Quzey bölgələrimizə 4 günlük səyahət və bəzi önəmli elmi nəticələr (XXIV məqalə)

Qaxda, muzeydə gördüyümüz bir tunc fiqur da çox maraqlıdır. Seyirçilərə maral fiquru kimi təqdim edilən fiqurun maral olmadığı o dəqiqə görünür və o, dovşana daha çox oxşayır. Amma dovşan da deyil, çünki, boynu çox uzundur və atın boynu kimi irəliyə doğru əyilir. Yəni başındakı buynuzu xatırladan iki element olmasaydı, atı daha çox xatırladardı.

1

Fikrimizcə, bu, türk mifologiyasında, o cümlədən «Oğuznamə»də «Kiat» adlandırılan buynuzlu atdır. Maraqlıdır ki, qədim türklərdə atı buynuzlarla bəzəmək adəti olmuşdur. Məsələn, aşağıdakı qab və onların üzərindəki buynuzlu at (kiat) rəsmləri Manna-Misiya incəsənətinə aid edilir. Onların hansı inancdan qaynaqlandığını, daha doğrusu mifoloji anlamını tam müəyyən edə bilməsək də sözügedən inancın Azərbaycanda və Türk Dünyasında bir zamanlar çox geniş yayıldığını söyləyə bilərik. Maraqlıdır ki, «Oğuznamə»nin uyğur versiyasında onun rəsmi çızılmış və aldında «Kiatın anqağusu budur» yazılmışdır.

2

3

Aşağıdakılar isə Altaydan, Pazırıq kurqanından tapılan buynuz formalı at bəzəkləridir.

4

 

5

6

Yeri gəlmişkən qeyd edək ki, Pazırıkda da ölülər mumiyalanardı və istər onlardan, istərsə də Çin mumiyalarından alınan DNK analizləri sözügedən mədəniyyətin daşıyıcılarının geninin iskit kurqanlarındakı qədim türk skletlərinin sahiblərinin geni kimi R1a olmuşdur. Atı ilk dəfə əhəliləşdirən, təkər və arabanı kəşf edən, digər xalqları mis, tunc və dəmirlə, yəni metallurgiya sənəti ilə, eləcə də dulus çarxı tanış edən, onlara şalvar geyməyi, ox və yaydan istifadə etməyi öyrədən bu genin daşıyıcıları olmuşlar. Onlar antropoloji cəhətdən avropoid irqin kaspi-oğuz irqinə aid idilər və eynən Qaxın Sarıbaşlar kəndinin əhalisi kimi sarı saçlı idilər. İçlərində kürən olanları da var idi.

7

8

9

10

Sacayağı da Altaya və Çinə onlar aparmışdılar.

11

Doğrudur, Quzey bölgələrimizə 4 günlük səyahət zamanı ziyarət etdiyimiz muzeylərin heç birində tunc sacayaqlara rast gəlmədik. Rast gəldiklərimizin hamısı istisnasız olaraq gil sacayaqlar idi. Lakin Güney Azərbaycandan, eləcə də İranın Azərbaycanla qonşu vilayətlərindən Tunc dövrünə aid çox sayda və yüksək ustalıqla hazırlanmış tunc sacayaqlar tapılmışdır ki, onlar Qazaxıstandan tapılan və sonrakı dövrlərə aid olan sacayaqlarla, demək olar ki, eynidir. Məsələn, aşağıdakı metal sacayaq İran ərazisindən tapılıb…

12

Ondan aşağıdakı isə Alma-Ata yaxınlığından aşkarlanıb…

13

Qax muzeyində nümayiş etdirilən və xalqımızın əski dünyagörüşünü əks etdirən eksponatlar içərisində şamanlara aid zınqrovlu sinəbənd və zınqırovlu toqqa fraqmenti çox böyük maraq çəkməkdədir.

14

15

16

Bu tapıntılar e.ə. I minilliyə aiddir və şamanizimin ölkəmizdəki dərin köklərindən xəbər verməkdədir.

Bu gün ölkəmizdə bir çoxlarında belə bir yanlış təsəvvür var ki, guya ulu babalarımız atəşpərəst olmuşlar. Zərdüştü azərbaycanlı sayanlar və hətta onun dininin guya qədim türk dini olduğunu iddia edənlər də var. Halbuki, atanın öz doğma qızı, ananın öz doğma oğlu, qardaşın öz doğma bacısı ilə evlənməsini təşviq edən və türklərə nifrət hissi aşılayan bu dinin nə türklərlə, nə də Azərbaycanla heç bir əlaqəsi yoxdur. Bunu iddia etmək həm uca türk millətinə, həm də doğma Azərbaycanımıza ən böyük iftira və təhqirdir.

Musa Kağankatlının yazdığına görə, fars – Sasani şahı Yəzdəgirdin  Albaniya və Ərməniyyədə zorla atəşpərəstliyi yaymağa çalışması bu ölkələrin əhalisi tərəfindən böyük təpgi ilə qarşılanmış və farslar niyyətlərinə çata bilməmişdilər. Eyni müəllifin yazdıqlarından belə məlum olur ki, massagetlər günəşə sitayiş edir, ona at qurbanı kəsirdilər. Antik müəlliflər isə albanların xristianlıqdan öncə göy cisimlərinə sitayiş etdiklərini qeyd etmişlər. Saklara gəlincə isə, Daranın Bisitun kitabəsindən bu türk xalqının zərdüştülərin baş tanrısı Ahura Məzdaya hörmət etmədikləri, yəni atəşpərəst olmadıqları açıq şəkildə bildirilməkdədir:

“Saklar qəsbkar idilər, Ahura Məzdaya hörmət etmirdilər. Mənsə Ahura Məzdaya hörmət edirdim və Ahura Məzdanın yardımı ilə onlarla istədiyim kimi davrandım.”

Eyni kitabədə yazılanlardan o da məlum olur ki, Midiyada fars hakimiyyətinə qarşı üsyan qaldıran Qam Ata atəşpərəst məbədlərini dağıtmaqla məşğul idi. Bir sözlə, Azərbaycanın qədim türk mənşəli sakinlərinin, maqlar (miklər, muğlar) istisna olmaqla,  zərdüşti, yəni atəşpərəst olduqlarını təsdiq edəcək bircə dənə də mənbə yoxdur. Əksinə, əldə olan bütün yazılı mənbələr ulu babalarımızın farsların yalançı peyğəmbərinə və şeytani dininə qarşı şiddətlə müxalifət etdiklərini sübut edir.

Bəzi folklorşünas alimlər nağıllarımızda rast gəlinən və “Avesta” süjetləri ilə səsləşən bəzi motivlərdə, ilk növbədə də div surətlərində zərdüştiliyin təsirini görürlər və onlar qismən haqlıdırlar. Fəqət bu təsir bəzilərinin düşündüyü kimi birbaşa “Avesta” ilə bağlı deyildır. Ümumiyyətlə, istər Azərbaycan folklorunda istərsə də bədii yaradıcılığında sezilən və zərdüştiliklə səsləşən motiv və süjetlərin “Avesta” və zərdüştiliklə birbaşa bağlılığı yoxdur. Bütün bu motiv və süjetlər Azərbaycan ədəbiyyatında fars şairi Əbülqasim Firdovsinin “Şahnamə”sinin təsiri ilə ortaya çıxmışdır.

Təsadüfi deyil ki, nə şifahi, nə də yazılı ədəbiyyatımızda “Avesta terminologiyasına daxil olan bircə dənə də olsun söz və ifadəyə rast gəlinməmişdir. Ədəbiyyatımızda rast gəlinən və zərdüştiliklə bu və ya digər dərəcədə bağlı olan məfhumların hamısı yeni fars dilinin, başqa sözlə, “Şahnamə”nin qələmə alındığı dilin nümunələridir:

——————————————————————————————–

             “Avesta”da                                               “Şahnamə”də

——————————————————————————————–

  1. Ahura Məzda Hörmüzd

——————————————————————————————–

  1. Anqra Manyu Əhrimən

——————————————————————————————–

3           Dayva                                                         Div

——————————————————————————————–

4           Qayomarta                                                 Kəyumərs

——————————————————————————————–

  1. Yima Cəmşid

——————————————————————————————–

  1. Zaratuştra Zərdüşt

——————————————————————————————–

7            Aryana                                                        İran

——————————————————————————————–

8            Turyana                                                      Turan

——————————————————————————————–

9             Franqasyan                                                Əfrasiyab

——————————————————————————————–

10            Xuvaşxatra                                                Keyxosrov

——————————————————————————————–

“Avesta”nın dili ilə yeni fars dili arasında göylə yer qədər fərq var və bu dillərdə eyni məfhumları ifadə edən söz və adlar da bir-birindən çox fərqlənir. Belə ki, “Avesta”da xeyir tanrısının adı Ahura Məzda, şər tanrısının adı isə Anqra Manyu ikən, “Şahnamə”də onlar müqabil olaraq Hörmüzd və Əhriməndir. Azərbaycan ədəbiyyatında Hörmüzd və Əhrimən adlarına sıx-sıx rast gəlindiyi halda, nə Ahura Məzda, nə də Anqra Manyu adlarına bircə dəfə də rast gəlinməmişdir. Eləcə də “div” sözü nağıllarımızda çox işlənir, fəqət “dayva” kəlməsinə yaxın bircə kəlmə belə yoxdur. “Şahnamə”dən hər kəsə bəlli olan Kəyumərs, Cəmşid, Zərdüşt, Əfrasiyab, Keyxosrov kimi adlarla həm folklorumuzda, həm də yazılı ədəbiyyatımızda üzləşə bilirik, halbuki, onların “Avesta”dakı ilkin variantları – Qayomarta, Yima, Zaratuştra, Tranqrasyan və Xuvaşxatra kimi adlar yalnız və yalnız dar mütəxəssilər dairəsinə məlumdur. Eləcə də ədəbiyyatımızda “Avesta”dakı Aryana və Turyana ölkə adlarna heç rast gəlinmir. “Şahnamədəki İran və Turan adları isə hər bir Azərbaycan türkünə məlumdur.

Təkcə bu fakt “Avesta”nın Azərbaycan türklərinə heç bir aidiyyatı olmadığını, əcdadlarımızın ədəbi yaradıcılığına zərrə qədər də təsir etmədiyini sübut edir. Odur ki, ədəbiyyatımızda izlərinə rast gəlinən zərdüştilik motiv və süjetləri islamdan sonrakı təsirlər kateqoriyasına daxil edilməli və yeni fars   ədəbiyyatının   təsiri kimi gözdən keçirilməlidir. Təbii ki, “Məlikməmməd nağılı”ndakı və digər nağıllarımızdakı div surətləri də islamdan sonrakı dövrün əlavələridir.

Nizami Cəfərov haqlı olraq deyir:

“Hər şeydən əvvəl qeyd edək ki, Azərbaycan ədəbiyyatı qədim türk ədəbiyyatının diferensiyasının nəticəsidir. Bu isə o deməkdir ki, qədim türk ədəbiyyatında ehtiva olunmayan onun etnokültüroloji hüdudlarından kənara çıxan  hər hansı ədəbi  abidə Azərbaycan ədəbiyyatının hadisəsi sayıla bilməz. Azərbaycan ədəbi-ictimai təfəkkür tarixinin sonrakı dövrlərində “Avesta” ideyalarının müəyyən dərəcədə ehtiva olunması bu abidənin İran mədəniyyətinin faktı olmasını inkar etmir.”

Dilçi alim Firidun Ağasıoğlunun da fikrincə, “Avesta”nın və Zərdüştün nə Azərbaycana, nə də türklərə heç bir dəxli yoxdur. Bu, fars, İran abidəsidir. Bunu belə bilmək, belə də qəbul etmək lazımdır. Məhərrəm Qasımlı da eyni fikirdədir.

Bu gün Azərbaycanda tədqiqatçılar arasında hər bir qədim sənət abidəsində zərdüştiliyin izlərini axtarmaq və görmək meyli çox güclüdür. Suraxanıdakı atəşgədəni də zərdüştiliyin, yəni atəşpərəstliyin abidələrindən biri kimi görən və buna inanalar heç də az deyil. Halbuki. bu abidənin hind dilində yazılmış kitabəsindən açıq-aydın görünür ki, bu abidə bir-neçə əsr öncə hindli zəvvarlar tərəfindən tikilmiş Şiva məbədidir. Bu məbədin hindlilərin müharibə və intiqam tanrısı Şiva məbədi olmasını onun üzərindəki üçdişli də sübut edir. Məsələ burasındadır ki, üçdişli Şivanın simvollarından biridir. Bir sözlə, Suraxanıdakı abidənin nə atəşpərəstliklə, nə də zərdüştiliklə heç bir əlaqəsi yoxdur.

Belə iddia edilirdi ki, guya sözügedən məbəd əski zərdüşti məbədinin bünövrəsi üzərində ucaldılmışdır. Fəqət 2010 – cu ildə aparılan arxeoloji qazıntılar həmin tikilinin tarixinin XVlll srdən qədimə getmədiyini, söylənilən iddiaların da puç olduğunu göstərdi.

Bir çoxları Ibn Xordabehin “Kitab əl – məsalik vəl məmalik” adlı kitabnda atəşpərəstlərin əsas məbədinin – Azərguşnəsbin Azərbaycandakı Şiz şəhərində yerləşdiyi barədəki məlumatı əldə əsas tutaraq, Azərbaycan əhalisinin atəşpərəst olduğunu iddia edirlər. Bu məbədin Sasanilər, yəni fars hakimiyyəti  dövründə Azərbaycanda tikilmiş olması Azərbaycan türklərinin zərdüşti olması anlamına gəlməz, necəki bu gün Azəbaycanda çox sayda kilsə və sinaqoqun olması Azərbaycan türklrinin  xristian və yəhudi olduqlarına dəlalət etmir. Ölkəmizdə o dövrdə irandilli azlıqlar, o cümlədən farslar da yaşayırdılar və sözügedən mənbədə ibadət üçün türklərin deyil, məhz fars şahlarının, özü də Mədaindən piyada gəldiklri bildirilməkdədir.

Eləcə də kökü ən azı 5 min il öncəyə qədər uzanan və hələ qədim şumerlər tərəfindən qeyd edilən Novruz bayramını da zərdüştiliklə bağlamağa çalışanlar var. Bəzi tədqiqatçıların fikrincə, novruz bayramı zamanı tonqal üzərindən atlanılması  zərdüştiliklə bağlıdır. Lakin bu fikir kökündən yanlışdır. Cünki mərasim zamanı tonqal üzərindən atlananlar “Ağırlığım, uğurluğum odda yansın!” – deyirlər ki, zərdüştiliyə görə oda belə demək günahdır. Çünki bu dinin kanonlarına görə atəş müqəddəsdir, ona hətta insan nəfəsi belə toxunmamalıdır, insan öz nəfəsi ilə müqəddəs odu murdarlaya bilər. Od üstündən hoppananların isə belə demələri odun təmizləyici qüvvəyə sahib olması barədə əski türk inancı ilə bağlıdır.

  Məsələn, Türk xaqanının yanına göndərilən Bizans heyətinin başçısı olmuş Menandrın yazdığına görə, onları xaqanın yanına aparmamışdan öncə odla təmizləmə mərasimindən keçməyə, yəni iki od arasından keçməyə məcbur etmişdilər. Təbii ki, oda bu münasibət zərdüştilərin münasibətindən köklü surətdə fərqlənir. Vll əsrin yunan müəllifi Feofilat Simokattanın yazdıqları da çox maraqlıdır.

“Türklər hər şeydən çox oda ehtiram edirlər, hava və suya da ehtiramları böyükdür, torpağa həsr edilmiş himnlər oxuyurlar. Sitayişi isə “Tək Tenqri” adlan-dırdıqları yeri və göyü yaradana edirlər. Ona at, qoc və öküz qurban verirlər.”

Maraqlıdır ki, Zərdüştün öz “Avesta”sında verdiyi məlumatdan Alp Ər Tonqanın (Franqrasyanın) da Tək Tenqriyə sitayiş etdiyi, ona at, qoç və öküz qurban verdiyi məlum olur. Fəqət Zərdüşt türklərə nifrət edən bir fars milliyətçisi idi və bu üzdən də türklərin Tenqrisini iblis, yəni Əhrimən kimi qələmə vermişdir.

Məlumat üçün bildirək ki, “Avestada” iblis, şeytan, şər qüvvələrin başçısı kimi təqdim edilən Əhrimən bu varlığın yeni fars dilindəki (Firdovsi “Şahnamə”sindəki) adıdır. Zərdüştilərin müqəddəs kitabında, yəni Avestada bu qüvvənin adı Anqra Manyudur. “Anqra Manyu” adı isə türk Tenqrisinin farsca bir qədər təhrif edilmiş adıdır.

Qədim türklər sitayiş etdikləri tək Tanrıya çox vaxt “Tenqri Menqu” da deyirdilər. “Menqu” qədim türk dilində əbədi deməkdir. Odur ki, bu halda söhbət əbədi olan Tanrıdan gedir. Bəzi türk ləhcə və şivələrində, o cümlədən yakut türkcəsində “Tenqri Menqu” ifadəsi “Tanqra Menqu” kimi səslənməkdədir.

——————————————————————————————–

      Qədim türkcə                           Yakut türkcəsində             Avestada

——————————————————————————————–

      Tenqri Menqu                           Tanqra Menqu                  Anqra Manyu

——————————————————————————————–

Zərdüştün verdiyi məlumatdan o da aydın olur ki, turanlılar, o cümlədən Alp Ər Tonqa, onun atası Pəşəng (“Avesta”da Besak) həm də Anahidə at, qoç və öküz qurbanı verirdilər. Anahid isə türk mifologiyasından fars mifologiyasına keçən Umayın (Umay Ene, Umay Ana, Umay Nənə, şumerlrdə İnini) farslaşdırılmış adıdır. Deməli, Alp Ər Tonqa, elcə də işquzlar, yəni iç oğuzlar Tenqri ilə birlikdə Umayı da əziz tutmuşlar. Maraqlıdır ki, Orxon – Yenisey abidələrində Umay Tenqri il birlikdə yad edilir. Məsələn, Tonyukuk abidəsinin qərb tərəfində, 38-ci sətirdə belə deyilir:

“Tenqri, Umay, ıduk Yer-Sub basa berti erinc.”

Tarixi mənbələrdən belə aydın olur ki, tək Tanrıya inam, başqa sözlə, Tenqriçilik türklərin əsas dini olmuşdur. Professor Osman Turan özünün türk cahan hakimiyyəti məfkurəsi tarixi” adlı 2 cildlik kitabının l cildinin 48- ci səhifəsində yazır:

“Hunlar dövründə “tanrı” kəlməsi həm göyü, həm də Allahı ifadə edirdi.Bu dövrün hökmdarlarına verilən “tanrı qulu” ünvanı da türklərin ilahi hakimiyyət şüurunun formalaşmasını, göylə bağlı olduğunu və tək Allah inancına doğru bir təkamülün mövcudluğunu göstərir. Eləcə də göytürklər dövründə göylə əlaqəsi olmaqla bərabər, mücərrəd mənası ilə, tək bir Tanrının varlığı inancı çıxmışdı.”

     De Quiqnes isə özünün “Türklərin ümumi tarxi” kitabında bildirir:

“…Türklər bu dövrdə yüksəliş və süqutlarını, qabiliyyətli  və ya qabiliyyətsiz xaqan və bəylərin özləri-özlərinə vasitə olmasını ilahi himayə və cəzanın nəticəsi olduğuna və Tanrının qadiri-mütləq olduğuna inanırdılar.”

İbn Fədlan da bu barədə öz müşahidələrini qeydə almışdır:

“Bir türk zülmlə üzləşdiyi və çətinliyə düşdüyü zaman göyə baxıb, “Bir Tan-rı”  deyərək dua edir.”

Türklərin tək Tanrı inancları barədə ilk yazılı mənbə Fransadan tapılan və eradan əvvəl 2500 – ci ilə aid edilən “Qlozel” kitabələri hesab edilməlidir.Oradakı türkcə qələmə aiınmış bir cümlə xüsusi diqqət çəkir:

“Oda tapınarkən Tək Tanrını bulduq.

Bu cümlədə ifadə edilən fikir təqribən 3200 il sonra Bizans salnaməçisi Feofilakt Simokattanın söylədikləri ilə, demək olar ki, üst-üstə düşür.

Eyni inancın tatarlar arasında da hakim inanc olduğunu söyləmək üçün əldə bəzi əsaslar var. Məsələn, tatarların arasında missionerlik fəaliyyəti ilə məşğul olmuş İohan de Plano Karpini 1246 – cı ildə yazmışdır:

“Onlar görünən və görünməyən bütün şeylərin yaradıcısı olan tək bir Tanrıya inanır, onu həm bütün ləzzət və sərvətlərin, həm də əzabların yaradıcısı hesab edirlər. Fəqət onlar Onu həmd və ayinlərlə zikr etmirlər.”

Vilhelm de Rubruk da tatarlaın inanc sistemi barədə təqribən eyni şeyləri söyləmişdir:

“Mən soruşdum:

 -Siz Allaha necə inanaırsınız?

Onlar cavab verdilər:

 -Biz yalnız bir və tək olan Tanrıya inanııq.

Soruşdum:

-Siz onun mənəvi – ruhani,  yoxsa maddi bir varlıq olduğuna inanırsınız?

Dedilər:

 -Biz onun mənəvi – ruhani bir varlıq olduğuna inanırıq.

O zaman mən yenə soruşdum:

-Siz onun heç bir vaxt insan qiyafəsinə girmədiyinə inanırsınızmı?

Onalar cavab verdilər:

 -Heç vaxt!”

Teologiya tarixi üzrə böyük mütəxəssis Derferin fikirləri isə çox böyük maraq doğurur:

“Göy Tanrı dini öz forma və məzmununa görə, Ön Asiya mənşəli dinlərlə, xüsusən də xristianlıqla bənzər xüsusiyyətlərə malikdir… Lakin bu din, deyəsən, həm xristianlıqdan, həm də musəvilikdən daha qədimdir… İşin ən maraqlı tərəfi isə budur ki, bu dinə sitayiş edən Sibir və Altay türkləri içərisində Bibliya süjetlərindən, demək olar ki, heç nə ilə fərqlənməyən süjetlər də yer almaqdadır.”

Türklərin böyük əksəriyyətinin sitayiş etdikləri Göy Tanrı dininin əsasının Həzrət Nuh əleyhissəlam tərəfindən qoyulduğu heç bir şübhə oyatmır. Hər halda, həm Tövrat, həm İncil, həm də Qurani-Kərim bu şəxsin Tanrı elçisi olsuğunu və Tövhid dinini, yəni təktanrıçılığı təbliğ etdiyini təsdiq etməkdədir.

Maraqlıdır ki, qədim türk dilində digər tövhid, yəni təktanrıçı dinlərində, o cümlədən  İslamda mövcud olan bütün dini terminlərin təmiz türkcə qarşılığı olmuşdur ki, bu da Göy Tanrı dininin öz terminologiyasına malik təkmil bir din olduğunu sübut edir. Üstəlik də bu terminlər sayəsində həmin dinin ayrı-ayrı elementləri barədə ətraflı məlumat almaq mümkündür:

——————————————————————————————–

          İslam terminologiyası                              Tenqriçilik terminologiyası

——————————————————————————————–

  1. Allah                              Tenqri
  2. Peyğəmbər, nəbi Yalavac,Yalmac
  3. Rəsul Elçi
  4. Kitab (müqəddəs kitablardan biri) Biti, Bitiq
  5. Cənnət, Uçmaq
  6. Cəhənnəm Tamuğ
  7. Din xadimi, ruhani Tenqirkən
  8. İbadədgah (məscid, came)                      Tenqirlik
  9. Qurban Yağışlıq
  10. İbadət Tapıq
  11. Sitayiş Tapınmaq
  12. Müqəddəs Iduq, İduq-Qut
  13. Oruc Baçaq

14     Şəriət                                                         Törü, Törə

  1. Ruh, Can Qut
  2. Günah Yazuq, Yazınc
  3. Həmd Alqış
  4. Axirət                      Mengü ajun
  5. Mələk Yumışçı
  6. Qeyb Örtüklük
  7. Ehsan Basan
  8. İblis Yekkə
  9. Namaz qılmaq Yükünmək

——————————————————————————————–

Məsələn, qədim türklər Allaha “Tenqri” demişlər və bu kəlmə təmiz türk-cədir. Bu kəlməyə Orxon-Yenisey abidələrində sıx-sıx rast gəlinir.”Peyğəmbər” və “nəbi” kimi ərəb və fars mənşəli sözlərinin qarşılığında isə “yalavac” və ya “yalmac” kimi təmiz türk kəlmələri işlənmişdir:

“Tenqri yalavac itdi.”(Kaşğarlı Mahmud)

“Mühəmməd yalavac xəlaiq başı.”(Yusif Balasaqunlu)

Qədim türklərdə rəsul mənasında “elçi ” kəlməsinin olduğu da məlumdur. Bu kəlmənin işləndiyi mətnlərdən biri 1 – ci Yenisey abidəsidir ki, orada belə bir maraqlı cümlə yer almaqdadır:

“Tenqri elkə elçisi erdim.” (Elimə, xalqıma Tanrı elçisi kimi döndüm.)

Qədim türk dilində yazı və kitab mənalarını verən “biti” və “bitiq” kimi sözlər xüsusi hallarda səmavi kitab mənasında da işlənmişdir ki, bu halda, çox güman ki, Gök Tanrı dininin nə zamansa mövcud olmuş və sonradan itmiş müqəddəs kitabı nəzərdə tutulur.

Ana dilimizdə mövcud olmuş “uçmaq” və” tamuğ” kimi kəlmələr isə müqabil olaraq cənnət və cəhənnəmi ifadə etmişlər. Bu terminlərə klassik Azərbaycan ədəbiyyatında, o cümlədən Şah İsmayıl Xətai və İmadəddin Nəsimidə də rast gəlinir.

Bundan başqa qədim türk dilində digər dinlərdə, o cümlədən İslamda rast gəlinən əksər terminlərə uyğun gələn terminlərin olduğu da bəllidir. Məsələn, din xadimi – tenqirkən, ibadətgah – tenqirlik, qurban – yağışlıq, ibadət – tapıq, sitayiş –  tapınmaq, müqəddəs – ıduq, oruc – baçaq, şəriət – törü və ya törə, ruh – qut, günah – yazuq, həmd – alqış, axirət – mengü ajun, mələk – yumışçı, qeyb – örtüklük, ehsan – basan, iblis-yekkə və sairə.

Maraqlıdır ki, bu terminlərdən bir çoxu təktanrıçılığa keçişdən öncə də öncəki dinlərin terminləri kimi işlənmiş, yeni dinin yayılması ilə həmin terminlər yeni məzmun və mahiyyət qazanmışlar. Bu baxımdan qurban mənasında işlənən “yağışlıq” kəlməsi böyük maraq döğurur. Bir vaxtlar yağış “çağırmaq”, yağış “kəsmək” və “Qodu-Qodu ayinlərinin icrası zamanı günəş tanrısı Qoduya verilən xəmiraşı, bal və yağ qurbanlarını ifadə edən bu kəlmə sonrakı dövrlərdə, yəni təktanrıçılığa keçdikdən sonra həm də  Göy Tanrıya kəsilən at, öküz və qoyunları da ifadə etmişdir.

Qədim türklərin təktanrıçılığa keçməmişdən öncə günəş tanrısına da eyni qurbanları verdikləri, yəni at, öküz və qoyun kəsdikləri məlumdur. Məsələn, Musa Kağankatlının yazdığına görə, massaqet türkləri günəşə sitayiş edir və ona sözügedən qurbanları verirdilər.

İstər Orxon – Yenisey mətnlərində, istərsə də klassik Azərbaycan ədəbiyyatında rast gəldiyimiz, cənnət mənasında işlənən “uçmaq” termini də təktanrıçılıqdan əvvəlki mifik təsəvvürlərlə bağlıdır və bu kəlmə qədim mifoloji sistemdə ruhun quş kimi, o biri dünyadakı insanların isə quş qanadlı təsəvvür edilməsindən qaynaqlanmışdır. Bu təsəvvürlərin izinə təqibən 5000 il öncə qələmə alınmış “Bilqamıs” dastanında rast gəlirik. Dastanda öləcəyini yuxusunda görən Enkidunun yuxuda gördüklərini Bilqamısa danışdığı səhnə deyilənlərə ən gözəl misaldır:

O mənə toxunaraq, məni quşa çevirdi,

Qanad taxtı çiynimə, adəti quş qanadı.

Üzümə baxdı, baxdı,  sonra məni apardı,

İrkallanın evinə – zülmət evinə vardı.”

X-Xl əsrlərdə Orta Asiyada qələmə alınmış bir Quran təfsirinin leksikonunu gözdən keçirən rus şərqşünası Borovkovun yazdığına görə, sözügedən təfsirdə bütün Quran terminlərinin türkcə olduğunu vurğulamış və türk dilinin dini terminologiya baxımından zənginliyindən duyduğu heyrəti gizlədə bilməmişdir.

Yeri gəlmişkən qeyd edək ki, bu əsərdə əsasən, təmiz oğuz kəlmələrindən istifadə edilmişdir və bu kəlmələrin bir çoxu ədəbi ümumtürkcənin müvafiq terminologiyasından fərqlənir:

——————————————————————————————–

   Ümumtürk ədəbi dilində         Oğuz türkcəsində                    Mənası

——————————————————————————————–

   Yalamac                                   Savçı                                 Peyğəmbər, nəbi

    —–                                         Ev budunu                        Əhli-Beyt

Bu baxımdan təfsirdə yer alan və peyğəmbər mənasında işlədilən “savçı” sözünü misal çəkmək olar. Ümumtürk ədəbi dilindəki “yalamac” kəlməsinə uyğun gələn bu kəlmə sırf oğuz terminidir. Diqqəti çəkən başqa bir ifadə isə Qurandakı “Əhli-Beyt” ifadəsinin qarşılığında işlədilmiş “ev budunu” sözbirləşməsidir. Həzrət Məhəmmədin ev sakinlərini, yəni ailə üzvlərinin cəmini ifadə etmək üçün istifadə edilmiş bu sözbirləşməsi son dərəcə uğurlu seçilib. Bu sözbirləşməsi oğuz türkcəsi nümunəsi olmaqla yanaşı, həm də ümumtürk mahiyyəti daşımaqdadır.

Azərbaycanda şamanizmin izləri də ən qədim zamanlardan izlənməkdədir. Bəziləri yanlış olaraq şamanizmlə Göy Tanrı dinini eyniləşdirirlər. Əslində isə şamanizm bir din yox, spritualist maqiya sənətidir.

Elmi ədəbiyyatda daha çox yayğın olan “şaman” kəlməsi türk sözü deyil, tunqus-mancur mənşəli bir termindir. Onun mənşəyini sanskrit dilinə bağlayanlar da var. Türklər isə şamana ən qədim zamanlardan “qam” demişlər. Bu kəlməyə Turfandan tapılan qədim uyğur mətnlərində, Yusif Balasaqunlunun “Qutaduqu – Bilik” və Mahmud Kaşğarlının “Divan ül – Lüğət ət – Türk” kitablarında, eləcə də “Kodeks Kumanikus ” və “Kitab ül – İdrak”da rast gəlinir. “Qam” kəlməsi Radlovun “Qədim Türk lüğəti”ndə də yer almaqdadır. Bir çox dillərdə, o cümlədən hind – Avropa dillərində rast gəlinən “maq” kəlməsi də bu kəlmənin metatezası ilə ortaya çıxmışdır.

Yusif Balasaqunluya görə, qam xəstəni sağaldan həkim, Mahmud Kaşğarlıya görə isə, qeybdən xəbər verən, falçılıq edən adamdır. Görkəmli türkoloq Radlov isə bu sözü “şaman” kimi tərcümə edir və onun daha geniş məna daşıdığını bildirir.

Təbil şamanın vazkeçilməz aləti və əlamətidir. Təbilin içi və xarici müxtəlif naxış və rəsmlərlə bəzədilir. Həmin naxış və rəsmlər nəsildən nəslə ötürülərək, demək olar ki, heç dəyişmir. Yəni bu halda ənənəviliyə ciddi əməl olunur. Məsələn, Koybal şamanlarının təbillərinin birinin üzərində çəkilmiş maraqlı bir rəsm Qobustan təsvirlərindən biri ilə inanılmaz dərəcədə bənzərlik təşkil edir.

Hər iki rəsmin piktoqrafik yazı nümunəsi olması və eyni elementlərdən təşkil edilməsi diqqəti xüsusi ilə cəlb edir, eyni zamanda Sibir və Altay türklərinin şamanizm ənənələrinin qədim Qobustan ovçularının ovsunçuluq ənənlərindən qaynaqlandığını sübut edir.

Sənətşünas alim Nəsir Rzayev deyir:

“Qobustanda, Böyükdaşın aşağı mərtəbəsində 9 № – li daşdakı Tunc dövrünə aid petroqlifdə piktoqram xarakterli böyük təsvir kompozisiyası verilmişdir. Bu təsvirdə qədim rəssam əl – ələ vermiş silahsız adamların iki cərgədən ibarət bir sədd təşkil edərək sağ tərəfdəki çəpərlə keçinin yolunu kəsməsini əyani surətdə nəql edir. Heyvanın boğazına ip keçirilmişdir. Mürəkkəb kompozisiyalı bu piktoqramda qədim rəssam təsvir vasitələrinin köməkliyi ilə qəbilədə baş vermiş mühüm bir hadisə – heyvanların əhliləşdirilməsi barədə qəbilə üzvlərinə xəbər verir. Tunc dövrünə aid bu petroqlifdə insanlar siluet şəklində, heyvanlar isə konturlu xətlərlə kiçik miqyasda, həm də çox sxematik və statik vəziyyətdə təsvir edilmişdir.”

Şamanizmin Katanov və Alekseyeva kimi görkəmli tədqiqatçılarının fikrincə, təbildəki təsvir də piktoqrafiya nümunəsidir və burada üçlü dünya sistemi barədə şamanist təsəvvürlər öz əksini tapmışdır.

Şaman təbilləri bir qayda olaraq, dağ keçisi dərisindən düzəldilir. Ətrafı qayın ağacından olur. Təbilin səsi boğuq çıxsın deyə, çubuğunun başına samur və ya dövşan ayağının dərisi taxılır.

Şamanist xalqlarda qamlar iki qrupa ayrılır: ağ qamlar və qara qamlar.

Ağ qamlar Ülgenin hakim olsuğu işıq aləminə, yəni xeyirxah ruhlara qamlıq edirlər. Onların qiyafələri nisbətən az bəzəkli və sadə olur. Onlar özləri ilə təbil daşımırlar. Qara qamlar isə yeraltı dünyanın və zülmətin hakimi Erliyə, ona bağlı olan şər ruhlara qamlıq edirlər. Onların geyimi saysız amuletlər, rəmzlər, muncuqlar metal lövhələr, heyvan və quş sümükləri, quş lələkləri və sairə ilə bəzədilmiş olur. Çox zaman papaqları və libasları elə bəzənir ki, nəticədə şaman quşa bənzəmiş olur. Lakin bunsuz da onun guya yuxarı və aşağı dünyalara uça bildiyinə inanılır.

Şaman vəcdə gəlmiş halda olarkən, dua edərsə, dinləyənlər “dediklərin olsun, Qam ata!” – deyirlər. Məhz bu müraciət formasındakı ifadəyə, yəni “Qam ata” ifadəsinə Bisitun kitabəsinin Elamdilli mətnində, midiyalı üsyançıdan söhbət açılan yerdə rast gəlirik. Bu mətndə üsysnçı “kam adda”, yəni “Qam ata” adlandırılır.

Eradan əvvəl Vlll – Vl əsrlərdə Cənubi Azərbaycan ərazisində madayların qurmuş olduqları qüdrəli Midiya dövlətinin, eləcə də ondan əvvəl, eradan əvvəl lX – Vll əsrlərdə həmin ərazidə mövcud olmuş Manna dövlətinin şahlarının adlarının təhlili onların şamanist olduqlarını söyləməyə ciddi əsas verir.

Məlum olduğu kimi, əksər xalqların milli adları içərisində həmin xalqın sitayiş etdiyi dindən qaynaqlanan adlar önəmli yer tutur. Məsələn, yəhudilər içərisində Tövratdan götürülmüş Moşe, Aaron, İsaak, İzmail, Yakov və sair peyğəmbər adları geniş yayılmışdır. Eyni adlar müsəlmanlarda da Qurandakı səsləniş formasında yayğındır: Musa, Harun, İshaq, İsmayıl, Yaqub və s.

Xristian ruslar arasında məşhur olan İvan, Matvey, Pyotr, Pavel və s. bu kimia adlar da İncildən  qaynaqlanır. Müsəlmanlar içərisində Yusif,  Yunus,  Adəm, Məhəmməd, İsa və s. peyğəmbər adları ilə yanaşı, Əbubəkr, Ömər, Osman, Əli, Həsən, Hüseyn və sairə din böyüklərinin adlarına da sıx – sıx rastlanır. Eyni zamanda biz uşaqlarımıza Allahın 99 gözəl adlarından olan Rauf, Qafar, Kərim, Rəhman, Rəhim və s. teofor adlar da qoyuruq.

Övladlara teofor adlar, yəni Tanrının və ya tanrılaın adlarından düzəldilmiş adlar vermək ən qədim zamanlardan bütün xalqlara xas olub. Ən çox da belə isimləri hökmdar nəslindən olan uşaqlara verərdilər. Məsələn, qədim Misir fironu Ramzesin adında Misirin baş tanrısı – günəş tanrısı Ranın adına rast gəlirik. Mitridat adında farsların günəş tanrısı Mitranın adı gözə çarpır. Babil hökmdarı Marduk – Apla – İddinin adında babillilərin baş tanrısı Mardukun adını görməmək mümkün deyildir. Elam şahı Humbaniqaşın adında isə Elamın baş tanrısı Humbanın adını görürük.

Manna və Midiya şahlarının adlarında isə türk-şaman pantenuna daxil olan adlar açıq-aydın sezilməkdədir. Bu isə həmin dövrlərdə Cənubi Azərbaycanda şamanizmin hakim ideologiya olduğunu göstərməkdədir:

——————————————————————————————–

Mana-Midiya hökmdarlarının          Mənbə       Şaman panteonuna daxil

adları                                                                             olan adlar

——————————————————————————————–

1.İranzu                                        Aşşur-Babil               Oranəəzi (Tuva)

2.Aza                                            Aşşur-Babil               Aza (Tuva, kumandin)

3.Ullusunu                                    Aşşur-Babil               Ulu Toyon (yakut)

4.Ahşeri                                        Aşşur-Babil               Ajiray (yakut)

5.Deyok                                        Herodot                     Dayık (Altay)

   Dayaukku                                  Aşşur-Babil                Dayuççı (teleut)

6.Kaştariti                                    Aşşur – Babil              Xarsatördö (yakut)

   Xşatrita

7.Kiaksar                                      Herodot                      Kööskara (Altay)

8.Astiaq                                        Herodot

   İştivequ                                      Aşşur-Babil                İstemi Bögü (?)

Tarixi mənbələrdən adı məlum olan ilk Manna hökmdarı İranzu olmuşdur. Bu antroponimi Melikaşvili Qafqaz, Dyakonov isə İran dilləri əsasında izah etməyə calışmışlar. Fəqət bir nəticə əldə etməmişlər.

Halbuki, Aşşur – Babil mixi yazılarında qeydə alınmış bu adın analoquna cüzi fərqlə türk – şaman panteonunda Oranəəzi formasında rast gəlirik. Bu mifik varlıq Tuva türklərinin inanc sistemində yer almaqdadır və onun adı Tuva türkcəsində “kainatın yiyəsi, ağası” mənasını verir.

İranzudan sonra Mana taxtına onun böyük oğlu Aza sahib olmuşdur. Onun adına isə eyniylə şaman panteonunda rast gəlinir. Aza  Tuva şamanlarının inanc sistemində aşağı dünyanı təmsil edən ruhlardan hesab olunur.

Azadan sonra onun yarinə qardaşı Ullusunu hökmdar olmuşdur. Ullusunu adına yakut türklərinin şaman panteonunda Ulu Toyon formasında rast gəlinməkdədir. Yakut mifologiyasına görə qara şamanlar Ulu Toyona tabedirlər. Yakut türkcəsində “Ulu Toyon” böyük cənab deməkdir.

Adı dövrümüzədək gəlib çıxan növbəti Manna hökmdarı Ahşeridir. Aşşur mənbələrindən məlum olan bu ad yakut şamanlarının Ajiray adlandırdıqları ruhun adının yad dildə bir qədər təhrif edilmiş formasıdır.

Xronologiya baxımından sonrakı yerdə Herodotun Deyok adlandırdığı, Aşşur – Babil mixi yazılarında isə adı Dayaukku kimi çəkilən hökmdar gəlir. Herodota görə o, Midiya, Aşşur-Babil mənbələrinə görə isə Manna hökmdarı olmuşdur. Bu hökmdarın adı Dayık formasında Altay türklərinin şaman panteonunda  da yer almaqdadır. Altay türkcəsində Dayık “qurucu” deməkdir. Maraqlıdır ki, teleut türkləri bu mifik varlığın adına Dayuççı deyirlər ki, bu da Deyokun Aşşur-Babil mənbələrində qeydə alınmış adına, yəni Dayaukku adına uyğun gəlir.

Mənbələrdən adı məlum olan növbəti hökmdar Midiya xaqanı Kaştaritidir. Herodot bu xaqanın adını “Fraort” kimi çəkmiş, mixi yzılarda isə bu ad Kaştariti və ya Xşatrita kimi qeyd edilmişdir.Yakut şaman panteonunda isə eyni ada Xarsatördö şəklində rast gəlirik.

Herodotun yazdığına görə, Kaştaritidən sonra oğlu Kiaksar Midiya xaqanı olmuşdur. Bu ad da Altay kijilərin şaman panteonunda Kööskara kimi qeydə alınmışdır. Adın Altay türkcəsindəki mənası köksü, sinəsi poladdan olan, yəni polad sinəli, polad kökslü deməkdir.

Herodot sonuncu Midiya hökmdarının adını Astiaq, Aşşur-Babil mənbələri isə İştivequ kimi çəkməkdədirlər. Bu ad, çox güman ki, şaman panteonu ilə bağlı deyil və onun əsli sonrakı dövrlərdə türk xaqanları içərisində geniş rast gəlinən İstemi Bögü olmuşdur və şamanizmlə bağlı deyildir.

Unutmaq lazım deyil ki, Manna və Midiya xaqanlarının adları dövrümüzədək yad mənbələrdə ulaşmışdır və təbii ki, bir qədər təhrif olunmuşdur. Bunula belə, şaman panteonunda rast gəlinən adlarla o qədər böyük yaxınlıq var ki, deyilənlər heç bir şübhə oyatmır.

Bu sözlərlə demək istədiyimiz isə budur ki, eyni ad ayrı-ayrı xalqların dillərində fərqli cür səslənir. Məsələn, İncildə İohan kimi qeyd edilən adı ruslar İvan, fransızlar Jan, İtalyanlar Covanni, ingilislər isə Con kimi tələffüz edirlər.      Tövratda İosif kimi çəkilən ad isə italyanlar tərəfindən Cüzeppe, fransızlar tərəfindən Jozef kimi təlffüz edilir. İspanların tələffüzündə eyni ad Xose, ərəblərin tələffüzündə isə Yusif kimi səslənir.

Nəzərə almaq lazımdır ki, türk şaman panteonundakı adları rus alimləri XlX- XX əsrlərdə qeydə almağa başlamışlar. Bu isə o deməkdir ki, Manna və Midiya hökmdarlarının qeydə alındığı dövrlə həmin dövr arasında 2500-3000 il keçmişdir. Buna  və Manna-Midiya şahlarının adlarının dövrümüzədək yad dillərdə gəlib çatmasına baxmayaraq, ortadakı fərq o qədər cüzidir ki, heyrət etməyə bilmirsən, Deməli, Mana və Midiyada şamanizmin hakim ideologiya olması öz təsdiqini tapır. Məhz buna görə də farslara qarşı midiyalıların üsyanına şaman başçiliq etmişdi.

Qaxdakı muzeydən ən xoş təəssüratlarla ayrıldıq…

17

18

19

20

21

Ən sonda isə Qaxın mərkəzində yerləşən ortodoks kilsəsini ziyarət etdik. Qapıları bağlı olduğundan içərini görə bilmədik.

22

Şəki ilə əlaqə saxladıq və məlum oldu ki, Fazil kəndində gecə işıqlar bərpa edilsə də, səhər tezdən yenidən sönmüşdür və məşhur labirinti görmək bizə qismət olmayacaqdır. Bununla belə, Şəkidə yaşayan gənc dostum, Bütöv Azərbaycan Ocaqlarının üzvü Paşa bəyə zəng edib bizi qarşılamasını və Ağvanlar məhəlləsində bizə bələdçilik etməsini xahiş etdim və Qaxdan birbaşa Şəkiyə yola düşdük.

 

Advertisements
Bu yazı Çeşitli, Etnoqrafiya, Folklor, Mifologiya, Qafqaz Albaniyası, Tarix kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma