Quzey bölgələrimizə 4 günlük səyahət və bəzi önəmli elmi nəticələr (V məqalə)

 

 

Krit qadın heykəlləri adanın qədim əhalisinin türk mədəniyyəti ilə sıx bağlı olduğunu göstərsə də, Lemni (Limni) adasından tapılan yazılar türkcə olsa da onlar arasında bir başa əlaqə qurmaq mümkün deyil. Çünki yazılar e.ə. VII əsrə aid edilirlər, heykəllciklər isə e.ə. II minilliyin məhsuludur.

Yeri gəlmişkən qeyd edək ki, hər iki əlində ilan tutan qadın motivinə Şumer mədəniyyətində də rast gəlinmişdir və həmin motivin Şumerdəki yaşı Kritdəkibdən 1000-1500 il daha qədimdir, başqa sözlə e.ə. III minilliyə qədər uzanmaqdadır.

 

1

Eyni motivə Şumer və Krit adasından çox-çox uzaqlarda, Avrasiya materikinin digər tərəfində, daha dəqiq desək Doğu Türküstsnda da rast gəlinmişdir. Söhbət VI-VII əsrlərə aid edilən uyğur dekorativ parçasının üzərindəki təsvirlərdən gedir. Bu təsvirlərdə də hər iki əlində ilan tutan qadına rast gəlirik. Bueada diqqəti ən çox çəkən məqam qadınların avropoid olmasıdır ki, bu fakt motivin Qərbdən Şərqə doğru hərəkət etdiyini və parçanın aid olduğu dövrdə uyğur türklərinin hələ çinlilərlə qarışmadığını və bu üzdən də hələ monqoloidlərə xas müəyyən üz cizgiləri qazanmadığını göstərməkdədir.

2

Sözügedən motiv Krit adasından tapılan bəzi qızıl bəzək əşyalarına da xasdır. Onlardan birində qadının hər əlində iki ilan tutduğunu, qoşa quşun onlara hücüm etdiyini görürük. Qartalla ilanın (əjdaha ilə zümrüd quşunun) savaşı motivinin də kökləri qədim Şumerə uzanır və «Məlikməmməd» nağılında yenidən ortaya çıxır. Hərçənd ki, haqqında söhbət açdığımız dekorativ sənət nümunəsində bu rolda qaz çıxış edir.

3

Bənzər sənət əsərləri iskit türklərinin kurqanlarından da tapılmışdır.

4

5

İskit türklərində ilan totem, yəni onqon olub və bu əski inanc iskitlərin Herordot tərəfindən qeydə alınmış etnoqonik miflərində öz əksini tapıb. Həmin miflərin birində təmiz türk adı daşıyan ilk insan – Tarqitayın məcaralarından söhbət açılır. Yunan mifologiyasında Zevsə uyğun gələn Papay (Baba Ay // Ay Ata) və Borisfenaya uyğun gələn Apinin (Apa // Aba // Ay Va) oğlu Tarqitay bir dəfə yuxuya gedir və oyandıqda atının qaçırdıldığını görür. Atın izi ilə gedib yeraltı dünyaya açılan bir mağaraya çatır. Mağaranın sahibəsi, Erliyin qızlarından biri – beldən yuxarısı qız, aşağısı isə ilan olan mifik məxluq atın onda olduğunu, atı yalnız Tarqitayın onunla evlənəcəyi halda qaytara biləcəyini söyləyir. Gənc çarəsiz qalıb şərti qəbul edir və ilan-qızla evlənir. Onların üç oğlu olur. Onların üçüncüsündən iskit xalqı törəyir.

Maraqlıdır ki, eyni süjet xakas türklərinin «Altın Çaqa və Çis Sibaldey» adlı əfsanəsində də təkrar olunur. Beləliklə, ilanın iskit türklərində onqon olduğu heç bir şübhə oyatmır və tam qətiyyətlə deyə bilərik ki, qədim türklərdə öküz, boz qurd, qaz və s. quşlarla yanaşı, ilan kultu da olub və ona totem münasibət bəslənilib. Biz Quzey bölgələrinə səyahətimiz zamanı həmin kultun izinə Şamağı Tarix-Diyarşünaslıq Muzeyində gördüyümüz su qablarının üzərində də rast gəlmişdik.

6

7

Yeri gəlmişkən qeyd edək ki, İsmayıllıda gördüyümüz həyat ağacı motivi Şamaxıdakı keramika məmulatlarında da müşahidə edilir. Lakin onlarda ağacın ətrafında qoşa ilan təsvirinə rast gəlməmişdik.

8

«İlan kultunun izlərinə Azərbaycan nağıllarında da tez-tez rast gəlinir. Onlardan biri də «Taxta qılınc» nağılıdır. Həmin nağılı oxuduqdan sonra Şamaxının (Azərbaycanın) Tunc dövrü əhalisinin nədən su qablarının (dolçaların) üzərində ilanın təsvirini yaratdıqlarını, yəni bunun qədim mifoloji köklərini anlamağa kömək edir.  Nağılda deyilir:

«Biri var imiş, biri yox imiş, bir padişahın bir oğlu, bir arvadı var imiş. Bir gün bu padişah oğlunu, vəzirini, vəkilini götürüb qoşun ilə şikara çıxır, xeyli av etdikdən sora bir gözəl çəməndə çadır qurub, burada oturaq edirlər.
Padişahın oğlu həya etdiyindən, öz çadırını bir kənarda qurur. Padişah oğlunu çox istədigindən, tez-tez onu yoxlarmış. Gənə də qalxıb oğlunu yoxlamağa gedir və gəlüb çadırə girdikdə, baxub görür ki, çadırın dalından bir qızıl ilan daxil olub oğlunu çalmaq üzrədür. Tez padişah başmağının bir tayını su ilə doldurub ilanın qabağına qoyur. İlan su içib qayıdır. Padişah isə oğlunu oyadub:

– İstəkli oğlum! Qalx, burada yatma. Məsləhət dəgil, – deyib əhvalatı ona söylədi, oğlu ilə bərabər öz çadırına qayıtdı.

Bir az qalıb, şəhərə getdilər. Bu əhvalatdan bir neçə gün sora, padişahın arvatı bərk naxoşluyur, oğlunu yanına çağırıb ona belə bir vəsiyyət edir:

– İstəkli oğlum! Bu xəstəlikdən mən qalxmıyacayam, öləcəyəm. Mən ölənnən sora atan gedüb başqa arvat alacaq. Tazə aldığı arvat səni yola aparmıyacaqdur. Ağan ilə sənin aranda ziddilik düşəcək. Getgedə ziddilik artacaqdır. Atan qeyzə gəlib səni öldürmək istəyəcək. Atanı o məqama gəlməyə qoyma, baş götür bir müddət atayın vilayətindən çıx get. Yolda hər kəs ki, səninlə yoldaş oldu, çörəy yeyəndə sən öz çörəyivi ortaya qoy. Hərgah yoldaşın çörəyin çox hissəsini sənin qabağıva qoysa, onunla yoldaş ol. Yox, qabağıya qoymasa, onda ondan ayrıl, bir də yoldaşınla bir çayın kənarinə yetişsən, sən ona təklif et ki, gəl dalıma min, səni sudan keçirdim. Əgər o səni dalına alıb sudan keçirsə, onda onnan yoldaş ol. Yox sənin dalıva minsə onnan yoldaş olma. Tez ondan ayrıl. Bu sözləri söyləyib, ana bı vəsiyyətlərini tamam etdi.

Oğlan qalxıb anasının əlinnən öpüb otaxdan çıxdı. Bir neçə gündən sora padişahın arvatı ölür. Bir müddətdən sora padişah gedib bir arvat alır. Bu ara arvad nanəcib olduğundan oğlanı yola verməyib hər nə ilə mümkündürsə, atasilə bunun arasına bir ziddilik salmağa çalışırdı. Odur ki, şahzadə anasının vəsiyyətinə əməl edüb, baş götürüb atasının vilayətindən çıxıb gedir. Oğlan bunnan haraya getdigini sorduqda, “başqa bir vilayətə”, deyib cavab verdi».

Yolda ona bir gənc rast gəlir.

«Mənim adım Taxta qılıncdır. Məni də özinlə bərabər götür deyib cavan oğlan şahzadədən rica elədi. Xülasə, yoldaş oldular, bir qədər yol gedənnən sora, bir yerdə oturub çörəyi yemək istiyirlər. Şahzadə bir çörəyi çıxardıb ortuya qoyur. Oğlan çörəyi kəsib çox hissəsini şahzadənin, az hissəsini öz qabağına qoyur. Oğlan görür ki, anasının vəsiyyət etdigi üzərə yoldaşlığa layıq bir oğlandı. Çörəy yeyib yola düşdülər. Yolda bir çaya yetişirlər. Şahzadə ona təklif edir ki, gəl dalıma min, səni sudan keçirdim. Oğlan şahzadəni dalına alıb sudan keçirdir yollarına davam edib gedirlər. Bir müddət gedəndən sora bir şəhərə yetişirlər, burada ev dutub mənzil edirlər. Ertəsi gün cavan oğlan padişahın oğluna deyir ki, qardaş, sən evdə otur, mən gedim qazanım gətirim bərabər yeyək. O gedib gündə qazanıb gətirir, bahəm yeyirlər. Bir gün belə, beş gün belə, axırda padişahın oğlu fikir edir ki, nə vaxta kimin bu oğlan qazanıb gətirəcək, mən də yeyib bekar oturayağam?
Mənim də iş görməyim lazımdır. Bu fikir ilə ayaqqabısını geyib evdən kənara çıxır. Küçələri dolanır. Bir vaqt baxub gördü ki, hündür bir imarətin pəncərəsindən gözəl bir qız baxır. Qızı görüb, ona aşıq oldu. Demə, bu imarət padişahın, qız da padişahın qızı imiş. Padişahın oğlu fikirli mənzilə qayıdır. Bir az keçir yoldaşı gəlir. Oğlan baxub görür ki, şahzadə çox beykefdi. Bundan səbəbini xəbər alır.
Şahzadə isə əhvalatı buna söyliyir. Oğlan gülüb deyir:

– Elə bundan ötürün beykef olmusan? Bu ki asand işdir, yəqin bir vəqtdə o qızı sənə alaram, – deyib onı sakit etdi.

Ertəsi gün oğlan gedib elçi daşının üstündə oturdu. Padişaha xəbər getdi ki, elçi gəlib. Həmən saat adam göndərdilər ki, gedin görün sözü nədür. Oğlan cavab verir:

– Padişahın qızını qardaşım üçün istiyirəm.

Padişah xəbər göndərir ki, hər kim mənim imarətim kimin bir imarət tikdirsə, qızımı ona verərəm. Oğlan qəbul eliyir. Ertəsi gün xəlq yuxudan oyananda baxub görirlər ki, padişahın evinin qabağında bir ev tikilip ki, padişahın evindən min dəfə gözəldür. Oğlan padişaha xəbər göndərir ki, ev hazırdı. Padişahın artıq diyəcək sözü olmayub qızı verir. Toy olur. Şahzadə qızın yanına getmək istiyəndə oğlan deyir:

– Qardaş, hələ dayan, qoy qabaxcan mən gedim gəlim, sora sən get.
Şahzadə qəbul eliyir. Oğlan qızın yanına gedüb bunun ağzından üfürür. Həmən saat qızın ağzından bir-birinin dalıncan on bir ilan çıxır. Hər birisi çıxdıqca istiyir ki, oğlanı vırsın, əmma oğlan zirəhlik edib bir-bir on birin də öldürür. Sora qulağını qızın ağzına qoyub gördü ki, bir ilan da qalıb. Xülasə, qayıdıb oğlanı qızın yanına göndərir. Demə ki, bunnan qabaxca qızı kimə verirlərmiş, əvvəlinci gecədə ilanın biri çıxıb oğlanı vurub öldürürmüş. Odu ki, padişah yəqin edirdi ki, bu oğlan da sabaha səlamət çıxmıyacaqdı.

Ertəsi gün sübh tezdən padişah bir adam göndərir ki, oğlannan bir xəbər gətirsin. Gəlib görirlər ki, salamat oturub qız ilə söhbət edir. Bu xəbəri padişaha aparanda padişah əmr edir ki, camahat üç gün şadyanlıq etsinlər.

Bir müddət burda qaldıqdan sora şahzadə öz vilayətlərinə qayıtmaq fikrinə düşür. Padişahdan rüsxət istiyir. Çox təkiddən sora padişahdan izn alır. Padişah bunlara çoxlı mal, qızıl-gümüş, dövlət verib yola salır, əmr edir ki, üç mənzil buları ötürsünlər.

Müxtəsər şahzadə oğlannan əvvəl görüşdükləri yerə gəlirlər. Burada oğlan şahzadəyə deyir:

– Qardaş, artıq ayrılmalıyıq, bu mal-dövləti də, qızı da bahəm qardaşlıqda gərək yarı bölək.

Şahzadə razı olur hər şeyi bölürlər. Ancaq bölünməmiş bir dəvə, bir qatır, bir də padişahın qızı qalır. Oğlan deyir ki, buları yarı bölməliyik. Qılıncın çəküb əvvəl dəvəni, sora qatırı ortadan yarı bölüb, nobat qıza gəldikdə şahzadə nə qədər yalvarırsa, qızı yarı bölməsin, oğlan razı olmur. Axırda şahzadə təklif edir ki, cəmi dövlət onın olsun, ancaq qız bunun olsun. Oğlan gənə razı olmayır.
Sora şahzadə təklif edir ki, qızı bütöv götürsün. Gənə də oğlan razı olmur, qızı gətürüb bir ağaca səriyir. Qılıncı çəküb qaldırır və istiyir ki, qızın başın üzsün. Qız qorxusunnan qusur, ağzınnan axırmıncı ilan düşür. Bunnan sora oğlan qılıncı yerə qoyub şahzadəyə deyir:

– Mənə mal-dövlət, qız lazım deyil. Məqsədim həmən ilanı qızın ağzınnan çıxarmağ idi. Bu çığmasaydı bir gün çıxıb səni həlak edəcəydi.
İndi bu malı, dövləti qızı götürüb atovın yanına get, bir də məlumun olsun ki, mən insan deyiləm. Mən həmən ilanam ki, aton yaxşılıq edüb başmaq tayında su vermişdi. İndi mən yaxşılıq borcından çıxdım. Artıq xudahafiz.
Bunu deyib oğlan bir ilan olur, bir deşiyə girib gözdən itir. Bunnan sora şahzadə atasının vilayətinə dəlir. Atası oğlunun gəlmək xəbərini eşidüb pişvaza çıxıb cah-cəlal ilə şəhərə gətirir. Bulara təzədən toy eliyir. Onlar yeyib-içib yerə keçib, biz də yeyəy-içək, dövrə keçək.

Göydən üç alma düşdü, biri mənim, biri nağıl diyənin, biri də dinliyənin».

Nağılda diqqət çəkən daha bir maraqlı məqam da var. Padşah ilana suyu nədənsə qabda deyil, ayaqqabısında verir. Bu da hansısa qədim inancla bağlı olmalıdır. Görünür, qədim babalarımızın ayaqqabı (uzunboğaz çəkmə) şəklində su qabları, yəni badələr düzəltməsi də, həmin badələri «ayaq» adlandırması da həmin əski inancla bağlı olub.

9

10

11

12

13

14

15

16

Onu da qeyd etmək lazımdır ki, qoşa ilan arasında təsvir edilən ilahə motivini iskitlər (saklar) özləri ilə Hindistana da aparmışlar və beləcə bu motiv hind ikonoqrafiyasına da daxil olmuşdur.

17

18

İkinci təsvirdə ilahənin yanında ilanlarla yanaşı qaz təsvirinin də olması diqqətçəkicidir.

Fikrimizcə, Azərbaycan xalq rəqslərində qadınların əllərini ilan başını xatırladan formada tutması və qollarının ilanın yırğalanmasını xatırladan şəkildə yırğalaması da təsadüf deyil və haqqında söhbət açdığımız ilan totemi ilə bağlıdır.

19

20

21

Advertisements
Bu yazı Çeşitli, Etnoqrafiya, Mifologiya, Tarix, Türkçülük kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma