III ƏSR TÜRKDİLLİ AZƏRBAYCAN ƏDƏBİYYATININ BÖYÜK NÜMAYƏNDƏSİ MANİ

Bəxtiyar Tuncay

 

Tarixi mənbələrdən belə aydın olur ki, lll – V əsrlərdə Azərbaycanda manixey əlifbası da geniş yayılmışdı. Bu əlifbanın yaradıcısı peyğəmbər, filosof, rəssam, nusiqimi, şair və mühəndis kimi tanınan Mani adlı şəxs idi.

Elmi ədəbiyyatda səhvən iranlı kimi qələmə verilən Mani 215 – ci ildə Cənubi Azərbaycanın Həmədan şəhərində doğulmuşdur.

İlk fars – Sasani şahı Ərdəşir türk-Arsaklar sülaləsindən sonuncu Part, yəni Parfiya hökmdarı Ərdabanı məğlub etdikdən sonra   Arsakların  Ön  Asiya,  Güney Qafqaz və Mərkəzi Asiya üzərində 500 ildən artıq sürən hakimiyyətinə son qoyuldu və farslar böyük türk imperatorluğunun bütün torpaqlarının sahibinə çevrildilər. Arsakların əlində sadəcə Armeniya və Albaniya qalmışdı.

Məğlub sülalənin əksər üzvləri o dövrdə Arsakların paytaxtı olmuş Həmədan şəhərində yaşayırdılar. Farslar onların xalqı üsyana təhrik edə bilmə ehtimallarını göz önündə tutaraq sülalənin bütün üzvlərini öz imperiyalarının paytaxtına (Mədainə) sürgen etdilər. Sürgün edilən ailələr içərisində Maninin atası Pətiyin ailəsi də vardı. Maninin dünyagörüşü də bu şəhərdə, yəhudi, xristian və zərdüşti filosoflarının mübahisələrinin qızğın keçdiyi Mədain şəhərində formalaşdı.

12

Mani farsların gücünün onların dinlərində, yəni zərdüştilikdə olduğunu çox tez  başa  düşdü. Odur  ki,  bu  ideoloji sistemə qarşı onu çürüdə  biləcək,  eləcə  də tükləri fars hakimiyyətinə qarşı mübarizəyə səfərbər edə biləcək alternativ dini-ideoloji bir sistem qurmaq qərarına gəldi.        

Maninin dininin əsil mahiyyətini başa düşməyə bizə Bötürmüş Tərxanın qələminə mənsub “Xuastuanift” əsəri  kömək edir:

Hörmüz tanrı beş tanrı ilə bütün tanrıların gücünü toplayıb şeytanlara qarşı vuruşmağa enib, gəldi. Bəd əməllər şeytanı Şimnu beş cür şeytana qarşı vuruşdu. Tanrı, şeytan işıq o vaxt bir-birinə qarışdı. Hörmüz tanrı əsgərləri, beş tanrı bizim ruhumuz günah şeytanları ilə vuruşub başlarından yaralandılar.”

“Xuastuanift” məhz bu cümlələrlə başlayır. Əsərdə zərdüştiliyin baş tanrısı Hörmüzün adı çəkilir və o, əsərin, eləcə də maniçilik fəlsəfəsinin əsas personajlarından biri kimi çıxış edir. Elə bu fakt da bir çox tədqiqatçıları maniçiliyi zərdüştiliyin bir təriqəti və bu dinin törəməsi hesab etməyə sövq etmişdir. Məsələ də elə bundadır. Yəni bütün səhf mülahizələr də elə buradan qaynaqlanmaqdadır. Fəqət tədqiqatçıların gözdən qaçırtdıqları və ya böyük əhəmiyyət vermədikləri bir detala xüsusi diqqət yetirmək kifayədir ki, məsələnin tamam başqa cür olduğunu anlayasan. Məsələ burasındadır ki, maniçilikdə “Avesta”dakı Əhrimən obrazının yerinə türk mifologiyasının ən məşhur mənfi qəhrəmanlarından biri olan, ayrı-ayrı türk əfsanə və nağıllarında bəzən Şimnu, bəzən Şimnus və ya Şulbus, bəzən  də Çulbus, Kəlləgöz və ya Təpəgöz adları ilə adlandıran obraz daxil edilmişdir. Maniçilikdə bu obrazın “Şimnu” adından istifadə edilmişdir. Görəsən, Əhrimən obrazını Təpəgözlə, yəni Şimnu ilə əvəzləmək Maninin nəyinə lazım idi?

Məlumat üçün bildirək ki, “Avestada” iblis, şeytan, şər qüvvələrin başçısı kimi təqdim edilən Əhrimən bu varlığın yeni fars dilindəki adıdır.  Zərdüştilərin müqəddəs kitabında, yəni Avestada bu qüvvənin adı Anqra Manyudur. “Anqra Manyu” adı isə türk Tenqrisinin farsca bir qədər təhrif edilmiş adıdır.

Qədim türklər sitayiş etdikləri tək Tanrıya çox vaxt “Tenqri Menqu” da deyirdilər. “Menqu” qədim türk dilində əbədi deməkdir. Odur ki, bu halda söhbət əbədi olan Tanrıdan gedir. Bəzi türk ləhcə və şivələrində, o cümlədən yakut türkcəsində “Tenqri Menqu” ifadəsi “Tanqra Menqu” kimi səslənməkdədir.

3

Qatı bir fars milliyətçisi olan və əsərindən də göründüyü kimi, türklərə dərin nifrət bəsləyən Zərdüşt öz saxta dinində Tanqra Menqunu “Anqra Manyu” adı altında iblis elan etmiş, ona qarşı Babil-Aşşur mifologiyasından götürdüyü Ahura Məzdanı, yəni Hörmüzü, eləcə də Arti, Anahid, Mitra, Vritraqan və sairə hind – fars tanrılarını qoymuş, Hörmüzü və hind – fars tanrılarını xeyrin, işığın rəmzi kimi qələmə vermişdi. Avestada turanlılar, yəni türklər şərin və qaranlığın , iranlılar, yəni farslar isə xeyrin və işığın əsgərləri kimi qələmə verilir, turanlıların Anqra Manyuya sitayiş etdikləri qeyd edilir.

Maninin öz dinində Əhrimənin, yəni Anqra Manyunun yerinə Şimnunu,  yəni təpəgözü iblis elan etməsinin əsil səbəbi türk Tanrısını Zərdüştn ona biçdiyi iblis obrazından xilas etmək idi. Türk Mani bununla da yetinməmiş, Tenqrini Hörmüzdən də, digər hind – fars tanrılarından da yuxarı qaldırmış, ikinci yerə türk mifologiyasından götürdüyü Gün, Ay tanrılarını və Yer-Suyu yerləşdirmiş, Hörmüzü və onun beş tanrısını, yəni hind – fars tanrılarını isə onlardan  aşağı tutmuşdur:

“…Gün, Ay tanrılara, iki işıqlı sarayda əyləşən tanrılara, bütün bürhanların müqəddəs adının, ləyaqətli ruhların, Yer-Su nurunun əsası Tanrı məkanına gedəndə ilk qapı Gün, Ay tanrısının olacaqdır. Beş tanrını qurtarmaq, işığı-zülməi ayırmaq üçün işıq göydə dolanır.

Maninin təliminə görə, beş tanrı Şimnu ilə, yəni təpəgözlə və onun beş şeytanı ilə döyüşdə yaralandıqları və murdarlandıqları üçün onların qurtarılmağa, təmizlənməyə ehtiyacları var. Yalnız bundan sonra onlar Gün, Ay qapılarından keçib Tanrı dərgahına qalxa bilərlər. Gördüyümüz kimi, maniçilikdə Əhrimənin yerini Şimnu tutduğu kimi, Hörmüzün də yerini işıq tanrısı, yəni türk Tenqrisi tutur. O, Tanq Tenqri, yəni dan tanrısı adlandırılır.

Maninin yaratdığı dinin əsas kitabı onun öz qələminə mənsub “Nom” kitabı idi ki, o bu kitabın Tanrının kitabı (Tanrı bitiyi) olduğunu iddia edir və hər kəsi bu kitabı oxumağa, orada yazılanlara əməl etməyə dəvət edirdi:

 

“Tüzün bilgə kişilər, üriləlim,

Tenqrinin bitiqin biz işidəlim.

Törən iliq tenqrilərkə tapınalım,

Tört uluq emgəkdə kurtulalım.

Tört iliq tenqrilərdə tanıqmalar,

Tenqri “Nom”un todaqmalar.

Tünerliq yeklərkə tapunuqmalar,

Tümənliq irincü kılıqmalar

Tüpüntə olunma ölməki bar,

Tünərliq tamuğa tüşməki bar.   

Tümərlq yeklər gəlir tiyür,

 Tumanlıq yeklər ayar tiyür.”

 

Tərcüməsi:

” Düzülun bilikli kişilər, nəfəs dərəlim,

Tanrının kitabını biz eşidəlim.

Təntənə ilə tanrılara tapınalım,

Dörd ulu əzabdan qurtulalım.

Dörd …tanrını tanımayanlar,

Tanrı qaydasına (Nom kitabına) uymazlar.

Dörd zülm iblisinə tapınanlar,

On min günaha baş vurarlar.

Dibində olumun ölməyi də var,

Qaranlıq cəhənnəmə düşməyi də var.

Zülmət iblisləri gəlir deyir,

Duman iblisləri iş görür deyir.”

Nizami Cəfərovun yazdığına görə, Maninin təlimində qədim türk mifologiyası, xüsusilə dünyanın yaranması haqqındakı təsəvvürlərlə səsləşən məqamlar kifayət qədərdir. Tanrının qaranlığın, şərin, bədənin deyil, məhz işığın, xeyrn, ruhun yaradıcısı olması; insanın mahiyyətinin bədəndə yox, ruhda təzahürü, dünyanın xaos, mükəmməl insanın kosmos səciyyəsi daşıması qənaətinə gələn Mani, görünür, yalnız müqəddəs kitabları öyrənməklə kifayələnməmiş. öz təlimini yaradarkən qədim təsəvvürlərdən, miflərdən də istifadə etmişdir:

“Qədim türk ədəbiyyatına hiss ediləcək qədər təsir göstərmiş gəlmə dini dünyagörüşlərdən birincisi, yəqin ki, manilikdir.  lll əsrdə Şərq ölkələrində yayılmağa başlayan maniliyin əsasında zərdüştilik – xeyirlə  şərin, işıqla qaranlığın mübarizəsi dayansa da, burada qədim dövrün müxtəlif dinlərindən əxz olunmuş ideyalar komolektləşdirilmişdir. Özünü “Həqiqət Tanrısının elçisi” sayan Mani dünyada mövcud olan bütün dini dünyagörüşlərini birləşdirərək universal “dünya dini” yaratmaq iddiası ilə çıxış edirdi ki, bu da “Dünya dövləti” qurmaq istəyən türklər üçün maraqlı olmaya bilməzdi.”

Nizami Xudiyev yazır: 

           “lX-Xll əsrlərdə ümumi türk dilinin inkişafında maniçi  türk ədəbiyyatı müəyyən rol oynamışdır. Bu ədəbiyyatın dili qədim türk dilidir. Bununla belə, həmin dil artıq başqa mədəniyyət tipologiyasına xidmət edir. Ümumiyyətlə, lX-Xll əsrlərdə türklər qədim türk Tanrı dininin yerinə islam, buddizm, maniçilik, xristianlıq kimi dinləri qəbul edirlər və qədim türk dilinin əsas lüğət fondu, hətta ümumən leksikası dəyişmir. Eləcə də bir çox maniçi mətnlərdə yeni dinin xüsusi terminologiyasına xas elementlərə rast gəlinmir. Yəni maniçilik türk ədəbiyyaında əksər hallarda öz terminologiyası ilə təmsil olunmuşdur”

Tarixi mənbələrdən uyğurların, daha dəqiq desək, onuyğurların lll əsrin böyük Azərbaycan şairi və filosofu Maninin qurmuş olduğu maniçilik, başqa sözlə, manixeizm dininə sitayiş etdikləri və bu dini öz dövlətlərinin rəsmi dini elan etdikləri məlumdur.

Uyğur türkləri hazırda əsasən Çinin Sintzyan-Uyğur Muxtar Vilayətində, qismən də Qazaxıstan və Özbəkistanda yaşayırlar. Rəsmi statistikaya görə,sayları 15 milyon civarındadır.Qeyri-rəsmi məlumatlara əsasən isə, sayları 30 milyonla 100 milyon arasında göstərilir.Uyğurlaın tarixdə qurduqları ilk dövlətin Vlll əsrdə qurulan Onuyğur-Doqquzoğuz xaqanlığı olduğu hesab edilir.Bu dövlətin ərazisi Monqolustan, Sibir və İndiki Uyğurustan ərazilərini əhatə etmişdir. Dövlətin qurulmasında doqquzoğuzlarla onuyğurlar fəal rol oynamışlar. On uyğur soyunun birləşməsi ilə ortaya çıxan onuyğurların adına Orxon-Yenisey abidələrində sıx-sıx rast gəlinməkdədir:

          “Su…orada qalmış xalq onuyğur,doqquzoğuz xalqlarının üzərində yüz il oturub…Orxon çayı…” ( Moyunçur abidəsi, 3-cü sətir).

          Onuyğurların adının əks olunduğu Moyunçur abidəsi bəzən “Selenqa daşı” da adlanır.Monqolustan ərazisindən, Selenqa çayı sahilləri yaxınlığından tapılmış bu abidə 744-759-cu illər arasında qoyulmuşdur .

          Onuyğurların adına daha əvvəlki dövrlərə aid Qərb mənbələrində də rast gəlinməkdədir.Bu isə uyğurların, eləcə də onuyğurların Şərqə köçməmişdən öncə Qafqazda, o cümlədən Azərbaycan ərazisində yaşamış olduqlarından xəbər verməkdədir.İstər qədim erməni abidələrində, istər Musa Kağankatlının “Alban tarixi”ndə, istərsə də bir çox başqa mənbədə onların adı Albaniyada baş verən hadisələrlə əlaqədar çəkilir. Bu mənbələrdə onların adı “honoğur”, “onoqur” kimi qeyd edilmişdir. Yeri gəlmişkən qeyd edək ki, Xəzər xaqanı İosifin məktubunda uyğurlar Azərbaycanın 4-cü şahı Toqarmanın 10 oğlundan biri olan Uyğurun soyu kimi təqdim  edilməkdədir.

           Görünür, öncələr Albaniyada yaşamış onuyğurların bu ölkəni tərk edib Şərqə köçmələrinə manixeist olmaları səbəb olmuşdur. Çünki V əsrdə Albaniya hökmdarı Vaçaqanın dövründə xristianlığın rəsmi dövlət dini elan edilməsindən sonra bütün qeyri din və məzhəb nümayəndələrinə qarşı, o cümlədən maniçilərə qarşı dəhşətli təqib və təzyiqlər başlamışdı. Bu üzdən də başqa din və təriqətlərin nümayəndələri ölkəni tərk etmək məcburiyyətində qalmışdılar.

            Cavad Heyət yazır:

           “Uyğur dili göytürkcənin davamıdır. Lakin yavaş-yavaş onda bəzi dəyişikliklər zühur edib yeni dinlərin təsirilə göytürklərdən fərqlənib və 2-3 ləhcənin yaranmasına səbəb olmuşdur. Bununla belə, göytürk və uyğur türkcəsinə əski türkcə adı verilmişdir…

          … Tarım hövəsində yaşayan uyğurların ədəbiyyatı 2 qismə ayrılır:

           1.Maniçi ədəbiyyat, yəni Mani dininə inanan uyğurların meydana gətirdiyi ədəbiyyat;

           2.Buddaçı ədəbiyyat.           

           Maniçi ədəbiyyat mənzum və mənsur olaraq iki yerə ayrılır.Maniçi şerlər daha çox ilahilərdir və dördlük şəklində olub, misrabaşı qafiyəlidir.Bundan başqa ahəng ünsürü də vardır.Bəzən iç qafiyə və iç alterasyon da vardır.Misralarda heca sayı eyni deyil, 3-dən 15-ə qədər dəyişir.

          Bu dövrün ən mühüm şairi Alpinçur Təkindir. Uyğur ədəbiyyatında müəllifi bəlli olan ilk şerlər onun iki şeridir:

                                                   

                        “Bizim Tenqrimiz edqüsi redni tiyor,

                         Bizim Tenqrimiz edqüsi redni tiyor.

                         Rednidə yig mening edqü Tenqrim, adlım,

                                                                       bekrəgim,

                         Rednidə yig meninq Tenqrim, alpım, bekrəgim. 

                         Beleküsuz yiti vajir tiyor.

                         Beleküsuz yiti vajir tiyor.

                         Vajirdə ötüy bilikligim,tüzünüm, yarukum

                         Vayirdə ötüy bilikligim,bilgəm,yanqam…”

 

            Tərcüməsi:

                         “Bizim Tanrımızın yaxşılığı cövhərdir deyirlər,

                          Bizim Tanrımızın yaxşılığı cövhərdir deyirlər.

                          Cövhərdən daha üstün gözəl Tanrım,igidim, qüdrətlim,

                          Cövhərdən daha üstün gözəl Tanrım,igidim, qüdrətlim.

                          İtilənməmiş itidir almaz deyirlər,

                          İtilənməmiş itidir almaz deyirlər.

                          Almazdan daha kəskindir mənim hikmət sahibim,əsillim,igidim,

                          Almazdan daha kəskindir mənim hikmət sahibim,müdrüküm,filim.”

 

         Maniçilik və ya manixeizm Onuyğur-Doqquzoğuz dövlətində və Sibir-Yenisey Xaqanlığında rəsmi din səviyyəsində tutulsa da bundan çox-çox öncələr o, Azərbaycan, İran, Orta Asiya və Avropada yayılmışdı.Təbii ki o dövrdə və o məkanda da manixey ədəbiyyatı nümunələri yaranmamış deyildi.Ən azı bu dinin əsasını qoymuş Maninin şer yazdığı və öz dini-fəlsəfi görüşlərini qələmə almış olduğu məlumdur.Lakin çox təssüflər olsun ki, məsələnin bu tərəfi tədqiqatçıları düşündürməmiş və bu üzdən də “Manici türk ədəbiyyatı ” adı altında məlum olan bütün əsərlər ucdantutma Vlll əsrdən sonra Şərqdə yaradılan və ya başqa dillərdən tərcümə edilən əsərlər kimi qəbul edilmişdir.

          Musa Kağankatlının verdiyi məlumatdan aydın olur ki,Qafqaz Albaniyasında, yəni Azərbaycanın Araz çayından şimalda yerləşən ərazilərində xristianlığı möhkəmləndirən Vaçaqan cadugər, sehirbaz və büpərəstlərə qarşı mübarizə aparmış, onların kitablarını yandırmış, övladları üçün isə xristian məkəbləri açmışdı.Müəllif həmin dövrdə Albaniya və Ermənistanda Nestorla bərabər Maninin də lənətləndiyni bildirməkdədir.

Madam ki, Qafqaz Albaniyasında digər din, məzhəb və təriqətlər kimi Maninin tərəfdarlarına qarşı da təqiblər başlanmışdı və onların kitabları yandırılırdı, təbii ki, bu dinin mənsubları canlarını və kitablarını xilas etmək üçün mühacirət etməyə məcbur idilər.Belələrindən biri də onuyğurlar idilər.

         Albaniyada təqib və təzyiqlərə məruz qalan icmalardan biri də monofizit xristianlar, yəni nestorianlar idilər.Maraqlıdır ki,bu təzyiqlər nəticəsində Azərbaycanı tərk  edərək Şərqə üz tutan uyğurların bir qismi də nestorian idilər və onlar da maniçilər, yəni manixeistlər kimi öz kitablarını da özləri ilə aparmışdılar.

         Uyğurların bir qismi əski dinlərinə-Göy Tenqri dininə sitayiş edir və Orxon-Yenisey əlifbasından istifadə edirdilər. Xristianlığın nestorian qoluna mənsub olan uyğurlar soğd və onun əsasında tərtib edilmiş uyğur əlifbalarından istifadə edirdilər.

         Soğd əlifbası İran mənşəli əlifbalardan biridir və bu əlifbanın yaradıcıları Orta Asiyada yaşayan irandilli söğdlar idilər.Xristian uyğurlar bir müddət bu əlifbadan istifadə etdikdən sonra onun əsasında özlərinə yeni bir əlifba yaratdılar ki, bu da elm aləmində “uyğur əlifbası” adı ilə məşhur olan əlifbadır.

         Uyğur əlifbasının soğd əlifbası əsasında tərtib edildiyini yazı tarixinin gözəl bilicisi İohannes Fridrix də təsdiqləyir.O bu barədə yazır:

       ” Soğd yazısı…soldan sağa yazılır və o, Suriya əlifbası ilə qohumdur.Lakin bu qohumluğun xarakteri belədir ki, həm Suriya, həm soğd yazısı arami yazısının qədim və hələ məlum olmayan formasından qaynaqlanır və bir-birindən müstəqil, lakin paralel inkişaf etmişlər…

        İndi uyğur yazısının soğd əlifbası əsasında yaradıldığı ehimalı daha ağlabatan görünür, belə ki, uyğurlar da digər türk xalqları kimi “p” səsini “b” səsindən və “k” səsini “q” səsindən ayırsa da, uyğur əlifbasında eynən soğd əlifbası kimi bu səslər eyni işarələrlə-“p” və “k” hərfləri ilə yazılırdı…Çünki soğd dilində “b” və “q” səsləri yox idi.Bundan başqa soğd dilində “l” səsi də olmamışdır.Odur ki, onlar xarici sözlərdəki “l” səsini ifadə emək üçün “r” hərfinin dəyişik formasından istifadə edirdilər…Uyğur yazısında da…”l” səsini ifadə etmək üçün “r” hərfinin dəyişik formasından istifadə edilmişdir.”

         Maninin dinini qəbul emiş türklər isə elm aləmində “manixey əlifbası” adı ilə tanınan və Maninin özü tərəfindən tərtib edilmiş olan əlifbadan istifadə edirdilər və uyğurlar bu əlifbanı özləri ilə birlikdə Azərbaycandan gətirmişdilər. Soğd və uyğur əlifbalarından fərqli olaraq, bu əlifbada “p” və “b” səsləri, eləcə də “k” və “q” səsləri ayrı-ayrı hərflərlə ifadə olunurdu. Bu əlifbada digər türk əlifbalarında olduğu kimi, “l” səsi üçün də ayrıca işarə var idi.

4

           İohannes Fridrixin yazır:

           “Şərqi Türküstandan İran və şərqi türk dilləində , arami mənşəli ayrı-ayrı əlifbalarla yazılmış maniçi mətnlər tapılmışdır.Onlardan biri manixey əlifbası adlanır.

           Ona Babilistanın Nippur şəhərində üzə çıxarılan maqik gil fincanların üzərində də rast gəlinmişdir ki, bu da onun mənşəyi məsələsi baxımından çox önəmlidir. M. Lindzbarski göstərmişdir ki, sağdan sola yazılan bu yazı arami kursiv yazısından qaynaqlanır və dekorativ Palmir yazısı ilə qohumdur…Bu yazıda bütün saitləri ifadə edən işarələr var.”

5

          Qeyd emək lazımdır ki, bu əlifba ilə yazılmış bütün mətnlər türkcədir. Bu fakt sözügedən əlifbanın məhz türk dili materialı üçün yaradıldığını, yəni Maninin ana dilinin türk dili olduğunu sübut edir. Lakin bu, həmin fikri sübut edən yeganə fakt deyildir. Manixey əlifbasında “L” səsini ifadə edən ayrıca hərfin olması faktı da deyilənlərə ən gözəl sübutdur. Məsələ burasındadır ki, qədim soğd dilində  “L” səsi olmayıb. Eyni sözləri digər İran dilləri barədə də söyləmək olar. Məsələn, fars dili üzrə tanınmış mütəxəssis V.İ.Abayevin yazdığına görə, bu dildə əskidən “L” səsi olmamış və bu səs sözügedən dilə X əsrdə daxil olmuşdur.

6

         Nəzərə alsaq ki, Mani gəncliyini Babildə keçirmiş və orada təhsil almışdı, onun yaratdığı əlifbanın  arami mənşəli olmasında təəccüblü bir şey yox-                                                 dur. Maraqlıdır ki, mənbələrdə Maninin öz əsələrini məhz bu əlifba ilə qələmə aldığı birmənalı şəkildə vurğulanır.Bu isə o deməkdir ki, o, əsərlərini türkcə qələmə almışdır. Çünki soğd və toxar dillərində yazılmış maniçi ədəbiyyat nünunələrinə də rast gəlinməsinə baxmayaraq, onlar soğd və toxar əlifbaları ilə           yazılmışdır. Manixey əlifbası ilə qələmə alınmış mətnlərin isə hamısı istisnasız olaraq türkcədir.

           Soğd və toxar dillərində olan mətnlərin hamısının türkcə qarşılığı var.Yəni həmin mətnlər türk dilindən tərcümədən başqa bir şey deyildir.Lakin Avropa və rus alimləri türk abidələrinin tərcümə olduğunu israr edirlər.Halbuki türk mətnlərinin bir çoxunun müəllifləri bəllidir və onlar türkdürlər.Bunlardan biri Alpınçur Təkindir və onun iki şeri dövrümüzədək yetişmişdir:

                                  “…Barayın tisər, bac anrakım,

                                       Baru yimə uma mən,

                                       Bağırsakım!

                                       Kirəyim tisər, kiçiqkiyəm,

                                       Kirü yimə umaz mən,

                                       Kin, yıpar yıldığım…”

 

             Tərcüməsi:

                                   “…Gedim desəm də,gözəl sevgilim,

                                        Gedə bilmərəm,

                                        Mərhəmətlim,

                                        Gəlim desəm də, kiçiciyim,

                                        Gələ bilmərəm,

                                        Ənbər,müşk qoxulum…”

 

           Şübhəsiz ki, bu şerin dili Vlll-X əsrlər uyğur dili nümunəsidir. Eyni sözü müəllifi bilinən başqa manixey mətni – nəsr formasında qələmə alınan “Xuastuanift”, yəni “Maniçilərin tövbə duası” barədə də söyləmək olar:

           “…Tenqrim,suyda baru bilmətin kün ay tenqrikə, iki yaruk ordu içrə oluruğma tenqrilərkə neçə yazınımız ersər, yemə kirtü erklik küçlüq tenqri tipənkirtkimədimiz ersər,neçə öküş yavlak, çulvu sav sözlədimiz ersər… yemə kün ay ölür tidimiz ersər,..kentü özümüü küntə,ayda önqi biz tidimiz ersər…bu ikinti bitmətin yazınmış yazukuq boşunu önütür biz: manastar ğırza!”

Tərcüməsi:

           “Tanrım,günah ediyimizi bilmədən gün,ay tanrılara-iki işıqlı sarayda əylə-şən tanrılara qarşı nə qədər günah işləsək də, əsl qüvvəli, qüdrətli Tanrı deyib iman gəirməsək də, nə qədər çoxlu pis, rüsvayçı sözlər söyləsək də…həmçinin gün,ay tanrılar ölür desək də…hünərsizliyindən doğub-batır, hünəri varsa doğmasın desək də…özümüzü öyüb biz gündən, aydan yüksəyik desək də…bu ikisi qarşısında etdiyimiz günahları bilmədən yalvarırıq: günahlarımızı bağışla.”

Bu nəsr əsərinin də dili Vlll-X əsrlərin uyğur dilidir və şübhəsiz ki, köçdən sonra Şərqdə ərsəyə gətirilmişdir. Onu ərsəyə gətirən Bötürmüş Tərxan əsərin sonunda adını yazmağı da unutmamışdır:

           “…Suçdan, günahlardan indi azad olaraq işıq tanrılarına, din səadətinə, pak dindarlara yalvarırıq: günahlarımızı bağışla! Bötürmüş Tərxan niğosakların günahları, suçları haqqındakı duaları-xuastuanifti bitirdi.”

          Manixey əlifbası ilə, türkcə yazılmış mətnlərin heç də hamısı sırf uyğur türkcəsində deyildir. Bəzi mətnlər var ki, onların dili oğuz türkcəsinə daha yaxındır və oğuz türkcəsi ilə uyğur türkcəsinin bir-birindən hələ tam ayrılmadığı vəziyyəti əks etdirir. Şübhəsiz ki, onlar daha arxaikdirlər:

               “Tanq Tenqri kəlti,Tanq tenqri özi kəlti!

                Tanq Tenqri kəlti,Tanq Tenqri özi kəlti!

                Turunqlar,kamağ bəglər,kadaşlar,

                Tanq Tenqriq ögəlim!

                Körünüqmə Kün Tenqri,siz bizi küzədinq!

                Körünüqmə Ay Tenqri,siz bizi kurtarınq!…”                                          

            Tərcüməsi:

              “Dan Tanrı gəldi,Dan Tanrı özü gəldi!

               Dan Tanrı gəldi, Dan Tanrı özü gəldi!

               Şəhərlər,bütün bəylər,qardaşlar,    

               Dan Tanrını öyəlim!

               Parlaq Gün Tanrı, siz bizə nəzər salın!

               Parlaq Ay Tanrı,siz bizi qurtarın!…”

 

          “Bu şerin dili Alpınçur Təkinin şerlərinin və Bötürmüş Tərxanın “Xuastu- anift”inin dilindən daha sadə və daha anlaşıqlıdır və şübhəsiz ki, lll-V əsrlərdə Azərbaycanda qələmə alınmışdır. Fəqət onun Maninin qələminə mənsub olub-olmadığını tam qətiyyətlə söyləmək mümkün deyildir.Lakin əldə olan və dili bu şerin dilindən fərqlənməyən daha bir şer var ki, onun Maninin qələminə məxsusluğu heç bir şübhə oyatmır:

            “Tüzün bilgə kişilər, üriləlim,

              Tenqrinin bitiqin biz işidəlim.

              Törən iliq tenqrilərkə tapınalım,

              Tört uluq emgəkdə kurtulalım.

              Tört iliq tenqrilərdə tanıqmalar,

              Tenqri nomun todaqmalar.

              Tünerliq yeklərkə tapunuqmalar,

              Tümənliq irincü kılıqmalar

              Tüpüntə olunma ölməki bar,

              Tünərliq tamuğa tüşməki bar.   

               Tümərlq yeklər gəlir tiyür,

               Tumanlıq yeklər ayar tiyür.”

 

Tərcüməsi:

             ” Düzülun bilikli kişilər,nəfəs dərəlim,

                Tanrının kitabını biz eşidəlim.

                Təntənə ilə tanrılara tapınalım,

                Dörd ulu əzabdan qurtulalım.

                Dörd …tanrını tanımayanlar,

                Tanrı qaydasına uymazlar.

                Dörd zülm iblisinə tapınanlar,

                On min günaha baş vurarlar.

                Dibində olumun ölməyi də var,

                Qaranlıq cəhənnəmə düşməyi də var.

                Zülmət iblisləri gəlir deyir,

                Duman iblisləri iş görür deyir.”

            Bu şerdə “Tenqri bitiyini”, yəni Tanrı kitabını eşitməyə dəvət olduğu üçün onun maniçiliyin müqəddəs kitabından, yəni Maninin öz qələminə məxsus kitabdan bir parça olduğuna heç bir şübhə yoxdur.Şerin leksik bazası da Şərqdə yaranan və içi soğd və soğd dili vasitəsi ilə alınan arami sösləri ilə dolu olan maniçi ədəbiyyatın dilindən fərqli olaraq, bütünlüklə türk kəlmələrindən ibarətdir. Yalnız qayda mənasını verən və maniçiliyin əsas dini kitabının adı olan “Nom” kəlməsi istisnalıq təşkil edir ki, bu söz də fars-Pəhləvi dilindən götürülmüşdür. Bu dil Sasanilər dövlətinin rəsmi dili idi və mətndə bu dildən alınan bir kəlmənin olması təbiidir. Nəzərə alsaq ki, buddizmin də əsas sutraları “Nom Bitik” adlanırdı, Maninin bu kəlməni buddizmdən əxz etdiyini də düşünmək olar. Mətndə “Tenqri nomu” və “Tenqri bitiyi” terminlərinin işlənməsi bir daha sübut edir ki, təqdim edilən şer parçası manixeylərin dini kitabı “Nom”dan bir parçadır və Maninin öz qələminə məxsusdur.

           Mətnin dilinin saflığı onun məhz Mani tərəfindən yaradıldığını təsdiq edir.Çünki uyğurlar müəyyən qədər soğd mədəniyyətinin təsiri altında idilər, əlifbalarını soğdlardan əxz etdikləri kimi, dillərinə də bu dildən çox sayda söz keçmişdi. Əlbəttə, uyğurlar yalnız şərqdə yaşamırdılar, Avropa və Qafqazda da çox sayda uyğur yaşamaqda idi.Məsələn, Prisk və Menandr onlardan “oqur” adı altında bəhs etmişlər. Bu müəlliflərin əsərlərində hazırda Şərqi Türküstanda yaşamaqda olan sarı uyğurların adına da “saroqur” formasında rast gəlinir. Manixeizmi şərqə aparanlar da məhz onlar olmuşlar. Hərçəndki, Albaniya və Sasanilər imperiyasındakı təqib və təzyiqlər dövründə Arsakların da bir qismi Şərqi Türküstana köç etmiş, uyğurların içində, özlərinin adı ilə adlanan Arsaq vilayətində yaşamışlar. Mahmud İsmayıl bu barədə yazır:

 “Bu yaxınlarda professor T.Hacıyevin respublika mətbuatında (“Ədəbiyyat və incəsənət” qəzeti) Arsaq barəsində X əsrdə qələmə alınmış “Uyğur səyahətnaməsi”nə əsaslanaraq verdiyi məlumat maraq doğurmaya bilməz. Bu məlumatdan aydın olur ki, Arsaq əyaləti və onun baş şəhəri Arsaq indiki Turfanın (Tulu-fan) qərbindədir. Bu Çindəki Tyan-Şan dağlarının qərbində yerləşir. Burada türkdilli arsaqlar və uyğurlar yaşayırlar.”

Ola bilsin ki, Maninin dinini Şərqi Tüküstana məhz həmin bu arsaqlar aparmışlar. Arsaqların qonşu və qohum xalqlar, başqa sözlə Parfiya əhalisi arasında çox böyük nüfuz sahibi olduqları məlumdur. Strabonun yazdığına görə, parfiyalılar Arsaklara çox sədaqətli idilər.

Maninin dili özündən 1000 il öncə ərsəyə gəlmiş “Alp Ər Tonqaya ağı”nın dilindən, cüzi də olsa, fərqlənir. Bu, sak dilinin qərb şivəsidir. Əgər Alp Ər Tonqaya həsr edilən ağı oğuz elitasının dilində yaranmışdısa, Maninin əsərləri 500 ildən artıq Ön və Mərkəzi Asiyada qüdrətli bir dövlət quran, dünyanı Roma imperiyası ilə öz arasında bölən sak elitasınn dilində idi. Məhz bu dil sonrakı əsrlərdə Türküstanda ümumtürk ədəbi dili rolunu oynamış, Türk xaqanları bu dildə fərmanlar vermiş və Kaşğarlı Mahmud da onu “Xaqaniyyə türkcəsi” adlandırmışdı. Həmin dil Göytürkləriin və Qaraxanlıların rəsmi dili kimi də çıxış etmişdir.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, maniçilər (manixeylər) manixey əlifbasından istifadə etsələr də, görünür, ilk çağlarda hansısa arami tipli əlifbadan da istifadə etmişlər. Bunu qalıqları bu yaxın zamanlara qədər Qərbi Azərbaycan ərazisində qalmaqda olan bir manixeist məbədin divarındakı türkcə yazı sübut etməkdədir. Əslində, sözügedən yazını manixey yazısının ilkin forması kimi gözdən keçirmək, işarələrini də dekorativ Palmir yazısının işarələri ilə tutuşdurmaq daha doğrudur. Həmin yazı nümunəsi tanınmış publisist və tədqiqatçı  Əhməd Oğuz tərəfindən aşkarlanmış, görkəmli dilçi alim Firudin Ağasıoğlu tərəfindən tədqiq edilmiş və səslənişi (oxunuşu) dəqiqləşdirimişdir. Firudin bəy  yazır:

“On il əvvəl (1995-ci ildə – B.T.) gənc tədqiqatçı Əhməd Oğuz mənə bir şəkil göstərdi. Bu 130.50.25. sm ölçülüdə hamar yonulan daş üzərində naməlum bir yazının şəkli idi. Həmin yazı Qafqazda rast gəlinən yunan, latın, arami, pəhləvi, erməni, gürcü, ərəb və başqa məlum əlifbaların hüç birinə uyğun gəlmirdi. Ona görə də yazılı daşı yenidən tədqiq etmək üçün yazıçı dostum Mövlud Süleymanlı ilə Qızıl Şəfəq (qədim Cuçi) kəndinə getməli olduq.

İndiki Ermənistanla Gürcüstan sınırında yerləşən kənd qədim Qoqar (Göyər) mahalının qərb bölgəsində idi…

Kənd ağsaqqallarının dediyinə görə, kiçik təpənin üstündə çox kiçik bir məbəd varmış və onun iki daşı yazılı imiş. Vaxtilə bu yazıları oxumağa gələn erməni alimləri yazının ermənicə olduğunu, gürcü alimləri isə gürcücə olduğunu demişlər. Kəndin …türk əhalisi də məbədin daşlarını söküb kolxoz üçün tövlə tikmişlər və özündə tarixi yaşadan həmin daşlardan biri Əhməd Oğuzun çəkdiyi şəkildəki daş idi. İkinci yazılı daşı nə qədər soraqladıqsa yerini bilən olmadı”.

Fədakar alim mətnin səslənişini (oxunuşunu) belə bərpa etmişdir:

sxluağtaise  – SaXaLU AĞ TAn aİSE

çnqorakilta – ÇİN QORAK ELTA

pçon–amabdrt – PiÇin ON (?) AMA Bin DöRT

bn-aodinaçokmis – B(?)N(?)A ODİNA ÇOKMİŞ

nmği asiodiro – uN(?)MĞİ(?) ASİ ODİRO

ylta – YıLTA (KıLTA)

 

Beləliklə, mətndəki qrafemlərin düzülüşü belədir:

1. sxluağtaise

2. çnqorakilta

3. pçon–amabdrt

4. bn-aodinaçokmis

5. nmği asiodiro

6. ylta

 

Firudin bəy mətni tərcümə etməyə girişməmiş, sadəcə mətnin ikinci sətrində “qorak” kəlməsinin aydın oxunduğunu, bunun qorak-türk boyunun adı ilə bağlı olduğunu və Cuci kəndinin də lap qədimlərdə Qorak olduğunu bildirməklə yetinmişdir. Bununla belə, onun və Əhməd Oğuzun fədakarlıqları sayəsində bu əski türkcə yazılmış mətn Azərbaycanın elmi ictimaiyyətinə məlum olmuşdur. Həmin mətnin surətləri erməni və gürcü mətbuatında da dərc edildiyindən onun uydurma olmadığı tam təsdiq edilir.

Yazının 1-ci sətrini oxumaq və anlamaq heç bir çətinlik törətmir. Beləki orada aşağıdakı sözlər əks olunmuşdur:

sxlu –SaXLU (saxlı, saxlanmış, gizli)

ağta – AĞ (tor) + TA (yerlik hal şəkilçisi) = AĞTA (torda)

ise – İSE (isə)

Beləliklə, mətnin birinci sətrində aşağı fikir yazılıb: gizli torda isə…

Yazının ikinci sətrinin ilk iki qrafemi (çn) CiN”, yəni “çin” (doğru, həqiqət) sözünü bildirir. Bu kəlmə bu gün də Azərbaycan türkcəsində – “yuxum çin çıxdı” (yuxum doğru çıxdı) işlənməkdədir. Həmin termin öncəki sətrin sözlərin ifadə etdikləri fikri davam etdirməyə kömək edərək, bir növ tamamlayır: gizli  torda isə həqiqət…

İkinci sətrin növbəti üç qrafemi, yəni 3, 4 və beşinci (q, o, r) birlikdə “QOR” kəlməsini meydana gətirir ki, bu da qədim türk dilində “ziyan” anlamını verməkdədir. Sonrakı işarələr, yəni 6, 7, 8, 9, 10 və 11 – ci qrafemlər birlikdə “AKİLTA” sözünü meydana gətirir ki, bu söz “AQİL”  (comərd, əliaçıq, ürəyiaçıq) kökündən və “TA” (-da, -də) yerlik hal şəkilçisindən ibarətdir.

Üçünçü sətirdə “pç” (PiÇ), yəni “meymun”, “on–amab” (?) və “drt” (DöRT), yəni “dörd” kəlmələrini qeyd etmək olar.

Dördüncü sətrin ilk iki qrafemi “bn” (BiN) “min” sözünü ifadə edir ki, üçüncü sətrin son sözü (dörd) ilə birlikdə “DöRT BiN”, yəni 4000 ədədini bildirir. Sonrakı hərflərin meydana gətirdiyi “-aodina” (?) hissəsi anlaşılmaz qalır. Ən son altı qrafemin birlikdə əmələ gətirdiyi “çokmis” (ÇOQMİŞ) kəlməsi tam aydındır. O, əski türkcədəki  “ÇOQ-” (düyün vurmaq, tor hörmək, hörmək) və “-MİS” (-MİŞ) şəkilçisindən ibarətdir və “düyün vurmuş”, hörmüş, “tor” “hörmüş” anlamlarında işlədilmişdir. Mox gümün ki, “hiylə işlətmək”, “fitnə-fəsad törətmək” mənalarını da verməkdədir.

Beşinci sətrin ilk dörd işarəsi “nmği” (NoMGİ) kəlməsini ifadə edir ki, bu da Maninin özü tərəfindən qələmə alınan və manixeylərin əsas dini kitabları hesab edilən kitabın adı olan “NoM” (doğru yol, dini qanunlar) sözündən və “-Gİ” təsirlik hal şəkilçisindən ibarətdir. Sonrakı hərflərin ifadə etdiyi söz və ya sözləri çözə bilmədik.

Sonuncu, altıncı sətrdəki “ylta” (YıL // il + TA // -da, -də yerlik hal şəkilçisi) tam anlaşılandır.

Mətndə maniçilərin müqəddəs “Nom” kitabının adının çəkilməsi üzərində bu yazı olmuş məbədin manixeistlərin “tenqirlik” adlandırılan məbədləri olduğunu sübut edir.

 

Advertisements
Bu yazı Dilçilik, Din, Tarix, Türkçülük kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma