İşğal altında inləyən Xudavəng alban monastr kompleksi

1

Azərbaycanın hazırda işğal altında olan Dağlq Qarabağ və ətraf rayonlarda hələ qədim zamanlardan sıx yaşayışın olduğu həmin ərazilərdən tapılmış müxtəlif tip qəbir abidələrinin çoxluğundan hiss olunur. İlk orta və inkişaf etmiş orta əsrlər dövründə də bölgədə intensiv yaşayış olmuşdur və bu səbəbdən də sözügedən  ərazidə zəngin xristian qəbir abidələrinə təsadüf olunur. Həmin dövrə aid bölgədə Alban xristian qəbir abidələrinin çoxluğu diqqət çəkir. Tədqiqatçı C. Bağırzadənin yazdığına görə, Alban xristianlığının qəbir abidələri öz quruluşuna görə dörd tipə bölünür: torpaq qəbirlər, daş qutular, daş sənduqələr və sərdabələr. Daş sənduqələr müstəsna olmaqla qalan qəbir tipləri bütün xristianlıq dövründə yayılmışdır. Əlbəttə, bu qəbir tiplərinin müxtəlifliyi tikinti materialının ayrı-ayrı coğrafi rayonlarında müxtəlif olması ilə əlaqədardır. Bəzi rayonlarda çiy kərpicdən tikilmiş qəbirlərə də təsadüf edilir. Daş sənduqələr isə əsasən VII əsrdən sonra meydana gəlmiş və başlıca olaraq Qarabağ ərazisi üçün xarakterikdir. Çox baha başa gəldiyindən ehtimal etmək olar ki, daş sənduqələr varlı xristian ruhaniləri və dövlət xadimləri, o cümlədən zadəganlar üçün düzəldilmişdir.

İşğal altında inləyən Xudavəng alban monastr kompleksi    İşğal altında olan ərazilərimiz eyni zamanda memorial abidələrin bolluğu ilə də seçilir. Buradakı kilsə-monastr komplekslərində bu cür abidələrə daha çox təsadüf olunur. Bu yerlərin ən mühüm abidələrindən biri də Kəlbəcər rayonu ərazisində yerləşən Xudavəng məbəd kompleksidir. Tərtər çayının sol sahilində inşa edilmiş bu abidə I əsrdə əfsanəyə görə, Həzrət İsanın (ə) 12 həvvarisindən biri olan Faddeyin qəbri üzərində tikilmişdir. Hal-hazırda mövcud olan məbəd kompleksi, əsasən XIII əsrdə inşa edilmiş baş kilsədən, yardımçı binalardan, bir neçə sövmədən, Şərab istehsalı emalatxanasından, mehmanxana binasından, qurbangahdan və bütün bunları əhatə edən qala divarlarından ibarətdir. Kəlbəcərdən şərqdə, Ağdərə-Kəlbəcər magistral yolunun kənarındakı Bağlıpəyə kəndindən aşağıda, Ağdərə tərəfdə, Kəlbəcər rayonunun 29 kilometrliyində yerləşən bu qədim alban məbəd kompleksi VI-VII əsrlərdə Alban məliki tərəfindən tikilib. XV əsrlərdə bu abidə Alban məliklərinin dini məbədi olub. Sonralar məbəd bir neçə dəfə təmir edilib, əlavələr olunub və nəhayət, Alban hökmdarı Həsən Cəlal tərəfindən əsaslı şəkildə bərpa edilib.

İşğal altında inləyən Xudavəng alban monastr kompleksi    Məbədin yazılarından birində burada Qarabağın Xaçın hökmdarlarından bir çoxunun,  cümlədən XIII əsrin görkəmli Alban hökmdarı Həsən Cəlalın arvadı Minə Xatunun dəfn olunduğu bildirilir. Burada, həmçinin öz dövrünün nüfuzlu nəslə malik Arzu xatunun adına da xeyli xatirə yazıları vardır. Həsən Cəlalın anası Arzu Xatun və XII əsrin görkəmli ziyalısı, məşhur “Törə Bitiyi” (Qanunlar Kitabı) və “Alban Salnaməsi” əsərlərinin müəllifi Mxitar Qoş bu məbəddə olmuş və xatirə üçün nişan daşları qoymuşdur. Maraqlısı odur ki, üstü günbəz kimi tikilmiş bu binaların tikintisində ağac materialından istifadə olunmuşdur. Binanın divarlarında yağlı boya ilə çəkilmiş çoxlu şəkillər və yazılar var idi. Kompleksə ümumilikdə 9 tikili daxildir. Onlardan beşi əsas tikili, digərləri isə köməkçi və xidməti xarakter daşıyır. Kompleksə daxil olan abidələrin heç də hamısı dövrümüzə yaxşı vəziyyətdə çatmamış, onlardan daha qədim olanlar nisbətən dağılmışdır. Kompleksin ətrafı digər Alban monastrlarında olduğu kimi möhkəm divarlarla əhatələnmişdir. Kompleksin əsas tikililəri Alban bazilikası (Müqəddəs Məryəm ana bazilikası) və Arzu Xatun kilsələridir. Həmçinin kompleksə sonradan əlavə edilmiş Müqəddəs Qriqoris məbədi və Həsən Cəlal kilsəsi də diqqətə layiq memarlıq nümunələridir. Kompleksə daxil olan binaların inşası zamanı əsasən yerli qara bazalt daşdan, bişmiş kərpicdən və əhəng məhlulundan istifadə edilmiş, binaların damı isə kirəmit və səliqə ilə kəsilmiş daşlarla örtülmüşdür.

İşğal altında inləyən Xudavəng alban monastr kompleksi

Alban bazilikası səliqə ilə yonulmuş daş və kərpicdən inşa edilmiş məbədin xarabalıqları daxili sütunları olmayan uzun zaldan ibarətdir. Abidənin uzunluğu 16,2 metr, eni 5,8 metrdir. Zalın Şərq hissəsi yarımdairəvi apsis ilə başa çatır. C. Bağırzadənin yazdığına görə, səcdəgah yerinin hər iki tərəfində keşiş cübbələrinin saxlandığı dairəvi yer tikilmişdir. İnşaat texnikasının və inşaat materiallarının öyrənilməsi zamanı aydın olub ki, cübbələrin saxlandığı yer məbədin tikilməsindən sonra inşa edilib. Həmin yerə giriş səcdəgah absidasındandır. Bu cəhətə ilk dəfə Alban memarlığında təsadüf olunur. Bu cür memarlıq üslubu Göygöl rayonunun Yeni Zod kəndinin (Əbləh) yaxınlığında xarabalıqları qalan ilk orta əsr məbədində də müşahidə edilib. Görünür, əvvəllər tikilmiş məbədin ümumi planı memarlara qapını ibadət zalında qoymaq imkanı yaratmadığı üçün qapı oyuğu cübbələrin saxlandığı yerə səcdəgah absidası istiqamətində açılmışdır. Soldakı cübbə yerinin tədqiqi zamanı onun tavanında Xudavəng monastrının baş keşişlərindən birinin – XIII əsrdə yaşamı keşiş Atanasın yazısı aşkara çıxarılmışdır. Çox güman ki, qədim bazilkaya birləşmiş cübbə yerinin qurucusu məhz Atanas qədim olmuşdur. Kompleksə daxil olan Arzu Xatun kilsəsi Alban knyazı Vaxtanqın xanımı Arzu Xatun tərəfindən 1214-cü ildə əri Vaxtanq və iki oğlunun xatirəsinə inşa etdirilmişdir. Kilsənin Şərq fasadında daş üzərində Vaxtanqın, cənub fasadında isə Arzu Xatunun iki oğlunun təsvirləri həkk olunub. Planda düzbucaqlı şəkildə inşa edilmiş kilsənin giriş qapısının hər iki tərəfində xırda otaqlar vardır. Apsisin ətrafında isə iki rahib cübbəxanası yerləşdirilmişdir. Binanın tam mərkəzində böyük bir alın hissənin üstündə qübbə ucaldılmış, qübbənin üstü isə konusvari damla örtülmüşdür.

İşğal altında inləyən Xudavəng alban monastr kompleksi    Kilsənin fasadı səliqə ilə yonulmuş daşla üzlənmiş və daşların üstündə qabartma və oyma şəklində çox incə naxışlar işlənmişdir. Qübbənin fasadı yarımçıq kəmərlər silsiləsi ilə əhatələnmiş, kəmərlərin arasındakı boşluqlar isə qabartma şəklilli naxışlarla bəzədilmişdir. Həmçinin kəmərlərin arasına içəriyə işıq düşməsi üçün pəncərə yarıqları da qoyulmuşdur.

Kilsənin divarlarının birində belə bir yazı var:

“Ata Tanrının və Onun tək Oğlu İsa Məsihin və müqəddəs Ruhun mərhəməti sayəsində mən – Məsihin itaətkar qulu, bəylər bəyi Böyük Qurdun qızı və Aterk və Yuxarı Xaçının hakimi, xan soyundan olan Vaxtanqın övrəti Arzu xatun ərimin və övladlarımın – ilkim olan Əsənin və hələ körpə ikən Tanrı dərgahına köçən Qriqorun məzarları üzərində bu müqəddəs kilsəni tikdirdim…”

 Bəxtiyar Tuncay

 “KarabakhİNFO.com”

Advertisements
Bu yazı Qafqaz Albaniyası kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma