Yaxın və Orta Şərqdə nə baş verir: Fərqli baxış. (I məqalə)

Bəxtiyar Tuncay

b

 

Türkiyə İslam Dövlətinə (İŞİD) qarşı mübarizə adı altında Suriya ərazisində hərbi əməliyyatlara başlayanda bəyan edilən hədəflərin əvəzinə kürd terrorçularının mövqelərinə zərbələr endirməyə başladığı kimi, eyni ad altında eyni ölkədə eyni işi görən Rusiya da bəyanatının əksinə olaraq, İŞİD-in deyil, Azad Suriya ordusunun mövqelərini bombardıman etməyə başladı. Bu isə Azad Suriya Ordusunu dəstəkləyən ölkələrin ciddi etirazına və sərt bir bəyanatla çıxış etməsinə səbəb oldu.

Bəyanatda Rusiyadan Suriya müxalifətinə və mülki əhaliyə qarşı hücumlara dərhal son qoyması və İŞİD-lə mübarizəyə yönəlməsi tələb edilirdi: “ABŞ, Almaniya, Birləşmiş Krallıq, Fransa, Qətər, Səudiyyə Ərəbistanı və Türkiyə hökumətləri olaraq, Rusiya Federasiyasının Suriyadakı son hərbi fəaliyyətləri haqqında aşağıdakıları bəyan edirik: Rusiya Federasiyasının Suriyada hərbi qüvvə cəmləşdirməsindən və xüsusən Rusiya Hava Qüvvələrinin dünəndən (oktyabrın 2-dən) bəri Hama, Hüms və İdlibdə mülki əhali arasında itkilərə səbəb olan və İŞİD-i hədəf almayan hücumlarından dərin narahatlıq duyuruq. Gərginliyi artıran bu hərbi fəaliyyətlər ifrat radikalizmin daha da qızışdırılmasından başqa heç bir məqsədə xidmət etməyəcək. Rusiya Federasiyasını Suriya müxalifətinə və mülki əhliyə yönəlmiş hücumlara dərhal son qoyaraq İŞİD-lə mübarizəyə diqqətini yönəltməyə çağırırıq”.

Lakin Türkiyə İslam Dövləti ilə ən azı hələlik mübarizə aparmaq fikrində olmadığı kimi, Rusiyanın da hələlik belə bir fikri yoxdur. Türkiyəni başa düşmək çətin deyil, İŞİD Türkiyə üçün hələlik nəinki heç bir təhlükə törətmir, əksinə, ABŞ və İsrailin dəstəklədiyi kürd terrorçularına qarşı savaşır. Məhz mücahidlərin Kobani və ətrafında kürdlərə vurduğu sağalmaz yaralar sayəsində sözügedən dövlətlərin qurmağı hədəflədikləri Urmiya gölündən Aralıq dənizinə qədər uzanan «Böyük Kürdüstan» planı puça çıxdı.

ABŞ və İsrailin «Böyük Kürdüstan» planı

Bu gün Qərbə uzanmaqda olan bir çox neft və qaz kəmərlərinin Türkiyə ərazisindən keçməsi Türkiyənin geosiyasi və iqtisadi gücünü önəmli dərəcədə artıqdığı kimi, onu bölgədə və hətta müəyyən dərəcədə dünyada söz sahibinə çevirmişdir. AKP-nin hakimiyyətə gəlməsindən sonra Türkiyə Orta Doğuda nəzərəçarpacaq və gözardı edilə bilinməyəcək dərəcədə güclü bir oyunçuya çevrilmişdir. Nəticədə İsrailin maraqları ciddi maneələrlə üzləşməkdədir. ABŞ və İsrailin birgə layihəsi olan «Böyük Kürdüstan» probleminin hədəfləri içərisində birinci yerdə, şübhəsiz ki, bölgədə İsrailin maraqlarının gerçəkləşməsinə maneələr törədən İran və Türkiyə kimi dövlətləri parçalayaraq, daxildən zəiflətmək durur. Lakin bu yeganə  önəmli hədəf deyil. Əsas hədəflərdən biri də Kərkük neftini Türkiyədən yan keçməklə Aralıq dənizinə çatdırmaq və bu yolla İsrailin enerji təhlükəsizliyini təmin etməkdir. Türkiyənin bölgədəki gücünün zəifləməsində maraqlı olan ABŞ və İsrailin, eləcə də İngiltərə, Fransa və Almaniyanın kürd terrorçularını dəstəkləməsinin əsas səbəbləri bunlardır. Lakin bu plan İslam Dövlətinin kürd terrorçularına qarşı apardığı amansız mübarizə və bölgədə bir çox neft yataqlarını ələ keçirməsi ilə iflasa uğramış vəziyyətdədir. Türkiyənin altdan-altdan hamının «İŞİD» adlandırdığı İslam Dövlətini dəstəkləməsinin əsas səbəblərindən biri də bu olub. Heç kəsə sirr deyil ki, İŞİD sıralarında döyüşmək üçün dünyanın dörd bir yanından Suriya və İraqa axışan və ardı-arası kəsilmək bilməyən radikallar Suriyaya bir qayda olaraq, Türkiyə ərazisindən keçməkdə idi. İslam dövlətinin əlində olan nefti alan da məhz Türkiyə olub. Deyilənlərə Türkiyənin ABŞ-a öz hərbi bazalarından uzun müddət İŞİD-ə qarşı istifadə etməsinə icazə vermədiyini də əlavə etmək lazımdır.

ABŞ və müttəfiqlərinin havadan bombardımanlarla verdiyi dəstək nəticəsində kürd terrorçuları irəliləməyə başlayanda dövriyyəyə girən və kürd terrorçularına zərbələr endirməyə başlayan da məhz Türkiyə oldu.

İslam Dövləti (İŞİD)

Bu gün hər kəsin haqqında ağız dolusu danışdığı, haqqında min cür əfsanələr uydurduğu, fəqət heç kəsin də dəqiq məlumata sahib olmadığı İŞİD hələ də çoxları üçün müəmma olaraq qalıb. Əksəriyyət bu qurumun ABŞ tərəfindən yaradıldığını hesab edir.  Belə olduğu halda, ABŞ-ın nədən onu terrorçu təşkilat elan edərək bombaladığını izah edə bilmirlər. Gerçək isə budur ki, sözügedən qurumun yaranmasında ABŞ-ın birbaşa deyil, dolayısı ilə rolu olub. Yəni bu qurum ABŞ-ın İraqı işğal etməsindən və bu ölkədə kukla şiə hökuməti qurmasından sonra yaranıb, işğala və kukla rejimə qarşı İraq xalqının, əsasən də sünni müsəlmanların apardığı mübarizə prossesində, Əl-Qaidənin iki yerə parçalanması ilə ortaya çıxıb. İraqın sünni əhalisinin böyük əksəriyyəti tərəfindən dəstəklənən bu təşkilatın yerli müsəlmanlar tərəfindən bu qədər böyük rəğbət görməsinin əsil səbəbi şiə rejiminin Səddam Hüseynin vaxtilə şiələrə qarşı törətdiyi zülmlərin qisasını yerli sünnilərdən almağa başlaması, onlara qarşı ağlasığmaz vəhşilik və təcavüzlər törətməsi olub. Fakt budur ki, hazırda İraqın sünni əhalisinin böyük hissəsi İŞİD-ə onları şiə zülmündən qurtaran xilaskar kimi baxır.

Fəaliyyətinə öncə Suriya müxalifəti içərisində başlayan, sonradan döyüş meydanını İraq ərazisində də genişləndirən və özünün düşmənlərinə qarşı qəddarlığı ilə seçilən İŞİD-i digər müxalif qruplardan fərqləndirən ən əsas cəhət, əlində bulunan ərazilərdə dövlət qurmağa girişməsi və İslam Xilafətini bəyan etməsidir. Təşkilatın bu qədər güclənməsinin bir neçə səbəbi var. Bunların içərisində xarici ölkələrdən axşıan və ardı-arası kəsilməyən passionar qüvvələr birinci yerdə durur. Söhbət təkcə əlinə silah alıb döyüşənlərdən yox, həm də İŞİD-ə dövlət strukturlarını və professional döyüş qabiliyyətli ordunu qurmaqda yardım edən çoxsaylı mütəxəssislər ordusundan gedir. Bu sırada Səddam Hüseynin keçmiş zabit korpusunun, xüsusi xidmət orqanlarının işsiz qalan və təqiblərlə üzləşən əməkdaşlarını, eləcə də MDB ölkələrindən və Pakistandan gəlmiş peşəkar zabitləri də qeyd etmək lazımdır. Keçmiş İraq ordusunun gizli silah anbarları hazırda İslan Dövlətinin xidmətindədir və onun silah-sursat baxımından heç bir problemi yoxdur.

İŞİD-in əsas hədəfinin ABŞ və Qərb olması Rusiyanın ona qarşı mübarizəyə girişməyə tələsməməsinin əsas səbəbidir. Digər səbəb isə İŞİD və Azad Suriya Ordusu arsında olan düşmənçilikdir. Bu rəqabət Rusiyanın mənafelərinə hələlik zidd deyildir.

Azad Suriya Ordusu (ASO)

Hazırda ABŞ və müttəfiqləri tərəfindən, o cümlədən Bəşər Əsəd rejiminin getməsində maraqlı olan Türkiyə tərəfindən dəstəklənən Azad Suriya Ordusu (ASO) Suriya xalqının diktatura rejiminə qarşı başladığı dinc mübarizənin qaniçən Bəşər Əsəd rejimi tərəfindən hərbi yolla dayandırılmağa çalışıldığı, şəhər və kəndlərin bombardıman edildiyi sıralarda Suriya Ordusunda xidmətdə olan müsəlmanların öz silahları və hərbi texnikası ilə birlikdə xalqın tərəfinə keçməsi ilə yaranmışdır.

Suriyanın müsəlman əhalisinin ələvi azlığın hakimiyyətindən qurtulması uğrunda mübarizə aparan və Birləşmiş Suriya Müxalifətinin əsas nüvəsini təşkil edən bu ordu 29. 06. 2011-ci il tarixində yaradılmışdır. İlk dövrlərdə tərkibi min nəfərdən ibarət olan bu ordunun sayı daha sonra  sürətlə artmışdır. Hal-hazırda ASO tərkibində döyüşən şəxslərin sayı 40 mindən artıqdır.

Birləşmiş Suriya Müxalifətinin İdlib əyalətini ələ keçirməsindən və bölgəni Bəşər Əsədə bağlı ələvi və kürd hərbi birləşmələrindən azad etməsi Rusiyanı təcili hərəkətə keçməyə sövq edən ən əsas amillərdən biridir. Məsələ burasındadır ki, İdlib bir yandan Türkiyə ilə, o biri yandan da Rusiyanın hərbi bazasının yerləşdiyi Lazakiyə (Latakiya) bölgəsi ilə sərhəddədir. Bu isə müxaliflərin Türkiyə ərazisindən silah-sursatla təminini asanlaşdırmaqla yanaşı, Rusiyanın hərbi bazalarının bulunduğu Lazakiyə və Tartus üzərinə hücuma  keçə bilməsi üçün gözəl şərait yaradır. Hazırda Rusiyanın özünün əsas hərbi əməliyyatlarını İdlibdə qərar tutmuş Suriya müxalifətinə, o cümlədən ASO-ya qarşı yönəltməsini şərtləndirən əsas məsələ budur. Aradabir gözdən pərdə asmaq üçün İŞİD-ə də əhəmiyyətsiz zərbələr endirilir.

Bölgədə ABŞ-Türkiyə işbirliyi

Bölgədə ABŞ və Türkiyə işbirliyindən danışmaq mümkündürmü? Şübhəsiz ki, hə. Hər iki dövlət Rusiyanın Ağ dənizdə (Aralıq dənizində) hərbi mövcudluğunun yox olmasında maraqlıdır. Sözügedən dənizdə Rusiyanın yeganə hərbi istinad nöqtəsi Suriya, daha doğrusu Suriyanın Lazakiyə və Tartus limanlarında bulunan hərbi bazalarıdır. Qərbin və Türkiyənin Bəşər Əsədə qarşı sərgilədikləri barışmaz tutum, bu səbəbdən də Suriya müxalifətini dəstəkləməsi məhz bununla bağlıdır. Çünki Bəşər Əsəd hakimiyyətdə qaldıqca, Rusiya da bölgədə qalmaqda davam edəcəkdir.

Bununla belə, ABŞ-ın və digər Qərb ölkələrinin kürd terrorizmini dəstəkləməsi bölgədəki işbirliyinə önəmli dərəcədə zərər vurmaqda idi. Fəqət artıq bu problem qismən də olsa həll edilmişdir. Hazırda Türkiyə İŞİD-i vurmaq üçün İncirlik bazasını ABŞ-ın üzünə açmış, əvəzində isə onun kürd terrorçularını maneəsiz şəkildə vurmasına imkan yaradılmışdır.

Rusiyanın gözlənilməz bir şəkildə Suriyadakı hərbi əməliyyatlara qoşularaq, ortaya sərt bir mövqe qoyması Qərbin və Türkiyənin bu ölkədəki planlarını alt-üst etməkdədir. Görünən budur ki, NATO hadisələrin bu cür inkişafına hazır deyildi və nə edəcəyinə hələ qərar verə bilmir. Problemi çətinləşdirən digər amil isə rusların bölgədə İranla birgə fəaliyyət göstərməsidir.

Rusiyanın hərbi müdaxiləsinə qədər İraq və Suriyada bir neçə dəfə radikal islamçılarla üz-üzə gələn və toqquşmalar nəticəsində 3 generalını, yüzlərlə əsgər və zabitini, eləcə də çox sayda hərbi sursatını itirən İran bölgədəki taktikasını dəyişməyə məcbur olmuşdur.

Bölgədə İran amili

İranın strategiyası güzgü kimi aydındır: Bütün Yaxın və Orta Şərqdə müsəlmanlar arasında nifaq salıb, sünni-şiə savaşını körükləməklə Fars imperializminin nüfuz dairəsini və ərazilərini genişləndirmək. Ruslardan fərqli olaraq, farslar artıq açıq qarşıdurmalardan çəkinir və təhlükəli olmayan yerlərdə hərbiçilərinin sayını durmadan artırmaqla məşğuldur. Məsələn onlar şiələrin müqəddəs hesab etdikləri Nəcəf və Kərbala ilə yanaşı müqəddəs saydıqları şəxslərin məzarlarını müdafiə etmək bəhanəsi ilə İraqda öz hərbi mövcudluğunu artırır. Suriyada isə, təbii ki, onları Latakiyə və Tartusdan daha çox Dəməşq maraqlandırır. Əsas hədəf Bəşər Əsədi və dolayısı ilə sünni müsəlmanlara düşmən olan ələvi azlığın hakimiyyətini qoruyub saxlamaqdır. İran bu işi əsasən Livandan gəlmiş və İŞİD-lə savaşda artıq beş mindən çox üzvünü itirmiş «Hizbullah» terrorçularının və özünün eyni dərəcədə böyük itkilər vermiş «Əl-Qüds» ordusunun əli ilə gerçəkləşdirir.

Ruslarla müttəfiqlik İranın əl-qolunu açmaqda və onu bölgənin əsas oyunçularından birinə çevirməkdədir. Fəqət bu hal Səudiyyə Ərəbistanı, Qətər başda olmaqla bir çox ərəb ölkəsini və Türkiyəni ciddi narahat etməkdədir.

ABŞ-la nüvə məsələsində əldə edilmiş razılıq da İrana əlavə stimul verir. Hərçənd ki, razılıq hələ qüvvəyə minməyib və ərəb ölkələri onun qüvvəyə minməməsi üçün ABŞ-a əməlli-başlı təzyiq edirlər. ABŞ bu məsələdə daxildəki çoxsaylı yəhudi lobbisinin də təzyiqləri ilə üz-üzə qalıb. İranın Rusiya ilə yaxınlaşması, ola bilsin ki, sözügedən razılaşmanın qüvvəyə minməsinin hələ bir müddət də uzadılmasına səbəb olacaqdır.

 

 

Advertisements
Bu yazı Din, Siyasət kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma