Dilimizin mənşəyi barədə düşüncələr

Bəxtiyar Tuncay

1355301721_scythian_warriors

Dilin yaranması haqqında müxtəlif fərziyyə və nəzəriyyələr mövcuddur. Bunlardan bir qismi dilin təşəkkülünü insan orqanizminin – duyğu üzvlərinin, danışıq aparatı və beynin bioloji təkamülü ilə bağlayırlar ki, belə nəzəriyyələrə bioloji nəzəriyyə deyilir. Həmin materialist nəzəriyyəyə görə dil, guya meymunun insana   “çevrildiyi”   dövrdə,   yəni   insani orqanların  formalaşdığı  dövrdə ortaya

çıxmışdır. Sözügedən nəzəriyyənin əsasında “meymun-əcdad”ın təkamülü haqqında sübut olunmamış ideyalar durduğundan bu nəzəriyyədən yan keçmək daha doğru olar.

Dilin yaranması və ilkin vəziyyəti barədə maraqlı nəzəriyyələrdən biri səstəlqini nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə, dilin təşəkkülü eşitmə orqanlarının təkamülü ilə bağlı olmuş və guya dil heyvan səslərinin təlqin edilməsi ilə yaranmışdır. Bir çox dillərdə, eləcə də ana dilimizdə bəzi heyvan, quş və həşərat adlarının gerçəkdən də həmin heyvanların çıxardıqları səslərlə bağlı olması faktı həmin nəzəriyyəni maraqlı edir.

            Məsələn,dilimizdəki “qurbağa” termini qurbağanın çıxartdığı səsin təlqini ilə yarnmışdır:

QUR- QUR → QURBAĞA.

Eyni sözləri qarğanın çıxartdığı səslərin təlqini ilə yaranmış “qarğa” termini barədə də söyləmək olar:

QAR-QAR → QARĞA.

Ququ quşunun adının da onun çıxartdığı səsdən törədiyini söyləyə bilərik:

QU-QU → QUQU QUŞU.

Qazın çıxartdığı səsdən də bu quşun adı törəmişdir:

QA → QAZ

Anadolu türkcəsində cücəyə “cipcip” deyilir və bu ad onların çıxartdıqları səsin təlqini ilə yaranmışdır. Bu tip sözlər obyektiv aləmdə mövcud olan səsləri təqlid etmək yolu ilə düzəlir. Həmin səslər insanların çıxardıqları reflektor səsləri, heyvan və quş səslərini, təbiət hadisələrinin səslərini, cansız əşyaların səslərini təqlid edən sözlərdir. Onlar xüsusi leksik- qrammatik kateqoriya kimi ayrıca nitq hissəsi hesab olunur.

İ. A. Əmirbəyov Azərbaycan və fransız dillərində səstəqlidi sözləri müqayisəli tipoloji aspektdə tədqiq edərək səsin mənbəyini əsas götürməklə səstəqlidi sözləri aşağıdakı kimi qruplaşdırmışdır: 1) insanla bağlı səstəqlidi sözlər; 2) quşlarla bağlı səstəqlidi sözlər; 3) heyvanlarla bağlı səstəqlidi sözlər; 4) həşəratla bağlı səstəqlidi sözlər. F. B. Abdullayeva isə ingilis və Azərbaycan dillərində səstəqlidi sözlərin sturuktur semantik xüsusiyyətlərini araşdırmaqla fərqli təsnif təklif etmişdir: a)zərbələri təqlid edən səstəqlidi sözlər; b)qeyri-zərbəni bildirən tonlu səsləri təqlid edən sözlər; c) təmiz küydən ibarət qeyri-zərbəni təqlid edən sözlər; ç)vızıltını təqlid edən səstəqlidi sözlər; d) dissonans, yəni qeyri-ahəngdar səslər kimi qəbul olunan silsilə zərbələri təqlid edən sözlər; e) qeyri-ani baş verən səslərlə ani səslərin birləşməsindən ibarət mürəkkəb səsləri təqlid edən sözlər; ə) təbiətdə dissonans, yalançı zərbələr,qeyri-zərbələrdən ibarət mürəkkəb səslərin təqlidi nəticəsində yaranmış sözlər.

Maraqlıdır ki, Azərbaycan folklorunda, xüsusən də tapmacalarda səstəqlidi sözlərdən geniş istifadə olunmuşdur. Elnaz Əliyeva “Azərbaycan və ingilis  dili tapmacalarında səstəqlidi sözlər haqqında” adlı məqaləsində yazır ki, Azərbaycan tapmacalarında daha çox quşlarla bağlı yaranmış səstəqlidi sözlər diqqəti cəlb edir:

“Qara toyuq qaqqıldar,

Qanadları şaqqıldar (Bulud, göy gurultusu ).

Burada “qaqqıldamaq” toyuqların çıxartdığı səsin imitasiyasıdır, “şaqqıldamaq” artıq quşlara aid deyil, qanadın və ya hər hansı digər predmetin hərəkətdə olduğu vaxt çıxardığı səsin təqlididir.

Körpü altda saz gedər,

Qaqqıldayar ,qaz gedər (Sel, su).

Sağsağan səkər,

Quyruğun bükər,

Qaz qaqqıldar,

Yumurta tökər (Dolu ).

Qaq-qaq qalası var bunun,

Yumurtdamaz, qaqqıldamaz,

Uçar balası var bunun (Kəpənək ).

Əl-ələşə qarğalar,

Dal ayaqda qarıldar (At ayağına vurulan buxov ).

Qara toyuq qaq elədi,

Qanadları taqq elədi (Qapı ).

Bir quşum var,

Züy-züyüdü,

Gecə uçar,

Gündüz yatar (Yarasa ).

Göründüyü kimi, qarğaların çıxardığı səs qarıldamağa bənzədiyi üçün toyuqların,qazların çıxardığı səsdən fərqlidir (“qaq”, “qaqqıldamaq”). “Qarğa” sözünü “qarr”, “qarıldamaq”, “qaz” sözünü isə “qa”, “qaq”, “qarıldamaq”la birbaşa əlaqəli olması, ondan törəməsi ehtimal oluna bilər. Nümunə kimi göstərilən tapmacalarda qanadların çıxardığı səs fərqlidir: “qanadları şaqqıldadı”, “qanaqları taqq elədi”.

“Taqq” səstəqlidi sözünə müvafiq olaraq, “ şaqqıldamaq” felinin də “şaqq” variantı vardır:

Qara toyuq qaqq elədi,

Qanadları şaqq elədi (Pambıq ).

Qara toyuq qaqqıldar,

Qanadları şaqqıldar,

Uçsa ildırım çaxar,

Dumanı dağa qalxar (Tüfəng ).

Qara toyuq qaqqıldadı,

Qanadları şaqqıldadı (Paravoz ).

Eyni ehtimalla “qurbağa” sözünün də “qur-qur”, “quruldamaq” feli ilə əlaqəsi hiss olunur:

Başında papaq,

Əlində cida,

Qur-qur quruldayar,

Nə əsgər deyil,

Nə qurbağa (Sulu qəlyan).

Tapmacalarda müəyyən zərbə,toxunma,tökülmə,dağılma proseslərinin nəticəsində yaranan səslərin təqlidi ilə yaranan sözlər də geniş müşahidə olunur:

Alçacıq quyu,

Dambıldar suyu (Damcı ).

Dam dambıldar,

Su gombuldar (şappıldar),

Heyva çalar,

Nar oynuyar (Göy gurultusu, dolu ).

İşım-işım işıldar,

Yarpaq kimi xışıldar (Qar ).

Nə əli var, nə ayağı,

Dağıdar dəli sayağı

Şıqqaşırıq açar qapı (Yel ).

Taqqır-tuqqur ləzgilər,

Bizə qonaq gəldilər.

Qoyun keçi yunundan,

Evə palaz sərdilər (Keçə ).

Bu tapmacada “taqqur-tuqqur” at ayağın səsinin təqlididir. Çox güman ki,

qonaqların atla gəlişinə işarədir.

Bağlarda tappıldar,

Meşədə şaqqıldar (Balta ).

Tapmacalarda suyun səsi müxtəlif cür imitasiya olunur: “pıqqıldamaq”, “şırıldamaq”, “gombuldamaq”, “ sappıldamaq” və s.

Dam dambıldar

Su gombuldar (şappıldar) ,

Heyva çalar,

Nar oynuyar (Göy gurultusu, dolu ).

Balaca quyu,

Pıqqıldar suyu (Samovar ).

Şappur-şuppur çay keçdim,

Şapırına batmadım.

Qırmızdan don geydim,

Nişanəsin tapmadım (Yuxu ).

Daş xırıldar,

Su şırıldar,

Taxta çalar,

Dən oynaşar (Dəyirman ).

Dağda tappıldar,

Suda şappıldar,

Obada fərman,

Kənddə Süleyman (Balta, balıq,at, xoruz ).

Çox güman ki, burada suyun axma şəraiti,vəziyyəti,intensivliyi mühüm rol oynayır. Müxtəlif situasiyalarda axan suyun çıxardığı səs müxtəlif olur.

Adətən, “vız-vız”, “vızıltı” milçəklərə, ağcaqanadlara xas səstəqlidi leksik vahid hesab olunur. Tapmacalarda bəzən quş uçuşu da “vızıltı” ilə əlaqələndirilir:

Vızhavızla uçan quşum,

Çiçək üstə qaçan quşum,

Öz-özünə xəlbir toxur,

İçərisi şərbət qoxur (Arı pətəyi və bal ).

Tapmacalarda müxtəlif səsləri ifadə edən səstəqlidi sözlər də geniş müşahidə olunur. Səstəqlidi sözlər bəzən qafiyə məqsədi ilə də işlənir:

Qağdan gəlir danqıra,

Quyruğu zildən qara,

Yerişi tapur-tupur,

Dırnağı səksən para (Nəvə ).

Bir belə bəsti,

Dəstəsi yastı

Balış lanqıcı,

Ağzı fış-fışı (Bulud )”.

Səstəlqini nəzəriyyəsi dilimizdəki bəzi zooloji terminlərin mənşəyini düzgün izah etsə də, ümumilikdə dilin mənşəyini bu nəzəriyyə əsasında izah etmək

doğru deyil, məntiqdən uzaqdır.

 Dilin yaranması haqqında mövcud olan çoxsaylı nəzəriyyələrdən biri də “refleksiv” nəzəriyyədir ki, bu nəzəriyyənin tərəfdarları dilin təşəkkülünün insanın keçirdiyi hisslərlə bağlı olduğunu irəli sürürlər. Doğrudan da bu gün demək olar ki, bütün dillərdə “a”, “e”, “ah”, “of”, “ox”, “ay” və s. kimi emosional-səsli ifadə vahidləri işlənməkdədir. İlk baxışdan belə hesab etmək olar ki, bu vahidlərdən heç biri heç bir zaman heç bir dildə müəyyən semantik yükə malik müstəqil leksik vahid kimi çıxış etməmişdir. Odur ki, sözügedən hissəcikləri şifahi nitqin ilk kərpiccikləri   kimi   qəbul   etmək   doğru   görünməməkdədir.  Bir  də  ki,  həmin

hissəciklər yalnız və yalnız hissi informasiyanın daşıyıcısı kimi çıxış edirlər və fikri informasiyanı ifadə etmirlər. Bu üzdən də kommunikativ funksiya daşısalar da, heç bir ekspressiv və akkumlyativ rola malik deyillər. Elə bu səbəbdən də belə hesab etmək olar ki, “refleksiv” nəzəriyyənin heç bir elmi əsası yoxdur. Lakin belə düşünmək yanlış olardı.

Türk dilində vaxtilə, bu gün təəccüb hissini bildirərkən qeyri – ixtiyari ifadə etdiyimiz “a:” komponenti müstəqil leksik vahid kimi işlənmiş və hazırda dilimizə ərəbcədən keçmiş “təəccüb” kəlməsinin daşıdığı semantik yükü daşımışdır: “Ol meni a: qıldı” (“O məni təəccübləndirdi”. M.Kaşğarlı “Divan”ı, 32-6). Digər bir emosional – səsli ifadə vahidinin (ox-ay) də bir Azərbaycan nağılında (Oxayın nağılı) müəyyən semantik yüklü leksik vahid kimi çıxış etdiyini görməkdəyik. Bu faktlar sözügedən nəzəriyyənin faktoloji əsasa malik olduğunu göstərməklə, türk dilinin də ən qədim laylarını üzə çıxartmağa kömək etməkdə, dilimizin ən qədim leksik vahidləri yaşatmaq qüdrətində olduğunu sübut etməkdədir. Eyni zamanda dilimizin nostratik dil ünsürlərini daha yaxşı qorumuş olduğunu ehtimal etmək üçün əsas verməkdədir. Bir qədər sonra haqqında söhbət açacağımız çoxsaylı faktlar bu ehtimalın həqiqət olduğunu büstbütün sübut edəcəkdir.

Görkəmli dilçi Vundt belə hesab edirdi ki, dil ilk öncə iki istiqamətdə – jest dili (əllərin və mimikanın hərəkəti) və səsli dil (dil və dodaqların hərəkəti) istiqamətlərində inkişaf etmiş, ibtidai insanlar səslərlə hissləri, jestlərlə isə haqqında söhbət açılan əşyaları bildirməyə çalışırdılar. Vundt ilkin jestləri üç yerə bölmüşdür:

1. İşarəvi jestlər (məsələn, bu və ya digər şeyə barmaqla işarə etmək);

2. Təsviri jestlər (məsələn, əllə dairəvi hərəkət);

3. Simvolik jestlər (məsələn, barmağın dodaqlara söykənilməsi).

Bu nəzəriyyəyə görə, dilin təkamülü prosesində səsli dil tədricən təkmilləşmiş, jestlərin dili isə əvvəlki əhəmiyyətini itirərək, yardımçı rol oynamağa başlamışdır. Şübhəsiz ki,  bu fikirlərdə  məntiq  var.  Lakin  həmin  fikri  aşağıdakı

kimi ifadə etmək daha doğru olardı; ilkin çağda jestlər əşyaların vizual, səslər isə qeyri – vizual xarakterini açıqlamağa xidmət etmiş və bu zaman daha çox işarəvi informasiya ötürülmüşdür. Aydın məsələdir ki, qeyri – vizual informasiya abstrakt xarakter daşıdığı üçün bu dövrdə səslərlə konkret fikirlərdən daha çox hisslər ifadə olunmuş, müxtəlif hissləri, yəni abstrakt anlayışları bir – birindən fərqləndirmək üçün səslərin müxtəlif yüksəklik və uzunluq tembrlərindən istifadə etmək lazım olmuşdur. Bunu isə samit səslərlə gerçəkləşdirmək çox çətin məsələdir və əslində heç mümkün də deyildir. Odur ki, məntiq ilk öncə sait səslərin yarandığını deyir.

Sait səslərin (vokalların) samit səslərdən daha əvvəl yaranmış olduğu dilçilik elminin aksiom kimi qəbul etdiyi fikirdir və dilçilər arasında belə bir fikir də hakimdir ki, ilk öncə bir və ya bir neçə sait olmuş, sonradan danışıq aparatının təkamülü ilə bu saitlərdən digər vokallar da törəmiş və tədricən samitlər ortaya çıxmışdır.

Deməli, Paleolit dövrü insanı bir və ya bir neçə səslə onu əhatə edən yüzlərlə əşyanı ifadə etməyə çalışmış və bu zaman həmin əşyaları bir-birindən fərqləndirmək üçün səsin yüksəklik və uzunluğunu tez-tez dəyişməli olmuş və bu günkündən çox-çox zəngin olan jestikulyativ arsenaldan istifadə etmişdir.

Nostratik dilin ilk kərpici rolunu ifadə etmiş ilkin səs “o” səsi olmuş və ulu əcdadlarımız məhz bu səslə onları əhatə edən bütün əşyaları bildirməyə çalışmış, hər şeyə “o” deyərək, onlara işarə etmişlər. Maraqlıdır ki, bugünkü Azərbaycan türkcəsində məhz bu səs işarə və şəxs əvəzliyi kimi çıxış etməkdə və bu dildə “o” ilə hər bir şey ifadə edilə bilinməkdədir.

Əlbəttə, belə bir uyğunluq təsadüf də ola bilər. Lakin bir sıra faktlar mövcuddur ki, bu halın təsadüf olduğunu tamamilə istisna edir. Məsələ burasındadır ki, “o” işarə əvəzliyinin türk dilinin digər ləhcə və şivələrində “a” və “u” variantları da vardır. Həmin varintlardan biri, yəni “u” variantı hind-Avropa dil ailəsinə daxil olan fars dilində, digəri, yəni “a” variantı isə yapon dilində də işlənməkdədir. Təkcə bu fakt sözügedən məsələyə ciddi yanaşmağı zəruri və labüd edir.

Yuxarıda deyilənlərdən belə çıxır ki, ən qədim söz “o” olmuşdur və bu sözün müxtəlif fonetik variantlarda təkcə müasir türk dilinin müxtəlif ləhcə və şivələrində deyil, hətta başqa-başqa dil ailələrinin ayrı-ayrı dil qruplarına daxil olan qollarında da varlığı nostratik dil nəzəriyyəsi haqqında dərindən düşünmək üçün əməlli – başlı əsas verir.

Qeyd etmək lazımdr ki, “o” şəxs əvəzliyi və “o” işarə əvəzliyi həmişə mübahisə doğuran fikir ayrığığına səbəb olan sözlərdir. Bu sözləri şəxs və ya işarə olduğu haqqında bəzən mübahisələr doğur. «О» sözünün şəxsdən daha çox işarəyə yaxın olduğunu qeyd edən Z. Şahbazovanın fikrincə, “о” əvəzliyi I və II şəxsin təkini və cəmini bildirən əvəzliklərdən fərqli morfoloji və sintaktik xüsusiyyətə malikdir. Bu söz hərn canlı, həm cansız əşyanı işarə edə bilir. Həm də danışıq aktında iştirak edəni, həm iştirak etməyəni göstərir:

“Burada şəxs anlayışından daha çox işarə anlayışı irəli keçir. Cəmlənməsinin morfoloji yolla getməsı də onu substantivləşməyə meylli işarəyə yaxınlaşdırır. Lakin dilçilik ədəbiyyatlarında III şəxsi göstərmək üçün “о” əvəzliyi işləkdir. Görünür, əvəzliyin bütün növlərində işarəvilik bildirmək xüsusiyyəti burada da qabarıqdır. Bu qabarıqlıq III şəxsin danışıq aktında iştirak etməyə bilməsindən asılı olaraq daha güclüdür. Buna görə də semantikasında işarəviliyi şəxs anlamından daha çox olan bu sözü şəxs bildirmək xüsusiyyətində nəzərə almaq lazımdır. Bu səbəbdən biz III şəxsi bildirən о -sözünü şəxs əvəzliyinin içərisində veririk. Lakin işarəvilik xüsusiyyətinin qabarıqlığını qeyd etməyi lazım bilirik. О şəxs və işarə əvəzliyi kimi omonim deyilənlərin fikrinə qatılırıq”.

Alim yazır ki, “o” şəxs əvəzliyi işarə əvəzliyindən tamamilə ayrılmayıb və şəxs əvəzliyi içərisində tam diferensiyallaşmayıb. Üçüncü şəxsin təkini bildirən “о” şəxs əvəziiyi ilə о işarə əvəzliyi omonimlik təşkil edir. Bu əvəzliklər semantik cəhətdən bir-birindən fərqlənir. “О” şəxs anlayışı bildirdikdə şəxs əvəzliyi, əşyaya işarə etdikdə isə işarə əvəzliyi kimi çıxış edir.

“О” şəxs əvəzliyi substantiv, о işarə əvəzliyi isə atributiv xarakterə malikdir. Bu əvəzliklə bəzən danışıqda iştirak edən, bəzən isə iştirak etməyən şəxs göstərilə bilər. Bəzən danışan şəxs üçüncü şəxsi göstərmək üçün müxtəlif işarələrdən istifadə edə bilər. Bu isə üçüncü şəxs əvəzliyinin işarə əvəzliyindən törədiyini qeyd edən müəlliflərə müəyyən dərəcədə haqq qazandırır. Bəzi hallarda eyni cümlə daxilində üçüncü şəxsi bildirən söz də, həmin adı əvəz edən о şəxs əvəzliyi də işlədilir. Məsələn: Üçüncü şəxsin təkini bildirən əvəzlik hallanarkən birinci və ikinci şəxs əvəzliyindən fərqlənir. Adlıq haldan sonra gələn hallarda əvəzliklə hal şəkilçisinin arasmda «n» samiti işlənir.

Beləliklə, artıq qeyd etdiyimiz kimi, nostratik dilin ilk kərpici rolunu ifadə etmiş ilkin səs “o” səsi olmuş və ulu əcdadlarımız məhz bu səslə onları əhatə edən bütün əşyaları bildirməyə çalışmış, hər şeyə “o” deyərək, onlara işarə etmişlər.

Hecanın əmələ gəlməsi haqqında bir neçə nəzəriyyə vardır ki, bunlardan ikisi (sonor və əzələ) daha geniş yayılmış və özünə daha çox tərəfdar toplaya bilmişdir. Sonor nəzəriyyəsinə görə, heca səsli hərfin nisbətən az səsli hərflə birləşməsi prosesində ortaya çıxmışdır. Bu nəzəriyyə Danimarka dilçisi O. Espersin və rus dilçisi R. Avanesov tərəfindən müdafiə edilmişdir. Fransız fonetisti M. Qrommon tərəfindən irəli sürülən əzələ nəzəriyyəsi isə sonralar rus fonetisti L. Şerba tərəfindən müdafiə edilmişdir.

Hər iki məktəbin nümayəndələri hecanın ilk mərhələdə VS (V-sait, S-samit) sxemləri üzrə qurulduğuna tərəfdar çıxmış, sonralar bu fikir digər məktəblərin nümayəndələri tərəfindən də qəbul olunmuşdur.

Heç kəsə sirr deyildir ki, çağdaş dilimizdə onlarla təkhecalı söz mühafizə olunmuş və bu sözlərin demək olar ki, əksəri, məhz, bu sxem əsasında təşəkkül tapmışdır. Məsələn, at, it, ot, od, ev, əl və s.

Belə hesab edirik ki, bu sözlər dilimizdə mühafizə olunmuş nostratik dil vahidləridir və onların tarixi “o” qədər qədim olmasa da, hər halda bir neçə yüz min illərlə hesablanmalıdır. Yəni, “o” sözü dilimizin ən alt qatının (1-2 milyon il əvvəl) qalığıdırsa, yuxarıda sadaladığımız sözlər də bir mərhələ sonrakı qatın mühafizə olunmuş qalıntısıdır.

Məhərrəm Baba haqlı olaraq yazır ki, indiyə qədər türk dillərinin kök morfemləri ilə bağlı müxtəlif tədqiqatlar aparılsa da, bir çox məsələlər hələ də tam həllini tapmamışdır. İlk türk söz kökünün hansı heca formasında olması məsələsi hələ də türkologiyanın həll olunmamış problemlərindən biridir. Qədim kök sözlərdə karlaşmanın və ya cingiltiləşmənin birinciliyi mübahisəlidir. Açıq, yoxsa qapalı hecaların ilkinliyi məsələsi ziddiyyətli fikirlərlə izah olunur. Bəzi kök sözlərin praformalarının, arxetiplərinin bərpasında, rekonstruksiyasında yeni təhlillərə ehtiyac var:

“Dil faktlarına zaman və məkan prizmasından yanaşdıqda,görürük ki, dil sistemində dəyişməyən dil vahidi yoxdur. Tarix boyu dildə baş verən dəyişmələr obyektiv və subyektiv amillərdən asılı olaraq ümumi və fərdi xüsusiyyətlər qazanır.

Türkoloqlar göstərirlər ki,türk dilllərində təkhecalı sözlərin çoxu hələ də izah olunmamışdır. Bu baxımdan,türk dillərindəki kök morfemlər haqqında “yeni söz” deməyə ehtiyac var”.

Alimin sözlərinə görə, türk dillərinin kök morfemlərində fonomorfoloji, fonosemantik inkişaf qədim dövrlərdən başlanmışdır. Ehtimal olunur ki, vaxtilə əski türk söz köklərində supraseqment elementlər-vurğu, ton, intonasiya məna fərqi yaradan (yəni fonematik) elementlər kimi çıxış etmişdir:

“Türkoloqlar göstərirlər ki, türk dillərində təkhecalı sözlərin çoxu hələ də izah olunmamışdır. Çağdaş türk dillərində onlarla monosillabik kök söz var ki, onlar da tarixən derivasiya nəticəsində yaranmışdır. Yəni həmin təkhecalı köklər sonradan düzəlmədir. Türk dillərinin tarixinə dair aparılan araşdırmalarda yazıyaqədərki (prototürk) dövrdə amorfluğun əlamətlərinin əks olunduğu göstərilir. Tarixi-etimoloji istiqamətdə aparılan tədqiqatlar sübut edir ki, türk dilləri ilkin dövrdə amorf quruluşa malik olmuşdur”.

Yuxarıda qeyd etdik ki, təkhecalı sözlər dilimizdə mühafizə olunmuş nostratik dil vahidləridir və onların tarixi “o” qədər qədim olmasa da, hər halda bir neçə yüz min illərlə hesablanmalıdır. Yəni, “o” sözü dilimizin ən alt qatının (1-2 milyon il əvvəl) qalığıdırsa, yuxarıda sadaladığımız sözlər də bir mərhələ sonrakı qatın mühafizə olunmuş qalıntısıdır.

Belə düşünmək üçün, şübhəsiz ki, müəyyən əsas var və fikrimizi əsaslandırmaq üçün faktlara müraciət edək. Məlum olduğu kimi, qədim əcdadlarımız mağaralarda yaşayırdılar. Türk dilində mağara sözünün ovuq (ovulmuş yer), oyuq (oyulmuş yer), eşik (eşilmiş yer), qazıq (qazılmış yer) və qazma (“qazıq”la eyni anlamda) kimi sinonimləri mövcuddur. Bu sinonimlərdən 4-ü (ovuq, oyuq, qazıq, eşik) VS sxemi üzrə qurulmuş kökdən (ov, oy, az, eş) və bu kökə əlavə edilmiş – uq (-ük;-ıq;-ik) şəkilçisindən ibarətdir.

Mağara Paleolit dövrü insanının ilk məskəni və evi olmuşdur. Bu gün dilimizdəki “ev” kəlməsinin ayrı-ayrı şivələrimizdə “öy”, “qazma” və “eşik” kimi variantları var və mövcud bütün variantların “mağara” kəlməsinin mövcud bütün sinonimləri ilə eyni kökdən olması bu məsələ haqqında ciddi düşünmək üçün zəmin yaradır: (ov) uq – ev; (oy) uq – öy; (eş) ik – (eş)ik; (qaz)ıq – (qaz) ma.

Şübhəsiz ki, bu cür və bu sayda uyğunluq təsadüf ola bilməzdi. Bizcə, bu fakt “ev” (ov) təkhecalı sözünün və onun bütün variant və sinonimlərinin (oy – öy; eş – eşik; qaz – qazma) çox-çox qədim zamanlarda, insanların hələ mağaralarda yaşadığı dövrdə təşəkkül tapdığına dəlalət edir. Qeyd edək ki, bu konsepsiyanın xeyrinə başqa faktlar da mövcuddur. Məsələn, “oba” (məskən) kəlməsinin də kökündə “ov” (ovuq, ev) vahidi durmaqdadır. Bu bir fakt.

İkinci fakt: Azərbaycan ərazisində mövcud olan və Paleolit dövrü insanın məskəni olmuş bir sıra mağaraların adında bu günə qədər “ov” (ev), “q(az)” və “öy” kökü mühafizə olunmuşdur. Məsələn; Qarabağ ərazisində yerləşən Azıx və Haxçıvandakı Qazma mağaralarının adında “q(az)”, Qazax ərazisindəki Aveydağ mağarasının adında isə həm “ov” (ev), həm də “oy” (öy) vahidləri müşahidə edilməkdədir. Maraqlıdır ki, Azərbaycandan çox-çox uzaqda, Turanın tamam başqa bir hissəsində (indiki Özbəkistan ərazisində) yerləşən digər bir Paleolit dövrü mağarasının da adında başqa bir nostratik kök – “(eş)ik” kökü qorunub saxlanmışdır. Söhbət məşhur Deşik Daş mağarasından gedir.

Üçüncü fakt: Bilindiyi kimi, Azıx mağarasında aparılmış arxeoloji qazıntılar zamanı bu mağaranın Paleolit dövrü adamlarının ovçuluqla da məşğul olduğu məlum olmuşdur. Tədqiqtlar nəticəsində sübut edilmişdir ki, ox və yayın kəşfindən əvvəl ovçuluq texnologiyası ovun qovularaq əvvəlcədən qazılmış çuxura (ovuqa)

salınmasından ibarət olmuşdur. Bu proses zamanı baş verən hadisələri və üzləşilən əşyaları ifadə etmək üçün yenə də “ov” söz kökündən istifadə edilmiş və həmin kəlmələr də zəmanəmizə ilkin şəklini və semantikasını qorumuş şəkildə gəlib çıxmışdır:

1. ov (ovlanılan heyvan);

2. q(ov)maq;

3. (ov)uq, yəni çuxur;

4. (ov)lamaq, yəni, ovu ovuğa (çuxura) salaraq tutmaq.

Yeri gəlmişkən qeyd edək ki, dilçilərin böyük əksəriyyəti ilkin çağda dildə çox məhdud sayda sözün olduğu və bu sözlərin hər birinin onlarla şeyi ifadə etdiyi fikrində həmrəydirlər. Bu baxımdan “ov” kökünün həm mağara, həm ev, həm oba, həm də heyvan ovlamaq mənasında işlənməsi təbii idi.

Dördüncü fakt da “ov” kökü ilə bağlıdır. Söhbət ovçuluqla sıx bağlı olmuş ovsunçuluqdan (magiyadan) gedir. Məlum olduğu kimi, Azərbaycanda Qobustan qayalıqlarından və Abşeronun Şüvəlan qəsəbəsindən, Ordubad yaylaqlarından və Kəlbəcər dağlarından tapılmış qaya təsvirləri bu rayonlarda yaşamış qədim insanların qoyub getmiş olduğu dəyərli mədəniyyət və incəsənət abidələridir. Bu qaya təsvirləri haqqında alimlər tərəfindən müxtəlif fikirlər irəli sürülmüşdür. Bəziləri onların dini ayinlərin keçirilməsində mühüm vasitə olduğunu göstərir, digərləri isə bu təsvirləri ovda müvəffəqiyyət qazanmaq üçün icra edilən iş magiyası (ovsunçuluq) ilə əlaqələndirirlər. Ovsunçuluğun ovçuluqla birbaşa bağlı olması faktı “ovsun” kəlməsinin də kökündə “ov” vahidinin durmasının təsadüfi olmadığını göstərir.

Bütün bu deyilənlər “ov” kökünün (daşıdığı bütün məna yükləri ilə birlikdə) hələ Paleolit dövründə formalaşdığını və nostratik dilin, ən alt qatdan bir pillə yuxarıdakı qatına aid olduğunu sübut edir.

Maraqlıdır ki, mağaraları məskunlaşdırmamışdan əvvəl ən qədim insanlar açıq düşərgələrdə yaşayırdılar və mağaraların məskən yerinə çevrilməsi iqlimin soyumasından   sonra   baş   vermişdir.   Məsələn,   arxeoloji  qazıntılar nəticəsində

məlum olmuşdur ki, Azıx sakinləri bu mağaraya köçməmişdən öncə Quruçay hövzəsindəki geniş ovalıqda yaşamışlar. Çox güman ki, “ov” sözü hələ Quruçay mədəniyyəti insanlarının dilində mövcud idi və “ovalıq” sözünün kökündə “ov” vahidinin durması belə ehtimal etmək üçün müəyyən əsas verir. Əgər bu ehtimal doğrudursa, onda Quruçaylıların öz ilk (ov)aları (oba, məskən) olan (ov)alığın “adını” Azıx (ov)uğuna (mağarasına) daşıdıqlarını güman etmək olar. Bu isə “ov” vahidinin yaşının təqribən 1,2 milyon il olduğu deməkdir.

Yuxarıda “ov” kökünün sinonimlərindən biri kimi “oy” söz kökündən də (ovuq – oyuq; ev – öy) söhbət açdıq. Tədqiqatlar ibtidai insan icmasının, başqa sözlə, ilk insan soyunun, oyuqda (mağarada) yaşayış dövründə formalaşdığını təsdiq edir. Bu isə, soy (nəsil) və oymaq (icma) sözlərinin də “oy” kökündən intişar tapdığını (oy – soy; oy – oymaq) düşünmək üçün əsas verir.

“Ov” və “oy” söz köklərindən başqa ilkin “o” komponentindən törəyən və nostratik dil nümunələrindən olan təkhecalı sözlərdən biri də bu günə qədər türk dilində ilkin şəklini qoruyub saxlamış “ot” (od, atəş) kəlməsidir. İnsanların odla tanışlığı, güman ki, hələ qədim daş dövründə baş vermişdir. Lakin, arxeoloji qazıntılar zamanı üzə çıxarılan ən qədim ocaq yeri Azıx mağarasının təqribən 300 -700 min il bundan öncəyə aid olan təbəqəsindən aşkar edilmişdir. Bu isə “ot” (od) sözünün yaranma tarixinin ən azı 300-700 min il əvvələ aid olduğunu təsdiq edir. Prototürk-Şumer yazılı mənbələrində (e.ə. III-II minilliklər) bu söz “ud” kimi qeyd olunmuş, eyni kəlmə ilə günəş də ifadə edilmişdir. İnsanların günəşlə tanışlığının odla tanışlıqdan çox-çox əvvəl baş verdiyini nəzərə alsaq, “ot” (od, ud) söz kökünün “ov” və “oy” söz kökləri ilə eyni zamanda təşəkkül tapdığını söyləyə bilərik.

Məlum olduğu kimi, bitki mənasında işlətdiyimiz “ot” kəlməsi də eyni qəbilədəndir və “ot”la (bitki mənasında) tanışlıq da odla tanışlıqdan çox-çox əvvəllər baş vermişdir ki, bu da “ot” (od, ud) ilkin söz kökünün hələ Quruçay mədəniyyəti dövründən məlum olduğunu deməyə əsas verir.

Günəş (ud), ot və od sözlərinin eyni sözlə ifadə edilməsinin əsas səbəbi günəşin qızmar vaxtlarında qurumuş otların alışaraq yanması hadisəsinin qədim insanlar tərəfindən müşahidə edilməsi, odun, məhz, günəşin (ud) təsiri ilə otların yanmağa başlaması nəticəsində meydana çıxmasını dərk etməsi olmuşdur. Deməli, “od” (ot, ud) söz kökü də odun kəşfindən çox-çox əvvəllər məlum olmuş, odun kəşf edildiyi 300 – 700 min il əvvəlki dövrdən isə bizə, çox güman ki, “od” komponentindən törəyən “odun” kəlməsi yadigar qalmışdır. Bu kəlmə prototürk-Şumer mətnlərində “udun” kimi qeyd edilmişdir. Əgər “odun” (udun) kəlməsi 300-700 min il əvvəl yaranmışdırsa, deməli, çoxhecalı sözlərin yaranış tarixi, məhz, həmin dövrlə bağlı ola bilər. Fikrimizcə, “yazı” sözü də mağara insanlarının kəşfi olmuşdur

 Maraqlıdır ki, petroqliflərin yaranma tarixi e.ə. XII-X minilliklərə aid edilir və qayaüstü rəsmlərin piktoqrafik yazı mahiyyəti daşıdığı hesab edilir. Bu yazıların texnologiyası isə, cızma (qaşıma, qazıma) olmuşdur. Məhz, “cızıq” kəlməsindən də “yazı” (cızıq) sözü yaranmışdır. “Cız” kəlməsi isə ilkin “iz” komponentinin təkamülü nəticəsində ortaya çıxmışdır. Bu komponent “is” formasında rus dilindəki “p(is)mo” (yazı) və r(is)ovat (rəsm çəkmək) kəlmələrinin təkamülündə ilk halqası olmuşdur.

 Yeri gəlmişkən qeyd edək ki, “od” komponenti də başqa bir Hind-Avropa dilində, fars dilində “(at)əş” şəklində qorunub saxlanmışdır. Eyni kəlmə, artıq qeyd ediyimiz kimi, “ud” formasında qədim Şumer dilində də qeydə alınmışdır.

               Tarixçi alim H.Cəfərov yazır:

             “Arxeoloji tədqiqatlar nəticəsində məlum olmuşdur ki,Azərbaycanın ən qə-dim sakinləri hələ ən azı 700 min il öncə süni yolla od əldə etməyi və onu uzun müddət yanar vəziyyətdə saxlamağı öyrənmişdilər. Ocaqdan isinmək, vəhşi heyvanlardan qorunmaq, yemək hazırlamaq üçün istifadə olunurdu.”

          Azıx mağarasında aparılan  qazıntılar  nəticəsində  aşkar  olunanan  və  yaşı  təqribən  300-700  min  ilə bərabər olan ocaq izləri indiyə qədər bütün dünyada tapılan ən qdim ocaq izidir. Bu fakt ölkəmizin dünyada süni yolla od əldə edərək, onu uzun müddət yanar vəziyyətdə saxlamaq  texnologiyasının ilk dəfə kəşf və tət-

biq edildiyi ərazi olduğunu söyləməyə əsas verir. Bu da təbiidir. Çünki Azərbaycan ərazisi ən qədim zamanlardan odun yerdən təbii şəkildə çıxdığı yeganə ərazidir. Bu baxımdan Balaxanı kəndi  yaxınlığındakı  Yanardağ   və Astara  rayonundakı   yanan   bulaq deyilənlərə ən gözəl misaldır. Təsadüfi deyil ki, qonşularımız ən qədim zamanlardan Azərbaycanı “Odlar yurdu” adlandırmışlar.

             Maraqlıdır ki, təmiz türk sözü olan “ocaq” kəlməsi bu gün heç bir dəyişikliyə məruz qalmadan və ya cüzi dəyişikliklə qonşu xalqların dilində də işlənməkdədir. Bu baxımdan rus, erməni, gürcü, tat,  ləzgi, avar, tabasaran, lak, fars, dargin və sairə dilləri misal gətirmək olar. Bu isə onu göstərir ki, qonşu xalqlar ocaq qalamaq və onu yanar vəziyyətdə saxlamaq texnologiyasını  məhz bizim ulu babalarımızdan əxz etmiş və bu texnologiya ilə birlikdə “ocaq”kəlməsi də onların dilinə keçmişdir. Deyiənləri qonşu xalqların, eləcə də qədim yunanların əfsanələri də sübut etməkdədir.

            Qədim yunan şairi və dramaturqu Esxil özünün məşhur “Zəncirlənmiş Prometey” əsərində minilliklərin dərinliklərindən gələn miflərə istinad edərək, odun tanrılardan oğurlanaraq insanlara təslim edildiyi yer kimi İskitlər, yəni türklər ölkəsi və Qafqazın adını çəkir. Bu, insanların odla ilk tanışlıq yerinin Qafqazdakı türklər ölkəsinin olduğu deməkdir. Esxil sözügedən əsərin ən başında Hakimiyyət və Qüdrətin dili ilə deyir:

                          “Bir uzaq guşəsinə gəlib yetişdik yerin,

                            Boş, tənha çöllərinə yırtıcı iskitlərin.

                            Atanın buyruğuna itaət eyləyərək,

                            Bu yaramaz canini öz əllərinlə gərək

                            Mıxlayasan qayaya, Hefest, budur vəzifən;

                            Ona bir zindan yarat zəncir həlqələrindən.

                            O sənin çiçək kimi açılan atəşini,

                            Şəfəqləri dörd yana saçılan atəşini,

                            Oğurlayıb aparmış, vermişdir insanlara…”

          Təqdim olunan sitatdan da göründüyü kimi, qədim yunan mifologiyası in-sanların odla tanışlıq yeri kimi İskitlər ölkəsini tanıyır. Qədim yunanların isə türk-ləri “iskit”adlandırdıqları məlumdur. Əsərin başqa yerində də hadisənin məhz İs-kitlər, yəni türklər ölkəsində baş verdiyi qeyd edilir. Bu dəfə bu, Prometeyin öz dilindən söylənir:

                            “Bir an dinclik bilməyən sonsuz ləpələriylə

                              Başdan – başa dolaşan yeri elədən – belə.

                              Ey atamız Okeanın və çox uşaqlı Tifin

                             Gənc nəsli, yaxın gəlin, vəhşi gəzən iskitin

                             Yurdu olan bu yerdə, bu yüksək qayalarda

                              Zəncirlərlə bağlanıb qalmışam necə darda.”        

Filoloq alim Minəxanım Təkləli mövzu ilə bağlı yazır:

“Türk mənşəli bu sözün leksik – semantik inkişafı çox maraqlıdır.  Şübhəsiz, sözün ilkin mənası od // ot kökü ilə bağlıdır. Ancaq sonrakı inkişaf mərhələlərində bu söz artıq genişlənərək “ev, ailə, nəsil, ərazi, mərkəz” və b.k. mənalar qazanmışdır. Hətta bu mənaların bəzisi yazılı abidələrimizdə də müşahidə edilməkdədir: Ocağa bunca avrat gəlməsin; ocağını söyündürün, – deyü söyləşdilər. (KDQ 1,V boy). Ocaq sözündəki məna inkişafı ona gətirib çıxarmışdır ki, istər rus dilində, istərsə də Azərbaycan dilində “mərkəz, ərazi, mənbə” və s. mənalar (sağlamlıq ocaqları, mədəniyyət ocaqları, müharibə ocağı və s. ifadələrindəki mənalar) qazanmışdır. Söz rus dili ilə yanaşı erməni və İran dillərinə də keçmişdir. Dmitriyev Radlova istinad edərək sözün türk dillərində “qorn, yama dlya oqnya, dom, ubejişe, familiya, korpus yanıçar” mənalarını ifadə etdiyini göstərirdi.”   

Yuxarıda Azərbaycan türkcəsi materialı əsasında önə sürdüyümüz mülahizələr digər türk ləhcə və şivələri üçün də keçrlidir. Doğrudur, kök morfemlərdə fonetik, leksik-semantik, morfoloji səviyyələrdə fərqlənmələr, divergensiyalar var. Amma bu da faktdır ki, ən çox müşahidə olunan fonetik fərqlərdir. Dilçi alim Məhərrəm Baba həmin fərqlərdən söz açarkən, aşağıdakı misalları çəkməkdədir:

“a~u:

Azərbaycan at – çuvaş ut

Başqırd dilində Azərbaycan dilindən fərqli olaraq anlautda ı işlənir:

irıy ”nəsil” > ur//ır ”nəsil,uşaq”, ırğıy – “tullanmaq” > ır – “hərəkət etmək”

Azərbaycan-başqırd o~u: oba – uba, od- ut, oxu~ ukı,.

Azərbaycan-yakut

ş~s: – as,

ç~s: biç – bis,

Azərbaycan – qırğız

x~k: oxu – oku, ox – ok,

Azərbaycan – özbək

a~o: dağ – toğ, yaz – yoz, qab – kop,

d~t: daş – taş,

Azərbaycan-qaraqalpaq

ş~s: alış-veriş alıs-beris,

o~u: ru – uru, oxşa – usa.

Azərbaycan-tuva

y~ç: yurd – çurt

q~x: l(tük) – xıl, qab – xap

Azərbaycan – türk: b~m: min – bin, mən – bən və s”.          

 

 

Advertisements
Bu yazı Dilçilik, Türkçülük kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma