Kidarlar və eftalitlər

1

Musa Kağankatlı “Albaniya tarixi”nin “Yafəs nəslinin şəcərəsi” başlıqlı II fəslində Yafəs soyundan gələn xalqlardan söz açaraq, albanların mənşəyi məsələsinə belə aydınlıq gətirir: “…Cəmisi 15 boydur. Bunlardan üçü yerlərini atıb, bütpərəst adalarına səpələniblər. Bunlar Yafəsoğullarından olan kidarların nəslindən olan kiprlilər və şimalda kidarlarla qohum olan boylar idilər və albanlar da məhz onların nəslindən idilər”. Eyni müəllif eyni kitabın “Müqəddəs Mesrop və yoldaşları haqqında qısa məlumat” adlı XV fəslində  qarqarlarla yanaşı eftalitlərin də adın çəkir və bu iki boyun yaşadıqları əraziyə Makedoniyalı İskəndər tərəfindən köçürüldüyünü qeyd edir. Bu məqalədə məhz kidarlar və Azərbaycanda daha çox “abdallar” kimi tanınan və adları bir çox kənd adlarımızda əksini tapan eftalitlər haqqında danışacağıq. Maraqlıdır ki, Musa Kağankatlı eftalitlərin adını “kamiçik” təyini ilə birlikdə çəkir ki, bu da qədim türk dilində qama, yəni şamana tabe olanlar deməkdir. Deməli, həmin dövrdə onlar şamanist idilər. Tarixçi qarqarlarla eftalitlərin adını birlikdə çəkərək yazır: “O (Mesrop Maştots), xristianlığı burada yenidən canlandırıb möhkəmlədir və Udin vilayətində, Albaniya, Lipiniya, Kaspiya, Çola keçidinə qədər uzanan torpaqlarda və vaxtilə Makedoniyalı İskəndərin əsir edib, buraya, Böyük Qafqaz dağları yaxınlığına köçürdüyü qarqarlar və kamiçik eftalitlər boyu arasında İncili təbliğ edir”. Birinci məqalədə albanlar və qarqarlardan söhbət edərkən, onların təkcə Albaniyada, yəni Azərbaycanda deyil, həm də Orta Asiyada yaşadıqlarını və Orta Asiya türklərinin etnogenezində yaxından iştirak etdiyini qeyd etmişdik. Eyni sözləri kidarlar və eftalitlər barədə də söyləmək mümkündür. Və işin ən maraqlı tərəfi isə budur ki, bu iki qədim türk böyunun Albaniyadakı fəaliyyəti haqqında mənbələr nisbətən  az olsa da, onların Orta Asiyadakı fəaliyyətlərindən  söz açan yazılı qaynaqlar kifayət qədərdir.

Kidarlara məxsus sikkə

İlk öncə ondan başlayaq ki, Avropa mənbələri, daha dəqiq desək, Prisk (Prisk Panneyalı) kidarları “hun” adlandırır və onların 456-cı və sonrakı illərdə Sasanilərlə döyüşlərindən söz açaraq bildirir ki, fars-Sasanilər hun – kidaritlərə qarşı Rum (Bizans) imperatorluğu ilə saziş bağlamışdılar və bu sazişə görə, rumlular (bizanslılar) farsları maliyyə və silahla dəstəkləməyə boyun olmuşdular. Onlar bu yolla hun – kidarların Bizans ərazisinə soxulmalarını önləməyə çalışırdılar. Bəzi mütəxəssislər kidarlara aid sikkələrin üzərində yazılmış “Kidara” sözünü Çin mənbələrində, məsələn, “Bey-şi”də adı “Ki – o – ta – la” kimi çəkilən və yucilərin (kuşanlıların) hökmdarı olduğu söylənən şəxsin adıyla eyniləşdirirlər. Çin mənbələrindən belə aydın olur ki, Kiotala Qəndahardan (Əfqanıstan) hərəkət edərək, Şimali Hindistana daxil olaraq, burada beş ölkəni fəth etmiş və Yuci (Kuşan) imperatorluğunu qurmuşdu.  Hindistandan tapılan və üzərində brahmi hərfləri ilə “Kidara Kuşana şa” sözləri yazılmış sikkələri həmin şəxsə aid edirlər. Sikkələri isə 390-430 – cu illərə aid edirlər. Bizans tarixçisi (ermənilər onu erməni tarixçisi kimi qələmə verirlər) Favst Buzand Sasani şahı II Şapurla Kuşan xaqanı arasında olan döyüşlər barədə geniş məlumat verərək bildirir ki, müharibəni birinci kuşanlar başladılar. Fars qoşunlarına bilavasitə II Şapurun özü başçılıq edirdi. Amma bu farslara kömək etmədi. Kuşanlılar farsları darmadağın etdilər, bir çoxunu məhv edib, çox hissəsini əsir aldılar. Yerdə qalanlar isə döyüş meydanını qoyub qaçdılar. Bundan sonar II Şapur hunlardan (kuşanlılardan) qisas almaq məqsdilə yenidən müharibəyə əl atdı və aqibəti əvvəlki kimi oldu. Maraqlıdır ki, erməni tarixçisi Eqişe başqa bir Sasani şahının, yəni II Yezdəgirdin kuşanlılarla apardığı savaşdan söz açarkən, kuşanlıları kidarlarla deyil, eftalitlərlə eyniləşdirir. Bu isə o deməkdir ki, kidarlar və eftalitlər qohum hun boylarından olmuş və aralarında sadəcə hakimiyyət dəyişikliyi baş vermişdi. Əvvəl hakimiyyətdə bir boy imiş, digəri isə ona tabe imiş. Sonra isə vəziyyət dəyişibmiş. Fakt isə budur ki, istər erməni, istər fars, istər çin və hind, istərsə də ərəb mənbələri həm kidarların, həm də eftalitlərin birmənalı şəkildə hun və türklərlə eyni etnosun nümayəndəsi olduğunu təsdiqləyir. Məsələn, Bəhram Gurun kuşanlarla apardığı savaşlardan söhbət açan Ət-Təbəri və Dinavəri kuşanların hökmdarını türk xaqanı adlandırırlar. Eqişenin yazdığına görə, II Yəzdəgird ikinci dəfə kuşanların ölkəsinə hücum edəndə, dəhşətli məğlubiyyətlə üzləşdi və hunlar fars torpaqlarında talanlara başladılar. Və bu hələ başlanğıc idi. Sasanilərin qara günləri hələ qabaqda idi. Şərqi Türküstan da daxil olmaqla, Bütün Orta Asiya, Əfqanıstan, Pakistan və Şimali Hindistanı öz böyük imperatorluğuna (Kuşan dövləti) qatan eftalit-kidar konfederasiyası, Çin mənbələrinin yazdığına görə, 456-cı ildə Çinə böyük nümayəndə heyəti göndərmişdi. Başında eftalitlərin durduğu böyük hun imperatorluğu (Kuşan dövləti) ilə fars-Sasani imperatorluğu arasında növbəti qanlı müharibə Sasani şahı Firuzun (459-484) dövrünə təsadüf edir. Birinci döyüş Firuzun öz qoşununun böyük hissəsi ilə birlikdə türklərin xaqanı Ağşunvara əsir düşməsi ilə nəticələndi. Firuz yüksək bac-xərac müqabilində azad edildi və söz verdi ki, bir də türklərin ölkəsinə soxulmayacaq, lakin sözünə əməl etmədi və ikinci dəfə müharibəyə başladı və yenə də türklərin xaqanına əsir düşdü. Bu dəfə Bizans imperatorunun xahiş minnəti sayəsində canını qurtara bildi. Yenə də dinc durmadı və üçüncü yürüşü zamanı qoşunu ilə birlikdə türklərin qazdıqları çuxura düşüb öldü. Bu barədə həm Ət-Təbəri, həm Bizans tarixçisi Prokopiy (Kesariyalı), həm də alban tarixçisi Musa Kağankatlı məlumat verirlər. Maraqlıdır ki, albanlar həmişə Orta Asiyadakı soydaşlarına rəğbətlə yanaşırdılar. Bunun səbəbi təkcə qan və dil birliyi deyildi. Həm də Albaniyada zorla farsların dinini, yəni zərdüştülüyü (atəşpərəstliyi) yaymağa çalışan Sasanilərə qarşı olan nifrət idi. Sasanilərlə gərgin münasibətlər Albaniya tarixinin bütün mərhələlərində özünü açıq-aydln şəkildə büruzə verir. Məlum olduğu, Albaniya // Aran dövləti eyni ərazidə özündən əvvəl mövcud olmuş Maskut (Massaget) xanlığının yerində peyda olmuşdu. Antik mənbələr keçmişdə albanlara massaget (maskut) deyildiyini söyləməkdədir. Maraqlıdır ki, Arsaklar sülaləsindən olan Sanatürk (Sanesan) mənbələrdə bəzən massagetlərin, bəzənsə Albaniyanın (Aranın) hökmdarı adlandırılır. Eyni zamanda ondan “çoxsaylı hun (türk) ordusunun başçısı” kimi də söz açılmaqdadır. Sanatürkün 337-ci ildə Araz çayının qərb sahilinə keçərək Ərməniyyə (Armeniya) torpaqlarına girdiyi və Ərməniyyənin baş şəhəri Valarşapatı tutduğu, bir il əlində saxladığı məlumdur. Mövzu ilə bağlı Yusif Yusifov yazır: “Sanatürk // Sanesan Armeniyanın paytaxt şəhəri Valarşapatı tutdu və bir il Armeniyanı əlində saxladı. Qaynaqların biri Sanesanı “saysız – hesabsız hunların” hökmdarı adlandırır. Sanatürk / Sanesan eyni zamanda Armeniyanın bu hissəsində yaşayan türk etnoslarını xristian təbliğatçılarınıntəcavüzündən qoruyurmuş. Lakin 338-ci ildə yunan (rum – B.T) və iber qoşunlarının köməyi ilə erməni sərkərdəsi Vaçe Mamikonyan (Mamikonlar türk mənşəli idilər – Y.Y.) Sanatürkün dəstələrini məğlub etdi, qalanını isə Paytakarana sıxışdırdı. II Şapur Albaniya taxtında Sasanilərə sadiq hökmdar görmək istəyirdi. Onun zənnincə, belə hökmdar Urnayr olmalı idi. Urnayrı II Şapurla qohumluq əlaqələri bağlayırdı”. Urnayr II Şapurun bacısıyla evlənərək, onunla qohumluq əlaqələrinə malik olsa da, o da Sanatürk kimi türk – Arsak sülaləsindən idi. Ərməniyyədə də eyni sülalə hakimiyyətdə idi. Beləliklə, fars – Sasani şahının yardımı ilə Urnayr 359-cu ildə Albaniya xanı oldu, 371-ci ilə qədər hakimiyyətdə qaldı. 359–cu ildə II Şapur Ərməniyyəni himayə edən və ondan Sasanilərə qarşı sipər kimi istifadə edən Romaya qarşı hücuma keçdi. Amid (Diyarbəkr) yaxınlığında böyük bir döyüş oldu. Həmin döyüşdə albanlar Urnayrın başçılığı altında farsların yanında döyüşürdülər. Müharibə Sasanilərin Ağrıdağ və ətrafını tutması ilə sonuclandı. Azərbaycanın (Adərbayqanın) Naxçıvan vilayəti Sasani ordusunun ordugahı rolunda çıxış edirdi. Döyüşdə əsir düşən erməni sərkərdəsi Vasaq edam edildi. Ərməniyyənin xanı II Arsak zindana salındı. Mənbələrdən belə məlum olur ki, Urnayr 371-ci il müharibəsində də romalılara qarşı farsların müttəfiqi kimi çıxış etmişdi. Fəqət bu dəfə müharibə romalıların qələbəsi ilə bitdi. Döyüşdə Urnayr yaralandı. Romalılar nəinki Ərməniyyəni qaytardılar, hətta Adərbayqan (Azərbaycan) və Albaniyanın bəzi bölgələrini işğal edib Ərməniyyəyə qatdılar. Ermənilər isə Muşeq Mamiqonyan (Muşeq Mamikon) adlı sərkərdənin başçılığı ilə işğal edilmiş ərazilərdə əhaliyə divan tutdu. Qadın – uşaq demədən minlərlə insanı qırıb tökdü. Kəndləri, şəhərləri oda verdi. Lakin bu uzun sürmədi, işğal olunmuş torpaqlar tezliklə geri qaytarıldı. Tarixi mənbələr dövrümüzədək türk – Arsak sülaləsindən olan sonrakı alban xanlarının da adını çatdırmışdır. Bunlardan biri də Arsvaqen (430-440) idi. Onun dövründə alban əyanlarının önəmli hissəsi xristian idilər. Mənbələrin yazdığına görə, onun hakimiyyəti dövründə Ərməniyyə və Albaniyaya (Arana) gələn suriyalı xristian maarifçisi Mesrop Maştots öncə ermənilər üçün yeni əlifba düzəltmiş, daha sonra isə Albaniyaya (Arana) keçərək əski alban yazısını yenisiylə əvəz etmişdir. Arsvaqendən sonra onun oğlu, fars – Sasani şahı II Yəzdəgirdin bacısı oğlu II Vace (440 – 463) Albaniya xanı oldu. O, Yəzdəgirdin təkidi ilə Albaniyada atəşpərəstliyi yaymağa çalışsa da, xalqın buna qarşı çıxması ilə istəyinə nail ola bilməmişdi. Sasani imperatorluğunda daxili çəkişmələrdən istifadə edən II Vaçe sonradan siyasətini dəyişərək, xristianlara arxalanmağa, farslara qarşı çıxış etməyə başladı. Fəqət farsların yeni şahı Firuz alban tayfalarından onuyğurları (onoqurları) öz tərəfinə çəkərək, onu hakimiyyətdən əl çəkməyə məcbur edə bildi.

2Bundan sonra 30 illiyə müstəqilliyini tam itirən Albaniya (Aran) həmin dövrdə fars canişinləri tərəfindən idarə edildi. 30 il sonra isə II Vaçenin qardaşı, ölkədə farsların dinini, yəni zərdüştiliyi (atəşpərəstliyi) yaymağa boyun olan Qarabağ bəyi III Cəsur Vaçaqan (493 – 510) qohumu, fars şahı Balaşın köməyi və dəstəyi ilə Albaniyanın (Aranın) xanı oldu. Fəqət o, zərdüştiliyi yaymaq sözünə sadiq qalmayaraq, xristianlığı ölkənin dövlət dininə çevirdi. Onun dövründə bütün digər dinlərin nümayəndələri təqib edilməyə başlandı. Kitabları yandırıldı. Vaçaqan 498–ci ildə Aquen məclisini çağıraraq, xristian dini qanunlarını rəsmiləşdirdi. Ölkənin hər yerində məktəb açaraq, albanların yeni əlifbası ilə alban dilində yazılmış dini kitabları öyrətməyə başladı. III Vaçaqan tarixə Albaniyanın türk – Arsak sülaləsindən olan sonuncu xanı və ümumiyyətlə son alban xanı kimi düşmüşdür. Arsaklardan sonra xristian albanların başına keçən fars (tat) mənşəli Mehranilər sülaləsi xristianlığı qəbul edərək, Girdiman ərazisində bəylik şəklində siyasi fəaliyyət göstərməkdə idilər. Ən tanınmış nümayəndələri Cavanşir olmuşdur. Azərbaycanın ərazisi İslam xilafətinin tərkibinə keçdikdən sonar həm Ərməniyyə (Van gölü və ətrafı), həm də Aran, yəni Albaniya Azərbaycana birləşdirildi. Bununla belə, albanlar bir müddət Qarabağ və Qərbi Azərbaycanda, əsasən də Zəngəzurda Azərbaycandan asılı muxtar bəyliklər şəklində siyasi yaşamlarını davam etdirmişlər. Albaniyada türk-Arsaklar hakimiyyətdə olanda, Ermənistanda da bu sülalənin başqa bir qolu hakim idi. Erməni mənbələri Parfiya mənşəli Arsakların Kuşan hökmdarları ilə olan münasibətlərini dərindən başa düşə bilməmiz üçün çox gözəl material verir. Məsələn, Movses Xorenarsi belə bir məlumat verir: “Müqəddəs tarixə görə İbrahim Adəmdən başlayaraq 21-ci patriarx olub. Parfiya xalq kökünü İbrahimdən alır. Müqəddəs yazılarda deyildiyi kimi, Saranın ölümündən sonra İbrahim Xettutanı aldı, ondan İmran doğuldu. İbrahim hələ sağ ikən, onu və qardaşlarını İshaqdan ayırıb Şərq ölkəsinə göndərdi. Parfiya xalqı onlardan, Arşak (Arsak) da  bu xalqdan törənib. Bu cəsur şəxs makedoniyalıları devirib 32 il Kuşan torpağının hakimi oldu.  Ondan sonra oğlu Artaşes 26 il, ondan da sonra onun oğlu, “Qüdrətli” ləqəbli  Arşak (Arsak) hökmdar oldu. O, Antioxu öldürüb Bala Arşakı (Bala Arsakı) Ermənistanın hakimi və özündən sonra ikinci şəxs təyin etdi”. Bu fakt Ermənistan  və Albaniyanı idarə edən türk-Arsaklar sülaləsinin Kuşan dövləti ilə, yəni Hun – Türk xaqanlığı ilə sıx bağlı olduğunu bir daha sübut edir.

Bəxtiyar Tuncay

 “KarabakhİNFO.com”

Advertisements
Bu yazı Qafqaz Albaniyası, Tarix, Türkçülük kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Kidarlar və eftalitlər üçün 3 cavab

  1. vasif dedi ki:

    Bextiyar muellim , yazilarinizi oxudum.Aciqini deyim ki,mueyyen tesevvurlerim var idi,ancaq oxuyandan sonra xeyli melumat aldim.Tesekku edirem.Ancaq bir sualim var.Yazilarinizda qeyd etdiyiniz ermeni menbeleri -haylara aiddirmi ? Bu menimcin cox maraqlidir. Cunki ,daha doqrusu bildiyime gore haylar hemise qul veziyyetinde olublar. Bir de bilmek isteyirem ki, yazilarinizin rus ve ingilis variantlari varmi ?

    • Bəxtiyar Tuncay dedi ki:

      “Erməni mənbələri” adlanan əsərlərin hamısı, özlərinin də etiraf etdiyi kimi, XIX əsrdə müasir erməni dilinə tərcümə olunub. Orijinalların hansı dildə və əslində kimə məxsus olduğu qaranlıqdır. Tərcümə zamanı nə kimi təhriflər edildiyi də məlum deyil.
      Məqalə əslində rusca yazılıb və bu onun tərcüməsidir. Bloqumda axtarsanız rus variantını da tapa bilərsiniz.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma