Midiya möhürü üzərindəki türkcə yazı barədə bir neçə söz

Bəxtiyar Tuncay

Screen shot 2012-02-24 at 1.47.43 PM

Musa Kağankatlı “Albaniya tarixi”ndə yazısı olan xalqları sadalayarkən  rum, yunan, yəhudi və digər xalqlarla yanaşı alban və midiyalıların da adını yad etməkdədir (1. 3). Bu fakt midiyalıların yazıdan istifadə etdiklərini birmənalı şəkildə təsdiqləyən hələlik yeganə yazılı mənbə olsa da, çox tutarlı mənbədir və məsələyə ciddi yanaşmağı tələb edir.

Əslində iranşünas alimlərin heç biri buna şübhə etməmiş, sadəcə onların hansı əlifbadan istifadə etdikləri barədə yekdil qərara gələ bilməmişlər. M. A. Dandamayev və V. Q. Lukoninin yazdıqlarına görə, Nuşi-Can-Təpədən Midiya dövrünə aid üzərində mixi yazı olan gümüş nimçə tapılmşdır. Fəqət  bu yazıdan yalnız bir sözün sonuncu və sonrakı sözün əvvəlinci işarəsi salamat qaldığından onu oxumaq və hansı dildə olduğunu müəyyənləşdirmək mümkün olmayıb. Bununla belə, həmin alimlər qeyd edirlər ki, midiyalıların yazıya sahib olduqları şübhəsizdir. İ. M. Dyakonov da özünün “Midiya tarixi” əsərində midiyalıların yazıya sahib olmamlarını qeyri – mümkün hesab edərək bildirir ki, qədim parsların (farsların) yazısının olduğuna, midiyalıların isə olmadığına inanmaq çətindir Alimin sözlərinə görə, qədim parsların mixi xətti birbaşa Elam və Babil mixi xətlərindən alınma deyil. Bu xətlə onlar arasında bizə bəlli olmayan itmiş halqa vardir, bu isə Midiya və Manna xəttı ola bilər (2. 264).

Eyni zamanda, Midiya ərazisindən üzərində fonetik işarəli yazılar olan silindrik möhürlərin və gümüş qabların da tapıldığı məlumdur ki, bu yazıların arami mənşəli olduğu ehrimal edilmiş, fəqət onları Ön Asiya dillərinin heç birində, o cümlədən qədim arami dilində oxumaq mümkün olmamışdır. Mütəxəssislərin çoxu məhz bu yazıları və onların dilini midiyalılara aid edirlər (3. 123-127).

Məlum olduğu kimi, Midiya (Maday) qədim Mannann bir əyaləti idi. Manna dövləti dağldıqdan sonra midiyalılarla yerli iskit-saklar arasında bu qədim dövlətin taxt-tacı uğrunda qızğın müharibələr baş vermişdir. Bu ik xalqın isə qohum xalqlar olduğu, hətta yazılı qaynaqlarda ümumiləşdirici “umman-manda” adı ilə adlandırıldığı məlumdur (4. 129; 5. 69).  Məsələn, Nabopallasarın “Xronika”sında Midiya hökmdarı Kiaksar “umman manda” hökmdarı kimi qələmə verilir. Halbuki, eyni yazıda o, sadəcə “madayya” (midiyalı) adlandırılır. Nabonidin kitabələrindən birində isə “manda hökmdarı” ünvanı başqa bir Midiya hökmdarına – Astiaqa aid edilir. Fars hökmdarı Kirin Midiyanın işğalından bəhs edən silindirik möhüründə isə “umman manda”lıların məğlub edildiyi göstərilir (4. 129; 2. 80).

Ayrı-ayrı aşşur kitabələrində kimmerlərin və sakların hökmdarı kimi qələmə verilən Tuqdamme bir yerdə “Umman manda hökmdarı” adlandırılır. İ. M. Dyakonova görə, buradakı “umman manda” adı kimmerlərə verilən addır. Onun fikrincə, “Umman manda” və “Maday” Midiyanın fərqli adları olmuşdur (4. 129; 2. 75, 80). Kameron isə hesab edirdi ki, “umman manda”lılar iskitlər idilər və Kiaksar e.ə. 612-ci ildə iskitləri özünə tabe etdikdən sonra bu ad Midiya hökmdarlarına da şamil edilməyə başlanmışdır (4. 130; 6.216).

Bütün bu eyniləşdirmələrin yalnız və yalnız bir səbəbi olub: bütün bu xalqlar, yəni həm Mannanın aparıcı etnosu olan kutilər, həm kimmerlər, həm saklar, həm işquzlar, həm də madaylar (midiyalılar) eyni etnosun ayrı-ayrı qrupları, başqa sözlə, soy və boyları idilər  (4. 130).

Madam ki, bu xalqlar eyni etnosun ayrı-ayrı soy və boyları idilər, deməli, onlar eyni dilin ayrı-ayrı ləhcə və şivələrində danışmışlar və çox güman ki, eyni əlifbadan istifadə etmişlər. Əgər bu gerçəkdən belədirsə, həmin dilin türk dili, sözügedən əlifbanın isə qədim türk, daha dəqiq desək, elm aləmində “Orxon-Yenisey” əlifbası kimi tanınan yazı nümunəsi olduğunu çəkinmədən söyləmək olar. Belə ki, Manna yazısı artıq tapılmış və oxunmuş, onun türk dilində “Yenisey” yazısı ilə qələmə alındığı tərəfimizdən təsbit edilmişdir (7, 8, 9).

Məlumat üçün bildirək ki, söhbət Ziviyyədən (Zeyvədən) tapılan, Manna dövrünə aid edilən (e.ə. lX-Vlll əsrlər), İ. M. Dyakonov tərəfindən dərc edilən gümüş boşqabın üzərindəki kiçik bir xətt nümunəsidən gedir (7). Alimin bilərəkdən və ya bilməyərəkdən baş-ayaq, yəni tərsinə dərc etdiyi və “naməlum damğalar” kimi təqdim etdiyi bu yazı cüzi fərqlər nəzərə alınmazsa, Orta Asiyadan tapılmış çoxsaylı epiqrafik abidələrin işarələri ilə, ilk növbədə də Yenisey işarələri ilə tam bir eyniyyət göstərir (7, 9).

1

Boşqab üzərində əslində iki xətt növü vardır ki, bunlardan birincisi mənşəyi və mahiyyəti məlum olmayan heroqliflərlərdən ibarətdir və onların hansı məqsədlə çızıldığımı müəyyən etmək çox çətindir. Aşağıdakı xətt isə birmənalı olaraq, fonetik yazı nümunəsidir və yuxarıda qeyd etdiyimiz kimi, Yenisey əlifbası ilə yazılmışdır:

2

Qeyd etmək lazımdır ki, gümüş boşqabın üzə çıxarıldığı Ziviyyə (Zeyvə) xəzinəsi 1947-ci ildə Cənubi Azərbaycanın Sakkız şəhərindən 40 km şərqdə yerləşən Ziviyyə (Zeyvə) kəndi yaxınlarından tapılmışdır. Maraqlıdır ki, R. Qrişman Sakkız şəhərinin adının saklarla bağlı olduğunu söyləməkdədir (10).

M. A. Dandamayev və V. Q. Lukonin xəzinə barədə yazırlar ki, “Həmin dövrdə (1940-cı illər nəzərdə tutulur – M. Y., B. T.) Güney Azərbaycandakı siyasi olaylar İranın mərkəzi əyalətləri ilə normal əlaqələr üçün münasib deyildi. Bu üzdən də bir çox əşyalar, ilk növbədə də qiymətli metallardan olan əşyalar ya əridilmiş, ya da bölüşdürmə zamanı kəsilmiş, az qiymətli əşyalar isə yerə atılmış və sınmışdı. Əntiq əşya satıcılarının fəallığı sayəsində xəzinə ayrı-ayrı şəxsi kolleksiyalara və ABŞ, Fransa, Kanada, İngiltərə və Yaponiyanın çeşidli muzeylərinə yol tapdı. Hazırda onun əsas hissəsi Tehrandakı Arxeologiya muzeyində saxlanılır” (2. 90-91).

Sözügedən xəzinəyə aid 341 əşyanın (43-ü qızıldan, 71-i gümüşdən, 103-ü fil sümüyündən) tam siyahısını, hazırlanma materialını və ölçülərini ilk dəfə R. Qrişman dərc etdirmişdir (11. 445-452). Bir zaman İranın Arxeologiya Xidmətinin baş inspektoru olmuş Andre Qodar 1950-ci ildə bu əşyaların sadəcə bir hissəsinin siyahısını dərc etdirə bilmişdi və elə həmin dövrdə də onların böyük əksəriyyətinin e.ə. lX əsrə aid olduğunu önə sürmüşdü. Bu gün elm aləmində iskit-sak incəsənətinə xas zərif sənət əsərlərinə verilən “heyvani üslub” adını da ilk dəfə o işlətmişdir. Məhz A. Qodar digər böyük alim E. Hersfelddən sonra iskit-sak incəsənətinin Ziviyyə incəsənətindən qaynaqlandığını, həmin incəsənətin isə Manna sənəti olduğunu söyləmişdir (12). Elə bu böyük alim də xəzinənin tapıldığı Ziviyyə (Zeyvə) yaşayış məntəqəsinin adının qədim mixi yazılarda, daha dəqiq desək, ll Sarqonun kitabəsində (13. ll c., s. 5) “Zubie qalası” kimi yad edilən qədim yaşayış məskəninin dövrümüzədək yaşayan adı olduğunu bildirərək göstərmişdir ki, Ziviyyə xəzinəsindən tapılan əşyaların bənzərlərinə bu məntəqədən bir neçə kilometr kənarda yerləşən Qaflantudan əldə edilən tapıntılar içərisində də rast gəlinmişdir. O, Qaflantuda üzə çıxarılan qədim şəhərin qalıqlarının bir vaxt Mannanın paytaxtı olmuş İzirtu olduğunu da sözlərinə əlavə etmişdir (2. 91).

R. Bernett tapılan bütün bu əşyaların Quzey Qafqaz, Quzey Qara dəniz, Güney Rus düzənliyi, Orta Asiya, Altay, Sibir və Şərqi Türküstandkı iskit-sak kurqanlarından tapılan və sonrakı əsrlərə aid olan incəsənətin ilk və daha qədim nümunələri olduğunu vurğulamışdır (14. 77 – 95).

B. A. Texov isə yazmışdır: “Həqiqətən, Orta Asiya və Sibirdə iskit abidələrinin yaşı cavandır, hər halda, orada iskit mədəniyyəti ilə bağlı ortaya çıxan material, əsasən e.ə. Vll-Vl əsrlərə aiddir. Beləliklə, aydın olur ki, Orta Asiya iskitləri Midiya üzərindən Orta Asiya və Sibirə keçmişlər, onların da bir hissəsi Güney Qafqaz üzərindən, əsasən, Qara dəniz sahilləri ilə quzeyə getmişlər.  Burada isə üzə çıxan iskit triadası (yaraqlar, at nəsnələri və heyvani üslub) adətən Amu-Dərya və Volqa üzərindən gələn iskitlərlə əlaqələndirilir, halbuki, həmin tarixdən öncə Sibir və Orta Asiyada bu mədəniyyətin izini sübut edən faktlar müəyyən olunmayıb” (15. 17-18). 

Madam ki, Manna yazısı (onu sak yazsı da adlandırmaq olar – M. Y.) türkcə və qədim türk əlifbası ilə yazılmışdır, məntiqə görə, Mannanın bir əyaləti olan, sonradan müstəqil dövlətə və daha sonra böyük imperiyaya çevrilən Midiyanın da dili həmin dil olmalı idi və Mannanın birbaşa varisi və davamı olan bu dövlətdə də eyni əlifbadan istifadə edilməli idi. Bu fikir uzun müddət idi ki, bizə rahatlıq vermirdi və uzun müddət idi ki, iranşünas alimlərin Midiya yazısı olduğunu ehtimal etdiyi fonetik yazı nümunələrindən bircəciyini də olsa, ələ gətirərək tədqiqata cəlb etmək arzusu ilə yaşayırdıq. Nəhayət ki, bu arzumuz gerçəkləşdi və biz farsdilli saytların birində (16) üzərində sözügedən yazıların bulunduğu bir silindrik lövhə, daha doğrusu onun gilbasmasının təsviri ilə üzləşdik.

3

Heç bir əsas olmadan “Əhəməni möhürü” adlandırılan bu möhürün bənzəri olan silindirik möhürlər Ön Asiya və Orta Şərqdə e.ə. III minillikdən, başqa sözlə, hələ şumerlər dövründən məşhur olub. Ondan qədim şumerlərin, akkadların, finikiyalıların, babilli və assurların, urartuluların, elamlıların, hett və hattların, Manna və Midiya sakinlərinin, eləcə də qədim farsların istifadə etdikləri və hər bir xalqın da onların üzərində öz heroqlif və ya hərflərini əks etdirdikləri məlumdur. Əhəmənilər dövrünün möhürlərinin üzərində əsasən fars mixi işarələri olurdu. Lakin həmin dövrdə arami yazılı möhürlər də geniş yayılmışdı. Çünki həmin dil Əhəməni imperiyasında fars, elam və akkad dilləri ilə yanaşı dövlət dili səviyyəsində işlənmişdir ki, bu da e.ə. 539 – e.ə. 331-ci illəri əhatə edir (17. 497).

Yarandığı yerdən (indiki Suriya ərazisi – M. Y., B. T.) asılı olmayaraq, Əhəmənilər imperiyasının hər yerində – Suriya və Misirdə, Kappadokiya və Kilikiyada, Babilistan və Midiyada, Fars və Bəlxdə, Ərəbistan və Aryanada rəsmi dil statusunda işlənən arami dilində çox sayda yazılı sənəd mövcuddur. Onların bir qismi silindrik möhürlər basılmış gil lövhələrdir. (18. 228–230).

Haqqında danışmaq istədiyimiz möhürün, daha dəqiq desək, gilbasmanın üzərindəki yazının arami yazısı olmadığını, bunlardan sadəcə bir neçəsinin bu əlifbanın hərflərinə bənzədiyini  görə bilmək üçün xüsusi eynək və ya mikroskopa ehtiyac yoxdur. Hər şey göz qabağındadır. Yetər ki, möhürdəki yazının işarələrini aşağıda təqdim edilən 22 hərfli arami əlifbasının işarələri ilə bircə-bircə müqayisə edəsən.

4

Şəkildən də göründüyü kimi, möhürün üzərindəki yazı üfiqi sütunlar şəklində, alt-alta düzülmüş dörd sözdən ibarətdir. Bu sözləri təşkil edən işarələrin hər birinin qarşılığını Orxon-Yenisey əlifbasında tapmaq mümkündür:

5

Beləliklə, möhürdəki ilk söz sağdan sola oxuduqda “tiz”dir. Tiz “Divani-Lüğət”də “qala” anlamında qeyd olunub. M. Kaşğarlının yazdığına görə, təmiz türk sözü olan bu kəlmə fars dilinə keçərək, “dej” (qala) formasını almışdır (19, IV, 551).

İkinci söz “paranq” (paran)  kimi oxunur. Bu kəlmə qədim türk soylarından birini ifadə edən etnonimdir, yəni qədim mənbələrdə adı “abaren”, “barean”, “parn”, “aparn” və s. formalarda qeyd edilən “baran” (baranlu, barani) tayfasının adıdır və bu halda o, etnotoponim kimi çıxış edir.

Məlumat üçün bildirək ki, Aşşur çarı II Aşurnasirpalın kitabəsində oğuz tayfalarından olan baranluların (baranların) adına “barean” formasında rast gəlirik (21. 50). Sonrakı əsrlərə aid yazılı mənbələrdə onlardan “abaren”, “aparn”, “parn” adları altında Albaniya sakinləri kimi söz açılmaqda (22. 56), Parfiya dövlətini qurmuş Arsaklar sülaləsinin həmin etnik qrupa aid olduğu bildirilməkdədir (23. Arşakilər, I. 423). Strabon da onları “parn” adı ilə Xəzərin şərqində qeyd etmişdir (24. 179). XlV-XV əsrlərdə Van gölü yaxınlarında yaşamış bu xalq Azərbaycan Qaraqoyunlu dövlətinin yaranmasında yaxından iştirak etmişdir. V. Minorski və Q. Rabinota görə, bu türkmən boyunun adı yer adından, F.Sümər və İ.Artukun fikrincə isə, qədim türkcədəki “baran” (qoç) sözündən yaranmışdır.

Mövzu ilə bağlı Xalıq Koroğlu yazır: “…Başqa variantlarda olduğu kimi, Oğuzun 6 oğlu, hər oğlundan da 4 nəvəsi dünyaya gəlir. Böyük oğluna Cəmşid xan adını qoyurlar, o, Baran adlı yerdə yaşadığı üçün Qayı xan ləqəbini alır və Osmanlıların əcdadı olur. Ənvəri Oğuz eli ilə bağlı bir neçə dəfə Baran adını çəkir. Bu gün də…Van gəlünün cənubu…Daru-Baran adlanır.” (25.59).

Möhürdəki “paranq” (paran)  kəlməsi özündən əvvəlki “tiz” (qala) sözü ilə birlikdə bu gün “Baran-qala”, “Deze-Baran”, “Baran-düz”, “Qala-Maran” və s.  adlarla məşhur olan bir neçə qədim qalanın adı ilə eyni semantik cərgədə durur, başqa sözlə, “tiz” kəlməsinin zamanla ərəbcədən alınma “qələ” (qala) sözü ilə əvəz olunmasından əvvəlki şəklini ifadə edir və etnotoponim kimi çıxış edir. Bu tip etnotoponimlərə bu gün vaxtilə Maday (Midiya) imperatoluğuna daxil olmuş fərqli – fərqli ərazilərdə – Güney Azərbaycan, Doğu Anadolu, Xorasan, eləcə də Əfqanıstan  və s. yerlərdə rast gəlinməkdədir (20; 26). Bu halda söhbətin bu yer adlarının məhz hansından getdiyini bilməsək də, dəqiq bildiyimiz odur ki, möhürdə baran tayfasının adını daşıyan hansısa bir qalanın adı həkk olunub. Ad türkcə və Orxon-Yenisey əlifbasıyla yazılıb.

Üçüncü kəlmə, yenə də sağdan sola “sy” kimi qeyd olunub. Sait səsin və ya səslərin qeyd edilmədiyi bu sözü “say” (hesab) və ya “söy” (söz) kimi oxumaq olar.

Dördüncü söz isə “arqz” kimi yazılıb, “arqız” // “arqiz” kimi oxunur və “Divani-Lüğət”dəki “arkış” // “arqış”  (19, IV, 42) sözünün (karvan, elçi, xəbərçi, məktub) cüzi fərqlə başqa  bir fonetik variantıdır.

Üçüncü və dördüncü kəlmələrin bir neçə mənaya sahib olması möhürün üzərində yazılanları və onunla nəyin təsdiq edildiyini dəqiq müəyyənləşdirməyə imkan verməsə də, aşağıdakı iki versiya bizə daha ağlabatan görünür:

  1. Bu möhürlə “Baran” adlı qaladan başqa bir yerə, ya da başqa yerdən sözügedən qalaya göndərirlən və sözlü mesaj (xəbər) aparan elçilərin səlahiyyəti təsdiqlənərmiş;
  2. Bu möhürlə “Baran” adlı qalaya daxil olan karvanların mal-mülk varlığının sayma prosesindən (gömrük qeydiyyatından) keçdiyi təsdiqlənərmiş.

Təqdim etdiyimiz yozumlardan hansının daha doğru olmasından asılı olmayaraq, fakt budur ki, möhür türkcə və türk əlifbası ilə yazılıb və o, Midiya dövrünə aiddir. Madam ki, bu belədir, yəni möhürlənmiş rəsmi gil sənəd türkcə yazılıb, deməli həmin dil Midiyada dövlət dili səviyyəsində işlənib.

QAYNAQÇA:

 

1. Kalankatuklu M. Albaniya tarixi. Elm, Bakı, 1993.

2. Дандамаев М. А., Луконини В. Г.  Культура и экономика древнего Ирана. Наука, Москва, 1980.

3. Nylander C.Assiria grammata. Bemarke on the mistokies. “Opescula Altenasia”, vol. 8, 1968, p. 119-136.

4. Tuncay B. Sakların dili və ədəbiyyatı. Bakı, 2009.

5. Azərbaycan tarixi, B., “Azərnəşr”, 1994.

6. Cameron G. G. History of early İran. New-York, 1936.

7. Rəhbəri M. 2800 il öncəyə aid yazı nümunəsi (l hissə). “Olaylar” qəzeti, № 203 (2903), 26 noyabr 2001.

8. Rəhbəri M. 2800 il öncəyə aid yazı nümunəsi (ll hissə). “Olaylar” qəzeti, № 204 (2904), 29 noyabr 2001.

9. Manna dövründə türkcə yazılmış mifoloji bir mətn barədə. Tarixi-Mədəni irsin tədqiqi, tədrisi, təbliği, mühafizəsi və diyarşünaslıq işinin təşkilində təhsil müəssisələrinin rolu. Respublika Konfransının (Bakı 25-26 oktyabr) Materialları, Bakı 2013, səh 49-62.

10. Excavations in Kaluraz, Gilan. “Bulletin of the Asia İnstitute Pahlavi University”,3, 1973.

11. Ghrishman R. A. Propos du Tresor de Ziviye.-Jnes. Vol. 32. 1973.

12. Godard A. Le tresor  de Ziviye. Haarlem, 1950.

13. Luckenbill D. Ancient records Assyria and Babylonia. Vol.2. Chicago, 1927.

14. Barnett R. Median art.-İr. An. Vol. 2. 1962.

15. Техов Б. В. Скифы и Центральный Кавказ в Vll-Vl вв. до н.э., М., 1980.

  1. https://www.facebook.com/photo.php?fbid=668452999892892&set=a.459583274113200.1073741826.459568070781387&type=1&theater

17. Лёзов C.В. http://www.biblicalstudies.ru/NT/Lyosov04.pdf

18. Donner H., Rollig W. (Hg.). Kanaanaischeund aramaische Inschriften. Wiesbaden,2002. Bd. 1.

19. Divanü Lüğət-it-Türk, Bakı, 2006, 4 cilddə.

20. http://www.fallingrain.com/world/AF/29/Baran_Kala.html

  1. Qaşqay S. Manna dövləti. “Azərbaycan Dövlət Nəşriyyatı”, B.,1993.

22. Еремян С.Т. Страна “Махелония” надписи Каба-и Зардушт. ВДИ, 1967, №4.

23. Azərbaycan Sovet Ensiklopediyası. 10 cild.

24. Гейбуллаев Г.А. К Этногенезу азербайджанцев. “Элм”, Б.,1991.

25. Koroğlu X. Oğuz qəhrəmanlıq eposu. “Yurd”, B.,1999.

26. http://www.loghatnaameh.org/

27. http://en.wikipedia.org/wiki/Baran_Duz

 28.http://www.lingvisto.org/aramaic/alfabeto.html

 

 

 

Bu yazı Dilçilik, Tarix, Türkçülük kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Midiya möhürü üzərindəki türkcə yazı barədə bir neçə söz üçün cavab

  1. vasif dedi ki:

    Bextiyar bey, zehmet olmasa deyerdiz, siz hansi dilleri biliriz ? Dusunurem ki, bir nece dil bilirsiz.

Bir şərh yazın