Çin və Rusiya gerçəkdən də müttəfiqdirlərmi?

Bəxtiyar Tuncay

Untitled

Rusiya Suriyanın ardınca İraqa yönəlik planlarını da mərhələ-mərhələ həyata keçirməkdədir. İlk baxışdan nə qədər qəribə görünsə də, fakt faktlığında qalır ki, ABŞ-ın İraqın işğalından sonra bu ölkədə yaratdığı kukla «şiə hökuməti»nə bağlı qondarma «İraq Parlamenti» ruslara İraqda hərbi əməliyyatlar keçirməyə icazə verdi. Şübhəsiz ki, bu qərarın verilməsində İraq şiələri üzərində nüfuz sahibi olan İranın da müstəsna «xidmətləri» oldu. İranın Fars agentliyinin 2015-ci ilin 26 oktyabr tarixində yaydığı xəbərdən belə məlum oldu ki, Rusiyaya İraq ərazisində «İŞİD-ə qarşı əməliyyat aparmağ»a, başqa sözlə, sözügedən ölkəyə öz hərbi hissələrini yerləşdirməyə icazə verilib. Bunu İraqın qondarma «Parlament»inin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Hakim əl Zamili bəyan edib.

Beləliklə, rusların amerikalıları İraqdan sıxışdırmasının əsası qoyuldu. Lakin rəsmi Moskvanın əsil hədəfi heç də İslam Xilafəti Dövlətinə qarşı yerüstü əməliyyatlar keçirmək deyil. Bunun üçün iranlılar, İraq şiələri və kürd terrorçuları var və qara işi görmək və ölümə getmək onların işidir. Rusların əsl hədəfi ikinci mərhələdə, eynən Suriyada olduğu kimi, İraqın da bütün hava sahəsini bütünlüklə nəzarətə götürmək və ABŞ başda olmaqla, NATO təyyarələrinin həmin sahəyə daxil ola bilməsinin qarşısını almaqdır. Əlbəttə, yəqin ki, ruslar eynən Surayada olduğu kimi, İraqda da gözdən pərdə asmaq üçün İŞİD mövqelərinə hədəfdən yayınan bir neçə zərbə endirəcək, ardınca da, İŞİD-in məhv edildiyi və panika içində qaçmağa üz tutduğu barədə TV şouları təşkil edəcəkdir.

Qeyri-klassik «şahmat taxtası»…

Şahmat oyunundan başı çıxanlar yaxşı bilirlər ki, bu oyunu iki nəfər oynayır və lövhədəki fiqurlar da, ağ və qara olmaqla, iki rəngdə olur. Yaxın və Orta Şərqi şahmat taxtasına bənzətsək, onun qeyri-klassik «taxta», yəni ənənəvi olmayan «lövhə» halına gəldiyini görə bilərik. Onun qeyri-ənənəviliyi ondadır ki, lövhənin arxasında iki deyil daha çox oyunçu oturub, fiqurlar da iki yox, daha çox rəngdədir və lazım gəldikdə buqələmun kimi rəng dəyişdirirlər. Üstəlik də təkcə vəzir və top kimi yüksək ranqlı fiqurlar deyil, hətta piyadalar da bir çox hallarda oyunçuların iradəsinə tabe olmadan özbaşına hərəkət edirlər. Məsələn, nə ABŞ, nə İran, nə də Rusiya səngərlərdə oturmağa üstünlük verən və bu böyük oyunda eynən kürdlər kimi piyada rolunu oynayan İraq şiələrini mücahidlərlə birbaşa döyüşə göndərə bilmirlər. Onlar döyüşmək istəmirlər. Buna zorlandıqları halda isə silahlarını atarq qaçmağa üstünlük verir və şahmat taxtasında bəzən at, bəzən fil, bəzən də top rolunda çıxı edən iranlı zabitləri düşmənlə döyüşdə tək qoyurlar. Elə bunun nəticəsidir ki, İran artıq 8 generalını və yüzlərlə zabitini itirib. Məhv edilmiş iranlı əsgərlərin sayı isə iki mini keçib.

Bu yeni oyunun ən qəribə xüsusiyyəti isə budur ki, taxtada tək vəzir olan İslam Xilafəti Dövləti oyunçulardan heç birinə tabe deyil və özünü fiqur kimi yox, oyunçulardan biri kimi aparır. Digər maraqlı xüsusiyyət də odur ki, oyunçular –ABŞ, Rusiya və Türkiyə gah bu, gah da o biri rəngdə olan fiqurla oynaya bilirlər. Lövhənin arxasında yer almış Avropa Birliyinin hökmü yalnız piyadalardan birinə kürdlərə çatır, Çinin isə ümumiyyətlə heç bir fiquru və piyadası yoxdur.

Çin və Rusiya gerçəkdən də müttəfiqdirlərmi?…

Alleqoriyanı bir tərəfə buraxıb, fikrimizi normal siyasi-publisistik termin və ifadələrlə dava etdirəsi olsaq, demək lazım olacaq ki, bölgə neft və qaz yataqlarının yenidən bölüşdürülməsi uğrunda mübarizəyə, ilk dəfədir ki, birbaşa qatılan Çin hələlik Rusiyanın yanında və onun müttəfiqi kimi görünür. Fəqət əgər kimsə bu ölkənin sona qədər Rusiyanın geo-siyasi planlarının yedəyində gedəcəyini düşünürsə, çox böyük səhvə yol verir. Çin Rusiyaya görə ABŞ və Avropa Birliyi ilə müharibəyə girmək fikrindən çox uzaqdır. Əgər girişəsi olacaqsa da, bunu yalnız və yalnız öz şəxsi mənfəəti üçün edəcəkdir. Hərçənd ki, Çinin siyasəti ağacın başında oturub, dərilərini üzüb çıxara bilmək üçün iki pələngin savaşmasını və bir-birini məhv etməsini gözləyən meymuna bənzəyir və o rusların zənn etdiyi kimi də axmaq deyil.

Bir sözlə, Çinin rus siyasətinə alət olmayacağı kəsindir. Belə ki, Çinin həm ABŞ, həm də Avropa Birliyi ilə illik ticarət dövriyyəsi 500 milyard dollardan artıqdır. O, həm ABŞ-a, həm də Avropa Birliyinə yüzmilyardlarla kapital qoyub. Onlar da eyni şeyi Çin iqtisadiyyrına münasibətdə edib. Rusiyaya verilmiş Çin kreditlərinin həcmi isə sadəcə 5 milyarddır. Bura Hindistan və digər ölkələr üzərindən yatırılmış 25 milyard krediti də əlavə etsək, vur-tut 30 milyard edir. Bir sözlə, fərq müqayisə edilməyəcək dərəcədə böyükdür.

Məsələyə bir qədər başqa prizmadan baxsaq, yenə də eyni mənzərənin şahidi olarıq. Məsələn, ABŞ-ın Asiya-Sakit Okean bölgəsi ölkələri ilə illik ticarət dövriyyəsi 1,2 trilyon dollardır ki, bunun da təqribən yarısı Çinin payına düşür.

«Pələnglərin çarpışmasını gözləyən meymun» nə etməyi düşünür?…

Çin çoxminillik tarixi boyu, ilk dəfədir ki, qlobal geo-siyasi və geo-iqtisadi prosselərə qoşulub. Onun bu sahədə böyük usta olduğunu söyləmək çox çətindir. İndiyə qədər bu rolda çıxış etmədiyi üçün də hansı gedişlər edə biləcəyi hamı üçün müəmma olaraq qalır. Hətta belə təəssürat yaranır ki, nə edəcəyini özü də dəqiq bilmədiyi üçün gözləmə mövqeyi tutub. Rusiya isə, ondan fərqli olaraq, nə istədiyini çox yaxşı bilir, həddən artıq çevik və cəld hərəkət edir.  Və hələlik ABŞ-ı sıxışdıra-sıxışdıra gedir və bu sıxışdırma bir vaxtlar Gürcüstan və Ukraynada olduğu kimi, bu gün Suriya və İraqda da özünü bariz şəkildə göstərir. Bir sözlə, Moskva Vaşinqtondan da Brüsseldən də daha çevik gözə dəyir. Bunun səbəbi isə hər hansı bir addımı atmaq üçün onu bir çox instansiyalarla razılaşdırmalı olan demokratik rejimli dövlətlərin ləngliyində, diktatura rejimlərində isə qərarın bir nəfər tərəfindən dərhal qəbul edilə bilinməsində axtarmaq daha doğru olar. Bu fakt Rusiyaya qərarların kollegial qaydada qəbul edildiyi NATO üzərində də inanılmaz üstülük verir. Azərbaycan atalar sözündə deyildiyi kimi, min ağıllı fikirləşənə qədər bir dəli vurub çayı keçir. Amma bu o demək deyil ki, ağıllılar çayın bu sahilində ilişib qalacaq. Onlar da keçəcək və o zaman Rusiyanın halı necə olacaq, bunu Allahdan başqa kimsə bilmir.

Yeri gəlmişkən qeyd edək ki, Çində də diktatura rejimidir və bu ölkə də lazım gələndə çayı ani keçməyi bacarır.

At, fil və top qambiti…

Yenidən alleqorik dildən istifadə etsək, şahmat taxtasında bəzən at, bəzən fil və bəzən də top rolunda çıxış edən İran, Səudiyyə və Qətərə gəlincə, onlar da tez-tez oyunçuların iradəsindəm kənara çıxır və müstəqil gedişlər etməyə üstünlük verirlər. Rəng dəyişməyi də yaxşı bacarırlar.

Hazırda bu fiqurların öz aralarında da qızğın rəqabət gedir… Belə ki, Rusiyanın ən əsas fiquru olan İran bir çox piyadanı yanına çəkərək hərəkət etdiyi üçün daha şanslı görünür və Yəməndəki şiələrin əli ilə ABŞ-ın əsas sözəbaxmaz fiqurlarından birini, daha dəqiq ifadə etsək, Səudiyyəni çətin vəziyyətə salmağı bacarıb. Bunu son günlərdə  bəzi xəbər agentliklrinin yaydığı məlumatlar da təsdiqləyir. Məsələn, «Deyerler.az» saytının yazdığından (26 oktyabr) aydın olur ki, Yəmən ordusu oktyabrın 22-də ölkənin Taizz əyaləti səmalarında Səudiyyəyə məxsus uçan pilotsuz kəşfiyyat təyyarəsini vuraraq yerə salıb. Səudiyyə Ərəbistanına aid pilotsuz kəşfiyyat təyyarəsinin Taizz şəhərinin Sabir əl-Məvadim rayonunun Siman məntəqəsində vurulduğu bildirilib.

Bütün deyilənləri ümumiləşdirərək deməliyik ki, ilk baxışdan ümumilikdə situasiya aydındır. Amma Çin müəmma olaraq qaldığından bunu taş əminliklə söyləmək olmur. İkinci müəammalı məqamı da unutmamalıyıq. Söhbət İslam Xilafəti Dövlətindən gedir. Onun sabah hara vuracağı və hansı ərazini ələ keçirəcəyi məlum deyil və bu da dəqiq proqnozlar verməyi imkansız edir. Bir şey dəqiq məlumdur ki, bu xəmir hələ çox su aparacaq və sonda həmin xəmirdən nə alınacağı məlum deyil.

Advertisements
Bu yazı Siyasət kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma