Səhl İbn Sunbatın xeyirxah nəvəsi

QAZ

IX ƏSRİN ANADİLLİ ALBAN ABİDƏSİ VƏ ONUN DİLİ HAQQINDA

Azərbaycan xalqının və ümumxalq Azərbaycan dilinin təşəkkülü ilkin feodalizm dövrünün məhsuludur. «Kitabi-Dədə Qorqud»un son formalaşması bundan sonrakı dövrə – VI-VIII əsrlərə aiddir. Bu zəngin abidə Azərbaycan şifahi ədəbi dilinin qiymətli nümunəsidir. XII əsrdən bu tərəfə ədəbi dilimizin inkişaf yolunu əks etdirən zəngin material var. Arada olan boşluğu doldurmaq üçün illərdən bəri aparılan axtarışlar tədricən nəticə verir. Doktor Bəxtiyar Tuncayın axtarışları nəticəsində IX əsr Azərbaycan-alban dilinin zəngin və maraqlı bir nümunəsi əldə edilmişdir. Tarixi sənədlərdə Səhl ibn Sunbatın adına rast gəldikcə? həmişə məndə nifrət hissi baş qaldırıb. Babəki ələ verməsə idi, Babək Bizansdan kömək alıb ərəbləri Azərbaycandan geri oturtsa idi, bizim taleyimiz tamam başqa cür olardı. Ən azı? abidələrimiz qorunub saxlanmış olardı və biz 1-ci minilliyə dair ana dili – Azərbaycan türk dili ilə bağlı bu qədər məlumat qıtlığı ilə üzləşməzdik. Amma Sunbatın nəvəsi Qriqor Hammam xeyirxah işlər görüb – Frakiyalı Dionisinin qrammatikasını ana dilinə tərcümə edib, «Suallar və Cavablar» adlı traktat yazıb (856-865). Qriqorun adının qeyd edildiyi iki abidə tapılmışdır. B.Tuncay yazır: «Arranın böyük bir hissəsini özünə tabe edən Qriqor, özündən əvvəlki Xaçın knyazlarından fərqli olaraq, Kambisenanı da idarə edirdi. O, qısa müddətə olsa da, ləğv edilmiş Alban dövlətini bərpa etmişdi».  Bunu hələ öz dövründə Kalankatuklu Moisey də qeyd  etmişdir: «Bundan sonra mömin knyaz Hammam tənəzzül etmiş Albaniya çarlığını bərpa etdi, necə ki Aşot Baqratuni bunu Ermənistanda etmişdi. Bu iki hadisə eyni vaxtda olmuşdu. Həmin Hammam… bütün kasıb və ehtiyacı olanlar üçün böyük işlər görürdü». B.Tuncay V.Qukasyanın «Azərbaycan dili tarixinin öyrənilməsində Zaqafqaziya mənbələrinin rolu» adlı məqaləsinə istinadən yazır ki, «…tarixi mənbələrdən məlum olduğu kimi, 866-cı ildə Albaniyanın ilk hökmdarlar sülaləsi hesab edilən Aranşahlar nəslinə mənsub Qriqori Hamama adlı xristian bir bəy ərəblər tərəfindən vaxtilə babası Səhl ibn Sumbata hədiyyə edilmiş torpaqlarda (Şəki ətrafındakı geniş ərazilər) özünü Arran, yəni Albaniya xanı elan etmiş və dərhal da öz xanlığında xristian albanlar üçün məktəblər açdırmış və özü də həmin məktəblərdə uşaqlara tədris edilmək üçün alban dilinin qrammatikasına aid bir kitab da yazmışdır». B.Tuncay qeyd edir ki, A.S.Sumbatzadə və R.Göyüşovun təsdiq etdiyi kimi, «Frakiyalı Dionisinin «Qrammatika»sına bənzədilməklə, Aristotel və Platon ruhunda – qrammatika, ilahiyyat, fəlsəfə və təbiətşünaslıq biliklərini özündə əks etdirən lakonik sual-cavab formasında qələmə alınmış bu əsərin sonralar erməni «dilçi»ləri üçün həsəd və ilham mənbəyinə çevrildiyini, nəhayət, XVII əsrdə həmin əsərin əsasında, erməni dilinə tərcümə edilməklə, hay dilinin ilk qrammatika kitabının yazıldığını erməni müəlliflərinin özləri etiraf edirlər». B.Tuncayın heyrətlə yazdığı kimi, həmin əsərin bir fraqmenti həm erməni dilində, həm də orijinalda – alban dilində bir möcüzə kimi dövrümüzə qədər gəlib çatmışdır. Söhbət Matenadaranda saxlanılan 3522 №-li əlyazmadan gedir. Mətn A.N.Qarkavetsin 2 cildlik «Qıpçaq yazılı irsi» (2002, 2007) kitablarının 2-ci cildindən götürülmüşdür. Əlyazma XVII əsrdə Lvovda alban əlifbası ilə yazılmışdır. B.Tuncay o dövrdə əlyazmanın üzünü köçürən şəxsin Avedik adlı bir alban olduğu qənaətindədir. Güman edilir ki, əlyazmanı erməni dilinə çevirən də, ona ön söz yazan da həmin bu Avedik olmuşdur. B.Tuncayın qeydlərindən aydın olur ki, albandilli abidənin (Qriqor Hamamın «Qrammatika» əsərindən dövrümüzə qədər qalmış fraqmentin) üzərində nə vaxtsa (ya Avedik, ya da ondan əvvəlki katiblər tərəfindən) əməliyyat aparılmış, yəni əlavələr edilmişdir. Lakin həmin əlavələri ayırd etmək, fərqləndirmək mümkündür. B.Tuncay fraqmenti internet saytına daxil edərkən əlavələri qara şriftlə fərqləndirmişdir. Beləliklə, indi əlimizdə 9-cu əsrə aid alban dilində orijinal mətn var. Mətn dialoq şəklində qurulmuşdur və dialoq replikalarının sayı 300-ə qədərdir. Replikalar əksərən bir sadə cümlədən, bəzən bir kəlmədən ibarətdir. Lakin həcm etibarilə iri – 10 sətirlik replikalar da var. Redaktə zamanı edilmiş əlavələr ümumi mətnin az bir hissəsini – 20-25 faizə qədərini əhatə edir. Əsər dövrün dil xüsusiyyətləri, elmi-fəlsəfi, təbii və dini görüşləri barədə kifayət qədər təsəvvür qazanmağa imkan verir. Əsərin dili və məzmunu ilə bağlı hörmətli oxucuların təsəvvür qazanmaları üçün bir sıra dialoqları nəzərdən keçirək. Fraqment aşağıdakı dialoqla  başlanır:

– Ne ata aytmax bilə belgilidir?

– Ki, oğlu bar.

– Kiminq neməsisen sen?

– Atanınq.

– Kiminq neməsimen?

– Atanınq.

– Kiminq neməsidir ol?

– Atanınq.

– Kiminq  neməsidir bu?

– Atanınq.

– Kiminq neməsidir bular?

– Atanınq.

– Kiminq nemələridirlər alar?

– Atanınq.

– Xayda ettinq sen?

– Tenqridə.

– Kimgə umsandınq sen?

– Tenqrigə.

– Kiminq bilə yeberdinq sen?

– Tenqri bile yeberdim men.

– Kim bilə yeberdi bu?

– Tenqri bilə yeberdi bu, ol.

– Kim bile yeberirsen?

– Tenqri bilə yeberi men, ya ata bilə.

Dediyimiz kimi, əsər elmi, dini, fəlsəfi və təbiətşünaslıq bilikləri vermək zəminində qurulmuş qrammatika kitabıdır və müəllifin əsas məqsədi sual-cavab əsasında dilin qrammatik quruluşunu öyrətməkdir. Odur ki, müəllif ən asan yolu seçmiş, qrammatik quruluşun dialoq şəklində öyrədilməsi prinsipini əsas götürmüş, əsəri dialoq şəklində tərtib etmişdir. Mətnə diqqət edilsə, aydın olar ki, burada əsas məqsəd fikrin ayrı-ayrı şəxslər üzrə necə ifadə edildiyini öyrətməkdən ibarətdir. Müasir dilimizdən ciddi şəkildə fərqlənə biləcək quruluş elementi yoxdur. Zahirən birinci cümlə başa düşülmür. Amma başa düşüləndir. “Nə” sözü müasir dilimizdə işlətdiyimiz kimi, “necə, hansı” mənasındadır; ata – aydındır; “bilə” sözü qədim abidələrimizdə tez-tez işlənən “ilə” qoşmasıdır. Belgilidir – qədim abidələrdə tanınmaq, işarələnmək, bilinmək, seçilmək mənasındadır. “Aytmax” sözü «Dədə Qorqud»da az qala hər cümlədə özünü göstərən “demək, söyləmək” sözüdür. Cümlə hərfən: Necə (hansı) ata söylənməsi ilə seçilir, tanınır? – mənasındadır. Bütöv geniş cümlədir. Cavab cümləsi yarımçıq və konkret mənalıdır, cavab verən şəxs məlum olanı  – baş cümləni (Ol ata aytmax bilə begilidir kim) ixtisar edir, yeni fikir ifadə edən budaq cümlə ilə kifayətlənir: Oğlu olan (ata şöhrətlidir, tanınır). Mətn ümumən daha çox qıpçaq mətni hesab olunur. Lakin mətndə “atanınq”, “kiminq” sözlərindəki son “nq” səsləri oğuz tayfa dilinə də məxsusdur və burada, heç şübhəsiz, “nq” iki müstəqil səsdən ibarət olmayıb, burun “ŋ” səsidir və hazırda qərb qrupu şivələrimizdə geniş işlənməkdədir. Daha qədimlərə getdikcə oğuzlarla qıpçaqlar karluk və uyğurlarla birlikdə olmuş, dilləri bir kökdən tərcih olunmuşdur. Sonrakı dialoqda – Kiminq neməsisen sen? – cümləsində “neməsisen” sözü oxucunu düşündürə bilər. Bu sözün əsasında “nemə/nəmə” (5,126) sözü durur, abidələrdə “nə, hansı” mənasındadır. Cümlənin mənası çox təbiidir: Kimin nəyisən sən? – yəni kimin törəməsisən? Ona görə də cavab təbiidir: Atanınq (neməsimen). Sonra müəllif öyrətmək üçün xəbəri şəxslər üzrə dəyişir:

Kiminq neməsimen?

Kiminq neməsisen sen?

Kiminq neməsidir ol?

Kiminq  neməmsidir bu?

Kiminq neməsidir bular?

Kiminq nemələridirlər  alar?

Nə qədər sadə və təbii qurulub! Həm də tam canlı danışıq dili əsasındadır. Xəbərlik şəkilçiləri əsasən formalaşıb. Ola bilər, birinci cümlədə (Kiminq neməsimen?) ”men” sözü ayrı işlənib və xəbərlik şəkilçisi ixtisar edilib. 3-cü şəxsin cəmi də nəzərə alınıb. Mənsubiyyət və xəbərlik şəkilçiləri indiki kimidir: -si,-dir. 3-cü şəxsin cəmində – alar, bular sözlərində ”n” samiti yoxdur. Halbuki Nəsimidə ”anlar” şəklindədir. Hər iki forma şivə tələffüz formasıdır, canlı danışıqla bağlıdır. Dövrün danışıq dilində – anlautda ”x” samiti işlək səsdir. Başlanğıc dialoqda atadan sonra göylərə üz tutulur. Xayda ettinq sen? – cümləsində ”xayda” sözü sonralar x>h keçidi ilə ”harda” şəklinə düşmüşdür; ettinq – edildin, yaradıldın mənasındadır:  Harada yaradıldın, harada doğuldun? Cavab da aydın: göylərdə, Allah məkanında. Kimgə umsandınq sen? – cümləsində -ğa,-gə arxaik yönlük şəkilçisidir. ”Umsanmaq” sözü isə hazırda işlətdiyimiz ”ummaq” (ummaq, ümid etmək) sözüdür. Yalnız Tanrıya ümid etmək, bel bağlamaq olar: Tenqrigə. Ummaq və umsanmaq – tam eyni sözlər olmadığı üçün ”umsanmaq” sözü əvəzliyi yönlük halda tələb edir: Kimgə umsandınq sen? Kiminq bilə yeberdinq sen? – cümləsində anlaşılmaz kimi görünən ”yebərmək” sözü Dərbənd və Tabasaran şivələrində ”yebərmağ” şəklində işlədilən ”göndərmək” felidir. Soruşulur ki, kimin vasitəsilə göndərildin. Cavabda – Tenqri bile yeberdim men – deyilir, söz növ şəkilçili (göndərildim) deyil, bizim dediyimiz ”doğuldum” sözü əvəzinə, türklərin işlətdiyi ”doğdum” sözü kimidir. Lakin bir qədər sonra mətndə həmin söz növ şəkilçisi ilə də işlənmişdir. Müəllif xolmaq (istəmək, arzulamaq), yebermək (göndərmək), izdəmək (izləmək) feillərinin təsrifini vermişdir. Yebermək feli iki cür işlənmişdir: Kiminq bilə yeberdinq sen? Ol vaxt kimdən yeberildinq sen? Birinci halda cavab: Tenqri bilə yeberdim men; ikinci halda: Tenqridən yeberildim men – şəklindədir. Deməli, məchul növün şəkilçisi artıq mövcuddur. Onda birinci cümlənin mənası ”Tanrı ilə gəldim mən”, ikincidə isə ”Tanrı vasitəsilə göndərildim mən” – şəklində başa düşülməlidir. Sonrakı cümlələrdə yebərmək felinin təsrifi verilmişdir: yeberdim men, yeberdinq sen, yeberdi ol. Hətta zaman məsələsinə də diqqət yetirilmişdir. Müəllif yalnız şühudi keçmişlə kifayətlənməmiş, indiki zaman şəkilçisi ilə də təsrifi davam etdirmişdir: Kim bilə yeberirsen? – Tenqri bile yeberirmen.

Gələcək zaman da nəzərə alınmışdır:

– Kim bilə yebersərsen?

– Tenqri bile yebersərmen.

Eyni cümlə forması başqa sözlərin iştirakı ilə də təkrar edilmişdir:

– Kim bile bardınq sen?

– Kim bile barıyırsen?

– Kim bile barsarsen, ya getsərsen? Cavablar da dövrün dünyagörüşünə müvafiqdir: Tenqri ilə barıyırmen və ya: Tenqri bile. Ya ata bile getsərmen. Hətta sual-cavabda -sar,-sər şəkilçisindən başqa, hazırda işlətdiyimiz qəti gələcək şəkilçisi də görünməkdədir:

– Kim bile ettinq anı?

– Tenqri, ya oğul bile ettim bunu.

– Kim bile etiyirsen?

– Tenqri, ya Can bile etiyirmen, ya alıyırmen.

– Kim bile etəcəksen?

– Tenqrilix bile etecegim men, ya alsarmen.

 Dialoqlarda ata, oğul, can sözləri həm həqiqi, həm də məcazi mənadadır: Ata dedikdə Allah, oğul dedikdə İsa, can dedikdə müqəddəs ruh nəzərdə tutulur – Üç Üqnum.                              – Kimni xoldunq sen? – cümləsində istəmək, arzulamaq mənasında xolmak sözündən başqa, anlaşılmaz bir şey yoxdur. Bir də fərqli cəhət daha çox qıpçaq xüsusiyyəti olan “-nı” təsirlik hal şəkilçisindədir. “-ni” şəkilçisi bizim qədim abidələrdə, xüsusən Əlinin «Qisseyi-Yusif» əsərində işlək şəkilçi olmuşdur. Bunlarla yanaşı, cümlələrdə çox sadə, təbii müraciət vasitələri də vardır: Hali kimdən yeberildinq sen, xardaş? Tenqridən yeberildim men biyağalarım, canım. Xaysıdan yeberildin sen, dostum menim? Tenqridən yeberildim men, seyiklü  atam menim. Kimni izdiyir ol? – Tenqrini izdiyir ol – cümlələrindəki « izdiyir » sözündə -la,lə şəkilçisinin assimilyativ forması  – -dı,-di bu şəkilçinin bizim təsəvvür etdiyimizdən çox-çox qədim olduğunu göstərir. Bundan sonra müəllif söhbəti çox təbii, həm də o günlərdə olduğu kimi, bu gün də zəruri olan bir sahəyə yönəltmişdir:

– İşlərsen?

– Heyə, işlərim.

– İşlərsen?

– İşləməm.

– Nek işləməzsen?

– İzdəməm işləməx.

– Nek izdəməzsen?

– Zera ki, bolmam.

– Ne üçün bolmassen?

– Anınq üçün bolmam, zera yoxtur xuvatlıxım.

Ümumi zaman bildirən -r şəkilçisi həm təsdiq (işlərsən), həm inkar formada (işləməzsen), həm saitsiz, həm də saitlə eynən bugünkü vəziyyətdə işləkdir. Türki qəzet versə də əqlə ziya/ Mən onu almam əlimə mütləqa (Sabir). Birinci şəxs təkin şəkilçisi hələ qapalı saitli (-im), ikinci şəxs təkinki yarımqapalıdır (-sen). Qrammatika müəllifi burada artıq inkar formanı da öyrətməyə çalışır (-ma,-mə). Qədim abidələrin dilində ”nə üçün, niyə” mənasında ”nəkə” əvəzliyi var. Müəllif bizim üçün arxaik olan bu sözlə yanaşı, ”nə üçün” əvəzliyindən də istifadə etmişdir. ”Bəli” mənasında işlənmiş ”heyə” sözü isə indiki ”hə” sözünün əcdadıdır, Kürdəmir şivələrində indi də ”heyə” şəklində işlənməkdədir. «Dədə Qorqud»da çağırış bildirən nida kimi hay/hey şəkillərində işlənmişdir. ”İzdəməm” sözündə, əgər düz oxunubsa, keçən müddətdə ”z” səsi karlaşmışdır. ”Xuvatlıxım” sözü ərəb mənşəlidir, ”qüvvəm” deməkdir. Müəllif getdikcə dialoqları məzmunca daha yaxşı əlaqələndirməyə çalışmışdır. «Yoxdur xuvatlıxım» ifadəsinə qarşı nikbinlik üçün Yaradana üz tutulur:

– Kim yarattı seni?

– Tenqri.

– Kimin yaratılqanı sen?

– Tenqrininq.

– Kimgə umsundunq sen?

– Tenqrigə.

– Kiminq bilə xuvatlandınq sen?

– Tenqri bilə.

İsim və sifət düzəldən -qan,-ğan şəkilçisi indi də işləkdir. Amma indi olsa idi, ikinci dialoqun sual cümləsi «Sən kimin yaratdığısan?» (və ya: Səni kim yaratmışdır?) şəklində olardı. Sonrakı sual cümlələri: Sən kimə ümid bağladın? Kim ilə qüvvətləndin? – mənasında işlənmişdir və başa düşülmək üçün çətinlik törətmir. Qüvvəm yoxdur  (yoxtur xuvatlıxım) – sözlərinin müqabilində sonrakı dialoqlarla Allaha tapınmaq lazım olduğunu öyrədir.

Aşağıdakı dialoqlarda ataya məhəbbət tərbiyə edilir:

– Kimin toğuşusu sen?

– Atamınq menim.

– Kimni xolarsen?

– Atamnı menim.

– Kimdən keldinq sen?

– Atamdan menim. Ey ata, işit manqa  da bir xoltxamnı menim.

İndiki halda birinci cümlədə ”sen” sözü ayrı yazılmaqla mübtəda vəzifəsindədir və cümlənin xəbəri sintaktik yol ilə ifadə olunmuşdur: Sen kimin toğuşusu? Amma güman ki, ”sen” sözü şəxs şəkilçisi məqamındadır, cümlə ”Kiminq toğuşususen?” – şəklindədir. ”Manqa” sözü (mənə) müasir dildə ”eşit” sözü ilə bu cür əlaqələnmir, təsirlik hal məqamındadır. Kimin doğuşususan sən? Kimi arzularsan? Kimdən gəldin (yəni səni kim yaratdı)? – suallarının cavabları da ataya məhəbbət təlqin edir. Son cavabda ataya müraciət də var: Ey ata, mənim də arzularımı eşit. Min ildən çox müddətdə nə dəyişilib? Görün dialoqlar nə qədər təbii və müasirdir:

– Ne toğdunq sen?

– Oğul.

– Kimgə sen ata?

– Oğluma menim.

– Kimgə boldu atalıxınq seninq?

– Oğlumda menim.

– Kiminq bilə sensen?

– Oğlum bilə menim.

İndi ”Sən nə doğdun?” – deyilməz. Biz belə demirik. Heç əslində sual belə qurulmur. Sual ”Sənin nəyin oldu?” şəklində qurulur. Cümlə başa düşülsə də, indiki qədər təşəkkül etməyib. İkinci dialoq dil baxımından daha maraqlıdır: sual yönlük halın -gə şəkilçisi ilə verilir (Sən kimə atasan?), cavabda yönlük halın müasir -a şəkilçisi işlənir. Deməli, -gə arxaikləşməkdə, -a,-ə şəkilçisi inkişaf etməkdədir. O vaxtdır ki, mübtəda olduqda onu tamamlayan şəxs şəkilçisi olmaya da bilir: Kimgə sən ata? – Sən kimə ata? Kimgə boldu atalıxınq seninq? – cümləsi, aktuallaşma ilə bağlı konversiyanı nəzərə almasaq, sintaktik quruluş etibarilə tam müasirdir. Yalnız fonetik (nq), leksik (boldu) və morfoloji (-gə) ünsürlərində arxaikləşmə var: Sənin atalığın kimə oldu? Bunlar təkcə bu mətndə deyil, fraqmentin bütün hissələrində ən çox görünən arxaik elementlərdir. Sonrakı dialoq ilk növbədə belə başa düşülür: Sən kiminləsən? – Mən oğlumlayam. Lakin şəxs əvəzliklərinin xəbər vəzifəsində olması (”Kim ilə sənsən, Oğlum ilə mənəm”) elə bir intonasiya doğurur ki, ”Sən kiminlə varsan? – Mən oğlumla varam” –  düşüncəsi ifadə olunur.

– Kimdən ferahlanırsen sen?

– Oğlumdan menim.

– Nə bar seninq?

– Canım bar menim.

– Kimninqsen sen barlıxın?

– Canımnınq menim barlıxı.

– Kimdə xuvatlandınq sen?

– Canımda.

– Ne aytarsen canınqnı senin?

– Tensizdir canım menim.

– Kimdən yeberildinq sen?

– Candan.

– Kimlərni xolarsen?

– Canlarnı.

“Oğlumdan menim, canım minim” birləşmələri göstərir ki, uzlaşma-idarə əlaqəli bu cür birləşmələrin təşəkkül tarixi çox qədimdir, aktual nitq prosesində tərəflərin yeri asanlıqla dəyişə bilmişdir. Nə bar seninq? – tipli cümlələr keçən müddət ərzində bir qədər təkmilləşmişdir, lakin dilimizin şimal-şərq şivələrində yenə də bu cür işləndiyi hallar var. Cavab cümləsi indiki nəzərlə daha səlisdir: Mənim canım var. Kimninqsen sen barlıxın?  – cümləsində müasir dil baxımından çatışmazlıq var: indi belə cümlələrdə “sen” sözü yiyəlik hal şəkilçisi tələb edir, “kimninqsen” sözü isə 3-cü şəxs üzrə səlisləşib: Kimninqdir senin barlıxın? Canımnınq menim barlıxı  – cümləsindən görünür ki, uzlaşma-idarə əlaqəli birləşmələrin tarixi qədim olsa da, “menim barlıxı” tipli birləşməsində hələ uzlaşma hazırkı şimal-şərq şivələrində olduğu kimidir və tam sabitləşməyib. Can, müqəddəs ruh canlı sayıldığı üçün kim sualı verilir. Ne aytarsen canınqnı senin? – cümləsində uzlaşma tamdır: Senin canınqnı. Soruşulur ki, “Nə söylərsən sənin canını?” Yəni “Canın haqqında nə deyə bilərsən?” «Canım bədənsizdir» deyildikdə, yəqin ki, müqəddəs ruhun əbədiliyi, ölümsüzlüyü, müvəqqəti bədənə malik olduğu nəzərdə tutulur.

– Kim bilə etildinq sen?

– Tenqrilik bilə.

– Kimni bildinq sən sanqa etüçi?

– Tenqrilikni.

– Kimdən etildinq sen?

– Tenqriliktən.

– Neçik inanırsen Tenqrini?

– Üçlüx da bir.

Dialoqların dini məzmunu var. Etildinq – bir az əvvəl dediyimiz kimi, edildin, yaradıldın mənasındadır. Sən kim ilə edildin? – dedikdə kimin vasitəsilə yox, qəlbində kim ola-ola yaradıldın duyğusu oyadılır. Cavab da səlisdir: Tanrılıqla, Tanrı ruhu ilə. “Etüçi” sözü də “etmək” sözü ilə -çi şəkilçisindən ibarət olub, edici, yaradıcı, yaradan mənasındadır: Sən sənə yaradan kimi bildin? Və ya: Yaradan sən sənə kimi bildin?  Cavabda Tanrını demir, tanrılığı deyir, kökü, özülü nəzərə çarpdırır. Kimdən etildinq sen? – Tenqriliktən – dedikdə Tanrının bir zərrəsi olduğu nəzərdə tutulur.

“Neçik” sözü abidələrdə “nəçük” şəklindədir, “necə” deməkdir: Tanrıya necə inanırsan? Lakin qədim yazılarımızda olduğu kimi, idarə əlaqəsində asılı tərəf yönlük əvəzinə təsirlik haldadır: Necə inanırsan Tanrını? Cavabda üçlük birlikdə nəzərdə tutulur – üçlük dini termindir – Üç Üqnum deməkdir: Ata, Oğul və Can.

– Kimgə inanırsen sen? – (Kimə inanırsan sən?)

– Errortutiunğa da bir Tenqrigə. – (Üç Üqnuma və bir Tanrıya)

– Xaysun tapunıyırsen? – (Hansın sitayiş edirsən?)

– Ari Errortutiunnu. – (Üç Üqnumu)

– Nedir? – (”Üç Üqnum” nədir?)

– Tenqridir. – (Tanrıdır)

– Nedir Tenqri? – (Tanrı nədir?)

– Beydir. – (Bəydir)

– Neçik? – (Necə ”bəydir?”)

– Ki, yaratıçıdır. – (Ona görə ki, yaradıcıdır).

– Nedir nişanı Tenqrininq? – (Tanrının nişanı nədir?)

– Nişansızdır. – (Nişansızdır)

– Nedən? – (Niyə, nə səbəbə?)

– Zira ki, etilməgən da ölümsüzdür. – (Çünki yaradılmayan və ölümsüzdür)

Suallar da, cavablar da dilin quruluşunu öyrətməklə yanaşı, dini dünyagörüşü əks etdirir. İnanmaq feli ilə sual və cavab düz qurulmuşdur, asılı tərəflər -ğa,-gə şəkilçisi ilə yönlük haldadır. Lakin tapınmaq feli müasir dildən fərqli olaraq, asılı tərəfi təsirlik halda tələb etmişdir: Xaysun tapunıyırsen? – Ari Errortutiunnu. Xaysın sözündə son -n şəkilçisi ilə ifadə olunan təsirlik hal indi də canlı danışıq dilində geniş işlənməkdədir: Gah cibin, gah dərisin hər kimin istərsə, soyar (Sabir). Tanrının yaradıcı və nişansız olması, doğulmaması və ölümsüzlüyü islam dininin də eyni şəkildə ehkamlarındandır. ”Errortutiunğa da bir Tenqrigə, etilməgən da ölümsüzdür” sözləri arasında işlənmiş ”da” bağlayıcısı ”və” mənasına uyğundur.

Tenqri ya Can bile etiyirmen, ya alıyırmen. Tenqri bilə yeberi men, ya ata bilə – cümlələrində ya bağlayıcısı və ya mənasına uyğun gəlir.

Dialoqun bu hissəsində Üç Üqnuma – Ata, Oğul və Can haqqında söhbətə keçilir, onların hüquqları barədə danışılır:

– Evet, xuvatka körə nişanlattılar ari atalar ki, Üçlüx da birdir. – (Bəli, müqəddəs atalar qüvvəyə görə nişanlatdılar ki, Üçlük və birdir)

– Ne türlü? – (Nə cür?)

– Üç boyda bir tarbiyatdır. – (Üç bədəndə bir təbiətdir)

– Neçik?  – (Necə?)

– Ata da Oğul da Ari Candır. – (Ata və Oğul və müqəddəs Candır)

– Paylaşmaxı neçiktir? – ([Qüvvəni] paylaşmağı necədir?)

– Ata toğuruçı da, Oğul toğurulğan da Can axkan. – (Ata doğuran və Oğul doğulan və Can axandır)

– Almaxlıx kim kimdən? – (Kim kimdən almış (doğulmuş)?

– Oğul toğmax bilə ilgəri kelir Atadan, Can axınmax bilə kenə ol Atadan. – (Oğul doğmaq atadan irəli gəlir, Can axması yenə o Atadan).

– Nə türlü ölçöv bilə? – (Nə cür ölçü ilə?)

– Barabar Üçlüxtür. (Bərabər Üçlükdür)

Paylaşmaxı neçiktir?  – dedikdə üçlüyün mövqeyi, təbii-ilahi qüvvənin onlarda necə paylaşdığı nəzərdə tutulur. Əgər kar samitləri cingiltili samitlərlə əvəz etsək, -ğan, -kan şəkilçisinin keçən müddətdə düşdüyünü nəzərə alsaq, ”da” bağlayıcısının buradakı vəzifəsini və bağlayıcısının alması ilə cavab cümləsi müasir səslənər: Ata doğurucu və Oğul doğulan və Can axandır). (İlahi qüvvəni) kim kimdən almış? Oğul doğmaq da, Can axması da Atadan (Tanrıdan) irəli gəlir. Məchul növün -ıl şəkilçisini əvvəldə görmüşdük, ”axınmaq” sözündən aydın olur ki, qayıdış növün -ın şəkilçisi də mövcuddur. Göründüyü kimi, Qriqor Hammamın «Qrammatika» kitabından qalmış fraqment dövrün dil xüsusiyyətlərini öyrənmək üçün kifayət qədər materal verir. Biz yalnız hörmətli oxucularımızı bir qrup dialoqla, onların şərhi ilə tanış etdik. Bəxtiyar Tuncay bir növ od-alov içərisində axtarışlar aparmış, çini qab üzərində Manna dövrünə aid yazının şərhini vermiş (1), «erməni qıpçaqları» adı ilə xarici muzey və arxivlərdə yatan xeyli material üzə çıxarmış, «Qafqaz albanlarının dili və ədəbiyyatı» adlı qiymətli kitab (2010) çap etdirmişdir. Kitabda qıpçaq mətnlərinin geniş izahı ilə yanaşı, dil materialları əsasında alban dilinin fonetik, leksik və qrammatik quruluşu barədə maraqlı məlumat verilmişdir. Kitaba (və İnternet saytına) alban dilinin lüğəti (1800-dən artıq söz) daxil edilmişdir. Qriqor Hammamın əsərindən qalan parça Qarqar-qıpçaq dilinin abidəsi hesab olunur. Lakin bir sıra arxaik elementləri nəzərə almasaq, əsərin dili müasir Azərbaycan dilinin fonetik, leksik və qrammatik, xüsusən sintaktik quruluşuna tam müvafiqdir. Qriqor Hammamın əsərindən danışarkən, təbii olaraq, Bəxtiyar müəllim əlifba məsələsinə də toxunmuşdur. Müəllif qeyd edir ki, suriyalı xristian Mesrop Maştots ermənilər və albanlar üçün «yazı xətlərinin dəyişkənliyi ilə fərqlənən», əslində, «eyni işarələrdən ibarət» əlifbalar düzəltmiş, bunların ”bolorqir” adlanan formasından haylar, ”notrqir” adlanan formasından albanlar istifadə etmişdir. Bizim fikrimizcə, əlifba məsələsində bir cəhətə diqqətli olmaq lazım gəlir. Kalankatuklu birinci kitabın 16-cı fəslinin başlığında yazır: «Mesrobun Albaniya çarı Arsvagenin yanına gəlməsi, burada əlifbanı təkmil etməsi, məktəbləri yenidən açması, ölkədə qalmış bütpərəst məzhəblərin kökünün kəsilməsi və Albaniyada xaçpərəstliyin möhkəmlənməsi». Bir qədər sonra yazır: «Onlar (Sünikdən Bəncamin adlı tərcüməçi və Sünikin gənc knyazı Vasaq – Q.K.) Mesrobun yanına gəlib, onunla birlikdə qırtlaq, qaba, barbar və çətin səslənən qarqar dilinin əlifbasını yaratdılar». Yeri gəlmişkən qeyd edək ki, Bəxtiyar Tuncay fraqment üzərində işləyərkən onun dilinin Kalankatuklunun dediyi həmin bu «qırtlaq, qaba, barbar və çətin səslənən qarqar dili»nə tam uyğun gəldiyini qeyd edir: «Alban, yəni qarqar-qıpçaq dilinin fonetik tərkibi ilə üzdən tanışlıq Musa Kağankatlı və Moisey Xorenatsinin bu dil barədə  söylədikləri «boğaz səsləri ilə dolu dil» ifadəsinin doğruluğunu tam təsdiq etməkdədir. Məsələn, bu dildə dilimizdəki «q» səsinin «x», bəzən də «ğ» kimi tələffüz edildiyi müşahidə edilir: qıpçaq – xıpçax, qayıtmaq – xayıtmax, qar – xar, çaqqal – çağal, qın – ğın və s». Qarqarlar Albaniyanın geniş yayılmış tayfalarından biri olmuşdur. Əsərdə Kalankatuklu albanlar üçün əlifba yaradılmasından danışmır. Söhbət qarqarlar üçün əlifba düzəldilməsindən gedir. Başlıqda alban əlifbasının «təkmil edilməsi, «məktəblərin yenidən açılması» barədə məlumat verilir. Aydın olur ki, məktəblər var imiş, lakin hansı səbəbdənsə müvəqqəti bağlanmış imiş. Əlifba olmasa, məktəblər necə təhsil verə bilərdi?Tam aydın deyilir: «Qırtlaq, qaba, barbar və çətin səslənən qarqar dilinin əlifbasını yaratdılar». Qarqarların nitq xüsusiyyətləri onların qıpçaqların bir qolu olduğunu göstərir və Qriqorun əsərindən qalan parçanın boğaz səsləri ilə zəngin olması tarixi qeydləri təsdiq edir. Deməli, ölkənin əsas əhalisini təşkil edən albanların Mesropdan çox-çox əvvəl əlifbası da, məktəbləri də olmuşdur. Mesrop onlar üçün yeni əlifba düzəltməmişdir. Albanlar ölkənin əsas əhalisi olmuşlar. Albanların özlərinin əlifbasının olması, qıpçaqlar üçün yeni əlifba yaradılması göstərir ki, albanlarla qarqarlar şivə xüsusiyyətləri ilə fərqlənmişlər. Bunlar bir daha təsdiq edir ki, albanlar hələ Səlcuq oğuzları dünyaya gəlməzdən min illər əvvəldən Azərbaycanda kök salmış, «Dədə Qorqud»u yaratmış aborigen oğuzlardır. «Dədə Qorqud»da Qazan xanın «albanlar başı» kimi xatırlanması da bunu təsdiq edir. Odur ki, bizim fikrimizcə, «alban, yəni qarqar-qıpçaq» ifadəsi də tam doğru deyil, albanlarla qarqarlar arasına bərabərlik işarəsi qoymaq olmaz. Qıpçaqlar Albaniya ölkəsinin vətəndaşları kimi alban sayıla bilərlər. Bir çox dilçi və tarixçilərimiz də elə bilirlər ki, biz dünən doğulmuşuq, gərək səlcuq oğuzları gələ idi ki, biz də doğulaydıq. Daha bizdən qabaq bu ölkə nə türk görüb, nə də türk dili.

Professor Qəzənfər KAZIMOV

 

Advertisements
Bu yazı Dilçilik, Türkçülük kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma