaşı, ilkin əkinçilik vərdişləri  də təşəkkül tapmışdır. Ət ehtiyatının artması ərzağa olan tələbatı ödədiyindən yabanı bitki toxumlarının bir hissəsinin ehtiyat üçün saxlanmasına şərait yaratmış, bu isə öz növbəsində ibtidai əkinçiliyin təşəkkülünə səbəb olmuşdur.”

Hələ qədim Daş dövründə Abşeron və ümumilikdə Azərbaycan ərazisinin ox və yayın ilk dəfə kəşf edildiyi, itin ilk dəfə əhliləşdirildiyi və ondan ov zamanı ilk dəfə isyifadə edildiyi məkan olduğunu Qobustanın Mezolit dövrünə aid petroqlifləri sübut edir. Bəs, görəsən,  bəşər tarixində böyük sıçrayışa səbəb olan bu misilsiz  kəşfləri etmiş xalq kim olmuşdur, hansı dildə danışmışdır? Bu suala cavab tapmağa bizə Qobustanın qədim Firuz  yaşayış məskənindən tapılan, yaşı təqribən 12 min il olan Mezolit dövrü insanlarının skletləri yardımçı olur.

Ulu babalarımzın antropoloji tipi və Qobustandakı öküz təsvirləri nədən və kimdən xəbər verir?

 

Tarixçi alim Kərəm Məmmədov yazır ki, Qafqaz ərazisində məskun olan xalqların sayının çoxluğu, onların müxtəlif dil ailələrinə mənsub dillərdə danışması, bölgənin fiziki – coğrafi şəraitinin mürəkkəbliyi və bu mürəkkəbliyin ayrı – ayrı etnosların təcridinə gətirib çıxarması etnogenez proseslərinin öyrənilməsi baxımından Qafqaz ərazisindən əldə edilmiş paleo-antropoloji materialın önəmini artırmaqdadır. Alimin sözlrinə görə, Qafqaz ərazisində məlum olan ən qədim kəllə sümükləri Qobustandan, Kiçikdaşın ətəyindəki “Firuz” mağarasından tapılmışdır. Bu tapıntılar Mezolit dövrünə aiddir. Eyni dövrə aid edilən və eyni morfoloji xüsusiyyətləri daşıyan insan qalıqları Cənubi Azərbaycan ərazisindən də tapılmışdır:

“Üzün nisbətən ensizliyi və kəllənin nisbətən uzunsovluğu ilə fərqlənən bu tip bütün Qafqaz  və Cənubi Azərbaycan üçün təkcə Mezolit dövründə deyil, Eneolit, yəni Mis-daş və Tunc dövrlərində də xas olmuşdur. Bu insan tipi elm aləmində “kaspi” və ya “oğuz” tipi adlanır və öz parametrlərinə görə Azərbaycan türklərinin antropoloji tipinə uyğundur və digər qonşu xalqların göstəricilərindən əsaslı surətdə fərqlənir.”

Yəni türklərin ulu əcdadları Abşeronda gerçəkdənmi hələ Mezolit dövründə yaşamaqda idilər? Nə qədər inandırıcı görünməsə də, buna qətiyyətlə “hə” demək, üstəlik də onların məhz oğuz türkü olduğunu iddia etmək olar və belə düşünməyimizə Qobustandakı böyük öküz təsvirləri əsas verir. Məlumat üçün bildirək ki, Mezoli, yəni orta Daş dövrünün son mərhələsi üçün uzunluğu iki metrə çatan böyük öküz təsvirləri xarakterikdir. Bu rəsmlər konturlu xətlərlə, əsasən realistik səpgidə işlənmişdir. Onlardan yuxarı mərtəbədə yerləşmiş 42 №-li  daşın şərq tərəfindəki və 29 №-li daşın mağara divarında cızılmış öküz təsvirlərini göstərmək olar. Bu təsvirlərdə sözügedən heyvanların güc və əzəməti ifadə edilmişdir.

Tarixçi alim İ. Avşarov yazır ki, Azərbaycan ərazisindən tapılan maddi mədəniyyət abidələri üzərində təsvir edilən heyvan rəsmləri və zoomorf elementlər qədim mifologiyada xüsusi yerə sahibdirlər. Təbii ki, bu, heyvanat aləminin ibtidai insanların həyatlarında oynadığı rolla bağlıdır. Təsadüfi deyil ki, bəzi heyvanlar qədim tayfa və qəbilələrin totemi kimi çıxış etmişlər:

“Məlum olduğu  kimi, oğuzlar çox qədim və zəngin mədəniyyətə sahib ol-muşlar. Tarixçi-etnoqraf Qoşqarlı özünün “Azərbaycanlıların maddi mədəniyyəti” adlı əsərində “Oğuznamə”yə istinad edərək oğuzların mifik ulu əcdadı olan Oğuz xanın Ayla Öküzün izdivacından döğulduğunu qeyd etmişdir.Elə bu səbəbdən də son Tunc-erkən Dəmir dövrləri abidələrindən əldə edimiş tunc kəmərlərin üzərində təsvir edilən öküz başlarının buynuzları aypara formasında təsvir edilmişdir”.

Alimin sözlərinə görə, Azərbaycanın qədim sakinlərinin inanc sistemində öküzə inam xüsusi yer tutmuşdur.  Bu baxımdan Xocalı-Gədəbəy abidələrindən üzə çıxarılan fiqurların bir çoxu məhz öküz başı formasındadır. Belə fiqurlar Cənubi Azərbaycan və şimali Qafqaz ərazisindən də tapılmışdır. Rus alimi Avdeyevin fikrincə, öküzə inam ən qədin zamanlardan Qafqaz və Şərqdə geniş yayılmışdı. Azərbaycan ərazisində hətta öküzün xüsusi hörmət və təmtəraqla dəfn edilməsi halına da rastlanmışdır. Məsələn,arxeoloq Resler Xocalı kurqanında apardığı qazıntılar zamanı belə bir məzara rast gəlmişdir. Burada dəfn edilmiş öküzün başına bütöv ayın rəmzi olan dairəvi disk bərkidilmişdi.

Tolstov, Bernştam və Bekmıradov kimi tanınmış türkoloq alimlər də oğuzların ən qədim zamanlardan öküzə totem münasibəti bəslədiklərini söyləmiş-lər. Bu alimlər bu halda “Oğuznamə”də yer alan sözlərə istinad etmişlər:

“Olsun dedilər. Onun anqağusu budur.”                                   

“ “Oğuznamə”nin uyğur versiyasının birnci səhifəsinin birinci sətrində təsvir edimiş göy öküz oğuzların əcdadı Oğuz xanın şəkli, daha dəqiq desək, anqağusu, yəni  ideoqrafik işarəsi kimi təqdim edilir.Bu şəkil əsərə sadəcə bir illüstrasiya kimi qəbul edilə bilməz. Çünki o, mətnin ayrılmaz tərkib hissəsi kimi çıxış edir və Oğuz xanın mətndəki sözlü təsviri ilə üst-üstə düşmür. Mətndə Oğuz xanın sözlü təsviri fərqlidirdir:

“Yenə günlərin bir günü Ay kağanın gözləri yarıdı,bir oğlu oldu .Bu oğlanın üzü göy idi.Ağzı atəş kimi qırmızı,gözləri ala,saçları,qaşları qara idi.Gözəllikdə mələkdən də gözəl idi… Ayağı öküz ayağına, beli qurd belinə, kürəyi samur kürəyinə, köksü ayı köksünə bənzəyirdi.”

Gördüyümüz kimi, sözlü təsvirdə söhbət oğlan uşağından gedir və onun xarici görünüşü bu təsvirdən əsaslı surətdə fərqlənir.Deməli,bu halda öküz təsviri “Oğuz”kəlməsinin sadəcə ideoqrafik ifadəsidir. Elə bu səbəbdən də Əbülfəz Hüseyni və Zelen Yampolski kimi alimlər Qobustandakı öküz təsvirlərini oğuzların ulu babalarının cızdıqlarını söyləmişlər. Burada sıhbətin məhz piktoqrafik yazıdan, yəni şəkil – yazıdan getdiyini elm aləmində şərti olaraq “7 gözəl” adlanan petroqlif də sübut etməkdədir.

Qobustan və Gəmiqayadakı türk – oğuz damğaları

                        

Şərti olaraq, “7 gözəl”adlanan bu piktoqramda böyük öküz təsvirinin fonun-da 8 qadın təsvir edilmişdir. Burada öküz oğuz xalqını,8 qadın isə 8 oğuz soyunu təmsil etməkdədir.Nəzərə alsaq ki, ilk soybirləşmələri məhz Mezolit dövründə formalaşmışdır və bu birliklərdə birləşən soyların başında qadınlar dururdu, tam cəsarətlə deyə bilərik ki, burada söhbət 8 oğuz soyunun birləşməsini ifadə edən  böyük bir qəbilədən, daha doğrusu bu qəbilənin özünü ifadəsindən gedir.

Orxon-Yenisey mətnlərində Üçok, Onok, Onuyğur, Otuztatar, Üçoğuz, Altıo-ğuz, Doqquzoğuz, Üçkarluq və sairə soybirləşmələri ilə birlikdə Səkkizoğuz soybirləşməsindən də söhbət açılmaqdadır. Beləki, “Moyonçur”abidəsinin şərq tərəfində belə bir cümlə yer almaqdadır:

“Səkkizoğuz, Otuztatar qalmadı gəldi…”

Abşeronun və ümumiyyətlə Azərbaycanın ən qədim Oğuz yurdu olduğunu Qobustan və Gəmiqayadan tapılan türk-oğuz damğaları da sübut edir.

Heç şübhəsiz ki, ox və yayın kəşfindən sonra ovçuluq texnologiyası nəzərə çarpacaq dərəcədə təkmilləşmiş, bu, ov məhsullarının artmasına və qəbilə üzvlərinin zənginləşməsinə səbəb olmuş, bu da onlarda mülkiyyətçilik şüurunun daha da güclənməsinə təkan vermişdir. Mülkiyyətçilik şüurunun güclənməsi ilə meşələr, düzənliklər, çaylar və göllərdən istifadə etmək üçün qəbilələr və soylararası mübarizə kəskinləşmiş və tədricən böyük əraziləri qəbilə və soyun ümumi mülkiyyəti kimi dərketmə şüuru formalaşmağa başlamışdır. Beləliklə də “Vətən” şüurunun ilk rüşeymləri ortaya çıxmışdır. Etnik şüurun isə dil və coğrafi ərazi, başqa sözlə, “Vətən” şüuru ilə nə qədər bağlı olduğunun əlavə şərhə heç bir ehtiyacı yoxdur.

Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, qəbilə və soylar özünün saydığı ərazilərin sərhədlərini işarə etmək üçün damğalardan istifadə etmişlər. Professor Cəfər Cəfərovun yazdığına görə, Türk soy və qəbilələrinin ən qədim düşərgələrini, ata-baba yurdlarını, onların doğma vətənlərini, habelə mövcud olmuş ünvanlarını müəyyənləşdirmək üçün həmin damğaların müstəsna əhəmiyyəti vardır. Damğa və işarələr, bir sıra başqa xalqlarda olduğu kimi, Türk xalqlarının da etnogezində iştirak etmiş soy və soybirləşmələrinin qədim yazı mədəniyyətinin ilk nümunələri kimi də qiymətlidir. Azərbaycanın bir sıra rayonlarından tapılmış və 10-12 min il bundan əvvələ aid edilən müxtəlif işarə və damğalar haqqında C. Cəfərov, Ə. Hüseyni kimi tədqiqatçılar fikir söyləmiş, Ə. Hüseyni “Gəmiqaya rəsmləri” içərisindən, F. Muradova Şirvan zonasından, C. Cəfərov isə Qobustan petroqlifləri içərisindən üzə çıxarılan damğalardan söhbət açmışlar. Müəlliflər bu işarələrin hansı qədim uruğa (soya) mənsub olduğunu, həmin işarələrin qədim Türk yazı sistemində paralellərini müəyyənləşdirə bilmişlər. Məsələn, Yazıçıoğlu   Əliyə   görə  11 – ci   oğuz  tayfası  olan  begdililərin  soy   damğasına Gəmiqaya işarələri (e.ə. IV-III minilliklər) içərisində cüzi fərqlə rast gəlinir. Qaranoğayların “as” uruğunun damğası isə Sofu Novruz pirində tapılmış işarə ilə eynidir və bu işarənin ən qədim nümunəsi Gəmiqayadan tapılmışdır.

Azlar və ya aslar

Qobustan və Gəmiqaya rəsmləri içərisində sonradan bir sıra türk qəbilə və soylarının damğası kimi işlənmiş bəzi işarələrə də rast gəlinməkdədir. Maraqlıdır ki, eyni dövrə aid işarələrin bir qismi qədim türk-run əlifbasının nt, s (ş), ı (i), p, s, b, d, t, z, k, ç səslərinin qrafik əlamətləri ilə eynidir. Şübhəsiz ki, bu qədər uyğunluğun olması təsadüf ola bilməzdi. Deməli, hələ çox-çox qədim zamanlarda türk soylarının təşəkkülü başlamış və bu təşəkkül prosesinin cərəyan etdiyi coğrafi ərazilər içərisində Azərbaycan, o cümlədən Abşeron ərazisinin də özünəməxsus rolu olmuşdur. Deyilənləri bu fakt da sübut edir ki, M. Kaşğarlıda 6-cı oğuz tayfası əfşarların damğası kimi göstərilən işarəyə, eləcə də Yazıçıoğlu Əlinin əfşarlara aid etdiyi, fəqət M.Kaşğarlının təsvir etdiyi damğadan fərqlənən damğaya Gəmiqaya işarələri sırasında, eləcə də Abşeronun Duvannı qəsəbəsinin şimal-qərbində yerləşən Sofu-Novruz qəbiristanlığında qeydə alınmış damğalar içərisində rast gəlinir.

Yeri gəlmişkən qeyd edək ki, Abşeronda 6-cı oğuz tayfası olan əfşarlaın damğasına rast gəlinməsində qəribə heç bir şey yoxdur. Məsələ burasındadır ki, Abbasqulu ağa Bakıxanov “Abşeron” adının əfşarlarla bağlı olduğunu və qədim mənbələrdə bu toponimin “Əfşaran” kimi yazıldığını bildirməkdədir.

Məlum olduğu kimi, begdelilər Yazıçıoğlu Əlidə 11-ci oğuz tayfası kimi qeyd edilmişdir. Onların da işarələrinə cüzi fərqlə Qobustan və Gəmiqaya işarələri içərisində rast gəlinmişdir. Yenə də eyni müəllifin 16-cı oğuz tayfası kimi qeydə aldığı çepnilərin damğası da həmin işarələr içərisində yer almaqdadır. Yeri gəlmişkən, qeyd edək ki, Gəmiqayada təsvir edilmiş damğalar içərisində ulay-undluğların (Y.Əli; 19-cu oğuz boyu), samurların (Ə.Bahadırxan; 17-ci oğuz boyu), ağnoğayların qara as boyunun, irğak tayfasının damğalarına da rast gəlinir.

Professor Cəfər Cəfərovun yazdığına görə, Gəmiqaya damğaları içərisində rast gəlinən ən qədim işarə “az” işarəsidir ki, e.ə. X minilliyə aid edilən bu işarə ilk türk soyunun-azların damğası olmuşdur. O yazır:

“Damğaların sırasında bizim üçün ən maraqlı görünəni və nisbətən geniş tədqiqat tələb edəni qaranoğaylarda “as” adıyla tanınan tayfanın “beşik damğa” adlanan damğasıdır. Bu damğanın tam paralelinə Şirvan damğalarının sırasında da rast gəlirik.”

Az tayfasının taleyi elmi ədəbiyyatda çox qaranlıq və pərakəndə şəkildə izah edilmiş və edilməkdədir. Tarixi mənbələrdə, həmçinin müasir toponimikada, eləcə də türk etnonimlərində “az” (as) morfeminə çox sıx-sıx rast gəlinməkdədir. Azlar kimdir?

Hazırda dünyanın bir çox ölkələrində azların (asların) adını qoruyub saxlamış coğrafi ünvanlara tez-tez rast gəlinir. Türk dünyasının hər yerində; Azərbaycanda, Anadoluda, Krımda, Şimali Qafqazda, Uralda, Sibirdə, Yakutiyada, Qazaxıstanda, Orta Asiyada, Şərqi Avropada və s. yerlərdə tərkibində “az” (as) komponenti olan oronim, hidronim və etnonimlər istənilən qədərdir. Azlar haqqında məlumata qədim və orta əsrlər mənbələrində rast gəlinir. Belə ki, VII əsr ərəb səyyahı Sallama ət-Tərcümani az kişlərin qıpçaqların qonşuluğunda, Mərkəzi Qazaxıstanın sərhədlərindən başlamış Balxaş gölünə qədər böyük bir ərazidə yaşadıqlarını göstərir. Eyni dövrə aid Orxan-Yenisey Abidələrində də sözügedən qəbilədən danışılmaqdadır:

“Əcdadlarımızın tutduğu Yer-Su sahibsiz qalmasın deyə az xalqı təşkil edib, yar…” (Kül Təkin abidəsi,şərq tərəf, 19-cu sətir)

“Az xalqı düşmən oldu.” (Eyni abidə, şimal tərəf, 2-ci sətir).

Xlll əsr İslandiya tarixçisi Snorri Sturluson özünün “Kiçik Edda” kitabında yazır:

“Troya türk ölkəsidir… Türklərin ölkəsini tərk edib… Avropaya gələn aslar buraya türk adət – ənənələrini gətirdilər və burada türklərin vərdiş etdiyi qanunlar tətbiq olundu.”

 

Qədim rəssamlar yurdu Abşeron

 

Təkcə Azərbaycanın deyil, ümumilikdə Qagqazın heç bir guşəsindən Abşerondan çıxan qədər rəssam çıxmayıb. Özü də söhbət heç kəsin tanımadığ orta səviyyəli rəssamlardan deyil, Tahir Salahov, Səttar Bəhlulzadə, Əzim Əzimzadə, Toğrul Nərimanbəyov, Mircavad Mircavadov kimi dümya səviyyəli fırça ustalarından gedir. Bunun səbəbi nədədir?

Sualın cavabı şox sadədir. Səbəb Bakı və Abşeron camaatının kökü minilliklərin dərinliklrinə, Qobustanın Mezolit dövrü rəssamlarına qədər uzanan genləri, eləcə də bu yerlərin çoxminillik köklü mədəni ənənələridir.

Qobustanın Böyükdaş qayalıqlarında çoxlu mağara vardır. Mezolit dövrünün petroqlifləri əsasən bu mağaraların ətrafındakı və daxilindəki qayalarda həkk olunmuşdur. Bu qayalar qədim rəssamların, bir növ, qədim “rəsm qalereyası”dır. Böyükdaşın yuxarı mərtəbəsindəki bu “qalereya”da əzəmətli ovçuların surətləri, bir cərgədə rəqs edən adamların rəsmi, gizləncəklər – müqəvvalar, gizləncəklərdən istifadə edərək ov edən iki ovçu (3№-li mağara,45№-li daş),vəhşi atların qovularaq tələyə salınması (3№-li mağara,45№-li daş) və bu kimi dəyərli təsvirlər  gözə dəyməkdədir.

Böyükdaşın 3№-li mağarasındakı 45№-li daşın üzərindəki təsvirdən də göründüyü kimi,xalqımızın bu günə qədər sevə-sevə ifa etməkdə olduğu  yallı rəqslərini ulu babalarımız hələ ən azı 12-14 min il əvvəl  ifa etməyə başlamışlar. Bu isə o deməkdir ki, rəqs mədəniyyəimizin kökləri ən azı Mezolit dövrünə qədər uzanır. Elə təsviri sənətimizin kökləri də eyni dövrlərə qədər uzanıb gedir.

Qayalarda nisbətən dərin qazılmış ovçuların böyük fiqurlu siluet şəkilli təs-virləri ilk Mezolit dövrü rəssamlarının yardıcılığı üçün xarakterikdir. Belə rəsmlərdən ibarət böyük bir təsvir kompozisiyası Böyükdaşın yuxarı mərtəbəsində, 29№-li daşın şimal tərəfində qazılmışdır. Kompozisiyanın mərkəzi hissəsində göstərilən ovçuların siluet şəkilli təsvirləri sxematik və şərti xarakter daşıyır, qulaq, burun,göz, ağız və sairə hissələr göstərilmir. Bu rəsmlər təxminən natural böyüklükdədir. Buradakı insan fiqurlarının təsvirində nisbət və sairə realistik xüsusiyyətlər gözlənilməmişdir. Buna baxmayaraq, qədim rəssamlar ovçuların üç baxımdan – ön, yan və arxa tərəfdən təsvir edilməsinə çalışmışlar. Bunu kamanların tam və yarımçıq şəkildə təsvir edilməsindən anlamaq olur. Arxa tərəfdən göstərilmiş ovçuların kamanları bütövlüklə, ön tərəfdən rəsm edilmiş ovçuların kamanlarının isə ancaq kənar ucları təsvir edilir. Bundan başqa bu təsvirlərdəki kamanların yönləri də bir-birinin əksinə olan diaqonal xətlər istiqamətindədir. Arxa tərəfdən rəsm edilmiş ovçuların cinsi əlamətləri də bir qayda olaraq göstərilmir.

Mezolit   rəssamlarının   bu   nailiyyətini  nəzərə   alaraq   həmin   daşın petroqliflərinə diqqətlə baxdıqda aydın olur ki, burada çevrə boyu düzülmüş ovçular təsvir edilmiş, dairəvi kompozisiya yaradılmışdır. Ona görə də bu petroqlif ibtidai rəsm xüsusiyyətlərinə baxmayaraq, Mezolit dövründə yaradılmış müəyyən  kompozisiya tərtibatına malik çoxfiqurlu, monumental xarakterli nadir təsviri sənət əsəri kimi çox qiymətlidir. Sənətşünas alim Nəsir Rzayev sözügedən peyroqlif barədə yazır:

“Həmin petroqlifin mərkəzi hissəsində insan təsvirlərinin ayrı-ayrı fraq-mentlərinə bənzər rəsmlər görünür.Onlar bir necə ovçunun profildən primitiv şə-kildə qazılmış təsvirləridir.Bu yarımçıq və anlaşılmaz rəsmlər qədim rəssamların yaradıcılıq axtarışlarında çox cəsarətli bir addım idi.

Petroqlifdə göstərilən ovçuların əllərindəki daş bıçaqlar və çiyinlərindəki kamanlar Mezolit dövrünün xarakterik xüsusiyyətlərindəndir.Bu dövrün yetişdir-diyi təsvir motivlərindən biri də insan fiqurlarında əl və ayaqların statik və standart vəziyyətdə verilməsidir.Əksər hallarda ovçuların qolları yanlara doğru açılmış halda, qıçları isə yarımbükülü vəziyyətdə təsvir edilir.Bu təsvir motivləri qanun şəklini alaraq sonrakı dövrlərdə də təkrar edilmişdir.

Petroqlifin mərkəzində görünən ovçunun qıçları öz kobudluğu ilə diqqəti çəkir.Bu onunla izah edilir ki,rəssam ovçunu heyvan dərisindən enli şalvar geymiş vəziyyətdə təsvir etməyə çalışmışdır.Ovçular qısa önlükdə də rəsm edilir.Lakin petroqliflərə əsasən demək lazımdır ki, Mezolit ovçuları bəzi hallarda enli, dəri şalvarlar geyirdilər. Belə şalvarda asan hərəkət etmək üçün ovçular diz və topuqlarını sarıyırdılar.”

 

Geyim mədəniyyətinin ulu kökləri

 

Qobustan təsvirlərindən də götündüyü kimi, Abşeronun Mezolit dövrü ovçuları ox və yayı ixtira etdikdən sonra yeni bir çətinlik qarşısında qalmış oldular. O da bundan ibarət idi ki, daş ucluqlu primitiv oxla uzaq məsafədən vəhşi heyvanları vurmaq olmurdu. Ona görə də ovçular heyvanlara daha çox yaxınlaşa bilmək üçün və onları yaxın məsafədən oxlamaq üçün tədbirlər axtararkən,  yeni – yeni kəşflər etmiş   oldular.  Qobustanın Mezolit dövrünün qaya təsvirlərində o dövrün bir sıra kəşfləri öz əksini tapmışdır. Bu kəşflər  bizim qədim əcdadlarımızın – ovçuların fərasət və əməllərinin nəticəsi idi. Nəsir Rzayevin yazdığına görə, bir zamanlar Almaniyanın Frankfurt şəhərinin zooloji qoruğunun direktoru olmuş professor Bernard Qrijmek uzun illərdən bəri müxtəlif ölkələrdə vəhşi heyvanlar  üzərində təcrübələr apararaq belə nəticəyə gəlmişdir ki, əksər heyvanlar özlərinin qüvvətli iy duymaq qabiliyyətindən daha çox pis görən zəif gözlərinə arxalanırlar və etibar edirlər. Alim bu məqsədlə yüngül materiallardan hazırlatdırdığı heyvan fiqurlarından gizləncək kimi istifadə edərək çox asanlıqla heyvanlara yaxınlaşa və onların arasında gəzə bilmişdi. Qobustan təsvirlərindən isə belə görünür ki, alman alimin XX əsrdə etdiyi kəşfi əcdadlarımız ondan 14 min il öncə ediblərmiş:

“Qobustan ovçularının düzəltdikləri gizləncəklərin  yan baxımdan qazılmış daha böyük və aydın təsvirlərini Böyükdaşın yuxarı mərəbəsindəki 49 №-li qayada görürük. Bu petroqlifdə bir ovçunun yanında yan görünüşdən qazılmış iki gizləncək siluetinin rəsmi görünür. Həmişə profildən təsvir edilən belə gizləncəklərdə daha çox nəzərə çarpan cəhətlər onların boyunlarının uzun olması, qarınlarının şişmanlığı və aşağı ayaq hissənin getdikcə ensizləşən formada verilməsidir. Rəssam bu cəhətləri və onların heyvan başlarını olduğu kimi təsvir etdiyindən indi biz həmin gizləncəkləri təsəvvür edirik. Petroqlifdən göründüyü kimi, gizləncəklərin başları ilə bədənləri düz ağac vasitəsi ilə bir-birinə bərkidilmişdir”.

Alim yazır ki, bu petroqlifdən aydın olur ki, qədim ovçular diz və topuqdan sarınmış gen şalvarlarını gizləncəklərin tələbinə uyğun olaraq geyirmişlər. Bəzən bu şalvarlara arxadan heyvan quyruğu da bənd edilir ki, gizləncəkdə olan ovçu arxa tərəfdən də heyvana bənzəmiş olsun. Bu xüsusiyyətə Mezolit dövrü ovçularının təsvirlərində tez-tez rast gəlirik. Misal üçün Böyükdaşın yuxarı mərtəbəsində 42 №-li daşın cənub tərəfindəki qayada qazılmış petroqlifdə soldakı ovçunun gen şalvarının arxasından asılmış heyvan quyruğu aydın görünür.

Qobustan təsvirlərindən göründüyü kimi, əcdadlarımız ən azı Mezolit dövründən, e.ə.X-Vlll minilliklərdən etibarən şalvar geymişlər. Halbuku, istər qədim Misir və Çin, istər qədim hind və fars, istərsə də qədim Aşşur – Babil və Roma – yunan təsvirlərində eyni hala rast gəlmirik . Yalnız qədim fars təsviri sənət abidələrində ulu babalarımızdan midiyalılar və saklar şalvarlı təsvir edilmişlər. Bu isə o deməkdir ki, şalvar, eləcə də bir çox digər geyim növləri türklərdən digər xalqlara keçmişdir. Bunu əldə olan çoxsaylı yazılı mənbələr də təsdiqləyir ki, bu barədə bir qədər sonra söhbət açılacaqdır. Hələlik isə qeyd edək ki, şalvar və digər geyim növləri ilə başqa xalqlara həmin əşyaların adları da keçmişdir. Minəxanım Təkləli yazır:

“Tarixən türklərlə və onların mədəniyyəti ilə daim əlaqədə olan Rusiyada” (N.Dimitriyev) onların məişətində milli geyimlərimiz mühüm yer tutmuşdur. Rus dilində tez – tez rastlaşdığımız çalma, başlık, başmak, papaxa, şarovar (şalvar – B.T.), arxaluk, kebenyak (kəpənək – yapıncı) xalat, kaftan, kuşak, bafta, atlas, kumaç (qumaş), kanaus (qanovuz), kamka (kəmxa), kaytan və s. bu kimi onlarla türkizmlər – Dədə Qorquddan bəri dilimizdə işlənən mədəni terminlər buna yaxşı sübut ola bilər.”

R.A. Yunaliyev özünün “Tyurkizmı v russkom yazıke kitabında bildirir:

“…Rus dilində alt və üst geyim adlarını bildirən qırxdan yuxarı türk sözləri, otuzdan yuxarı paltar – geyim elementi adları, bəzək əşyaları, qırxdan çox baş geyimlərinin adları qeydə alınmışdı.”

Əgər dərindən tədqiqat aparılarsa, eyni hala gürcü, erməni, fars və s. dillərində də rast gəlinəcəyi şübhəsizdir. Konkret olaraq, “şalvar” termininə gəlincə, bu termin bu dillərdə bu gün də işlənir, ya da nə zamansa işlənmişdir. Bu kəlmə ilə bağlı Minəxanım Təkləli yazır:

“Şalvar türk dilindən ukrayna dilinə, buradan da rus dilinə keçmişdir… Fikrimizcə şalvar/şarovar rus dili ilə türk dilinin əlaqəsinin  daha qədim dövrünə aiddir.”

Alim Murad Aciyə istinadən bildirir ki, atlı həyat tərzi üçün türklərin düşünüb tapdığı xüsusi paltar “şalvar” və dünyada ilk uzunboğaz çəkmə (sapoq) da türk sözləridir.

Atdan və atlılardan söz düşmüşkən, bu barədə də bir neçə söz demək yerinə düşər.

Dünyanın ilk at minən xalqı

 

Qobustanın Tunc dövrünə aid təsvirləri içərisində diqqəti ən çox çəkən məqamlardan biri də həmin dövrdə, daha dəqiq desək, erdan əvvəl  III minillikdə atlı süvarilərin əks olunmasıdır. Bu təsvirlər Abşeron və ümumilikdə Azərbaycan ərazisinin təkcə ox, yay, şalvar, dəri geyim və sairənin ilk dəfə kəşf edildiyi məkan deyil, həm  də atın ilk dəfə əhəliləşdirilərək minildiyi məkan olduğunu sübut etməkdədir. Atın ilk dəfə məhz ölkəmizin ərazisində əhəliləşdirildiyini Cəlilabad rayonunun Üçtəpə kəndi ərazisindəki Əliköməktəpədən əldə edilən arxeoloji materiallar da təsdiqləməkdədir.

Atın əhəliləşdirilməsinin guya hinndavropalılarla, at minməyin isə guya irandillilərlə bağlı olması fikrinin artıq çoxdan dəbdən düşmüş cəfəng fikirlərdən başqa bir şey olmadığını vurğulayan Firidun Ağasıoğlu haqlı olaraq yazır:

“Avestada köçəbə dünyası və tur (Turan) atlıları dəfələrlə qeyd olunur. İrandilli tayfaların atçılığı türklərdən öyrəndiyi arxeoloji xronologiya ilə aşkar olur və irandilli tayfalarda atla ilgili sözlərin daha çox türkcə işlənməsi ilə aydınlaşır.”

Alim bu fikrini Əlişir Nəvainin irandilli fars və taciklərin bir qolu olan sartların  dilindəki atçılıq terminologiyası barədə söyləmiş olduğu sözlərlə əsaslandır-mışmışdır ki, bu da tam doğru metoddur. Əlişir Nəvainin söylədikləri gerçəkdən çox maraqlıdır:

“At cinslərindən tupuçaq, arğumaq, yeke, yabu, tatu və sairəni də sartlar türkcə deyirlər. Atların yaşlarına görə adların çoxu türkcədir. Yalnız biryaş dayçanın öz adı var:kura. Qalanlarının – tay, ğonan, dunan, tulan, çırğa, lanqa və sairənin daha fəsihləri türkcə deyilir, amma çoxları bunu da bilməzlər. Sartlar at yəhərinə “zin” desələr də, başqa ləvazimatın adını çəkəndə türk sözü işlədirlər: Jibilqir, hana, tokum, yarlıq, ularçaq, ğançuğ, çılbır, quşqun, qantar, tüfək, toqa. Qamçıya “toziyone” desələr də, boldurğa və çubçurğa onlarda türkcədir.”

Bənzər hal digər irandilli xalqların – kürd, lor, gilək, tat, osetin və mazandaranlıların da leksikonu üçün xarakterikdir. Eyni halı əksər Qafqaz xalqlarının – gürcülərin, vaynaxların (çeçenlərin və inquşların), adıqların (adıgeylərin, çərkəzlərin, abxazların və kabardinlərin), eləcə də Dağıstan xalqlarının dillərində də müşahidə etmək mümkündür.

 Minəxanım Təkləli “Rus dilində türk sözləri” kitabında yazır:

“Türk dillərində atla bağlı zooloji leksikanın zənginliyi rus dilinə də sirayət etmişdir. Rus dilində at və miniklə bağlı sözlərin əksəriyyəti türk mənşəlidir. At adları – keyfiyyət və rənginə görə, mənsubiyyətinə görə: arqamak, merin, loşad, loşak,bulanıy, çubarıy, karakovıy, çalıy, kirqiz, karabax, tarpan, baxmut, kobıla; miniklə bağlı əşya adları: arçak, savrı (sağrı sözündən), tebenek, terlik, çeprak (hamısı yəhərlə bağlı), kançuk (qamçı), naqayka (noqay qamçısı), torba (yem torbası), stakançik (atla bağlı bəzək), xomut, çolka, yal, arkan və s. Elə təkcə tatar dilində at növlərinin adını bildirən qırxdan artıq söz vardır. “

Məlumat üçün bildirək ki, adı çəkilən müəllifin sözügedən kitabının 162-163-cü səhifələri bütünlüklə bu mövzuya həsr edilmiş və alim fikrini əsaslandırmaq üçün çox sayda rus dilçi və filoloqun əsərlərinə istinad etmişdir.

Təkcə bu faktlar birmənalı və təkzibedilməz bir şəkildə istər atın əhliləşdirilməsinin, istər atçılıqla bağlı nəsnələrin, istərsə də at minmək sənətinin bilavasitə türklərin kəşfi olduğunu, türklərdən digər xalqlara keçdiyini sübut edir.

Qədim yunan və Çin mənbələrindən belə məlum olur ki, farslar və qədim çinlilər minillər sonra şalvar geyib, at minməyi və ox atmağı məhz türklərdən öyrənmişlər. Məsələn, qədim Cin salnaməçilərinin yazdığına görə, eradan əvvəl 325-298-ci illər arsında bu ölkənin hökmdarı olmuş Vu Lunq Cində hərbi islahatlar gerçəkləşdirərək, öz əsgərlərinə hun türkləri kimi at minməyi, ox atmağı və gen dəri şalvar geyməyi öyrənməyi əmr etmişdi. Bundan öncə bu ölkədə atlar yalnız arabaya qoşulmaq üçün istifadə edilərmiş, əsgərlərin silahı isə qılınc və nizədən ibarət imiş. Eyni mənbələrdən o da məlum olur ki, cinlilərin tunc əşyalarla tanışlığı da hunlar vasitəsilə baş vermiş və bu ölkəyə ilk tunc məişət və təsərrüfat alətləri Altaydan gətirilmişdir.

Qədim qaynaqlar və əbədi od

 

Antik müəlliflər  odun, metalın, dulus çarxının və sairənin türklər, daha dəqiq desək, iskitlər tərəfindən kəşf edildiyini söyləməklə yetinməmiş, erməni və farsların öz mədəniyyətlərini Azərbaycan türklərinin ulu babalarından hesab edilən midiyalılardan əxz etdiklərini, farsların şalvar geymək, at minmək və ox atmaq sənətini də onlardan öyrəndiyini qeyd emişlər. Bu baxımdan  Strabonun söylədikləri böyük önəm daşıyır:

“Deyilənlərə görə,midiyalılar ermənilərin,onlardan daha öcnə isə  farsların adət – ənənələrinin əsasını qoyanlardır. Farsların ox atmağa, at minməyə, şahlara qulluq eməyə olan həvəsləri və geyimləri midiyalılardan qaynaqlanır. Tiara, kitara, uzunqollu xiton, yun papaq və şalvar midiyalılardan farslara keçmişdir. Bu da təbiidir. Çünki bu cür geyimləri midiyalıların ölkəsi kimi soyuq ölkələrdə geyinmək daha rahatdır.”             

Bahəddin Ögəl “Böyük Hun İmperiyası” kitabında yazır:

“Cində libas islahatı” haqqındakı məşhur Çin alimi Vanq Kuoveinin başqa bir araşdırması üzərində də bir azdayanmaq ehtiyacındayıq. Heyrətli dərəcədə geniş bir qaynaq məlumatına yiyələnmiş bu alim “Hunların libasları haqqında bir araşdırma” adlı məqalə də yazmışdır… Bu araşdırmanın hamısını burada vermək imkanında deyilik. Ancaq nail olduğu nəticələr bu  nöqtələrdə cəmləşirdi: çinlilər hun geyimlərini alarkən geyimlərin hissələrinə aid adları da dəyişdirmədən…almışdılar. Bu əcnəbi sözlər  bir az dəyişdirilərək indiki Çində də işlənməkdədir. Bu geyim islahatlarının izləri uzun zamanlar boyunca Çində yaşamışdır.

“Geyim islahatları”  ilə Çinə gələn yeniliklər nələrdir?  Hun geyimlərinin geyməyə başlanması təkcə (şimaldakı) Chas dövləti daxilində qalmırdı. Bu vərdiş və yeni adətlər yavaş – yavaş bütün əsgərlər arasında yayılırdı., daha sonrakı yüzilliklərdə xalqa da gəlib çatırdı. Bu dəyişmə ilə çinlilərin keçmişdən geydikləri uzun paltarlar  yerini toqqalı qısa gödəkçələrə verirdilər. At geyənlər üçün uyğunlaşdırılmış pantalon (şalvar – B.T.) geymə adəti də yayılmağa başlayırdı.

Çinlilərin ağır hərəkət edən cəng arabalarını atıb hunlar kimi yüngül atlı dəstələr yaratmaq istəmələri ilə belə bir dəyişmə də artıq faydalı olurdu.  Bunlardan başqa çinlilərin keçmişdə geydikləri ayaqqabıların yerini də hunların uzunboğaz çəkmələri tutmağa başlamışdı. Daha sonra hunların bəzək əşyaları, metaldan qayrılmış silah və ləvazimat əşyaları da Çinə gəlmiş və yayılmışdı.”

Məlum olduğu kimi, Abşeron odun yerdən təbii şəkildə çıxdığı azsaylı diyarlardan biridir. Və, bu yüz minillərdir ki, beləcə davam edir.  Görünür, elə bu da Azərbaycanın odlar yurdu kimi məşhurlaşmasında xüsusi rol oynamışdır. Eyni zamanda, məhz bu hal ölkəmizin oddan ilk istifadə edilən ölkə olmasını təmin etmişdir. Maraqlıdır ki, dünyada ən qədim ocaq yerinə Azıx mağarasında rast gəlinmişdir.

Azıx mağarasında aparılan  qazıntılar  nəticəsində  aşkar  olunanan  və  yaşı  təqribən  300-700  min  ilə bərabər olan ocaq izləri indiyə qədər bütün dünyada tapılan ən qədim ocaq izidir. Tarixçi alim Hidayət Cəfərov bu barədə yazır:

“Arxeoloji tədqiqatlar nəticəsində məlum olmuşdur ki, Azərbaycanın ən qədim sakinləri hələ ən azı 700 min il öncə süni yolla od əldə etməyi və onu uzun müddət yanar vəziyyətdə saxlamağı öyrənmişdilər. Ocaqdan isinmək, vəhşi heyvanlardan qorunmaq, yemək hazırlamaq üçün istifadə olunurdu.”

Bu fakt ölkəmizin dünyada süni yolla od əldə edərək, onu uzun müddət yanar vəziyyətdə saxlamaq  texnologiyasının ilk dəfə kəşf və tətbiq edildiyi ərazi olduğunu söyləməyə əsas verir. Bu da təbiidir. Çünki Azərbaycan ərazisi ən qədim zamanlardan odun yerdən təbii şəkildə çıxdığı bəlkə də yeganə ərazidir. Bu baxımdan Balaxanı kəndi  yaxınlığındakı  Yanardağ   deyilənlərə ən gözəl misaldır.

Maraqlıdır ki, təmiz türk sözü olan “ocaq” kəlməsi bu gün heç bir dəyişikliyə məruz qalmadan və ya cüzi dəyişikliklə qonşu xalqların dilində də işlən-məkdədir. Bu baxımdan rus, erməni, gürcü, tat, ləzgi, avar, tabasaran, lak, fars, dargin və sairə dilləri misal gətirmək olar. Bu isə onu göstərir ki, qonşu xalqlar ocaq qalamaq və onu yanar vəziyyətdə saxlamaq texnologiyasını  məhz bizim ulu babalarımızdan əxz etmiş və bu texnologiya ilə birlikdə “ocaq” kəlməsi də onların dilinə keçmişdir. Deyiənləri qonşu xalqların, eləcə də qədim yunanların əfsanələri də sübut etməkdədir.

Qədim yunan şair və dramaturqu Esxil özünün məşhur “Zəncirlənmiş Prometey” əsərində minilliklərin dərinliklərindən gələn miflərə istinad edərək, odun tanrılardan oğurlanaraq insanlara təslim edildiyi yer kimi İskitlər, yəni türklər ölkəsi və Qafqazın adını çəkir. Bu,insanların odla ilk tanışlıq yerinin Qafqazdakı türklər ölkəsinin olduğu deməkdir. Esxil sözügedən əsərin ən başında Hakimiyyət və Qüdrətin dili ilə deyir:

                          “Bir uzaq guşəsinə gəlib yetişdik yerin,

                            Boş, tənha çöllərinə yırtıcı iskitlərin.

                            Atanın buyruğuna itaət eyləyərək,

                            Bu yaramaz canini öz əllərinlə gərək

                            Mıxlayasan qayaya, Hefest,budur vəzifən;

                            Ona bir zindan yarat zəncir həlqələrindən.

                            O sənin çiçək kimi açılan atəşini,

                            Şəfəqləri dörd yana saçılan atəşini,

                            Oğurlayıb aparmış,vermişdir insanlara…”

 

Təqdim olunan sitatdan da göründüyü kimi, qədim yunan mifologiyası in-sanların odla tanışlıq yeri kimi İskitlər ölkəsini tanıyır. Qədim yunanların isə türkləri “iskit” adlandırdıqları məlumdur. Əsərin başqa yerində də hadisənin məhz İskitlər, yəni türklər ölkəsində baş verdiyi qeyd edilir. Bu dəfə bu, Prometeyin öz dilindən söylənir:

                            “Bir an dinclik bilməyən sonsuz ləpələriylə

                              Başdan-başa dolaşan yeri elədən-belə.

                              Ey atamız Okeanın və çox uşaqlı Tifin

                             Gənc nəsli,yaxın gəlin,vəhşi gəzən iskitin

                             Yurdu olan bu yerdə,bu yüksək qayalarda

                              Zəncirlərlə bağlanıb qalmışam necə darda.” 

      

Filoloq alim Minəxanım Təkləlidən mövzu ilə bağlı yazır ki, türk mənşəli bu sözün leksik – semantik inkişafı çox maraqlıdır. Şübhəsiz, sözün ilkin mənası od // ot kökü ilə bağlıdır:

“Ancaq sonrakı inkişaf mərhələlərində bu söz artıq genişlənərək “ev, ailə, nəsil, ərazi, mərkəz” və b. k.  mənalar qazanmışdır. Hətta bu mənaların bəzisi yazılı abidələrimizdə də müşahidə edilməkdədir: Ocağa bunca avrat gəlməsin; ocağını söyündürün, – deyü söyləşdilər. (KDQ 1,V boy) “Ocaq sözündəki məna inkişafı ona gətirib çıxarmışdır ki, istər rus dilində, istərsə də Azərbaycan dilində “mərkəz, ərazi, mənbə” və s. mənalar(sağlamlıq ocaqları, mədəniyyət ocaqları, müharibə ocağı və s. ifadələrindəki mənalar) qazanmışdır. Söz rus dili ilə yanaşı erməni və İran dillərinə də keçmişdir. Dmitriyev Radlova istinad edərək sözün türk dillərində “qorn, yama dlya oqnya, dom, ubejişe, familiya, korpus yanıçar”  mənalarını ifadə etdiyini göstərirdi.”

Abşeronun qədim kurqanları və gəmi təsvirləri

 

Abşeronun coğrafi iqlim və geoloji amilləri sayəsində bütün Abşeron yarımadası və Bakı ərazisi 20 000 il bundan əvvəl məskunlaşmışdır. Yeni Suraxanı qəsəbəsinin yaxınlığında qədim insan məskənləri aşkar edilmişdir. Ümumiyyətlə bütün yarımadada qədim insan məskənləri tunc dövrünə və erkən dəmir dövrünə aid kurqanların sayı hesabı yoxdur. Burada həmçinin daşdan yonulmuş, üzərində sujetli rəsmlər çəkilmiş antropomorf fiqurlu qədim qəbristan kompleksləri aşkar edilmişdir – Dübəndi, Türkan, Xaşaxuna, Mərdəkan, Şüvəlan qəsəbələri. Pirallahı adasında, Zığ gölündə, Binəqədidə və Əmircanda qədim insan məskənləri aşkar edilmişdir (e.ə.III-I minilliklər). Bütün bunlar onu göstərir ki, bütövlükdə Abşeron yarımadası hələ qədim ən qədim vaxtlardan insanların dinc yaşaması və yaradcılıqla məşğul olması üçün gözəl məkan olmuşdur..

Burada aşkarlanmış kurqanlar yarımadanın ən qədim sakinlərinin məhz türklər olduğunu birmənalı şəkildə sübut edir.

Məlumat üçün bildirək ki, İslama qədərki türklərin, o cümlədən iskitlərin ayrılmaz atributlarından biri də kurqanlar olub. Bütün qədim müəlliflər iskitlərin və ümumiyyətlə türklərin öz ölülərinin məzarlarının üzərində qum və ya daş kurqanlar ucaltdıqlarını söyləmişlər. Eyni hal qədim şumer mədəniyyətinə də xasdır. Maraqlıdır ki, yer üzündə ən qədim kurqan qəbirlərinin izlərinə məhz Azərbaycan ərazisində rast gəlinmişdir. Bu baxımdan Söhbət Son Eneolit dövründən və Ağstafa rayonu ərazisindən gedir. Maraqlıdır ki, sözügedən abidə özündə protoşumer mədəniyyəti ilə anoloji mədəniyyətin izlərini  daşımaqdadır. Tarixçi alim Nəcəf Müseyibli dığına görə, XX əsrin 80-ci illərində Azərbaycanda, Ağdam rayonu ərazisində, aran Qarabağda Son Eneolit dövrünə aid Leylatəpə məskəni tədqiq edilərkən,  buradan digər yerlərdən tapılan və eyni dövrə aid olan maddi mədəniyyət nümunələrindən keyfiyyət baxımından fərqlənən saxsı qablara rast gəlinmişdi. Buradan tapılan, dulus çarxında hazırlanmış yüksək keyfiyyəli qablar Messopatamiyadan tapılmış Əl – Übeyd mədəniyyəti ilə eynilik təşkil etməkdə idi. Sonralar eyni bölgədə bənzər mədəniyyətin izləri Çinartəpə, Şomutəpə və Abdal Əziztəpə abidələrdən də üzə çıxarıldı.

Nəcəf Müseyiblinin bildirdiyinə görə, Son Eneolit dövrünə aid olan kurqan qəbirlər böyük maraq kəsb etməkdədir. Biz bu kurqanları 2004 –cü ildə, neft və qaz kəmərlərinin 432-ci kilometrində, Ağstafa rayonu ərazisində, Soyuqbulaqdan bir kilometr aralıda təsbit etdik. Bir vaxt çox sayda kurqanın bulunduğu böyük bir sahədə onların yalnız bir hissəsi qorunmuşdur. Onların sayı otuza qədərdir:

“Elmi ədəbiyyata Soyuqbulaq kurqanları kimi düşən bu kurqanlar təkcə Qafqazda deyil, eyni zamanda bütün dünyada məlum olan ən qədim kurqanlardır. Onların tarix səhnəsinə çıxışı yerli əhalinin dini dünyagörüşündə baş verən dəyişikliklər ilə bağlı olmuşdur.”  

Alimlər bu abidələrlə qədim Şumer mədəniyyəti arasında böyük oxşarlıq görməkdədirlər.  Təbii ki, eyni sözləri Abşeron kurqanları haqqında da söyləmk olar və məsələ təkcə bunda deyil.

Məşhur norveçli səyyah və alim Tur Heyerdal da Qobustandakı gəmi təs-virlərini tədqiq etdikdən sonra şumerlərin Messopatamiyaya buradan köçüb getdiklərini bildirmişdir. Bununla bağlı Nəsir Rzayev yazır:

“Qədim mədəniyyət və incəsənətimizdə şumer izlərinə həm Cənubi, həm də Şimali Azərbaycanda rast gəlinir. Bu izlər qadim azərbaycanlıların şumerlərlə qaynayıb qarışmasının, etnik yaxınlığının bir əlaməti kimi də çox maraqlıdır. Bu etnik yaxınlığın digər bir göstəricicsi Aydın Məmmədov və digər dilçilərimizin dilimizdə üzə çıxardıqları şumer dili paralelləridir. Bu dil qohumluğu həm qədim, həm də uzun tarixi bir prosesin nəticəsidir.

Qədim əcdadlarımızın şümerlərlə olan mədəni yaxınlığından, qan qohumluğundan xəbər verən bir çox maddi mədəniyyət, incəsənət abidələri içərisində Qobustanın günəş gəmiləri xüsusi yer tutur.

1981-ci ildə məşhur səyyah və alim Tur Heyerdal və onu müşayiət edən SSRİ Elmlər Akademiyasının Etnoqrafiya institutunun baş elmi işçisi Henrix Anoxin Qobustan petroqliflərinə baxmış, eramızdan əvvəl lll minilliyə aid günəş gəmilərinin təsvirlərində qədim şumer mədəniyyətinin izini görmüşlər.”

 

 

 

 

 

 

 

 

 

 

 

Advertisements
Bu yazı Mifologiya kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma