“BAYAT” DAMĞASI, TİMƏRƏ TƏSVİRİ VƏ QAZAX FOLKLORU

B. Tuncay, Yengi Ögə

ttth

Dilçi alim Firidun Ağasıoğlu özünün “Azər xalqı” kitabında haqlı olaraq bildirir ki, “Runik yazının mənşəyi haqqında söylənmiş fikirlər üç qrupa ayrılır: Birinci qrup türk runik yazının miladdan sonra lV – Vl əsrlərdə doğuya gətirilmiş aramey, (arami) parth, (Parfiya) soğd əlibalarından törədiyini söyləyir. Damğa xəttini müdafiə edənlər epizodik şərhlərlə kifayətlənməli olurlar. Faktik materiala söykəndiyi üçün tərəfdarı olduğum fikri isə ilk dəfə elmi əsaslarla S. A. Amanjolov irəli sürmüşdür. Yuxarıda verdiyim Bibl – Türk işarə paralelliyi və finikiya, etrusk, yunan, aramey işarələri ilə türk runik işarələrinin müqayisəli cədvəli runik yazının Aralıq dənizi mənşəli olması fikrini bir daha təsdiq edir. XlX əsrdən üzübəri V. Tomsen, A. Şiner, İ. A. Aristov, N. Q. Malitski, E. D. Polivanov, A. C. Emre, İ. A. Batmanov, A. Bekmıradov və bir çox başqa alimlər runik əlifbanın qədim türk damğalarından yaranması fikrini bəzən güman, bəzən də qəti şəkildə söyləmiş və bir neçə örnəklə bu fikri əsaslandırmaq istəmişlər. Lakin onlardan daha əvvəl damğa → əlifba xəttini türkmən şairi Əndalip “Oğuznamə” əsərində qələmə almışdır, çünki xalq arasında qədim çağlardan yazının 24 boyun damğasından törəməsi, boylara isə damğaların Oğuz xan tərəindən verilməsi inamı vardır.

Firidun Ağasıoğlu daha sonra yazır: “Runik əlfba ilə damğaların yayılma arealını tədqiq edən İ. Doğana görə, mərkəzləri Doğu Anadolu, Azərbaycan və Quzey Qafqazda Elbrusun çevrəsi olmaqla, bu əlifba loqoqram → damğa keçid dönəmini Qafqazda keçirmişdir.”

Türk tamğalarının ayrı – ayrı fonetik əlifbaların işarələrinə çevrilmədən öncə ideoqram, yəni bütöv sözü ifadə edən işarələr kimi çıxış etdiyi məlumdur. 24 oğuz boyunun tamğalarının həmin boyların adları ilə yanaşı, onların onqonu kimi çıxış edən quşların adlarını da ifadə edirdi. İohannes Fridrix yazır ki, “Dövrümüzədək qorunub saxlanmış ideoqrafik yazının xüsusi növü kimi tamğaları göstərmək olar. Onlar köçəri xalqlar arasında geniş yaylmışdır və köçərilər bu və ya digər heyvanların, ev əşyalarının və s. kimə məxsus olduğunu müəyyənləşdirirlər. Onlar heyvanların qulağına kərtmə, dərilərinə damğalama və ya rənglə işarələmə yolu ilə həkk edilir, əşyaların üzərində cızılır və ya çəkilir. Tamğalara bütün…. xalqlarda rast gəlinir. Əldə olan məlumatlara görə, onlardan qədim Şərqdə babillilər və hetlər istifadə etmişlər. Onlardan bu gün də Kiçik Asiyada, Almaniyanın şimal və şərq sahillərində istiadə edilir.”

Maraqlıdır ki, İ. Fridrix tamğaların klassik nümunəsi kimi Anadoludan tapılmış türk tamğalarını göstərmişdir.

Türk – run əlifbasının hərflərinin məhz loqoqram (ideoqram) → fonetik işarə istiqamətində təbii təkamül etdiyini və heç də bəzilərinin iddia etdiyi kimi, hansısa başqa bir əlifbadan törəmədiyini sübut edən bir neçə önəmli və təkzibedilməz dəlil vardır. Məsələn, dəqiq məlumdur ki, Orxon – Yenisey abidələrində bəzi işarələrin fonetik işarə kimi çıxış etməklə yanaşı, bəzi hallarda ideoqrafik işarə kimi çıxış etdiyi, yəni bütöv bir sözü ifadə etdiyi müşahidə edilmişdir. Bu barədə türkoloq alim Yadigar Əliyev yazır: “Bəzi qrafemlər isə piktoqrafik yazı növünün işarə – loqoqramlarını xatırladır: ↑ k (ok, ox), “yüz artuk okun urtı” (yüzdən artıq oxla vurdu).

904443_700836059941741_1782388446_o

Bütöv sözü bildirən b(baş) işarəsi də hər hansı mənanın şərti işarəsini verən loqoqramlarla mahiyyətcə daha yaxındır.”

Məlum olduğu kimi, qədim türk dilində movcud olmuş “bitik” kəlməsi iki mənada – kitab və yazı mənasında işlənmişdir. Yazı mənasında işlədilərkən bu kəlmənin məhz fonetik yazını ifadə etdiyi və bu zaman hansısa təyinə ehtiyac olmadığı məlumdur. Fəqət Bin Ev (Min Budda) məbədindən tapılan, 1912-ci ildə V. Tomsen tərəfindən alman və ingiliscə, daha sonra isə H.N.Orkun tərəfindən türkcə dərc edilən run işarələri ilə yazılmış bir əlyazmada (lll əlyazma) “tanuqluq sab tamğalıq bitik” ifadəsi yer alır. V.Radlov bu ifadəni “möhürlə təsdiq edilmiş söz”, Ə.Rəcəbov və Y.Məmmədov isə “şəhadət edilmiş söz möhürlü yazı” kimi tərcümə etmişlər. Şübhəsiz ki, bu tərcümələrin hər ikisi yanlışdır. Əslində isə bu sözbirləşməsi “söz bildirən tamğa ilə, yəni ideoqramlarla yazılaraq təsdiqlənmiş yazı” mənasını verir. Hətta buradakı “tamğa” kəlməsini “möhür” kimi tərcümə etmiş olsaq belə, mahiyyət dəyişmir. Çünki qədim türklərdə möhür rolunu tamğa (loqoqram) oynayırdı. Əgər söhbət möhürlə təsdiqlənmiş yazıdan getsəydi, o zaman “tanuqluq sab tamğalıq bitik” yox, “tanuqluq tamğalıq bitik” yazılardı. Deməli, müəllif “ideoqram” mənasını verən “tamğa” sözünü “hərf” və “möhür” mənalarında işlənən omonimlərindən fərqləndirmək üçün “sab (söz) tamğa” sözbirləşməsindən istifadə etmişdir və eyni zamanda, təsdiqlənmiş yazının fonetik deyil, ideoqrafik yazı olduğunun altını cızmışdır. Bu isə o deməkdir ki, əski türklərdə bu iki yazı növü uzun müddət paralel işlənmişdir.

XV – XVll əsrlərə qədər tamğalardan Azərbaycan və Dağıstanda ərsəyə gətirilmiş ərəbdilli mətnlərdə də mətnşünaslıq işarələri kimi, başqa sözlə, loqoqramlar (ideoqramlar) kimi istifadə edildiyi haqqında son dərəcə maraqlı və təkzibedilməz faktlar məlumdur. Bu faktlar barədə K. Şərifov “Azərbaycan filologiyası məsələləri” toplusunun lll buraxılışında dərc etdirdiyi “Qədim run yazıları orta əsr mətnşünaslığında” adlı məqaləsində məlumat verməkdədir.

Nino Şanşaşvili özünün “Kür-Araz mədəniyyəti keramikasında işarə və simvollar” adlı çox  dəyərli tədqiqat əsərində yazır ki, Kür-Araz mədəniyyətinin yayılması ilə Güney Qafqazın ən qədim əhalisinin tarixində yeni mərhələ başlanmışdır. Həmin dövrdə keramikada, necə deyərlər, “piktoqrafik” işarələrin peyda olması müəyyən sosial təkanlarla bağlı idi: “Kür-Araz mədəniyyətinin yayıldığı ərazidə naxışları ənənvi olanlardan fərqlənən bir neçə qab aşkar edilib. Bu qabların naxışlarımı ritmə və elementlərin təkrarlanmasına əsaslanmır. Görünür, bu qablar müəyyən məqsədlər üçün hazırlanmışlar və üzərlərindəki işarələr də sadəcə dekorativ mahiyyət daşımır”.

Tədqiqatçının yazdığına görə, bu naxışlar, üzə çıxar-çıxmaz, dərhal alimlərin diqqətini çəkmiş və elə həmin andanca sözügedən damğa və işarələrin ən qədim yazı nümunəsi olduğu fikri ortaya çıxmışdır. Məsələn, B. A. Kuftin Oznidən tapılan damğaların protoelam işarələrinə bənzədiyini dilə gətirmişdir. Q. Qobicişvili onları hett-luviya piktoqrafik yazısı ilə, boşqab üzərindəki yazıları isə tabal yazısı ilə  müqayisə etmişdir. Ş. Amiranişvili Amiranis təpəsindən, 36 saylı qəbirdən tapılmış işarələri şumer yazısı ilə bağlamaqdadır.

Üzərində bənzər işarələr olan bir qab Urmiya gölü yaxınlığındakı Kür-Araz mədəniyyəti dövrünə aid Yanıqəpə adlı yaşayış məskənindən tapılmışdır. Ç. Barneyin sözlərinə görə, bu qabın üzərində cızılmış işarələr yerli tayfaların öz yazısını yaratmaq cəhdindən başqa bir şey deyil. Onun fikrincə, e.ə. III minillikdə İran yaylasında yaşayan yerli əhali yazıdan istifadə edib. Bu yazı Erkən Tunc dövrünə aid keramikada rastlanan ideoqramlardan təşəkkül tapıb. S. Barney həmin yazını Urmiya gölünə yaxın ərazidə yerləşən Təpə-Sialkdan tapılmış protoelam yazısı ilə müqayisə etmiş onların fərqli yazılar olduğunu dilə gətirmişdir.

Maraqlıdır ki, Kür-Araz mədəniyyəti dövrünə aid keramik qablar üzərlərindəki türk damğalarının bolluğu ilə fərqlənir. Bu tip damğalara sözügedən mədəniyyətin yayıldığı bütün ölkələrin (Azərbaycan, Qərbi Azərbaycan // Ermənistan, Gürcüstan, Şərqi Anadolu, Güney Azərbaycan, İran, Şimali Qafqaz) ərazisində təsadüf edilir.

Buradakı işarələrin bir qismini piktoqram, başqa bir qismini isə piktoqramlarla damğalar arasında keçid mərhələsinin işarələri hesab etmək daha doğru olar. Hərçənd ki, onların bəzisi artıq formaca sırf damğa xüsusiyyətləri daşıyır. Bilavasitə damğalara gəlincə isə, onlardan daha çox eyni dövrün maldar əhalisi istifadə etmişdir. Əsasən keçi sürüləri bəsləməklə məşğul olan, köçəri həyat tərzi keçirən maldarlardan dövrümüzədək zəngin qayaüstü rəsmlər və eyni dərəcədə zəngin damğa arsenalı yetişmişdir. Üstəlik də onların fəaliyyət göstərdikləri coğrafiya Kür-Araz mədəniyyəti dövrünün torpağa bağlı əkinçilərinin yaşayış arealından çox-çox geniş olmuş və məhz onlar sözügedən mədəniyyətin nailiyyətlərini Avrasiyanın geniş coğrafiyasına yaymışlar. Metallurgiya, mədənçilik, dulusçuluq, toxuculuq, at minmək, araba düzəltmək, şalvar geymək və s. onlardan başqa xalqlara keçmişdir. Yazı gələnəyini də bütün dünyaya məhz onlar yaymışlar. Getdikləri hər yerə öz boy damğalarını həkk etməyi də, təbii ki, unutmamışlar.

Maraqlıdır ki, eyni işarələrə Qobustan və Gəmiqayanın Son-Eneolit-Erkən Tunc dövrlərinə aid  qayaüstü rəsmləri arasında da rast gəlinməkdədir. Və onların böyük əksəriyyəti ayrı-ayrı türk soy və boylarının damğalarıdır.575204_648408975184450_1850817013_n

1

Gəmiqayadakı qədim türk damğalarına aid bir neçə nümunə

 Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, qəbilə və soylar özünün saydığı ərazilərin, ilk növbədə də otlaq sahələrinin sərhədlərini işarə etmək üçün damğalardan istifadə etmişlər. Professor  Cəfər Cəfərovun yazdığına görə, türk soy və qəbilələrinin ən qədim düşərgələrini, ata – baba yurdlarını, onların doğma vətənlərini, habelə mövcud olmuş ünvanlarını müəyyənləşdirmək üçün həmin damğaların müstəsna əhəmiyyəti vardır. Damğa və işarələr, bir sıra başqa xalqlarda olduğu kimi, Türk xalqlarının da etnogezində iştirak etmiş soy və soybirləşmələrinin qədim yazı mədəniyyətinin ilk nümunələri kimi də qiymətlidir. Azərbaycanın bir sıra rayonlarından tapılmış müxtəlif işarə və damğalar haqqında C. Cəfərov, Ə. Hüseyni kimi tədqiqatçılar fikir söyləmiş, Ə. Hüseyni “Gəmiqaya rəsmləri” içərisindən, F. Muradova Şirvan zonasından, C. Cəfərov isə Qobustan petroqlifləri içərisindən üzə çıxarılan damğalardan söhbət açmışlar. Müəlliflər bu işarələrin hansı qədim uruğa (soya) mənsub olduğunu, həmin işarələrin qədim türk yazı sistemində paralellərini müəyyənləşdirə bilmişlər.

2

 Qobustandakı qədim türk damğalarına aid bir nümunə

 Son Eneolit – Erkən Tunc dövrlərinə aid edilən Gəmiqaya rəsmləri içərisində sonradan bir sıra türk qəbilə və soylarının damğası kimi işlənmiş bəzi işarələrə də rast gəlinməkdədir. Məsələn, M.Kaşğarlıda 6-cı oğuz tayfası əfşarların damğası kimi göstərilən işarəyə, eləcə də Yazıçıoğlu Əlinin əfşarlara aid etdiyi, fəqət M.Kaşğarlının təsvir etdiyi damğadan fərqlənən damğaya Gəmiqaya işarələri sırasında, eləcə də Abşeronun Duvannı qəsəbəsinin şimal-qərbdə yerləşən Sofu-Novruz qəbiristanlığında qeydə alınmış damğalar içərisində rast gəlinir.

M.Kaşğarlının 3-cü oğuz tayfası kimi qeyd etdiyi bayandurların damğası isə Şamaxının Quşçu kəndində yerləşən “Abdal damı” mağarasında qeydə alınmışdır.

Məlum olduğu kimi, begdelilər Yazıçıoğlu Əlidə 11-ci oğuz tayfası kimi qeyd edilmişdir. Onların da işarələrinə cüzi fərqlə Gəmiqaya işarələri içərisində rast gəlinmişdir. Yenə də eyni müəllifin 16-cı oğuz tayfası kimi qeydə aldığı çepnilərin damğası da həmin işarələr içərisində yer almaqdadır. Yeri gəlmişkən, qeyd edək ki, Gəmiqayada təsvir edilmiş damğalar içərisində ulay-undluğların (Y. Əli; 19-cu oğuz boyu), samurların (Ə.Bahadırxan; 17-ci oğuz boyu), ağnoğayların qara as boyunun, irğak tayfasının damğalarına da rast gəlinir.

Professor Cəfər Cəfərovun yazdığına görə, Gəmiqaya damğaları içərisində rast gəlinən ən qədim işarə “az” (as) işarəsidir ki, bu işarə ilk türk soyunun-azların damğası olmuşdur. O yazır: “Damğaların sırasında bizim üçün ən maraqlı görünəni və nisbətən geniş tədqiqat tələb edəni qaranoğaylarda “as” adıyla tanınan tayfanın “beşik damğa” adlanan damğasıdır. Bu damğanın tam paralelinə Şirvan damğalarının sırasında da rast gəlirik.”

Bənzər damğalara İranın mərkəzində, Xomeyn şəhəri yaxınlığında yerləşən, Erkən Tunc dövrünə aid edilən Timərə (Teymərə) qayaüstü təsvirləri içərisində də rast gəlinməkdədir. Bu təsvirlərdə qədim türk gələnəklərini əks etdirən çox dəyərli məlumatlar qorunub saxlanmışdır. Ən çox maraq doğuran təsvirlər ən qədim zamanlardan başlayaraq türklərə xas olan və günümüzədək davam edən atla və yırtıcı quşla ov səhnəsinin əks olunduğu qayaüstü təsvirlərdir.3 4

Bu təsvirlərin dəyəri dünyada atı  ilk dəfə əhliləşdirmiş, eləcə də toğan (şahin) və qızılquş kimi yırtıcı quşlardan ilk dəfə ov məqsədi ilə istifadə etməyə başlamış türklərin ən azı Tunc dövründən etibarən sözügedən ərazilərdə məskun olduqlarını sübut edən tutarlı dəlil olmasındadır. Eyni zamanda həmin təsvir quşla ov etmək gələnəyinin tarixinə də işıq tutmaqdadır. Timərədə (Teymərədə) rast gəlinən oğuz boylarına məxsus damğalar isə babalarımızın bu ərazilərin ən qədim avtoxton sahibləri olduğunun, buralarda ən azı Erkən Tunc dövründən məskun olduqlarının və dünya sivilizasiyasında önəmli mərhəllərdən biri olan Kür-Ataz mədəniyyətinin yaradıcıları qismində çıxış etdiklərinin təkzibedilmz sübutudur.994650_683939388298075_1198831721_n

1380470_683579151667432_926989227_n

b

10153761_781623541862992_910391616781453984_n

1383259_681217461903601_404474489_n (1)

999656_679841412041206_164267639_n

10177472_771920932833253_3919759237896090115_n

Məlumat üçün bildirək ki, Erkən Tunc dövrünə aid bütün bu oğuz damğalarını üzə çıxaran şəxs yorulmaz tədqiqatçı, milliyyətcə fars olan Mohəmməd Naserferddir. Lakin o, qədim türk mədəniyyəti ilə tanış olmadığından bu işarə və yazıların protoelam yazıları olduğunu zənn etmiş, İran ərazisində bulunan qayaüstü təsvirlərə həsr etdiyi 3 cildlik kitabında da oğuz və türk damğalarından protoelam yazısı kimi bəhs etmişdir. Lakin tərəfimizdən ona türk damğaları haqqında məlumat verilməsindən sonra səhvini anlamış, protoelam yazıları kimi bəhs etdiyi işarələrin türk-oğuz damğaları olduğunu təsdiq edərək, onlara Bəlucistandan tutmuş Kürdüstana, Fars körfəsindən Türkmənsəhraya qədər İranın hər bir yerində rast gəlindiyini bəyan etmişdir.

1545783_10201998798199080_7454764884074052849_n

Mohəmməd Naserferd

1 2 3

Üzərində türk damğası cızılmış qaya parçası (Gəmiqaya)

Hər biri bir türk boy və ya soyunun adını ifadə edən bu damğalar içərisində ən çox diqqət çəkən damğalardan biri də bayat boyunun soy işarəsidir. İndiyə qədər belə hesab edilirdi ki, guya oğuzlar, o cümlədən oğuz soylarından biri olan bayatlar Ön Asiya və Qafqaza çox-çox sonralar gəlmişlər. Məsələn, Ə.Z. Vəlidi Toğan yazırdı ki, Şimaldan və şimali-şərqdən qalxıb gəlmiş və cənuba yerləşmiş olan “Uyrat-Uyğurlar”, “Kayat-Kayılar”, “Kanıklıyut-Bayaut-Bayatlar” isimlərini daşıyan qəbilələr əslən Türk olub Çingiz xanın ortaya çıxışına qədər Monqollaşmış ancaq buna rəğmən Türk ənənələrini də tamamilə unutmamış olduqları anlaşılır”. İstər Qobustan, istər Gəmiqaya, istərsə də Timərədən tapılan, son Eneolit –erkən Tunc dövrlərinə aid olan çoxsaylı türk və oğuz damğaları, o cümlədən bayat damğası türklərin bu ərazilərə kənardan gəlmədiklərini, bu ərazilərin köklü, avtoxton əhalisi olduğunu birmənalı şəkildə sübut edir. Bayat soyunun öz adını Oğuz xann 24 nəvəsindən biri olan Bayat xandan aldığı məlumdur. “Bayat” kəlməsinin əski türkcədə varlı, zəngin, dövlətli anlamlarına gəldiyi söylənilir. Makmud Kaşğarlı bayatların oğuz boylarından biri olduğunu göstərməklə yanaşı. Həmin kəlmənin “Tanrı” anlamı daşıdığını, yəni “Tanrı” kəlməsinin sinonimi olduğunu qeyd etməkdədir. Maraqlıdır ki, Timərədən bulunan təsvirlərin birində “bayat” damğasının məhz “Tanrı” anlamında işlədildiyini görməkdəyik. Söhbət piktoqrafik mahiyyət daşıyan, fəqət elementlərindən biri digəri kimi piktoqram deyil, ideoqram, yəni damğa olan aşağıdakı təsvirdən gedir.

1545762_731618370196843_1411705888_n (1)

1237909_772919219400091_4737667129853773726_n

E.ə. III minilliyə aid edilən bu piktoqrafik əsərdə eynən mövləvi dərvişləri kimi səma rəqsi ifa edərək Tanrıya ibadət edən, onunla qovuşmağa can atan, uzun və gen ətəkli geyimi də mövləvi dərvişlərinin geyimini xatırladan şaman təsvir edilmişdir. Onun başı üzərində isə Tanrını (Bayatı) ifadə edən məlum damğa cızılmışdır. Bu təsvirin elmi əhəmiyyəti ondadır ki, o bir yandan piktoqrafiyadan (şəkil-yazıdan) ideoqrafiyaya (işarə-yazı) keçid mərhələsini əyani şəkildə izləməyə imkan verir, digər yandan isə “bayat” damğasının konkret bir oğuz soyunun adı ilə yanaşı “Tanrı” (Bayat) teonimini də ifadə edən işarə kimi işləndiyini təkzibedilməz şəkildə sübut edir. Eyni zamanda bu gün “səma rəqsi” kimi tanıdığımız rəqsin köklərinin İslamdan çox-çox öncəlrə, ən azı 5 min il öncəyə qədər uzandığını və sırf türklərə, ilk növbədə də oğuzların bayat boyuna aid bir magik-dini rəqs olduğunu çəkinmədən söyləyə bilərik. Məlumat üçün bildirək ki, Azərbaycanda ifa edilən səma rəqsləri Türkiyədəki səma rəqslərindən bir qədər fərqli mahiyyət daşıyır və bütünlüklə islamlaşmış Türkiyə variantından fərqli olaraq, 5 min il öncəki variantına nisbətən daha yaxın semantikaya sahibdir. Sözügedən rəqs Azərbaycanda bu gün yalnız Qazaxın Aslanbəyli kənd camaatı tərəfindən icra edilir. Onu, sadəcə mövlud günləri oynayırlar. “Mövlud” bir ölünün ruhuna verilən ehsana deyilər. Həmin gün ölü sahibinin evində toplaşır, yemək verirlər. Süfrədə ruhların şərəfinə şamlar yandırılır, dualar edilir. Yemək bitdikdən sonra yerdən bardaş qurub otururlar və ölənin ruhuna və İlahinin böyüklüyünə dair fəlsəfi məzmunlu şerlər oxuyarlar. Bu ayin zamanı müsəlman dini mərasimlərdən fərqli olaraq kişi-qadın birlikdə iştirak edir. Əlində dəf olan bir nəfər məclisi idarə edir, əruz vəznində melodik bir şer deyir. Yerdən oturanlar onun dediklərini təkrar edir və əl çalırlar. Tədricən sürət artmağa başlayır. Bu zaman yerdə oturanlar qalxıb tək-tək rəqs etməyə başlayırlar. Bu rəqs digərlərinə heç bənzəmir. Oynayanlar əllərini yavaş-yavaş havaya qaldıraraq öz oxları ətrafında dönürlər. Sanki trans vəziyyətinə düşürlər. Səma rəqsi bir neçə saat davam edir.

Bu yazı Dilçilik, Mifologiya, Tarix, Türkçülük kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir şərh yazın