Rusiya bütün dünyaya meydan oxuyur

Bəxtiyar Tuncay

Untitled

Rusiyanın Güney Osetiya, Abxaziya və Krım ərazilərinin işğalının ardınca Suriyaya müdaxilə edərək, ABŞ və müttəfiqlərinin maraqlarını kobud və saymazyana şəkildə təhdid etməyə başlamasıdan sonra NATO ölkələrinin, sanki, böyük müharibəyə hazırlaşdıqları təəssüratı yaranır. Belə ki, 30 üzv və tərəfdaş ölkənin daxil olduğu NATO-nun oktyabr ayının 19-da başlayan, üç həftə sürən, yəni noyabrın 6-na qədər davam edən genişmiqyaslı təlimləri belə düşünməyə əsas verir. Bu təlimlərdə 30 mindən çox əsgər iştirak edib. Hərbi qüvvələr Aralıq dənizi sahillərində yerləşən İtaliya, İspaniya və Portuqaliyada intensiv təlimlər keçib. Oktyabrın 4-ü yüzlərlə əsgər vertolyot və tankların müşayiəti ilə təlimlərin bir hissəsi kimi İspaniyanın şimal-şərqində San Qreqario bazasında hərbi hücumun simulyasiyana qatılıb.

Alyansın baş katibi Yens Stoltenberq bununla bağlı deyib ki, son on ildə alyansın keçirdiyi ən genişmiqyaslı hərbi təlimlər müttəfiq ölkələrə və mümkün düşmənlərə aydın siqnaldır: “NATO qarşıdurma axtarmır, lakin biz bütün müttəfiqlərimizi müdafiə etmək üçün hazırıq… NATO Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı ATƏT-ə bütün üzv ölkələr, habelə Rusiya da daxil olmaqla dünyanın başqa ölkələrindən müşahidəçiləri təlimlərə dəvət edib».

Bundan başqa, NATO qaynaqlarının yaydığı xəbərlərdən belə məlum oldu ki, 12 üzv ölkənin hərbi qüvvələri girovların xilas edilməsi, sahələrin minalardan təmizlənməsi və quru qüvvələrin hücumları kimi hücum əməliyyatlarında iştirak edib. Təlimlər zamanı ABŞ-ın 500 nəfərlik desant qrupu Şimali Karolina ştatında yerləşən Fort Braqq bazasından birbaşa uçaraq təlimlərə qatılıb.

Rusların texnoloji geriliyi açıq şəkildə özünü büruzə verir…

Hələlik müharibə barədə tərəflərdən heç biri açıq şəkildə danışmasa da, fakt budur ki, vəziyyət hər keçən gün gərginləşməkdə davam edir. Bu gərginlik real hərbi qarşıdurmaya çevrilərsə, nəticənin necə olacağını indidən demək çox çətindir. Lakin fakt budur ki, hər il öz hərbi arsenalını modrn silah və texnika ilə zənginləşdirən NATO-dan fərqli olaraq, Rusiya belə bir lüksdan məhrumdur və texnoloji baxımdan rəqiblərindən çox geri qalır. Bunu təkcə 2015-ci ildə baş vermiş istər hərbi, istərsə də mülki təyyarə qəzalarının sayı da açıq-aşkar şəkildə göstərir. Məsələn, təkcə bu ilin fevral ayının 11-də Rusiyanın iki müxtəlif bölgəsində iki hərbi təyyarəsi qəzaya uğramışdır. Bunlardan Rusiya Hərbi Hava Qüvvələrinə məxsus “Su-24” bombardmançı təyyarəsi həmin gün Volqoqrad üzərində qəzaya uğrayaraq  “Marinovka” aerodromu yaxınlığıda, uçuş-enmə zolağından 7 km aralıda yerə düşüb.

Yenə həmin gün Rusiyanın Voronej vilayətində “Su 34” tipli bombardmançı təyyarə eniş edərkən qəzaya uğrayıb. Onun əyləc paraşütü açılmayıb və o, eniş-uçuş zolağından kənara çıxaraq aşıb. Bundan əvvəl isə Həştərxan vilayətində “Miq-29” qırıcı təyyarəsi qəzaya uğramışdı.

Deyilənlərə son bir neçə gündə qəzaya uğramış bir neçə sərnişin təyyarəsini də əlavə etmək olar. Əlbəttə, ilk baxışdan bu qəzaların Rusiyanın hərbi potensialı ilə heç bir əlaqəsi yoxdur və onları misal çəkməyimiz, bəlkə də, yersizdir. Lakin unutmaq lazım deyil ki, hərbi münaqişələr zamanı mülki təyyarələrdən hərbi personalın bir yerdən digərinə köçürülməsində geniş istifadə edilir və onlarda baş verən ən xırda nasazlıq yüzlərlə əsgər və zabitin məhvi, nəticədə nəzərdə tutulmuş əməliyyatın uğursuzluğa düçar olması ilə nəticələnə bilər.

Mülki aviasiyada da vəziyyət xoşagələn deyil

 

Bu ilin oktyabr ayının 31-də Misirdən Rusiya istiqamətində uçuş həyata keçirən, göyərtəsində 227 sərnişinin olduğu bildirilən təyyarə ilə əlaqə kəsildiyi, ardınca da Rusiyaya məxsus həmin sərnişin təyyarəsinin Sina yarımadasında qəzaya uğradığı xəbəri bütün dünyanı şoka saldı. Bundan düz dörd gün sonra, yəni noyabrın 4-də beynəlxalq ictimaiyyət növbəti bənzər hadisənin həyacanını yaşamalı oldu. Həmin gün xəbər yayıldı ki, Cənubi Sudanın paytaxtı Cuba şəhərində Rusiya yük təyyarəsi qəzaya uğrayıb, təyyarənin göyərtəsində 12 nəfər ekipaj üzvü olub. Onlardan cəmi iki nəfəri sağ qalıb. Daha sonra «Reuters» bildirdi ki, təyyarədə beş nəfər ekipaj üzvü və yeddi sərnişin olub. Sağ qalanlarıdan biri uşaqdır. Təyyarə Cuba aeroportundan havaya qalxdıqdan bir qədər sonra qəzaya uğrayıb. Onun qalıqları Nil çayının sahilinə səpələnib. Digər bir məlumatda isə qeyd edilirdi ki, təyyarədə 20 nəfərə yaxın sərnişin ola bilər. Məlumatı Cənubi Sudan prezident administrasiyasından veriblər.

Sonradan məlum oldu ki, Rusiyaya mənsub AN-12 yük təyyarəsinin qəzaya uğraması nəticəsində 41 nəfər ölüb. Ölənlərin yarısı təyyarənin düşməsi nəticəsində həyatını itirən yerli əhalidir. Təyyarənin özündə isə 20 nəfər olub. AN-12 Rosaviasiyanın reyestrində qeydiyyatında olmayıb. Pilotlar isə şəxsi xidmət göstəriblər.

Gördüyümüz kimi, Rusiyanın nə hərbi, nə də mülki aviasiyasında işlər qətiyyən qaydasında deyil. Lakin unutmayaq ki, Rusiya nüvə ölkəsidir və müharibə başlarsa, onun nüvə silahından istifadə etməyəcəyinə kimsə qarantiya verə bilməz. Üstəlik də Rusiyanın son dövrlərdə müdafiə büdcəsini artırdığı məlumdur. Əldə olan məlumatlara görə, 2013-ci ildə təxminən 69 milyard dollar olan hərbi büdcə 2015-ci ildə 81 milyard dollara çatdırılıb. Onu da unutmayaq ki, bu ölkə göyərtəsində nüvə silahı daşıyan çox sayda sualtı qayığa sahibdir. Məlimat üçün bildirək ki, bu ilin may ayında ABŞ-ın “The National İnterest” (Nİ) jurnalı Rusiya donanmasının ən güclü sualtı qayıqlarının siyahısını açıqlayıb. Jurnalın siyahısında “Varşavyanka”, “Lada”, “Borey” sualtı qayığı və hələ istehsalı tamamlanmayan “İvan Gren” gəmisi yer alıb.

Rus sualtı qayıqları dünya üçün böyük təhdid və təhlükə mənbəyidir…

Tam adı “636,3 Varşavyanka” olan bu sualtı qayıq şimal qonşumuzun Qara dəniz hərbi donanmasına daxildir. Hazırda bu tip sualtı qayıqlar Aralıq dənizində xidmət edir. Məqalədə bildirilir ki, sözügedən gəmilər müharibə üçün istehsal edilib, əvvəlki modellərlə müqayisədə daha səssiz və uzun məsafə qət etmə imkanına malikdir. “Varşavyanka”ların 6 ədəd istehsal olunması planlaşdırılsa da, hazırda 4-ü mövcuddur.

“677 Lada” adı ilə tanınan sualtı qayıqlara gəlincə, onlar “Varşavyanka”larla müqayisədə daha kiçik və səssizdir. Ayrıca, suyun altında daha uzun müddət qala bilir. 2013-ci ildə Çin bu qayıqlardan 4 ədəd sifariş verib. Hindistanın da “Lada”lar ilə maraqlandığı deyilir.

“955 Borey” adlı, nüvə başlığı daşıyan sualtı qayıqlar Rusiya hərbi dəniz donanmasının şah damarını təşkil edir. Soyuq müharibə dövründən bəri üzərində işlənən bu sinif sualtı qayıqların istehsalı Sovet İttifaqı dağıldıqdan sonra bir müddət dayandırıldı. Hazırda bu növdən olan 3 sualtı qayıq Rusiya hərbi dəniz donanmasında yer alır. Lakin daha 7 ədəd istehsalı planlaşdırılır. Qayığın gücünə gəlinə, sualtı qayığa yerləşdirilən ballistik raketlər Barens, yaxud Oxot dənizindən ABŞ-ın istənilən nöqtəsini məhvetmə qabiliyyətinə malikdir.

Tam adı “11711 İvan Gren” olan bu sualtı qayıqlar Rusiya Silahlı Qüvvələrinin 13 tank, 36 BTR və 350 əsgərini daşıma gücünə malikdir. Bu gəmilərdən yalnız ikisi Rusiya donanmasında yer alır.

Maraqlıdır ki, məqalədə Rusiyanın yeni təyyarə daşıyan gəmiləri haqqında hələlik çox az məlumatın olduğu deyilir. Əldə olan bilgiyə görə, yeni gəmilər 100 min ton ağırlığında olacaq və 100 ədəd təyyarə daşıya biləcək. Xüsusilə 5-ci sinif məşhur Mig-35 və pilotsuz qırıcıların bu gəmilərlə daşınacağı qeyd olunur. Yeni gəmilərin 2030-cu ildə Rusiya donanmasına veriləcəyi gözlənilir.

Vladimir Putinin nüfuzu durmadan artır

 

Rusiya-ABŞ münasibətlərinin gərginləşməsi fonunda Rusiya prezidentinin nüfuzunun artdığı da diqqət çəkən ən maraqlı məqamlardan biridir. Çox güman ki, bunun səbəbi bütün dünyada ABŞ əleyhdarlığının güclənməsidir. Fakt isə budur ki,

Rusiya prezidenti Vladimir Putin «Forbes» jurnalının tərtib etdiyi ilin ən nüfuzlu adamı siyahısında birinci yerdə göstərilib.

Jurnal yazır ki, “Putin dünyada öz istədiyini edib və bunun məsuliyyətindən qaça bilmək üçün kifayət qədər gücə malik olduğunu sübut etməyə davam edən çox az adamdan biridir».

Maraqlıdır ki, Almaniyanın kansleri Angela Merkel «Forbes» jurnalının siyahısında ikinci, ABŞ prezidenti Barak Obama isə üçüncü yerdə qərarlaşıb. İlk dəfədir ki, ABŞ prezidenti yeddi ildir tərtib edilən siyahıda birinci iki yerdə göstərilməyib.

Görünən budur ki, bütün dünyada gün-gündən nüfuzu artmaqda olan Putin Osetiya, Abxaziya, Krım və Suriyanın işğalı ilə kifayətlənmək fikrində deyil və onun strateji planlarında MDB ölkələri də xüsusi yer tutmaqdadır. Və bunu həyata keçirmək üçün o, Suriyada İŞİD-i bəhanə etdiyi kimi, istənilən an MDB ölkələrində yaşayan rusları bəhanə gətirərək, hərəkətə keçə bilər. Onun noyabrın 5-də Moskvada keçirilən xarici ölkələrdə yaşayan rusların beşinci Ümumdünya Konqresində çıxışı zamanı dediyi aşağıdakı sözləri belə düşünməyə əsas verir: “Müxtəlif səbəblər üzündən Rusiyadan kənarda yaşayan həmvətənlərmiz qəti əmin olmalıdırlar: Biz həmişə, Liviya, Suriya, Yəməndə olduğu kimi ən böhranlı situasiyalarda belə  onların maraqlarını müdafiə edəcəyik. Bizim qarşımızda duran prinsipial məsələ öz həmvətənlərimizi istənilən diskriminasiyadan müdafiə etmək və onların qanuni hüquq və azadlıqlarını təmin etməkdir”.

Bir sözlə, Rusiya dünyaya meydan oxuyur. Bu isə, yaxınlaşmaqda olan böyük təhlükədən xəbər verir.

Advertisements
Bu yazı Siyasət kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma