ARAN NƏSLİNDƏN SAKAR HÖKMDARI AZOYA AİD SİKKƏLƏR ÜZƏRİNDƏKİ TÜRKCƏ YAZILAR BARƏDƏ BİR NEÇƏ SÖZ

Hazırda dünyanın qədim epiqrafika və numizmatika nümunələrinin toplandığı bir çox nüfuzlu albom və kataloqlarda Əhəmənilər dövrünə aid edilən, fars mədəni abidələri kimi qələmə verilən, üzərlərində fonetik yazı nümunələrinə rast gəlinən çox sayda dairəvi möhür, gilbasma və sikkəyə rast gəlmək olur ki, onların üzərindəki yazıların arami yazısı olduğu iddia edilir. Fəqət diqqətlə incələndikdə onların nəinki aramı əlifba sistemi ilə uzaqdan-yaxından bir əlaqəsi olmadığı, əksinə elm aləmində “Orxon-Yenisey əlifbası” və ya “qədim türk run yazı sistemi” deyilən işarələrlə yazıldığı məlum olur.

Untitled

Bu tip yazı nümunələrindən bəziləri barədə Yengi Ögə ilə birlikdə qələmə aldığımız “Midiya möhürü üzərindəki türkcə yazı barədə bir neçə söz”, “Eradan əvvəl II minilliyə aid türkcə yazı nümunəsi” adlı məqalələrimizdə məlumat vermiş, eyni zamanda onları AMEA Folklor İnstitutu tərəfondən çapa hazırlanan və yaxın zamanlarda işıq üzü görməsi gözlənilən  “Azərbaycan türklərinin İslama qədərki dili və ədəbiyyatı” adlı monoqrafiyamıza daxil etmişik.

Üzərindəki yazıların arami yazısı olduğunun iddia edilməsinə rəğmən, “Orxon-Yenisey yazıları”nın yerli variantı olduğu heç bir şübhə oyatmayan maddi mədəniyyət nümunələri içərisində eyni dövrə və eyni şəxsə aid olan, müəyyən bir qismi Azərbaycan, o cümlədən Qərbi Azərbaycan (bugünkü Ermənistan) və Gürcüstandan tapılan çox sayda gümüş sikkəyə də rast gəlinməkdədir. Söhbət elm aləmində Əhəmənilərin bəzi mənbələrə görə Kilikiya, digər mənbələrə görə isə Babil satrapı, başqa sözlə, canişini Mazaeusa (e.ə. 385-e.ə 328). aid olduğu bildirilən müxtəlif gümüş sikkələrdən gedir.

a

b

Bu sikkələrin hamısının üz tərəfində taxtda oturan və beldən yuxarı çılpaq olan adam, qarşısında isə şahlıq quşu, sünbül və üzüm salxımı təsvir edilmiş və hamısında eyni işarələrdən ibarət eyni yazı yazılmışdır. İddiaya görə, burada arami hərfləri ilə “BALTRS” yazılmışdır. Yazı guya iki sözdən – qədim sami tanrılarından biri olan “Baal”ın və Tars (Tarsus) şəhərinin adlarından ibarətdi. Yəni təsvirdəki guya tanrı Baaldır. Əksər sikkələrin arxa üzündə isə, bir qayda olaraq, öküzü parçalamaq üzrə olan aslan və ya da sadəcə aslan təsvir olunur. Burada da bütün sikkələrdə eynən təkrarlanan, cəmi dörd hərfdən ibarət bir sözlə rastlaşırıq. İddiaya görə orada “MZDA” yazılıb, guya bu, Mazaeusun (Mazdiyin // Mazdayın) arami dilindəki adıdır. Deyilənə görə, aramicə onun adı Mazday kimi səslənirmiş.

Sözügedən sikkələrdən bəzisinin üz tərəfi digərlərinin cüzi fərqlə eyni olsa da, arxa tərəfində qədim yunan hərfləri ilə yazılmış yazılar olan sikkələrə də rast gəlinməkdədir ki, onlar haqqında bir qədər sonra danışacağıq. Bu məsələ tədqiqatımız baxımından olduqca böyük önəm daşıyır. Çünki ortada bilinqva var və bu da oxunuşun dəqiqliyini təmin etmək baxımından çox önəmlidir.

Qeyd edək ki, bu yazıların işarələrinin bəzisi elm aləmində “arami əlifbası” kimi tanınan əlifbanın bəzi işarələrini xatırlatsa da, bu yazıları arami yazısı saymaq ən azı arzu edilənin həqiqət kimi qələmə verilməsindən başqa bir şey deyildir.

c

Sikkələrin üzərindəki yazıların işarələrinin “Orxon-Yenisey əlifbası”nın işarələri ilə müqayisəsi  onların əski türk-run hərfləri ilə yazıldığına heç bir şübhə yeri qoymur. Yazıları bu hərflərlə sağdan sola oxuduqda onların üz tərəflərində “SULTRS”, arxa tərəflərində isə “ZSRNq” yazıldığı görünür. Qeyd etməliyik ki, təqdim etdiyimiz bu transkripsiyalar sözügedən sikkələrə diqqətimizi cəlb edən güneyli tədqiqatçı Yengi Ögə tərəfindən hazırlanmışdır.

Bu yazılar daha öncə oxunuşunu gerçəkləşdirdiyimiz Manna-Midiya yazılarını xatırlatdığı üçün həm sikkələrin, həm də yazıların Manna-Midiya dövrünə aid ola biləcəyini ehtimal etməyə əsas yaradırdı. Lakin, belə hesab edilir ki, pul tədavülünün və ilk sikkələrin tarixi e.ə. 685-ci ildən başlayır və onun əsasını Lidiya kralı Ardis qoymuşdur. Bu isə Midiyanın mövcud olduğu dövrlə üst-üstə düşür. Üstəlik də tarixi mənbələrdən Midiya və Lidiyanın qonşu olduqları, onları Qalis (Qızıl İrmaq) çayının ayırdığı və bu iki ölkə arasında müharibələr olduğu məlumdur. Deməli, Midiyada da puldan, daha dəqiq desək, sikkələrdən istifadə edilə bilərdi.

Bununla belə, son dövrlərdə tapılan daha qədim sikkələr pul tədavülünün tarixini Lidiyadan başlamağın doğru olmayacağını göstərir. Belə ki, e.ə. XII əsrdə indiki Çin ərazisində, daha dəqiq desək, Doğu Türküstanda tuncdan sikkə tökülməsi barədə təkzibedilməz məlumatlar mövcuddur.

Daha öncə oxuduğumuz gilbasmalar üzərindəki yazılarda olduğu kimi bu yazılarda da, “u” saiti istisna edilməklə, yalnız saimit səslər qeyd edilmiş, sözlər bitişik yazılmışdır. Sikkələrin üz tərəfində yer alan yazı (SULTRS), saitlər artırılarsa, fikrimizcə, “SU” (ordu, qoşun) və “(i)LT(e // ə)R(i)S”, yəni “İltəris” sözlərindən ibarətdir.

Məlum olduğu kimi, “İltəris” kəlməsi əski türk mətnlərində həm şəxs adı, həm də “el qurtaran” (eli xilas edən) mənasını verən kəlmədir. Məsələn, Bigə xaqanın atasının adının İltəris olduğu məlumdur. Ola bilsin ki, burada kəlmə məhz antroponim kimi işlənib və hansısa yerli hökmdarın adıdır. Amma o da ola bilər ki, kəlmə “el qurtaran” (xilaskar) anlamında işlənib. Bu halda həmin kəlmə özündən əvvəlki “su” (qoşun) sözü ilə birlikdə “eli qurtaran qoşun” mənasını verəcəkdir.

İndisə sikkələrin arxa üzündəki yazıya keçək. “ZSRNq” formasında olan bu yazıdakı ilk hərf (sağdakı) sikkələrdən bəzisinin üz qabığındakı taxtda oturmuş şəxsin taxtının altında tək işarə şəklində təkrarlanır. Bu da bizə həmin işarənin taxtda əyləşmiş şəxsin adının göstərcisi olduğunu düşünməyə əsas verir. Belə isə, arxa üzdəki “ZSRNq” kəıməsinin “Z” (şəxs adı) və “SRNq” hissələrindən ibarət iki sözə ayırmaq lazım gələcək.

Öncə addan başlayaq. Bir samit səslə yazılmış bu şəxs adına çatışmayan saitləri əlavə etməklə onu rekonstruksiyaya çalışsaq, qədim Manna şahlarından olmuş Azanın adına bənzər bir ad ortaya çıxmış olacaq. İkinci kəlməyə – “SRNq” kəlməsinə gəlincə, onun sonundkı “Nq” (səğir nun) qarışıq səsini yiyəlik hal şəkilçisi kimi, yəni “(ı)Nq” kimi  qəbul etsək, o zaman məntiq kəlmənin kökünü “sar” (qədim Aşşur dilində “çar”, padşah”) kimi oxumaq lazım gəldiyini söyləyəck. Belə isə, sikkələrin arxa tərəfində “Aza sarınq”, yəni “Aza padşahın” (hökmdar Azaya məxsus) sözləri yazılıb. Bunun məhz belə olduğunu bəzi sikkələrin ön tərəfindəki yunan hərfləri də tam təsdiqləyir. Orada qədim yunan hərfləri ilə şaquli formada (yuxarıdan aşağıya) iki dəfə təkrarlanan “Azo” (“Aza” şəxs adının başqa bir fonetik variantı) və üfiqi formada “Aka” (türkcə “ağa”) yazılıb.

Oxuduğumuz yazıları birləşdirsək, söhbətin Aza (Azo) padşahın xilaskar ordusundan getdiyini düşünə bilərik.

d

Kəlmələrdən birinin (sar) qədim Aşşur mənşəli olması sikkələrin üzərində adı keçən Azanın Manna hökmdarı Aza ola biləcəyini ehtimal etməyə əsas verir. Çünki Aza Aşşur hökmdarının müttəfiqi idi və o dövrdə mannalılarla aşşurlar arasında sıx hərbi, iqtisadi və mədəni əlaqələr mövcud olub. Tarixdən məlumdur ki,  Manna dövlətinin adı elmə məlum ikinci hökmdarı, adı məlum ilk hökmdar İranzunun oğlu və  üçüncü hökmdar Ullusununun qardaşı olan Aza da atası İranzu kimi Aşşur yönlü siyasət yeridirdi. Lakin, onun hakimiyyəti çox az sürdü (e.ə. 719 — e.ə. 716) və o, tez bir zamanda Urartunun təhriki ilə üsyan edən əyalət başçıları tərəfdarları tərəfindən məğlubiyyətə uğradı və öldürüldü. Azanın öldürülməsindən sonra Aşşur hökmdarı II Sarqon qatilləri cəzalandırmaq üçün e.ə. 716-cı ildə Mannaya yürüş etdi. Bu haqqda Dur Şarukkin (Xorsabad) sarayının V zalındakı divar yazısında deyilir: “…Hakimiyyətimin altıncı ilində Urartulu Ursa, Mannalılar ölkəsinin canişinləri Uişdişli Baq(dattini və) Zikertulu (Metattini) Şarrukinin (Sarqonun) və hökmdarlarının oğlu Azanın əleyhinə qaldırdı və [….] Mannalılar ölkəsində qiyam edib, sıldırım Ua(uş) dağında öz hökmdarları Azanın meyitini atdılar. Manna ölkəsinin intiqamını almaq və onu Aşşurun tabeliyinə qaytarmaq üçün Aşşura (Tanrıma), mənim ağama əllərimi ucaltdım və Uauş dağında, Azanın meyitinin atıldığı yerdə Baqdattinin dərisini soydum və Mannalılara göstərdim. Ullusununu, onun (Azanın) qardaşını taxta əyləşdirdilər, mən də ona bütün [….] Mannalılar ölkəsini tabe etdim”.

Azanın adının etimologiyasından söz açan Q. Qeybullayev bu adı türkmənşəli sayaraq, erkən orta əsrlərdə xakasların xaqanı Ajonun, uyğur xaqanlarından Açonun adları ilə müqayisə etmişdir. Müqayisəyə çəkilən “Ajo” və “Aco” adlarının sonunun eynən yunan yazısında olduğu kimi “o” ilə bitmiş olması, adın əslində “Aza” deyil, “Azo” şəklində olduğunu söyləməyə tam əsas verir.

Lakin burada ortaya bir sual çıxır – yunan hərfləri e.ə. VIII əsrin sonlarında Azərbaycana (Manna ərazisinə) hansı vəsilə ilə gəlib çıxa və hansı məqsədlə istifadə edilmiş ola bilərdi? Qeyd edək ki, yunan əlifbası həmin dövrdən çox-çox əvvəl yaranmışdır. Belə ki, yunan əlifbasının e.ə IX əsrdə, bəzi məlumatlara görə isə XI əsrdə Finikiya əlifbası əsasında yarandığı hesab edilir..Yunanlar finikiyalıların əlifbalarının Avropada yayılmasında əsas vasitəçi olmuşlar. Lakin dövrümüzə gəlib çatmış yunan yazısının erkən nümunələri Finikiya əlifbasının əksər xüsusiyyətlərini özündə saxlamaqdadır. Arxaik yunan yazısında Finikiya yazısında olduğu kimi saitlər, yox idi. Bizim yazıda isə ən azı iki saitlə – “a” və “o” saitləri ilə üzləşirik. Deməli, qarşımazdakı sikkə və ya medalyonlar Manna dövrünə aid ola bilməz. Üstəlik də yunan əlifbasının bölgəmizə Makedoniyalı İskəndərdən sonra, yəni e.ə. IV əsrdə yol tapdığı məlumdur. Yazılarından birinin yunanca olduğu bilinqvalar da məhz həmin dövrdən geniş yayılmağa başlamışdır.

Deməli, sikkələrdə adı keçən çar Azo Ağa (Aka) e.ə. IV əsrdən öncə yaşamış olmamalı idi. O zaman ortaya sual çıxır: Azo kimdir?

Bu sualın cavabını İlhami Cəfərsoyun “İber və Hay folklorunda türk mifik təfəkkürünün izləri” (Bakı, 2014) adlı kitabında tapırıq. Müəllif XI əsr gürcü salnaməsi “Kartlis Tsxovreba”ya istinadən yazır: “Aran  həm ölkənin (Albaniyanın – B. T.), həm də ölkənin hakim nəslinin adıdır. Həmin nəslin böyük qanadları Albaniyanı, kiçik qanadları İberiyanı idarə edirdi. İberiyanın ilk çarı Aran nəslindən Azon olmuşdur. O, eradan qabaq IV əsrin sonlarında makedoniyalıların vassalı kimi İberiyanı idarə etmişdir. Sasanilərin zamanında İberiya Aran hakimi tərəfindən idarə olunurdu. İberiya çarı Vaxtanq Qorq Aslan (446-499) Aran hakiminin bacısı oğlu idi O Qorq Aslan ki, onu Mari Brosse və İ.O.Senkovski hansısa türk tayfasının başçısı adlandırırlar”.

İlhami Cəfərsoy kitabının başqa yerində isə bunları yazır: ““Kartlis tsxovreba”da göstərilir ki, Aran Kartvellərin çarı idi. Aranın oğlu Azon Makedoniyalı İskəndərin vassalı kimi Metexdə çar oldu və İberiyanı 24 il idarə etdi. Azonın ölümündən sonra hakimiyyətə gələn Parnauz (Farnavaz) Aran nəslinin Metexdəki bütlərini sındırmadı. Öz bütlərinin yanında Aran nəslinin bütlərini saxladı”. Amma bir məsələ var ki, İber hökmdarları arasında Azo adında birisi olmayıb. “Kartlis tsxovreba”da sadəcə bildirilir ki, bugünkü Gürcüstanın önəmli bir hissəsi Azoya tabe olub. Azonun haranın çarı olduğunu isə biz sikkələrin birinin üzərində yazılmış başqa bir yazıdan öyrənirik.

Beləliklə, sikkələrin e.ə. IV əsrdə Gürcüstanın da bir hissəsinin daxil olduğu geniş bir ərazidə 24 il hakimiyyətdə olmuş Azoya (Azona) aid olduğunu, Azonun da məxsus olduğu Aran nəslinin təmiz türk nəsli olduğunu söyləyə bilərik. Sikkələrin birinin üzərində olan nisbətən daha uzun yazıdan isə biz Azərbaycanda (Albaniyada) Aranşahlar sülaləsinin əsasını qoymuş Aranın və Azonun məhz hansı türk boyuna aid olduğunu və ya hansı ərazilərin çarı olduğunu, eyni zamanda Azonun adından kəsilmiş sikkənin hansı pul vahidi ilə adlandığını və onun nominal dəyərini öyrənmiş oluruq.

bx

Bu sikkənin ikinci üzündə “Orxon-Yenisey” əlifbası ilə yazılmış aşağıdakı mətndə bunları oxuyuruq: ZSRNgSNgULUSRSKRNgPLTLR (Transkripsiya Yengi Ögəyə aiddir).

Çatışmayan saitləri əlavə edib, mətni kəlmələrə ayırdıqda isə belə bir yazı alınır: aZo SaRıNg (Azo padşahın)   SiNgi (süngü, söngü?)    ULU   SaRı (ulu padşahı)    SaKaRıNg (sakar türkmən boylarından birinin adıdır)   aPa (böyük ?)   aLTı   LıRə

Beləliklə, Azo türkmənlərin sakar boyuna aid olmuş. Hakimi olduğu ölkə də bu soyun adı ilə Sakar adlanmışdır. Qeyd etmək lazımdır ki, qədim Urartu mənbələrində Mannanın böyük əyalətlərindən biri Saqarta kimi qeyd edilib. Aşşur mənbələrində adı Zikertu kimi keçən həmin əyalətin paytaxtının Parta (Bərdə) olduğu bildirilir.

Advertisements
Bu yazı Çeşitli, Dilçilik, Tarix, Türkçülük kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma