Yaxın və Orta Şərqdə nə baş verir: Fərqli baxış. (V məqalə)

Bəxtiyar Tuncay

tumblr_mksqnkXotZ1qcokc4o1_500

Yer kürəsi sürətlə nüvə fəlakətinə doğru irəliləyir.  Özündə ABŞ, İngiltərə və Fransa kimi nüvə dövlətlərini də birləşdirən NATO-ya qarşı Rusiya və Çin kimi digər nüvə dövlətlərinin yer aldığı yeni bir koalisiyanın yaranmaqda olduğunun şahidiyik.  Görünən budur ki, formalaşmaqda olan yrni koalisiyaya üçüncü bir nüvə dövlətinin – Quzey Koreyanın da daxil olmaq ehtimalı var və bu ehtimal heç də az deyil. «Avropa.info» oktyabraın 9-də yaydığı xəbərdən belə anlaşılır ki, bunu   İraq Parlamentinin  Təhlükəsizlik və Müdafiə Şurasının sədri Hakim əz – Zamili  açıqlayıb.  Zamili deyib ki, İŞİD-lə mübarizə çərçivəsində  Rusiya, İran, İraq, Bəşər Əsəd, Çin və Quzey Koreya koalisiya qurmaq fikirindədir. O, həmçinin Çin və Şimali Koreyanın da Suriyaya hərbi qüvvə göndərə biləcəyini deyib.

Maraqlıdır ki, hamı kimi Quzey Koreya da guya İŞİD-ə qarşı savaşmağa hazırlaşır. Amma hər kəsin bir gizli məqsədi olduğu kimi koreyalı diktator Kim Çen İrin də öz gizli «hesab-kitab»ı var. Söhbət hansı «hesab-kitab»dan gedir? Əlbəttə ki, ABŞ və onun Asiya-Sakit Okean hövzəsindəki əsas müttəfiqləri olan Güney Koreya, Yaponiya və Tayvanla arsında olan dərin ziddiyyətlərdən.

Rəsmi adı Koreya Xalq Demokratik Pespublikası (KXDR) olan Quzey Koreyanın ərazisi 122.762 km²,  əhalisi 24 milyon nəfərdir. Paytaxtı Pxenyan şəhəridir.

. Ölkə ərazisinin təxminən 80%-i sıra dağlardan və yaylalardan ibarətdir. Ölkənin şimal-şərqində orta yüksəkliyi 1000 m olan Kema yaylası yerləşir. Bu yaylanın şimalında ölkənin ən yüksək zirvəsi olan Pektu dağı (2774 m) yerləşir. Bu dağın zirvəsində vulkan mənşəli böyük bir göl vardır. Ölkənin ortasından şimaldan cənuba doğru Nanqim dağları uzanır. Bu dağlardan başlayaraq cənub-qərbə doğru istiqamətlənən Kanqnam, Myohyanq, Ancin və Myarak dağları bir-birinə qoşularaq sıra dağlar yaradır. Bu dağlar arasındakı geniş çay vadiləri Pyonqyanq və Çeryanq ovalıqları ilə birləşir.

Quzey Koreyanın daxili «hesab-kitabı»…

Koreya Xalq Demokratik Respublikası yaranan ilk gündən hakimiyyətə gəlmiş Koreya Əmək Partiyası ölkədə planlaşdırılan iqtisadiyyat sistemi qurub. 1949-cu ildən bütün sənaye sahələri, o cümlədən daxili və xarici ticarət dövlət nəzarətindədir. 1970-ci illərdə ağır iqtisadiyyatın, ordu xərclərinin və neft qiymətlərinin kəskin artımı ölkə iqtisadiyyatının tənəzüllünə səbəb olub və bu, 1980-ci ildə defoltla nəticələnib. 1994-cü ildə vəfat edən Kim İr Senin ardınca hakimiyyətə onun oğlu Kim Çen İr yiyələnib və ölkə iqtisadiyyatındakı durğunluq və izolyasiya onun rəhbərliyi illərində də davam edib. 2002-ci ildə o, islahatlara başlayıb – milli valyuta devalvasiya edilib, kənd təsərrüfatı məhsullarının qiyməti sərbəstləşdirilib, kəndlərdəki kollektiv təsərrüfat növü ailə təsərrüfatlarıyla əvəz edilib. Nəticədə xarici investisiyaların həcmi kəskin artıb. Təkcə Çin 2004-cü ildə Quzey Koreya iqtisadiyyatına 200 milyon dollar həcmində yatırım qoyub. 2007-ci ildə Güney Koreya prezidentinin Quzey Koreyaya səfərindən sonra bu ölkələr birləşməyə qərar veriblər və yardım üçün BMT-yə müraciət ediblər. Ancaq son illərdə Quzey Koreyada sərt kurs tərəfdarlarının artması bu prosesin inkişafına mane olub, Güney Koreyaya rəsmi münasibət dəyişib. İqtisadi islahatlar da dayandırılıb, ölkə nüvə problemi üzrə altıtərəfli danışıqlarda iştirakdan imtina edib.

2009-cu ildə Şimali Koreya irəli texnologiyalar sahəsində böyük sıçrayış edərək kosmosa süni peyk buraxıb. Şimali Koreya, 2012-ci ilidəsonra isə nüvə snaqları və nüvə başlığı daşıya bilən ballistik raketlərin sınağına start verib.

Quzey Koreyanın xarici «hesab-kitabı» və həlli görünməyən ziddiyyətlər

Quzey Koreyanın nüvə texnologiyaları sahəsində əldə etdiyi uğurlar ABŞ-ın bölgədəki müttəfiqləri üçün ən əsas təhlükə mənbəyi hesan edilir. Odur ki, 2015-ci ilin sentyabr ayının ortalarında ABŞ əsas nüvə obyektinin fəaliyyətini bərpa etdiyini bəyan edən Şimali Koreyaya “məsuliyyətsiz təxribatdan” çəkinmək barədə xəbərdarlıq edib. Ağ Ev bildirib ki, Quzey Koreya diqqətini “beynəlxalq öhdəliklərini yerinə yetirməyə yönəltməlidir”.

Məlumat üçün bildirək ki, Yongbyondakı reaktor Quzey Koreyanın nüvə silahı proqramı üçün plutonyum mənbəyi hesab olunur. Yongbyon reaktoru 2007-ci ildə qapadılıb, lakin Pyongyang onun 2013-cü ildə nüvə sınaqlarının ardından bərpa ediləcəyini bildirmişdi. Ekspertlər güman edir ki, fəaliyyətə başlayandan sonra reaktor, ildə bir nüvə bombasına yetəcək qədər plutonyum istehsal edə bilər. Belə hesab edilir ki, ölkə özünün nüvə silahlarını “keyfiyyətcə və sayca” yetərincə inkişaf etdirib.

Qeyd etmək lazımdır ki, Quzey Koreyanın nüvə proqramının dayandırılmasına yönəlmiş Cənubi Koreya, ABŞ, Çin, Yaponiya və Rusiyanın iştirak etdiyi altıtərəfli danışıqlar  2009-cü ildən dalana dirənib. Odur ki, Ağ Evin sözçüsü Josh Earnest bildirib ki, beynəlxalq ictimaiyyət Şimali Koreyanı nüvə dövləti kimi qəbul etməyəcək.

Bir sözlə, Quzey Koreyanın əsas problemi ABŞ-ladır və onun «İŞİD»-lə bağlı bəyanat, əlbəttə ki, ucuz blefdən başqa bir şey deyil, İslam Dövləti bu ölkəni maraqlandıran ən sonuncu məsələdir. Onun Rusiya və Çin kimi nüvə dövlətlərinin «İŞİD»-i bəhanə edərək, NATO-ya qarşı formalaşmaqda olan koalisiyaya can atmasının əsl səbəbi ABŞ-la arasında olan və həlli görünməyən ziddiyyətlərdir.

Başı bəlalı Suriya…

Quzey Koreyanın anti-ABŞ və ya anti-NATO koalisiyasında yer alması bu dövləti özü üçün ən böyük təhlükə mənbəyi görən Yaponiya və Güney Koreyanı qarşı cəbhədə yer almağa sövq edəcək. Rəsmi Pxenyanın da Rusiya və Çinin ardınca Suriyaya hərbi gəmilərini göndərib-göndərəcəyi hələ tam məlum olmasa da, onun bu ölkədə heç bir marağının olmadığı gün kimi aydındır. Sadəcə başı bəlalı Suriya bu gün, demək olar ki.  dünyanın bütün rəqib və düşmən güclərinin toqquşduğu məkana çevrilib. Kənan Rövşənoğlunun «Yeni Müsavat» qəzetində dərc olunmuş «Suriya nədən dünyanın bütün rəqib güclərinin toqquşduğu məkana çevrilib» adlı məqaləsində vurğulandığı kimi, «Suriya həm də insanlığın sona çatdığı torpaq olmağa doğru gedir. Bir qədər mübaliğəli görünsə də, indi dünyanın bütün “toqquşan xətləri” Suriyadan keçir. Daha doğrusu keçmir, bütün zidd qüvvələr Suriya adlı savaş meydanında qarşılaşır».

Hazırda vətəndaş müharibəsinin cəngində olan Suriyada hər şey 2011-ci il martın 15-də geniş xalq kütlələrinin diktatura rejiminə və bu rejimin arxalandığı ələvi azlığa qarşı kütləvi etirazlarları ilə başlayıb. Etiraza səbəb Dəraa şəhərində 8 azyaşlı məktəbli uşağın həbs olunması və naməlum istiqamətə aparılması, onların taleyi ilə maraqlanan valideynlərinə isə dövlət yetkililəri tərəfindən «onları bir daha görməyəcəksiniz, gedin yenilərini əkib-doğun» deməsi olmuşdu. İlk geniş aksiya da məhz ölkənin cənubunda yerləşən bu şəhərdə keçirilmişdi. Nümayişlər ilk öncə dinc xarakterli olsa da,  hökumət qüvvələrinin xalqı atəşə tutmasından sonra tədricən genişlənməyə başlayıdı. Məlumat üçün bildirək ki, həmin gün qaniçən Bəşər Əsədə bağlı ələvi əsgərlərin açdığı atəş nəticəsində təqribən 100 nəfər müsəlman qətlə yetirildi. Elə bu da ölkənin bütün müsəlman əhalinin qəzəbinə səbəb oldu…

Vətəndaş müharibəsinə səbəb olan kritik mart günlərinin ötəri xronologiyası

Dəraada 21-də hökumət əleyhinə keçirilən növbəti etiraz aksiyası zamanı müsəlmanlardan ibarət geniş xalq kütləsi Suriyada dövlət hakimiyyətinin əsas simvollarından sayılan keçmiş prezidentin, yəni hazırkı prezident Bəşər Əsədin atası diktator Hafiz Əsədin  heykəlini dağıtdı. Aksiyalar zamnı qubernatorun iqamətgahı, hakim partiyanın mənzil-qərargahı, məhkəmə binası yandırıldı. Nümayişi yatırmaq üçün şəhərə tank qoşunlarının 4-cü diviziyası göndərildi və martın 22-də tanklardan açılan atəş nəticəsində ən azı 20 nəfər müsəlman şəhid oldu, 300 nəfərdən çoxu isə yaralandı.

Etiraz aksiyalarının müsəlmanların əksəriyyətdə olduğu digər şəhərlərə də yayıla biləcəyindən ehtiyatlanan qaniçən rejim 2011-cil martın 26-da Saydnaya həbsxanasında saxlanılan 260 siyasi məhbusu azad etmək məcburiyyətində qaldı. Hökumət bəzi islahat və güzəştlərlə bağlı vədlər verdi, Lakin bu, hakimiyyətdə olan ələvi azlığın zülmündən zinhara gəlmiş müsəlmanların etiraz aksiyalarının qarşısını ala bilmədi.

Həmin gün “Əl-Ərəbiyyə” telekanalı vasitəsilə xəbər yayıldı ki, martın 29-da Suriya hökuməti istefaya göndəriləcək. Bəşər Əsəd bu yolla ölkədəki etiraz dalğasına son veriləcəyinə ümid edirdi. O, həmçinin Suriyan Ana Yasasının 8-ci maddəsi də dəyişdirilməsinə yaşıl işıq yandırdı. Həmin müddəada bildirilirdi ki, hakim BƏƏS partiyası dövlətin və cəmiyyətin əsas partiyasıdır. Həmin gün Suriya prezidenti 1963-cü ildən bəri tətbiq edilən fövqəladə rejimi də ləğv etdi. Suriya hökuməti istefa verdi. “Əl-Cəzirə” telekanalı prezident Bəşər Əsədin hökumətin istefasını qəbul etdiyi barədə məlumat yaydı. Lakin artıq gec idi. Ölkədə dinc sakinlərin günahsız qanı tökülmüşdü və artıq xalq Bəşər Əsədin istefasını tələb edirdi. Xalq bir-birinin ardınca şəhər və kəndlərdə hakimiyyəti ələ keçirməyə başladı.

Suriyada vətəndaş müharibəsi…

Gözləmək olardı ki, Bəşər Əsəd Ben Əli, Hüsnü Mübarək, Səddam Hüseyn və Qəddafinin taleyindən ibrət alıb dinc yolla hakimiyyətdən gedəcək və hər şey sakitləşəcək. Təbii ki, belə olsa idi, bu gün şahidi olduğumuz fəlakətlər də baş verməzdi. Lakin Bəşər Əsəd bir vaxt diktator atasının etdiklərini təkrar etməyə qərar verdi. Hərbi təyyarələrə üsyançıların hakimiyyəti ələ keçirdikləri şəhər, qəsəbə və kəndləri göydən bombardıman etməyə əmr verdi. Həmin yaşayış yerləri eyni zamanda yerdən tanklardan və raketlərdən atəşə tutulmağa başladı. Şəhər və kəndlərə daxil olan ələvilər qadınları zorlayır, kişiləri isə sorğu-sualsız güllələyirdilər. Bəzlərini isə boğazına qədər torpağa basdırır və onları «Bəşərdən başqa Tanrı yoxdur» deməyə məcbur edirdilər. Cavabında isə, təbii ki, «Lailahə illəllah, Mühəmməd rəsulullah» eşidir və dərhal da diri-diri basdırma əməliyyatını sona çatdırırdılar.

Bu zülmə tab gətirməyən ordudakı müsəlman gənclər hərbi hissələrdən silahları ilə qaçaraq qaniçənlərə müqavimət göstərməyə və həmdinlərini müqavimət göstərməyə çalışırdılar. Belə olan halda Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər özünü qoruya bilməsi üçün müsəlmanlara silah və hərbi texnila ilə yardım etdi. Zülmdən qaçaraq bu ölkələrə sığınan suriyalılara hərbi təlim keçib geri göndərdi. Və üsyançılar tez bir zamanda uğur ardınca uğur qazanmağa başladılar. Yardımlar Avropa ölkələrindən də gəlməyə başladı… Və… Həmişə və hər yerdə olduğu kimi dövriyyəyə yenə də ABŞ girərək yaranmış situasiyanı özünə lazım olan məcraya yönəltməyə başladı.

ABŞ və Türkiyənin bütün kartlarını qarışdırır…

ABŞ-ın bölgədəki çoxgedişli incə oyununun detallarına keçməmişdən öncə onun nəzarətindən çıxaraq və ya da ən azından çıxmağa çalışaraq, öz müstəqil siyasətini yeridən və geosiyasi maraqlarının təmin etməyə çalışan Türkiyə, Səudiyyə Ərəbistanı və Qətərin apardıqları siyasəti gözdən köçürməyə ehtiyac var. Adı çəkilən hər üç dövlət Ərəb baharını dəstəkləmiş və inqilabın baş verdiyi ölkələrdə islamçıların hakimiyyətə gəlməsinə çalışmışlar. Hər yerdə də ilk dövrlərdə uğur qazanmışlar. Fəqət Liviya və Misirdə işə qarışan, ABŞ təşəbbüsü onların əlindən ala bilmişdir. Bunun üçün o. Liviyada Fransa ilə birlikdə xaos ortamı və vətəndaş müharibəsi yaratmaqla, islamçıların bütün ölkəyə sahib olmasını önləməyi, Misirdə isə xristian qibtilərin və hərbiçilərin əli ilə əks-inqilab gerçəkləşdirərək, müsəlman qardaşlarını hakimiyyətdən məhrum etməyi bacarmışdır.

Suriyada da Bəşər Əsədin bu qədər uzun müddət ayaqda qalmasının əsl səbəbksrı əslində ABŞ-dır. Bəli, o da Bəşər Əsədin getməli olduğunu bəyan edir və ona qarşı savaşan qüvvələri maliyyələşdirir və silahla təmin edir. Fəqət onlardan daha çox İslam Dövlətinə qarşı istifadə edir. Yəni bu gün Birləşmiş Suriya Müxalifəti iki cəbhədə savaşır. Yəni həm Əsədə və həm də İŞİD-ə qarşı döyüşür. Fakt budur ki, müxalif qüvvələr artıq çoxdan Dəməşqi ala və Bəşər Əsədi devirə bilərdilər. Onlar çoxdan paytaxtı üzük qaşı kimi mühasirəyə alıblar və Prezident sarayından yerləşdikləri mövqeləri cəmi 8 kilometr ayırır. Şəhərin mərkəzini cəmi 10-15 min ələvi, Hizbullah terrorçusu və təqribən min nəfər İran əsgəri qoruyur.

Bəs, nədən ABŞ buna mane olur?

Əlbəttə ki, bunun səbəbi Suriyadakı ələvi rejimini məhv etməklə, əzəli rəqib İranın Livandakı Hizbullah terrorçuları ilə əlaqəsini zəiflətməyi, bu yolla fars imperializminin bölgədə dominant gücə çevrilməsini önləməyi düşünən Səudiyyə və Qətərə mane olmaq deyil. Onların bu mövqeyi ilə ABŞ-ın çıxarları arasında heç bir ziddiyyət yoxdur. ABŞ-ı narahat edən güclənən və bölgədə gerçək söz sahibinə çevrilmək potensialına sahib olan Türkiyədir. Amerikalıları narahat edən Bəşər Əsədin devrilməsindən sonra Türkiyənin bölgədəki gücünün qat-qat arta  biləcəyidir. Rusiyanın bölgəyə müdaxiləsindən ömcə Almaniya və Hollandiyanın Türkiyə ərazisindəki «Patriot» raketlərini çəkməsinin və bu gün Türkiyənin yanında yer aldıqlarını söyləyən NATO-nun «Patriot»ların geri qaytarılmasında bəzi problemlərin olduğunu bəyan etməsi, təbii ki, təsadüf deyil və Qərb müttəfiqlərinin Türkiyəyə «arxadan vurulan zərbə»sindən başqa bir şey deyil. Daha doğrusu, onu Rusiya ilə yarana biləcək qarşıdurmada arxasız qoymaqdır. Nə üçün? Bu suala növbəti məqalədə cavab veriləcək…

Hələlik isə Rusiya «Suriya hökumətinin» istək və «icazəsi» ilə bu ölkənin bütün səmasının müdafiəsini öz üzərinə götürdüyünü bəyan edib. Bu isə, o deməkdir ki, Türkiyə təyyarələri Suriya hava sahəsinə daxil olarlarsa, vurulacaqlar. Yəni bu yolla təyyarələrin Suriyadakı kürd terrorçularına havadan zərbə vurmasının qarşısı alınıb. Paralel olaraq, guya İŞİD-ə qarşı savaş adı altında kürd terrorçularının silahlandırılmasına start verilib. NATO rəhbərliyi isə bəyan edir ki, Türkiyənin köməyinə yalnız 48 saata çata bilərik.  Bu o deməkdir ki, Türkiyə-Rusiya qarşıdurması yaranarsa, NATO 48 saat seyirçi qalacaq və ruslara Türkiyəni bombardıman etməsinə imkan verəcək. Çox ilgincdir, deyilmi?

Advertisements
Bu yazı Din, Siyasət kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma