Həzrət İsaya (ə) ilk təzim edən üç azərbaycanlı kim olub?

Həzrət İsaya (ə) ilk təzim edən üç azərbaycanlı kim olub?

Ermənilərin xalqımıza və ölkəmizə qarşı apardıqları ideoloji – informativ müharibədə xristian amilindən gen – bol istifadə etdikləri, Qərb dövlətlərinin himayəsini qazana bilmək üçün xristian həmrəyliyi ideyalarını daim qabartdıqları və bu amilin onlara bəzi üstünlüklər verdiyi məlumdur. Bu təbliğat zamanı onların guya dünyada xristianlığı ilk qəbul edən xalq olduğu barədə uydurma iddialar da daim ortaya atlır. Məlum olduğu kimi, Azərbaycan xalqı da tarixinin müəyyən dövründə xristian olmuş və həmin dövr tariximizin ayrılmaz bir parçasını təşkil edir. Maraqlıdır ki, bu dövrdə baş vermiş elə maraqlı hadisələr olmuşdur ki, onları qabartmaq və təbliğat məlzəməsinə çevirməklə həm erməni təbliğatının effektivliyini minimuma endirmək, həm də xristian dünyasının Azərbaycana olan marağını artırmaq mümkündür. Bu hadisələrdən, şübhəsiz ki, ən maraqlısı və diqqətçəkicisi Həzrət İsaya (ə) ilk səcdə edən üç nəfər azərbaycanlı ilə bağlıdır. Bu barədə İncil məlumat verməkdədir. Belə ki, Matta “İncil”inin II fəslinin 1 və 2–ci ayələrində deyilir:

“İsa hökmdar Hirodun (hakimiyyəti) günlərində, Yəhudeya Beytlehemində anadan olduğu zaman, Şərqdən Yerusəlimə (Qüdsə) münəccimlər gəlib dedilər: “Anadan olmuş yəhudi hökmdarı haradadır? Çünki onun ulduzunu Şərqdə gördük və ona səcdə qılmağa gəldik””.  Məlumat üçün bildirək ki, İncildə və ümumiyyətlə Bibliyada “Şərq” dedikdə Azərbaycan ərazisi nəzərdə tutulmuşdur ki, bu barədə bir qədər sonra ətraflı məlumat verəcəyik. Bibliyanın yunanca olan ən əski mətnlərində Azərbaycan türkcəsinə “münəccim” kimi tərcümə edilmiş söz “maq” kimi yazılmışdır. Bibliyanın sonrakı dövrə aid mətnlərində isə “maq” kəlməsi “volxv” (sehrbaz və şah anlamlarına gəlir) kəlməsi ilə əvəz edilmişdir. Halbuki, Bibliyada əslində söhbət maqlardan, yəni sehrbaz və münəccimlərdən deyil, 6 Maday (Midiya) tayfasından biri olan maq xalqının nümayəndələrindən getməkdədir. Yəni mətndə “maq” termini etnonim kimi işlənmişdir və orta əsrlər xristian ilahiyyatçılarının, demək olar ki, hamısı bu terminlə midiyalılara işarə edildiyini bilmiş və əsərlərində bunu elə beləcə də qeyd etmişlər. Məsələn,Oruc bəy Bayatn (Don Juanın) da xatırlatdığı kimi, orta əsrlərin ən tanınmış və sanballı ilahiyyatçılarından olan müqəddəs Antoni onların Midiyadan olduğunu yazmışdır. Məlum olduğu kimi, qədim yunan mənbələrində “maq”, qədim Elam yazılarında “makuiş”, ərəb və müsəlman mənbələrində “muğ”, əski türk mənbələrində isə “moğoç” adlandırılan bu Midiyatayfası ən əski çağlardan Muğan ərazisində yaşamışlar və “Muğan” etnotoponimi də onların adı ilə bağlıdır. Midiya iki yerə – Böyük Midiya və Atropatenaya (Azərbaycana) parçalandıqdan sonra isə (bu, Həzrət İsanın (ə) doğuşundan 330 il öncə baş vermişdi) Muğanın məhz Atropatenada, yəni Azərbaycanda qaldığı məlumdur. İncildə onların Şərqdən gəldikləri ifadə edilmişdir. Bibliyada və ümumiyyətlə yəhudi və xristian mənbələrində “Şərq” dedikdə, bilavasitə qədim Azərbaycan ərazisini nəzərdə tutulmuşdur ki, bu, xristian – alban tarixçisi Musa Kağankatlının “Alban tarixi”, Mxitar Qoşun “Alban salnaməsi”, Kirakos Gəncəlinin “Tarix”, eləcə də erməni tarixçilərinin əsərlərindən açıq – aydın görünməkdədir. Belə ki, bu müəlliflərin əsərlərində “Şərq ölkəsi” ifadəsi Albaniya adının sinonimi kimi istifadə olunur. Məsələn, Musa Kağankatlının “Alban tarixi” kitabının VI fəsli “İlahinin biz, Şərq xalqına zühur etməsi”, VII fəsli isə “Şərqin maarifpərvəri müqəddəs Yeliseyin cəsədinin tapılması” adlanır ki, hər iki fəsildə söhbət məhz Albaniyadan və alban xalqından gedir. “Alban tarixi”ndə olduğu kimi, əski erməni mənbələrində də Albaniya əvəzinə bəzən “Şərq ölkəsi” ifadəsi işlənməkdədir. Çağdaş erməni müəllifləri bu ifadəni çox zaman “şərq tərəf” kimitərcümə etməkdə və yazmaqda, bununla da faktları təhrif edərək, guya Albaniyanın müstəqil dövlət deyil, Ərməniyyənin şərq əyaləti olduğunu söyləməkdədirlər. Bu barədə Qiyasəddin Qeybullayev yazır: “…Bu konsepsiyanın (Albaniyanın guya Ərməniyyənin şərq əyaləti olması barədə konsepsiyanın) xeyrinə Musa Kağankatlının “Alban tarixi kitabında işlədilmiş “şərq” ifadəsi hesab edilir. Doğrudan da bu mənbədə “Şərq ölkəsi” (II kitab, XX fəsil), “Şərq” (I kitab, VIII fəsil), “Şərq məmləkəti”(I kitab, XXVII fəsil, II kitab, I, XXVII və XXXVII fəsillər) ifadələri yer almaqdadır. Erməni tarixçiləri bu ifadələri “Erməni Şərqi”, “Şərqi Ərməniyyə”, “Ərməniyyənin şərq əyaləti” kimi, eləcə də Mehranilər sülaləsindən Cavanşir barədə söylənmiş “Şərq knyazı” (II kitab, XXVIl fəsil, II kitab, XXVIII fəsil) ifadəsini “Erməni Şərqinin erməni knyazı” kimi, “Şərq xalqı” (I kitab, VI fəsil) ifadəsini isə “Erməni Şərqinin erməni əhalisi” kimi qəbul edirlər. Əslində isə bu ifadələrin heç birində “Ərməniyyə” sözü yoxdur. Fəridə Məmmədovanın haqlı olaraq vurğuladığı kimi, Musa Kağankatlı “Şərq” ifadəsi altında, o dövrün xristian dünyasının təsəvvürlərindən çıxış edərək, Albaniyanın xristian dünyasının ən şərqində yerləşdiyini göz önündə tutaraq, Albaniyadan söz açmışdır. Eyni müəllif xristian bizanslılardan danışarkən də “Qərb”ifadəsini işlətmişdir və bu halda Ərməniyyəni yox, xristian Bizansı nəzərdə tutmuşdur (məsələn, I kitab, XXII fəsil, II kitab, X fəsil). Məsələn, Çar İraklinin Bizans əsgərləri “Qərbin əsgərləri” adlandırılmışdır. Buna müqabil olaraq, Xəzər dənizi “Şərq dənizi”(II kitab, II fəsil), Aralıq dənizi isə “Qərb dənizi” kimi təqdm edilib (II kitab, II fəsil). Məsələn, fars şahı Xosrov Ənuşirəvanın məktubunda Bizans hökmdarı “Məndən qorxub Qərb dənizində gizlənən” kimi səciyyələndirilir (II kitab, II fəsil). Eyni mənbədə xəlifədən də “Cənubun şahı” deyə söz açılmaqdadır: “Cənubun şahı Şərqin knyazını, şöhrətli Cavanşiri yanına dəvət etdi” (II kitab, XXVIII fəsil). Türküstan, yəni türklər ölkəsi isə “Şimal” adlandırılır (II kitab, XXVII fəsil), hunlar, savirlər və xəzərlər üçün isə “şimal xalqları”, “şimallılar” ifadələri işlədilir(I kitab, XII və XXVII fəsillər; II kitab, XIII fəsil)… Gördüyümüz kimi, əsərdəki “Şərq”, “Qərb”, “Cənub” və “Şimal” ifadələrinin Ərməniyyənin kordinatları ilə heç bir əlaqəsi yoxdur.” Bir sözlə, əski xristian mənbələrində “Şərq” və ya “Şərq ölkəsi” ifadəsi altında məhz Azərbaycan ərazisi nəzərdə tutulmuşdur. Bibliyada söhbətin məhz Şərqdən gələn maqlardan getməsi də bir daha sübut edir ki, bu halda azərbaycanlı maqlar nəzərdə tutulmuşdur. Yəni müqəddəs Antoni və onun fikrini təsdiq edən Oruc bəy Bayat (Don Juan) tamamilə haqlıdırlar. Bunu dövrümüzədək uyğur əlifbası ilə və uyğur türkcəsində gəlib çatan və Matta “İncil”ində söylənilənlərlə üst-üstə düşən əfsanə də təsdiqləyir. Orada “maq” etnoniminin türkcə qarşılığı olan “moğoç” etnonimi işlənmişdir. Həmin üç nəfər maq haqqında Matta “İncil”ində daha sonra oxuyuruq: “…Onların Şərqdə gördükləri ulduz qabaqlarında gedirdi və körpənin olduğu yerə gələrək həmin yerin üzərində durdu. Onlar da ulduzu gördükləri zaman çox böyük sevinclə şadlandılar. Evə girib anası Məryəm ilə körpəni gördülər və yerə sərilib ona səcdə qıldılar. Sərvətlərini açaraq ona hədiyyələr – qızıl, buxur və mirra təqdim etdilər.” Matta “İncil”ində söylənilənlərlə heyratamiz şəkildə səsləşən və çox gümün ki, hansısa başqa bir “İncil” variantının tərcüməsi olan uyğur əfsanəsi isə belədir: ““…Gəlib onun ləyaqətinə sitayiş edək” – deyib otündülər. O zaman Xirodis sevimli balalarım, yaxşıca yola düşün, ürəkdən can atıb xahiş edin, istəyin. Nə şəkildə tapsanız, geri dönün, gəlib mənə bildirin. Mən də gedib sitayiş edim ona.” Beləcə, o moğoçlar Urislıma (Yerusəlimə) necə çıxıb getdilrsə, o ulduz da onlar ilə gedər oldu. O moğoçlar Bidilximə (Vifliyemə) çatanda o ulduz tərpənmdən şax durdu. Sonra orada Msixa tanrını (İsa Məsihi) tapdılar. O zaman yaxına gəlib (mağaraya) girdilər. Öz yüklərini açdılar, üç cür xəzinə – qızıl, zümrüd və səndəl ağacıgətirdiklərini ucadan bildirdilər. Tapınaraq, Tanrıya alqış etdilər, ulu Msixa tanrıya (İsa Məsihə) baş əydilər. Fikirləşdilər ki, əgər o, Tanrı oğludursa, zümrüdü, mədhiyyəni götürəcək. Əgər o, xandırsa, qızılı götürəcək. Əgər o, həkimdirsə, onda dava – dərmanıgötürəcək. Onlar bu düşüncə ilə (hədiyyələri) sinidə təqdim etdilər. Menqü (əbədi) Tanrının oğlu müqəddəs xan Msixa o moğoçların ürəklərindəkini duyub hədiyyələrin hər üçünü götürdü, onlara belə dedi: -Ey moğoçlar, üç fərqli düşüncəylə yanıma gəldiniz. Mən həm Tanrı oğlu, həm xan, həm də həkiməm. Siz şübhə etmədən gedin. O onlara belə buyurdu”. Bu mətni tərcümə edənlər, o cümlədən onu Azərbaycan türkcəsinə çevirmiş Əlisa Şükürlü Bibliyanın son tərcümələrindən çıxış edərək, “moğoç” kəlməsinin bir etnonim olduğunu diqqətə almadan onu “cadugər” kimi tərcümə etmişlər. Halbuki, “Qədim türk lüğəti”nə göz yetirmək yetərlidir ki, terminin etnonim olduğunu anlayasan. Uyğurdilli mətnlərdəki moğoçların Midiya maqları olduğunu sübut edən faktlardan biri də odur ki, bu mətnlərdə də eynən antik və ərəb müəlliflərində olduğu kimi, maqlardan (moğoçlardan) oda tapınan xalq kimi söz açılır. Həmin üç nəfərin qurumuş cəsədlərinin qalığı bugünə qədər qalmaqda və xristianlar tərəfindən hörmətlə ziyarət edilməkdədir. Bir vaxtlar İstanbuldakı (o dövrdə Konstantinopol) Aya – Sofiya camesində (o dövrdə kilsə) saxlanılan bu cəsəd qalıqları Konstantinopolun (İstanbulun) xaçlılar (səlibçilər) tərəfindən işğalı zamanı oradan qarət edilərək, Almaniyaya aparılmışdır. Hazırda məşhur Köln kilsəsində qorunub saxlanılır. Daha dəqiq desək, xristian və dünya mədəniyyətinin ən gözəl memarlıq incilərindən hesab edilən Köln kilsəsi həmin üç azərbaycanlının şərəfinə tikilmişdir və onların qalıqları bu gün dünya xristianlarının əsas ziyarət obyektlərindən biridir. İşin ən qəribə tərəfi budur ki, alban (qarqar – qıpçaq) dilində dövrümüzədək yetişən mətnlərdə bu üç midiyalı ya “tatar”, ya da “tatar xanları” adlanırlar, yəni onların türk olduqları söylənilir. Məsələn; “Xaçan kördi Herodes ki, aldadılar anı tatarlar, yürəkləndi”. Və ya; “Okosdos xannınq xanlıxına Rımadan mununq vaxtına endi Can Mariamğa. Mariam toğurdu Krisdosnu Petğehemdə. Da tatar xanları keldilər da başxışladılar Krisdosnu”. Maraqlıdır ki, İncildə türklərin xristianlığı ilk qəbul edən xalqlar içərisində yer aldığını sübut edən çox sayda məlumat vardır. Bu faktlardan biri İncilin “Həvvarilərin işləri” adlı bölümündə yer almaqdadır. Sözügedən bölümün II fəslininin 1 – 13–cü ayələrində oxuyuruq: “Pentikost günü gəldikdə, onların hamısı (həvvarilər, Həzrət İsanın (ə) 11 tələbəsi. 12–ci o zaman özünü asmışdı) bir yerə toplaşdı. Qəflətən, güclü bir külək əsirmiş kimi, göydən bir səs gəldi və oturduqları evin hər tərəfinə yayıldı. Alovun dillərinə bənzəyən bir şey onların gözlərinə görünüb, parçalanaraq hər birinin üzərinə qondu. Hamısı Müqəddəs Ruhla (Həzrət Cəbrayıl nəzərdə tutulur) doldu və Ruhun (Həzrət Cəbrayılın) onlara verdiyi danışma tərzinəuyğun olaraq, başqa – başqa dillərdə danışmağa başladılar. Yerusəlimdə (Qüdsdə) yəhudilər, göy altında olan dindar adamlar yaşayırdı. Və bu səs gəldikdə, xalq bir yerə toplaşıb təəccüblənirdi; çünki hər biri onun dilində danışdıqlarını eşidirdi. Hamı çaşqınlıq və heyrət içində idi və (aralarında) deyirdilər: -Bu danışanların hamısı qalileyalı (Qalileya qədim yəhudi şəhərlərindən birinin adıdır) deyillərmi? Bəs, necə olur ki, hər birimiz öz ana dilimizi eşidir? Biz parfiyalılar, midiyalılar, elamlılar, Messopatamiyada, Yəhudeyada və Kappadokiyada ….yaşayanlar…. kritlilər və ərəblər, onların öz dillərimizdə Allahın möhtəşəm işləri barədə danışdıqlarını eşidirik. Və hamı heyran – heyran bir – birinə “Bu nə olan işdir?” – deyərək təəccüblənirdi.” İncilin bu hissəsinə inansaq, belə çıxır ki, Allah öz mələyi Həzrət Cəbrayıl (ə) vasitəsi ilə, o da Həzrət İsanın (ə) həvvariləri vasitəsi ilə müxtəlif xalqlara, o cümlədən türk mənşəli midiyalı (madaylara) və parfiyalılara (saklara) öz ana dillərində müraciət etmiş və həmin şəxslər də xristian olmuşdular. Sözügedən siyahıda ermənilərin iyi – tozu belə yoxdur. Bu məlumatdan belə aydın olur ki, ilk xristianlar içərisində midiyalılar və parfiyalılar da, yəni türklər də olmuşlar. Təsadüfi deyil ki, Musa Kağankatlı öz yazısı olan, yəni ana dilində yazılmış müqəddəs kitablara (Bibliyaya) sahib olan xalqların adını çəkərkən, albanlarla yanaşı midiyalıların da adınıqeyd etmişdir. Əsərində bu mövzuya da yer ayıran Oruc bəy Bayatın (Don Juanın) Perion və Avdiyə istinadən yazdığına görə, təqribən həmin dövrdə Yəhuda Taddeus və müqəddəs Yaqubun qardaşı müqəddəs Simon (Şimon) xristianlığı təbliğ etmək üçün Fars və Madaya (Persiya və Midiyaya) ezam edilmişdilər və onların apardıqları təbliğat nəticəsində 70 min insan xristianlığı qəbul etmişdi. Xatırladaq ki, sözügedən dövrdə həm Fars, həm də Maday Parfiya – türk imperatorluğunun tərkibində idilər. Ermənilər özlərini dünyanın ən qədim xristan xalqı adlandırsalar da, tarixi faktlar onların xristianlığı albanlardan, yəni azərbaycanlılardan çox – çox sonralar, daha dəqiq desək, 270 il sonra qəbul etdiyini sübut edir. Bu barədə Ziya Bünyadov yazır: “…Beləliklə, aydındır ki, əgər ermənilər xristianlığı 327–ci ildə qəbul ediblərsə, albanlar artıq 270 il xristianlıqda idilər və bu tarix eramızın 54–cü ilinə müvafiqdir. Xaçpərəstliyi İsanın şagirdləri – həvvariləri Faddey, Yelisey və Varfolomeydən qəbul etdiyi üçün Albaniya kilsəsi birinci həvvari kilsəsidir (pervo – apostolskaya)”. Şübhəsiz ki, alim bu sözləri əski alban və erməni mənbələrinə istinadən yazmışdır. Oruc bəy Bayatın isə yazdqlarından belə məlum olur ki, təkcə albanlar deyil, madaylar (midiyalılar) da xristianlığı bilavasitə Həzrət İsanın (ə) şagirdlərinin təbliğ və təşviqi ilə qəbul etmişdilər. Körpə Həzrət İsaya (ə) ilk səcdə edən və onun peyğəmbərliyini təsdiq edən üç azərbaycanlıya, yəni midiyalı maqa gəlincə isə, onlar ümumiyyətlə, dünyanın ilk xristianları hesab olunmalıdırlar və bu məsələdə onlar həvvariləri belə qabaqlamışdılar.

 Bəxtiyar TUNCAY

KarabakhİNFO.com

 

Bu yazı Din, Tarix kateqoriyasında dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir şərh yazın