Böyük, gizli plan: Rusiya İŞİD-i niyə vurmur?

Bəxtiyar Tuncay

Untitled

Bir neçə gün öncə ABŞ-ın dövlət katibi Con Kerri Suriya məsələsinin optimal həlli yollarını araşdırmaq üçün Suriya, Türkiyə, Səudiyyə Ərəbistanı və İordaniya ilə birlikdə müzakirə edəcəklərini bildirmişdi və görünən budur ki, ABŞ hansısa yeni təklif  üzərində düşünürmüş. Lakin Rusiyanın gözlənilməz addımı növbəti dəfə rəsmi Vaşinqtonu fakt qarşısında qoydu. Heç kəsin gözləmədiyi halda, Suriya diktatoru Bəşər Əsəd Moskvada peyda oldu. Bu o demək idi ki, ruslar ABŞ-ın heç bir təklifini dinləmək fikrində deyillər və bütün dünyaya öz oyun qaydalarını diqtə etməkdə qərarlıdırlar.

Məsələ burasındadır ki, Bəşər Əsəd artıq öz xalqı tərəfindən bütünlüklə rədd edilən və yalnız İran hərbçilərinin və Hizbullah terrorçularının sayəsində hələ də ayaqda duran müqəvvadan başqa bir şey deyil və Rusiya onu Suriyanın «yeganə legitim hakimiyyəti» kimi qələmə verərək və ələ taxılıb oynadılan kukla kimi istifadə edərk bu ölkənin taleyinin yeganə və şəriksiz hakimi rolunda çıxış etmək fikrindədir. Bunun üçün ona ilk növbədə hazırda İranlılar və İranpərəst qüvvələr tərəfindən qorunan Dəməşqi həmin qüvvələrdən təmizləyərək, rus hərbiçiləri ilə əvəz etmək, ikinci növbədə isə Bəşər Əsəd rejiminə qarşı savaşan, ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı və s. ölkələr tərəfindən dəstəklənən Azad Suriya Ordusunun, eləcə də bilavasitə Səudiyyə və Qətərin maliyyələşdirdiyi Ən-Nüsra Cəbhəsinin mövqelərini bombardıman edərək, onları zəiflətmək lazımdır. Və o bunu «İŞİD-ə qarşı mübarizə» adı altında mərhələ-mərhələ gerçəkləşdirir. Həqiqətdə isə onun hamı tərəfindən əski adı ilə «İŞİD» (İraq-Şam İslam Dövləti) adlandırılan İslam Xilafəti Dövlətinin mövqelərinə sarsıdıcı zərbələr vurduğu müşahidə edilmir. Yalnız təbliğat məqsədi ilə çəkilmiş video süjetlərdə Suriya müxalifətinin mövqelərinə endirilən zərbələr guya «İŞİD mövqelərinin bombalanması» kimi təqdim edilir və bununla da gözə kül üfürülür.

Rusiya İŞİD-i vururmu?

Əlbəttə ki, söhbət təkcə təbliğati video-çarxlardan getmir. Bura Rusiyanın ayrı-ayrı TV kanallarında nümayiş etdirilən «tokşou»ları da əlavə etmək lazımdır. Bu verilişlərin iştirakçıları ağızları köpüklənə-köpüklənə «sübut» etməyə çalışırlar ki, guya Rusiya aviasiyasının dəqiq zərbələri nəticəsində İŞİD-ə öldürücü xəsarət dəyib və onlar panika içində qaçırlar. Təbii ki, belə şoularla yalnız avam kütlələri aldatmaq mümkündür. Dövlətləri aldatmaq isə mümkün deyildir. Təsadüfi deyil ki, Türkiyənin baş naziri Əhməd Davudoğlu Rusiyanın Suriya torpaqlarında keçirdiyi əməliyyatlara dair mühüm açıqlamalar verərkən, onun Suriyada İŞİD-i deyil Azad Suriya Ordusunu vurduğunu söyləyib.  Baş nazir oktyabrın 7-də verdiyi müsahibəsində bildirmişdi ki, “həyata keçirilən hava hücumları zamanı İŞİD vurulmur. İndiyə qədər 57 dəfə əməliyyat həyata keçirilib ki, bunlardan 55-i Suriya müxalifətinə, 2-si isə İŞİD-ə qarşı olub. Bu necə əməliyyatdır?”

Prezident Rəcəb Tayyib Ərdoğan da eyni bəyanatı təzələyərək bildirib ki, “Rusiya Suriyada “İŞİD”i vurmur. Bir dəfə ağızlarından qaçırdılar ki, Əsəd rejiminə qarşı olan hər qruplaşma bizim üçün terrorçudur. Onların əsl məqsədi Lazkiyədə hərbi baza yaratmaqdır”.

Bənzər bəyanatla İngiltərə, Fransa və NATO rəsmiləri də çıxış ediblər. Obama administrasiyası isə bildirib ki, Rusiyanın Suriya daxilində kimi bombaladığını bilmir. Hələlik bilinən odur ki, Rusiya ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) sınaqdan çıxardığı, ABŞ silahlarından istifadə edən üsyançı qrupa zərbə endirib.

“Reuters” agentliyi oktyabr ayının 23-də yaydığı xəbərdə Rusiyanın Müdafiə Nazirliyinin açıqladığı məlumatlara istinadən göstərilir ki, Rusiyanın Suriyada vurduğu obyektlərin təxminən 80 faizi İŞİD terror təşkilatının nəzarətində olmayan bölgələrdə yerləşir: «Bu statistika Moskvanın iddialarının tamamilə əsassız olduğunu göstərir. Moskva onun Suriyada həyata keçirdiyi əməliyyatların əsas hədəfinin İŞİD terror qruplaşması olduğunu bildirir… Analizə əsasən, aviqazərbələrin əsas hissəsi Bəşər Əsədə qarşı olan digər qruplaşmaların nəzarət etdiyi bölgələrə endirilib. Bildirilir ki, onların arasında Vaşinqton və onun müttəfiqlərinin dəstəklədiyi Suriyanın mülayim müxalifəti də var».

İslam Xilafəti Dövləti (İŞİD) güclənməkdə və genişlənməkdə davam edir…

Təbii ki, Rusiya rəhbərliyi bütün deyilənləri rədd edir və terrorizmə qarşı uğurlu mübarizə apardıqlarını bildirir . Faktlar isə göstərir ki, Rusiya Suriyada hərbi əməliyyatlara başlayandan sonra İslam Xilafəti Dövləti (İŞİD) nəinki zərrə qədər də zəifləməyib, əksinə, hər keçən gün güclənməkdə və genişlənməkdə davam edir. Təsadüfi deyil ki, “İHS Jane” müdafiə informasiya qrupunun 22 oktyabrda yayımladığı yeni qlobal hesabatına görə, İŞİD –in bütün dünya boyu həyata keçirdiyi gündəlik hücumlar 40 faiz artıb. Araşdırma iyul və sentyabr ayları arasında İŞİD-in 1086  hücumumunu qeydə alıb. Bu isə günə 12 hücum deməkdir ki, bu rəqəm daha öncəki rüblə müqayisədə 42 faiz artıma bərabərdir.

Hesabat İslam Xilafəti Dövlətinin nəzarət etdiyi ərazilərin yerləşdiyi ölkələri əhatə edir. Bunların sırasına isə Suriya, İraq, Misir, Liviya, Yəmən, Əfqanıstan, Pakistan, Nigeriya, Səudiyyə Ərəbistanı, Şimali Qafqaz və Əl-Cəzair daxildir. Bu ölkələrdəki bir sıra yerli islamçı ektremist qrup (məsələn Nigeriyada Boko Haram) “İslam Dövləti” qrupuna loyallığını bəyan etsə də, bu qruplaşmaların hücumlarını İŞİD rəhbərliyi ilə nə dərəcədə koordinasiya etdiyi aydın deyil. Suriya və İraqda fəaliyyət göstərən İŞİD döyüşçüləri aylar boyu ABŞ-ın başçılıq etdiyi koalisiyanın, son zamanlar isə daha az nisbətdə Rusiyanın bombalama reydləri tərəfindən hədəfə alınıblar.

Bir sözlə, hesabat bu hava hücumlarının İŞİD qrupuna təsir edib-etmədiyinə şübhə ilə yanaşsa da, qrupun ərazi genişləndirməsinin bir qədər zəiflədiyi bildirir. Amma genişlənmə, istənilən halda, zəif olsa da, davam edir.

Rusiyanın mövqeyi ABŞ-ı narahat edir…

Əslində vəziyyətin bu yerə gəlməsində ABŞ-ın da günahı az deyil. Əgər ABŞ-ın müdafiə naziri rusiyalı həmkarının, dövlət katibi də Rusiyanın baş naziri Dmitri Medvedyevin görüşmək və məsələni müzakirə etmək barədə təkliflərindən yayınmasaydı, bəlkə də, müəyyən konsensuns əldə etmək olardı. İndi isə, Əsədin Moskvaya gözlənilməz səfərindən sonra, müzakirə şansları daha da azalıb.

Əlbəttə, Ağ evi başa düşmək çətin deyil. Özünü dünyanın yeganə supergücü hesab edən dövlətin rusların diktəsi ilə hərəkət etməsi yolverilməzdir. Amma bu da həll yolu deyil. ABŞ-ı özünün bir nömrəli düşməni elan edən İŞİD güclənməkdə və genişlənməkdə davam edir. Rusiya onu nəinki vurmur, əksinə, Quzey Qafqazdan radikal islamçıların Suriyaya gedərək İŞİD-ə qatılmasına da mane olmur. Hətta onlar üçün «yaşıl zolaq» da yaradıb. Bəli, nə qədər təəcüblü və qeyri-real səslənsə də, bu belədir. Bu barədə dünyanın ən nüfuzlu mətbuat orqanlarından biri hesab edilən «New Yorker» jurnalı özünün son nömrəsində yazmışdır. Öz dərin və ciddi araşdırmaları ilə ad çıxarmış «Новая газета» adlı rus qəzeti də eyni faktı təsdiqləməkdədir.

Qəzetin İŞİD sıralarında döyüşən dağıstanlılarla gizli şəkildə görüşməyi bacarmış müxbiri Yelena Milaşinanın yazdığına görə, Quzey Qafqazdan olan radikal islamçılar heç bir çətinlik çəkmədən, Mahaçqala-Bakı-İstanbul marşrutu ilə Türkiyəyə gedir, oradan da rahatca Suriyaya keçirlər. Müxbirin əldə etdiyi məlumatlara görə, bu məsələdə onlara Federal Təhlükəsizlik Xidmətinin (FTX) agentləri də gizli və ya açıq şəkildə yardımçı olurlar. Yelena Milaşina bunu Rusiyanın məqsədyönlü şəkildə radikalları öz ərazisindən çıxarması və bu yolla təhlükə riskini azaltmaq istəməsi ilə əlaqələndirir.

Şübhəsiz ki, müxbirin gəldiyi nəticə ilk baxışdan məntiqli və inandırıcı görünür. Amma bu ilk baxışdan belədir.

Rusiyanın İŞİD-lə bağlı öz planları var…

Rusiyanın məqsədyönlü şəkildə radikalları öz ərazisindən çıxarması və bu yolla təhlükə riskini azaltmaq istəməsi barədə söylənilənlərə yalnız avamlar inana bilər. Bəs, belə olan halda məsələ nədədir? Məsələ ondadır ki, Rusiyanın İŞİD-lə bağlı öz uzaqgedən planları var. Əvvəla, İslam Xilafəti Dövləti bölgədəki digər radikal islamçı dəstələr kimi ABŞ-la nəinki əməkdaşlıq etmir, əksinə, onun dəstəklədiyi Azad Suriya Ordusu, eləcə də arxasında Səudiyyə Ərəbistanı və Qətərin durduğu Ən-Nüsra Cəbhəsi ilə rəqabət aparır və yeri düşdükcə, onlara zərbələr endirir. Bu isə müvəqqəti də olsa, Rusiyanın işinə yarayır. Ən əsas məsələ isə budur ki, İŞİD özünü Xilafət Dövləti elan edib. Və bu statusu rəsmiləşdirə bilmək üçün ona mütləq və mütləq Məkkə və Mədinəyə hakim olmaq lazımdır. Yəni o, nəyin bahasına olursa-olsun, Səudiyyə Ərəbistanına müdaxilə etməli və sözügedən şəhərləri ələ keçirməlidir. Amma bunu etməmişdən öncə İran zabitlərinin komandanlığı altında İraq şiələrinin qoruduğu Bağdad, Kufə və Bəsrəni almalıdır. Bunu etmək İŞİD-in əlində su içmək kimi bir şey olsa da, ABŞ və müttəfiqlərinin hava zərbələri bu planı həyata keçirməyə imkan vermir. Odur ki, Rusiya kiçik müttəfiqi, daha dəqiq desək, əlaltısı İranın vasitəçiliyi ilə Bağdadda ABŞ-ın oturtdurduğu qondarma şiə «hökumət»inin İraqın hava sahəsinin eynən Suriyada olduğu kimi ruslar tərəfindən qorunmasına icazə verməsinə çalışır. Yəni bunun üçün ruslara formal bir «xahiş» lazımdır. Bu «xahiş» əldə olunarsa, ruslar eynən Suriyada olduğu kimi, İraqın hava sahəsini də həm NATO, həm də Səudiyyə təyyarələrinə bağlamış olar. Belə olan halda isə İŞİD heç bir çətinlik çəkmədən Səudiyyənin sərhədlərinə çata və içərilərərinə doğru irəliləyə bilər.

Səudiyyəni vurmaq həm Rusiyaya, həm də İrana çox lazımdır…

Səudiyyə vurularsa, neftin qiyməti sürətlə artar ki, bu, həm Rusinın, həm də İranın işinə yaramış olar. O biri tərəfdən də Bəşər Əsədə qarşı döyüşən Ən-Nüsra Cəbhəsi də arxasız qalar və zəifləmiş olar. Şübhəsiz ki, bu plan İranın da işinə yarayır. Bu ölkə Səudiyyəni bölgədə özünün bir nömrəli düşməni və rəqibi hesab edir.

Beləliklə, ruslar bir neçə dovşan vurmuş olacaqlar. Bir yandan Bağdad «hökuməti»nin idarəçiliyi ABŞ-dan Rusiyanın əlinə keçəcək, o biri yandan da Səudiyyə məhv ediləcək. Səudiyyənin məhv edilməsi isə ABŞ-ın əlində Rusiya və İrana qarşı əsas  iqtisadi təsir rıçaqlarından olan «OPEK»-in öz əhəmiyyətini itirməsi deməkdir.

Gərək axmaq olasan ki, rusların radikal islamçılar üçün yaratdıqları «yaşıl zolağ»ın həm də İŞİD-in içinə öz agentlərini yerləşdirməyə xidmət etdiyini başa düşməyəsən. Agentlər yəqin ki, artıq çoxdan yerləşdirilib və indi növbə ilə Bağdad, Kufə və Bəsrəyə, ardınca da Məkkə və Mədinəyə hücum barədə əmr gözləyirlər. İraqın qondarma «hökumət»i isə Nəcəfə də köçə bilər.

Təbbi ki, ABŞ axmaq deyil və rusların hədəfinin nə olduğunu çox yaxşı bilir. Odur ki, onun da cavab addımlar atacağı istisna edilmir. Bu addımlardan biri Dəməşqi üzük qaşı kimi halqaya alan, Prezident iqamətgahından sadəcə 8 kilometr məsafədə olan və Dəməşqi almaq üçün çoxdan hücum əmri gözləyən  Azad Suriya Ordusuna, nəhayət ki, hücum əmri verilməsi ola bilər.

Yeri gəlmişkən qeyd edək ki, Dəməşq Rusiya üçün bir o qədər də böyük önəm daşımır. Onun üçün önəmli olan hərbi bazalarının olduğu Lazakiyə və Tartusdur. Bəşər Əsəd ölkəni oradan da «idarə» edə bilər.

Advertisements
Bu yazı Siyasət kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma