Quzey bölgələrimizə 4 günlük səyahət və bəzi önəmli elmi nəticələr (III məqalə)

Şamaxıdan ayrılıb İsmayıllıya gəldik. Bu rayonda ikinci dəfə olurdum. Birinci dəfə 3-4 il öncə,  «Olaylar» qəzetinin redaktoru Elman Cəfərlinin başçılıq etdiyi hansısa bir qrant layihəsi çərçivəsində olmuş, məktəblərin birində şagirdlərlə görüşüb onlara yazarı olduğum «Qafqaz albanlarının dili və ədəbiyyatı» kitabım barədə məlumat vermişdim. Məktəbin şagirdlərinin tarixə olan həvəsi, albanların dili və ədəbiyyatı haqqında tədqiqatlarım barədə məlumatlı olmaları məni çox sevindirmiş və heyrətləndirmişdi.

İkinci gəlişimdə İsmayıllını eyni cür gördüm. Heç dəyişməmişdi, dəyişmişdisə də, mən hiss etmədim. Məqsədimiz şəhəri gəzmək olmadığından Tarix-Diyarşünaslıq Muzeyinin yerini öyrənib düz ora yollandıq, İçəri girər-girməz, Mənsur bəy həmişə və hər yerdə olduğu kimi dərhal fotoaparatını hazır vəziyyətə gətirdi və eksponatları çəkməyə başladı. Diqqətimizi çəkən ilk şey Bakıda, Tarix muzeyində rast gəldiyim daş və gil qadın fiqurlarının eynisinə burada da rast gəlməyimiz oldu. Hərçənd ki, Şamaxıdan fərqli olaraq, burada marağımıza səbəb olan qiymətli eksponatlar daha çox idi…

DSC04818

Eneolit  dövründən başlayaraq erkən Tunc dövrünə qədər uzanan, bir neçə minillik zaman məsafəsini əhatə edən bu heykəlləri Bakıda Mənsur bəylə çox müzakirə etmiş və haqlarında eyni fikirdə olduğumuzu görüb məmnun olmuşduq…

DSC04786

DSC04788DSC04790DSC04791DSC04792DSC04793DSC04797

Bu heykəlciklərin əsas özəlliyi o idi ki, onların boynu normal insan boynundan daha uzun idi və sınıq deyil, tam olan heykəlciklərdən onların boynuna çox sayda halqa taxılmış olduğu açıq-aşkar şəkildə görünməkdə idi…

DSC04798

DSC04799

Görünən bu idi ki, ulu nənələrimiz boyunlarını uzatmaq və uzun və nazik boyunlu, yəni dövrün estetik tələblərinə uyğun olaraq gözəl görünmək üçün çox sayda metal halqalardan istifadə edərmişlər və bu prossesə uşaqlıq dövründən start verilərmiş. Qadın yaşlaşdıqca halqaların da sayı artarmış. Maraqlıdır ki, eyni adətə günümüzdə də rast gəlinməkdədir. Belə ki, Tailandın quzeyində yerləşən dağlık bölgəde, Myanmar-Tailand sınırı yaxınlığıında yerləşən Mae Honq Sonda yaşayan Karen qəbiləsinə mənsub qadınları boyunlarına taxdıqları halqalar səbəbindən dünyanın ən uzun boyunlu qadınları hesab edilirlər.

Əfsanəyə görə, Karenlerin ulu babaları dişi bir əjdaha ile külək tanrısından əmələ gəlmişlər. Bu qəbilənin qadınlarının boyunlarını uzatmaq ənənəsi də bilavasitə bu ənənədən, yəni ulu nənənələrinə oxşamağa çalışmaqdan qaynaqlanır .

indirimagesimages (1)7eced563ed1b252f80eb956b1a8981be

Əlbəttə ki, bizdə mövcud olmuş eyni tipli ənənə Tailanddakından təqribən 8-10 min il qədimdir və Eneolit dövrünə qədər uzanır. Və təbii ki, dişi əjdaha mifi ilə bağlı deyildir. Onun izini öz folklorumuzda axtarmağa ehtiyac var.

Bəri başdan qeyd edək ki, Anadolu türkləri arasında anlamını çoxdan itirmiş və artıq mənasız görünən «Uzun boyunlu kız iyi kokar» şəklində bir məsəl var və görünür, həmin məsəl hansısa qədim inancla sıx bağlıdır.  Eyni zamanda qədim türklərin, ilk növbədə də qıpçaqların estetik baxışları içərisində qu quşu və qazın gözəllik simvolu kimi gözdən keçirildiyi, onlardan qadınlara münasibətdə epitet kimi istifadə edildiyi məlumdur. Bu barədə Öljas Süleymenov özünün «Az i ya» kitabında ətraflı məlumat verdiyindən biz bu məsələnin üzərində uzun uzadı durmaq istəmirik. Sadəcə qeyd edək ki, qədim türklərdə qaz aşırı gözəlliyin simvolu olub. Təsadüfi deyil ki, «Ər Tarqın» adlı əski bir dastanında Akşa xamın qızı özünü belə vəsf edir:

«Atam meninq apamnınq

Asıranda kazı edim».

Yəni, «Ata-anamın yanında onların qaz idim» (qaz kimi bəslənirdim).

Dəliqanlı gənc isə öz sevgilisini belə vəsf edir: «Auede uşıp jurqen kaz balası» (Göydə uçan qaz balası). O, sevgilisinin boynunu qaz boynuna (kaz moyın), əllərini qaz qanadına (kaz kanat), səsini qaz səsinə (kaz daustı) bənzədir.

Maraqlıdır ki, qazaxlar öz etnik adlarının ağ qazı ifadə etdiyinə inanırlar: (qazax = qaz + ağ). Bu fikrə qazax və xarici ölkə alimlərinin bir çoxunda rast gəlinməkdədir. Onlar qaz və qu quşunun qədim türk totemlərindən olduğunu söyləyirlər. Bu baxımdan O. Süleymenov, A. Dandıqulov, N. Baskakov, A. Robinson və s. kimi tədqiqatçıların adını çəkmək olar.

Totemizm (Şimali Amerika hindularının dilindən götürülmüşdür, “onun qəbiləsi” deməkdir) — insan kollektivlərinin (qəbilə, tayfa) ilə müəyyən heyvan və bitki növləri, habelə hər hansı bir predmet arasında guya mövcud olan fövqəltəbii qan qohumluğu əlaqələrinə etiqad edilməsindən ibarətdir. Məsələn, Tolstov, Bernştam və Bekmıradov kimi tanınmış türkoloq alimlər oğuzların ən qədim zamanlarda öküzə totem münasibəti bəslədiklərini söyləmişlər.

Türk mifologiyasında onqon-quş motivi ən geniş yayılmış motivlərdəndir. Məsələn, əldə olan çoxsaylı mənbələr toğanın (qartalın) bəzi türk soy və boyları tərəfindən onqon-əcdad kimi qəbul edildiyini söyləməyə əsas verir. Saxa-yakutlar öz əcdadlarının kiçik bütləri içərisinə Sour adlı qarğanın bütünü də əlavə edirmişlər. Bu quş Altay əsatirində Tanrı Ülgenin düzəltdiyi insan bədənləri üçün böyük Tanrı Kudayın yanından ruh gətirən bir quşdur. Lev Qumilyov Boz qurdla bağlı qədim türk əfsanəsinə istinadən yazır:

“…Əfsanə türklərin mənşəyini yerli So (Su) nəsli və yenə də dişi qurdla bağlayır.  So (Su) qəbiləsinin bütün üzvləri öz axmaqlıqları üzündən… məhv olurlar. Yalnız dişi qurdun dörd nəvəsi sağ qalır. Onlardan birincisi qu quşuna çevrilib Güney Altayda  Abu və Qyan çayları hövzəsində.., üçüncü və dördüncüsü isə Güney Altaydakı Çus çayınnda məskunlaşdılar. Bu əfsanəni şərh edən N. A. Aristov əfsanədəki “So” nu Altayın quzeyindəki  Biye çayı sahillərində yaşayan kumandinlərin (kumanların) So nəsli ilə tutuşduraraq, birinci nəvəni lebedinlərlə – ku kijilərlə (ku kişiləri, ku adamları) … eyniləşdirmişdir”.

Maraqlıdır ki, “Su” (So) adına ilk dəfə mixi yazılarda rast gəlindiyi kimi,  “ku” və “kuman” etnonimlərinə və “Altay” toponiminə də (Urartu mənbələrində Arattanın adı Alateye kimi çəkilir) ilk dəfə eyni mənbələrdə rastlanmış və onların hamısından Azərbaycan və Ön Asiya (Şərqi Anadolu) etnonim və toponimləri kimi söz açılmışdır. Qədim mixi yazılarda (e.ə.Xlll-Xll) “ku” və “kumen” (kuman) etnonimlərinin də adı çəkilməkdədir. “Ku” etnonimi ilə bağlı hesab edilir ki, bu, türk (prototürk) tayfalarından birinin adı olmuş və bu ad qədim türklər arasında geniş yayılmış qu quşu (qaz) totemi ilə əlaqədardır. İ. Dron qeyd edir ki, qu quşu (qaz) kultu qədim zamanlarda türk və monqol xalqları arasında geniş yayılıbmış. O bildirir ki, qədim türk əfsanələrində hun xaqanının qardaşı oğlu qu quşuna çevrilmiş və yeni bir türk soyunun əsasını qoymuşdur. Həmin türk qəbiləsi “ku” adlanmışdır. Məsələn, Tuva türklərinin toci qoluna bağlı qəbilələrdən biri kezek-kuular (qu quşları) özünü bu soydan hesab edir. Tədqiqatçının yazdığına görə, Sayan-Altay ərazisində yaşayan bir çox türk xalqlarında – tuvalılarda, xakaslarda, teleutlarda, kumandlilərdə qu quşu (qaz) haqqında totemik-mifik təsəvvürlər bu günə qədər yaşamaqdadır.

Türkoloqların bir qismi kuman etnoniminin də adının “qu” (ku) totemindən yarandığını irəli sürməkdədirlər. Məsələn, V. Q. Rodionov qədim çuvaş mənbələrinə əsaslanaraq “ku” və “kuman” etnonimlərini eyniləşdirir. İ. Dorn və O. Süleymenov da eyni fikri dəstəkləmişlər.

Kumanların adı qədim mənbələrdə (mixi yazılarda) ilk dəfə e.ə. XIlI-XII əsrlərdə “kumen” kimi çəkilməkdədir. Y. Yusifov da yuxarıda adı çəkilən müəlliflərlə eyni mövqedən çıxış edərək yazır: “Bu etnonim də Türk dillərində etnik ad düzəldən “-man” (-men) şəkilçi birləşmələrindən əmələ gəlmişdir. Kuman sonrakı türk adı olmaqla “sarımtıl, ağımtıl” mənasını daşıyırdı”.

Bütün bu deyilənləri ümumiləşdirərək deyə bilərik ki, uzun boyunlu daş və gil qadın heykəlcikləri Azərbaycanda ən qədim zamanlardan qaz və qu quşunun totem kimi və gözəllik simvolu kimi qəbul edildiyini və bu inancın ən azı Eneolit dövrünə qədər uzandığını göstərir. Ona görə Eneolit deyirik ki, metal halqalar yalnız Eneolit dövründən etibarən tətbiq edilə bilərdi. İnsanların metalla (mislə) tanışlığı məhz həmin dövrdən başlayır.

Eneolit dövrünün sənət əsərləri içərisində gil və daş qadın heykəlciklərinin xüsusi yeri olmuşdur. Belə heykəllər tədqiqatçılar tərəfindən anaxaqanlıq dövründə qadına verilən yüksək dəyər və onun ilahiləşdirilməsi kimi qiymətləndirilir. İndiyə qədər Azərbaycan, Şərqi Anadolu və Cənubi Tükmənistan ərazisində yüzə yaxın belə heykəlcik tapılmışdır.

11013616_953198231386031_5230957467921153948_n

Advertisements
Bu yazı Çeşitli, Etnoqrafiya, Folklor, Mifologiya, Tarix kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma