Qarabağdan toplanmış mifoloji mətnlərdə fərqli inanc sistemlərinin izi

Bəxtiyar Tuncay

tarix3

 

 

ÖZƏT

 

Bir neçə il öncə Qarabağ folklorunun öyrənilməsi ucun Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Qarabağ bölgəsinə təşkil etdiyi eksprdisiya zamanı çox sayda maraqlı material toplanmışdı ki, onların müəyyən qismini mifoloji mətnlər təşkil edir. Bu mətnlərdən bəzilərində Qarabağ və ümumilikdə Azərbaycan əhalisinin tarixən keçdiyi ayrı-ayrı dövrlərin fərqli inanc sistemlərinin izləri özünü açıq aydın şəkildə göstərir. Bu baxımdan bəzi mətnlər böyük maraq doğurur. Bu mətnlərdə üç fərqli inanc sisteminin – şamanizmin, xristianlığın və İslamın izləri əks olunub. Bu da təbiidir. Çünki İslamdan öncə Qarabağın yerli əhalisi də bütün Qafqaz  Albaniyasında olduğu kimi, xristianlığı qəbul etmiş, bundan öncə isə şamanist olmuşdur. Bu fakt şamanları “cadugər”, “sehirbaz”, “ağı söyləyən” adlandıran Musa Kağankatlının (Kalankatuklunun) “Albaniya tarixi” kitabınn XXV fəslində öz əksini tapıb.

Amar sözlər: Qarabağ, folklor, mifoloji mətn, İslam, xristianlıq, şamanizm, Quran, Bibliya.

 

Bəxtiyar Tuncay

 

Qarabağdan toplanmış mifoloji mətnlərdə fərqli inanc sistemlərinin izi

 

Bir neçə il öncə Qarabağ folklorunun öyrənilməsi sahədəki boşluğu muəyyən qədər doldurmaq, Qarabağı özumuzə və dunyaya daha yaxından tanıtmaq ucun Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda «Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması» uzrə xususi layihə hazırlanmış və institutun bir cox əməkdaşları layihənin icrasına cəlb edilmişdi (1. 5). Təşkil olunan eksprdisiya zamanı çox sayda maraqlı material toplanmışdı ki, onların müəyyən qismini mifoloji mətnlər təşkil edir. Bu mətnlərdən bəzilərində Qarabağ və ümumilikdə Azərbaycan əhalisinin tarixən keçdiyi ayrı-ayrı dövrlərin fərqli inanc sistemlərinin izləri özünü açıq aydın şəkildə göstərir. Bu baxımdan aşağıdakı mətn böyük maraq doğurur.

“Allah-tala hər şeydən qabax şeytanı yaradıf. Şeytan Allaha necə il qullux eliyif. Şeytannan sohra Adəm atanı yaradıf. Adəm ata, rəvayətin dediyinə gorə, Hindisdanda yaranıf, yerdən, torpaxdan, palcıxdan. Bu yaranannan sohra arvadı-zadı olmuyuf. Allah-tala şeytana əmr eliyir ki, Adəm ataya səjdə elə, baş əy. Şeytan deyir ki, mən onnan qabax dunyaya gəlmişəm. Mən Adəm ataya səjdə eləmərəm. O pirdən ki, arxası qatda cıxıllar ha, – arxaa pirə cevirmək ədəbsizdihdi, – onu, deyir, heylə qayırıflar ki, şeytan Adəm ataya baş əysin. Genə baş əymiyif, elə duzqulusuna cıxıf. Şeytan Allah-talaya şikayət eliyir ki, mən saa Adəm atadan qabax necə il qullux eləmişəm, mənim hakqımı ver. Allah-tala buna deyir ki, kim sənin sozunnan gedirsə, kim sənin buyruğaa baxırsa, sənin hakqaa onu verirəm. Sohradan Allah Adəm atanın qabırğasınnan Həvva nənəni yaradıf” (1. 15).

Bu mətndə diqqəti çəkən ilk məqam Allahın şeytanı “hər şeydən qabax” yaratması, eləcə də “Şeytannan sohra Adəm atanı yaradıf” fikridir ki, bu fakir, Qarabağ əhalisinin nə Qafqaz Albaniyası dövründə iman etdiyi xristianlığın əsas kitabı olan “Bibliya”da, nə də sonradan qəbul etdiyi İslam dininin müqəddəs kitabı “Quran”da söylənilənlərlə üst-üstə düşmür. Məsələn, Bibliyada yaradılış ardıcıllığı bu şəkildə əks olunub:

“Başlanğıcda Allah göyləri və yeri yaratdı. Yer quruluşsuz və boş idi. Dərin sular üzərində qaranlıq var idi. Allahın Ruhu suların üzərində dolaşırdı. Allah dedi: «Qoy işıq olsun». İşıq oldu. Allah gördü ki, işıq yaxşıdır. Sonra O, işığı qaranlıqdan ayırdı. Allah işığı «gündüz», qaranlığı isə «gecə» adlandırdı. Axşam oldu, səhər açıldı; bu, birinci gün idi. Sonra Allah dedi: «Qoy suların arasında bir qübbə olsun və suları bir-birindən ayırsın». Allah qübbəni düzəltdi və qübbənin altındakı suları onun üstündəki sulardan ayırdı. Belə də oldu. Allah qübbəni «göy» adlandırdı. Axşam oldu, səhər açıldı; bu, ikinci gün idi. Sonra Allah dedi: «Qoy göyün altındakı sular bir yerə yığılsın ki, quru görünsün». Belə də oldu. Allah qurunu «yer», su yığınlarını isə «dənizlər» adlandırdı. Allah gördü ki, bu, yaxşıdır. Sonra Allah dedi: «Qoy yer üzü bitkilər yetirsin: toxumlar bitirən ot-ələf və torpaqda hər növ bəhərli ağaclar yetişsin. Ağaclar meyvə gətirsin və toxumları meyvələrinin içində olsun». Belə də oldu. Yer üzü bitkilər yetirdi: hər növ toxum bitirən ot-ələf və hər növ ağac yetişdi. Ağaclar meyvə gətirirdi və toxumları meyvələrinin içində idi. Allah gördü ki, bu, yaxşıdır. Axşam oldu, səhər açıldı; bu, üçüncü gün idi. Sonra Allah dedi: «Qoy göy qübbəsində gecəni gündüzdən ayıran çıraqlar olsun. Onlar işarələri, fəsilləri və günlərlə illəri göstərsin. Qoy onlar göy qübbəsində çıraq olub, yer üzünə işıq saçsın». Belə də oldu. Allah iki böyük çıraq düzəltdi: gündüzü idarə etmək üçün böyük çıraq, gecəni idarə etmək üçün kiçik çıraq. O həmçinin ulduzları düzəltdi. Allah onları göy qübbəsinə qoydu ki, yer üzünə işıq saçsın, gündüzü və gecəni idarə etsin, işığı qaranlıqdan ayırsın. Allah gördü ki, bu, yaxşıdır. Axşam oldu, səhər açıldı; bu, dördüncü gün idi. Sonra Allah dedi: «Qoy sular çoxlu canlı məxluqlarla qaynaşsın, yer üstündəki göy qübbəsində quşlar uçsun». Allah nəhəng su əjdahalarını və suda qaynaşan hər növ bütün sürünən canlı məxluqları, həmçinin hər növ bütün qanadlı quşları yaratdı. Allah gördü ki, bu, yaxşıdır. Allah onlara bərəkət verərək dedi: «Törəyib çoxalın və dənizlərdəki suları doldurun, quşlar da yer üzündə çoxalsın». Axşam oldu, səhər açıldı; bu, beşinci gün idi. Sonra Allah dedi: «Qoy yer üzü hər növ canlı məxluqlar – hər növ ev heyvanları, sürünən canlılar və çöl heyvanları əmələ gətirsin». Belə də oldu. Allah hər növ çöl heyvanlarını, hər növ ev heyvanlarını və yerdə sürünən bütün canlıları yaratdı. Allah gördü ki, bu, yaxşıdır. Sonra Allah dedi: «Öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Qoy o, dənizdəki heyvanlara, göydəki quşlara, yerdəki heyvanlara, bütün yer üzünə və yerdə sürünən canlıların hamısına hökmranlıq etsin». Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı, onları kişi və qadın olaraq yaratdı. Allah onlara xeyir-dua verərək dedi: «Törəyib çoxalın və yer üzünü bürüyüb ona sahib olun: dənizdəki heyvanlar, göydəki quşlar, yerdə sürünən bütün canlılar üzərində hökmranlıq edin»” (2. I, 21-28).

Qurani – Kərimdə isə ardıcıllıq ümumiyyətlə göstərilmir və şeytanın da hər şeydən əvvəl yaradıldığı barədə heç bir məlumata rast gəlinmir. Deməli, şeytanın “hər şeydən qabax” yaradılması fikri nə Bibliyadan, nə də Qurandan götürülməyib və yerli əhalinin səmavi dinlərdən öncəki inancları ilə bağlıdır. Sözügedən təsəvvür, şübhəsiz ki, qədim türk – şaman təsəvvürlərindən qaynaqlanır. Təsadüfi deyil ki, Altay və Sibir türklərindən toplanmış mifoloji mətnlərdə Tanrının ilk yaratdığı şəxsin bəzən tanrı özəlliklərinə sahib insan kimi bəhs edilən şeytan, yəni Erlik olduğunu görürük.

Bahəddin Ögəl haqlı olaraq yazır ki, Orta Asiya və Sibirdə söylənən yaradılış əfsanələri içərisində ən böyüyü və doğru olanı V. Radlov tərəfindən toplanan və Altay türklərinə aid olan əfsanədir (4. 416). Mərkəzində Tanrının durduğu və aparıcı rola sahib olduğu bu dastan yarandığı dövrdən ən azı 5-6 min il sonra qələmə alınsa da ilkin məzmun və mahiyyətini, cüzü fərqlər nəzərə alınmazsa, bütünlüklə qoruyub saxlaya bilmişdir:

“Bir zamanlar yalnız Tanrı Qara xan və su vardı. Qara xandan başqa görən və sudan başqa görünən yox idi. Ağ ana göründü. O, Qara xana “yarat” deyib yenidən suya daldı. Bunu eşidən Qara xan bir kişi yaratdı. Qara xanla kişi intəhasız suyun üstü ilə iki qara qaz kimi uçurdular. Lakin halından məmnun olmayan kişi, Qara xandan daha yüksəkdə uçmaq istəyirdi. Onun istədiyini bilən Qara xan kişidən uçmaq qabiliyyətini aldı. Kişi dibsiz suya yuvarlandı. Elədiyindən peşiman olub Tanrı Qara xandan bağışlanmasını xahiş etdi.

Tanrı Qara xanın göstərişi ilə sudan bir ulduz çıxdı. Kişi həmin ulduzun üstünə çıxıb xilas oldusa da, Qara xan onun bir daha uça bilməyəcəyini nəzərə alıb dünyanı yaratmaq qərarına gəldi. Kişiyə buyurdu ki, suyun dibinə dalaraq torpaq çıxarsın. Şər düşüncədən əl çəkməyən kişi torpaq gətirərkən fikirləşdi ki, özü üçün gizli bir dünya da yaratsın, ona görə də torpağn bir qismini ağzında saxladı. Elə ki ovcundakı torpağı su üzərinə səpdi, Tanrı Qara xan torpağa “böyü” deyə buyurdu. Torpaq böyüyüb dünya oldu. Lakin kişinin ağzında saxladığı torpaq da böyüyüb onu boğmağa başladı. Qara xan ona “tüpür!” deməsəydi, boğulub öləcəkdi.

Tanrı Qara xan dümdüz bir dünya yaratmşdı, lakin kişi tüpürəndə ağzından çıxan torpaq bataqlıqlar, təpələr əmələ gətirdi. Hirslənən Qara xan itaətsiz kişiyə “Erlik” (şeytan) adını verib, özünün işıqlı dünyasından qovdu.

Sonra yerdə doqquz budaqlı ağac bitirdi, hər budağın altında bir adam yaratdı ki, onlar doqquz insan irqinin ataları oldular. Erlik insanların gözəlliyini, xoş həyatını görüb Tanrı Qara xandan xahiş etdi ki, həmin insanları onun ixtiyarına versin. Qara xan vermədi. Erlik istəyindən dönmədi, insanları öz tərəfinə çəkməyə başladı. Qara xan insanların azğınlığını,  Erliyə aldanmalarını görəndə, onları özbaşına buraxdı. Erliyi isə yer altındakı qaranlıq dünyanın üçüncü qatına qovdu. Özü isə göyün on yeddinci qatını yaradıb oraya çəkildi…” (5. 13).

Qarabağdan toplanan mifdəki ikinci maraqlı məqəam mətndə öz əksini belə tapıb:

“…Allah-tala şeytana əmr eliyir ki, Adəm ataya səjdə elə, baş əy. Şeytan deyir ki, mən onnan qabax dunyaya gəlmişəm. Mən Adəm ataya səjdə eləmərəm…”  (1. 15).

Məsələnin bu şəkildə qoyuluşuna isə nə türk mifologiyasında, nə də xristianlıqda rast gəlinmir və burada əks olunan təsəvvür bilavasitə Qurani-Kərimdən qaynaqlanır (6. X, 3875). Mövzu Qurani – Kərimin “Əl – Bəqərə” surəsinin 34-cü ayəsində öz əksini belə tapıb:

“O zaman biz mələklərə: “Adəmə səcdə edin!” – dedikdə, onlar səcdə etdilər, tək İblisdən başqa. O, üz çevirdi, təkəbbür göstərərək imtina etdi və kafirlərdən oldu” (3. II, 34).

Sözügedən mətndə başqa bir məqam da var. Söhbət aşağıdakı cümlədən gedir:

“…Sohradan Allah Adəm atanın qabırğasınnan Həvva nənəni yaradıf” (1. 15).

Burada diqqəti çəkən məsələ, yəni Həvvanın Həzrət Adəmin (ə) qabırğasından yaradıldığı barədə inanc bilavasitə Bibliyadan qaynaqlanır və məsələnin bu cür qoyuluşu həm İslama, həm də türk mifologiyasına yaddır. Bibliyada deyilir:

“O zaman Rəbb Allah insana dərin yuxu göndərdi və o yuxuya getdi. Onda Rəbb Allah onun qabırğasının birini götürdü və yerini ətlə örtdü. Rəbb Allah insandan götürdüyü qabırğadan qadını düzəltdi və onu insanın yanına gətirdi” (2. II, 21-22).

Gördüyümüz kimi, cəmi 12 cümlədən ibarət olan kiçik bir mifoloji mətndə üç fərqli inanc sisteminin – şamanizmin, xristianlığın və İslamın izləri əks olunub. Bu da təbiidir. Çünki İslamdan öncə Qarabağın yerli əhalisi də bütün Qafqaz  Albaniyasında olduğu kimi, xristianlığı qəbul etmiş, bundan öncə isə şamanist olmuşdur. Bu fakt şamanları “cadugər”, “sehirbaz”, “ağı söyləyən” adlandıran Musa Kağankatlının (Kalankatuklunun) “Albaniya tarixi” kitabınn XXV fəslində öz əksini belə tapmışdır:

“Allah tərəfindən taxta çıxarılan çar Vaçaqan əmr etdi ki, cadugər, sehrbaz.. və ağı deyənlərin uşaqlarını yığıb məktəblərə verdinlər ki, orada ilahi imana və xaçpərəst həyat tərzinə öyrədib, onları müqəddəs Üç Üqnuma etiqad etdirib dinsizləri Allaha sitayiş yoluna yönəltsinlər” (7. 58).

Maraqlıdır ki, əski türk-şaman inanclarının izinə Qarabağdan toplanan başqa bir mifdə də rast gəlirik. Burada da sonrakı dinlərin, daha dəqiq desək, İslamın cüzi təsiri olmadan ötüşməyib:

“Olar uş qardaş oluflar. İmamlarımızdan oluflar. Nətəri olufsa, bıları bir gun gavır qavıf. Gedif cıxıflar dağın başına. Qavanda bılar baxıf goruf ku, taa əlaş yoxdu, gavır bıları tutajax. Onda uzdərini tutuflar Allaha, deyiflər:

–        Allah, ya bizi quşda, ya bizi daşda.

Duaları qəbul oluf, Allah buların ikisini daş eliyif. Axırıncı daş olunca gavır buna yetirif. Elə bil ki, hər yanı daş oluf, bir başı, boynu qalıf. Gavır onun başını vırıf. Onnan da heylə qalıfdı. İkisi başdıdı, birinin başı yoxdu. Elə heylə də daş oluflar. İndi biz ora and icirih. Bir şey olanda deyirih: “O uş qardaş hakqı”” (1. 23).

Burada əski türk mifologiyasından qaynaqlanan daş kultunun və daşa çevrilmə motivinin izlərini görürük. Mətndəki üç qardaşın “imam”, düşmənlərinin isə gavır” (kafir) kimi təqdim edilməsi minilliklərdən bəri xalq arasında yaşamaqda olan əski inanca islami don geyindirmək cəhdindən başqa bir şey deyil.

Məlum olduğu kimi, daşa dönmə motivi türk xalqlarında çox geniş yayılmış motivlərdən biridir. Məsələn, bir əfsanəyə görə Köymеn dağında yaşayan оbalarda qırx qız biri – biri ilə bacı kimi kеçinirmiş. Bir gün bu оbalara quldurlar basqın еdir. Qızlar о sırada hərəsi bir işlə məşğul imiş. Basqınçıları kafir sayan qızlar оnlara görünməkdənsə daş оlmağı diləyirlər. Köymеn dağı yarılır. Qırx qız dağın içinə girərək оrada daş оlurlar. Bura «Qırx qız ata» adlandırılmış və ziyarət yеrinə çеvrilmişdir (8. 64-65).

Mirəli Seyidovun yazdığına görə, Qədim insanlar inanırmış ki, onqon, ilahi, Tanrı hər bir canlıda, cansızda cüz halında var və onlar kökə görə qohumdurlar. Bu cüzün gücü ilə canlı, cansız şəklini dəyişir. Daş insan olur, insan heyvan və sair (9. 262).

Daşa dönmə insanların əski mifoloji dünyagörüşünün ifadəsidir. Bu proses müəyyən vəziyyətlərdə dualar, Tanrıya yalvarış, niyyət etmə ilə baş verir. Məsum varlıqların- əsasən qızların, gəlinlərin, sevgililərin zülmdən qurtuluş yolu dağa üz tutması və daşa çevrilməsidir. Maraqlı tərəf odur ki, insana bənzər daşlar əfsanələşərkən əslində daşlar da ülviləşmiş, xalq yüksək mənəvi duyğularını daşlara aşılamışdır. Daşa dönmə motivində qədim türklərin dağ, daş və qayalara baxış tərzi də ortaya çıxır. (10. 51-52).

Qarabağ ekspedisiyası zamanı xalq arasında “al”, “hal”, “al anası”, “al arvadı” və s. adlarla tanınan mifik varlq haqqında da bir necə süjet yazya alınmışdır (1. 24-32). Burada da kokü minilliklərin dərinliklərinə gedən və şamanist təsəvvürlərdən qaynaqlanan bir inancın şahidi oluruq. Bu inanc xristianlıq və İslam kimi dinlərin təsirindən böyük ölçüdə kənarda qalan Altay və Sibir türlərində, o cümlədən saxa – yakutlarda nisbətən daha saf şəkliylə qorunub saxlamışdır.

Eyni mifik varlıq olan abaasılar saxa-yakut türklərinin mifoloji təsəvvüründə antromorfik varlqlardır. Onları bəzən insan bədənli, qarğa başlı varlıqlar kimi də təsəvvür edirlər (11. 30). Həmin təsəvvürlərə görə abaasıların həyatı varlı saxa – yakut türklərinin həyatını xatırladan şəkildə təsvir edilir. Onların öz ailələri, evləri, torpaqları, mal-qaraları var və onlar təsərrüfat həyatı ilə məşğuldurlar (12. 28).

Yeri gəlmişkən, saxa-yakutların “abaası” adlandırdıqları mifik varlıqları Altay türkləri “albıs”, Azərbaycan türkləri isə “bizdən yey”, “alvız” (13. 23-24, 51), “albastı, “al arvadı”, “hal anası” və s. adlandrmışlar (14. 33).

Saxa-yakutlar inanrdılar ki, göyün işıqlı, sarımtıl hissəsində, yumaq-yumaq buludların ətrfında abaasıların işıqlı kürən rəngli atları yaşayırlar. Onlar yerə enib yerdəki atlarla cütləşdikdə dünyaya “çiççik” adlanan eybəcər dayçalar gəlir. Əgər bu dayça erkək olursa onun sahibi, dişi olursa sahibəsi ölür (16. ф. 22, оп. 1, д. 1, л. 39-40).

Qarabağdan toplanan miflərin biri (XI mətn) məhz al qarısı və atla bağlıdır:

“Babamın yaxşı atdarı oluf. Bir gun gorur ku, bu atdarın biri həmişə qan-tərin icində olur. Səhər tezdən tavlıya gedəndə gorur ku, bı elə həmişə qan-tərin icindədi. Elə bil kimsə bını minif capır. Babam fikirrəşir ki, bına nə ola bilər, axı bı həmişə bağlı olur. Qalıf fikir icində. Deyif səhər-axşam bı atı gudəjəm. Səhər-axşam gedir uzanır ot tayasının icində, başdıyır gudməyə. Gorur bir dənə qəlbi, hundur bir arvatdı. Uzun da saşdarı var. Sən də mənim balam, uzun da doşdəri var. Birini bı ciyninə atıf, birini də bı ciyninə. Atın yalmanınnan tutuf minir. Atı şallaxlıyır, minir, cıxır gedir. Babam gəlir evə danışır ki, mən neyniyə bilərəm ki, bını, bı halı tutum. Nənəmin ağlına gəlir ki, qara qırdan, sakqızdan sığasın bı atın belinə. Babam belə də eliyir. Arvad atı minif gətirif yerinə bağlıyannan sohra babam səhər-axşam qırı əridir, gətirir sığıyır atın belinə. Sığıyannan sohra gejə babam gəlir evə, tay getmir. Səhər duruf gedif, gorur ku, atı minif elə qalıf atın belində. Tay duşuf gedə bilmir. Qopmur ku, duşə gedə. Babam iynəni sancır yaxasına, deyir:

– Ay Allahın lənətinə gəlmiş, qutar, duş.

Hə, bını dartır duşurur atdan…” (1. 31).

Saxalar (yakutlar), bir qayda olaraq, ruhların adlarını çəkməkdən çəkinir və adı çəkilən ruhun gəlib ona ziyan verə biləcəyindən ehtiyat edirdilər. Bu üzdən də adları qeydə alnmış ruhların mövcud adları onlarn birbaşa adları deyil, xarakterlərinin müəyyən bir keyfiyyətini əks etdirən dolayı adlardır. Məsələn “Uluu Toyon” qəzəbli və böyük ağa, “Kəkə Çuöraan toyon” cingiltili səslə danışan ağa, “Xara Suorun toyon” qara atı olan ağa anlamına gəlir. Bu adlar bəzən sözügedən ruhlarn göyün hansı hissəsində yaşadığın bildirir: Odun xalaan kıısa – Odun göylərinin qızı, Kııray xalaan abaasıta – uzaq göyün şər ruhu (abaasısı). Bir sıra hallarda isə dolayı adlar onların atları ilə bağlı olur: Xara Sılqılaax – Qara atı olan, Kuqas Manqas Sılqılaax – ağ üzlü, kürən atı olan və s. (15. 120; 16. ф. 22, оп. 1, д. 1, л. 39-40; 17. Ю ф. 64, ор. 1, д. 5, л. 327).

Azərbaycanın digər regionlarından olduğu kimi, Qarabağdan da toplanmış bənzər süjetlərin bir çoxunda al arvadnı Qurandan qaynaqlanan başqa bir mifik varlığın – cinin əvəz etdiyini görürük (1. 33-37).

Qaynaqça

 

1.  Azərbaycan Milli Elmlər Akademiyası, Folklor İnstitutu. Qarabağ: Folklor da bir tarixdir. I kitab. Bakı, 2012, 396 s.

  1. Bibliya.
  2. Quran. “Nurlar, Bakı, 2007.
  3. Ögəl B. Türk mifologiyası. l c. B.,”MBM”, 2006.
  4. Cəfərov N. Qədim Türk ədəbiyyatı. B., “AzAtaM”, 2004. 322 s.
  5. Yeni Türk Ansiklopedisi. Ötüken, İstanbul, 1985. 12 c. 4914 s.
  6. Kalankatuklu M. “Albaniya tarixi”. Avrasiya Press, Bakı, 2006. 296 s.
  7. Sakaoğlu Saim Akçağ. Yüz bir türk efsanesi. Ankara, 2004, 2. Baskı.
  8. Seyidov M. Azərbaycan xalqının soy kökünü düşünərkən. Bakı, Yazıçı, 1989. 496 s.
  9. İsmayıl Rüstəm qızı. Naxçıvan əfsanələri. Naxçıvan, Elm, 2008. 190 s.
  10. Ксенофонтов Г. В. Хрестес. Шаманизм и христианство. Иркутск, 1929, 143 с.
  11. Алексеев Н.А. Шаманизм тюркоязычных народов Сибири. Новосибирск, Наука, 1984, 232 s.
  12. Azərbaycan mifoloji mətnləri. Bakı, Elm, 1988. 196 s.
  13. Мифологический словарь. М., Советская Энциклопедия, 1990.
  14. Слепцов А. О. О верованиях якутов Якутской области. – ИЗВСОРГО, 1886, т. 17, № 1-2.
  15. Архив Института Востоковедения АН СССР (ЛО).
  16. Архив Географического общества СССР.

Резюме

 

Во время экспедиции, организованной несколько лет назад Институтом Фольклора Национальной Академии Наук Азербайджана в зону Карабаха, был собран огромный фольклорный материал, часть которого составляли тексты мифологического характера. В некоторых из этих текстов содержатся различные мировоззрения различных исторических эпох, которые пришлось пройти Азербайджанскому народу – от шаманизма до христианства и ислама. Как известно, тюркское население Карабаха, так же как и всей Кавказской Албании, до принятия ислама исповедовал  христианство, а до принятия христианства был шаманистом, о чем сообщает албанский историк Моисей Каганкатуйский в своей «Истории Албании».

 

Ключевые слова: Карабах, фольклор, мифологические тексты, ислам, христианство, шаманизм, Коран, Библия.

Summary

A few years ago, Folklore Institute of Azerbaijan National Academy of Science gathered a large number of interesting material in expedition organized by them, some of them consisted mythological texts. In some of these texts clearly shown different belief systems of different periods passed by population of Karabagh and general Azerbaijan in history. In this view point some text draw a very big attention. In these texts found signs of three belief systems – Shamanism, Christianity and Islam. And this is natural. Because before Islam local population of Karabagh accepted Christianity as well as whole Caucasion Albania , before that, it was shamanism. These facts found in Chapter XXV of book Musa Kaghankatly(Ka lankatuklunun) “History of Albania” who called shamans ” magician “, ” wizard “, “sorcerer”

Keywords: Karabakh, folklore, mythological text, Islam, Christianity, Shamanism, Quran, Bible.

 

Advertisements
Bu yazı Dilçilik, Mifologiya, Ədəbiyyat kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma