Quzey bölgələrimizə 4 günlük səyahət və bəzi önəmli elmi nəticələr (XV məqalə)

Mərkəzdə nümayiş etdirilən və IX-X əsrlərə aid edilən boşqablar və onlar üzərindəki bəzək və təsvirlər də çox maraqlıdır. Onlarda, sanki, bir qıpçaql ruhu. Məncə, bu qablar xəzərlərə aiddır. Yəni Xəzər incəsənətinin və tətbiqi-sənətinin dövrümüzədək yetişmiş nümunələridir.

DSC05073

Azərbaycan türklərinin etnogenezində yaxından iştirak etmiş türk boylarından biri də xəzərlər olub. Erməni tarixçisi Moisey Xorenatsi Azərbaycan ərazisində xəzərlərin adını III əsrdə, gürcü tarixçisi Leonti Mrovelli isə eradan əvvəl VII əsrdə baş vermiş hadisələrlə əlaqədar çəkmişdir. Xəzərlərin adı bugünədək Lerik rayonu ərazisindəki Xəzəryaylaq, Ordubad rayonu ərazisindəki Xəzəryurd, Hadrut və Füzuli rayonları ərazilərindəki Xəzərdağ toponimlərində və ən nəhayət, Xəzər dənizinin adında yaşamaqdadır.

Xəzər dövləti  güclü olduğu dönəmlərdə onun hüdudları batıda Azov dənizi, Krım və Dnepr çayı, quzeydə Kiyev və  Kazan şəhərləri, doğuda Volqa çayının doğu sahilləri, güneydə Dağıstan və Qafqaz dağlarına qədər uzanırdı. Uzun müddət Azərbaycan da Xəzər dövlətinin tərkibində olmuş, hətta onun siyasi, iqtisadi və mədəni mərkəzi rolunda çıxış etmişdir. Xəzərlərin hərbi potensialı o qədər güclü və qüvvətli idi ki, onlar bilavasitə tabeliklərində olmayan xalqlardan da bac alırdılar. Hətta Bizans və Sasanilər kimi imperiyalar da Xəzər Xaqanlığına vaxtaşırı xərac vermişlər. Təsadüfi deyil ki, Xəzər tarixini tədqiq edən S. S. Boquş hələ keçən əsrin əvvəllərində yazmışdır:  “Xəzərlərin hökmranlığı bir neçə əsr Kaspi və Qara Dənizdən Baltik dənizinə qədər duyulmuşdur”.

Akademik B. Dorn Təbərinin verdiyi məlumatlara istinadən yazır: “İslamdan  öncə  Xəzər Dərbəndi  ifadəsi  Azərbaycanın güneyində Rey ilə İrak arasındakı şəhəri bildirir”.

DSC05075

Kaşğarlı Mahmudun xəritəsindən belə görünür ki, Xəzər Dərbəndi bütün Güney və Quzey Qafqazı əhatə etmişdir. Xəzər xaqanı İosifin məktubundan belə anlaşılır ki, Ərdəbil də, yəni Güney Azərbaycanda bir müddət bu dövlətin tərkibində olub. Bu məlumat xəzərlərlə Ərdəbil ətrafında döyüşdüklərini bildirən erkən ərəb mənbələri tərəfindən də təsdiqlənir.

Təbəriyə görə, xəzərlərlə vuruşan Xosrov Ənuşirəvan onlardan 10 minini Azərbaycanda yerləşdirdi. VI əsrin ikinci yarısındakı olaylardan bəhs edən əl-Bəlazuri Ənuşirəvanın (531579) vaxtında xəzər axınının Dinəvərə qədər uzandığını, Cürzan və Arranın (Albaniyanın) bu dönəmdə xəzərlərin əlində olduğunu söyləyərək, bu şahın xəzərlərlə qohumluq əlaqəsi qurduğunu  bildirməkdədir.

DSC05076

VII əsrin ortalarında ilk dəfə Xilafət orduları ilə qarşılaşan xəzərlərin xeyli hissəsi əvvəl Kürdən yuxarı, sonralar isə Dərbənddən quzeyə çəkilməli olmuşdu. Lakin İslam dövründə də onların Azərbaycanda yaşamaqda davam etdikləri məlumdur. Ərəb-xəzər qarşıdurması başlayanda Arazdan yuxarı bir sıra bölgələr və Gürcüstanın böyük bir hissəsi xəzərlərə tabe idi. Əl-Bəlazuri qeyd edir ki, Böyük Boğa vaxtında Şamxor şəhəri yenidən quruldu və buraya xəzər əhalisi yerləşdi.  Qəbələni Xəzər adlandıran həmin tarixçinin sözlərinə görə, Mirvan  737 – ci ildə 40 min xəzəri SamurŞabran arasında yerləşdirmişdi. Yeri gəlmişkən, mənbələrdən Xəzər dövlətinin paytaxtının Xanbalıq adlandığı məlumdur. Mütəxəssislər bu şəhərin yerini indiyə qədər müəyyənləşdirə bilməmişlər. Fikrimizcə, Qəbələnin adının antik müəlliflərin əsərlərində “Kabalaka” (“Xanbalıq” adının təhrif olunmuş forması) söhbətin məhz Qəbələ şəhərindən getməli olduğunu sübut edir.

DSC05079

DSC05081

Bəzi türk boylarının xəzərləri sabir adlandırması (əl-Məsudi) faktını da nəzərə aldıqda və o dönəmdə AranŞirvan bölgəsində 100 min sabir ailəsinin, yəni orta hesabla, təqribən 500 min xəzərin yaşadığını göz önündə tutduqda, bugünkü Azərbaycan türklərinin formalaşmasında xəzər faktorunun önəmin daha aydın diqqətə çatır. Təsadüfi deyil ki, dilçi alim Elbrus Əzizov müasir Azərbaycan dilinin bəzi dialektlərinin yaranmasını bilavasitə xəzərlərlə bağlamaqdadır.

Xəzər tarixinin daha qədim laylarına endikcə, onların Azərbaycanla bağlılığı daha çox hiss edilir. Xəzərlərin məhz Azərbaycandan şimala doğru yayıldığını arxeoloji dəlilər də birmənalı şəkildə təsdiqləyir. Belə ki, arxeoloqların Dağıstan ərazisində apardıqları tədqiqatlar göstərir ki, əvvəllər burada olmayan yeni tipli maddi mədəniyət növü miladdan öncəki minillikdə, əsasən də e.ə. VII – IV əsrlərə aid bəzi silah növləri, lüləli su dolçası, atçılıqla bağlı nəsnələr Cənubi Qafqazdan gətirilmişdir. Xəzər arxeoloji mədəniyyətinin tədqiqatçısı S. A. Pletneva yazır ki, Aktaş çayının qolu Yarıksu kənarında salınmış Azarqala (Xəzərqala) m.ö II – m.s IX əsrlər boyu fasiləsiz mədəniyət qatları ilə seçilir.

DSC05082

DSC05083

DSC05084

Ərəblərin  Azərbaycana ayaq açdığı ilk çağlarda  “Araz  qırağındakı  Beyləqanda  bir kəndlinin  xəzər dilində səlis danışması”  (əl-Kufi)  faktı  xəzərlərin  danışdığı  dilin  o  dövrdə  xalq  arasında geniş  yayıldığını  göstərir.  “Kartli tarixi”ndə  həmin dövrdə Tiflisdə danışılan dillər sırasında xəzərlərin dili (xazaruli) xüsusi qeyd edilir. Bütün bu deyilənlərə Təbərinin “Azərbaycan və tabeliyindəki bölgələr xəzər məmləkətidir” sözlərini də əlavə etmək lazımdır.

Maraqlıdır ki, yəhudi dinini qəbul etmiş Xəzər xaqanı İosif Bizans imperatoruna yazdığı məşhur məktubunda xəzərlərin Nuh oğlu Yafəsin övladlarından olan Toqarmanın (Türkün) 10 oğlundan birinin – Xəzərin nəslindən olduqlarını qeyd etməkdə, Toqarmanın oğullarının adlarını belə sıralamaqdadır: Uyğur, Turis, Oğuz, Bizal, Tırna, Xəzər, Yanur, Bulqar, Savir.

DSC05088

Musa Kağankatlı isə “Albaniya  tarixi” kitabının “Yafəs və Arandan başlayaraq lll Vaçaqana qədər Albaniyada hakim olan hökmdarların siyahısı” adlı Vlll fəslində Yafəsdən başlayan və övladları tərəfindən davam etdirilən yerli xaqan sülaləsinin nümayəndələrini sadalayarkən 4-cü sırada Toqarmanın da adıını çəkir: “Yafəs, Qomer, Tiras, Toqarma …”

DSC05089

Xəzərlərə xüsusi kitab həsr etmiş rus alimləri Artomonov və Pletneva, eləcə də əsərlərində xəzərlərə geniş yer ayırmış Lev Qumilyov ərəb mənbələrinə istinadən xəzərlərin ağ xəzərlər və qara xəzərlər deyə iki əsas yerə bölündüyünü qeyd etmişlər. Maraqlıdır ki, həm erməni tarixçisi Moisey Xorenatsi, həm də alban tarixçisi Musa Kağankatlı alban ədəbi dilinin əsasında duran qarqar-qpçaq dilinin ağ xəzərlərin dilinə bənzədiyini bildirməkdədirlr.

Tanınmış dilçi alim Firidun Ağasıoğlunun yazdğına görə, ermənilər həm Xorenatsinin tarixini, həm də “Alban tarixi” kitabını rus dilinə çevirərkən bilərəkdən bir necə ciddi təhrifə yol vermişlər. Onlardan biri üzərində xüsusi durmağımıza ehtiyac var. Hər iki kitabda sözbəsöz təkrarlanan mətnin orijinalı belədir:

“Steğis nşanqirs kokordaxos akxazur xjakan xetsbekazunin aynorik qarqartsvots lezun”

Hərfi tərcüməsi:

Steğts – yaratdı, düzəltdi

nşanqirs – hərfləri

kokordaxos – boğazda danışan

akxazur – ağ xəzər

xjakan – yabanı

xetsbekazunin – pozuq

aynorik – bənzər

qarqartsiots – qarqarların

lezuin – dili

Erməni saxtakarlığını ifşa edən Firudin Ağasıoğlu cümləni belə tərcümə etmişdir:

“Yabanı, pozuq ağ xəzər əlifbasını boğazda danışan qarqarların dilinə uyğunlaşdırdı”.

Alim belə fikrə gəlir ki, Mesrop Maştots qarqarlar üçün xəzər əlifbası əsasında əlifba yaratmışdır. Fikrimizcə,, onun bu tərcüməsi ilə razılaşmaq mümkün deyil və deyilənləri belə şərh etmək lazımdır:

“(Mesrop) Ağ Xəzərlərin boğaz səsləri ilə zəngin, yabanı və pozuq dilinə bənzər qarqar dili üçün həflər yaratdı”.

Burada bizim üçün önəmli olan tarixçinin qarqar dilinin ağ xəzər dilinə bənzər olduğunu bildirməsidir. Araşdırmalarımız göstərir ki,  alban (qarqar-qıpçaq) dili xəzər türkcəsinin yerli şivəsindən başqa bir şey deyilmiş. Belə söyləməyə bizə dövrümüzədək ulaşmış, arami əlifbası ilə qələmə alınmış X əsrə aid bir xəzərdilli dualar kitabının, daha doğrusu ona daxil olan dini mətnlərin dilinin çoxsaylı alban (qarqar-qıpçaq) mətnlərinin, xüsusən də Qriqori Hamamanın lX əsrdə tərtib etdiyi “Alban dilinin qrammatikası” kitabının dili ilə müqayisəsi əsas verir. Sözügedən mətnlərin müqayisəsi eyni dilin fərqli şivələri olan xəzər və alban dillərinin bir-birindən bəzi sözlərdəki cüzi fonetik fərqlər (məsələn, xəz. “qoltqa” – alb. “xoltxa”) və fərqli dinlərə məxsus fərqli teminlər ayırır. Yəni söhbət monofizit – xristian albanların dilində rastlanan xristianlığa aid suryani, orta fars (tat) və yunan mənşəli terminlərlə (vardapet, Krisdos və s.) musəvi xəzərlərin dilində işlənmiş yəhudiliyə xas ibrani mənşəli terminlərdən (Adonay, çevaot və s.) gedir. Bu sırada Xll-Xlll əsrlərə aid albandilli mətnlərdə rastlanan, daha qədim alban mətnlərində, eləcə də xəzər mətnində qətiyyən işlənməyən yeni fars dilindən alınma “u” (və) bağlayıcısını da göstərmək olar.

DSC05090

DSC05093

Xəzərlərin yazısından söhbət açan Fəxrəddin Mübarək şah xəzərlərin yəhudu dinini qəbul etmiş hissəsinin 22 hərfli əlifbadan istifadə etdiklərini, bu hərflərin yazıda bir-birinə bitişmədiklərini vurğulamaqdadır. Bu halda söhbətin elm aləmində “arami əlifbası” kimi tanınmaqda olan əlifbadan getdiyi heç bir şübhə oyatmır. Sevimli oxuculara təqdim edilən “Dualar kitabı” da dövrümüzədək məhz bu əlifba ilə gəlib çatmışdır. Məlumat üçün bildirək ki, musəvi xəzərlərin birbaşa varisləri olan karaylar (karaimlər) XX əsrin ortalarına qədər məhz bu əlifba ilə yazmış və oxumuş və sözügedən əski mətnlər də məhz onların sayəsində dövrümüzədək ulaşa bilmişdir. Elə bu səbəbdən də xəzərlərə aid X əsr ədəbi dil nümunəsi olan “Dualar kitabı” elm aləmində “Karay dualar kitabı” kimi tanınmaqdadır. Dövrümüzədək müxtəlif yarımçıq və natamam nüsxələr halında gəlib çıxmış kitabın tam mətni 2002 – ci ildə karay türklərinin qazzanı (musəvi din adamı) tərəfindən bərpa edilmiş, sonradan görkəmli türkoloq alim, filologiya elmləri doktoru A. N. Qarkavets tərəfindən ilk dəfə nəşr etdirilərək elmi ictimaiyyətə təqdim edilmişdir.

DSC05094

“Dualar kitabı”nda Tanrının adı Adonay kimi çəkilməkdədir ki, bu da xüsusi maraq doğurur. Məlumat üçün bildirək ki, ayrı-ayrı yəhudi təriqət və icmaları tərəfindən istifadə edilən Əhdi – Ətiq nüsxəlrində Tanrı fərqli adlar daşımaqdadır. Bu sırada Yəhva, Elohim, Adonay və s. adları çəkmək lazımdır. Mütəxəssislərin bir qismi “Adonay” adını qədim yunanların şərab və məhsuldarlıq tanrısı Dionisin adı ilə bağlayırlar. Digərlərinin fikrincə isə bu ad qədim ivrit (yəhudi) dilindədir və “Adon” (Rəbb) və “ay” (mənim) sözlərinin birləşməsindən yaranmışdır və “Rəbbim” anlamına gəlir.

Advertisements
Bu yazı Çeşitli, Etnoqrafiya, Folklor, Mifologiya, Qafqaz Albaniyası, Tarix, Türkçülük kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma