ALBAN TÜRKCƏSİNİN QRAMMATİKASINA ÖTƏRİ BİR BAXIŞ I MƏQALƏ

Bəxtiyar Tuncay

Untitled

 

b

Alban, yəni qarqar – qıpçaq dilinin fonetik tərkibi ilə üzdən tanışlıq Musa Kağankatlı və Moisey Xorenatsinin bu dil barədə söylədikləri “boğaz səsləri ilə dolu dil” ifadəsinin doğruluğunu tam təsdiq etməkdədir. Məsələn, bu dildə dilimizdəki “q” səsinin “x”, bəzən də “ğ” kimi tələffüz edildiyi müşahidə edilir: qıpçaq – xıpçax, qayıtmaq – xaytmax, qar – xar, çaqqal – çağal, qın – ğın və s. Eyni zamanda söz önlərindəki cingiltili samitlərin karlaşması baş verir: daş – taş, dil – til və s. Sait sistemi eynən Azərbaycan türkcəsində olduğu kimi 9 səsdən ibarətdir və bizimki ilə tam eynidir. Onlardan dördü qalın (a, ı, o, u), beşi isə incə saitdir (e,ə, i, ö, ü). Samit səslərin sayı bizimkindən bir səs çoxdur. Azərbaycan türkcəsində samit səslərin sayı 24 – dürsə, alban (qıpçaq – qarqar) türkçəsində bu rəqəm bizdə olmayan, fəqət Şamxor – Tovuz şivəsində hələ də işlənməkdə olan “nq” qarışıq səsi hesabına 25 – dir. Bu səs bir vaxt Azərbaycan türkcəsində də məhsuldar olmuş və ərəb əlifbasının “səğir nun” hərfi ilə yazılmışdır. Buna alınma sözlərdə işlənən və rus dilindəki “ц” hərfinin ifadə etdiyi səslə eynilik təşkil edən səsi də əlavə etmək olar. Bu səslə birlikdə samitlərin ümumi sayı 26 edir.
Alban dilindəki samit səslər bunlardır: b, c, ç, ц, d, f, g, ğ, q, h, x, j, k, k˙ l, m, n, nq, p, r, s, ş, t, v, y, z.
Məlumat üçün bildirək ki, bütün türk ləhcə və şivələrinə, o cümlədən Azərbaycan türkcəsinə xas olan ahəng qanunu alban dilinə də xasdır.
Alban dilinin leksik tərkibinin əsasını təmiz türk sözləri təşkil etməkdədir. Kəlmələrin digər türk dillərinin lüğət tərkibi ilə müqayisəsi onların sırf qıpçaq mənşəli olmasına dəlalət edir. Belə ki, albandilli mətnlərdə (AM) rastlaşdığımız əsas söz fondu qıpçaq terminlərinin yer aldığı lüğətlərdəki və digər qıpçaqdilli əsərlərdəki terminlərlə, fonetik fərqlər nəzərə alınmazsa, tam eynidir. Söhbət aşağıdakı mənbələrdən gedir:
1. Kitabü Bulağat ül Müştaq fi Lüğət it Türk bəl Qıfçaq (BM);
2. Baytar ül Vazeh (BV);
3. Codex Cumanicus (CC);
4. “Gülüstan”ın tərcüməsi – Kitab Gülüstan bit Türki (GT)
5. Əd Dürrət ül Müdiyyə fil Lüğət it Türkiyyə (DM);
6. Əl – İdrak haşiyəsi (İH);
7. İrşad ül Mülük vəs Səlatin (İM);
8. Kitab fi Elmi ən Nüşşab (EN);
9. Kitab fil Fiqh (KF);
10. Kitab fil Fiqh bil Lisani – Türki (KFT);
11. Kitab ül İdral ül Lisani – Ətrak (Kİ);
12. Əl Kavanun ül Külliyyə li Zabit ül Lüğəti Türkiyyə (KK);
13. Münyət ül Guzat (MG);
14. Kitabi Müqəddiməi – Əbu Leys əs Səmrqəndi (MS);
15. Kitab fi Riyazət ül Hayl (RH);
16. Kitabi – Məcmui – Tərcümani – Türki və Əcəmi və Muğali (TA);
17 Əl Tüfət üz Zəkiyyə fil Lüğət it Türliyyə (TZ).
Deyilənlərə konkret misallar göstərək. Məsələn; avlaq (TZ) – avlax (AM), bağırsaq (TA) – bağarsux (AM), çabaqlamaq (KFT) – çabağlamax (AM), dögünmək (İH) – dögünməx (AM) və s.
Eyni sözləri alban dili ilə mövcud qıpçaq dillərinin, yəni qazax, qaraqalpaq, qırğız, Altay, başqırd, qumuq, noqay, qaraçay – balkar, tatar, krımçak, karaim və s. dillərinin lüğət fondları barədə də söyləmək mümkündür. Məsələn; juldız (qaz.) – yulduz (alb.), ğarğa (qaraqalp.) – xarğa (alb.), qapqaq (qırq.) – qabax (alb), mönqü (Alt.) – menqi (alb.), ğap (noq.) – qab (alb.), tanık (tat.) – tanıx (alb.), biş (başq.) – beş (alb.), ğatın (qar. – balk.) – xatın (alb.), başğa (qum.) – başxa (alb.) və s.
Gördüyümüz kimi, alban dili digər qıpçaq dillərindən əsasən özünün boğaz səsləri ilə zənginliyi ilə fərqlənir və bu da onu qıpçaq türkcəsinin xüsusi bir şivəsi kimi gözdən keçirməyə imkan verir. Görünür, bu, albanların, daha dəqiq desək, qıpçaq – qarqarların qafqazdilli xalqlarla iç – içə yaşamasından və onlarla qarışmasından qaynaqlanmışdır. Qarqarlarn qafqazdilli xalqlarla rahat və sıx bir şəkildə qohumluq əlaqələrinə girdiyini sübut edən ən gözəl fakt həmin xalqların dilində “qarqar” etnoniminin “qohum” sözünün sinonimi kimi işlənməsidir. Bu baxımdan çeçen – inquş (vaynax), saxur, rutul və avar dillərini misal çəkmək olar.
Maraqlıdır ki, eyni hal Orta Asiya qarqarlarının dilində müşahidə edilməmişdir və onların ləhcəsi digər qıpçaq şivələrindən fonetik baxımdan, demək olar ki, heç nə ilə fərqlənməmişdir. Dövrümüzədək bu dildə yetişən mətnlərdə diqqət çəkən ən maraqlı məqamlardan biri həmin mətnlərdə bir neçə qədim yunan və qədim suryani, eləcə də orta fars mənşəli alınma sözlərə rast gəlinməsidir. Bunlar əsasən dini terminlərdir. Suryani dilindən keçən sözlərə eyniylə erməni dilində də rast gəlinir. Məsələn: arakel (həvvari), markare (peyğəmbər), axpaş (yepiskop), Errortutiun (üç üqnum), surp (müqəddəs), qoys (təmiz, bakirə), Asduacacin (Tanrı anası), Avedaran (Incil), xosdovanel (təmizlənmək, arınmaq), xosdavanitiun (tövbə) və s.
Eyni şeyi orta fars dilindən keçmiş vartabed (dini rütbə, rahib), hşerğapet (böyük mələk), friştə (mələk) və s. kimi sözlər barədə də söyləmək olar.
Alban dilində işlənən yunan mənşəli sözlərsə “katağiqos” (katalikos), “Krisdos” (İsa Məsih, yağlanmış), “Soğmos” (Solmos, Zəbur), arhiebisgobos (arxiyepiskop), paxesos və sairədir.
Alban dilində ərəb və yeni fars dilindən keçmiş sözlərə də rast gəlinməkdədir: xuvat (qüvvə, ərəbcə), xudrət (qüdrət, ərəbcə), muzd (muzd, yeni farsca) və s.
Albandilli əlyazmalarda rast gəlinən sözləri mənalarına görə aşağıdakı kimi qruplaşdırmaq mümkündür.
Qohumluq əlaqələri bildirən söz və sozbirləşmələri: Ana, ata, oğıl (oğul), apa (nənə), açxı (əmi) və s.
Təbiət hadisələri və əşya adı bildirən sözlər: Sovux (soyuq), yaxmur (yağmur), xar (qar), xuş (quş) və s.
Göy cisimlərinin adları: Günəş, ay, yultuz (ulduz) və s. Bədən üzvlərini və daxili orqanları bildirən sözlər: Xol (qol, əl), ayax (ayaq), bağır (qara ciyər) və s.
Zaman anlayışı ilə bağlı olan sözlər: Kün (gün), ay, yıl (il), yıxkün (bazar günü), yıxpaşkün (bazar ertəsi), şabatkün (şənbə) və s.
Heyvan, quş və bitki adlarını bildirən terminlər: Tağaqu (toyuq), sçxan (siçan), ağaç (ağac), xaraxuş (qaraquş) və s.
Geyim və məişət əşyalarını ifadə edən sözlər: Şalvar, başmax və s.
Etnonimlər: Tatar, türk, xıpçax, erməni, urum və s.
Rütbə bildirən sözlər: Xan, biy (bəy), padşah, vardapet (dini rütbə), axpaş (yepiskop), ketxoy (kəndxuda) və s.
Şəxs adları: Krisdos, Luğas, Boğos, Sdepannos, Yovhannes, Kirakos, Mxitar, Qoş, Mikayıl, Kabriel, Davit və s.
Dini terminlər: Tenqri (Tanrı), Adedaran (İncil), uçmax (cənnət), tamux (cəhənnəm), oruç (oruc) və s.
Alban yazılı dilinin ən maraqlı xüsusiyyətlərindən biri də bu dilin leksik tərkibində müxtəlif dövrlərə aid plastların yaşarlılığı və paralelliyidir. Bu baxımdan eyni anlamlı, yəni sinonim olan “otəçi”, “həkim” və “doktor” sözlərini göstərmək olar. Əgər “otəçi” kəlməsi təmiz türk sözüdürsə və yaşı minillərlə ölçülürsə, ərəb mənşəli “həkim” sözü bu dilə VII – VIII əsirlərdən sonra, yəni ərəblər Azərbaycanda peyda olandan sonra, çox gümün ki, oğuz mənşəli Azərbaycan türkcəsi vasitəsilə daxil olmuşdur. “Doktor” kəlməsi isə XVI əsrdə mühacir albanların dilinə slavyan dillərindən keçmişdir. Albandilli mətnlərdə hər üç sözə rast gəlinir. Bu mətnlərdə həm Sasanilər dövrünə (III – VII əsrlər) aid orta fars kəlmələrinə (vardabed, hejarbed, firiştə və s.) həm də Səlcuqlular dövründə (XI əsr) yayğınlaşan yeni fars dili nümunələrinə (muzd, pirinç və s.) rast gəlinməsi də həmin dilin formalaşma arealı və dövrləri barədə aydın təsəvvür yaradır.
Alban dilində rast gəlinən sadə isimlər əksərən bir və ya iki hecalıdır. Bununla belə, üç və daha çox hecalı isimlərə də rast gəlinməkdədir.
Digər türk ləhcə və şivələrində olduğu kimi, alban türkcəsində də düzəltmə isimlər əmələ gəlmə metoduna görə 2 yerə ayrılır: 1. Morfoloji yolla əmələ gələn düzəltmə isimlər; 2. Sintaktik yolla əmələ gələn düzəltmə isimlər. Digər türk dillərində olduğu kimi, alban dilində də düzəltmə isimlər sadə isimlərə və ya fel, sifət və say köklərinə sözdüzəldici şəkilçilərin artırılması ilə düzəlir.
Morfoloji yolla əmələ gələn düzəltmə isimlər kök türkcənin inkişafı mərhələsində ortaya çıxmışdır. Bu səbəbdən də həmin şəkilçilərin böyük əksəriyyətinə çağdaş türk dillərində bu gün də rast gəlinir. Alban dili də, özəl fonetik xüsusiyyətlər diqqətə alınmazsa, bu baxımdan istisna deyildi. Bu dildə də əsas sözdüzəldici şəkilçilər “-çi” (-çı), “-lıx” (-lix, -lux, -lüx, -lıq, -lik, -luq, -lük…), “-ıx” (-ix, -ığ, -ig, -uğ, -üg, -ik, ık, uq…), “-lı” (-li, – lu, -lü), “-sız” (-siz…) və s. şəkilçilərdir. Məsələn; kümüsçi (gümüş ustası), küyçi (musiqiçi), açıx (aç +ıx), yüzlü (yüz + lü), axıllı (axıl + lı), axış (ax + ış), ağaçlıx (ağaç + lıx) və s.
Digər türk dillərində olduğu kimi, alban türkcəsində də sözlərin, o cümlədən isimlərin sintaktik yolla əmələ gəlməsi də geniş müşahidə olunur. Bu üsulla yaranmış düzəltmə sözləri (mürəkkəb sözləri) alban mətnləri əsasında aşağıdakı kimi qruplaşdırmaq daha doğru olar:
1. Morfoloji əlamətin iştirakı olmadan iki sözün yanaşması ilə düzələn isimlər.
Əlisa Şükürlünün yazdığına görə, türk dillərində bu qəbildən olan isimlərin isim, sifət və ya saydan ibarət olan birinci tərəfi, bir qayda olaraq, bir leksik vahidə çevrilmyə meyl edən ikinci leksik vahidə yanaşır. Bu baxımdan alban dili də istisna deyil. Məsələn, başyüvücü (qatil, cani), Biy Tenqri (Bəy Tanrı) və s.
2. Sintaktik – morfoloji yolla, yəni ikinci növ ismi birləşmə təsiri bağışlayan düzəltmə isimlər.
Nizami Xudiyevin fikrincə, türk dillərində bu qəbildən olan düzəltmə isimlər müvafiq quruluşlu ismi birləşmələrdən təcrid olunduğu üçün yazılı abidələrdə onların sayı azdır. Eyni sözləri alban dili barədə də söyləmək olar. Məsələn, kün batışı, kün toğuşu və s.
3. Birinci növ ismi birləşmələrdən təcrid olunma yolu ilə meydana çıxan düzəltmə isimlər. Bu qəbildən olan isimlərin təcrid olunma yolu ilə əmələ gəlməsinə baxmayaraq, sintaktik yolla əmələ gələn isimlərlə daha çox yaxınlq göstərir. Məsələn, xaraxuş, bayxuş, beşbarmax, eki canlı (iki canlı, hamilə), uzunbürç (uzun bibər), ut yıl (öküz ili) və s.

İSMİN QRAMMATİK KATEQORİYALARI

1. İsmin kəmiyyət kateqoriyası. Alban mətnlərində isimlər, digər türk mətnlərində olduğu kimi, tək və cəm haldadır. Burada da ismin tək halının ayrıca göstəricisi yoxdur, cəm halı isə “-lar” (-lər) şəkilçisi vasitəsi ilə yaranır.
2. İsmin hal kateqoriyası. Alban dilində ismin, eynən Azərbaycan dilində olduğu kimi, 6 halı olub. Yiyəlik hal şəkilçilərinin “-inq”, “-ınq”, yönlük hal şəkilçilərinin “-gə”, “-ğa”, təsirlik hal şəkilçilərinin isə “-nqi”, “-gi”, “-nqı”, “ğı” olduğu məlumdur. Digər hal şəkilçiləri bunlardır: “-də”, “-tə”, “-da”, “-ta” (yerlik hal) və “-dən”, “-tən”, “-dan”, “-tan” (çıxışlıq).
3. İsmin mənsubiyyət kateqoriyası. Məsubiyyət kateqoriyası əvəzliklə isim arasındakı atributiv əlaqəni, yəni sahib şəxslə mənsub əşya arasında aidiyyat əlaqəsini bildirir. Hind – Avropa dillərindən fərqli olaraq, türk dillərində bu əlaqə əvəzlik olmadan da həyata keçirilə bilər ki, bu da türk dillərində zəngin mənsubiyyat şəkilçilərinin hesabına mümkün olur. Bu baxımdan alban dili də istisna deyil. Hind – Avropa dillərində isə bu tip şəkilçilərin olmaması əvəzliyin iştirakını məcburi edir.
Alban dilində mənsubiyyət şəkilçiləri aşağıdakılardır:
Şəxslər Tək Cəm
I -ım, -im, -m -mız, -miz
II -ınq, -inq, -nq -nqız, -nqiz
III -ı, -i, -sı, -si -ı, -i, -sı, -si
4. İsmin xəbərlik kateqoriyası. Mübtədaya aid hər hansı bir işi, hadisəni, hökmü, hal – vəziyyəti bildirən xəbərlik kateqoriyası da, digər türk dilləri kimi, alban dilinə də xasdır. Qeyd etmək lazımdır ki, xəbər ola biləcək bütün adlar, o cümlədən isim sözügedən kateqoriyanı əmələ gətirmək üçün müəyyən şəkilçilər qəbul etməli, mübtəda ilə xəbər arasındakı əlaqə kəmiyyətə və şəxsə görə uzlaşmalıdır. Elə bu səbəbdən də alban dilində bu şəkilçilər I, II və III şəxsin təkini və cəmini göstərmişdir və təbii ki, bu proses əvəzliyin köməyi ilə gerçəkləşmişdir. Konkret misallar gözdən keçirək: Men biymen – mən bəym, sen biysen – sən bəysən, ol meninq oğılım ol – o mənim oğlumdur, biz biybiz – biz bəyik, biysiz – bəysiniz, bizim tilimgiz xıpçax – dilimiz qıpçaq dilidir və s.

SİFƏTİN MƏNACA NÖVLƏRİ

Alban mətnlərində sifətin türk dillərindəki çağdaş məna növlərinin hamısı mövcuddur. Onlar aşağdakılardır:
1. Rəng bildirən sifətlər. Bura ax (ağ), apax (ağappaq), boz, xara (qara), xapxara (qapqara), saru (sarı), xızıl (qırmızı), al (al, qırmızı), yəşil (yaşl) və s. kimi kəlmələr daxildir.
2. Məkan, məsafə, yön bildirən sifətlər. Alban mətnlərində bu tip sifətlərə də rast gəlinir. Məsələn; açıx (açıq), ara, bağlu (bağlı), başxa (başqa), uzax (uzaq), gen, büyük (böyük), uzun və s.
3. Həcm, miqdar, ölçü bildirən sifətlər. Alban mətnlərində bu qəbildən olan aşağıdakı sifətlərə rast gəlmək mümkündür: ağır, asrı (aşrı, həddən artq), az, az – az, barça (bütöv, bütün), berk (bərk), birəzçüg (azacıq, bir azacıq), boş, buçux (yarm, yarımçıq) və s.
4. Dad bildirən sifətlər. Sözügedən mətnlərdə bu tip sifətlər az deyil. Misal üçün; acıx (acı), dadlı və s.
5. İnsani keyfiyyətləri bildirən sifətlr. Albandilli əlyazmalarda bu qəbildən olan sifətlərə gəlincə, onlara misal kimi amrax (sevimli, əziz), arı (təmiz), atlı – çuvlu (adlı – sanlı), belgili (bilikli, savadlı), biliksiz və s. kəlmələri göstərmək olar.
6. Mənəvi, fiziki keyfiyyət bildirən sifətlər. Bura aç (ac), axmax (axmaq), anğı (ağıldan kəm, kəmağıl), arax (arıq), aruv (təmiz), baxıl (paxıl), bazuk (kök, yekəpər), boğaz (hamilə), caxal (tənbəl), çalı (alçaq boylu), dəli, dinli, dinsiz, könüllüx (könüllü) və s. kimi sözlər daxildir.

SADƏ, DÜZƏLTMƏ VƏ MÜRƏKKƏB SİFƏTLƏR

Sadə sifətlər, bir qayda olaraq, bir və ya iki hecalı sözlərdən ibarət olur. Məsələn, ağ, al, büyük (böyük), arı (təmiz, pak, saf), aruv (təmiz), amrax (sevimli) və s. Düzəltmə sifətlərin bir qismi isimlərə, bir qismi isə fellərə şəkilçilərin artırılması yolu ilə yaranır.
1. İsimlərdən yaranan düzəltmə sifətlər. Bu tip sifətlər “-lıx” (-lix, -lux, -lüx, -lıq, -lik, -luq, -lük…), “-sız” (-siz, -suz, -süz), “-lı” (-li, -lu, -lü) və s. şəkilçilr vasitəsilə yaranır. Məsələn, atlıx – atlı, könüllüx (könüllü), çiçəglix (çiçəkli), dadsız, dinsiz, dinli, öksüz (yetim), esli (ağıllı) və s.
2. Feldən yaranan düzəltmə sifətlər. Bu tip sifətlər “-ğ” (-ığ, -iğ, -uğ, -üg, -x, -ıx, -ix, -ux, -üx), “-ncu” (-nçü, -ınçu, -inçü), “-ıt”, (-it, -ut, – üt), “-gu” (-gü), “-ğan” və s. şəkilçilərin köməyi ilə yaranır. Məsələn, çalığ (dik başlı, yaramaz), çalıt (çalışqan), çiləgü (nəm, rütubətli) və s.
3. Mürəkkəb sifətlər. Alban mətnlərində xeyli mürəkkəb sifətlərə rast gəlinməkdədir. Onlar müxtəlif yollarla əmələ gəlir: 1. İki sifətin yanaşı işlənməsi ilə yaranan mürəkkəb sifətlər. Məsələn, az – az, atlı–cuvlu (adlı – sanlı); 2. Səs təqlidi ilə yaranan mürəkkb sifətlər. Məsələn, açux – saçux (açıq – saçıq).

SİFƏTİN DƏRƏCƏLƏRİ

R. Əsgərin yazdığına görə, sifətin dərəcələri türkologiyada hələ də öz həllini tapmamış məsələlərdəndir. Bu məsələyə vaxtilə H. Mirzəzadə də toxunaraq yazmışdır ki, sifəti başqa nitq hissələrindən fərqləndirən əsas əlamət onun keyfiyyət dərəcəsinə malik olmasıdır. Lakin bu meyarlar bugünədək dəqiq müəyyənləşdirilməmişdir. R. Əsgər yazr:
“Məsələn, 1920–ci ilədək Azərbaycan dilçiliyində sifətlərdə müqayisə, kiçiltmə, üstünlük, 1947–ci ilədək adi, azaltma, çoxaltma, daha sonra adi, kiçiltmə, müqayisə, üstünlük, şiddət dərəcələrinin mövcud olduğu irəli sürülmüşdür. Müasir dövrdə isə Ə. Dəmirçizadə və M. Hüseynzadə tərəfindən sifətlərdə adi, müqayisə, üstünlük, şiddət, kiçiltmə və çoxaltma dərəcələrinin varlığı təklif və qəbul edilmişdir”.
Bu problem digər türk dillərində də mübahisə obyekti olaraq qalır. Yeni bir sahə olan albanşünaslığa, daha doğrusu alban dilinin tədqiqinə gəlincə, bu sahə yeni olduğundan boşluqların olması qaçılmazdır. Odur ki, bizdən sonra bu işi davam etdirəcək tədqiqatçıların daha uğurlu nəticələrə gələcəyinə ümid edirik. Biz hələlik aşağıdakı dərəcələri üzə çıxara bildik:
1. Adi dərəcə. Albandilli mətnlərdə, eynən çağdaş ana dilimizdə olduğu kimi, sifətin adi dərəcəsi heç bir dərəcə əlaməti və şəkilçi qəbul etmir. Məsələn, ax (ağ), xara (qara), xızıl (qırmızı), kök (göy), saru (sarı), az, arı (təmiz) və s.
2. Azaltma dərəcəsi. Alban mətnlərində sifətin azaltma dərəcəsinə də rast gəlinir. Buna misal olaraq “azaçux” (azacıq) kəlməsini göstərmək olar.
3. Çoxaltma dərəcəsi. Çoxaltma dərəcəsinə daha çox rəng bildirən sözlərdə rast gəlinməkdədir. Bu halda həmin sözlərin ilk saitindən sonra “p” və ya “n” samiti artırılır. Məsələn, apax (ağappaq), xapxara (qapqara), könköy (gömgöy) və s.

SAY

Albandilli mətnlərdə rastlaşdığımız sayların azlığı onların tam təhlilini gerçəkləşdirməyə mane olmur. Əldə olan faktlar sözügedən mətnlərdəki say sisteminin digər türk dilləri ilə üst – üstə düşdüyünü göstərir.
1. Miqdar sayları. Sözügedən mətnlərdə bu miqdar saylarına rast gəlinməkdədir: bir, eki, üç, dört (tört), beş (biş), altı, yeti, sekiz (saqiz), doquz, un (on), əlli, altımış, seksən, yüz, min, tümən (on min) və s.
2. Sıra sayları. Alban dilində sıra sayları miqdar saylarına “-ınçi” (-inçi, -ünçi) şəkilçilərinin əlavə edilməsi ilə yaranır. Əldə olan mətnlərdə rast gəlinən sıra sayları bunlardır: burungi, ekinçi, üçünçü, törtünçü, bişinçi, altınçı və s.
3. Qeyri-müəyyən miqdar sayları. Alban dilində qeyri-müəyyən miqdar sayları az və köp (çox) kimi sözlər vasitəsi ilə ifadə edilməkdədir.

ƏVƏZLİK

Məlum olduğu kimi, türk dillərində əvəzliklər başqa nitq hissələrindən fərqli olaraq özünəməxsus heç bir morfoloji əlamətlərə malik deyil. A.Kononov göytürk yazılarında rast gəlinən əvəzlikləri iki yerə ayırmışdır: 1. Əvəzliklər (şəxs əvəzlikləri, işarə əvəzlikləri və sual əvəzlikləri); 2. Əvəzlik sözləri.
Alban yazılı abidələrində rast gəlinən əvəzlikləri mənalarına görə aşağıdakı kimi qruplaşdırmaq olar:
1. Şəxs əvəzlikləri. Türk dillərində, o cümlədən Alban dilində əvəzliklər öz sabitliyi ilə digər nitq hissələrindən fərqlənir. Əlyazmalarda adlıq halda hər üç şəxs üzrə təkdə və cəmdə işlənmiş şəxs əvəzlikləri bunlardır: men, sən, a, biz, siz, alar.
2. İşarə əvəzlikləri. Alban mətnlərində rast gəlinən işarə əvəzlikləri bunlardır: bu, ol, alay (elə).
3. Sual əvəzlikləri. Albandilli əlyazmalarda ən cox işlənən sual əvəzlikləri bunlardır: xaçan (haçan, nə zaman, nə vaxt), xaysı (hansı), kim, necik (necə), neçə, ne üçün.
4. Təyini əvəzlikləri. Bu qəbildən olan əvəzliklərdən “öz” məqamında işlənən “kendi” və “kensi” kəlmələrini göstərmək olar.
5. Qeyri – müəyyən əvəzliklər. Araşdırmalar nəticəsində mətnlərdə yalnız “tum” (bütün) və onun sinonimi kimi çıxış edən “tügəl” kimi qeyri – müəyyən əvəzlikləri təsbit edə bildik.

ZƏRF

Belə hesab edilir ki, türk dillərində zərf başqa nitq hissələrindən sonra fərqli nitq hissələrinə məxsus leksik – qrammatik vasitələr əsasında meydana çıxmışdır. Zərfin digər nitq hissələrindən təcrid olunma üsuluyla yaranması faktı albandilli mətnlərdə də özünü göstərir. Həmin mətnlərdə rast gəlinən zərfləri Ə. Şükürlünün göytürk abidələri üçün təklif etdiyi qaydada, yəni aşağıdakı kimi qruplaşdırmaq daha doğru olar:
1. Əsli (sadə) zərflər. Alban mətnlərində aşağıdakı əsli (sadə) zərflərə, yəni heç bir şəkilçi qəbul etmədən fəaliyyətin əlamət və keyfiyyətini bildirən zərflərə rast gəlinir: emdi (indi), keçə (gecə), yarınq (sabah), tünəgün (dünən), ertə, yarımkün (günorta) və s.
2. Düzəltmə zərflər. Gözdən keçirdiyimiz mətnlərdə düzəltmə zərflərə rast gəlmədik. Amma bu onlarn yoxluğu anlamına gəlməz. Bu qəbildən olan zərfləri üzə çıxarmağa gələcək tədqiqatçıların öhdəsinə buraxırıq.
3. Zərfləşən sözlər. Alban dilində ən çox rast gəlinən zərfləşən sözlərə “bunta” (burada), “anta” (orada), üstə (üstdə) kimi kəlmələri misal çəkmək olar.

FEL

Əski alban yazılı abidələrində fel digər nitq hissələrindən istər lüğət tərkibi, istərsə də qrammatik baxımdan zənginliyi və kamilliyi ilə fərqlənməkdədir. Bu nitq hissəsini aşağıdakı məna qruplarına bölmək mümkündür:
Hərəkət bildirən fellər. Hərəkət bildirən fellərə həm canlı, həm də cansız cisimlərin hərəkəti ilə bağlı fellər aiddir. Onların əksəriyyəti sadə fellərdir. Məsələn, almax (almaq), ayırmax (ayırmaq), basmax (basmaq), başlamax (başlamaq), berməx (vermək), bitmax (bitmək) və s.
1. İş bildirən fellər. Bu tip fellərə müəyyən işin görülməsini ifadə edən fellər daxildir. Məsələn, açmax (açmaq), axlamax (təmizləmək), axturmax (axtarmaq), ağırlamax (qonağı qəbul edib, xidmətində durmaq), altunlamax (bir şeyin üzünə qızıl təbəqə çəkmək), anuxlamax (hazırlamaq), arıtmax (arıtmaq, təmizləmək), arulamax (təmizləmək), avlamax (ovlamaq), biçməx (biçmək), borla basmağ (üzüm suyu sıxmaq) və s.
2. Nitqlə əlaqəli fellər. Bura nitq prosesi ilə bağlı fellər daxildir. Məsələn, alğışlamax (şükr etmək), arçlamax (mübahisəyə son qoymaq), aytmax (demək) və s.
3. Təfəkkür felləri. Bu tip fellərə beş duyğu üzvü və idrakla bağlı fellər daxildir. Məsələn, anqlamax (anlamaq), atamax (ad vermək), baxmax (baxmaq), baraşmax (barışmaq), belgili etməx (məlumatlandırmaq) və s.
4. Hal – vəziyyət bildirən fellər. Bura əşyanın vəziyyətini əks etdirən fellər daxildir. Məsələn, avrunmax (ağrımaq, sancılanmaq), balalamax (balalamaq), bişmax (pişmək), boşamax (boşamaq) və s.

Advertisements
Bu yazı Dilçilik, Qafqaz Albaniyası, Türkçülük kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

ALBAN TÜRKCƏSİNİN QRAMMATİKASINA ÖTƏRİ BİR BAXIŞ I MƏQALƏ üçün cavab

  1. Etsan Erel dedi ki:

    Sağ olun gözəl bir yazdırır. Qarqarlar, adı ındı de Güney Azərbaycanda Gərgər olaraq durur. Culfa bölgəsində böyük bir qəsəbədir. Klassik aşıklarımızdan olan aşıq məhəmməd gərgərlinin yurdudur. Burada işlədilən ağız olduğu kimi Gərgərdə onun qonşuluğunda olan sisaran kəndində olduğu kimi işlədilir. Ng sağır nun olduğu kimi yenə işləkdir. Örnək : əvinqa( evinə ), əlinqa, ayağınqa…

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma