Yaxın və Orta Şərqdə nə baş verir: Fərqli baxış. (II məqalə)

Bəxtiyar Tuncay

x

Rusiyanın Lazakiyə (Latakiya) və Tartusda yerləşən hərbi bazaları Türkiyənin təhlükəsizliyi üçün ciddi problem yaradır. Deyilənlərə rusların Ermənistanda, daha dəqiq desək, Gümrüdə yerləşən hərbi bazasını da əlavə etsək, bu təhlükənin heç də kiçik olmadığını söyləyə bilərik. Odur ki, rəsmi Ankaranın Bəşər Əsədə qarşı sərgilədiyi mövqe tam anlaşılandır. Onun Suriya müxalifətinə dəstək verməsində də təəccüblü bir şey yoxdur. Əlbəttə, Rusiyanı da başa düşmək lazımdır. O da öz təhlükəsizliyi barədə düşünmək məcburiyyətindədir. Belə ki, SSRİ-nin çöküşündən sonra əski sosialist blokuna daxil olan Çexiya, Slovakiya, Macarıstan, Polşa, Rumıniya və Bolqarıstanın, eləcə də Litva, Latviya və Estoniya kimi əski sovet respublikalarının NATO-ya üzv qəbul edilməsi nəticəsində bu rəqib hərbi blok Rusiyanın sərhədlərinə təhlükəli dərəcədə yaxınlaşmışdır. Üstəlik də Qərb Moldova, Gürcüstan və Ukraynanı da Rusiyanın təsir orbitindən çıxararaq, öz təsir dairəsinə daxil etməyə və bununla da NATO qüvvələri üçün gələcəkdə yeni plasdarm yaratmağa çalışır. Rusiyanın Gürcüstan və Ukraynaya qarşı aqressiv tutumunun da əsasında məhz bu məsələ durur.

Gürcüstan və Ukraynada rəngli inqilablara rəvac verən ABŞ-ın başqa bir hədəfi də bu ölkələrdə hakimiyyətə gətidiyi qüvvələrin əliylə Rusiyanın Abxaziya və Krımdakı hərbi bazalarının ləğvini gerçəkləşdirmək idi. Bu iki bazanın ləğvi isə Rusiyanı Qara dənizdə söz sahibi olmasına son qoymaq anlamına gəlir. Rusların Osetiya və Abxaziyanın Gürcüstandan müstəqilliyini dəstəkləməsinin, eləcə də Krımı işğal etməsinin əsas səbəbi sözügedən hərbi bazaları qoruyub saxlamaq və Qara dənizdə əvvəlki kimi söz sahibi olaraq qalmaq zərurətindən irəli gəlir.

Rusiya-NATO qarşıdurması pik həddə

Beləliklə, ABŞ-ın əsas hədəfi Rusiyanı Aralıq və Qara dənizlərdən sıxışdırıb çıxarmaqla onun müdafiə potensialını zəiflətməkdir. Rusiyanın bu plana qarşı müqavimət göstərməsi təbiidir və anlaşılandır. ABŞ-ın Qara dənizdəki planı fiaskoya uğradıqdan sonra bütün səylər Aralıq dənizinə yönəlmişdir. Lakin məsələ bununla da bitmir. Ukrayna böhranını bəhanə edən ABŞ və NATO keçmiş sosialist bloku ölkələrində və üç Baltikyanı ölkədə hərbi bazalarını genişləndirməyə və gücləndirməyə başlayıb. Üstəlik də ABŞ-ın təyyarə və nüvə başlıqlı raket daşıyan hərbi gəmilərinin və sualtı qayıqlarının Rusiyanı dörd bir yandan mühasirəyə aldığı müşahidə edilir. Beləliklə, Rusiya, faktiki olaraq, küncə sıxışdırılmağa çalışılır. Lakin pişik də küncə sıxışdırılanda cırmaq atmağa başlayır.

ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı tətbiq etdikləri iqtisadi embarqolar da bu ölkənin müdafiə gücünü çökdürməyə hesablanıb. Rusiyalı mütəxəssislərin fikrincə, bunun ardınca Rusiyanın nüvə potensialını məhv etməyə yönəlik ildırımsürətli zərbələr endiriləcək. Söhbət bütün raket bazalarını, hərbi təyyarələri və Havadan müdafi qüvvələrini məhv edəcək nüvə zərbələrindən gedir. Odur ki, ruslar bu məsələyə çox həssas yanaşır və düşməni qabaqlamaq taktikasına üstünlük verir. Bu isə ilk zərbəni Rusiyanın vurması anlamına gəlir. Əslində Rusiyanın başqalarını ondan çəkinməyə və onunla ehtiyatlı davranmağa məcbur edən ən əsas vasitəsi də elə budur. Digər parametrlərinə görə isə o, NATO-dan çox-çox zəifdir. Rusiya nüvə başlıqlarının və onların daşıyıcılarının sayına görə də NATO-dan geri qalır. Fəqət ABŞ və Avropaya 5-6 nüvə raketinin düşməsi yetərlidir ki, oralarda həyat məhv olsun.

III Dünya savaşı artıq başlayıb…

I və II dünya savaşlarında olduğu kimi bu gün də bir-birinə qarşı duran böyük blokların yarandığını görməkdəyik. ABŞ və NATO ölkələrinin liderlik etdiyi bloka Səudiyyə Ərəbistanı başda olmaqla, bir çox ərəb ölkəsi də daxildir. Rusiya, Suriya və İranının təşkil etdiyi bloka isə hələlik yalnız Kollektiv Təhlükəsizlik Təşkilatında yer alan Belarus, Ermənistan və s. kimi hərbi güc baxımından əhəmiyyətsiz ölkələr daxildir. Və artıq bu iki koalisiya tərəfindən lokal hərbi əməliyyatlar da aparılır. Doğrudur, bu əməliyyatlar hələlik Ukrayna və Suriya ərazisində gedir və hələ ki, geniş miqyas almayıb. Tərəflər bir-birini açıq şəkildə hədəf göstərməsə də, hər iki tərəf də guya terrorizmlə mübarizə apardığını qeyd etsə də, strateji məqsəd və hədəflər hər kəsə aydındır.

Vəziyyətin bu qədər kritik həddə gəlməsinin səbəbi əslində bu günümüzlə bağlı deyildir. Səbəbi bir qədər uzaqda, SSRİ-nin tarix səhnəsindən silindiyi dövrdə axtarmaq lazımdır. Bu gün baş verənlər SSRİ-nin və Varşava blokunun çöküşü ilə I və II Dünya savaşlarından sonra qurulmuş bütün dəngələrin alt-üst olmasının, ondan sonra zəncirvari şəkildə baş verən geosiyasi dəyişikliklərin məntiqi nəticəsidir. Dəngələrin əməlli – başlı alt-üst olduğunun ən gözəl göstəricisi isə BMT-nin və onun Təhlükəsizlik Şurasının  artıq əvvəlki kimi söz sahibi ola bilməməsi, iflic olmuş bir təşkilata çevrilməsi, eləcə də böyük dövlətlərin beynəlxalq qanunlara əməl etməməsidir. Deyilənlərin həqiqət olduğunu sübut etmək üçün ABŞ-ın bütün beynəlxalq normaları çeynəyərək, Liviya və İraqa müdaxiləsini, eləcə də Rusiyanın da eyni metoddan istifadə edərək Gürcüstan və Ukraynanın ərazilərini işğal etməsini göstərmək olar.

Dəngələr alt-üst olanda isə dünya savaşları qaçılmaz olur və hər şey, bir qayda olaraq, qalib dövlətlərin mənafeyinə xidmət edən yeni dəngələrin qurulması ilə sonuclanır.

Vəziyyət get-gedə gərginləşir…

Vəziyyətin get-gedə gərginləşməkdə olduğunu görürük. Rusiya keçən həftə Suriyada hava hücumlarına başlayaraq, Suriya hökumətinə qarşı çıxan müxalif qruplara zərbələr endirməyə başlayıb. O, guya “terrorçu qrupları” hədəfə aldığını iddia edir. Rus təyyarələrinin Türkiyənin hava sahəsini də pozduğu məlumdur. Belə ki, Türkiyə Rusiyanın hərbi təyyarəsinin ölkənin Suriya ilə sərhəd yaxınlığında hava hövzəsini pozduğunu və bunun Türkiyənin F-16 iki təyyarəsinin Rusiya təyyarəsini ərazidə müşayiət etməsinə səbəb olduğunu bildirib.

Hava hövzəsinin pozulmasından sonra NATO üzvü olan Türkiyə Rusiyaya bunun yenidən baş verdiyi halda, “xoşagəlməz insidentə görə məsuliyyət daşıyacağı” ilə bağlı xəbərdarlıq edib. Xarici İşlər Nazirliyinin bəyanatında insidentin şənbə günü baş verdiyi bildirilir.

NATO da öz növbəsində Türkiyənin Rusiyanın hərbi təyyarələrinin son iki gün ərzində onun hava hövzəsini pozduğunu bildirməsindən sonra Moskvadan dərhal izahat verilməsini tələb edib. Belə ki, NATO-nun Baş katibi Cens Stoltenberq Rusiyanın Suriyada əməliyyatlarını müzakirə etmək üçün bazar ertəsi Türkiyənin Xarici İşlər naziri Feridun Sinirlioğlu ilə görüşərək, Rusiyanın hərəkətlərinin regionda təhlükəsizlik və sabitliyə xidmət etmədiyini bildirib. Bundan başqa, NATO-nun qərarlar verən əsas orqanı olan Şimali Atlantik Şura bəyan edib ki, Türkiyə rəsmiləri Rusiya təyyarələrinə ölkənin hava hövzəsindən çıxması ilə bağlı dəfələrlə xəbərdarlıq edib. Şura insidenti “məsuliyyətsiz hərəkət” adlandırıb və Rusiyadan baş verənlərlə bağlı izahat istəyib.  Moskva isə hələlik insidentlə bağlı rəsmi bəyanat verməyə tələsmir.

Vəziyyətin gərginləşməsi kürd terrorçularını sevindirir…

Rusiya ilə Türkiyə arasında vəziyyətin gərginləşməsi kürd terrorçularına da sərf edir. Təsadüfi deyil ki, PKK-nın Suriya qolu  sayılan PYD-nin  lideri Saleh Müslim  Rusiyanın Suriyadakı  hava əməliyyatlarını məmnunluqla qarşıladıqlarını söyləyib. O,   «RİA Novosti»yə verdiyi açıqlamasında Rusiyanın Suriyadakı böhranı həll edəcəyinə inandığını deyib:  “Rus  təyyarələrinin əməliyyatları  hədəfini tapıb. Bunu  Suriyadakı qrupları dəstəkləyən ölkələrin mətbuatlarının yaydıqları gurultulu bəyanatlar da təsdiq edir. Rusiya ilə birlikdə əməliyyatlarda iştirak etməyə hazırıq. Bizim ABŞ rəhbərliyindəki koalisiya ilə əməkdaşlığımız, Rusiya ilə əməkdaşlığa mane olmur. Biz Rusiya ilə də birləşməyə hazırıq”.

Qeyd etmək lazımdır ki, müxtəlif informasiya agentliklərinin yaydığı xəbərlərə görə, Rusiya artıq Suriyadakı kürd terrorçularını silahlandırmağa da başlayıb. Maraqlıdır ki, eyni şeyi ABŞ və Qərb də edir. Onlar isə «İŞİD»lə mübarizə adı altında İraq kürdlərini dəstəkləyirlər. Və bu dəstək təkcə maliyyə, hərbi texnika və sursat şəklində deyil. ABŞ-ın başçılıq etdiyi koalisiya əvvəlki kimi İslam Dövlətinin mövqelərini bombalayaraq, kürdlərin irəliləməsinə yardımçı olmağa çalışır.

Rusiyanın qəfil hərəkətləri ABŞ-ın onsuz da böhranda olan siyasətini dalana dirəyib…

Görünən budur ki, ABŞ və NATO Rusiyaya qarşı nə kimi tədbir görəcəklərini hələ də müəyyənləşdirə bilməyiblər. Çünki Rusiya ilə ən kiçik hərbi insindent tez bir zamanda partlaq verərək, qlobal şəkil ala bilər. Bu isə öz növbəsində hələlik üstüörtülü və lokal coğrafiyada davam edən III Dünya savaşının açıq şəkil alaraq qitələrarası savaşa çevrilməsi ilə nəticələnər. Bu səbəbdən də ABŞ və NATO əski taktikalarını davam edirməyə üstünlük verirlər.

Əldə olan məlumatlara görə, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Mosul vilayətinin Sincar rayonunda İslam Dövlətinin mövqelərinə aid 2 hədəfə zərbələr endirib. Bu barədə kürd peşmərgə qüvvələrinin zabiti Şirzad Zaholi məlumat verib. Zaholi hər iki hədəfin İŞİD tərəfindən silah və təchizat deposu kimi istifadə olunduğunu, zərbələrdən sonra həmin məkanların partladığını iddia edib. Onun sözlərinə görə, koalisiya qüvvələri həmçinin Sincarın cənubundakı əl-Biac kəndini də bombardıman ediblər, Doğrudur, bu xəbər hələ tam təsdiqini tapmayıb. Lakin dəqiq məlumdur ki, bombardımanlar nəticəsində Ənbar vilayətində 7 İŞİD-çi ölüb. Kürd mənbələrinin hələlik təsdiqini tapmayan xəbərlərinə görə, İslam Dövlətinə aid silah deposu da partladılıb.

Bu kimi xəbərlər tez-tez yayılsa da, çox vaxt onları yoxlamaq mümkün olmur. Fakt isə budur  ki, İŞİD hələ də öz əski mövqelərindədir və zəiflədiyi qətiyyən hiss olunmur. Əksinə, hər gün onun sıralarına yüzlərlə yeni insan qatılır. Bunun da əsas səbəblərindən biri onun heç bir koalisiyada yer almaması, hər iki koalisiya tərəfindən düşmən kimi nəzərdən keçirilməsi və hamı ilə rəqabət aparan tam müstəqil qüvvə təsiri bağışlamasıdır. Lakin, əlbəttə ki, bu, yeganə səbəb deyil.

 

Advertisements
Bu yazı Din, Siyasət kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma